Vətəndaş Həmrəyliyi Partiyası

Category: Xəbər

  • Rus şovinizmi Putinin sayəsində epidemiyaya çevrilib

    “Ukrayna bataqlığında çabalayan, dünyanın yarısından çoxu ilə düşmən olan, saysız-hesabsız sanksiyalarla üz-üzə qalan Rusiya durumdan çıxış yolu tapmaq əvəzinə özünü daha dərin quyuya batırır. İmperalist və işğalçı təfəkkürün müasir dünyada heç cür keçməyəcəyini anlamaq istəməyən “şimal ayısı” qisasını qonşu dövlətlərdən almaqla özünün natamamlıq kompleksini kompensasiya etmək istəyir. Pyotrun zamanından bu yana dəfələrlə rus vəhşiliyinə məruz qalan Azərbaycan yenə də Kremlin hədəfindədir”.
    Bakupost.az xəbər verir ki, bunu VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib.
    O qeyd edib ki, AZAL-a məxsus təyyarənin Qroznı üzərində vurulmasına görə Rusiya tərəfi hələ də üzr istəməyib. Bu gərginlik bitməmiş Rusiyada azərbaycanlılara qarşı güc strukturlarının cinayət tərkibli hərəkətləri kimlərinsə artıq sərhədləri keçdiyini göstərir:
    “Baş verən hadisələr bir daha təsdiləyir ki, Rusiya şovinizm siyasətindən əl çəkmir. Rusiyanın Ukraynaya qarşı başladığı müharibə, bu xalqa, dinc əhaliyə qarşı törətdiyi vəhşilik, qəddarlıq, dağıntı və günahsız insanların kütləvi qətliamı şovinizm siyasətinin növbəti mərhələsi idi. Daha bir qəddarlığı, vəhşiliyi Yekatrinburqda azərbaycanlılara qarşı törədərək, bu ölkədə hüququn və qanunun aliliyinin olmadığını göstərdi. Baş verənlər Rusiyada digər xalqlara kin və nifrətin yüksək təzahürüdür. Bu siyasət tezliklə Putin imperiyasını parçalayacaq və ilk növbədə rus xalqının özünə böyük təhlükədir. Raşizm başqa xalqlara diskriminasiyanı, istismarı rəva görür. Məşhur publisist və jurnalist Nevrozov yazır ki, patriotizm, şovinizm, imperializm rus xalqı üçün hər şey əvəz edən alkoqol kimidir. Bu ideologiya prezident Putinin səyləri ilə artıq zəhərləyici, yoluxucu mahiyyət alıb, epidemiyaya çevrilib. Bu epidemiya elə rus cəmiyyətini məhv edəcək. Necə ki, “qəhvəyi vəba” Almaniyaya və dünyaya faciələr yaşatdı, indi də raşizm bu yolu tutub. Buna ilk növbədə rus xalqı etiraz etməli, Putinin bu siyasətinə qarşı çıxmalıdır. Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın olunmasına, etnik zəmində terrora qarşı Azərbaycan cəmiyyəti qəti şəkildə etiraz edir, bu cinayətə göstəriş verənləri lənətləyir“.
     
    Lalə,
    BakuPost
  • Fəzail İbrahimlinin növbəti vətəndaş qəbulu

    Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, professor Fəzail İbrahimli Masallı rayonunda növbəti vətəndaș qəbulu keçirib. Qəbuldan əvvəl millət vəkili sakinlərlə birgə Təklə kəndinin mərkəzində Qarabağ müharibəsi şəhidlərinin șərəfinə ucaldılmış abidə kompleksi ziyarət edib. Şəhidlərin məzarı üstünə gül dəstələri qoyub. Vətənimizin azadlığı uğrunda canlarından keçmiș qəhrəman oğulların ruhlarına dualar oxunub.
    Vətəndaş qəbulunda Masallı rayonu Təklə kənd inzibati ərazisinə daxil olan Təklə, Ləngan, Mollahəsənli, Sığıncağ və Xoșçobanlı kəndlərinin sakinləri iştirak edib. Sakinlər müxtəlif məsələlərlə bağlı təklif, şikayət və müraciətlərini millət vəkilinə bildiriblər. Bir sıra məsələlər yerindəcə həll edilib, digər məsələlərin həlli ilə bağlı vətəndaşlara bildirilib ki, qanunvericiliyə uyğun formada aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacaq və müraciətlərin həlli istiqamətində qanunvericilik çərcivəsində lazımi addımlar atılacaq.

     

     

     

  • Əqidə yolçusunun “Azərbaycannaməsi”

    Ermənistan Baş naziri Nikol Paşinyan öz ölkəsi üçün çox yaxşı fürsətin yarandığını deyib. Baş nazir bildirib ki, Ermənistanın qarşıdakı 100 ildə salamat qalmasını təmin etmək üçün tarixdə belə şansı olmayıb. Paşinyan Ermənistanın qarşısında dövlətin davamlılığının təmin edilməsi perspektivlərinin açıldığını bildirib: “Bu, çox vacib sualdır və burada çox vacib bir ideoloji məsələ də var, çünki bu, məsələyə hansı ideoloji prizmadan baxmağınızdan asılıdır. Məsələyə “Real Ermənistan” ideologiyası prizmasından yanaşdıqda görürük ki, ölkəmiz kifayət qədər yaxşı və perspektivli vəziyyətdədir”. Baş nazir təhlükələrin də olduğunu istisna etməyib: “Əlbəttə, təhlükələr göz qabağındadır və bu, həmişə olub, yeni təhlükələr yoxdur. Amma biz bu təhdidləri idarə etmək üçün nəzəri və praktiki imkan əldə etmişik. Mövcud təhlükələrə qarşı tarazlıq kimi ölkəmiz qarşısında inanılmaz perspektivlər açılıb. Bu kontekstdə “Real Ermənistan” ideologiyası gələcəyin təməli və planıdır”. Ekspertlərin fikrincə, Ermənistan Baş naziri Nikol Paşinyanın bu çıxışı onun ölkəsinin qarşısında yeni bir geosiyasi və strateji mərhələnin açıldığını vurğulamaq məqsədi daşıyır. Bu ritorika, Paşinyanın daxili auditoriyaya həm nikbinlik, həm də məsuliyyətli idarəçilik mesajı vermək istədiyini göstərir. Paşinyanın vurğuladığı “Real Ermənistan” ideologiyası anlayışı ölkənin mövcud vəziyyətini – yəni münaqişələrdən, müharibələrdən və qeyri-sabitlikdən yorulmuş bir cəmiyyətin daha praqmatik, realist və uzunmüddətli düşünən bir dövlət modeli yaratmaq istəyini əks etdirir. Görünən odur ki, Paşinyan son illərdə yaşanan hərbi və siyasi böhranlardan sonra daha idarəolunan və proaktiv siyasət kursu formalaşdırmaq istəyir. Həmçinin, baş nazirin yeni milli-siyasi konsepsiya formalaşdırmaq və ictimai rəyi bu konsepsiya ətrafında toplamaq niyyətindən xəbər verir. Bu yanaşmanın real siyasətə necə tətbiq olunacağı növbəti aylarda özünü göstərəcək.
     
