Vətəndaş Həmrəyliyi” Partiyasının sədri, Milli Məclisin üzvü Sabir Rüstəmxanlının “Yeni Müsavat”a müsahibəsi. Category: Arxiv
-
Sabir Rüstəmxanlı: “Türkiyə hökumətinin hərəkəti PKK-ya qol-qanad verir”
Vətəndaş Həmrəyliyi” Partiyasının sədri, Milli Məclisin üzvü Sabir Rüstəmxanlının “Yeni Müsavat”a müsahibəsi. – Sabir bəy, PKK liderlərindən Məsud Bərzaninin Diyarbəkrdə dövlət rəsmisi olaraq qarşılanması, AKP iqtidarının terror liderləri ilə bunca yaxınlaşması Türkiyədə barış və sabitliyə gətirib çıxaracaqmı?– Bu gün Türkiyədə yaşananlar çox mürəkkəb prosesin bir parçasıdır. Əgər bu sürəc doğrudan da türk və kürd xalqlarının yaxınlaşmasına, ölkə daxilində demokratiyanın inkişafına, hər xalqın öz dilini, öz mədəniyyətini inkişaf elətdirməsi üçün şərait yaradılmasına xidmət eləsəydi, buna normal baxmaq olardı. Özünü dərk eləmiş hər hansı xalq əgər öz dilində məktəbi, televiziyası olmasını istəyirsə, buna zorla mane olmaq, ya da müqavimət göstərmək doğru deyil. Əgər kürd xalqının Türkiyə daxilində normal insan haqları ilə bağlı tələbləri Türkiyə dövləti tərəfindən qarşılanırsa, indiyə qədərki maneələr aradan qaldırılırsa, bu, Türkiyəni xeyrinə olan, əslində Türkiyənin bir dövlət olaraq möhkəmləndirən bir prosesdir. Ancaq çox təəssüf, Türkiyədə bu prosesin ayrı bir tərəfi də var. Türkiyədə bu işlərin arxasında bir terrorçu təşkilat dayanır. Türkiyə dövləti ilə danışıqlara gələn təpədən-dırnağa silahlanmış və Türkiyəyə qibtə eləyən terror qruplaşmasıdır. Bu qruplaşmanın 10 minlərlə insanın qətlinə fərman vermiş cani lideri bu gün İmralı cəza evində oturub özünü elə aparır ki, guya bütün ssenarini bu yazıb və Türkiyənin rəhbərləri də elə bu ssenari üzərində hərəkət eləyirlər. Ara-sıra bəyanatlar verir, ara-sıra məktublar göndərir, tez-tez görüşlər keçirilir. Bu cinayətkara Türkiyədə az qala lider səviyyəsində legitimlik qazandırılır. Bununla da Türkiyənin bütövlüyü uğrunda, Vətən uğrunda, bayraq uğrunda savaşan əsgərlərin qanı batırılır. Mən baş verənlərdən çox narahatam.Qarakənd terrorundan 22 il keçdi
Azərbaycanın dövlət rəsmilərinin olduğu helikopterin vurulması ilə bağlı müəmmalar hələ də qalır Bu gün içərisində Azərbaycanın dövlət və hökumət rəsmilərinin, siyasi xadimlərin olduğu vertolyotun ermənilər tərəfindən vurulmasından 22 il ötür. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni həbiləşdirilmiş dəstələri Xankəndinə gedən Mİ-8 N72 helikopterini vurublar.Məlum olanlar bunlardır…
1991-ci il noyabrın 20-də, Xocavəndin Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində Azərbaycanın rəsmi şəxslərinin olduğu hərbi vertolyot qəzaya uğrayıb. Rusiya və Qazaxıstan hərbi müşahidəçilərinin də olduğu Mİ-8 vertolyotunun Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulması nəticəsində, 22 nəfər həlak olub. Məlumata görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotut saat 14:42 dəqiqədə vurulub. Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatır. Lakin nə qədər maraqlı olsa da bu faciə haqqında xəbər Xankəndindən erməni dilində yayımlanan “Vətən və vətəndaş” verlişinin xəbərlər bölümündə, saat 15:30-də yayımlanıb. Həmin gün İrəvan radiosu saat 16:15-da Tehran radiosu, 17:00-da Moskva radiosu bu məlumatı efirə verib. Bu faciəsi nəticəsində dövlət katibi Tofiq İsmayılov, baş prokuroru İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, jurnalistlərOsman Mirzəyev, Alı Mustafayev və bir çox dövlət məmurları həlak oldular. Çox maraqlıdır ki, Rusiyadan olan generallar faciə qurbanları arasında yox idi. Halbuki həmin vaxt Azərbaycanın yüksək rütbəli məmurları ilə birgə onlar da vertolyotda olublar. Qəzanın baş verməsini araşdırmaq üçün Xankəndində yerləşən rus hərbi qarnizonunun hərbi prokuroru, polkovniki (bu rütbə ona cinayət işindən sonra verildi) İ.Lazukitin 248-ci maddə ilə (RF CM) (Uçuşunun düzgün idarə olunması və insan təlafatı”) cinayyət iş açdı. Polkovnik İ.Lazutkin (anası Emilya Arustavna Baqdasaryan. Axalkalakidə anadan olub. İ.Lazutikin özü də 1989-cü ilədək Cavaxetiyada işləyib) ilkin istintaq materiallarını düzgün tərtib etmədiyindən heç nə anlamaq olmur. 1991-ci il noyabrın 24-də İrəvan televiziyasının xəbərlər proqramına müsahibə verən prokuror İ.Lazutikin iddia edir ki, həlak olan azərbaycanlılara ilkin yardımı guya “.. ermənilər göstərib…”
Polkovnik bu terror aktını adi bir qəza kimi soyuqqanlıqla şərh edirdi….
Belə ki, Vertolyotun “qara qutusu”nu da əlinə keçirən bu polkovnik oldu. Ona toxunmaq qadağan edildi bele bir məlumat da yayıldıki “qara qutu” “istidən” və yanğından”, “partlayışdan” (onun sozləridi)… sıradan çıxıb, əriyib. Azərbaycanlı mütəxəssislər yaxına buraxılmadı. Halbuki “qara qutu” Gəncədəki vertolyot təmiri zavodunda aşkarlana bilərdi. Prokurror İ.Lazutkin hamını aldatdı. Onun əzilməsi və sıradan çıxması üçün 3.800 dərəcə istilik lazım idi. Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün vertolyotdakı qara qutunu Rusiyaya göndərdilər. Ancaq sözügedən qara qutudan indinin özündə də heç bir səs-soraq yoxdur.
Qəzanın səbəbləri…
Əvvəl rəsmi variant səsləndi: vertolyot dumanlı havada qayalara çırpılıb. Amma onun vurulduğunu bir neçə gün sonra etiraf etdilər. Bütün şübhələri aradan qaldırmağa və Mi-8-i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu. Lakin Mi-8-in son uçuş tarixində həddindən artıq çox “ağ ləkələr” var. İndiyə qədər hələ də məlum deyil ki, niyə içində dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxslər olan, hərbi əməliyyat zonası üzərindən uçan Mi-8-i silahlı mühafizə vertolyotu müşaiyət etmirdi? Niyə onların hamısı bir vertolyotda idi-sadəcə elə bu fakt bütün mümkün və qeyri-mümkün təhlükəsizlik qaydalarına ziddir.
