Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • “Azərbaycan Türkiyə ilə birləşə bilər”

    “1988-ci ildə çap etdirdiyim əsərimdə yazmışdım ki, ermənilər qəribə millətdir, hətta torpağın altındakı ölüləri də çoxalır…”

    Aprelin 11-ə ABŞ Senatının Xarici Əlaqələr Komitəsi qondarma “erməni soyqırımı” iddialarını dəstəkləyən qərar layihəsini qəbul edib. Xarici Əlaqələr Komitəsinin rəhbəri Robert Menendezin təklif etdiyi layihənin lehinə 12, əleyhinə 5 senator səs verib. Belə görünür, ermənilər aprelin 24-də “soyqırım”ın növbəti ildönümünü böyük coşğu ilə keçirəcəklər. Azərbaycan parlamentinin üzvü Sabir Rüstəmxanlı ilə ermənilərin soyqırım iddialarında yola çıxaraq türk dünyasında bu gün baş verən olaylardan söhbət etdik. 

    – Sabir bəy, 2015-ci ildə ermənilər qondarma soyqırımın 100 illiyini qeyd etməyə hazırlaşır. Siz ABŞ Senatının bu haqda qərar qəbul etməsini Türkiyə diplomatiyasının uğursuzluğu sayırsınızmı? 

    – Belə bir soyqırım olmadığını dünya çox gözəl bilir. Bu olaylar I Dünya Savaşında baş verib. O zaman Türkiyə bir çox cəbhələrdə – Quzey Afrikada, ərəb dünyasının bir neçə ölkəsində, Balkanlarda savaşıb. 1912-ci ildə Balkan savaşında 5 milyon insan yerindən-yurdundan olmuşdu, Osmanlı xeyli torpaq itirmişdi. Ancaq dünya Balkanlarda türklərə qarşı edilən soyqırımını sanki görmürdü. Osmanlı I Dünya Savaşına girdikdən sonra Avropa ölkələri Osmanlını buna görə cəzalandırmaq niyyəti ilə erməni soyqırımı iddiasını ortaya atdı. Ancaq bu zaman nəzərə almadılar ki, Rusiya Osmanlının  üzərinə gedəndə çar II Nikolayın göstərişi ilə 200 minə yaxın erməni də silahlanmışdı. 
    Osmanlı-Rusiya qoşunlar ön cəbhədə vuruşarkən onlar arxa cəbhədə Osmanlı içərisindəki erməni çetələri, daşnak qruplaşmaları ilə birləşib türk-müsəlman əhalini qırırdılar. Nəticədə 1915-16-cı ildə 700 mindən çox qətlə yetirilmişdi. Həmin olaylarda 300 min erməninin öldüyü deyilir. İndi Osmanlının varisi sayılan Türkiyədən bu qondarma soyqırımının öcünü alırlar. Bu gün həm Türkiyənin özündə, həm də dünyada xeyli soyadını dəyişmiş erməni var. Dünyada olan ermənilərin sayının düşünəndə görünür ki, həmin savaşlarda ermənilərə türklər qədər zərər dəyməyib. Ölən ermənilən sayını öncə 300 min göstərirdilər, sonra dedilər, yox 500 min erməni öldürülüb, ardınca 700 bu sayı minə, 1 milyona çıxardılar. Mən 1988-ci ildə çap etdirdiyim əsərimdə yazmışdım ki, ermənilər qəribə millətdir, hətta torpağın altındakı ölüləri də çoxalır, belə getsə öldürülən ermənilərin sayı milyon yarıma, 2 milyona çıxarılacaq. İndi baxıram, dünyanın bir sıra ensiklopedik nəşrlərində, ermənilərin kitablarında 2 milyon yarım, hətta daha yuxarı olan fantastik rəqəmlər göstərilir. 
    Aydındır ki, bu, Böyük Britaniyanın və bir sıra Avropa ölkələrinin fitvası ilə ortaya atılan iddia idi. Halbuki Türkiyə dövləti erməniləri doğu Anadoluda öz iç vilayətlərinə köçürmüşdü ki, orada daha rahat yaşasınlar, həm də dövlətə xəyanət eləməsinlər. Savaş idi, savaş şərtləri belə tələb edirdi. Bunlar o qədər də uzaq tarixdə baş verməyib. Deyilənləri təsdiq edən çoxsaylı faktlar var. Ancaq bu gün bu qondarma siyasəti Türkiyəyə qarşı silah kimi işlədirlər, Avropa Birliyinə gedən yolda bunu bir maneəyə çevirirlər, eyni zamanda Qarabağ məsələsinin arxa plana keçirilməsində yararlanırlar. Belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya iki türk dövləti – Türkiyə ilə Azərbaycan birləşib məzlum erməni xalqından acıq çıxır, ona görə də Qarabağ məsələsində Azərbaycanın xeyrinə heç bir güzəştə gedilməməlidir, hətta Xocalı soyqırımına göz yummaq lazımdır. Təəssüf ki, bu proses gedir. 
    Mən Fransadan, Avstriyadan olan bir sıra alimlərlə Anadoluda türklərin toplum məzarlara doldurularaq qətlə yetirildiyi yerlərə getmişəm. O toplu məzarlarda bu gün dünyaya özünü məzlum kimi tanıtmağa çalışan ermənilər yox, türklər uyuyur. Bu alimlər də deyirlər ki, erməni soyqırımı məsələsi Türkiyəyə qarşı təzyiq vasitədir, Türkiyə bunu qəbul edə bilməz, qəbul eləsə, Avropanın ikinci, üçüncü, beşinci tələbləri meydana gələcək. Niyyət Avropanın bir zamanlar “Böyük Türk” deyərək qabağında əsdiyi xalqı, onun dövlətini zəiflətməkdir. Osmanlı ilə bağlı xatirələri hələ də Avropanın ürəyindədir, ona görə də Türkiyənin güclü olmasını istəmirlər. 

