Vətəndaş Həmrəyliyi Partiyası

Category: Xəbər

  • Azərbaycandakı partiyaların loqoları nəyi ifadə edir?

    Onları birləşdirən ortaq və fərqli cəhətlər…

    Dünya ölkələrində siyasi partiyaların emblemləri, simvolları hər zaman maraq doğurub. Bəzi partiyaların simvolları isə qəribəliyi ilə seçilib. Məsələn, ABŞ-da iki aparıcı partiyanın – Demokratlar Partiyasının simvolu eşşək, Respublikaçılar Partiyasının simvolu isə fildir.

    Ümumiyyətlə, bütün dünyada siyasi partiyalar özlərini bu və ya digər rənglərlə ifadə edirlər. Bu da əsasən seçkilərdə fərqlənmək məqsədini güdür. Qırmızı, adətən, sol partiyaların – sosialistlərin və kommunistlərin və s. rəngidir. Mühafizəkar partiyaların rəngi göy (mavi) və qaradır. İstisnalar da olur. Belə ki, ABŞ-da Respublikaçılar partiyasının rəngi qırmızı, Demokratlar Partiyasının rəngi isə mavidir. “Mülayim” sosialistlər adətən, çəhrayı, liberallar isə sarı rəngi seçirlər. Yaşıllar (ekoloji yönlü) və islamçı partiyaların rəngi yaşıldır. Narıncı millətçilərin rəngidir. Bənövşəyi və ağ çalarlar monarxiyanın rəngi olsa da, bununla belə, müasir dünyada siyasi partiyalar tərəfindən də çox hallarda istifadə olunur

    Bəs Azərbaycanda siyasi partiyaların simvolları nədir?

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) əsas atributlarından biri olan gerbin müəllifi Azərbaycanın çox istedadlı və tanınmış rəssam-heykəltaraşlarından biri Məzahir Afşardır. Gerbin rəmzləri qədim Türk Dövlətçilik ənənələrindən qaynaqlanır: ox dövlətin rəmzidir. Üçü bir yerdə möhkəmliyi, sınmazlığı göstərir. Demokratik dövlətdə bu, həm də hakimiyyət bölgüsünün göstəricisidir, qanunvericilik, icra və məhkəmə orqanlarının dövlətin əsas dayağı olduğuna işarədir. Tərsinə çevrilmiş yayla birgə üç ox və onların üstündəki qalxan bir kompazisiya kimi sülhün, milli barışın, həmrəyliyin ifadəsidir. Gerbin əsas variantında “Vətəndaş Həmrəyliyi Partiyası” sözləri yazılmış dairədə 24 Oğuz boyunun damğaları yerləşdirilmişdir. Həmin variant partiyanın qərargahında saxlanılır. VHP-nin bayrağı ağ rəngdədir. Ağ rəngin üzərində emblem təsvir olunub. Ağ rəng həmrəyliyin, birliyin və vətəndaş sülhünün rəmzi sayılır.

    Hakim partiya olan Yeni Azərbaycan Partiyasının (YAP) simvolu dəfnə ağacının ortasında 8 guşəli ulduzdan ibarətdir. Ulduzun içərisinə isə “YAP” yazılıb. Partiyanın icra katibinin müavini olan zaman Mübariz Qurbanlı bildirib ki, dəfnə ağacının simvol kimi seçilməsi təsadüfi deyil. Çünki dəfinə zənginlik, rifah, xoşbəxtlik, azadlıq kimi mənaları özündə ehtiva edir. YAP-ın bayrağı isə ağ rəngdədir. Ağ sülh rəmzidir. Bayrağın üzərində partiyanın simvolu əks olunub.

