Vətəndaş Həmrəyliyi Partiyası

Category: Xəbər

  • Bu rayon ekoloji fəlakət həddindədir – Millət vəkili

    Son günlər Neftçala rayonunda içməli suyun şorlaşması, rayon sakinlərinin həyatında yaranan problemlər ciddi narahatlıq doğurub.

    Axar.az xəbər verir ki, Neftçaladan millət vəkili seçilən Sabir Rüstəmxanlı problemi gündəmə gətirib.

    “Kür çayının səviyyəsi son illərdə aşağı düşməkdə davam edir. Bu hal Kürsahili ərazilərdə, daha çox isə Neftçala rayonunda narahatlıq yaradır. Kürün səviyyəsinin çox aşağı düşməsi və kəskin xəzrilərin əsməsi suyun şorlaşmasına səbəb olur. Su azalır, xəzri dəniz suyunu Kürə qovur və bu, vəziyyəti pis məcraya salır. Vəziyyət son həftədə daha kəskin hal alıb, artıq heyvanlar belə su içməkdən imtina edir”, – S.Rüstəmxanlı qeyd edib.

    Millət vəkili Neftçalanın Kürsahili kəndlərində, Mayak, Yenikənd, Bankə qəsəbəsi, Neftçala şəhərinin özündə evlərə şor su gəldiyi üçün əhalinin sudan imtina etməyə məcbur olduğunu vurğulayıb.

    Qeyd edək ki, millət vəkili Sabir Rüstəmxanlının Milli Məclisdə qaldırdığı məsələ bir müddətdir mövcuddur. Artıq Kürdəki suyun şorlaşması Salyan ərazisinə qədər gedib çıxıb.

  • Sabir Rüstəmxanlıdan Böyük Britaniya təbrik

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Böyük Britaniya və Şimali İrlandiya Birləşmış Krallığının milli bayramı – Kraliçanın Təvəllüd Günü təbrik məktubu yazıb. Böyük Britaniyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri

    cənab Ceyms Şarpa ünvanlanan məktubda deyilir: “Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası xanım II Elizabetin doğum günü münasibəti ilə səmimi təbriklərimizi qəbul edin. Ölkənizin milli bayramı – Kraliçanın Təvəllüd Gününüz münasibətilə Birləşmiş Krallığın dost xalqını təbrik edirəm.

    Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası II Elizabetə möhkəm can sağlığı arzulayıram.

    Hörmətli cənab Səfir!

    Bir daha Sizi milli bayram – Kraliçanın Təvəllüd Günü münasibəti ilə təbrik edir, Sizə diplomatik fəaliyyətinizdə uğurlar, şəxsi həyatınızda xoşbəxtlik arzulayıram”.

  • Sabir Rüstəmxanlı ilə Cavanşir Quliyevdən Müşfiq ruhuna ərməğan


    “Nəhayət bitirdim! İllərlə içimdə bəsləyib yetişdirdiyim, hər şeyə rəğmən inadla yazmaq istədiyim “Müşfiq ağrıları” orotoriyasını bitirdim!”
    Dominant.az xəbər verir ki, bunu Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Cavanşir Quliyev bildirib.
    Bəstəkar qeyd edib ki, liberotto Azərbaycanın nakam şairi Mikayıl Müşfiqin acı taleyindən bəhs edir: “Müşfiqin faciəsi cəmiyyətə dərs olmadı. İndi də insanlar ədalətsizyə, qanunsuzluğa susurlar, kənardan baxırlar. Əsər bütün haqları pozulanlara əsr olunub, o cümlədən də, özümə”.
    “Liberettonun müəllifi Sabir Rüstəmxanlıdır. Əsər bir saat səslənir. 13 hissədən ibarətdir – proloq, 6 ağı, 5 qaraguruh, epiloq. İfaçılar – böyük simfonik orkestr, böyük qarışıq xor. Solistlər – soprano, tenor, mezzo-soprano, bariton, qadın – xanəndə, təqdimatçı”, – deyə C.Quliyev əlavə edib.
  • Mən gəminin yalvarışını yox, həyəcanlı səsini eşitmişəm

    VHP Xətai rayon təşkilatının sədri, şair-publisist Faiq Balabəylinin Moderator.az saytıa müsahibəsini təqdim edirik.

