Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • Ömer Memmedovun hebsinden 1 il ötür

    Vicdan məhbusu Ömər Məmmədovun oğurlanaraq (şərlənərək) həbs edilməsindən 1 il ötdü

    Ömər Elyar oğlu Məmmədov 26 fevral 1995-ci Bakıda anadan olub. Orta təhsilini 72 nömrəli liseydə alıb. Həbsindən öncə Şimali Kipr Türk Cümhriyyətindəki Uluslar arası Kıbrıs universitetinin Beynəlxalq Əlaqələr bölümü 1-ci kurs tələbəsi idi .

    2011-ci ildə Nida Vətəndaş Hərəkatına üzv olub. Həmçinin hakimiyyətin satirik tənqidinə görə tanınan “Aztvdən seçmələr” səhifəsinin admini olub. 2013-cü ildə ailəsinə olan təzyiqlərdən sonra Nida Vətəndaş Hərəkatından ayrılıb. Daha sonra “Axın” hərəkatını yaradıb. Ömər eyni zamanda Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür.

    2014-cü yanvarın 24-ü Baş Narkotiklərə Mübarizə idarəsinə gətirələrək polis əməkdaşları tərəfindən həbs olunub. Həbsindən sonra Ömər N!DA-ya qayıdıb.

    4 iyul 2014-cü il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 5 il müddətində azadlıqdan məhrum edilib.
    Bakı Apellyasiya Məhkəməsi Ağır Cinayətlər Məhkəməsinin qərarından verilmiş şikayəti 22 dekabr 2014-cü il tarixdə qüvvədə saxlayıb.
    Ömər Məmmədov hazırda 10 sayli Cazaçəkmə Müəssisəsində saxlanılır.

    Beynəlxalq Amnistiya Təşkilatı Ömər Məmmədovu “vicdan məhbusu” kimi tanıyıb.

  • “Nida”çı məhbuslar aclığı dayandırdılar

    Mayın 6-da məhkəmə qərarı ilə 6-8 il müddətinə azadlıqdan məhrum edilən “Nida”çılar 20 gündür istintaq təcridxanasında keçirdikləri aclıq aksiyasını dayandırıblar. Bununla bağlı gənclər xüsusi bəyanat yayıblar.

    “Azadliq.info”nun məlumatına görə, bəyanatda deyilir: “Biz aclıq aksiyasına başlayanda tələbimiz azadlığa buraxılmağımız idi. Məqsədimiz isə həmişəki kimi mübarizə aparmaq və diktaturaya qarşı bütün qeyri-zorakı, hüquqazidd olmayan vasitələrdən istifadə etmək olub. Elə azadlığımıza da həm də bu məqsədlərə qulluq etmək üçün nail olmaq istəyirik. Yəni Azərbaycanın qismən sükuta getmiş etirazçı təbəqələrini tərpətməyi, yeni insanları etiraza cəlb etməyi, beynəlxalq demokratik qüvvələrin diqqətini regiondakı geopolitik gərginlikdən ölkədəki repressiv şəraitə yönəltməyi qarşımıza məqsəd qoymuşduq.

    Aclığın davam etdiyi bu 20 gündə Azərbaycanda siyasi məhbus probleminin gündəmdən düşməməsi, bu gün (6 may) yüzlərlə fədakar fəalın aksiya keçirməsi, yeni insanların etirazçı qüvvələrə qoşulması, xarici ölkələrdə dəstək aksiyalarının keçirilməsi beynəlxalq demokratik qüvvələrin diqqətinin Azərbaycana cəlb olunması, bizim qeyd etdiyimiz məqsədimizə çatmağımızı göstərir.

    Hesab edirik ki, Azərbaycana bizim cəsədimiz yox, fəaliyyətimiz lazımdır. Hakimiyyət bizim tələbimizi təmin etmədi. Lakin biz məqsədimizə çatdıq və hakimiyyətə də göstərdik ki, həbslə bizi mübarizədən yayındıra bilməyəcəklər. 140 nəfər həbsdə olsa da, çöldə qalanlar kölə deyil və bu xalq azadlığa, demokratiyaya layiqdir, diktaturaya, korrupsiyaya yox.

    Məhz məqsədimizə çatdığımıza görə, tələbimizin yerinə yetirilməməsinə baxmayaraq, azadlıq tələbimizi də məqsədlərimizə qurban verərək, bu gündən aclığı dayandırırıq. Mübarizə isə davam edir!”

  • Milli Məclis deputatlarına şok müraciət

    Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev Milli Məclisin deputatlarına və ictimaiyyətə  müraciət edib.

    Müraciətdə deyilir:

      Milli Məclisin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə zidd olduğuna görə qəbul edilə bilməz. Belə ki, Qanunun 6-cı maddəsinin birinci hissəsinin (doğum haqqında şəhadətnamənin vətəndaşlığı təsdiq edən sənəd olması) ləğv edilməsi əsaslandırılmalıdır. Çünki təcrübəsini öyrəndiyimiz bütün ölkələrin  qanunvericiliyində doğum haqqında şəhadətnamə uşağın vətəndaşlığını təsdiq edən sənəd kimi göstərilir.  Vətəndaşlığını təsdiq edən sənədlərin siyahısından doğum  haqqında şəhadətnamənin çıxarılması məntiqə və  hüquqa söykənmir.  Bu bənd ləğv edilərsə,  şəxsiyyət vəsiqəsi verən bütün polis və ASAN xidmət əməkdaşları xaricdə doğulan və ya valideynlərindən biri əcnəbi olan uşaqların vətəndaşlıq mənsubiyyəti haqqında Dövlət Miqrasiya Xidmətindən arayış tələb edəcəklər. Bu da öz növbəsində  məmur özbaşınalığını  inkişaf etdirəcək, Miqrasiya Xidmətinin qarşısındakı növbələrin sayını bir neçə artıracaq, vətəndaşların sənədləşdirilməsində  əsasız süründürməçilik hallarını dəfələrlə artıracaq.   Bu dəyişiklikdən  300 000 çox ailə zərər çəkəcək.

     

    Qanunun 10-cu maddəsinə əlavə olunması nəzərdə tutulan: “Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir”  vəzifəsinin vətəndaşın üzərinə qoyulması yolverilməzdir.  Üstəlik, belə məlumatı verməyən şəxslərə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət ” müəyyən olunması dövlətin öz vəzifəsini vətəndaşın üzərinə qoyulması kimi qiymətləndirilməlidir. Bəzi dövlətlərin vətəndaşlıq haqqında qanunları həmin ölkənin vətəndaşları ilə nikaha daxil olan şəxsləri öz vətəndaşı kimi tanıyır və ya həmin şəxslərə sadələşdirilmiş qaydada öz vətəndaşlığını verir. Hər il minlərlə AR vətəndaşı ailə birləşməsi proqramları çərçivəsində  başqa ölkələrin vətəndaşlıqlarını əldə edirlər. Bu  maddənin qəbul ediləcəyi halda 100 000 nəfərə kimi insan bu normanın acısını yaşamalı olacaq.

     

     Layihənin 12- ci maddəsində nəzərdə tutulan dəyişiklik  (təqdim olunan layihəyə ğörə  “Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir”) isə Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsi,  Normativ hüquqi aktlar haqqında Konstitusiya qanununun 5-ci maddəsi və Vətəndaşlıq Haqqında Qanunun  1-ci maddəsi ilə ziddiyyət təşkil edir. Konstitusiyanın 52 –ci maddəsinə görə  Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs  Azərbaycan  Respublikasının vətəndaşıdır. 52 –ci maddə eyni zamanda valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxsi Azərbaycan Respublikasının vətəndaş hesab edir. Vətəndaşlıq haqqında qanunun 1-ci maddəsi də qeyd olunan şəxsləri qeyri-şərtsiz AR vətəndaşı kimi tanıyır.  Bu dəyişiklik ediləcəyi halda da  200 000  nəfərdən çox şəxs bu problemlərin qurbanına çevriləcək.

     

            Qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərə, Normativ Hüquqi Aktlar haqqında Konstitusiya qanununa tam ziddir və xüsusi siyasi məqsədlərə hesablanmışdır. Təqdim olunan dəyişikliyin birinci bəndində nəzərdə tutulan əsas  əslində Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanunu ilə deyil, şəxsin vətəndaşlığını qəbul etdiyi ölkənin qanunu ilə tənzimlənməlidir. Məsələn, Almaniya və ya Rusiya Federasiyası o şəxsi öz vətəndaşlığına qəbul edir ki, həmin şəxs öz ölkəsinin vətəndaşlığından çıxması haqqında müvafiq sənəd təqdim etmiş olsun.

     

    İkinci bənddə  nəzərdə  tutulan  “Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könülü xidmət etməsi” halları isə vətəndaşlığın itirilməsinə səbəb ola bilməz. Fikrimizcə  bu məsələlər şəxsi müəyyən siyasi hüquqlardan məhrum edə bilər və happy wheels demo ya qanunla müəyyən edilmiş digər nəticələrə səbəb ola bilər. (seçkili vəzifələrin tutulması, cinayət məsuliyyətinə cəlb olunması və s.).  Çünki, Konstitusiyasının 53-cü maddəsinin I hissəsinə görə, Azərbaycan Respublikasının vətəndaşı heç bir halda  vətəndaşlığından məhrum edilə bilməz.  Qeyd olunan hal isə əslində nəticəyə görə vətəndaşlıqdan məhrum etmədir.  Eyni zamanda bu bənd Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərə konkret olaraq “Vətəndaşsızlığın  azaldılması haqqında” BMT konvensiyasına ziddir.  Bu bəndin qanuna əlavə edilməsi xaricdə yaşayan minlərlə AR vətəndaşlarının  yaşadıqları ölkələrə inteqrasiyasını zəiflədəcək və onsuz da zəif olan diaspora fəaliyyətinə mənfi təsirini göstərəcək.

     

    Üçüncü  bənddə göstərilən  “Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı” da şəxsin vətəndaşlığının itirilməsinə səbəb ola bilməz. Çünki bu hal birbaşa olaraq şəxsin vətəndaşlığı olmayan şəxs vəziyyətinə salır bu da yuxarıda qeyd olunduğu kimi yolverilməzdir. Ümumiyyətlə  törətdiyi cinayət əməlinə görə şəxsin vətəndaşlıqdan məhrum edilməsi müasir təfəkkürə ziddir və SSRİ qanunlarının bərpasına rəvac verməkdir. Eyni zamanda “təhlükəsizliyə ciddi zərər vuran davranış” həmdə  qeyri müəyyən  bir anlayışdır və konkret bu hərəkətin nədə ifadə olunması məlum deyil.  Siyasi hakimiyyət istədiyi zaman bu normanı tətbiq edəcək və readmissiya sazişinin tətbiq olunmamağı üçün istənilən şəxsi bu əsasla vətəndaşlıqdan məhrum edəcək.

     Ümumiyyətlə hesab edirik ki, layihə müəllifləri 18-ci  maddəyə münasibətdə konvensiyaya düzgün yanaşmayıblar. Belə ki, Vətəndaşsızlıq hallarının azaldılması haqqında 1961-ci il Konvensiyası[1] nın məqsədi  vətəndaşsızlıq halının qarşısını almaqdan ibarətdir  və bu sənədə görə dövlət ərazisində doğulma və ya mənşəcə ona bağlı olma kimi amillərlə həmin dövlətə bağlı olan və əks halda (vətəndaşlıq verilməyəcəyi halda) vətəndaşlığa malik olmayacaq uşaqlara vətəndaşlıq verməlidir.  Konvensiya dövlətlər arasında yarana biləcək vətəndaşsızlıq problemlərinin həlli yollarını təklif edir, onu imzalamış dövlətlərə vətəndaşlıq haqqında qanunvericilik qəbul etmələrini və orada vətəndaşlığın əldə edilməsi və itirilməsi ilə əlaqədar yarana biləcək vətəndaşsızlıq vəziyyətinə qarşı təminatları əks etdirməyi tövsiyə edir. layihə müəllifləri isə  qanunvericiliyi konvensiyaya uyğunlaşdırmaqdansa, qanuna konvensiyaya uyğun olmayan  daha mürtəce normalar təklif edir.

