Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • VHP-də Əli bəy Hüseynzadəyə həsr olunmuş tədbir keçirilib -FOTO VIDEO

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə əlaqədar “Əli bəy Hüseynzadə və türkçülük” mövzusunda dəyirmi masa keçirilib.
    Martın 5-də Vətəndaş Həmrəyliyi Partiyasında görkəmli maarifçi, mütəfəkkir, ictimai xadim Əli bəy Hüseynzadəyə həsr olunmuş “Əli bəy Hüseynzadə və türkçülük” mövzusunda tədbir keçirilib. VHP-in mərkəzi qərargahının akt zalında baş tutan tədbirdə Əli bəy Hüseynzadənin 150 illik yubileyi qeyd olunub. Tədbirdə VHP sədri Sabir Rüstəmxanlı, Musavat Partiyasının başqanı İsa Qəmbər, AMDP lideri İsgəndər Həmidov, DAK İH üzvü Əjdər Tağızadə, tarixci alim Yadigar Türkel, Ümid partiyası sədrinin müavini Rüfət Muradlı, ADP sədri Sərdar Cəlaloğlu, şair Musa Yaqub və bir çox siyasətçilər, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər. 
    Tədbiri açıq elan edən VHP-nın sədri Sabir Rüstəmxanlı öz çıxışında bildirib ki, Əli bəy Hüseynzadənin irsinin araşdırılması Azərbaycan xalqının milli kimliyinin ortaya çıxmasına xidmət edir: “Əli bəy Hüseynzadə türklük ideyasını dirildən və onu siyasi hadisəyə çevirən şəxsdir. Əli bəy Hüseynzadə əslində bayrağımızda olan türküçülük, islamçılıq və müasirlik ideyasını ortaya qoyan adamlardan biridir. O, təkamül yolunun tərəfdarı, müasir düşüncəli insan idi. Əli bəy Hüseynzadə millətin gələcəyi üçün əxlaqi problemlərin aradan qaldırılmasını istəyirdi və milli özünüdərki olduqca vacib hesab edirdi. Onun rəhbərlik etdiyi “Füyuzat” jurnalında türk dünyasının böyüklüyü, bölünməzliyi təbliğ edilirdi. Bu baxımdan Əli bəy Hüseynzadənin böyük mütəfəkkir kimi türk dünyasının inkişafı baxımından xidmətləri əvəzedilməzdir”
    Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib: “Bu tədbirlər silsilə halında olmalıdır. Əli bəy Hüseynzadə doğrudan da fəxrimizdir. Mənim otağımda 3 şəxsiyyətin bədii obrazı var. Rəsulzadənin, Elçibəyin portreti və bir də Əli bəy Hüseynzadənin Salyandakı o gözəl heykəlinin kiçik modeli mənim otağımda var. 20 ildən çoxdur ki, o heykəl mənim otağımdadır. Çünki o, həqiqətən də bizim üçün çox dəyərli şəxsiyyətdir. Əli bəy Hüseynzadə təkcə Azərbaycanın yox, bütün türk dünyasının ən görkəmli şəxsiyyətlərindən, ən böyük mütəfəkkirlərindən biridir. Biz tarixi şəxsiyyətlərimizlə fəxr edirik. Əli bəy Hüseynzadə Müsavatın yaradıcılarından biridir. Ölkənin demokratikləşməsi uğrunda mübarizə aparıb. Ümumtürk siyasi xadimlərindən biridir”.
    İsgəndər Həmidov Əli bəy Hüseynzadəni Əli Hüseyn Turan kimi tanıdığını bildirib: “Çünki o həyatını, ömrünü türkçülüyə sərf edib. Bəzi tədqiqatçılar Əli bəy Hüseynzadəni dinə qarşı qoyurlar. Bu tamamilə yanlışdır. Əli bəy Hüseynzadə gözəl islami təhsil almışdı. Əli bəy Hüseynzadənin məşhur bir kəlamı var. O deyir ki, “Türklər ya ölür, ya da mühacirət edir. Amma təslim olmur”. Əli bəy bütün yaşadığı dövrdə hər kəsə anlatmağa çalışıb ki, türklər yanlız osmanlılardan ibarət deyil. Onun daha bir sözü var idi, deyir ki, “qurdlar ulayanda itlər hürürlər”. O, hər zaman türk kimi yaşadı, türk kimi dünyasını dəyişdi. Allah ona rəhmət eləsin”.
    Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi Yasəmən Qaraqoyunlu: “Əli bəy Hüseynzadəni əsasən türkçülüyün və idealist sosializmin banisi kimi xarakterizə edib. Əli bəy Huseynzadə bayragımızda əks olunmuş türkləşmək, islamlaşmaq, avropalaşmaq triadasının müəllifidir. Əli bəy Huseynzadə avropalaşma, türkləşmə və islamlaşmaq sintezinin əsasını qoyub. O, bütün türk dünyasının ən görkəmli şəxsiyyətlərindən biridir. Onun kimi şəxsiyyətlər heç vaxt unudulmur və unudulmayacaq”.
    Tədbir digər iştirakçıların çıxışları ilə davam etdirilib. Onlar da Əli bəy Hüseynzadəni böyük şəxsiyyət kimi xarakterizə edərək, onun irsinin təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar.
    Məhəmməd Türkmən
    Fotolar müəllifindir








