Vətəndaş Həmrəyliyi Partiyası

Category: Xəbər

  • İrəvan sülhdə maraqlı olduğunu desə də, addımlarında bunu görə bilmirik

    “Stratfor”un hesabatına görə, İrəvanın Vaşinqtondan dəstək almaq cəhdləri puça çıxacaq, lakin regionun alovlanma potensialı və Bakının hərbi üstünlüyü qalır

    “Ermənistan və Azərbaycan sülh danışıqlarında öz mövqelərini möhkəmləndirmək üçün xaricdən dəstək axtardıqları üçün Cənubi Qafqaz geosiyasi təsir uğrunda döyüş meydanı olaraq qalacaq”. Belə bir iddia ilə ABŞ-nin “Stratfor” kəşfiyyat-analitik mərkəzi çıxış edib. 

    “Ermənistan və Azərbaycan, çox güman ki, sülh sazişinə doğru irəliləməyə davam edəcək, lakin Ermənistanda konstitusiya dəyişiklikləri, sərhədlərin tam demarkasiyası və tranzit əlaqələrinin açılması ilə bağlı fikir ayrılıqları ehtimal ki, 2025-ci ildə sülh sazişinin bağlanmasına mane olacaq. Bu məsələlərin bəziləri sonrakı razılaşma üçün təxirə salına bilər, lakin razılıq əldə olunana qədər Bakı danışıqlarda hərbi üstünlüyündən təsir kimi istifadə etdiyinə görə regionda alovlanma potensialı davam edəcək”, – mərkəz bildirib.

    “Stratfor” analitikləri ABŞ-ın Ermənistana dəstək verməyəcəyini vurğulayıblar: “Tramp administrasiyası Rusiya, İran və Çinin regional təsirini tarazlaşdırmaq üçün Bakı ilə güclü münasibətləri prioritet hesab edir, ona görə də Ermənistanın ABŞ-dan güclü dəstək almaq cəhdləri puça çıxacaq. Əvəzində Ermənistan Fransadan gələn hərbi texnikaya arxalanacaq və Avropa Birliyi ilə ticarətin artırılmasına can atacaq. Ermənistan Qərblə artan bu siyasi və müdafiə əlaqələrindən istifadə edərək, sülh danışıqlarında Bakının ən güclü tələbinə, yəni Ermənistanın cənubundan tranzit keçməsinə (Zəngəzur dəhlizi – red.) qarşı çıxmağa çalışacaq”.

    Həmçinin qeyd edilir ki, Ermənistan və Azərbaycan Moskva ilə münasibətlərində ehtiyatlı davranmağa çalışacaq. Hər iki ölkə Rusiyanın regiondakı təsirini tamamilə itirməkdən çəkinir və birbaşa qarşıdurmadan yayınacaq. “Stratfor”un proqnozuna görə, Cənubi Qafqazdakı vəziyyət 2025-ci ildə də mürəkkəb olaraq qalacaq. Regionda güclər balansı, hərbi eskalasiya riski və xarici təsirlər davamlı olaraq gündəmdə qalacaq. Nəzərə almaq lazımdır ki, “Stratfor” ABŞ-ın kölgə kəşfiyyatı sayılır. O zaman bu proqnozu da ABŞ kəşfiyyatının sızdırdığı məlumatlar kimi dəyərləndirmək yerinə düşər. Regionla bağlı hesabatda xüsusi diqqət çəkən nüans “razılıq əldə olunana qədər Bakı danışıqlarda hərbi üstünlüyündən təsir kimi istifadə etdiyinə görə regionda alovlanma potensialı davam edəcək” cümləsidir. Burada Azərbaycan aqressor və hərbi eskalasiya yolu ilə təzyiq göstərən tərəf kimi təqdim olunur. Amma Bakı hər hansı hərbi qarşıdurmada maraqlı deyil. Əksinə, yanvarın 5 və 6-sı günlərində erməni tərəfi Laçın istiqamətində mövqelərimizi atəşə tutub. Hərbi gərginliyin artmasında maraqlı olan da Ermənistan və havadarlarıdır. Azərbaycan bu il ən azı çərçivə sənədi imzalanmasını gözləyir, sülh mətnində 15 bənd razılaşdırılıb. Hesabatda ikinci detal isə Ermənistanın ABŞ-dan dəstək almayacağıdır. Tramp administrasiyası Bayden hakimiyyəti qədər Paşinyana can yandırmayacaq.