    Azərbaycan Demokrat Partiyasının (ADP) embleminin ideya müəllifi Zöhrab Şamxalovdur. Hazırda partiyanın üzvü olmayan Z.Şamxalov bu simvolu partiya təsis edilərkən yaradıb. Simvolda doğan Günəş fonunda açıq dənizdə avar çəkən qayıqçılar təsvir olunub. ADP sədrinin müavini Həsrət Rüstəmovun sözlərinə görə, 8 nəfərlik say Azərbaycan xalqının 8 etnosdan ibarət olmasına işarədir. Günəş sübh çağı yenicə çıxmış günəş rəngindədir. Bu isə o deməkdir ki, azadlıq günəşi Azərbaycana hələ yenicə doğur. Günəşin üzərindəki xətlərdən ibarət sahə isə azadlığın Azərbaycanın payına düşən hissəsidir. H.Rüstəmovun sözlərinə görə avarçəkənlər işlədikcə və gəmi irəli getdikcə onların azadlıq payı arta bilər. Bu da azadlıq və demokratiyanın birgə zəhmət tələb etməsinə işarədir. ADP-nin mavi rəngli bayrağının üzərində qeyd olunan emblem öz əksini tapıb.

    Müsavat Partiyasının bayrağı mavi rəngdədir. İlk dəfə 1919-cu ildə Partiyanın II qurultayında bayrağın bu rəngdə olmağı qəbul edilib. Mavi bayraq bir zamanlar Elxanilər dövründə (XIII əsrdə) Azərbaycan torpaqları üzərində dalğalanıb. Mavi bayraq həm də Elxanilərin zəfər yürüşlərini əks etdirirdi. Partiyanın embleminin müəllifləri görkəmli rəssamlar Elçin Məmmədov və Tərlan Qorçiyevdir. Emblemdəki “Müsavat” sözünün baş hərfi olan “M” qoşa dağ şəklində təqdim olunur; arxadakı dağ qara rəngdədir. Qara dağ Türklər üçün əhəmiyyətli simvollardan biridir. Öndəki dağ isə Müsavatın simvolu olan mavi rəngdədir. “M” hərfinin strukturu, qoşa dağın görünüşü tarazlıq ideyasını ifadəli göstərir. Tarazlıq ideyasından isə Müsavatın əsas prinsiplərindən birinə – Milli Təsanüdə çıxmaq olar. Çünki Təsanüd həm də müxtəlif sosial təbəqələrin mənafelərində tarazlaşdırma nöqtələri tapmaqdır.

    KXCP-nin emblemi böyük hərflərlə “KHC” (Klassik Halk Cebhesi) yazılmış kompozisiyadan ibarətdir. Partiyanın Təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu bildirib ki, onlar bu simvolu KXCP dövlət qeydiyyatına alınandan sonra – 2006-cı ildə müəyyənləşdiriblər. Əslində bu simvol AXC-nin simvoluna uyğunlaşdırılıb. Onun sözlərinə görə, “KHC” sözünü “AHC” kimi də oxumaq mümkündür. Partiyanın bayrağı ağ fonda “KHC” yazılmış simvoldan ibarətdir. Ağ fon isə sülh və təmizliyin rəmzi kimi seçilib.

    Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) embleminin müəllifi partiyanın qurucusu və AMİP-in lideri Etibar Məmmədovdur. Simvolda göy, qırmızı və yaşıl rəng Azərbaycan bayrağındakı rəngləri özündə əks etdirir. Həmçinin, buradakı aypara və ulduz da Azərbaycan bayrağına istinaddır. Simvolda ox göstərilib ki, bu da AMİP-in daşıdığı mühüm prinsipi özündə əks etdirir. Bunlar vətənçilik (azərbaycançılıq), hürriyyətçilik, milli dövlətçilik, milliyyətçilik, öncüllük-müasirlik və istiqlalçılıqdır.

    Əli RAİS,
    “Yeni Müsavat”

  • VHP-26

    1992-ci il sentyabrın 26-da ölkənin ictimai-siyasi həyatında rol oynayan bir ailə – Vətəndaş Həmrəyliyi Partiyası yaradıldı. Partiya Azərbaycan tarixinin ən ağır dönəmində – müharibə və daxili xaosun hökm sürdüyü bir anda meydana atıldı. Gərgin müharibə, erməni işğalçılarına dəstək verən qüvvələrin ölkəni zəiflətmək cəhdləri, hakimiyyət uğrunda mübarizə aparan iddiaçılar və etnik qrupların fəaliyyəti…

