Vətəndaş Həmrəyliyi Partiyası

Category: Xəbər

  • “İşdən çıxarılmış neftçilər iş yerlərinə qaytarılmalıdır” – Sabir Rüstəmxanlıdan xarici şirkətə sərt etiraz

    Vətəndaş Həmrəyliyi Partiyasının lideri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı təmsil etdiyi Neftçala rayonunda fəaliyyət göstərən, neftçıxarma şirkəti olan Qlobal Enerji Şirkətinin 30 nəfər neftçini ixtisara salmasına etiraz edib.

    VHP.az bildirir ki, deputat bildirib ki, rayonda 30 nəfər neftçinin işsiz qalması onu ciddi narahat edir: “Pandemiya dövründə işçilərin ixtisarı və ya işdən çıxarılması ölkə rəhbərliyinin qərarı ilə yolverilməz olsa da Neftçalada fəaliyyət göstərən Qlobal Enerji Şirkəti 30 nəfər neftçini ixtisara salıb. Bəhanə neftın ucuzlaşması və şirkətin maliyyə durumunun ağırlığıdır… Neftçilər bir çox təşkilatlara müraciət etsələr də məsələ həll edilməyib. Bu barədə mən Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayevlə danışdım, lakin o da məsələni həll edə biləcəyinə söz vermədi. “Özəl şirkətdir, işlərinə qarışa bilmirik.” dedi. Halbuki, bu şirkət Azərbaycan ərazisində Azərbaycanın qanunları çərçivəsində fəaliyyət göstərməlidir.
    İndiki şəraitdə 30 nəfər ailə başçısını işsiz qoymaq və hər cür sosial yardımdan kənarda saxlamaq olmaz! Bunun qarşısı alınmalı, neftçilər öz iş yerlərinə qaytarılmalıdırlar”.

  • Neftçalanın ilk şəhidinin məzarı abadlaşdırılır

    Neftçala rayonunun Bankə qəsəbəsində Neftçalanın ilk şəhidi, Qarabağ qazisi Gözəlov Əfsər Sətar oğlunun məzarının baxımsız vəziyyətdə olması milklət vəkili, VHP sədri Sabir Rüstəmxanlı tərəfindən diqqətə alınıb. S.Rüstəmxanlının təşəbbüsü və dəstəyi ilə məzarın ətrafının abadlaşdırılması və başdaşının yenilənməsi üçün işlərə başlanıb. Millət vəkilinin köməkçisi Fərman Hüseynov işlərin yaxın vaxtlarda başa çatacağını bildirib. O həmçinin qeyd edib ki, millət vəkilinin bu təşəbbüsü həm Bankəı qəsəbəsində, həm də Neftçala rayonunda böyük rəğbətlə qarşılanıb.

  • VHP Suraxanı təşkilatının sədri dəyişdi

    Rüstəm Fətullayev

    Karantin şərtlərini qoruyaraq Vətəndaş Həmrəyliyi Partiyasının həm mərkəzi aparatı, həm də yerli təşkilatları fəaliyyətini davam etdirir. Dünən VHP Suraxanı rayon təşkilatının Məclisinin onlayn iclası keçirilib. Toplantıda təşkilat sədrinin fəaliyyəti müzakirə edilib. Müzakirələr nəticəsində təşkilat sədri Aydın Fərhadov rayon təşkilatının sədrliyindən azad edilib. Növbəti konfransa kimi Suraxanı rayon təşkilatının sədri vəzifəsinin icrası Rüstəm Fətullayevə həvalə edilib.

    Toplantıda həmçinin cari məsələlər müzakirə edilib, Məclis üzvləri öz fikirlərini bildiriblər. Hər kəs pandemiya dönəmində qoyulan qadağalara əməl olunmasının, yoluxmanın qarşısının alınması üçün tələb olunan şərtlərə əməl edilməsinin vacibliyini bildirib.

    Onlayın toplantıya VHP Ali Məclisinin katibi Asif Şəkərli də qatılıb.

