Category: Xəbər
-
Rusların Azərbaycanı qana boyadığı gündən düz BİR ƏSR SONRA – Moskvada maraqlı yığıncaq
Rusiya-Azərbaycan şairlərinin şeir bayramı keçirilib.Tədbirə qatılan Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı BakuPost-a açıqlamasında bildirib ki, tədbir Moskvada Sergey Yesenin adına Mədəniyyət mərkəzində baş tutub. Xalq şairi maraqlı bir məqama toxunub: “Moskvada Azərbaycan və Rusiya şairlərinin poeziya axşamı XI Qızıl Ordunun Azərbaycan Xalq Cümhuriyyəti sərhədlərini pozub müstəqil dövlətimizi devirdiyi, kəndlərimizi, şəhərlərimizi qana boyadığı gündən düz yüz il sonra, aprelin 28-də, Moskvada Sergey Yesenin adına Mədəniyyət mərkəzində Azərbaycan və rus şairlərinin birgə şeir axşamı keçirildi. Bu, həyatın gözlənilməzliklərindən, paradokslarından biridir. Zaman yaraları sağaldır, amma çapıqlar və xatirələr qalır. Ədəbiyyat, poeziya humanizm və xeyirxahlıq daşıyıcısı kimi həm yaraların sağalmasında, həm də faciələrin unudulmaması və örnək olaraq gələcək nəsillərin yaddaşı üçün qorunmasında misilsiz və bəlkə də həlledici rol oynayır”.S. Rüstəmxanlı qeyd edib ki, Moskva azərbaycanlıları cəmiyyətlərinin nümayəndələrinin və rus ziyalılarının iştirak etdiyi poeziya axşamını Rusiya azərbaycanlılarının milli-mədəniyyət mərkəzi və “Ocaq” cəmiyyəti təşkil edib: “Ənənə halını almış belə bir məclisin Yesenin mərkəzində keçirilməsi təsadüfi deyil, çünki böyük rus şairinin qısa həyatının bir parçası da Bakı ilə bağlıdır və onun xatirəsini yaşadan yerlər bizdə də qayğı ilə qorunur”.Rusiya-Azərbaycan şairlərinin şeir bayramında Xalq şairi Sabir Rüstəmxanlı, təşkilat komitəsinin həmsədrləri Moskvada yaşayan həmyerlimiz, tanınmış qələm sahibi İlham Bədəlbəyli, məşhur rus şairi, Azərbaycan ədəbiyyatının sadiq dostu və tərcüməçisi Mixail Sinelnikov, Azərbaycanda həm şeirləri, həm də ədəbi layihələri, ədəbiyyatın təbliği sahəsində xidmətləri ilə tanınan Nigar Həsənzadə, Moskva şairlərindən Afaq Şıxlı, Zümüd Quliyeva, Maya Bədəlbəyli, Sergey Karatayev, Natalya Varxanen və başqaları çıxış ediblər. Nazxanım Dadaşovanın röyalda ifa etdiyi musiqi parçaları və vokalist Ayla Çingizqızının mahnıları səsləndirilib. -
VHP Gəncədə Xocalı faciəsi ilə bağlı anım tədbiri keçirib FOTO
Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Xocalı rayon təşkilatının təşəbbüsü ilə Gəncə şəhərindəki Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksi ziyarət olunub. Abidə kompleksin qarşısında VHP Xocalı rayon təşkilatının sədri Mikayıl Nurməmmədli çıxış edərək bildirib ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirib. “İndi rəsmi məlumatda Xocalı soyqırımı zamanı qətlə yetirilənlərin 613 nəfər olduğu bildirilir. Bu, yalnız meyiti tapılanlara, dəfn olunanlara aid rəqəmdir. Ancaq hələ rəsmi rəqəmlərdə əsir alınan 1275 nəfərdən 150-i barədə indiyə qədər heç bir məlumat verilmir. Onların ən ağır işgəncələr altında qətlə yetirildiyinə heç bir şübhə yoxdur. Bu və digər faktları nəzərə alaraq düşünmək olar ki, Xocalıda xüsusi amansızlıqla, işgəncə verilərək qətlə yetirilən insanların sayı daha çoxdur”.
