Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • Bu gün Milli Şura möhtəşəm mitinq keçirdi (Video- Foto)

    Müxalif Milli Şuranın oktyabrın 27-də Bakıdakı “Məhsul” stadionunda keçirdiyi mitinqdə siyasi partiya liderlərindən heç kim çıxış etməyib. “Media forum” saytı bildirir ki, aksiyanın tribunası gənc fəalların və Milli Şuranın prezidentliyə namizədi olmuş professor Cəmil Həsənlinin ixtiyarına verilib. Mitinqi N!DA fəalı Nicat Məmmədbəyli idarə edib.

    Mitinqdə çıxış edən AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli, Müsavat Partiyasının fəalı Nərgiz Yaqublu, “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Ülvi Həsənli 9 oktyabr prezident seçkisinin gerçək qalibinin professor Cəmil Həsənli olduğunu vurğulayıblar, hakimiyyətin ünvanına sərt ittihamlar səsləndiriblər.

    Gənclərin ardınca söz alan Milli Şuranın prezidentliyə sabiq namizədi Cəmil Həsənli qurumun sədri Rüstəm İbrahimbəyovun salamlarını çatdırıb və aksiyaya qoşulanlara minnətdarlığını bildirib. O, 9 oktyabr prezident seçkisinin nəticələrinə toxunaraq qeyd edib ki, Azərbaycan xalqı seçki günü iradəsini ortaya qoyub və hakimiyyətin rüsvay edilməsinə nail olub: “Mən dəfələrlə demişəm ki, 9 oktyabrdan sonrakı Azərbaycan 9 oktyabra qədərki Azərbaycan olmayacaq və deyil”.

    Cəmil Həsənli deyib ki, Milli Şura, Azərbaycanın aparıcı siyasi partiyaları, gənc fəallar saxtakarlıqla barışmaq niyyətində deyillər: “Oğrulara və korrupsionerlərə Azərbaycanda yer yoxdur”.

    Hakimiyyəti seçki saxtakarlığının davamı kimi xalqdan və beynəlxalq aləmdən gizli şəkildə tələsik andiçmə mərasimi keçirməkdə ittiham edən Cəmil Həsənli daha sonra siyasi məhbuslar məsələsinə toxunub, bir neçə nəfərin, o cümlədən Tofiq Yaqublunun, İlqar Məmmədovun, Qurban Məmmədovun, Əvəz Zeynallının, Mövsüm Səmədovun, “Nida”çı gənclərin adlarını çəkib və onların azadlığa buraxılmasını tələb edib.

    Cəmil Həsənli qeyd edib ki, bütün çətinliklərə baxmayaraq Milli Şura Azərbaycanda demokratiya uğurunda mübarizədən geri çəkilməyəcək və qələbəyədək yoluna davam edəcək.

  • Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

    Bu gün Dövlət Bayrağı Günüdür. 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Gününün Azərbaycanda qeyri-iş günü olan bayramların siyahısına daxil olunması barədə Əmək Məcəlləsinə əlavə edilib.
    Azərbaycanın Dövlət Bayrağının tarixi Azərbaycan Xalq Cümhuriyyətindən qaynaqlanır. Belə ki, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir ki, “Mavi, qırmızı və yaşıl rənglərdən, mərkəzdə ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin”.

