Vətəndaş Həmrəyliyi Partiyası

Category: Xəbər

  • Karantində toplaşmayan partiyalar – qərargahlar açılırmı?

    Samir Əsədli

    Azərbaycanda xüsusi karantin rejimi təxminən iki aydır ki, ölkədə siyasi fəallığı da sıfıra endirib. Siyasi təşkilatlar karantin rejiminin qaydalarına uyğun hərəkət edərək, qərargahlarının qapılarını bağlamalı olublar.

    Çünki kütləvi toplaşma yerlərindən biri də partiya qərargahlarıdır. Bəzi partiyalar bu müddət ərzində videoiclaslar keçiriblər, onlayn toplantılar təşkil ediblər. Lakin faktiki real siyasətlə məşğul olmaq mümkün deyil.

    Koronavirus təhlükəsinin sovuşmadığını, yoluxmaların son günlərdə rəsmi statistikaya görə artdığını nəzərə alsaq, hələ də kütləvi toplaşma, sıx təmas risklidir.

    Ölkə rəhbərliyi də çıxışlarında sosial izolyasiyaya əməl etməyə, məsuliyyətli olmağa, maska taxmağa çağırır. Bu mənada siyasi təşkilatların qərargahlarında işlərini bərpa etməsi hələ ki mümkün görünmür.

    Üstəlik, yumşaldılmış da olsa, ayın sonuna qədər karantin dövrüdür. Partiyalar nə toplaşa bilirlər, nə mitinqlər keçirə…

    Siyasi partiyalar daha çox işini sosial şəbəkə üzərindən qurublar. Partiya rəsmiləri tənqid və təkliflərini, bəyanatlarını məhz virtualda yayırlar.

    Samir Əsədli: “VHP Mərkəzi İcra Aparatının üzvləri qərargahda fəaliyyət göstərir, digərlərlə əlaqə onlayn qaydada qurulur”

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin sözlərinə görə, karantin dövründə partiyanın mərkəzi qərargahında fəaliyyət məhdudlaşdırılıb.

    “İlk dövrlərdə yalnız Mərkəzi İcra Aparatının rəhbəri mərkəzi qərargahda olub və buradan onlayn qaydada fəaliyyəti koordinasiya edib.

    Karantin rejimi bir qədər yumşaldıqdan sonra isə mərkəzi aparatın bir neçə işçisi müvafiq icazə əsasında qərargaha gəliblər”,  – deyə S.Əsədli vurğuladı.

    Partiya rəsmisi qeyd etdi ki, hazırda Mərkəzi İcra Aparatının üzvləri qərargahda fəaliyyət göstərir, digər şəxslərlə isə əlaqə onlayn qaydada qurulur: “Eyni zamanda Siyasi Şura üzvləri və rayon təşkilatlarının rəhbərləri ilə onlayn qaydada əlaqələr qurulur, müzakirələr aparılır və tapşırıqlar verilir”.

    AMİP katibi Əli Orucov söylədi ki, partiyanın funksionerləri növbəlilik əsasında qərargahda olur, verilən tapşırıqları icra edirlər: “Karantin qaydalarına hamılıqla riayət etmək lazımdır.

    Daha çox onlayn və telefon əlaqəsi saxlanılır. Çalışırıq ki, bu çətin dönəmdə üzərimizə düşənlərin öhdəsindən gələ bilək.

    Ümid edirəm yaxın müddətdə pandemiya bitəcək, normal həyata qayıda biləcəyik. Ən əsası isə az itki ilə bu ağır prosesi adlaya biləcəyik”.

    Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) İdarə Heyətinin üzvü Xəzər Teyyublu “Yeni Müsavat”a bildirdi ki, karantin dövrünün qaydalarına əməl olunmalıdır. Onun sözlərinə görə, KXCP rəhbərliyi və üzvləri qoyulan qaydalara riayət edir.

    X.Teyyublu qeyd etdi ki, partiyanın qərargahında iş dayanıb, qapıları bağlanıb: “Arabir qərargahın komendantı gəlib dezinfeksiya, təmizlik işləri ilə maraqlanır. Ancaq heç bir siyasi tədbirlər, iclaslar keçirilmir.

    Yalnız partiyanın rəhbər strukturuna daxil olan şəxslərin virtual qaydada iclasları keçirilir, rayon şöbələri ilə əlaqə saxlanılır. Artıq iki aydır ki, partiya onlayn tədbirlərlə fəaliyyətini nizamlayır”.

    KXCP funksioneri qeyd etdi ki, partiya karantindən çıxmağı gözləyir: “Hələ ki müasir texnologiyanın, sosial şəbəkələrin imkanından istifadə etməklə işimizi qura bilirik. Mayın 31-dən sonra hansı qərar veriləcəksə, ona uyğun davranacağıq. Ümid edirik ki, yoluxmalar azalsın, sosial həyat bərpa olsun, biz də siyasi fəaliyyətimizə qayıda bilək.

    Əlbəttə, pandemiya ilə əlaqədar müəyyən məhdudiyyətlər saxlanıla bilər. Amma hamımız arzusundayıq ki, infeksiya tamamilə məhv olsun və həyat axarına dönsün”.

    Emil SALAMOĞLU,
    “Yeni Müsavat”

  • “Ərk qalası əfsanəsi” poemasında bəşəri motivlər: məhəbbət və sədaqət

    Əsrlərdən bəri xalqın yaddaşından, Azərbaycan folklorundan süzülüb gələn ibrətamiz bir eşq əfsanəsinin motivləri üzərində qurulmuş “Ərk qalası əfsanəsi” poemasında Məhəmməd Biriya məhəbbət və inam, sevgi və etibar, sədaqət və dözüm kimi bəşəri duyğuları tərənnüm edir. Azərbaycan xalqının böyük tarixinin günümüzədək gəlib çatmış nişanəsi, möhtəşəm bir tarixi abidə olan Ərk qalası Təbrizdə ucaldılıb. Mənbələrə görə, “İranda Mədain sarayına bərabər tutulan Təbriz Ərk qalası (Əlişah qəsri) öz dövründə dünyanın ən böyük müsəlman memarlıq nümunəsi olub. Bu əzəmətli bina Elxani hökmdarları Sultan Xudabəndənin və Əbu Səidin vəziri olmuş Tacəddin Əlişahın göstərişi ilə 1338-1345-ci illərdə tikilib. Qacarlar dövrünə qədər Ərk qalası dövlət qəsri kimi istifadə edilmiş, sonralar isə Səttarxan, Bağırxan və digər Təbriz mücahidlərinin sığınacaqlarından biri olub. Ərk qalası bir dəfə zəlzələdən, bir dəfə də çar Rusiyası ordusunun hücumu zamanı xəsarət alıb”.
    Güneyin görkəmli şairi Yadulla Məftun Əmini “Ərk qalası” şerində də aydın surətdə göstərir ki, “Bizim əsrdə İranda baş vermiş bütün mütərəqqi hərəkatlar (inqilablar-E.F.) öz başlanğıcını bu qaladan alıb.” Şair lirik qəhrəmanın dililə əsrlərin sınaqlarına, sərt rüzgarlarına, daxili və xarici düşmənlərin, mürtəce qüvvələrin amansız hücumlarına məruz qalan, ancaq bütün hücumlara sinə gərərək məğrur dayanan, elin sipərinə çevrilən bu yenilməz qalanı vəsf edir:
    Ey Ərk, ey bir sinəsini min bəlayə sipər edən alınmaz qala!..
    Ey Ərk, ey istiqlalımızın ölməz nişanəsi, sənə əbədi eşq olsun!..
    Tarix boyu bir çox zalımların qılıncı sənin ayağının altında sınıbdır.