M.Nurməmmədli çıxışında həmçinin vurğulayıb ki, 1992-ci il fevralın 26-sı Azərbaycan və dünya, bəşər tarixinə insanlıq əleyhinə ən qanlı cinayət kimi yazılıb. Xocalı soyqırımı XX əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı faciəsi bəşər tarixinin xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir. Ancaq dünya öz gözü qarşısında baş verən, foto-video faktlarla sübut edilən və şahidləri yaşayan bir soyqırımı nədənsə görmür və ya görmək istəmir, yüz il əvvəl olmayan bir soyqırımdan danışır və qəbul edirlər: “Xocalı soyqırımının ildönümü ərəfəsində Hollandiya parlamentinin “erməni soyqırımı” adlı uydurma tarixi qəbul etməsi ikiüzlü siyasət, dünyanın ədalətsizliyidir. Belə olmasaydı, 26 ildir baş verən Xocalı soyqırımına hüquqi qiymət verilər, cinayətkarların cəzalandırılması üçün mexanizmlər tətbiq edilərdi”.
Natiq qeyd edib ki, Azərbaycan dünya ictimaiyyətini, dünya dövlətlərini bu soyqırımına biganə qalmamağa, beynəlxalq hüququn prinsiplərinə əməl edərək, ona siyasi və hüquqi qiymət verməyə çağırır: “ Bununla əlaqədar beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin, parlamentlərin qəbul etdiyi sənədlər olsa da, Xocalı soyqırımını həyata keçirən qaniçən erməni cəlladlarını, əli günahsız insanların, uşaqların qanına batmış qatilləri beynəlxalq məhkəmə qarşısına çıxarmaq mümkün olmayıb. Gün gələcək insanlıq əleyhinə cinayət törədənlər mühakimə olunacaqlar. Onlar heç zaman bu qanlı ləkəni üzərlərindən silə bilməyəcəklər”.
Qeyd edək ki, erməni silahlı qüvvələrinin Rusiyaya məxsus 366-cı motoatıcı diviziyanın dəstəyi ilə 1992-ci il 25 fevraldan 26 fevrala keçən gecə Xocalıya hücumu nəticəsində 613 nəfər dinc sakin qətlə yetirildi, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onlardan 150-sinin taleyi indi də məlum deyil. -
Daşaltı faciəsindən 26 il ötür – FOTO
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Şuşa rayon təşkilatının təşkilatçılığı ilə VHP-nin bir qrup üzvü Daşaltı faciəsinin 26-cı il dönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edib.
VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli, MNTK sədri Felmar Ələkbərli, Qubadlı rayon təşkilatının sədri Xasay Vəliyev və Xankəndi şəhər təşkilatının sədri Nizami Bağırov Daşaltı faciəsindən danışıblar. Bildirilib ki, Daşaltı əməliyyatının pis hazırlanması, hərbi sirrin yayılması və xəyanət nəticəsində igid və qəhraman oğullarımız həlak olub.
Qeyd edək ki, Daşaltı əməliyyatı 1992-ci il 25 yanvarda axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır.
Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib.
-
Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” İstanbulda təqdim edildi – FOTO
Xalq şairi Sabir Rüstəmxanlı İstanbulda Türk Ədəbiyyat Fondunun “Çərşənbə axşamı görüşləri” proqramı çərçivəsində oxucularla görüşüb.BakuPost.az xəbər verir ki, xalq şairi Türkiyədə çapdan çıxan və Cavad xanın ruslarla mübarizəsindən bəhs edən “Ölüm zirvəsi” romanınını təqdim edərək, oxucuları üçün imzalayıb.
Tədbiri giriş sözü ilə açan fondun rəhbəri şair Serhat Kabaklı Sabir Rüstəmxanlının həyat və yaradıcılığı haqqında qonaqlara məlumat verərək, görüşün bilərəkdən 18 oktyabr Azərbaycanın müstəqqillik gününə salındığını bildirib.Serhat Kabakl qeyd edib ki, Azərbaycanın müstəqqilik qazanmasında Sabir bəyin misilsiz xitmətləri var.
Daha sonra çıxış edən şair İmdat Avşar Sabir Rüstəmxanlının çağdaş Türk dünyasının böyük şairi və siyasi xadimi olduğunu qeyd edib.