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Sherg.az-a deyib ki, Paşinyanın təklif etdiyi “Real Ermənistan” beynəlxalq ictimaiyyət tərəfindən tanınan 29 min 43 kvadrat kilometr ərazini əhatə edən Ermənistandır. Ekspertin sözlərinə görə, bunun özü mahiyyətcə reallıqdan uzaqdır: 
    “Ermənistan Sovetlər Birliyinə qoşulanda 29 min 743 kvadrat kilometrlik ərazisi yox idi. Bu rəqəm sovet rəhbərliyinin qurduğu müxtəlif oyunların nəticəsində yaranmışdı. Başqa sözlə, sovet Azərbaycanının ərazilərindən sovet Ermənistanına torpaq hədiyyələri olmuşdu. Yaxşı olardı ki, Nikol Paşinyan ilk növbədə “Real Ermənistan” ideyasının tarixi reallıqla üst-üstə düşüb-düşmədiyinə diqqət yetirsin. Digər tərəfdən, bu sistem üçün yeni Konstitusiyanın ümumxalq referendumu ilə qəbul edilməsi vacibdir”.
    Analitikə görə, Paşinyanın nə dərəcədə xoş niyyətlə çıxış etməsi bəlli deyil: “Problem ondadır ki, Ermənistan cəmiyyətində xəstə təfəkkürdən çıxış edənlərin, ictimai rəyə təsir etmək gücündə olanların sayı az deyil. İllərlə imperialist dövlətlər, əsasən də Rusiya erməniləri xəstə ideologiya ilə bəsləyərək öz məqsədləri üçün istifadə edib. İndi Paşinyan anlayır ki, bu xəstə yanaşmadan əl çəkməsələr, Ermənistanı da itirə bilərlər. Çünki tarixi Azərbaycan ərazilərində yaradılan süni dövlətdir. Amma erməni cəmiyyəti reallıqla hesablaşıb xəstə təfəkkürdən imtina etmir. Ona görə də Paşinyanın səmimiliyinə inanmaq çətindir. Əgər Paşinyan yeni ideologiyada qərarlıdırsa, birinci qonşularla münasibətləri səhmana salmalıdır. Əks təqdirdə bu, boş bir şey olacaq”.
  • Əqidə yolçusunun “Azərbaycannaməsi”

    Sabir Rüstəmxanlının əsərlərinin 15 cildliyi ictimaiyyətə təqdim olunub

    Xəbər verildiyi kimi, Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, tanınmış ictimai-siyasi xadim Sabir Rüstəmxanlının əsərlərinin 15 cildliyi nəşr edilib. 1970-ci ildə “Gənclik” nəşriyyatında “Tanımaq istəsən” adlı 40 səhifəlik ilk kitabı 4500 tirajla çıxan müəllif bu gün ölkənin ən ünlü qələm sahiblərindəndir. 

    Sabir müəllimin ilk kitabı ilə bağlı maraqlı xatirəsi var: “Bu, şəhərli bir qıza sevgi ünvanı idi. 24 yaşım vardı. Deyirdim ki, əgər məni tanımaq istəyirsənsə, doğulduğum kəndə, dağlara gəlməlisən, böyüdüyüm mühiti görməlisən. Onda məni duya bilərsən. Şeirin məzmunu budur. Kitabın ümumi məzmunu isə bir vətəndaşlıq səciyyəsi daşıyır. Cavan söz adamı, şeir həvəskarı kimi gəlmişəm bu meydana. Əgər məni tanı­maq istəyirsənsə, bu kitabı oxu – kitabın qayəsi budur. Bu kitab şeirə bir vəsiqəm, ədəbiyyata bir vətəndaşlıq pasportum idi”.

    Gəl tutub əl-ələ qaçaq bu gündən,
    Qayıdaq öz uşaq keçmişimizə.
    Utancaq, mehriban, dəli, qüssəli,
    Yolları dolaşıq keçmişimizə…

    Ardınca şairin bir neçə il fərqlə “Sevgim, sevin­cim”, “Xəbər gözləyirəm”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim”, “Qan yaddaşı” kitabları çıxıb. Sonra Sabir Rüstəmxanlı “Ömür kitabı”nı vərəqləyib, “Bütövlük həsrəti” ilə qovrulub, “Xətai Yurdu”nda “Bu, sənin xalqındır”, “Sağ ol, ana dilim” söyləyib, “Atamın ru­hu”na, “Göy tanrı”ya üz tutub, “Tanrının elçisi” Oğuz xanla ucalıb, “Ömür kitabı”nda “Əbədi sevda”sına qovuşub, “Difai fədailəri”nə qoşulub, taleyimizin “As­tar”ını üzünə çevirib və dünyanın bir çox ölkəsində çap olunan 50-dən yuxarı kitabın yazarı kimi tanınıb, sevi­lib. Bu yolda “Sunami”yə də düşüb, “Sənsizliyi yaşa­maq” da yazılıb qismətinə. Və nə xoş ki, Azərbaycanın Müstəqillik Aktına imza atanlardan olub, 44 günlük Vətən müharibəsindən sonra “Qarabağa dönüş” (poe­ma) edib.

    Çoxcildliyinin çapı ilə əlaqədar redaksiyamızın qo­nağı olan görkəmli ziyalı ilə söhbəti oxuculara təqdim edirik.

    – Sabir müəllim, 60 illik bədii, elmi-publisistik yaradıcılığınızın yekunu olan çoxcildliyin işıq üzü görməsi münasibətilə sizi təbrik edirik. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında da sanballı bir təqdi­mat oldu. “Akademikin son əsəri” adlı maraqlı ro­manı olan müəllifin külliyatının məhz orada təqdim edilməsi, bəlkə də bir qanunauyğunluq idi. Tədbirə akademiklər, professorlar, şair və yazıçılar toplaş­mışdı. Hamı da ürəkdən danışırdı… 

    – Çox sağ olun. 15 cildlik əsərlərimin çapından sonra sanki çiynimdən bir yük götürülüb. O mənada yox ki, daha yazı-pozu işlərinə nöqtə qoydum. Əksinə, iş daha da artıb. Sadəcə olaraq, 2021-ci ildə seçilmiş əsərlərimin nəşrinə başlayanda bunun belə ağır bir iş olduğunu bilmirdim. Yazıların tarixini müəyyənləş­dirmək, xronologiya üzrə düzmək, yenidən gözdən keçirmək xeyli vaxt və qüvvə istəyir. Nəşr prosesinə də gərək nəzarət edəsən. Bu mənada, sonda dərindən bir nəfəs aldım. Hələ də yarımçıq yazılarım qalır, ta­mamlaya bilməmişəm. İndi buna bir qədər imkan var. Düşünürəm ki, şükür, bir iş başa çatdı, amma yol hələ başa çatmayıb, qüvvə də tükənməyib. Mərkəzi Elmi Kitabxanadakı təqdimat isə unudulmaz oldu. Düzdür, bütün yaradıcılıq gecələrim gur keçib, amma bu təqdi­mat – alim, yazıçı dostlarımın çıxışları, ordakı insanla­rın münasibəti məni çox sevindirdi.

    – Bu görüşümüz həm də Şairlər Gününə (5 iyun) təsadüf edir. Buna görə də təbriklərimizi qəbul edin. Bu günlər, eyni zamanda, Mikayıl Müşfiqin və Vaqif Səmədoğlunun dünyaya gəldikləri tarixlə əlamətdardır. Bir qədər də bu barədə danışardınız.

    – Deyirlər ki, dünyada əvəzolunmaz adam yoxdur, amma mənə görə, heç kim heç kimi əvəz eləmir. Hər kəsin öz yeri var. Dünya elə qəribə yaranıb ki, 2 qum dənəsi də, iki insan da bir-birinə oxşamır və gedənin yerini gələn doldurmur. Hər kəs öz həyatını, öz taleyi­ni yaşayır. Müşfiq Azərbaycan şeirində qeyri-adi, sel kimi bir ilham sahibi olan şair olub, acı tale yaşayıb – 29 yaş nədir ki… Onun haqqında görkəmli bəstəkar Cavanşir Quliyev bir oratoriya yazıb, sözləri mənə aid­dir. O zaman Müşfiqin həyatını daha dərindən öyrən­məyə çalışdım, sonda baxdım ki, yazdığım, əslində, bir pyesdir: Müşfiq, dostları, onun sevgisi, Səməd Vurğun, Gəncəyə getmələri, taleyinin sonrakı günləri… Düşün­düm ki, teatrların birinə təqdim edim, amma Dövlət Akademik Milli Teatrında Müşfiq haqqında bir tamaşa getdiyini bilincə fikrimdən daşındım. Hər halda, ora­toriyanın sözlərinin müəllifi olmağım məni sevindirir.