     
    – Karantin rejiminin əhvalı yazmağa mane olmur ki?
    – Yox, əslində yeni mövzular verdi. Mənim yazmağıma heç nə mane ola bilməz, nə karantin rejimi, nə həbsxana həyatı, nə dənizdə gərgin iş şəraiti. Yetər ki, ovqatım nəsə yazmağa köklənsin, ürəyimdən yazmaq keçsin, yazacam.
    – İlk şeirinizi əzbər söyləyə bilərsiniz?
    – Əlbəttə, söyləyərəm. Amma ilk şeir deyildə indi deyəcəyim. İndi əzbərdən deyəcəyim bu şeiri hələ orta məktəbdə oxuyarkən Ukraynada, Rovno vilayətinin Kostopolski rayonun Zvezdovka kəndində yaşayan Yuxumeç Qalina adlı bir qıza yazıb göndərmişdim. Bilirsən, o zaman biz sovet məktəbliləri bir-birimizlə məktublaşardıq. Səhv etmirəmsə, 8-ci sinifdə oxuyurduq. Ona məktubun arasında novruzgülü göndərmişdim. Məktubda isə Azərbaycan dilində bu şeiri yazmışdım:
    Sənə göndərdiyim Novruz gülüdür
    Sevgi bildirirlər bu güllə, sən bil.
    Rəngi göz oxşayır, hənux gülüdür,
    Kədəri, göz yaşı bu güllə sən sil.
    İndi mən bu gülü göndərdim sənə
    Vaxt olar özüm də gəlləm yanına,
    Solsa da hər zaman saxla bu gülü
    Sənin də ətrini çəksin canına.
    – Necə oldu, sonra Qalinanı gördünüzmü, saxlamışdımı o gülü?
    – Yox əşşi, bu bir uşaqlıq sevgisi idi. Pioner idik. O, məktəblərindəki tədbirlərdən yazırdı, mən də elə kəndimizdən bəhs edirdim. Həm də bu yazışma rus dilini öyrənməyimizə kömək edirdi. Şəklini göndərmişdi, gözəl qız idi. Sonra böyüdüm, yazışırdıq yenə. İndi heç bir əlaqəmiz yoxdur.
    – Şeirlərinizdə hansısa şairin təsirini hiss etmisinizmi?
    – Yox, hiss etmirəm. Mən yaxşı şeirləri oxuyuram, əzbərləyirəm də hətta. Düşünmürəm ki, özümü hansısa şairə bənzədim, bilərəkdən, yaxud bilməyərəkdən təsir altına düşmək mənim xarakterimə yaddır.
    – Şairlik Tanrının bəxş etdiyi həyat tərzidir, yoxsa Yaradanın insana verdiyi tale yazmaq səlahiyyəti?
    – Kimdə necədir, deyə bilmərəm, ama onu bilirəm ki, yazırsansa səlahiyyətli olmalısan. Mənim həm də həyat tərzimdir. Yazmasam olmaz, elə bilərəm ki, içimdə ağır bir yük var, bu yükdən azad olmaq lazımdır. Gündəlik udduğum hava, içdiyim su, qəbul etdiyim qida, çəkdiklərim ağrı, keçirdiyim əsəb, həyacan, sevinc kimi həyatımda özünü təsdiqləyən bir vərdişdir, yəni mənim həyat tərzim budur.
     
    – Dənizi oxşayan, dənizi vəsf edən çoxlu şeir var. Poeziya dənizlə şeiriyyətin ruhi yaxınlığından söz açır. Hərçənd bunların arasında çətin qavranılan, alt qatı olan bir paradoks da mövcuddur. Gəmi kapitanı Faiq Balabəyli necə düşünür, dəniz mavi qatildir, yoxsa lənətlənmiş gözəl qurban? 
    – Lənətlənmiş gözəl qurban dedin, yadıma “Lənətlənmiş həyat” povestim düşdü. Bilirsən, dənizə çoxlu şeir yazılıb, iri həcmli əsərlərdə dənizdən, dənizçidən bəhs olunub, filimlər çəkilib. Bunların uğurlusu da var, uğursuz qələmə alınanı da. Mən dənizə qatil deməzdim, baxmayaraq ki, çoxlu can alıb və almaqdadır. Gənc vaxtlarımda şeir yazmışdım: Dəniz elə həmənkidir, gah mülayim, üzəgülər, Gah da dönüb ölüm olar, bizi güdər, – demişdim. Dənizi sevmək azdır, onu başa da düşmək, tanımaq lazımdır. Həyatımın müəyyən vaxtları dənizdə keçib, hər üzünü görmüşəm və inciməmişəm, məsuliyyətli olmuşam. Dənizdən nə yazmışamsa, uydurma, fantaziya olmayıb. Gördüklərimi, hiss etdklərimi, duyduqlarımı oxucuya ötürmüşəm.
     