Sabir Rüstəmxanlı çıxış edərək tədbirə qatılan hər kəsə təşəkkürünü bildirdikdən sonra Türk dünyasının Məsələləri mövzusunda çıxış edib.
Tədbirdə Türkiyənin ictimai-siyasi xadimləri, media nümayəndələri və oxucular iştirak ediblər.
Tədbir Türkiyə mediasında geniş işıqlandırılıb.
-
VHP-25
25 il öncə, sentyabr ayının 26-da hələ müstəqilliyinin bir ili tamam olmamış Azərbaycan Respublikasının siyasi həyatına yeni bir qurum qatıldı: Vətəndaş Həmrəyliyi partiyası. Dünyanın ictimai-siyası mübarizələr tarixində yaranmış və dəbdə olan müəyyən ideoloji ənənələrə bağlı olan partiyalardan sonra Vətəndaş Həmrəyliyi siyasi ədəbiyyatda rastlanılmayan bir ad idi və qulaqlara yad gəlirdi.
Lakin partiyanın qurucuları adı, zahiri effektləri yox ölkənin və xalqın ehtiyaclarını nəzərə almışdılar, yeni dövlətin maraqları, gələcəyi baxımından ən doğru siyasi yolu seçmişdilər. Yeni dövlət müharibə şəraitində idi, üstəlik erməni işğalçılarına dəstək verən qüvvələr ölkəni zəiflətmək üçün hakimiyyət uğrunda mübarizə aparan digər iddiaçıları və etnik qrupları da qızışdırmaqla yeni münaqişə ocaqları yaratmağa çalışır, qarşıdurmalar , bölücülük meyilləri bir-birini əvəz edirdi.
Belə bir vaxtda yeni partiya ölkənin milli varlığının və gələcəyinin təminatı olan əsas prinsipləri, siyasi ideoloji hədəfi düzgün müəyyənləşdirmişdi.
Partiyanı təsis edənlərin çoxu zəngin iş təcrübəsi olan, addımlarının məhsuliyyətini dərk edən, meydan hərəkatında sınanıb möhkəmlənmiş və Azərbaycanın bütün bölgələrini əhatə edən ziyalılar idi: Qəmbər Əsgərov, Cəbrayıl Əlinağıyev, Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli, Eyvaz Borçalı, Bəhmən Sultanlı, İslam Qəribov, Valeh Əliyev, Malik Mehdiyev, Elxan Mirzəyev, İbrahim Əliyev, Əjdər Qasımov, İdris Dadaşov, Aydın Səlimzadə, Məsiağa Məhəmmədi, Telman Vəlixanlı, Telman Qardaşov,Ənvər Əliyev, İmamverdi İsmayılov, Zeydulla Ağayev, Şaban Şahbazov, Mədət Rüstəmxanlı, Rafiq Vəlizadə, Aslan Quliyev, Arkadi Şuyski, Sevinc Rüstəmova, Nadir İbadov, Sadıq Həşimov, Məmməd Kazım, Şəfi Danıyalov, İbrahim Yüsifzadə və başqaları. Haqq dünyasına qovuşanlara Allahdan rəhmət diləyir, digərlərinə indi harda çalışmalarından və hansı siyasi cəbhədə dayanmalarından asılı olmayaraq uğurlar arzulayırıq.
Ölkədə yetərincə tanınan, sevilən, meydan hərəkatının əsas təşkilatçı və liderlərindən biri kimi şöhrət qazanmış Sabir Rüstəmxanlı partiyanın təsis qurultayındakı çıxışında demişdi: “Azərbaycan müharibə fəlakətindən nə vaxt qurtaracaq, torpaqlarımızı və xalqımızı nə vaxt bütöv, tam müstəqil, siyasi və iqtisadi tələlərdən uzaq görəcəyik – demək çətindir… Xalqların azadlıq mübarizəsinin tarixi göstərir ki, bütün siyasət adamları- ən liberal və ən radikal yol tutanlar da müəyyən məsafə keçib, beynəlxalq siyasətin və milləti idarəetmənin çətinliyi ilə üz-üzə gələn kimi bir həqiqəti dərk ediblər: məmləkətin qurtuluşu yalnız həmrəylikdədir! Başqa dillə desək vətəndaş həmrəyliyi olmayan yerdə heç nə mümkün deyil: nə istiqlal, nə qurtuluş, nə sosial demokratiya, nə dirçəliş, nə tərəqqi; birlik olmadan nə müsavatdan, bərabərlikdən söhbət gedə bilər, nə doğru yoldan; nə ana vətən qoruna bilər, nə ana torpaq…
Mən mövcud partiyaların adını mətnə daxil etməklə hələ ilk addımlarını atan təşkilatımızın onlara qarşı qoymaq istəmirəm. Sadəcə ümumi məqsədimizə doğru yolda gələcəkdə hansı ideyanın aparıcı rol oynayacağını nəzərə çarpdırmaq istəyirəm və arzu edirəm ki, bu ideya bizim siyasi partiyalar arasında münasibətlərin təməl daşı olsun.”