    Üçrəngli bayrağın simvolları
    Azərbaycanın dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilir. 
    Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyasını ifadə edir. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə İslam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng həm də simvolik məna daşıyır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir.
    Qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə, müasirləşməni, inkişaf istəyini ifadə edir. Məlum olduğu kimi, XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi. Əli bəy Hüseynzadə yazırdı: “Avropalaşalım, firəngləşəlim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz, özlərinə degil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqları girsin!” Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib.
    Yaşıl rəng – İslam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” əsərində yaşıl rəngin geniş izahını verib.
    Bayrağımızın üzərindəki ay-ulduzun mənası – tarixçilərə görə, Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var. Hətta alim və tədqiqatçıların da bu məsələdə fikirləri üst-üstə düşmür.
    Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstontinopolun gerbi olub. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra həmin gerb Osmanlı İmperiyası tərəfindən İslam dininin bir rəmzi kimi qəbul edilib və həmin dində olan başqa xalqlara da keçib (Bax: M. Əliyev. “Qobustan” jurnalı, 1989, N3).
    Tarixçi Cəbi Bəhramov “Bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur”, – deyə bildirir. Səkkizguşəli ulduzun mənasına gəlincə, bu, “Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada “Azərbaycan” sözü səkkiz hərflə yazılır.
    Tarixçi alim Cəmil Həsənli bildirib ki, ay-ulduz türk simvolları hesab olunur. Qədim türk mifologiyasına görə, ulduzların sayı həmin xalqların taleyində rol oynayır. Ulduzlar səkkiz guşə kimi düzüləndə, həmin xalqın taleyində xoşbəxt hadisə baş verib.
    Səkkizguşəli ulduzun mənasını AMEA-nın dissertantı Akif Məmmədli isə belə açıqlayıb: “Məhəmməd Əmin Rəsulzadə dövlətin prinsiplərini müəyyənləşdirərkən 8 prinsipə əsaslanıb: bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir”.
    Müxtəlif guşəli ulduzların təsvirlərinin izləri dünya sivilizasiyasının ən qədim məskəni hesab olunan Mesopotomiya ilə əlaqədardır. Bayraqdakı ulduz Azərbaycan memarlıq üslubunda geniş istifadə olunub və səkkiz güşə səkkiz türk xalqının simvoludur.
    Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu M.Ə.Rəsulzadə 1918-ci ildə Azərbaycan Parlamentinin yığıncağında demişdi: “Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur”.
  • VHP Siyasi Şurasının iclası keçirilib.

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Siyasi Şurasının iclası keçirilib.

     APA-nın məlumatına görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, partiyadaxili məsələlər müzakirə olunub və bəzi qərarlar qəbul edilib.

     Qeyd edək ki, mətbuatda VHP Siyasi Şurasının iclasında partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəklədiyi üçün partiyadan uzaqlaşdırılması ilə bağlı qərar veriləcəyi barədə yayılan məlumatlar təsdiqini tapmayıb.

     Samir Əsədli APA-ya açıqlamasında deyib ki, partiyadan uzaqlaşdırılacağı ilə bağlı məlumat həqiqəti əks etdirmir: “Hər həftə partiyanın Siyasi Şurasının iclası keçirilir. Bu gün keçirilən iclasda da ictimai-siyasi vəziyyət, partiyadaxili nizam-intizamın yüksəldilməsi və digər məsələlərlə bağlı qərar qəbul edildi. O ki qaldı yayılan məlumata, yalnız onu deyə bilərəm ki, partiyadan uzaqlaşdırılacağımla bağlı qərar veriləcəyini mətbuat özündən yazıb”.

     VHP funksioneri partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) tərəfindən ona hər hansı xəbərdarlıq olmadığını da qeyd edib: “Mənə hər hansı xəbərdarlıq olunmayıb. Komissiyanın sədri Felmar Ələkbərovun fikirləri təhrif olunub. O, sözügedən mətbuat orqanı ilə mənim yanımda danışıb və elə bir fikir səsləndirməyib”.

     MNTK sədri Felmar Ələkbərov da APA-ya açıqlamasında S.Əsədlinin fikirlərini təsdiq edib. O, yayılan məlumatın yanlış olduğunu vurğulayıb: “Deyilən sözü olduğu kimi yazmaq lazımdır. Mən dedim ki, özüm də daxil olmaqla, partiyada 6 nəfər Milli Şuranın üzvüdür. 20 min nəfərdən ola bilər ki, 6 nəfər hansısa təşkilata meylli, radikal olsun. Biz Cəmil Həsənlini bir alim kimi, prezidentliyə namizəd kimi dəstəkləmişik. Seçki qurtardı və partiya da partiyalığında qalıb. Sabir Rüstəmxanlı bizim rəhbərimizdir, Samir Əsədli isə onun yetişdirməsidir. Sabir Rüstəmxanlının Samir Əsədlini partiyadan qovmaq, çıxarmaq kimi fikri yoxdur. Yeri gələndə, tənqid edir ki, bunu belə eləmə, onu eləmə. Çünki onu Sabir Rüstəmxanlı yetişdirib və yetkin gənc edib. Jurnalistlər bilmirəm sözü niyə başqa cür yazırlar. Mən sözü olduğu kimi deyirəm. Partiyanın rəhbəri Sabir Rüstəmxanlıdır, mən ona və onun ideyasına görə bu partiyadayam. Cəmil Həsənlini partiyanın bütün üzvləri deyil, 6 nəfər Milli Şuranın üzvü kimi biz dəstəkləmişik. Samir elə bir iş görməyib ki, onu partiyadan çıxarsınlar. VHP və Milli Şuranın üzvü, bir vətəndaş kimi fikrini bildirib”.