  • Sabir Rüstəmxanlı: “Hər imkanlı adama bir dağ bağışlayaq”

    Parlamentin 25 fevral iclasında “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında” Protokolunun təsdiq edilməsi barədə qanun layihəsi müzakirə olunub.
    Müzakirələrdə danışan deputat Sabir Rüstəmxanlı deyib: “Xəzər sahillərinin bir sıra adamlar tərəfindən işğalına şərait yaratmışıq. Nabrandan Astara sahillərinə qədər sahil işğal olunub. Kimlərin işğal etdiyi bilinmir. Bir də görürsən 200-300 metr uzunluğunda hasar çəkilib. Burdan çıxırsan, Ələtə qədər dənizi görmək mümkün deyil. Birinin pulu çox olar, imkanı vəzifəsi yüksək olar, bu o demək deyil ki, bu imkandan istifadə edib millətin dənizini zəbt etməlidir. Hasar da çəkir ki, orda nə iş aparıldığı görünməsin.
    İştahaları bu qədər güclüdürsə, Qobustan qayalıqları boşdur, hər imkanlı adama bir dağ bağışlayaq, gedib orda nə istəyirlər tiksinlər. Amma dənizin içinə girməsinlər, dəniz millətin olmalıdır”.
  • Məhəmməd Əmin Rəsulzadənin vəfatından 59 il ötür

    O, 71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan” sözlərini işlədib 

     

