Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • Anar Niftəliyev: “Bütün məsələlər aydınlaşdırılmalıdır”

    Sentyabrın 20-də Bakıdakı “MediSina” Tibb Mərkəzində cərrahiyyə əməliyyatına hazırlıq zamanı vurulan narkozdan keçinmiş tənqidçi Elnarə Tofiqqızının həyat yoldaşı jurnalist Anar Niftəliyev sentyabrın 26-da “Media forum” saytına verdiyi açıqlamada gələn həftə Səhiyyə Nazirliyinə və Baş Prokurorluğa müraciət edəcəyini deyib: “MediSina” Tibb Mərkəzinin həkim heyəti sentyabrın 24-də dindirilib. Həkimlərlə yanaşı baş həkimin də izahatı alınıb. Hələlik cinayət işi açılmayıb. İşi Nəsimi rayon prokurorunun köməkçisi İsmayıl Rövşənov araşdırır. Sentyabrın 25-də qayınatam Tofiq İmanquliyevlə birgə Nəsimi Rayon Prokurorluğuna getmişdik. Baş verənləri əvvəldən sona kimi danışdıq. İfadə ancaq cinayət işi qaldırılandan sonra alınacaq.

    Prokurorluq ekspertizanın rəyini gözləyir. Amma ekspertizanın ilkin rəyi var. İlkin rəyə görə, ölümün səbəbi kimi nəfəs çatışmazlığı göstərilir. Bu məlumat mətbuatda gedəndən sonra bəziləri elə yozdular ki, guya Elnarənin nəfəs çatışmazlığı hansısa xəstəlikdən yaranıb. “Nəfəs çatışmazlığı” ifadəsini tibbi termin kimi işlədirlər. Narkoz veriləndə Elnarənin nəfəsi dayanıb. İndi nəfəs çatışmazlığının nədən yarandığı araşdırılır”.

    Anar Niftəliyev deyib ki, əməliyyat üçün “MediSina” Tibb Mərkəzini onlara məsləhət bilmiş Fərəcullah İdrisovun məsuliyyətdən yayınmağa çalışmasından narahatdır: “Fərəcullah İdrisov yol verdiyi səhlənkarlıqdan sonra utanmaq əvəzinə özünə bəraət qazandırmaq istəyir. Gələn həftə səhiyyə naziri Oqtay Şirəliyevə, Baş Prokurorluğa müraciət edəcəyəm. Çox istəyirəm ki, bu məsələ prezidentin nəzarəti altında araşdırılsın. Çox yüngül hesab olunan və adicə keyidici dərmanla – “Novokain”lə aparıla biləcək 15-20 dəqiqəlik əməliyyat idi. Narkoz verib ağırlaşdırdılar”.

    Bu cür əməliyyatı həyata keçirməyə “MediSina” Tibb Mərkəzində yetərincə avadanlıq olmadığını söyləyən Anar Niftəliyev klinikaya bütün əməliyyatları aparmaq üçün lisenziya verildiyini də qeyd edib: “Klinikanın texniki imkanları bu cür onkoloji əməliyyatlar aparmağa imkan vermir. Elnarə əməliyyat olunan günü xəstəxanaya gələn həkim dostlarımız da mövcud avadanlıqların primitiv olduğunu söylədilər. Yəqin prokurorluq onu da diqqətdə saxlayar ki, “MediSina” Tibb Mərkəzi bu cür primitiv avadanlıqlarla əməliyyata razılıq verib. Bütün bu məsələlər aydınlaşdırılmalıdır.

    Səhiyyə Nazirliyi məsələni birbaşa diqqətdə saxlamalıdır. Ən vacib məqamlardan biri də prokurorluğun klinikadakı şəraiti yoxlamaq üçün hansı addımlar atacağıdır. Başa düşürəm ki, ekspertizanın nəticəsini gözləyirlər. Amma xüsusi hərəkətlilik görmürəm. Deyirlər standart qaydalar var, bunlara əməl olunmalıdır. Nəticələr 10 gün içərisində gəlməlidir. Hələlik yalnız 6 gün keçdiyindən bir söz deyə bilmirəm. Biz şübhələrimizi dilə gətiririk ki, klinikadakı tibbi avadanlıq primitivdir. Sabah klinika rəhbərləri yeni avadanlıq alıb deyərlər ki, əməliyyatlar bu avadanlıqla aparılıb. Səhiyyə Nazirliyindən, ya prokurorluqdan gələn olanda köhnə avadanlığı yox, yenisini göstərərlər. Bu cür hallar baş verməsin deyə prokurorluğun hansı işləri gördüyündən xəbərsizəm”.