    Konvensiyanın 5-ci və 7-ci maddələrinə görə  vətəndaşlığın itirilməsini və ya vətəndaşlıqdan imtina etməni  o zaman dövlət qəbul edə bilər ki, şəxs digər ölkənin vətəndaşlığına malik olsun  və ya onu əldə edəcəyi haqqında müvafiq sənədə malik olmuş olsun.

    Konvensiyasının 7-ci maddəsinə görə razılığa gələn Dövlətin qanunu vətəndaşlıqdan imtina etməyə icazə verirsə, belə imtina müvafiq şəxs başqa vətəndaşlıq əldə etməyincə onun vətəndaşlığının itirilməsinə səbəb olmamalıdır.  .

    Təklif olunan dəyişikliklər eyni zamanda  Normativ-hüquqi aktlar haqqında Konstitusiya qanununun 5 ci maddəsinə ziddir. Belə ki, həmin maddəyə görə normativ-hüquqi aktlar Azərbaycan Respublikasının Konstitusiyasına və onlardan daha yüksək hüquqi qüvvəsi olan başqa normativ-hüquqi aktlara uyğun olmalıdır.

    Hesab edirik ki,  bu qanun qəbulu mövcud qanunvericiliyə zidd olmaqla yanaşı 1 000 000 yaxın insanın vəziyyətini ağırlaşdıracaq,  Azərbaycanda ailələri dağılmasına, sənədsizlərin sayının artmasına, vətəndaşlığı olmayan şəxslərin sayının artmasına səbəb olacaq, vətəndaşlarımızın başqa ölkəyə inteqrasiyasına və diaspora işinə mənfi təsirini göstərəcək,  məmur özbaşınalığına  rəvac verəcək.

    Bundan başqa bu dəyişiklik vətəndaşlıqdan məhrum etmək  hədəsi ilə insanları siyasi hakimiyyətdən asılılığını artırmağa, Azərbaycanın imzaladığı readmissiya sazişini icra etməməyə,  Azərbaycanı tədricən qapalı ölkəyə çevrilməsinə və yaxın gələcəkdə vətəndaşların  icazə olmadan ölkədən çıxmasına məhdudiyyət qoyulmasına, miqrasiya sahəsində bütün səlahiyyətlərin bir quruma verilməsini təmin etməklə bu  məsələlərə vahid mərkəzdən rəhbərliyin təmin olunmasına xidmət edir.

     

    Milli Məclisin bütün deputatlarını bu layihəyə səs verməməyə, KİV-ləri isə bunu nəzarətdə saxlamağa ictimaiyyəti isə buna etiraz etməyə çağırıram.

     [1] Azərbaycan Respublikası 31 may 1996-cı ildə bu Konvensiyaya qoşulub.

  • VHP qurultaya hazırlaşır-FOTO

    Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin növbəti sessiyası keçirilib.

    VHP mətbuat xidmətinin məlumatına görə, konfransın gündəliyinə ictimai-siyasi məsələlərin və qarşıdan gələn bələdiyyə seçkilərinin müzakirəsi, Siyasi Şura və Ali Məclisə yeni üzvlərin seçilməsi, partiyanın növbəti qurultayının keçirilməsi və cari məsələlər daxil edilib.

    VHP Ali Məclisinin sədri Rafiq Manaflının sədrliyi ilə başlayan konfransda Türkiyədəki Soma faciəsində həyatını itirən türklərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra ictimai-siyasi məsələlər və seçkilərlə bağlı VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı məruzə edib. Partiyanın keçdiyi yol və hazırkı məqamda tutduğu mövqedən danışan S.Rüstəmxanlı bildirib ki, hazırda milli birliyə daha çox ehtiyac var:

    “VHP ilk növbədə milli birlik və həmrəylik ideologiyasını əsas götürür və keçdiyimiz yol sübut etdi ki, bu ideologiya Azərbaycanın nicat yolu kimi hər zaman prioritetdir. Hazırda ciddi siyasi-hərbi böhranın yaşandığı dünyada Azərbaycan milli birliyinə hər zamankından daha artıq ehtiyac hiss olunur”.

    Azərbaycanın müstəqilliyinin müqayisəyəgəlməz nemət olduğunu bildirən S.Rüstəmxanlı bu neməti qorumaq missiyasının gənclərin üzərinə düşdüyünü və onların siyasi partiyalarda kadr kimi yetişməsinin zəruriliyini önə çəkib.

    Bələdiyyə seçkilərində iştiraka qərar verən Ali Məclis rayon təşkilat sədrlərinin iştirakı ilə müzakirələr aparıb.

    Daha sonra VHP Siyasi Şurasına tanınmış rejissor Rövşən Almuradlı və VHP Qadınlar Şurasının sədri Aygün Qurbanlıüzv seçilib, Ali Məclisə isə yeni 7 üzv qəbul edilib.

    Təşkilatı məsələlərlə bağlı Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin çıxışından sonra VHP-nin növbəti qurultayının keçirilməsinə qərar verilib və 25 nəfərdən ibarət Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb.

    Konfrans ölkədəki vəziyyət, siyasi durum, müxalif qurumlara qarşı yerlərdə hakimiyyətin tutduğu qeyri-konstruktiv mövqe və sairlə bağlı yerli təşkilat sədrlərinin çıxışları və müzakirələri ilə davam edib.

     

     

  • Özü qədər şirin türklük nəğməsi

    “Azərbaycan Türkiyə Evi” (ATEV) türk dünyasının bilriyi yönündə daha bir ilkə imza atdı. May ayının 2-də Opera və Balet Teatrının səhnəsində türk dünyasını təmsil edən sənətçilərin çıxışları dinlənildi.

     

    Buna qədərsə…

     

    Buna qədərsə düşüncələr vardı. Bu tədbirə qədər keçirilən tədbirlər türk dünyası kişilərinin sözünün tədbiri idi. Görünür, təkcə söz türk vəhdətini ortaya qoymaqda yetərli olmur. Daha bir məqam gəldi. Artıq sözün yox, səsin məqamı başladı. Artıq dil, düşüncə yox, ruh özü danışmağa başladı.

    Bu səs məqamı bir az anlaşılmaz idi. Amma tamamilə unudulmuş da deyildi. Tarixin o başından gəlirdi bu səslər. Altaylarda, Tanrı dağlarında, Xakasiyada, Saxada, Türküstan və Uyğurstanda idi bu səslər. Elə oralarda qalmışdılar. Atillanı, Mete xaqanı, Bilge xaqanı, Oğuz oğullarını düşmən qılınc və oxlarından, uğuruszluqlardan qorudu bu səslər. Türk şamanlarının səsləri (duaları) ilə. Qapının Tanrıya açıq vaxtında, hələ Tanrı ilə insan arasına vasitəçilər gəlməmiş. Şaman səslə, sözlə ağrıları, əzabları, bəlaları öz üzərinə çəkdi. Tanrı yanında məqamına görə dözümü adi insanlarla müqayisədə ölçüyə gəlməz idi. İnsanların gözündə adidən adi, sadədən sadə olan bu kimsələr türklüyün mühafizləri idilər. Əsrar sahibi olanlar məqam sahibi olmasa olmaz. Bu tarixə qədərki tarixdir.

    Hamıya elə gəldi ki, türk bunları unutdu və xəzinələrini itirdi. Amma xəzinələr şəhərlərdə olmaz, abad yerlərdə olmaz, xəzinələr elə əlçatmaz, ün yetməz, ağılkəsməz yerlərdə olar. Ona görə də türkün ruhu olan səsi dağlarda, qurşların, qurdların səslərində, bəşər sivilizasiyasından uzaq məkanlarda qaldı. Yaxşı ki, oralarda qaldı. Elə qaldı ki, Tanrı verən kimi. Bəşər onun harada saxlandığını bilmədiyi üçün də ona əl gəzdirə bilmədi. Tanrıdan necə bakirə gəlmişdisə elə bakirə də qaldı. 

     

    Qərib səslər…

     

    Bu səslərə Azərbaycan türkləri bir az qərib, bir az da qəribə yanaşdı. Bu səslər ona yad deyildi, amma yadırğadığı idi. Elə yadırğadığına ğörə də yad idi, qərib idi bu səslər. Səs onu tanıyırdı, o səsin sahibi də onu tanıyırdı. Amma yadırğayan türk onu qərib bilirdi. Bu ritm, bu ahəng onun bu günkü ritmilə uzlaşmırdı. Yox muğam deyildi, mahnı deyildi, heç bir janra uyğun gəlmirdi.

    Eyni zamanda əldə tutulan qopuz onun idi. Bu qopuzun müşayətilə ərsəyə gəlirdi bu səslər. Qopuzu tanıdı, amma bu qopuz onun bu gün əlində olan saz da deyildi.

     Tanrıdan gələnə bəşər əlavələr etməmişdi, necə var elə qalmışdı. Qopuz səsə yox, səs qopuza uyğunlaşmışdı. Bu bakirə səslərdə son akkord səsin, ifanın başa çatması yox, ömrün başa çatması kimi, son nəfəsi kimi tamamlanırdı.

    Bu qərib səslər ifa sənəti deyildi, şamanların duaları idi. Görəsən, sahibləri bunun fərqində idilərmi? Göz yumulmayana qədər ruh özü belə onun ahənginə uyuşmurdu dəcəl uşaq kimi. Amma elə ki, gözlər yumuldu, ruh özü onu axtardı, o zaman için ah çəkməsi başlar.

    “Harada idin? Bəs sən harada idin? Hara qoyub getdiz bizi? Nədən bir dəfə belə arxaya baxaraq nəyi qoyub getdiynizin fərqində olmadınız? Özünüz bizləri unutdunuz, nəsilləriniz isə bizləri və ruhları”. Belə bir təqribi dialoq yaşandı.

    Bu qərib səslər dinlənildikcə doğmalaşdı. Elə doğmalaşdı ki, olmayan kimi. Munislik yaşandı. Boz qurdlar gəldilər səhnəyə ulartıları ilə, şamanlar gəldilər könül duaları ilə. Qopuz özü kimi kökləndi və bizləri özünə köklədi.

      Sən demə, dinlədildikcə, qəriblik aradan qalxırmış. Ruhlar qəriblik sərhədlərindən doğmalıq sərhədlərinə keçirmiş. Bu qəriblik sərhədləri dağıldı həmin gün Opera Balet Teatrının səhnəsində.

    Tamaşaçıların öncə sakit-sakit, bir qədər də müəmmalı dinlədikləri ritmlərə bir qədər sonra çoşqu ilə yanaşması, onu hərarətlə alqışlması artıq ruhi bağlantının yarandığını göstərdi.

     Gəncəbay qopuzu mizrabla yox, birbaşa əlllərinin təması ilə dilləndirdi. Qopuz barmaqlardakı hikməti alaraq dilləndi. Amma qopuzu Gəncəbayın barmaqları yox,  ruhu çaldı, həm də öz isətdiyi kimi.

