Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • İvanişvilinin Rusiya vətəndaşlığı məsələsinə bir gün içində baxıldı

    “Gündəlik Teleqraf”ın suallarına Milli Şuranın, İctimai Palatanın Koordinasiya Şurasının və VHP Siyasi Şurasının üzvü Rafiq Manaflı cavab verir. 
    – Rafiq bəy, Milli Şurada Rüstəm İbrahimbəyovun vahid namizədliyini dəstəkləməyən yeganə şəxs siz idiniz. Hazırda vahid namizədlə bağlı problem yaranıb. Bu məsələləri necə qiymətləndirirsiniz?
    – Hesab edirəm ki, Rüstəm İbrahimbəyov birləşdirici fiqur kimi düzgün seçilmişdi. Ancaq mənim onu dəstəkləməməyim heç də ona qarşı olmağımla bağlı deyildi. Əksinə, mən hesab edirdim ki, İbrahimbəyov Bakıya gəlməlidir, biz onunla görüşüb müzakirələr aparmalıyıq və sonda bu məsələ həll oluna bilər. Yəni bu görüşdə çox məsələlər müzakirə oluna bilərdi. Ancaq mən açıq deyim ki, hətta onun vahid namizəd kimi irəli sürülməsi zamanı mən bilmirdim ki, İbrahimbəyov ikili vətəndaşlığa malikdir. Ola bilsin ki, bunu əvvəlcədən bilənlər olub. Şübhəsiz ki, bunu bilə-bilə namizədliyinin irəli sürülməsini mən prezident seçkilərinə münasibətdə ciddiliyin olmaması kimi qiymətləndirirəm. Əks halda, biz özümüzü indiki formada dalana salmazdıq. Rüstəm İbrahimbəyov uğurlu fiqur idi, ancaq adamın hüquqi problemləri var. Bu problemlər isə Azərbaycan çərçivəsində deyil, xarici dövlətdən asılı məsələdir və biz burada ciddi iş görə bilmərik. Fakt odur ki, biz İbrahimbəyovu vahid namizəd seçməklə, Azərbaycan və Rusiya arasında alver predmentinə çevrildik. Mən xüsusilə vurğulayıram ki, İbrahimbəyovun əleyhinə deyildim. Amma onun namizədliyi verilməzdən qabaq bir çox məsələlərə aydınlıq gətirilməli idi. 
    – Hansı məsələlərə?
    – Biz seçkidə qalib gələcəyimiz təqdirdə vahid namizədin iki il müddətinə islahatlar həyata keçirəcəyini razılaşdırmışdıq. Bu islahatların mexanizmləri hazırlanmalı idi. Üstəlik hüquqi problemlər məsələsi ortaya çıxmalı idi və biz əvvəldən bilməli idik ki, onun ikili vətəndaşlığı var və bu namizədliyinin irəli sürülməsində baryer yaradır. Seçki prosesi elə-belə məsələ deyil və onun kim tərəfindən aparılması da ciddi hadisədir. Amma fakt ondan ibarət oldu ki, Milli Şuranın vahid namizədinin seçki kampaniyası prezident seçkilərində ciddi təcrübəsi olmayan adamlara tapşırıldı. Yəni İbrahimbəyovun özünün prezident seçkiləri kampaniyasını aparmaq təcrübəsi yoxdur. Amma Milli Şurada təmsil olunan çoxlu sayda partiya var ki, belə seçkilərdə iştirak ediblər, böyük təcrübəyə malikdirlər. Mənim fikrimcə, Milli Şuranın vahid namizədinin seçki kampaniyasını bu işi bilənlər həyata keçirməli idi. Əlbəttə, başqa məsələlər də var idi. 
    – Deyirsiniz ki, İbrahimbəyovun seçki kampaniyasını seçkilərdən anlayışı olmayan şəxslər aparır. Siz Eldar Namazovu nəzərdə tutursunuz?
    – Eldar Namazovun prezident seçkiləri aparmaq təcrübəsi yoxdur. Bu onun apardığı kampaniya və işdə açıq görünür. Baxın, artıq neçə müddətdir ki, bu işlər gedir. Görün, Eldar Namazov necə komanda yaradıb. Əlbəttə, mən Milli Şuranın sədr aparatını rəhbər qurum kimi qəbul etmirəm. Əksinə, bunu işçi qrupu hesab edirəm və bu qurum əsasən konkret işləri yerinə yetirməlidir. Eldar Namazovun burada ətrafına topladığı şəxslərə diqqət edəndə görürsən ki, onların prezident seçkiləri kampaniyası aparmaq təcrübəsi yoxdur. Mən anlayıram ki, mexanizmi hər kəs bilə bilər, lakin təcrübə başqa şeydir. Ancaq onun ətrafına topladığı komandadan görünür ki, Namzovda belə təcrübə çox azdır. 
    – Eldar Namazov 2008-ci ildə prezidentliyə namizəd olub və seçki kampaniyası aparıb, sonra isə namizədliyini geri götürüb. Sizcə, bu təcrübə deyilmi?
    –  Əhməd Oruc da namizədliyini irəli sürüb. Şübhəsiz ki, mən Eldar Namazovu Əhməd Orucla və fərdi şəkildə namizədliyini irəli sürən daha bir neçə şəxslə müqayisə eləmək istəmirəm. Amma nəzərə alın ki, bu şəxslər də kampaniya aparacaq. Bir var siyasi qurum çərçivəsində bütün strukturlarınla bu prosesdə iştirak edəsən, bir də var həvəskar səviyyəsində bu işlərə qatılasan. Eldar Namazovun arxasında heç bir siyasi qüvvə yox idi. Onun 2008-ci ildə apardığı seçki kampaniyasını mən həvəskar seçki kampaniyası hesab edirəm.
    – Deyirsiniz ki, Milli Şura vahid namizəd məsələsində dalana dirənib. Bəs çıxış yolunu necə görürsünüz?
    – Hesab edirəm ki, bu məsələ avqustun 19-da keçiriləcək sessiyada müzakirə ediləcək. Fikrimcə, bir çox ziyalılarımız var ki, Rüstəm İbrahimbəyovu əvəz edə bilər. Məsələn, mən ilk olaraq, hörmətli Rafiq Əliyevin adını çəkə bilərəm. 
    – Rafiq Əliyev siyasətlə məşğul olmaq niyyətində olmadığını elan edib…
    – Hesab edirəm ki, Rafiq Əliyevlə danışmaq lazımdır. Heç kəs yaxasını kənara çəkməməlidir. Rüstəm İbrahimbəyov gəlməyəcəyi təqdirdə onun yerinə Rafiq Əliyevin namizədliyini görürəm. Düzdür, prezident seçkilərinə yenicə start verilib, hələ vaxtımız var. Ancaq vahid namizəd gəlib çıxmasa, bir neçə variant haqda düşünmək olar. Bir variant Rafiq Əliyevdir. Eləcə də Müsavat başqanı İsa Qəmbərin bir neçə ay əvvəl səsləndirdiyi əsas namizəd konsepsiyası var. Yəni maraqlı şəxslər namizədliyini irəli sürür və kampaniyanın gedişi zamanı  xalq özü kimə səs verəcəyini müəyyən edir. Bununla da əsas namizəd bəlli olacaq.
    – Bu ideya faktiki olaraq Milli Şuranın dağılması demək deyilmi?
    – Biz əvvəldən demişdik ki, Milli Şura İbrahimbəyovun namizədliyini irəli sürmək və kampaniyasını  həyata keçirmək üçün yaradılıb. Bu, öncədən bəlli idi. 
    – İsa Qəmbərin iddiası var və bunu da açıq şəkildə elan edir. Müsavat başqanı Milli Şuranın vahid namizəd ola bilərmi?
    – İsa Qəmbər bir neçə dəfə elan edib ki, Milli Şuranın vahid namizədi olmaq iddiasında deyil. O, Milli Şurada siyasi partiya üzvlərini vahid namizəd kimi görmür və yalnız ziyalıların vahid namizəd kimi dəstəklənməsini mümkün sayır. Mən bu məsələ ilə bağlı AXCP sədri Əli Kərimlinin fikirlərini bilmirəm. Müsavat başqanı isə vahid namizəd olmaq istəmir.
    – Son sessiyada Cəmil Həsənlinin vahid namizəd olması təklif edilsə də, o bundan imtina edib. Rafiq Əliyev də siyasətdə olmaq istəmədiyini dilə gətirib. Bu halda Mehman Əliyev vahid namizəd ola bilərmi?
    – Mehman Əliyev bizim dostumuzdur və neçə illərdir ki, bizimlə çiyin-çiyinə gəlir. Ancaq məndə olan informasiyaya görə, Milli Şurada Mehman Əliyevi dəstəkləməyən qüvvələr var. Milli Şura müxalifətin toplaşdığı bir qurumdur və onun irəli sürəcəyi namizəd artıq müəyyən statusa malik olur. Şübhəsiz ki, Mehman Əliyevin kampaniyasını aparmaq İbrahimbəyovun və ya Rafiq Əliyevin kampaniyasını aparmaq qədər asan olmayacaq. Amma mən hesab edirəm ki, Mehman Əliyev də uyğun fiqurdur.
    – Rüstəm İbrahimbəyov bir neçə ay əvvəl elan etmişdi ki, onun özünün də namizədi var. Bu namizədin Eldar Namazov olması heç kimdə şübhə doğurmur. Milli Şura üzvləri İbrahimbəyovun bu təklifini qəbul edib Namazovu vahid namizəd elan edə bilərmi?
    – Mənim bu məsələ ilə bağlı mövqeyim var. Hörmətli Rüstəm İbrahimbəyov mənim liderim deyil. Sadəcə olaraq, hamımızın qəbul etdiyimiz birləşdirici bir fiqurdur. Əgər İbrahimbəyov fikrimdə olan şəxsin vahid namizəd olmasını təklif edəcəksə, bu təşəbbüsü müdafiə edəcəyəm. Əgər başqa şəxsin adını çəkəcəksə, bu olacaq İbrahimbəyovun adicə təklifi. Mən də istədiyim şəxsin namizədliyini irəli sürəcəyəm. 
    – Milli Şurada İbrahimbəyovun seçki prosesindən kənarda qalacağı fikri getdikcə qətiləşmirmi?
    – Təxminən belə əhval-ruhiyyə hamıda var.
    – Milli Şura üzvlərinin hamısında?
    – Əksəriyyətində. Yəni vaxt-vədə keçir. Mən hesab edirəm və zənnimcə, hər kəs anlayır ki, Rusiya hakimiyyəti artıq qərar qəbul edib. Bir sözlə, hər şey aydındır.
    – Demək istəyirsiniz ki, İbrahimbəyovun Bakıya gəlməsi məsələsi baş tutmayacaq?
    – Gürcüstanın indiki baş naziri İvanişvilinin Rusiya vətəndaşlığı məsələsinə bir gün içində baxıldı və həll olundu. İndi İbrahimbəyovla bağlı məsələnin bu şəkildə uzadılması Rusiya hakimiyyətinin qəbul etdiyi siyasi qərardır. 
    Nemət
  • Doğu Türküstanla tanışlıq… (Fotolar)

    …və ya Tanri dağları ilə söhbət

    (Uzun illərdən bəri Vətənindən uzaqlarda mühacir həyatı yaşayanTursunay xanıma ithaf)

     

    Türk dünyasını başdan-başa gəzib-görmək istəyi ilk gənclik illərimdən baş qaldırsa da, ürəyimdə əvvəlki coşqunluğu ilə indi də yaşayır. Deyilən coğrafiya o qədər genişdir ki, bu arzunu yerinə yetirməyə zaman yetməz. Ömür bitir, yol bitmir… Doğu Türküstana – uyğur elinə səfərim bu baxımdan mənim üçün çox önəmli idi. Lakin bundan sonra da “Türk aləminin hər yerini gördüm” deyə bilmərəm. Qarşıda Saka (Yakut), Dağlıq Altay, Tuva, Əfqanstan, Quzey Hindistan torpaqları var.
    …Doğu, Batı sözləri fikrimdə çeşidli bənzərlərini yaradır. Doğu – dogru, Batı – batan, Qərb – qəlp… Təsadüfi bənzəyişlərdir, bilirəm; ona  qalsa, Şərqin də bir “şər”  səslənməsi var. Ancaq Günçıxana uçmaq həmişə fərəhlidir… İnsanlığın Afrikadan yayılma nəzəriyyəsi nəzərə alınmasa, böyük köçlərin çoxu Günçıxandan Günbatanadır –  Günəşə qoşulub gediblər; ancaq mən batan Günəşin dalınca getməkdənsə, onu qarşılamağa üstünlük verirəm.
    Türk dünyası yenə çalxalanır, daha doğrusu, çalxalandırılır; Kərkükdə Türkmən Cəbhəsinin böyüklərini qətlə yetirdilər; Doğu Türküstanda bir gündə 40 uyğur öldürüldü. Amma nə Türkiyənin səsi çıxdı, nə Azərbaycanın… Qarabağımız hələ də işğal altında və hər  gün irili-xırdalı atışmalar davam edir, Güney Azərbaycanın milli fəallarına qarşı zülm və zorakılıq ara vermir… Di gəl, Türk dünyası səssizdir. Biganəlik milli xəstəliyə çevrilib… Yox, bu, biganəlik deyil, siyasətdir. Misirdə Mursinin və Müsəlman Qardaşlarının devrilməsi Türkiyə iqtidarını hövsələdən çıxarır; camelər dolub-daşır, etirazlar ara vermir. Demirlər ki, bu, Misir xalqının işidir, biz də öz xalqımızın dərdlərinə yanaq…
    Birinci dəfə Çində 1995-ci ildə olmuşam; Azərbaycanın o vaxtkı prezidenti Heydər Əliyevin bu ölkəyə rəsmi səfəri zamanı nümayəndə heyətinin tərkibindəydim. Heydər Əliyevin ovqatının xoş olan günləriydi, görüşlər yüksək səviyyədə kecirdi. Yola düşəndən qayıdanadək deyir-gülür, hal-əhval tutur, hamını dinləyir, dəstədəki ziyalılarla söhbətləşir, yeri düşəndə onlara sataşır, görüşlərdə özünü balaca Azərbaycanın yox, elə Çin boyda bir ölkənin böyüyü kimi aparırdı… Həmin səfər, ordakı rəsmi və qeyri-rəsmi söhbətlər özü ayrıca, maraqlı bir yazının mövzusudur.
    Pekinin böyründən keçən Böyük Çin Səddinin üstündə bir şeir də yazmışdım:

    …Göz işlədikcə uzanan divar,
    İlğıma bürünmüş Quzey vadiləri,
    Gözlərimə dolan acı,
               yaşanmış bir tarixin kədəri.
    …Bir qanadlı millət vardı,
    Şeytan min illərdir
            divar hörür, tel çəkir, quyu qazır
            bağlamaq üçün yolunu.
    Yürüşdən qoparıb
            özlərinə bənzətdilər onu!
    Nə axın-axın səyyahı görürəm,
    Nə ilan kimi dağlara dolanan divarı.
    Fikrimdə ilğımlı çöllərin genişliyi,
    Tanrı Dağlarının qarı,
    Bu divarları mənə tanıtmaq istəyənlərə heyrət
    Və onu çürük sap kimi qıran cəsarət…

    Belə rəsmi, qeyri-rəsmi səfərlər çox olub; bəzilərindən sadəcə bir şeir qalır, bəzilərindən şirin bir xatirə. Nə vaxtsa başım ayılanda, bu mövzulara bir də qayıdacağıma arxayın olmuşam. Amma yazıçı üçün keçən sözü qaytarmaq ümidi aldanışdır. Keçənləri düşününcə, yenisi doğulur. Buna görə də yol qeydləri isti-isti yazılmalıdır, səfər bitər-bitməz…
    Çin-Azərbaycan arasındakı diplomatik və iqtisadi əlaqələrin indiki səviyyəsi  səfərimizi asanlaşdırır. Çin Hava Yolları həftədə üç dəfə Urumçidən Bakıya və geriyə uçur. Urumçi böyük ticarət şəhəridir və Dubaydan sonra bizim alverçilərin ən çox getdikləri yerlərdən biridir. Digər tərəfdən, səfər işinin bütün texniki tərəflərini həll edən şirkətlər də çoxdur.
    Beləliklə, Bakıdan qalxandan dörd saat yarım sonra, sübh çağı, Türk dünyasının bir gözəl şəhərindən başqa bir gözəl şəhərinə düşürsən.
    Azərbaycan-Türkiyə Evinin qurucularından və milli hərəkatdan tanıdığım səfər yoldaşım Cahandar Bayoğlu ilə məni təyyarə meydanında əslən Gədəbəydən olan Tural adlı bir gənc qarşıladı və geri yola salanadək bizdən ayrılmadı.
    ***
    Doğu Türküstan bir yanı Tanrı Dağları, bir yanı Çin səddi, quzeyi Altay, güneyi Tibet, bir tərəfi Monqolustan, bir tərəfi Tarım hövzəsi – qədim türk torpaqlarıdır… Xatay, Turfan, Hotən, Aksu, Təklə-Məkan, Urumçi, Kaşqar… Böyük Mahmud Kaşqarlının və Yusif  Balasaqunlunun vətəni… Türk tarixində ən böyük imperatorluqlardan birini qurmuş, bir çox ilkinlərə imza atmış, qəhrəman, şərəfli uyğur eli…
    Bu gün yer üzündəki ikinci böyük qum çölü – Təklə-Məkan bir vaxtlar dünyanın cənnət guşələrindən biri olmuş, Tarım çayı hövzəsində insanlıq tarixinin ən böyük mədəniyyətlərindən biri yaradılmışdır. Bəzi mənbələrdə Tarım vadilərində salınmış və sonralar qum selinin altında qalmış qədim şəhərlərdən, o şəhərlərin yeraltı kitab saxlanclarından bəhs edilir. O da vurğulanır ki, hər hansı bir möcüzəylə o kitabxanaların üstünü örtmüş qum dağlarını qaldırmaq mümkün olsaydı, ordakı zamanı bilinməyən köhnə yazıların böyük qisminin türkcə olduğunun şahidi olardıq. Maraqlıdır ki, bu mülahizələrdən xəbərim olmaya-olmaya mən də fəhmlə “Göy Tanrı” romanımda qədim Tarım mədəniyyətindən və mağara-kitabxanalardan bəhs etmişdim. Bir ehtimala görə, kağızın tapıldığı yer də buradır. Dünya muzeylərində uygur mədəniyyətinin, yazı, kitab sənətinin nümunələri çoxdur…
    Dogu Türküstana səfərdə əsas niyyətim uyğur həmkarlarımla görüşmək, Türk dünyasının bu böyük parçasının ruhunu duymaq, ümumi vəziyyəti öyrənmək, sonra da mümkün olsa, Mahmud Kaşqarlının, Yusif Balasaqunlunun məzarlarını ziyarət etmək, Tanrı Dağlarını, Təklə-Məkanı  görməkdi. İmkan nəyə catsa… Beş gündə bundan artıq neyləmək olardı? Başqa bir ciddi işimiz yox idi. Daha doğrusu, bundan ciddi iş olmaz ki! Təəssuf ki, vaxtın azlığı, yolun uzaqlığı Təklə-Məkanı görməyə imkan vermədi və qumun “işğalı” altında qalmış çölü yalnız Kaşqara uçarkən, təyyarədən görə bildik. Təklə-Məkana marağımın bir səbəbi də türklərin çox qədim qollarından biri olan təkləlilərin Azərbaycana qədər yayılmış olmalarıdır. Təklə adlı kənd yaxın vaxtlara qədər Cəlilabadda da var idi və anlaşılmaz (əslində anlaşılan!) bir mülahizə ilə dəyişdirilərək Sabirabada çevrilmişdir. Böyüklərimizə “hörmət” əlaməti olaraq qədim adlarımızın bu cür unutdurulması da bizi köklərimizdən qoparmaq siyasətinin davamıdır və böyük Sabirin imkanı olsa, ilk növbədə, özü etiraz edərdi buna…
    Təklə-Məkan qum altında qalsa da, Tanrı Dağlarından Çin səddinə, Altaydan Tibetə qədər olan sonsuz ərazi Avrasiyanın köksündə canlı bir ürək kimi çarpmaqda, bütün gözəlliyi və zənginliyini, rəngarəngliyi və sehrini minillərdən-minillərə daşımaqdadır…
                 ***
    Doğu Türküstan türk dövlətçilik gələnəklərinin yarandıgı və yüzillər boyu qorunduğu, gəlişdirildiyi yerlərdən biridir; türkləri istisnasız “vəhşi, köçəri” sayanlara tutarlı cavab olan zəngin oturaq mədəniyyətinə, qədim yazılı ədəbiyyata, möhtəşəm memarlıq abidələrinə sahibdir. Əslində, türklərin köçləri onların özlərinə məxsus ərazilərdəki hərəkətləriylə yanaşı, daha çox mövsüm, dağ-aran köçləridir və bu da onların yaşadıqları ərazilərin şərtlərinə bağlı olan və türklüyün təbiətə, göyə, dağlara, gözəlliyə bağlı ruhi durumlarından irəi gələn məsələdir. Belə yaylaq-qışlaq köçləri bu gün də davam edir. Amma bununla yanaşı, türk sivilizasiyası yalnız monqol yaylalarına, Ötükənə, Dağlıq Altaya bağlı bir məsələ deyil, yəni ilk yurdlarımızı yalnız oralarda görmək doğru olmaz… Türk sivilizasiyası, uyğarlığı eyni zamanda Mərkəzi Asiyada, Xəzər hövzəsində, Qafqazlarda, Urmiyə çevrəsində, Kiçik Asiyada, Dəclə-Fərat sahillərində, Hindistandan Balkanlara, Tatarstandan Misirə qədər olan ərazilərdə öz oturaq həyatlarının, şəhər mədəniyyətlərinin ölməz abidələrini yaratmışlar… Bu baxımdan uyğur tarixinə ötəri nəzər salmaq və ya Uyğurstanın qədim şəhərlərini qaçaraq da olsa görmək yetərlidir…       
    Doğu Türküstan müstəqil olsa, ərazisinin böyüklüyünə görə dünyanın yeddi-səkkiz ölkəsindən biri olardı. Uyğur türklərinin vətəni həm də ümumtürk ruhunun, varlığının beşiklərindəndir. Hunlar, göytürklər, oğuzlar, türkeşlər… Kimlərin izi yoxdur burda?! Burda qurulan Qaraxanlı dövləti türklərin üç qitəyə yayılmasına hərəkət verən güclərdən biri oldu, türk dili və mədəniyyətinin şöhrətini dünyaya yaydı, içinə aldığı Mərkəzi Asiya ilə birlikdə ağlasığmaz bir elm, sənət mühiti oluşdurdu, dünyada bir çox elmlərin təməlini qoyan alimlər yetişdirdi, Qaraxanlı hökmdarı Abdulkərim Saltuk Buğra xanın və ardınca bütün ölkənin 840-cı ildə islamı qəbulu etməsi türkləri islam aləminin lideri və bayraqdarına çevirdi… Saymaqla qurtarmaq olmaz. On üçüncü yüzildə Qaraxanlı dövləti ikiyə ayrılıb, süqut etdikdən sonra bu torpaqların üstündən çox bəlalar keçdi, müstəqil, qeyri-müstəqil dövlətlər bir-birini əvəzlədi. Hətta on doqquzuncu yüzildə uygurlar 14 il könüllü şəkildə Osmanlı imperatorluğunun tərkibinə qatıldı. Lakin az sonra yenidən Çin işğalı başlandı… Sonra ruslar gəldi…
    Amma Rusiya ilə Çin arasında uzun sürən ötür-ötürlərdən sonra Dogu Türküstan 1949-cu ildən başlayaraq Çinin tərkibinə qatılmış və ona “yeni torpaq” – Sincan adı verilmişdir. Öz varlığını qorumaq üçün qanlı-qadalı bir mübarizə yolu keçmiş, saysız şəhidlər, qurbanlar vermişdir; lakin hələ də öz müstəqilliyinə qovuşa bilməmişdir. Milli müqəddəratını həll etmək yolunda atılan addımlar faciəni daha da dərinləşdirmiş, hərb maşını daha amansızlıqla üstünə gəlmişdir. 2009-cu ilin qanlı olaylarını, yüzlərlə günahsız uyğurun qətlə yetirilməsini xatırlamaq yetərlidir… 
    Sonuncu belə toqquşma bu yaxınlarda olmuşdur və bu olay mənim uyğur ellərini gəzmək, Qırğızıstan tərəfdən gördüyüm Tanrı Dağlarını bu dəfə də Gündoğan tərəfdən ziyarət etmək arzumu bir az da körükləmişdi.
    Məncə, bu iç savaşlara ehtiyac yoxdur. Uyğurlar həm Çin hakimiyyəti, həm də beynəlxaq təşkilatlarla danışıqları ardıcıl, arasıkəsilməz diplomatik işə çevirməlidirlər, uyğur məsələsi gündəmdən düşməməlidir; dünya bu boyda ölkəni zorla qonşu bir ölkənin tərkibində saxlamağın mümkünsüzlüyünü görməlidir. Yaxud mərkəzi hakimiyyətlə münasibətlər elə qurulmalıdır ki, uyğur xalqının iradəsi bu torpaqların üstündə əsas qanuna çevrilsin, onun iradəsini zorlamaq, onu assimilyasiyaya uğratmaq mümkün olmasın. İndiki Cin siyasəti məhz uyğurları öz yurdlarında azsaylı xalqa çevirib əzmək niyyətinə xidmət edir. Uyğur torpağında on milyondan artıq çinli yerləşdirməyə hazırlaşırlar və bu niyyətlə çöllərdə iri şəhərlər salınmaqdadır. Bir millətə qarşı ən böyük ədalətsizliklərdən biridir bu!..

