Vətəndaş Həmrəyliyi Partiyası

Category: Xəbər

  • Fəzail İbrahimli Təzə Alvadıda sakinlərlə görüşüb

    Milli Məclisin deputatı Fəzail İbrahimli Masallı rayonunda sakinlərlə görüş keçirib. Rayonun  Təzə Alvadı kəndindəTəzə Alvadı  kənd ərazi inzibati dairəsində keçirilən görüş Azərbaycanın Milli Qəhrəmanı  Elşad Əhədovun abidəsinin ziyarət edilməsi ilə başlayıb. Daha sonra Təzə Alvadı inzibati ərazi dairəsinə daxil olan Təzə Alvadı, Naşəkənarı və Əhmədli kəndlərinin sakinləri deputat tərəfindən qəbul edilib. Görüşdə sosial və kənd infrastrukturu ilə bağlı məsələlər qaldırılıb. F.İbrahimli hər bir vətəndaşı ayrı-ayrılıqda dinləyərək qaldırılan problemlərin həlli üçün müvafiq qurumlar qarşısında məsələ qaldıracağını bildirib.

     

  • Tramp öz hakimiyyəti dövründə keçmiş administrasiyası tərəfindən imzalanmış sənədlərə əməl etməyəcək

    ABŞ-nin sərhəd və gömrük nəzarəti üzrə mütəxəssisləri Ermənistana gəlməyib. Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovanesyan açıqlamasında deyib. Nazir müavini bunun da ABŞ-da administrasiyanın dəyişməsi ilə əlaqədar olduğunu bildirib. ABŞ-nin keçmiş dövlət katibi Entoni Blinken yanvarın 14-də erməni tərəfinə söz verib ki, gömrük və sərhəd təhlükəsizliyi məsələləri üzrə xüsusi təyinatlı qrup gələn həftə sərhədlərin möhkəmləndirilməsi üçün birgə işləmək üçün İrəvana gedəcək. Xüsusən də hər iki ölkənin qanunverici orqanları sənədi ratifikasiya etməyib. Blinken bu vədi ABŞ və Ermənistan arasında “Strateji Əməkdaşlıq haqqında Xartiya”nı imzaladıqdan sonra verib. Hətta o zaman əvvəlki administrasiyanın işinin bitməsinə bir həftə qalmış “müqavilə”nin bağlanması suallar doğurmuşdu. Xüsusən də hər iki ölkənin qanunverici orqanları sənədi ratifikasiya etməyib. Müqavilənin bəndlərindən biri “dezinformasiya”ya qarşı mübarizədə erməni mediasına və QHT-lərə dəstəkdir. Bununla belə, USAID vasitəsilə “demokratiya” və media da daxil olmaqla bütün axınlar dayandırılıb. Lakin Ermənistan iddia edir ki, Amerika sərhədçilərinin gəlişi ilə bağlı razılaşma qüvvədə qalır, lakin vaxtı hələlik məlum deyil. Belə olan halda amerikalılar Ermənistan-İran sərhədinə gəlməlidirlər. İrəvan əmin edir ki, məsələ İranla razılaşdırılıb, baxmayaraq ki, Tehran bundan əvvəl qərardan məntiqi narahatlığını ifadə edib. Yəni yanvarın 1-də Rusiya sərhədçiləri İranla sərhəd-keçid məntəqəsinə nəzarəti tam ermənilərə verib. Eyni zamanda Ermənistanın cənubunda Amerika kəşfiyyatçı manevr qrupları fəallaşıb. Ağ Evdə prioritetlərin yenidən nəzərdən keçirilməsini nəzərə alaraq, Donald Tramp administrasiyasının demokratların vədini yerinə yetirib-yetirməyəcəyi böyük sual altındadır. Paşinyan Vaşinqtonun tələbi ilə Rusiya sərhədçilərini geri çəkəsə də  amerikalıların özləri isə Ermənistan sərhədlərinə nəzarətə kömək etmək vədlərini yerinə yetirməyə tələsmirlər. Bu cür “razılaşmalar” Ermənistanla İran arasında münasibətlərdə daha da gərginlik yaradır.
     