     

     Ruhun meydan oxuması

     

    Həmin gün türk ruhu meydan oxudu. Sadə, adi və elə sadə, adi olduğu qədər də əzəməti, səmimiyyəti, möhtəşəmliyi ilə. Bu səhnəyə türkün təbiətin bir hissəsi olduğu çağların ruhu hakim kəsildi. Sanki divarlar uçuldu, otaq ölçüləri aradan qalxdı, sanki hamı güllü-çiçəkli, dağlı-daşlı məkanlarda, uçanlardan gəzənlərə qədərki varlıqlar arasında idilər. Şəlalələr də, qar altındakı zirvələr də, yamyaşıl yamaclar da, ormanlar da burada idilər.

    Yuliyananın,  (Gülyana) Marinanın (Möminay), İrinanın (Solunay), Çıltısın, Fatmanın (Batma) Sultanın, Saaran Irıanın ifasında bunu təkcə iss etmədik, həm də yaşadıq. O doğma qərib səslər, o adi və möhtəşəm türk ruhu bizləri ora apardı və qaytardı. Türkün bir qədər unudulan övladları o səhnədə idilər. Rus imperiyasının aşağılayıcı adlarla damğaladağı, gözdən salmağa çalışdığı, böyük mədəniyyət sahibi ikən mədəniyyətdən uzaq göstərmək istədiyi türk ölavladları burada idi. Bax, o gözdən-könüldən uzaq qalan türk övladları doğmalıq, əqrəbalıq ortamı yaratdılar. Adı mahnılarla yox, hər gün eşitdiyimiz ritmlərlə yox, məhz həmin doğma qərib səslərlə bu ortamı yaratdılar.

    Ruh özü meydan oxudu, türk ruhu altaylardan, Tanrı dağlarından, aşaraq Bakıya gəldi. Özü də necə?

      Ahmet Şafak bəstələrində bu ruhun dinamikliyini yaşatdı. Bu coşdurucu hal və həzz bütün məkana təsirini göstərdi. Gənclərin öz növbəsində A.Şafakı coşdirmağa çalışmaları vu buna nail olmaları bu coşğunun yaşanmaq isətnilməsi məqamı idi və tərəflər bundan imtina etmədilər.

     

    Nə qədər doğmayıq?

     

    Biz bir-birimizin türk soy-kökündən olduğunu bildik. Amma biz bir-birimizə münasibətdə nə qədər türk ola bildik, günün sualı budur. Lap sadə şəkildə türk olaraq bir-birimizə nə qədər canıyananlıq göstərə bildik? Nə qədər dərdlərimizə şərik olduq? Yəni, bu sualları istənilən qədər uzatmaq olar.

    Doğmalaşmanın yolu demə səhnələrdən, keçmirmiş. Əkisnə, həmin səhnəyə gətirilən ruha dönməkdən keçirmiş. Gələnlər o ruhdan ayrılmayıblar, buradakılar o ruhdan uzaq düşüblər. Doğmalıq sərhədi itib. İndi o ruha dönmədən necə doğmalaşaq? Bu da bir sual. Həm də indi ən əsas sual. Görəsən o gələnlər, o ruhu gətirənlər qərib idilər, yoxsa, o ruhdan uzaq düşən bizlər? Kim idi  qərib?

    Dünyanın bu başından o başına məkan sahibi olan türkün bütpərəsti də, xristianı da, müsəlmanı da, yəhudisi də var. Deməli, dini-ruhani müstəvi türk üçün birlik müstəvisi deyil. Yalnız öz soykökündə, türklüyündə birlik mümkündür. Bir də Turançılığında. Bəlkə buna görə idi ki, Şəmistan Əlizamanlının az qala  Turançılığın himni kimi səslənən bas-bariton səslə ifa etdiyi “Turan ellər var olsun” bəstəsi hamının diqqətini özünə çəkdi. Bəlkə, bu təmas nöqtəsi elə həmin doğmalıq nöqtəsidir. Bəlkə, elə bundan başlamaq lazmdır türkün birliyi naminə.

    Amma bu hipotezlər də yenə “necə” cavabı istər. O doğmalıq, o əzizlik düsturunu tapmaq üçün. Yəqin ki, türk böyüklərimiz “türkləşmək, müasirləşmək və islamlaşmaq” devizində ilk yerə türkləşməyi əsassız qoymayıblar. Ola bilər ki, türkləşmənin zaman-zaman aktual olacağı işarələrini veriblər. Zamanın inkişaf istiqamətlərini görən o türk böyükləri işğalı da, parçalanmaları da, əsarəti də, milli mənəvi dəyərlərdən uzaq salınacağımızı da gördülər. Buna görə də bunun yeganə çarə olan türkçülüyü başa çəkdilər.

    Tarixin var olmaq sınağından türklər üzüağ çıxdılar. Tarixin yollarında “batıb” qalmadılar. Zaman onlara, onlar da zamana şahid oldular və zaman şəhidi oldular.

     

      Orda bir yol var uzaqda

     

      Türklərin birliyi də hələ gedilməmiş yoldur. O cığırları da ot basıb. Hələ “el, elat” yoluna dönməyib. Arabir o yolda kimsələrsə görünür, sonra qar yağan kimi əlaqə kəsilən dağ kəndinə dönür və yazın açılması, qarların əriməsi gözlənilir.

    Türklük hələ ki, könül istisinə qızınır. Düşüncənin məhsulu olan bir şey ortaya qoyulmayıb. Daha doğrusu ideya ortada var, həmin ideyanı gerçəyə çevirəcək strateji və taktiki gedişlər hazırlanmayıb.

    Hələ türk dövlətləri bu yöndə nəzərə çarpacaq addım atmayıb. Türk böyüklərindən İsmayıl Kasıralı demişkən “düçüncə birliyi, dil birliyi, əməl birliyi” yaratmayıblar. Görünür, türk dövlətləri rəhbərlərinin hakimiyyət sevgisi vətən, millət, irq sevgisindən qat-qat üstündür.

    Əgər elə olmasaydı, türklər arasında bu qədər qəriblik, bu qədər ayırlıq yaşanmazdı. Türk xalqları arasında mehribanlıq ortamı yaradılması üçün hansısa konkret sistemi hazırlardılar.  Amma təəssüf…. bunların heç biri olmadı.

     

     Hələ görüşəcəyik

     

    Hələ görüşəcəyik, hələ bir-birimizi tanıyacağıq. Tanımadan mərifət olmaz ki? Tanımaqsa asan məsələ deyil. Bir-birimizi tanıyanda, məhz bir-birimizi tanıyanda türklüyün həsrəti bitəcək. Tanıyanda! Tanımaqsa bir-birini simaca, vücud olaraq görmək deyil.

    Tanımaq daha çətindir. Sənlik, mənlik, bilzik ruhları gəlməyincə, eşqin özü gəlməyincə. Görüşəcəyik, tanımağa isə hələ var.

    “Bir ömür sevdaya getdi, mali-səf yol bitmədi” deyirdi böyük Nəsimi. Amma sonuna gəlinəcək… 

    Tofiq Türkel

  • “Gələcəkdə övladınız şərlənsə, neyləyərsiz?”

    Gənc fəalın şərlənərək həbs olunduğu elə ilk məhkəmə iclasında ifşa edildi

    “Facebook”dakı tənqidçi “AzTV-dən seçmələr” səhifəsinin admini olmuş 19 yaşlı blogger Ömər Məmmədovun işi üzrə dünəndən məhkəmə istintaqı başlanıb. Külli miqdarda narkotik satışı ittihamı ilə mühakimə olunan Ömərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyilə baxılır. Dünənki məhkəmə iclasında əvvəlcə prokuror ittiham aktını elan edib. Orada göstərilib ki, Ömər yanvarın 24-də Nərimanov rayonu ərazisində stomotoloji klinikadan çıxarkən saxlanılıb və onun üzərindən 6,124 qram heroin tapılıb.

    Ömər Məmmədov elan olunmuş ittiham üzrə özünü qətiyyən təqsirli bilməyib. Gənc fəalın məhkəməyə ifadə verməsi məsələsinə gəlincə, onun vəkilləri ittihamın sübutları araşdırılandan, şahidlər dindiriləndən sonra Ömər Məmmədovun ifadə verəcəyini bildiriblər.

    Şahid qismində isə əvvəlcə Öməri həbs edən Daxili Işlər Nazirliyinin Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşları dindirilib. Ardınca da hal şahidləri ifadə verib. Polis polkovnik-leytenantı Xəyal Nəsibov dindirilərkən xeyli maraqlı məqamlar üzə çıxıb. Məsələn, məlum olub ki, heç Ömərin üzərinə baxış keçirilməmiş tərtib olunan baxış protokolunda artıq onun cibindən 6,124 qram heroin aşkarlandığı göstərilib. Polis əməkdaşı bunu “texniki səhv” kimi izah edib.

    Ömər Məmmədovun vəkili Xalid Bağırovla polis əməkdaşı Xəyal Nəsibov arasında maraqlı sual-cavab olub. 

  • Bloqçunun işi: məhkəmə gələn həftə başlaya bilər

    Məhbus bloqçu Ömər Məmmədovun məhkəməsi gələn həftə başlaya bilər. Bunu aprelin 16-da “Media forum” saytına vəkil Əlayif Həsənov deyib: “Ömər Məmmədovun işi artıq təsdiq olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Ehtimal edirəm ki, gələn həftə ərzində məhkəməyə ilkin baxış keçirilər”.

    Ömər Məmmədov Şimali Kipr Türk Respublikasında yerləşən Beynəlxalq Kipr Universitetinin tələbəsidir. Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Əvvəllər “Nida”nın üzvü olub. 2013-cü ildə bir qrup gənclə “Axın” hərəkatını təsis edib.

    Ömər Məmmədov 2014-cü il yanvarın 24-də Bakıda tutulub. İstintaqın məlumatına görə, onun üstündən 6 qram heroin götürülüb. Müdafiəçiləri isə Ömər Məmmədovun bloqçu fəaliyyətinə, ictimai-siyasi aktivliyinə görə tutulduğunu iddia edirlər.

    Ömər Məmmədov Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanır.