    “Rusiya Ukraynada yaşayan rusların haqqını müdafiə etməkdə haqlıdırsa, Türkiyə də Krımda, Rusiyanın digər bölgələrində yaşayan türkləri müdafiə eləməkdə haqlıdır və bunu etməlidir”

  • Əflatun Şərifovun ittihamlarına cavab

    İbrahim Quliyev

    Mətbuatın üzərinə getməkdənsə, birlikdə neqativ hallara son qoymaq daha yaxşı olar

    Dəsti-xətti, yazı üslubu oxuculara yaxşı tanış olan “Vətəndaş Həmrəyliyi” qəzeti artıq 20 ildir ki, nəşr olunur. Bu illər ərzində  qəzet daim dövlətçiliyin, müstəqilliyin, demokratiyanın, söz və mətbuat azadlığının keşiyində durub və bu gün də durmaqdadır. Bunu qəzetin tarixçəsindən də görmək olar: “Vətəndaş Həmrəyliyi” qəzeti öz fəaliyyətində ölkə konistitusiyasını, KİV haqqında qanunu və jurnalist etikasını əsas götürdüyündən indiyədək məhkəmələrə düşməmiş, Mətbuat Şurası tərəfindən hər hansı xəbərdarlıq, yaxud töhmət almamışdır. Əksinə, qəzetin fəaliyyəti çox halda nümunə göstərilmişdir.

    Bununla belə, 3 mart 2014-cü il tarixdə – Azərbaycan Respublikası Yüksək Texnologiyalar Nazirliyinin Teleradio İstehsalat Birliyinin baş direktoru Əflatun Şərifov “vətəndaşın şərəf və ləyaqətinin müdafiəsi, kütləvi informasiya vasitələri ilə yayılmış məlumatı təkzib edən məqalənin dərc edilməsi və dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsinə dair” iddia ərzəsi ilə məhkəməyə müraciət etmiş, qəzetdən 50 min, baş redaktordan 50 min, informasiyanı mətbuata ötürən şəxs olaraq, elə həmin birliyin işçisi, 8-ci dərəcəli elektormexanik Teymur Məmmədzadədən 25 min manat olmaqla 125 min manat vəsait tələb edir. Əflatun Şərifov qəzeti onun şərəf və ləyaqətini aşağılayan material verməkdə və işgüzar nüfuzuna xələl gətirməkdə ittiham edir və ilk növbədə təkzib verilməsini tələb edir. Qəzetin baş redaktoru olaraq, bildirirəm ki, mən indiyədək Əflatun Şərifovu görməmişəm və onun rəhbərlik etdiyi birliyin yerini təxmini olaraq bilirəm. Bununla bərabər, Ə.Şərifovun adını çəkdiyi materiallar qəzetdə getməzdən öncə şəxsən ona zəng edərək, faktlarla bağlı rəsmi mövqeyini bildirməsini xahiş etmişəm. Şəhər telefonu vasitəsilə bu əlaqənin saxlanılmasını Ə.Şərifovun katibəsi reallaşdırıb. Amma Ə.Şərifov faktlara münasibət bildirmək əvəzinə ya məni birliyə dəvət edib, ya da hədələyib.
    Bundan əlavə, qəzetdə dərc olunan həmin materialları 24 avqust 2013-cü il tarixdə 24/13 saylı məktubla (qəzetdə göndərilən materiallar əlavə olunmaqla) Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, 04 oktyabr 2013-cü il tarixdə 26-14 saylı məktubbla Azərbaycan Respublikasının Baş Prokurorluğuna, 31 oktyabr 2013-cü il tarixdə 26/15 saylı məktubla Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərmiş, adıçəkilən orqanlardan yazıda göstərilən faktların yoxlanılaraq nəticəsi barədə redaksiyaya məlumat verilməsini xahiş etmişəm (göndərilən məktubların surəti redaksiyadadır). Lakin adlarını qeyd etdiyim dövlət strukturlarının heç biri bizim rəsmi məktuba cavab verməmiş və münasibət bildirməmişdir. Susmaq isə, necə deyərlər, razılaşmaq əlamətidir.  
    İddia ərizəsində Ə.Şərifov ilk olaraq qəzeti və baş redaktor olaraq məni onun haqqında düzgün olmayan informasiya yaymaqda, ona böhtan atmaqda günahlandırır və ilk olaraq onun seçkini boykot etməsi ilə bağlı yazıya istinad edir. Məlum olduğu kimi 2013-cü il oktyabrın 9-da prezident seçkiləri keçirilmişdir. O da bəllidir ki, dairə və məntəqə üzvləri parlament partiyalarının nümayəndələrindən təşkil olunur. Həmin üzvlər Seçki Məcəlləsinin 38.1 maddəsinə uyğun olaraq seçki dövründə əmək haqları saxlanılmaqla 60 gün müddətinə işdən azad olunurlar. O zaman İstehsalat Birliyinin Bakı filialında çalışan T.Məmmədzadə də Vətəndaş Həmrəyliyi Partiyasından 23 saylı Dairə Seçki Komissiyasının 4 saylı məntəqəsinin üzvü olmuş və qanun üzrə o da müvəqqəti olaraq işdən azad olunmalı idi.

  • Vəkili həbsdəki gənc fəalla görüşüb

    Ömər Məmmədovun istintaqı yekunlaşıb; Yaxın zamanlarda gənc bloggerin məhkəməsi başlayacaq


