Milli Məclisin sədr müavini, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin deputatı Fəzail İbrahimli seçicilərlə görüş keçirib. Respublika vəkillər kollegiyası ilə birlikdə seçicilərə hüquqi yardim çərçivəsində Cəlilabad şəhərində keçirilən görüşdə Cəlilabad, Masallı və Biləsuvar rayonundan olan seçicilər iştirak edib. Görüş zamanı seçicilərlə fərdi qaydada görüşən millət vəkili Fəzail İbrahimli onların müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb.
Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə deputatın səlahiyyətləri çərçivəsində nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb.
Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə deputatın səlahiyyətləri çərçivəsində nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb.
Bu gün VHP sədrinin müavini Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini və komitə sədri, millət vəkili, prof. Fəzail İbrahimlinin doğum günüdür. Fəzail İbrahimli 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Azərbaycan Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsil alıb. F.İbrahimli 1973-1977-ci illərdə Yardımlı rayonunun Çanaxbulaq kənd məktəbində müəllim işləyib. 1979-1982-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant, 1982-ci ildən Bakı Dövlət Universitetində Kommunist Partiyası Tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Hazırda Azərbaycan Tarixi kafedrasının professorudur. 1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvü olan İbrahimlinin bir monoqrafiyası, bir kitabı, bir dərsliyi və 60-a qədər elmi məqaləsi var. 2000, 2005, 2010, 2020-ci illərdə keçirilən parlament seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasından Milli Məclisə üzv seçilib. 2020-ci ildə müstəqillik tariximizdə ilk dəfə müxalifətdən olan deputat kimi vitse-spiker seçilib. Ömrünün yetmiş birinci baharına qədəm qoyan Fəzail bəyi ürəkdən təbrik edirik. Xarakterində yüksək insani keyfiyyətləri cəmləşdirən, xalqına, dövlətinə bağlı olan, uşaqdan- böyüyə hər bir Azərbaycan vətəndaşına qayğı ilə yanaşan, sevgi bəsləyən və onlara xidmət etməyi özünə şərəf bilən Fəzail İbrahimli Millət vəkili olaraq daim xalqın yanında olmuş, onun problemlərinin aradan qaldırılması uğrunda cəsarətli çıxışları ilə seçilir, həmin problemlərin həlli yolunda ardıcıl fəaliyyət göstərir. Fəzail İbrahimli siyasətçi, deputat olmaqla yanaşı, həm də Azərbaycanın tanınmış alimidir. Uzun illərdir Milli Məclisdə təmsil olunur. İctimai-siyasi sahədə böyük təcrübəyə malikdir, belə insanların təcrübəsi ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir. Bir insan, alim, müəllim, millət vəkili, siyasətçi kimi bu sahələrin hər birində Fəzail bəyin xarakterinin, şəxsiyyətinin bir gözəl tərəfi üzə çıxır. VHP Siyasi Şurası olaraq, bütün VHP üzvləri adından böyük ziyalılıq keyfiyyətləri ilə hər birimizin sevimlisinə çevrilən dəyərli partiyadaşımızı, millət vəkilimizi, müasir Azərbaycan siyasətinin tanınmış simalarından biri olan, ardıcıl mövqeyi ilə, prinsipial xətti ilə fərqlənən, qayğıkeş ailə başçısı olan Fəzail bəyi doğum günü münasibətiylə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, ailə sevinci, çətin və şərəfli fəaliyyətində yeni – yeni nəaliyyətlər diləyirik.
Rusiyanın Ukraynadan sonra Gürcüstana təzyiqi artıracağı ehtimal olunur
“İndiki şəraitdə baş verənlər Kremlin Ukrayna məğlubiyyətini unutdurmaq üçün uğursuz cəhdləridir”
İşğalçılıq siyasətinə görə Qərbin ciddi təzyiq və sanksiyalarına məruz qalan Rusiya bir sıra bölgələrdə separatçılığı dirçəltməyə çalışır. Ötən gün Gürcüstanda separatçı “Cənubi Osetiya respublikası”nın qondarma “prezidenti” Anatoli Bibilov Rusiyaya birləşmək üçün yaxın vaxtlarda “hüquqi prosesə” başlayacaqlarını elan edib. Analitiklər bunun birbaşa Moskvanın təlimatı olduğunu bildirirlər.