    Belə bir vaxtda yeni partiya ölkənin milli varlığının və gələcəyinin təminatı olan əsas prinsipləri, siyasi ideoloji hədəfi düzgün müəyyənləşdirmişdi. Xalq arasında böyük nüfuza malik olan, meydan hərəkatının əsas təşkilatçı və liderlərindən biri kimi şöhrət qazanmış Sabir Rüstəmxanlı partiyanın təsis qurultayındakı çıxışında demişdi: “Azərbaycan müharibə fəlakətindən nə vaxt qurtaracaq, torpaqlarımızı və xalqımızı nə vaxt bütöv, tam müstəqil, siyasi və iqtisadi tələlərdən uzaq görəcəyik – demək çətindir… Xalqların azadlıq mübarizəsinin tarixi göstərir ki, bütün siyasət adamları – ən liberal və ən radikal yol tutanlar da müəyyən məsafə keçib, beynəlxalq siyasətin və milləti idarəetmənin çətinliyi ilə üz-üzə gələn kimi bir həqiqəti dərk ediblər: məmləkətin qurtuluşu yalnız həmrəylikdədir! Başqa dillə desək vətəndaş həmrəyliyi olmayan yerdə heç nə mümkün deyil: nə istiqlal, nə qurtuluş, nə sosial demokratiya, nə dirçəliş, nə tərəqqi; birlik olmadan nə müsavatdan, bərabərlikdən söhbət gedə bilər, nə doğru yoldan; nə ana vətən qoruna bilər, nə ana torpaq…”

    Hazırda ölkədə gedən proseslər VHP liderinin 26 il öncə irəli sürdüyü ideologiyanın nə qədər doğru və çağdaş olduğunu gözlər önünə sərir. VHP 26 il ərzində heç bir siyasi avantüraya uymadan ölkədə milli dövlətçiliyin qorunub saxlanılması, sivil mübarizə ənənələrinin formalaşması, torpaqlarımızın işğaldan azad edilməsi niyyəti ilə vətəndaşların birgə mübarizə cəbhəsinin yaradılması yolunu davam etdirib.

    Bu gün 80-ə yaxın bölgə təşkilatında VHP-nin iyirmi minə yaxın üzvü vardır. Partiya təşkilatlarında və rəhbərliyində ölkə vətəndaşı olan bütün etnik və azsaylı xalqların nümayəndələri təmsil olunurlar. Partiyanın əsas nüvəsini gənclər təşkil edir.

    Təsis olunduğu ildən parlamentdə təmsil olunan VHP hazırda demokratik qüvvələr düşərgəsində ön sırada dayanan partiyalardan biridir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, qaçqın və köçkünlərin öz torpaqlarına qayıtması, ölkəmizdə insan haqlarına, söz azadlığına dəyər verilən demokratik bir cəmiyyətin var olması VHP-nin əsas hədəfi olaraq qalır.

    Partiyanın 26 il əvvəl irəli sürdüyü şüar bu gün də qüvvədədir: “Nicatımız – Vətəndaş Həmrəyliyindədir!” Vətəndaş Həmrəyliyi Partiyasının 26 yaşının tamam olması münasibətilə partiya üzvlərini və əqidə dostlarımızı ürəkdən təbrik edir, hamısına uğurlar arzulayırıq!

  • Sabir Rüstəmxanlı bu quruma fəxri üzv seçildi

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı Dağıstan Respublikasıkasının Mədəniyyət Nazirliyinin dəvətilə Mahaçqala şəhərində təşkil edilən ənənəvl kitab festivalında iştirak edir.
    Vhp.az xəbər verir ki, Qafqaz xalqlarının mədəniyyət xadimlərinin, Moskvadan, Belarusdan gələn tanınmış yazarların iştirakı ilə bu gün ədəbi əlaqələrin inkişafı, kitab nəşrinin və tərcümə işinin problemlərilə bağlı müxtəlif müzakirələr baş tutub. Həmçinin, Kabardin-Balkar Respublikasinin xalq şairi Saleh Qurtuyevin 80 illik yubileyi qeyd olunub.
    S.Qurtuyev festivalda yenicə tərcümə və nəşr etdiyi “Kitabi-Dədə Qorqud” dastanını təqdim edib. 