    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli genişmiqyaslı hərbi əməliyyatları istisna edir. Onun sözlərinə görə, analitik mərkəz iki ölkənin addımlarını təhlil edərək bu qənaətə gəlib: “İnanmıram ki, regionda yeni müharibə olsun. Ermənistan silahlansa belə, döyüşməyə və yüzlərlə əsgər itirməyə hazır deyil. Onu da bilirlər ki, revanş uğur gətirməyəcək. Ümumiyyətlə, bu hərbi güclə Azərbaycana qalib gələ bilməzlər. Sadəcə, şərti sərhəddə lokal toqquşmalar, hərbi təxribatlar gözləniləndir. Məncə, bu hərəkətlənmə Avropa İttifaqının mülki missiyasının bölgədə qalmasını təmin etməyə hesablanıb. Ermənistan atəşkəsi pozur, sonra müşahidəçilərin burada daha uzun müddət qalmasına guya zərurət yaranır. Belə bir siyasi hiyləni görə bilirik. Hesabatdan da görünür ki, regionda kövrək sabitlik olduğu vurğulanır. Zənnimcə, bu il də sülh danışıqları davam edəcək. Sadəcə, yekun sülh sazişi imzalanmayacaq”.

    ABŞ-ın Ermənistana dəstəyinə gəlincə, VHP sədrinin müavini mərkəzin yaydığı proqnoza inanır: “Bəli, Bayden dönəmində olduğu qədər yardım edilməyəcək. Amma o demək sayılmır ki, Amerika Ermənistana dəstək verməyəcək. Biz Trampla bağlı tələsməməliyik. Onun komandasında antitürk kadrlar var. Elə dövlət katibi Rubionu qeyd etmək olar. Üstəlik, erməni lobbisi Amerikada təsiredici gücə malikdir. Əlbəttə, Respublikaçılar Demokratlar kimi erməni lobbisi ilə sıx işləmirlər, amma əlaqələr var. Ən azından Ermənistanda Rusiyanın təsirlərinin azaldılması nöqteyi-nəzərindən İrəvana dəstək davam etdiriləcək”.

    Emil SALAMOĞLU,
    “Yeni Müsavat” 

  • Azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər

    “Qazaxıstanlı qardaşlarımızın, bacılarımızın həmrəylik nümayişi Azərbaycan xalqının qəlbində çox böyük iz buraxdı”. Bu sözləri dövlət başçısı İlham Əliyev təyyarə qəzası ilə bağlı AZTV-yə müsahibəsində səsləndirib. Dövlət başçısı bildirib ki, o, Qazaxıstan prezidentinə minnətdarlığını ifadə etmək üçün zəng edib: “Çünki biz bilirdik və məlumat əldə etmişdik ki, qəza baş verən kimi Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişdilər və insanları o dağılmış füzelyajdan çıxartmağa başlamışdılar. Öz həyatlarını risk altına atmışdılar. Çünki onlar bilmirdilər ki, növbəti partlayış olacaq, yoxsa yox. Çünki təyyarənin bir hissəsi yanmışdı və bu hissədə yana bilərdi. Amma buna baxmayaraq, onlar da əsl qəhrəmanlıq göstərmişdilər. Eyni zamanda, həkim personalının fəaliyyəti də çox qiymətli idi. Çünki yaralı sərnişinlər dərhal tibb məntəqələrinə aparıldılar və buna görə də Prezident Tokayevə mən təşəkkürümü bildirdim. Qazaxıstanlı qardaşlarımızın, bacılarımızın həmrəylik nümayişi də mən bilirəm ki, Azərbaycan xalqının qəlbində çox böyük iz buraxmışdır. Adi vətəndaşlar bizim Aktaudakı konsulluğa gələrək gül qoydular, öz münasibətlərini bildirdilər, bizimlə həmrəy olduqlarını bildirdilər. Əsl dostluq, qardaşlıq belə olar. Eyni zamanda, mən Prezident Tokayevlə söhbət zamanı Azərbaycanın istintaqla bağlı mövqeyini də bildirdim və bax, sizə dediyim məsələləri də onun diqqətinə çatdırdım ki, biz beynəlxalq ekspertizanın tərəfdarıyıq və heç cür bu məsələni Dövlətlərarası Aviasiya Komitəsinin sərəncamına verə bilmərik. Bu mövqe də anlayışla qarşılandı. Təbii olaraq, bizim dövlət qurumlarımızın nümayəndələri, komissiyanın üzvləri və rəhbərləri, prokurorluq orqanlarının nümayəndələri daim təmasdadırlar. Qazaxıstan da öz növbəsində Dövlət komissiyası yaratmışdır və Prezident Tokayev söhbət zamanı bu barədə mənə məlumat vermişdi. Onlar da təbii olaraq istəyirlər və çalışırlar ki, məsələ tam təfərrüatları ilə açılsın. Eyni zamanda, mən Prezident Tokayevə də başsağlığı verdim, çünki qəza nəticəsində altı Qazaxıstan vətəndaşı həlak olmuşdu. O da mənə başsağlığı vermişdi. Yəni, bu nə qədər ağır hadisə olsa belə, eyni zamanda, bir sınaq məsələsi idi. Yəni, bu sınaqdan kim necə çıxacaq? Mən şadam ki, yenə də bu faciəyə baxmayaraq, görürəm və əminəm ki, Qazaxıstanda da eyni fikirdədirlər. Bizim dostluğumuz, qardaşlığımız bu ağır vəziyyətdən sonra daha da gücləndi”.
     