    Martın 6-da Azərbaycanın görkəmli siyasi xadimi, mütəfəkkiri, Şərqdə ilk demokratik dövlətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin vəfatının 59-cu ili tamam olur.
    Məhəmməd Əmin bəy 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində dünyaya gəlib. İlk təhsilini ikinci “Rus-müsəlman” məktəbində alıb, daha sonra təhsilini Bakı texniki məktəbində rus dilində davam etdirib. Məhəmməd Əmin Rəsulzadə inqilabi fəaliyyətə də həmin illərdə başlayıb. 1902-ci ildə 17 yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
    1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən həbs olunması təhlükəsi ilə bağlı Bakını tərk edərək bir müddət İranda yaşayıb. Rəsulzadə İranda da siyasi fəaliyyətini davam etdirərək Avropa təhsili görmüş bir qrup İran ziyalısı ilə birlikdə 1910-cu ilin sentyabrında İran Demokrat Partiyasını yaradır.
    Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadənin ölkədən çıxarılmasını İranın şahından tələb edir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ilin may happy wheels demo ayında İstanbula getmək məcburiyyətində qalır. O, 1911-ci ilin noyabr ayından nəşrə başlayan “Türk yurdu” jurnalının fəal yazarlarından biri olur.
    1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və M.Ə.Rəsulzadə vətənə qayıda bilir. 1917-ci ildə fevral burjua inqilabı baş verir.
    1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunur. Mayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaradılır. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şuranın sədri seçilir. 1918-ci il mayın 28-də bütün ölkələrin radiostansiyaları və qəzetləri Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasını dünyaya yayır. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları içərisində hətta bütün Şərqdə ilk dəfə olaraq respublika qurdu.
    1920-ci il aprelin 27-də baş verən sovet işğalı səbəbindən Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. AXC-nin qurucuları Azərbaycanı tərk etməli oldular. Məhəmməd Əmin Rəsulzadə uzun müddət Avropada mühacir həyatı yaşasa da ömrünün son illərini Türkiyədə keçirdi və 1955-ci il martın 6-da Ankarada həyata vida etdi. Məzarı Ankaranın mərkəzindəki Əsri məzarlığındadır. M.Ə.Rəsulzadə 71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan” sözlərini işlədib.
  • Gənc fəalın şikayətinə baxıldı

    Fevralın 28-də Bakı Apellyasiya Məhkəməsi narkotik vasitə saxlama ittihamı ilə tutulmuş bloqçu Ömər Məmmədovun həbsi zamanı tutulma proseduralarının pozulmasından verilən şikayətə baxıb. “Media forum” saytının məlumatına görə, şikayət təmin olunmayıb.

    Ömər Məmmədov yanvarın 24-ü Bakıda tutulub. Mülki geyimli şəxslər onu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıb. İstintaqın məlumatına görə, onun üstündən 6 qram heroin götürülüb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ömər Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. O, Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanılır.

    1995-ci ildə Bakıda anadan olan Ömər Məmmədov Şimali Kipr Türk Respublikasında yerləşən Beynəlxalq Kipr Universitetinin tələbəsidir. Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. 2013-cü ildə bir qrup gənclə “Axın” hərəkatını təsis edib.

  • Sabir Rüstəmxanlı xanımları təbrik etdi

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının Azərbaycan xanımlarına təbriki .

     

    Əziz xanımlar, analar və bacılar!

    Sizlərin hər birini 8 mart Beynəlxalq Qadınlar Günü münasibət ilə səmimi qəlbdən təbrik edir, cansağlığı, xoşbəxtlik arzulayıram.

    Tarixən türk qadını öz layəqati, əzmi və sədaqəti ilə ailənin, ərin yanında olub. Lazım gəldikdə mənəvi, lazım gəldikdə isə at belində, qılınc qurşanaraq yurdun, obanın və namusun müdafiəsinə qalxıb.

    Türk heç zaman xanımının haqqını əlindən almayıb, əksinə, qızın ər seçimində öz istəyinin nəzərə alınmasından tutmuş dövlətin idarə edilməsində səs hüququna qədər, hər sahədə xanım evin, ailənin və bütövlükdə cəmiyyətin əsas söz sahiblərindən biri olaraq qiymətləndirilib. Təsadüfü deyil ki, Ağqayunlu imperatoru Uzun Həsənin anası Sara Xatun Şərqin ilk diplomat qadını kimi tarixə düşüb.

    Yalnız türk təfəkküründə “Ana haqqı Tanrı haqqı” sayılmışdır.

    İllərlə işğal altında yaşayanda milli varlığımızı yaşadan Azərbaycan xanımları, Azərbaycan anaları olmuşlar: onlar min illərlə formalaşmış ənənələri özlərindən sonrakı nəslin yaddaşına köçürmüşlər, dilimizi, əski dinimizi, inanc və imanımızı qorumuşlar.

