Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • İstiqlalçı deputatın bəyanatı

    İstiqlalçı deputat Məryəm Həsənova deputat pensiyasından məhrum edilməsi ilə bağlı prezident İlham Əliyevə məktub ünvanlayıb.
    Məryəm Həsənova öncə məktubunda 1991-ci il martın 7-də Ali Sovetdə SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilməsi əleyhinə, Azərbaycanın müstəqilliyinə səs vermiş 43 istiqlalçı deputatdan biri, 1991-1995-ci illərdə cəmi 51 nəfərdən ibarət olan Milli Məclisdə qanunverici deputat statusunda qulluq edən və oradan əmək haqqı alan yeganə qadın deputat olduğunu xatırladır. Sonra bildirir ki, buna baxmayaraq Dövlət Sosial Müdafiə Fondu qanunvericiliyə deyil, Milli Məclisin Aparatının rəhbəri Səfa Mirzəyevin səlahiyyətlərini aşaraq qanuna verdiyi antikonstitusion şərhinə  istinad edərək ona sabiq deputatlar üçün müəyyən olunmuş pensiyanı verməkdən imtina edir: “Səfa Mirzəyev və DSMF öz ədalətsiz hərəkətinə bəraət qazandırmaq üçün heç bir hüquq normasına, məntiqə sığmayan qondarma və absurd iddialar irəli sürürlər.  “Əmək pensiyaları haqqında” qanunda Milli Məclisin sabiq deputatları arasında hər hansı ayrı-seçkilik, fərq qoyulmur. Ona görə də hələ 2007-ci il martın 7-də Milli Məclisin 21 nəfər nüfuzlu deputatı, o cümlədən Vahid Əhmədov, Əli Məsimli, İlyas İsmayılov, Qənirə Paşayeva, Sabir Rüstəmxanlı, Qüdrət Həsənquliyev, Asim Mollazadə, Azay Quliyev və başqaları ilk Milli Məclisin üzvlərinin pensiya hüququnun pozulması ilə bağlı Sizə məktubla müraciət edib”. 
    İstiqlalçı deputat daha sonra qeyd edib ki, vaxtilə Azərbaycanın dövlət müstəqilliyinə qarşı çıxış edənlər indi yüksək imtiyazlı pensiya ilə təmin olunub, bəziləri hətta yüksək dövlət məmuru və deputat kürsülərində oturublar: “SSRİ dövründə  Azərbaycan xalqına qarşı amansız repressiyalarda iştirak etmiş Kommunist Partiyası və Sovet dövlət orqanlarının funksionerlərinə, Sovet prokurorluq, milis, “KQB” (DTK) işçilərinə, sovet hərbçilərinə  dövlət qulluqçuları statusunda yüksək və güzəştli pensiya verilir, lakin Səfa Mirzəyev kimi məmurların özbaşınalığı və qərəzli münasibəti üzündən Azərbaycanda dövlət müstəqilliyinin əldə edilməsində, 1991-1995-ci illərdə müstəqil dövlətimizin qanunvericilik bazasının hazırlanıb qəbul edilməsində dəyərli xidmətləri olan ilk Milli Məclisin deputatlarına qarşı diskriminasiya tətbiq edilib, onların deputat pensiyası almaq hüququna “həbs” qoyulur. Milli Məclisin Aparatının rəhbəri Səfa Mirzəyev və onun qardaşı, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının sədri Hikmət Mirzəyev vəzifə mövqelərindən istifadə edərək məhkəmə icraatına qanunsuz təsir və müdaxilə edirlər, mənim Milli Məclisin sabiq deputatı olaraq məhkəmə yolu ilə pensiya almaq hüququmun təmin edilməsinə imkan vermirlər”. 
    Məryəm Həsənova mənəvi terrora məruz qoyulduğunu qeyd edərək yazır ki, bu səbəbdən başına gələcək bədbəxt hadisəyə görə Səfa Mirzəyev və qanunları pozan hakimlər, məmurlar məsuliyyət daşıyırlar: “İlk Milli Məclisin üzvlərindən 8 nəfəri, o cümlədən Ədalət Rəhimli, Mürşüd Məmmədli, Xanlar Məmmədov, Telman Əliyev uzun illər ərzində işsiz saxlanıldıqlarına, həm də halal deputat pensiyalarını almaqdan məhrum edilərək ağır maddi sıxıntı və mənəvi-ruhi sarsıntılara, “məxməri terrora” məruz qoyulduqlarına görə vaxtsız vəfat etmişlər. Bu ahıl yaşımda məmurlar mənə qarşı “məxməri terror” həyata keçirirlər, yəni qəsdən məni halal deputat pensiyamı almaqdan məhrum edərək ağır maddi sıxıntı və mənəvi-ruhi sarsıntılara məruz qoyurlar. Bunların nəticəsində hazırda səhhətim kəskin şəkildə pisləşmişdir. Buna görə də bəyan edirəm ki, mənim şikayətimə ədalətli baxılmaması səbəbindən həyatım üçün ciddi təhlükə yaranarsa və ya bədbəxt hadisə baş verərsə, bunun məsuliyyəti günahkar Mirzəyev qardaşlarının, hakimlərin,  onları himayə edən və ya bu diskriminasiya hadisəsinə biganəlik göstərən dövlət orqanlarının  rəhbərlərinin üzərinə qoyulmalıdır”.
    Yazıda adları çəkilən və barələrində iddialar irəli sürülən şəxslərə də cavab haqqı tanıyırıq. 
  • Gənclər 20 yanvar şəhidlərini ziyarət etdilər