    Nəsimi rayon prokurorunun köməkçisi Şəbnəm İbrahimova “Media forum”a açıqlamasında Elnarə Tofiqqızının ölümü ilə bağlı bütün detalların hərtərəfli araşdırıldığını bildirib: “Araşdırmaların sonunda “MediSina” Tibb Mərkəzindəki avadanlığın bu cür onkoloji əməliyyatlar aparmaq üçün yararlı olub-olmadığı aydınlaşacaq. Hələlik araşdırma davam etdirildiyindən konkret bir söz demək mümkün deyil”.

  • VHP Qurban bayramı münasibəti ilə müsəlmanları təbrik etdi!

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Qurban Bayramı münasibəti ilə Dünya müsəlmanlarını və Azərbaycan xalqını təbrik edib.

    Təbrikdə deyilir:  “Əziz həmvətənlər!

    Sizlərin hər birinizi mənəviyyatımızın, milli adət-ənənələrimizin formalaşmasında və qorunub saxlanmasında müstəsna xidmətləri olan Müqəddəs Qurban Bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Tanrımızdan sizlərin qurban və dualarınızın qəbul olunmasını diləyirəm.

    Qurban bayramı İslamın bir din kimi tamamlanması və mənəvi-əxlaqi qurtuluş yolu olaraq insanlara bəxş edilməsi ilə əlamətdardır. Bu mübarək gündə müsəlmanlar Uca Tanrıya yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Hər il ölkəmizdə böyük təntənə ilə keçirilən Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir.

    Əziz bacı və qardaşlarım!

    İnsanları sevgiyə, sülhə, mənəviyyata, barışığa səsləyən ümümbəşər din olduğunu və bütün sivlizasiyaları özündə ehtiva edən İslamın ən müqəddəs bayramı olan Qurban Bayramı münasibəti ilə bir daha təbrik edirəm.

    Əziz Həmvətənlərim ! Bu müqəddəs Qurban Bayramı günündə sizə və ailənizə Allahın xeyir-bərəkəti, rəhm və mərhəməti sizin, sizi sevənlərin və sevdiklərinizin üstündən əskik olmasın. Amin!”

  • ATƏT təmsilçiləri VHP rəsmisi ilə görüşdülər

    Bu gun ATƏT-in Azərbaycanda Seçkileri Uzun Muddətli Müşahidə Missiyasının üzvləri cənab Gottfrid Bramer ve xanim Olqa Budko Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Sumqayit şəhər Təşkilatının sədri Elmar Sadıqlı ilə görüşmüşlər. Görüşdə secki öncəsi ictimai-siyasi vəziyyət, seckilərə hazırlıq və siyasi partiyaların yerli təşkilatlarındaki durum müzakirə edilmişdir. ATƏT nümayəndələri bu göruşü yüksək qiymətləndirmişlər.  Söhbət zamanı İctimai Palanın  Sumqayıt regional təskilatının gördüyü işlər, həyata keçirilən tədbirlər barədə məlumat vərilmişdir. Sumqayitda siyasi partiyalarin qərargahsizliq problemi, müxalifətə edilən təzyiqlər də müzakirə mövzusu olmuşdur.

    VHP təmsilçisi  missiya nümayəndələrinə də öz iradlarını da bildirərək qeyd etmişdir ki, müşahidə missiyasının qərarı həmişə gecikir. “Seçki başa çatır, andiçmə mərasimi keçirilir, yeni prezident fəaliyyətə başlayır, yalnız bundan sonra missiyanın seckilərlə bagli rəyi dərc olunur. Belə gecikmə isə proseslərə mənfi təsir göstərir”.