    Bu gün vəkil Əlayif Həsənov həbsdə olan “Axın” hərəkatının təsisçilərindən biri, gənc siyasi məhbus Ömər Məmmədovla Şüvəlan təcridxanasında görüşüb. 
    Bu barədə musavat.com-a vəkil Əlayif Həsənov özü məlumat verib.
    Vəkilin sözlərinə görə gənc bloggerin heç nədən şikayəti yoxdur: “Ömərin heç nədən narahatçılığı yoxdur. Şikayətləndiyi məsələ ona qəzetlərin verilməsinin gecikdirilməsi ilə bağlıdır. Bu problem də iki gün olar ki, qismən də olsa, həllini tapıb. Ona iki gündən bir qəzetlər verilir. Yaxın zamanlarda başlayacaq məhkəmə prosesi ilə bağlı müzakirələr apardıq. Bildiyimiz kimi, istintaq prosesi artıq bitib. Yaxın zamanlarda sənədləri məhkəməyə təqdim edəcəyik. Həmişə  olduğu kimi, yenə Ömər və mən ona qarşı sürülən ittihamları əsassız sayırıq. Ömər öz ifadəsində də göstərib ki, onun həbs edilməsi ilə bağlı çoxdan hazırlıqlar başlayıb. Bunun üçün onu hətta mənsub olduğu təşkilatdan, yəni NİDA vətəndaş hərəkatından çıxmağa vadar ediblər. Ona bloggerlik fəaliyyəti ilə məşğul olmağa mane olublar. Biz sona qədər məhkəmənin səsləndirdiyi ittihamları ifşa etmək üçün əlimizdən gələni edəcəyik. Ömərin bütün yaxınlarına, əqidədaşlarının hamısına salamı var”.
    Xatırladaq ki, VHP üzvü olan Ömər Məmmədov yanvarın 24-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Onun barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik saxlama, gəzdirmə, satma) maddəsilə ittiham irəli sürülüb. 
    Cavanşir ABBASLI
  • Pol Qoblun aşıqlamasına açıqlama

    İbrahim Quliyev

    Qərb həyacanlanıb. Rus ordusunun Krıma girməsi, Moskvanın iradəsi ilə orada referendum keçirilməsi və bu bölgənin Rusiyaya qatılması Qərbi sözün əsl mənasında “şoka salıb”.

    Rusiyanın artıq dünya siyasətində olmadığını iddia edənlər birdən-birə fakt qarşısında qaldıqlarını etiraf etmək zorundadırlar. Təxminən 10-15 il əvvəl Yer üzündə alternativ fikir və güc sahibinin qalmadığı qənaətinə gələnlər birdən-birə çaşıb qalıblar. Onlar fikirləşirdilər ki, daha dünya öz əllərindədir, İraqda, Əfqanıstanda, Tunisdə, Liviyada, Misirdə etdiklərini Rusiyanın sərhəddində də edəcəklər. Amma qəfildən rus ayısı ayılıb, “stop” işarəsi verdi. Hətta Rusiyanı sevməyənlər də son illərdə dünyada birtərəfli proseslərin getdiyini və baş verənlərin heç də ədalətə söykənmədiyini görürdü. Görürdü ki, Səddam Hüseyndən sonra dünyanın ən qədim dövləti olan İraqda hansı xaos baş verir, qədim Babilin param-parça olunan varisinə tarixdə adı-sanı olmayan köçərilər hökm edir. Sovet ordusunun qara-ağ üzünü görmüş Əfqanıstana daxil olan Qərb əsgəri qanunsuz-məhkəməsiz adi kəndliləri necə gullələyir, qadınları necə zorlayır. Prezident kürsüsünü çoxdan tərk etmiş, bununla bərabər Liviyanı cənnətə çevirmiş Qəddafini necə ağzı –burnu palçıqlı bir Qərb küçüyü döyə-döyə öldürür. Misirdə qanuni yolla hakimiyyətə gəlmiş Mürsi hökumətini devirib, zorakı hərbçiləri iqtidara gətirən Qərb-yəhudi birliyinin sifarişi ilə 529 nəfərə 20 dəqiqə ərzində necə edam cəzası kəsilir. Bir vaxtlar Qərbi ədalət və haqq mücəssəməsi kimi görənlər yavaş-yavaş başa düşür ki, Qərb ayrı-ayrı xalqlar üçün ayrı-ayrı demokratik dəyərlər fikirləşir. Öz demokratik dəyərlərini bu ölkələrə tətbiq etmir, onlar üçün xüsusi demokratiyalar yaradır. Əsas o deyil ki, hər yerdə bəşəri dəyərlər hakim olsun, əsas odur ki, hakimiyyətlər sözəbaxan olsun. Bax, elə Qərbin bu yanaşması da sonda Rusiyanın mövqelərinin getdikcə güclənməsinə rəvac verir. Rusiya Krıma girib, referendumda böyük əksəriyyət Rusiyaya səs verib, beş-on tatardan başqa. Və elə bu məqamda tatarlar Qərbin yadına düşüb. Məşhur politoloq, Rusiya və postsovet məkanı üzrə ekspert “Amerikanın səsi”nə müsahibəsində birdən-birə bu millətin qayğısına qalmağa balayıb: “Əslində, Krım yerli tatarlara məxsusdur, hazırda rus qüvvələri onları yarımadadan qovmağa çalışır.” Politoloq rusların tatarları yarımadadan qovmağa hazırlaşdıqlarını nəyə əsasən deyib, bilmirik, amma istər-istəməz sual doğur, əgər Krım tatarların özünə məxsus deyilsə, yəni müstəqil dövlət qurumu yoxdursa, onun Rusiya, yaxud Ukraynaya aid olmasının heç bir ciddi fərqi yoxdur. Məgər əvvəlki dönəmlərdə tatarlar müstəqil idilər?

    Əslində, Rusiyanın bu addımı Qərbi ona görə qıcıqlandırmayıb ki, o, həqiqətən Krım əhalisinin qayğısına qalır, sadəcə ona görə ki, Rusiya Qərbin Qara dəniz planına mane olub. Bu strateji dəniz Rusiyanın əl-ayağını bağlamaqda, Qərbin isə əl-qolunun açılmasında mühüm əhəmiyyət kəsb edirdi. Necə deyərlər, Qərbin planına qarşı Rusiyanın tutarlı gedişi.