Onların fikrincə, geosiyasi qarşıdurma Gürcüstan üzərindən Cənubi Qafqaza köçürülmək istənir. Rusların Ukraynaya hücumundan sonra rəsmi Tbilisi maksimum ehtiyatlı mövqe sərgiləsə də, Avropa İttifaqına üzv olmaq istiqamətində fəaliyyətini intensivləşdirdi. Rusiyanın Ukraynadan sonra Gürcüstana təzyiqi artıracağı deyilir. Abxaziyanın da Cənubi Osetiyanın yolu ilə gedəcəyi istisna deyil. Ehtimallara görə, Kreml Cənubi Osetiya və Abxaziyanın Rusiyaya birləşdirilməsi məsələsindən ilk dövrdə Tbilisinin siyasi xəttinə təsir etmək məqsədilə istifadə edə bilər. Yekun qərar isə hadisələrin inkişafına uyğun olacaq.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə açıqlamasında bu prosesin illərdir aparıldığını deyib. Partiya təmsilçisi vurğulayıb ki, Rusiya beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmağa davam edir:
“Moskva 2000-ci illərin əvvəllərindən başlayaraq Gürcüstanın işğal altında olan regionlarında yaşayan əhalinin məcburi pasportlaşdırılmasını həyata keçirir. Bundan Gürcüstana qarşı qeyri-legitim və hibrid alət kimi istifadə edir. Beynəlxalq ictimaiyyət Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Artıq 30-32 ildir Moldovada Dnestryanı, Gürcüstan ərazisində Cənubi Osetiya və Abxaziya və 8 ilə yaxındır Donetsk və Luqanskdakı separatçı-terrorçu rejimlər mövcuddur. Putinin Donbasdakı qondarma qurumların “müstəqilliyi”ni tanıması bir daha göstərdi ki, keçmiş SSRİ məkanındakı bütün separatçı qurumların arxasında məhz Kreml dayanır.
Ukrayna hadisələri isə göstərdi ki, işğalçılıq və imperializmin zərbəsi bumeranq kimi qayıdıb Rusiyaya dəyir. İndiki şəraitdə baş verənlər Kremlin Ukrayna məğlubiyyətini unutdurmaq üçün uğursuz cəhdləridir. Fikrimcə, yaxın vaxtlarda bunun da adekvat cavabı veriləcək”.
Milli azadlıq hərəkatının fəallarından olan Arif Rəhimoğlu dünyasını dəyişib.
Axar.az xəbər verir ki, bu barədə xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı bildirib.
O qeyd edib ki, Arif Rəhimoğlu Vətəndən uzaqda – İsveçin Höteburq şəhərində gözlənilmədən vəfat edib:
“Çətin ürək əməliyyatı keçirsə də, sağlamlığını bərpa etmişdi və saatlarla davam edən son görüşümüzdə milli taleyimiz və Azərbaycanın bütünlüyü baxımından ciddi dəyər daşıyan xeyli yaradıcılıq planlarından danışmışdı. Arif bəylə 1988-ci ildə, Milli Azadlıq Hərəkatının yüksələn günlərində tanış olmuşdiq. O, hərəkatın ziyalı qanadını təmsil edən, təmkinli, ciddi analitik təfəkkürü olan, özünü gözə soxmayan bir alim, fikir öndəri və vətən fədaisi idi. Azərbaycan diaspor təşkilatlarının tariximiz, mədəniyyətimiz, milli ideallarımız baxımından maarifləzinməsində çəkdiyi zəhmət yüksək qiymətə layiqdir. Allah rəhmət eləsin!”
Qeyd edək ki, Arif Rəhimoğlu 1955-ci ildə Naxçıvanda doğulub. Azərbaycan Xalq Cəbhəsinin qurucularından olub.
20 kitab və 250-dək elmi məqalə müəllifidir.
Arif Rəhimoğlu 2003-cü ildə İsveçə mühacirət edib.
“Rusiya Federasiyasının Dövlət Dumasının deputatı, İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaginin Azərbaycanla bağlı sərsəm çıxışı hələ də gündəmdədir. Bu ermənipərəst qüvvələrə xidmət edənlər üçün cəsarət olmamalıdır”.
