Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • Milli Şuranın namizədi Sabir Rüstəmxanlı olsun

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Milli Şuranın ehtiyat namizədi ola bilər.
    Belə bir tələblə VHP-nin Milli Şurada təmsil olunan qrupu qurumun növbəti sessiyasında çıxış edəcək. Bu barədə AzNews.az-a daxil olan məlumatda bildirilir ki, VHP MŞ-in sədri Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığının ləğvi məsələsinin uzanması halında qurumun yeni vahid namizədinin müəyyənləşdirilməsi ilə bağlı Müsavat başqanı İsa Qəmbərin irəli sürdüyü təkliflə böyük ölçüdə razıdır. Ancaq partiya nümayəndələri bu şəxsin sədrləri Sabir Rüstəmxanlı olması təklifi ilə Milli Şuranın sessiyasına müraciət etməyi planlayır.

    Daxil olan məlumatda o da bildirilir ki, Milli Şuranın vahid namizədi R.İbrahimbəyovun namizədliklə bağlı problemi həll olunmazsa və MŞ seçkiyə alternativ namizədlə getməzsə, S.Rüstəmxanlı özü də müstəqil şəkildə happy wheels demo VHP-nin namizədi kimi prezident seçkilərində namizədliyini irəli sürəcək.

    VHP-nin Təşkilat Şöbəsinin sədri və qurumu Milli Şurada da təmsil edən Samir Əsədli AzNews.az-a açıqlamasında xəbəri təkzib etməyib. O bildirib ki, VHP Milli Şuranın seçkilərə R.İbrahimbəyovla getməsinin tərəfdarıdır, ancaq bu baş verməyəcəyi halda ehtiyat namizəd variantı ilə razıdır.
    Belə olduğu təqdirdə isə Milli Şuradakı VHP-çilərin öz sədrlərini namizəd kimi göstərəcəklər.

    S.Əsədli deyib ki, Milli Şuranın növbəti sessiyasında bu məsələ ilə bağlı VHP-nin qurumdakı nümayəndələri adından təklif irəli sürmək barədə düşünürlər. S.Əsədli onu əlavə edib ki, MŞ prezident seçkilərinə özünün namizədi ilə getməsə, böyük ehtimalla, VHP sədri S.Rüstəmxanlının namizədliyini irəli sürəcək və seçkilərdə müstəqil formada iştirak edəcək.

    Anar
    AzNews.az

  • “İndiki şəraitdə Milli Şuranın prezident seçkiləri ilə bağlı fəaliyyətində ətalət görünür”.

    Bu açıqlamanı APA-ya Milli Şuranın (MŞ) üzvü, Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sədri Rafiq Manaflı verib..

    R. Manaflı Müsavat Məclisinin partiya başqanı İsa Qəmbərin prezidentliyə namizədliyini qüvvədə saxlamasına da münasibət bildirib. O, Milli Şura üzvlərinin İsa Qəmbəri bu mövqeyinə görə sıxışdırmasını düzgün hesab etməyib: “Çünki İsa Qəmbər müxalifətin vahid namizədi olaraq Rüstəm İbrahimbəyovun namizədliyini birmənalı şəkildə dəstəkləyib. Amma o, əvvəlcədən seçkiləri boykotun qəti əleyhdarı olduğunu bəyan edib. İsa Qəmbərin prezidentliyə namizədliyini geri götürməməsi o demək deyil ki, Rüstəm İbrahimbəyovun namizədliyinin əleyhinədir və yaxud onun namizədliyinin qeydə alınmasına hansısa maneə yaratmağa çalışır. Bu belə başa düşülməməlidir. İsa Qəmbərin günahı yoxdur ki, bu gün Milli Şura Rüstəm İbrahimbəyovun prezident seçilməsi istiqamətində hər hansı fəaliyyət göstərmək iqtidarında deyil.  Bu baxımdan hesab edirəm ki, Müsavat Partiyasının mövqeyinə normal yanaşmaq lazımdır. İsa Qəmbəri bu mövqeyinə görə sıxışdırmaq lazım deyil”.

    R. Manaflı qeyd edib ki, Milli Şuranın vahid namizədinin qeydə alınması uğrunda bütün mexanizmlərdən istifadə etməlidir, amma bu proses seçkiləri boykotla nəticələnməməlidir: “Seçkilərə 2 ay vaxt qalıb. Müxalifət daha da fəal olmalıdır. Lakin indi Milli Şuranın prezident seçkiləri ilə bağlı fəaliyyətində ətalət görünür. Mili Şura daha fəal olmalı və müxalifət heç bir halda bu seçkilərdən kənarda qalmamalıdır”.