Sonradan aparılan araşdırmalar nəticəsində məlum olur ki, Mi-8 72 hərbi vertolyotuna Amerika istehsalı olan Barret M82A1 silahından atəş açılıb (silahın tərkibində birləşmiş uran izotopu – “U-238”var). 50 kalibrli, tərkibində nüvə olan bu snayperli silahla2 kmməsafədə uçan təyyarələri, helikopterləri, həmçinin zirehli maşınları siradan çıxarmaq mümkündür. ABŞ Konqresində adı hallanan bu silah həmdə kütləvi qırğın silahları cərgəsində gedir. Bu silah hədəfə dəyərkən ilkin olaraq güclü yanğın törədir. Buna “nüvə yanğını” deyirlər. Bu yanğının yayılma zərbəsindən obyektin qalıqlarının mərkəzdən 500-600 metr kənara atılır.Qəza nəticəsində şəhid olan vətən oğulları: Allah rəhmət eləsin.
- Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi
- İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror
- Məhəmməd Nəbi oğlu Əsədov – Daxili İşlər naziri
- Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini
- Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili
- Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili
- Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri
- Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini
- İqor Aleksandiroviç Plaviski – QMB-nin prokuroru
- Vladimir Vladimiroviç Kovalyov – QMB-nin Daxili İşlər İdarəsinin rəisi
- Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi
- Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı
- Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-nin müavini
- Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru
- Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant
- Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi
- Alı Mustafa oğlu Mustafayev – telejurnalist
- Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı
- Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator
- Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri
- Gennadi Vladimiroviç Domov – vertolyot heyətinin üzvü
- Dmitri Borisoviç Yarovenko –vertolyot heyətinin üzvü
“Nizami və zərdüştilik”
İstedadlı şair və jurnalist kimi tanıdığımız İbrahim Quliyevin “Nizami və zərdüştilik” kitabı yenicə çapdan çıxıb. Kitab dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri ilə bağlı elmi şuranın qərarı ilə nəşr edilmişdir. Bu qiymətli əsər müəllifin AMEA Şərqşünaslıq İnstitutunda İran filologiyası şöbəsində çalışarkən apardığı onillik araşdırmaların nəticəsidir. Məlumdur ki, zərdüştilik dinşünas, filoloq və dilşünasların öyrəndiyi çox geniş və qədim bir elmi mövzudur. İbrahim Quliyev bu mövzunu filologiya elmləri doktoru, professor, AMEA-nın Şərqşünaslıq İnstitunun direktoru Gövhər Baxşəliyevanın elmi rəhbərliyi ilə işləmiş, nəhayət, sözügedən bu əsər monoqrafiya kimi “Elm və Təhsil” nəşriyyatında nəfis şəkildə çapdan çıxmışdır. Kitab elmi məzmunu, ciddi analizləri və dəqiq nəticələri ilə diqqəti cəlb edir. Alim dünyanın ən qədim dinlərindən olan zərdüştiliyin Nizami Gəncəvinin dini – fəlsəfi baxışlarına, poetik məfkurəsinə təsirini, bədii obrazlarının formalaşmasında rolunu, əsərlərinin ideya istiqamətində yerini dərindən araşdırmışdır. Azərbaycanlıların Novruz mərasimlərində izləri qalmış atəşpərəstliyin əlamətləri, dünya alimlərinin dediyinə görə, sonrakı səmavi dinlər olan yəhudi dininə, xristian və islama güclü təsir etmişdir ( Meri Boys) . Eyni zamanda Şərqdə dini-fəlsəfi düşüncənin formalaşmasında zərdüştiliyin böyük rolu olmuşdur. Təsadüfi deyil ki, III əsrdə Mani özünün dinini məhz zərdüştilik, musəvilik, xristianlıq və bütpərəstlik dini üzərində qurmuşdur. Həmin din indi bəhayilər tərəfindən bir təriqət kimi yaşadılır. Eləcə də zərdüştilik indiyədək Şirazda gəbrilərin və Hindistanda parsların əsas inancıdır və “Avesta” onların müqəddəs kitabıdır.İbrahim Quliyev öz monoqrafiyasında bütün bu qaynaqları lazımınca incələyir və Nizami Gəncəvinin zərdüştiliklə bağlı fəlsəfi fikirlərini dərindən təhlil edərək, müqayisəli metodla zərdüştiliyin digər dinlərə və Şərq poeziyasına təsirini araşdırır. Onu da qeyd etmək lazımdır ki, Nizaminin zərdüştiliklə bağlı fikirlərinin elmi şərhi məsələsi vaxtilə Qafar Kəndli, B. Şəfizadə tərəfindən az-çox işlənmiş və bu mövzunun ədəbiyyatşünaslıq qarşısında bir problem kimi hələ də qaldığı bildirilmişdir. (“Nizami -859”, Bakı, 1992) Çox yaxşı haldır ki, həmin problemin həllinə istedadlı şərqşünas alim İbrahim Quliyev girişmişdir.
Ümumiyyətlə, əsərin elmi əhəmiyyətindən daha geniş danışmaq olar. Müəllif kitabın birinci fəslində Nizaminin dini görüşlərindən və ona nə üçün “Şeyx” ləqəbi verilməsindən ətraflı bəhs edir. Həqiqətən də islam dünyasında “Şeyx” ləqəbi o adamlara verilirdi ki, onlar sufi təriqətlərindən birinin başçısı olur və ya dini icmaya rəhbərlik edirdi. Onun mürşidi olur və müridlər yetişdirirdi. O, bir lider kimi, Quran ayələrinə təfsirlər, şərhlər yazır, islam məntiqini və fəlsəfəsini təlim edirdı. Nizami Gəncəvinin həyat və fəaliyyətində göstərilən şərtləri təsdiq edən konkret tarixi sübutlar olmadığını önə çəkən müəllif mənbələrə istinad edərək bu ləqəbin həm də elm, mərifət, mədəniyyət, ədəbiyyat sahəsində yüksək məharət göstərən şəxsiyyətlərə verildiyini bildirir. Məsələn, Şah İsmayıl Xətainin dövründə “Şeyx” ləqəbini şah özü verirdi və həmin ləqəb irsi olaraq nəslin başqa üzvlərinə də keçirdi. İbrahim Quliyev monoqrafiyanın birinci fəslində bu məsələ üzərində geniş dayanır və bu ləqəbin Nizamiyə verilməsinin şairin sufizmi ilə nə dərəcədə bağlı olub-olmamasını aydınlaşdırır.
Doğrudur, Nizamiyə bu ləqəbin irsən keçməsini də iddia etmək olar; çünki şairin əmisi Abbasilər xilafətinin tanınmış sərkərdələrindən biri olmuşdur. Amma əsərlərində həyatındakı əlamətdar hadisələri qeyd edən Nizami nə lirik şeirlərində, nə də iri həcmli epik əsərlərində bu məsələyə işarə etməmişdir. Yalnız Eloğlu Soytürkün Tehranda nəşr etdirdiyi “Nizami Gəncəvinin türkcə divanı”ndakı bəzi şeirlərdə şair sənətdəki xidmətlərinə görə bu ləqəbə layiq olduğunu bildirir. Lakin həmin divanın Nizamiyə məxsus olub-olmamasının özü hələ ədəbiyyatşünaslıq elmində mübahisə predmeti olaraq qalmaqdadır. Həmin şeirlərdən birində deyilir:
Yüzinə əhli-nəzər cənnəti-əla dedilər,
Çənənə pərtövi-ənvari-təcəlla dedilər.