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycan-Qazaxıstan münasibətlərinin qədim tarixi var. 
    Siyasi şərhçi vurğulayıb ki, azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər: 

    “Həmçinin bu iki xalqı dil və din eyniliyi də birləşdirir. Bu xalqlar Çar imperiyası və Sovet İttifaqı dönəmində vahid mərkəzdən idarə olunublar. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. İki ölkə arasındakı qardaşlıq münasibəti dəfələrlə sınaqdan çıxıb. 1990-cı il 20 yanvar faciəsi zamanı Azərbaycanın səsini dünyaya duyuranlardan biri də Qazax xalqının böyük oğlu Oljas Süleymanov idi. Sonrakı illərdə də Qazaxıstan beynəlxalq münasibətlər sistemində Azərbaycanla dost ölkə olduğunu dəfələrlə ortaya qoyub və bizim Qazaxıstana münasibətimiz də adekvatdır. Son təyyarə qəzasında qardaş ölkənin və vətəndaşlarının münasibəti də bu tarixi keçmişi, qardaşlığı möhkəmləndirən bir fakt olaraq təsdiqləndi”.
  • Nəsiminin məzarının Azərbaycana gətirilməsi niyə mümkün deyil?

    Suriyada vətəndaş müharibəsinin son vaxtlar yenidən alovlanması və bu ölkənin Hələb şəhərinin əldən-ələ keçməsi Azərbaycanın görkəmli şair və mütəfəkkiri İmadəddin Nəsiminin məzarını da gündəmə gətirib. Məlum olduğu kimi, İmadəddin Nəsiminin məzarı Suriyanın Hələb şəhərində yerləşir.

    Maraqlıdır, Azərbaycan şairi İmadəddin Nəsiminin böyük dağıntılara məruz qalmış Hələb şəhərindəki məqbərəsi də ziyan çəkibmi? Ümumiyyətlə, Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustasının məzarı ökəmizə gətirilə bilərmi?

    Mövzu ilə bağlı “Cebheinfo.az” Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, institutun “Nəsimi qrupu”nun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva bildirib ki, İmadəddin Nəsiminin məzarının silə bağlı fikirlər cəfəngiyyatdır. Onun sözlərinə görə, hazırda İmadəddin Nəsiminin məzarı məscidin həyətində yerləşir: “Bu məsələ dəfələrlə gündəmə gəlib, mən də bunun əleyhinə çıxışam. Müharibə olacaq və bitəcək. Nəsiminin məzarının Azərbaycana gətirilməsi absurd fikirdir. Bu gün Nəsiminin məzarının Azərbaycana gətirilməsinə nə ehtiyac var? Onun oğlunun və qohumlarının məzarı oradadır. Nəsiminin həyatı Hələbdə keçib. Nə İslam əxlaqı baxımından, nə də tarix baxımından bu, doğru deyil”.

    DAK həmsədri, Xalq şairi Sabir Rüstəmxanlı mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bir neçə il öncə də Nəsiminin məzarının Bakıya gətirilməsi haqqında məsələ qaldırılmışdı. Həmin vaxt da mənim fikrim belə idi ki, vəfat edənləri narahat etmək, yəni bir məzardan çıxarıb, ayrı məzara aparmaq düzgün deyil. Nəsimi orada doğulub, orada yaşayıb, ailəsi də oralardadır. Ona görə də məzarı da orada qalmalıdır. Yəni ömrünün müəyyən hissəsini Hələbdə yaşayıb, faciəvi sonluğu da orada çatıb. Hələbdə Nəsiminin məzarını ziyarət etmişəm. Orada hətta onun nəslindən olan insanlar da yaşayır. Ona görə də məzarına toxunmaq lazım deyil. Əsas odur ki, onun canlı xatirəsi bu gün Azərbaycanda yaşayır. Heykəli var, kitabları nəşr olunur və hər bir azərbaycanlının qəlbində xüsusi yeri var. Sanki onun məzarı Bakıdadır. Nə fərqi var? Məncə, yerdəyişmə haqqında düşünmək lazım deyil”.