  • “Rusiyadakı referendumdan sürpriz gözləməyə dəyməz, lakin…”

    “…Çağdaş dünyamızda imperializmin gələcəyi yoxdur”
     
     “Rusiya da uzun müddət bu yolu davam etdirə bilməyəcək”
    Rusiyada baş nazir və dövlət başçısı olaraq Rusiyanın son 20 ilinə damğasını vuran Vladimir Putinin 2036-cı ilə qədər iqtidarda qalmasının önünü açan konstitusiya dəyişiklikləriylə əlaqədar referenduma başlanıb. Səsvermə 1 iyulda sona çatacaq.
    Dəyişikliklərin qəbul edilməsi halında, mövcud vəzifə müddəti 2024-cü ildə sona çatan 67 yaşlı Putin, altı illik dövrlərlə iki dəfə də namizəd ola biləcək. Növbəti  seçkiləri də qazansa, daha 16 il iqtidarda qala biləcək. Bununla bağlı BBC geniş sujet təqdim edib. Vurğulanıb ki, referendumun ilk mərhələdə 22 apreldə keçirilməsi nəzərdə tutulurdu. Ancaq koronavirus epidemiyası səbəbindən səsvermə 25 iyuna müəyyən olunub.
    Rusiyadakı prosesləri “Sherg.az”a dəyərləndirən Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin katibi Asif Şəkərli deyib ki, Rusiya dünyada mövcud olan imperalist və avtoritar düşüncə daşıyıcısı olan iki gücdən biridir. Politoloq bildirib ki, bu mövqenin qazanılmasında Kreml rəhbərinin bir lider kimi şəxsi keyfiyyətləri müstəsnadır:
    “Rus cəmiyyəti də bu xarakterə meyillidir. Hətta cəmiyyətdə “Putin yoxdursa, bu gün Rusiya da yoxdur” fikrini formalaşdıranların sayı milyonlarladır. Etiraf edək ki, Rusiyada bu dövləti imperiya kimi görmək istəyənlərin sayı daha çoxdur. Düzdür, son illər şimal qonşumuzda demokratik meyilli qüvvələr aktivləşib. Amma bu qüvvələrin gücü hazırkı durumu dəyişmək iqtidarında deyil. Bütün bu faktorlar onu deməyə əsas verir ki, referendumdan sürpriz nəticə gözləməyə dəyməz. Lakin onu da qeyd edək ki, çağdaş dünyamızda imperializmin gələcəyi yoxdur. Rusiya da uzun müddət bu yolu davam etdirə bilməyəcək”.

  • Ukrayna prezidenti soydaşımızı Odessa vilayətinin hakimi təyin edib

    Səfərova Anjelika Fərhad qızı

    Ukrayna Prezidenti Vladimir Zelenski 27 yerli hakimin təyinatı haqqında fərman imzalayıb.

    Ukrayna Prezidentinin rəsmi saytına istinadn KİV xəbər verir ki, təyin olunan yeni hakimlər 13 vilayəti əhatə edir.

    Yeni hakimlər arasında soydaşımız da var. Prezidentin fərmanı ilə Səfərova Anjelika Fərhad qızı Odessa vilayətinin Kominternovsk rayonunun hakimi təyin olunub.

    Anjelika xanım əslən Qərbi Azərbaycandandır, Türkmənistanda doğulub

  • Partiya, redaksiya və QHT-lərdə karantin günləri – açıqlama

    Təşkilatlar fəaliyyətsiz qalmamağa çalışır, redaksiyalara məhdud sayda əməkdaşlar gəlir, digərləri evdən işləyir…

    Azərbaycanda iyunun 21-dən etibarən gələn ayın 5-nə qədər koronavirusla bağlı xüsusi karantin rejimi tətbiq olunub. Bu müddət ərzində partiyaların qərargahlarının, redaksiyaların, eləcə də QHT-lərin ofislərinin açıq olub-olmayacaqları, onların necə fəaliyyət göstərəcəkləri ilə maraqlandıq.

    Şəfəq Qulusoy

    VHP Ümumi Şöbəsinin müdiri Şəfəq Qulusoy toplantıları təxirə saldıqlarını bildirdi: “Vətəndaş Həmrəyliyi Partiyası karantin rejiminin tətbiqi ilə əlaqədar partiyanın bütün toplantılarının təxirə salınması haqqında qərar qəbul edib. Hər hansı bir məsələ ilə bağlı müzakirə aparmaq, qərar vermək üçün lazım olduqda onlayn qaydada müzakirələr aparılır və müvafiq qərarlar qəbul edilir. Fəaliyyətimizi təbii ki, məhdudlaşdırmışıq. Qərargahda yalnız Mərkəzi İcra Aparatının rəhbəri və işlər müdiri əyləşir, digər əməkdaşlar isə karantin müddətində işə gəlməkdən azad edilib. Ola bilsin ki, bu karantin müddətində, ondan sonrakı müəyyən dövrdə də partiyanın fəaliyyəti məhz bu şəkildə həyata keçiriləcək”.