Zahidin yüzünə baxmadığını eşitcək,
Pərtövi-şəmsi nədir, dideyi- əmma dedilər.
Gördülər məni məhəllində məlamət əhli,
Ey nə bol imiş yönü, əhli-məhəlla dedilər.
Dayələr mehrü məlahətdə yüzünə baxcaq,
Xəlqi-aləm, hamı bu tiflə tüfeyla dedilər.
Əhli-məəni görcək surətin ayinəsini,
Həqq bilənlər, nola bu surətə məna dedilər.
Xəlq artıq yana cənnətdə, cəhənnəmdə əgər,
Sənə filcümlə müşabe olu hura dedilər.
Ey Nizami, görcək nəzmini ərbabi-nəzər,
Yaraşar sənə mürid olmağa, Şeyxa dedilər.
(Nizami Gəncəvi, Türkcə divanı. tərtib. Eloğlu Soytürk, Tehran, 1381, səh. 116)
Şairin adıçəkilən “Divanı”na istinad edənlər onun gənclik çağlarında daha çox sufi məzmunlu şeirlər yazdığını və Sənai Qəznəvi sufizmi ilə xüsusən yaxın olduğunu vurğulayırlar. Nizaminin ilk epik əsəri olan “Sirlər xəzinəsi”nin də məhz Sənai Qəznəvinin “Hədiqətül-həqaiyiq” məsnəvisinin təsiri ilə yaıldığını və lirik şeirlərindəki sufiyanə fikirlərin bu əsərdə inkişaf etdirildiyini qeyd edirlər. Amma İbrahim Quliyev bu deyilənləri birmənalı şəkildə qeyd etmir, polemikaya girərək ortaya fərqli mövqe qoymuşdur. O, Nizaminin bütün təriqətlərdən daha yüksəkdə dayanmasını, ümumbəşəri din və fəlsəfələrin ən humanist dəyərlərini özündə ehtiva edən bir dahi mütəfəkkir olmasını elmi dəlillərlə sübut edir.
Yeri gəlmişkən qeyd edək ki, Tehranda nəşr edilən “Türkcə divan”dan çıxış edənlərin bir qismi Nizamidə sufizm notları yanaşı, onun daha çox şiə məzhəbinin bir nümayəndəsi olmasını qeyd edir və fikirlərinin təsdiqi üçün məhz adıçəkilən divandan şiə məzhəbinin müqəddəslərinə həsr olunmuş mərsiyələri nümunə gətirirlər. İbrahim Quliyev şairin epik əsərlərinin təhlilinə əsasən Nizaminin hər iki məzhəbə eyni dərəcədə ehtiramla yanaşdığını göstərir, mərsiyələrin isə dil və üslub baxımından sonrakı dövrlərdə yazılmasına işarə edir.
Sevdim yenə bir mahı ki, dövran gözəlidir,
Sevdayi-qəmi-eşqi könüldə əzəlidir,
Bustani-canan gülşəninin tazə gülüdir.
Məhbubum, əfəndim kim, onun ismi Əlidir.
(Nizami Gəncəvi, Türkcə divanı.
tərtib. Eloğlu Soytürk, Tehran, 1381, səh. 116)
Alim yazır ki, bu tipli nümunələr zaman-zaman Nizami adına təqdim olunsa da, onların hələlik heç biri nüfuzlu elmi ictimaiyyət tərəfindən təsdiqlənməyib.
Nizami dövrünün sosial-siyasi mənzərəsinə və şairin dünyagörüşünə təsir edən o zamankı dini-fəlsəfi baxışlar sisteminə ötəri nəzər saldıqdan sonra İbrahim Quliyev şairin yaradıcılığında qədim zərdüştiliyin izlərini axtarır. Ümumiyyətlə, Nizami Gəncəvinin əsərlərində zərdüştilikdən qalma müdrikliyin və onların dərin qatlarında isə bu dinə rəğbətin dərin izlərini görürük. Məlum məsələdir ki, hikmətli fikirlər söyləmək ənənəsi atəşpərəstlikdə geniş yayılmışdır. Od, atəş sözündən göründüyü kimi Günəş bu dinin əsas simvolu idi. Şair şeirlərindən birində deyir:
Gəlməz, yüzi şövqilə, Nizami, gözə zülfi,
Hər güşədə kim, pərtövi-şəms ola, şəb olmaz.
Yəni harda ki, Günəş şüası olar, orada qaranlıq ola bilməz. Ümumiyyətlə, Nizaminin söz dünyasına baş vurduqca fikirlər dərinləşir və onun ucu-bucağı görünmür. İbrahim müəllim də dahi Nizaminin söz dünyasına baş vurub, onun dünyasında olan zərdüştiliyə aid bütün dərin fəlsəfi fikirləri üzə çıxarmış və konseptual şəkildə kitabının ikinci və üçüncü fəslində vermişdir.
Müəllif kitabı dərin elmi mülahizələrlə yazmışdır və işlədiyi mövzunun aktuallığını həm də bu günümüzün kontekstində şərh etmişdir: “Nizami “Xəmsə”si bu gün… xeyir və şər qismində təqdim edilən Şərq-Qərb qarşıdurmasının aradan qaldırılmasında da açar ola bilər. Nizami də Zərdüşt kimi bəşəriyyətin xoşbəxtliyinin humanist triadadan-xeyirxah düşüncə, xeyirxah söz və xeyirxah əməldən keçdiyini göstərməklə şər üzərində qələbənin mümkünlüyünü təsdiqləyir”. Müəllifin bu sözləri həm Nizami dühasının möhtəşəmliyini, həm Zərdüşt həqiqətinin daimiliyini, həm də bu günümüzün reallığını özündə əks etdirir. Onu da xüsusi qeyd etmək lazımdır ki, müəllifin dili elə kamil, o qədər elmidir ki, kitabı oxuyanlar ondan məna baxımından zövq aldığı kimi, fikirlərin rəvanlığından və ahəngindən də zövq alır. Müasir elmi ictimaiyyət arasında belə elmi təfəkkürə və poetik dilə malik ikinci alimimizə rast gəlmirik. Olsun ki, İbrahim müəllimin bişmiş elmi təfəkkürü uzun illərki naşirliyi, redaktorluğu ilə, bəlkə də istedadlı şairliyi ilə bağlıdır.
Mən ona elmi axtarışlarında uğurlar diləyirəm və ümid edirəm ki, elmi kitabları ilə ədəbiyyatşünaslığımızı daha da zənginləşdirəcək və şərqşünaslığımıza aid problem mövzuların açılmasında böyük işlər görəcəkdir.
