Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • VHP-nin təşkilat sədri istefa verdi

    VHP-nin təşkilat sədri istefa verdi

    Dünən Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Qobustan rayon təşkilatının Məclisi növbəti yığıncağını keçirib.  Toplantıda təşkilat sədrinin birinci müavini Eminağa Niftəliyev bildirib ki, özək təşkilatlarının ümumi yığıncaqları keçirilib və rayon təşkilatı növbəti konfransa hazırdır. O, bildirib ki, konfransın mart ayında keçirilməsi qərarlaşdırılıb.

    Həmçinin rayon təşkilatının sədri Əlvan Dəmirli çıxış edərək bildirib ki, səhhəti ilə əlaqədar təşkilatın sədrliyindən istefa verir və növbəti konfransadək təşkilat sədrliyinə sədrin təşkilati məsələlər üzrə müavini İbadət Əbilovanın namizədliyini irəli sürür.  İbadət Balasən qızı Əbilova rayon təşkilatının sədr əvəzi seçilib.

    Yığıncaqın sonunda  VHP-yə  26 nəfər yeni üzv qəbul edilib.

  • Sabir Rüstəmxanlı: “İrəvan xanlığı termini daha uyğundur”””

    VHP – nin Mətbuat və İnformasiya xidmətindən daxil olan xəbərə görə fevralın 7-də Ümid Partiyasının qərargahında “Qarabağ” bloku təşkilatlarının təşəbbüsü ilə müxtəlif siyasi – ictimai qurumların, aydınların iştirak etdiyi “Qərbi Azərbaycan problemi və Qarabağ” adlı elmi-praktik konfrans keçirilib.

    Məruzədən sonra daha da qızğınlaşan müzakirə fonunda iştirakçılar mövzu baxımdan vacib olan bir sıra digər məsələlərə də toxunublar.

    VHP sədri, DAK həmsədri millət vəkili Sabir Rüstəmxanlı da bu səpgidə olan qüsurlardan,dağınıqlıqdan,sistemsizlikdən danışaraq, milli problemlərimizin beynəlxalq aləmə neçə illərdir ki, yanlış adlar altında təqdim edildiyini “Dağlıq Qarabağ Ermənistan- Azərbaycan münaqişəsi”, ”məsələnin sülh yolu ilə həlli” və s. kimi siyasi-diplomatik terminlərin məsələnin təfərrüatını və mahiyyətini çatdırmaq baxımından yetərsiz olduğunu vurğulayıb.O, həmçinin bu mənada indiki Ermənistan Respublikasının ərazisini təşkil edən tarixi Azərbaycan torpaqlarının şərti olaraq “Qərbi Azərbaycan” adlandırılmasının da yanlış olduğunu söyləyərək,məsələni dünya ictimaiyyətinin və dövlətlərinin nəzərinə çatdırılması baxımından “İrəvan xanlığı” tarixi termininin daha uyğun olduğu fikrini bildirib. Bundan əlavə S.Rüstəmxanlı qeyd edib ki, “Qərbi Azərbaycan probleminə sistemli giriş üçün indiyədək Dağlıq Qarabağ probleminin çözülməsi yolunda gedən danışıqların, qəbul edilən sənədlərin, imzalanan müqavilələrin bir sözlə bu müddət ərzində izlənilən bütün fəalliyyətlərin yazılı nümunəsi toplu kitab şəklində hazırlanıb siyasilərin, aydınların, araşdırmaçıların, ümumən cəmiyyətin istifadəsinə və nəzərinə çatdırılmalıdır”.

    Məruzə ətrafında digər çıxış edənlər də BAO təmsilçisi Şirvani Ədilli, tarixçi-alim Dilavər Əzimli, “ Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin sədri Rizvan Talıblı və başqaları Qərbi Azərbaycandan deportasiyanın başlanması, qondarma erməni soyqırımı iddiaları, Qərbi Azərbaycan sorunu ilə Qarabağ sorununun paralel aparılması haqda öz düşüncələrini bölüşürək tarixi torpaqlarımızın Qərbi Azərbaycan deyil, məhz İRƏVAN Xanlığı adlandirilmasi fikrini dəstəkləyiblər. Konfransın sonunda iştirakçılar tərəfindən Azərbaycan və Türkiyə rəhbərliynə BMT Baş katibinə ünvanlanmaq üçün Azərbaycan türklərin doğma yurd yuvasından qovulması ilə bağlı həqiqətləri özündə əks etdirən müraciətin hazırlanması haqda qərar qəbul olunub. Habelə 2015-ci ilin “İrəvan Xanlığı ili” elan olunması haqda da ictimaiyyətə müraciət edilib.