    O gün böyük şairimiz Rəsul Rzanın ev-muzeyinin açılışında da dedim ki, Müşfiqin adına layiq bir muzey yaradılmalıdır. Bəzən bizdə belə məkanların açılması­na qısqanc yanaşılır, deyirlər çoxdur. Amma nə edək ki, istedadlı adamlarımız da çoxdur. Ulu öndər Heydər Əliyev azərbaycanlı şairlərə Sosialist Əməyi Qəhrə­manı adları veriləndə Moskvada deyiblər ki, çoxdur. Cavab verib ki, neyləyək, parlaq istedadı olanlarımız çoxdur. Ev-muzeyləri həm tarix üçündür, həm də yeni nəsil, məktəblilər ev-muzeylərinə getməklə yarım ildə, bir ildə oxuduqlarından daha çox bilgi əldə edirlər. Bu mənada ev-muzeyləri vacibdir.

    Bir daha deyirəm, Müşfiqin Xızı yolundakı mu­zeyinə baxanda ürəyim ağrıyır. Orda balaca bir ev ti­kiblər. Yalnız sırf Müşfiqə aid olan əşyalar qoyulub. Amma, axı, bu, çox azdır. Nə masası qalıb, nə qələ­mi. Bununla belə, Müşfiq muzeyinin olması vacibdir. Yadıma Qabdulla Tukayın Tatarıstandakı ev muzeyi düşür. 24 il yaşayıb, buna baxmayaraq, muzeyi üçün 3 mərtəbəli gözəl bir buna ayrılıb. Onun dövrünə aid, onunla bir vaxtda yaşamış qələm dostlarına, tatar ziya­lılarına aid şəkillər, hətta Qabdulla Tukayın oxumuş olduğu “Molla Nəsrəddin” jurnalının da şəkli var orda. Yaxud, Almaniyada “Höte Evi”ni görmüşəm. 18–19-cu əsrlər alman mədəniyyətinin bütün görkəmli sima­ları orda təqdim olunur. Əslində, Müşfiq muzeyi rep­ressiya dövrünün muzeyi olmalıdır. Müşfiqlə yanaşı, acı tale yaşamış insanların tale yadigarları orda toplan­malıdır. Adamlar tez-tez ora getməlidirlər. Unudulmuş, cığırlarını kol-kos, ətrafını toz basmış o yeri görəndə adam utanır. Yəqin ki, Rəsul Rza muzeyinin açılışında dediklərim nəzərə alınar.

    Vaqif Səmədoğlu isə dostumuz, əzizimiz idi. Azərbaycan şeirinin ayrı bir hadisəsi idi. Atasına bən­zəməyən, fərqli və öz dövrünün ruhunun ifadəçisi idi. Bilirsinizmi, sanki Vaqif öz yaradıcılığı ilə, sovet dövrünə düşdüyü üçün kimlərə isə mədhiyyə yazmağa məcbur olan Səməd Vurğunun qisasını alıb. Elə “Qətl günü”nün müəllifi olan Yusif Səmədoğlu da. Onlar öz varlıqları ilə həm də Səməd Vurğunun tale qoruyucusu olublar, onun deyə bilmədiklərini demələri, meydanda milli azadlıq hərəkatına qoşulub hayqırmaları, ataları­nın çəkdiyi mənəvi əzabların intiqamını almaları üçün Allah bu 2 övladı yaratmışdı.

    – Sabir müəllim, qayıdaq akademiyanın mərkəzi elmi kitabxanasındakı çoxcildlik təqdimatına. Mən də orda idim. Tədbiri akademik İsa Həbibbəyli aça­raq sizin çoxşaxəli bədii-publisistik yaradıcılığını­zı geniş təhlil etdi və dedi ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasında, inkişafında rolunuz, xidmətiniz böyük olub və canlı korifeysiniz. Sitat: “Sabir Rüstəmxanlının poeziyası ilə bərabər, pub­lisistikası milli fikir müstəvisində xüsusi istiqamət açıb, nəsri də yetərincə güclüdür. Ötən əsrin son onilliyində onun təsis etdiyi ilk müstəqil mətbu nəşr – “Azərbaycan” qəzeti 100 minlərlə tirajla çıxırdı. Sabir Rüstəmxanlı bir alim kimi də nümunə sayıla bilər. Onun namizədlik dissertasiyası olan “Molla Nəsrəddin və folklor” mövzusu bu gün də aktualdır. Şairin əsərlərinin cildlərinə görkəmli alimlərin geniş ürəklə “Ön sözlər” yazması da onun yaradıcılığına necə yüksək dəyər verildiyinin bariz göstəricisidir”. Bəs, nədən doktorluq dissertasiyası yazmadınız? 

    – Macalım, imkanım olmadı. Hey işləyirdim, vaxt çatdıra bilmirdim. Amma bir maraqlı psixoloji məqam da var. 1971-ci ildə Vyetnam birləşəndə mən “Bütöv­lük” adlı poema yazmışdım. Vyetnam xalqının müba­rizliyinin qələbəsi idi o birləşmə. Vyetnamlıları təbrik edirdim, amma içimdə Azərbaycanı nəzərdə tutub yaz­mışdım:

    Müstəqillik ilk inamım, ilk həsrətim,
    Müstəqillik xalqın qeyrət bayrağıdır.
    Müstəqillik hər ölkənin, məmləkətin
    Zülm, əsarət orbitindən çıxmağıdır.

    Yəni tam öz dərdimizi dilə gətirmişdim. Poema­mı “Ədəbiyyat” qəzeti qoşa səhifədə çap elədi. Onda cəmi 20 günə yazdığım namizədliyimi yenicə müdafiə etmişdim. Dissertasiyam yüksək qarşılanmışdı. İnsti­tuta gedəndə gözəl ailm, akademik Məmməd Cəfərlə rastlaşdım. Məni otağına dəvət elədi. Orada gördüm ki, həmin “Ədəbiyyat” qəzeti stolunun üstündədir. Özü də qırmızı karandaşla haşiyəyə aldığı yerləri, qeydləri var. Dedi ki, bu poemanı yazan adamın ədəbiyyatşü­naslıqla məşğul olmağa vaxt sərf etməyinə dəyməz. Get, şairliyi davam elətdir. O kişi sanki mənim yolumu kəsdi (gülür). Amma sonra institutun direktoru Yaşar Qarayev dedi ki, namizədlik dissertasiyan elə doktor­luq səviyyəsindədir, bir az da artır, elmi hesabat yaz və biz kitablarını da nəzərə alıb, ona əsasən sənə elmlər doktoru adı verək. O vaxt attestasiya komissiyasının sədri Azad Mirzəcanzadə artıq həmin formada doktor­luq müdafiələrini ləğv etdiyi üçün daha arxasınca get­mədim. Düzdür, sonra Əlyazmalar İnstitutu mənə fəxri doktor adı verdi. Bir qeyri-dövlət Milli Elmlər Aka­demiyası da vardı, oranın da fəxri akademiki idim və sair. Yarımca il vaxt ayırsaydım, elmlər doktoru olar­dım, amma nəsə, etmədim. Sonra siyasət, Milli Məc­lisdə deputatlıq oldu. Nə isə… 1984-cü ildə mən pol­yak Adam Mitskeviçi tərcümə edəndə dəfələrlə vaxtilə yaşamış olduğu Litvaya getdim, litvaşünasların dünya qurultayında, oranın diasporu ilə görüşlərdə SSRİ-nin dağılmasının qaçılmaz olduğu qənaətim gücləndi. Qa­yıdandan sonra dərnəklərdə daha cəsarətli çıxışlar elə­dim, artıq biz özümüzü müstəqilliyə hazırlayırdıq və mən də elmi yox, ayrı yol seçdim.