  • “Xəmsə”də işlənən bəzi zərdüştilik istilahlarının poetik funksiyası

    İbrahim Quliyev
    AMEA-nın Məhəmməd Füzuli adına
    Əlyazmalar İnstitunun elmi işçisi
    e-mail:
    vhgazet@gmail.com

     

    Məlum  olduğu kimi, dahi Nizami Gəncəvinin ədəbi irsi təkcə poetik baxımdan deyil, həm də öz dövrünün və öz dövrünə qədərki ictimai-siyasi, sosial-iqtisadi münasibətləri, dini –fəlsəfi görüşləri, coğrafi, tarixi, astronomik bilikləri, fars dilinin leksik –qrammatik xüsusiyyətlərini öyrənmək nöqteyi – nəzərindən  əvəzolunmaz mənbədir. Nizami əsərlərinin qeyd etdiyimiz müstəvidə tədqiqi orta çağdan başlayaraq bu günədək davam etməkdədir.  Yer üzündə ilk kanonik mətn olan Avesta və zərdüştiliyin dini-fəlsəfi mahiyyətinin araşdırılmasında, zərdüştilik ayin və mərasimlərinə məxsus bir çox termin və ifadələrin tədqiqitində Nizaminin beşliyi xüsusi əhəmiyyətə malikdir. Bunu hələ orta əsrlərin bəzi fars dili lüğətlərinin tərtibi zamanı Nizami əsərlərindəki “Avesta” və zərdüştiliklə bağlı dil vahidlərinin xüsusi leksik qruplarda verilməsi də təsdiqləyir. (7.20)  Məsələn, XVII əsrin başlanğıcında Məhəmməd Qasim Süruri tərəfindən hazırlanmış “Məcmə-ül- fürs” lüğətində toponomik adlar izah edilərkən Nizami dilində işlədilən atəşgah və müqəddəs sitayişgahlar toponomika kimi götürülmüş və beytlər əsasında təqdim edilmişdir. Nizami dilindəki zərdüştilik termin və istilahlarına XVI əsr lekskoqrafları Şeyx Ziyanın “Töhfət-üs-səadət”, Məhəmməd ibn Lad ibn Əbd-ül Vəhhab Dəhləvinin “Müəyyid-ül –füzəla”, Hüseyn Vəfainin  “Risalə”, Hafiz Sultan Əli Übəhinin “Töhfət-ül -əhbab”, Əbd-ür-Rəhim ibn Əhmədin “Kəşfül-lüğət vəl-istilahat”, Mirzə İbrahim Şah Hüseyn İsfəhaninin “Fərhəng- i İbrahimi”, Şeyx Allahdad Feyzinin “Mədar-ül – əfazil” və XVII əsrin elm adamları Cəmaləddin Hüseyn İncunun “Fərhəng-i Cahangiri”, Əli Yusif Şirvaninin “Dürr-i dürr”, Əbd-ür Rəşid ibn Əbd-ül Cəfur Hüseyn Tətəvinin “Fərhəng-i Rəşidi” əsərlərində, o cümlədən XVII əsr alimlərindən Məhəmməd Hüseyn Bürhan Təbrizinin “Bürhan-i qate”, son dövr Məhəmməd Padşahın “Fərhəng-i Anəndrac”, Məhəmməd Kərim ibn Mehdiqulunun “Bürhan-i came”, Rzaqulu xan Hidayətin “Fərhəng-i Əncümənara-yi Nasiri”, Əli Əkbər Dehxudanın “Lüğətnamə” , doktor  Rəhim Əqiqinin “Fərhəngname-yi şeiri” və s. əsərlərdə yer verilmişdir.         Nizami bütün əsərlərində, xüsusən də mövzusu Sasani dövründən götürülmüş “Yeddi gözəl” və “Xosrov və Şirin”də öz qəhrəmanlarının yaşadığı dövrü, o zamanın adət və ənənələrini, sosial və dini münasibətləri təsvir edərkən, hadisələrin baş verdiyi məkanların real mənzərəsini canlandırarkən zərdüştilik dininin əsas kult və atributlarından yan keçə bilməmiş, yeri gəldikcə, bu dinin adət və ənənələrini, ayin və mərasimlərini əks etdirməyə, onun dünya və kainat haqqındakı  təsəvvürlərinə və fəlsəfi mühakimələrinə toxunmuşdur. Nizaminin əsərlərindəki bir çox təşbih və istiarələrin də mənbəyi zərdüştlikdir.

    Məs.

                        Məcusi melləti hendustani

                        Ço Zərdüşt aməde dər Zend xani.

                                                                                (1.150)

    Şair kömürün vəsfinə həsr etdiyi beytlərdə od üstə yanan kömürü hindistanlı bir məcusa, kömürün özünü isə “Zend” oxuyan Zərdüştə bənzədir. Çünki Zərdüşt oda həvəskardır.

    Nizamişünaslar arasında bu günə qədər dini-fəlsəfi baxımdan mübahisəli qalan “Sirlər xəzinəsi”nin özündə belə artıq şairin zamanı üçün arxaikləşmiş və onun bu dövrdəki islami baxışları ilə daban-dabana zidd sayılmalı olan  bəzi zərdüştilik istilah və ifadələri yer almışdır. Məsələn, adıçəkilən əsərin birinci minacatıının mahiyyətini şair “dər siyasət və qəhr-e yəzdan”, ikinci minacatını isə “dər bəxşayeş və əfv-e yəzdan” yarımbaşlıqları ilə təqdim etmişdir (1.3; 1.5) Göründüyü kimi, şair burada nə ərəbcə Allah, nə də farsca xuda, xudavənd, afəridegar sözlərindən istifadə etməmiş, bunların əvəzinə  “yəzdan”  sözü işlətmişdir. Doğrudur, “Sirlər xəzinəsi”nin 1947-ci il tərcüməsində həmin yarımbaşlıqlar buraxılaraq “Minacat-e əvvəl” “Tövhid və Minacat”, “Minacat-e dovvom” isə sadəcə “Minacat” kimi verilmişdir. (2.4; 2.6)  “Yəzdan” sözü Nizami əsərlərində Allah, yaradan, xaliq, xuda, xudavənd  mənasında  işlənmişdir. “Yəzdan” sözü əslində  “izəd”in cəm formasıdır və Məzdyəsna dinində mələkin adı ilə bağlıdır. Lakin fars ədəbiyyatında bu söz bütövlükdə “xaliq-e mütəal” mənasında işlənmişdir” (4.43). Bürhani Qatenin “Fərhəng parsi”sində  deyilir: “İzəd… Xudanın mübarək adıdır. O, Allah mənasındadır, onun tərcüməsidir. Bəlkə də Allah izədin tərcüməsidir.” (5.38) “İzəd  “Avesta”da “yəzət”, sanskritdə “yəcət” kimi işlənmişdir, “sitayişdə durmaq” mənasındadır. “Avesta”da əsasən “izəd-e minu” (göy, yaxud cənnət mələyi) və “izəd-e cəhani” (dünya mələyi) xatırlanır. Ahurəməzda “izədan-e minu”un, Zərdüşt isə “izədan-e cəhani”nin başında durur. Pəhləvi dilində “yəzd” və “yəzdan” kimi işlənir. “Yəzdan”ın məqsədi Allahın təkliyidir.Ahurəməzda minuların böyüyü olduğu üçün ruhani aləmdə sitayiş və dua edənlər hər şeyi yaradan Ahurəməzdanın zatında mərkəzləşdiriblər və buna görə də ona cəm şəklində, yəni yəzdan kimi müraciət olunur. İzədanların ən böyük həmkarları olan yəzdanlara emşəspəndan deyirlər. Zərdüşt dinində hər yaxşı və gözəl şey üçün bir izəd qaildir, ona dua və səna edilir. “Yəşt”in günəşində min yüz minu izədi vardır. Günəş parlayan kimi həmin izədlər ayağa qalxıb, onun nurunu götürərək yaradan Ahuraya məxsus  Yer üzünə səpələyirlər ki, doğru cahan və doğru mövcudata pərvəriş versinlər”. (3)    

               Firdovsinin yazdığına görə isə, Zərdüştdən əvvəl yaşayan bütün padşahlar Yəzdanpərəst olmuşlar. “Avesta”da sifət kimi işlənən “izəd”in “yəzətə” formasına rast gəlinir ki, burada o, “pərəstiş etmək”anlamını verir. Yeri gəlmişkən, beş kitabdan ibarət olan “Avesta”nın “Yəsna” və “Yəşt” hissələrinin adlarındakı “yə” hissəciyi də bu sözdən alınmış və mələklərin sitayişdə durması mənasını verir.  Nizami “Xosrov və Şirin”i də “be nam Yəzdan-e pak” sözləri ilə başlayır. Məhəmməd Moin “Yəzdan”  sözünün farsdilli ədəbiyyatda əsasən cəm halında da tək mənada, yəni tək xudavənd, tək yaradıcı şəklində işləndiyini, nəzərə çarpdırsa da (4.160), Nizaminin əsərlərində onun bu sözün Allah mənasında tək variantına da rast gəlirik.                    

                                                  İzəd ku dad cəvani vo molk

                                                 Molk tora dad o to dani vo molk                        

    “Sirlər xəzinəsi”  “dər xitab-e zəminbus fərmayəd” (1.16)

     

    ……………………

    Tərazu-ye həme izədşenasi,            

    Çe başəd coz dəlili, ya qiyasi.

    “Xosrov və Şirin” “Dər tohid bari” (1.95)  

    ……………………………………….

    Hesabira kəzin qonbəd birun əst,

    Coz izəd kəs nəmidanəd ke çun əst.

    “Xosrov və Şirin” “Çequnegi-ye fələk” (1, 311)

    ……………………………………………..

    Bebala-ye u kaizəd arastəst

    Həm arayiş-i – izədi rastəst.

    “Şərəfnamə” dər nemət-e xacey-I kainat (1. 702)       

     

              Yaxud “Yeddi gözəl” (1.497), “leyli və Məcnun” (1.350) “Şərəfnamə” (1.693) poemalarının girişində də “be nam-e izəd-e bəxşayənde” birləşməsi işlənmişdir.                           

               Yuxarıda qeyd etdiyimiz kimi, bu sözlərin hamısı Nizaminin əsərlərində xuda, xudavənd, afərideqar, Allah sözünün, bir sözlə, monoteizmin sinonimi kimi işlənmişdir.  Bu da təbii idi, çünki Nizami din və təriqətlərdən nə qədər yüksəkdə dayansa da, ortadoksal islamın diqtə etdiyi şərtlərlə barışmalı idi. Hətta onun qədim, atəşpərəstlik dövründən götürülmüş mövzulara müraciət etməsi belə müasirləri tərəfindən birmənalı qarşılanmırdı.  “Xosrov və Şirin” in  “ozrəngizi dər nəzm-e kitab”  (1.114)    “nekuheş-e hosudan”  (1.343)  bölmələrində şair rəqiblərinin “əlində qılınc” onun üzərinə yeriyərək  “dər tovhidi zən kavaze dari, çera rəsm-e moğanra taze dari? Soxəndanan delətra morde danənd, əgər çe Zendxanan zende xanənd” (1.115) (Avazın var ikən tohiddən danış, muğların ayinlərini niyə təzələyirsən? Söz biliciləri sənin ürəyini ölmüş bilərlər, Zend oxuyanlar diri hesab etsələr də…)  demələrindən şikayətlənir. Buna görə də şair “Xosrov və Şirin”in son hissələrində onlara cavab verməyə məcbur olur:

    Məbin katəşgəhira rəhnəmunəst 

    İbarət bin ke təlğ əndud xunəst.

                                                    (1.343)

             (Atəşgəhı (bu əsərdə) aparıcı (əsas süjet xətti) görmə, onu təlğ ilə yoğrulmuş qan (kimi) gör).                                                                                                                                         

               Bununla belə Nizami Gəncəvi “Yeddi gözəl” və “İskəndərnamə”də yenidən atəşpərəstlik dövrünün mövzularına qayıtmışdır. Vəhid Dəstgərdi yazırdı ki, “(Nizami) hər yerdə Zərdüşt və Zendin adını ehtiramla çəkir”.  (6.158)                                                                           

                Şairin əsərlərində atəşpərəstlik dininin yaradıcısı olan Zərdüştün adına tez-tez tək və müxtəlif mürəkkəb birləşmələrdə rast gəlirik. “Zend”  sözü isə həm ayrılıqda, həm də “Zend-e Avesta”, “Zend-e Zərdüşt”, “Zend-e məcus”, “Zend-e Gəştasb”  kimi izafət birləşmələri ilə birlikdə təzahür  edir. Əvvəlki yazılaımızda qeyd etdiyimiz kimi, Nizaminin Zərdüştə və zərdüştiliyə münasibəti birmənalı olmamış, “Sirlər xəzinəsi”ndən “İskəndərnamə”yə qədər mürəkkəb bir idraki yol keçməklə təkmilləşmiş, sonda bəşər mədəniyyətinin ən qiymətli nümunəsi kimi dəyərləndirilmişdir. “Sirlər xəzinəsi”nin “məğalət-e dovvom dər ədl o negəhdari-ye insaf”  (1.38) bölməsində Nizami bir islam təəssübkeşi mövqeyindən çıxış edərək,  zərdüştiliyə mənfi münasibətini bildirir və  onun kultu olan Günəşə arxa çevirməyi məsləhət bilir:                                                                                                                                                    

    Ruy bedin kon ke ğəvi poştist

    Poşt bexorşid ke zərdoştist.