    Sabir Rüstəmxanlı S.Qurtuyevi yubleyi münasibətilə təbrik edib, Dədə Qorqud boylarının tərcüməsinə görə ona Dünya Azərbaycanlıları Konqresinin Təşəkkür bəlgəsini catdırıb və öz kitablarını kitabxanaya hədiyyə edib.


    Yığıncağın sonunda S.Rüstəmxanlıya Şimali Qafqaz Yazıcılar Klubunun fəxri üzvlük bileti təqdim edilib.

  • VHP sədri ABŞ diplomatı ilə görüşüb

    ABŞ səfirliyinin yeni təyin olunmuş iqtisadi məsələlər üzrə müşaviri Piter Kaufman Vətəndaş Həmrəyliyi Partiyasını (VHP) ziyarət edib.

    Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, VHP sədri Sabir Rüstəmxanlı ilə görüşən diplomat Azərbaycan-ABŞ əlaqələri, bölgədə baş verən proseslər, VHP və DAK bölgədə baş verən proseslərə münasibəti ilə maraqlanıb.

    Sözügedən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • İrəvan şəhəri sizə “paytaxt” kimi bağışlandı

    “Qərbi Azərbaycana, İrəvan Xanlığı torpaqlarına Dönüş” İctimai Birliyi “Dağlıq Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır” mövzusunda tədbir-müzakirə keçirdilər.

    Tədbirdə indi “Ermənistan Respublikası “ adlanan dövlətin ünvanına bəyanat qəbul edildi.

    Bəyanatda deyilir:

    “Ermənistan Respublikası” adlanan dövlətin rəhbərliyinin nəzərinə çatdırırıq ki, qatı cinayətkar Xocalı soyqırımını törədilməsinə birbaşa rəhbərlik etmiş, əslən Dağlıq Qarabağlı, Azərbaycan vətəndaşı olan sabiq dövlət başçı Serj Sarkisyanın hakimiyyəti dövründə müxtəlif vəzifələrə təyin edilmiş, Dağlıq Qarabağ erməniləri və “Ermənistan” a köçmüş mülki ermənilər – Azərbaycan vətəndaşları “Ermənistan” dan kütləvi şəkildə qovulur, təhqir edilir, işgəncə verilir, bütün insani hüquqları tapdalanır.

    “Ermənistan Respublikası” adlanan cinayətkar  dövlətin rəhbərliyinin yadına salmaq istərdik ki, 1828-ci ilin mart ayının 21-də rus qoşunları ilə erməni quldur dəstələri tərəfindən işğal edilmiş, İrəvan və Naxçıvan xanlıqlarının inzibati ərazisində “Müvəqqəti erməni vilayəti” yaradıldı, İrəvan şəhəri sizə “paytaxt” kimi bağışlandı. Əhalisin76,4%-i Azərbaycan türkləri və müsəlmanlar olan İrəvan xanlığının mövcudluğu dövründə xanlığı idarə edən 49 xanın hamısı azərbaycan türkləri olmuşdur. Bunu bütün erməni tarixçiləri də, təsdiq etmişdir.

    1828-ci ildə  İran dövlətinə xəyanət etmiş ermənilərin hamısını xəncədən keçiriləcəyi ərəfəsində İranın Marağa şəhərindən 40.000 erməni rusların köməyi ilə Qarabağ xanlarının yaylağı və ovlağı olan Dağlıq Qarabağa köçürüldü. Bu ermənilər 1978-ci ildə köçürülmənin 150 illiyini təntənəli surətdə qeyd etdilər. Ona görə ki, onların ata-babaları sağ qalmış, özləri isə firavan yaşayırdılar.

    1928-ci ildən başlayaraq indi  “Ermənistan”da yaşayan bütün ermənilər xarici ölkələrdən köçürülərək, İrəvan xanlığı torpaqlarında məskunlaşmış ermənilərdir.

    1828-ci ildə yaradılmış “müvəqqəti erməni vilayəti “ bu gün “Ermənistan Respublikası”-na çevrilmişdir. Həmin ildən başlayaraq  bu torpaqlardan vandalizm, terror, zor gücünə 29,8 kvadrat kilometr ərazidən qovulub çıxarılmış mülkü 3,5 milyon azərbaycan türkləri və müsəlmanlar idi.