    – Siz, əslində, doktor olmayan böyük alimsiniz. O qədər elmi titullu tanınmayan alimlər var ki…

    – O vaxt akademiya yarananda Səməd Vurğu­na, Mirzə İbrahimova (düzdür, Mirzə müəllim Cəlil Məmmədquluzadə haqqında “Böyük demokrat” adlı bir elmi iş yazmışdı), digər ədəbiyyatçılara, görkəm­li qələm sahiblərinə akademik adı verilmişdi. Hesab edirəm ki, indi də bunu edə bilərlər. Ədəbiyyatşünas­lar öz yerində, ədəbiyyatın özünün də akademikləri ola bilər. Özüm üçün demirəm. Məsələn, Anar hansı cəhəti ilə akademiklərdən, ədəbiyyatşünaslardan geri­dir? Yaxud da Elçin. Kifayət qədər yüksək elmi sayılan əsərləri var.

    – Elə sizin 15 cildliyinizin 2 cildi tam ədəbiyyat­şünaslıqdır, 3 cildi publisistikadır. Ədəbiyyatşünas­lıqla bağlı külliyata düşməyən digər əsərləriniz də var. Məsələn, “Hüseyin Arifin lirikası”, “Aşıq po­eziyasında realizm”, “Ədəbiyyatımız müstəqillik yollarında” və bu tipli çoxlu araşdırma yazılarınızı yada sala bilərik. Sabir müəllim, Anarın adını çək­diniz, 15 cildliyinizin təqdimatında o sizin “Ömür kitabı”nızı ədəbiyyatımızın inkişafında yeni bir mərhələ kimi dəyərləndirdi və dedi ki, istedad, iradə və zəhmətlə hasilə yetirdiyiniz bu külliyatın təqdimatı Azərbaycan mədəni aləmində əlamətdar hadisədir. Anar həmişə sizinlə sarsılmaz dostluğunu da qeyd edib. Şahidəm ki, Yardımlıda, doğma kən­diniz Hamarkənddə olan 50 illik yubileyinizdə də bu barədə ürəkdən danışıb.

    – Mənim üçün Anar Azərbaycanın bir dəyəridir. Qələmi ilə, sözü ilə, həyatı ilə bir dəyərdir. Rəsul Rza və Nigar Rəfibəylinin ocağından çıxıb. Artıq özü də mənim təsəvvürümdə bir klassikdir. Təkcə “Dədə Qorqud dünyası” adlı yazısı Azərbaycan tarixşünaslığı üçün bir örnəkdir. “Molla Nəsrəddin – 66” satirik he­kayələrini oxuyandan Anarı sevməyə başlamışam.

    Yadıma gəlir, AYB-nin qurultaylarından birində məruzəçi idim. Sədr Anara dedim ki, bu dəfə güzəşt­siz danışacağam, kim nəyi haqq edir, onu deyəcəyəm. Dedi, bir-iki nəfər var, onları çox incitməyək. Düzdür, misallarım qaldı, amma adları çıxardım. Bütövlükdə ədəbiyyat haqqında fikirlərimi sonadək düzgün dedim.

    Xatırladaq ki, istiqlal şairimiz Xəlil Rza bununla bağlı bir poema da yazmışdı:

    …Min dəfə gördüyümüz adicə yoldaşımız, 
    İndi söz kürsüsündə ucalmışdır dağ kimi. 
    Fikrinin alovundan neçin od tutmur kağız? 
    Fikir-dəmir sərkərdə, qəlbimizin hakimi. 
    Salonda sənət əhli-şairlər, tənqidçilər, 
    Cərrah kimi doğrayır, yarır tənqidimizi. 
    Doğru söz yanar qəlbə bəlkə sərin su çilər, 
    Büllur, cəsur sözüylə ovsunlayar o bizi. 
    …Kürsüdə bir gül qomu, – yoxsa Vətən gülzarı, 
    Nura dözməyib qaçan bəlkə bir yarasaydı. 
    Tahirzadə Sabirin od tutardı məzarı, 
    Yeni, kişi Sabirlər əgər yaranmasaydı.

    Sabir Rüstəmxanlı sözünə davam edərək dedi:

    – Həmin axşam Anarla Yusif Səmədoğlu mənə zəng vurdular. Anar dedi ki, təbrik edirəm, o divarlar arasında çox çıxışlar dinlənilib, sənin məruzən ən yax­şılardan biri oldu. Yusif isə özünəməxsus şəkildə dedi ki, sən bundan sonra mənim qardaşımsan. Yəni belə əhvalatlar çox olub. Anara qarşı bəzi kobud tənqidləri, yersiz ittihamları qeyri-etik və gərəksiz sayıram. Bu barədə fikirlərimi bir neçə dəfə açıq yazmışam. Yadı­nıza gəlirsə, Bəxtiyar Vahabzadəyə də hücumlar vardı, onda da mən susmamış, cavab yazmışdım. Bax, indi Bəxtiyar yoxdur, min tərinamə yazsan da, qaytara bil­məzsən. Qədirşünas olmaq lazımdır…

    – Siz həmişə həqiqəti demisiniz. Elə təqdimat­da akademik Nizami Cəfərov da vurğuladı ki, sizin yazdıqlarınız milli təəssübkeşlik örnəyidir, ədəbi və əbədi səciyyəlidir. O sizi cəmiyyətin ruhunu bilən, qələmə alan cəsarət sahibi kimi xarakterizə etdi. Dedi ki, yazılarınızla zəkalarımıza, ürəklərimizə impuls verirsiniz, fundamentallığı qoruyub saxlaya bilirsiniz. Ana dilinin müqəddəsliyini, yaddaşı, milli ideya spektrlərini xalqa yaxın intonasiya ilə çatdı­ransınız.

    – Nizami Cəfərov ciddi alimdir, ondan belə sözlər eşitmək xoşdur. Onunla birlikdə işləmişik. Güclü ədə­biyyatşünas, alimdir. Dəb dalınca qaçmır, sözün ma­hiyyətini deməyə çalışır, türkologiya və digər sahələrdə dəyərli alim kimi tanınır. Düzdür, fikir ayrılıqlarımız, mübahisələrimiz də olub. Qısası, təqdimatda dostla­rımızın hamısının çıxışları dəyərli idi və söylənənləri bir növ avans kimi qəbul edirəm. Baxmayaraq ki, bu yaşda avans olmaz, amma yenə də məclisin gətirdiyi hava adamı ruhlandırır. Mən 13 yaşımda ikən kənd­dən çıxmışam. Rayon mərkəzində oxuyub yataqxana­da qalmışam. Sonra 17 yaşımda Bakıya gəlmişəm. O vaxtdan ömrüm Bakıda keçib. Amma bugünün özündə də hələ kənddən ayrılmamışam. Yəni sosial mənşəcə kəndliyəm. Ziyalıyam, amma o kənd ruhundan ayrı düşməmişəm.

    O gün Dilçilik İnstitutunun 15 cildliyimin lüğəti ilə bağlı apardığı bir araşdırmanı çap ediblər. Bu, bir növ dil lüğətidir. Qeyd olunduğuna görə, orda 1 milyon 800 min söz var, ən çox işlənən sözlərin “Azərbaycan”, “ana”, torpaq”, “millət”, “vətən”, “ruh” olduğu qeyd edilib. Kəndin unudulmaqda olan həyat tərzi haqqın­da yazdığım silsilə də qeyd olunub. Məsələn, “Qoca­lar payızda taxıl əkərdi”, əl ilə elə səpərdilər ki, sanki günəşin şəfəqlərini yayardılar. Sonra ot yığardıq, biçin, xırman nəğməsi oxuyardıq, xırman qarovulçusunu an­mışam, yaylaq yolu, el yolu ilə, sellərlə bağlı xatirələ­rim, at haqqında 2 əfsanə-şeirim lazımınca dəyərlən­dirilib:

    At cildində, quş cildində, ağac cildində,
    Bu dünyada hərəmizin bir sehrimiz var.
    Əgər tale qismətisə, qoymayın itə,
    Bilmək olmaz, min il sonra gərəyin olar…

    Bir dəfə atımızı satmışdıq. Gecə şimşək çaxan ya­ğışlı havada ikigünlük yolu qayıdıb gəlmişdi. O, bir uşaqlıq xatirəsi idi. Bəlkə də Nizami Cəfərov “yaddaş” deyəndə bunu nəzərdə tuturdu ki, gərək yaddaşımızı qoruyaq. Dilçilik İnstituna da təşəkkür edirəm.