  • Güney Azərbaycandan son məlumatlar

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Diasporla İş üzrə Şöbəsinin müdiri Real Cəfərli Güney Azərbaycanda ötən həftə ərzində baş vermiş hadisələrlə bağlı məlumat verib.

    Real Cəfərli bildirib ki, fars şovinist rejimi milli fəalların hüquqlarını pozmaqda davam edir: “İyulun 13-də Təbriz şəhərinin mərkəzi həbsxanasında aclıq aksiyasına başlamış Yeni GAMOH təşkilatının üzvləri – doktor Lətif Həsəni, Yuruş (Ayət) Mehrəlibəyli, Mahmud Fəzli, Savalan (Səccad) Radmehr və Behbud Quluzadə öz mübarizələrini davam etdirirlər. Milli fəallar barələrində çıxarılmış ümumilikdə 45 illik hökmü ədalətsiz hesab edərək artıq 17 gündür aclıq aksiyası keçirirlər. Ancaq fars şovinist rejimi onların tələbləri yerinə yetirmək əvəzinə iyulun 20-də Təbriz şəhərinin mərkəzi həbsxanasından Tehran şəhərinin Evin həbsxanasına, daha sonra isə Kərəc şəhərinin Rəcayişəhr həbsxanasın köçürüb. Güney Azərbaycanın Təbriz, Mərənd və digər şəhərlərində onların azadlığa buraxılması üçün bildirişlər yayılıb, divarlara şüarlar yazılıb, eyni zamanda imzatoplama kampaniyası başladılıb”.

    VHP-nin Diasporla İş üzrə Şöbəsinin müdiri deyib ki, İran islam inqilab məhkəmələrinin ədalətsiz hökmləri səngimir: “Ötən həftə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas, araşdırmaçı-alim Xalidə Xalidlə birgə və sonra həbs edilmiş azərbaycanlı fəallara hökm oxunub. Hökmə əsasən, 2 azərbaycanlı fəal – İlqar Müəzzinzadə və Məhəmməd (Oxtay) Rəşidi ümumilikdə 31 ay azadlıqdan məhrum ediliblər. İ. Müəzzinzadəyə bir yerə toplaşmaqla milli təhlükəsizliyə xələl vurmağa cəhd göstərmək ittihamına görə 2 il, hakimiyyət əleyhinə təbliğat aparmaq ittihamına görə isə 91 gün həbs cəzası verilib. Məhəmməd Rəşidi isə eyni ittihamlara əsasən 91 gün və 1 ay həbs cəzasına məhkum edilib. Digər azərbaycanlı fəallar – aşıq İsa Qaraxanlu və Əmir Hadiyan isə bütün ittihamlar üzrə bəraət alıblar. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları X. Xalidlə əlaqə qurduqlarına, Azərbaycan türkcəsində kitab yaydıqlarına və İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) təqdimatına görə bu şəkildə cəzalandırıb. Məhəmməd Rəşidi aprelin 30-da, İlqar Müəzzinzadə isə mayın 8-də həbs edilib. Məhəmməd Rəşidi 56 gün saxlanıldıqdan sonra 150 milyon tümən zəmanətlə azadlığa buraxılsa da, ancaq İlqar Müəzzinzadə tutulduğu gündən həbsdədir. Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsi tanınmış azərbaycanlı bəstəkar Həsən Dəmirçini 6 ay azadlıqdan məhrum edib: “Azərbaycanlı bəstəkar Azərbaycan türklərinin problemləri ilə bağlı keçirilən iclaslarda iştirak etmək, İran dövlətinin icazəsi olmadan Qaradağ zəlzələsindən zərər çəkmiş insanlara köməklik göstərmək və ianə toplamaq, musiqi kursları təşkil etmək, Azərbaycan musiqisini tədris etmək, ölkə daxilində və xaricindəki istiqlalçı (“separatçı”) qüvvələrlə əlaqədə olmaq və həbsxanadan çıxan azərbaycanlı siyasi məhbusların qarşılanma mərasiminə getməkdə günahlandırılıb. Hakim Həmid Purbağır İran İslam Cəza Qanununun 500-cü maddəsini əsas götürərək 60-dan çox yaşı olan azərbaycanlı fəala belə bir cəza verib. Ancaq bu ittihamlara görə həmin maddənin tətbiqi mümkün deyil. Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsi həmçinin azərbaycanlı siyasi fəal Arəş Məhəmmədiyə də 6 ay həbs cəzası verib. Solçu tələbə fəal hakimiyyət əleyhinə təbliğat aparmaqda günahlandırılıb. A. Məhəmmədi hazırda Təbriz şəhərinin mərkəzi həbsxanasının maliyyə bölümündə saxlanılır”.

