Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • Milli Şurada növbəti qalmaqal; VHP Gürcüstana niyə getmədi?

    Milli Şuranın Tiflisə, qurumun sədri və vahid namizədi Rüstəm İbrahimbəyovla görüşə gedən heyətinə nəzər saldıqda, diqqəti çəkən ilk məqam Gürcüstan paytaxtına gedən siyasilər arasında Vətəndaş Hərəkatı Partiyasından başqa, digər bütün partiya və təşkilatların nümayəndəsinin olmasıdır.

    Qurumun icra aparatının rəhbəri Eldar Namazov da Tiflisə səfər edəcək heyətlə bağlı mətbuata verdiyi açıqlamasında İbrahimbəyovla görüşə MŞ-də təmsil olunan bütün partiya təmsilçilərinin gedəcəyini açıqlasa da, adı sadalananlar arasında VHP-dən heç kimin olmaması diqqət çəkmişdi.

    Bəs nə baş verir? VHP məqsədli şəkildə “Tiflis sammiti”ndən kənarda saxlanılır, yoxsa bu, partiyanın MŞ-dəki rəsmilərinin şüurlu seçimi idi?

    Bu barədə AzNews.az-a açıqlama verən VHP Ali Məclisinin sədri, Milli Şuranın üzvü Rafiq Manaflı bildirib ki, Gürcüstan paytaxtına R.İbrahimbəyovla görüş getmək barədə onları heç kəs nə dəvət edib, nə də hər hansı formada məlumat verib. R.Manaflının sözlərinə görə, MŞ-in icra aparatından onlara ümumiyyətlə, səfərlə bağlı heç bir təklif olmayıb: “Bunun səbəbləri ilə maraqlanmamışam. Ancaq açığı, partiyamızın Milli Şurada təmsil olunan qrupunun rəhbəri kimi mənə Rüstəm İbrahimbəyovla görüşə getmək təklif edilsəydi, mən bu dəvətdən imtina edəcək və Tiflisə getməyəcəkdim”.

    İmtinasının səbəblərinə toxunmaq istəməyən VHP funksioneri deyib ki, görünür, Tiflisə səfər edən happy wheels demo şəxslər şəxsi simpatiyaya əsasən müəyyən olunub: “Dedilər, Tiflisə komissiya üzvləri və partiya rəsmiləri gedəcək. Ancaq misalçün, Zəfər Quliyev, Köçəri Nağıbəyli və bir neçə başqasının nə partiyalara, nə də komissiyalara dəxili var. Görünür, bu heyət şəxsi simpatiyaya əsasən seçilib”.

    R.Manaflı bildirib ki, R.İbrahimbəyovla görüşməyi istəyib-istəməmək başqa məsələdir, ancaq Tiflisə dəvət olunmamaq tamamilə başqa məsələdir: “Hər halda, Milli Şuranın icra aparatı rəhbərliyi Tiflisdən gələndən sonra bu məsələni müəyyənləşdirərik, görək bizi niyə dəvət etməyiblər?!”.

    VHP rəsmisinin sözlərinə görə, həm MŞ-in icra aparatı rəhbəri E.Namazovla, həm də qurumdakı bir sıra əsas partiyaların rəhbərləri ilə bu məsələ barədə fərdi söhbətlər edəcəklər. Tiflisə dəvət edilmədikləri üçün incimədiklərini qeyd edən R.Manaflı bunun siyasi məsələ olduğunu vurğulayıb: “Biz uşaq oyunu oynamırıq. Bu, siyasi məsələdir. VHP Milli Şurada təmsil olunan partiyaların heç birindən geri qalan qurum deyil. Milli Şuradakı partiyaların hamısından fərqli olaraq, bütün seçki dairələrində bizim təmsilçilərimiz var və onlar seçkidə qurumun namizədinin işinin təşkilinə kömək edəcək. Ancaq bizim partiyaya göstərilən bu münasibət mənə hələlik qaranlıq qalıb”.

    VHP Ali Məclisinin sədri onu da deyib ki, bu məsələ partiyanın Milli Şuradakı gələcək fəaliyyətinə heç bir təsir göstərməyəcək.

    Anar
    AzNews.az

  • VHP sədri Sabir Rüstəmxanlı yeni təyinatlar imzalayib.

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasında (VHP) yeni təyinatlar olub.

    VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı partiya Nizamnaməsinə uyğun olaraq partiyada Mərkəzi İcra Aparatı təşkil edib. Partiya sədrinin sərəncamı ilə Samir Əsədli Mərkəzi İcra Aparatının rəhbəri, Arif İsmayılbəyli sədrin ictimai-siyasi məsələlər üzrə müavini, Talıb Əhədli sədrin bələdiyyələrlə iş üzrə müşaviri, Telman Sadıqlı sədrin iqtisadi məsələlər üzrə müşaviri, Real Cəfərli isə Diasporla İş Şöbəsinin müdiri təyin olunublar.

    Qeyd edək ki, bundan əvvəl Samir Əsədli Təşkilat Şöbəsinin müdiri, Arif İsmayılbəyli beynəlxalq əlaqlər şöbəsinin müdiri vəzifələrində çalışıblar, Real Cəfərli Təşkilat Şöbəsinin əməkdaşı olub, Talıb Əhədli və Telman Sadıqlı isə Ali Məclisinin üzvləridirlər.

  • VHP sədri Sabir Rüstəmxanlı Tovuzda partiya üzvləri ilə görüşüb

    Iyulun 27-də Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın Tovuz rayon təşkilatının fəalları ilə görüşüb. Yığıncaqda Tovuz rayon təşkilatının Məclis, Nəzarət-Təftiş Komissiyasının üzvləri, özək təşkilat sədrləri iştirak ediblər.

    Həmçinin toplantıda partiyanın Qazax rayon təşkilatının sədri Qoca Qocayev, Ağstafa rayon təşkilatının sədri Dürdanə Həsənova, Şəmkir rayon təşkilatının sədri Ülfət Zeynalov, Gəncə şəhər təşkilatının sədri Asəf Məmmədəliyev, Goranboy rayon təşkilatının sədri Zaur Məmmədov da iştirak ediblər.

    VHP Tovuz rayon təşkilatının sədri Nəsimi Ələsgərov, həmçinin digər rayon təşkilat sədrləri də çıxış edərək siyasi proseslər barədə danışıblar, rayon təşkilatlarının fəaliyyəri barədə isə geniş bilgi veriblər.

    Partiyanın Təşkilat Şöbəsinin müdiri Samir Əsədli təşkilati məsələlər, qurultaya hazırlıq, rayon təşkilatlarının konfranslarına hazırlıq barədə geniş məlumat verdi.

    Sonda VHP sədri Sabir Rüstəmxanlı çıxış edərək ölkədə, bölgədə baş verən ictimai-siyasi proseslər, qarşıdan gələn prezident seçkiləri, VHP-nin proseslərdə rolu və mövqeyi, müxalifət daxili durum barədə geniş danışdı.

    Toplantının sonunda millət vəkili partiya üzvlərinin suallarını cavablandırdı.

  • VHP sədri Ramazan bayramı münasibəti ilə müsəlmanları təbrik etdi

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı və VHP Siyasi Şurası mübarək Ramazan bayramı münasibətilə xalqımıza, o cümlədən bütün müsəlman dünyasına təbrik ünvanlamışdır.

    Təbrikdə deyilir: “9 avqust- bütün müsəlman dünyasının ən şərəfli və ən əziz bayramlarından biri olan Ramazan bayramıdır. Bu mübarək gün münasibətilə xalqımıza, bütün müsəlman dünyasına, o cümlədən haqq və ədalət keşiyində dayanan bütün insanlığa tanrıdan xeyir və bərəkət, sülh və əmin-amanlıq diləyirik. Bu bayram bir ay müddətində tutulan orucların, qılınan namazların Yer üzünə gətirdiyi gətirdiyi xeyir və bərəkətin, sevgi və sevincin, haqq və ədalətin təntənəli şəkildə qeyd edildiyi gündür.

    Allah tərəfindən Yer üzünə göndərilmiş sonuncu müqəddəs kitab olan Qurani-kərimdə bu gün bütün doğmaların və yaxınların, kimsəsizlərin və imkansızların ziyarət edilməsi, küsülülərin və incik düşənlərin barışıb bir-birinə qovuşması vacib bilinmişdir. Ramazan ayı ən qədim zamanlardan sülhü və barışığı, xalqın birliyini və bərabərliyini önə çəkdiyindən, daim əmin-amanlıq, dinclik və səadət ayı kimi islam təqvimində xüsusi yerə malik olmuşdur. Öz dini ənənələrinə sadiq olan Azərbaycan xalqı da bu ayın bütün ehkamlarını böyük ehtiramla yerinə yetirməklə Ramazan bayramı günlərində nifaq və münaqişələri bir kənara qoyub, bütün zamanlarda birliyə, bütövlüyə, həmrəyliyə nail olmuşdur.