Sənan İBRAHİMOVFilologiya elmləri doktoru, professorİctimai Palatanın Koordinasiya Şurasının növbəti iclası keçirilib
Bu gün İctimai Palata (İP) Koordinasiya Şurasının (KŞ) növbəti iclası keçirilib.Bu barədə APA-ya məlumat verən İP KŞ üzvü Rafiq Manaflının sözlərinə görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, təşkilatı məsələlər və İctimai Palatanın taleyi müzakirə edilib. R. Manaflı qeyd edib ki, İP KŞ üzvlərinin böyük əksəriyyəti hazırkı vəziyyətdə qurumun buraxılmasının əleyhinə olduğunu bəyan ediblər.
İclasda İP-in növbəti sessiyasının vaxtı açıqlanmayıb.
Firudin Ağasıoğlunun “Daşbaba” kitabının təqdimatı keçirilib
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının təşəbbüsü ilə sabiq təhsil işlər naziri, professor Firudin Ağasıoğlunun müəllifi olduğu “Daşbaba” kitabının təqdimatı keçirilib.
APA-nın verdiyi məlumata görə, kitabın elmi redaktoru Seyfəddin Altaylı, redaktoru Həlimə Rzaquliyevadır.
VHP sədri Sabir Rüstəmxanlı bildirib ki, “Daşbaba” kitabı həcminə görə kiçik olsa da, məzmununa görə Türk Dünyası üçün çox əhəmiyyətlidir: “Azərbaycanda da az sayda Daşbaba var. Ağdamda da bir Daşbaba vardı, sonra taleyi necə oldu, bilinmir. Naxçıvanda da daşbabalar vardı. İranla sərhəd açılanda təbliğat apardılar ki, guya daşbabaların içərisində qızıl var, əhali kütləvi surətdə o daşbabaların hamısının başlarını qırdı. Az sayda olan daşbabalar müxtəlif muzeylərə daşınır. Firudin Ağasıoğlu ilk dəfə bu sahədə araşdırma aparıb”.
F.Ağasıoğlu deyib ki, kitab “Facebook” sosial şəbəkəsindəki dostları sayəsində dərc olunub. Onun sözlərinə görə, qədim türk tarixinin izləri bəngüdaş üzərindəki yazılarda, qayaüstü rəsmlərdən göründüyü kimi, türkün daş yaddaşı da min illər boyu ayrı-ayrı bölgələrdə daşdan düzəltdiyi daşbaba, daşnənə, daşat, daşqoç, daşmaral, daşbalıq, daşbağa kimi plastik daş heykəllərdə, fiqurlarda yaşamaqdadır: “Bu kitabda həmin yaşantını əks etdirən sənədlərin izahı verilib. Ön Asiyada 5-6 min il öncə protürk boylarının etnoqrafiyasında yaranan daşbaba ənənəsi buradan türk boylarının köçü ilə Qıpçaq çölü boyunca Avropaya və Altaya yayılıb. Ən qədim örnəkləri Azərbaycan və Türkiyədə olan daşbabalar qədim türk tarixi, etnoqrafiyası, mifologiyası baxımından önəmli sənədlər kimi sistemli şəkildə yeni türkoloji Urmi nəzəriyyəsi işığında araşdırılıb, nəticələr elmi-populyar üslubda verilib”.
F.Ağasıoğlu tüklərin 2 min əvvəl monqollardan ayrılaraq Altaylardan köç etdiyi barədə nəzəriyyənin əsassız olduğunu vurğulayıb: “Altaylar nəzəriyyəsi daşbaba məsələsinə də cavab vermir. Daşbabanın tarixi 6 mindir, ancaq Altaylar nəzəriyyəsi 1500-2000 ili keçmir. Əgər türklərin yaşadığı ərazilərin Cənub-Şərqi Anadolu və Azərbaycan olduğu əsas götürülərsə, bütün suallara cavab tapılır. Söhbət yeni türkoloji Urmi nəzəriyyəsindən gedir. Daşbabalar Azərbaycanda qorunmur, bu abidələri qorumalıyıq”.
Tədbir iştirakçıları daşbaba araşdırmaları ilə bağlı fikirlərini bildiriblər.




“Bu gün azadlığımsan, sabah…”
“Tarixən biz türklər dövlətlər qurmuşuq, bayraqlarımız olub, o bayrağın arxasınca getmişik. Bayraq böyük bir simvoldur, dövlətçiliyin atributudur. Bayraq hər bir azərbaycanlı üçün müqəddəs sayılmalıdır”.
Bu sözləri Sabir Rüstəmxanlı bayraq Günü ilə bağlı fikirlərini bildirərkən deyib: “Üçrəngli bayrağımız Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov kimi böyüklərimizin böyük ideallarının və milli ideologiyamızın nəticəsidir”.
Xalq şairi, bu gün bayrağımıza göstərilən münasibətdən razı olmadığını qeyd edərək, “təəssüf ki, Azərbaycanda bayraq sevgisi biz istədiyimiz səviyyədə deyil. Xüsusən bəzi məmurlarımızda bayraq sevgisi yetərincə deyil, himnə münasibətdən fərqlənmir. Hətta Milli Məclisdə sessiyaların açılışında, bağlanışında hamı ayağa durur, amma bəziləri himni oxumaq istəmir, sanki dodağını yapışdırıblar. Dövlət, özəl qurumlar, vətəndaşlar niyə bayrağı, dövlət atributunu öz qapısından asmasın!? ABŞ-da, Kanadada, hətta Avstraliyada bayrağa xüsusi hörmətin şahidi oluruq. Türkiyədə bayrağa sevgi daha böyükdür. Bayraq evlərin, şəhərlərin, binaların bəzəyidir. Azərbaycanda da bayraq evlərin, binaların, şəhərlərin bəzəyi olmalıdır”, – deyib.
“Bayrağım”
Başımızın üstündə dalğalanan, dev bayrağım!
Yarı torpaq, yarı göy, yarı alov bayrağım!
Dalğalan, qoy havanla Bakımız küləklənsin,
Düşmənin gözü çıxsın, sevənlər ürəklənsin!
Bu məğrur ucalıqda tarixin ərintisi,
Səni kəfən yerinə geyənlərin gur səsi!
Səni ümid yerinə qəlbində gizləyənlər
Əsarətin, işğalın sonunu gözləyənlər,
Səni namus səngəri, Səni qutsal əmanət,
Səni ocaq sayaraq gizli əzizləyənlər,
Dərindən nəfəs alıb dincəlsinlər süsündən.
Sənə əyri baxanlar dağlansınlar gözündən…
Hava tutqun olanda Ayı çək qucağına,
Ulduzun işıq səpsin yurdun hər bucağına!
Mavi – türklük şərəfim, varlığımız əbədi!
Yaşıl – dinim, imanım, Sevgimizin Məbədi!
Qırmızı da al qanım, axdı vətən yolunda,
Əsarət zəncirini atmaq üçün qolumdan!
Ucal başımız üstə, ruhumuz kimi ucal!
Qanadlanan eşqimiz, duyğumuz kimi ucal!
Dünən səni cıraraq ayaqlara atanlar
Qızıldan tökdürərək oxşasın sinəsində!
Xəzər səndən rəng alsın, sən Xəzərdən coşqunluq.
Yurdumun üzü gülsün bu birlik nəğməsindən!
Sən Günəşə qalxsan da, bu torpaqdı beşiyin,
Daha sənə əl çatmaz dursalar da qəsdində.
Bu gün azadlığımsan Bakının göylərində,
Sabah da bütövlük ol, ucal Təbriz üstündə!