    ***
    Urumçı iri və müasir şəhərdir. Əhalisinin sayını dəqiq deyən olmadı. Biri üç milyon dedi, biri beş milyon… Dörd-beş mərtəbəli körpüləriylə sürətli yolları tıxacsız olsa da, bu başından o başına getmək xeyli vaxt alır. Bəzi göydələnləri Nyu Yorkdakıların bənzəri və ya ekizidir. Qərb ölkələrindən heç nə ilə seçilməyən qaynar, canlı həyatı var. Bununla belə, şəhərin on dəqiqəliyindəki kəndlərdə tam bir orta əsr mənzərəsiylə qarşılaşırsan. Hər həyətdə arxac, hər arxacda da iyirmi-otuz dəvə. Yol boyu evlərin balaca eyvanlarına palazlar sərilib, ürəyi istəyən dönüb qımız içə, dincələ bilər.
    Bura Cinin Qərb qapısıdır. Şərqi Rusiya, Sibir, Mərkəzi Asiya və Qafqazla ticarətin ağırlığı Urumçinin üstündədir. Küçələr, otellər dünyanın müxtəlif yerlərindən gələn alış-veriş əhli və turistlərlə doludur. Özümü Özbəkistandakı və ya Qırğızıstandakı kimi rahat hiss edirəm… Rus dili uyğurcadan, çincədən sonra üçüncü işlək dildir.
    Azərbaycandan Doğu Türküstana axın azalıb. Daha dogrusu, burda ayaq tutandan sonra tədricən Cinin iç və şərq bölgələrinə doğru yayılırlar. Bizimkilər bu sahədə zirəkdirlər. Monopoliya, gömrük əngəlləri olmasa, dünyanın harasından desən, nə istəsən, dartıb gətirərlər, bazarlarımız ucuzlaşar. Lakin əhalinin belə fəallığı və zənginləşməsi bəlli qrup adama sərf etmir, buna görə də orta təbəqə zəif yaranır, adamlarımız nə qədər zəhmət çəksələr də, ələbaxanlıqdan, xırda ticarətdən o yana gedə bilmirlər. Yəni dolanışığı varsa, bəsidir, baş qaldırsa, başı kəsilər…
    Axtarmağa ehtiyac yoxdur, Azərbaycan restoranlarından birində qonaq olsan, hamısı xəbər tutacaq. Şəkililər kimi dadlı-duzlu danışan və bir müddətdən sonra güman ki, Urumçinin yarısına Şəki ləhcəsini sevdirəcək Rövşənin “Raviana” restoranında mürəbbəli çay içib, günorta yeməyini yeyəndən sonra anladım ki, onlara qalsa, biz burda Azərbaycandan kənarda oldugumuzu hiss etməyəcəyik… Öz yeməklərimiz, mürəbbəli çay… Halbuki uyğur mətbəxı möhtəşəmdir və onu dadmamaq günah olar.
    Hərəni bir tale gətirib bura. Bizi qarşılayan, gəzdirən Tural deyir ki, on üç yaşından evdən çıxandır. Bir müddət Moskvada yaşamışdır. Buna “yaşamaq” yox, “ayaqda durmaq üçün mücadilə” desək, daha doğru olar… Həyatından razıdır. Gədəbəy üçün maraqlı arzuları, planları var. Demək olar, hər gün görüşdüyümüz İlyas müəllim əslən göyçəlidir. Rusiyada, Sankt-Peterburqda oxuyub. Riyaziyyatçı alimdir. Ugursuz tale onu da öz əsas peşəsindən, işindən ayırıb. Ağıllı, söhbətcil adamdir. Urumçidə yaşayan yerlilərimiz ona ağsaqqal kimi baxır, çətinə düşəndə onunla məsləhətləşirlər… Bu tanışlqlardan sonra, vaxt itirmədən, bir gün sonraya Kaşqara uçmağa bilet sifariş verdik və elə gəldiyimiz gün dağlara getdik. “Dağa getmək” Urumçidə tez-tez eşitdiyim söz idi. Axtardığım yazıçıların da səsi-sədası dağlardan gəlirdi. İlyas müəllimin dostları da onu dağa dəvət edirdilər. Məni bu boyda uzaqlıqdan çəkib gətirən də Tanrı Dağlarına salam vermək istəyiydi… Hazırlıq işi çətin deyil! Yol boyu hər şey satılır. Uyğur qımızı, qazax pendiri, çın arağı… İsti qarğıdalı çörəyi, pamidor-xiyar, ət… Yolüstü alış-veriş yerləri Quzey Qafqazın balkar, qaraçay bazarlarını xatırladır. Elə adamlar da, atlarını kirayəyə verməyə yığışmış cavanlar da, danışdıqları dil də… Hətta getdiyimiz yol da sərt qayaları, yam-yaşıl yamacları, qalın meşələri, düpbədüz küknar ağaclarıyla Elbrusa, Tiberdaya gedən yolları xatırladır… Bizi dəvət edənlər də mövsümü bizimlə açacaqlar, bu il hələ yaylağa qalxmayıblar… Üzlərinin ifadəsindən görürəm ki, zirvələrə doğru uzanan vadilərdəki alaçıq şəhərciklərinin yayın bu qızmar vaxtında boş olması onları da təəccübləndirir. Alaçıq şəhərciklərindən bəzisi tam boşdur və belə görünür ki, bu il buralara gələn olmayıb… Bəzi şəhərciklərdə isə təkəm-seyrək adam var. Bir də bizim kimi gələn turistlərdir…
    Obalar tək-tək arxada qalir… Balaca dağ çayları, bulaqlar, yamaclara yayılmış qoyun sürüləri… Dağların canlı həyatında bir əbədiyyət havası dolanır, dəyişilməzdir, ancaq alaçıq şəhərciklərinin boşluğunda xəyalı çaşdıran bir anlaşılmazlıq var, sanki kosmosdan enib bu yerlərin canını, ruhunu sorub aparıblar… Sonra öyrəndim ki, o qoyun sürülərini saxlayanların obaları ayrıdır, bizim gördüyümüz isə yaydan-yaya şəhərdən bura istirahətə gələnlər üçün tikilmiş turist ocaqlarıdır… Amma bu il gələn yoxdur. Daha doğrusu, xalqı şəhərlərdən qoparıb öz köhnə həyatına qaytaran, onun ruhunu dirçəldən bu yaylaq yollarına çəpər çəkən hakimiyyətin özüdür, aşağıda dağ ətəklərində istirahət guşələri tikirlər ki, gələnlər orda dincəlsin. Bu, artıq çadır şəhərciyin ləzzətini verməyəcək…
    Bu dağ cazibəsi nədir, görəsən? Dünyanın harasına getmişəmsə, rahatlıq vermədən məni çəkib, duyğulandırıb, danışdırıb, ağladıb, güldürüb… İndi də Nyanşanın, Tyanşanın – yəni Tanrı Dağlarının zirvələri çağırır… Savalan, Babadağ çağıran kimi… Dağlarla xəyali söhbətim nə qədər çəkir, bilmirəm… Yoldaşlarımın səsi məni yoldan yarımçıq qaytarır. Qayalardan köpüklənə-köpüklənə gələn dağ çayının qırağında süfrə açılıb… Bu qeyri-adi, adamı fikir burulğanına atan, içini dağıdan bir məclis idi…
    Urumçiyə dönəndə bizi səfərimizdən xəbərdar olan və burdakı azərbaycanlıların çox sevdikləri uyğur hakim Ənvər təkidlə qonaq çağırdı. Yeni bir ticarət obyektinin açılışıydı. Yazıçı həmkarlarımız da bura gələcəkdilər…
    ***
    Rozimuhəmməd Mütəlliblə bir neçə aydır yazışırıq. Elektron ünvanımdakı məktubuna təəccüblənmişdim. Təmiz Azərbaycan ağzıyla yazılmışdı… Təqdimatından bəlli olurdu ki, “Sincan yaşları” (gəncləri) dərgisinin redaktorudur. Mənim “Göy Tanrı” romanımı oxuyub və onun uyğurcaya çevrilməsinə icazə istəyir… Roman Doğu Türküstana necə gedib çıxmışdı, hansı dildən çevirəcəkdi? Məktublaşmalarımızdan öyrəndim ki, Rozimuhəmməd əsəri Türkiyə nəşrlərinin birindən götürüb, özbəkcəsini də tapıb… Məndən orijinalını istəyirdi. 
    Axşam Ənvərin məclisinə şair dostlarıyla gəldi… Söhbətimiz gecə yarısınadək uzandı. Razılaşdıq ki, onlarla ayrıca, biz Kaşqardan döndükdən sonra görüşək…