    Xalqımızın bu gün də Qarabağ, Şimala -Cənuba parçalanma kimi tezliklə həllini gözləyən ciddi problemləri vardır. Bu problemlərin həlli yenə bizim birliyimizdən, bütövlüyümüzdən, həmrəyliyimizdən, öz dini və milli-mənəvi ənənələrimizə sədaqətdən keçir. İnanırıq ki, bu ayda edilən dualar, yerinə yetirilən vacib ilahi hökmlər xatirinə Allah –təala bizə bu çətin vəzifələri həyata keçirməkdə vəhdət, mətanət, dözüm və ləyaqət bəxş edəcək, insanlığa yaraşmayan əməllər törədən hər kəsin cəzası öz cinayətinə bərabər olacaq.

    VHP də bir siyasi partiya olaraq daim cəmiyyətimizdə birlik, həmrəylik, barış və sülh mövqeyindən çıxış etmişdir. Partiyamızın sıralarında oruc və namazını vaxtlı-vaxtında yerinə yetirən kifayət qədər mömin insanlar vardır. Bu gün həmin insanların da tanrıdan ən böyük diləkləri xalqımıza əmin-amanlıq, ruzi- bərəkət, firavan həyat qismət olmasıdır. İnşallah, yerinə yetər!

    Bu mübarək bayram münasibətilə bir daha bütün insanlığı, müsəlman dünyasını və xalqımızı ürəkdən təbrik edir, bütün evlərə, ailələrə ruzi-bərəkət, firavanlıq, əmin-amanlıq, dinclik və səadət arzulayırıq”.

  • VHP Şirvan şəhər təşkilatının toplantısı keçirilib (Foto)

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Şirvan Şəhər Təşkilatı Məclisinin toplantısı keçirildi.
    Toplantıda şəhər təşkilatının konfransına hazırlıq, ictimai-siyasi vəziyyət, təşkilatın fəaliyyəti müzakirə edildi.
    Şəhər təşkilatının sədri Aqil Vəliyev, NTK üzvü İdris Xurşudov, Ağsaqqallar Şurasının sədri Qəzənfər Məmmədov, RT sədrinin müavini Allahverdi Babayev, Qadınlar Şurasının sədri Ayrac Atamoğlanova və Gənclər Təşkilatının sədri Həlimə Rzalı çıxış ediblər. Natiqlər şəhər təşkilatının fəaliyyəti, bölgədəki ictimai-siyasi vəziyyət barədə danışıblar.

    VHP Ali Məclisinin sədri Rafiq Manafli ölkədəki ictimai-siyasi vəziyyət, Milli Şuranın fəaliyyəti, qarşıdan gələn prezident seçkiləri, müxalifətin vəzifələri, vahid namizəd, İctimai Palatanın fəaliyyətindən danışıb.
    Təşkilat Şöbəsinin müdiri Samir Əsədli partiyanın fəaliyyəti, qurultaya hazırlıq və təşkilati işlər barədə ətraflı məlumat verib.

    Sonda özək təşkilatlarının ümumi yığıncaqları çağrılıb, şəhər təşkilatının konfransının vaxtı və nümayəndəlik kvotası müəyyən edilib.