    İndi Qərb Pol Qoblın dili ilə beynəlxalq ictimaiyyətdən kömək umur. Xeyir ola, Rusiya daha öncə bu addımı atanda, Azərbaycan torpaqlarının 20 faizini erməni işğalçılarının ayaqları altına tulayanda niyə Qərb susurdu? Krım variantını bu və ya bağqa formada Rusiya Qarabağda, Dnestryanı bölgədə, Gürcüstanda həyata keçirməyibmi? Niyə Qərb zamanında Rusiyanın bu addımlarına təpki göstərmirdi ki, vəziyyət bu yerə gəlib çıxırdı. Pol Qobl deyir: “Vladimir Putinin Krıma hərbi müdaxiləsi İkinci Dünya müharibəsindən bəri beynəlxalq sistemin sabitliyinə ən böyük təhlükədir: “Suveren dövlətin ərazisini ilhaq etməklə və etnik mənsubiyyəti vətəndaşlıqdan yüksək mövqeyə qaldırmaqla prezident Putin sülhün və sabitliyin əsasını təşkil edən prinsipləri rədd edib. Beynəlxalq ictimaiyyət Rusiyanı bu əməllərinə görə cəzalandırmalı və aydın mesaj göndərməlidir ki, dövlət suverenliyinin zor gücünə tapdanması yolverilməzdir.”

    Putin adı təbii ki, burada şərtidir, guya başqa bir rus olsaydı, bu addımı atmayacaqdı? Məsələ tamam başqa şeydədir, məgər Ermənisan 20 il bundan öncə Rusiyanın əli ilə başqa bir dövlətin – Azərbaycanın ərazisini ilhaq etməyibmi? Onlar etnik mənsubiyyəti vətəndaşlıqdan üstün tutmurmu tutmurmu? Niyə beynəlxalq müzakirələrdə Azərbaycan Ermənistan məsələsi gündəmə gələndə beynəlxalq ictimaiyyət tərəfləri güzəştə çağırır, Krım məsələsində isə Rusiyanı ittiham edirlər. Pol Qobl müsahibəsinin sonunda Moldova və Azərbaycanı MDB-dən çıxmağa çağırır, çünki Qərbə belə lazımdır. Azərbaycana nə lazım olduğunu isə Qərb vecinə almır. Xeyir ola, Azərbaycan nəyə görə Qərbin havasına oynamalıdır? Ermənistan, Pol Qobl-ın dediyi kimi, suveren bir dövlətin ərazisini tanıyır, bununla bərabər Qərb ona daha həssaslıqla yanaşır, bizə isə bütün bu münasibətlərdən sonra Rusiyanı qınamağı məsləhət görür? Bu, nə məntiqdir, bu nə münasibətdir?

    Belə olan halda, Azərbaycan Qərbə cütləşmiş barmaqlar arasından baş barmağı göstərməli deyilmi? Şərtdirsə, gəlin biz də öz şərtimizi irəli sürək….

  • Ömər Məmmədovun istintaqı yekunlaşıb

    Vəkil Əlayif Həsənov martın 18-də Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında məhbus bloqçu Ömər Məmmədovla görüşüb.

    “Media forum” saytına danışan vəkil deyib ki, abunə olduğu qəzetlər bloqçuya çatmır: “Səhhətində heç bir problem yoxdur. Saxlanma şəraitindən narazılığı yoxdur. Amma abunə olduğu qəzetlər ona çatmır. Bu səbəbdən istintaq təcridxanasının rəisi ilə görüşdüm. Rəis qəzetlərin təcridxanaya daxil olmadığını bildirdi. Halbuki “Azərpoçt”  qəzetlərin təcridxanaya göndərildiyini iddia edir”.

    Vəkili sözlərinə görə, Ömərin istintaqı yekunlaşıb: “Bir yerdə sənədlərlə tanış olduq. Digər vəkillər də sənədlərlə tanış olduqdan sonra yekun rəy hazırlayıb istintaqa etiraz təqdim edəcəyik. Araşdırılmalı məqamlar var. Həbsdən əvvəl Ömərin atasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılması, özündən izahat alınması, noutbukuna baxış keçirilməsi, ondan “Nida” Vətəndaş Hərəkatı ilə əlaqəni kəsməyin, bloqçu kimi fəaliyyətini dayandırmağın tələb olunması qanun pozuntusudur və həbsin siyasi sifariş olduğuna bir işarədir.

    Bununla bağlı istintaq araşdırması yoxdur. İnsanları siyasi əqidəsinə görə təqib etmək qanunla qadağan edilmiş bir işdir, cinayətdir. Bu məsələlərlə bağlı vəsatətlərimiz olacaq. Bizim vəsatətlərimizə müsbət cavab verilsə, yəqin ki, istintaq müddəti artırılar və sadaladığım nöqsanlar araşdırılar”.

    Ömər Məmmədov yanvarın 24-ü Bakıda tutulub. İstintaqın məlumatına görə, onun üstündən 6 qram heroin götürülüb.

    1995-ci ildə Bakıda anadan olan Ömər Məmmədov Şimali Kipr Türk Respublikasında yerləşən Beynəlxalq Kipr Universitetinin tələbəsidir. Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Əvvəllər “Nida”nın üzvü olub. 2013-cü ildə bir qrup gənclə “Axın” hərəkatını təsis edib.

  • Xalqları, millətləri ayaqda saxlayan onların ziyalılarıdır

    20-ci əsrin sonu, 21-ci əsrin əvvəllərində Azərbaycan xalqının bir çox faydalı dəyərlərinin qorunub saxlanmasında, müsbət mənəvi-əxlaqi dəyərlərinin oturuşmasında çaba göstərən və çox böyük işlər görən 40-50 ailədən, nəsildən biri də rəhmətlik Xudu kişinin nəslidir: Sabir Rüstəmxanlı, Əlövsət Əliyev, Şahbaz Xuduoğlu qardaşları.

    Düz 10 il bundan öncə baş tutmayan bir planım var idi: xalqımızın dəyərli övladlarından üçünün anasını görüşdürmək, onların söhbətlərini videoya alıb gələcək nəsillər üçün saxlamaq. Sabir Rüstəmxanlı – Rüstəm Behrudi – Sərdar Cəlaloğlu. Danışdıq, razılaşdıq, heyf ki, vaxtında təşkil edə bilmədik və görüşün baş tutması əbədiləşdi. Analardan ikisi dünyasını dəyişdi. Allah Zəhra xanımın ömrünü uzun eləsin. Mənim üçün çox maraqlı idi ki, eyni nəslin nümayəndələri olan bu analar belə dəyərli övladları necə yetişdiriblər? 