    E.Sadıqlı gələn müşahidəçilərin Bakı və ya Sumqayitda 1 məntəqəni sona kimi izləməsinin, həmin məntəqədəki vəziyyətdən çıxış edərək seçkilərə münasibət bildirməsinin daha düzgün nəticə çıxarmağa imkan verə biləcəyini vurğulayıb.

    O, məntəqələri 1-2 dəqiqə gəzməklə seçkilərə obyektiv qiymət vermənin mümkünsüzlüyünü də dilə gətirmişdir.

     

    VHP Mətbuat Xidməti

  • Təbriz, Ərdəbil və Urmiyada çoxsaylı edamlar həyata keçirilib

    VHP Diasporla İş Şöbəsinin Güney Azərbaycanda həftə ərzində baş verənlərlə bağlı hesabatı: – Ötən iki həftə ərzində Güney Azərbaycan bir sıra hadisələrlə yadda qaldı. Belə ki, avqustun 12-də Güney Azərbaycanın Əhər, Heris və Vərziqan şəhərlərində yüzlərlə adamın ölməsinə, minlərlə insanın yaralanmasına və on minlərlə soydaşımızın evsiz-eşiksiz qalmasına səbəb olan Qaradağ zəlzələsindən bir il ötdü.

    Bundan əlavə, Zəncanda avqustun 11-i və 15-də keçirilmiş etiraz aksiyalar nəinki Arazın o tayında, hətta dünyada böyük əks-səda doğurdu. Minlərlə soydaşımızın qatıldığı ilk aksiya dinc şəraitdə keçirilsə də, ancaq İran polisi növbəti aksiyaya müdaxilə etdi və baş vermiş toqquşma zamanı onlarla adam həbs olundu. İnsanlar isə sadəcə Zəncam şəhərində fəaliyyət göstərən iki müəssisənin – Sink və Qurğuşun zavodlarının fəaliyyətinin dayandırılmasını tələb edir, hər iki zavodun ətraf-mühitə xeyli ziyan vurduğunu, xərçəng və digər müxtəlif xəstəliklərə səbəb olduğunu bildirirlər.

    Eyni zamanda iki azərbaycanlının daşqalaq edilməklə öldürülmək təhlükəsi qarşısında olduğu barədə məlumat yayılıb. Belə ki, Zəhra Pur Sayi və Əli Sayi Başsız zinada günahlandırılaraq daşqalaq olunmaqla ölüm cəzasına məhkum ediliblər. Bu hökm 2012-ci il dekabrın 16-da onlara elan edilib. Hazırda azərbaycanlı məhbuslar Təbriz şəhərinin mərkəzi həbsxanasında daşqalaq ediləcəkləri günü gözləyirlər. 

    Bundan əlavə, avqustun 12-də Təbrizdə azərbaycanlı jurnalist və yazıçı həbs edilib. İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) bir neçə mülki geyimli əməkdaşı Həmid Zare Məhəmmədinin atası evinə gedərək, məhkəmə hökmünü göstərməklə mənzilə daxil olublar və evdə axtarış aparıblar. Azərbaycanlı jurnalistə məxsus kompüter və bəzi şəxsi əşyalar müsadirə edilib, daha sonra əllərinə qandal vurulan H. Zareni özlərilə aparıblar.

    Həmçinin Təbrizdə 3 azərbaycanlı keşiş – Fərşid Müdərris Əvvəl, Məhəmmədrza Piri və Yaşar Fərzin No ETTELAAT əməkdaşları tərəfindən həbs edilib. Onlar iyulun 11-də tutulsa da, xəbər indi yayılıb. Onların mənzillərində axtarış aparılıb, bir sıra şəxsi əşyaları müsadirə edilib. Hazırda keşişlərin ETTELAAT-ın təkadamlıq kameralarında saxlanıldıqları bildirilir. Onların həbsinin səbəbləri barədə heç bir məlumat verilmir. Bu vəziyyətdən ciddi narahat olan ailələri dəfələrlə əlaqədar orqanlara müraciət etsələr də, ancaq heç bir nəticə verməyib.