    – Təqdimatda akademik Rafael Hüseynov da dəyərli bir ürək sözü dedi: “Sabir Rüstəmxanlı­nın çoxcildliyini “Azərbaycannamə” adlandırmaq olar”. O, “Qan yaddaşı”nı da xatırlatdı. Bildirdi ki, unudulmaz Xudu Məmmədov “Qan yaddaşı” adını möcüzəli ad hesab edirdi (Çünki ona qədər yabançı “gen yaddaşı” ifadəsi işlənirdi). Sabirin əsərlərinin bütün cildləri məhz milli yaddaşın diqtə­si, duyğulu illüstrasiyalarıdır, janr və formasından asılı olmayaraq, sırf azərbaycançılıq məfkurəsinə xidmət edir. O, istedadı millətə necə sərf etməyi bilən ziyalıdır. Xalq hərəkatı dövründə “Azadlıq” meydanında şairin alovlu çıxışları yaxın tariximizin işıqlı anlarını təşkil edir. 

    – Mən “Ədəbiyyat” qəzetində işləyəndə bugünün böyük ailmi Rafael Hüseynovun ilk yazılarını, Baba Tahirdən tərcümələrini çap eləmişik, dostlaşmışıq. Birgə səfərlərimiz olub. Mən haqqımda yüksək söz­lər deyənlərin hamısına təşəkkür edirəm. İndiyədək haqqımda 12 kitab yazılıb, bunun 4-ü Türkiyəyə aiddir.

    İlk dəfə Bakıdan çıxanda mənim getdiyim yer Başqırdıstan olmuşdu. Sonra dünyanın hər tərəfinə get­dim, türk dünyasını bütöv gəzdim. Doğu Türküstanda oldum, Mahmud Kaşğarinin məzarını ziyarət elədim. Altaylardan üzübəri bütün türk ellərinə yolum düşdü, qədim mədəniyyət abidələrinə baş əydim. Bütün bun­lar adamın içinə elə bir ruh doldurur ki, bu xalqın dün­yanın sahibi olduğunu görürsən. Bizi ayırıblar, əziblər. Əvəzində biz də güclənməli olmuşuq. Buna görə də mən heç vaxt çəkinmədən, tərəddüd etmədən millətin sözünü cəsarətlə danışmışam. İçimdə bir azadlıq olub həmişə.

    “Qan yaddaşı”na gəlincə, bir gün Bərdədə Nüşabə qalasının yanında gördüm ki, 6–7 yaşlı bir uşaq zoğal budaqlarını kəsib ox-yay düzəldə-düzəldə maraqlı tərzdə nəsə oxuyur. Əslində, o heç bilmirdi ki, bu, nə qalasıdır, burda nə zamansa savaş olub. Sadəcə, qanı­nın diktəsi ilə orda ox-yay düzəldirdi. Görünür, tarixin də unutduğu həqiqət çıxmır qan yaddaşından. Və hə­min vaxt o şeirimi yazdım:

    Nüşabə qalasının yarıuçuq bürcündə,
    Boy atıb qalınlaşan zoğallığın içində
    Bir uşaq oxuyurdu bu dünyadan ayrılıb…
    …Soruşdum:”Oxuduğun mahnının adı nədir?”
    Güldü, gözü qıyıldı, gülüşü də nəğməydi –
    Yayıldıqca yayıldı…
    Dedi bilmirəm, əmi, təkəm də, oxuyuram,
    Heç sözünü bilmirəm, özümdən toxuyuram.
    Özündən “toxuyurdu”, mahnısını o uşaq.
    İçəridən gələn səs ona “oxu” deyirdi.
    Qəhrəman bir torpaqdan gələn qəhrəman həvəs
    Al əlinə bu yayı, at bu oxu deyirdi…

    Xudu müəllimin çox xoşuna gəlmişdi. O vaxt bil­gisayarlar təzə çıxmışdı, üzünü köçürtdürüb divardan asmışdı. Demişdi, gedək, gör. Gedə bilməmişdim. Amma 1971-ci ildə, günün birində dedi ki, sən Yar­dımlıda doğulmusan, mənsə oranı görməmişəm, sizə getmək istəyirəm. Ona bildirdim ki, ay Xudu müəllim, kasıb bir evimiz var, sən orda gedib əziyyət çəkərsən, filan. Qayıtdı ki, sənin atanın da adı Xududur, mən ge­dib onunla tanış olmaq istəyirəm, ona deyəsi sözlərim var. Nə isə, getdik. O, Bakıdan bizim evə gedən ilk zi­yalı dostlardan idi. Sonra çox dostlarım gedib bizim Hamarkəndə, amma Xudu müəllim birincisi idi. Ətrafa baxıb, söhbətlərə qulaq asıb soruşurdu ki, gen deyilən o qan yaddaşı budur?.. İndi Azərbaycan dilində, lüğəti­mizdə bu ifadə daha çox işlənir.

    – Sabir müəllim, suallar çoxdur, amma gələn dəfəyə də qalsın. Çünki gələn il sizin 80 yaşınız ta­mam olacaq. Allah ömür versin. Yubileyiniz Yar­dımlıda da keçirilsə, Savalan dağı da verdiklərinin itmədiyinə görə baxıb fərəhlənər. 

    – İnşallah! Həmişə dostlarla Yardımlıya gedəndə onları elə bir yerə aparıram ki, ordan sərhədin yaxınlı­ğından Savalan görünür. “Ömür kitabı”nda da Savalanla bağlı yer var – “Zərdüştlə söhbət”də. Orda torpaq şırımı var, indi də qalır, Azərbaycanın o tayı ilə bu tayını kəsib ayırıb. Əl uzatsan, çatar. İndi o tərəfə yol çəkilib, həmin yolla gedirəm. Yəqin ki, sən də getmisən, o yol ordan ta Cəlilabada qədər gəlir. Bizdən asılı deyil, orda doğulan uşaqlar hamısının içinə bütöv vətən ruhu dolub. Ayrı­lıq, üsyan ruhu hopub. “Sənə ucqar söylədilər” adlı şeir yazmışdım… Bir yandan itirmişik, kasıblıq, orta təhsilin çətinlikləri olub. Məsələn, mən musiqi təhsili almaq, xa­rici dillərdən bir-ikisini yaxşı öyrənmək istəmişəm, Yar­dımlıda mümkün olmayıb. Amma əvəzində o torpaqrda doğulmaq ayrı keyfiyyətlər verib bizə. Harda uduzmu­şuq, harda qazanmışıq, bunu zaman deyər.

    Əli NƏCƏFXANLI

  • Hər kəsi diqqətli və obyektiv olmağa çağırırıq

    Xəbər verdiyimiz kimi, son günlər sosial şəbəkələrdə və bəzi media qurumlarında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) rəhbərliyinə qarşı bir sıra iddialar irəli sürülüb. Sözügedən məsələ ilə bağlı partiyanın mətbuat xidməti rəsmi açıqlama yayıb.

    Partiyadan “İnterpress.az”-a daxil olan açıqlamada deyilir:

    “Son günlər sosial şəbəkələrdə və bir sıra mətbuat orqanlarında Vətəndaş Həmrəyliyi Partiyasının rəhbərliyi və millət vəkilləri spekulyativ şəkildə hədəf alınır. Azərbaycanın ilk partiyalarından biri və az qala dövlət müstəqilliyimizlə yaşıd olan VHP həmişə milli-mənəvi dəyərləri, xalqımızın əxlaqi keyfiyyətlərini qoruması, insan şəxsiyyətinə sayğısıyla fərqlənib. Şəxsi həyata müdaxiləni yolverilməz saydığımız kimi milli mental dəyərlərin qorunmasını və xüsusilə ictimai sferada olan şəxslərin buna əməl etməsini vacib saymışıq.