“İran vədinə sadiq qalacaqsa, buna sevinmək lazımdır”
Sabir Rüstəmxanlı: “Razılaşma bölgədə yeni müharibə təhlükəsini də aradan qaldırır”İran və “altılıq” dövlətlər arasında tarixi razılaşma əldə olunub. Cenevrədə əldə olunmuş razılığa əsasən nüvə proqramının əhəmiyyətli şəkildə kəsilməsinə razı olan İran dövləti nüvə obyektlərinə qərb müfəttişlərini buraxmaq və uranın 5 faizdən artıq zənginləşdirilməməsi öhdəliyini üzərinə götürür.
Həmçinin ABŞ və Avropa Birliyinin İran neftinin ixracatına və səhiyyəsinə qoyduğu embarqo da aradan qaldırılır. Məlumatı İran XİN rəhbəri Cavad Zərif də təsdiqləyib. Qeyd edək ki, hələlik razılaşmanın detalları açıqlanmır. İranın ali dini lideri Ayətullah Xameneyi də nüvə razılaşmasını təqdir edib. Qeyd edək ki, intensiv dörd gün ərzində davam edən danışıqların nəticəsində bazar günü səhər saatlarında tərəflər arasında artıq razılıq əldə olunub. Bu razılaşma İran ilə Qərb arasında on ildən çox müddətində davam edən nüvə probleminin tam şəkildə həllinə yol açır.
Cenevrədəki konfransından çox keçməmiş dünya ölkələrindən İranla altılıq ölkələri arasında bağlanmış razılaşmaya reaksiyalar gəlib. ABŞ prezidenti Barak Obama Ağ Evdən əldə olunmuş tarixi razılaşmaya öz münasibətini bildirib. O, İranla bağlanmış nüvə sazişinin, Tehranın nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətin narahatlıqlarına son qoymaq istiqamətində ilk addım olduğunu vurğulayıb. Təxminən 5 dəqiqəlik nitqində, prezident sazişə, İrana qarşı zəruri məhdudiyyətlərin daxil edildiyini və razılaşmanın “İslam Respublikasının atom silahına aparan yolunu kəsdiyini” dilə gətirib. Habelə Obama İranın dinc məqsədli nüvə proqramı hüququnu tanıyıb”. Ekspertlər bu razılaşmanın İran ilə qərb arasında on ildən çoxdur davam edən nüvə probleminin həllinə yol aça biləcəyini istisna etmirlər.
Vətəndaş Həmrəyliyi Partiyasının rəhbəri, millət vəkili Sabir Rüstəmxanlı deyir ki, əgər İran atom silahı əldə etməkdən imtina edirsə və nüvə enerjisindən yalnız dinc məqsədlər üçün istifadə edəcəyini bəyan edirsə, bunu alqışlamaq lazımdır: “Əslində mən İranda, Türkiyədə, hətta Azərbaycanda da atom elektrik stansiyalarının olmasını istəyərdim. Axı niyə görə Avropa ölkələrində bir-iki yox, hətta onlarla atom-elektrik stansiyası ola bilər, amma müsəlman ölkələrində ola bilməz. Əslində, bu, elmin və texnologiyanın inkişafına ciddi təkan verən bir məsələdir”.
Deputat qeyd edir ki, İran və Türkiyə kimi ölkələrdə böyük çaylar olmadığı üçün su elektrik stansiyaları tikmək imkanları məhduddur. Belə dövlətlərdə atom elektrik stansiyalarına olan tələbat yüksəkdir: “Hesab edirəm ki, gündən-günə əhalisi çoxalan şərq ölkələrində insanların ehtiyacını təmin etmək üçün güclü stansiyaların qurulması faydalı və zəruridir. Eyni zamanda bu, dünyanın xeyrinə olar və neft-qazdan az istifadə edilməsinə gətirib çıxarar. Yenə deyirəm, əgər İran vədinə sadiq qalacaqsa, bu razılaşmaya ancaq sevinmək olar”.
S.Rüstəmxanlı İranın “yumşalmasının” region üçün, xüsusilə də Azərbaycan üçün faydalı olduğunu bildirib: “Razılaşma bölgədə yeni müharibə təhlükəsini də aradan qaldırır. Nəzərə alsaq ki, İran bizimlə qonşudur və əhalisinin təxminən yarısı soydaşlarımızdır, bu halda müharibə bizə yaxşı heç nə vəd etmir. Eyni zamanda Əfqanıstan, İraq kimi dövlətlərin də aqibəti göz önündədir. Bu baxımdan məsələnin dinc yolla həllinə müsbət yanaşmaq və dəstək vermək lazımdır”.
Millət vəkilinin sözlərinə görə, razılaşmanın arxasında başqa şey dayandığını və İranın bununla vaxt udmağa çalışdığını demək bir qədər çətindir: “Əslində atom elektrik stansiyasından nüvə silahına cəmi bir addımlıq məsafə qalır. İranın bu addımı atıb-atmayacağını dəqiq deyə bilmərəm. Amma indiki halda məsələ müsbət görünür”.
Firudin Ağasıoğlunun “Daşbaba. Türkün daş yaddaşı” kitabının təqdimatı keçiriləcək
Vətəndaş Həmrəyliyi Partiyası Sizi Prof.Dr. Firudin Ağasıoğlunun “Daşbaba. Türkün daş yaddaşı” (Bakı, 2013) kitabının tanıtım toplantısına dəvət edir. “Qədim türk tarixinin izləri türkün daş yaddaşı minillər boyu ayrı-ayrı bölgələrdə daşdan yapılan daşbaba, daşnənə, daşat, daşqoç, daşmaral, daşbalıq, daşbağa kimi plastik daş, fiqurlarda yaşamaqdadır. Adı çəkilən kitabda həmin yaşantını əks etdirən bəlgələrin yorumu bu bitikdə verilmişdir. Ön Asiyada 5-6 min il öncə prototürk boyları yaranan daşbaba gələnəyi, sonralar Qıpçaq çölü boyunca Avropaya və Altaya yayılmışdır. Ən qədim örnəkləri Azərbaycan və Türkiyədə bulunan daşbabalar yeni türkoloji Urmu teoriyası işığında araşdırılmışdır”.Təqdimat 21 noyabr 2013-cü il tarixdə, saat 14:00-da Vətəndaş Həmrəyliyi Partiyasının Akt zalında keçiriləcəkdir.
Ünvar: Bakı şəhəri, Xətai r-nu X.Rüstəmov küç 1210-cu məhəllə
Telefon: 012 490 66 22Atatürkün daşı,Türk düşmənlərinin başı
Sabir Rüstəmxanlı Azərbaycanın milli şairi, millət vəkili
Elə bil içimi sökürdülər, ürəyimi köksümdən qoparırdılar… Son illərdə belə sarsıntı keçirməmişdim.
Öncə elə bildim bu olay hansısa bir düşmən ölkəsində baş verir; Türkiyədən, türklərdən qisas almaq üçün edirlər bunu; Suriyada, İraqda, Yunanıstanda, Balkanların bir köşəsində unudulub qalmış türk nişanələrindən biriymiş, indi uçurub atmaqla tarix boyu yaşadıqları məğlubiyyətlərin, yenilgələrin intiqamını alırlar.