Bu sözləri Milli Məclisin vitse-spikeri, VHP sədrinin Birinci müavini Fəzail İbrahimli deyib. O xatırladıb ki, Azərbaycan tərəfi deputatlar səviyyəsində, rəsmi formada məsələyə münasibət bildirib: “Mixail Delyagin Rusiya Dövlət Dumasında xüsusi diqqət çəkən deputat olmayıb. Onun söylədiyi fikirlər deputat kimi səlahiyyətini qavramamağından irəli gəlir.
Delyaginin düşüncəsi, beynəlxalq məsələlərlə bağlı tutumu budursa, çox təəssüf! Belə bir şəxsin Rusiya Dövlət Dumasında təmsil olunması təəssüf doğurur. Əgər kiminsə sifarişini yerinə yetirirsə, çox güman ki, ermənilər və ya ermənipərəst qüvvələrə xidmət edir.
Azərbaycanla bağlı belə fikrin ortaya atılması, Rusiyanın dünya səviyyəsində təkləndiyi, dünyanın qonşumuzun üzərinə gəldiyi, beynəlxalq sanksiyaların rəsmi Moskvanı sıxışdırdığı dövrdə Rusiya ilə kifayət qədər isti, qonşuluq münasibəti, müttəfiqlik müqaviləsi olan dövlətlə bir deputatın bu formada danışması qəbul edilməzdir. Amma sərsəm çıxış, qeyri-ciddi baxış, çəkisi olmayan bir insanın düşüncəsi olsa da, Azərbaycana qarşı yönəlmiş ciddi təhdiddən söhbət gedir. Deputatın üzr istəməyi sübut edir ki, dediklərinin mahiyyətini dərk etmədən danışıb, hansısa sifarişi yerinə yetirib. Azərbaycan tərəfi buna laqeyd qalmadı, cinayət işi açıldı, Delyagin beynəlxalq axtarışa verildi. Onun üzr istəməsindən asılı olmayaraq, müvafiq addım atıldı. Azərbaycan tərəfinin bu mövqeyi, qərəzli deputatı əməllə başa salması tutarlı cavab idi. Əsas odur ki, bundan sonra Delyagin kimi xarici sifarişə xidmət edən şəxslərin cəsarətlənməsinin qarşısı alındı. Çünki Rusiyanın özündə də bununla bağlı ciddi addımlar atılıb. Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaq istəyənlərin cavabı belə olmalı idi”.
Xatırladaq ki, Rusiya Federasiyası Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Mixail Delyagin “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramındakı çıxışı zamanı Azərbaycanın neft sənayesini bombalamaqla hədələyib.
Bu yaxınlarda Baş nazir Əli Əsədov “Kür çayının aşağı axarında suyun axınının tənzimlənməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Kür çayının aşağı axarında azsululuq dövründə suqəbuledici qurğuların fəaliyyətində yaranan problemlərin və çayın mənsəb hissəsində müşahidə edilən suyun duzlaşma dərəcəsinin artmasının qarşısının alınması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, ötən il Kür çayında suyun səviyyəsinin azalması fermer təsərrüfatlarında ciddi problemlər yaradıb. Hətta paytaxt Bakının əksər ərazilərində suyun 24 saatlıq rejimlə verilməsi mümkün olmayıb, mövcud problemlə əlaqədar içməli suyun təchizatı qrafiklə həyata keçirilib.
Bu barədə Modern.az-a danışan deputat Sabir Rüstəmxanlı bildirib ki, Aran rayonlarında – xüsusilə Neftçala və Salyanda həm içməli suyun verilməsi, həm də əkin sahələrinin suvarılması ilə bağlı narahatlığı parlamentdə qaldırıb:
“Təkliflərimi Nazirlər Kabinetinə və əlaqədər qurumlara vermişdim. O vaxt bu məsələnin araşdırılması ilə bağlı komissiya yaradılmışdı”.
Onun sözlərinə görə, Kür və Araz çaylarında suyun azalması təbii fəlakətdir.
Milli Məclisdə Neftçalanı təmsil edən S.Rüstəmxanlı bildirib ki, su probleminin meydana çıxmasına eyni zamanda təbii olmayan, insan əli ilə yaradılan süni təsirlər də rol oynayır: “Bu da ondan ibarətdir ki, suvarma sistemləri köhnədir. Beton kanallar yoxdur. Hamısı selləmə üsulu ilə suvarılır. Bu da həm su israfçılığına, həm də torpaqların şoranlaşmasına səbəb olur. Ona görə də, burada kompleks tədbirlər görülməlidir”.