    Roma, Bizans, Osmanlı imperatorluqlarından xəyanətə,  satqınlığa görə qovulmuş erməniləri Rusiya sahibsiz tula kimi himayəsinə götürmüş, ayrı-ayrı xalqlara, millətlərə qısqırdaraq “fas” dediyi erməni terrorçu, quldur dəstələrinin ipini hələ ki əlində saxlayır.  Lakin yaxın zamanlarda Rusiya bu ipi əlindən  buraxacaq və o zaman erməni dövləti yer üzündən silinəcəkdir. Siz buna əmin ola bilərsiniz. Tarixlər boyu ermənilərin heç vaxt müstəqil dövləti olmamışdır. Onlar həmişə ayrı-ayrı dövlətlərin ərazisində dövlət qurmaq xəyalında olmuşlar.  Hanı Sizin “Böyük Ermənistan” arzularınız? Bü xülya sabun köpüyü kimi son zamanlar bircə anda yoxa çıxdı. Bütün millətlərə bəla olduğunuza görə indi Qafqaz bölgəsində ermənilərin qovulub çıxarılması müzakirə mövzusudur.

    Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan Respublikasının bir bölgəsidir. Orada yaşayan ermənilər bu gün də Azərbaycan vətəndaşlarıdır. Onlar Azərbaycanda başqa millətlərlə müqayisədə həmişə yaxşı yaşamışdır. Nə edək ki, nankorluq, xəyanət bütün ermənilərin qanındadır. İndi Siz kimsiniz ki, Qərbi Azərbaycan – İrəvan xanlığı torpaqlarından Azərbaycan vətəndaşları olan “bizim erməniləri”, Dağlıq Qarabağ ermənilərini qovub çıxarırsınız. Hətta yaşadıqları Dağlıq Qarabağda da onları təqib edir, “Şur dvas hayer” (dönmüş, kökünü dəyişmiş ermənilər) adı ilə sıxışdırır və onlara deyirsiniz ki, gedin, yenə də azərbaycanlıların, türklərin himayəsində yaşayın. Azərbaycan xalqı həmişə poğos-petroslara, haykanuş-siranuşlara, bütün mülkü vətəndaşlara müsbət münasibət bəsləmişdir. Siz onların başını aldadaraq qoyun sürüsü kimi uçuruma yuvarlatdınız.

    Biz bu gün, bütün Azərbaycan xalqı Dağlıq Qarabağ Muxtar Vilayətinin mülkü əhalisini, milliyətcə erməni olan Azərbaycan vətəndaşlarını cinayətkar  erməni-daşnak  hökumətinin təzyiq və təqiblərindən qorumağa, pozulmuş insani hüquqlarının bərpa olunmasını müdafiə etməyə hazırdır. Çünki onlar Azərbaycan vətəndaşlarıdır.

    “Ermənistan Respublikası”  adlanan cinayətkar dövləti xəbərdar edirik: Azərbaycan vətəndaşları olan mülki ermənilərin insanın hüquqlarına hörmətlə yanaşaq, bütün cinayətkar əməllərindən əl çəksinlər.

    Yaxşı bilirsiniz ki, Qarabağ torpaqlarını işğaldan azad etdikdən sonra, Qərbi Azərbaycan, İrəvan xanlığı torpaqları da işğaldan azad edilərək o torpaqların aborigen əhalisi olan azərbaycan türkləri və müsəlmalar da öz dədə-baba yurdlarına köçürüləcəkdir. Bu vaxta qədər törətdiyiniz cinayətlərə görə Azərbaycan xalqına cavab verəcəksiniz.

    “Qərbi Azərbaycana, İrəvan xanlığı torpaqlarına  Dönüş” İctimai Birliyi adından:

    Sədr – Səməndər Çaxmaqlı

    Bəyanat ingilis, rus və erməni dillərinə tərcümə edilərək sosial şəbəklərdə yaymlanmışdır.

    Bütöv yazını göstər

  • Məryəm xanımın xatirəsi qurucularından olduğu müstəqil Azərbaycanın vətəndaşlarının qəlbində hər zaman yaşayacaq.

    İstiqlalçı millət vəkili Məryəm Həsənova 80 yaşında dünyasını dəyişib.