  • Ermənistanın çıxış yolu – neytral ölkə statusu

    Digər yollar İrəvanı gec-tez “əjdahalar”ın qəzəbinə gətirə bilər, o sırada Azərbaycan da var…

    Azərbaycan Ermənistanın sülh sazişinə əsas əngəl olan konstitusiya dəyişikliyi haqda referendum qərarı gözləyərkən, İrəvan Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirilməsi “eşqinə düşüb”. 

    Ötən həftəsonu baş nazir Nikol Paşinyanın Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirilməsi təşəbbüsünü dəstəklədiyi xəbəri yayılıb. Avropa Partiyasının rəhbəri Tiqran Xzmalyan bildirib ki, referendum layihəsinin müzakirəsi üçün imzatoplama kampaniyası yekunlaşıb və yaxın günlərdə sənəd parlamentə təqdim olunacaq. Onun sözlərinə görə, layihə qanunverici orqanın dəstəyini qazana bilməsə, kampaniya yenidən keçiriləcək və 300 min imza toplamaq mümkün olsa, ümumxalq səsverməsi qanunverici orqanın qərarı olmadan da baş tuta bilər. Bu həmin Xzmalyandır ki, bugünlərdə “Krımın müvəqqəti ilhaqı müqabilində Ukraynanın NATO və Aİ-yə üzvlük” sxemi Qarabağla bağlı da tətbiq edilə bilər” kimi sərsəm açıqlama vermişdi. Bu analogiyanın özü başdan-ayağa qüsurludur.

    O ki qaldı Ermənistanın Avroatlantik məkana inteqrasiya kursu götürməsi, Rusiyanın himayəçiliyindən imtina öz seçimləridir, yüz illərlə Qafqazda rusların jandarmı rolunu oynayan, hər cür şeytanlığa təhrik edilən Ermənistanın indi onun təbəəliyindən çıxmaq istəməsi anlaşılandır. Amma Paşinyanın Ermənistanın bir dövlət kimi gələcəkdə Fransa daxil, Avropa İttifaqına üzv bir neçə ölkənin də əlaltısına çevirmək istəyi dövlətin süqutu ilə nəticələnə bilər. Əslində İrəvan Qərbin hərbi-siyasi “müşahidəçi”lərini Ermənistan sərhədinə gətirməklə bu istiqamətdə ilk addımı atıb. KTMT-dən çıxmaq, hətta Gümrüdəki hərbi bazanın mövcudluğunu 2044-cü ildən tez başa çatdırmaq öz istəkləridir. Amma bu addımları gedib hansısa hərbi bloka “peşka”lıq etmək üçün atırlarsa, bu böyük siyasi qanmazlıqdır.

    Nəzərə alınmalıdır ki, hazırda Ermənistanın təkcə Azərbaycanla deyil, Türkiyə, indi isə Rusiya ilə ciddi problemləri var, tədricən İranla da olacaq, Avrointeqrasiyadan xeyir tapmayan Gürcüstanla da. Paşinyan ləngimədən regional problemi həll etmək üçün ciddi addım ata, ən əvvəl yeni konstitusiya ilə Bakı və Ankara ilə problemləri aradan qaldıra bilər. Rusiya və İranın təzyiqlərindən qorunmaq üçün beynəlxalq qarantiya olmaq şərti ilə Ermənistan neytral ölkə statusu almaq yolunda fəaliyyətə başlamalıdır. Bütün bunlar Ermənistanın yeni konstitusiyasında öz əksini tapmaqla ölkənin xarici siyasətinin proqnozlaşdırıla bilən fundament rolunu oynaya bilər. Digər yollar Ermənistanı gec-tez “əjdahalar”ın qəzəbinə gətirə bilər, o sırada Azərbaycan da var… Bəs Ermənistan neytral ölkə statusu almağı niyə istəmir?