     F.Ələkbərov MNTK tərəfindən S.Əsədliyə xəbərdarlıq olunması barədə məlumata da münasibət bildirib. O, fikirlərinin təhrif olunduğunu iddia edib: “Sözü deyəndə təhrif edirlər. Samir Əsədliyə gördüyü işlərə görə, gündə 50 dəfə xəbərdarlıq edirlər. Samir Əsədli partiyaya gələndə xam uşaq idi, Sabir Rüstəmxanlı onu yetişdirib az qala siyasi xadimə çevirib”.

  • Özünü tanımayanların sözü

    Nəsimi Şərəfxanlı

    Sabir Rüstəmxanlının YOL karvanına kənardan yönələn səslər

    Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlənın son yazısı üzərində çox düşündüm. Dəyərdimi? “Üstümə küçüklər hürür” deyən fikir adamımızın bu cavabı verməsinə ehtiyac var idimi? Özü Sabir bəyin bir Sözü dəyərində olmayanlara qələm sərf etmək heyif deyildimi?…

    Cavabı S.Rüstəmxanlının özündə tapdım: “Söz var deməsən, ürəyini deşir. Düzdür, deməmək can rahatlığıdır; ağzını açan kimi yüz qulp qoyacaqlar, çünki sözü söz tərəzisiylə ölçən azdır, hərə mənsub olduğu dairənin və ya öz mədəni səviyyəsinin gözüylə baxır sözə: yumşaqdırsa, niyə yumşaqdır, sərtdirsə, niyə sərtdir və s… Ancaq mən sözü öz vicdan ölçülərimlə dəyərləndirməyə və gizlətməməyə öyrəşmişəm. Olanımız sözdür! Onu da içimizdə axtalayıb danışsaq, bu millətin sözü qısırlaşar və gələcək nəsillər bizi lal-kar hesab edər…”  Bu Sabir Rüstəmxanlının  “Dövlətçilik əxlaqı və ya “bizim olmayan” adamlar” ….. başlıqlı məqaləsinin girişindəndir. Məq  alənin yazılma tarixindən(22 may 2013-cü il) o qədər də uzun zaman keçməyib. SÖZün gücünü güc bilən SÖZ ADAMInın SÖZÜ təsdiqləndi…

    Söz müqəddəsdi. Öncə SÖZ yarandı… Yaradanın bir «ol» sözündən yarandı hər şey, yaradılanlar özləri yaratmaq eşqinə düşdülər.. Sonra beynin çevrədən dərk etdiyi nəyəsə ad verdi İnsan və özü Söz yaratdı. Sanki yaratdığının sehrinə düşdü, gözəlliyinə, gücünə vuruldu insan. Bu vurğunluq sehrində yaşaya-yaşaya yaratdı, yarada-yarada yaşatdı. Yaradanın SÖZün deyənlərin özünə də yaradıcı, Aydın insan dedik. Yalnız yazıb, yaratmadılar, həm də gərəkən anda qələmlərin silaha çevirib “demə şairinki dil davasıdı, şapalaq vurmağa əlimiz də var” mesajı verdilər.
    Əslində bu bir savaşdır, səngərlər qazılmasa da, əlimizdə silah olmasa da itkimiz-ölənimiz, döyülənimiz, tutularaq əsir alınanımız var. Ortada iki ordunun savaşı gedir. İllərdir millətinin və dövlətinin adına haqq bildiyi bütün mövqelərin ən sərt məqamında Sabir bəyi gördük. Keçilən yolda həbs də oldu, təqib də, işgəncə də, təhqir də…Qara vicdanlarını qara əməllə ortaya qoyanlar Millətin Söz Adamını buxovlamağın mümkün olmadığının fərqinə varmadılar. Milyonlarla kapitala, minlərlə boynuyoğunlara, zor və işgəncə aparatına, daha nələrə, nələrə sahib olanlar bir söz adamının qələmi qarşısında aciz qaldılar. Ötən illər ərzində nələr yaşamadıq ki… harda Azərbaycan, Demokratiya, Vətəndaş söhbəti oldusa o söhbətlərin başında Sabir bəy də oldu…
    Nə zaman rejim azadlığa, millətə qarşı durdusa, cismi və əqidəsi ilə dəyənəyə və zorakılığa qarşı Sabir bəy gördük… Ölümü, şəri, həbsi göz önünə alıb çıxdı bu yola. «Çeynənən bir millətin haq bağıran səsi» kimi hər kəsi susdurdu. Xalqının qolundakı buxovları qırmaq üçün mübarizəyə qalxan Sabir Rüstəmxanlı bu yolda hansı məşəqqətlərə məruz qalmadı ki… Haqqında hansı iftiralar səsləndirilmədi ki… Bu vətəni qarşılıqsız sevən Sabir Rüstəmxanlıya qarşı sapı özümüzdən olan baltalar hansı çirkin işlərdən çıxmadılar ki… Ancaq heç bir haqsızlıq Sabir Rüstəmxanlının vətəninə olan sevgisini azaltmadı, mübarizəsinin kəskinliyini azaltmadı. Əksinə, namərdlərin acığına Sabir Rüstəmxanlı bu millət mübarizənin hər zaman önündə oldu! Bu gün də önündədir!