Sonra bu vəhşiliyin Diyarbəkirdə,Türkiyənin bir il-vilayət mərkəzində, türklüyün çox qədim ocaqlarından birində baş verdiyini duyanda qanım dondu, ayağım yerə yapışdı…
Bəli, Türkiyə cümhuriyyəti torpaqlarında “Nə mutlu türküm deyənə!” yazılmış onbeş-onaltı metrə uzunluğunda tarixi bir daş lövhə, abidə sındırıldı. Qaynaqçılar alov yaya-yaya dəmir bəndləri kəsir, qaldırıcı kran “mutlu”, “türkəm ”, “Atatürk” sözlərini vəhşi bir ehtirasla qırır, dağıdır, çöplük arabasına yığır, tamaşa edənlər bayram edirmişcəsinə əl çalırdılar.
Elə bil Türkiyədə türklüyü uçurur, Oğuz xanların, Metelərin, Çağrı bəylərin, Alparslanların, Osman Qazılərin, Fatehlərin, bu torpaqlarda şəhid olmuş atalarımızın ruhunu yıxıb-yaxır, onların anılarını, bizə miras buraxdıqları nə varsa hamısını birdən torpağa gömür, yox edirdilər…
Televizor da ayrıntıları ilə göstərirdi bu vandalizmi…
Şaşılmışdım… Nə baş verir Türkiyədə? Dövlət çevirilişimi, inqilabmı oldu, yadelli düşmənlərin əlinəmi keçdi ölkə? Türk sözünü dilə gətirmək yasaqlandımı? Türkiyədə türk olmaq utanc gətirdimi? Yüzillər boyu dünyaya yön vermiş şərəfli bir millət bu qədərmi yox sayılır?
Türkiyə qardaş dövlətdir. İçdəki siyasi mübarizələrə, politik partilər arasındakı hakimiyyət savaşlarına qarışmaq, kimisə suçlamaq, olaylara hakimlik etmək bizim işimiz deyil! Lakin mən bir türkəm və bu adın şərəfini qorumaq görəvi həm də mənə aiddir! Bir millət vəkili, siyasi partinin gənəl başqanı, Dünya Azərbaycanlıları Konqresinin eşbaşqanı olaraq dünyada hara getdimsə Azərbaycanın üzləşdiyi haqsızlıqlarla yanaşı, eyni zamanda Türkiyənin sorunlarından danışdım, Türkiyəni savundum, ”türklər soyqırımı yapmamışdır, əsil çoyqırım türkə yapılmışdır” söylədim. Türk düşmənləri o soyqırımı davam etdirirlər… Diyarbəkirdə baş verən də onun bir görüntüsüydü…
Mənim üçün Azərbaycan türkü ilə Anadolu türkü arasında fərq yoxdur. Araya sınır çəkməklə milli kimlik dəyişilməz! Türkiyənin uğurlarına sevindiyim kimi, onun acılarını da öz acım olaraq yaşayıram… Və bir çox suallar var ki, onları Türkiyə vətəndaşları kimi mən də sora bilərəm.
Ey 75 milyonluq Türkiyə, Sən hara baxırsan? Baxırsansa niyə görmürsən? Baxmırsansa gözünü tutan nədir? Atatürkün qurduğu bir dövlətdə onun adı, xatirəsi niyə hər gün yeni sayqısızlıqlara tuş olur? Böyük Atatürk onun qurduğu dövlətin bu günkü yönəticilərinin qarşısında hansı suçun sahibidir? Gizli gedən Atatürkü cuçlama məhkəməsində böyük öndəri savunan bircə nəfər dövlət görəvlisi, rəsmi vəkil yoxdurmu?
Günahı nədir Atatürkün? Bəlkə dünya imperializminin planlarını pozaraq, Osmanlının sonuyla türkün sonuna çıxacaqlarını zənn edənlərin niyyətlərini gözlərində qoyması; türkə düşmən kəsilən Avropa güclərinin hamısının bir yerdə burnunu ovması? Bəlkə Anadolu insanını – türklü, kürdlü, lazlı, cərkəzli, kölə olmaq təhlükəsindən qurtarıb, hamısının başını ucaldan, ləyaqətini qoruyan Türkiyə cümhuriyyətini qurması? Bəlkə XX yüzilin ən parlaq, dahi şəxsiyyətlərindən biri olması? Bəlkə dünyanın məşhur, amma saxtakar liderləri çeşidli adlar altinda öz imperiya təfəkkürlərini davam etdirəndə, onlara dərs verərək, imperatorluqdan imtina edib, öz halal yurduna sahiblənməsi? Bəlkə türkün əyilməzliyini və qüdrətini göstərməsi? Bəlkə dış güclərin etkisiylə Anadoluda düşmən halına gətirilən, didişən param-parça tayfa, əşirət, məzhəb, təriqət qatmaqarışıqlığının yerinə Türkiyəni bölünməz bir bütövə çevirməsi, türk kimliyini qoruyub yaşatması? Bəlkə apardığı demokratik islahatlar, xilafət düşüncəsinin yerinə demokratik təfəkkürü gətirməsi, Doğunun ən sivil, çağdaş, modern bir dövlətini qurması? Bəlkə bütün bunların hamısı? Bir sözlə, dərdiniz nədir sizin?
Vicdanı olan hər kəs bilir ki, soruya çevrilən bu məsələlərin hər biri Atatürkü ötən yüzilin ən parlaq şəxsiyyətinə çevirmişdir! O, türk əsgəridir, məğlubiyyət bilməyən sərkərdədir, liderdir, təkrarsız fikir adamıdir, alimdir, gözəl insandır, dahidir, Türkiyənin qədərini yaşamış bir çox xalqlara yol göstərən xilaskardır… Ötən yüzilin şöhrətli Avropa liderlərinin dar irqçi-nasist düşüncələri dünya savaşlarına və 100 milyondan çox incanın canına mal olduğu halda Atatürk Türkiyəni sülh və barış yoluna çıxardı…
Bir insan öz milləti və dövləti üçün bundan artıq nə eləməliydi ki, onun ruhunu sakit buraxsınlar? Bunların xalqdan və Allahdan qorxuları yoxdurmu?
Gizli məhkəmə dedim. Bəlkə də belə bir məhkəmə yoxdur, ancaq gizli bir əl var. Bu əl gecə-gündüz türk və Atatürk izlərini silməklə məşğuldur. Bir də gözünü açırsan Atatürk hava limanının biletlərində də Atatürk sözünü bula bilmirsən. “İstanbul. Terminal 1 və ya 2”. Vəssalam. Atatürkün daşı çox ağırdır! Ötən yüzildə yadelli düşmənlər qaldıra bilmədilər, başlarına düşdü. Məncə, indi də onu qaldırmağa çalışanlar öz başlarını da düşünməlidirlər…
Türk gəncliyinə andı unutduranların niyyəti onlara fatihə öyrətməkdir ki, türklüyə fatihə oxusunlar…
“Türk” sözü Türkiyədə, eləcə də Azərbaycanda niyə bu qədər qıcıq doğurur? Bəlkə elə düşünürlər ki, illər boyu bizim axırımıza çıxdılar və indi türkə nə qədər istəsələr həqarət edə bilərlər?
