Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • Rəsulzadə Naxçıvanda anıldı

    Yanvarın 31-də Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat və Ümid partiyalarının Naxçıvan Muxtar Respublika Təşkilatlarının birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan, Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi qeyd olunub.

    Tədbirdə ziyalılar, gənclər və yerli müxalifət fəalları iştirak ediblər. VHP Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Fərid Əsgərli, Ümid partiyasının təşkilat sədri Faiq Əliyev, Müsavat Partiyasının muxtar respublika təşkilatının sədri Sabir Vəliyev və AXCP  yerli təşkilat sədri Yaşar Bağırsoy, tarixçi Əgər Qəliloğlu çıxış edərək, Rəsulzadə barədə danışıblar.

    Toplantıda Rəsulzadənin həyat və yaradıcılığı, Azərbaycan Xalq Cümhuriyyəti, Rəsulzadənin mühacirətdəki fəaliyyəti, Rəsulzadənin Azərbaycan milli dövlətçiliyinin təşkilindəki rolu barədə fikir mübadiləsi aparılıb.

    Azərbaycanın tanınmış dövlət xadimi olan M. Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

    Gənc yaşlarında sosial demokratlarla birgə «Hümmət» təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

    O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə M. Ə. Rəsulzadə həbsdən azad edilərək Moskvaya aparıb.

    Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

    M. Ə. Rəsulzadə 1955-ci ilin martın 6-da Ankara şəhərində vəfat edib.

  • Niyə Suriyaya getdilər?

    Vüsal Namiqoğlu

    Qarabağa gedəcəkdilər Suriyaya göndərdilər….

    İllər əvvəl Qarabağa getmək istəyənləri həbs edən dövlət bu gün bunların Suriyaya getməsinə niyə səssiz qalır,əngələyici hər hansı addım atmır? Dövlətin sadəcə məscid bağlama siyasətini hələ də dərk edə bilmirəm. Bu mübarizə üsulu deyil, tam tərsinə bu qrupların daha da aqressivləşməsinə səbəb olur. İlk əvvəl bunların maliyyə qaynaqlarına müdaxilə edilməlidir.Əvvəlki yazımda da bu mövzuya əlimdən gəldiyi qədər toxunmağa çalışmışdım. Ölkədə fərqli adda dini qruplaşmaların, daha doğrusu din adından istifadə edilib formalaşdırılan qruplaşmaların sayı hər keçən gün bir az da artır. Hətta vəziyyət o yerə gəlib çatıb ki, bu qruplaşmalar dövlətin zirvəsindəkilərə də təsir gücünü əldə ediblər. Necəmi? Çox sadə. Sadəcə olaraq yüksək çinli məmurların yaxın qohumlarını öz tərəflərinə çəkərək, məmurlara və onların başında dayandığı qrumlara təsir imkanı əldə ediblər.

    Bir müddət əvvəl şeyxin də üstü örtülü də olsa demək istədiyi elə bu idi. Ölkədə təbii ki, inanc azadlığı olacaq. Amma bu azadlıqdan istifadə edilib, kimlərinsə marağına uyğun olaraq cəmiyyəti və dövləti təhlükə qarşısında qoyanlar qanun qarşısında cəzalandırılmalıdırlar.

    Bu qruplaşmalara axının digər səbəbi də sosyal və iqtisadi problemlərdir. Əvvəla insanımız inanc təməllidir  və bu sahədə demək olar ki savadsızdır. Həmin qruplaşmalar da bundan məharətlə istifadə edirlər. Cəmiyyətdə bununla bağlı marifləndirici tədbirlər görülmür. Bunun da nəticəsi olaraq xalqın içindən elə xalqın özü üçün təhlükəli ünsürlər meydana gəlir.

    İqtisadi çətinlik, yaşayış şərtlətinin ağırlığı da insanları bu yola cəlb edir. İnsanlar maddi çətinlikdən xilas olmaq naminə “qardaşların” maddi dəstəyi ilə bu qruplaşmalara etibarı, inamı artır, get gedə içlərinə qapanaraq cəmiyyətdən uzaqlaşırlar. Dolayısı ilə, bu gün ölkədən Suriyaya döyüşmək üçün gedənlər varsa, ölkəyə Suriyadan cənazələr gəlirsə bunda dövlətin də günahı var. Dövlət qabaqlayıcı tədbir görmürsə, bunun səbəblərini araşdırmırsa, problemlərin təməlində nələrin dayandığı vecinə deyilsə gələcək o qədər də ümid verici olmayacaq.