    Məryəm xanım 1991-ci ilin 18 oktyabrında qəbul olunmuş Müstəqillik haqqında Konstitusiya Aktına səs verənlərdən, “Demokratik Blok” adlanan fraksiyanın 25 üzvündən biri olmaqla, Ali Sovetin məşhur “4-cü mikrofon”unda ilk çıxış edən deputatdır.

    Vətəndaş Həmrəyliyi Partiyası Məryəm xanımın vəfatından kədərləndiyini bildirir, millətimizə dərin hüznlə başsağlığı verir.

    Məryəm xanımın xatirəsi qurucularından olduğu müstəqil Azərbaycanın vətəndaşlarının qəlbində hər zaman yaşayacaq.

  • 41 qardaşın bacısı Məryəm Həsənova dəfn edildi – Foto

    İstiqlalçı deputat, dəyərli ziyalı Məryəm Həsənova Siyəzən rayonunda dəfn olunub.

    Bu sözləri Axar.az-a açıqlamasında VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib. O bildirib ki, vida mərasimi bu gün saat 11:00-da Təzəpir məscidində keçirilib.

    Samir Əsədli deyib ki, Məryəm xanım Siyəzəndə yataqxananın dördüncü mərtəbəsinə yaşayırdı. Lakin son vaxtlar səhhətinə görə evinə qalxıb-düşə bilmədiyi üçün Bakıda bacısının evində qalırdı:

    “Burada ona həm qulluq edirdilər, həm də həkim nəzarətində saxlayırdılar. Məryəm Həsənova Bakıda vəfat etdiyinə görə vida mərasimi də Təzəpir məscidində keçirildi. Nəşi isə Siyəzəndə torpağa tapşırıldı”.

    Məlumat üçün bildirək ki, vida mərasimində istiqlalçı deputatların böyük əksəriyyəti iştirak edib. Xalq şairi, sabiq deputat Sabir Rüstəmxanlı isə xaricdə olduğu üçün mərasimə qatıla bilməyib.

    Qeyd edək ki, 43 istiqlalçı deputat arasında yalnız iki xanım olub – Məryəm Həsənova və Dilarə Əliyeva. 1991-ci ildə qəzada dünyasını dəyişən D.Əliyevadan sonra tək qalan Məryəm xanımı istiqlalçı deputatlar “əziz bacımız” deyə çağırırdılar.

    Xatırladaq ki, 1991-ci ildə SSRİ-nin saxlanmasına qarşı çıxan 43 istiqlalçı deputatdan biri olan Məryəm Həsənova ötən gün 80 yaşında vəfat edib.

  • Ağdamın işğalından 25 il ötür

    Bu gün, iyulun 23-də Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 25 il ötür.

    Rayonun 1094 kvadratkilometrlik ərazisinin 882 kvadratkilometri zəbt edilib, 128 min nəfər didərgin düşüb.

    İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzeyin yandırılıb məhv edildiyi deyilir.

    Rayonun 160 min nəfər əhalisindən 128 min nəfəri ölkənin 62 şəhər və rayonunda məskunlaşıb, işğal nəticəsində rayona 3 milyard 135 milyon dollar ziyan dəydiyi bildirilir.

    Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə atəşkəs razılaşması imzalanana qədər Dağlıq Qarabağ, ətrafdakı 7 rayon və daha bir neçə kənd işğal edilib.

    Münaqişənin nizamlanması ATƏT-in Minsk qrupuna həvalə olunub. Ona ABŞ, Fransa, Rusiya sədrlik edir.

  • Sabir Rüstəmxanlının ordu günü ilə bağlı təbriki

    Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlının təbriki.