    Yasəmən Qaraqoyunlu Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyasının mərhələləri barədə danışıb. Bildirib ki, 1988-ci ildən bəri ölkəmizdə Qərbi Azərbaycanla bağlı heç bir proqram hazırlanmayıb: “Əgər Qarabağ probleminin həllini istəyiriksə Qərbi Azərbaycan məsələsini gündəmə gətirməliyik”. Yasəmən Qaraqoyunlu bununla bağlı təkliflərini də səsləndirib.

  • Rəsulzadənin yubleyi ilə bağlı tədbir keçirilib – FOTO

    “Azərbaycan tarixində 5 dahi varsa, onun biri Rəsulzadə, bir dənə dahi varsa, o da bu kişidir”

     

    Yanvarın 24-də ADP qərargahında Cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadənin 131 illik yubleyi ilə bağlı tədbir keçirilib. Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin tanınmış siyasətçiləri, tarixçi alimlər və Rəsulzadə sevərlər iştirak ediblər.
    Toplantı Azərbaycanın dövlət himninin oxunması və şəhidlərimizi 1 dəqiqəlik sükutla yad etmə ilə başlayıb. Tədbiri giriş sözü ilə BAO başqanı Zakir Əlisoy açıb. O,  yubiley tədbirində iştirak edən hər kəsə təşəkkürünü bildirib: “Rəsulzadə hamımızın qəlbində elə bir taxt qurub ki, min illər keçsə də, silinməyəcək. Liderin həyatı da öz millətinin həyatı kimi olmalıdır. Rəsulzadənin həyatı millətinin həyatı ilə eynilik təşkil edir. O, elə bir güclü tarixi şəxsiyyətdir ki, türk dünyasının böyük dövlət xadimi Atatürk onu özünə örnək bilmişdir. Bunu öz yazılarında qeyd etmişdir. Xiyabanı, Pişəvəri və ən nəhayət Elçibəy məhz Rəsulzadənin apardığı islahatları həyata keçirməyə çalışmışdılar. Arzu edirəm ki, tezliklə paytaxtı Təbriz olan Bütöv Azərbaycan ideyası gerçəkləşsin. Hər birinizə tədbirimizdə iştirak etdiyinizə görə minnətdarlığımı bildirirəm”.

    VHP sədri Sabir Rüstəmxanlı Rəsulzadə haqqında bunları deyib: “Rəsulzadə bəlkə də tariximizdə dərindən dərk edilməyən yeganə şəxsiyyətdir. Onun haqqında düşünəndə yalnız bir cümlə ağlıma gəlir. Əgər Azərbaycan tarixində 5 dahi varsa, onun biri Rəsulzadədir. Bir dənə dahi varsa, o da bu kişidir. Çünki bu adamn bir ideya qurdu. Dövrün bütün çətinliklərindən həqiqəti kəşf edənə qədər keçdi. O, həqiqəti reallaşdırdı. Bu gün əgər Rusiyadan 5 dövlət ayrılıbsa, bunun təməl daşını Rəsulzadə qoyub. Bu gün Rusiyanın tərkibində 17 türk muxtariyyatı varsa, bunun da təməl daşını qoyan Rəsulzadədir. O, Azərbaycanın müstəqilliyi uğrunda sona qədər mübarizə aparmışdır. Dahidir ona görə ki, ədəbiyyatımızda kimsənin yaza bilmədiyi Nizami monoqrafiyasını yazıb. BAO-ya bu cür tədbirə görə təşəkkür edirəm”.