    “Ərk qalası” əfsanəsinin yarandığı vaxtdan uzun illər, əsrlər, qərinələr ötüb. Ancaq bu qalanın tikintisi ilə bağlı yaranmış ibrətamiz əfsanə xalqın, mütəfəkkir ədiblərimizin ruhunda, təfəkküründə bütün dövrlərdə öz yerini qoruyub saxlayıb və qəhrəmanlıq, sevgi, vəfa, etibar, sədaqət rəmzi kimi nəsillərdən-nəsillərə ötürülərək tarixin yaddaşında daşlaşıb. “Zavallı xəlqinin dərdin gərəkdir Biriya çəksin, Bu yolda qanıma batsam, böyük bir iftixarım var”, – missiyası ilə yaşayan və yazıb-yaradan Məhəmməd Biriyanın da məramı o dövrün milli ruhunu, yaşam tərzini, ideyalarını yenidən qələmə almaqla heç zaman tükənməyən böyük eşq, məhəbbət duyğularının əbədiyaşarlığına diqqəti çəkmək, insanın, bəşər övladının kamilləşməsində, özünə qayıdışında böyük rol oynadığını sübuta yetirməkdir. Biriya yaratdığı obrazların dili ilə bütün sirli məqamlara, onu düşündürən suallara cavab tapır və baş verən qarşısıalınmaz mürəkkəb situasiyaları necə aşdığını göstərir. Yalnınz eşqin, məhəbbətin xəyanət və rəzalətə qalib gələcəyini vurğulayır. Eşqsiz, məhəbbət-siz bir ürəyin tar-mar olduğunu əsər boyu oxucunun diqqətinə çatdırır. Ürəyi məhəbbətlə, pak sevgi ilə çırpınan şair haqqa, həqiqətə çatmanın yolunu da elə bunda görür. Biriya ixtiyar bir qocanın oğlunu, ömür-gün yoldaşını itirdikdən sonra dünyanı dərk etdiyini kədərli ovqatla anlatdıqdan sonra elə yaratdığı obrazın dili ilə bir çox sirli məqamların, əsl həqiqətin üzərindən pərdəni götürür:
    Qoca sonra dedi: – Ay oğul, inan,
    İnsan bir gəmidir, dənizdir cahan.
    Unutma acıqlı dalğadır həyat,
    Dalğasız bir dəniz olurmu, heyhat,
    Çox zaman açmamış qönçə solubdur,
    Kim bilir, həyatda nələr olubdur.
    Möhtəşəm saraylar edilmiş xərab,
    Zülmdən olunmuş ürəklər kəbab.
    Ölkələr dağılıb, doğranıb şahlar
    Yaranmışlar edib saysız günahlar.

    Qeyd etdiyimiz kimi, poemada təsvir edilən bu məqamlar bir üzü həqiqət, digər üzü yalan olan dünyanın mənasını, insana ömrünün və bu ömrü yaşadığı sürədə törətdiyi əməllərin qayda-qanunlara zidd olan, haqlı və haqsız tərəflərini önə çəkir. İnsanın varlığı, yaxud yoxluğu qədər dəyəri olmayan maddi dünyaya aldanmanın, onun zahiri görüntüsünə, cah-cəlalına uyub özünü itirməyin əleyhinə olan şairin məqsədi, əslində insanın hər şeydən öncə özünə və dünyanı dəyərli edən ideyalarına, məhəbbətinə önəm verməkdir. O, “Ərk qalası əfsanəsi” poemasında dünyalarca malı-mülkü olan zəngin bəylərin, xanların adi, sadə bir qul qədər dəyərə malik olmadığını vurğulayır. Qara qulun qəlbindəki böyük sevgi onun mənən böyüklüyünü, müqəddəsliyə, ilahi duyğulara inamını açıqlayan yeganə əsas cəhətlərdəndir. Zamanı ötən bir əfsanədən bəhs olunan bu poemada əsas qəhrəman-Qara qul məhəbbətin gücü ilə həqiqətə varır. Qocanın nəql etdiyi rəvayəti şair özünəxas təhkiyə ilə oxucuya çatdırır:
    Babam eşitmişdi şeyx babasından,
    Ərkin qalasını tikdirən zaman,
    Qara Qul adında cavan var imiş.
    Həmişə gülərək şad yaşayarmış.
    Nə çox xörək yeyib, nə çox yatarmış,
    Ərkin lap başına kərpic atarmış.
    Keçəndə oradan qədim hökmüran,
    Qulun qüdrətinə oluban heyran,
    Dönüb xadimindən eylədi sual-
    Ora kərpic atmaq deyilmi məhal?
    Xadim ərz eyləyir: – Əziz hökmüran
    Zövqilə hər işi görərsə insan,
    Təbiidir ki, çatar bütün murada.

    Lakin bəzən xəyanət yuvasına çevrilən insan qəlbinin nələrə qadir olduğunu bilən şair hökmranın diqqətini cəlb edən, zəhməti, əziyyəti, sevgisi, ləyaqəti ilə insanların gözündə ucalan Qara Qulun xoşbəxtliyinə xələl gətirmək istəyən qara qüvvələri də nəzərdən qaçırmır, onların məkrli niyyətlərini, mənasız istəklərini ifşa edir. Belə ki, Xadimin hökmdar qarşısında itaətkarlığı və Qara qulu tərif etdiyi səhnə onun və hakiminin iç üzünü açır, çirkin niyyətlərini aşkara çıxarır. Qara Qul qədər saf və ləyaqətli olmayan, məhəbbətin fəzilətini anlamayan Xadim onun qalanın tikintisində göstərdiyi qeyri-adi cəldliyin, əmək rəşadətinin sevdiyi qadına olan sevgisindən, böyük eşq və həvəsindən qaynaqlandığını bəyan edir:
    – Zövqsüz bəşərə olmaz iradə
    Zövqsüzlər qalar daim cəfadə.
    Yaşadır bu qulu bir zövq, o həsrət
    Söylədi hökmüran: – Dur səsini kəs!
    Məgər bizdə yoxdur o zövq, o həvəs?
    Sənin bu sözlərin yalandır yalan!
    Xadim dedi: – Əfv et, böyük hökmüran
    Həqiqi zövq ilə eşqin qüdrəti
    Payidar eyləmiş bütün xilqəti.

    Ağasına doğrunu, həqiqəti söylədiyini isbat etmək üçün Xadim hiyləgər, imansız anasından kömək istəyir və bu addımla da özünü çətinliyə salır. Müdrik şair xadimin xislətində də çatışmazlıqların olduğunu vurğulayır. Oğluna kömək etdiyini düşünən, onun yüksək vəzifədə qalması üçün hər cür alçaqlığa, ev yıxıb pislik etməyə hazır olan, din pərdəsi altında iblis üzünü məharətlə gizləyən qarı özünü tez-tələsik Qara qulun arvadına yetirir. Şirin dilini işə salaraq sadəlövh gəlinin qəlbinə yol tapır, ərinin adi, yoxsul bir fəhlə olduğunu, meymuna bənzər Qara qulun ona yaraşmadığını, bu gözəlliklə zəngin bir adamın-çoxdan bəri onu sevən oğlunun yarı ola biləcəyini, saraylarda komfortlu həyat yaşamağa layiq olduğunu söyləyir. Sevgisi ərinin ona olan eşqilə müqayisədə çox zəif olan səbatsız gəlin yüngül, rahat həyatın zahiri parıltısına aldanır. Qara Qulun sevgisi ilə sadə və xoşbəxt həyat yaşamasına rəğmən, çox asanlıqla Yasəmən qarının qurduğu hiylə toruna düşür. Bu ibrətamiz hekayət, poemada hər bir obrazın, xüsusilə Yasəmən qarı kimi napak, sözü ilə əməli üst-üstə düşməyən xəbis, iblis xislətli qadınların, bədniyyət insanların, günahsızları günühkar duruma düşürən, evlər yıxan varlıqların mənhus düşüncə və əməllərini aydın şəkildə açıqlayır:
    Bir para qarılar iblisə bənzər,
    Qoca tülkü kimi olur hiyləgər.
    Damarlarda axar qızıl qan kimi,
    Aldadar adamı bir şeytan kimi
    Sehirlər düzəldər cadular qurar
    Qəmli ürəklərə gizlin od vurar.
    Edər bülbülləri gülündən cüda
    Onun işlərinə heyrandır qəza
    Qarı rol oynayıb əfsanələrdə
    Abad qəsrlərdə, viranələrdə
    Qurub dəsisələr, böyük fitnələr
    İgidlər qanını edibdir hədər?
    Gərəkdir onlara uymasın bəşər.
    İmansız qarıdan etməsən həzər –
    Mənim tək dünyada sərgərdan gəzər.