    … «Sizlərdən heç biri bir başqasının içində yaşadıqlarını duymazsınız. Onun çətinliklərini təsəvvür etdiyiniz halda bilə bilmədiyiniz kimi…” bu  da səmavi kitabdan-İncildəndir.

    …Ömür kitabını rus imperiyasına açıq savaş açdığı vaxt hələ qələm tutmağı bacarmayanlar indi əllərinə daş alıblar. Yenə də daş atan səhvinin və günahının fərqində deyil. Kimsənin adını çəkmək fikrində deyilik. Onsuz da bu zümrə fitini o qədər dəqiq notlarla tanıyır ki, öz sözünü götürəcək. Həm də adlarını çəkib də nə deyisiyik ki? Bunlara “Yol daşını yol quşuna atma, qardaş, kərəm eylə” demək də olmur, çünki qardaş dediklərimizin ata gözündə gördüklərini tanıdığımız andan düşmən bildiklərimizin cəbhəsində yer alan görmüşük. Anlayan üçün hər şeyi dəqiq ifadə etdik. Qanmayansa qanmayacaq boğsan onu dəryada…

    … Daş atan günahını bilməsə də cəzasını çəkəcək. Amma biz də günahsız deyilik. Bəzən YOL karvanımıza kənardan yönələn səsləri yerindəcə kəsmədik. Halbu ki, bəzilərinin tək sözün yox qulağın da kəsmək az olardı…O qulağı ki, şəklənib haqq deyənlərin də sözün nahaqqa yozub ağzına gələni danışır və qanmır ki, nə Sabir bəy millətinin bir gəncinin (özü də şərəfli, mübariz bir gəncinin) sözünə sərt reaksiya verəcək diktatordur, nə də özünü tanımayanların sözüylə yolunu dəyişəcək YOL ADAMI…

    … Sovetin qılıncının dalı da qabağı da kəsəndə Meydanın önündə olan, QKÇP qiyamında cismən özünü fəda edən, millətin şərəfi naminə Şöhrət ordenindən imtina edən bir İnsana indi deputat mandatı, filanla misallar gətirirlər. Ay yazıqlar, Sabir rüstəmxanlıya xalq şairi adı verilməyib o XALQIN ŞAİRİ olub. Sabir Rüstəmxanlıya deputat mandatı verilməyib o MİLLƏTİN VƏKİLİ olub. Qafası və ruhu yad maya ilə yoğrulan ağalarından aldıqları sifarişin fərqinə varmayanlar huşun başın o qədər itirib ki, iblisi biət, yalanı haqq məqamında görür. Amma belə sərgərdanlar üçün tarixin ibrət dərsi var. Ziyalı və hakimiyyət münasibətləri tarixin bütün dövrlərində mürəkkəb olub, çünki sənətkarlar, yazıçılar, alimlər, istedad sahibləri seçilmiş, millətə şöhrət gətirən adamlardır. Bu, kiminsə istəyindən asılı deyil, Allahın iradəsidir. Belə adamlar, onların daxili azadlıqları təbii şəkildə yaranmış bir ənənəylə toxunulmazdır və qorunmalıdır. Ziyalı cəmiyyətin barometridir, millətin əsəb nöqtəsidir, ona kobud əllə toxunmaq olmaz.