    Tarixçi alim Faiq Ələkbərov: “Azərbaycan bir ideyadır. XX əsrin əvvəllərində Cümhuriyyətimizin qurulması xalqımıza yeni bir ruh verdi. Tariximizi bilməliyik. Hər şeyin dünən yarandığını demək bizim üçün bir faciədir. Tarixi şəxsiyyətlərimizin üzərində oyun oynamamalıyıq. 100 il öncə heç birimizin ağlına gəlməzdi ki, müstəqil dövlətimiz yaranacaq. Hər şey bitdi deməməliyik. Rəsulzadənin yaratdığı ideyaları daim davam etdirməliyik. Bu yolda hər birimizə uğurlar”.

    Araşdırmaçı alim Yasəmən Mahmudova Rəsulzadənin keçdiyi həyat yolu, gördüyü işlər və Azərbaycan uğrunda apardığı mübarizədən danışıb: “Rəsulzadə ömrü boyu Azərbaycan, Türküstan və Şərqin müstəqilliyi uğrunda çarpışmışdı. O, həm çar, həm də bolşevizm Rusiyasına qarşı mübarizə aparmışdır. Eyni zamanda faşizm, kommunizm və liberalizmə qarşı olmuşdur. Müsavat Partiyası liberalizm yolunu seçəndə bütün günü ağlamışdım ki, görün müsavatçılar hansı yolu gedir. Hamımız müsavatçıyıq. Müsavatçı olmaq partiya üzvü olmaq deyil. Çıxışımı Stalinin Rəsulzadə haqqında dediyi bu sözlərlə bitirirəm: “Siz Azərbaycan milli hökumətinin vicdanı idiniz. Siz Azərbaycan xalqının qəlbində elə bir toxum əkmisiniz ki, bu toxumu silmək üçün uzun illər mübarizə aparacağıq”.
    Müsavat Partiyasının başqanı Arif Hacılı: “AXC-nin qurulması romantik bir ideya kimi görünürdü. Rəsulzadənin böyüklüyü onun ideoloq, ədəbiyyat alimi, ziyalı olmasında deyildi. Onun qurduğu sistem indi də davam edir. Rəsulzadə Azərbaycan tarixinin ən möhtəşəm partiyalarından biri olan Müsavatın, müsavatçılıq ideologiyasının qurucusudur. Bu günün prizmasından baxanda Rəsulzadənin gördüyü işlər asan görünə bilər. İkinci dünya müharibəsindən sonra böyük dövlətlərin toqquşmaları fonunda AXC-nin qurulması, neft şəhərlərindən biri olan  Bakının paytaxt olması qazanılan inanılmaz uğurlar idi. Burada qələbə və məğlubiyyətlərdən danışıldı. Təbii ki, biz bu gün qalib durumda deyilik. Tarixi ərazilərimin 10%-ində dövlətimiz mövcuddur. Biz toparlanmalıyıq. Başqa ideya axtarmaq lazım deyil. Müsavatçılıq ideologiyamız var. Burada Müsavatın liberal partiya olduğu qeyd olundu. Amma Müsavat müsavatçı partiyadır. Müsavatçılıq ümumi bir sistemdir”.

    Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə tədbirin təşkilatçılarına, çıxışçılar və iştirakçılara öz təşəkkürünü bildirib: “Bu gün ki tədbir tam yerində idi. Faiq müəllimə gözəl çıxışına görə minnətdaram. Arzu edirəm cəmiyyətimizdə birlik olsun. Hamı bir mövqedən-Azərbaycan mövqeyindən çıxış etsin. Hamınıza uğurlar arzulayıram”.
    Toplantının sonunda tarixçi Dilavər Əzimli çıxış edib: “Rəsulzadə XVI-XX əsrin arasındakı ən böyük tarixi şəxsiyyətdir. O, Babəkin dövründə yaşasaydı, onun kimi qanını üzünə sürtüb, saraldığını göstərməzdi. Xətanin dövründə olsa, onu təkrar edərdi. Atatürk və Rəsulzadə arasında böyük fərq var. İmperiya dağılsa da, hər şey qalmışdı. Yəni Atatürkün hər şeyi var idi. Amma Rəsulzadə heç nəyin olmadığı yerdə dövlət qurdu. O, dünyada ilk beşlikdə olan şəxsiyyətdir. Təəssüf ki, ona bu qiymət hələ də verilmir. Türkiyədə bir tədbirə gedəndə Rəsulzadənin qəbrinə baş çəkdim. Elə vəziyyət yarandı ki, gül ala bilmədik. Ziyarət zamanı mühafizəçilər gəldi. Sanki onlar bizi anladılar. Bizə dedilər ki, biz onun üstünə hər gün gül qoyuruq. O, sizin deyil, bizimdir. Birlikdə hamımızındır. Mən kövrəldim və fikirləşdim ki, Rəsulzadə elə Türkiyədə yatsa, yaxşıdır. Çünki orada daha böyük qiymət var”.
    Cavanşir ABBASLI
  • Rəsulzadə-131