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a deyib ki, ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında saziş keçmiş Bayden administrasiyası zamanı imzalanıb. Siyasi şərhçi bildirib ki, Donald Tramp adminstrasiyası tərəfindən Bayden administrasiyası dövründə imzalanmış sənədlərin, verilmiş sözlərin icra edilməyəcəyi gözlənilir: 
    “Bu vədlər həm də Ukrayna ilə bağlıdır. Son günlər ABŞ prezidenti D.Trampın bəyanatları, atdığı addımlar onu deməyə əsas verir ki, Trampın bir çox məsələlərə yanaşması fərqlidir. Tramp öz hakimiyyəti dövründə keçmiş administrasiyası tərəfindən imzalanmış sənədlərə əməl etməyəcək. Adətən, Amerikada dövlət ənənəsi elədir ki, imzalanmış razılaşmalar, verilən qərarlar hakimiyyətlər dəyişsə belə icra olunur. Amma Trampın hakimiyyəti dövründə bu ənənənin tətbiq olunması istisnadır. Həm bu amil, həm də sözügedən sənədlərin ratifikasiya olunmaması onu deməyə əsas verir ki, ABŞ-Ermənistan arasında imzalanmış sazişin tətbiq olunması, o cümlədən amerikalı sərhəd və gömrük nəzarəti üzrə mütəxəssislərin Ermənistana gəlişi reallaşmaya bilər”.

  • Ermənistan özünü “yandırdı” – 50 gün keçsə də…

    Bölgəyə yerləşməli olan amerikalı sərhədçilərdən hələ də xəbər yoxdur; analitiklər İrəvanı nələr gözlədiyini açıqladılar

    Bəllidir ki, bu il yanvarın 14-də, Donald Trampın yeni prezident qismində andiçməsindən cəmi 6 gün öncə Vaşinqtonda ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb.

    O da məlumdur ki, rəsmi İrəvan bunu xarici siyasətin mühüm uğuru, hətta az qala, Amerikadan ölkəsinə təhlükəsizlik zəmanətini almaq kimi təqdim etmişdi. İmzalanma mərasimindən sonra o vaxt dövlət katibi Entoni Blinken bildirmişdi ki, Birləşmiş Ştatların Gömrük və Sərhəd Təhlükəsizliyi komandası (əslində hərbi təyinatlı qrup) “Ermənistanın sərhəd təhlükəsizliyi potensialını inkişaf etdirmək” üçün yaxın həftələrdə bu ölkəyə gələcək. Lakin üstündən 2 aya yaxın (50 gün) vaxt keçsə də, amerikalı sərhədçilərdən hələ də xəbər yoxdur. Ötən həftəsonu bu mövzuda danışan Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədr müavini Rafael Gevorkyan gecikmə faktını təsdiqləsə də, əlavə şərh verməyib. Çünki əlavə ediləsi bir şey də yox.

    Xarici analitiklərdə də belə qənaət var ki, Tramp administrasiyası Bayden hökumətinin Ermənistanla imzaladığı 14 yanvar anlaşmasından geri çəkiləcək. Yəni amerikalı kəşfiyyat qrupu, ümumiyyətlə, gəlməyə bilərmi? Bu, ABŞ tərəfindən nəyin siqnalıdır? Tramp hökuməti Ermənistanla imzalanmış tərəfdaşlıq xartiyasını həmişəlik unutdumu? Bütövlükdə Tramp komandasını hazırda Ermənistan nə dərəcədə maraqlandırır?