    – Qəzaya uğrayan gəmilər birdən-birə suyun dibinə getmir, sanki imdad diləyə-diləyə, son ümidi suya qərq olanadək yalvarır, sonra da batır. Heç batan gəmi gördünüzmü? 
    – Batan, batmaq təhlükəsi olan gəmilər görmüşəm. Köməyinə də çatmışıq. Əsasən sən deyən kimidir. Gəmilər qəzaya düşəndə birdən-birə batmır. Amma qəzaya salınanda, gəmilər məqsədli şəkildə batırılanda qısa müddətə suyun dibinə baş vurduqları hallar da olur.
    Yelkəni küləklə dolan ağ gəmi
    üzər uzaqlara, geriyə dönməz…  
    Mənim xəyallarımda batan, vidalaşan gəmi həmişə belə olub, belə yaşatmışam. Mən gəmi kapitanıyam, kapitanlar gəmini sonda tərk edir. Mən komandiri olduğum gəminin yalvarışına dözə bilmərəm, hansı yollasa onu xilas etməyə çalışaram. Mən gəminin yalvarışını yox, həyəcanlı səsini eşitmişəm, qəhrəmanlığını, dözümünü görmüşəm – 1990-cı ilin 20 Yanvar hadisələri zamanı. Bakı buxtasında rus-sovet hərbi gəmiləri ilə savaşımız zamanı. “Kəsilməyən həyəcan fiti” adlı kitabım da var.
    – Təsis etdiyiniz Dənizçilərə Sosial Dəstək İctimai Birliyi qeydiyyatdan keçib. Təbrik edirəm. Dənizçi hüququ nə deməkdir, bu ifadə nəyi ehtiva edir? Ümumiyyətlə dənizçilərə sosial dəstək necə olmalıdır?
    – Təbrikə görə çox sağ ol. Bilirsən, Oqtay, dənizçi hüququ deyilən ayrıca bir termin yoxdur. İnsanlarımızın hüquqları pozulur və bu sırada istənilən peşə sahiblərinin adını çəkmək olar. Lap elə hüquqlarımızı müdafiə edən, qoruyan təşkilatların da əməkdaşları hüquqsuzluqdan şikayətli olur. O ki qaldı dənizçilərə sosial dəstəyə, onların hüquqları ilə məşğul olmağa, bu indiki durumda çox vacibdir, baxmayaraq ki, təsis etdiyim İctimai Birliyin yaranması ideyası ağlıma gəlməzdən bu çatışmazlıqlar mövcud olub. Hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin gəmilərinin və dənizçilərinin də hər hansı haqsızlıqla üzləşdiyi hallar olur, dediyim kimi bu əvvəllər də belə olub. Çoxlu irad, şikayət və təkliflər verilir. Soruşuram niyə rəhbərliyə demirsiz? Bəzləri ehtiyat edir ki, adı qara dəftərə düşər, bəziləri də deyir ki, nə xeyri olacaq… Mənim bu haqda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyi ilə görüşümüz zamanı söhbətimiz olub. Gəmiçiliyə rəhbərlik edəndən bəri çox yeniliklərə, ilklərə imza atan Rauf Vəliyev əslində mənim qeydiyyatdan keçirdiyim bu birliyə xoş münasibət bildirdi. Baxmayaraq ki, qaldıracağımız, ictimailəşdirəcəyimiz, həllinə nail olmağa çalışacağımız qüsurlarla bğlı əsasən ona müraciətlər ediləcək. Bilirsən, elə məsələlər var ki, o səviyyəyə qalxmadan həllini tapmalıdır. Ya buna mane olanlar var, ya da işinin öhdəsindən gələ bilməyənlər. Ya da işinin öhdəsindən gəlib, insan amilini ikinci, bəzən üçüncü dərəcəli hesab edənlər.
    – Eşitdiyimə görə, ilk nəsr əsəriniz çap olunanda ağsaqqal söz adamlarından biri şairi şeirdən almaq istəyən nəsrə etiraz edib, sizə poeziyadan uzaqlaşmamağı tövsiyə edib. Məgər şair Faiq Balabəyli nasir Faiqə qısqanır ki?
    – Qələm dostlarım olub ki, məni nəsrə keçdiyimə görə təbrik ediblər və hətta sən nəsrdə özünü daha yaxşı ifadə edə bilərsən deyiblər. Bilirsən, mən iddiası boyundan yuxarı olmayan adamam, yazıçıyam. Nəyi necə bacarıramsa, daha yaxşı harda ifadə edə bilirəmsə, o janrda da yazıram. Oxucu qıtlığım yoxdur. Bu elə kitablarımın tez bir zamanda satılmasında, tələb olunmasında da özünü göstərir. Hə, olub elə bir söhbət və mənim nəsrimlə tanışlıqdan sonra şeir də yaz, nəsr də deyiblər.
    – Bir şeir deyin…
    – Şeir demək mənim üçün çətin olmayan bir işdir. Yaxşı, deyim:
    Üzümü söykəməyə gövdəndə yer gəzirəm
    budaqların qol kimi sarmaşmır daha mənə,
    qaranlıq dərə bilib ovcumda əl gəzirəm
    qoşa əlin ovucu, qaranlıq kaha mənə…
    İlahi, daha rəhmin gəlməsin mən zalıma
    çöhrəmdə sevinc nədir,
    kədər də donmaz daha
    bu mənasız həyatda çiynimi söykədiyim
    bu ağac budağına
    quşlar da qonmaz daha…
    Gözlərimin işığı öləziyib şam kimi
    əriyib yoxa çıxır qəlbimin nisgili də.
    Bir həyatın dibindən boylanıb üzü bəri
    alın yazım oxunur… oxunur kölgəlikdə.
    Daha heç nə qəlbimin sarı simini qırmaz;
    nə bacımın göz yaşı, nə anamın ağısı
    çiynimi söykədiyim bu ağacın gövdəsi
    üzümü söykədiyim yarpaqların ağrısı…
    İlahi, rəhm eləmə, qoy uzansın bu ömür
    yaş olan yanaqların tamı, duzu bilinsin
    İlahi, qələmindən boy verən alnımdakı
    hər yetənə oxunan yazıların silinsin.
    – Azərbaycan poeziyası bu gün arzuladığı yerdədirmi? 
     