    Bu gün gənclər  20 Yanvar facisəinin 24-cü ildönümü ilə bağlı anım yürüşü keçirib. Yürüşdə N!DA Vətəndaş Hərəkatının, VHP Gənclər Təşkilatının və Azad Gənclik Təşkilatının üzvləri və fəalları iştirak ediblər.  Şəhidlərin ruhuna dua oxunub, məzarların üzərinə tər qərənfillər düzülüb.

     

  • “Cənnət”ə qaçanlar

    “Bu millətin gənclərinin sözün həqiqi mənasında beyinlərini yuyub ya iranpərəst edirlər, yada ərəbpərəst. Bu qrupların saxlanılmasına isə rejim ixracı ilə məşğul olan ölkələr milyonlarla vəsait xərcləyirlər”.

     

    Vüsal Namiqoğlu

    Əvvəllər radikal qruplaşmalar haqqında sadəcə mediadan xəbər alardıq, özüdə ölkəmizin sərhədlərindən kənarda baş verərdi hadisələr. Son illər elə öz ölkəmizdə radikal qruplaşmaların qarşıdurmalarının, hətta aralarındakı “razborka”larını silahlı qarşıdurmaya çevirəcək qədər gücləndiklərinin şahidi oluruq.

    Hətta vəziyyət o yerə gəlib çatıb ki, bu qruplaşmaların nümayəndəlikləri bir-birlərini kafir adlandıraraq ölümlərinə fərman verirlər. Son bir neçə hadisə bunu bir daha sübut etdi.

    Hətta bir qrup digər qrupun ibadət etdiyi məscidlərə də getmir. Qısası məscidləri də öz aralarında bölüblər. Mən özüm bəzən məscidə gedəndə gördüyüm mənzərə məndə mədə bulantısı yaradırlar. Bu millətin gənclərinin sözün həqiqi mənasında beyinlərini yuyub ya iranpərəst edirlər, yada ərəbpərəst. Bu qrupların saxlanılmasına isə rejim ixracı ilə məşğul olan ölkələr milyonlarla vəsait xərcləyirlər.

    Indi moda düşən məsələlərdən biri də suriyaya “cihad” arxasınca gedənlərin sayı artıb. Bu gənclər ora evdəki ana atalarını gözü yaşlı qoyub “cənnət” arxasıyca qaçırlar. Amma Rəsulullahın “Cənnət anaların ayaqları altındadır” hədisini görməməzlikdən gəlirlər.

    Savaş zamanı səhabələrdən biri Rəsulullaha döyüşə qatılmaq istədiyini bildirir. Rəsulullah öyrənir ki, səhabənin köməyə möhtac xalası var. Həmin səhabəyə cihada qatılmağa icazə vermir. Bu məsələni niyə göstərmirlər o gənclərə?