    (1.39)        

             (Üzünü dinə çevir (o) güclü arxadır, arxanı günəşə çevir ki, (o) zərdüştidir(Zərdüştdən nişandır))                                                                      

              Lakin son əsərdə “İskəndərnamə”nin ikinci hissəsində – “İqbalnamə”də Nizami özünü Zərdüştlə, yaratdıqlarını Zəndlə müqayisə etməklə Zərdüştün böyük düha, Zendin isə ilahi nəğmə olduğunu etiraf etmişdir.                                      

    Ke amuxt in zöhrera zir zend

    Ke sazəd nəvaha-ye Harutbənd.

    Bedin sehr keu ab-e Zərdoşt bord

    Besa zəndra katəşe zend mord.

                                                      (1.979-980)

    (Zöhrəyə Zənd pərdəsini kim öyrətdi ki, Harutu bəndə salan nəğmələr yaratdı. Bu  sehrlə (yəni mən öz şeirimin sehri ilə) bir çox Zənddən Zərdüştün suyunu çəkdi, Zend atəşi söndü.)

    “İskəndərnamə”nin nəşrinə yazılmış şərhlərdə yuxarıdakı beytlərin izahı aşağıdakı kimi verilmişdir: “”Zənd” – atəşpərəstlərin peyğəmbəri Zərdüştün kitabının adıdır. Buna “Zənd-Avesta” da deyilir. Nizami öz təbini “Zənd” oxuyan  Zöhrəyə, şeirlərini isə də Zöhrənin cəzbedici nəğmələrinə bənzədir. Yəni mənim sehrə – qüvvətə malik sözlərimin müqabilində Zərdüştün sözləri kölgədə qaldı, çox “Zənd”lər rövnəqdən düşdü”. (9.258) Lakin onu da qeyd edək ki, həmin beytlərin azərbaycancaya tərcüməsində daha çox vəzn və qafiyəyə diqqət yetirildiyindən, fikir tam aydın olmur. Tərcüməni olduğu kimi veririk:

    Zöhrəyə o “Zənd”i kimlər öyrətdi,

    Oxuyub Harutu tamam bənd etdi?

    Sehirli nəğməmdən Zərdüşt xar oldu.

    Söndü çox “Zənd”lərin alovu, odu

                         (Kitabın yazılmasının səbəbi 9.28.)

             İlk baxışdan bu misralardan belə çıxır ki, sanki Nizami Zərdüştün “xar olmasına”, “Zəndlərin alovunun, odunun” sönməsinə sevinir, əslində isə o, Zərdüşt kimi Zendəbənzər bir əsər yazmasından fəxr etdiyini oxucuya çatdırır. Bunu şairin “Yeddi gözəl” poemasındakı aşağıdakı beyt də təsdiqləyir.                                                                                                             

    Deyr-e in namera ço zend-e məcus

    Celvezan dadeəm behəft ərus.

    (Səbəb-e nəzm-e kitab,1. 505)

    (Bu dastanın deyrini məcus Zəndi kimi bəzədim, yeddi gəlinlə cilvələndirmişəm). Həm də Nizami Zend dedikdə təkcə “Zend Avesta”nı nəzərdə tutmur, o, bütün zərdüşti ədəbiyyata işarə edir. Bunu öncəki beytdəki “bir çox Zənd” və tərcümədəki “çoxlu zəndlər” ifadəsi də təsdiq edir. Amma  etiraf edək ki, bu beytin “Mən bu dastanı “Zənd” tək bəzədim, yeddi dilbərlə qənd tək bəzədim” (10. ) kimi tərcüməsi də fikrin anlaşmasında çətinlik yaradır. Nizami o “deyri” “qənd tək” bəzəməkdən deyil, “yeddi gəlin”lə bəzəməkdən söhbət açır.              

             Ümumiyyətlə, Nizami bir zamanlar  atəşkədələrdə oxunan “zənd nəvası”, “zənd nəğməsi”ni yüksək sənət nümunəsi kimi dəyərləndirməklə oz əsərlərinin də gözəlliyini məhz onunla müqayisədə nəzərə çarpdırır.                                      

    Terenqaterengi ke zəd saz-e u,

    Beh əz zend-e Zərdoşt o avaz-e u.

                                         (1.847)

    “Şərəfnamə”nin  “Bəzm-e İskəndər ba Noşabe” hissəsində şahalayiq məclisdə çalınan musiqini Zərdüşt Zəndi ilə müqayisə etməklə Nizami bir daha Zərdüşt Zendinin təkrarsız kitab olduğuna diqqəti çəkir.                                                 

            “Həft peykər”də  Nizami “Zend-e Gəştasbi”, yəni “Gəştasb zend”i ifadəsini də işlətmişdir.                                                                                     

    Zend-e Gəştasbi be coz to ke xanəd,

    Zendedar Kəyan becoz to ke manəd.

                                        (1.543)

             (Gəştasb Zəndini səndən başqa kim oxuyar, Kəyandan (Kəyan nəslindən) səndən başqa kim qalıb?)    

         Şairin əsərlərində tez-tez rast gəlinən atəşpərəst, muğ (cəm şəklində moğan), zərdüşti, məcus, gəbrani, gəbri kimi sözlər çox vaxt bir-birinə sinonim kimi işlənmişdir. Bununla bərabər, şair atəşpərəst sözünü özünəməxsus şəkildə mənalandırmışdır:                                                                                             

    Ze suz-e eşğ behtər dər cəhan çist

    Ke bi u qol nəxəndid, əbr negərist.

    Həman gəbran ke bər atəş neşəstənd,

    Ze eşğ-e afitab atəşpərəstənd.

    (“Xosrov və Şirin”, “Soxəni çənd dər eşğ”    1.113)               

           Bəzən də şair fikrin tam aydın olması və  mənanı qüvvətləndirmək üçün eyni mənalı sözlərin izafətli birləşmələrindən istifadə edir:                                                                                 

    Şode xar əz atəş ço gol-e zər bedəst,

    Nə çon xar –e zərdoşti-ye atəşpərəst.

    (Şərəfnamə 1.846)                                              

     (Tikan atəşdən əldə sarı gül kimi, atəşpərəst zərdüştinin tikanı kimi yox(olmuşdu).) Burada bir məsələni də qeyd edək ki, Nizami öz dövrünün ictimai-siyasi, monarxist idarəçilik üsulunu, dini- fəlsəfi görüşlərini təsvir və təhlil edərkən əsasən onu atəşpərəstlik zamanının “ədl və insafsaziliyi” ilə müqayisə etmiş, bir çox halda da üstünlüyü ikinciyə vermişdir. Bununla bərabər, İskəndər və atəşpərəstlik qarşılaşmasında şair atəşpərəstlik ayinini aradan götürdüyünə görə İskəndərə bəraət qazandırır. Bunu o, İskəndər zamanında “din-e dirinə”nin öz əsl mahiyyətindən uzaqlaşması, atəşgahların mey və əyyaşlıq yuvasına çevrilməsi ilə izah edir. Bəlxdəki “Azəgəşb” atəşgahının dağıdılması səhnəsinin təsvirində də bunu görürük:                                                                                                 

     

    Ço xosrov bər an gəncdan dəst yaft,

    Moğənra əz cam-e moğan məst yaft.

    Behişt-e sənəmxane bi hur kərd

    Ze duzəxpərəstəndera dur kərd.

                  (“Şərəfnamə”, “dastan” 871s.)

             (Hökmdar o xəzinə evinə əl tapdı (yol tapdı)), müəğləri muğlar camından məst gördü. Sənəmxana behiştindən hürini çıxardı, cəhənnəmpərəstləri qovdu)                                      

              Şair bəzən belə “muğ”lara “moğ- e hindu” da deyir:                                                    

      Lalə beatəşgəh-e raz aməde,

    Çon moğ-e hindu benəmaz aməde.

    (“Sirlər xəzinəsi”, Xəlvət-e əvvəl s. 27)

    Amma hər bir fəslin açarı kimi verilən saqinamələrdəki “muğ”, “moğan” obrazlarına münasibətdə şairin dərin təəssüf və kədər hissi keçirdiyini də açıq –aşkar görürük. Ümumiyyətlə, Nizami sadə “muğ”a münasibətdə müsbət, kahin rolunda çıxış edən, atəşkədəni meyxana və əyləncə evinə çevirən “muğ”a isə olduqca sərt mövqe nümayiş etdirmişdir. “İqbalnamə”dəki “Qibtli Mariyənin hekayəsi və onun kimyagərliyi” adlı kiçik “həvəs” dastanında da bunu aydın görürük:                                                                                                                                             

    Moğənni rəh bastani bezən,

    Moğane nəvayi-moğani bezən.

    Mən binəvara ba an yek nəva,

    Gerami kon o gərmtər kon həva.

                             (“Xerədnamə”, 1000 s.) 

           (Müğənni, gəl, qədim ladda çal, muğlar kimi bir muğlar havası çal. Mən çarəsizi həmin nəva ilə əzizlə, havanı qızdır.)                                                      

           Şair hələ “Leyli və Məcnun”da “mey-e moğane” ni dərdlərinə əlac bilmişdi.                                                                                                               

    Saği, ze rəh-e bəhane bər xiz,

    Piş ar, mey-e moğane bər xiz.

    (“Leyli və Məcnun” “Xersəndi və ğənaət”, 381) 

    “İskəndərnamə”nin hər iki kitabında – “Şərəfnamə” və “İqbalnamə” də şairin xitablarının ünvanı kimi çıxış edən bu “muğ” obrazı ilham pərisi, “Hatifdən gələn səs”in mənbəyi kimi təzahür edir. T.Kərimli haqlı olaraq “Nizami poemalarında bir janr forması kimi özünə yer tapmış və xüsusi formal əlamətlər qazanmış bu “saqinamə”ləri” passiv dialoq nümunəsi kimi təqdim etmişdir. (11.210) Həqiqətən də,  şairin muğa, muğana xitabı daha çox onun özünə müraciətidir, öz ovqatının, ruhi vəziyyətinin göstəricisidir. Bu da görünür, həqiqi muğların bir zamanlar ruhaniyyət aləmi, kosmoqonik təsəvvürlərlə bağlı olmalarından irəli gəlmişdir. (Təsadüfi deyil ki, “İskəndərnamə”nin “Şərəfnamə” hissəsində “saqinamə” başlığı altında verilən beytlər, “Xerədnamə”də birbaşa “Moğənninamə” kimi təqdim edilir. Bu da fikrimizcə “Xerədnamə”nin daha çox dünya, kainat, yaranış, ruh və həyat haqqındakı mühakimələri əhatə etməsi ilə bağlıdır. Çünki Nizamidə təsadüfi heç nə yoxdur.)