    Məhəmməd Biriya əsərdə Yer üzünün əşrəfi olan insanın bu kimi hallarda fikrindən dönə biləcəyinin istisna olmadığını da nəzərdən qaçırmır. Bu nüansı unutmayan şair hadisələrin sonunda qarşılıqlı təzadlardan yaranan əsl həqiqəti üzə çıxarır, Ərk qalasının yalnız sevgi, eşqə sədaqət üzərində qurulduğunu bəyan edir.
    Məhəbbətinə sadiq olan Qara qulun həyatını Ərk qalasının taleyilə bağlayan şair bununla hər bir insanın, bəşər övladının içində ucalan məhəbbət qalasını da əks etdirməkdədir. Biriya “Ərk qalası əfsanəsi” poemasında sevginin xəyanət üzərində qələbəsini xeyirin şərə qalib gəlməsi kimi səciyyələndirir.
    Məhəmməd Biriya əsl sənətkar məharəti ilə tarixən “bütün şairlərin müraciət etdikləri məhəbbət mövzusunu da yeni biçimdə şeirə (poemalarına da-E.F.) gətirə bildi. Əsas məsələ məhəbbətdə duyğu ilə kamalın üz-üzə qoyulmasıdır.” O, həm sırf lirik-romantik, həm də tənqidi realism, satirik ruhlu əsərlərinə ictimai-siyasi rəng qatdı və yeni məzmun çalarları ilə bəzədi. Lakin şair “Ərk qalası əfsanəsi” poemasında bir daha göstərdi ki, ölkələri fəth etmiş hökmdarlar, fironlar belə, bir gün fani dünyadan köçünü çəkəcək, yer üzündən silinib gedəcəklər, lakin qəlblərdə, ürəklərdə heykəlləşən müqəddəs sevgi, paklğını qoruyub saxlayan və ürəklərdə heykəlləşən ülvi məhəbbət bütün pisliklərə qalib gələcək, əbədiyyətədək yaşayacaq. Əsərlərinin “özünəməxsusluğu, orijinal ədəbi-bədii tapıntıları, heç kiminkinə bənzəməyən dəst-xətti Məhəmməd Biriyanın ümumazər-baycan ədəbiyyatı tarixində yaşamasının, əbədi qalmasının” təminatçısı oldu, adını mədəniyyət tariximizin səhifələrinə yazdı…

    Esmira Fuad

    Filologiya üzrə elmlər doktoru

  • “Siz çıxış edəndə onun mərsiyələri yada düşür” – Vitse-spikerdən deputata

    Fəzail İbrahimli

    Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli deputat Razi Nurullayevi bələdiyyələrin fəaliyyəti ilə bağlı çıxışına görə tənqid edib.

    “Qafqazinfo” xəbər verir ki, F. İbrahimli qeyd edib ki, onun 20 illik  siyasi fəaliyyəti bələdiyyələrlə bağlı olub: “Sizin bu çıxışınız bələdiyyələrin fəaliyyətinə bütövlükdə kölgə salır. Eyni zamanda mənim də fəaliyyətimə. Danışanda bir az diqqətli olsun. Qüsur və nöqsanlar da var. Bu qüsurların üzərinə gedən deputatlar var. Sizin çıxışınız bir mərsiyyəçi vardı, ona bənzəyir. Sizin adınız Razidir, onun adı isə Racid. Siz hər dəfə çıxış edəndə onun mərsiyələri yada düşür”.

  • “Harınlaşmaya imkan verilməsin!”

    Asif Şəkərli

    “Cəzalanma müstəvisində görülən işlərlə yanaşı hüquqi sahədə də ciddi islahatlar aparılmalıdır”

    “DTX-nın əməliyyatı və bununla paralel ən yüksək səviyyədə korrupsioner məmurlara güzəşt olunmayacağı mesajı cəmiyyətdə böyük razılıqla qarşılanır”.
    Bu sözləri “Sherg.az”a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin katibi Asif Şəkərli deyib.
    Partiya funksioneri bildirib ki, bu məsələ illərdir həm müxalifət, həm də müstəqil ekspertlər tərəfindən dilə gətirilirdi:
    “Əgər bu məmurların az da olsa uzaqgörənliyi, “tamah dişlərini” kütləşdirə bilmək bacarıqları olsaydı, vaxtında düz yola gələrdilər. Amma görünən budur ki, bu dəstənin xəstəliyi sağalan deyil. Necə deyərlər, “qozbeli qəbir düzəldər”. Son günlər Yardımlı icra başçısının aqoniyası da bu xarakterin əlamətlərindəndir. Fikrimcə, cəzalanma müstəvisində görülən işlərlə yanaşı hüquqi sahədə də ciddi islahatlar aparılmalıdır. Elə bir idarəçilik sistemi qurulmalıdır ki, məmurun harınlaşmasına imkan verilməsin”.
  • 3 May – Bu gün Türkçülük Günüdür

    Dünyadakı türklərin hər il qeyd etdiyi 3 May Türkçülük Gününə gətirən proseslər 1942-ci ildən başlayıb.
    Həmin dövrdə Türkiyənin baş naziri milli düşüncə sahibi Şükrü Saraçoğlu olsa da, dövlət məmurları arasında kommunistlərin də sayı az deyildi. Təhsil naziri Hasan Ali Yücel kommunist olduğunu açıq söyləyir, bu siyasi görüş daşıyıcılarını orta və ali təhsil ocaqlarına yerləşdirirdi.
    Ölkədə kommunizm ideologiyasının yayılması, milli düşüncənin sıxışdırılması millətçi aydınları narahat etməyə başlamışdı. Dövrün böyük fikir adamlarından Nihal Atsız və digər aydınlar prosesin dayanması üçün addımlar atılmasını vacib sayır, “Bozkurt”, “Orhun”, “Çınaraltı” dərgilərində kommunizmin iç üzünü açan yazılar dərc edirdilər.

    Türk ziyalılarının Sovet İttifaqının timsalında kommunizmin türk iqrinin məhvinə yönəlik ideologiya olduğunu bildirən məqalələri kommunistlərə qoşulan xeyli gənci bu yoldan çəkindirdi. Ancaq kommunistlər təşkilatlanmaqda davam edir və sürətlə çoxalırdılar. Həmin günlərdə Nihal Atsız Şükrü Saraçoğluna Açıq Məktub yazır. Məqalə “Orhun” dərgisinin 1944-cü il mart sayında dərc edilir. Məktubda təhsil naziri Hasan Ali Yücelin əmri ilə məktəblərdə, universitetlərdə kommunizmi təbliğ edən çap məhsullarının yayıldığı, bunun üçün ianə toplandığı bildirilir. Onun bu məsələdə ən yaxın silahdaşının Sebahattin Ali olduğu göstərilir.
    Yazılanlar təhsil naziri üçün ciddi problemə çevrilir. Nazir Yücel və “Ulus” qəzetinin baş redaktoru Falih Rıfkı Atayın təşfiqi ilə Sabahattin Ali Nihal Atsızı məhkəməyə verir.
    1944-cü il aprelin 26-da başlanan məhkəmə prosesi elə böyük marağa səbəb olur ki, insanların çoxluğundan hakimlər salona girməkdə çətinlik çəkirlər. Məhkəməni davam etdirmək mümkün olmadığı üçün proses mayın 3-nədək təxirə salınır.
    Məhkəmə başlayan saatlarda milliyyətçi gənclik Ankarada böyük etiraz yürüş-mitinqi keçirir, türkçülüyə dava açanların cəzalandırılmasını tələb edirlər. Hökumət mitinqi dağıdır, 165 tələbə həbs edilərək Ankara zindanlarına salınır, onlara ağır işgəncələr verilir. Bu olay Türkiyə tarixinə kommunizm əleyhinə ən böyük mitinq kimi keçir.
    Mayın 3-də məhkəmə Nihal Atsızı da həbs edir. O, hücrələrinə bir nəfərin güclə sığa biləcəyi və buna görə də “tabutluq” adlandırılan həbsxanaya göndərilir.
    İllər sonra Atsız həmin günlər haqqında yazırdı:
    “3 May türkçülüyün tarixində bir dönüş nöqtəsidir. O zamana qədər yalnız duyğu və düşüncə olan, ədəbi və elmi sərhədləri çox da aşmayan türkçülük birdən-birə geniş bir hərəkata çevrildi.
    3 may türkçülərin günü olsa da, ona bir bayram deyə bilməyəcəyik. Çünki illərlə sürəcək böyük iztirabımız həmin gündən başladı. Ona bir matəm demək də qəbul edilməz. Çünki həmin gün bizə bu qədər sıxıntı arasında böyük bir imtahan vermək, ürəkləri ilə ürəksizləri ər meydanında sınaqdan çıxarmaq, yaxşı ilə yamanı ayırmaq fürsəti verdi. Türkçülər, kütləvi və ya fərdi olaraq 3 Mayı anaq və ucaldaq”.
    1945-ci ilin 29 martına qədər davam edən məhkəmə prosesində Türkiyə siyasətinin 23 önəmli şəxsi haqqında “vətənə xəyanət” maddəsi ilə həbs qərarı çıxarılır. Zeki Velidi Togan, Alparslan Türkeş, Nihal Atsız, Reha Oğuz Türkkan, Cihat Savaş Fer, Nurullah Barıman, Fethi Tevetoğlu, Nejdet Sançar, Cebbar Şenel və Cemal Oğuz Öcal kimi milli düşüncəli insanlar həbsxanalarda ağır işgəncələr görür.
    Ancaq məhkəmə müddəti bununla başa çatmır. Məhkumların hüquqlarını qoruyan vəkillər onların azad edilməsi üçün üst məhkəmələrə müraciət edir. 1947-ci il martın 31-də məhkumlar bəraət alır.
    Türkçülük Gününü ilk dəfə 3 May məhkumları cəza evində keçirib. 1954-cü ildən isə Nihal Atsızın istəyi ilə hər il həmin gün Türklük Günü kimi qeyd olunmağa başlayıb.
    Alparslan Türkeş Milliyyətçi Hərəkat Partiyasını qurandan bu günə qədər 3 May daha geniş qeyd olunur.
    Türklük Günü Azərbaycanda da populyardır. 1992-ci ilin məhz bu günündə Bakıya gələn rəsmi nümayəndə heyətinin tərkibində olan əfsanəvi lider Alparslan Türkeş Azadlıq meydanında bir milyona yaxın insan qarşısında Əbülfəz Elçibəylə bərabər çıxış etmiş, bərabər olaraq türkçilərin özəl işarəti hesab olunan Bozqurd işarəti ilə toplananları salamlamışlar.