Müsavat partiyasının ikinci proqramında böyük Məmməd Əmin Rəsulzadənin irəli sürdüyü milli təsanüd (milli həmrəylik) nəzəriyyəsini davam və inkişaf etdirərək Vətəndaş Həmrəyliyinə çevirməklə VHP çağdaş dünyamızda vətəndaşlıq amilinin və vətəndaş cəmiyyəti quruculuğunun ölkənin varoluşu və gəlişməsi baxımından önəmini irəli çəkmişdir.
Bu gün ölkədə gedən proseslər və siyasi partiyaların bəyan etdiyi ideoloji sistem VHP liderinin 25 il öncə irəli sürdüyü ideologiyanın nə qədər doğru və müasir olduğunu nümayiş etdirir.
Siyasi leksiyonumuza Vətəndaş Həmrəyliyi ifadəsini məhz VHP gətirmişdir.
Partiyanın 25 il öncə, təsis qurultayında irəli sürdüyü “Nicatımız – Vətəndaş Həmrəyliyidir” şüarı bu gün də Azərbaycan siyasi mühitində öz əhəmiyyətini saxlamışdır.
VHP 25 il ərzində heç bir siyasi avantüraya uymadan ölkədə milli dövlətçiliyin qorunub saxlanılması, sivil mübarizə ənənələrinin formalaşması, torpaqlarımızın işğaldan azad edilməsi niyyəti ilə vətəndaşların birgə mübarizə cəbhəsinin yaradılması yolunu davam etdirmişdir. Bölgədə gedən mürəkkəb ictimai-siyasi proseslər vətəndaş həmrəyliyinin Azərbaycan cəmiyyəti üçün ən düzgün və gələcəyimizə yönəli ideologiya olduğunu sübut etmişdir.
Bu gün 80-ə yaxın bölgə təşkilatında VHP-nin iyirmi minə yaxın üzvü vardır. Partiya təşkilatlarında və rəhbərliyində ölkə vətəndaşı olan bütün etnik və azsaylı xalqların nümayəndələri təmsil olunurlar. Partiyanın əsas nüvəsini gənclər təşkil edir. Təsis olunduğu ildən parlamentdə təmsil olunan VHP hazırda demokratik qüvvələr düşərgəsində ön sırada dayanan partiyalardan biridir. Azərbaycanın işğaldan azad edilməsi, qaçqın və köçkünlərin öz torpaqlarına qayıtması, ölkəmizdə insan haqqlarına, söz azadlığına dəyər verilən demokratik bir cəmiyyətin qurulması VHP-nin əsas hədəfi olaraq qalır. 25 il öncə irəli sürdüyümüz şüar bu gün də qüvvədədir:
Nicatımız- Vətəndaş Həmrəyliyindədir!
Pariyanın 25 illiyi münasibəti ilə bütün təşkilatlarımızı, partiya üzvlərini və əqidə dostlarımızı ürəkdən təbrik edir, hamısına uğurlar arzulayırıq.Vətəndaş Həmrəyliyi Partiyası
25. 09. 2017 -
VHP-nin qurultayının vaxtı məlum olub
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) növbəti qurultayının vaxtı məlum olub.
VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli APA-ya açıqlamasında bildirib ki, partiyanın Siyasi Şurasının toplantısında VHP-nin qurultayının noyabrın 24-nə təyin edilməsi haqqında qərar verilib. Bununla bağlı Ali Məclisin sessiyası çağırılıb.