    Ümumiyyətlə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın dövründə ikitərəfli xartiyanın müddəalarının həyata keçirilmə perspektivi məsələsi açıq qalır. Bütün hallarda ABŞ-ın respublikaçı prezidentindən erməni maraqlarını qorumaq üçün Bayden və komandası kimi, Azərbaycana münasibətdə açıq addımlar atacağını gözləmək ağılsızlıq olardı. Demokratlar hətta strateji mövqelərdə belə Bakıya müəyyən güzəştlərə getməyə bilməyiblər. Artıq Azərbaycan öz suverenliyi üçün optimal təhlükəsizlik dairəsi yaradıb. Bakının regional siyasi kursunun davam etdiriləcəyinə də şübhə yoxdur. Amma Trampın başqa prioritetləri var. Digər maraqlı məqam odur ki, Tramp bu xartiyaya veto qoymasa da, ona məhəl verməyə bilər.

    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, professor Elxan Mirzəyevin fikrincə, Tramp hakimiyyətinin başı Ukraynaya və Avropa Birliyinə qarışıb, Cənubi Qafqaz prioritet deyil. Onun sözlərinə görə, ABŞ lideri indiyə qədər bölgə haqda heç nə deməyib və görünür ki, Tramp Cənubi Qafqazı sonraya saxlayıb: “Onun Bayden barəsində ağır ifadələrini nəzərə alsaq, Ermənistanla imzalanmış xartiyanı da bir kağız saydığını ehtimal edə bilərik. Tramp Zelenski ilə mübahisəsi zamanı da Baydenə sərt sözlər dedi və ona nifrətini gizlətmədi. Ona görə də Ermənistanla keçmiş hakimiyyətin imzaladığı sənəd indi Trampı bir o qədər maraqlandırmır”.

    Professor hesab edir ki, Paşinyan hakimiyyəti narahatdır və Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun İrəvan səfəri onları sevindirir: “Səfərin məqsədi haqda verilən məlumat da maraqlıdır. Qeyd olunur ki, bu səfər Rusiya ilə Ermənistan arasında dövlətlərarası münasibətlərə təkan vermək xarakteri daşıyır. Deməli, Paşinyan komandası siyasi konyukturanı dəyişməyə başlayır. Ermənistan anlayır ki, Amerikadan Bayden dövründə olduğu qədər dəstək görməyəcək, nə qədər gec deyil, Rusiya ilə əlaqələri yaxşılaşdırmaq lazımdır. O ki qaldı amerikalı sərhədçilərin gəlişinə, bunun reallaşması istisna deyil. Sadəcə, zaman məsələsidir. Tramp bu sənədin icrasına gec baxacaq”.

    Xatırladaq ki, hərbi əməkdaşlıq çərçivəsində ABŞ və Ermənistan Almaniyanın Hohenfels şəhərində ABŞ hərbi bazasında keçirilən “Birgə Qərar-2025″ təlimində iştirak edib. Təlim zamanı Ermənistan Müdafiə Nazirliyinin tibb personalı və ABŞ Milli Qvardiyaçıları döyüş meydanında tibbi müdaxilə ssenarilərini sınaqdan keçirmək üçün birgə fəaliyyət göstəriblər. Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) təlimlə bağlı açıqlamasında Qərbin Cənubi Qafqazda təsirini artırmaq cəhdlərinə “ABŞ Ermənistanı özünə tabe etməyə çalışır” ifadəsi ilə reaksiya verib. Rusiyanın “Tass” xəbər agentliyi də təlimin Almaniyadakı ABŞ bazasında keçirilməsinin özlüyündə bir mesaj olduğunu bildirərək, İrəvanın Qərbə yaxınlaşdığını və bunun Moskva üçün narahatlıq doğuran hadisə olduğunu vurğulayıb.