  • VHP-çi İƏT-in Parlament İttifaqındakı nümayəndə heyətinin rəhbəri oldu

    Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqındakı (İƏT Pİ) nümayəndə heyətinin tərkibi məlum olub.

    Modern.az xəbər verir ki, nümayəndə heyətinə Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, deputatlar  –  Sabir Rüstəmxanlı, Ceyhun Məmmədov, Cavanşir Paşazadə, Tahir Kərimli daxildir.

    Nümayəndə heyətimizə Milli Məclisin sədr müavini Fəzail İbrahimli rəhbərlik edəcək.

  • “Amma nədənsə ilham pərisi Milli Məclisin qapısından içəri girmir…”

    Sabir müəllim,xoş gördük, bu günlər özünüzü necə hiss edirsiz? Karantin necə keçir, həyatınızda, yaradıcılığınızda , iş rejiminizdə nə isə dəyişibmi?

    -Dünyanın başının üstünü alan, mənşəyi və sonucu bəlli olmayan, hardan gələcəyini bilmədiyimiz təhlükə mühitində insan özünü necə hiss edə bilər? Virus təhlükəsi öyrəşdiyimiz həyat tərzini dəyişdirib, bütün dünyanın qəbul etdıyı qısıtlamalara uymaq  zorunda qalmışıq; bu, ortaya bir çox çətinliklər çıxarır. İşsizlər, kasıblar az deyil və hər gün onlardan müraciətlər gəlir. Dövlət bu sorunların həllini öz öhdəsinə götürsə də, yenə millət vəkili seçildiyim bölgədə  imkanın daxilində kimlərəsə yardım etməlisən. Karantin dövründə əsas işim bu olub.  Ovqatımızı gücümüz, inamımız, bir də yazımızla nizamlamalıyıq. Başqa ciddi bir dəyişiklik yoxdur. Karantinə qədərki günlərimdə də, indiki kimi yaşamışam. İş, ev, bağ. Şəhərə az-az çıxıram. Amma itirdiyim bir fürsət var,  o da rayonlarımıza getmək, daha bir baharın gəlişini izləməkdir.  Əvəzində  düşünmək imkanı var. Amma psixoloji basqı insanın işləmək enerjisini azaldır.

    • Sizi çoxsahəli fəalliyyətlə məşqul olan biri kimi tanıyırıq. Şeir, nəsr, publisistika, tərcümə, naşirlik, elmi və istimai-siyasi fəaliyyət. Harda özünüzü daha rahat hiss edirsiniz?
    • -Açığını deyim ki, bu gün heç birində. Çünki, bunlar  itirdiklərimizin əvəzi deyil. Torpaqlarımızın bütünlüyünü əvəz etməkdə və işğal altındakı  yerlərimizi azad  etməkdə acizik. Bir yandan da Sovet dövründəki qədər geniş oxucu auditoriyamız yoxdur. Bu suala şeirlə də cavab verə bilərəm.

    Neçə yazılmamış şeirlərimi,

    Atdım meydanların izdihamına.

    Qatdım millətimin gur ilhamına,

    Bircə söz saxladım “Azadlıq” sözü,

    Dönüb yumruq olmaq öyrətdim ona.

    Gördüyümüz işlər,sözümüz ,kitabımız düşdüyümüz fəlakətlərdən çıxış yolu tapa bilmirsə, xalqın müşküllərini həll edə bilmirsə, yorğun ruhları dincəldə, sirinsəyən duyğuları tərpədə bilmirsə mənasızlaşır.

    Əslində gəncliyimdən üzü bəri mən yaradıcılığa bir estetik kateqoriyadan çox, ictımai missiya, vətəndaşlıq işi kimi baxmışam. Məktubu təkcə bəzəkli ifadələr, bənzətmələr seçmək, sözlə oynamaq qabiliyyətini göstərmək üçün yox, ilk növbədə ünvana çatmaq və xəbər çatdırmaq üçün yazırlar. Qınından çıxmayan qılınca, yaxşı kəsməyən bıçağa nə qədər bəzək vurursan vur!..  Çoxlu başqa yanaşmalar da var. Mənim mövqeyim belədir.  Buna görə də yazı-pozuya iş kimi baxıram, daha doğrusu millət işinin , insan mühəndisliyinin bir parçası kimi baxıram.  Nəticəsi olacaqmı, bəhrəsini görəcəyikmi? Bu  ayrı məsələdir. Mən əkinçiyəm, işim toxum səpməkdir. O toxumun taleyinin necə olacağını, havanın, yağışın, qarın onun üçün hansı  sürprizlər hazırladığını düşünsən, hərəkət dayanar! Yola bu inamla başladığıma görə janr haqqında az düşünmüşəm.  heyif ki,yazmaqdan çox danışmışam. Dünya boyu! Saysız rəsmi, qeyri görüşlər uc-uca calanıb. İmkan nəyə çatıb, onu eləmişəm. Yaradıcılıq həyatı masasının başında keçən  xoşbəxt qələm əhlindən olmamışıq.  Harda daha rahat oluram? Əlbəttə, ilk növbədə xalqın içində!  Şeirlərimdən biri bu duyğudan doğulub:

    Yenə bir meydan…

    Adı Azadlıq olmasa da olar,

    Ruhu azad olsa yetər.

    Yenə bir xalq…

    Min ildir gəlir bu yolu,

    Alnında duz bağlayıb tər.

    Nə qədər sındırılsa da,

    İradəsi sınmazdır millətimin.

    Ləyaqətini və düzlüyünü

    Qoruya bilsə əgər!

    …Yenə bir meydan!

    Sinəmdən fışqıran sözüm!

    Son səngərə dönsəm də,

    Ürəyim darıxmasın!

    Azadlıq! Müstəqillik!

    Mənim qazandığıma

    Yadlar sahib çıxmasın!..