    Eyni zamanda azərbaycanlı fəalların növbəti kütləvi həbsi həyata keçirilib. Belə ki, avqustun 22-23-də 15 azərbaycanlı fəal həbs edilib. Onlar Güney Azərbaycan Məşrutə Hərəkatının ildönümünü anmaq üçün Savalan dağında keçirilən tədbirə getmək istəyərkən ETTELAAT əməkdaşları tərəfindən tutulublar. Həbslər Ərdəbil, Xiyov, Əhər və Parsabad (Muğan) şəhərlərində həyata keçirilib. Saxlanılan şəxslər Mənsur Seyfi, Milad Qadiri, Kiyumərs İslami, Səccad Culani, Əli Əhmədi, Meysəm Culani, Əhməd Məhəmmədpur, Mürtəza Qüdrəti, Bəhram Bəradərən, Beytulla Bərzigər, Məhəmməd Xakpur, Cəfər Ağaməhəmmədi, Əli Feyzi, Fəyyaz Kərimi və Əkbər Əbulzadədir. Bundan əlavə, ETTELAAT əməkdaşları azərbaycanlı fəalları həbs edərkən gözləri görməyən S. Culanini təhqir edib və sazını əlindən alaraq sındırıblar. Artıq tutulanların hamısı azadlığa buraxılıb.

    Bundan başqa, tanınmış azərbaycanlı yazıçı-publisistin məhkəməsi olub. Məhkəmə prosesi avqustun 22-də Xiyov İnqilab Məhkəməsinin birinci şöbəsində olub. İbrahim Rəşidi (Savalan) hakimiyyət əleyhinə təbliğat aparmaqda və müxalif qruplarla əməkdaşlıqda təqsirli bilinib. Azərbaycan fəal Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən eyni ittihamlarla mühakimə edilərək 1 il azadlıqdan məhrum olunduğundan Xiyov İnqilab Məhkəməsinin birinci şöbəsi işi birləşdirib. Yəni İ. Rəşidi İranın Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinin də təsdiqlədiyi birillik həbs cəzasını çəkəcək.

    Eyni zamanda tanınmış azərbaycanlı vəkil Cavid Hutənkian avqustun 19-da Təbriz şəhərinin mərkəzi həbsxanasından azadlığa buraxılıb. O, zinada günahlandırılaraq daşqalaq olunmaqla edama məhkum edilmiş azərbaycanlı Səkinə Məhəmmədi Aştianinin vəkili olub. C. Hutənkian 2010-cu il oktyabrın 10-da S. Aştianinin oğlu Səccad Qadirzadə və onlardan müsahibə almaq istəyən iki alman jurnalistlə birlikdə ETTELAAT əməkdaşları tərəfindən ofisində həbs olunub. Əvvəlcə ETTELAAT-ın təcridxanasında saxlanılan vəkilin sonradan Tehranın Evin həbsxanasına köçürülərək işgəncələrə məruz qaldığı bildirilir. C. Hutənkian 6 il azadlıqdan məhrum edilib. Təbriz İnqilab Məhkəməsi ona 1 il, Təbriz Ümumi Məhkəməsi isə 5 il həbs cəzası verib. Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi hər iki qərarı qüvvədə saxlayıb.

    Həmçinin tanınmış azərbaycanlı fəal qandallanaraq xəstəxanaya aparılıb. Belə ki, Ayaq sümüyünə platin yerləşdirilmiş Abdullah (Güntay) Səduqinin ortopedlər tərəfindən müayinə edilməsinə ehtiyac yaranıb. Bir ay əvvəl ayağı şişən azərbaycanlı fəalın müayinəsinə həbsxana rəhbərliyi icazə verməyib. Azərbaycanlı fəalın əli-ayağı qandallı şəkildə xəstəxanaya aparılması onun ailə üzvlərini olduqca kədərləndirib. ETTELAAT əməkdaşları A. Səduqini bu il mayın 13-də evindən aparıb. Azərbaycanlı fəal 2011-ci il avqustun 24-də Təbrizdə iftar mərasimi zamanı Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılması ilə bağlı çıxış yollarını müzakirə edərkən 29 azərbaycanlı fəalla birlikdə həbs olunub. A. Səduqi sonra müvəqqəti olaraq zəmanətlə azadlığa buraxılsa da, məhkəmə tərəfindən bir il azadlıqdan məhrum edilib. O, həmçinin bir il şərti həbs cəza alıb.