S. Əsədli qeyd edib ki, sentyabrın 26-da isə partiyanın yaranmasın 25 illiyi qeyd ediləcək.
-
Samir Əsədli ABŞ səfirliyinin rəsmisi ilə görüşüb
Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ABŞ-ın Azərbaycandakı səfirinin siyasi işlər üzrə müşaviri Villiam Solley ilə görüşüb.
Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, VHP-nin qurultay hazırlıqları və insan hüquqları ilə bağlı məsələlər müzakirə edilib.
VHP rəsmisi gənclər siyasəti və bölgələrdəki vəziyyət barədə də danışıb. -
VHP cümhuriyyət günü ilə bağlı tədbir keçirdi- FOTO
Bu gün 28 may Cümhuriyyət günü ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının üzvləri keçmiş Şin Zavodun həyətində yerləşən Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət ediblər.
VHP sədri Sabir Rüstəmxanlı Cümhuriyyət tarixindən, Xalq Cümhuriyyətinin gördüyü işlərdən geniş danışıb. Bildirib ki, 1918-ci ilin may ayının 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi ilə parçalanmış Azərbaycanın quzeyində Xalq Cümhuriyyəti yarandığını elan etdi.
Tədbirdə qeyd edildi ki, AXC türk və islam dünyasında ilk parlamentli respublika, demokratik, hüquqi və dünyəvi dövlətin nümunəsi idi. Müstəqil və demokratik Azərbaycan Cümhuriyyəti qısa vaxtda böyük uğurlara imza ataraq, ilk dəfə qadınlara seçim hüququ tanıyan, dinindən, millətindən, cinsindən və siyasi əqidəsindən asılı olmayaraq, hər bir vətəndaşın hüquq bərabərliyini təmin edən cümhuriyyət kimi çox dövlətlərə örnək oldu. Bu gün özlərini modern hesab edən ölkələrin bir çoxunun hələ də təmin edə bimədiyi demokratik təsisatları 99 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti təmin etmişdi. Təəssüf ki, AXC gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi və bolşeviklər tərəfindən devrildi. Sovet imperiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Buna baxmayaraq, istiqlal ideyası yenilmədi və böyük öndər Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” deyimində öz əksini tapdı. Nəhayət, 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Əsrin əvvəlində Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Xalq Cümhuriyyəti XX əsrin sonunda yenidən bərpa olundu.
VHP MNTK sədri Felmar Ələkbərov və Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli də çıxış ediblər, cümhuriyyətlə bağlı fikirlərini bölüşüblər. -
Laçının işğalından 25 il ötür – FOTO
Azərbaycanın Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından bu gün 25 il keçir.
Vhp.az-ın məlumatına görə, 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələrinin Laçın rayonunu ələ keçirməsi ilə Dağlıq Qarabağ “de-fakto” Ermənistana birləşdirilib.
İşğal nəticəsində Laçında 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib. Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.
İşğal nəticəsində 1835 kvadrat kilometr ərazisi olan Laçın rayonundakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib və ya erməniləşdirilib. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Düşmən rayonun yüngül sənaye mərkəzlərini, kənd təsərrüfatı sahələrini yararsız hala salıb.
-
“Bu qurum Rusiyadakı azərbaycanlıları birləşdirdi”
Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi müəyyən qüvvələrin təsiri altında olub.
Bunu Trend-ə Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.
Onun sözlərinə görə, ÜAK-ın ləğvi Azərbaycan-Rusiya münasibətlərinə daim müdaxilə edən, bu münasibətləri kəskinləşdirmək üçün bütün vasitələrdən istifadə edərək dövlətlərarası münasibətlərə xələl gətirən qüvvələrin fəaliyyətinin nəticəsidir.
İki ölkə arasındakı münasibətlərin həmişə yüksək səviyyədə olacağını bildirən F.İbrahimli qeyd edib ki, Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri inkişaf etdirib: “ÜAK Rusiya-Azərbaycan münasibətlərini tənzimləyən bir konqres deyil. Bu qurum Rusiyadakı azərbaycanlıları birləşdirdi. Azərbaycan-Rusiya münasibətləri yalnız konqres müstəvisində qurulmayıb ki, qurumun ləğvinin nəticəsində münasibətlər korlansın, zəifləsin”.
Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.


