    Fuad Əliyev

    ALDP rəhbəri Fuad Əliyev işlərini davam etdirdiklərini söylədi: “Yenidən iki həftəlik karantin rejimi elan olunmasına baxmayaraq, biz ALDP olaraq tam fəaliyyətsiz qalmamağa çalışırıq. Təbii ki, bunu özümüzün və digərlərinin sağlamlıqlarını təhlükəyə ata biləcək karantin şərtlərini pozmamaq şərti ilə edirik. Müasir texnologiyaların yaratdığı imkanlardan istifadə edərək, artıq ənənəvi onlayn iclasları keçiririk. Buna baxmayaraq, həm mən, həm də partiya rəhbərliyinə daxil olan şəxslər imkan olduqca partiyanın ofisində də oluruq. Amma partiya üzvlərimizə qərargaha gəlməyə yasaq qoymuşuq.

    Bir daha qeyd edirəm ki, ALDP üçün hazırda ən vacib məsələ xalqımızın sağlamlığı və təhlükəsizliyidir. Odur ki, bu istiqamətdə üzərimizə düşəni edirik və bundan sonra da edəcəyik. Artıq xəstəxanalarda yer olmadığına görə koronavirus xəstələri də qəbul etmirlər, deyirlər ev şəraitində müalicə alın. Ona görə karantin şərtlərinə qeyd-şərtsiz əməl etməyi vətəndaşlardan xahiş edirəm”.

    Novella Cəfəroğlu

    Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu: “Hər gün deyil, günaşırı işə gedirik. Mən evdə qalacam. Hərdənbir gedəcəyəm. Amma işçilərimizdən iki nəfər ofisdə olacaq. Onlar da daimi deyil, günaşırı işə çıxacaqlar. Bizim icazəmiz var. O imkan verir ki, günaşırı işə çıxaq”.

    Akif Aşırlı

    AĞ Partiyanın başqan müavini Rüfət Hacıbəyli: “Partiyamızın qərargahı hazırda işləyir. Əvvəlki günlərə nisbətən az olsa da üzvlərimiz gəlir. AĞ Partiya rəhbərliyində təmsil olunan şəxslərin əksəriyyəti karantin günlərində Bakı şəhərində olacaqlar. Partiyanın qərargahında iclaslarımızı və tədbirlərimizi karantin qaydalarına uyğun olaraq keçiririk”.

    “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “Qəzetimizdə işlər əvvəlki qaydada davam etdirilir. Təbii ki, müəyyən tədbirlər görmüşük. Əməkdaşlarımız işə çıxırlar. Elə bir problem yoxdur. Hamısı əmək müqaviləsi ilə işləyən insanlardır. Onların hər birinin elektron icazələri var. Qəzet işini davam etdirir, saytımız isə operativ şəkildə yenilənir. Ciddi bir problemimiz yoxdur”.

    “Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanlı bildirdi ki, redaksiyaya günün məsul redaktoru və məhdud sayda müxbirlər gəliblər: “Digər əməkdaşlar evdən çalışırlar. Redaksiyaya minimal sayda əməkdaşın gəlməsinə qərar vermişik. ”Yeni Müsavat” qəzeti əvvəlki qrafik üzrə çap olunacaq, Musavat.com saytı da ənənəvi qaydada – operativ şəkildə fəaliyyətini davam etdirir”.

    Cavanşir ABBASLI,
    “Yeni Müsavat”

  • Müxalifətin sərt karantin hazırlıqları – “Bu bəlanı yalnız birlikdə adlaya bilərik…”

    İyunun 21-dən başlayaraq gələn ayın 5-dək ölkədə koronavirusla əlaqədar sərt karantin rejimi tətbiq olunacaq.

    Musavat.com bildirir ki, verilən qərardan sonra sosial şəbəkələrdə ikitirəlik yaranıb.

    Bir qisim bu qərarı doğru saysa da, digər tərəf əleyhinə çıxış edir. Ölkənin müxalif camiəsi daha çox sərt karantinin əleyhinədir. Doğrudur, qərarı təqdir edənlər də az deyil.

    Düşərgənin yarım aylıq müddətə necə hazırlaşması ilə maraqlandıq.