    Ermənistan hazırda Rusiya və Qərb arasında var-gəl edir, hər iki tərəfi qane etməyə çalışır. Bu isə bumeranq effekti verir: hər iki tərəf qıcıqlanır və İrəvana təzyiqləri artırır. Avropa İttifaqı (Aİ) rəsmilərinin tez-tez Ermənistana səfərləri, habelə Rusiya rəsmilərinin zaman-zaman Ermənistanın mövcud siyasətini tənqid etmələri onu deməyə əsas verir ki, hər iki tərəf İrəvana daha çox təzyiq göstərməklə bu dövləti tamamilə özündən asılı vəziyyətə salmaqda israrlıdır. Rəsmi İrəvan üçün yeganə çıxış yolu regional əməkdaşlıq yolunu tutmaqdır. Bunun üçün isə Azərbaycan və Ermənistanla əlaqələrin normallaşması şərtdir, daha doğrusu, ilkin addımdır. Regional əməkdaşlığın konyunkturası da məlumdur: rəsmi Bakı və Ankaranın təşəbbüskarı olduğu 3+3 formatı. Əgər Ermənistan sürətlə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırarsa və regional əməkdaşlıqda fəal iştirak edərsə, bu, İrəvanın təhlükəsizliyi üçün yeni çətir ola bilər. “Azərbaycana qarşı aqressiyalara baxmayaraq, Ermənistanla razılığa gəlmək mümkündür”. Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib. “İnanıram ki, qarşı tərəf səsimizi eşidəcək, Qafqazda sülhə və tərəqqiyə nail olacağıq”, – nazir müavini əlavə edib.

    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Ermənistanın “iki od arasında” oynadığını müşahidə edir. VHP rəsmisi tərəflərdən birinin Paşinyanı cəzalandıracağını gözləyir. İrəvanın Qərbə əyildiyini deyən S.Əsədlinin sözlərinə görə, Rusiya Ermənistanı öz forpostu kimi görməkdə davam edir: “Moskva hesab edir ki, ermənilər hər şeyə görə onlara borcludurlar. Tarixə ekskursiya edəndə də bu həqiqəti qeyd etmək mümkündür. Ona görə Rusiya Ermənistan hakimiyyətinə müvəqqəti iqtidar kimi yanaşır. Hərçənd Paşinyan getdikcə möhkəmlənir, Qərbdən dəstəyi artır. Tramp və Makronla görüşü də Moskvaya ciddi siqnal idi”.

    VHP funksioneri 2026-cı il seçkilərində Paşinyanın asanlıqla qalib gələcəyini ehtimal edir: “Rusiya Ukraynada ciddi şəkildə ilişib və bu vəziyyətdən Qərb istifadə edərək Ermənistanda mövqelərini gücləndirir. Paşinyanı qoruyan Amerika və Fransa kəşfiyyatıdır. Əslində Rusiya onun azca büdrəməsini gözləyir ki, aşırsın. Sadəcə, erməni cəmiyyəti ruspərəst müxalifəti qəbul etmir. Ona görə də hər iki tərəf fürsət gözləməkdədir. Məncə, Gürcüstan hadisələrinin yekunu Paşinyan üçün nəticə çıxarmağa əsas olacaq. Hər halda, “iki stul”da oturmaq siyasəti Paşinyanı bitirə bilər. Odur ki, Ermənistan Qoşulmama Hərəkatına üzvlüyü seçməlidir, “altılıq” platformasında fəal iştirak etməlidir. Bu ölkənin nicatı Azərbaycan və Türkiyədədir…”

    Emil SALAMOĞLU,
    “Yeni Müsavat”

  • Əsas məqsəd hərbi və kəşfiyyat hədəflərinə çatmaqdır

    Avropa Birliyinin 13-14 nəfərdən ibarət monitorinq missiyasının əməliyyat mərkəzi daimi olaraq Cermukda yerləşir. Onlar sürücülər və köməkçilərlə birlikdə Cermukda qonaqlar üçün bağlı olan üçulduzlu “Ani” hotelində qalıblar. “Hraparak” nəşri məlumat yayıb ki, müşahidəçilər demək olar ki, hər gün rayonu gəzir, sərhədə gedir, bir neçə kilometr məsafədən vəziyyəti müşahidə edirlər: “Avropalı müşahidəçilər yerli administrasiya ilə demək olar ki, əlaqə saxlamırlar: heç bir məlumat tələb etmirlər, onlara heç nə vermirlər və onların nə etdiklərini heç kim bilmir”. Bununla belə qəzetin yazdığına görə, avropalı müşahidəçilərin gəlişi Cermuk sakinlərini çox sevindirib: “Onlar özlərini qorunmuş hiss edirlər. Cermuk sakinləri 2022-ci ildən sonra Azərbaycan tərəfdən hücumun olmamasını müşahidəçilərin olması ilə əlaqələndirir və onların qalmasını istəyirlər. Müşahidəçilər tez-tez küçəyə çıxır, Cermuk sakinləri ilə ünsiyyət qurur və insanların onlarla necə davranması ilə maraqlanırlar”.
     
    Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri Felmar Ələkbərli “Sherg.az”a deyib ki, Azərbaycan tərəfi dəfələrlə Aİ missiyasının gəlişinin regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edəcəyini bildirib. Onun sözlərinə görə, Aİ tərəfindən həyata keçirilən bütün əməliyyatların kuratoru Fransa nümayəndəsidir: 
    “Digər əməkdaşların isə istefada olan hərbçilər və müxtəlif Qərb ölkələrinin mövcud kəşfiyyatçılardır. Zaman keçdikcə bu kontingentin mülki yox, hərbi missiya olmasına heç bir şübhə qalmadı. Aİ missiyasının əsas məqsədi hərbi və kəşfiyyat hədəflərinə çatmaqdır. Tərkibin yenidən genişləndirilməsi birbaşa Rusiya və İrana qarşı yönəlmiş addımdır. Bu missiya Aİ-nin deyil, NATO-nun missiyasına çevrilir. Prosesdə Kanadanın və ABŞ-nin iştirakı da qeyd edilənləri təsdiqləyir. Belə vəziyyətdə missiya Azərbaycan və Ermənistanın kövrək sülh danışıqları prosesinə mane olur. Görünən odur ki, rəsmi Qərb Ermənistanda möhkəmlənmək üçün bu missiyadan istifadə edir. Avropa İttifaqınnın mülki missiyası bölgəyə gəldiyi gündən indiyə qədər əsas hədəfi Rusiyaya qarşı yönəlib”.
     
    Ekspertə görə, Rusiya bu gün də maraqlıdır ki, həm Azərbaycanla sərhəddə, həm də Zəngəzur dəhlizi boyunca məhz rus sərhədçiləri dayansın:
     “Bu isə Qərbin və Ermənistanın maraqlarına tam ziddir. Ona görə də bu istiqamətdə əməli addımlar atmağa məcburdurlar. Rusiya KTMT qüvvələrinin bölgəyə, xüsusilə də sərhəddə yerləşdirilməsində olduqca maraqlıdır. Bu hal da Qərbin marağına uyğun deyil. Görünür, Aİ bu məsələdə Rusiyaya güzəştə getmək fikrində deyil. Ermənistan və Qərb sərhəd məsələsində Rusiyanın iştirakını tamamilə minimal səviyyəyə salmaq istəyirlər. Baş verən proseslərin Ermənistan və Rusiya arasında sərhədə nəzarətin kim tərəfindən icra ediləcəyi sualını ortaya çıxarmış olur. Bu məsələ Azərbaycanın da marağındadır ki, Ermənistanla sərhəddə məhz erməni sərhədçiləri dayansın, nəinki Aİ mülki missiyası və ya Rusiya sərhədçiləri”.
  • Azərbaycanlı şairin İstanbulda imza günü keçirilib

    Türk Ədəbiyyatı Vəqfinin təşkilatçılığı ilə İstanbul şəhərində VHP Qadınlar Şurasının sədri, gənc şair Aysel Xanlarqızının Türkiyədə yeni çap olunmuş “Sən gəldin” adlı şeirlər kitabının ziyalıların, gənc tələbələrin və ədəbiyyat sevərlərin iştirakı ilə təqdimatı və imza günü keçirilib. Türk Ədəbiyyatı Vəqfinin başqanı, tanınmış şair Serhad Kabaklı açılış çıxışı edib, müəllifi təbrik edib, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
    Daha sonra Türk Ədəbiyyatı Vəqfinin yazı işləri müdiri Səadət Örməçi Aysel Xanlarqızı haqqında iştirakçılara geniş məlumat verib. Ənvər Uğur Aykol isə müəllifin yaradıcılığı və şeirləri haqqında çıxış edib, şairin ədəbi fəaliyyətindən danışıb.
    Sonda “Türk Ədəbiyyatı” jurnalının baş redaktoru, yazıçı və kitabın tərcüməçisi İmdat Avşar kitab və müəllif haqqında danışıb, Aysel xanımın Azərbaycan ədəbiyyatında sevilən imzalardan biri olduğunu deyib.
    Aysel Xanlarqızı bu unudulmaz günün keçirilməsində əməyi olan hər kəsə dərin təşəkkürlərini bildirdi. Şairə Türk Ədəbiyyatı Vəqfi adından “Ahmet Kabaklı adına edebiyyat mükafatı” təqdim olunub.
    Tədbirin sonunda iştirakçılara imzalı kitab hədiyyə edilib.