    • Ömür kitabını cehiz aparan qızlar vardı. Maraqlıdı öz ömür kitabınızın səhifəsində hansı günləri yazmaq istərdiniz ki, onları hələ yaşamamısız?
    • -İlk  olaraq Qarabağ torpaqlarının azad olacağı günləri, İran türklərinin Fars rejimindən xilas   sevincini. Bir də qeyri-adi bir fürsət ola: insan ömrünün son anlarını və ölümlə görüşünü də yaza bilə…
    • Sizin fikrinizcə yaradıcılıq insanı yaşamağa ruhlandırır ya həyatı çətinləşdirir?
    • -İkisi də var. Uğurlu yaradıcılıq işi xöşbəxtlikdir. Gecə-gündüz nəfəs dərmədən çalışsan da çəkdiyin əziyyət özü belə səni yaşamağa ruhlandırır. Eyni zamanda Anar demiş “anlamaq dərdi”, həyatı cəhənnəmə çevirir.  Yazıçı işi cəmiyyətlə ömürlük dialoqdur. Səsinin eşidilməsini və dediyi sözün təsirini duymaq onun doğal istəyidir. Yəni sözünü havaya üfürmək xoşa gələn bir iş deyil.. Ədəbiyyat həm həkimdir –müalicə edir, həm hakimdir – hökm verir, dəyərləndirir. Bu mənada müalicə olunmaq istəməyən, etdiyi yaxşı və ya pis əməllərin hakim gözündəki dəyərini və ya  cəzasını bilmək istəməyən bir cəmiyyətdə yaşamaq qələm adamı üçün dözülməzdir. Bizim cəmiyyətin anlaşılmaz meyillərindən biri başqasını böyük görmək xəstəliyidir. Özümüzkünə üstdən aşağı baxar, yabançının qarşısında diz çökər. Zəhər də olsa, xeyir verməsə də kənardan gətirilmə ilaca-dərmana ümid bağlar. Ədəbiyyata münasibətdə də belədir. Beşinci dərəcəli “İmport” kitabları öz taleyini göstərən “yerli” əsərlərdən üstün tutar. Dediyimin gəlişi gözəl söz olmadığını görmək istəsəniz sosial mediadakı oxu və kitab sorğularına göz ata bilərsiniz.  Kitab işinə qayğı artmalıdır. Kitabların Kitabxana kollektoru tərəfindən alınıb kənd kitabxanalarına göndərilmə ənənəsi bərpa olunmalıdır. Qonorar sistemi nizama salınmalıdır. Kitablarımızın xarıci dillərə tərcüməsini dövlət öz himayəsinə götürməlidir. Yazıçının həyatını çətinləşdirən başlıca amillər bunlardır.
    • Yaradıcı insan üçün həyatın reallıqlarını qəbul etmək çətin deyil ki?
    • -Həyatın reallıqlarını görməyən, onu içindən və taleyindən keçirməyən, millətinin mənəvi və ictimai sıxıntılardan xilas yolunu axtarmayan adam normal yazıçı ola bilməz!
    • Heç yorulub adi, sıradan həyat yaşamaq istəmisiz?
    • -Mən bütün ömrüm boyu belə yaşamışam. Özümü başqalarından yüksək tutmadan, sıravi vətəndaşlarımızdan biri kimi , toplumdan ayrılmadan! Özümü və gördüyüm işləri gözə soxmağı xoşlamıram! Gənclikdə şöhrət haqqında düşünmüşəm,  sonra şöhrət özü tapıb məni,  indi ondan qaçıram. Ehtiyac içində yaşayanları görəndə tikəm ağzımda donur. Evsizləri düşünəndə dörd divar arasında  sixiliram.  Atam haqqında yazdığım bir şeir var. Onun bir bəndi mənim öz taleyimdir.

    Sevin ki, atalar heykəli təki,

    Ey ürək, nişana qalanlardanam.

    Mən elin əlindən qılıncı ilkin,

    Çələngi sonuncu alanlardanam.

    • Bir vaxtlar oxucu məktubları yazılırdı. Yaddaşınızda ilişib qalan məktub varmı?
    • -Məktub söhbəti dana çox cavanlıq illərimizi xatırladır. Elə elə o  ovqatla da cavab verim: Aldığım məktubları mövzular üzrə üç yerə bölmək olar:
    • Birinci, gəncliyimdə aldığım sevgi məktubları. İkinci, kitablarımla və daha çox “Ömür kitabı” ilə  bağlı olan oxucu məktubları. Üçüncüsü, meydanı idarə elədiyim günlərdə və meydan hərəkatı dövründə gələn məktublar.
    • İndi də bu əlaqələr üzülməyib, lakin daha çox sosial mediada yazırlar və getdikcə qaçqınlardan, seçicilərimizdən gələn şikayət məktublarının sayı artır. Birinci qisimdən olan məktublar gizli qalır. Ünvanımı  bilməyənlər bir zamanlar o məktubları Yazıçılar ittifaqına yazırdılar. Orda katibə işləyən yaşlı  qadın buna görə mənə qəzəbli idi, bunu yazıçı üçün yolverilməz sayırdı. Onları bir yerə yığıb sirlərimin özəl bir qovluğunu hazırlayıbmış. Amma bu sirləri açmaq ona qismət olmadı, onun ardınca işə gələn yazıçı-jurnalist  Elmira Axundova dostumuz idi, sonralar yazdığına görə mənə hörmət əlaməti olaraq həmin qovluğu, Yazıçılar ittifaqının həyətində yandırmışdı ki. ələ düşməsin. Evdə olanları da gizləyirdim. Necə olubsa bu məktublar Tənzilə xanımın əlinə düşüb, o da hamısını bir yerdə həmin vaxt  haqqımda kitab yazan Qənirə Bəyzadəyə verib. Qənirə Bəyzadənin iki cildlik kitabının bir fəsli həmin məktubların şeirlərə təsirinə həsr olunub: “ Gül ətirli məktublardan sətirlər.”  Bir sözlə  qorunmaq çətindir…

    Məni sarsıdan, günlərlə yadımdan çıxmayan məktublar çox olub. Xüsusən Qarabağ müharibəsi başlayandan sonra insanların faciələrini göstərən, göz yaşı ilə yazılmış məktublar. Və təəssüf ki, bu günə kimi həmin məktubların arası kəsilmir.

    Başqa ovqatla yazılmış bir məktub da yadımdan çıxmır. Bu yaxınlarda arxivimi qurdalayanda, kağızların arasından rayonlarımızın birindən gəlmiş və açılmamış bir  məktub çıxdı. Necə olubsa gözümdən yayınıb. Açdım, yeniyetmə saflığı ilə yazılmış, içdən gələn və adamın ürəyini titrədən bir sevgi etirafnaməsi,  arasında da son dərəcə gözəl bir qız şəkli… Əslində burda qeyri-adi bir şey yoxdur. Qeyri-adi olan mənim gəncliyimə yazılmış məktubun yaşlı vaxtıma çatması idi. Zaman keçib, ömür mənim gəncliyimi və o şəkildəki gözəlliyi alıb aparıb. Amma sözlər hələ də ürəyi titrədir. Şübhəsiz hər məktubun dalınca gedilmir. Buna baxmayaraq, heç olmasa bir minnətdarlıq bildirmək olardı. Bu hadisə mənə Mopassanın cavanlıqda oxuduğum, bu günə kimi unuda bilmədiyim bir hekayəsini xatırlatdı.

    Aldığım məktubları və teleqramları da qoruyub saxlayıram. Çünki,  onların hər birinin arxasında bir insan dayanır; o məktublar əsasında millətimizin taleyi ilə bağlı gözəl bir publisistik əsər yazasan.

    • Bəs siz gənc yaşlarınızda hansısa məşhura  məktub yazmısınızmı?
    • -21 yaşımdan “Ədəbiyyat və incəsənət” qəzetində işlədiyimdən bütün nəsillərdən olan məşhurlarımızla tanış olmuş , onlara demək istədiklərimi demişəm, yazmışam. Amma orta məktəbin yuxarı siniflərində oxuyarkən bəyəndiyimiz əsərlərinin müzakirəsinə dəvət etdiyim yazıçılar olub. 10-cu sinifdə oxuyarkən  o vaxt “Tikanlı məftillər” povesti rəğbətlə qarşılanmış Əhmədağa Muğanlıya məktub yazıb məktəbimizə, kitabının müzakirəsinə dəvət etmişdim. Bu yaxınlarda Araz Qurbanov atasının arxivində rastlaşdığı həmin məktubu mənə verəndə o hadisəni xatırladım. Ucqar rayonda yaşayan bir 10-cu sinif şagirdinin bədii əsər haqqında düşüncələrini bölməsi mənə maraqlı gəldi.  Başqa məktublar da olub. Məsələn, evsiz illərimdə o vaxt Azərbaycan KP MK-nın birinci katibi olan Heydər Əliyevə bir teleqram vurmuşdum. Və o teleqramın nəticəsi olaraq, onun tapşırığı ilə mənə ev verdilər. Teleqram cəmi iki cümlədən ibarət idi.  Qarabağ məsələsi ilə bağlı Qarbaçova da məktub yazmışdım.
    • Maraqlıdır Milli Məclisdə şeir yazdığınız olubmu?
    • -Bir kəskin mübahisədən sonra demişdim ki, Milli Məclis şeytan ocağıdır. Sonra bunu nə mənada dediyimi də anlatmışdım və heç kim də inciməmişdi. Amma nədənsə ilham pərisi məclisin qapısından içəri girmir.
    • Gündəlik yazmısınızmı və nə vaxtsa memuarlarınızı çap etdirmək fikriniz varmı?
    • -Ara-sıra nələrsə yazmışam, amma ardıcıl yazmaq imkanı olmayıb. Çünki şeirlərin, publisist yazıların , bəzi nəsr əsərlərim elə memuarlarımdır.
    • Sözün mistikası var. Yazdığınızın sonradan başınıza gəldiyi hallar olubmu?
    • -Şəxsən mənim başıma gəlməsə də xalqımız üçün arzuladığım və güman elədiyim bir çox şeylər sonradan başımıza gəlib: Müstəqillik, Arazın üstündən yolların açılması, ana dilimizin alçaldıcı sıxıntılardan qurtarması və sair.
    • Sizi yazdıran nə oldu? İlk şeiriniz hansı mövzuda olub? O şeirin özəl bir xatirəsi varmlı?
    • -Bu suala çox cavab vermişəm, təkrar eləmək istəmirəm. Ilk şeirim ailəmizə üz vermiş qəmdən, ağrıdan doğub. Mətbuatda çap olunan ilk şeirim isə kənd haqqındadır, tam başqa bir ovqatla yazılıb. Bu paralel xəttlər bu günə kimi uzanır. Yazdıqlarımın bir hissəsi  taleyimizə söylənən ağıdır, bir hissəsi Vətənə sevgi və xalqımızın gələcəyinə inam nəğmələridir.
    • Böyük bir ömür yolu keçmisiniz, “Ömür kitabı”nıza nəzər salanda “kaş ki” dediyiniz anlar olubmu?
    • Ömür o qədər qısadır ki, səhvləri düzəltməyə vaxt  çatmır.  Keçdiyim yolları xatırlayanda “kaş ki” dediyim məqamlar var, lakin heç nəyi qaytarmaq mümkün olmadığından qalan ömrümün qədrini bilmək,  vaxtı düzgün dəyərləndirmək lazımdır.
    • Sevmədiyiniz sual hansıdır?
    • Heç bir sualdan çəkinəcəyim yoxdur, bununla belə alt niyyətlə, səmimi verilməyən sualları sevmirəm.
    • Məndən gözlədiyiniz, lakin vermədiyim sual oldumu?
    • Sual adlı bir şeirim var.