  • “Varlıq” İranda ilk azərbaycandilli məktəb oldu

    “Varlıq” jurnalı zamanın ehtiyacından doğulan bir məcmuə oldu. XX yuzilliyin əvvəllərində hakimiyyətə gələn Rza şahın paniranist siyasəti bu ölkədə yaşayan xalqların milli mənliyini unutdurmağa yönəlmişdi. Həmin dövrlərdə Güney azərbaycanlıların da milli mənsubiyyətinin təkzib edilməsi, azərilərin fars mənşəli olması barədə iddialar irəli sürülürdü. “1309-cu ildə İran şahının sərəcamına əsasən İranın bütün əyalət və vilayətlərində tədris və təhsilin fars dilində aparılması məcburi oldu və digər dillərdəki təhsil qeyri-qanuni sayılmağa başladı.” (8. s.14) Millətə öz milli kimliyini unutdurmaq üçün hətta bu dövrlərdə azərbaycanca və digər dillərdə olan coğrafi adların dəyişdirilməsi üçün də plan gerçəkləşdirilmişdi.  “Fərhəngestani – İran” 1314-cü ildən 1319-cu ilin sonunadək 130 səhifəlik bir siyahı hazırlayaraq  həmin siyahı üzrə türk və digər yerli xalqların dilində olan coğrafi adların dəyişdirilməsi nəzərdə tutmuşdu. (9. 17)  İran tarixini araşdıran müəlliflərdən biri yazır: “53 illik pəhləvi xanədanı dövründə Pişəvərinin rəhbərlik etdiyi demokratik firqənin Aərbaycanda hakimiyyətdə olduğu bir iilik dövrü istisna etməklə, türk dilində kitab nəşri demək olar ki, qadağan olub və hətta farsca çıxan kitablarda da türk dili, tarixi və mədəniyyətindən bəhs edən müəlliflər mühakimə olunublar”. (10, 21)

    1945-46-cı və 1951-53-cü illərdə şah rejiminin aərbaycanlılara qarşı apardığı cismani və mənəvi soyqırımlar nəticəsiz ötüşməmişdi. Azərbaycan dili, mədəniyyəti, ədəbiyyatı tarixi  kitablardan, tədris müəssisələrindən qovulub, ailə-məişət çərçivəsinə salınmışdı. 1970-ci illərin sonuna qədərki dövrdə bu ölkədə demək olar ki, azərbaycanca danışmaq cinayət bərabər tutulurdu. 1978-79-cu illırər islam inqilabı bu bu məhdudiyyətləri nisbətən də olsa aradan qaldırdı. Açıq gözlü Azərbaycan ziyalıları bu fürsətdən istifadən edərək millətə özünü tanıtmaqda yardımçı olmağı qərarlaşdırdılar. 1979-cu il İran islam inqilabından sonra Cavad Heyətin rəhbərliyi ilə  professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Həsən Məcidzadə Savalan, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Səməd Sərdarniya, Qulamhüseyn Beqdeli ilə birlikdə Tehranda “Varlıq” (jurnal)ını təsis edirlər. Jurnal Cavad Heyətin özünün qeyd etdiyi kimi islam inqilabı ilə yaşıdır. Alim bununla bağlı yazır: “Varlıq” dərgisi 33 ildir müntəzəm şəkildə çap olunur. Bu dərgi İranda İslam inqilabı ilə yaşıddır. Çünki ondan əvvəl şah zamanında bizim ana dilimizdə Azərbaycan türkcəsində jurnal çıxartmağa icazə verilmirdi. İslam inqilabından sonra bizə nisbi dil azadlığı verildi ki, biz ondan faydalandıq və mən bir neçə azərbaycanlı dostumla bərabər jurnal çıxarmağa qərar verdik. Amma bu jurnalın siyasi tərəfi olmayacaqdı, çünki siyasi tərəfi olsa, ya hökumətin sözçüsü kimi nəşr olunmalı idi, ya da bağlanmalı idi. Halbuki bizim məqsədimiz xalqımıza dilini, ədəbiyyatını, tarixini öyrətməkdən ibarət idi. Xüsusilə İranda ana dilində məktəb olmadığı üçün “Varlıq” o vəzifəni də öhdəsinə götürdü. Biz ilk başda iş bölümü yaptıq, mən ədəbiyyat tariximizi, dilimizin tarixini silsilə məqalələrlə yazmağa başladım. Bu minvalla biz hər ayda bir, sonra iki sonra isə üç ayda bir dərgini çıxartdıq. Amma dərginin nəşr olunma araları artdıqca həcmi da artdı. Daha sonra mənim müəllifi olduğum silsilə məqalələri bir yerə toplayıb kitab şəklində çap elədik. Eyni zamanda dərgidə Türk dünyasına , Şimalı Azərbaycan, Türkiyə, Türkistan haqqında da məqalələr də yazılır. Bu yazılar bir növ müdafiə vəzifəsini yerinə yetirir. Çünki İranda şovinist zümrə buranın Azərbaycan olduğunu qəbul etmir və deyir ki, Azərbaycan Ələtə qədərdir. Biz bunlarla mücadilə aparırıq və yazdığımız məqalələrlə onlara cavab veririk. Azərbaycan Dərbəndə qədərdir. Hətta mən bir məqaləmdə qeyd etmişəm ki, Şimalı Azərbaycanda yaşayan azərbaycanlılar bizdən daha çox azərbaycanlıdırlar, çünki bizim üç hüüviyyətimiz var;(yəni,mənsubiyyətimiz) biri iranlı, ikincisi türk, üçüncüsü isə azərbaycanlı olmağımızdır. Şimali azərbaycanlıların isə bir hüviyyəti var , o da azərbaycanlı olmalarıdır. Ona görə də kimsənin haqqı yoxdur, bu hüviyyəti onlardan almağa. Hər millət özü- öz adını təyin edər, başqası ona ad qoya bilməz. İranda belə polemik məqalələri şovinistlərin oxuya bilməsi üçün farsca yazırdım. Hətta sonra “Varlıq”da çıxan məqalələrdən 60 –ını seçib kitab şəklində nəşr etdik.Bir hissəsi farsca idi, onu da çevirdik. Beləcə “Varlıq” indi də davam edir, dilimizi, ədəbiyyatımızı , kimliyimizi tanıtdırır, müdafiə edir. (11)