    Onlar nələr görməmişdilər: ikinci dünya müharibəsindən sonrakı aclıq, səfalət, yoxsulluq, repressiyalar, təqiblər, qorxu, stres, çətin fiziki əmək, yavan çörək, kasıb süfrə, çoxuşaqlı ailə və s. və i. Bütün bunlara baxmayaraq hər biri 9-10 uşaq böyütmüşdülər. Həm də necə uşaqlar! Oğlanlı-qızlı hər biri millət üçün, dövlət üçün faydalı, dəyərli, gərəkli…

    Sabir Rüstəmxanlının hər kitabı bir mərhələ, bir hadisə, bir sosial inqilab. Hər kitabı 2-3 siyasi təşkilata, partiyaya bərabər.

    Rüstəm Behrudi də həmçinin. Bəzən bir şeri, bir misrası ilə milləti oyadacaq, qaldıracaq bir şair. Bir toplumun mədəni, sivil millət olmasına yetərli bir ziyalı. Hansı xalqda tək bir Sabir Rüstəmxanlı, tək bir Rüstəm Behrudi varsa, onu mədəni saymaq olar. 

    Sərdar Cəlaloğlu bütün həyat fəaliyyəti, ortaya qoyduğu siyasi və fəlsəfi görüşləri ilə istənilən millətə şərəf gətirən, onu dünyanın inkişaf etmiş millətləri sırasına çıxara biləcək bir siyasi xadim, filosof.

    Məqsədim onlardan yazmaq deyil. Hər birinə kitablar həsr edilməli, həyat və fəaliyyətləri araşdırılmalı, gələcəyə örnək göstərilməlidir. Var olsun, Allah rəhmət eləsin belə oğul doğan ANALARA.

    Mən o ANALARDAN birinin oğlu haqqında yazmaq istəyirəm. Şahbaz Xuduoğlu barədə. “Qanun” nəşriyyatının sahibi.

    Məncə, Həsən bəy Zərdabi XIX əsrin sonlarında, Cəlil Məmmədquluzadə XX əsrin əvvəllərində Azərbaycan mətbuatında və Əlibəy Hüseynzadə XX əsrin əvvəllərində ictimai-siyasi süurumuzun inkişafında nə edibsə, Şahbaz Xuduoğlu da XXI əsrin əvvəllərində Azərbaycanda kitab nəşri və… ictimai-siyasi şüurun özünə gəlməsində onu edib. Kimlərəsə bu, real görünməyə bilər. Ancaq fakt faktlığında qalır və bu böyük şərəfli işi görən insanın layiq olduğu qiymət vaxtında verilməlidir. Son vaxtlar “Qanun” nəşriyyatına rejimin hücumları da elə bu fəaliyyətlə bağlıdır.

    XIX əsrin sonları XX əsrin I yarısında Azərbaycan ziyalılarının təqib edilməsi, sürgünlərə göndərilməsi və fiziki cəhətdən məhv edilərək təqib edilmələrinin səbəbləri bu gün də aktualdır və göz qabağındadır. Onlar da xalqımızı cəhalətdən, savadsızlıqdan qurtarmaq istəyirdilər, Şahbaz Xuduoğlu və indiki ziyalılarımız da. O vaxtkı rejimlər də xalqı cəhalətdə, qaranlıqda, xurafat girdabında saxlamağa çalışırdılar, Azərbaycanın son 20 illik rejimi də. Çünki savadsız, cahil adamı idarə etmək, qorxutmaq, şantaj etmək, soymaq, istismar etmək, xofa salmaq, müti etmək çox asandır. Cahillik ən qorxulu xəstəlikdir. Şahbaz Xuduoğlu kimilər xalqımızı bu xəstəlikdən sağaltmağa, rejim isə bu xəstəliyi dərinləşdirməyə, ağırlaşdırmağa çalışır. 

    Xeyir və Şərin mübarizəsi

    Məzlumun qurtuluşu və istismarı uğrunda döyüş gedir bu məmləkətdə. Həm də tam açıq surətdə: bir tərəf terror, qanunsuz həbslər, təqiblər, partlayışlar, böhtan və şantajlarla aparır bu mübarizəni, o biri tərəf isə yalnız sözlərlə, qəzetlə, jurnalla, internet və kitablarla. Bu sonuncuya rejimin dözümü və səbri heç yoxdur. Çünki kitablar evlərdə, arxivlərdə, kitabxanalarda min illər boyu qalacaq və təşviqat vasitəsi kimi çox təsirli vasitədir. Kitablar qalıcı və təsirlidir.

    Ola bilsin, Şahbaz bəy ona olan bu, sağlam məntiqə sığmayan hücumların əsl səbəbini özü qəsdlə qabartmaq istəmir. Ancaq bu rejimin hansı hərəkətində məntiq var ki: din alimi Tale Bağırzadənin cibinə narkotik atmaqda, hadisədən sonra hadisə yerinə gedən Tofiq Yaqublu və Ilqar Məmmədovu artıq bitmiş hadisənin təşkilində ittiham etməkdə, yoxsa gül kimi gənc övladlarımızı “Molotov kokteyli”nə qonaq etməkdə, bəlkə haqqı yazdıqlarına görə Əvəz Zeynallı və Sərdar Əlibəylini həbs etməkdə, ya da Bəşər Əsəd kimi öz ölkəsini bombalamaqda – AXCP-nin qərargahını partlatmaqda? Bu rejimin özü qanunsuz, hərəkətləri isə məntiqsizdir. Ancaq xalq bu cinayətkar təşkilatın bütün əməllərindən vaxtında xəbər tutmalı və bu barədə yazılmalıdır ki, bizim ölümümüzdən sonra da olsa gələcək nəsillərin əlində bunlara əsaslı ittihamlar vermək üçün tutarqalar olsun. 