    31 yanvar 1884 – Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadə (1884-1955) Bakının Novxanı kəndində anadan olub.

    Rəsulzadə 1904-ci ildə “Müsəlman sosial-demokrat “Hümmət” təşkilatının qurucularından olub. 1908-ci ildə İrana gedərək Məşrutə inqilabında iştirak edib. İnqilabın məğlubiyyətindən sonra (1911) Türkiyəyə gedib. 1913-cü ildə çarın elan etdiyi amnistiyadan sonra Bakıya qayıdıb və “Hümmət”in əsasında yaradılan “Müsavat” partiyasına rəhbərlik edib.

    1918-ci ildə Zaqafqaziya Seymində Azərbaycan fraksiyasına rəhbərlik edib. Həmin il mayın 27-də Seymin azərbaycanlı deputatları Rəsulzadənin sədrliyi ilə Azərbaycan Milli Şurasını yaradıblar, 28 mayda Xalq Cümhuriyyəti elan olunub.

    Cümhuriyyətin süqutundan sonra Rəsulzadə Moskvaya aparılıb, bir müddət orada yaşadıqdan sonra mühacirətə gedib.1922-ci ildən Türkiyədə, 30-40-cı illərdə Avropada Azərbaycan siyasi mühacirətinə rəhbərlik edib. 1947-ci ildə Türkiyəyə qayıdıb. 1955-ci ildə Türkiyədə vəfat edib. Qəbri Ankaranın Əsri məzarlığındadır.

  • Pulu hara xərcləyirlər?

    “Siyasi partiyalar haqqında” qanuna edilən dəyişikliklərə əsasən, 2013-cü ildən parlamentdə təmsil olunan partiyalara dövlət büdcəsindən maliyyə yardımı ayrılır. Təbii ki, vəsait əldə edən partiyalar da öz növbələrində pulu hara xərclədikləri ilə bağlı illik hesabat hazırlayıb dövlət qurumlarına təqdim edirlər. Bildiyimiz kimi, bu ilin fevral ayında Nazirlər Kabineti “Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə qaydası”nda dəyişiklik edib.
    Dəyişikliyə əsasən siyasi partiyalar illik maliyyə hesabatlarını Maliyyə Nazirliyinə deyil, auditor rəyi ilə birlikdə hər ilin aprel ayının 1-dən gec olmayaraq, Mərkəzi Seçki Komissiyasına təqdim etməli və həmin hesabat media orqanında dərc edilməlidir. Vaxt azaldığı üçün əksər partiyalar hesabatlarını təqdim ediblər. Hətta Ümid Partiyası illik maliyyə hesabatını hazırlayaraq, “Yeni Müsavat” qəzetində dərc etdirib. Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev də deyib ki, təmsil etdiyi partiya illik hesabatını təqdim edib və bu barədə partiyanın İdarə Heyətinin yanvarın 29-da keçirdiyi iclas zamanı ətraflı məlumat verilib: “İclasda 2014-cü ilə dair illik hesabat, həmin ilin statistik hesabatları və s. məsələlər haqqında danışılıb. Məlumdur ki, ötən il bələdiyyə seçkiləri keçirildi və partiyamız seçkidə yaxından iştirak etdi. Sevindirici haldır ki, YAP mandatların çoxunu qazandı. Təbii ki, bunun üçün xeyli işlər görüldü və güclü təbliğat-təşviqat işləri aparıldı”.