    Bundan əlavə, ötən həftə Təbriz, Ərdəbil və Urmiyada çoxsaylı edamlar həyata keçirilib və dara çəkilənlərin arasında azərbaycanlılar da var.

    Bu arada İran dövlət televiziyası il ərzində Urmiya gölünün su hövzəsinin sahəsinin genişləndiyi barədə məlumat yayıb. Xəbərdə bildirilir ki, hazırda Urmiya gölünün sahəsi 3476,94 kv. km-dir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 89,99 kv. km genişlənmə deməkdir. Ötən ilin eyni dövründə Urmiya gölünün su hövzəsinin sahəsi 3386,95 kv. km olub. Bundan başqa, hazırda Urmiya gölündə suyun səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 24 sm qalxıb. Belə ki, indi Urmiya gölündə suyun səviyyəsinin tarazlığı 1270,87 metrdir. Eyni zamanda hazırda Urmiya gölündəki suyun həcmi 12,60 mlrd. kubmetrdir. Ötən ilin oxşar dövründə isə bu rəqəm 11,83 mlrd. kubmetr təşkil edib.

    İranın Qərbi Azərbaycan vilayətinin Ekologiya və Ətraf Mühitin Mühafizəsi İdarəsinin müdiri Həsən Abbasnejad isə bildirib ki, Araz çayının suyu ilə Urmiya gölünün xilas edilməsi bəhanədir: “Araz çayının suyunun Urmiya gölünə axıdılması layihəsi yalnız kənd təsərrüfatı, sənətkarlıq və turizmi inkişaf etdirmək məqsədilə həyata keçirilir. Bu layihəni belə bir məqsəd üçün reallaşdıran şəxslər Urmiya gölü quruyandan sonra bölgədə artıq kənd təsərrüfatının məhv olacağını bilmirlər? Hazırda Urmiya gölünün yalnız 1/3 hissəsi qalıb: “Həmin hissə də quruyanda yerində qalacaq duz kütlələri Azərbaycan, Kürdüstan, Məşhəd və Tehran vilayətləri də daxil olmaqla bütün İranı əhatə edəcək”.

    Bundan başqa, İran hökuməti Urmiya gölünü ekoloji fəlakətdən xilas etmək üçün işçi qrupu yaradıb. İran Nazirlər Kabinetinin yeni tərkibinin avqustun 18-də keçirilmiş ilk iclasında belə bir qərar qəbul edilib. İşçi qrupuna İranın Energetika və Kənd təsərrüfatı nazirliklərinin, həmçinin Ətraf mühit və Ekologiya İdarəsinin, eyni zamanda Planlaşdırma və Strateji Nəzarət İdarəsinin nümayəndələri daxildir.

    Onlara iki ay ərzində bundan əvvəl aparılmış araşdırmaları və görülmüş işləri nəzərə alaraq yekun sənəd hazırlamaq tapşırılıb.

    İranın energetika naziri Həmid Çitçian isə bildirib ki, Urmiya gölündəki mövcud vəziyyətə diqqət göstərmək rəhbərlik etdiyi qurumun ən başlıca prioritetlərindəndir: “Urmiya gölü problemi qısa müddətdə nazirliyin iş planına daxil ediləcək. İran Energetika Nazirliyi bu gölü yenidən həyata qaytarmaq üçün əsaslı addımlar atmağa çalışacaq”.

     Qeyd edək ki, H.Çitçian əslən Təbriz şəhərindəndir. İran prezidenti Həsən Ruhaninin hökumətində təmsil olunan azərbaycanlı nazirdir.

  • Sabir Rüstəmxanlı prezidentliyə namizəd olmayacaq

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı Azərbaycan prezidentliyinə namizədliyini verməyəcək.

    Bu barədə APA-ya S. Rüstəmxanlı özü bildirib.