    Eyni zamanda partiyamızın və millət vəkilimiz Tənzilə Rüstəmxanlının keçdiyi mübarizə yolu atılan böhranlara haqq qazandırmır. Onun hər zaman medianı müdafiə etməsi və mətbuata dəstək göstərməsi hansısa jurnalistin pis əməlinin ona qarşı yönəldilməsinə əsas vermir. Biz şəffaf fəaliyyət göstərir və mübarizəmizi də açıq şəkildə etmişik və edirik. Bu səbəbdən də, həm mətbuat nümayəndələrini, həm də sosial şəbəkə istifadəçilərini bir daha məsələlərə münasibət bildirərkən diqqətli və obyektiv olmağa çağırırıq”.

  • “İran da öz siyasətini, qonşularla münasibəti, Ermənistanla əlaqələri redaktə etməlidir”

    “Aprelin son günlərində Prezident Pezeşkian Azərbaycana səfər edəcək, bu, mühüm səfərdir və iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasına yönəlib”. Bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani deyib. O bildirib ki, bu səfər ölkələr arasında müxtəlif münasibətləri, o cümlədən diplomatik və iqtisadi əlaqələri genişləndirməyə kömək edən məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Qeyd edək ki, Prezident Məsud Pezeşkianın 28 apreldə Azərbaycana səfər edəcəyi gözlənilir. Məsud Pezeşkianın Bakıya rəsmi səfəri ərəfəsində açıqlamalar verib. Qeyd edib ki, Azərbaycana edəcəyi səfər iki ölkə arasında münasibətlərin normallaşması və gələcək əməkdaşlıq baxımından mühüm siqnallar ehtiva edir. İran prezidenti deyib ki, iki ölkə vahid bir orqanın üzvləri kimidir və sərhədin hər iki tərəfində yaşayan insanlar min illik dərin dostluq və ümumi yaxınlıqdan qaynaqlanan geniş qarşılıqlı maraqları bölüşürlər. Pezeşkian eyni zamanda vurğulayıb ki, İran və Azərbaycan arasında son illərdə yaranmış yanlış yozumlar və gərginliklər aradan qaldırılmalı, tərəflər arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi üçün mövcud potensialdan istifadə olunmalıdır: “İki ölkə və onların xalqları arasında qarşılıqlı fəaliyyət potensialı və imkanları geniş, dərin və rəngarəngdir. Davam edən əlaqələrin bərpası prosesi ilə biz tezliklə bu imkanların çiçəklənməsinin, əlaqələr və əməkdaşlıq səviyyəsində sürətli və mənalı yüksəlişin şahidi olacağıq”. Pezeşkian, Bakıya gözlənilən səfərinin də bu yüksəliş prosesinə ciddi töhfə verəcəyini qeyd edib: “Ümidvaram ki, son məsləhətləşmələr və aparılan hazırlıq işləri nəzərə alınmaqla, bu səfər iqtisadiyyat, ticarət, mədəniyyət, turizm və siyasət sahələrində hökumət, özəl və dövlət sektorları arasında əlaqələrin dərinləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi prosesini əhəmiyyətli dərəcədə asanlaşdıracaq və sürətləndirəcək”.
     
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Sherg.az-a deyib ki, Məsud Pezeşkianın İran prezidenti seçilməsi həm dünyada, həm regionda, həm də Azərbaycanda müəyyən ümidlər yaratmışdı. Ekspert bildirib ki, eyni zamanda İranda yaşayan azərbaycanlıları, digər etnik qrupları ümidləndirmişdi:
     “Hesab edilirdi ki, M.Pezeşkian prezident seçiləndən sonra ölkədə yaşayan qeyri-farslarla bağlı İran Konstitusiyasındakı müddəalara əməl olunacaq. Xüsusən, ana dili məsələsinə önəm veriləcək. Azərbaycan türkləri öz ana dillərində təhsil hüquqlarına malik olacaqlar. İranda bir sıra islahatlar aparılacaq. Bunların heç biri özünü doğrultmadı. Ancaq M.Pezeşkianın Azərbaycana gözlənilən səfəri yüksək qiymətləndirilir. İran və Azərbaycan eyni regionda yerləşir. İranda 35 milyon azərbaycanlı yaşayır. O baxımdan Pezeşkianın ölkəmizə səfəri həm bizim, həm də region üçün önəm kəsb edən hadisə olar. Beynəlxalq müstəvidə, regional layihələr çərçivəsində və bölgənin gələcəyi ilə bağlı məsələlərdə İran-Azərbaycan arasında münasibətlərin normal olması çox önəmlidir. Azərbaycan buna böyük diqqət ayırır. M.Pezeşkianın Azərbaycana gəlişindən sonra bir sıra məsələlərdə ciddi formada reformalar gözlənilir. İran rejiminin Azərbaycana münasibəti dəyişə bilər. Amma bunların kökündə bir məsələ dayanır. İranda kimin prezident olmasından asılı olmayaraq, qonşu ölkənin daxili və xarici siyasətini dini lideri, dini rejimi həyata keçirir. İranın ali dini lideri hansı xətti cızırsa, siyasi hakimiyyət ondan kənara çıxmır”.
     
    S.Əsədli xatırladıb ki, son dönəmdə Azərbaycana rəsmi səfərə gələn yeganə İran Prezidenti Həsən Ruhani olub:
     “Həsən Ruhani 2014-cü ilin noyabrın 12-də ölkəmizdə rəsmi səfərdə olub. Ona görə də hesab edilir ki, M.Pezeşkianın Azərbaycana səfərindən sonra rejimin ölkəmizə siyasi-dini münasibəti nisbətən normallaşa bilər. İran Zəngəzur dəhlizinin açılmasını istəmir. Tehran rejimi bu mövqeyindən də vaz keçməlidir. Əgər İran özünü islam dünyasının bir parçası hesab edirsə, qərəzli münasibətdən əl çəkməlidir. ABŞ-nin, İsrailin İrana qarşı münasibəti, Yaxın Şərqdə aldığı zərbələr də göstərir ki, İran bölgədən sıxışdırılıb çıxarılır. Çünki terrorla, məkrli niyyətlə irəli getmək olmaz. Dünya aydınlıq və reallıq tələb edir. İran da öz siyasətini, qonşularla münasibəti, Ermənistanla əlaqələri redaktə etməlidir. İrəvanın destruktiv hərəkətlərinə dəstək verməməlidir”.
  • Xocalı canisinin gizli Moskva səfəri – yeni təhlükə

    Azərbaycan və Ermənistan arasında sülh sənədi mətninin razılaşdırılması ilə iki ölkənin barışığı yolunda mühüm addım atıldı. Bu səbəbə sülh əleyhdarları artıq hərəkətə keçib. Hərçənd sənədin imzalanması üçün İrəvan daha iki şərtə əməl etməlidir.

    Onlar bəlli. Əks halda, anlaşma uzunömürlü olmayacaq. Azərbaycan Paşinyan iqtidarı ilə deyil, Ermənistanla, erməni xalqı ilə sülh müqaviləsi imzalamaq istəyir. Pozucu qüvvələr üçün son unikal “fürsət” də elə budur: həmin iki şərtin reallaşmasını əngəlləməklə iki qonşu xalqın və ölkənin barışığına imkan verməmək…

    “Qraparak” erməni qəzetinin yazdığına görə, təxminən bir ay öncə Rusiya Prezidenti Vladimir Putin Ermənistanı kurasiya edən Dmitri Kozakı Rusiya Prezidentinin Administrasiya  rəhbərinin birinci müavini Sergey Kiriyenko ilə əvəzləyib. Nəşr bildirir ki, yeni təyinat Ermənistanın Kreml üçün mühüm istiqamətlərdən biri olduğunun sübutu sayıla bilər: “Kiriyenko administrasiyada nüfuzlu şəxsdir və Putin ona etimad bəsləyir. Məlumatlara görə, Kriyenko artıq bir sıra erməni siyasətçi ilə danışıqlar aparıb, hətta bəzilərini Kremldə qəbul edib. Bundan əlavə, təsdiqlənməmiş məlumata görə, Ermənistanın eks-prezidenti Robert Köçəryan onunla Moskvada görüşüb. Köçəryanın ofisi isə ənənəvi olaraq şərh verməkdən çəkinir”.