    Vətəndaş Həmrəyliyi Partiyasının icra aparatının rəhbəri Samir Əsədli deyib ki, siyasi partiyalar illik hesabatlarını müvafiq quruma verməzdən qabaq onu mətbuatda dərc etdirməlidir. Bu, qanunvericilikdə öz əksini tapıb: “VHP-nin illik maliyyə hesabatı da “Olaylar” qəzetinin bugünkü (dünənki) sayında dərc olunub. Hesabatların sənədləri tam hazır edildikdən sonra yaxın günlərdə Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək”.

    Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası da 2014-cü il üçün maliyyə hesabatını açıqlayıb. BAXCP-nin mətbuat xidmətindən verilən məlumata görə, 2014-cü ildə partiyaya 108 min manat pul vəsaiti daxil olub. Bu vəsaitin 106 min manatı parlamentdə təmsil olunan siyasi partiyalara dövlət büdcəsindən ayrılan vəsait qismində

    BAXCP-nin hesabına köçürülüb, 1650 manat isə hesabat dövründə ianələr formasında daxil olub. Siyasi partiyalar haqqında qanunvericiliyə uyğun olaraq hesabata sərbəst auditorun rəyi də əlavə edilib.

    Parlamentdə təmsil olunmayan siyasi qurumlar da hesabatlarını veriblər. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu açıqlamasında ADP-nin maliyyə hesabatını təqdim etdiyini söyləyib. Lakin S.Cəlaloğlu partiyanın həm maliyyə, həm də təşkilati işləri barədə hesabatların ictimaiyyətə təqdim edilməsini məqsədəuyğun saymır: “Bu məsələləri ictimaiyyətə açıqlamaq düzgün deyil. Ona görə ki, partiyanın rəqibləri onun strategiyasını, taktikasını bilər, ondan istifadə edə bilər. Bu baxımdan hesabatların açıqlanmasını qəbul olunmuş norma hesab etmirəm. Müvafiq qurumlar da verilən hesabatları gizli saxlamalıdır”. Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə də rəhbərlik etdiyi partiyanın lazımi hesabatları müvafiq dövlət qurumlarına təqdim etdiyini bildirib. O hesab edir ki, bu hesabatların cəmiyyətə açılıb-açıqlanmaması partiyaların özlərindən asılıdır: “Elə partiya ola bilər ki, onun maddi durumu yaxşıdır və bunu cəmiyyətə açıqlaya bilər. Elə partiya da ola bilər ki, maliyyə durumu yaxşı deyil və bunun ictimaiyyət tərəfindən bilinməsini istəmir”.

    İsmayıl

  • Ömərə arzularım

    Xocalı soyqırımı günü Ömərin ad günüdür. Biz ailəsi olaraq, heç vaxt həmin gün qeyd etməmişik. Hər il fərqli günlərdə qeyd etmişik.

    İndi Ömərin 20 yaşı tamam olur. 2-ci doğum günüdür ki, həbsdə qeyd edir. 18 yaşı var idi tutulanda. Bu yolu tutanda isə 15 yaşı var idi. Heç vaxt küyə düşmədən, ağılla, öz dərrakəsi ilə nə etdiyini bilirdi. Ona görə də hədələnəndə də ölkəyə qayıtdı. Xaricdəki təhsilinin yarımçıq qala, gənc həyatının azadlıqdan məhrum vəziyyətdə keçə bilməsini gözə aldı və qayıtdı. Həbs olundu, şərləndi, amma heç vaxt sınmadı, həmişə başı dik, alnı açıq oldu. Bizim ona verdiyimiz tərbiyəyə layiq oldu.

    Anasının oğluna nə arzuları ola bilər ki?! Tezliklə sağ-salamat azad olsun, yarımçıq qalan təhsilini davam etdirsin, atası ağır xəstədir, bu günlərində onun yanında olsun, qardaşına dayaq olsun.

    Xalqına, millətinə layiqli bir vətəndaş olsun. Haqq, ədalət, inşallah, öz yerini tapar. Mənim oğlum 18 yaşında narkotika ittihamı ilə həbs olunub. Gecə-gündüz əlindən kitab düşməyən, ölkəsi uğrunda özünü qurban verə bilən, hələ uşaq yaşlarından maarifçi mübarizə aparan bir gəncin narkotika ittihamı gülüncdür. Narkotiklə tutulan adamın yaxınları utana bilər, amma hazırkı ən gənc siyasi məhbus mənim oğlumdur və bununla yalnız fəxr etmək olar.