    – Nəyimiz varsa budur. Bizim poeziya heç vaxt gözüqıpıq olmayıb. Dünyada istənilən xalqın poeziyası ilə ayaqlaşan və onların poeziyasından qabaq olan poeziyamız var. İstər klassik, istər çağdaş şeir nümunələri olsun. O tamam başqa söhbətdir ki, çox vaxt tərcümə məsələsində geriyik. Kimin gücü çatır özünü, yaxud qohumunu tərcümə etdirir ki, bu da bizim poeziyanın əsas sifəti olmur.
    – Şeir yazmaq get-gedə kütləviləşir. Doğrudanmı, biz şair xalqıq?
    – Qardaş, əlimizdən bir iş gəlmir də… bütün dərdimizi, sevincimisi sözün, şeirin köməyi ilə ifadə edirik. Xalq qəhrəmanımız Koroğludur ki, döyüşə də şeir deməmiş girməzdi. Dədə Qorqud boylarında da nəzm var. Demək, xalqımız şeirə, sözə meyillidir.
    – Azərbaycanda neçə böyük şairin adını çəkmək olar? Ümumiyyətlə sizin ən çox oxuduğunuz şairlər kimlərdir?
    – Hər kəsin özünün oxuduğu, böyük bildiyi şairi var. Zövqlər müxtəlifdir. Məsələn, mən yaşayanlardan bir neçə şairi öz şairim bilirəm və adlarını da çəkmirəm. Özləri bilir…
    – Sizi görəndə “heç şairə oxşamırsınız” deyənlər olubmu?
    – Hə, olub. Bir dəfə Şərif Ağayar hansısa müzakirə, yaxud mübahisə zamanı dedi ki, sən öl, Faiq “KamAz” şoferinə oxşadı. Belədə də, mən heç vaxt özümdə şair obrazı yaratmamışam. Saçm dağınıq olmayıb, yalandan siqaret çəkib özümü “şair cildinə” salmamışam. Şeir də yaza bilirəm, dava da edirəm, vaxtı ilə qumar da oynamışam, ona-buna söz də atmışam və insanlara yaxşılıq etmək istəmişəm, etmişəm də, bacardığım qədər.
    – XXI əsrin bombalı, viruslu çağında, kabusun və qorxunun Yer üzünü qara bulud təki aldığı dövrdə, hər gün daha çox insanın günahsız əzab çəkdiyi zamanda, görəsən, hələ də İsa Məsih kimi suyun üzərində yeriyə biləcək qədər mömin adam varmı dünyada?
    – Mən namaz qılmıram, oruc tutmuram, Allahın evinə – məscidə gedib ibadət etmirəm və özümü bunu edənlərdən daha mömün hesab edirəm. Sualına cavab olaraq isə deyirəm, yoxdur elə bir adam, olmayıb və olmayacaq da. Dövr, zaman, kütləvi qırğınlar, Allaha “paçka” gəlib, guya ibadət edib, namaz qılıb, amma yüz cürə hiylə-məkrlə yaşayanlar, başqalarına acılar yaşadanlar, bununla da “gözəgörünməz kişini” aldatmaq cəhdləri insanlarda daha çoxdur.
    – Maraqlı söhbət oldu, sağ olun, dənizi şeirlə oyadın, kapitan… 
    – Sən sağ ol, saytınız uzunömürlü olsun, daima izləyirəm. Və bütün söhbət boyu “sən” deyə müraciətim isə söhbətimizin daha da isti olması üçün idi…
    Söhbətləşdi: Oqtay Qorçu
  • Gənclər təşkilatlarının sükut illəri – passivliyin arxasındakı səbəblər