“Neftçalaya ötən il su kəməri çəkildi. İndi o kəndlərə şaxələndirilir. Kürün üstündə çoxlu su nasosları var. Onlarda limitin nə qədər olduğu bilinmir. Yəni kim nə qədər su götürüb, suvarmada istifadə etməlidir, bilinmir. Buna ciddi nəzarət edilməlidir. Kür gərək öz tarixi əhəmiyyətini itirməsin. Yəqin ki, indi müəyyən işlər görülür. Hazırda dağlarda qar var. Buna görə də, Kürün suyu artmaqdadır. Ola bilsin ki, yazda çoxlu yağış yağar və Kür heç olmasa əvvəlki səviyyəsinə qayıdar. Hər halda hazırda Kürdə suyun artması prosesi gedir. Çünki yazdır. Yayda necə olacaq bilinmir”, – deputat vurğulayıb.
Qeyd edək ki, son dövrlərdə iqlim dəyişmələri şəraitində yağıntıların miqdarının nəzərəçarpacaq dərəcədə azalması, ilin isti aylarında quraqlıq dövrünün davamiyyətinin artması nəticəsində ölkə çaylarında sululuğun azalması müşahidə edilir. Bu azalma təkcə Kür çayında yox, ölkənin digər şirin su ehtiyatlarında da baş verib. Kür çayında suyun azalması su qıtlığı kimi kompleks problemlərlə səciyyələnir.
Suya olan tələbatın ödənilməsi üçün çoxlu miqdarda su ehtiyatlarından həm qonşu Gürcüstan və Türkiyədə, həm də Azərbaycanda istifadə olunması, Kür çayından daha çox su götürülməsinə səbəb olur ki, bu da nəticədə problem yaradır.
Son günlər Azərbaycan Respublikasının Rusiya sülhməramlılarının nəzarəti altında olan bölgəsində erməni separatçılarının təxribatları ciddi narahatçılıq doğurur. Zəfər Savaşından sonra darmadağın olan erməni hərbçiləri hərbi əməliyyatlarının dayanmasında istifadə edərək dəfələrlə təxribatlar törətmişdir. Bu müddət ərzində dəfələrlə sülhməramlıların nəzarəti altında olan Azərbaycan torpaqlarından mülki əhaliyə və Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş açılmışdır. Düzdür, hərbçilərimiz hər dəfə bu təxribatların layiqincə cavabını vermişdir, amma belə separatçı əməllərə sülhməramlı adlandırılan rus hərbçilərinin susqunluğu təəssüf və etiraz doğirur. Halbuki, 10 noyabr razılaşmasının 4-cü bəndinə görə, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi. Təəssüf ki, Rusiya mütəmadi olaraq 10 noyabr tarixli birgə bəyanatda nəzərdə tutulmuş hüdudları aşan addımlar atır. Rusiyanın bölgə ilə bağlı yeni xəritə təqdim etməsi, “Dağlıq Qarabağ” adlı hüquqi qurumdan danışması, terorçu erməni yaraqlılıarını açıq himayə etməsi, qondarma icmalar yaratması və digər addımları Azərbaycan ictimaiyyətində ciddi narazılıq, təəssüf və təəccüb doğurur. Bu, ilk növbədə, zəmanətçi kimi çıxış edən Rusiya Prezidentinin imzasına hörmətsizlik kimi dəyərləndirilməlidir. Azərbaycan ordusunun bölmələrinin keçmiş Əsgəran inzibati rayonuna aid olan, hazırda isə Xocalı inzibati rayonunun tərkibindəki Fərrux kəndini nəzarətə götürüb, ardınca həmin kəndin üzərindəki Daşbaşı strateji yüksəkliyində möhkəmlənməsinə Rusiya Müdafiə Nazirliyi tərəfindən verilən reaksiya isə bütün beynəlxalq hüquq normalarına, dinc qonşuluq münasibətlərinə daban dabana ziddir. Fərrux kəndi ətrafında baş verənlər Azərbaycan tərəfinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə baş verənlərə münasibətdə səbrinin tükənməkdə olduğunu göstərir. Əslində 10 noyabr bəyanatına görə Rusiya sülhməramlılarının görməli olduğu işi Azərbaycan tərəfi həyata keçirib. Azərbaycanın öz ərazisində suveren hüquqlarını həyata keçirməsinə bu gün dünya çapında düşmən mövqedə duran Rusiya və ABŞ-ın eyni qərəzlə yanaşması böyük təəssüf doğurur. 30 il müddətində dünyanın supergüclərinin təmsil olunduğu ATƏT-in Minsk qrupunun, dünyada sülhün və dövlət suverenliyinin qarantı sayılan BMT-nin bacarmadığını Azərbaycan ordusu 44 günə gerçəkləşdirərək beynəlxalq hüququ yerinə yetirdi. Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan ərazi bütövlüyünün, suverenliyinin hər şeydən üstün olduğunu əsas götürərək bütün ərazilərdə separatçı hərbi birləşmələrin ləğv edilərək ölkə ərazisində dövlət hüquqlarımızın tam bərpasını zəruri sayır. VHP hesab edir ki, qanunlarımıza tabe olan hər bir erməninin təhlükəsizliyinə təminat verərək öz hakimiyyətini bütün ərazilərimizdə bərqərar etməlidir. Vətən savaşı dönəmində olduğu kimi bu gün də siyasi mövqeyindən, sosial durumundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Xankəndindində bayrağımızın ucalması yolunda dövlətin və ordunun yanındadır!