    Köçəryanın Rusiya lideri ilə isti münasibətlərini də nəzərə alsaq, məlumatın səhihliyinə şübhə qalmır. Şübhə yox ki, Bakı türməsinin “darıxdığı” Xocalı hərbi canilərinin (Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan) və ya hansısa digər radikal-revanşist qüvvənin hakimiyyətə gəlişi Azərbaycanla sülh sazişinin imzalanmasını uzaq perspektivə atacaq. Hansı ki, Rusiyanın da strateji maraqlarına uyğundur. Çünki Moskva bölgədə ənənəvi olaraq konfliktlər sayəsində öz mövcudluğunu saxlamağa çalışır. Görünür, Moskva sülh sənədinə qarşı son “kartı”nı işə salmağa hazırlaşır. Belədirmi?

    Xatırladaq ki, Putin başda olmaqla, Rusiyanın ən yüksək çinli rəsmiləri Qarabağı Azərbaycanın tərkib hissəsi elan edən Nikol Paşinyanı hələ də bağışlaya bilmirlər. Köçəryanlar, sərkisyanlar, ohanyanlar üçün isə təbii ki, “artsax” kitabı bağlanmayıb. Bu səbəbə revanşistlər Ermənistan konstitusiyada Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının qalması üçün hər şeyi edir və edəcəklər. Hansı iddialar ki, Kremlin də maraqlarına uyğundur. Ona görə ki, bu, kapitulyant ölkədə Rusiyanın hərbi mövcudluğunu zəruri edir. Eyni zamanda bu iddialar Azərbaycana qarşı istənilən vaxt müharibəyə başlamaq üçün “hüquqi” əsasdır.

    Eləcə də Minsk Qrupunun saxlanması konfliktin bitmədiyi görüntüsünü yaratmağa xidmət edir. Ancaq bir var, müxalifətdə olub belə çirkin məqsədlər üçün çalışasan, bir də var əlində hakimiyyət varkən. Əlbəttə ki, ikinci halda revanşistlər özlərini daha rahat hiss edəcəklər. Üstəgəl, onlar Rusiyanın birbaşa himayəsi altında olacaqlar. Odur ki, hakimiyyət səbirlə öz xalqını sülhə hazırlamalıdır. Paşinyan hökuməti gerçəkdən də öz cəmiyyəti üçün yeni dağıdıcı müharibə arzulamırsa, sülh və əmin-amanlıq naminə Bakı ilə sülh müqaviləsinin tezləşməsini istəyirsə, o zaman tələsməli, revanşist dəstə hakimiyyətə qayıtmamış, Güney Qafqazda Kremlin əl-qolu təzədən açılmamış konstitusiyanı beynəlxalq hüquqa uyğunlaşdırmağın yolunu tapmalıdır. Bunu parlament səviyyəsində etmək mümkünsə, parlament çərçivəsində etməlidir…

    Bəs Kreml “Köçəryan projesi”ni gündəmə gətirə bilərmi?

    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Arif İsmayılbəyli isə hesab edir ki, Rusiyada keçirilən gizli görüşlər revanşist müxalifətin gücləndirilməsinə xidmət edir. Onun qənaətinə görə, Rusiya 2026-cı il parlament seçkilərinə hazırlaşır: “Moskva anlayır ki, çevriliş mümkün deyil. Gürcüstanda da alınmadı, seçki yolu ilə Saakaşvilini dəyişməyə nail oldular. Eyni ssenari Ermənistan üçün hazırlana bilər. Sadəcə, Gürcüstanda yeni siyasi qüvvə meydana çıxmışdı və bu gün də iqtidardır. Yəni Şevardnadzenin adamları deyildilər. Ermənistanda isə Paşinyana qarşı qüvvə keçmiş prezidentlərdir, onların isə xalq içində hörməti qalmayıb. Ona görə Rusiya yeni siyasi qüvvə ortaya çıxara bilməsə, gələn il Paşinyan revanşistləri seçkidə məğlub edəcək. Hər şeydən öncə rəsmi İrəvan anlamalıdır ki, Rusiyanın Ukraynada əl-qolu açılmamış Azərbaycanla sülh məsələlərini tezləşdirməlidir”.

    Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistanda hakimiyyət dəyişikliyi Rusiyanın çoxdankı arzusudur. Onun fikrincə, bunun üçün hazırda sosial baza yoxdur, çünki keçmiş prezident Köçəryanın nüfuzu yerlərdə sürünür. Bununla belə, Kremlin Ermənistanda təsir imkanlarının qaldığını deyən Q.Hüseynli hesab edir ki, o “kart”ın biri də hər nə qədər zəifləmiş olsa da, keçmiş “Qarabağ klanı”dır: “Rusiya prezidenti ötən il Yeni il bayramı münasibətilə  Köçəryana və Sərkisyana təbrik məktubu göndərmişdi. Baş nazir, erməni xalqı qala-qala təbrik sabiq prezidentlərə ünvanlanmışdı. Deməli, Rusiya prezidenti hələ də onlara dəstək verir. Düşünmürəm ki, bu dəstək onların iqtidara qayıdışını təmin edəcək, lakin təzyiq aləti olaraq qalmaqdadırlar. Ümumiyyətlə, Putinlə Köçəryan şəxsi əlaqələrə sahibdir, ona görə Paşinyan keçmiş prezidenti həbs etdirəndə Kreml lideri onun azad edilməsini istəmişdi. Bu baxımdan, Moskvada bəzi görüşlərin və məsləhətləşmələrin olması mümkündür. Məqsəd Ukraynada müharibə qurtarandan sonra Ermənistanda təzyiqlərə başlamaqdır”.

    Professorun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişikliyi Qarabağda yeni müharibənin başlanmasına səbəb olmayacaq, lakin sülh müqaviləsinin imzalanmasını daha da çətinləşdirəcək: “Təsəvvür etmirəm ki, Xocalı qatili Köçəryan hakimiyyətə qayıtsın. Erməni xalqı onun kimilərdən çox çəkib. Paşinyanın reytinqi aşağı düşsə də, yenə də seçkidə üstünlük qazanır. Əgər Köçəryan kimilər yenidən hakimiyyətə gələrsə, Azərbaycanla danışıqlarda böyük pauza olacaq. Çünki Qarabağa olan iddianı yenidən gündəmə gətirəcək, revanşist mövqe tutacaq, Bakı isə onunla bir masaya heç oturmaq istəməyəcək. Çünki onun yeri hakimiyyət kürsüsü yox, Araikin yanıdır. Odur ki, hər şey 2026-cı ildən asılıdır. Əgər Paşinyanın partiyası parlament seçkilərində qalib gəlsə, o zaman iqtidar daha da möhkəmlənəcək. İnanıram ki, belə də olacaq. Bəli, Paşinyan üçün çətin seçki olacaq, amma qalib gələcək. Burada Ermənistan hakimiyyətini dəstəkləyən Qərbin də maraqları var. Onlar Paşinyanın qələbəsi üçün təbliğat maşınını gücləndirəcəklər. Eyni zamanda Türkiyə və Azərbaycanın da siyasi-diplomatik manevrlər edərək Paşinyanın iqtidarda qalması üçün müəyyən jestlər etməli olduqlarını düşünürəm. Bu, Zəngəzur dəhlizi, regionun gələcəyi və ən vacib məsələ – yekun sülh müqaviləsi üçün labüddür. Yəni Paşinyanla bu prosesi başa vurmalıyıq. Bu nöqteyi-nəzərdən, Kremlin planlarını alt-üst etmək lazımdır”.