Atatürk “türkəm” sözü arxasında yalnız türk etnik kimliyini düşünmürdü, Türkiyədə yaşayan bütün insanların birliyini, bərabərliyini düşünürdü! Bu etnik milliyyətçilik deyildi, vətəndaş millətçiliydi, dövlət təəssübüydü, Türkiyədəki xalqları birləşdirib qorumağın yeganə yoluydu. Amerikan, fransız, ispan qavramları də eyni şəkildə, öz ölkələrində birləşdirici amildir. Həmin ölkələrdə kim bu sözlərə həqarət edə bilər?
Bunu anlamayanlar, zəhmət çəkib, tarixə baxsınlar. Oğuz xan dövlətin başına keçərkən ətrafındakılara “mən sizi oğuzladım” demişdi. Bu, bir işarəylə bütün fərqli etnosların bir anda oğuza çevirmək istəyi deyildi. Bu, o deməkdi ki, “bundan sonra mən sizin hamınıza bir gözlə baxıram”… Osmanlı, özbək isimləri də belə yaranmışdı. Atatürk “türkəm” yerinə nə deyə bilərdi? Anadoluda Şumer, Troya zamanından yaşayan bir türklük var, səlcuqlar onların qədim, ancaq unudulmamış iziylə gəlmişdilər. Bu dövəti quran, qanıyla, canıyla qoruyan insanlar türkdür. Bunu deməklə başqa xalqlar inkar edilmir, Atatürkün dahiliyinin nəticəsidir ki, bu gün Türkiyədə etnik-mədəni kimliklər də yaşayır, kimsə kimsənin özünü kürd və ya bosnak saymasına mane olmur.
Lakin onların hamısını qardaşlıq duyğusuyla ətrafında cəmləşdirib əyilməz gücə çevirən türkdür. Türk hamıya qucaq açıb. İslam dünyasının çeşidli bölgələrində, Rusiyada, Çində zülm görənlər də Türkiyəyə qaçıb, Türkiyəyə sığınıb, türk olmaqla fəxr ediblər. İndi arxayınçılığa çıxandan, məhv olmaq təhlükəsi keçib-gedəndən sonra sığındığın qucağa təpik atmaq nankorluqdur. Bu gün türk sözünü inkara qalxanların Qurtuluş savaşındakı düşmənlərdən heç bir fərqi yoxdur! Ölkədə demokratiyanı gəlişdirmək bəyanatları, çeşidli açilımlar bir xalqı dirçəldib başqasını boğacaqsa bunun nəyi demokratiyadır? Türkü inkarla, adını dilə gətirməməklə başqa xalqların silahına və hər cür tələbinə boyun əymək qardaşlıq deyil, qardaşlığın axırına çıxmaq, Türkiyəni arasıkəsilməz münaqişələrə sürükləməkdir. Kürdü, lazı, gürcünü, kimi istəyirsiniz böyüdə bilərsiniz, hər xalqa sayğı göstərilməlidir, ancaq Türkiyənin və böyük Türk xalqının kicildilməsi, aşağılanması hesabına yox!
Azərbaycanda heç vaxt türk-kürd ayrılığı olmayıb, qardaş kimi yaşamışıq. Amma bu gün terror başçıları əllərindəki silaha güvənərək, Güney Azərbaycandakı 35 milyon Azərbaycan türkünü yox sayaraq, az qala Urmiyanı da kürd şəhəri hesab edir, Təbrizə də dil uzadırlar. Bu iddialar məcbur eləyir deyək ki, əziz qardaşlar, cinlilər, hindistanlılar sürətlə çoxalırlar deyə, bütün dünyaya və ya bütün qonşu torpaqlarına iddia eləyə bilməzlər! Diyarbəkir yüzillər boyu Azərbaycan türklərinə məxsus olmuş bir şəhərdir, Uzun Həsən zamanında və bir sıra başqa dönəmlərdə Azərbaycanın paytaxtı olub. Çaldıran savaşından sonra on minlərlə Azərbaycan türkü ordan köçüb getdi və etnik tərkib dəyişildi. Bu gün türk sözünü meydandan götürmək olar, lakin Diyarbəkirin tarixindən, havasından, suyundan, dağlarının hafizəsindən silmək olmaz!
Atatürk dünyaya göz yumarkən vaxtı soruşub: “Saat kaç?” Bu, onun son sözləri olub. Bilirdi ki, onun gedişiylə öz saatı dayansa da Türkiyənin, türk xalqının zamanı, yolu dayanmayacaq. Türk sözü Sakadan Balkanlara, Avroasiya boyda bir genişlikdə min illərdir dipdiri yaşayır. Nə yaxşı, Türkiyədə türk sözünə saldıranların əli oralara çatmır…
Anadoluda milli azadlıq hərəkatına rəhbərlik edən azərbaycanlılar
Röyalə Məmmədova
VHP GT sədrinin I müaviniXIX əsrin II yarısı Rusiya türkləri üçün özünəməxsusuluğu ilə seçilən dövrdür. Qafqazın Osmanlı və Avropaya yaxın olması bu regionda yeniləşmə,modernləşmə ideyalarının yayılmasına səbəb olmuşdu. Fransa burjua inqilabı (1789-1794), Volter , eləcə də digər müəlliflərin əsərləri çox millətli dövlətlərə öz təsirini göstərməkdəydi. Xüsusən də Avropada təhsil almış ziyalılar prosesləri öz ölkələrinə daşımağa cəhd edirdilər. Qafqazda XIX əsrin II yarısında təkan götürən proseslər XX əsrin əvvəllərində güclənir. Əgər bu dövrdə Qafqazada milliyətçilik hərəkatı dağınıq idisə , Osmanlıda bunun əksi olaraq təşkilatlanmış şəkildə fəaliyyət göstərilirdi. Anadoluda türk milliyətçiliyinin idarə olunmasında Qafqaz türklərinin böyük rolu olmuşdur.
Həm Qafqazda ,həm də Osmanlıda bu baxımdan fəaliyyətdə bulunan şəxslərdən biri Əhməd bəy Ağaoğlu , digəri Əli bəy Hüseynzadə olmuşdur. Əli bəy Hüseynzadə “İttihad və Tərəqqi”nin qurucularından olmuşdur. Bu iki şəxs uzun müddət birgə çalışmışdır. Bu baxımdan onların məktublaşması diqqəti cəlb edir.
Qeyd edim ki, məktubların sayı 15 ədəddir. Bunlardan 2-si fransızca, qalan 13-ü isə türkcədir. Məktublardan 3-ü 1922-ci il, 5-i 1923-ci il ,5-i 1931-ci ildə yazılmışdır. Fransızca məktubların isə dəqiq tarixi yoxdur. Məktubların hamısını vermək imkanımız olmadığından lazım bildiklərimi diqqətinizə çatdıracam.
Məktub-1. Əhmət bəydən- Əli bəyə:
Əziz yoldaşım,Əli bəy, məktubunuzu aldım. İstanbuldan ayrıldıqdan sonra ətrafınızda bir boşluq olduğunu və bu boşluğu doldura bilməməyinizdən şikayət edirsiz. Əziz yoldaşım, son 4 il bütün Türk dünyası üçün dərəbəylik dövrü olmadımı? Biz burada daim mübarizə içində sərxoş olarkən, sənin sakit ruhunun özünə ümid yeri tapdığına əminəm. Türkün əbədi aşiqi olan Əli bəy Hüseynzadə heç vaxt türkdən ümidini kəsməz… Ümid edirəm ki, biz bu mübarizədə məğlub olmayacağıq.