    VHP İcra Aparatının Samir Əsədli çatışmazlıqların olduğunu söyləyib: 

    “Əvvəldən Vətəndaş Həmrəyliyi Partiyası olaraq pandemiya şərtlərinin, bundan irəli gələn qadağaların vətəndaşların sağlamlığı üçün edildiyini bildirmişik. Eyni zamanda bu qadağaların, karantin şərtlərinin həyata keçirilməsi zamanı yol verilən çatışmazlıqları da qeyd etmişik. İlk karantin dönəmində 190 manat sosial yardımla bağlı ortaya çıxmış problemlər və narazılıqlar bəllidir. Təəssüf ki, bununla bağlı bütün problemlər aradan qaldırılmadı. Daha sonra həftəsonu elan edilən sərt karantin günlərində, hətta paytaxtın bir çox yerlərində vətəndaşlarımız su problemi ilə üzləşdilər. Polislə baş vermiş qarşıdurma da bu günlərin olayı kimi yadda qaldı. Bütün bu hallar və sadalamadığımız bir çox məqamlar dövlət qurumlarının karantin şəraitində fövqəladə fəaliyyətə hazırlıqlı olmadığını göstərdi. Proseslər və son yoluxma statistikası onu göstərir ki, aprel ayında elan olunan karantin vaxtından əvvəl və xeyli sürətlə yumşaldı. Müvafiq qurumlar vəziyyəti düzgün analiz etməli və buna uyğun qərarlar verməli idi. Düzdür, həmin karantin dönəmi vətəndaşlarımız üçün çətin idi, amma uzunmüddətli ağır xəstəlik faktlarındansa, daha bir müddət karantinə dözmək daha yaxşı seçim idi. Bütün bu problemlər var və onlar mütləq aradan qaldırılmalıdır. Partiyanın karantin dövründə fəaliyyətinə gəldikdə isə ötən təcrübədən yenidən istifadə edəcəyik. Partiyanın rəhbər şəxslərinin və rayon təşkilatlarının əlaqələndirilməsi onlayn yolla həyata keçiriləcək. Ötən karantin dövründən bununla bağlı hazırlıqlarımız var”.

    ALDP rəhbəri Fuad Əliyev qərarı düzgün sayır:

    “Operativ Qərargah məlumat verir ki, hər gün 300 nəfərdən çox vətəndaş xəstələnir. Sağalan insanların sayı heç 300-ə çatmır. Fərq çox böyükdür. Ümumiyyətlə, hesab edirəm ki, iki ay karantin rejimini davam etdirmək lazım idi. Bununla bağlı karantin rejimi yumşaldılarkən öz fikrimi demişdim. Davam etsəydilər, indi belə nəticə olmazdı. Bir də hər şey, həqiqətən, vətəndaşlarımızdan asılıdır. Karantin rejiminin qaydalarını pozmaq olmaz. Tibbi maska taxmaq, sosial məsafə saxlamaq lazımdır. Lazım olmayanda evdən çıxmaq olmaz. Hamılıqla bu qaydalara riayət etsək, onda karantin rejimi ləğv olunacaq”.

    AMİP-in sədr əvəzi Arzuxan Əlizadə bildirib ki, karantin rejiminin sərtləşdirilməsi ilə bağlı verilmiş qərar günümüzün reallığından irəli gəlir:

    “Real vəziyyət isə budur ki, iyun ayının 1-dən etibarən insanlarımızın virusa gündəlik yoluxma sayında kəskin artım müşahidə olunur və belə davam edərsə, vəziyyətin nəzarətdən çıxma ehtimalı yüksəkdir. Artıq mütəxəssislər də bununla bağlı həyəcan təbili çalırlar. Yaranmış hazırkı vəziyyətlə bağlı fikrim bundan ibarətdir ki, pandemiyanın ilk günlərindən qabaqlayıcı addımlar atılsa da, karantin rejiminin yumşaldılması ilə bağlı verilmiş qərar bir qədər də ertələnməli idi. Amma buna baxmayaraq, bir daha əvvəlki mövqeyimizdən çıxış etməyi tərcih edirəm. Mövqeyimiz isə belədir ki, koronavirusla mübarizə təkcə hakimiyyətin və ya dövlət strukturlarının üzərinə düşən vəzifə deyil. Dövlət qurumları bununla bağlı nə qədər birbaşa məsuliyyət daşısalar da, bu qorxunc virusla mübarizə həm də hər bir vətəndaşın bilavasitə vəzifəsidir. Biz də cəmiyyətin tərkib hissəsi olan siyasi partiya olaraq üzv və tərəfdarlarımıza, həmçinin ictimaiyyətə qadağaları anlayışla qəbul etməyi, karantin rejiminin tələblərinə ciddi riayət etməyi tövsiyə edirik. Unutmamalıyıq ki, biz cəmiyyət olaraq yalnız birlikdə bu bəladan qurtula bilərik. Eyni zamanda Azərbaycan hökumətini sərt karantin rejiminin tətbiqi ilə əlaqədar ziyan görən kommersiya qurumlarına, iş adamlarına, ciddi maddi sıxıntı yaşayan sıravi vətəndaşlarımıza dəstək olmağa çağırırıq”.