    Səlahəddin Əsgər: “Bu, bütövlükdə cəmiyyətin durumu ilə bağlıdır”

    Azərbaycanda son illərdə gənclər təşkilatlarının fəaliyyəti sıfıra enib. Halbuki, vaxtilə siyasi partiyaların, yaxud partiyalara bağlılığı olmayan gənclər təşkilatları var idi ki, ölkədə fəallıqları ilə seçilirdilər.

    Hazırda əksər siyasi partiyalarda ya gənclər təşkilatları yoxdur, ya da həmin partiyalarda gənclərlə əlaqələri rəhbərlərin təyin etdikləri müavinlər, yaxud müşavirlər qururlar. Siyasi fəaliyyətlə məşğul olan gənclərin nə iş gördükləri, nə üçün gənclər təşkilatlarının fəaliyyətinin bu qədər zəifləməsi ilə maraqlandıq.

    Səlahəddin Əsgər
    Səlahəddin Əsgər

    VHP Gənclər Şöbəsinin müdiri Səlahəddin Əsgər milli məsələlərdə gəncləri aktiv olmağa çağırdı: “Hazırda partiyamızda 3 minədək gənc fəaliyyət göstərir. Ümumiyyətlə, partiyanın müxtəlif strukturlarında gənclər yer alıb və Gənclər Təşkilatında olan bir çox gənc sonradan partiyanın rəhbər strukturlarında təmsil olunurlar. Bu gün VHP Mərkəzi İcra Aparatına rəhbərlik edən Samir Əsədli zamanında Gənclər Təşkilatının rəhbəri olub. VHP Gənclər Təşkilatı ölkənin bir çox gənclər təşkilatları ilə əlaqələr qurub. Müsavat, Ümid, AXCP, AMİP kimi partiyaların gənclər təşkilatları, eləcə də NİDA və müstəqil gənclər təşkilatları ilə əməkdaşlıqlarımız var. Bir neçə dəfə birgə tədbirlər keçirilib, siyasi polemikalar aparılıb. Ölkədə gənclər təşkilatlarının fəaliyyətinin passivliyinə gəldikdə isə, bu bütövlükdə cəmiyyətin durumu ilə bağlıdır. Təbii ki, Qarabağ məsələsində, bir çox milli məsələlərdə gənclər aktivlik göstərməlidir. Bizim fəaliyyətimiz də əslində bu aktivliyi yaratmaq, gənclərin ölkənin ictimai-siyasi həyatına təsirini artırmaqdan ibarətdir”.

    Araz Teymurlu
    Araz Teymurlu

    AĞ Partiyanın gənclərlə iş üzrə müşaviri Araz Teymurlu deyilənlərlə dolayısı ilə razılaşmır: “Gənclər nəinki Azərbaycan siyasətində, bütün dünyada siyasətin lokomotivini təşkil edir. Tarixən siyasi proseslərə nəzər salsaq görərik ki, dünyada baş verən bütün önəmli hadisələrdə gənclər aparıcı qüvvə olub, olmaqda da davam edəcəklər. Boşuna deyil ki, bütün siyasi partiyalar təşkilatlanmış gəncləri, tələbə gənclər təşkilatlarını və s. öz sıralarında görmək istəyir. Siyasi partiyaların enerjisi, gücü, motivasiyası gənclərin çiyinləri üzərində olur. Bildiyiniz kimi, AĞ Partiya Azərbaycan siyasi səhnəsində  digər partiyalarla müqayisədə yeni qurulmuş partiyadır. Belə olmasına baxmayaraq, kifayət qədər çəkisi olan və günü-gündən güclənən partiyadır. Bu nüansı boş yerə vurğulamadım. Çünki partiyamızın rəhbərliyində təmsil olunan şəxslər zamanla ölkənin ən böyük siyasi partiyalarından olan bir təşkilatın gənclər qollarında yetişmiş, ciddi siyasi fəaliyyətlə məşğul olmuş şəxslərdir. Bu siyasi təcrübə bu gün partiya quruculuğunda və fəaliyyətində öz sözünü deyir. Partiyamızın gəncləri təşkilatlanmaqla, gücünə güc qatmaqla, ölkəmizdə yetişən gəncliklə işləməyin yolunu tapmaq üzərində çalışır. Gördüyümüz işlərə baxacaq olsaq rahatlıqla deyə bilərik ki, bu sahədə nəticə də əldə edirik. Əlbəttə, daha böyük işlər üçün müəyyən zaman lazımdır. Hər bir AĞ Partiyalı gənc məsuliyyətini dərk edir, ideoloji cəhətdən hazırlıqlıdır, daima öz üzərində işləyir”.