    Üstəlik, bu “muğ”lar hələ atəşkədələrinin külü tam soyumamış “Gəncəyə yaxası  düymələnən şairə” mənəvi baxımdan çox yaxın idi. Hətta zərdüştiliyi “din-e parsi”  (12) adlandıranlar belə muğların “Athravan”dan  (Azərbaycan) olduqlarını etiraf edirlər.  “Muğlar əslində mad qövmünün bir qəbiləsidir ki, ruhaniyyət məqamı istisnasız olaraq onlara aid idi. Zərdüştilik ayini İranın Qərb və Cənub bölgələrində, yəni Mad və Parsda yarandı, muğlar yeni dinin öndə gedənləri oldular. “Avesta” kitabında ruhani təbəqəsinin onların qədimdə malik olduqları  adlarla, yəni atrəvan adlandıqlarını görürük. Amma əşkanilər və sasanilər dövründə bu tayfaya əsasən “muğan” (muğlar) demişlər. (13, 2001)

     Niaminin əsərlərində atəşpərəst və zərdüşti mənasında geniş işlənən sözlərdən biri də gəbri-dir. Yeri gəlmişkən, həmin söz bu gün Azərbaycan dilində daha çox  mənfi çalar daşıyan  “gəbərmək” feli şəklidə qalmışdır. Təssüf ki, “Azərbaycan dilinin izahlı lüğəti”ndə “gəbərmək”, “gəbərtmək” və gəbərdilmək” kimi verilən bu felin etimologiyası  barədə heç bir izah vrilməmişdir. (14, 148) “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə isə, “gəbərmək”lə bağlı “gəbr” sözü də daxil olmaqla 7 dil vahidi işlənmişdir. (15, 242) Əslində isə, bu söz zərdüştiliyə aid “gəbr” isimindən, yaxud “gəbri” sifətindən törəmişdir. Onun mənfi çalar daşıması islamdan sonrakı dövrə aid olmuşdur. Görünür, Nizami dövründə də bu söz müsbət mənada işlənməmiş, lakin Nizami “gəbriləri” öz müasirləri ilə müqayisədə daha müsbət hesab emişdir.  

    Cəhan ze atəşpərəsti şod çenan gərm,

    Ke bada zin mosəlmani tora şərm.

    Mosəlmanim ma u gəbri nam əst,

    Gər in gəbri mosəlmani kodam əst.

                           (“Xosrov və Şirin” 1.120)

    Şairin əsərlərində möbid, hirbid, atərvan kimi atəşkədə ruhanilərinin konkret rütbə adlarına da rast gəlirik. Nizami dövrün “din təəssübkeşləri”nin əqidə və əxlaq, mənəviyyat və insanlıq keyfiyyətlərini göstərmək, öz zamanındakı mənəvi deqradasiyanı diqqətə çatdırmaq üçün onları qədim atəşpərəstlik kahinləri, hind möbidlərilə müqayisə edir və birinciləri onlardan ibrət götürməyə çağırır. Şair hələ sufi orientasiyalı “Sirlər xəzinəsi”ndə  “dər nekuheş-e cəhan” (1.69) adlı 13-cü məqalətə aid  “dastan-e hacı və sufi”də (1.70) sufini tamahkarlığına görə tənqid etdiyi halda, “dastan-e mobid-e sahib nəzər”də hind möbidini əməllərinə görə təqdir edirdi.

    Ey ke mosəlmani vo gəbrit nist,

    Çeşme vo qətre əbrit nist,

    Kəmtər əz an mobed-i hindu məbaş,

    Tərk cəhanquy, cəhanqu məbaş.

                                                                                   (1.66)       

              (Sən ki, müsəlman və gəbri deyilsən, sənin buludunun çeşməsi və qətrəsi yoxdur, o hind möbidindən kəmtər olma, dünyadan dəm vurmağı tərk et, dəm vuran olma).                                   “Xosrov və Şirin”də isə  şair atəşpərəstliyin nizam və qaydalarından danışarkən zərdüştilərin baş ruhanisi (16, 405) kimi möbidlərin fəaliyyətinə daha tez-tez toxunur. Əsərin “Rəftən-e Şapur digər bar betələb-e Şirin” fəslində atəşpərəstliyin dövlət dini olduğu çağlarda sarayda hətta şahın yeməyinə möbidlərin nəzarət etməsindən, yalnız onların göstərişindən sonra şahın yeməyə əl uzatmasına icazə verilməsindən danışılır. Bu da möbidlərin sarayda son dərəcə böyük nüfuza malik olmalarını göstərir:                                                                                           

    Ço aməd vəxt-e xan daray-e aləm,

    Ze mobed xast rəsm-e bacbərsəm.

    Be hər xordi ke Xosrov dəstgəh daşt

    Hədis-e bac-bərsəmra negəh daşt.

    Hesab-e bacbərsəm an çenan əst

    Ke əz bər çaşnigiri neşanəst.

    Ecazat başəd əz fərman-e mobed

    Xorəşhara ke in nik əst o an bəd.

                                                 (1.154)

    (Yemək vaxtı gələndə dünyanın sahibi möbiddən bacbərsəm rəsmini (icra etməyi) istədi. Xosrov hər nəyə əl uzadırdısa, bacbərsəm qaydasını gözləyirdi. Bacbərsəm qaydası o deməkdir ki, hər bir yeməyin dadına baxılır. Yeməyin yaxşı, pis olması müəyyənləşdikdən sonra möbidin fərmanı ilə onu yeməyə icazə verilir.)

           “Yeddi gözəl”də isə möbidlər ölkənin, şahın, sarayın taleyini həll edən vəzir, siyasi taleyi müəyyənləşdirən hökm sahibi kimi çıxış edirlər. Bəhram atasının ölümündən sonra hakimiyyətdən kənarda qaldıqda möbidlərlə məsləhətləşməli olur.                                                                                                                

    Çon şəh in qoft o rəyha şod rast,

    Pirtər möbid əz miyan bər xast.

                                   (“Həft peykər” 1.542)

               Nizami eyni zamanda möbidlərin əhd sındıran olmadığını, sədaqətli olmalarını da diqqətə çatdırır. Onlar Bəhramın hakimiyyət haqqını tanısalar da, ancaq qoca şaha verdikləri vədi yerinə yetirməyə borclu olduqlarını bildirirlər və Bəhram da bu səmimiyyəti qəbul edir.                                                              

    Mobidan gər noənd o gər kohənənd

    Həme əz yek zəban dər in soxənənd.

                                                              (1.543)

    Nizamnin əsərlərində tez-tez rast gəldiyimiz “Avesta” sözlərindən biri də “hirbod”dur.                                                                                                     

    Ço beşekəst bər hirbod poştra,

    Bər əndaxt ayini Zərdoştra. 

                                             (1.870)

    (Elə ki, hirbodun belini qırdı, Zərdüşt ayinini devirdi.) Nizami İskəndərinGilana gələrək orada atəşkədəni tar-mar etməsi ilə bağlı bu sətirləri qələmə almışdır. Nişapurdan Mərvə yollanan şah orada da atəşkədəni məhv edir və “pərvanələri” dağıdır. Pərvanələr kimlərdir? Yenə hirbodlar:                                                                                                                                           

    Bekoşt atəş-e hirbodxanera,

    Vəz atəş pərakənd pərvanera.

                                             (1.871)

              “Hirbod” sözü “Avesta”da “aethrapaiti” şəklində “öyrətmən” mənasında işlənmişdir. Məhəmməd Moin onu mürəkkəb söz kimi iki hissəyə ayıraraq “aethra”nı dərs, təlim kimi mənalandırmış, “paiti”nin isə “sahib”, “malik olan” kimi işləndiyini bildirmişdir. Sonralar isə “paiti”nin “bod” şəklinə düşərək “möbid”, “sepəhbod”, “kohbod” kimi sözlərdə qaldığını bildirir. (4.394) Həqiqətən də  “Mihr – Yəşt”-in 116-cı bəndində “xşvastiva antarə havişta aəthrya, aəthra=paiti” (17. 327) cümləsində “aəthra”  “uçenik, vospitannik jreüov”, “aəthra-paiti” isə “qospodin, uçitelğ” mənasında işlənmişdir. Bu da atəşkədələrin bir zamanlar həm də məktəb rolunu oynadığını göstərir. Amma sonrakı dövrdə hirbod dini başçı mənasını daşımağa başlamış və o, mobid sözünün sinoniminə çevrilmişdir. (4.395) Nizami Gəncəvi də “hirbod”i “möbid” mənasında işlətmişdir.                                                                                        

    Əgər rahim binəd əz rah-e dur

    Bord səcde çon hirbod pişe-nur.

     Lakin bir sıra lüğətlərdə “aəthra” od mənasında işlənən “azər”, “atər” kimi verildiyindən  “hirbod” da “azərbod”, yəni “od başçısı” kimi başa düşülmüşdür. (18.s.292) Şair İskəndərin Nüşabə ilə məclisində odu təsvir edərkən möbid və hirbod sözlərindən ustalıqla istifadə edir:                                                             

    Foruzənde qouhər-e nik o bəd,

    Rəfiğ-e moğ o munis-e hirbod.

                    (1.747)

            Ümumiyyətlə, Nizami Gəncəvinin əsərlərində təkcə istilahlar deyil, zərdüştiliyin adı çəkilmədən onun bir çox ənənəvi xüsusiyyətlərinin eyni ilə təkrarına rat gəlirik. “leyli və Məcnun”da “Bordən-e pedər Məcnunra bexane-yi Kəbə”  bölməsində ziyarət zamanı atası Məcnundan eşq mərəzindən sağalmaq əvəzinə tamam başqa duanı eşidir. Şair bunu aşağıdakı beytlərlə verir:                                                                                                                                   

    Zu zomzeme-yi şenid guşəm,

    Kavərd ço zomzomi becuşəm.

    (Bordən pedər Məcnunra bexane-yi Kəbe, 399)

           “Zomzom” və yaxud “zomzome” zərdüştilik mərasimlərinə aid duaların icrası icrası formasıdır. O, bir “istilah olaraq bari-təala və  atəş qarşısında sitayiş edilərkən, çimərkən, çörək yeyilərkən muğlar tərəfindən oxunur”. (4.254)   Nizaminin “Xosrov və Şirin” poemasında zərdüştiliyin daha bir rəsmi ayininə –baco bərsəm-ə rast gəlirik.                                                                                

    Ze mobed xast rəsm-e bacbərsəm.

    Be hər xordi ke Xosrov dəstgəh daşt

    Hədis-e bac-bərsəmra negəh daşt.

    Hesab-e bacbərsəm an çenan əst

    Ke əz bər çaşnigiri neşanəst.

    Ecazat başəd əz fərman-e mobed

                                       (1.154)

            Əslində, zərdüşti ədəbiyyatda “bacobərəsmən” kimi işlənən bu söz iki hissədən ibarətdir: “Avesta”da “vəç” şəklində qeyd olunsa da, sonradan “baj”, “baz” və müasir fars dilindəki “avaze” şəklinə düşmüşdür. “Zərdüştilərin ahəstə səslə oxuduqları bütün qısa dualar baj” adlanır. (4.253) “Berəsm” isə zərdüştiliyin əsas atributlarından sayılan  nazik çubuqdur. Bunun nar ağacından, yaxud hər hansı digər ağacdan hazırlanması indiyədək sual altında qalmaqdadır. “Vendividad” ın 19-cu fərvərdinin 19-cu bəndində “berəsmən” haqqında deyilir: “Pak insanlar sol əllərində berəsmən ahurəməzdaya və emşəspəndənlara namaz qılmalıdırlar” Nizami üstəlik bu qaydaya şahların yeməklərini möbidlərin dadması rəsmini də əlavə etmişdir.           Bir sözlə, bir məqalədə Nizami yaradıcılığında zərdüştilikdən gəlmə söz və ifadələrin daşıdığı poetik xüsusiyyətləri tam təhlil etmək mümkün deyildir. Üstəlik, onu da qeyd etməyi zəruri bilirik ki, zərdüştiliyin Azərbaycanla bağlılığını, onun xalqımızın etno-kulturoloji tarixindəki yerini müəyyənləşdirmək üçün bu abidənin Nizami  yaradıcılığındakı izlərinin öyrənilməsi son dərəcə faydalı ola bilər.                                                                                                                                

  • VHP Gənclər Təşkilatının yeni sədri Tural Hüseynli

    Hüseynli Tural Azər oğlu,  9 oktyabr 1993-cü ildə Bakı şəhərində anadan olub.  2011-c ildə Texniki Humanitar Liseyi bitirib.