     

    VHP sədri qeyd edib ki, qarşıdan gələn seçkilərdə namizədliyini irəli sürməmək qərarına gəlib.

     

  • Sabir Rüstəmxanlı Cəmil Həsənlini dəstəklədi

    “Cəmil Həsənliyə bir ziyalı kimi, böyük hörmətim var. Hesab edirəm ki, onun Azərbaycan müxalifətinin vahid namizədi olması cəmiyyət üçün uğurlu  addımdır. Nəticəsindən aslı olmayaraq Azərbaycan müxalifətinin bu birliyini alqışlayıram ”.

    Bu sözləri Moderator.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Cəmil Həsənlinin Milli Şuranın ehtiyat vahid namizədi olmasına münasibət bildirərkən deyib.

  • Qubadlının işğalından 20 il keçdi

    Bu gün Qubadlı rayonunun Ermənistan tərəfindən işğal olunmasının 20-ci ildönümü tamam olur. Azərbaycanın bu tarixi ərazisi 1993-cü il avqustun 31-də rus-erməni hərbi birləşmələri tərəfindən işğal olunub.

     

    Zəngilan, Laçın, Cəbrayıl, eyni zamanda Ermənistanın Gorus və Qafan rayonları ilə sərhəddə yerləşən Qubadlı strateji əhəmiyyəti ilə seçilirdi. İşğal nəticəsində rayonunun 826 kv.km ərazisi, habelə 93 kəndi, 13,2 min hektar meşə zolağı düşmənin nəzarətinə keçib. Qeyd edək ki, Azərbaycanın ən bolsulu çaylarından olan Həkəri və Bərguşad çayları məhz bu rayon ərazisindən keçir. Qubadlı rayonunda tarixi abidələr, habelə 21 orta, 26 natamam orta, 15 ibtidai məktəb fəaliyyət göstərirdi. Bu təhsil ocaqlarında 5852 şagird təhsil alır və 1280 müəllim uşaqların təlim-tərbiyəsi ilə məşğul olurdu. Rayonda 300 yerlik 4 xəstəxana və 33 səhiyyə müəssisəsi fəaliyyət göstərirdi. 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi, 28 klub vardı. 125 ticarət, 96 ictimai-iaşə, 25 məişət xidməti müəssəsi əhalinin istifadəsindəydi. Qubadlı rayonu öz tarixi abidələri ilə də məşhur idi. Gavur dərəsindəki mağara-ibadətgahın tarixi dördüncü əsrə, Muradxanlı kəndindəki Qalalı, Əliquluuşağı kəndindəki Göy qala abidələri beşinci əsrə, Dəmirçilər türbələri və Yazı düzündəki Cavanşir türbəsi on dördüncü əsrə, Gürcülü kəndindəki türbə on yeddinci əsrə, Xocamsaxlı kəndindəki türbə on səkkizinci əsrə aiddir və bu türbələr həmin yerlərin qədim tarixindən xəbər verirdi. Qubadlı ərazisində Azərbaycanın digər regionlarını birləşdirən e.ə. ikinci əsrə aid Zəncirvarı qalalar sistemi vardı. Dəmirçilər kəndi ilə Dondarlı kəndi arasında Ağa çayı üzərində Hacı Bədəl körpüsü on doqquzuncu əsrə, Dondarlı kəndindəki məscidin tarixi isə on səkkizinci əsrə aiddir. 
    Qubadlının işğalı nəticəsində rayonun 31 nəfərdən yuxarı əhalisi məcburi köçkün düşüb. Qubadlı əhalisi rayonun işğalından sonra Sumqayıt şəhərində və ölkənin 42 yaşayış məntəqəsində məskunlaşıb. Qubadlı uğrunda döyüşlərdə 230 nəfər şəhid olub ki, onlardan da 12 nəfəri Milli Qəhrəman adına layiq görülüb. Qeyd edək ki, Qubadlı milli qəhrəmanlarının sayına Azərbaycan rayonları arasında birinci yeri tutur.
    Bu gün Sumqayıtda və Bakıda şəhidlər xiyabanında Qubadlının işğalı anım mərasimləri ilə qeyd ediləcək.
  • Milli Şuranın bir qrup üzvü müraciət yaydı