    Və mən bir ana olaraq, günahsız balama azadlıq arzulayıram. Və onu azadlıqda təbrik etmək istəyirəm.

    Müəllif: Təranə Məmmədova

  • Nəbi Sultan-55

    VHP Yasamal rayon təşkilatının sədri Nəbi Sultablının 55 yaşı tamam olur. Bu münasibətlə VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı Nəbi bəyi təbrik edib.

    Təbrikdə deyilir:
    “Əziz Nəbi bəy! Sizi, 55 yaşınızın tamam olması münasibətilə səmimi qəlbdən təbrik edirəm. Siz VHP-nin ilk yaradıcılarından olmuş və bu yolu seçərək millətimizin və dövlətimizin xoş gələcəyi üçün hər zaman çalışmış, hansı vəzifədə olmağınızdan asılı olmayaraq öz ideallarınıza sadiq qalmısınız. Partiyada fəaliyyətiniz dövründə də Siz hər kəsin böyük hörmətini və rəğbətini qazanmısınız. Sizin ömür yolunuz və şəxsiyyətiniz bu gün gənclərimizə bir örnəkdir.

    Əziz Nəbi bəy!
    Bir daha sizi doğum gününüz münasibəti ilə təbrik edir, sizə cansağlığı, müqəddəs amallarınızın gerçəkləşməsini, bütün sevdiklərinizin əhatəsində uzun ömür, fəaliyyətinizdə uğurlar arzulayıram.

  • “Namizədliyimi vermək barədə qərara gəlməmişəm”

    Sabir Rüstəmxanlı: “Hesab edirəm ki, bunu qərarlaşdırmaq üçün qarşımızda müəyyən qədər zamanımız var”


    Qarşıdan gələn parlament seçkisinə təkbaşına hazırlaşan siyasi təşkilatlardan biri Vətəndaş Həmrəyliyi Partiyasıdır. Seçkiyə hazırlıq prosesi ilə bağlı “Şərq”in suallarını cavablandıran VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın bütün imkanlarının səfərbər edildiyini bəyan edib. Sədrin sözlərinə görə, parlament seçkisi ölkə həyatında ciddi hadisə hesab olunur.
    Bu seçki partiyalara öz güclərini yoxlamaq imkanı yaradır. Təbii ki, bu ərəfədə siyasi partiyalar arasında rəqabət və bəzən yersiz ittihamlar da çoxalır. Siyasi bloklaşmalar, birləşmələr və ayrılmalar müşahidə olunur.
    – Sabir bəy, VHP parlament seçkisinə necə hazırlaşır?
    – Seçki ili olduğuna görə, demək olar ki, bütün partiyalarda canlanma müşahidə olunur. Partiyalar iclaslar, konfranslar keçirir, siyahılar hazırlayır, dairələr üzrə namizədlərin kimliyi məsələsini müzakirə edir və s. Hər halda siyasi partiyalar öz imkanları daxilində seçkilərə hazırlaşırlar. Biz də VHP olaraq seçkilərlə bağlı hazırlıq işləri aparırıq. Bu il həm də qurultayımız olacaq. Bu saat bütün imkanlarımız təşkilatlanmaya, hazırlığa istiqamətlənib. Amma başqa elə bir ciddi proses yoxdur. Ümumiyyətlə, ölkə miqyasında hələ seçkiyə ciddi hazırlıq müşahidə olunmur. Çünki indi bütün diqqət Bakıda keçiriləcək Birinci Yay Olimpiya Oyunlarına yönəlib. Çox güman ki, oyunlar başa çatdıqdan sonra ümumi seçki prosesi canlanacaq.