    Bəs kimdir bunlar? Nələri ilə seçilirlər?

    Çox qəribədir bunlar. Elə bir insan tanamıram ki, bunlarla bir mövzu ətrafında söhbət edib əsəbi halda qalxmasın o məclisdən. Müsbət enerji almaq mümkün deyil bunlardan. Çoxları da elə düşünür ki, dövlət gecə gündüz onları izləyir. Bəzən özləri haqqında elə danışırlar ki, sanki dövlətin tək amacı bunları izləməkdir.

    Çox rahatlıqla digər müsəlmanları kafir adlandırırlar. Heç çəkinmədən dinsiz imansız insan kimi rəftar edir, dinsizlərlə bir tərəziyə qoyurlar.

    Rəsulullahdan istədiyin qədər hədis gətir,  Qurandan ayələr göstər yenə dediklərində isarar edirlər. Bİr neçə gün bundan əvvəl bir müsəlmanın digərinə kafir deməsi ilə bağlı hədisi ortaya qoydum, adam belə hədis var amma… deyib davam etdi. Dolayısı ilə nə olsunki var mən belə düşünürəm dedi.

    Ancaq bunların çox güclü iradələri var. Məsələ sadəcə iradəylə də bitmir, güclü ideoloqları var. Düşünməyin ki, sadəcə oxuduqlarından ilhamlanırlar. Bunların “akıl hocaları” da mükəmməl deyiləcək dərəcədə güclü olur. Çünki heç bir şey insanı könüllü olaraq ölümə getməyə vadar edə bilməz. İnancdan, vətən, evlat, ailə sevgisindən başqa. Qəribəsidə odur ki, İnanc deyə əllərinə verib beyinlərinə yeritdiklərinin əksəriyyəti İslamın təməl prinsibləri ilə ziddiyyət təşkil edir. Hədislər və Quran günahsız insanın öldürülməsini qadağan edərkən bunlar hər cür yoldan istifadə edib isbat etməyə çalışırlar ki, əslində olar.

    Bunları yazarkən təxəyyülümün məhsulunu yox, qarşılıqlı dialoqlarımız zamanı gəldiyim qənaəti paylaşıram. Hətta bunların Facebookda bir səhifələri də var. Bunların ideoloqlarının İslamla ziddiyyət təşkil edən yazılarını, hərəkətlərindəki ziddiyyətləri paylaşmağa başlamışdım, iki gündən sonra uzaqlaşdırdılar məni həmin qrupdan.

    İllər əvvəl Qarabağa getmək istəyənləri həbs edən dövlət bu gün bunların Suriyaya getməsinə niyə səssiz qalır,əngələyici hər hansı addım atmır? Dövlətin sadəcə məscid bağlama siyasətini hələ də dərk edə bilmirəm. Bu mübarizə üsulu deyil, tam tərsinə bu qrupların daha da aqressivləşməsinə səbəb olur. İlk əvvəl bunların maliyyə qaynaqlarına müdaxilə edilməlidir.

    Suriya İsrailin yanı başındakı ən böyük təhlükələrdən biri olub illərlə. Ancaq indiki vəziyyət, İsrail dövlətinin tamamı ilə çıxarlarına uyğun vəziyyətdir. Azərbaycan İsrail münasibətləri konteksində dəyərləndirsək məsələni əslində çox şey ortaya çıxmış olur.

    Bir hadisəni də nəql edib yekunlaşdırım. Tanıdığım biri rayonda bunlara qoşulmuşdu bir ara. Bunun da sovetdən qalma  3 təkərli motosiklı vardı. Rayondakı ağsaqqalları buna deyib ki, bəs gəl onu sataq pulunu Suriyada döyüşənlərə göndərək. Savabdır falan filan… Başına döndüyüm də ağıllı tərpənib deyib ki, mənim 3 təkərlim 100manat ya edər ya etməz, altındakı Mercedesi niyə satmırsan? O gün bu gün hələ də qoşulasıdır..