    Milli Şuranın bir qrup üzvü avqustun 22-də müraciət yayıb. “Media forum” saytının məlumatına görə, müraciətdə deyilir:

    – Demokratik Qüvvələrin Milli Şurasının son iki sessiyasında qurumun üzləşdiyi yeni vəziyyət, yəni prezidentliyə vahid namizəd Rüstəm İbrahimbəyovun seçkidə iştirakı ilə bağlı problemin ortaya çıxması müzakirə edilib və əksəriyyət Milli Şuranın seçkiyə vahid namizədlə getməsi barədə mövqe bildirib. Bu mövqe 19 avqust tarixli sessiyada keçirilən müzakirələrdə və səsvermədə də özünü açıq şəkildə göstərib. AXCP və Müsavat Partiyası, ziyalılar, gənclər, hətta rəhbərləri əks mövqe sərgiləyən digər partiyaların təmsilçiləri də ehtiyat vahid namizəd konsepsiyasını dəstəkləyiblər və hesab ediblər ki, yeni namizəd təcili müəyyənləşməli, Rüstəm İbrahimbəyovun seçkidə iştirakı reallaşmayacağı halda Milli Şura yeni vahid namizədlə seçkidə iştirakını hökmən təmin etməlidir.

    Bizim mövqeyimizə görə, digər yol, yəni quruma daxil olan təşkilatların öz namizədləri ilə seçkiyə getməsi Milli Şuranın fəlsəfəsinə, prinsiplərinə və məramına uyğun deyil. Eyni zamanda bu yol seçkidə uğur vəd etmir və Milli Şuranın özünün mövcudluğunu təhlükə altına salır.

    Milli Şura vaxt itirmədən yenidən toplanmalı və ehtiyat vahid namizədin kimliyi barədə qərar verməli idi. Çünki seçkidə iştirakı təmin etmək üçün çox az vaxt qalıb və itirilmiş hər gün bizi uğursuzluğa yaxınlaşdırır. Lakin avqustun 21-də Milli Şuranın gözlənilən sessiyası baş tutmadı və qurumda iştirak edən siyasi partiya rəhbərləri növbəti sessiyanın avqustun 26-da keçirilməsi barədə razılığa gəldilər.

    Biz sessiyanın bu qədər ertələnməsini vaxt azlığına və qeyri-müəyyənliyin davam etməsinə görə çox təhlükəli və olduqca riskli hesab edirik. Bu yanlış razılaşmanı müzakirə edərkən qurumun müstəqil üzvlərinin – ziyalıların, vətəndaş cəmiyyəti fəallarının, gənclər təşkilatlarının  və hətta bəzi siyasi partiyaların iştirakının təmin edilməməsini də pisləyirik.

    Bizlər EL Hərəkatı, ACP, ALP və KXCP-nin bu məsələdə tutduğu mövqeyi qınayır və anlamırıq. Biz happy wheels demo 19 avqust tarixində müxtəlif namizədlərlə seçkiyə getməyə hazır olan və bu məqsədlə hazırladıqları memorandumu Milli Şurada müzakirəyə çıxaran qüvvələrin sessiyada vahid namizədlə bağlı iradə ilə qarşılaşdıqdan sonra yekun qərarın qəbulunu bir həftə ertələməsinin səbəbinə izah tapa bilmirik. Eyni zamanda bu günədək mövqelərinin lehinə səsləndirdikləri yeganə arqument kimi bir ehtiyat vahid namizədin irəli sürülməsinin Rüstəm İbrahimbəyovun namizədliyinə kölgə salacağı halda bir neçə namizədin bunu etməyəcəyi ilə bağlı məntiqini anlamaqda çətinlik çəkirik. Təəssüf ki, bu partiya rəhbərləri konsensusu əsas gətirərək Milli Şuranın seçkidə iştirakı ilə bağlı qeyri-müəyyən və səbəbləri kifayət qədər qaranlıq olan durumu davam etdirir, qurumun yeni vahid namizədinin müəyyənləşməsini əngəlləyirlər.