    Qarabağ kimi problemimiz varkən, bu gənclərin əsgərlikdən boyun qaçırıb suriyaya getmələrinə nə ad vermək olar?

    Həm o gənclər kimə qarşı cihad edirlər? Ölən müsəlman, öldürən müsəlman.

    Hüquq mühafizə orqanları bu qruplaşmaları ciddi nəzarət altına almalıdırlar. Bunlar əllərinə fürsət düşsə ölkəni suriyadan da betər vəziyyətə salacaqlar. Bu qruplaşmaların yaratdığı islam, müsəlman imici normal təfəkkürlü müsəlmanlara,ibadət əhlinə qarşı mənfi fikir yaradır. Sözün qısası bu qruplaşmalar dövlətin təhlükəsizliyinə mənfi təsir etdiyi kimi cəmiyyət üçün də zərərlidir.

    Düşünürəm ki, ölkədə belə qruplaşmalara dəstək verən şəxslər kimliyindən və tutduğu vəzifədən asılı olmayaraq ciddi cəzalandırılmalıdırlar.

  • Sabir Rüstəmxanlının “DƏRDƏ ƏYİLMƏ” kitabı nəşr olunub.

    Sabir Rüstəmxanlının “Dərdə əyilmə” adlı yeni kitabı çapdan çıxıb.

    VHP mətbuat xidmətinin məlumatına görə, oxuculara təqdim olunan bu kitabda xalq şairi Sabir Rüstəmxanlının publisistik yazılarının bir qismi toplanıb. Azərbaycan tarixinin 10 ilini əhatə edən bu məqalələr bütöv bir əsərin parçaları kimi oxunur, sözün ictimai rolunu və cəmiyyətin həyatdakı əhəmiyyətini göstərir.

    “Dərdə əyilmə”də müəllifin “Ömür kitabı” əsəri kimi Azərbaycan publisistikasının zirvələrindən biri və inkarədilməz uğurudur.

    Qeyd edək ki, kitab “Qanun” nəşriyyatında nəşr olunub.

  • Kuzey Kıprıs Türk Cümhuriyyəti-30

    Kuzey Kıprıs Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri

    Cənab Sadəddin Topuqluya

     

    Sayın Sadəddin bəy!

    İllər öncə Kıprıs adasında böyük Rauf Denktaşın rəhbərliyi altında türk xalqının iradəsi ilə qurulan Kuzey Kıprıs Türk Cümhuriyyətinin artıq 30 yaşı tamam olur. Avropanın sinəsində yeni bir türk dövlətinin meydana gəlməsi təbii ki, ağır sınaqlar və imtahanlar hesabına başa gəlmişdir. Bu gün artıq həmin dövlət üçüncü onilliyi yola salaraq, dördüncü onilliyə qədəm qoymaqdadır. Bu böyük tarixi gün – Kuzey Kıprıs Türk Cümhuriyyətinin yaranmmasının 30 illik yubileyi münasibətilə Sizi və Sizin simanızda dövlətinizi və xalqınızı səmimi – qəlbdən təbrik edirəm. Kuzey Kıprıs Türk Cümhuriyyəti – “Yavru Vətən” bizə təkcə qardaş dövlət olduğuna görə deyil, böyük mübarizə və mücadilə imtahanından şərəflə çıxdığına görə doğmadır.

    Bu gün həm də Kuzey Kıprısın qurucusu, əfsanəvi qəhrəman Rauf  Denktaşı yad edilməlidir. Öz mübarizəsi, yaşam tərzi, həyatı və əxlaqı, xarakteri və milli düşüncəsi ilə Rauf  bəy türk millətinin qəlbində əbədi yaşayacaq bir qəhrəmandır. Kuzey Kıprısın bugünkü müstəqillik günü həm də Rauf Denktaş günü deməkdir.

    Əziz Sadəddin bəy!