    Başımın üstündə Ay – ağappaq bir sual,

    Qarşımda Yol – cavab istər hər dolanbacı,

    Sualdır atdığım hər addım,

    Haqqa qurulan dar ağacı…

    Bir sual işarəsidir göy qurşağı,

    Yer kürəsi nöqtə… altında…

    Suallar dəvənin boynunda,

    Qartalın bükülən qanadında!..

    Bir cavabsız sualdır dünyaya gəlməyimiz…

    Cavab vermir bu dünya… göylər… göydəki ilahilər…

    Tək bir cavab tapmışdım sənin ürək odunda,

    Yüz-yüz əyri sorunu susduran inadında!..

    Sən bütün acılara şirincə bir əlvida,

    Ömür adlı cümləni tamamlayan bir nida!

    Bu gün səsim qeyb oldu, gəlmədi əks-sədası,

    Suala döndüm özüm, ölü doğuldu arzum…

    Cavab ver!

    Susmaq yaraşmır Sənə!

    Adiləşmə!

    Lal olma!

    Tək cavabım Sən ikən,

    Sən də bir sual olma!

    Bir millət vəkili kimi ədəbiyyatla və mədəniyyətlə bağlı təklifiniz varmi və olacaqmı?

    • -Mən elə gəncliyimdən mədəniyyət və ədəbiyyatımızla bağlı təkliflər vermək, həllini vacib saydığım  məsələləri yada salmaq işi ilə məşğulam. Azərbaycanda türklərdən əlavə azsaylı xalqlar da yaşayır; hamısı vətəndaşımız, qardaşımızdır. Onları vahid Azərbaycan mədəniyyəti birləşdirir. Azərbaycan vətəndaşlarını bölünməz bir millətə çevirən həmin mədəniyyətdir. Onun qədrini bilmək və onu qorumaq, gəlişdirmək lazımdır. Buna görə də ucqar kəndlərdəki mədəniyyət ocaqlarımızdan, tarixi və etnoqrafik abidələrdən  başlayaraq,  mədəniyyət adına nə varsa hamısı qorunmalıdır. Əhməd Ağaoğlu deyir ki, mədəniyyət yaşam tərzidir. Yaşayışımızla bağlı qaygılarımız çoxdur; ana dilinə münasibətdən tutmuş, toylarımıza, yaslarımıza qədər. Bu məsələlər barədə hər kəs düşünməlidir…
    • Son olaraq yeni fəaliyyətə başlamış saytımız Yazarbaycan.com-a arzunuz, tövsiyyəniz...
    • -Xeyirli-uğurlu olsun.Uğur arzulayıram.

    Hörmətli Sabir müəllim,təklifimizi böyük səmimiyyətlə qəbul edib,bizə vaxtınızı ayırdığınız üşün sizə Yazarbaycan ailəsi adından sonsuz təşəkkürlərimizi bildiririk.Minnətdarıq.

    Söhbətləşdi: Aysel Xanlarqızı Səfərli

    http://Yazarbaycan.com/

  • Yaşasaydı bu gün 66 yaşı tamam olacaqdı.

    Deyirlər ki, ömrü verəndə uca yaradan özüdür, vaxtı çatarkən onu alanda. İnsan oğlu torpaqdan xəlq edildi elə sonda torpağa da qayıtmalıdır. Ancaq elə şəxslər var ki, onların bu fani dünya ilə vidalaşması vaxtından və zamanından asılı olmayaraq hər an insanın qəlbini göynədir. Bu itginin ağırlığı qarşısında aciz olsan da həyat həqiqətilə barışmaq çətin olur. Sənətkar ömrü isə yaşanan illərlə deyil, görülən əməllərlə ölçülür. Belə sənətkarlardan biri də özünə və sənətinə daim yüksək tələbkarlıq və məsuliyyətlə, yaradıcılıqla, həm də pərəstişkarlarına hörmətlə yanaşmağa üstünlük verən, 30-a qədər sənədli, tarixi və bədii filmin quruluşçu rejissoru olan Rovshan Almuradlı idi. Yaşasaydı bu gün 66 yaşı tamam olacaqdı. Rövşən bəy öz xarakteri, həyat yolu və yaradıcılığı ilə sözün həqiqi mənasında xalq sevgisi qazandı. 40 ildən çox teatr və kino sənətinə, xalqa ləyaqətlə, vicdanla xidmət etsə də, onu çoxillik və məhsuldar aktyor və rejissor fəaliyyətinə görə təltif etmək, mükafatlandırmaq, fəxri ad vermək heç kəsin, o cümlədən Mədəniyyət Nazirliyinin fikrinə də gəlmədi. Halbu ki canı-qanı bahasına ərsəyə gətirdiyi “Koroğlu” və “Cavad xan” filmlərinə görə ona “Xalq artisti” adı verilə bilərdi və zamanında göstərilən bu diqqət bəlkə də böyük sənətkarın ömrünü uzadardı.
    Amma Rövşən Almuradlı zirvəsi bu gün bütün bu rəsmi titullardan yüksəkdədir!
    Ruhun şad olsun, böyük insan!

    Samir Əsədli

  • “Yağışdan sonra” şeirlər kitabı üzərində gəzişmələr

    Kulis.az Üzeyir Əlizadənin Faiq Balabəylinin “Yağışdan sonra” şeirlər kitabı haqqında yazısını təqdim edir.

    Faiq Balabəyli azsaylı imzalardandır ki, dövrü mətbuatda qarşılaşdığım zaman şeirlərini oxumadan keçməmişəm. O, oxucusunun bütün ovqat məqamlarına tuşlanan, istənilən ovqatında oxuna bilinəcək şeirlərin müəllifidir. Fəlsəfi uydurma, qeyri-səmimi pafosçuluq, nala-mıxa vurmaq kimi üslub xətası onun poeziyasına yaddır. Səmimidir, hiyləgər fəndlər nümayiş etdirmir, fikirlərinə sədd qoymadan yaradıcılığında düşüncə və duyğularına azadlıq verir. Şeiriryyatındakı davranışlarının zənginliyi daxili aləminin maraqlı tərəflərini ifadə edə bilir. Şeirlərinin içində dağılıb yox olmur. Misralarını, bəndlərini əl-ələ tutuşdura bilir. Rabitə ahəngliliyini pozmur, ən çılğın fikirlərinin ifadəsində belə şivən salmır. Əksinə, təmkinlilik nümayiş etdirir.

    Aktyorun ən yaxşı oynadığı rol öz xarakterinə uyğun roldur. Bu psixoloji nəzəriyyədən çıxış etsək o zaman deyə bilərik ki, hər bir yazarın xarakteri qələminin dili ilə danışır. Balabəylinin iç danışığı şeirlərinə törəmə deyimlər bolluğu ilə siraət edir. Lirikasında qəribə bir müqəddəs təmasçılıq var. Əksər şeirlərində emosiyaları bu və ya digər formada qohum kəlmələr ilə özünü göstərir. Vətənini, övladlarını, doğmalarını, dostlarını, insanları öz canı və qanı qədər əziz bildiyindəndir ki, emosiyalarını toxunuşlarla bildirir. “Vətən” şeirindəki bu misralar kimi:

    Mən sənsiz belə darıxdım –
    əllərimi otlarına sürtdüm,
    gözümü meşələrinə dikdim,
    kürəyimi ağaclarına söykədim,
    ürəyimi Araz nəhrinə çevirdim –
    sənə gələn ağrıları, ağıları
    içimdən keçirdim…

    “Vətənə ağı” şeirində isə:

    Hər gün istədim ki, durum dolanam başına, –
    başını tapa bilmədim,
    ayağına döşəndim…
    üzümü sürtdüm otuna-çiçəyinə,
    gözlərimi dikdim quşuna, böcəyinə…
    qısıldım ayaqlarına,
    bir hovr yata bilmədim, – deyir.