    Cavanşir ABBASLI,
    “Yeni Müsavat”

  • Sabir Rüstəmxanlı Rusiya səfirini təbrik edib

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri cənab Boçarnikov Mixail Nikolayeviçi Rusiya günü münasibəti ilə təbrik məktub göndərib. Məktubda millət vəkili “Rusiya günü”nün tarixinə toxunub: “1990-cı il iyunun 12-də RSFSR-in dövlət suverenliyi haqqında bəyannamənin qəbulu Rusiyanın tarixində yeni mərhələnin başlanğıcı oldu. Bununla Rusiya tarixdə ilk dəfə siyasi plüralizm, demokratiya, bazar iqtisadiyyatı yoluna qədəm qoydu. Bu proses həm də sovet respublikalarının dövlət müstəqilliyi qazanması prosesinə ciddi təkan vermiş oldu”.

    Sabir Rüstəmxanlı məktubda Azərbaycan Rusiya münasibətlərinə toxunaraq səfirə xoş arzularını çatdırıb: “Azərbaycan ictimaiyyəti Rusiya dövlətinin ölkəmizin ərazi bütövlüyünün bərpası üçün mövqeyini hər zaman diqqətlə izləyib. İnanırıq ki, Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonra böyük tarixi keçmişə malik Rusiya-Azərbaycan münasibətləri daha uğurlu və dinamik inkişaf yoluna qədəm qoyacaq.

    Hörmətli cənab Səfir!

    Bir daha Sizi Rusiya günü münasibəti ilə təbrik edir, Sizə diplomatik fəaliyyətinizdə uğurlar, şəxsi həyatınızda xoşbəxtlik arzulayıram”.

  • Виновные должны быть наказаны – депутат возмущен действиями полиции Политика

    Баку/10.06.20/Turan: Граждане не должны были бросать мусор в полицейских с балконов, но  полиция не должна была атаковать квартиры гражданин, как будто они ловят террористов. Такое мнение агентство Turan выразил депутат Сабир Рустамханлы, комментируя инцидент 7- 8 июня в столичном  массиве Ени Ясамал.

    «Полиция, которую я увидел на кадрах 8 июня, во время  их нападения на жилое здание было анормальным явлением. Зачем надо было собирать такое количество полиции  стучать в двери в 6 часов утра?

    Даже если бы там был преступник, его можно было бы задержать  более спокойным, более цивилизованным способом в соответствии с требованиями закона. Людям не дали даже одеться.

    Такое отношение к гражданам , которое видно на кадрах, недопустимо», – сказал депутат.

    Там, где происходит подобное, теряется доверие к полиции. Подобные действия должны быть решительно осуждены.

    Депутат считает, что эта спецоперация не принесла ничего положительного  имиджу  полиции.

    Особенно возмутительно то, что полицейские сами снимали на видео происходящее, а потом размещали в соцсети. «Что это такое? Как так можно?», задает вопросы Растамханлы.

    “МВД и соответствующие ведомства должны разобраться с этим.  Что же касается офицеров полиции, оскорблявших и нарушавших права граждан, то они должны быть наказаны”, отметил Рустамханлы.

    www.turan.az/

  • Siyasi məhbus olan ata-oğul: Təbrizin mərkəzi həbsxanasına aparılıb

    Birlikdə 12 ay həbs cəzasına məhkum edilən güney azərbaycanlı milli-mədəni fəal Cəfər İsmayılzadə və oğlu Milad İsmayılzadə dünən Təbriz məhkəməsinin hökmləri icra edən şöbəsinə getdikdən sonra saxlanılıblar.

    DAK İdarə Heyətinin üzvü Ağrı Qaradağlının dak.az-a verdiyi məlumata görə, İran həbsxanalarında koronavirusun geniş yayılmasına baxmayaraq milli fəallar iyunun 6-də Təbriz Mərkəzi Zindanına aparılıblar.