    Real Cəfərli vurğulayıb ki, Güney Azərbaycanda həbslər, qeyri-qanuni sorğu-suala çəkilmək də davam edir: “Belə ki, daha çox azərbaycanlıların milli-mədəni hüquqları mövzusunda türk dilində səsləndirdiyi tənqidi şeirləri ilə tanınan Əli Cabbari tutulub. Azərbaycanlı şair İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (Təbriz) şöbəsinə çağırılmasını səbəbini aydınlaşdırmaq üçün müraciət edərkən həbsə alınaraq Təbriz şəhərinin mərkəzi həbsxanasına salınıb. Əli Cabbari isə öz şeirlərində “pantürkizm” və “separatçılıq” kimi ittihamlardan əsasən azərbaycanlı fəallara qarşı təzyiq üçün ortaya atılan bəhanələr kimi bəhs edir. Bundan əlavə, milli fəallar Yədulla (Elman) Dəşti, Əli Hidayəti və Ramin Rzayi ifadə vermək üçün avqustun 3, 4 və 5-də Soyuqbulaq İnqilab Məhkəməsinə çağırılıb. Onlar hakimiyyət əleyhinə təbliğat aparmaqda və müxalif qruplarla əməkdaşlıqda günahlandırılırlar. Həmçinin 5 nəfər məhbus yoldaşı ilə birlikdə heç bir dəlil olmadan və saxta ittihamlarla Tehranın Evin həbsxanasının 240-cı bölümünün təkadamlıq kamerasına salınan azərbaycanlı jurnalist Səid Mətinpur zindanın 350-cı bəndinə geri qaytarılıb. Eyni zamanda bu il iyunun 12-də həbs olunmuş və 40 günə yaxın ETTELAAT-ın Təbriz şəhərindəki təcridxanasında təkadamlıq kamerada saxlanılmış azərbaycanlı fəallar Bəhram Axuni və Nasir Kazımpur Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürülüblər. Onlarla birlikdə tutulmuş Məcid Səfidani isə hazırda ETTELAAT-ın Təbriz şəhərindəki təcridxanasında saxlanılır. Bundan əlavə, azərbaycanlı tələbə fəal Mehdi Həmidi Şəfiq iyulun 22-də Təbriz şəhərinin mərkəzi həbsxanasından ETTELAAT-ın Təbriz şəhərindəki təcridxanasına köçürülüb.

    VHP-nin Diasporla İş üzrə Şöbəsinin müdiri bildirib ki, Urmiya gölündəki ekoloji fəlakətlə bağlı da həyacan təbili çalınmaqdadır: “Belə ki, Urmiya gölündəki ekoloji fəlakət hövzənin ətrafında yerləşən 7 şəhər böyük təhlükəylə üzləşib. İranın Şərqi Azərbaycan vilayətinin Kənd Təsərrüfatı İdarəsinin rəhbəri Məsud Məhəmmədian Urmiya gölünün qurumasının hövzənin ətrafında yerləşən 7 şəhərin artezian quyularına ciddi təsir göstərdiyini və quyuların suyunun şorlaşmasının artmasına gətirib çıxardığını söyləyib. Onun sözlərinə görə, hazırda Urmiya gölü hövzəsi ətrafındakı 600 min hektardan çox əkin və bağ sahəsi ekoloji fəlakətin mənfi təsiri ilə qarşı-qarşıyadır və ciddi ziyan görməkdədir. Eyni zamanda artezian quyularında da duzluluğun miqdarı getdikcə artır. Bundan əlavə, İran parlamentinin 10 nəfər deputatı da Urmiya gölü ilə bağlı ölkə prezidenti Mahmud Əhmədinejada məktub yazıb. Deputatlar İran parlamentinin 90-cı komissiyasına da eyni məzmunlu müraciət ediblər. Məktubda Urmiya gölü ətrafında duz tufanları başladığı qeyd olunub və ölkə rəsmilərindən Urmiya gölünü ekoloji fəlakətdən xilas etmək üçün təcili addımlar atmaq tələb olunub. Məktubu Təbriz, Ərdəbil, Urmiya, Tehran, Abadan və Qum şəhərlərini İran parlamentində təmsil edən deputatlar imzalayıblar. İran rejimi zahirən addımlar atdığını göstərmək üçün iyulun 27-də Araz çayının suyunun Urmiya gölünə axıdılması layihəsinin icrasına başlayıb. Layihə Araz çayının suyunun Culfa, Mərənd, Şəbüstər və Təbriz şəhərlərinin çöllərinə, ümumilikdə 15 min hektar əraziyə axıdılmasını özündə ehtiva edir. Ümumilikdə, 22 şəhər və 286 kənd içməli su ilə təchiz olunacaq”.