    Əziz həmvətənlər!
    Hər birinizi Ordumuzun 100 illiyi münasibəti ilə təbrik edir, Silahlı Qüvvələrimizin şəxsi heyətinə uğurlar arzulayıram.
    Azərbaycan Ordusu çox çətin ictimai-siyasi və hərbi şəraitdə yaradılıb. 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi Tiflisdə elan edilərkən paytaxt Bakı erməni-daşnak silahlı qruplarının girovunda idi. Mart qırğınları ilə Bakının müsəlman-türk əhalisini etnik soyqırıma məruz qoyan, qalanlarını qorxudaraq didərgin salan və ya girova çevirən minlərlə silahlı erməni-daşnak qüvvələri rus birləşmələrinin dəstəyi ilə Azərbaycanda böyük qətliamlara imza atmış, Güney Azərbaycandan, İrəvandan, Zəngəzur-Göyçədən, Naxçıvandan Qubaya qədər onminlərlə türkü öldürmüş, soyqırım həyata keçirmişdilər. Ermənilər qətliamları davam etdirir, eyni zamanda, rus ordusundan qopan minlərlə dişinə qədər silahlanmış erməni daşnakı Azərbaycanı parçalamağı, Azərbaycan torpaqlarında Ermənistan dövləti yaratmağı hədəfləyirfilər.
    Təəssüf ki, onlar istəklərinə nail oldular və Azərbaycan Milli Şurası axan qanı durdurmaq üçün həmin vaxt əhalisinin 87 faizi azərbaycanlılardan ibarət olan tarixi İrəvan xanlığının – İrəvan quberniyasının ərazisini ermənilərə güzəştə getdi.
    Buna baxmayaraq, ermənilər daha çox ərazimizi işğal etməyə qalxdılar və İrəvanın onlara verilməsi şərtini pozdular. Məhz bu şəraitdə – paytaxtı zəbt edilən, ərazisində müharibə aparılan yeni dövlət ola AXC ordunun yaradılmasına başladı.
    Ordunun yaradılması və formalaşması kimi ağır proses müharibə şəraitində gedirdi. Belə şəraitdə ordu formalaşdırmaq, qısa təlimlə ilkin birləşmələri savaşa göndərmək böyük fədakarlıq idi.
    Azərbaycan qısa müddətdə ordunu yaratmağı da, erməni-daşnakları məğlub etməyi də bacardı. Ancaq ermənilər Qarabağ və Zəngəzurda tam kapitulyasiya elan etdikləri zaman sovet mundiri geyinən rus işğalçıları şimaldan ölkəmizə soxuldu.
    Tarix bir də 71 ildən sonra təkrarlandı. Böyük gsclərin hesabına İrəvanı alan və paytaxt edən ermənilər qırmızı ordunun sayəsində Zəngəzur, Meğri, Dərələyəz, Göyçəni ələ keçirdi, 1991-ci ildə növbəti dəfə müstəqillik qazananda və ordusuz bir vəziyyətdə olanda isə rus ordusunun əli ilə Qarabağı işğal etdi və hələ də işğalda saxlayır.
    Bu gün Azərbaycan ordusu Qafqazın ən güclüsüdür və dünyanın ən güclü 50 ordusundan biridir. Bu gün Qarabağın azad edilməsi də Ordumuzun tarixi missiyasıdır.
    Əziz xalqımız!
    Ordumuz müstəqilliyimiz, təhlükəsizliyimiz, suverenliyimizdir və iftixar yerimizdir. Bu gün ordumuzun qürur yerinə çevrilməsi də xalqımızın hədəfinə gedən yolda başlıca dəyərdir!
    Bir daha hamınızı təbrik edir, bayrağımızın Qarabağda, Xankəndi və Şuşada dalğalanmasını arzulayıram.

  • VHP Cümhuriyyət günün qeyd etdi- FOTO

    28 may Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvləri İstiqlal abidəsini ziyarət etmək üçün “İçərişəhər” metrosunun qarşısına yığıldılar.
    Polis partiya üzvlərinə abidə yanına getməyə imkan verməsə də, sonradan
    VHP sədri Sabir Rüstəmxanlının müdaxiləsi nəticəsində bir qrup VHP üzvü abidəni ziyarət edə bildilər.
    Sabir Rüstəmxanlı abidə önündə çıxışında Cümhuriyyət tarixindən, İslam Şərqində ilk demokratik respublikanın qurucularının fədakarlığından danışdı, onların əziz xatirəsi rəhmətlə anıldı.
    Qeyd edək ki, israrla polis əməkdaşları burda qeyd edə bilməzsiniz, gedib Novxanıda qeyd edin deyirdilər.