    Təbrizin Apelyasiya Məhkəməsinin 3-cü şöbəsi milli fəalların həbs cəzasını təsdiq edib. Daha öncə Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsi “Sepah”ın təhlükəsizlik bölümünün raportunu əsas götürərək fəalların hər birini 6 ay azadlıqdan məhrum edib.

    Ata və oğul “bölücülüyü əks etdirən vərəqələr paylamaqla sistemin əleyhinə təbliğat aparmaq” və “Təbriz şəhərində kürd və erməni dillərində olan lövhələri yandırmaq”da ittiham olunublar. 2019-cu il mayın 29-da Təbrizdə öz iş yerlərində “Sepah”ın təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılan ata və oğul 50 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdı.

  • Müxalifət iki günlük sərt karantini necə keçirdi – rəylər

    Düşərgə təmsilçiləri arzu və təkliflərini də dilə gətirdilər

    Azərbaycanda şənbə-bazar günləri koronavirusla bağlı 4 iri şəhərdə və Abşeron rayonunda ilk dəfə, faktiki, komendant saatı tətbiq edildi. Belə bir şəraitdə ölkə müxalifətinin necə fəaliyyət göstərməsi ilə maraqlandıq.

    VHP Ali Məclisinin katibi Asif Şəkərli: “Bu iki günlük karantin pandemiya dövrünün ən sərt qərarı idi. Təbii ki, müxalifət də hamı kimi qadağalara əməl etdi. Bu qadağaların insanların sağlamlığı və yoluxmanın qarşısını almaq üçün edildiyinin fərqindəyik. Ancaq təəssüflər olsun ki, bu iki gündə həm vətəndaşlar, həm də polis tərəfindən xoşagəlməz olayların şahidi olduq. Unutmayaq ki, insanlarımız bu şəkildə sərt karantinə hazır deyildilər və buna vərdiş etməyiblər. Buna görə bəzi məqamlarda aqressiyasız da ötüşmək olardı. Növbəti həftə üçün də eyni karantin qaydaları hazırlanır. Ümid edirik ki, bu dəfə hər iki tərəf təmkinli davranacaq”.

    AĞ Partiya başqanı Tural Abbaslı iki gün ərzində fəaliyyətsiz qalmadıqlarını söylədi: “Müxalifət də xalqın bir parçasıdır. Demək olar ki, biz xalqımızdan fərqli formada yaşamırıq. Ancaq təbii ki, fəaliyyət sahəmizə görə fərqlərimiz mövcuddur. Adətən biz yeni, gənc partiya olaraq çalışırıq ki, hər məqamı inkişafımız üçün məqama çevirək. Bunun üçün də karantin günlərində, sadəcə, olaraq evdə oturmaqla kifayətlənmirik. Bu məqamdan istifadə edib partiyanın tamamlanmamış işlərini tamamlamağa, daxili məsələləri həll etməyə və digər partiyalarla əlaqələrin güclənməsinə çalışırıq.

    Gücləndirilmiş 2 günlük karantin müddətində də AĞ Partiya olaraq bu işlərlə məşğul olmuşuq. Təbii ki, mətbuatın suallarını cavablamışıq, dünyada və ölkəmizdəki siyasi prosesləri diqqətdə saxlayaraq, hadisələri analiz edib adekvat mövqelər sərgiləmişik. Bir sözlə, çalışmışıq ki, karantin günlərini də partiya üçün səmərəli keçirək”.

    Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev karantin şərtlərinə əməl etdiklərini bildirdi: “Biz karantin rejiminin tələblərinə əməl edib, hamı kimi evdə olmuşuq. Müasir dövrün imkanlarından istifadə edərək həm siyasi, həm də digər işlərimizi həyata keçirməyə çalışmışıq. Amma ölkə olaraq əsas vəzifəmiz koronavirus təhlükəsindən azad olmaqdır və bizim də siyasi təşkilatlar olaraq bu istiqamətdə görəcəyimiz iş – təkliflər vermək, prosesin müsbət istiqamətdə inkişaf etməsi üçün əməli addımlar atmaqdır”.

    ALDP rəhbəri Fuad Əliyev: “Həftəsonu olduğuna görə həmişəki kimi ailəmlə birlikdə iki gün keçirdim. Düzdür, evdən çıxa bilmədik, amma evdə uşaqlarla çox səmərəli vaxt keçirdik. Sosial şəbəkələr üzərindən mənə ünvanlanan sualları cavablandırdım. Bir neçə partiya sədri ilə zəngləşib, söhbətləşdik. Partiyanın Sədr Aparatının Whatsapp qrupunun işini yenidən aktivləşdirdik”.

    KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu problemlərin aradan qalxacağına ümid edir: “Hamı iki günü necə keçirdisə, biz də elə. Operativ Qərargahın qərarlarına tabe olduq. Qadağalardan qabaq mağazalardan zəruri ərzağın, əsasən də çörəyin sistemsiz, pərakəndə satışında, mağazalara daşınma işində ciddi qüsurlar oldu. Bu məsələ ictimai narazılıq yaratsa da, ümid edək ki, bu cür problemlər aradan qalxacaq”.

    Cavanşir ABBASLI,

    “Yeni Müsavat”

  • Samir Əsədli: “Qoruyucu vasitələr siyasi yox, təhlükəsizlik və sağlamlıq üçündür”

    Koronavirus pandemiyası aradan qalxmadığından, bütün dünyada olduğu kimi, Azərbaycanda da önləyici tədbirlər davam etdirilir. Vətəndaşlar qarşısında qoyulan əsas tələblərdən biri sosial məsafəni qorumaq və maska taxmaqdır.

    Bəs digər müxalifətlər maska və sosial məsafə tələblərinə əməl edirmi? Belə tələblər olanda, əsəbiləşirlər, yoxsa normal qəbul edirlər?

    Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli dedi ki, pandemiyadan irəli gələn karantin şərtləri və infeksiya yoluxmasından qaçmaq üçün tələb olunan qoruyucu vasitələr siyasi yox, təhlükəsizlik və sağlamlıq üçündür. Buna görə də həmin tələblərə münasibətdə siyasi düşüncə fərqi əhəmiyyət kəsb etmir. Əksinə, müxalifət də bu qanunlara əməl edilməsi üçün cəmiyyətdə təbliğat aparmalıdır. Biz qəbul olunmuş qaydaları anlayışla qarşılayırıq”.

    AMİP-in sədr əvəzi Arzuxan Əlizadə bildirdi ki, AMİP olaraq hələ martın 25-də Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən pandemiya ilə əlaqədar verilən qərarlara dəstək bəyanatı ilə çıxış edib: “Sonradan da tətbiq olunan qadağalar onlar və əksər müxalifət nümayəndələri tərəfindən anlayışla qarşılanaraq əməl edilib. Qadağaların tətbiqindən iki aydan da artıq bir müddət keçib. Əlbəttə ki, daim qadağalarla yaşamaq da mümkün deyil. Qadağaların insanlarımız üçün müxtəlif əlavə problemlər yaratdığının da fərqində olmalıyıq. Bəzən verilən qərarların cəmiyyətdə birmənalı qarşılanmaması da etiraf olunmalıdır. Onu da nəzərə almaq lazımdır ki, sosial məsafə saxlanılması vacib hesab olunsa da, maska taxılması ilə bağlı hətta mütəxəssislərin fikirləri də fərqlidir. Lakin bu qadağaların bütövlükdə vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət etdiyini qəbul edərək istəsək də, istəməsək də, onlara əməl etmək hər birimizin borcudur”.

    ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, koronavirusun yayılmasının qarşısının alınması üçün Nazirlər Kabineti yanında Operativ Qərargah icrası məcburi olan qərar veribsə, o qərara əməl edilməlidir: “Əgər bu qərarlar sırasında hər kəsin maska taxması tələbi varsa, maska vətəndaşlara pulsuz verilsə yaxşı olar. Əslində belə də olmalıdır ki, nəqliyyatda, ictimai-iaşə yerlərində, ticarət mərkəzlərində hər kəs maska taxsın. Şəxsən mən maska taxıram və maska taxmadığım üçün polisdən hər hansı tövsiyə və ya tələblə rastlaşmamışam. Şəhərdə əhalinin böyük hissəsinin maska taxmadığının da şahidiyəm”.

    AXP sədri Pənah Hüseyn bildirdi ki, müəyyən edilmiş hansısa normalar qüsurlu ola bilər, lakin normalar qüvvədə qaldıqca onlara əməl edilməlidir: “Mən qəbul olunmuş normalara əməl edilməyin tərəfdarıyam. Maska taxmaq virusdan qorunmaq üçün lazım bilinirsə, taxılmalıdır. Bunu etməyəndə polis yaxınlaşırsa, buna da normal yanaşmaq lazımdır, əsəbiləşmək lazım deyil”.

    Etibar SEYİDAĞA,
    “Yeni Müsavat”