    Azərbaycan Turizm Unversitetinin tələbəsidir.

    2011-ci ildən VHP Binəqədr rayon təşkilatının üzvüdür.

    VHP Gənclər Təşkilatında Məclis üzvü, sədrin müavini və I müavin olub.
    19 aprel 2014-cü il tarixdə keçirilən VHP Gənclər Təşkilatının X Konfransında sədr seçilib.

  • VHP Gənclər Təşkilatının X konfransı keçirildi-FOTO

    Tural Hüseynli VHP Gənclər Təşkilatının yeni sədri seçildi

     

    19 aprel 2014-cü il tarixində, saat 14:00-da Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Gənclər Təşkilatının X konfransı keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və VHP-nin marşının səsləndirilməsi, həmçinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başladı. Bundan sonra Fəridə Tağıyeva VHP Gənclər Təşkilatının X konfransına Hazırlıq üzrə Təşkilat Komitəsinin məlumatını təqdim etdi: “Konfransa VHP Gənclər Təşkilatının yerli şöbələrindən 150 nəfər nümayəndə seçilib. Hazırda onlardan 131 nəfəri konfransın işində iştirak edirlər. VHP Gənclər Təşkilatı sədrliyinə 2, Məclisi üzvlüyünə 26 və Nəzarət-Təftiş Qrupunun üzvlüyüinə isə 4 nəfərin namizədliyi qeydə alınıb”. 

    Daha sonra Zeynəb Rza konfransın gündəliyində duran məsələləri açıqladı və gündəlik səsə qoyularaq qəbul edildi.

    Bundan sonra VHP Gənclər Təşkilatına sədrlik etmiş Pünhan İmamlı və VHP Gənclər Təşkilatı Nəzarət-Təftiş Qrupunun sədri Pərviz Həsənli öz hesabatlarını təqdim etdilər.

    Daha sonra öz təbriklərini çatdırmaq üçün konfransda iştirak edən qonaqlar çıxış etdilər.

    “Azad Gənclik” Təşkilatı İdarə Heyətinin üzvü Şəfaqət Məmmədova bildirdi ki, gənclər təşkilatlarının fəaliyyətinin növündən, istiqamətindən, nə qədər aktiv olmasından asılı olmayaraq birlikdə olmaları, fikir mübadiləsi aparmaları, bir-birilərinin hüquqlarını müdafiə etmələri sevindiricidir: “İnanıram ki, VHP Gənclər Təşkilatına kimin sədr seçilməsindən asılı olmayaraq dostluğumuz, qardaşlığımız, birliyimiz həmişə davamlı olacaq. Mən bir daha sizləri təbrik edir və sizə işlərinizdə uğurlar arzulayıram. Ümid edirəm ki, hər şey bizim üçün daha yaxşı olacaq və daha gözəl günlərdə görüşəcəyik”.

    Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əhliman Abbas dedi ki, VHP Gənclər Təşkilatı ölkədə köklü dəyişikliklər uğrunda aparılan demokratik mübarizədə ən fəal gənclər təşkilatlarından biridir: “Mən əminəm ki, bundan sonrakı dönəmdə yeni sədrin rəhbərliyi altında da VHP Gənclər Təşkilatı indiyədək olan səylərini daha da artıracaq. Çünki VHP də iqtidarın şər maşınından əziyyət çəkən təşkilatlardan biridir. VHP Gənclər Təşkilatının üzvü Ömər Məmmədov iqtidarın şər, böhtan maşınından əziyyət çəkən gənclərdən biridir. Mən bundan sonrakı fəaliyyətimizdə də ölkənin gənclik sektoru olaraq heç bir fərq qoymadan bir yerdə olmağımızı, gənclərimizin hüquqları uğrunda səylərimizi daha da artırmağımızı xahiş edirəm. Çünki bir yerdə olsaq, səylərimizi birləşdirsək, daha gözəl, işıqlı Azərbaycanımız olar. Mən də VHP-yə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıram”.

    “Nida” Vətəndaş Hərəkatının üzvü Ramin Hüseynov vurğuladı ki, VHP dost partiyadır: “VHP Gənclər Təşkilatı isə bizə daha yaxındır. Ona görə də belə bir konfransın iştirakçılarından olmaq bizim üçün qürurverici hadisədir. Kiçik zallarda da olsa demokratik seçki ənənəsinin olması həqiqətən sevindirici haldır. Ümid edirik ki, gənclik birgə addımlamaqla bu ənənəni bütün ölkəyə yaya biləcəklər.  Mən də təbriklərə qoşuluram və sizə işlərinizdə uğurlar arzulayıram”.

    Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin İdarə Heyətinin üzvü Elnur Məcidli də VHP Gəncləri Təşkilatı ilə müxtəlif tədbirlərdə çiyin-çiyinə olduqlarını söylədi: “Həbsdə olduğumuz müddətdə onların dəstəyini hiss etmişik. İnanırıq ki, VHP Gənclər Təşkilatının yeni sədri Azərbaycanda demokratiyanın inkişafına öz töhfələrini verəcək, VHP-nin siyasi xəttinə sadiq qalacaq. Sizə işlərinizdə uğurlar arzulayıram”.

    “Gənclər Klubu” İctimai Birliyinin təmsilçisi Zaur Əkbər isə bildirdi ki, bu gün Azərbaycan xalqı çox çətin dövrdə yaşayır: “Belə ki, əxlaqsızlar və ləyaqətsizlərin əxlaqdan və ləyaqətdən dəm vurduğu, öz övladlarını xaricə qaçırdıb, əvəzində Azərbaycanın həqiqi azadlığı uğrunda mübarizə aparan gəncləri şərləyib həbsxanalara saldırdığı və görməmiş insanların ölkəyə hakim olduğu bir məmləkətdə yaşayırıq. Ancaq bununla belə, ölkədə baş verən proseslərə görə heç də pessimist deyiləm. Çünki regionda və ölkə daxilində baş verən proseslər Azərbaycanın indiki gəncliyinin xeyrinədir. Mən Azərbaycanın nicatını indiki müstəqil, mütərəqqi düşünən gəncliyimizdə görürəm və inanıram ki, yaxın gələcəkdə Azərbaycan gəncliyi xalqı layiq olduğu mənəvi azadlığına qovuşdura biləcək. VHP Gənclər Təşkilaatının da bu işdə töhfəsi olacağına inanıram. Çünki onları bütün ictimai-siyasi tədbirlərdə aktiv, ayaqüstə və hadisələrin episentrində görmüşük. İnanıram ki, bu konfransdan VHP Gənclər Təşkilatı daha bitkin, dolğun və güclənmiş şəkildə çıxacaq və bundan sonra da öz fəaliyyətini aktiv şəkildə davam etdirəcək. Mən bir daha sizləri təbrik edir və sizə işlərinizdə uğurlar arzulayıram”.

    “Dalğa” Gənclər Hərəkatının sədri Hacı Zeynallı dedi ki, yeni sədr təşkilata yeni nəfəs gətirəcək: “Bu gün vətəndaş cəmiyyətində həqiqətən də durğunluq var və buna da son qoymaq lazımdır. Təbii ki, siyasi məhbusların olması, gənclərin şərlənərək tutulması həmin durğunluğu yaradan səbəblərdəndir. Ancaq biz həmin gənclərin həbs olunmaması, onların azadlığa çıxması, həmçinin qurmağı istədiyimiz ölkə üçün birgə mübarizə aparmalıyıq. Bu baxımdan ölkənin bütün aparıcı təşkilatlarını birgə fəaliyyət göstərməyə çağırıram. VHP Gənclər Təşkilatının X konfransının keçirilməsi böyük uğurdur, seçki mədəniyyətidir. Mən də təbriklərə qoşulur və sizə işlərinizdə uğurlar arzulayıram.