    Jurnal üzərinə hər hansı bir siyasi missiya götürməsə də, 80-ci illərin ikinci yarısından İranda başlanan milli –demokratik düşüncənin əsas ilhamvericisi olmuşdur.  “Varlıq” ilk növbədə İranda ilk Azərbaycandilli məktəb kimi xarakterizə olunmalıdır. Dil qanunlarından, əlifbadan başlamış ədəbiyyat, tarix, türk coğrafiyasına qədər bütün məsələləri ehtiva edən “Varlıq” bu gün onlarca yeni azərbaycandilli jurnal və qəzetin banisidir.

                                                İbrahim Quliyev

    AMEA-nın Məhəmməd Fizuli adına əlyazmalar institunin elmi işçisi

  • Sabir Rüstəmxanlının Zaur Qurbanlı ilə bağlı müraciətinə Baş Prokurorluq cavab verdi

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının bir müddət öncə hazırda həbsdə olan gənc fəal Zaur Qurbanlını zaminə götürmək üçün etdiyi müraciətə Baş Prokurorun birinci müavini, ikinci dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubovun imzası ilə cavab verilib.

    R.Usubov cavab məktubunda bildirir ki, Zaur Qurbanlının uzun müddət irsi talassemiya və böyrək çatışmazlığı kimi xəstəliklərdən əziyyət çəkdiyi, istintaq təcridxanasında saxlanılmasının xəstəliyinə mənfi təsir etdiyi və onun həbsdə saxlanılmasının qeyri-mümkünlüyü barədə müraciətinizi aydınlaşdırmaq üçün məhkəmə-tibb ekspertizası təyin edilmiş və ekspertizanın icrası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə tapşırılmışdır. Ekspertizanın nəticələrindən asılı olaraq, Zaur Qurbanlının barəsində həbs qətimkan tədbirinin qüvvədə qalıb-qalmayacağı və şəxsi zaminliyinizə verilməsi imkanları nəzərdən keçiriləcəkdir.

     

    VHP Mətbuat Xidməti

  • Sabir Rüstəmxanlı yeni GAMOH-çuları açlıq aksiyasını dayandırmağa çağırdı

    Məlum Olduğu kimi 9 il azadlıqdan məhrum etmiş Yeni GAMOH (Güney Azərbaycan Milli Oyanış Hərəkatı) fəalları Lətif Həsəni, Ayət Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Quluzadə iyulun 13-dən məhkəmənin barələrində ədalətsiz hökmünə etiraz olaraq aclıq aksiyasına başlayıb. Onların sağlamlıq vəziyyəti olduqca ağırdır, ancaq haqlı istəklərinə nail olmaq üçün aclıq aksiyasına davam edirlər.  

