Vətəndaş Həmrəyliyi” Partiyasının sədri, Milli Məclisin üzvü Sabir Rüstəmxanlının “Yeni Müsavat”a müsahibəsi. – Sabir bəy, PKK liderlərindən Məsud Bərzaninin Diyarbəkrdə dövlət rəsmisi olaraq qarşılanması, AKP iqtidarının terror liderləri ilə bunca yaxınlaşması Türkiyədə barış və sabitliyə gətirib çıxaracaqmı?
– Bu gün Türkiyədə yaşananlar çox mürəkkəb prosesin bir parçasıdır. Əgər bu sürəc doğrudan da türk və kürd xalqlarının yaxınlaşmasına, ölkə daxilində demokratiyanın inkişafına, hər xalqın öz dilini, öz mədəniyyətini inkişaf elətdirməsi üçün şərait yaradılmasına xidmət eləsəydi, buna normal baxmaq olardı. Özünü dərk eləmiş hər hansı xalq əgər öz dilində məktəbi, televiziyası olmasını istəyirsə, buna zorla mane olmaq, ya da müqavimət göstərmək doğru deyil. Əgər kürd xalqının Türkiyə daxilində normal insan haqları ilə bağlı tələbləri Türkiyə dövləti tərəfindən qarşılanırsa, indiyə qədərki maneələr aradan qaldırılırsa, bu, Türkiyəni xeyrinə olan, əslində Türkiyənin bir dövlət olaraq möhkəmləndirən bir prosesdir. Ancaq çox təəssüf, Türkiyədə bu prosesin ayrı bir tərəfi də var. Türkiyədə bu işlərin arxasında bir terrorçu təşkilat dayanır. Türkiyə dövləti ilə danışıqlara gələn təpədən-dırnağa silahlanmış və Türkiyəyə qibtə eləyən terror qruplaşmasıdır. Bu qruplaşmanın 10 minlərlə insanın qətlinə fərman vermiş cani lideri bu gün İmralı cəza evində oturub özünü elə aparır ki, guya bütün ssenarini bu yazıb və Türkiyənin rəhbərləri də elə bu ssenari üzərində hərəkət eləyirlər. Ara-sıra bəyanatlar verir, ara-sıra məktublar göndərir, tez-tez görüşlər keçirilir. Bu cinayətkara Türkiyədə az qala lider səviyyəsində legitimlik qazandırılır. Bununla da Türkiyənin bütövlüyü uğrunda, Vətən uğrunda, bayraq uğrunda savaşan əsgərlərin qanı batırılır. Mən baş verənlərdən çox narahatam.
Bir cavab yazın