  • “Bir il əvvəl desəydilər razılaşardım”

    Vətəndəş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı haqqında gəzən söz-söhbətlərə aydınlıq gətirib. Türkiyədən yenicə qayıdan partiya sədri onun Milli Şuranın prezidentliyə vahid namizədi olması ilə bağlı irəli sürülən təklifə və buna qarşı çıxan eks-spiker Rəsul Quliyevə cavab verib.

    VHP sədri Modern.az-a bildirib ki, bir il bundan öncə ona Milli Şuranın vahid namizədi olmaq təklifi gəlsəydi, buna razılaşa bilərdi:

    “Seçkiyə cəmi iki ay qalıb. Bu müddətdə Milli Şura öz namizədi ətrafında müzakirələr aparır. Müxtəlif  variantlar deyilir. Bunlar qeyri-ciddi məsələlərdir. Doğurdan da hakimiyyətə gəlmək istəyən adamlar, iqtidarı udmaq istəyən qüvvələr bu işi əvvəldən görə bilərdilər. Çox ciddi çalışmaq lazım idi. Seçkiyə iki ay qalmış biz nala-mıxa vururuqsa, bununla heç nəyə nail olmaq, qələbə qazanmaq mümkün olmayacaq.

    Bir il əvvəl, il yarım əvvəl mənə təklif olunsaydı köhnə dostlarımın, həmkarlarımın ürəkdən məni dəstəklədiklərini bilsəydim, onda bir qərar verə bilərdim.

    İndi bu barədə danışmaq yersizdir. Milli Şuranın fəaliyyətini izləyirəm”-deyə S.Rüstəmxanlı bildirib.

    Qeyd edək ki, VHP-nin Milli Şuradakı təmsilçisi Samir Əsədli Sabir Rüstəmxanlının müxalifətin vahid namizədi olmasına dair təklif irəli sürüb. Təklif Milli Şurada birmənalı qarşılanmayıb. Milli Məclisin eks-spikeri Rəsul Quliyev Modern.az-a açıqlamasında S.Rüstəmxanlının namizədliyinə qarşı çıxaraq bunu qəbulolunmaz hesab edib.

    Anar RÜSTƏMOV

    modern.az
     

  • ABŞ hakimiyyəti demokratik seçkilərə çağırdı

    ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar qarşıdan gələn prezident seçkisi ilə bağlı bəyanat verib. Bəyanatda Azərbaycan hökuməti xalqın iradəsini əks etdirəcək azad və ədalətli seçki prosesini təmin etməyə çağırılır: “Müsəlman dünyasında ilk demokratik dövlət 1918-ci ildə yaranmış Azərbaycan Demokratik Respublikası olub. Biz Azərbaycan rəsmilərinə müraciət edərək, onları bu qürurverici tarixə uyğun hərəkət etməyə, eləcə də öz vətəndaşları və beynəlxalq ictimaiyyət qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməyə, prezident seçkisi öncəsi və sonrası sərbəst toplaşmaq, birləşmək və söz azadlıqlarına hörmət etməyə çağırırıq”.