    Keçən ilin, səhv etmirəmsə, noyabr ayında mənə bir kitab gəldi evdən: “HEYVANISTAN”. Ondan əvvəl “1984″, ”Məhkəmə” və s. bu tipli kitablar gəlmişdi. Məşhur ingilis yazarı Corc Oruellin “Heyvanıstan” əsərinin ön sözünü oxuyurdum. Kitabın 17-ci səhifəsini oxuyanda qeyri-ixtiyari olaraq: “Şahbazı da apardılar”- deyə köks ötürdüm. Kamera yoldaşım səsimi eşidib: “Kimi apardılar, hara və niyə apardılar, ay Qurban müəllim”- deyə soruşdu. Mən təkrar, bu dəfə ucadan oxumağa başladım: “Corc Oruellin ölümündən sonra XX əsrin ikinci yarısında dünyanın siyasi xəritəsində, dövlətlərin və xalqların həyatında ciddi dəyişikliklər baş versə də, onun siyasi antiutopiyaları öz aktuallığını qoruyub saxlayır. Çünki zülm və ədalətsizlik mövcuddur, sərvət və hakimiyyət ehtirası azacıq da olsa səngiməmişdir, OLIQARXIK quruluşlar insanların beynini, ruhunu və mənəviyyatını dəyişdirmək iddiasından əl götürməyiblər. Çünki yaltaqlıq və qorxaqlıq var, hətta şəxsiyyat işartısı olmayan yerdə şəxsiyyətə pərəstiş yaranır, keçmişin unutdurulmasına, tarixin iqtidardakı hakimiyyətə sərf edən tərzdə dəyişdirilməsinə təşəbbüslər göstərilir. Çünki laqeydlik və qorxaqlıq həqiqətin ortaya çıxmasına imkan vermir, insanlar daha həvəslə cansız və hissiz robotlara, idarə olunan amorf kütləyə çevrilirlər, yaddaşsızlıq hüdud və sərhəd tanımır. Çünki dünyanın çox yerlərindən hələ də böyük qardaşlar öz sərt baxışları, daha da təkmilləşmiş ”Fikir Polisləri” ilə insan istəyini və iradəsini əzməyə, qapalı və məhdud çərçivəyə salmağa çalışır. Ədəbiyyat, vicdanlı yazıçı yalnız xəbərdarlıq etməyi bacarır. Corc Oruell də “1984″ün 1984-cü ildən üzü bəri keçməsi, insan cəmiyyətinin ”Heyvanıstan”a çevrilməməsi üçün zamanında xəbərdarlıq edib. Əgər həmin həyəcan siqnalı eşidilməyibsə, yaxud etinasızcasına qulaqardına vurulubsa, bu artıq yazıçının yox, cəmiyyətin, insanların günahıdır”.

    Oxuyub durdum, kamera yoldaşımın reaksiyasına baxdım. Sanki gözləri yol çəkirdi. Başını sağa-sola elədi, çox dərin bir ah çəkib: “Əşşi cəmiyyət qalıb, insanlar var bəyəm, bunu yazan lap qurd ürəyi yeyib” dedi. “Belələri elə qurd kimi doğulurlar, anaları onları qurd kimi böyüdür, yoxsa yeməklə çətin qurd olasan, olsa-olsa 9 qazan aş yeyən Koroğlu olarsan” deyə, gülüşdük. 

    Heyf, bu sözlərin müəllifi olan və “Heyvanıstan”ı dilimizə orjinaldan tərcümə etmiş o gözəl ziyalını – Vilayət Quliyevi tanımamışam əvvəllər. Xalqlar, millətlər məhz belə ziyalıları ilə ayaqda dururlar. 

    “Qanun” nəşriyyatında gedən yoxlamalar da bunun intiqamını almaq üçündür. Tezliklə Şahbaz bəyi, V.Qulyevi həbs etsələr heç kim təəccüblənməsin. Bu kitablar vaxtilə SSRI-də qadağan olunub və uzun illər sovet adamları dünya ədəbiyyatının incilərindən olan bu əsərlərdən xəbərsiz qalıb. Çünki hər 3 kitab, Frans Kafkanın “Məhkəmə”si də daxil olmaqla, totalitar, avtoritar rejimlərin ifşasına və xüsusilə də, həmin rejimlərdə yaşamağa məhkum olan insanların oyanışına, qurtuluşuna və həmin vəziyyətdən çıxış yollarına həsr edilib. 

    Mən tövsiyə edərdim ki, hər bir ata bu kitabları qızlarının cehizinə daxil etsin, hər bir vətəndaşımız bu iktabları dönə-dönə oxusun, partiya rəhbərləri bu kitablardan öz təbliğat və təşviqatlarında geniş istifadə etsinlər, müəllimlər orta məktəblərdə şagirdlərinə, həkimlər xəstələrinə və siyasi məhbuslar onları həbs edən polisə, prokurora, hakimlərə bu kitabları oxumağı tövsiyə etsinlər. 

    AXCP-yə qarşı törədilmiş terrora qarşı ən güclü silah və müdafiə vasitəsi bu kitabların yayılmasıdır. Xatırlayırsınızmı, prezidentin yanında Azərbaycan ensiklopediyasının müzakirəsində nə baş verdi? 8-9 il öncə. Keçən əsrin 70-ci illərinin “durğunluq illəri” kimi təsvir edilməsindən hiddətlənən Ilham Əliyev canlı efirdə çox əsəbi formada akademiki iclasdan qovdu. Ensiklopediyanı hazırlayan qrupun rəhbərini. “Mən hələ sağam, hakimiyyətdəyəm, belə yazırsız, mən olmasam nələr yazarsız”- deyə I.Əliyev özünü saxlaya bilmədi. Bəli, belə rejimlər həqiqəti sevməzlər.