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlı həbsxanada aclıq aksiyasını davam etdirən Yeni GAMOH fəallarına aclıq aksiyasını dayandırmaları ilə bağlı müraciət edib. Müraciətdə deyilir: «Siz həbsxanada olduğunuz halda ruhən azad olduğunuzu, aclıq aksiyanızla mənəvi zənginliyinizi, rejimin ən ağır basqıları altında əqidənizdən, milli davadan dönməməyinizlə iradənizi və böyüklüyünüzü bütün dünyaya sübut etdiniz. Həmçinin fars rejimi, sizin həbsxanada aclıq aksiyası ilə etdiyiniz tələbləri yerinə yetirməyə heç bir meyl göstərməməklə öz qəddar, amansız sifətini bir daha nümayiş etdirdi. Qollarınızda qandal olduğu halda belə siz qalib gəldiniz. Əziz qardaşlarım! Bizi qarşıda böyük və şərəfli bir mübarizə yolu gözləyir. Sizin kimi fədakar hərəkatçılar hələ gələcək mübarizəmizdə millətimizə çox lazımdır. Haqq uğrunda aparılan mücadilə mütləq qalib gələcək. Gələcək mübarizədə iştirak etmək və həmin qalibiyyəti görmək ən çox sizin haqqınızdır. Bütün bunları və 20 günlük aclıq aksiyanızın artıq beynəlxalq aləmə kifayət qədər səs saldığını və müxtəlif reaksiyalara səbəb olduğunu nəzərə alaraq sizi aclıq aksiyasını dayandırmağa çağırıram».

  • Professor Hacıbaba Əzimovun 75 yaşı tamam oldu

          VHP bu münasibətlə tanınmış siyasi xadim və görkəmli alim Hacıbaba Əzimova təbrik məktubu imzalamışdır 

          Azərbaycan tarixşünaslıq elmində öz imzasını qoyan görkəmli alim, milli mənlik şüurunun formalaşmasında xüsusi rolu olan böyük ziyalı, xalqın birliyi, müstəqilliyi uğrunda ilk gündən savaşa qatılan əsl vətəndaş, Azərbaycanın Müstəqillik Aktının əsas  müəlliflərindən biri və bu gün də cəmiyyətimizdə demokratik dəyərlərin bərqərar olması yolunda yorulmadan çalışan taınmış siyasi xadim Hacıbaba Əzimovun keçdiyi həyat yolu bugünkü gənclik üçün əsl nümunə sayıla bilər. O, ustad pedaqoq kimi Azərbaycanın böyük maarifçilik ənənələrini davam etdirərək hələ sovet dövrü gəncliyinin qəlbində azadlıq, müstəqillik, bütövlük rüşeyimlərini əkən əsl xalq maarifçi ziyalılarından biridir. Onun mühazirələrini dinləyərək auditoriyalardan həyata atılan bütöv bir nəsil bu gün ölkəmizin işıqlı sabahı uğrunda gedən mübarizənin ön cərgələrində addımlayır. Onun tərcümeyi-halı bu günkü gənclik üçün də bir məktəb sayılmalıdır.

    Professor H.Əzimov 1938-ci il avqustun 1-də Lənkəran şəhərində anadan olmuş, 1955-ci ildə Lənkəran şəhər 3 saylı orta məktəbini, 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Elmi fəaliyyətinə AMEA Tarix İnstitunda başlamış (1960-1969-cu illər), sonra Pedaqoji Universitetdə baş elmi işçi-doktorant, dosent, professor, Siyasi Tarix Kafedrasının müdiri-professoru (1985-1991-ci illər) vəzifələrində çalışmışdır. 1966-cı ildə namizədlik, 1981-ci ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir. 

           Prof.H.Əzimov 1991-1992-ci illərdə Bakı Dövlət Universiteti Lənkəran filialının təşkilatçısı və direktoru, 1992-1997-ci illərdə Lənkəran Dövlət Universitetinin (LDU-nun) qurucusu və ilk rektoru olmuşdur. Onun fədakar əməyi və yüksək təşkilatçılıgı sayəsində çox qısa bir vaxt ərzində Lənkəran Dövlət Universiteti  respublikada ən nümunəvi ali tədris mərkəzlərindən birinə çevrilmiş, LDU-da həyata keçirilən düzgün kadr siyasəti, yaranmış saf rəhbərlik-müəllim-tələbə münasibətləri, yüksək səviyyədə keçirilən elmi-mədəni tədbirlər sayəsində o zaman Lənkəranda və bütün bölgədə çox müsbət milli-mənəvi, ictimai-siyasi mühit bərqərar olmuşdur.