    Mahmud Kaşqarlını ziyarət

    Urumçi–Kaşqar arası min altı yüz kilometrlik yoldur. İki saat yarımdan sonra təyyarə enməyə başlayır. Önümüzdə Buxara, Təbriz, Naxçıvan və ya Qobustandan az seçilən bir mənzərə açılır. Çılpaq, boz təpələr… Ancaq onların arasında, su dəyən yerlərdə göz işlədikcə uzanan cənnət… Qeyri-adi bir nizam və səliqəylə əkilib-becərilən bağlar, tarlalar… İnsan çörəyini daşdan çıxarır. Elə Mahmud Kaşqarlı da türkcəni ərəbin, farsın daş məngənəsindən qoparıb çıxarmışdı…
    Kaşqar Urumciyə görə çox istidir. Təyyarədən enən kimi özümüzü taksiyə salıb “Mahmud Kaşqarlını ziyarətə gedirik!” – dedik. Taksi sürücüləri təyyarə meydanından 60 km aralıda olan Upal kəndini yaxşı tanıyırlar… Sürücümüz Əhmədcan da maşınını qazla doldurub (burda əsas yanacaq maye qazdır) Kaşqarlının əbədi yuxuya getdiyi kəndə doğru baş alır… Cahandar sürücüylə söhbət edir, mənimsə gözüm yollarda, yol boyu sıralanmış agaclarda, bizim aran kəndlərinə bənzar qovaqlı-qələməli kəndlərdə, torpaqda, dağda-daşdadır. Biz bu yerlərlə tanışıq, mən buraların dilini bilirəm, buralar mənim…  İslamı qəbul edəndən sonra türklərin Şərq torpaqlarında qurduqları və dörd əsrə yaxın yaşamış məşhur Qaraxanlı dövlətinin (840-1212) ürəyi bu yerlərdə döyünmüşdür. Onların ilk paytaxtları Kaşqar idi. Kaşqarlılar da, bizim kimi, özlərini Alp Ər Tonqa – Əfrasiyab soyundan sayırdılar. İslamı qəbul etsələr də, dövlətin bütün qədəmlərində türk milli təfəkkürü çox güclüydü; bugünkü dillə desək, ideoloji yönü Orxon yazılarının türk millətçiliyi ruhuna bağlıydı və ondan az fərqlənirdi… Zatən islamdan çox-çox öncədən də onların inancı təkallahlılıq idi, Göy Tanrıya tapınırdılar. Bu, onların islama keçişini asanlaşdırmışdı.
    Müsəlman olduqlarından Quranı-Kərimdən seçilmiş adlar daşısalar da, hələ köhnə, ənənəvi, gözəl türk adlarından da əl çəkməmişdilər… “Əbu/bin” şəkilçili ərəb adlarının sonuna Arslan xan, Bilgə xan, Buğra xan kimi türk damğalarının vurulması iki mədəniyyətin qovuşmasının əlamətiydi… Sonrakı dövlərdə ərəb-fars-türk üçlüyü arasında gizli mücadilə həyatın bütün sahələrində davam edərək İslam aləminə böyük zənginlik gətirmişdir. Ancaq ən ağrılı cəhət budur ki, indi yol getdiyim bu torpaqlarda, Mərkəzi Asiyada, Azərbaycanda ərəb, fars hegemonluğundan öncə türkcə yazılmış bütün kitablar insanlığa yaraşmayan şəkildə məhv edilmişdir. “Kutadqu Bilig”in və “Divani-lüğət-it-türk”ün taleyi bunu aydın göstərir. Türklüyün qürur yeri və xoşbəxtliyi olan bu iki əsər olmasa, yazılı ədəbiyyatımızın ən azı dörd əsrlik tarixinin üstündən xətt çəkiləcəkdi.
    Türklər zəifləmiş Xilafətin damarlarına təzə qan kimi gəlmiş, qısa müddətdə Bağdadın sahibinə cevrilmişdilər. Xilafətin real idarəçiliyi onların əlindəydi. Hər kəs türklərlə yaxınlığı, dostluğu özünə şərəf sayır və türkcəni öyrənməyə can atırdı. Ərəb alimlərinin kitablarında türklərin cəsarəti, mərdliyi, islamın xilaskarı olmaları haqqında mədhiyyələr uc-uca calanmışdı. Türk dünyasının ən uzaq guşələrindən Bağdada axın vardı; karvanların ardı-arası kəsilmirdi… Alimlər, üləmalar, mədəniyyət xadimləri, öyrətmək və öyrənmək istəyənlər… Və karvanların əsas yüklərindən biri də kitabdı… Türk dünyasının bütün mənəvi sərvəti bura axırdı… Axırdı ki, bir gün din bayquşlarının və islamı ərəb-fars şovinistlərinin hegemonluq alətinə cevirənlərin əliylə məhv edilsin, yandırılsın, izi də silinsin… Hətta dövrünün ən məşhur adamı olan Mahmud Kaşqarlının  zamanının möcüzəsi sayılan əsəri də bu düşmənçiliyin qurbanı olmuşdur və orta yüzillərdə geniş yayılmasına baxmayaraq, XX yüzilə yalnız bir nüsxəsi gəlib çatmışdır və o da qeyri-adi bir təsadüflə xilas edilmişdir… İslam aləminin idarəçiliyi türklərin əlində olduguna görə türkcə bir bədii və rəsmi dil olaraq ən yüksək inkişaf mərhələsinə çatmışdı. XI yüzildə Kaşqardakı, Balasaqundakı böyük türk ruhunun Yusif Has Hacib qələmində ifadəsi olan “Kutadqu-Bilig”də çiçəkləyən bu dil ənənələri sonda Nəvai yaradıcılığında öz zirvəsinə ulaşmışdı. Bağdada getmiş Mahmud Kaşqarlı kimi türk bilginləri ərəbcəni, farscanı mükəmməl bilirdilər, ancaq türkcənin ərəbcədən geri qalmadığını göstərmək üçün türk dili sözlükləri və ya “Divani-lüğət-it-türk” kimi ensiklopedik əsərlər yazırdılar….
    Heç şübhəsiz, “Kutadqu-Bilig” də ilk deyil, “Divani-lügət-it-türk”də… Çin, fars, ərəb, monqol, rus işğalları… Üstümüzə kim gəlibsə, ilk növbədə türk kitabının, o kitablarda yaşayan türk tarixinin düşməni kimi gəlib. Və mən Mahmud Kaşqarlının ziyarətinə gedərkən yol boyu o külü göyə sovrulmuş kitabxanalarla birgə çox şeylərimizin qeyb olduğunu, qəhrəmanlıq ruhumuzu itirdiyimizi düşünürdüm və alnıma soyuq tər gəlirdi. Bir qələm adamı üçün bu, bütün zəhmətinin batması, ömrün puç edilməsidirsə, bir xalq üçün mənəvi ölümdür, insanlıq üçün tarixinin bütöv bir dövrünün unutdurulmasıdır.
    Düşmən öz yalançı üstünlüyünü göstərmək üçün ilk növbədə – sənin mənəvi xəzinələrini talayırdı.
    O hansı ruh idi bu torpaqda elə nəhəngləri yetirən, buraları Bağdadla, Təbrizlə, Buxara və Səmərqəndlə birgə türklüyün mərkəzinə çevirən… bu yerlərdən Yusif Balasaqunlunun diliylə türk əxalqına, türk törələrinə dayanan, bu gün belə yetişə bilmədiyimiz, utopik, ideal dövlət quruculuğuna səsləyən?!.
    Cahandarın Əhmədcanla söhbəti davam edir və mən Monqolustana, Ötükənə səfərimi, Tonyukuk, Orxon yazılarını ziyarətimi xatırlayıram.
    Bakıdan neçə min kilometr yol gəlmişəm, amma içindən şəfəqlənən o ağ daşların üstündəki “türk budunu” (milləti), “türk bəyləri” sözləri ilə aramızda hələ 2 min kilometr də yol var. Bir kökümüz da ordadır – 2 min kilometr şərqdə. Dünya boyu bir yaşam mücadiləsi və hələ də davam edən acılar… Gəzib-görmək gözəldir, lakin hər yerdə ürəyin qurduqlarının, elədiklərinin qüruruyla yanaşı, itirdiklərinin ağrısıyla da dolur. Bu ağrıya dözmək çətindir!..
    Quru çöllərin, boz təpələrin bu qədər səliqəli, bərəkətli bağ-bağata, əkin-biçin yerlərinə çevrilməsinin səbəbini yolda anladım. Kaşqar camaatı arı kimi çalışqandır. Az qala hər kəndçinin altında bir motosiklet var, sadə, ucuz. Uyğurlar buna “tokasiklet” deyir. Qadınların işi asanlaşıb, uşaqlarını da arxasına və ya qoşqusuna alıb gedir. İşə, bazara, qonşuya gedən… hamısı yollar boyu sıralanmış motosikletlərin belindədir. At əvəzi! Amma yeni texnika insanın köhnə yardımçılarını da unutdurmayıb. Əhmədcan yol kənarında hər cür qoşqu arabalarıyla, heyvan-qarayla dolu geniş sahəni göstərib, “Bura ulaq arabasıdır” deyir.
    Tokasikletin çoxluğu ilə Kaşqar mənə İndoneziyanın paytaxtı Cakartanı xatırladır. Orda da qarışqa sürüsü kimi yolları dolduran, maşınların arasından süzülüb gedən motosikletlər ən çox gözə çarpan cəhətlərdəndir.
    Yol boyu uzanan yaşıllıqlar sıxlaşır. Bu yaşıllıq qarşıdakı çılpaq təpəyə dirənir. İki-üç sıra, mərtəbə-mərtəbə qovaqlar bələdçilik edir sanki. Qələmələrin hər biri Mahmud Kaşqarlının qələmi kimi sancılıb kəndin yaxasına. Yolun sonunda böyük alimin əzəmətli heykəli görünür.
    Alaqapı Səmərqənd, Buxara memarlıq ənənələrinə uyğundur. Bu da anlaşılandır. Vaxtilə Qaraxanlılar dövləti oraları da öz tərkibinə qatmışdı, dövlətin qərb mərkəzləri oralardı…
    Bizi Kaşqarlı qarşılayır. Buranın əbədi ev sahibi o özüdür. Nəsillər gəlib gedəcək, lakin o bizim Qobustan təpələrinə bənzər şırım-şırım təpənin ətəyində, göylərə dikələn qovaq ağaclarının kölgəsində, çiçəkləyən ağacların, qızılgüllərin ətrinə bürünmüş halda  ziyarətinə gələnləri qarşılayıb yola salacaq. Heykəlin ayağında, kürsüdə ərəb əlifbası ilə dahi alimin qısa ömür yolu yazılıb: “1908-ci ildə doğulub. Gənclik illərində Xilafətin baş kəndi olan Bağdada gedib. Orda ömrünün müdrik yaşında “Divani-lüğət-it-türk”ü yazıb. Sonra bütün təkidləri rədd edərək vətənə qayıdıb. Doğma vətənində mədrəsə açıb, uşaqlara dərs verib. 1105-ci ildə, 97 yaşında ölüb”. Mən bu məlumatı oxuyuram. Qazaxıstandan gəlmiş qadınlar da mənə qoşulurlar. Qocaman ağaclar təpənin ətəyinə, yamaclarına bir dinclik, bir əbədiyyət havası yayır. Heykəlin yanından ötüb üzü yuxarı qalxırıq, 12-13 yaşlarında iki uyğur uşaq bizə bələdçilik edir.
    Bağın sıx yerində yuxarıdan axıb gələn arxın qırağında, uyğun kəndlərində, dağa gedən yolların üstündə tez-tez müşahidə etdiyimiz mənzərə təkrarlanır. Yan-yana hərəsinin üstündə 30-40 nəfər otura bilən taxtlar düzəldilib, xalı-xalça döşənib, yastıqlar atılıb. Gələn qonaqlara çay, su, qovun-qarpız, yüngül yeməklər təklif edirlər.
    Burdan ötüb gedirik… Əsas məqbərəyə çatmaq, məzarı ziyarət etməkdir. Dik pilləkənlər bizi başqa bir meydana qaldırır. Elə bilirəm, M.Kaşqarlı burda dəfn olunub. Lakin hasarın içində qorunan məzar yox, kökdən qopub yanpörtü dayansa da hələ qurumamış nəhəng ağ qovaqdır. Adamlar bu ağacı dövrələyib durublar. Bir yaşlı uyğur Qurandan ayələr oxuyur. Yaxınlaşıb baxıram, aşağıda ağacın köklərinin, bu köklərdən qalxan gənc, güclü pöhrələrin arasından bir kəhriz axır. Pilləkənlə kəhrizin üstünə enirəm və ürəyimi izahı olmayan bir qüssə bürüyür. Cəbrayılın məşhur kəhrizini, onun üstündəki çinarı xatırlayıram. Gələnlərin bu suyu, bu ağacı ziyarəti təsadüfi deyil. Mənə elə gəlir ki, Kaşqarlını o vaxtın dəbdəbəli Bağdadından bu balaca kəndə, bu çılpaq təpənin ətəyinə çəkib gətirən də elə bu kəhriz, onun sərin suları və susmaz vətən nəğmələri olub…
    Yaşlı uyğur Quran ayələrini uyğurca dualarla tamamlayır, bizə yanaşıb “xoş gəldiniz” deyir.
    Bələdçim, 7-ci sinif şagirdi Saniyə mənə yuxarı qalxmalı olduğumuz xatırladır və başqa bir dik pilləkəni göstərir.
    Pilləkənin sonunda Naxçıvan, Səmərqənd, Buxara memarlığını xatırladan balaca bir bina var. Girişində M.Kaşqarlının rəsmi. Onunla bir daha salamlaşıb həyətə girirəm. Böyük alimin məqbərəsi geniş həyətin arxa tərəfindədir. Balaca, qədim binadır. Üstünə yaşıl örtük çəkilmiş sadə məzarda bu torpaqların İslam dünyasına, insanlığa hədiyyə etdiyi bir türk böyüyü, bir böyük zəka, ideal sahibi, bir övliya, bir sönməz işıq uyuyur. Vəssalam! Kaşqarlının dırnağı olmayanların qızıla tutulmuş türbələrini xatırlayıram. Nə olsun!
    Burdan, bu qeyri-adi dağın yamacından Kaşqarlının doğma Upal kəndinin təkrarsız mənzərəsi görünür. Yamyaşıl ağacların arasından evlər zorla seçilir.
    Böyük alim məzarıyla bu kəndi də ziyarətgaha çevirib. Onun uyuduğu yer adama qəribə bir dinclik gətirir, bir anlığa dünyanın qovhaqovunu, qovğalarını unudursan. Son budur! O da hər kəsə qismət olmur. Məqbərənin həyətindən arxa tərəfə boylananda Kaşqarlının burda dəfn olunmasının əsas sirri aydınlaşır. Çılpaq dağın şırım-şırım ətəklərində yüzlərcə, minlərcə belə məzar var. Üstündə balaca məqbərələr, hücrələr, gümbəzlər, tikililəri də var, eləcə açıq havada qalanları da. Məzarlar, sanduqələr iridir. Hər biri balaca küməyə oxşayır. Dağın qumsal yamaclarından axan sellər qəbiristanı şırım-şırım bölüb, bir qanadı da Kaşqarlının türbəsinin yanından axıb gedir. Kaşgarlı bu kəndə doğmaların canlı həyatına qoşulmağa, bu kəhrizin susmaz nəğmələrini dinləməyə və bu məzarlığa, əcdadlarına qovuşmağa qayıtmışdı. İnsanın ruhu da hər yerdə dincələ bilmir.
    Kaşqarlı da bütün uyğurlar kimi qonaqsevərdir. Bu qeyri-adi türbələr şəhərciyini daha yaxşı görmək üçün məqbərənin yan tərəfinə çıxanda ziyarətçilərin həyəti yandan, arxadan dövrələmiş tut ağaclarının altında tut yediklərini gördüm. Mən də əlimi uzadıb bir neçə iri, bal kimi şirin ağ tut qopartdım. Bu Kaşqarlının ehsanıydı, onun süfrəsinin nemətiydi, imtina eləmək olmazdı.
    Ziyarət bununla bitmir. Ağacların arasıyla uzanan yol bizi Kaşqarlı muzeyinə, ordan da mağaraya aparır.
    Muzeyin baxıcısı Paşagül (uyğurlar arasında yayqın adlardandır… Şiringül və s.) qapının ağzında oturub, çiçək arzularını bir toxumaya köçürməklə məşğuldur. Tanış olur, şəkil çəkdiririk.
    Muzey çox sadə və kasıbdır. Məncə, Kaşqarlı dövrü və Qaraxanlı mühitinin türk-islam dünyası ilə əlaqələrini əks etdirən eksponatlarla zənginləşdirilməlidir.
    Muzey Kaşqarlı adına layiq şəkildə yenidən tikilməlidir. Bunu Türk dövlətləri və ya TÜRKSOY yapa bilər; Çin dövləti ilə razılaşma əsasında.
    Muzeyin ən dəyərli eksponatlarından biri Kaşqarlının məşhur dünya xəritəsidir. O -Kaşqarı, Tanrı dağlarını dünyanın mərkəzi kimi təsvir edib. Məncə yanılmayıb…
    Mağaraya gedən torpaq yolda əlimdən balaca bir əl yapışır: bu, Saniyədir; ehtiyat edir, ayağım sürüşə bilər. Mən gülə-gülə onun əlini sıxıram və özüm ona yardım edirəm: “Qorxma, yavrum, mən yıxılmaram, belə yollara öyrəşmişəm!” Uşağın həssaslığı ürəyimi kövrəldir…
    Mağaradan sonra yenidən xalı-xalçalı meydançaya qayıdıb, bir qab sərin su içəndən, M.Kaşqarlının heykəli ilə vidalaşandan sonra uşaqlara kiçik bir zəhmət haqqı verib bizi iki saatdan artıq gözləyən Əhmədcanın maşınına otururuq. Əlvida, böyük ustad! Bəlkə də indiyədək Azərbaycandan kimsə səni ziyarət etməyib! Amma Azərbaycanda da canlısan, oxunursan, öyrənilirsən… Zəhmətinin böyüklüyünə orda da heyrət edilir. Orda da Sən bizlərdən birisən və dirisən! Dünya durduqca, yəni türklük və türk dili yaşadıqca diri qalacaqsan! 
    Yolda Əhmədcan bizə çöldə salınan yeni bir şəhəri göstərir. “Çin hökuməti tikdirir, – deyir, – yaxın vaxtlarda Uyğurstana 10 milyon çinli köçürmək istəyirlər! Bizi məhv etmək üçün!”
    Göylər bu xəbərə bəndmiş. Yayın ortasında belə yağış olar? Yollarla sel axır…
    Amma Kaşqara çatanda yağış da dayanır. Əhmədcan “hansı otelə gedəcəksiniz?” – deyə soruşur.
    “Tələsmə! – deyirəm. – Hələ biz Yusif Has Haciblə də görüşməliyik! Tanıyırsan?”
    Başıyla tanıdığını bildirərək maşını Yusuf Balasaqunlunun movzoleyinə sürür.
    Bura Mahmud Kaşqarlının məqbərəsindən daha abaddır.
    Başdan-başa kaşı ilə üzlənmiş gözəl bir tikilidir. Geniş həyət-bacası. Məzar da kaşıyla bəzədilib. Məqbərənin divarlarında Yusif Balasaqunlunun “Kutadqu-Bilig”indən seçmə beytlər yazılıb. Ərəb və latın qrafikasıyla. Balasaqunlunun məqbərəsi, nədənsə, Ərdəbili, ordakı Şeyx Səfi məzarlığını xatırladır. Məqbərənin baxıcıları hardan gəldiyimizlə maraqlanırlar. Cahandar onlarla söhbət edir, tanışlıq verir. Söhbət gedə-gedə burda çalışan gənc oglan əlindəki tableti (planşeti) qurdalayır və bir azdan ordan tək-tək mənim olduğum səhifələr açılır: VHP, DAK… yazılar, şəkillər… Tez toplanıb bir neçə şəkil də onlar çəkirlər. Cahandar belə işlərdə zirəkdir, bir neçə dəqiqə sonra bu şəkillərin hamısı feyzbukda olacaq… Vidalaşıb ayrılırıq.
    Min il öncə bu torpaqların yetişdirdiyi  iki nəhəng insan təkcə uyğurların yox, oğuzlu, qıpçaqlı, katluklu – bütün türk uluslarının böyükləridir. Bu ziyarətlərdən sonra içim qəribə bir rahatlıqla dolur. Babaddağ ziyarətindən sonra belə olmuşdu. İndi də zirvədən enən kimi enirəm Kaşqarın bu günkü xaosuna… Gecəni yatıb, ertəsi gün tezdən Urumçiyə qayıtmalıyıq.