  • VHP-çi yazar Aysel Xanlarqızının daha bir uğuru: Türkiyədə imza günü keçirilib

    Türkiyənin Elazığ şəhərində “Əhməd Yəsəvi adına sosial elmlər kollecin”də VHP Qadınlar Şurasının sədri, tanınmış xanım yazar Aysel Xanlarqızının Türkiyə türkcəsində çap olunan “Sən gəldin” adlı yeni şeirlər kitabının və AYB-nin sədr müavini, Mətbuat şurasının sədri Rəşad Məcidin yeni çap olunmuş “Şuşa dəftəri” adlı kitabının imza günü keçirilib.
    Tədbiri Türk Ədəbiyyatı Vəqfinin başqanı Sərhad Kabaklı açıq elan etdikdən sonra Azərbaycan- Türk ədəbiyyatı arasında qurulan əlaqələrdın söz açıb.
    Kitabın tərcüməsi Türk Ədəbiyyatı jurnalının baş redaktoru İmdat Avşar çıxış edərək müəllif haqqında kollec tələbələrinə məlumat verib. Eyni zamanda Mətbuat Şurasının sədri və AYB-nin sədr müavini Rəşad Məcid və Aysel Xanlarqızı da tədbirdə çıxış edərək gənclərin suallarını cavablandırmış, yeni şeirlərindən oxumuş və kitablarını imzalamışlar.

  • Sülh müqaviləsi imzalansa, ermənilərin bizə qarşı düşmənçiliyi, ədavəti də bitəcək

    Gürcüstan vətəndaşı olan azərbaycanlı ictimai fəal Samirə Bayramova Ermənistana buraxılmayıb. O, bu barədə X hesabında paylaşımında bildirib. Varşava-Tbilisi reysi ilə uçan təyyarə əlverişsiz hava şəraiti ilə əlaqədar İrəvana məcburi eniş edib. Lakin digər sərnişinlərdən fərqli olaraq S.Bayramovanı Ermənistana buraxmayıblar: “Məni Gürcüstan vətəndaşı kimi ölkəyə buraxmadılar. “Milli kimliyiniz problemdir” dedilər. Niyə bu münaqişənin bir parçası olmalıyıq? Bu, demokratikliyə yaraşmaz, Nikol Paşinyan”.
      VHP Ali Məclisinin sədri Felmar Ələkbərli “Sherg.az”a açıqlamasında deyib ki, Ermənistan hakimiyyəti bir tərəfdən Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsi üzrə danışıqlar aparır. Digər tərəfdən isə qeyri-konstruktiv mövqe tutur, prosesi poza biləcək əməllərə imza atır: 
    “Bu son hadisə də bu qəbildəndir. Ermənistanın danışıqlar prosesini pozmaq istəyinin daha bir nümunəsi müxtəlif ölkələrdən böyük həcmdə silah-sursat almasıdır. Bundan əlavə, rəsmi İrəvan Haaqada yerləşən Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) də Azərbaycana qarşı hüquqi müstəvidə iddiasını davam etdirir. Bütün bunlar onu göstərir ki, ermənilər hələ də bizə bütövlükdə türk dünyasına qarşı düşmənçiliklərini davam etdirirlər. Onlar heç zaman işğalçı niyyətlərindən əl çəkməyəcəklər. Bizə qarşı soyqırımlar törətmək üçün yenidən tarixi məqam gözləyəcəklər. 1905-1906, 1918, 1948-1952-ci illərdə, eləcə də, 1980-ci illərin sonundan başlayaraq 1993-cü ilə qədər millətimizin başına hansı oyunlar gətirildi!?”.
    Partiya təmsilçisi qeyd edib ki, heç kim düşünməsin ki, sülh müqaviləsi imzalansa, ermənilərin bizə qarşı düşmənçiliyi, ədavəti də bitəcək: 
    “Bəs biz nə etməliyik? Əlbəttə, Ermənistanla sülh müqaviləsini imzalamalıyıq. Sülh müqaviləsində bütün məqamlar nəzərə alınmalıdır və alınacaq. Bununla bağlı diplomatik müstəvidə mühüm işlər gedir. Bizim edə biləcəyimiz bütün məsələlər müqavilədə öz əksini tapacaq. Biz sülh müqaviləsini imzalayacağıq, amma problemlər də həll olunmayacaq. Biz ilk olaraq, ermənilərin bizə qarşı elədiklərini unutmamalıyıq”.
    Şərq qəzeti
  • Millət vəkili Fəzail İbrahimli vətəndaş qəbulu keçirib