    Emil SALAMOĞLU,
    “Yeni Müsavat”

  • Erməni xalqının türkə nifrəti dəyişməyib

    Son illərdə Cənubi Qafqaz regionunda yaranmış yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın Türkiyə və Gürcüstanla həm ikitərəfli, həm də üçtərəfli təmasları güclənib. Son 30 ildə Azərbaycanın Türkiyə və Gürcüstanla əlaqələri yüksələn xətlə inkişaf edərək, bir sıra transmilli layihələrin reallaşmasına zəmin yaradıb.

    Üç ölkənin dövlət qurumları, o cümlədən müdafiə və xarici işlər nazirlikləri arasında qurulan səmərəli münasibətlər regional və beynəlxalq əməkdaşlıq, habelə qlobal təhlükəsizlik baxımından mühüm nəticələr verib. Ölkələrimiz arasında yüksək səviyyəli təmasların intensivləşməsi, qarşılıqlı səfərlər Azərbaycan, Türkiyə və Gürcüstanın Cənubi Qafqaz regionunda reallaşdırılan, transmilli əhəmiyyətə malik layihələrin əsas təşəbbüskarları və icraçıları olması ilə şərtlənir.

    Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlığı region üçün çox faydalıdır. Bu format regional təhlükəsizliyin gücləndirilməsi və sabitliyin bərqərar olması istiqamətində uğurla fəaliyyət göstərir. Xarici işlər nazirləri ilə yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli danışıqlar formatı da mövcuddur ki, burada daha çox hərbi sənaye və müdafiə məsələləri gündəliyə daxil olur.

    Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı həm də hər üç ölkənin silahlı qüvvələri arasında səmərəli əməkdaşlıq əlaqələrinin inkişafına xidmət edir. Bölgədəki vəziyyətin doğurduğu aktual çağırışlar strateji tərəfdaşlar olan Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsini zərurətə çevirir. Sabitliyə, sülhə və iqtisadi inteqrasiyaya xidmət edən qlobal layihələri birgə reallaşdıran hər üç ölkə postmüharibə dövrünün sülhyaratma proseslərinə fəal töhfələr verir.

    Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun görüşündə bu əməkdaşlığın daha da möhkəmlənməsi istiqamətində daha bir addım atılıb. Gürcüstan parlamentindən verilən məlumata görə, tərəflər yaxın vaxtlarda parlament sədrləri səviyyəsində Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlıq formatının yaradılması ilə bağlı razılığa gəliblər. Kurtulmuş Türkiyənin sözügedən məsələ ilə bağlı ev sahibliyinə hazır olduğunu da bildirib. Spikerlərin “Qafqaz masası” yaratması fonunda İrəvan yenidən qapı arxasında qalır. Cənubi Qafqazın yeganə ölkəsi Ermənistandır ki, özünü regional layihələrdən təcrid etməkdədir. Halbuki onun da bu formatlarda, platformalarda iştirak şansı var. Sadəcə, Azərbaycan və Türkiyə ilə münasibətlərin tənzimlənməsində gözlənilən addımları atmalıdır.

    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Arif İsmayılbəylinin “Yeni Müsavat”a bildirdiyinə görə, spikerlər səviyyəsində qurulan platforma əməkdaşlığın spektrinin genişləndirilməsinə hesablanıb. Parlament partiyasının funksioneri hesab edir ki, bu üçbucağın inkişaf etdirilməsi regionda sabitliyə xidmət edir. Üç ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyən VHP mənsubunun fikrincə, parlament sədrlərinin bir araya gəlməsi ilə əlaqələr daha da möhkəmlənəcək: “Ermənistan bu fürsəti əldən verməkdədir. Düzdür, Paşinyan Türkiyə və Azərbaycanla normallaşma prosesinin həyati əhəmiyyətini erməni xalqına izah etməyə çalışır, bununla belə, ölkəsinin blokadası davam edir. Çünki Türkiyə və Azərbaycana ərazi iddiaları qalır, erməni xalqının türkə nifrəti dəyişməyib, İrəvanda hələ də revanşist fikirlər səslənir, Qarabağdan əl çəkmək istəmədiklərini nümayiş etdirirlər. Bu da Ermənistana zərər vurur və onu regional əməkdaşlıq layihələrindən təcrid edir. Ona görə də Paşinyan siyasətinə yenidən baxmalı, addımlarını sürətləndirməlidir. Çünki regionda hər anın öz hökmü var və hazırkı reallıqlar dəyişə bilər”.

    A.İsmayılbəyli Azərbaycan Prezidentinin “Qafqaz evi” ideyasını irəli sürdüyünü xatırladaraq, regionda dayanıqlı sülh üçün ən unikal variantın bu platforma olduğunu düşünür: “Bizə kənar güclərin müdaxiləsi, yaxud vasitəçiliyi lazım deyil. Üç Qafqaz ölkəsi bölgədə sabitliyi təmin etmək üçün bu ideyanı gerçəkləşdirə bilər. Türkiyənin də bunda maraqlı olduğunu görürük. Eyni zamanda “altılıq” platforması təklif olunub. Hələlik Gürcüstanın Rusiya ilə problemləri reallaşmasına imkan vermir. Ermənistan və İranın da mövqeyi tam aydın deyil. Ancaq “Qafqaz masası” qurulur və Ermənistanın da burada iştirak perspektivi görünür. Sadəcə, İrəvan Avropa İttifaqının, Fransanın oyununa getməməlidir”.

  • VHP Naxçıvan MR təşkilatı Zəngəzur dəhluzi ilə bağlı müzakirə aparıb

    Vətəndaş Həmrəyliyi Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı məclisi növbəti yığıncağını keçirilib. Ramazan bayramı münasibətilə məclisüzvlərini təbrik edən MR təşkilatının sədri Abdulla Abdullayev dünyada, ölkədə və muxtar respublikada baş verən ictimai-siyasi olaylar, Zəngəzur dəhlizinin açılması ilə bağlı mövcud durum, Ermənistanla aparılan sülh danışıqları barədə geniş məruzə ilə çıxış edib.
    A.Abdullayev çıxışında siyasi proseslərdə VHP-nin mövqeyi, muxtar respublika təşkilatının və partiyanın fəaliyyəti haqda məclis üzvlərinə məlumat verib.
    Daha sonra məclis üzvlərindən Naxçıvan şəhər təşkilatının sədri Mətanət Hacıqızı, Kəngərli rayon təşkilatının sədri Pünhan Bağırzadə çıxış edərək müzakirə edilən məsələlərə münasibət bildiriblər.
    Sonda muxtar respublika təşkilatı Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğulayıb, bunun bölgənin iqtisadi inkişafı və gələcəyi üçün önəmli olduğunu bildirib.

  • Tənzilə Rüstəmxanlı Neftçala rayonunda vətəndaş qəbul keçirib

    Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Neftçala rayonunda növbəti qəbul keçirib.
    Deputatla görüşə gələn sakinlər işsizlik, sosial yardım, əlillik dərəcəsinin təyinatı, əlil arabası, həmçinin yol, qaz, işıq, örüş sahələri ilə bağlı problemləri deputatın diqqətinə çatdırdılar. Vətəndaş qəbulu zamanı Tənzilə xanım qaldırılan problemlərilə əlaqədar müvafiq dövlət qurumları ilə telefon əlaqəsi yaradıb və bir çox məsələlərin həlli istiqamətində müsbət nəticələr əldə edilib. Qəbula gələn vətəndaşların, xüsusi ilə şəhid valideynlərinin, qazilərin arzu və istəklərinə operativ münasibət bildirdiyinə, onlara ayırdığı xüsusi diqqətə görə Tənzilə Rüstəmxanlıya öz dərin minnətdarlıqlarını bildirdilər.