    Bundan sonra Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək konfrans iştirakçılarını salamladı və onlara işlərində uğurlar arzuladı: “Partiya mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın müasir, yeni nəslini təmsil edən bütün gənclər bizə əzizdir. Hamısını öz övladımız hesab edirik, onların xoşbəxt, firavan, ədalətli və demokratik bir ölkədə yaşamasını arzulayırıq. Bu yolda hər kəs əlindən gələni etməlidir. Çünki Azərbaycan buna layiqdir. Mən VHP-nin gəncləri ilə fəxr edirəm, qürur duyuram. İndiki gənclərimiz çox danışmağı xoşlamırlar, məncə, daha çox yeni dövrün tələblərinə uyğun olaraq yığcam şəkildə gördükləri və ya planlaşdırdıqları işin mahiyyətini çatdırmağı çalışırlar. Dünya yaranandan nəsillər arasında sanki bir inamsızlıq və ya narahatçılıq olub. Köhnə nəsil yeni nəsli korlanmaqda, böyüklərə hörmət göstərməməkdə ittiham edir. Nəsillər arasında bu cür şeylər olmasa, inkişaf mümkün deyil. Ancaq həyat da nəsillər arasında əlaqələrin heç vaxt qırılmadığını göstərir. Övladlar müəyyən vaxt keçdikdən sonra elə öz atalarına, böyüklərinə oxşayırlar və onlardan qalmış irsin əzablarını çəkə-çəkə şəraiti yaxşılaşdırmağa cəhd göstərirlər. Mən gəncliyimizin bizdən incikliyimizi başa düşürəm. Çünki onlar bölünmüş, parçalanmış, ərazisinin 20 faizi işğal olunmuş bir Azərbaycanı görürlər. Müstəqil dövlətləri olsa da, ancaq onun çoxlu problemləri var. Şübhəsiz, belə bir şəraitdə gənclik müdafiəsiz qalır, onların həbsə atılanları, ədalətsizliklə üzləşənləri müdafiə etmək imkanları olmur. Ona görə də belə bir şəraitdə gənclərin yaşlı nəsli qınamağa haqqı var. Ancaq hərdən onların da özlərini bizim yerimə qoymasını istəyirəm. Çünki gənclərin əksəriyyəti 1988-ci ildən sonra doğulanlardır və onlar 1988-ci ilədək bizim hansı yolu keçdiyimizi bilmirlər. Ən azı hansı mübarizələrimiz olub, Sovet rejiminin ən qatı illərində  mətbuatda, görüşlərdə  bizim nəsil hansı senzorlardan, sıxıntlardan  keçib? Kitablar hansı ixtisaslarla çap olunub? 60-cı illərdə biz hansı şəkildə radiodan, televiziyadan  istifadə söz demişik? O dövrdə yeni bir düşüncə, yeni ədəbi nəsil yetişdi. Əvvəlki korrekturadan, Sovet rejiminin mədhiyyəsindən uzaq kitablar yazıldı. Yeni bir ədəbiyyyat və bu ədəbiyyatın yetişdirdiyi yeni nəsil vardı. Əslində  88-ci ildə meydana çıxan insanlar da həmin ədəbiyyatın,həmin düşüncənin yetirmələri idi.  İndiki kimi elekton rabitə sistemi, geniş şəbəkələr yox idi. Hətta burdan xaricə zəng vurmaq mümkün deyildi. Şair dostum Söhrab Tahir  Astaranın o tayındandır. Buradan o taya birbaşa  zəng vurmaq imkanı yox idi, çox çətinliklə əlaqə saxlamaq olurdu. Çətin idi. Biz o yolları keçib gəlmişik. VHP-nin sədri, millət vəkili,  Azərbaycanın tanıdığınız yazarı, müxtəlif ölkələrdə çap olunan  60-ya yaxın kitabn müəllifi olaraq, bir söz deyə bilərəm ki, mən keçdiyimiz yollara görə qürur duyuram. Çünki bu yol təmənnasız və heçnədən çəkinmədən öz millətinin azadlığına  xidmət yoludur.  Xiyabaninin gözəl bir söz var: “Qorxaqlıq insanın öz vicdanı qarşısında ən alçaq etirafıdır”. Qorxmaq, heç nədən çəkinmək olmaz. Haqqı güdaza vermək olmaz. Ona görə də 88-ci ildə meydan mitinqləri başlayanda Azadlıq meydanına ilk çıxan insanlardan biri olmuşuq. Kitabımızda dediyimizi meydanlarda demişik. Meydanlarda dediyimizin arxasınca cəbhələrə, lazım olanda lap ön cəbhəyə getmişik. Millət iş deyib iş görmüşük, savaş deyib savaşa getmişik. Onun nəticəsi olaraq d bu gün Azərbaycan müstəqildir. Azərbaycanın müstəqilliyinə imza atan 42 kişi vardı. O vaxt 25 nəfərdən ibarət “Müstəqil Azərbaycan” deputat bloku vardı. Onun həmsədrlərindən biri olmuşam, müstəqilliyimizə imza atmışam. Bu gün Azərbaycan müstəqilliyi ilə qürur duyuram.  Mənə elə gəlir ki, bu qüruru  VHP-nin gəncləri də daşıyır, daşımalıdır da.  Çünki VHP gözəl tərcümeyi halı olan bir partiyadır. Biz 1992-ci ildə  bu partiyanı yaradanda Azərbaycanın 20-ci yüz ildə yetişdirdiyi ən nəhəng şəxsiyyətinin – M.Ə.Rəsulzadənin  bir sözünü əlimizdə bayraq etmişdik. M.Ə.Rəsulzadə 30-cu illərdə deyirdi ki, bir halda biz nə liberalizmi, nə sosializmi qəbul etmirik. Bircə yol qalır, milli təsanül yolu. Milli təsanül vətəndaş həmrəyliyi deməkdir, milli həmrəylik və milli birlik deməkdir. Bu gün Azərbaycanda müxtəlif milli ideologiyalardan söhbət gedir. Azərbaycançılıq da deyirlər. Azərbaycançılıq  vətənsevərlik deməkdir. Vətəni sevməliyik, bunu heç kim inkar etmir. Amma ideologiya ayrı bir şeydir. Azərbaycançılıq heç bir fikri ortaya qoymur. Azərbaycançı olub nə edəcəksən? Bir rüşvətxor da deyə bilər ki, mən azərbaycançıyam. Azərbaycançı olmaq Azərbaycanı qorumaq deməkdir. Onu qorumağın yolu nədir? Biz bunu vətəndaş həmrəyliyində görürük.  Ona görə mənim aləmimdə Azərbaycanın gələcəyinə yönələn ən ciddi xətt vətəndaş həmrəyliyidir.  Vətəndaş həmrəyliyi Azərbaycanda heç bir ayrı-seçkilik qoymadan bütün vətəndaşların birliyi deməkdir. Bu partiya 1992-ci ildə yaranan zaman  Azərbaycanı parçalamağa çalışan qüvvələr vardı. Cənubda və şimalda separatizm dalğası vardı. Belə bir vaxtda bizim bu ideyanı Azərbaycanda tək türklər deyil,  milli azlıqlar da son dərəcə  hərarətlə qəbul etdilər. O zaman Xalq Cəbhəsini bir milyon yarım meydan yaratmışdı. Müsavat isə ənənəsi olan bir partiya idi. Mən bunu yazanda bəzi dostlarımız inciyirlər. İnciməsinlər, bu reallıqdır. Amma VHP sıfırdan başladı. Rayonlarda bizim görüşlərimizin və təbliğatlarımızın nəticəsi olaraq bu gün Azərbaycanın  bütün bölgələrində bölgə təşkilatlarımız var. Onu da deyim ki, çox genişlənəndə yükü çəkmək olmur. Ona görə də çox da sürətlə  böyüməyin tərəfdarı deyilik. Partiya təbii şəkildə böyüyür, yeni nəsil gəlir. İnanıram ki, yeni nəsil bu yükü bizim çiynimizdən götürəcək və daha ciddi şəkildə  bu ideyanı irəli aparacaq. Bu gün Azərbaycanda vəziyyət mürəkkəbdir. Rusiya  köhnə, ucuz müharibə siyasətini yenidən dünyaya göstərir. Dünyanın gözü qarşısında, heç bir beynəlxalq  hüquqa məhəl qoymadan Krım işğal olunur, Ukraynanın daxili işlərinə müdaxilə edilir, Gürcüstanın bölgələri işğal olunur. Azərbaycanı nə gözləyə bilər? Çox çətindir. Ona görə də ölkə daxilində mübarizənin son dərəcə radikallaşmasının tərəfdarı olmamışıq. Düşünürük ki, Azərbaycanın müharibə şərtləri və s. nəzərə alınmalıdır.  Əli bəy Hüseynzadənin  bir sözü var: “İnqilablar millətin üzündə çapıq kimi qalır”. Biz inqilablar yolunu deyil,  təkamül, milli mədəni inkişaf, seçki yolunu seçmişik. Amma xalqın iradəsi ortada olmaq şərtilə. Bizim xətti digər qurumların mübarizə xətlərinə qarşı  qoymuram. Amma hər halda bu bizim yolumuzdur. Hər partiyanın yanında bir gənclər təşkilatı var. Təbiidir, yeni nəsil gəlir. Amma gənclərin də bir arada olmasına çox sevinirəm. Bundan sonrada gənclər bir yerdə olmalıdırlar. Fərqi yoxdur, Xalq Cəbhəsi, Müsavat, VHP və s. Hətta YAP-ın da müəyyən  vaxtlarda sizinlə addımlayan gəncləri var. Qoy sizin aranızda olsunlar. Fərq qoymaq lazım deyil. Azərbaycanın gəncliyi bu millətin gələcəyi üçün  cavabdehdir.  Qoy indidən aranıza düşmənçilik toxumları səpməsinlər. Bir-birinizə ehtiyacınız olacaq. Onsuz da on milyonu min yerə parçalamaq olmaz. Bir tərəfdən, vəhabilik, nurçuluq kimi dini təmayüllü qüvvələr, digər tərəfdən, xarici ölkələrin çox da xoş niyyətli olmayan paralarına xidmət edən bəzi QHT-lər və s. var. Odur ki, əsl milli duruşu və görüşü olan, Azərbaycanın gələcəyini düşünən gənclərin bir yerdə olması vacibdir. Bu hədəflər 50 milyonluq Azərbaycanın birliyidir, Azərbaycanın bütövlükdə gələcək türk dünyasına inteqrasiyasıdır. Mən hesab edirəm ki, gənclərimiz buna hazır olmalıdırlar. Gənclərimiz ən azı XX əsrin əvvəllərində  yaşamış böyüklərimizi genişlikdə düşünməyi öyrənməlidirlər. Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə və s. bizə elə ideyalar qoyublar ki, bu gün də həmin ideyalardan kənara çıxa bilmirik. Bax bizim gənclərimiz bu cür düşünməyi öyrənməlidirlər. Hədəflərimiz Azərbaycanın demokratik yollla inkişafı, normal seçkilərin keçirilməsi, xalqın ədalətə qovuşması, gələcəkdə böyük Azərbaycan, böyük Turan olmalıdır. Çünki bunlar olmasa, bizi parça-parça əzəcəklər. Necə ki, bu gün Krımı işğal edirlər, Türkiyədə iğtişaşlar törədirlər. Bunu dərk edərək real şəkildə mübarizə aparmaq lazımdır. İnanıram ki, gənclərimiz bu yolla da gedəcəklər. Bugünkü konfransa uğurlar arzulayır, gənclərimizi təbrik edirəm. Hər dəfə konfranslarımız bu cür keçir, partiyamızın Gənclər Təşkilatının sədrliyini gənclər sevinə-sevinə bir-birinə ötürürlər. Bu proses davam etməlidir. Sevinirəm ki, bizim qərargahda tək siyasi deyil, həm də tez-tez gözəl mədəni görüşlər və kitab təqdimatları keçirilir, filmlər nümayiş olunur, mədəniyyət xadiməri ilə görüşlər keçirilir, dil kursları var. Hər halda VHP gəncliyi yavaş-yavaş Azərbaycanda siyasi düşüncə mərkəzlərindən birinə çevrilir. Gəncliyimiz hər zaman bir yerdə olsun! Məhkəmələr ədalətsiz qərarlar çıxara bilər. Bir dəfə Milli Məclisdə çıxışım zamanı dedim ki, bir cavanın cibinə narkotika atıb tutmağa nə var? Müstəqil düşüncə sahiblərini əzmək deyil, onlara qol-qanad vermək lazımdır. Onlar bizim övladlarımızdır. Bu şəkildə gəncliyi əzmək olmaz. Bu şəkildə millətimizin gələcəyini qısır qoymaq olmaz. Bu şəkildə insan öz oturduğu budağı kəsir. İnanıram ki, heç bir güc millətin gəncliyi   qarşısında  dayana bilməz. Gənclik safdırsa, inamlıdırsa, düz yoldadırsa, sonda uğur qazanacaq”.

     

    VHP Gənclər Təşkilatının sədrliyinə namizədlər İsmi Şahadə və Tural Hüseyinli çıxış etdilər, platformalarını və sədr seçiləcəkləri təqdirdə görəcəkləri işləri konfrans iştirakçılarına çatdırdılar.

    Sonra gizlin səs vermə keçirild və  Tural Hüseynliyə  gizli səsvermə yolu ilə 93 səs toplamaqla VHP Gənclər Təşkilatının yeni sədri seçildi.

     

    Açıq səs vermə nəticəsində Məclis üzvlüyünə isə Tural Hüseynli, İsmi Şahzadə, Vüsal Namiqoğlu, Fəridə Tağıyev, Günay Əsgərli, Azadə Azad, Eldar Hacıyev, Tural Azad, Vüsal Mehdiyev, İlkin Quliyev, Akşin Şabanov, Ülvi Məmmədli, Məmməd Yusifli, Əvəz Babayev, İbrahim Quluzadə, Bəhruz Rüstəmxanlı, Nəzrin Yusifova, Kamran Məmmədli, Aysel Kərim,  Ziya Quliyev,  Nurlan Ağayev,   Nəzarət Təftiş Qrupuna isə    Nicat Kamal,  Aytac Əmralıyeva və  Kamil Rüstəmxanlı  seçildilər.

    Konfrans bununla da öz işini bitirdi.