    73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyası sədrinin birinci müavini Fəzail İbrahimli Masallı rayonunda vətəndaşlarla görüş keçirib. Rayonun Banbaşı ərazi nümayəndəliyində Binə Xocavar, Böyük Xocavar, Təzə Alvadı və Köhnə Alvadı kəndlərindən vətəndaşkarı qəbul edib, bu kəndlərdə olan vəziyyətlə maraqlanıb, məktəblərdə və digər sosial obyektlərdəki şəraitlə yaxından tanış olub. Vətəndaşların hər birinin problemlərini ayrı-ayrılıqda dinləyən F.İbrahimli  bəzi məsələlərlə bağlı yerindəcə müəyyən tədbirlər görüb. Səfər çərçivəsində millət vəkili həmçinin Masallı Rayonunun İsgəndərli yaşayış massivində şəhid Hüseynov Sübhan Rauf oğlunun adına olan bulağının tikintisində iştirak edib.

    Görüşlərdə rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov da iştirak edib

  • Paşinyan anlayır ki, Azərbaycanın tələblərini yerinə yetirmədən sülh müqaviləsini imzalamaq mümkün deyil

    Bakı İrəvandan Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb edir. Razılaşdırılması ən çətin olan problemin də bununla bağlı olduğu bildirilir. Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası var. Rəsmi Bakı bu istinadın Ermənistan Konstitusiyasından çıxarılmasını tələb edir. Azərbaycanın qəti mövqeyi belədir ki, sülh müqaviləsinin imzalanması bundan sonra, yaxud sazişin tam razılaşdırılması ilə baş tuta bilər. “Hraparak” qəzeti yazıb ki, Ermənistan-Azərbaycan sülh müqaviləsinin razılaşdırılmamış iki bəndi ilə bağlı mövqelərdə yaxınlaşma var. Nəşrin iddiasına görə, iki bənd – üçüncü ölkənin qüvvələrinin Ermənistan-Azərbaycan sərhədindən getməsi və beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddiaların rədd edilməsidir. Birinci tələb Avropa İttifaqının (Aİ) mülki missiyası Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməzdən əvvəl irəli sürülüb. O zaman problem yalnız Rusiya sərhədçilərinə aid idi. Ermənistan hakimiyyəti buna etiraz etməyib. Amma Aİ müşahidəçiləri sərhədə gəldikdən sonra Azərbaycan bu tələbi yenidən formalaşdırıb. Ancaq nəşr qeyd edir ki, bu, məqamlar razılaşdırılsa belə, sənədin imzalanması çətindir.
      Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, siyasi şərhçi Samir Əsədli  “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycanın Ermənistanla sülh müqaviləsini imzalamaq üçün irəli sürdüyü əsas şərtlərdən biri Ermənistanın müstəqillik bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılmasıdır. Ekspertin fikrincə, bu bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq iddialar yer alır və Bakı haqlı olaraq bunu sülh müqaviləsinin ruhuna zidd hesab edir:

    “Paşinyan anlayır ki, Azərbaycanın tələblərini yerinə yetirmədən sülh müqaviləsini imzalamaq mümkün deyil. Məhz bu səbəbdən də Paşinyan “Müstəqillik Bəyannaməsi”nin sülhün önündə əngəl olmasını bildirməklə kifayətlənməyib. Ermənistan Konstitusiyası müstəqillik bəyannaməsinə istinad edir. Həmin bəyannamədəki iddialar ləğv olunduğu halda məsələlərin mahiyyəti tamam dəyişir. Çünki bəyannamədə konkret olaraq əsassız olaraq göstərilir ki, Ermənistan keçmiş Dağlıq Qarabağla birləşib. Bu bəyannamə o vaxt Ermənistan parlamenti tərəfindən qəbul edilib. Referendum yolu ilə belə iddialar ora salınmayıb. İndiki halda Ermənistan parlamentində bəyannamənin bu “bəndlərinin” beynəlxalq hüquqa ziddi olduğu əsas gətirilib aradan qaldırıla bilər”.
      S.Əsədli vurğulayıb ki, rəsmi İrəvan sülh müqaviləsinin imzalanmasını təmin etmək üçün erkən seçkilər və ardınca Konstitusiya dəyişikliyinə dair referendum keçirməyi də nəzərdən keçirir: “Fikrimcə, Paşinyan ölkə daxilində referendum üçün hazırkı vəziyyəti qeyri-məqbul hesab edir. İndi Paşinyan da asan yola qaçır. O, ilk növbədə Ermənistanın müstəqillik bəyannaməsindəki həmin bəndləri aradan qaldırmağa çalışır. Daha sonra referendumla konstitusiyaya ediləcək dəyişikliklər fonunda həmin istinad da aradan qalxmış olacaq”.