    – Seçkiyə hazırlıq prosesi ilə bağlı iki fikir var. Bir qrup siyasətçi hesab edir ki, seçki bitən kimi dərhal növbəti seçkiyə hazırlaşmaq lazımdır. Digərləri isə düşünür ki, seçkiyə son bir-iki ay qalmış hazırlaşmaq daha yaxşıdır. Partiya rəhbəri kimi sizin fikriniz necədir?
    – Gözəl bir məsəl var, deyirlər siyasətçilər seçkidən-seçkiyə düşünür, xalq adamları isə hər an millətin və dövlətin gələcəyi haqda fikirləşirlər. Mən seçki məsələlərindən daha çox ümumi vəziyyəti düşünürəm. Hesab edirəm ki, seçki də həyatımızın bir parçasıdır və atacağımız növbəti addımdır. Əslində seçki elə də ciddi bir dəyişiklik yaratmır. Dəyişiklik ölkənin ümumi inkişafı və sosial problemlərinin həlli ilə mümkün olur. Bu baxımdan partiyalararası münasibətlər və iqtidar-müxalifət görüşləri sadəcə seçki ərəfəsində deyil, bütün zamanlarda davam etdirilməlidir.

    – Blok şəklində seçkiyə qatılan partiya rəhbərləri təkbaşına seçkiyə qoşulan partiyaların uğur əldə edəcəyinə inanmırlar. Müstəqil olaraq seçkiyə hazırlaşan VHP-nin daxili imkan və resurslarını necə qiymətləndirirsiz?
    – VHP olaraq bizim resurs və imkanlarımız əvvəlki illərlə müqayisədə daha artıqdır. Rayonlardan namizədliyini irəli verəcəyimiz kifayət qədər üzvümüz var. Amma onların neçəsinin namizədliyi qeydə alınacağı, neçəsinin parlamentə düşəcəyi ayrı məsələdir. Təbii ki, ölkədə siyasi partiyaların sayı çoxdur və parlamentdə də bir ənənə formalaşıb. Uzun illər Milli Məclisdə təmsil olunan partiyalar var. Bu namizədlər öz dairələrində ciddi işləyib, seçici ilə yaxşı əlaqələr qurublar. Onların başı üzərindən keçərək seçilmək çox çətindir. Bu mənada VHP çalışacaq ki, parlamentdə deputatlarının sayı artsın. Ancaq indidən bunun nəticəsi haqqında konkret danışmaq doğru olmaz. Özümüzdən asılı olan hər şeyi edəcəyik.
    – Belə çıxır ki, VHP seçkiyə təkbaşına getməkdə qərarlıdır…
    – Nəzərə almaq lazımdır ki, bizdə majoritar seçki sistemidir. Ona görə də, hər dairəyə bir namizəd düşür. Həmin namizədi də seçicilər seçir. Belə halda bloklaşmaya nə ehtiyac var? Əgər hansısa dairələrdə bizim və ya digər partiyanın nümayəndələri varsa, yaxşı olar ki, həmin partiyalar öz aralarında danışıq aparsınlar və razılıq əldə etsinlər. Yəni çalışmaq lazımdır ki, namizədlərin irəli sürülməsində partiyalar bir-birinə mane olmasınlar. Əgər belə olarsa, o zaman bloklara da ehtiyac qalmaz. Bloklar daha çox özünü proporsional seçkilərdə doğruldur. Amma majoritar sistemdə bloklar mühüm rol oynamır. Əlbəttə, seçki ərəfəsində bütün partiyalarla görüşməyə və anlaşmağa çalışacağıq. Hər hansı bloka qoşulmaq niyyətimiz yoxdur.
    – Parlament seçkilərində namizədliyinizi irəli sürəcəksinizmi?
    – Hələ bu barədə qərara gəlməmişəm. Seçkilərə gedib-getməyəcəyimi bilmirəm. Hesab edirəm ki, bunu qərarlaşdırmaq üçün qarşımızda müəyyən qədər zamanımız var.