“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi gözləndiyi bir vaxtda silahlar yenidən işə düşüb. Bir neçə gündür ki, Azərbaycan və Ermənistan sərhəddində, eləcə də Qarabağda vəziyyət gərgindir. Hazırda tərəflər arasında gərginliyə səbəb ola biləcək əsas mövzu Zəngəzur dəhlizi hesab olunur”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib. Partiya təmsilçisi bildirib ki, Azərbaycan üçün mühüm siyasi və logistik əhəmiyyət daşıyan, Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirə biləcək belə bir dəhlizin açılmasına Ermənistan razılıq vermir:
“Son hadisələr iki ölkə arasında yaranmış kövrək münasibətləri korlaya, indiyədək əldə olunmuş müsbət irəliləyişləri zədələyə bilər. Putinin Ukraynadakı qondarma separatçı qurumları tanıması və ardınca guya öz xahişləri ilə həmin qurumlardakı əhalinin müdafiəsi məqsədi ilə Ukraynaya faktiki açıq təcavüz etməsi Qarabağdakı separatçı-terrorçu rejimi, eləcə də Ermənistanda Putinin dostu sayılan Xocalı qatilləri Robert Köçəryan və Serjik Sarkisyanın başçılıq etdiyi revanşist, anti-türk, terrorçu və işğalçı xislətli müxalifəti fəallaşdırıb. Rusiya, konkret olaraq onun lideri Putin bu saat əsas diqqət və gücünü Ukrayna istiqamətinə yönəldib və ona görə də istəməz ki, Cənubi Qafqazda, Qarabağda yenidən gərginlik ocağı yaransın. Amma bütün hallarda proseslər Rusiyanın zəifləməsinə doğru gedir. O da bəllidir ki, bu zəiflik ona gətirib çıxaracaq ki, Moskvadan çox uzaq nöqtələrdə Kremlin fəallığı azalacaq. Hazırda regionu idarəetmə üsulu, iki ölkəyə təsir mexanizmi kimi Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya məsələsi onun üçün yetərlidir. Bu durumdan istifadə edilməli və rəsmi İrəvan problemin birdəfəlik həlli üçün məsuliyyətini dərk etməlidir”.
Nəsimi Şərəfxanlı Vətəndaş Həmrəyliyi Partiyası Sədrinin müavini
“Biz heç bir dövlətə və xalqa qarşı deyilik, nə az, nə çox, öz azadlığımızı istəyirik”
Ön söz əvəzi
Tarixin sınağından çıxmış bir həqiqət var: İmperiyalar millətlərin əsarət altına alınması prinsipi üzərində qurulsa da, elə bu prinsip səbəbindən də dağılır. Başqa sözlə, imperiyaları yaşadan da, onları məhvə sürükləyən də əsarət altındakı millətlərdir. Bu, özünü zərurət kimi göstərir.
Qoca tarix çox imperiyalar yaşadıb öz xatirəsində. Bunlardan tarix səhnəsini tərk edənlər də var, bu gün süqut ərəfəsində olanlar da. Əslində, bütün imperiyaların süqut hökmü yarandığı andan verilir. İnsan doğulandan onun ölümünün labüd olduğu kimi.