    İlk fürsətdəcə başlayan milli azadlıq hərəkatında isə xanımlarımız yenə ön sırada, qardaşlarının, yoldaşlarının yanında olmşlar. Bu gün milli azadlığımızın varlığında, milli kimliyimizin qorunmasında Azərbaycan xanımlarının rolu müstəsnadır. Hazırda ölkəmizdə vətəndaş cəmiyyəti qurulmasında xanımlarımızın tutduğu mövqe, icitimai-siyasi həyatımızdakı aktivlikləri də xanımlarımızın cəmiyyətdəki rolu və nüfuzunun göstəricisidir.

    Əziz xanımlar!

    Bir daha sizləri səmimi qəlbdən təbrik edir, sizlərə xoşbəxtlik, ailə səadəti arzulayıram.

  • Sabir Rüstəmxanlı: “Görünür bir narkotika 50 cibdən keçir”

    “Dünyada doğrudan da ikili standart var, bu, inkarolunmazdır. Amma biz ikili standart şəraitində yaşamağı və işləməyi öyrənməliyik. Bəzən biz çıxış yolları aramaq əvəzinə başqalarını ittiham etməyə başlayırıq. Nə edək ki, qüsurlarla bağlı növbəti ittihamlar deyilməsin”.  Bu fikirləri Milli Məclisin iclasında xalq şairi Sabir Rüstəmxanlı deyib. Deputat beynəlxalq səviyyədə qəbul olunan sənədlərdə Azərbaycanla bağlı əksini tapan tənqidlərə arqumentli cavab verməyi zəruri sayıb: “Biz nə vaxt mükəmməl bir sənəd hazırlayıb beynəlxalq təşkilatlara göndərmişik? Yoxsa öz aramızda “Amerika düz eləmir” deməyə ehtiyac yoxdur. Azərbaycan insan haqları məsələsində dünyaya nümunə ola bilər. Azərbaycanda irqçilik, milli, dini azlıqlara dözümsüzlük  yoxdur. Ona görə də biz dünyanın aparıcı dövlətləri ilə də üz-üzə oturub sözümüzü deməliyik”. 
    S.Rüstəmxanlı ölkədə olan problemləri həll etməyə çağırıb: “Öz içimizdəki problemləri həll etməliyik. İnsanlarin mülkiyyəti zorla əllərindən alınır. Hətta orta əsrlərdə şahların dövründə birinin mülkinə toxunmaq olmazdı, qazilər məsələni həll edərdi. Ölkədə söz azadlığı, sahibkarlıq fəaliyyəti, gənclərin iş hüququ qorunmalıdır.  Xüsusilə də gənclərin məhkəməsi olmadan həbsi düzgün deyil. Küçədə uşaqları saxlayırlar, kimi saxlayırlar cibindən narkotik çıxır. Görünür bir narkotik 50 cibdən keçir. Bunlar bizim övladlarımızdır, onları qorumaq lazımdır”.
    O.Əsədov “Ay Sabir müəllim, elə dediniz ki, elə bil bu gəncləri Azərbaycan dövləti yetişdirmir, kənarda yetişdirilir, Azərbaycana gəlir”, –  deyə, reaksiya verdi.
    Vitse-spiker Bahar Muradova isə S.Rüstyəmxanlının dediklərinə reaksiyasında dedi ki, Azərbaycan parlamentinin beynəlxalq təşkilatlarda daimi nümayəndə heyətləri var: “Hesabatlar tərtib olunarkən QHT-lərin, siyasi partiyaların hesabatlarına  üstünük verirlər. Azərbaycan bu məsələlərə bənd-bənd cavab verirlər və o da sənədlərdə əksini tapır. Amma görməmişəm ki, bir dəfə QHT-lər, siyasi partiyalar, o cümlədən konstruktiv siyasi partiyalar belə hesabatlara cavab versin. Mən çox istərdim ki, siz də belə sənədlərə cavab verəydiniz”. 
    Bundan sonra Ombudsmanın hesabatı səsə qoyuldu və qəbul olundu. 
    E.PAŞASOY
  • Ölülərin rüşvət borcu