    ***
    Öncədən razılaşdığımız kimi, Kaşqardan qayıdan günün axşamı uyğur yazıçılarının qonağıyıq… Urumçinin ən məşhur restoranlarından birində on beş-on altı nəfərlik bir dəyirmi masada toplaşmışıq. Məşhur şairlər, ədəbiyyatşünas alimlər, yazarlar, naşirlər…
    Təşkilatçı “Göy Tanrı”nı uygurcaya çevirən, aralarında hamısından gənc olan Rozimuhamməd Mütallibdir… nasir Fərhad Cəlan, şairlər Əzizi Əli, Abdulhəmid Məhəmmədəmin, Vahidcan Osman, Adımuhamməd Turan, ədəbiyyatşünas-alim, universitetdə türk ədəbiyyatı professoru Hörmətcan Əbdürrəhman, Pekin Dövlət Nəşriyyatında  milli ədəbiyyatlar şöbəsinin müdiri Yaqub Muhamməd və s. Fərhad Cəlan Mahmud Kaşqarlı haqqında iri həcmli tarixi roman yazıb. Roman Türkiyədə də nəşr olunub. Vahidcan şən, deyib-gülən adamdır, türk dövlətlərinə səfərlərindən, ötən il Təbrizdə olmasından və Təbrizi bəyənməsindən danışır, Füzulini, klassik ədəbiyyatımızı, M.F.Axundzadə yaradıcılığını yaxşı bilir, Səməd Vurğunun, Müşfiqin adını çəkir. Əzizi elə bil dünən gedib Azərbaycandan. Ramiz Əsgərin “Divanü lügət-it-türk”ü çevirib, nəşr etdiyinə sevindiyini deyir, ona salam göndərir. Ədəbi həyatımızı izləyir. Mənim yazı-pozu işlərimlə, ictimai fəaliyyətimlə bağlı xırda detallaradək çox şey bilməsinə heyrətlənirəm. Dogu Türküstanın tanınmış şairi Vahidcan öz yeni şeirlərini oxuyur… İllərlə bir-birini tanıyan adamlar kimi deyir, gülür, zarafatlaşır, tariximizin acılarını paylaşır, ədəbiyyatımızın, kitabımızın, dilimizin, mədəniyyətimizin qaygıları və gələcəyi barədə dərdləşirik… 
    Ertəsi gün Turfana, son hadisələrin baş verdiyi yerə gedəcəkdik. Lakin Urumçidən çıxan kimi fövqəladə vəziyyətin toruna düşdük. Yol üstündə hərbiçilərin yoxlama məntəqəsində sorğu-sual xeyli uzandı. Turfana yetişənə kimi çox belə yoxlama olacaqdı, günümüz mənasız suallara cavab verməyə sərf olunacaqdı… Geri dönməkdən başqa çarə  qalmamışdı. Yenə üz tutduq dağlara… 
     

    Tanrı Dağlarıyla söhbət

    Təbiət insanın dəyişilməz, əbədi həmsöhbətidir. Çox vaxt adamlardan, kitablardan almadığımız cavabları torpaqdan, ağacdan, havadan, sudan alırıq. Zamanın yaşını daşla, sümüklə müəyyənləşdirirlər. İnsanlığın taleyini və hərəkətini yol xəritələrindən oxuyurlar!
    Mən də dağlarla danışmağı sevirəm! Ona görə ki, uşaqlığımız Savalanla dialoqda keçib. Ovqatımız onun başından qalxan buludlara, ondan əsən və bizim evləri yerindən oynadan küləklərə bağlı olub. Üstəgəl, aradakı tikanlı məftillər və həsrət!..
    Tanrı Dağları! İssık göl tərəfdən salamlamışdım, indi Günçıxan tərəfdən görürəm onu! Zirvəsinə qalxmaq (zarafat deyil, 8 min metrə yaxın bir yüksəklikdir), Cənnət gölünü  görmək imkanı olmasa da, danışmaq və bir-birimizi anlamaq imkanımız var!
    O da Savalan kimi qutsaldır! İlk beşiklərimizdən, ilk yuvalarımızdan biri də odur!
    Avrasiyanın ortasından min illərdir keçdiyimiz yollara göz qoyur! Uğurlarımıza sevinir, uğursuzluqlarımıza kədərlərnir.
    Bu gün kədərli göründü mənə Tanrı! Bəlkə ona görə ki, onun döşündən süd əmmiş bir millətin hələ də zillət içində, işğal altında olması ağrıdır onu!
    Allah ona, Altaya, Alatauya, Karatauya, Elbrusa, Savalana, Ağrıya və onların ətrafındakı torpaqlara hər şey verib. Çinin neftinin, qazının, qızılının, daş kömürünün, əlvan metallarının böyük hissəsi uyğur torpaqlarından gedir. Lakin əzilən, təhqir edilən, dili, mədəniyyəti sıxışdırılan, ikinci sinif millət sayılan da odur!
    Bu nə ədalətsizlikdir və nə qədər davam edəcək?
    Ancaq təkcə bura deyil! Türkün, müsəlmanın yaşadığı harda rahatlıq var ki! Hər gün düşmənlə pəncə-pəncədəyik! Daxili didişmələr və xarici düşmənlər! Torpaqlarımız parça-parça qoparılıb əlimizdən alınır, sərvətlərimiz talanır, tariximiz danılır, üstəgəl, bu vəhşi işğalçılar bizi vəhşi cildində göstərməyə çalışırlar!
    Tanrı Dağları səsimi eşidir, ürəyimdən keçənləri oxuyur.
    “Günahı özünüzdə görün! Allah sizi dünyanın əfəndisi yaratmışdı. Bayrağınız üç qitədə dalğalanırdı. Qılıncınızı öz başınızda sınaya-sınaya param-parça oldunuz! Daha nəyi bilmək istəyirsən? Səni rahatsız edən sualların cavabını min il öncə şair həmkarın verib! Gör min il öncə türk millətinin bu günki halını necə gözəl görüb! Necə gözəl ifadə edib! Təkcə türk millətininmi? Yox, belə desəm, yanlış olar! Onun yazdıqları insanlıq düsturlarıdır. Kim bunu pozarsa, öz hökmünü özü vermiş olur! Gör, nə yazıb Yusif Balasaqunlu:
    “Bəy iki şey ilə öz bəyliyini pozar, əyri yola girər və doğru yoldan aşar. Bunlardan biri zülm, biri ihmalkarlıqdır!” – deyirdi Yusif Balasaqunlu. “Bəy” deyəndə o insanı, türk millətini, türk dövlətini düşünürdü! O, bəy deyəndə uca, kamil insanları nəzərdə tuturdu və millətinin hər bir kişisini bəy görmək istəyirdi! Hər şey sizin bəylikdən uzaqlaşmağınızdan başladı. Ağa, əfəndi, yoldaş, tovariş, cənab… Öncə bəyliyini qaytar, sonra faciələrinin kökünü axtar!
    Gör, sonra nə deyirdi Kaşqarın böyük bilgini:
    “Zalım adam uzun müddət bəyliyə sahib ola bilməz! Zalımın zülmünə xalq uzun müddət dözməz! Zülm yanan atəşdir, yaxınlaşanı yandırar! Qanun su kimidir, axarsa, nemət yetirər! Ey hakim, ölkədə uzun müddət hökm sürmək istəyirsənsə, qanunu doğru yürütməli və xalqı qorumalısan! Qanun ilə ölkə genişlənər və dünya düzənə girər; zülm ilə ölkə kiçilər və dünya pozular! Zalım zülmü ilə bir çox sarayları xarab etmiş və sonunda özü acından ölmüşdür!”
    Oxu bu sözləri və bax öz yurdlarımıza, türklük aləminə. Gör, böyük babalarının bütün zamanlar və bütün dövlətlər üçün keçərli olan bu ölümsüz sözlərinə, öyüdlərinə, hikmətlərinə dəyər verən varmı? Zülmün ayaq açdığı, ədalətsizliyin meydan suladığı yerdən nə gözləyirsən? Get, bir də oxu “Kutadqu-biligi”. İmkanın varsa, hər vəzifə sahibinə, hər hakimə də birini göndər. Bir şərtlə, alıb oxusunlar və onun dediklərindən ibrət alsınlar”.
    “Ey dövlətli hökmdar! Ən pis iş bəylərin adının yalançı çıxmasıdır! Bəyin sözü doğru olmalı, hərəkəti etimad doğurmalıdır ki, xalq ona inansın və hüzur içində yaşasın. Sözü yalan olan cəfa verəndir, kim cəfa verirsə, o heyvandır.
    Bəy cəsur, qəhrəman və çevik olmalıdir; o, cəsarəti ilə düşməni yenər. Qorxaq əsgərin cəsarət alması üçün komandanın cəsur və qəhrəman olması gərəkdir. Comərd ol, bağışla, yedirt və yüksəl!
    Məmləkət tutmaq üçün əsgər və ordu lazımdır. əsgəri bəsləmək üçün də çox mal və sərvətə ehtiyac vardır. Bu malı əldə etmək, eləcə də xalqın zəngin olması üçün də qanun qorunmalıdır”.
    Tanrı Dağının səsi yüksəldi: “Min ildən sonra da “qanun-qanun” deyib durursunuz! Qanunu qanun verənlərin özündən qorumaq lazımdır. Çünki onlara qanun yoxdur. Onlar “qanun mənəm!” deyirlər”.
    “Torpağımız işğal olunub”, – deyirsən. Yurduna düşmən yerimiş ölkənin də komandirləri, ordu böyükləri savaşı buraxıb mal-mülk toplamaqla, saraylar ucaltmaqla məşğul olar? Xalq görmür bunu? Vətən qorunmayandan sonra o mal-mülkü kim qoruya bilər? O saraylarda necə yaşana bilər? Böyük şair min il öncədən görürdü bu faciələri və deyirdi: “Gözəl ad və şöhrətlə tanınmağını istəyirsə bəy, (yəni sizin indiki dillə desək – başçı, sədr, nazir, baş nazir, prezident) beş şeydən uzaq durmalıdır: biri tələskənlik, ikincisi xəsislik, üçüncüsü hiddət, dördüncüsü – xalqa inadkarlıq etmək və nəhayət, yalançılıq.
    Xalq tərəfindən sevilmək üçün bəy gülərüzlü, dadlısözlü, xoşxasiyyətli olmalıdır. Qabalıq, kin-küdurət, özünü xalqdan yüksək tutmaq, tələskənlik, zəvzəklik avam təbiətidir. Bəy bunlardan uzaq durmalıdır.
    Bəylər örf və adətlərə, qanunlara necə riayət edirsə, xalq da eyni şəkildə riayət edir. Hər hansı bir bəy xalqa qanun verməz, xalqı qorumaz və xalqın sərvəti onu zorla qoparanların əlində qalarsa, o, xalqın içinə atəş atmış olar; məmləkət pozular və heç şübhəsiz, bəyliyin təməli yıxılar!”
    Tanrı Dağlarının “Kutadqu-biliy”in orijinalında, qədim Kaşqar-uyğur ağzında dediyi sözləri mən bu əsərin ən böyük araşdırıcısı R.Rəhməti Aratın çevrisində verirəm. Heç nə artırmadan, son sözlərini elə olduğu kimi saxladım:

    Qılınc tərpənəndə yağı tərpənməz,
    Qılınc qına girsə, bəy dinclik bilməz.
    Qılınc yurdu düzər, xalqı qazanar.
    Qələm eli düzər, xəzinə dolar.
    Qılınc qan damızsa, fateh olar bəy,
    Qələmin qanısa, altundur demək!