    Son vaxtlar tariximizin saxtalaşdırılması, M.Ə.Rəsulzadə və dostlarının unutdurulmağa çalışılması, Ə.Elçibəyin və AXC-nin adının, fəaliyyətinin TV-lərdə səslənməsinin qadağan edilməsi və s. bu kimi hərəkətlər “Heyvanıstan”da təsvir edilən hadisələrlə eynidir. Bütün bu represiyalar, həbslər, təqiblər, şərləmələr… Müəllif sanki XX əsrin I yarısında  (1903-1950), elə bizim dövrdə Azərbaycanda yaşayıb və gördüklərini də qələmə alıb. 

    Deyə bilərsiz ki, “Heyvanıstan”la “Qanun” nəşriyyatına rejimin hücumunun nə əlaqəsi var? Əsər 2008-ci ildə tərcümə edilib və elə həmin ildə də “Azərbaycan” jurnalında dərc edilmişdi. Ancaq o vaxt, “Qanun” nəşriyyatının 2013-cü ildə çap etdiyi “Heyvanstan”dakı kimi, aşağıdakı sözlər yazılmamışdı: “Kitaba soyuq, laqeyd münasibətin hökm sürdüyü cəmiyyətimizdə, ”Heyvanıstan”ın oxucular, xüsusən də gənclər arasında maraqla qarşılanması, ədəbiyyat həvəskarlarının təşəbbüsü ilə internet saytlarda yerləşdirilməsi, bloklarda müzakirə olunması ilk növbədə Oruellin əsərlərindəki mövzu və problemlərin müasir Azərbaycan şəraitində də AKTUALLIĞINI qoruyub saxlaması ilə bağlıdır”.

    Rejim AXCP-nin qərargahını zirzəmisinə bomba qoyub partladırsa, “Qanun” nəşriyyatı da rejimin altına “Heyvanıstan”ı, “1984″ü, ”Məhkəmə”ni və onlarla dəyərli kitabı – SÖZÜ qoyub. Səsi sonra çıxacaq.

    Ey əziz millət, Şahbaz Xuduoğlu, Vilayət Quliyev kimi övladlarını, “Qanun” kimi nəşriyyatlarını qoru, onlara sahib çıx. Sənin qurtuluşun rejimin səni sürükləmək istədiyi “bombalı, dinamitli saldırılar”da yox, sözdədir, elmdədir, savaddadır, mariflənməyindədir. 

    Övladlarınızı oxudun, onları cahillik xəstəliyindən xilas edin ki, bu rejimin törətdiklərini başa düşüb, onu aradan qaldırmağın yollarını bilsin. Bu işdə Sizin ən yaxşı köməkçilərinizdən biri də “Qanun” nəşriyyatı və onun sahibi Şahbaz Xuduoğludur. 

    Qurban Məmmədov, 10 mart 2014-cü il 

    P.S. Böyük sənətkarımız, dünya ədəbiyyatında xalqımızı ləyaqətlə təmsil edə biləcək Əkrəm Əylislinin “Daş yuxular”ına da bu rejimin hücumu, əslində əsərdə ermənipərəst mövqe sərgilənməsi deyildi. Oradakı “Respublikanın Birincisi dövlətin mənzilini atasının mülkü kimi ziyalılara hədiyyə edir və onları ələ salaraq, mənən alçaldırdı…”, “Öz xalqına qarşı mənəvi genosid həyata keçirməsidir…” kimi fikirlər Əkrəm Əylislini güdaza gətirdi. “Sultan Səncər və qarı” əsərinə görə böyük Nizaminin Sultan tərəfindən şaqqalanmadığına heyrət etməmək mümkün deyil. 800 il sonra, sivil dünyada Azərbaycanda baş verənlərə də heyrətlənməmək mümkün deyil.

  • Qarsın bələdiyyə başqanı Azərbaycan türkü seçilib

    Dünən Türkiyədə keçirilən yerli bələdiyyə seçkilərində Milliyyətçi Hərəkat Partiyasından Qars Şəhər Bələdiyyəsinə namizədliyini irəli sürən Murtaza Karaçanta seçkiləri qazanaraq, şəhərin bələdiyyə başqanı seçilib.

    Onu xatırladaq ki, Murtaza Karaçanta eyni zaman Qars-Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri olub və bölgədə nüfuzu ilə seçilən şəxslərdəndir.

  • Hilal Əliyev-71

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qurucularından olan Hilal Əliyevin 71 yaşı tamam olur. Hilal müəllim uzun müddət VHP Sumqayıt şəhər təşkilatının sədri olub. Sumqayıtda pedeqoji fəaliyyət göstərib, müəllim, məktəb direktoru kimi millətə şərəflə xidmət edib, gənc nəsilin yetişməsində öz sözün deyib.
    Hilam müəllimi doğum günü ilə bağlı təbrik edir, ona can sağlığı, uzun ömür, ictimai və siyasi fəaliyyətində uğurlar diləyirik.

    Sayqılarla,
    VHP Mərkəzi İcra Aparatı

  • Bizi bağışlamayın…

    Nazlı Ağayeva

    Üstündə baş sındırıb bir tərəfə çıxara bilmədiyim bu məsələ məni təxminən iyirmi beş il əvvələ apardı. Sovetin dağılhadağılında yerli qəzetdə işlədiyim vaxtlardı…