    Sizi və Sizin mübariz xalqınızı bir daha müstəqillik günün münasibətilə təbrik edir və Kuzey Kıprıs Türk Cümhuriyyətinin yaxın gələcəkdə Avropa Birliyinin haqqı tanınan, hüququ qorunan bir dövlətinə çevrilməsi yolunda apardığınız mübarizədə sizlərə uğurlar diləyirəm.

     

    Sayğılarla,

    Sabir RÜSTƏMXANLI

    Vətəndaş Həmrəyliyi Partiyasının  sədri, millət vəkili, xalq şairi

     

  • Bu gün 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

    31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüAzərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.

    Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir.

    31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib, Yeni il isə ikinci plana keçib. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.

    Belə ki, 1989 – Naxçıvan Muxtar Respublikasında minlərlə insan SSRİ-İran (Azərbaycan-İran) sərhədində aksiya keçirərək sərhəd dirəklərini sökməyə başlayıb.
    Onilliklər ərzində bir-birindən ayrı düşmüş şimallı-cənublu azərbaycanlılar Araz çayı üzərində qovuşublar.

    Artıq 21 ildir ki, bu bayramı dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyona yaxın azərbaycanlı qeyd edir. 24 il bundan əvvəl, 1989-cu ildə Ordubaddan tutmuş Şəruradək sərhəd dirəkləri sökülməyə başlayıb. Naxçıvanda bir qucaq sökülmüş məftil, sonradan gül çələngi kimi Bakıda konfransa toplaşan hərəkat liderlərinə hədiyyə edilib. Həmin gün dünyanın ən gözəl çiçəkləri kimi hamı o məftilləri bağrına basıb. Elə həmin tarixdə İstanbulda sərhəd hadisələrinin ildönümünü qeyd edildi. Hər şey də o tarixdən başlandı. İstanbulda Dünya Azəri Türk Dərnəyinin birinci qurultayında dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunmasına dair qərar verildi. İki il ötdü,1991-ci ilin dekabrın 16-da Azərbaycan parlamentinə qərarın qəbul olunması təklifi edildi. 1992-ci ildə isə bu qərarın rəsmi qəbulu ili oldu. O zamandan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabrda qeyd olunur.

    Bu hadisə Azərbaycan tarixinə “sərhəd hərəkatı” – milli həmrəylik aksiyası kimi düşdü.

    VHP.AZ saytı bütün soydaşlarımızı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı səmimi qəlbdən təbrik edirəm. Hər bir soydaşımıza möhkəm can sağlığı, bol ruzi, mübarizə əzmi və Yeni ildə qələbə arzu edir.

    Bayramınız kutlu olsun!

  • Vətəninə dönmək istəyən insan

    Röyalə Məmmədova

    VHP Gənclər Təşkilatının fəalı

    Malta sürgünlüyündən sonra qalan günlərini vətənində xidmət etməklə keçirmək niyyətində idi. Bu məqsədlə Azərbaycanda rəhbərlikdə olan Nəriman Nərimanova məktubla müraciət edir.

    Birinci məktub:

    Möhtərəm Nəriman ! 26 aylıq əsarətdən sonra nəhayət mən buraxıldım və başqa dostlarla bərabər gətirilib bizim xilaskarımız olan Ankara hökümətinin Romadakı nümayəndəsinə tapşırıldıq.

    Doğrusunu desəm mən indi də bilmirəm ki, məni nə üçün həbs etmişlərdi və indi nə səbəbə azad edirlər. Bu uzun müddətdə qoca vaxtımda nə qədər cismani, maddi və mənəvi əziyyətlər çəkdiyimi , təhqirlər və istehsalar gördüyümü təsəvvür eləməzsiniz. Mənim ailəm İstanbulda qalıb məndən az əziyyət çəkmirdi. Mən iki dəfə sizə müraciət etmişəm, ailəm də həmçinin müraciət etmişdir. Ola bilər ki, ya bunlar gəlib sizə çatmayıb, ya da siz kömək etmək imkanı əldə etməmisiniz.

    Bakıda bulunan ingilis əsirləri hadisələrindən və bizi xilas etməyə çalışdığınızdan bizi unutmadığınız məlumumuz idi. Görünür siyasi vəziyyətdən dolayı bunu icra etmək sizə mümkün olmamışdır. Bununla bərabər istər mən , istər mənim dostlarım təşəbbüslərinə görə sizə minnətdardırlar.