    AZAD VƏ ƏDALƏTLİ SEÇKİLƏR SADƏCƏ, SEÇKİ GÜNÜ BAŞ VERƏNLƏRLƏ MƏHDUDLAŞMIR

    Bəyanatda daha sonra deyilir ki, səsvermə günü pozuntu hallarının məhdudlaşdırılması məqsədilə MSK-nın həyata keçirdiyi maarifləndirmə onları ruhlandırır. “Bununla belə, azad və ədalətli seçkilər sadəcə, seçki günü baş verənlərlə məhdudlaşmır. Seçki öncəsi qərəzsiz mühitin təmin olunması üçün Azərbaycan hökuməti bütün partiyaların və maraqlı qrupların KİV-ə bərabər çıxışını, hər hansı müdaxilə olmadan ölkənin hər yerində seçki kampaniyası aparılması və müntəzəm partiya görüşlərinin keçirilməsi azadlığını təmin etməlidir. Bura gənclərin ölkənin gələcəyi haqqında öz fikirlərini internetdə, mətbuatda, yığıncaq zallarında, inzibati qaydada və yaxud qeyri-müəyyən müddətə istintaq təcridxanasında saxlanılmaqdan və digər hədələrdən qorxmadan deməsinə, ictimai meydanlardan istifadə edə bilməsinə imkan verən sağlam vətəndaş dialoqu mühitinin yaradılması da daxildir”.
     ABŞ səfiri İlqar Məmmədov və Tofiq Yaqublu, eləcə də gənc fəallar, jurnalistlər və siyasi liderlərlə bağlı aparılan məhkəmə prosesini sürətləndirməyə, şəffaf və ədalətli qərar çıxarmağa da çağırıb.
    Bundan əlavə, səfir Azərbaycanı seçkilərin monitorinqinin aparılması məqsədilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB) rəsmi dəvətin təqdim olunması barədə şifahi vədi yerinə yetirməyə də dəvət edib.
     Bəyanat bu sözlərlə bitir: “Rəsmilər yerli seçki müşahidəçilərini qeydiyyata almalı və ölkənin hər yerində seçki fəaliyyətini sərbəst şəkildə və qanuna müvafiq formada izləməyə icazə verilməlidir. Hökumətin konstruktiv iştirakı, eləcə də sərbəst və dinc fikir mübadiləsi sayəsində bu prezident seçkiləri Azərbaycan cəmiyyətini gücləndirmək üçün imkan yaradır və beləliklə də Azərbaycanın gələcək sabitliyi ilə bağlı bizim ortaq maraqlarımızı daha da möhkəmləndirir”.

  • “Prezidentliyə namizəd olmaq fikrim yoxdur” – Açıqlama

    Sabir Rüstəmxanlı: “Ayaz Mütəllibov cəfəngiyyat danışır”

    “Biz seçkilərdə iştirak etməyəcəyik. Şəxsən mənim prezidentliyə namizəd olmaq fikrim yoxdur. VHP-nin seçkilərlə bağlı son qərarını bu yaxınlarda müzakirə edəcəyik”. Bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı özünün seçkilərdə iştirakını şərh edərkən deyib.
    Rüstəmxanlı VHP-nin müxalifətin vahid namizədi qismində ortaya atılan Rüstəm İbrahimbəyovu müdafiə etməsi məsələsinə də aydınlıq gətirib: “Hələlik VHP hansı namizədi müdafiə edəcəyini dəqiqləşdirməyib və partiyanın rəsmi qərarı yoxdur. Bu gün Milli Şuranın vahid namizədini müdafiə edən VHP üzvlərinin sayı altı nəfərdir. Bu şəxslər İctimai Palatanın üzvü olublar və oradan Milli Şuraya gəliblər. İndi onlar prosesdə iştirak edirlər, amma partiyamızın bu məsələ ilə bağlı qərarı yoxdur”.
    Rüstəmxanlı əlavə edib ki, adətən, VHP özü seçkilərdə iştirak etməyi məqbul sayıb: “İndi vəziyyət dəyişib, durum bir qədər başqa cürdür. Ortada olan namizədlərə, onların seçki platformasına diqqət edəcəyik. Partiyanın maraqlarına uyğun gələn bir namizədi müdafiə etmək olar. Onu da deyim ki, VHP olaraq real nəticələr uğrunda mübarizə aparırıq. Bu olmayanda isə seçkilərə qatılmaq istəmirik”.
    “YAP-dan sonra Milli Məclisdə ən çox deputatı olan VHP-nin seçkilərdə öz namizədi ilə iştirak etməməsi ciddi qüsur deyilmi” sualına gəldikdə, Sabir Rüstəmxanlı bir daha qeyd edib ki, seçki ilə bağlı vəziyyət tam aydınlaşmayıb: “Müxalifətdə olan partiyaların namizədləri ortada yoxdur. Ona görə də biz hazırda vəziyyəti izləyirik”.
    Rüstəmxanlı sabiq prezident Ayaz Mütəllibovun AXC-ni DTK tərəfindən yaradıldığı haqqında bəyanatına ciddi reaksiya verib: “Ayaz Mütəllibov cəfəngiyyat danışır. Mənim bildiyim, millətin tanıdığı AXC-nin yaradılması ideyası meydanda ortaya çıxıb. Hətta bunun meydanda yaradılması təşəbbüsləri də var idi. Amma sonradan təşkilatlanma işi daha möhkəm qurulsun və təsadüfi adamlar olmasın deyə hazırlıq işləri görüldü. Həmin dövrdə komendant şəraiti olsa da, biz evlərə toplaşmışıq, proqram hazırlamışıq, müzakirələr aparmışıq. AXC-nin yaranması üçün altı ay iş aparılıb. Ona görə də AXC-nin yaradılması ssenarisinin DTK tərəfindən həyata keçirilməsini iddia eləmək cəfəngiyyatdır. Ola bilsin ki, DTK nəsə hazırlayıb, hansısa hərəkətlər etmək istəyib. Ancaq AXC-nin yaradılması meydandan başlayıb”.
    Sonda xalq şairi deyib ki, ölkənin sabiq prezidenti Mütəllibovun AXC-yə və meydan hərəkatına qarşı belə aqressiv olmasının səbəbləri ona aydındır: “Ayaz Mütəllibovu hakimiyyətdən salan, onu istefa verməyə məcbur edən, təkrar hakimiyyətə gəlişinə əngəl törədən AXC və xalq hərəkatı idi”.