    Burası da var ki, əsil namuslu, millətinin ruhunun tərcümanı olan yazıçı ilə hakimiyyətin konflikti, demək olar ki, həmişə yazıçının xeyrinə sonuclanıb… İndi Sabir bəyə öz aləmlərində nələrisə xatırladanlar əvvəl özlərin tanısınlar. Qara qapılar arxasındakı qara vicdanlı rəislərindən sifariş alanlar üçün tək bir məsləhət qaldı: özünüzü tanıyın… Özünü tanıyanın sözünün altında imzası olar…

  • İctimai Palatanın taleyi ilə bağlı qərar noyabrın əvvəllərində keçiriləcək sessiyada veriləcək

    Bu gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) növbəti iclası keçirilib.

    Bu barədə APA-ya məlumat verən İP KŞ üzvü Rafiq Manaflı bildirib ki, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, prezident seçkilərinin nəticələri və İctimai Palatanın gələcək fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

     

    R. Manaflının sözlərinə görə, noyabrın əvvəlində İP-in sessiyasının çağırılması haqqında qərar qəbul edilib. Sessiya qurumun saxlanıb-saxlanmaması barədə yekun qərar verəcək: “İclasda İctimai Palatanın bu vaxta qədər fəaliyyəti təqdir edilib. Lakin Milli Şuranın fəaliyyəti ilə əlaqədar olaraq, İctimai Palatanın sonrakı taleyi, hansı formada fəaliyyət göstərməsi haqqında qərarın verilməsi sessiyaya saxlanılıb”.

  • Bizə diplomat lazım deyil

    İbrahim Quliyev

    Deyilənə görə, yeni hökumətin tərkibinə düşməyən nazirlər bu dəfə də səfir göndəriləcəklər. Ona görə bu dəfə deyirəm, çünki hər dəfə belə olur. Polisdən, məhkəmədən, nazirlik və PA-dan işlərinin öhdəsindən gələ bilmədiklərinə görə xaric edilənlər  adətən əcnəbi ölkələrə Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri təyin olunurlar. Artıq məndə belə bir təəssürat yaranıb ki, bu səfirlik məsələsi Azərbaycan üçün çox vecsiz və mənasız bir şeydir. Daha doğrusu, Azərbaycan hökumətinin heç səfirə- zada ehtiyacı yoxdur, qalıb burada ziyanlı əməllərlə məşğul olmasınlar deyə, bəzi keçmiş məmurların ölkə sınırlarından uzaqlaşdırılması üçün bu bir vasitədir. (Ümumiyyətlə, Azərbaycanda hamı və hər şey vasitədir).

    Deyirəm, bu ingilisin, amerikalının, rusun, almanın, fransızın başı xarabdır ki, bir diplomatı hazırlamaq üçün illərlə çox ağır zəhmət və çox böyük maliyyə xərci çəkirlər. Görəsən, bu ölkələrdə işdən çıxarılan bir polis, prokuror yoxmu ki, ondan səfir düzəldib, uzaq – uzaq ellərə göndərələr. Sonra da ona fövqəladə səlahiyyətlər nə verməyə nə var ki…