    Emil Salamoğlu,
    “Yeni Müsavat”

  • Tehran hökuməti Azərbaycanla normal münasibətlər qurmalı, insanlara öz dillərində təhsil almağa imkan verməlidir

    İranda Azərbaycan əleyhinə təbliğatın əsas simalarından olan Əli Əkbər Raefipurun şagirdlərindən biri olan Behbud Kaboli X hesabında Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadənin “Azərbaycan musiqisi valehedicidir. Təbrizdən eşitmək çox xoşdur” paylaşımına qərəzli münasibət bildirib. Behbud Kaboli Azərbaycanın ərazi bütövlüyünə dil uzatmaqdan da çəkinməyib: 
    “Cənab səfir, özünüzə saxta mədəniyyət düzəltməyin. Şimali Azərbaycan böyük İranın geniş ərazisinin bir hissəsi olub və olacaq. Bu musiqi də Təbrizdən səslənən əsl İran musiqisidir. Əgər ruslar Şimali Azərbaycanı ayırmasaydılar, indi siz İran vətəndaşı idiniz. Əlbəttə, gələcəkdə İran vətəndaşı olacaqsınız”.

    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a deyib ki, son günlər sosial şəbəkələrdə Güney azərbaycanlı şagirdlərin Ana dili günü ilə bağlı səsləndirdikləri musiqi İran rəsmiləri ilə yanaşı, bir sıra din və mədəniyyət xadimlərinin də qəzəbinə gəlib. Ekspert vurğulayıb ki, İranın irtica rejimi və ona xidmət edənlər bilirlər ki, İranda 40 milyondan artıq Azərbaycan türkü yaşayır: 
    “İran Konstitusiyasında təsbit olunub ki, hər bir xalq öz ana dilində təhsil ala bilər. Ancaq bu hüquq yeganə olaraq Azərbaycan türklərinə şamil olunmur. Azərbaycan türklərinə öz ana dillərində tədrisə imkan vermirlər. Bununla da, Azərbaycan türklərini öz mədəniyyətlərindən, kimliklərindən, adət-ənənələrindən, milli dərkindən uzaqlaşdırmağa çalışırlar. Amma bunun qarşısını ala bilmirlər. İrandakı soydaşlarımız öz dilinə, mədəniyyətinə, soy-kökünə bağlıdır. Ona görə də imkan düşdükcə, öz ana dilimizdə musiqilər ifa edirlər. İranın irtica rejimi və ona qulluq edənlər isə öz nifrətlərini, kinlərini büruzə verirlər. İran hakimiyyəti dərk etməlidir ki, bütün təzyiqlərə, basqılara rəğmən, azərbaycanlılar öz mədəniyyətinə, keçmişinə, milli kimliyinə bağlıdırlar. Hər zaman da bunu göstərəcəklər”.
     
    Siyasi şərhçi qeyd edib ki, tarixi Azərbaycan əraziləri Gülüstan və Türkmənçay müqavilələri ilə Rusiya və İran imperiyaları arasında iki hissəyə bölünüb:
     “İran rejimi heç bir halda fikirləşməsin ki, Güney Azərbaycan onların torpağıdır. Ora farsistan yox, Azərbaycandır. Bütöv Azərbaycanın bir parçasıdır. İranda yaşayan 40 milyon Azərbaycan türkü öz müqəddəratını həll etmək hüququna malikdir. Bunu nə vaxtsa reallaşdırmağa çalışacaqlar. Güney Azərbaycan ya müstəqil olacaq, ya da Azərbaycan Respublikasına birləşəcək. Ana dili günü ilə şagirdlərin səsləndirdiyi musiqi Əli Əkbər və Behbud kimi şəxslərə verilən ən layiqli cavabdır. Bundan gözəl cavab ola bilməz. Tehran hökuməti Azərbaycanla normal münasibətlər qurmağa çalışmalıdır. Bu iyrənc yanaşmanı kənara qoymalıdır. İnsanlara öz dillərində təhsil almağa imkan verməlidirlər. Müasir dünya ilə ayaqlaşmalı, insan haqq-hüquqlarına hörmət qoymağı bacarmalıdırlar. Belə üsullarla xalqın qarşısını ala bilməzlər”.
  • “Azərbaycan ərazilərində qanunsuz hərəkətlərə son qoyulub”

    Bakıda Ermənistan və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə təqsirli bilinən 15 nəfərin, o cümlədən Ruben Vardanyan və digərlərinin məhkəməsi davam edir. Məhkəmə ilə bağlı  Fransa nəşri material dərc edib. Materialda Şiller Beynəlxalq Universitetinin professoru, “Ermənistanın geosiyasəti” kitabının müəllifi Tiqran Yeqavyanın fikri yer alır. “Bakının ən çox qorxduğu adam Ruben Vardanyandır”, – deyə o iddia edib.