    Şərsiz xeyir olmaz demişlər. Bu əsirlik müddətində mən çox oxudum, fikirləşdim, düşündüm. Qabaqcadan mənə tanış olan ingilis dilini əsaslı şəkildə öyrəndikdən sonra onun sayəsində və fransız dilinin köməyi ilə mən Qərb kulturasının əsasları haqqında çox oxudum . Sizə də məlum olduğu kimi müsəlman millətlərinin dillərini bildiyimdən mən çoxdan Şərqi bilirdim.

    Bütün bu mütaliələr,düşüncələr və bu müddətdə görmüş olduğum təcrübələr məni qəti bir imana gətirmiş oldu ki, istər Şərqdə , istərsə də Qərbdə bütün ictimaim üsul və ictimai quruluş yalan, qaba arzu ,güclülərin gücsüzləri əzməkləri üzərində durmaqdadır. O şeyə ki, mədəniyyət ,hürriyyət ,müsavat deyilir , zəhərli bir yalan ,alçaq bir riyakarlıqdır ki, onların sayəsində yalnız qaba zülm və haqsızlıq səltənəti qurula bilər. Bu üsul- idarə öz yalan və riyakarlığı ilə davam etdikcə bəşəriyyətə qurtuluş yoxdur.

    Biz şərq millətləri bütün mövcudluğumuz ilə Şərq naminə mübarizə aparmalıyıq.

    Möhtərəm, doktor əgər mənim nəzəriyyə və inamımın səmimiliyinə , qabaqca əhəmiyyət verdiyinizdən indi layiqli mövqeyini işğal etdiyiniz işin qələbəsində əgər bir yaralılıq göstərəcəyimə inanırsınızsa , əmrinizə tabe olmaq üçün bir sözünüzü gözləyirəm.

    Açıq deyim: Məni bu işə vadar edən xüsusi səbəb var. Mənim əlli bir yaşım var. Qocalığım yaxınlaşır. Bir neçə illik qüvvəm qalıb. Mən istərdim ki, bu illərimi doğma vətənimə ithaf edim, son çağlarımı orda keçirim, vətənimin torpağında dəfn olunum. Məni Ankaraya cəlb edirlər, orada geniş fəaliyyət imkanı verəcəklər. Hərgah Vətənim imtina edərsə , mən oraya gedəcəyəm.

    İkinci məktub:

    Köhnə bir dost üçün göstərdiyiniz böyük ehtirama qarşı çox minnətdar ,mütəşəkkirəm. Fəqət üç türlü düşüncə mənə bu ehtiramdan yaralanmağa mane olur:

    Təmsil etdiyiniz fikir sisteminə qatılmamaqdayam.
    Türklər üçün qurtuluş imkanının təkcə Osmanlı türklüyündə olduğu haqqında sizə də məlum olan fikir və qənaətimdə qalmaqdayam.
    Məni əsarətdən qurtararaq mənə yenidən can və varlıq vermiş Ankaraya getməyim mənim üçün bir namus borcu olmaq fikri.
    Bu üç düşüncə məni doğulduğum yer olan Azərbaycana dönməkdən və təklif olunan yüksək məqamı qəbul etməkdən daşındırır . Sizin kimi, hər şeydən əvvəl açıqlıq və doğruluğa qiymət verən bir şəxsin məni məzur görəcəyindən şübhə etmirəm. Türklük bölünmə qəbul etməyən tamdır. Məqsəd ona xidmətdir. Bu xidmət harada edilirsə , müqəddəsdir, mübarəkdir.

    Sizin kimi doğru, səmimi bir şəxsin , bütün türk aləminin və xüsusən türk mühitinin keçirməkdə olduğu bugünkü fəci böhran zamanı Azərbaycanın başında olması bütün türk aləmi üçün faydalı əlamətdir. Siz orada qüvvətli bir vəzifə adamı kimi iş başındasınız. Mən də Ankara rəislərinin qulluğundayam və ikimiz də daşıdığımız fikir və qənaətlər içində, hər şeydən üstü olan türklüyə xidmətdəyik. Budur, məsafələrin uzaqlığına baxmayaraq və təmin edəcək qayə!