    İbrahim Quliyev

    Dövlət əsasən varlı, imkanlı adamların dəfn xərcini çəkir,  kasıblara isə uzun get-gəldən sonra cəmi 300 manat verilir
    Son statistik məlumata görə, Azərbaycanda hər il orta hesabla 50 min adam dünyasını dəyişir. Allah hamısına rəhmət eləsin!  Bu, həm də 50 min nəfərin  ailə büdcəsinin silkələnməsi deməkdir. Təbii ki, “dəfn xərcləri”  hər bir ailənin və onun çevrəsinin durumuna uyğun olur. Yəni kasıbı kasıb kimi, varlını da varlı kimi bu dünyadan yola salırlar. Hələ üstəlik, qəbristanlıqlarda da təbəqələr var. (Bir də deyirlər ki, o dünyada hamı bərabər olur). 
    Nə isə…  Beləcə, dünyaya gələn hərbir kəs köçüb gedir… Varlının köçməsində çatmayan təkcə 100 qram olur. Banan, portağal, apelsin, anonas və s. öz yerində. Vay o gündən ki, kasıb ölə. Problem şeyxin idarəsində növbə gözləyən mollalardan başlayır. 
    Nəsə, qoy bir az “akkuratnı” danışım. Sratistikaya görə,  bir dəfn və onunla bağlı mərasim 2-3 mindən 50-60 min manatadək vəsait aparır.  Dövlət Sosial Müdafiə Fondu isə  mərhum təqaüdçülər və işləyənlər üçün birdəfəlik müavinət müəyyənləşdirib. Təqaüdçünün ailəsinə 300, işləyən şəxsin doğmalarına 120 isə manat müavinət ödənir. Düzdür, bunun bir «əmması» da var: ölü yiyəsi həmin məbləği almaqdan ötrü mərhumun ölüm kağızı ilə yanaşı, dəfnin təşkilini təsdiqləyən arayış da təqdim etməlidir. Bu arayış haradan alınmalıdır, onu bilən yoxdur.
    Halbuki ölü yiyəsi ən adi yas mərasiminin elə ilk günündə 1000-1200 manat xərcləməli olur. Ən ucuz qəbrıstanlıqda qəbir yeri  isə 300 manat, qəbrin qazılması 100 manat, maşın, ölü yumaq, tabut  təxminən 120 və s. Üstəlik, mağar, çayçı, qadın mollası, kişi mollası. Bir sözlə, hamısı puldur.  Bu halda dövlətin verdiyi  300 manat nəyə yarayır? Heç nəyə….  İqtisadi və Sosial İnkişaf Mərkəzinin əməkdaşı Rəşad Həsənovun fikrincə, sosial-sığorta üzrə ödəmələrin bir növü kimi müəyyənləşdirilən dəfn xərci reallıqla qətiyyən ayaqlaşmır. O deyir: «Düzdür, hökumət borclu deyil ki, təmtəraqlı yas mərasimi keçirən şəxsin xərclərini ödəsin, amma hökumət aztəminatlı ailələrin bu «yükünü»  azaltmalıdır. Ən yoxsul vətəndaş üçün bu məbləğ 1500-2000  manata başa gəlir. Bunun qarşılığında ödənilən birdəfəlik müavinət bundan 7-8 dəfə azdır».
    Rəşad Həsənov düşünür ki, dəfn xərclərinin önlənməsi üçün ölkədə ölüm sığortası proqramları işləməlidir. (Yəni, 20 ildən bəri süründürülə-süründürülə qalan səhiyyə sığortasının o biri variantı) Yalnız bu sığorta növü ilə insanları «dəfn xərci» adı altında  borcla yükləyən  ölüm dəllallarının əlindən qurtarmaq olar.
    Qonşu Türkiyədə də yas mərasimi adət-ənənə üzündən ucuz başa gəlmir. Bu ölkədə dəfn xərclərinə bələdiyyə əl uzadır. Məsələn, İstanbulda ölü yiyəsi ancaq bələdiyyəyə yalnız torpaq üçün pul ödəyir. Bələdiyyə cənazə maşınını, mollanı verir, məzarı hazırlayır. Bunlar pulsuzdur. Onu da qeyd edək ki, Türkiyədə yalnız böyük şəhərlərdə torpaq üçün bələdiyyəyə pul ödənir, qalan yerdə bunlar hamısı pulsuzdur. Ancaq Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov Bakıda qəbir yerləri üçün dövlət rüsumunun Azərbaycan vətəndaşı üçün  63 manat olduğunu desə də,  əslində bu, reallığı əks etdirmir. Ən azı 300 manatdan aşağı qəbir yeri tapmaq mümkün deyil.  Yəni dirilərin olduğu kimi, ölülərin də öz rüşvət borcları var. Dövlət isə əsasən varlı, imkanlı məmurların dəfn xərclərini öz üzərinə götürür, kasıbınkını yox!