    Ümumiyyətlə, bizim səfir göndərilən məmur yoldaşlara heç səlahiyyət verilməsə də, onlar keçmiş vərdişləri üzrə bu məsələni avtomatik həll edə bilərlər. Çün onlar ölkə daxilində olarkən hansı sahəyə rəhbərlik ediblərsə, həmin sahənin elə fövqəladə və səlahiyyətli səfirləri olublar. Məsələn, bu gün hansı rayonun icra başçısı özünü çalışdığı (təbii ki, özü üçün) yerdə fövqəladə və səlahiyyətli səfir hesab eləmir. Yaxud hansı nazir başının üstündə Milli Məclisin qan-tər tökə-tökə qəbul etdiyi qanunu görür. Hər bir nazir istədiyi vaxtda xalqa nota da verə bilər, onunla siyasi-iqtisadi- hərbi- diplomatik  və sair əlaqəni kəsə də bilər. Bu boyda təcrübədən sonra bizim hökumətə nə düşüb ki, ingilis kimi, amerikalı kimi xüsusi diplomatlar hazırlasın, bu işə xərc çəksin, onlara təlimat keçsin və s. və i.a. Əslində, mən heç nazirləri, icra başçılarını, polisləri demirəm, elə hər bir deputatımız, mollamız, şeyximiz də xaricdə səfir işləməyə layiqdirlər. Məsələn, o gün MM-in vitse – spikeri Bahar Muradovanın Amerika ilə diplomatik danışıqlarına şəxsən mən valeh oldum. Bahar xanım çox incə üsulla amerikalıların nəzərinə çatdırdı ki, onlar da Barak Obamanı saxta yolla seçiblər. “Hələ bir üzləri var, bizə irad tutmağa da”, – dedi.  Yaxud bir neçə il öncə rəhmətlik bir deputatımız var idi, deyəsən, adı Şamil idi. Onun çox böyük diplomatik gedişlə Fransanın o zamankı prezidentini susdurması indiyədək heç kəsin yadından çıxmayıb. “Bu Jak Şirak qudurub, onun nə həddi var Azərbaycanın işlərinə qarışır, belələrinin dərhal cəzasını vermək lazımdır”. Rəhmətliyin bu incə diplomatik sözlərini xatırlayanda yadıma o məşhur lətifədəki azərbaycanlı qadının ərinə verdiyi sual düşür: “Nəynən, Alış?”

    Fəaliyyətdə olan başqa bir diplomatımız Elxan Süleymanov (AvroNest PA-nın vitse-prezidenti və Azərbaycan nümayəndə heyətinin rəhbəri) isə  ATƏT sədrinə və AvroNest PA həmprezidentlərinə ünvanladığı məktubunda diplomatiya baxımından son illərin ən uğurlu ifadələrindən istifadə edərək görün necə gözəl bir məktub yazıb: “Siz böhtan və iftiralarla məşğulsunuz, siz Azərbaycanın mənfi imicini formalaşdırmaq üçün əlinizdən gələni edirsiniz, Siz bizim ölkəmizi təxribat və iğtişaşlara sövq edirsiniz…” Və sair.

    Bax, diplomatiya belə olar… Görün polis, prokuror səfir göndəriləndə necə effektiv nəticə alınır. Əldə etdiyimiz son məlumata görə, sabiqliyinin artıq üçüncü-dördüncü gününü yaşamaqda olan müdafiə naziri Səfər Əbiyev də səfirlik həyatının ecazkar dövrünə başlamaq üçün artıq yol tədarükü görməkdədir. Səfər müəllim indiki həmkarlarından fərqli olaraq, hərbi nazir olub, yalnız əmr verib və əmr eşidib. Bundan sonra vay Avropanın halına, Səfər müəllim diplomatik görüşlərdə “icazə verin”, “bağışlayın”, “üzr istəyirəm” kimi ifadələr işlətməcək e… , “ mən əmr edirəm” deyəcək. Məsələn, gedib ATƏT-in binasının qabağında dayanıb, hökmlə qışqıracaq: “ Mən əmr edirəm ki, Azərbaycanda keçirilən 9 oktyabr prezident seçkiləri qeyd-şərtsiz tanınsın,  əks halda “lazım müəllim”dən istifadə edəcəyəm”.             

    Səfər müəllim 20 il ərzində sərhədlərimizi necə qoruyubsa, diplomatik fəaliyyətində də yəqin ki, dövlətimizin imicini o sayaq qoruyacaq. Əsl tapıntıdır bu kişi. Onun dilomatik gücünü bu günlərdə ABŞ səfiri Moninqstarla  görüşündə daha aydın gördük.

    Bir sözlə, hələlik səfir getməyə iki layiqli namizəd var. Çün komandadan iki nəfər vurulub çıxarılıb…

  • VHP üzvləri Türk Şəhidliyi ziyarət etdi-FOTO

    Bu gün saat 11:00-da Vətəndaş Həmrəyliyi Partiyasının  (VHP) rəhbərliyi və fəalları 1918-ci il sentyabrın 15-də Bakının erməni-bolşevik işğalından azad edilməsinin 95 illiyi münasibətilə Türk Şəhidliyini ziyarət edilib.  Həmçinin ziyarətə DAK üzvləri də qatılıblar.