  • VHP sədri Almaniyaya yola düşdü

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bu gün Avropaya yola düşüb.

    VHP-nin mətbuat xidmətindən verilən məlumata görə, millət vəkili dekabrın 7-8-də Almaniyanın Frankfurt şəhərində Güney Azərbaycanla bağlı olan siyasi təşkilatların toplantısında iştirak edəcək.

    Toplantıda məqsəd mühacirətdə fəaliyyət göstərən Güneylə bağlı siyasi qurumların əməkdaşlığını daha sıx koordinasiya etmək, həmçinin İranda, bölgədəki son siyasi prosesləri, Güneydəki soydaşlarımızın vəziyyətini müzakirə etməkdir.

    Sabir Rüstəmxanlı toplantıda Dünya Azərbaycanlıları Konqresini həmsədr olaraq təmsil edəcək. Toplantı çərçivəsində Güney Azərbaycan milli hökumətinin qurulmasının 68-ci ildönümü – 12 dekabr “21 Azər” günü də qeyd ediləcək.

    Görüşə DAK İH-nin daha bir neçə üzvünün qatılması da nəzərdə tutulur.

  • Ramiz Rövşən-67-VİDEO

    Bu gün Azərbaycanın tanınmış şairi Ramiz Rövşənin doğum günüdür 

     

    Bu gün tanınmış şair, yazıçı, esseist, kino-dramaturq, tərcüməçi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Rövşənin 67 yaşı tamam olur.
    Rövşən Ramiz Məmmədəli oğlu Rövşən, 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. 
    1964-1969-cu illlərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini, 1976-1978-ci illərdə Moskva Ali Ssenari kurslarını bitirib. 
    1971-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, “Mozalan” satirik kinojurnal studiyasında redaktor, 1974-1975-ci illərdə kinostudiyanın ssenari emalatxanasında ssenarist, 1979-1987-ci illərdə ssenari redaksiya heyətinin üzvü, 1987-1992-ci illərdə kinostudiyanın baş redaktoru işləyib. 
    1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir.
    Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək, bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. 
    R.Rövşən, 1997-ci ildə qəbul olunmuş Müsavat partiyasının himninin sözlərinin müəllifidir. O, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür. 
    Yazıçı Yaşar Əliyevin qardaşı, tərcüməçi Rövşən Ramizoğlunun atasıdır.
  • Müsavat hər halda emosiya ilə qərar verən partiya deyil

    Rafiq Manaflı: “Hər şey etməliyik ki, Müsavat Partiyası bu qurumda olsun”

    Milli Şuranın son sessiyasında Rüstəm İbrahimbəyovun quruma fəxri sədr seçilməsi Müsavat Partiyasının etirazı ilə qarşılanıb. Partiyanın başqanı İsa Qəmbərin “Milli Şuradan çıxa bilərik” anonsundan sonra onun partiyadaşları da bu yöndə açıqlamalar verməyə başlayıblar. Artıq bir neçə Müsavat funksioneri açıq-aşkar MŞ-dən çıxmaq barədə çağırışlar edirlər. Bütün bunlar isə Milli Şuranın digər üzvləri tərəfindən narahatlıqla qarşılanır. MŞ üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri Rafiq Manaflı da “Ekspress”ə müsahibəsində bu narahatlığını gozlətmədi. Həmsöhbətimiz hesab edir ki, Müsavat MŞ-ni tərk edərsə, bu, quruma ciddi zərbə ola bilər.
       – İsa Qəmbərin Milli Şuranın sonuncu iclasında etdiyi çıxışdan sonra Müsavatın bəzi üzvləri partiyanın bu qurumdan çıxması barədə çağırışlar edirlər. Bu vəziyyəti necə qiymətləndirirsiniz?