Yazımızın hədəf nöqtəsi tarixin mövcudluq bölgüsündə ikincilər – süqut ərəfəsində olanlar sırasında duran Rusiya imperiyasıdır. Bəs, niyə məhz Rusiya?
Əvvəla, biz özümüz də bu imperiyanın əsarəti altında olmuşuq (hərçənd ki, bu əsarətdən tam şəkildə çıxa bildiyimizi hələ də yəqinliklə söyləmək olmaz) və imperiya mənafelərinə uyğun gəlmədiyindən bu əsarət dövrü tariximizə yetərincə bələd deyilik.
İkincisi,“şeytan barmağı” kimi dünyanın bütün münaqişə ocaqlarında rus imperiyasının əli görünür. Yenicə istiqlaliyyət elan etmiş dövlətin vətəndaşları kimi qarmaqarışıq dünya olaylarından baş çıxarmağımız üçün xarici siyasətimiz buna uyğun qurulmalıdır. Bu imperiya haqqında ən azı bu səbəbdən bəzi məqamları bilməmiz lazımdır.
Ən nəhayət üçüncüsü, məmləkətimizin vətəndaşları siyasi tariximizin kiminlə bölüşdürüldüyünü və Qarabağda sülh yaratmanın kimlərə həvalə edilməsini bilməlidirlər.
Beləliklə,
Ruslar kimdir və Rusiya haradır?
Bu hissədə və bundan sonra ruslar və Rusiya haqqında söyləyəcəyimiz fikirlərlə rus xalqını təhqir etmək fikrində deyilik. Sadəcə, “Xəzər dənizi sahillərinin zaman-zaman rus quldurlarının talançı hücum və basqınlarına məruz qalması bura əhalisində şübhəsiz qanlı xatirələr şəklində yaşamışdır. Həmçinin bu xatirələrin təsiri ilə təcavüzə məruz qalan və bundan daim səksəkədə olan xalqın təxəyyülündə rus iyrənc və qorxunc bir şəkildə təsəvvür olunmuşdur” (M.Ə.Rəsulzadə).
Təbii ki, bu xalqın nümayəndəsi kimi bizim də fikirlərimiz belə xatirələrin təsirindən kənarda deyil.
İlk istinad nöqtəmiz dahi Nizami Gəncəvidir. Klassik ədəbiyyatımızdan gətirilən sitat oxucuya qeyri-ciddi görünməsin.
Əvvəla, Nizami tarixi istinad üçün kifayət qədər etibarlı mənbədir.
İkincisi, klassik Şərq ədəbiyyatında nəzm pərdəsi altında gizlənən çox fəlsəfi fikirlər var ki, bu gün həmin fikirlər dahi olmaq naminə ciddi cəhdlə yabançı dillərdə oxuduğumuz Avropa müəllifli əsərlərdə öz əksini tapıb.
Beləliklə, N.Gəncəvinin ruslar haqqında fikri ədəbi fəaliyyəti ilə yetərincə tanış olmadığımız M.Ə.Rəsulzadənin dilində: “...Rus obrazı pişik gözlü (bu gözlər kiçikdir və rəng etibarı ilə göydür), sarı saçlı və qırmızı üzlüdür. İctimai baxımdan ibtidai mərhələdədir ”, “…Şair qırmızı qəsri rus şahzadəsi üçün ayırmışdır. Qırmızı rəng qan rəmzidir. Rus gözəlinin Bəhram-Gura danışdığı eşq dastanı da kifayət qədər qanlıdır” (M.Ə.Rəsulzadə. “Azərbaycan şairi Nizami” kitabından).
Bundan sonra rus imperiyasının dəyişmiş forması olan SSRİ-nin bayrağındakı qırmızı rəngin inqilab rəmzi olduğuna heç cür inanmaq olmur.
Böyük şairin ruslar haqqındakı fikrini “İskəndərnamə”dən iki misra ilə bitiririk:
“Adamlıq gözləməz bir kimsə rusdan,
Ki bənzər insana yalnız baxışdan”
Lütfən əsəbiləşib üstümüzə hücuma hazırlaşmayın, beyni çürük “velikorus” ideyası ilə doldurulan …oviçlər, bunu mən yox, böyük türk şairi Nizami söyləyir.