    Teleqraf.com

  • Ağdamın işğalından 20 il ötür

    Bu gün Ağdam rayonunun işğalından 20 il ötür. Ərazisinin 70 faizini itirən Ağdamın işğalı ilə Azərbaycan iqtisadiyyatı 3 milyard manat vəsait itirib. 40 min ha-dan çox əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda indi 17 min ha sahədə əkin aparılır.

    23 iyul 1993-cü ildə birinci Qarabağ müharibəsinin ən geniş miqyaslı əməliyyatlarından biri baş verib. 1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verir. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldıqdan ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirir. İyunun 26-da Ağdərə düşmən əlinə keçir. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başlayır. 600 minlik erməni ordusuna qarşı əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın Milli Ordusu dururdu. 42 gün davam edən döyüş Ağdamın işğalı ilə sona çatır.

    Ağdamın işğaldan əvvəl 88 min 395 hektar ərazisi, 1 şəhəri, 119 kənd və qəsəbəsi olub. 1993-cü ilədək rayonun 1736 hektar dövlət meşəsi, 710 hektar kolxoz meşəsi, 560 hektar yol, su və kanal kənarı, şəhərətrafı meşə sahələri var idi.

    Ağdam rayonun ümumi ehtiyatları 64863 min m3 olan mişar daşı, 140464 min ton Çobandağ əhəngdaşı, 44708 min ton Boyəhmədli və 25197 min ton Şorbulaq gil yataqları işğal olunmuş ərazilərdə qalıb.

    Rayon ərazisindən keçən ən iri çay olan Xaçınçayın uzunluğu 104 km, su toplayıcı sahəsi isə 657 kv.kilometrdir.

    Ağdam şəhərində yaşı 150-250 ilədək olan 14 ədəd Şərq çinarı, Boyəhmədli kəndi ətrafında isə yaşı 400 ilə çatan 71 ədəd Şərq çinarı təbiət abidəsi kimi qorunurdu.

    Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair aşağıdakı faktları aşkar edib.

    İşğal olunmuş ərazilərdən yaşı 400-ə çatan şərq çinarı növündən olan ağacların doğranaraq Ermənistan istiqamətində aparılması və iri gövdəli ağacların qırılaraq yığıldığı müşahidə edilib.

    Rayonun işğal altında olan Novruzlu, Yusifcanlı, Mərzili, Baş Qərvənd, Kəngərli, Çəlik, Qaradağlı-Kəngərlisi, Göytəpə, Gülçülük kəndlərində və Uzundərə, Yedixırman, Şahbulaq dağ massivlərində erməni hərbçiləri tərəfindən ümumilikdə 17457 hektar otlaq sahəsi yandırılıb. Yanğın zamanı “Qırmızı kitab”a və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahısına” düşmüş müxtəlif sayda turac, qırqovul və gürzə məhv olub.

    Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza ATƏT-in Minsk qrupunun həmsədri olduğu dövrdə Ağdamın işğalının 15-ci ildönümüdə işğal altında olan Ağdamı görərək dəhşətə gəldiyini deyir: “Ağdamda gördüklərim məni dəhşətə gətirdi. Böyük bir şəhər xarabazarlığa çevrilmişdi. Mən polyakam. Ağdamın işğalı mənə İkinci Dünya müharibəsində Varşavanın düşdüyü günü xatırlatdı. Faşistlər Varşavanı darmadağın etmişdilər”.

  • Əbülfəz Elçibəyin doğum günüdür

    Bu gün Azərbaycan milli azadlıq hərəkatının lideri, Azərbaycanın sabiq prezidentlərindən biri olmuş Əbülfəz Elçibəyin doğum günüdür.

    APA-nın məlumatına görə, Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (ADU) şərqşünaslıq fakültəsini bitirib. Bir müddət Misirdə tərcüməçi kimi çalışıb, Bakıya qayıtdıqdan sonra ADU-da müəllim işləyib. 1975-1976-cı illərdə antisovet fəaliyyətinə görə həbsdə olub. İlyarımlıq həbsdən sonra Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışmağa başlayıb. O, 1988-ci ildə Azərbaycanda başlayan milli azadlıq hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.
     
    1992-ci il iyunun 7-də prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan hərbi qiyamdan sonra Bakını tərk edib və 1993-cü il iyunun 17-də Ordubad rayonunun Kələki kəndinə gedib.
     
    İyunun 24-də Milli Məclisin qərarı ilə səlahiyyətlərinə son verilmiş Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyinin sədri kimi davam etdirib.
     
    Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Ankara Dövlət Xəstəxanasında dünyasını dəyişən Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.

  • VHP Siyavuş Aslanın ölümü ilə bağlı nekroloq yaydı

    Azərbaycan teatr sənətinin sovet dövrü pleyadasının ən istedadlı sənətkarlarından biri, müstəqillik dövrümüzün böyük aktyorlar nəslinin patriarxı, xalq artisti, “Şərəf” ordenli Siyavuş Aslan vəfat etmişdir. Bu, Azərbaycan mədəniyyəti, teatr və kino sənəti üçün olduqca ağır itkidir. Siyavuş Aslanın yaratdığı obrazların deyimləri, replikaları çoxdan ümumxalq dilimizin qanadlı ifadələrinə çevrilmiş, ünsiyyətdə bir doğmalıq, mehribanlıq simvolu kimi xüsusi dəyər qazanmışdır. Onun komik obrazları səmimi gülüş və yumor hissi doğurmaqla cəmiyyətdə milli – mənəvi dəyərlərimizin, əxlaqi- etik keyfiyyətlərimizin başlıca təbliğatçısı olmuşdur.

    Siyavuş Məmmədağa oğlu Aslan 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulmuşdu. Aktyorluğa həvəs ilk gənclik illərində onu dram dərnəyinə gətirmiş, sonra musiqili komediya truppasında, 1958-ci ildə isə Quba Dövlət Dram Teatrında işləməyə vadar etmişdi. Lakin komik rollara maraq az keçmədən onun Azərbaycan Dövlət Musiqili Komediya Teatrına qayıtmasına səbəb olmuşdu. Əsl Siyavuş Aslan özünü bu teatrda tapdı və əslində onun yaradıcılarından biri oldu. Hətta bir müddət həmin teatrın bədii rəhbəri də işlədi (1994-1996). 1984-cü ildən Akademik Milli Dram Teatrda aktyorluğa başlayan Siyavuş Aslan burada da onlarla yaddaqalan obrazlar yaratdı.

    Siyavuş Aslanın aktyor kimi fəaliyyəti çoxşaxəli və rəngarəng olmuşdur. O, səhnədə çoxpalitralı komik obrazlar yaratmaqla yanaşı, kino və televiziya tamaşalarında da səmərəli fəaliyyət göstərmişdir. 1974-cü ildə kino və teatr sahəsindəki uğurlu və məhsuldar fəaliyyətinə görə Azərbaycan Respublikasının əməkdar artisti, 1982-ci ildə isə xalq artisti fəxri adları ilə təltif olunmuşdur. Onun “Kəndimizin mahnısı” əsərindəki Bayram, “Özümüz bilərik”-dəki İbişov, “Altı qızın biri Pəri”-dəki Firuzbala, “Ulduz”-dakı Şubay, “Hicran”-dakı Dadaşbala, “Qaçırılmış qız”-dakı Qəmzəli, “Nişanlı qız”dakı Mindilli və s. obrazları Azərbaycan teatr sənətinin ən uğurlu və əvəzolunmaz inciləri sayıla bilər.