       – Mövqelər ortadadır. Müsavat Partiyası əvvəldən MŞ çərçivəsində əməkdaşlığı strateji əməkdaşlıq kimi yox, funksional əməkdaşlıq çərçivəsində görürdü. Yəni Müsavat funksional əməkdaşlıqdan o yana Milli Şurada fəaliyyəti görmürdü. Bunu əvvəldən bəyan etmişdilər. Bu gün MŞ-nin yeni sədrinin seçilməsi, fəaliyyət proqramı və strukturlarının yaradılması artıq onun strateji əməkdaşlıq mərkəzi olmasına aparıb çıxarır. Bu dəqiqə həmin proseslər gedir. Müsavat Partiyası, əlbəttə ki, hal-hazırda seçim qarşısındadır. Bütün qalan məsələlər – istər Rüstəm İbrahimbəyovla bağlı, istər digər fikir ayrılıqları görüntülərdir. Əsas məsələ MŞ-nin fəaliyyət formasıdır. Yəni, bu strateji əməkdaşlıq mərkəzidir, yoxsa nədir? Hal-hazırda Müsavatda bu məsələylə bağlı öz mövqeyini dəqiqləşdirmə prosesi gedir. İndi gözləyək görək, nə qərar verəcəklər. Mən hesab edirəm ki, Müsavat Partiyası hər halda emosiya ilə qərar verən partiya deyil, bu partiya neçə illərdi Azərbaycanın aparıcı təşkilatlarından biridir. Burda emosiyalar kənara qoyulmalı, obyektiv götür-qoy olmalıdır. Ümid edirik ki, Müsavat Partiyası bugünkü reallığa uyğun happy wheels demo adekvat qərarını verəcək.

       – Bəs Müsavat MŞ-dən çıxsa, bu, qurumun dağılmasına gətirib çıxara bilərmi?

       – Müsavat Partiyasının olmadığı qurum, əlbəttə ki, çox ciddi zərbə almış olur. Hesab edirəm ki, bu məsələ müzakirə olunacaq. Prinsipcə Müsavatsız da bu qurum yaşaya bilər. Amma istənilən halda Müsavat olmayan və yaxud hər hansı başqa qurum, xüsusən AXCP və Müsavat olmayan qurum əvvəlki Milli Şura olmayacaq, bu başqa bir qurum olacaq. Müxtəlif sözlər eşidirik ki, Müsavat gedəcək, yenə həmin fəaliyyət həmin formada da davam edəcək. Bu, absurd söhbətdir. Bunu kim deyirsə, yalandır. Müsavat Partiyası MŞ-nin əvvəlki tempdə fəaliyyət göstərməsi üçün vacibdir və biz hər şey etməliyik ki, Müsavat Partiyası bu qurumda olsun. Getsə, MŞ, əlbəttə ki, çox ciddi zərbə almış olacaq.

       – Belə fikirlər də səsləndirlir ki, Milli Şurada təmsil olunan AXCP və Müsavat bir-birləri ilə rəqabətdədirlər və bu üzdən qurumda problemlər yaranır…

       – Rəhmətlik Elçibəy təxminən 15 il öncə belə bir fikir söyləmişdi ki, Müsavatla Cəbhə rəqib müttəfiqlərdilər.

       – “Yeni Müsavat” qəzeti belə bir iddia ilə çıxış edib ki, Rüstəm İbrahimbəyov öz tərəfdarları ilə yeni birlik yaratmaq ərəfəsindədir. Sizdə bu barədə hər hansı məlumat varmı?

       – Vallah, məndə belə bir məlumat yoxdur. Bunlar hamısı mülahizələrdir. Rüstəm İbrahimbəyov həmin qurumu kimlə yaradacaq, necə yaradacaq? Əgər yaradacaqsa belə, həmin qurumun resursları, potensialı nə olacaq? Rüstəm İbrahimbəyov kifayət qədər ağıllı adamdır, o, Azərbaycanın daxilindəki vəziyyəti çox gözəl bilir. Hesab edirəm ki, belə avantüralara heç vaxt getməz. Hazırda MŞ var və o, bu qurumun fəxri sədri seçilib. Mən inanmıram ki, bu qurum ola-ola, İbrahimbəyov MŞ-nin fonunda çox zəif görünən və potensialı olmayan başqa bir qurumun yaradılmasına qərar versin.