Uşaqlarım haqqında etdiyiniz lütflərə görə sənə və Hatiyə xanıma minnətdaram. Oraya özüm gəlmək istəyirdim, lakin alınmadı. Xanımınza salamlarımı çatdırın.
(Ağaoğlunun bəsh etdiyi dövr Milli Azadlıq hərəkatının son dövrləridir. 1918-ci il ingilislərin baskınından sonra aralarında Əhmət bəyin də olduğu bir qrup ziyalı və millət vəkili Maltaya sürgün edilmişdi. Sürgündən qayıtdıqdan sonra Anadoluya keçərək Atatürkün yanında milli mübarizəyə başlayır. Ankara hökümətinin qərarı ilə Mətbuat və İstihbarat Ümum Müdiri və Hakimiyyəti-milliyə qəzetinin baş yazarı olur. Bu zaman təsadüfən sürgündən qurtulan Əli bəy isə Universitetdə müəllimlik edirdi. )
Məktub-2. Əhmət bəydən:
İndiyənə qədər sizə məktub yazmamağımın günah olduğunu bilirəm. Amma üzərimə aldığım vəzifənin ağırlığı mənə dostlarımı düşünməyə vaxt və hüzur vermir. Əlhəmdülillah mübarizəmizin uğurla getməsi bizə nəfəs almağa imkan verdi. Allaha minlərcə şükürlər. Türklük tarix səhnəsinə daha möhtəşəm sima ilə çıxır. Sən türklüyü yeni üfüqlərə aparacaq, bunu aşılayacaq amillərdən birisən. Bu həqiqəti dostların heç vaxt unutmadı və əmin ol ki, həm fəlakətli ,həm də məmnun zamanlarda xatirən heç vaxt qəlblərdən silinməmişdi. Son 4-5 ildə sıxıntılar içində olduğunuzu hamımız bilirik, lakın hamı eyni drumda olduğundan kömək edə bilmirdik. Amma ümid edirəm ki, bundan sonra hər şey yaxşı olacaq.
Sürəyya və Tazə xanımı övlad olmaq üzrə sənə həvalə edirəm. Təhsillərini natamam buraxmamaq üçün İstanbula göndərmək məcburiyyətində qaldım və səndən başqa güvənəcəyim yer tapmadığımdan sən və Hatiyə xanımı zəhmətə salmalı oldum. Onları qəbul etməniz məni əvəzi ödənilməyəcək qədər minnətdar etdi.Bu məktubla sənə 350 lira göndərdim. Bu məbləğdən 115 lirasını Əbdürrəhmanın oxuduğu məktəbin idarəsinə təslim etmənizi xahiş edirəm. Geridə qalan 235 liradan 120-ni qızların iki aylıq masrafı üçün qəbul edin. Qalan 115 lira da uşaqların özlərinə bəzi əşyalar alması və xərclikləri üçündür.
Artəq uşaqlar sənindir. Bilirsən ki, mən insanda əxlaqa ,mətanətə üstünlük verirəm. Mən türk qızlarının sərbəst olmalarını, həyata qarışmalarını,ictimai işlərdə fəal olmalarını diləyirəm. Qızlarımın da bu istiqamətdə hazırlanmalarını istəyirəm. Amma sərbəstlik və hürriyyətin intizamsız şəklə gəlməsini istəmirəm. Qardaşım,artıq onların atası sənsən,hər şeyi sən yaxşı bilərsən. Öz uşaqlarınızla necə davranırsınızsa onlara da elə davranın. Artıq onları sizə, sizi də Allaha tapşırıram. Xanımlara salamlarımı çatdır. Uşaqların üzlərindən, gözlərindən öpürəm.
(Bu məktubda Ağaoğlu daha ümidlidir və işlərin yoluna girdiyini deyir. Çünki bu məktubub yazılmasından 6 gün əvvəl Türkiyə ilə İngiltərə arasında Mudanya sülh müqaviləsi imzalanmışdı.)
Məktub-3.
Əziz qardaş,məktubum cavabsız olan üçüncüsüdür. Başqa adam olsaydı inciyər,bir daha yazmazdı. Amma səni tanıdığım üçün insafa gətirəcəyimə əminəm.
Mustafa Kamal Paşa Həzrətlərindən İstanbul Türk Ocağı üçün 3 min aldığımızı əlbəttə ki, qəzetlərdən oxudun.O qüvvətli bir türkçüdür. Həmdullah tezliklə ocağın açılış mərasimində iştirak etmək üçün İstanbula gedəcək. Mən də getmək arzusunda idim. Amma hələlik hökumət mənim buradan ayrılmağıma razı olmur. İnşallah sülhə nail olandan sonra hamımız birləşib əvvəlki işlərimizə qayıdarıq. Səni buraya gətirtmək istəyirik, razısanmı?
(Bu məktub türk ocaqlarının tarixi baxımdan önəmlidir. İngilislər İstanbulu işğal etdikdən sonra Türk Ocaqlarını bağlatmış və üzvlərini Maltaya sürgün etmişdilər. Qələbədən sonra buna son qoyulur və Türk Ocaqları yenidən fəaliyyətini bərpa edir.)
Məktub-4.
Əzizim Əli yoldaş!
Sən qocalmırsan. Bunun səbəbini bizə də öyrədə bilərsən? Ağ saçların əhəmiyyəti yoxdur. Vay halımıza ki, ürək qocalmağa başlasın. Xoşbəxtsən ki, yaxşı bir dərman tapmısan. Narahat olmamaq və gənclik qaydalarını tez mənimsəməmək!
Amma düşünürəm ki, bir az aktyorluq edirsən. Əli bəy düşünmədən, narahat olmadan mühitə laqeyd qala bilərmi? Yeni fikirləri mənimsəməyə gəlincə ,əzizim, bu qəlb qocaldısa heç nəyin faydası yoxdur. Yataqdan əzgin, öskürərək qalxanda o fikirlər də unudulur. İstanbulun halından və bəzi tanışların düşdüyü vəzyətdən danışırsan. Bu ağır hadisədir. Amma ,əzizim, viran olmuş Anadolunu görsən şəfqətinin bir hissəsini də bura verərsən. Məruz qaldığın durumun mən burda daha şiddətlisi qarşısındayam. Üstəlik də acizəm.
Məktub-5.
Bəzi yerlərdən İstanbul məbusluğuna namizədliyimi irəli sürməyim tövsiyyə olunur. Paşa həzrətlər də məsləhət görür. Amma mən hələ qərar verməmişəm. İstanbuldan millət vəkili seçilmiyəcəyimə əmin olduğum üçün tərəddüd edirəm və sizin fikrinizi bilmək istərdim. Nə düşünürsünüz? Şansım nə qədərdir? Namizədliyimi irəli sürsəm kömək edəcəyinizi vədd edirsinizmi? Verdiyim suallara səmimi və açıq cavablarınızı gözləyirəm.
(Həmin ildə Ağaoğlu Qarsdan millət vəkili seçilir)