    Mərasim zamanı Azərbaycan torpaqları uğrunda canlarını fəda etmiş şəhidlər bir daha yad edilib, onlarına ruhuna dualar oxunub və abidənin önünə əklil qoyulub. Vətəndaş Həmrəyliyi Partiyasının  sədri, millət vəkili Sabir Rüstəmxanlı çıxış edərək bildirib ki, Türkiyə-Azərbaycan münasibətlərinin tarixində Nuru Paşanın komandanlığı altında Türk-İslam Ordusunun Azərbaycana gəlişi qızıl səhifədir: “Bu bizim xalqlarımızın birliyini bütün dünyaya göstərən bir hadisə idi. Əgər Türk-İslam Ordusu olmasaydı, bu gün Bakı Dərbənd kimi bir rus şəhəri olardı. Əgər Bakı işğaldan azad olunmasaydı, Azərbaycan dövləti indiki sərhədləri daxilində mövcud ola bilməzdi. Ona görə də Bakıda Türkiyə-Azərbaycan qardaşlığını əks  etdirən böyük bir abidəyə ehtiyac var. Bakını erməni-bolşevik işğalından azad edənlərin xatirəsi əbədiləşdirilməlidir. Bu abidə həm Nuru Paşanın qəhrəmanlığını göstərməli, həm də türk əsgərlərinin Azərbaycana gəlişini özündə ehtiva etməlidir. Təəssüflər olsun ki, biz bu günə qədər Türk-İslam Ordusunun Azərbaycan üçün gördüyü işləri əbədiləşdirmək üçün muzeylərin yaradılması, abidələrin qoyulması sahəsində iş görə bilməmişik. Halbuki bizim onların qarşısında bir vəfa borcumuz var. Zaman, illər keçsə də, Nuru Paşanın komandanlığı altında Bakıya gələn ordunun qəhrəmanlığı, tariximizdəki, bütövlüyümüzdəki rolu və Azərbaycanın bugünkü sərhədlər içərisində dövlət qurmasında oynadığı mühüm rol heç vaxt unudulmayacaq”.

     

    VHP Mətbuat və İnformasiya Xidməti


  • VHP Naxçıvan MR nümayəndəsi Fərid Əsgərli ATƏT nümayəndələri ilə görüşüb

    ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının üzvləri Olena Qreçcanyuk və Vida Koren Holm Naxçıvanda səfərdədir. Onlar sentyabrın 17-də müxalifət nümayəndələri ilə görüşüblər.

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri Fərid Əsgərli bildirib ki, görüşdə VHP ilə yanaşı AXCP, Müsavat və Ümid partiyalarının yerli təşkilatlarının sədrləri də iştirak edib: “Əsasən muxtar respublikadakı seçki öncəsi vəziyyət, seçkilərə hazırlıq və müxalifət partiyalarının fəaliyyəti müzakirə edilib. Biz seçki prosesinin ilk günündən, imzatoplama kampaniyasından başlamış hazırkı vəziyətə kimi bəzi məsələləri müzakirə etdik”.

    F.Əsgərli qeyd edib ki, Naxçıvandakı ictimai-siyasi vəziyyət də müzakirə olunub: “Müşahidə missiyasının üzvləri bildirdilər ki, seçkilərin dolğun müşahidəsinə çalışacaqlar”.

  • VHP bəyanat yaydı

    Son günlər baş verən hadisələr, müxalif liderlərə, xüsusən də onların ailə üzvlərinə qarşı baş verən hadisələr, gənclərə qarşı həyata keçirilən repressiya siyasəti ilə bağlı VHP bəyanatla çıxış edib.

    Bəyanatda deyilir: “Milli demokratik qüvvələrə, xüsusilə də gənclərə qarşı hakimiyyətin zor aparatı son günlər daha kəskin addımlar admaqdadır. 22 setyabr mitinqindən sonra AXCP sərdri Əli Kərimlinin oğlunun şərlənərək həbs edilməsi, Milli Şuranın sözçüsü Oqtay Gülalıyevin oğlunun döyülərək bıçaqlanması dediklərimizə sübutdur. Baş verən hadisələrin xarakteri bütün bu əməllərin təsadüf deyil, eyni mərkəzdən idarə olunan siyasi sifariş olduğunu göstərir.Bu həm də birinci hal deyil, zəncirvari zorakı əməllərin davamıdır. Təzəxan Mirələmlininin, Gültəkin Hacıbəylinin və onlarla digər müxalif fəalların timsalında biz bu cür təzyiq üsulunun dönə-dönə şahidi olmuşuq. Hakimiyyət 20 il ərzində iradəsini qıra bilmədiyi insanlara indi övladları – gənclər vasitəsilə təzyiq göstərməyə çalışır.
    Bu gün həbsxanalarda cəza çıkən NİDA-çılar da bu belə bir əcaib siyasətin qurbanlarıdır.
    Vətəndaş Həmrəyliyi Partiyası bütün baş verənləri qətiyyətlə pisləyərək, tezliklə repressiyalara son qoyulmasını tələb edir. “