    Siyavuş Aslan 45-dən artıq filmdə də bir-birindən maraqlı obrazlar yaratmışdır. Aktyor 1990-cı ildə çəkilmiş “Girişmə, öldürər”-də , 2002-ci ildə lentə alınmış “Hacı Qara”da”, 2001-ci ildə ekranlaşdırılmış “Mən sənin dayınam”da, 1999-cu ildə kino variantı yaradılmış “Qaynana”da baş rolları ifa etmişdir. Siyavuş Aslan yaradıcılıq enerjisi və entuziazmı bitib –tükənməyən sənətkarlardan idi. Hələ bundan sonra çox obrazlar yarada və mədəniyyət xəzinəmizə ərməğan edə bilərdi. Fəqət amansız ölüm imkan vermədi. Uzun müddətdən bəri şəkər xəstəlioyindən əziyyət çəkən sənətkar 27 iyun 2013-cü ildə gözlərini əbədi yumdu. O cismən bizdən ayrılsa da, mənən daim bizim sıralarımızda olacaq, yaratdığı obrazlarla gələcək nəsillərin də yaddaşına köçəcək. Tanrıdan böyük sənətkarımıza rəhmət və yaxınlarına isə səbr diləyirik.
    Allah rəhmət eləsin!

    Sabir Rüstəmxanlı və
    Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurası

  • Türk ölkələrinin gənc yazarları Sabir Rüstəmxanlı ilə görüşüb (FOTO)

    Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Bakıda baş tutan toplantıya qatılmış türk ölkələrinin gənc yazarları bu gün Azərbaycan Dil Qurumunun başqanı, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlını ziyarət ediblər.
    Türkiyə, Qazaxıstan, Özbəkistan, Uyğurustan, Kərkük, Yakutiya, Krım, Qaqauz Eli və s. kimi türk ölkələri və muxtar qurumlarından gəlmiş gəncləri Azərbaycan Dil Qurumunda görməkdən məmnun olduğunu deyən Sabir Rüstəmxanlı Türk Dünyasına baxışları, milli kimliyimizlə bağlı düşüncələrini bölüşdü. Türklərin Balkanlarda, Uyğurustanda, Qarabağda soyqırıma məruz qaldığını, böyük bir ədalətsizliklərlə üz-üzə olduğunu deyən millət vəkili səsimizin eşidilməsi və milli varlığımızın qorunmasında ədəbiyyatın müstəsna rolundan danışdı və bu məsuliyyəti gənc yazarların çəkməli olduğunu söyləyib.
    Gənc yazarlarla birgə ortaq əlifba, ortaq türkcə müzakirə olunub. “Doğrudur, buna zaman lazımdır və tədricən bu məsələ təbii yolla öz axarına düşəcək. Amma dünyanın müxtəlif yerlərindən gələn siz gəncliyin Türkiyə türkcəsini bilməyiniz və əsasən bu dildə danışmağınız bir daha təsdiqləyir ki, Anadolu türkcəsi bütün happy wheels demo türk ölkələrində tədris olunmalı və yeni nəsil bu ləhcəni bilməlidir. Sonra Anadolu türkcəsi qan yaddaşımızda yaşatdığımız və müxtəlif ləhcələrdə hələ də qorunub saxlanan sözlərlə zənginləşəcək və nəticədə ortaq türkcəmiz formalaşacaq” – deyə S.Rüstəmxanlı bildirib.
    Çıxış edən gənc yazarlar əsərlərini sevə-sevə oxuduqları, milli varlığımızın ifadəçilərindən və Türk Dünyasının canlı əfsanələrindən olan Sabir Rüstəmxanlı ilə görüşü talelərinin tarixi anı kimi dəyərləndirdiklərini bildiriblər.
    Milli atributların qarşılıqlı bəxşişindən sonra görüş ədəbiyyat, sənət müzakirələri ilə davam edib.