    Cavanşir ABBASLI,
    “Yeni Müsavat”

  • Bütövlükdə bu kənd bələdiyyə sədri Əlibala Səlimovdan çox narazıdır.

    “Neftçala rayonunun Xolqaraqaşlı kəndində camaatla bələdiyyə sədri arasında ciddi narazılıq var”.

    Bunu Modern.az-a adıçəkilən kəndin bələdiyyə üzvü Vəfa Nağı və bələdiyyə sədri Əlibala Səlimov arasında yaranmış münaqişədən danışarkən Neftçala rayonun deputatı Sabir Rüstəmxanlı deyib. O qeyd edib ki, Əlibala Səlimov təcrübəli şəxsdir, sovet dövründən qalma kadrlardandır, vaxtilə kolxoz sədri və SSRİ Ali Sovetinin deputatı olub:

    “Səlimov cavan yaşından rayonda hörmət qazanıb və buna görə indiyə qədər üzdədir. Lakin bu gün camaatla Əlibala Səlimov arasında ciddi konflikt var. Epidemiya səbəbindən həmin kəndə gedib, məsələ ilə daha yaxından tanış ola bilmədim. Əslində bu mənim işim də deyil. Çünki bələdiyyə sədrini camaat özü seçib, indi isə narazılıq edir. Hər bir halda onu bilirəm ki, narazılığın kökündə Səlimov haqqında mənfi iddialar dayanır. Əhali deyir ki, Səlimov həm camaat üçün ayrılan bələdiyyə torpaqlarından, həm örüşlərdən, həm də əkinə yararlı sahələrdən öz şəxsi mənafeyi üçün istifadə edir. Oğluna torpaq sahələri verib. Bir neçə dəfə camaatın bələdiyyə sədrinə etirazı əks etdirən videolar yayılıb, mənə də göndəriblər. Rayon rəhbərliyinin də bundan xəbəri var və narazlılıq dalğası getdikcə böyüyür.

    Bələdiyyə sədrinin fəaliyyətindən narazı olan şəxslərdən biri də Vəfa Nağıdır. O həmin kənd bələdiyyəsinin üzvüdür və rayonun fəal qadınlarından biridir. Qadın hüquqlarını müdafiə etməsi ilə tez-tez gündəmə gəlirdi. Amma eyni zamanda, camaatla birlikdə kəndin haqlarını da tələb edir.

    Bələdiyyədə də hər şeyin şəffaf olmağını istəyir. Münaqişə buradan başlayıb.

    Vəfa Nağının tələbinə cavab adekvat olmayıb. Bələdiyyə üzvü hesabatı, yaxud başqa nəyi isə tələb edirsə, bələdiyyə sədri, onunla hər şeyi açıq-aydın müzakirə edib, həll edə bilər. Ona görə burada bələdiyyə sədrinin təqsiri olub. Vəfa Nağının böyüdülmüş fotolarını kəndin müxtəlif hissələrində yapışdırıblar. Bələdiyyə üzvü dənizə də gedə bilər, bu fotolar heç nə demək deyil. Şəxsi məsələləri bu şəkildə ictimailəşdirmək olmaz. Söhbət bələdiyyənin işinin şəffaflığından, torpaqların düzgün bölünməsindən gedirsə, buna qanun-hüquq çərçivəsində, mədəni şəkildə cavab vermək lazımdır. Bu fotonu kim yayıbsa, elə həmin kənddəki kişilərə yaraşan iş deyil. Camaatın bunu necə qəbul etdiyini bilmirəm, amma mənim mövqeyim budur”.