  • “Mənim üçün çox ağırdı ki, mənim 18 yaşındakı oğlum məhbus həyatı yaşayır” – (Foto-Video)

    Fevralın 6-da həbs edilmiş gənc fəal Ömər Məmmədovun Hüquqlarını Müdafiə Komitəsi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) mətbuat konfransı keçirib.

    Mətbuat konfransında Ömər Məmmədovun atası Elyar Məmmədov, VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı, Ömər Məmmədovun vəkilləri Xalid Bağırov, Əlayif Həsənov və Fəxrəddin Mehdiyev, hüquq müdafiəçisi Əlövsət Əliyev, N!DA VH təmsilçiləri və diplomatik korpus nümayəndələri də iştirak edib.

    Tədbirdə ilk olaraq çıxış edən Vətəndaş Həmrəyliyi Partiyasının siyasi şurasının üzvü Əlövsət Əliyev bildirdi ki, çox təəsüflər olsun ki, biz növbəti dəfə azadlıqdan məhrum olmuş bir gənc üçün toplaşmışıq: “Çox təəsüflər olsun ki, biz növbəti dəfə azadlıqdan məhrum olmuş bir gənc üçün toplaşmışıq. Bu ilk dəfə deyil, sonuncu da olmayacaq. Nə qədər ki, gənclərə qarşı yönəlmiş repressiyalar davam edəcək, həbslər qaçınılmazdır. Həbs edilən gənclərin böyük əksəriyyəti narkotik maddəylə ittiham edilir. Elə bir fikir formalaşıdırıblar ki, sanki, müxalifətçilərin, müxalif düşüncəli insanların, gənclərin hamısı narkotik alüdəçisidir. Əlbətdə ki, bu gənclərin həbsini sifariş verənlərdə, hakimlərdə, ümumilikdə bu prosesdə iştirak edənlərin hamısı bilir ki, bu gənclər günahsızdır. Amma onlar üçün bunun fərqi yoxdur. Problem olan məsələlərdən biri də vəkillərdir. Bu cür siyasi proseslərdə həbs edilənlərin hüquqlarını qoruyan vəkillər də getdikcə azalır. Bəziləri sadəcə iştirakdan boyun qaçırırlar, bəzilərinə təzyiq edilir ki, işi götürməsin, geridə qalanlar isə azlıq təşkil edir. Əlbətdə ki, onların gördükləri işi görməməzlikdən gəlmək olmaz. Əllərindən gələni edirlər ki, bu günahsız insanlar zindanlarda çürüməsinlər. Gəncləri əsgər ölümlərinə etiraz etdikləri üçün, təhsildə ki, rüşvətə yox dedikləri üçün, qiymət artımına etiraz etdikləri üçün, qanunsuz həbslərə etiraz etdikləri üçün, hüquqlarını tələb etdikləri üçün tutulurlar. İnsanların cibinə narkotik atmaq olar, evinə silah atmaq olar, bir yolnan şərləmək olar, ancaq düz sözdən çəkindirmək olmaz”.
    Tədbirdə çıxış edən Ömər Məmmədovun atası Elyar Məmmədov bildirdi ki, Öməri tutulması gözlənilən idi: ”Ömərin tutulması gözlənilən idi. Öncədən bizə bir neçə dəfə xəbərdarlıq etmişdilər. Ömər hələ Kiprdə olanda məni apardılar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə. Orada bir neçə dəfə sorğu-sual etmişdilər. Ömərin fəaliyyəti barəsində suall verdilər, hardadı, nə işlə məşğuldur. Bir neçə saat dindirildikdən sonra məni buraxdılar. Dekabrın 31-də məni yenidən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Bu dəfə də saatlarla sorğu-sual edildim. Orada olarkən Ömərlə telefonla danışdıq. Ona dedilər ki, siyasi fəaliyyətini dayandırsın, facebook səhifəsindən istifadə etməsin, tənqidlərinə son qoysun. Mənim üçün çox ağırdı ki, mənim 18 yaşındakı oğlum məhbus həyatı yaşayır. Bu qədər ağır ittihamla 18 yaşındakı bir gənci həbs etmək heç kəsə baş ucalığı gətirmir. Mən Ömərə dəfələrlə