    Digər şeirlərindəki aşağıdakı misraları da misal olaraq göstərmək olar: “Daşına sinəmi söykədiyim dağ”, “Üzümü söykəməyə gövdəndə yer gəzirəm”, “Çiynimi söykədiyim bu ağacın gövdəsinə” və.s. bu kimi misralara, deyimlərə tez-tez rast gəlinir. Vətənə əliylə, üzüylə, çiyniylə toxunaraq sevgisini bildirir, sanki hissə-hissə vətənə toxunub vətən olmaq, parçalanıb vətənin hər tərəfinə səpilmək istəyir. Vətənin ağacını, çayını, dənizini, dağını, dərəsini, qayasını, çəmənini, gülünü güvən yeri, arxa bilmək istəyir özünə.

    Ayağını basdığı vətən torpağının ayağına döşənir, əllərini çəməninə, otuna sürtüb əlindən tutmaq istəyir sanki, vətənin.

    Vətəninə olduğu qədər övladlarına, doğmalarına da tükənməzdir sevgisi. Övladlarını övladsevər, qohumlarına qohumcanlı, dostlarına istiqanlıdır Faiq. “Ah çəkmə” şeirindəki bu misralar söylədiklərimə bir nümunə olsun.

    İndi havalar soyuqdur,
    Ah çəkmə, ahın donacaq.
    Uzaqlara gedib çatmaz,
    Yenə də yaxın donacaq.

    Faiqin şeirlərində sətirlər ögsüz deyil, canlıdır, xoşqılıq, xoşrəfdardılar. Qələminin vərəqdə büdrəməsi hiss olunmur. Fikirlərarası ardıcıllıq, sətirlərarası rabitə mükəmməldir.

    “Yağışdan sonra” kitabında bəzi şeirlərinin altında CÇM yazısı diqqətimi çəkdi. Sonradan məlum etdim ki, sən demə bu şeirlər Cəza Çəkmə Müəssisəsində yazılıb. Elə bu misraların özü də içində bu ovqatı gizlədir.

    O güllər qalın divarların,
    tikanlı məftillərin,
    arasında doğulmuşdular…
    məhkum gülləridir…o güllər.

    Həyat yoldaşının şəklini sinəsinə basaraq, “həyat yoldaşım məndən boşanmaq istəyir” deyərək ağlayan dustaq yoldaşının dərdinə laqeyd qala bilmir, “Bu şəkil” şeiri ilə şairanə təskinliyə gücü çatır dostu üçün:

    Kimsə səni başa düşər bəlkə də…
    amma, dostum, ağlayanlar tapılmaz!
    Səndən başqa o qadının şəklini
    sinəsində saxlayanlar tapılmaz!

    Faiq Balabəylinin şeirləri obrazların diliylə danışmır. Şair məsuliyyətini öz üzərinə götürür, oxucusuyla özü üz-üzə durur. Bəzən poetik büdrəlmələrini oxucusunun gözündən ustalıqla yayındırmağı da bacarır. Bəzən də oxucusunu tələyə salmaq bacarığını nümayiş etdirmək istəyir. Bax belə…

    Dəysən ürəyimə – inciməz yəqin,
    sınmış ürəklərin canı halaldı!
    Ətrini udmuşam tər çiçəklərin,
    ölsəm çiçəklərin qanı halaldı…

  • “Bu gərgin dönəmdə Bakıdan dünyaya barış mesajı verildi” – Sabir Rüstəmxanlı

    “Bizim dünyamızın da Ermənistan və bu kimi xeyli xəstə orqanları var ki, kəsilib atılmaqdan başqa əlacı yoxdur”
     
    “Yaxın günlərdə pandemiya sıxıntılarının aradan qalxacağına inanıram”