    Rəhmətlik anamla rayon mərkəzində kirayədə yaşayırdıq. Yerli iqtidarın tərs mövqeyimə görə məndən zəhləsi gedirdi, amma işdən qova da bilmirdilər, çünki, qışda ocaqçı, yayda xadimə ştatı ilə işləyirdim, həm də hər iki halda yarımştatla. Bu əziyyətlərə qatlaşmağımın yeganə səbəbi oxucumun qarşısına mümkün qədər senzurasız çıxmaq idi. Redaktorum rəhmətlik Əziz Əzizov özünü xərcləyib mənim bu şərtimi yerinə yetirirdi. O vaxtlar anam bəzən gecə səhərə qədər yatmayıb işlədiyim yazını mənə oxudur, bir tərəfdən ləzzət alsa da, nigarançılığını da gizlədə bilmirdi. “Qorxulu yazılar” onu daima səksəkədə saxlayırdı. Amma yenə başqa – rahat bir həyat arzulamırdı. İqtidarın güclü qəzəbinə gəldiyim ən çətin vaxtlarda görürdüm nəsə dua oxuyub bıçaqın ağzını qatdalayır. Yadıma düşürdü ki, kənddə körpə buzovumuz, qoyun-quzumuz çöldə qalanda anam beləcə «qurd ağzını bağlayardı»… Lütfən, bunları özünü reklam kimi qəbul etməyin, sadəcə sözümün canına keçmək üçün bundan yaxşı körpü tapmadım. İyirmi beş il əvvəl hələ sovet rejimindəki Azərbaycanı təsəvvür edirsizmi? Ondan bəri dünyada və bu ölkədəki fantastik inkişafı isə təsəvvür etməyə ehtiyac yoxdur. Müasir, modern, “müstəqil”, “azad” “firavan” Azərbaycan səhnədədir. Məhz səhnədə! Real həyatda isə vətəndaşı bir loxma çörəyə minnətli, oliqarx-məmur zümrəsi ölkənin sərvətləri hesabına harınlayıb yerə-göyə meydan oxuyan – lakin Qarabağı işğal altında, düşünən beyinləri ya həbsdə, ya da səfalətin qoynunda olmazın əziyyətini, korluğunu çəkən bir Azərbaycan var. Kəndisi bizim vətənimiz olur…

    Mən bu yazını bu gün şərlənərək həbslərə atılan cəsur, qeyrətli gənclərimizə həsr eləmək istəyirdim. Amma onlara çatmaq üçün nə qədər yol gəldim… Nədən bu qədər gec? Çünki həmin dustaq və yalnız xüsusi barmaqlıqlar arasında olmadıqlarınıa görə onlardan fərqlənən ümumazarbaycan gəncliyi ölkədəki mövcud rejimin qurbanıdır. Biz o gənclərə normal gələcək verə bilmədik. Adına iqtidar deyib məzənnəyə mindirdiyimiz hakimiyyətçilər uğrunda meydanlarda çıxdığımız gələcəyi bizdən qopardıb özlərinə, balalarına mal etdilər. Həm də necə? Xəyal etdiyimiz həmin müqəddəs gələcəyi təpəgöz, görməmiş davranışlarıyla tanınmaz, yad hala gətirdilər. Bizim səviyyəli, bilikli, bacarıqlı övladlarımızı bir ucdan narkoman, xuliqan, çevrilişçi elan edənlərin yağ içində bəslənən “gül balalarının” hər addımı “Amerikanın kəşfi”nə çevrildi. Vətənə sərvət yeri, yağlı obyekt kimi baxan oliqarxzadələr lazım gələndə guya Azərbaycanı dünyada təmsil etdilər, ölkənin adını göylərə qaldırdılar. Və hazırda da belədir. Nədən əcaba? Nə vaxta qədər ölkənin sərvətlərini talayıb qudurmuş iqtidar-məmur balaları (Prezident özü belə deyirdi) ölkədə və xaricdə göyün yeddinci qatında gəzəcəklər? Halal çörəklə böyümüş düşüncəli, azadfikirli, əqidəli, vətənpərvər gənclər isə həbsxanalarda ya da hər an məlum maddələrlə həbsə atılmaq təhlükəsi altındadır…

    Bu barədə böyüklər olaraq ciddi-ciddi düşündükmü? Ortada gündən-günə artan yoxsulluğa, bitib-tükənməyən haqsızlıqlara düçar zərif, lakin dönməz gənclik və sərt, amansız, ədalətsiz bir quruluş var… Yoxsa qalan ömrümüzü artıq xalqın üzünə qapadılmış Azadlıq meydanındakı xatirələrimizə həsr edəkmi? Ortada gündən-günə artan yoxsulluğa, bitib-tükənməyən haqsızlıqlara düçar zərif, lakin dönməz gənclik və sərt, amansız, ədalətsiz bir quruluş var… Sadəcə müşahidə edib sonda da “göydən üç alma düşdü, üçü də həbsxanaya çevrilmiş vətənin ağrılı-dərdli başına”, deyəkmi?

    P.s əvəzi:
    Zaur Qurbanlı,
    Rəşadət Axundov,
    Rəşad Həsənov,
    Üzeyir Məmmədli,
    Məmməd Əzizov,
    Bəxtiyar Quliyev,
    Şahin Həsənli,
    Əbdül Əbdülov,
    Ömər Məmmədov,
    İlkin Rüstəmzadə

    Bizi bağışlamayın, Sizləri şərdən, böhtandan qoruya bilmədiyimizə görə…

    P.s: Həbsxanada olan bütün əqidə məhbuslarına azadlıq arzusuyla: Azad məhbus Nazlı Ağayeva

  • Sabir Rüstəmxanlı əcnəbi dayələrdən danışdı

    Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən millət vəkili Sabir Rüstəmxanlı əcnəbi ölkələrdən Azərbaycana gətirilən dayə məsələsinə toxunub.

    “Azərbaycanın zəngin ailələri öz uşaqlarına Filippindən və digər tanınmamış ölkələrdən dayə gətirirlər. Amma Azərbaycanda ingilis dilini bilən və dayəlik edə bilən işsiz qadınlar var. Filippinli qadın Azərbaycan uşağına nə tərbiyə verəcək? O uşaq gələcəkdə filippinli qadını özü üçün mələk biləcək. Halbuki öz ölkəmizdən olan qadınların uşaqlara verdiyi tərbiyə daha yaxşı olar. Başa düşürəm ki, bəzi zəngin insanlar istəmir ki, onların evlərini Azərbaycandan olan insan görsün. Hətta bir dəfə belə bir dayə ilə bağlı cinayət hadisəsi də baş verdi. Bununla bağlı İnsan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazovdan xahiş edirəm ki, bu məsələyə diqqət yetirsinlər”.

    Vilayət Eyvazov isə öz növbəsində Sabir Rüstəmxanlıya cavab olaraq bildirib ki, bu məsələ Miqrasiya Xidməti ilə birgə araşdırılacaq.