    Bununla belə, həmin qurumları və Milli Şuranın bütün üzvlərini yaranmış durumu gerçəkliklə dəyərləndirməyə və bizim narahatlığı anlamağa çağırırıq. Biz Milli Şuranın növbəti sessiyasının avqustun 26-da keçirilməsini ciddi gecikmə hesab edirik, eyni zamanda həmin gün də qəti qərarın veriləcəyinə əmin deyilik. Xatırlatmaq istəyirik ki, Milli Şuranın yeni vahid namizədi, kimliyindən asılı olmayaraq, Rüstəm İbrahimbəyovun vətəndaşlıq problemi həll olunacağı təqdirdə öz namizədliyini geri götürəcək. Bu halda özümüzü ağır seytnota salmağın mənası bizim üçün qaranlıqdır.

    Biz hesab edirik ki, Milli Şuranın sessiyası təcili çağırılmalı, yeni vahid namizədin müəyyənləşməsinə qərar verilməli, qurumun seçkidə iştirakını sual altına qoyan vəziyyət aradan qaldırılmalıdır.

    Biz dəyərli Milli Şura üzvlərini xalqımız qarşısında üzərimizə götürdüyümüz çətin və şərəfli missiyanın məsuliyyətini dərk etməyə, Milli Şuranı seçkidən və siyasi proseslərdən kənar vəziyyətə salan duruma son qoymağa çağırırıq. Əks halda itirəcəyimiz etimadı bərpa etməyimiz çətin olacaq.

    İmza atanlar:

    Arif İsmayılbəyli
    Cəmil Hacıyev
    Felmar Ələkbərli
    Fuad Ağayev
    Gültəkin Hacıbəyli
    Leyla Əliyeva
    Namizəd Səfərov
    Mehman Əliyev
    Mehriban Vəzir
    Məcid Məcidli
    Mirvari Qəhrəmanlı
    Ramin Hüseynov
    Rövşən Almuradlı
    Samir Əsədli
    Şahvələd Çobanoğlu
    Ülvi Həsənli
    Vidadi Mirkamal
    Leyla Yunus

  • “Milli Şura ehtiyat vahid namizəd seçməlidir”

    Milli Şuranın daha bir üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Azadlıq” qəzetinə bildirib ki, Milli Şuranın son sessiyasında çoxluğun qəbul etdiyi qərara səs verənlərdəndir:
    “Biz hesab edirik ki, Rüstəm İbrahimbəyovun seçkidə iştirakı mümkün olmasa, Milli Şura ehtiyat vahid namizədini seçməlidir. Bu istiqamətdə ciddi müzakirələr gedib və ehtiyat namizəd kimi, bir neçə ziyalının adı hallanıb. Biz də bu şəxslərdən birini ehtiyat namizəd kimi dəstəkləyəcəyik. Düşünürəm ki, Milli Şura sona qədər öz mövqeyini qorumalı, heç bir halda bu birlikdə parçalanmalar olmamalıdır”.

    Azadlıq.info

  • Mahmudəli Çöhrəqanlı Bakı aeroportundan Frankfurta geri qaytarılıb

    Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri, doktor Mahmudəli Çöhrəqanlı bu gün Bakıya gəlib. Lakin Heydər Əliyev Beynəlxalq Hava limanında ona Azərbaycan ərazisinə girməyə icazə verilməyib.

    APA-nın xəbərinə görə, Mahmudəli Çöhrəqanlıya Azərbaycana giriş üçün viza verilmədiyindən o oğlu ilə birgə geri qayıdıb.

    M. Çöhrəqanlı Bakıya gəldiyi Frankfurt-Bakı reysi ilə də geri qaytarılıb.

    Onun qarşılamaq üçün Dünya Azərbaycanlıları Konqresinin sədri, millət vəkili Sabiq Rüstəmxanlı, DAK üzvləri, Bakıda yaşayan güneyli soydaşımız hava limanına gediblər.

    S. Rüstəmxanlı bildirib ki, M. Çöhrəqanlının viza problemi həll olunmadığı üçün Azərbaycana buraxılmayıb.