    Ruben Vardanyanın oğlu David Vardanyan isə bildirib ki, Bakıdakı məhkəməni dayandırmaq üçün addımlar atılmalıdır. “Bunun üçün Avropa İttifaqına təzyiq etmək lazımdır. Ki, onlar da Bakını sıxışdırmaqla erməniləri geri ala bilsin”, – milyarder cinayətkarın oğlu çağırış edib. Avropa Birliyində Fransanın dominant olduğunu nəzərə alsaq, Vardanyanın oğlunun Aİ-yə çağırışının nəticəsi ola bilərmi? Bu xüsusda azərbaycanlı hüquqşünaslar və analitiklər nə düşünür?

    “Vardanyanı siyasi məhbus kimi qələmə vermək cəhdləri var. Onun həbsində siyasi motiv olsaydı, buna dair bəyanatlara rast gəlinərdi. Sadəcə, oğlu və yaxın çevrəsi kampaniya təşkil etməyə çalışır. Avropa İttifaqına çağırış da beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə hesablanıb”, – “Yeni Müsavat”a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə belə deyib. Onun sözlərinə görə, Vardanyan vəkil və tərcüməçi ilə təmin olunub, müdafiəsi üçün istintaq materialları ilə tanış olmağa zaman istəməsi barədə vəsatəti də bir dəfə tanınıb: “Bu müddətdə saxlanma şəraitindən narazı qalmayıb, yaxınları ilə əlaqə saxlamasına imkan yaradılıb, indi də məhkəməsi gedir və beynəlxalq hüquqa riayət edilir. Beləliklə, Ruben Vardanyanın həbsində nə siyasi amil var, nə də saxlandığı dövrdə hüquqları pozulub”. Hüquq müdafiəçisi hesab edir ki, Aİ-yə çağırışlar siyasi dəstək almağa yönəlib: “Ruben Vardanyan Qarabağa sərhədi qanunsuz keçərək gəlib. Heç zaman Qarabağda olmayıb, amma Xankəndidə dinc erməniləri silahlanmağa, Azərbaycan dövlətinə qarşı döyüşməyə dəvət edib. Həmçinin tanınmayan rejimdə vəzifə tutub, maliyyə xərcləyib, qanunsuz silahlı birləşmələrə sponsorluq edib, sərvətlərimizin talan edilməsində iştirak edib. Bütün bunlar cinayətdir”.

    Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclis sədri Felmar Ələkbərli isə Bakının “Nürnberq” prosesini özünün daxili işi kimi qiymətləndirir: “Azərbaycan ərazilərində qanunsuz hərəkətlərə son qoyulub. Dünyanın heç yerində dövlət içində ayrıca qondarma dövlət qurula bilməz. Vardanyanın oğlu hansı sübut, arqument gətirir ki, atası azad edilsin?! Necə olur ki, Rusiya vətəndaşlığından imtina et, sonra Qarabağa gəl və Xankəndidə keçirilən mitinqdə mülki erməniləri silaha sarılmağa çağır, biz də buna göz yumaq? Avropa İttifaqı üzvü olan ölkələrdə belə hərəkətlərə necə yanaşırlar? Təbii ki, dərhal ordu yeridilir və təhlükəli qüvvələr zərərsizləşdirilir. Azərbaycan da fərqli nəsə etməyib. Biz dinc erməni əhalisinə zərər vurmadan, mərkəzə tabe olmayan terrorçu qüvvələri məhv etmişik. Onlar da ağ bayraq qaldırıb və Şahramanyan xunta rejiminin ləğvinə dair qərar çıxarıb”.