dedim ki, fəaliyyətini dayandır, tənqidlərinə son ver. Sənin təhsilin var qabağda, gəncliyini düşün. O da ailəsini düşünərək son iki ayda hər şeydən uzaqlaşmışdı. N!DA-a üzvlüyündən çıxdı, facebookdan uzaqlaşdı. Yanvarın 20-də Ömər Kiprdən ailəsini, dostlarını görmək üçün gəlmişdi. Həmən gün səhər saat 7- də oğlumla məni apardılar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə. Orada Öməri dindirdilər, ona dedilər ki, özünü yığışdır. Bu işlərdən uzaq dur, facebookdan uzaqlaş. Həm də xəbərdarlıq etdilər ki, Öməri izləyəcəyik. Ordan qayıtdıq gəldik evə. Ömər də bizə görə buna əməl edirdi. Amma ayın 24-də oğlumu nərimanovda narkotik ittihamı ilə tutdular. Bunların hamısı Ömərin siyasi fəaliyyətilə bağlıdır. Dünən ölkə başcısı öz çıxışında dedi ki, məmurlar xalqın hörmətini qazanmalıdır. Bu hərəkətlərlə bizim hörmətimiz məmurlar necə qazana bilərlər. Bu heç cür mümkün deyil. Azərbaycan xalqı bilməlidir ki, bu gün bu gənclərin mənəviyyatını boğmaqla, gələcəyə heç də sağlam çıxa bilmərik”.
    VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı çıxışında bildir ki, bu repressiyalar nəticəsində gələcəyimizi quracaq olan gəncləri itiririk: “Mənim bu toplatıya qatılmaq səbəbim sadəcə ona görə deyil ki, Ömər Məmmədov VHP-nin üzvüdür, yox, həm də ona görə gəlmişəm ki, bu bizim hamımızın problemidir. Gənclərimiz qorumalıyıq, onlara örnək olmalıyıq. Axı bizim gələcəyimiz onlardan aslıdır. Bu gedişatla gəncliyimiz uçuruma gedir. Azərbaycan gəncliyinin bir hissə yerli universitetlərdə məddah kimi böyüdülür. Ancaq tərifnən məşğul olmalarını istəyirlər. Onlara ilk olaraq rüşvəti verməyi və rüşvəti necə almağı öyrədirlər. Saxta kitablarnan, saxta tarixlərlə onların başlarını aldadırlar. Digər hissəsi isə daha fəaldır. Təhsil almaq istəyirlər, bunun üçün mübarizə aparırlar. Xaricdə oxuyurlar, digərlərindən fərqlənirlər. Onlarda vətənə qayıtdıqdan sonra iş tapa bilmirlər. Buna görə də ya başqa ölkələrə üz tuturlar ya da burada qalıb öz etirazlarını bildirirlər ki, bizə yaşamaq üçün normal şərait yaradın. Ölkə rəhbərliyi gəncliyimizin qayğısına qalmasa, onun nazıyla oynamasa, problemlərini dinləməsə bizim gəncliyimizin vəziyyəti acınacaqlı ola bilər. Bu gənclər bizim övladlarımızdır, oğul atadan inciyə bilər, nədənsə narazı ola bilər. Bu o demək deyilki ata oğlunun dilini kəsməlidir, yox, onu dinləmək və problemlərini həll etməyə köməklik etmək lazımdır”.

    Vəkil Əlayif Həsənov Ö.Məmmədovun həbsinin siyasi motivli olduğunu söyləyib və gənc fəalı siyasi məhbus adlandırıb. “21 ildir ki, ölkədə “siyasi məhbus” konveyeri işə düşüb, iqtidar ona sərf etməyən insanları müxtəlif adlarla şərləyib həbsə alır”, – deyə vəkil həbsə münasibət ifadə edib. Ə.Həsənov hazırda ölkədə 134 siyasi məhbus olduğunu deyib. Bu həbslərin əsassızlığı kənardan belə aydın göründüyü üçün beynəlxalq qurumlar məhkəmə prosesi olmadan məhbuslara “siyasi və vicdan məhbusu” statusu verdiklərini nəzərə çatdırıb. Onun firkirncə, bu həbslərə səbəblərdən biri də iqtidarın siyasət sahəsini inhisara alması, bu sahədə rəqib tanımaq istəməməsidir. 