    Sabir Rüstəmxanlı onu da əlavə edib ki, bələdiyyə seçkilərində camaat etimad edib, Əlibala Səlimovu bələdiyyəyə seçibsə, bu o demək deyil, səlahiyyətindən, bələdiyyənin imkanlarından fərqli formada istifadə edə bilər:

    “Əslində Vəfa Nağının məsələsi fikri yayındırmaq üçün ortaya atılıb. Bütövlükdə bu kənd bələdiyyə sədrindən çox narazıdır. Neçə aydır, kənd camaatı sakitləşmək bilmir. Hər gün yığışırlar, məktublar yazırlar, icra hakimiyyətinə müraciət edirlər. Narazılıq pik həddə çatıb. Ona görə, Vəfa Nağının məsələsini ortaya atıblar ki, narazı camaatın fikrini yayındırsınlar. Əslində isə Vəfaya deyil, kənd camaatına cavab vermək lazımdır. Camaatla bələdiyyənin münasibətləri araşdırılıb, aydınlaşdırılmalıdır”.

    Xatırladaq ki, bir neçə gündür Neftçala rayonunun Xolqaraqaşlı kəndində bələdiyyə üzvü Vəfa Nağı ilə bələdiyyə sədri Əlibala Səlimov arasında münaqişə yaşanır. Vəfa Nağı üzvü olduğu bələdiyyənin maliyyə hesabatı ilə tanış olmaq istəyib.
    Bələdiyyə sədri isə onun tələbinə qarşı çıxaraq, qadının çimərlik şəklini dayanacaqlara yapışdırıb. Bu qalmaqaql artıq sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

    Aysel Aslan
    Modern.az

  • Vitse-spiker Fəzail İbrahimli milli qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət edib

    Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhadət günüdür. Bu münasibətlə Milli Məclis sədrinin müavini, VHP sədrinin müavini Fəzail İbrahimli Milli Qəhrəmanın məzarını ziyarət edib.

    19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.

    Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.

  • Güney Azərbaycanlı siyasi fəal Siyamək Mirzayi növbəti dəfə sürgünə göndərildi

    Tehran Əyaləti Apelyasiya Məhkəməsi güney azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayinin barəsində çıxarılan 1 il həbs hökmü və digər cəzaları təsdiqləyib.

    DAK-ın İdarə Heyətinin üzvü Ağrı Qaradağlının dak.az-a verdiyi məlumata görə, Tehran Əyaləti Apelyasiya Məhkəməsinin 36-cı şöbəsi iyunun 13-də bu barədə milli fəalın vəkilinə şifahi şəkildə bldirib. Məlumata əsasən, apelyasiya məhkəməsi Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən çıxarılan qərarları qüvvədə saxlayıb.

    Bundan əvvəl Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi 3 il Evin zindanında həbs edildikdən sonra Qain şəhərinə sürgün edilən tanınmış fəalı sistemin əleyhinə təbliğat aparmaqda günahlandırmışdı. Həmin ittihama görə 1 il 10 gün həbs cəzası verən hakim hökmün təkmil edilməsi adı ilə fəalın ölkədən çıxışına və ictimai-siyasi qruplarda üzv olmasına 2 il qadağa qoyulması barədə qərar çıxarmışdı. Siyamək Mirzayi məhkəmə iclasında iştirak edə bilmədiyi üçün hökm qiyabi olaraq çıxarılmışdı.

    Azərbaycanlı fəalın sonuncu məhkəmə işi onun Evin zindanında həbsdə olarkən məhbusların hüququnun pozulması ilə əlaqədardır. Hökmdə fəalın həbs cəzası onun prokurora yazdığı açıq məktub və aclıq aksiyası xəbərinin sosial şəbəkələr və “rejimə qarşı fəaliyyət göstərən mətbuat orqanlarında” yayılması ilə əlaqələndirilib.

    Siyamək Mirzayi 2016-ci ilin iyul ayının 13-də Muğanın Parsabad şəhərində məhkəmə hökmü təqdim edilmədən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, sonra Tehranın Evin həbsxanasına aparılıb.
    O, Evin həbsxanasının təkadamlıq kamerasında aylarla saxlandıqdan və işgəncələrə məruz qaldıqdan sonra Baharıstan İnqilab Məhkəməsi tərəfindən “milli təhlükəsizlik əleyhinə fəaliyyət göstərən qruplarda üzv olmaq” ittihamı ilə 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum olunub. Daha sonra apelyasiya məhkəməsində hökm 3 il həbs və 1 il Qain şəhərinə sürgünlə əvəz edilib.

    Magistr dərəcəsində təhsil almaq hüququndan məhrum edilən Siyamək Mirzayi ötən illərdə mədəni fəaliyyətləri səbəbindən rejimin müxtəlif təzyiqlərinə məruz qalıb. O, hazırda Cənubi Xorasan Əyalətinin Qain şəhərində məcburi sürgün həyatı yaşayır.