    Böyük olmaq, böyüklük etmək istəyirsinizsə, bir olun, adil olun, ədalətli olun və böyüklərinizin sözündən çıxmayın. Sizə yeni Ana Yasalar lazım deyil ki! Gör, bu yasalar min il öncə necə mükəmməl bir şəkildə yazılıb!”
    Tanrı Dağları bunu deyib susdu. Mən də susdum. Çünki deyiləcək sözüm qalmamışdı.
    Yola düşəcəyimiz gün uyğur yazıçılarının istəyi ilə yenə görüşdük. Ancaq dörd tərəfimiz polislərlə doluydu. Söhbətin dadı-duzu qaçdı. Bu arada Rozi Muhamməd bizi uşaqları ilə tanış etdi: Atilla, Ərturan və Tomris. Bu adları eşidincə ətrafımızdakıları unutdum: Uyğur yaşayır və Tanrı Dağları durduqca yaşayacaqdır.

    Sabir Rüstəmxanlı
    4.08.2013



  • Diri və ölü sözlər

    Sabir  RÜSTƏMXANLI

    Söz – silah, iş, sevgi və çörəkdir!

    Buna görə Sözə borcluyam, onu qoruyuram, sevirəm və qısqanıram.

    Sözün yolu – xalqın yoludur. Hər ikisi ürəyimi titrədir. Hər ikisi sirli və sehirlidir. Hər ikisinin kökü, başlanğıcı Tanrıdan başqa kimsəyə bəlli deyil. Ağlım kəsəndən hər gün xəyalən bu yolu geriyə qayıdıram. Görürəm ki, hər sözdən xalqın uzaq keçmişinə, yaranmasına və təfəkkürünə, dünyanı qavrama tərzinə bir pəncərə açılır. Görürəm ki, tarixin hər səhifəsindən yeni-yeni sözlər cücərir, onu yaradanla birgə boy atıb yaşayır və yayılır.

    Sözün də öz ömrü – doğuşu, olumu və ölümü var. Söz da xalqların yol yoldaşıdır; tər töküb ölkə qurur, vuruşur, döyüşə aparır, şənlik edir, yas saxlayır, qocalır, yorulur və itir. Tarix – zamanın unutqanlığında, yolları ot basır, söz paslanır, əldən və dildən düşür…

    Amma sözlərin ölümü təkcə qocalıb əldən düşməklə gəlmir, lap elə cavan, işlək vaxtında dəyərini itirən, gücünü və əhəmiyyətini qeyb edən sözlər də var ki, cavan ölür, yaxud diriykən ölüyə çevrilir.

    Burası da var ki, ən bahalı geyimlər əprimiş bədənlərə təravət gətirə bilmədiyi kimi, ən parlaq sözlər də sirinsimiş ruhlara qanad taxa bilməz…

    Ən iti qılınclar gücsüz əldə oyuncağa çevrilir, ən çevik atlar qorxaq süvarinin altında qatıra dönür.

    Söz millətin ruhudur! Kərpic-kərpic binalar tikilir, söz-söz ruh abidələri – əsərlər. Zaman Qobustan qayalarındakı yazıları pozur, Sfinksin burnunu ovur, ehramları əridir, göylərə əl atmaq ehtirasıyla ucaldılan qüllələri böyrü üstə qoyur, amma sözün gözünə də üfürə bilmir. Sözlə qurulan abidələr daha etibarlı və uzunömürlüdür.

    Millət – sözü, Söz – milləti qoruyur!

    Söz də özünü qorumaq və yaşamaq uğrunda qanlı savaşlardan, ölüm-dirim mübarizələrindən keçib.

    Qalalar – qorunmaq, abidələr – unudulmamaq ümidləridir. Sözün də qalalara sığındığı və ucaltdığı abidələr sayəsində yaşaya bildiyi vaxtlar olub.

    Millətin ruhu və ümidi qırılanda sözlər də qoşun kimi pərən-pərən düşür.

    Monqolustanda – Tonyukukda və ya Orxon nəhri vadisində ölən sərkərdələr üstündə deyilən ağılar ulusun sonsuz ağrısını qoruya bilməyəndə o ağrını, dərdi və çarəsiz, çətin durumu daşa köçürüblər.

    Ağıllarına gəlməyib ki, bu ölüm türk dilinə, özəlliklə, oğuz-azəri türkcəsinə dirilik vəsiqəsi verəcək.

    Baş daşları – dilin beşiyinə və əbədiyyət ünvanına çevriləcək!..

    Çöllərdə nida işarəsi kimi ucalan o ağ mərmər sütunları qucaqlayıb, əlimi yuxarıdan aşağıya doğru yazılmış doğma kəlmələrə sürtəndə – elə bildim, sütunların içində bir ürək döyünür, üstündə yazılmış “tanrı”, “türk”, “yer”, “oğuz”, “bəy”… sözləri kimi, bu daşların özü də min üç yüz ildir canlıdır və bu məğrur ucalığından min üç yüz ildir sonsuz düzəngahlara göz dikib nəyisə gözləyir.

    Türkoğuz, türkazər dilinin hər kəlməsiylə həm tarix, həm bugün olan, min beş yüz ilin ruhunu bu günə daşıyan başqa bir abidəsi də Dədə Qorqud Kitabıdır. Dədə Qorqud Kitabı dilimizin İçəri şəhəridir: hər boyu bir Qız Qalası, bir Çıraqqala, saray, abidə, bürc…

    Dədə Qorqud boylarındakı real və mifik tarixlərin də İçəri şəhər kimi yaşını bilən yoxdur; daş altından daş, söz altından söz çıxır; hər süjet bir minillikdən, əfsanəyə dönmüş bir həqiqətdən gəlir, sonra Dədə Qorduq adına bağlanır, onun dilində zaman sərhədləri itir, keçmişi canlandırır, canlı olanı tarixə çevirir. Yaşından asılı olmadan Dədə Qorqud sözü həmişə işlək və yaşarıdır; İçəri şəhər muzey cansızlığını qəbul etməyən canlı bir həyat içində olduğu kimi, Dədə Qorqud sözü də bugünkü dilimizin ən işlək qatıdır…

    Türkazər dili min beş yüz il əvvəlki cilvəsi ilə Dədə Qorqud boylarına köçüb bir qalaya, bir abidəyə çevrilsə də, Orxon və Tonyukuk daşları kimi, bu abidələrin də ürək döyüntüsü aydın eşidilir.

    Quran da ərəb dilinin ölümsüz abidəsidir; amma bu bir ziyarətgahdır!

    Nə Dədə Qorqud boyları kimi yaşayışı olan, nə də ziyarətgaha dönən qalalar da var! Ölü dillərin yadigarı!

    Söz Tanrıya bağlananda işıqdır, əbədiyyətdir, baldır; İblisin dilinə düşəndə zülmətdir, şərdir, zəhərdir…

    Yaşı bilinməyən İçəri şəhərdə yaşamağa, işləməyə bu gün də üstünlük kimi baxılır, orda rahatlıq tapırlar. Xarici firmalar, səfirliklər də ora can atır, orda məskunlaşmağa çalışırlar.

    Heç kim İçəri şəhər məhəllələrində tapdığı rahatlığı, canayatımlığı mikrorayon məhəllələrində tapa bilməz!

    İçəri şəhərin hər bir evi qədim olduğu kimi, həm də müasir, hər gələn nəsil üçün yenidir; mikrorayonların yelçəkən küçələri, evləri və mənzilləri yeni olsa da, yeniliyiylə adamı qovan, yeniliyində köhnələndir.

    Qədim olduğu qədər canlı olan sözlərin cazibəsiylə, anadan ölü doğulan yeni sözlərin müqayisəsi də elə bu cürdür.

    Kiminsə tutarlı bir ifadəsi yadıma düşür: “Şüar – söz deyil, sözün ölümüdür!”

    Yəqin ki, burda “şüar” vərdiş elədiyimizdən daha geniş anlamda qəbul edilməlidir…

    Əslində, şüar da, söyüş də, mədhiyyə də haqqı inkar edən sözlərin qanını sorur, onları cansızlaşdırır və gözdən salır.

    Bu gün Milli Məclisdən tutmuş televiziya verilişlərinədək, qəzet məqalələrindən tutmuş nəfis nəşr edilmiş kitablaradək – dövlət dili səlahiyyətiylə qol-qanad açmış dilimizin nəhayət ki, sıxıntılardan qurtarmasından qürur duyuruq… Amma bu dil meydanında hərdən özümü, nədənsə, mikrorayon evlərindəki kimi naqolay hiss edirəm, uyut, rahatlıq tapa bilmirəm. Hərdən də dil elə şəkil alır ki, özümü ölü sözlər arasında, ölü sözlər qəbiristanlığında hiss edirəm!

    Hansı yüksəklikdən səslənir-səslənsin, hansı dəbdə geyinir-geyinsin, söz həqiqəti ifadə etmirsə, yalan və riyakarlıqdan doğulursa, elə doğuluşundan ölüdür!

    Qəzetlərimizin manşetləri, məmurlarımızın çıxışları, deputatlarımızın nitqləri, saytlarımızın barmaqsorma və süjetqayırma əhvalatları…

    Dil həm də əxlaq göstəricisidir. Adamın əti ürpəşir: aşağıdan yuxarıya gülünc bir mədhiyyə yarışı gedir. Xəstəliyə çevrilib. Hər kəs başının üstündəkinə bəytərifi deyir: fəhlə briqadirinə, müəllim direktoruna, həkim baş həkimə, rayon sakinləri icra başçısına, icra başçısı Prezident Administrasiyasına, məmurlar prezidentə… Saxta sözlər yarışı! Biri bunları saxlayıb demir ki, ay bala, sən mənə niyə tərifnamə deməlisən, xeyir olsun?! Kişi sözünü işıqlı deyər! Məni sevirsənsə, yaxşı işlə, düz işlə, xalqı sev, camaatı məndən incik salma, oğurluq, quldurluq, riyakarlıq eləmə! Onda sənin sözünün mənası olacaq! Mənim sülaləmi tərifləyib, başımın altına yastıq qoyaraq, gedib məni gözdən salan işlər görəcəksənsə, lənət sənin tərifinə!

    Həyatın dibindən gələn bir düz söz ən yüksək kürsüdən deyilən namussuz sözdən daha uca və daha uzunömürlüdür…

    İlahi, yazığın gəlsin bu dilə! Bu qədər abort sözə, şikəst və xəstə sözə necə dözəcək o! Və bu xəstəlik yavaş-yavaş dilin gücünü, enerjisini sorub, onu yarımcan vəziyyətə salmayacaqmı?

    Dil bazarçısı yalandır, varmazam bazarinə,
    Gerçək olmaz, əgridir, inanmazam iqrarinə.
    Sadiq oldur dilini könlü ilə bir eyləyə,
    Əgri dildən nəsnə gəlməz, durmuşam inkarinə…

    Bu, altı yüz il öncənin Nəsimi əxlaqı və Nəsimi dilidir…

    Təəssüf ki, əyridillilər altı yüz ildən sonra da var və bəlkə də Nəsimi dövründəkindən daha çoxdurlar.