    Bu illərdə böyük təşkilatçılıq işi ilə yanaşı, H.Əzimov məhsuldar elmi fəaliyyətini də uğurla davam etdirmişdir. O, respublikada və xarici ölkələrdə çap edilmiş 10-dan artıq kitabın, 100-dən çox digər samballı əsərlərin müəllifidir. O, beynəlxalq və respublika əhəmiyyətli bir sıra fundamental tədqiqatların, 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının tarix bölməsinin, bir sıra tədris vəsaitlərinin müəlliflərindən biridir.  Onun elmi əsərləri beynəlxalq və respublika elmi mərkəzləri tərəfindən dəfələrlə yüksək dəyərləndirilib, 1982, 1984, 1987-ci illərdə çap edilmiş kitabları tarix elminin ən mühüm nailiyyətləri hesab edilir. Elmi əsərlərində Rusiyadakı inqilablar dövründə Azərbaycan xalqının demokratik və milli-azadlıq hərakatı tarixinin bir sıra mürəkkəb problemləri ilk dəfə olaraq dərindən və hərtərəfli araşdırılıb ictimaiyyətə çatdırılmışdır.

            Prof. H.Əzimovun “Azərbaycan tarixində “ag ləkələr” (1989) adlı əsəri Azərbaycan xalqının ictimai-siyasi və istiqlal mübarizəsi tarixinin düzgün və yeni konsepsiyada işıqlandırıldıgı ilk nümunələrdəndir. O, 1990-ci ilin “20  yanvar” faciəsindən dərhal sonra, mətbuatda sərt hərbi senzura tətbiq edilməsinə baxmayaraq, yanvarın 31-də “Bakinskiy Raboçiy” qəzetində çap etdirdiyi “Azərbaycan tarixi.1918-1920-ci illər. Yeni təfəkkür aynasında “ag ləkələr” adlı iri həcmli məqaləsində vaxtilə Androniklərin, Şaumyanların Türkiyə və Azərbaycanın dinc əhalisinə qarşı törətdikləri amansız qətliamları dürüst faktlarla göstərməklə və xalqımıza qarşı bu genosid siyasətin SSRİ rəhbərliyi tərəfindən yanvarın 20-də Bakıda və bir sıra rayonlarda təkrarən həyata keçirildiyini, lakin bütün bunların Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilməyəcəyini bəyan etməklə əil ziyalı qeyrəti və  vətəndaşlıq mövqeyi nümayiş etdirmiş və bununla da o vaxt dərin kədər və hüzn içərisində olan xalqımıza böyük mənəvi dəstək olmuşdur.

            Prof.H.Əzimov uzun illər ərzində bir sıra beynəlxalq və respublika Elmi Şuralarının, ixtisaslaşdırılmış dissertasiya Müdafiə Şuralarının üzvü, LDU yanında ixtisaslaşdırılmış Müdafiə Şurasının sədri olaraq ölkəmizdə gənc alimlərin hazırlanmasına böyük töhfələr vermiş, 50 nəfərdən artıq şəxs onun elmi rəhbərliyi, rəyi və elmi məsləhətçiliyi ilə doktorluq və namizədlik dissertasiyası müdafiə etmişdir.

            Ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiyinə və xalq arasında böyük nüfuzuna görə  H.Əzimov 1990-cı ildə Azərbaycan Respublikasının xalq deputatı, 1991-ci ildə isə cəmi 51 nəfərdən ibarət ilk professional parlamentin – Milli Məclisin üzvü seçilmişdir. O, Azərbaycanın dövlət müstəqilliyi naminə fədakarcasına mücadilə aparan Müstəqil Azərbaycan Deputat Blokunun (“Demblok”un) üzvü olmuş, gözlənilən hər cür təqib və repressiyalara baxmayaraq, hələ 1991-ci il martın 7-də Ali Sovetdə SSRİ-nin saxlanması ilə baglı respublikada referendum keçirilməsinin əleyhinə, Azərbaycanın dövlət müstəqilliyinə səs vermiş cəmi 43 nəfər istiqlalçı deputatdan biri, 1991- ci il oktyabrın 18-də Ali Sovetdə qəbul edilən Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını hazılayan deputat komissiyasının sədri, Konstitusiya Aktının əsas müəllifi və məruzəçisi olmuş, Azərbaycan Respublikasının ilk Milli Məclisinin deputatı oldugu müddətdə (1991-1995-ci illər) ölkənin dövlət müstəqilliyinin möhkəmlənməsində, dövlət atributlarının və qanunvericilik bazasının hazırlanıb qəbul edilməsində fəal iştirak etmişdir.