    Xalq şairi, millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlın son günlərin aktual məsələləri ilə bağlı sualları cavablandırıb:
    – Sabir bəy, dünyamız koronovirus vahiməsini yaşayır. Ümid edirik ki, bu dönəm böyük müharibələrin zamanı qədər uzun sürməyəcək. Amma bu qısa zaman kəsiyi də meqapolisləri insanlarsız qoymaqdan tutmuş, ölüm statistikasına, iqtisadi zərbəsinə görə elə böyük müharibələrə bərabərdir. Siz necə görürsüz gedişatı, qoca dünya necə keçirir bu xəstəliyi?
    – Düz deyirsiz, əslində, xəstəliyi bütövlükdə dünya keçirir. Hansı ölkədə virusa yoluxma sayının, ölüm sayının neçə olmasından asılı olmayaraq, planetimiz bütün təbii, iqtisadi və ən əsası insani resursları ilə birgə bu xəstəliyi keçirir. Dünya özü də bir vahid orqanizmdir. İnsan xəstələnərkən onun orqanizmindəki zəif əzalar, daha həssas orqanlar ağrı verdiyi kimi indi dünyamız da eyni hissi yaşayır. Diqqət edin, bu virusun yaranması ilə bağlı müxtəlif iddialar var və bu iddiaların hamısında böyük güclərin, imperalist dövlətlərin adları çəkilir.
    Bu virusun ABŞ, Çin, Rusiya kimi dövlətlərin beyin mərkəzlərində hazırlandığı haqda ciddi arqumentlərlə əsaslandırılan mülahizələr irəli sürülür, hazırkı situasiyanın belə böyük güclərin iqtisadi və siyasi maraqlarına necə xidmət etməsi analiz edilir. Amma nəticə etibarı ilə ən çox insanı və iqtisadi itkilərə də elə bu dövlətlər məruz qalır. Atalarımızın “gen qaz, dərin qaz, axırda özün düşəcəksən” məsəli burda tam yerinə düşür. Xəstə dünyamızın bir zəif orqanı özünü supergüc hesab edən bu dövlətlərlə bağlı üzə çıxdı. Digər bir məqam dünyanın maliyyə mərkəzləri hesab edilən böyük fondların davranışları ilə bağlıdır. Söhbət o fondlardan, maliyyə mərkəzlərindən gedir ki, yüz minlərlə insanın taleyində qara iz buraxan inqilablara, müharibələrə açıq və ya gizli şəkildə sponsorluq edir, milyardlarla vəsaiti bu işə yönəldirdilər. İndi insanların xəstəlikdən əziyyət çəkdiyi, iqtisadi problemlərdən yaranan sosial çətinlik dövründə bu fondlar ağızlarına, daha doğrusu hesablarına su alıb oturublar.
    Bəzi beynəlxalq təşkilatlar, Avropanın beynəlxalq qurumları 10 illərlə davam edən ermənipərəst mövqeyi ilə nüfuzdan düşüblər. Bax, dünyanın xəstə durumu həm də bu xəstə orqanları üzə çıxardı. Yəni dünya tam bir orqanizmdirsə, dövlətlər və xalqlar da bu orqanizmin tərkib hissələridir. İndiki xəstəlik dövründə hər bir orqan, bədən üzvü, yəni hər bir dövlət, xalq gerçək xüsusiyyətlərini, mahiyyətini ortaya qoydu.
    – Sizin bu yanaşmanız dünyanın pandemiya ilə uğraşdığı, karantin tədbirləri gördüyü bir vaxtda qondarma Dağlıq Qarabağ rejimində seçkilərin keçiriliməsini yada saldı. Doğurdan da elə dövlətlər var ki, dünyanın dərdi bir yana, bunların xəstə təfəkkürdən irəli gələn maraqları bir yana…
    – Əslində, böyük və kiçik olmasından asılı olmayaraq, həmin təfəkkürlə siyasət yürüdən dövlətlər dünyamızı bu günə gətirib çıxarıb – xəstə salıblar. Mən xüsusi olaraq bu günlər cəbhə xəttində atəşkəs rejiminin pozulma statistikasını izləyirəm: əvvəlki günlərdən demək olar ki, fərq yoxdur. Qondarma rejimin qondarma seçkiləri də eyni mahiyyətdən irəli gəlirdi. Erməni diasporu, erməni siyasi hakimiyyəti üçün vətəndaşın təhlükəsizliyi və onun həyatı yox, özlərinin imperalist maraqları önəmlidir. Bu mənada dünyanın xəstə orqanı kimi dövlətin böyüklüyünün və ya kiçikliyinin bir fərqi yoxdur. Kor bağırsaq kiçik bir orqandır, amma ağrısı, kəsilib atılmasa, fəsadları heç də balaca deyil, bütün sistemi çökdürə bilir.
    Bizim dünyamızın da Ermənistan və bu kimi xeyli xəstə orqanları var ki, kəsilib atılmaqdan başqa əlacı yoxdur. Özü də taleyimiz elə gətirib ki, belə xəstə orqanların bir çoxu bizim ətrafımızda qərar tutub.
    Başqa bir xəstəlik ünvanı İrandır. Özünü islam və din pərdəsi altında gizlədən bu rejimin də bu günlərdə gerçək siması bilindi. Bildiyiniz kimi Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir. Bir neçə gün öncə isə Heydər Əliyev Mərkəzinin binası üzərində İran İslam Respublikasının bayrağı videoproyeksiya olunub.
    Bu bizim qonşuluq və bəşərilik yanaşmamız. Amma elə həmin günlərdə İrana məxsus yük avtomobillərinin işğal altındakı Azərbaycan ərazilərinə yanacaq və ərzaq daşımalarını nümayiş etdirən videogörüntülər yayıldı. Bunun nə müsəlmançılıqda, nə insaniyyətdə adı yoxdur. 40 milyonluq Azərbaycan türkünə öz ana dilində təhsil almağı yasaqlayan rejim bu tayda millətimizə soyqırım həyata keçirən bir başıpozuq hərbi qruplaşmaya yardım edir. Belə orqanları olan dünya xəstəlik də tapar, virus da…
    – Yeri gəlmişkən, bu günlərdə Türkiyə Cümhuriyyətinin Ermənistana yardımı da cəmiyyətdə müzakirə olunur və fikirlər birmənalı deyil.
    – Xeyir, bunlar eyni cür deyil. Əvvəla, Türkiyə müstəqil dövlətə tibbi yardım göndərməyə qərar verib, Azərbaycanın işğal olunmuş ərazisinə yox. Digər bir tərəfdən bu yardımı pandemiya ilə mübarizədə aciz qalan Ermənistan özü xahiş edib. Xəstəlik və fəlakət qarşısında düşmən belə yardım istəyərsə, ona əl uzatmaq insanlıqdı, bu insanlığı dünyanın harasında olmasından asılı olmayaraq, türk genini daşıyan hər kəs edər. Bu türkün min illərdən gələn əxlaq və yaşam tərzidir. Buna görə də Türkiyə yardımını da açıq rəsmi şəkildə bəyan edir, İran isə bizim dövlət suverenliyimizi pozaraq ,bunu gizli yollarla həyata keçirir. Dünyaya, insanlığa baxış fərqləri burdadır. Bir neçə gün öncə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Bu zirvə görüşü Azərbaycan prezidentinin təşəbbüsü ilə baş tutdu. İndiki dönəmdə, dövlətlərin, böyük maliyyə və beyin mərkəzlərinin dünyanın gələcəyi ilə bağlı ağlasığmaz bədbin proqnozlar verdiyi bir vaxtda bu Zirvə görüşü dünyaya Bakıdan verilən bir barış mesajı idi.
    Böyük Atatürkün “Yurdda sülh, cahanda sülh” şüarı Romanı bağışlayan Atilladan günümüzədək bütün Türk dövlətlərinin əsas prinsipi olub. Buna görədir ki, bu gün Yaxın və Orta Şərqdə, hətta coğrafi baxımdan eyni materikdə və qitədə olmadığımız əzilən xalqların ilk umacağı Türk Dünyasına olur. Dünyanı yenidən bölüşmək niyyətində olan güclər də bu faktla hesablaşmaqdadırlar. ABŞ-ın Asiyada vazkeçilməz müttəfiqi Türkiyədir, Rusiya Türk-Slavyan birliyi üçün çabalar göstərir, Çin belə min illər öncədən ruhuna və gücünə bələd olduğu Türk dünyası ilə ittifaqa can atır. Son zirvə görüşündə səslənən fikirlərdən də məlum oldu ki, indiki halda pandemiya qarşısında aciz qalan ölkələrə ən çox yardımlar Türkiyə, Azərbaycan və digər türk dövlətləri tərəfindən edilir. Türk bir millət olaraq qaranlığa qərq edilən dünyaya günəş kimi doğur.
    – Yardımlardan söz düşmüşkən, bəzən belə fikirlər səslənir ki, Azərbaycanda xeyli insanın yardıma ehtiyacı olduğu bir zamanda dövlətimizin xarici ölkələrə yardım etməsi düzgün deyil.
    – Bilirsiz, bu məsələyə belə bəsit düşüncə ilə yanaşmaq olmaz. Bir tarixi faktı xatırlatmaq istəyirəm. Ötən əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyev Pakistan xalqına yardım edərək onları ölümdən qurtaranda Azərbaycanda da köməyə ehtiyacı olan xeyli sayda insan var idi. Buna görə, o zaman Tağıyevi ittiham etməliydilər? O kişinin yüz il əvvəlki yardımını bu gün Azərbaycan dövləti olaraq Pakistan Respublikasının hər cür dəstəyi olaraq görürük. Təbii “əvvəl evin içi, sonra çölü”, amma etiraf edək ki, indiki qlobal iqtisadi böhran şəraitində dövlətimiz imkanlarını hesablayaraq müəyyən addımlar atır. Burda bir diletant fikri də tam kənara qoymaq lazımdır ki, dövlətin ehtiyatda bu qədər vəsaiti varsa, elə o tam şəkildə indiki dövrə sərf edilməlidir. Azərbaycan iqtisadiyyatında neftin rolu hələ də yüksəkdir və bu gün dünya bazarında neftin ucuzlaşması davam edir. Pandemiyadan sonrakı dünyada iqtisadi münasibətlərin necə olacağı hələ bəlli deyil. Dövlət bütün bunları hesablayır və edilən güzəştlər, yardımlarda sabahı da düşünmək prinsipi var. Eyni zamanda belə situasiyalarda yalnız rəsmi strukturlar fəaliyyətdə olmamalıdır.
    Bu gün böyük şirkətlər, imkanlı şəxslər aztəminatlı ailələrə yardım göstərirlər. Hətta ölkə xaricində olan imkanlı soydaşlarımız da bu kampaniyada iştirak edir. Millət vəkillərimiz seçildikləri ərazidə imkanları daxilində köməklik göstərir. Yəni biz xalq olaraq bu çətinliyi dəf etmək üçün səfərbər olunmuşuq. Əslində pandemiya dönəminin bütün çətinliklərinə rəğmən indiki şəraitdə xalqın göstərdiyi həmrəylik daxildə bir sevinc yaradır və bu xalqın gücünə inamı artırır.
    – Sabir bəy, bu arada Milli Məclis də iclaslarını keçirir. Son iclasda 9 may günü ilə bağlı medalın təsis olunmasına etirazlar var. Sizin bununla bağlı fikirlərinizə rast gəlmədik.
    – Karantin şərtləri ilə əlaqədar bəzi millət vəkilləri son iclaslara qatılmadı. Artıq bu məsələ həll olunub və yəqin ki, növbəti iclaslarda iştiraka məhdudiyyət qoyulmayacaq. Bu səbəbdən mən qeyd etdiyiniz məsələnin müzakirəsində iştirak etməmişəm. Ancaq o fikirlərə qatılıram ki, 1941-45-ci illər savaşı “Böyük Vətən Müharibəsi” yox İkinci Dünya Müharibəsi adlandırılmalıdır. Bu müharibədə Azərbaycan xalqı minlərlə oğlunu itirib, bütün gücümüzlə qələbəyə yardımçı olmuşuq, qələbənin əldə olunmasında Bakı neftinin rolu əvəzsizdir. Yəni bu qələbədə bizim də payımız var. O baxımdan medalın təsis olunması düzgündür, amma bu medal “Faşizm üzərində qələbənin 75 illiyi” adlandırılmalıdır, daha doğru yanaşma bu olmalıdır. Eyni zamanda bildirim ki, son iclasda Nazirlər Kabinetinin hesabatı ilə bağlı fikirlərimi də bildirdim və seçildiyim Neftçala rayonunun problemlərini açıqladım. Bu bölgə bütün böyük proqramlardan kənarda qalıb. Yaxın günlərdə pandemiya sıxıntılarının aradan qalxacağına inanıram. Bundan sonrakı dönəmdə bütövlükdə ölkəmizin inkişafı üçün eyni həmrəyliklə çalışacayıq.
    Nəsimi
    BakuPost