    Vəkil müdafiə etdiyi Ö.Məmmədovun heroin istfadəçisi kimi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə ittiham olunduğunu bildirib. Onun firkincə, Ö.Məmmədovun həbsdən azad olunması məhkəmədən yox, siyasi iradədən asılıdır.

  • Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbir keçirib-VİDEO

    Fevralın 4-də Vətəndaş Həmrəyliyi Partiyasının Akt zalında Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş “Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan milli dövlətçilik tarixində rolu” mövzusunda tədbir keçirilib.

  • “Cavad xan” ABŞ-da – Fotolar

    Fevralın 8-də ABŞ-ın Nyu York şəhərindəki Sultan Əyyub Mədəniyyət Mərkəzində “Cavad Xan” filiminin təqdimat mərasimi keçirilib.

    Vətəndaş Həmrəyliyi Partiyasının mətbuat xidmətindən “Axar.az”a verilən məlumata görə, təqdimat mərasimini Nyu York-Azərbaycan Assosasiyanın sədri Ercan Yerdələnli açıb.

    Daha sonra filmin ssenari müəllifi, xalq şairi Sabir Rüstəmxanlı film haqqında qısaca çıxış edib. Filmin quruluşçu rejissoru Rövşən Almuradlı və Mədəni İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri Gəray Əlibəyovun çıxışından sonra film tamaşaçılara təqdim edilib.

    Təqdimat mərasimində Azərbayacanın ABŞ-dakı və BMT-dəki nümayəndəliyinin əməkdaşları, türk dövlətləri səfirliklərinin nümayəndələri və Nyu York şəhərində yaşayıb çalışan həmyerlilərimiz iştirak ediblər.

    Qonaqlar NAA-nın rəhbəri Ercan Erdərənli və NY Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlil tərəfindən ödüllərlə təltif olunub. Filim böyük coşquyla qarşılanıb.

     

  • VHP Bələdiyyə seçkilərinə hazırlaşır

    Vətəndaş Həmrəyliyi Partiyası bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə hazırlaşır.

    Bu haqda “Axar.az”a VHP Ali Məclisinin katibi Asif Şəkərli bildirib.

    Asif Şəkərli deyib ki, bələdiyyə seçkiləri ilə bağlı partiyanın Mərkəzi İcra Aparatı  müvafiq iş planı hazırlayıb, Seçki Qərargahı da hazırlıqlara başlayıb  və seçkiyə hazirliq gedir:

    “Respublikanın kənd, qəsəbə və şəhər bələdiyyələrinə namizədlər irəli sürüləcək. 2009-cu ilin bələdiyyə seçkilərində VHP-nin 115 üzvü müxtəlif bələdiyyələrə seçiliblər. Həmin seçkilərdə partiyanın 800 üzvü namizədliyini irəli sürmüşdü, Təəssüf olsun ki, yaradılan süni maneələr, icra hakimiyyətlərinin seçki dairələrinə müdaxiləsi nəticəsində 350 namizədimiz qeydə alındı. Hesab edirik ki, bu seçkilərdə bu manelər olmayacaq”.

    Asif Şəkərli qeyd etdi ki, rayon təşkilatları seçkidə iştirak edəcək namizədləri artıq müəyyənləşdirməyə başlayıb:

    “Biz partiya olaraq bələdiyyə seçkisinə təkbaşına qatılacağıq. Amma seçkilərdə iştirak edəcək müxalifət partiyaları ilə əməkdaşlıq edəcəyik. Nazmizədlərin qarşılıqlı dəstəklənməsi, birgə təbliğatın aparılması məqsədi ilə. Cünki seçki məntəqələri üzrə namizədlərin birgə təbliğat aparması önəmlidir”.