  • VHP-21 illik şərəfli tarix

    Vətəndaş Həmrəyliyi Partiyasının təsis edilməsindən 21 il ötür. Partiyanın 1992-ci il sentyabrın 26- da Gənc Tamaşaçılar Teatırında təsis qurultayı keçirilərkən irəli sürdüyü “Nicatımız Vətəndaş Həmrəyliyidir” şüarı bu gün də Azərbaycan siyasi mühatində ana xətt kimi öz əhəmiyyətini saxlamaqdadır. O zaman VHP tərəfindən Azərbaycan cəmiyyətinə gətirilən “vətəndaş həmrəyliyi”, “vətəndaş birliyi”, “milli birlik” kimi ideoloji prinsiplər aradan illər keçəndən sonra genişlənərək böyük ictima gücə çevrilmişdir. Çünki VHP heç bir siyasi şəraitdə öz siyasi xəttindən yayınmamış, əqidə və məslək yolundan dönməmişdir. Tarix regionda baş verən mürəkkəb ictimai-siyasi proseslər fonunda vətəndaş həmrəyliyinin Azərbaycan cəmiyyəti üçün ən düzgün ideologiya olduğunu dəfələrlə sübut etmişdir. Bu gün Azərbaycanın bütün siyasi qüvvələri, hansı düşərgəyə məxsus olmasından asılı olmayaraq, dövlətçiliyimizin xilasının məhz vətəndaş həmrəyliyindən keçdiyini etiraf etməkdədirlər.

    Bu,VHP-nin zamanı nə qədər qabaqladığını, öz strateji məqsədlərində hədəfə nə qədər yaxın olmasının göstəricisi sayıla bilər. Vətəndaş Həmrəyliyi Partiyası məhz bu uzaqgörənliyi sayəsində xalqımızın dərin rəğbətini qazanmış, on minlərlə insanın əqidə ocağına çevrilmişdir. Bu gün VHP-nin səksənə yахın rаyоn təşkilatında 20 minə yaxın insan birləşib. Müstəqilliyimiz başlayan dövrdən pаrlаmеntdə təmsil оlunаn VHP hazırda dеmоkrаtik qüvvələr düşərgəsində öz yеri olan pаrtiyаlаrdаn biri sayılır.

    Azərbaycan milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin VHP yaranarkən söylədiyi fikirləri tarix dönə-dönə təsdiqləmişdir: ” VHP-nin Nizamnaməsindən və Məramnaməsindən də aydın görünür ki, partiya Azərbaycanda Vətəndaş Həmrəyliyi, milli birliyin, qarşılıqlı anlaşmanın bərqərar edilməsi kimi nəcib və son dərəcə lazımlı işə xidmət edir. Məlumdur ki, indi həmrəyliyin və birliyin Azərbaycandakı bütün hərəkat və cərəyanların, partiya və cəmiyyətlərin, respublika vətəndaşlarının hamısının mübarizə şüarına çevrilməsinə çox böyük ehtiyac var. Qarşısına bu cür pak məqsəd qoyan partiyanın durmadan möhkəmlənəcəyinə və xalq tərəfindən hər zaman müdafiə olunacağına şübhə etmirəm”. Həqiqətən də bu gün respublikamızda VHP-siz hər hansı siyasi prosesi təsəvvür etmək mümkün deyil.

    VHP-nin bir çox üzvləri hazırda İctimai Palata və Demokratik Qüvvələrin Milli Şurasında təmsil olunmaqdadır. Hədəf Azərbaycanda tam demokratiyaya, insan haqlarına, söz azadlığına nail olmaqdır.

    VHP bu siyasi kursu sonadək davam etdirməkdə qərarlıdır.