  • Nəsimi Şərəfxanlı-38

    Bu gün VHP Siyasi Şurasının üzvü və partiya sədrinin müşaviri Nəsimi Şərəfxanlının 38 yaşı tamam olur.

    Şərəfxanlı Nəsimi Çərkəz oğlu,  23 fevral 1976-cı ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub.  1993-cü ildə Sumqayıt şəhəri 32 saylı orta məktəbi bitirib.  Bakı Dövlət Universitetinin 2000-ci ildə bakalavr , 2002-ci ildə isə  magistuta pilləsin  bitirib.  2006-cı ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının Dədə Qorqud adına Folklor İnistitunun Aspiranturasını bitirib.  İxtisasca filoloqdur. 

    2006-2007-ci ildə Silahlı Qüvvələr sıralarında həqiqi xidmətdə olub.  Rütbəcə Baş leytenantıdır.   Azərbaycan Xalq Cəbhəsinin (AXC), sonar isə Elçibəy dönəmində AXCP-nin  fəal üzvlərindən olub.

    2003-cü ildə Vətəndaş Həmrəyliyi Partiyasına üzvü olub. “Savaş” və  “Gündəm Xəbər” qəzetlərinin  baş redaktoru olub. Hazırda isə “Yeni Cümhuriyyət” qəzetinin baş redaktoru və  “Vətəndaş Həmrəyliyi” qəzetinin redaktorudur.

    2007-ci ildən partiya Ali Məclisinin və 2008-ci ildən isə Siyasi Şurasının üzvüdür.

    Ailəlidir, 2 oğlu var.

    VHP.AZ  saytı Nəsimi bəyi doğum günü ilə bağlı təbrik edir. Ona siyasi və şəxsi işlərində uğurlar diləyir.

  • Mənim cansız dostum

    Bəhruz

    Həyat dediyin dostsuz keçmir. Sevincli, kədərli, fikirli olduğun halda onu paylaşacağın dostun varsa sən nə xoşbəxtsən. Paylaşdığının nece olması isə səndən asılıdır. Biz insanlar çox çətin varlıqlarıq. Və fikrimcə heç vaxt insandan insana dost olmaz. İki şüur heç vaxt bir-birinə qurban getməz, bir-birini dəstəkləməz, pis vaxtlarında yanında olmaz, bir-birini sevməz. Bu da dostluğun yaranmasında ən mənfi təsirlərdir. Həyatda dost yoxdur, olmayacaq da. Mənim dostum var. O dost ki, onunla hər vaxt danışa bilirəm. O dost ki, ancaq mənimlə olur, ehtiyacım olduğum vaxt onunla söhbətləşə bilirəm. O dost ki, ona verdiyim dəyərdən min qat artıq mənə dəyər verir. Bir sevincimi deyəndə on qat artığını hiss elətdirir. Heç vaxt düşünmədiyim fikirləri onunla düşünürəm. Çoxlu xəyallar qururam. Onun sayəsində. Hər onunla görüşəndə mənimçün yeni həyat başlayır. Heç kimlə paylaşmadığım sirrləri onunla paylaşıram. Heç kimlə danışmadığım sözləri onunla danışıram. Heç kimlə qurmadığım işləri onunla qururam.