  • Anar Niftəliyev səhiyyə nazirinə müraciət etdi

    Bakı Slavyan Universitetinin dekanı, ədəbi tənqidçi Elnarə Tofiqqızının cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişməsi ilə bağlı əməliyyatda iştirak edən həkimlərin açıqlamalarına cavab olaraq mərhumun həyat yoldaşı Anar Niftəliyev səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edib. Müraciətdə deyilir:
    “Hörmətli cənab nazir!
    Artıq məlumunuz olduğu kimi, həyat yoldaşım, ədəbi tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızı (Niftəliyeva) 20 sentyabr 2013-cü ildə “Medi Sina” klinikasında cərrahiyyə əməliyyatı zamanı həkim səhlənkarlığı və məsuliyyətsizliyi üzündən dünyasını dəyişib və faktla bağlı 25 sentyabr 2013-cü ildə Nəsimi Rayon Prokurorluğunda cinayət işi açılıb.
    Sentyabrın 20-də Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində verilən ilkin, daha sonra yekun və komisyon ekspertizanın rəyində ölümün səbəbi kimi “nəfəs çatışmazlığı” göstərilib. 
    Dekabrın 26-da isə Səhiyyə Nazirliyindən Nəsimi Rayon Prokurorluğunda açılan cinayət işinə əlavə olunması üçün göndərilən rəydə bildirilir: “E.Niftəliyevanın “Medi Sina Klinikası” özəl tibb müəssisəsində aparılan cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi faktı ilə bağlı ərizənizdə qaldırılan məsələlər Səhiyyə Nazirliyinin baş onkoloqunun və baş anestezioloq-reanimatoloqlarının iştirakı ilə araşdırılıb. Mütəxəssislərin rəyinə görə, E.Niftəliyevaya “Medi Sina Klinikası” özəl tibb müəssisəsində “hər iki süd vəzinin axardaxili papillomaları” diaqnozu ilə əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin tərtib edilməsində tibb işçiləri tərəfindən nöqsanlara yol verilmişdir”.
    Bütün ekspert qənaətləri bir daha təsdiqləyir ki, bu ölüm həkim səhlənkarlığının nəticəsi və həkim qətliamıdır.
    Hörmətli cənab nazir!
    9 yanvar 2014-cü il tarixdə E.Tofiqqızının ölümünə bais olan həkimlərdən biri – Firuz İbrahimov APA informasiya agentliyinə açıqlamasında ölkənin baş ankoloq və anestezioloq-reanimatoloqları da daxil olmaqla, ekspertlərin verdiyi bütün rəyləri şübhə altına aldığını və əməliyyatın doğru keçdiyini bildirir, günahsızlığını sübut eləmək kimi absurd iddiaya düşür.
    Əgər bir həkim bütün Azərbaycan səhiyyəsi mütəxəsislərinə meydan oxuyurcasına doğru etdiyini bildirirsə və onun doğru bildiyi üsul insan ölümünə səbəb olursa, hardan əminlik var ki, bu həkim adına ləkə olası Firuz İbrahimov sabah yenə “doğru bildiyini” etməyəcək və nəticədə yenə növbəti qətllərin baiskarına çevrilməyəcək?
    Bu həkim və bununkimilər yanlışlıqlarını etiraf etmək əvəzinə müxtəlif bəhanələrlə özünə haqq qazandırmağa çalışırsa, vicdanını itirmiş belələrinin sayəsində Azərbaycan səhiyyəsinin hansı uçurum qarşısında olduğunu təsəvvür etmək çətin deyil.
    Hörmətli cənab nazir!