    – Partiya rəhbərləri növbəti iqtidar-müxalifət dialoquna hazırlaşır. Şübhə yoxdur ki, həmin görüşdə əsas müzakirələr seçkilərlə bağlı olacaq. Sizcə, dialoqlardan sonra seçki mühitində və partiyaların fəaliyyətində fərqli yanaşma müşahidə olunacaqmı?
    – İqtidar-müxalifət görüşündə tək seçki yox, vətəndaşların iqtisadi durumundan tutmuş qanunların icrasına qədər bir çox mühüm məsələlər müzakirə olunur. Güman edirəm, belə görüşlər müxalifət partiyalarından daha çox iqtidarın özünə lazımdır. Çünki hakimiyyət daha dəqiq məlumat almaq, problemləri həll etmək, narazılıqları aradan qaldırmaq və ümumiyyətlə, ictimaiyyətlə münasibət qurmaqda maraqlıdır. Eyni zamanda tərəflərin bir-birini anlaması və müxalifətin seçkiyə hazırlığının yoxlanılması baxımından da görüşlər faydalıdır.
    – VHP-nin qurultayı nə vaxt keçiriləcək?
    – Yəqin ki, parlament seçkilərindən sonra olacaq. Fikrimcə, dekabr ayında qurultayı keçirmək mümkündür. Biz ilboyu qurultaya hazırlaşırıq. Bütün rayonlarda təşkilatlarımız var, konfranslarımız olur. Hesab edirəm, seçkilərə qədər konfransları başa çatdırıb, qurultay nümayəndələrini müəyyən edəcəyik. Sonra da qurultayı təşkil edəcəyik.

  • “Məmurun qəbuluna gedirsən, qabağını polis kəsir”- Millət vəkili

    “Cavab verəndə də qeyri-etik müraciət edirlər”.

    “Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsinin müzakirəsi zamanı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı məmurların ünvanına sərt tənqidlər səsləndirib.

    O, məmurların, nazirlərin vətəndaşların müraciətlərinə cavab vermədiyini qeyd edib və bildirib ki, kimsə yazır ki, hörmətli filankəs, amma cavabda heç şikayətçinin adı da yazılmır:

    “Bəzi məmurlara zəng edəndə telefonlara katibələri cavab verir. Onlar öz şəxsi obyektlərində olurlar. Əgər belə olacaqsa, o zaman desinlər, biz də katibələrlə işləyək. Məmurların üzlərində buz ifadəsi olur, sanki adam qarşısında bir heykəl dayanıb. Kiminsə qəbuluna getmək istəyirsən, qabağını polis kəsir. Deyir ki, qəbula yazılmamasınsa, içəri keçə bilmərsən”.

    Sabir Rüstəmxanlı onu da vurğulayıb ki, dövlət məmurlara xidməti telefon versə də, onların hərəsinin 5-6 telefonu olur.

  • Məhəmməd Əmin Rəsulzadənin vəfatından 60 il ötür (VİDEO)

    Şərqdə ilk demokratik respublikanın qurucusu, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin ölümündən 60 il keçir. Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Bakı texniki məktəbində rus dilində təhsil alan Rəsulzadə 1902-ci ildə “Müsəlman gənclik” təşkilatını yaradıb.

     
    1908-ci ilin axırında M.Ə. Rəsulzadə çar üsul-idarəsinin onu həbs edəcəyi təhlükəsi ilə əlaqədar Bakını tərk edərək, İrana yola düşür. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və M.Ə. Rəsulzadə vətənə qayıda bilir. 1917-ci ildə fevral burjua inqilabı baş verir.
     
    1917-ci ilin payızında M.Ə. Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilir .1918-ci il mayın 26-da Zaqafqaziya Seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunur. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların happy wheels demo üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranır. Səs çoxluğu ilə M. Ə. Rəsulzadə Milli Şuranın sədri seçilir. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yayır.
     
    1920-ci il aprelin 28-i Azərbaycan Xalq Cümhuriyyəti Sovet işğalı nəticəsində süqut edir. Cümhuriyyət qurucuları Azərbaycanı tək edirlər. Məhəmməd Əmin Rəsulzadə Avropaya getməyə məcbur olur. O, Varşava və Berlində yaşayır. Ömrünün son illərini isə  Türkiyədə keçirir. 
     
    Məhəmməd Əmin Ankarada 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə “Azərbaycan… Azərbaycan… Azərbaycan…” deyərək əbədiyyətə qovuşur. Ankara radiosu martın 7-də saat 22.45 dəqiqədə sabiq Azərbaycan Milli Şurasının sədri M. Ə. Rəsulzadənin vəfat etdiyini təəssüflə bildirir. O, Ankara Əsri qəbiristanlığında dəfn edilir.