            O, 1992-ci ildən Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri olaraq respublikamızın ərazi bütövlüyünü, xalqımızın milli birliyini qorumaq və etnik separatçılıq meyillərinin qarşısını almaq sahəsində böyük işlər görmüş və onun rəhbərlik etdiyi VAMBP  1993-cü ilin iyun- avqust aylarında  Lənkəranda Ə.Hümbətov başda olmaqla “Talış Muğan Respublikası” adlı qondarma qurum elan etmiş separatçı dəstənin ifşa və darmadağın edilməsində  mühüm rol oynamışdır.

            Prof. H.Əzimov son 15 il ərzində fəaliyyət göstərmiş Seçki İslahatı və Demokratik Seçkilər Uğrunda Hərəkatın, Demokratiya Uğrunda Hərəkatın, Konstitusion Seçki Blokunun, Demokratik Azərbaycan Blokunun Sədrlər Şurasının üzvü, Milli Müqavimət Hərəkatının və Ziyalılar Məclisinin İdarə Heyətinin üzvü, 28 siyası partiyanı özündə birləşdirən Birləşmiş Müxalifət Hərəkatının koordinatoru və təşkilat komissiyasının sədri, Azərbaycan Naminə Hərəkatın (ANH) İdarə Heyətinin sədri, son vaxtlarda isə İstiqlalçı Deputatlar Məclisinin və Demokratik Qüvvələrin Milli Şurasının təsisçilərindən biri olaraq ölkədə milli demokratik qüvvələrin konsolidasiyası, cəmiyyətin demokratikləşməsi, ölkədə xalqımızın ali mənafeyinə  müvafiq  demokratik islahatlar aparılması, insan hüquqlarının qorunması, azad və ədalətli seçkilər yolu ilə legitim hakimiyyətin formalaşması uğrunda aparılan mücadilədə fəal iştirak etmiş və etməkdədir. O, həm ümumdemokratik hərəkatların təsisçilərindən biri, həm də VAMBP-nin sədri olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpası, Ermənistan – Azərbaycan münaqişəsinin ədalətli həlli ilə bağlı ümummilli proqram xarakterli sənədlər paketi hazırlayıb respublika rəhbərliyinə, beynəlxalq təşkilatlara, siyasi və ictimai qurumlara təqdim etmiş, dəfələrlə ermənipərəst mövqedən çıxış edən xarici dairələrin Qarabağ problemi ilə bağlı saxta və qərəzli təkliflərinin təslimçi mahiyyəti haqqında bəyanatlar vermişdir.

             Prof. H.Əzimov gördüyü dəyərli işlərlə,  Vətənə təmənnasız xidmətləri ilə xalqımızın böyük hörmət və etimadını qazanmışdır. Onun keçdiyi mənalı həyat yolu və fəaliyyəti  həmişə öz əqidədaşları,  yetirmələri olan çoxsaylı alimlər, müəllimlər və gənclər üçün örnək olmuş və olmaqdadır. Görkəmli alimi, tanınmış siysi xadimi anadan olmasının 75 illiyi münasibətilə səmimi- qəlbdən təbrik edir, ona uğrunda mübarizə apardığı böyük ideallara çatmasını arzu edirik.

    Hörmətlə:

    Sabir Rüstəmxanlı və

    Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurası  

  • Milli Şuranın üzvü: “Sabir Rüstəmxanlı Milli Şuranın vahid namizədi ola bilər”

    “Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıqla bağlı problemi avqustun 15-ə kimi həll edilməsə, VHP-çilər partiya sədri Sabir Rüstəmxanlının namizədliyini irəli sürə bilər”.

     

    Bu açıqlamanı APA-ya Milli Şuranın üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Təşkilat məsələləri şöbəsinin müdiri Samir Əsədli verib.

     

    S.Əsədli deyib ki, hazırda Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından nə vaxt çıxarılacağı dəqiq məlum deyil və bunun həll edilməyəcəyi təqdirdə, VHP sədri Sabir Rüstəmxanlının Milli Şuranın vahid namizədi kimi irəli sürülməsi istisna deyil: “Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıqla bağlı problemi avqustun 15-nə kimi həll edilməsə, Mili Şurada təmsil olunan VHP-çilər partiya sədri Sabir Rüstəmxanlının namizədliyini irəli sürə bilər. Bu istisna deyil”.