    Əvvəlki məktubumda da Sizə müraciətlə, heç olmasa, istintaq müddətində qətli həyata keçirən hər üç həkimin fəaliyyətinə məhdudiyyətlər qoyulmasını xahiş etmişdim. Çünki Baş Prokurorluq istintaq müddətində bu səlahiyyətə sahib deyil, bu hüquqi səlahiyyətlər yalnız Səhiyyə Nazirliyinə və şəxsən Sizə aiddir.
    Ancaq təəssüf ki, Səhiyyə Nazirliyi “əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin tərtib edilməsində nöqsanlara yol verdiyini” bildirdiyi həkimlər – onkoloq Mahir Məmmədov (1 saylı Hərbi Klinik xəstəxananın onkoloqu), Fərəcullah İdrisov (Topçubaşov adına Elmi-Təhqiqat Klinik xəstəxanası) və Firuz İbrahimov (1 saylı Şəhər Klinik xəstəxanası) heç nə olmamış kimi öz fəaliyyətlərini davam etdirirlər və Səhiyyə Nazirliyi öz rəyinə uyğun olaraq onlar haqqında hər hansı ölçü götürmür.
    Xatırladıram ki, əməliyyatda iştirak edən hər üç həkim heç bir yanlışlığa yol vermədiklərini isbatlamağa cəhd də edirlər və Azərbaycan səhiyyəsinin mütəxəsislərinin ümumi rəyini vecə almamaqda israrlıdırlar. Bunlar vicdansız, xəstədən yalnız pul qazanmaqdan başqa heç nə düşünməyən, etdikləri yanlışlıqları dərk etməyəcək səviyyədə savadsız adamlardır. Bu şəxslərin Azərbaycan səhiyyəsində mövcudluğunun bizə hansı faciələrə səbəb olduğunu izah etməyə isə heç bir ehtiyac yoxdur.
    Necə ola bilər ki, bu qədər yeni, müasir xəstəxanalar tikildiyi və ən yeni tibbi avadanlıqlarla təchiz edildiyi halda Azərbaycan səhiyyəsində həkim terroru hökm sürür, insanlarımız xarici ölkələrə, o cümlədən İran kimi dünyadan təcrid olunmuş ölkənin xəstəxanalarına axışır?
    Bunun bir səbəbi də bu cür yanlış diaqnoz və əməliyyatlarla canımızı alan həkimlərin özlərinə arxayınlığı, cəzasız qalacaqlarına əminlikləri, Azərbaycan səhiyyəsinin mütəxəsislərinə meydan oxuyub, yenə də Azərbaycan səhiyyəsində işləməkdə davam etmələri və yeni-yeni potensial qətllərə psixoloji olaraq hazır olmalarıdır.
    Hörmətli cənab nazır!
    Bu cür düşüncə ilə yaşayan və “həkim terroru” kimi ifadəni gündəmdə saxlayan savadsız və vicdansız həkimlərdən 3 nəfərinin kimliyi Sizin gözünüz önündədir. Onların istintaq başa çatana qədər fəaliyyətlərinin məhdudlaşdırılmasına nə mane olur? Onlara bu ölkənin səhiyyəsinin əsas mütəxəsislərinin rəylərinə meydan oxumağa layiq səviyyədə toxunulmazlıq hüququnu kim verib? Bu qatil həkimlər hansı imtiyazlarla qətl törətdikdən sonra Səhiyyə nazirliyinin və işlədikləri xəstəxana rəhbərlərinin heç bir reaksiyasını hiss etməməlidirlər?
    Onlara qarşı ölçü götürülməməsinin səbəbi nədir?
    Hörmətli cənab nazir, həkim adına layiq olmayan bu “həkimlərin” potensial qətllərinin qarşısının alınması üçün səhiyyəmizin ləyaqətini qoruyan bir şəxs kimi peşəkar qərar verməyinizi Sizdən xahiş edirəm”. 
  • Yadigar Sadıqov siyasi motivlər əsasında həbs edilib