    Mənim dostum cansızdır. Yeganə cansız varlıqdır ki, mənimçün çox canlı varlıqlardan qat-qat dəyərlidir. Yeganə cansız varlıqdır ki, onunla danışmaqdan bezmirəm. Onunla hər vaxt yalnız qalmağa istəkliyəm. Mənim dostum, mənim kitabımdır! Çox da kitab oxuyan deyiləm. Buna səbəb bir kitabla daha çox qalmaq istəyidir. Kitabı açdıqda sanki bütün fikirlərim canlanır. Həyatım gözümün önündə təkrarlanır. İlk kitaba mən danışıram. Sonra o öz tövsiyyələrini verir. Mənə istədiyim qədər zamanını ayırır. Ehtiyacım olan məsləhətlərini verir. Və heç kimlə xoşbəxt olmayacağım qədər kitabla oluram. Bu xoşbəxtlik məni yalnız mənimçün dəyərli edir, xoş edir. Mənə də bu lazımdır. Bu xoşbəxtliyi yaşamaq istəyənlərə kitabı dost seçməyi tövsiyyə edirəm. Belə dəyərli dost tapmağımın səbəbkarı işimdir, QANUNdur. QANUN əvvəldən hansı dəyərli işlər görüb bu hər kəsə məlumdur. Amma, mən şahidi olduğum işi sizə demək istəyirəm. Çox yox, happy wheels demo bir- iki il bundan qabaq Azərbaycanda “kitab” dedikdə çox adamın fikrində Oxu kitabı, Ana dili, Riyaziyyat kitabları canlanırdı. Soruşanda ki, kitab oxuyansan? “Hə, oxuyanam. Altıncı sinifin tarixini yaxşı oxuyurdum, səkkizinci sinifin biologiyası da yaxşı idi.” – cavabını alırdım. Bu cavablara vərdiş etmişdim. Və onların cavablarına normal baxırdım. Çünki onların xəbərləri yox idi ki, ölkəmizdə kitab var, nəşriyyat var. Gördükləri kitab yalnız məktəbdəydi. Kitabları insanlara yaxınlaşdırmaq, gözləri önünə gətirmək lazım idi.

    Bunu yalnız QANUN etdi. Mən də bu işə qoşuldum. Və insanların 1-2 il ərzində necə dəyişdiklərinin şahidi oldum. Küçələrdə dayandıq heç yorulmadan, bezmədən. Ona görə ki, insanların gözü kitaba öyrəşsin, yaxınlaşsın, ən azından Azərbaycanda “kitab” deyilən bir şey olduğunu bilsinlər. İlk vaxtlar insanların kitaba münasibəti acıverici olurdu. Çoxu yoldan keçəndə bizə baxıb gülürdülər. Lağ edirdilər. “Kartof, soğan satırsız?”ən çox eşitdiyimiz ifadə idi. Buna baxmayaraq Qanun geri çəkilmədi, utanmadı, bezmədi. Istəyimizə çatmaq üçün davam etdik. Və indi… Artıq o gülənlər, lağ edənlər bizim daimi oxucularımıza çevriliblər. Artıq insanlar kitab görəndə qaçmırlar, kitabdan qorxmurlar. Kitab görəndə heyrətə gəlmirlər, təbii qəbul edirlər. Insanlar artıq bizi tanıyır, izləyir, kitablarımızı sayla yığırlar. Artıq bizə bölgələrdən oxucular qatılır. Kitab insanlara əlçatmaz, gülünc kimi bir şey gəlmir. Insanlar kitab oxuduqca dəyişir. Pisi, yaxşını ayırd edir. Bunu istəməyənlər Qanunu sıradan çıxarmağa çalışırlar. Amma bir iş ki, kitab üzərində qurulub , bu işə heç kim heç nə edə bilməz. Bu iş insanlara dost verir. Inanmıram ki, insanlar bu işin məhv olmasına göz yumalar. İnanırıq ki, hər şey yoluna düşəcək. İnsanları kitablardan ayırmaqdan əl çəkəcəklər.