    İşlək dil elliyindir, hər kəsin malıdır. Torpaq kimi, kim istəsə, əkib-becərə bilər… Amma torpaqdan nəsə yaratmaq sənətkar işidir. Təəssüf ki, bu gün söz yaradıcılığı, söz meydanı ən nəzarətsiz sahəyə çevrilib və burda əyridillilər, saxta söz “xiridarları” tam bir cəzasızlıq şəraitində, ictimai qınaqdan kənarda meydan sulayırlar…

    Təkcə qəzetlər deyil… Bugünlərdə biri mənə bir şeir toplusu verdi; nəinki şeir, düzgün, təmiz ana dilində yazılmış bircə misra tapa bilmədim orda. “Burda bircə dənə də şeir yoxdur”, – dedim. Bir neçə müddət sonra zəng vurdular: “O kitabı işləyib hazırlayıblar. Bəlkə ona ön söz yazasınız?” Kim təzədən yazmışdı onu? Cansız və ruhsuz, mənasız söz yığınlarını qafiyələndirib şeir görüntüsü yaradılsa, nə olacaq ki?! Tabuta ha bəzək vur!

    “Min bir mahnı” kitabı var. Xeyirxah iş görüblər. Burda mahnı mətnlərinin çoxu yanlış köçürülüb, yaddaşlarında necə qalıbsa, elə qeyd eləyiblər, buna dözmək olar; amma kitabda mahnı adına millətə sırınan mətnlərin çox böyük hissəsinin bədii sözə aidiyyəti yoxdur. Cəmiyyətə sırınan yüzlərcə mənasız mahnı var… ölü sözlərdən doğulub. Bu cür mətnləri hansı musiqiylə bəzəyirsən bəzə, heç kim onlara can və ömür verə bilməz. Təəssüf ki, bu gün mahnı yaradıcılığındakı, poeziyadakı “həvəskarlıq” epidemiyası sürətlə yayılır və ölü sözlərin, ölü şeirlərin, ölü mahnıların sayı gündən-günə artır.

    Dilin gələcəyi, taleyi – işləkliyi, yayılma dairəsi, rəsmi statusu, daşıdığı informasiya yükü, qorunması ilə yanaşı, həm də onun mənəvi enerjisindən, sözünün sehrindən, gücü və canlılığından asılıdır.

    Şərait dəyişiləndə quruluşlarla, ictimai sistemlərlə birgə sözün də dəyişmə prosesi gedir. SSRİ zamanında parıltılı görünən nə qədər söz bu gün arxaikləşib, fəal leksikondan çıxıb. Bu gün cazibədar görünən bir sıra bəzəkli sözlər də sabah mənasını itirəcək. Mayası olmayan taxıl tez qaralıb çürüdüyü kimi, puç, mayasız sözlər də çürüyüb töküləcək.

    Dili qorumaq üçün təkcə Dil Qanunu yetərli deyil. Ruhumuz və mühitimiz kimi, sözümüzün də kəsərini, gücünü, canlılığını, ilk növbədə, düzlüyünü qoruyub saxlamağı bacarmalıyıq.

  • Cəmil Həsənlinin Təşəbbüs Qrupu yaradıldı

    Bu gün Milli Şuranın sessiyasından sonra qurumun prezidentliyə vahid namizədi göstərilən Cəmil Həsənlinin sənədlərini MSK-ya təqdim etmək üçün Təşəbbüs Qrupunun təsis yığıncağı keçirilib.

    Xatırladaq ki, MŞ-ın sessiyasında C.Həsənli böyük səs üstünlüyü ilə qurumun vahid namizədi seçilib. Təşəbbü Qrupunun yaradılması onun namizədliyini qeydə almaq üçün MSK-ya müraciət etmək baxımından hüquqi prosedur kimi vacibdir.

    Təşəbbüs Qrupuna MŞ üzvü olan partiya və birliklərin təmsilçiləri qatılıb. Əməkdaşımız xəbər verir ki, Təşəbbüs Qrupuna 150 nəfərdəna artıq MŞ üzvü qoşulub.

     

  • Cəmil Həsənlinin namizədliyi təsdiqləndi

    “Media forum” saytı xəbər verir ki, avqustun 29-da Mərkəzi Seçki Komissiyası Milli Şuranın üzvü Cəmil Həsənlinin prezidentliyə namizədliyini təsdiqləyib.

    Cəmil Həsənli Milli Şuranın 23 avqust sessiyasında prezidentliyə namizəd seçilib.

    61 yaşlı Cəmil Həsənli tarix elmləri doktoru, professordur. 1993-cü ildə (aprel-sentyabr) Azərbaycan Respublikası prezidentinin müşaviri vəzifəsində çalışıb. Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini olub. Ziyalılar Forumunun qurucularındandır. 2000 və 2005-ci illərdə Milli Məclisin deputatı seçilib.

  • Cəmil Həsənli emüxalifətin vahid namizəddir

    “Cəmil Həsənlinin Milli Şuranın ehtiyat vahid namizədi adlandırılması düzgün deyil. O, Milli Şuranın vahid namizədidir. Çünki Rüstəm İbrahgimbəyov özü də sənədlərinin MSK tərəfindən təsdiq olunacağına şübhə ilə yanaşır”.

    Bu açıqlamanı APA-ya Milli Şuranın üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı verib.

    Onun sözlərinə görə, vahid namizəd İctimai Palatanın liderləri arasından seçilməli idi: “Hadisələrin gedişi göstərdi ki, nə Milli Şurada, nə də İctimai Palatada siyasi liderlərin vahid namizəd seçilməsi mümkün deyil”.

  • Çöhrəqanlı gəldi – amma onu Bakıya buraxmadılar

    Dünya Azərbaycanlıları Konqresi (DAK) Məşvərət Şurasının (MŞ) sədri, Güney Azərbaycan Milli Oyaniş Hərəkatının (GAMOH) lideri doktor Mahmudəli Çöhrəqanlı və oğlu Alparslan Çöhrəqanlı Bakıya buraxılmayıb. Bu barədə VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli öz facebook profilində məlumat verib. S.Əsədlinin bildirdiyinə görə, M.Çöhrəqanlını və oğlu Alparslanı gəldiyi təyyarə ilə də geri qaytarıblar.

     

     “Güney Azərbaycan türklərinin lideri Mahmutali Çehreganlını və oğlu AlpArslan Çehreganlını Bakıya buraxmadılar. Gəldiyi təyyarə ilə geri qaytardılar. Çox təəssüf… bu bir daha sübut etdi ki, hakimiyyət müstəqil siyasət yürüdə bilmir…”  Samir Əsədlinin digər  statuslarından da aydın olur ki, öncədən də deyildiyi kimi, M. Çöhrəqanlı Bakıya gəlib, millət vəkili Sabir Rüstəmxanlı onu hava limanında qarşılayıb. Lakin deputat Azərbaycan yetkililəri ilə danışıqlar aparsa da, Güney Azərbaycan türklərinin liderlərindən olan M. Çöhrəqanlını Bakıya buraxmayıblar.

    M. Çöhrəqanlı İran iqtidarının təzyiqi ilə Azərbaycandan, daha sonra isə Türkiyədən çıxarılıb. Hazırda Amerikada yaşayır.

    Samir Əsədlinin məlumatına görə, M. Çöhrəqanlını qarşılamaq üçün Bakıda yaşayan Güney Azərbaycan türklərinin nümayəndələri də hava limanına gediblər.  

    Mahmudəli Çöhrəqanlının oğlu Alparslan Çöhrəqanlı Bakıya buraxılmamaqları barədə öz facebook profilində status yazıb. Musavat.com həmin statusu təqdim edir:

    “Azərbaycan hökuməti İranla (fars-molla rejimi) anlaşmalarına əsasən dr.Çöhrəqanlını 7 il sonra öz vətəninə DEPORT (sınır dışı) etdi. Yazıqlar olsun Azərbaycan iqtidarına və yazıq 50 milyonluq Azərbaycan Türkü.”

    musavat.com

  • Bu gün Füzuli və Cəbrayıl rayonlarının işğalından 20 il ötür

    Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 20 il ötür. Füzuli rayonu 23 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edilib. Ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektar ərazi hələ də erməni işğalı altındadır. 1994-cü ilin yanvarında rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Hazırda ərazidə 54 min nəfər məcburi köçkün məskunlaşıb. Ümumilikdə rayonun 30 min kvadrat km ərazisi işğaldan azad olunub. Hazırda Füzuli şəhəri və 78 kəndin 58-i erməni işğalı altındadır.

    Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb. 1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, yüzlərlə rayon sakini şəhid olub, yaralanıb, itkin düşüb. Füzuli rayonu müharibədə 1100-dən çox şəhid verib, 1450 rayon sakini əlil olub.

    Erməni işğalı altında olan Füzuli rayonu təbii sərvətlər baxımından çox zəngindir. Rayonda ümumi ehtiyatları 58858 min kvadrat metr olan və mişar daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı, kərpic-kirəmit istehsalına yararlı 11211 min kvadrat metr ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları 13053 min kvadrat metr olan Quruçay qum-çınqıl qarışığı yataqları var.

    Rayon ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılıb və işğala qədər mühafizə olunub.

    1960-80-ci illərdə Füzuli rayonunun dağlıq və dağətəyi sahələrində hidrogeoloji axtarış zamanı ərazidə yayılmış dördüncü, tabaşir və yura dövrü sulu komplekslərinin, eləcə də ərazidən keçən çayların məcraaltı sularının ehtiyatı 193 min m3/gün həcmində hesablanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair aşağıdakı faktları aşkarlayıb:

    1. Geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar bütünlüklə qırılıb.
    2. Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib.
    3. Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb.
    4. 2006-2009-cu illər ərzində rayonun 35 000 hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılıb.

    Bu gün Cəbrayıl rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından da 20 il ötür. Erməni işğalçıları ilə döyüşlərdə 180 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

    Ərazisi 1050 kvadrat kilometr olan Cəbrayılın Ermənistan Silahlı Qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb. Hazırda Cəbrayıl üzrə 351 nəfər şəhid ailəsi var. Cəbrayıldan olan 61100 məcburi köçkün 58 rayonda, daha çox isə Beyləqan, İmişli, Sabirabad, Biləsuvar rayonlarında məskunlaşıb.

    Zəngin yeraltı sərvətlərə və təbii gözəlliyə malik Cəbrayıl rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min kubmetr olan Tulus tuf, ümumi ehtiyatları 5434 min kubmetr olan Çaxmaqçay, Soltanlı tikinti qumu, ehtiyatları 296 min kubmetr olan kərpic istehsalına yararlı Qaracallı gil, ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc, ehtiyatları 5226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı, ehtiyatları 4130 min kubmetr olan Cəfərabad qum-çınqıl qarışığı, ehtiyatları 504 ton olan Sahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları var.

    Rayonda yaşı 200-1600 olan 14 ədəd iri diametrli Şərq çinarı və digər qiymətli ağaclar, həmçinin Dağtumas kəndində “Divlər sarayı” adlanan mağara təbiət abidəsi kimi qorunurdu.

    Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib.

    2006-2007-ci illər ərzində erməni işğalçıları tərəfindən rayonun 16 min hektardan artıq ərazisində yanğınlar törədilib.

  • “İrəliyə doğru bir addım”, yoxsa köhnənin təkrarı?

    İbrahim Quliyev  

    Bu cümlə uzun illərdirdir ki, beynəlxalq təşkilatların Azərbaycandakı seçkilərlə bağlı bəyanatlarında təkrarlanır. “İrəliyə doğru addım”ın nədən ibarət olması bu günədək izah edilmədiyindən, sonda ölkədəxali situasiyanın mürəkkəbləşməsi və həmin bəyanatları verən beynəlxalq qurumlara inamın itməsi ilə nəticələnib. Seçki əgər hər dəfə eyni adamlar tərəfindən keçirilirsə və hər dəfə eyni şəxs eyni vəzifəyə seçilirsə, burada “irəliyə doğru” hansı addımdan söhbət gedə bilər. Bu cümlələri yaza-yaza yadıma pişiyin siçanla məzələnməsi əhvalatı düşür. Pişik onsuz da siçanı yeməlidir, amma onu birdən-birə yemək siçana ləzzət eləmir, gah buraxır, gah da təzədən ələ keçirir və sonda…

    Hər dəfə seçki ərəfəsində  beynəlxalq təşkilatlar fəallaşır, Azərbaycan müxalifəti ilə görüşlər keçirir, əks qütbün nümayəndələrini xarici ölkə turnelərinə dəvət edir, seçki prinsipiallığından danışır, amma son anda bütün ictimaiyyətin gözü qarşısında saxtalaşdırılan seçkiləri “irəliyə doğru addım” adlandırır. Təbii ki, heç nə məqsədsiz deyil. Çoxillik təcrübə göstərir ki, Azərbaycan müxalifətinin seçki ərəfəsində fəallaşdırılması heç də Qərbin Azərbaycanda demokratiya, insan haqları və azadlıqları istəyindən doğmur, sadəcə olaraq, bu fəallıq Rusiya və Qərbin hansısa yeni maraqlarının təmin olunmasına xidmət edir. Bununla bərabər, Qərb texnoloqları sonda ustadcasına bütün uğursuzluğa görə ittihamları da elə Azərbaycan müxalifətinin üzərinə yönəldə bilir.