    Partiya rəsmisi Qarabağda mövcud olmuş terrorçu qüvvələrin Qusarda bu günlərdə zərərsizləşdirilən dini-ekstremist qruplaşmadan fərqini görmür: “Ən azından “Meşə qardaşları” adlanan dəstə qısa zamanda sıradan çıxarılıb və təhlükə aradan qalxıb. Qarabağda isə separatizm 30 ildən çox olub və ciddi himayə altında fəaliyyət göstəriblər. Vardanyan da onlardan biri idi. Ona görə də bu şəxs vətəndaş həmrəyliyinə ziyan vurmuş bir terror sponsoru kimi cəzasını almalıdır. İnanmıram ki, Avropa İttifaqı onunla bağlı bizə təzyiq etsin. Əvvəla, Brüssel üçün Vardanyan heç kimdir. İkincisi, Azərbaycanla Aİ arasında strateji tərəfdaşlıq var, enerji sahəsində əməkdaşlıq mövcuddur. Axı Donbasda və Qarabağda separatçılığı maliyyələşdirmiş, Rusiyanın adamı olmuş və Moskvadakı dairələrin təlimatı ilə Xankəndinə göndərilmiş birini Qərb niyə müdafiə etsin ki?!”

    Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib. Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

    Emil SALAMOĞLU,
    “Yeni Müsavat”

  • Ermənistanın bundan öncəki rəhbərləri Rusiyanın valisi kimi ölkəni idarə ediblər

    Rusiya Ermənistana Qərbə inteqrasiyaya görə növbəti xəbərdarlığını edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib ki, Ermənistanın Avropaya inteqrasiyasının nəticəsi erməni əhalisinin tam yoxsullaşması ola bilər. Onun sözlərinə görə, bu durumda erməni məhsulları daha yüksək rüsumlarla üzləşəcək və bütün bunlar ÜDM-in artım tempinin kəskin azalmasına səbəb olacaq: “Məsələn, hesab edirəm ki, bu, əsas məsələdir, çünki bu, qazanc və gəlirə yox, birbaşa inkişafa zərbə olacaq. Əgər istehsalın miqyasından, Ermənistan əhalisindən danışırıqsa, bu, tam yoxsullaşmaya gətirib çıxara bilər”. Zaxarova həmçinin Avropa İttifaqına üzv olacağı və bu fonda Avrasiya İqtisadi Birliyindən (AİB) çıxarılacağı təqdirdə Ermənistan mallarının ixracının 80 faiz azalacağını proqnozlaşdırıb. Eləcə də, onun sözlərinə görə, İrəvanın AİB ölkələri ilə ticarət dövriyyəsini hətta ortamüddətli perspektivdə alternativ mənbələrlə əvəz etmək mümkün deyil. Zaxarova əlavə edib ki, İrəvanın öz xarici siyasət vektorunu müstəqil müəyyən etmək hüququ var, bu, suveren dövlətin hüququdur, amma əvvəlcə belə qərarların praktiki tərəfləri nəzərdən keçirilməlidir: “Avropa və ABŞ-də heç kim Ermənistanın məhsullarını gözləmir. Gözləsəydilər, artıq götürərdilər. Elə kömək etmək istəyirlərsə və məhsullar bu qədər əvəzolunmazdırsa, niyə götürmürlər?”.
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a deyib ki, Rusiyanın Ermənistanı təhdid etməsinin kökündə Ermənistan iqtisadiyyatının tam olaraq Rusiyadan asılı vəziyyətdə olması dayanır. Ekspert vurğulayıb ki, Ermənistanın bundan öncəki rəhbərləri Rusiyanın valisi kimi ölkəni idarə ediblər:

    “Uzun müddət Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistanın Rusiyadan asılılığı daha da artıb. Yəni Nikol Paşinyan hakimiyyətə gələnə kimi Ermənistan rəhbərliyində təmsil olunan şəxslər birbaşa Rusiyanın nəzarəti altında ölkəni və erməniləri idarə ediblər. Rusiya məhz buna dayanaraq Ermənistanı tam idarə edib. Ermənistan heç vaxt Rusiyanın icazəsi olmadan addım atmayıb. Paşinyan hakimiyyətə gələndən sonra Qərbə inteqrasiya siyasətini həyata keçirib. Avropa və ABŞ ilə münasibətləri dərinləşdirməyə çalışıb. Təbii ki, İrəvan hökumətinin belə davranması Rusiyanı qıcıqlandırır. Çünki Rusiya Ermənistanın ondan hər sahədə, əsas da iqtisadi baxımdan asılı olduğunu yaxşı bilir. Ona görə də Ermənistana xəbərdarlıq edir, təzyiq göstərməyə çalışır. Moskva çalışır ki, müxtəlif vasitələrdən istifadə etməklə Ermənistanı Avropaya, Qərbə inteqrasiyanı dayandırmağa məcbur etsin”.
     
    Siyasi şərhçi vurğulayıb ki, əgər Qərb öz sözünün arxasında dursa, Ermənistana dəstək olsa, İrəvanın Moskvadan asılılığı nisbətən azalacaq:
     “Amma Qərb öz sözünün üstündə durmazsa, Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq. Çünki bu ölkənin iqtisadiyyatı Rusiyanın əlindədir. Dünənədək bu ölkəni Rusiya idarə edib”.

  • Millət vəkili Tənzilə Rüstəmxanlı növbəti vətəndaş qəbulu keçirib

    Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı Neftçalanın Qədimkənd kəndində növbəti vətəndaş qəbulu keçirib.
    Vətəndaşlar tərəfindən işsizlik, təhsil və səhiyyə problemlərinin həlli, qaz, su və internet xəttlərinin çəkilişinin düzgün layihələndirilməsi, o cümlədən pensiya və əlillik təyinatı ilə bağlı məsələlər qabardılıb.
    Hər kəsin arzu və istəkləri, eyni zamanda qaldırdıqları sosial problemlər, vətəndaşların təklif və tələbləri millət vəkili Tənzilə Rüstəmxanlı tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara ünvanlanmasına tapşırıq verilib.
    Şəhid ailələrinə və qazilərə xüsusi diqqət ayırılıb, onların qayğıları, üzləşdiyi problemlərlə maraqlanılıb, hər birini ayrı-ayrılıqda dinlənərək müvafiq tədbirlərin görülməsi üçün qeydlər aparılıb.
    Görüş iştirakçıları artıq həllini tapmış məsələlər və göstərilmiş yardımlarla bağlı deputat Tənzilə Rüstəmxanlıya dərin təşəkkürlərini ifadə ediblər.
  • Millət vəkili Masallıda vətəndaş qəbulu keçirib

    Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini Fəzail İbrahimli Masallı rayon Köhnə Alvadı kəndində növbəti vətəndaş qəbulu keçirib. Görüş zamanı kənd sakinləri öz problemləri, kəndlə bağlı isrəklərini bildirib.
    Vətəndaşları diqqətlə dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyatı qurumlara, cavabdeh şəxslərə sorğu göndərib. Bir sıra məsələlər yerində həll edilib.

  • İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY

    Ermənistan Rusiyaya nota verib. Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Buna səbəb isə Rusiyada yayımlanan “Vesti nedeli” proqramı olub. Ermənistan tərəfinin iddiasına görə, proqram zamanı respublikanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönələn fikirlər səsləndirilib. Proqramda yayımlanan süjetdə Zəngəzur dəhlizi terminindən istifadə edilməsinə İrəvan narazılıq edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz adlandırıb: “Biz hər zaman İrəvandan Ermənistanın söz azadlığına sadiq olduğunu eşitdik, üstəlik də, hazırkı Ermənistan rəhbərliyi bunu özünün imperativi edib. Bu, birincisi. İkincisi isə bizim rəsmi mövqeyimiz rəsmi İrəvana yaxşı məlumdur. Bu mövqeyin məğzini biz dəfələrlə bəyan etmişik, o cümlədən brifinqlərimizdə…Biz ardıcıl olaraq 2020 və 2021-ci illərdə imzalanmış üçtərəfli bəyanatlar əsasında Cənubi Qafqaz regionunda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların kompleks şəkildə blokdan çıxarılmasından danışırıq. Hər şeydən öncə burada söhbət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 (10) noyabr 2020-ci il üçtərəfli bəyanatdan gedir. Həmin bəyanatda hər şey (o cümlədən Zəngəzur dəhlizi ilə bağlı müddəa – red.) dəqiq şəkildə qeyd olunub. Mən həmin bəyanatın bu hissəsini dəfələrlə səsləndirmişəm, bunu indi bir daha edəcəm”. Rusiya XİN sözçüsü xatırladıb ki, həmin bəyanatda regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, Ermənistan Respublikasının Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməsi, bu marşrut üzrə nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Xidmətinin həyata keçirməli olduğu qeyd edilib.
     
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a deyib ki, ümumiyyətlə, son dönəmlərdə Rusiya-Ermənistan münasibətlərinin normal olmadığı bəllidir. Siyasi şərhçi bildirib ki, Nikol Paşinyanın hakimiyyətə gəlişindən, xüsusən 44 günlük müharibədən sonra ikitərəfli əlaqələr pisləşməyə doğru gedib: 
    “Hər gün iki dövlət arasında münasibətlərin pozulmasının şahidi olmaqdayıq. Ermənistanın KTMT və MDB sammitlərində iştirak etməməsi, rus sərhədçilərinin ölkədən çıxarılması və digər neqativ məqamlar iki ölkə arasında ciddi konfliktə səbəb olub. Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın mövqeyi daha birmənalıdır. Yəni İrəvan hökuməti dəfələrlə açıq şəkildə bəyan edib ki, dəhlizə Rusiyanın nəzarət etməsini istəmir. Görünür, İrəvanın notası və sərt reaksiyası da birbaşa Rusiya faktoru ilə əlaqədardır. Bu da daha çox iki ölkə arasındakı məsələdir. Azərbaycanı maraqlandıran əsas məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Paşinyan hökuməti səmimi olaraq Zəngəzur dəhlizinin açılmasını istəyirsə, sadəcə, Rusiyanın nəzarət məsələsinə qarşı çıxırsa, Azərbaycanla əməkdaşlıq etməklə dəhlizin açılması və tam təhlükəsizlik şəraitdə fəaliyyəti istiqamətində çalışmalıdır. Azərbaycan tərəfi Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Ona görə də ABŞ, Avropa İttifaqı, Rusiya və beynəlxalq təşkilatlarla bu məsələnin müzakirəsini davam etdirir. Ermənistan da bu məsələdə səmimi olmalıdır”.
  • VHP üzvlərinin sayı açıqlandı – Siyahı nazirliyə göndərildi

    Vətəndaş Həmrəyliyi Partiyası yenilənmiş reyster məlumatlarını Ədliyyə Nazirliyinə təqdim edib.
    VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Bakupost.az -a bildirib ki, əvvəlki reyster üçün 8686 nəfər üzvün adlı siyahısı verilıb.
    “Yenilənmiş reyster siyahısında 275 nəfər yeni üzv əlavə edilib. Son altı ayda isə 14 nəfər üzvümüz dünyasını dəyişib, onların da reysterdən çıxarılması üçün məlumatı məktuba əlavə etmişik”, – deyə S.Əsəvdli bildirib.
    VHP-nin 82 rayon, 1 muxtar respublikada 1253 özək təşkilatı fəaliyyət göstərir.
    Qeyd edək ki, “Siyasi partiyalar haqqında” qanuna görə hər il yanvar ayının 15-ə kimi siyasi partiyalar üzvlərin yeni (dəyişiklik) reysterini Ədliyyə nazirliyinə təqdim etməlidirlər.