    Qanunun qarşısında hələ çox işlər var. Bunu gerçəkləşdirməkdə özüm də iştirak etdiyimə və edəcəyimə görə çox sevinirəm. Gəlin dostlarımızı kitab seçək! Və dostumuzu yaradanın məhv olmasına icazə verməyək!

  • Gənc siyasi məhbus Ömər Məmmədova!

    Əziz qardaşımız, Ömər bəy!

    Səni doğum günü münasibətilə təbrik edir, Sənə böyük gələcəyimiz naminə apardığın mübarizədə uğurlar və başarılar diləyirik! Bəri başdan Səni əmin edirik ki, bu mücadilə mütləq öz bəhrəsini verəcək. Çünki tarix həqiqət və ədalətin sonda qalib gəldiyini dəfələrlə sübut edib.

    Ömər bəy! Normal ölkələrdə Sənin kimi gəncləri yetişdirmək üçün dövlət milyonlar sərf edir, təqaüd verir, onlara şərait yaradır, ictimai-siyasi fəaliyyətlərində yardımçı olur ki, perspektivli və vətənsevər gənclər ölkənin taleyində önəmli rol oynasınlar. Fəqət bütün avtoritar rejimlərdə olduğu kimi, bizdə də ölkənin, vətənin taleyinə biganə qalmaq istəməyən, aktiv ictimai və siyasi fəaliyyətlə məşğul olan gənclər təqib edilir, onları hər yerdə sıxışdırır, qondarma ittihamlarla həbs edir, necə deyərlər, ölkənin nəinki bu gününü, hətta gələcəyini baltalayırlar. Amma bu bir həqiqətdir ki, sonda bu balta zərbələri zalımın və şərin özünə qayıdır, onun öz kökünü qazıyır, çünki yeni gəncliyin mübarizə metodları, hücumu, problemə yanaşması yalnız ədalətə, həqiqətə, insan haqlarına söykənir. Üstəlik, bu gün hakimiyyətin yeni gəncliyi susdurmaq imkanı yoxdur: onların “Facebook”u, “Twitter”i, fləşmobları, yaradıcı videoları, şəkilləri, karikaturaları və s. var. Onlar ədaləti, həqiqəti, insan haqlarını dilə gətirdiklərindən heç bir ləkə götürmürlər. Telekanallardakı iyrənc təbliğat, qondarma ittihamlar, hər gün daha da rəzilləşən, yalan qusan yaltaq və məddahların iftiraları bu gənclərə qarşı mübarizədə heç bir effekt vermir, çünki simasızların silahları çoxdan köhnəlib. Bu baxımdan Sən və Sənin kimi gənclər həbsdə belə sizləri həbs edənlərdən daha azad və qüdrətlisiniz. Hakimiyyət bu mübarizədə Səni həbs etməklə öz gücsüzlüyünü və bacarıqsızlığını etiraf etmiş oldu.

    Əziz qardaşımız Ömər bəy, ad günün mübarək!

    Güclü olduğuna əminik, amma yenə də möhkəm ol! Sən 19 yaşında sadəcə dinc mübarizə ilə bu iqtidarı qorxutmağı bacardınsa, gənc lider kimi növbəti yaşlarında daha da ciddi uğurlar qazanacağına hər kəs əmindir.

    VHP Gənclər Təşkilatı