    Vətəndaş Həmrəyliyi Partiyası Lənkəran rayon təşkilatının

    Bəyanatı

     

    Vətəndaş Həmrəyliyi Partiyasının  (VHP) Lənkəran rayon təşkilatı Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqlının Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 6 il həbsə məhkum edilməsi ilə bağlı bəyanat verib.

    Bəyanatda deyilir: “VHP Lənkəran rayon təşilatı olaraq Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqlının Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə həbsə məhkum edilməsini ədalətsizlik hesab edir və bu qərarın məhkəmə instansiyasının müstəqil olmadığının əlaməti hesab edirik. Y.Sadıqlının məhkəmə prosesi nöqsanlarla müşahidə olundu və günahlandırılan şəxsin qanunla nəzərdə tutulmuş qaydada hüquqlarının qorunması məqsədilə irəli sürülən vəsatətlər təmin olunmadı.

    Həmçinin qarşı tərəf müttəhim kürsüsündə əyləşdirilən Y.Sadıqlının günahını qanunvericiliyə uyğun olaraq yetərli dəlillərlə sübut edə bilmədi. Buna baxmayaraq, ona qarşı məhkəmənin ən ağır cəzanı seçməsi, ona qarşı 6 illik həbs qərarı çıxarması həbsin qanun çərçivəsində deyil, siyasi motivlərlə çıxarıldığına əminlik yaradır.

    VHP Lənkəran rayon təşkilatı olaraq hüsab edirik ki, bu tip həbslər Azərbaycanın imicinə mənfi təsir göstərməklə bərabər, ölkənin siyasi mühitinə süni gərginlik gətirir. Ona görə də bu həbsi pisləyir və hakimiyyəti bu ciddi yanlışlığı aradan qaldırmağa, Y.Sadıqlının ədalətli məhkəmə prosesinin keçirilməsini təmin etməyə çağırırıq”.

  • VHP-nin Ömər Məmmədovla bağlı bəyanatı

    Vətəndaş Həmrəyliyi Partiyasının bəyanatı

     

    Məlum olduğu kimi yanvarın 24-də günorta saatlarında gənc fəal və blogger Ömər Məmmədov həbs edilmişdir.  Vətəndaş Həmrəyliyi Partiyası bəyanat yayıb.

    Qeyd edək ki, gənc fəal Ömər Məmmədov 26 fevral 1995-ci ildə Bakı şəhərində anadan olub. Şimali Kipr Türk Respublikasında yerləşən “Cyprus İnternational” universitetinin tələbəsidir. 11 may 2013-cü ildən VHP Sabunçu rayon təşkilatının  üzvüdür. 2013-cü ildə bir qrup gənclə “Axın” hərəkatını təsis ediblər. Fəal içtimaiyyətçi, yüksək intelekt sahibi olan və heç siqaret belə çəkməyən Ömərin narkotik ittihamı ilə həbs olunması gülüncdür və təəssüf doğurur. Bu qanunsuz həbsi pisləyir, hüquq mühafizə orqanlarından bu məsələyə obyektiv mövqe nümayiş etdirmələrini gözləyirik.

    Vətəndaş Həmrəyliyi Partiyası Ömər Məmmədovun həbsini gənclərə göstərilən əsassız təzyiqlərin tərkib hissəsi sayır. Son günlər ölkədə gənclərə qarşı aparılan təzyiq-təqib kampaniyası və gənclərin sistematik həbsləri bizi ciddi narahat edir. Biz, hakimiyyətin müvafiq strukturlarını cəmiyyəti narahat edən və ölkədə süni qarşıdurma yaradan, vətəndaş həmrəyliyini pozan münasibəti tezliklə dəyişdirməyə, qanunsuz addımların qarşısını almağa çağırır və həbsdə olan gənclərin azadlığa buraxılmasını tələb edirik.

  • VHP də bələdiyyə seçkilərində iştirak edəcək

    “Vətəndaş Həmrəyliyi Partiyası bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək niyyətindədir”.
    Bu barədə “OLAYLAR”-a məlumat verən  partiyanın Ali Məclisinin katibi Asif Şəkərli deyib ki, bu məqsədlə VHP-nin Seçki Qərargahında müvafiq iş planı təsdiq edilib və seçkiyə hazirliq gedir “Respublikanın kənd, qəsəbə və şəhər bələdiyyələrinə namizədlər irəli sürüləcək. Ötən bələdiyyə seçkilərində VHP-nin 115 üzvü müxtəlif bələdiyyələrə seçiliblər. Seçkildə partiyanın 800 üzvü namizədliyini irəli sürmüşdü, Təssüf ki, rayonlarda yaradılan süni maneələr, icra hakimiyyətlərinin müdaxiləsi nəticəsində 350 nəfərin namizədliyi qeydə alındı. Ancaq bu dəfə bələdiyyələrə namizədlərimizin sayı daha çox olacaq”