    Guya, müxalifət parçalandığından, vahid namizədlə çıxış etmədiyindən, müxalifət daxilində hakimiyyətə bağlı qüvvələr olduğundan, Azərbaycanda real hakimiyyətə yiyələnə bilmir. Bununla da ictimai rəyi elə müxalifətin özünə qarşı yönəldir. Bu, Qərbin kiçik ölkələrlə və xüsusilə də hakimiyyət dəyişikliyinə hələ ciddi ehtiyac duymadığı xalqlarla oyun planının başlıca prinsipidir. Və elə bu prinsiplə də öz sətiraltı hədəflərini geçəkləşdirir: özünə inandırma yolu ilə ardınca apardığı müxalifəti yerli sosial bazadan məhrum etməklə həm xalqları təkləyir, həm də müxalifəti öz iddialarına vasitəçiyə çevirir. Məsələ tək bununla bitmir, əsl həqiqətdə “bizim demokratiya beşiyi” hesab etdiyimiz inkişaf etmiş Qərb həm də yerlərdəki hakimiyyətlərin rüşvət və korrupsiya yolu ilə xalqların əlində olan bütün sərvətlərin mənimsənilməsində maraqlı görünür.

    Bu halda onu mənimsəmək, ayrı-ayrı dövlət başçılarının hesabında olan külli miqdarda vəsaitləri özününküləşdirmək çox asanlaşır. Bu, yeni istismar texnologiyası heç bir vəsait xərcləmdən, ölkələrə yürüş etmədən inkişaf etmiş dövlətlərin büdcələrini doldurmağa, xalqlarını cənnətdə yaşatmağa imkan verir. Bunu biz İran şahının hələ də Amerika banklarında dondurulub saxlanılan milyardlarında, Səddam Hüseynin, Qəddafinin əmlaklarının olduğu ölkələrdə mənimsənilməsində görürük. Heç bir diktator, heç bir korrupsioner dövlət başçısı devrildikdən sonra onun Qərb öləkələrindəki varidatı ölkəsinə qaytarılmayıb.  Guya, Qərb Azərbaycandakı daxili istismarı görmür, rüşvət və korrupsiya onun gözünün qarşısında cərəyan etmir.  “Wikiliks” saytının ortaya qoyduğu diplomatik məktublar, bizcə, heç kəsin yadından çıxmayıb. Səfirlər öz ölkələrinə verdikləri hesabatlarda Azərbaycanda hansı nazirin gündə nə qədər qazanması, “Qolfistreem” təyyarələrini necə əldə etmələri, dünyanın hansı yerində hansı villalara sahib olmaları barədə məlumat verirdilər. Aylıq maaş 250 manat olan ölkədə bu təyyarənin kimin necə əldə etməsi məgər bizim insan haqları barədə hər gün yeni əfsanələr uyduran Qərbə bəlli deyilmi? Qərb bilmirmi ki, oğurluq etmədən, rüşvət və korrupsiya ilə məşğul olmadan bu qədər vəsaiti əldə etmək mümkün deyil. Bilir və Qərb yaxşı başa düşür ki, insan azadlığı iqtisadi azadlıqdan başlayır, iqtisadi azadlığı olmayan ölkələrdə siyasi azadlıq Afrikanın çılpaq camaatının gecə-gündüz küçələrdə rəqs etməsindən başqa bir şey deyil. Hazırki bazr iqtisadsiyyatıçərçivəsüində Azərbaycan vətəndaşına verilən maaş və təqaüd dilənçi payından başqa bir şey deyil. Bununla bərabər, beynəlxalq təşkilatlar bir dəfə də olsun Azərbaycanda əhalinin maddi durumu ilə bağlı bir hesabat hazırlamayıb. Əksinə, qiymətlərin beynəlxalq standartlara yaxınlaşması günün daimi mövzusu olub.

    Bu halda istər-istəməz gündəmə belə bir sual gəlir: Qərb Azərbaycanda hakimiyyət dəyişikliyi istəyirmi?

    Qərbin bəyanatlarında deyildiyi kimi, “biz əgər demokratiyaya addım-addım yaxınlaşırıqsa”, onda birmənalı olaraq deməliyik ki, yox. Konsititusiya normaları pozularaq bir şəxsin üçüncü dəfə namizədliyinə icazə verilirsə, hakimiyyətin qarşısına insanların sərbəst toplaşmaq hüququnun təmin edilməsi istiqamətində beynəlxalq öhdəliklərin yerinə yetirilməsi vəzifə kimi qoyulmursa, MSK qarşısında heç bir tələb irəli sürülmürsə, Seçki Məcəlləsindəki mürtəce maddələrə göz yumulursa onda müxalifəti bu vəziyyətə salmaq nəyə lazım? Onda Amerikaya dəvət, konqresmenlərlə görüşlərin nə mənası? Bütün bunlar açıq-açığına Qərbin öz maraqlarını təmin etməyə yönəlmiş addımdan başqa bir şey deyil. Biz o qədər sadəlövh olmuşuq ki, vaxtilə mitinqlərimizin videogörüntülərini çəkib, Qərbə yollamaqla bu “inkişaf etmiş dünyanın” rəğbətini qazanmağımızı və bununla da Azərbaycanda hakimiyyət dəyişikliyinə onların meydan verəcəyini düşünmüşük. Əslində isə, biz alverçi hakimiyyətlə alverçi Qərbin bazarlığına şərait yaratmışıq. Bu şərait bizim müxalifətin həbslərindən, zindanda yatmalarından, ağır və məşəqqətli maddi durumlarından keçib və keçməkdədir. Bizim bir çox liderlərin bu həqiqəti dərk etməsi üçün iyirmi il vaxt lazım olub.

    Və nəhayət, hər bir şeyin sonu olduğu kimi, Qərbin də oyun limiti tükənmək üzrədir. Əslində, Azərbaycan müxalifəti illərlə ona qarşı Qərbin irəli sürdüyü bir ittihamın zəminini onun əlindən aldı. Bu dəfə “vahid namizəd olmadığı üçün” seüçkilər müxalifət üçün uğursuzluqla başa çatdı” deyə beynəlxalq təşkilatlar üzə dura bilməyəcək.  Vahid namizəd var, özü də qərbyönümlü, müasir təfəkkür tərzinə malik. Üstəlik, Qərbin ən çox qorxduğu millətçilik, islam fundamentalizmi kimi tipik frazalar Rüstəm İbrahimbəyova yad olmaqla bərabər, hətta onu bir qədər ifrat görünən kosmopolitizmə yaxınlaşdırmaq səviyyəsindədir. Eləysə, bizim demokratik Qərb indi nə istəyir? Rüstəm İbrahimbəyov ki, Ermənistanla müharibəni yenidən başlamaq fikrində deyil, Güney-Quzey Azərbaycan məsələsini gündəmə gətirmək onun yadına düşmür, radikallıqdan və qisasçılıqdan uzaq olmaqla ölkədə neçə illər fəxr olunan “siyasi stabilliyə” xələl gətirmək onun ağlından keçmir. Onda problem nədədir, cənab mister Bim? Onda niyə dünyanın gözünün qabağında bütün beynəlxalq hüquq normalarının pozularaq bir nəfərin üçüncü dəfə prezidentlik iddiasına düşməsinə şərait yaradırsınız? Hətta bir ailənin əlindən hakimiyyətin getməsindən narahat olaraq, hər ehtimala qarşı həmin ailənin ikinci üzvünün də adının prezidentliyə namizəd kimi göstərilməsi ideyasının sizdən gəlməsinə şübhə yeri qalmır. Cəmiyyətin müqavimət hissinin zəifliyini nəzərə alaraq sonda, deyəsən, buna ehtiyac duymadınız. Bütün bunlardan sonra Qərbin Azərbaycanda və yaxud Azərbaycanabənzər digər ölkələrdə demokratiya yaratmağa cəhd edəcəyi qətiyyən inandırıcı görünmür. Bu halda sadəcə olaraq Qərbin həm hakimiyyətləri, həm də müxalifətləri xalqdan ayırmağa xidmət edən bir siyasətə rəhbərlik etdiyi öz-özsünü təsdiqləyir. Çünki belədə həm müxalifəti, həm də iqtidarı idarə etmək asanlaşır. Hər iki tərəf isə Qərbi ilahi qüvvə qismində görür. Bu, hazırki dünyada həm iqtidarların, həm də müxalifətlərin bədbəxtliyidir. Belə olanda, nə iqtidar arzuolunan islahatı aparmağa qadir olur, nə də müxalifət müstəqil fəaliyyət göstərə bilir.

    Hazırda Rüstəm İbrahimbəyov da belə bir çıxılmazlıq sindromu yaşayır. Özündə bütün ziddiyyətləri birləşdirən R.İbrahimbəyovun müxalifətin vahid namizədi kimi irəli sürülməsinin özündə də ciddi ziddiyyətlər vardır. Bu rusdilli yazıçının şöhrəti, adı, titulları vardır, amma prezidentlik iddiası üçün bunlar kifayətedici deyil. R.Ibrahimbəyov heç vaxt bu xalqın içində görünməyib, siyasi proseslərin iştirakçısı olmayıb, dissidentlik sindromunun daşıyıcısı kimi tanınmayıb, Azərbaycanın heç bir problemini qabartmayıb. Şöhrətindən milli haqlarımızın müdafiəsi üçün bir zərrə xərcləməyib. Ən başlıcası isə, tarixən bütün liderlər üçün vacib olan keyfiyyəti – rəqiblə üz-üzə gəlmək qüdrətini hələlik nümayiş etdirə bilməyib. Rüstəm özünün siyasi müxalifət üçün birləşdirici olmaq qismətini xalqla bölüşməyə cəhd göstərmir. Təbii ki, hakimiyyətin güc, zor, məxfi təsir etmək kimi üstün rıçaqları var və kifayət qədərdir, bizcə, R. İbrahimbəyov bunları əvvəldən nəzərə almalı idi. Hansısa uydurma vergi məcəlləsi ilə həbs oluna bilmək təhlükəsi siyasətçinin meydandan geri qayıtması üçün əsas sayıla bilməz. Dünya şöhrətli yazıçı da Azərbaycanın siyasi müxalifətinin uzun illər buraxdığı səhvi – xaricdə dayaq axtarmaq ənənəsini davam etdirməkdədir. Bu günədək R.İbrahimbəyovun xalqla heç bir dialoqu olmayıb. Tutalım, Azərbaycanın bütün telekanalları hakimiyytətin əlindədir, bəs Rüstəm İbrahimbəyovun eyni dərəcədə vətəndaşlıq hüququna malik olduğu və daha çox populyarlıq qazandığı Rusiyanın telekanallarında niyə bircə çıxışına rast gəlinmir. Eyni zamanda Türkiyə, hətta deyərdik ki, Fransa telekanalları da, bizcə, Rüstəm İbrahimbəyovun üzünə qapılarını açardı.

    Bu ya Rüstəm İbrahimbəyovun fəaliyyət protokollarını hazırlayanların günahıdır, ya da onun Azərbaycandakı siyasi mübarizəyə laqeyd yanaşmasının bəhrəsidir. Hər iki hal hələlik reytinqi müxalifət dairəsinin özündə belə ziddiyyətli olan R.İbrahimbəyovun ziyanına işləyir. O, indiyədək meydanda olan Azərbaycanın əksər müxalifət liderlərinin səhvlərini təkrarlamaqdadır: Yəni xalqa yaxın olmadan xalqdan tələb etmək! Bu halda da istər-istəməz ortaya başqa bir sual gəlir: bunlar düşünülmüş səhvlərdir, yoxsa siyasi yetkinliyin olmamasından doğan kortəbii səhvlər?

     (Davamı var)

  • Cəmil Həsənli emüxalifətin vahid namizəd oldu

    Tarixçi alim Cəmil Həsənli Milli Şuranın 23 avqust sessiyasında prezidentliyə ehtiyat namizəd seçilib. “Media forum” saytı xəbər verir ki, səsverməyə qatılan 74 nəfərin 72-si Cəmil Həsənlini dəstəkləyib. 

    Demokratik Qüvvələrin Milli Şurası iyunun 7-də yaradılıb. İyulun 2-də şuranın sədri Rüstəm İbrahimbəyov qurumun prezidentliyə vahid namizədi elan olunub. Ancaq Moskvada yaşayan Rüstəm İbrahimbəyov Azərbaycana gəlib seçkiyə qatıla bilmir.

    Cəmil Həsənli 1952-ci ildə Biləsuvarda anadan olub. Tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professorudur. 20-dən çox kitabın müəllifidir.

    1993-cü ildə (aprel-sentyabr) Azərbaycan Respublikası prezidentinin müşaviri vəzifəsində çalışıb. Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini olub. Ziyalılar Forumunun üzvüdür. 2000 və 2005-ci illərdə Milli Məclisin deputatı seçilib.