“1988-ci ildə çap etdirdiyim əsərimdə yazmışdım ki, ermənilər qəribə millətdir, hətta torpağın altındakı ölüləri də çoxalır…”
Aprelin 11-ə ABŞ Senatının Xarici Əlaqələr Komitəsi qondarma “erməni soyqırımı” iddialarını dəstəkləyən qərar layihəsini qəbul edib. Xarici Əlaqələr Komitəsinin rəhbəri Robert Menendezin təklif etdiyi layihənin lehinə 12, əleyhinə 5 senator səs verib. Belə görünür, ermənilər aprelin 24-də “soyqırım”ın növbəti ildönümünü böyük coşğu ilə keçirəcəklər. Azərbaycan parlamentinin üzvü Sabir Rüstəmxanlı ilə ermənilərin soyqırım iddialarında yola çıxaraq türk dünyasında bu gün baş verən olaylardan söhbət etdik.
– Sabir bəy, 2015-ci ildə ermənilər qondarma soyqırımın 100 illiyini qeyd etməyə hazırlaşır. Siz ABŞ Senatının bu haqda qərar qəbul etməsini Türkiyə diplomatiyasının uğursuzluğu sayırsınızmı?
– Belə bir soyqırım olmadığını dünya çox gözəl bilir. Bu olaylar I Dünya Savaşında baş verib. O zaman Türkiyə bir çox cəbhələrdə – Quzey Afrikada, ərəb dünyasının bir neçə ölkəsində, Balkanlarda savaşıb. 1912-ci ildə Balkan savaşında 5 milyon insan yerindən-yurdundan olmuşdu, Osmanlı xeyli torpaq itirmişdi. Ancaq dünya Balkanlarda türklərə qarşı edilən soyqırımını sanki görmürdü. Osmanlı I Dünya Savaşına girdikdən sonra Avropa ölkələri Osmanlını buna görə cəzalandırmaq niyyəti ilə erməni soyqırımı iddiasını ortaya atdı. Ancaq bu zaman nəzərə almadılar ki, Rusiya Osmanlının üzərinə gedəndə çar II Nikolayın göstərişi ilə 200 minə yaxın erməni də silahlanmışdı.
Osmanlı-Rusiya qoşunlar ön cəbhədə vuruşarkən onlar arxa cəbhədə Osmanlı içərisindəki erməni çetələri, daşnak qruplaşmaları ilə birləşib türk-müsəlman əhalini qırırdılar. Nəticədə 1915-16-cı ildə 700 mindən çox qətlə yetirilmişdi. Həmin olaylarda 300 min erməninin öldüyü deyilir. İndi Osmanlının varisi sayılan Türkiyədən bu qondarma soyqırımının öcünü alırlar. Bu gün həm Türkiyənin özündə, həm də dünyada xeyli soyadını dəyişmiş erməni var. Dünyada olan ermənilərin sayının düşünəndə görünür ki, həmin savaşlarda ermənilərə türklər qədər zərər dəyməyib. Ölən ermənilən sayını öncə 300 min göstərirdilər, sonra dedilər, yox 500 min erməni öldürülüb, ardınca 700 bu sayı minə, 1 milyona çıxardılar. Mən 1988-ci ildə çap etdirdiyim əsərimdə yazmışdım ki, ermənilər qəribə millətdir, hətta torpağın altındakı ölüləri də çoxalır, belə getsə öldürülən ermənilərin sayı milyon yarıma, 2 milyona çıxarılacaq. İndi baxıram, dünyanın bir sıra ensiklopedik nəşrlərində, ermənilərin kitablarında 2 milyon yarım, hətta daha yuxarı olan fantastik rəqəmlər göstərilir.
Aydındır ki, bu, Böyük Britaniyanın və bir sıra Avropa ölkələrinin fitvası ilə ortaya atılan iddia idi. Halbuki Türkiyə dövləti erməniləri doğu Anadoluda öz iç vilayətlərinə köçürmüşdü ki, orada daha rahat yaşasınlar, həm də dövlətə xəyanət eləməsinlər. Savaş idi, savaş şərtləri belə tələb edirdi. Bunlar o qədər də uzaq tarixdə baş verməyib. Deyilənləri təsdiq edən çoxsaylı faktlar var. Ancaq bu gün bu qondarma siyasəti Türkiyəyə qarşı silah kimi işlədirlər, Avropa Birliyinə gedən yolda bunu bir maneəyə çevirirlər, eyni zamanda Qarabağ məsələsinin arxa plana keçirilməsində yararlanırlar. Belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya iki türk dövləti – Türkiyə ilə Azərbaycan birləşib məzlum erməni xalqından acıq çıxır, ona görə də Qarabağ məsələsində Azərbaycanın xeyrinə heç bir güzəştə gedilməməlidir, hətta Xocalı soyqırımına göz yummaq lazımdır. Təəssüf ki, bu proses gedir.
Mən Fransadan, Avstriyadan olan bir sıra alimlərlə Anadoluda türklərin toplum məzarlara doldurularaq qətlə yetirildiyi yerlərə getmişəm. O toplu məzarlarda bu gün dünyaya özünü məzlum kimi tanıtmağa çalışan ermənilər yox, türklər uyuyur. Bu alimlər də deyirlər ki, erməni soyqırımı məsələsi Türkiyəyə qarşı təzyiq vasitədir, Türkiyə bunu qəbul edə bilməz, qəbul eləsə, Avropanın ikinci, üçüncü, beşinci tələbləri meydana gələcək. Niyyət Avropanın bir zamanlar “Böyük Türk” deyərək qabağında əsdiyi xalqı, onun dövlətini zəiflətməkdir. Osmanlı ilə bağlı xatirələri hələ də Avropanın ürəyindədir, ona görə də Türkiyənin güclü olmasını istəmirlər.
|
“Rusiya Ukraynada yaşayan rusların haqqını müdafiə etməkdə haqlıdırsa, Türkiyə də Krımda, Rusiyanın digər bölgələrində yaşayan türkləri müdafiə eləməkdə haqlıdır və bunu etməlidir”
|
Bir cavab yazın