Rusların mənşəyi və Rusiya dövlətinin yaranması haqqında görkəmli tarixçi-filoloq Rəfiq Özdəkin fikirləri də diqqəti cəlb edir: “Skandinav bölgəsindən gələn və dənizçi bir qəbilə olan varyaklar arasında rus deyə adlandırılan bir qrup vardır. Bu qrup ticarət üçün gələn digər skandinaviyalıları idarəsi altına topladı.
“Rus” İsveç köklü bir sözdür, “ros” şəklində söylənilir və mənası gəmiçi deməkdir. Bir qədər sonra türklər tərəfindən qurulmuş olan, amma slav qəbilələri ilə dolmuş Kiyev şəhərini ələ keçirdilər və buranı knyazlıq, yəni, bəylik mərkəzi etdilər. Xəzər dövlətinin süqutu dövründə və onun izni ilə qurulan bu bəylik rus dövlətinin təməli olmuşdur. Rus knyazlıqları təşkil və idarə baxımından türkləri örnək götürmüşlər. Hətta ilk rus dövlət başçıları Xaqan adını daşımışdır. Rus xaqanları xristianlığı rəsmən qəbul etdikdən bir müddət sonra bu adı buraxmışlar”.
Rus adını özündə saxlayan ilk dövlət IX əsrdə Şərqi Avropa və Dnepr boyunda slavyan tayfalarını özündə birləşdirən Kiyev Rus dövləti olub.
Müəyyən ərazini bildirən Rusiya adı isə 15-16-cı əsrlərin ayrıcında yayılıb. Amma istər Kiyev Rus dövləti, istərsə də imperiya dövründə rusların sahib olduğu ərazilər tarixən türk atlılarının çaparaq meydanı olub. Bu meydanda sonralar türklərin başına gətirilən böyük faciələrin müəllifi olan imperiyanın əsası qoyuldu.
Çar Rusiyası
Rusiyanın imperiya kimi formalaşması 18-ci əsrə təsadüf edir. Rusiyanın imperiya elan edilməsi ilk imperator I Pyotrun adı ilə bağlıdır. Onun hakimiyyətə gəldiyi vaxt Rusiya ümumi inkişaf səviyyəsinə görə Qərbi Avropa ölkələrindən xeyli geridə idi. Rusiyanı bu gerilikdən çıxaran isə məhz Pyotr oldu.
O dövrün tarixçiləri haqlı olaraq yazırdılar: ”Biz yoxluqdan varlığa çevrildik və mədəni xalqlar cərgəsinə qoşulduq”.
Pyotr həmçinin Rusiyanın işğalçı müharibələrinin də əsasını qoydu. K.Marks bu müharibələrə belə qiymət verirdi: “Öz ölkəsinin təbii inkişafı üçün son dərəcə zəruri olan yerləri tutmaqla kifayətləndi”.
Belə “son dərəcə zəruri olan yerlərdən” biri də Xəzəryanı vilayətlər, Azərbaycan idi.
Rusların Azərbaycana ilk gəlişi IX əsrə təsadüf etsə də, o zaman işğalçılar burada tam möhkəmlənə bilmədilər. Pyotrun rəhbərliyi altında keçirilən yürüş də müvəqqəti xarakter daşıdı. Amma bu, sonrakı uzunmüddətli işğalda böyük əhəmiyyət daşıdı.
Ümumiyyətlə, Pyotrun necə bir imperiyanın əsasını qoyduğunu tam müəyyənləşdirmək üçün onun vəsiyyətlərinə və bu vəsiyyətnamənin yazıldığı vaxtdan bizi ayıran zamana, bu zaman daxilində baş verən olaylara nəzər yetirmək kifayətdir.
Pyotrun vəsiyyətlərinə heyrətamiz sadiqliklə əməl edən rus çarlarının “öz ölkəsinin təbii inkişafı üçün” yürütdüyü işğalçılıq siyasəti nəticəsində XIX əsrin sonunda Rusiyanın ərazisi 22,4 milyon kv.km-ə çatdı.
dövrdə imperiya əhalisinin 57 faizi qeyri-rus idi. İmperiyanın digər mərhələsinin banisi olan Lenin əbəs yerə Rusiyanı “xalqlar həbsxanası” adlandırmırdı. Həbsxananın məhbuslarından biri də Azərbaycan idi.
XIX əsrdən başlanan aramsız və amansız rus hərbi yürüşləri 1828-ci il Türkmənçay müqaviləsi ilə Arazın quzeyinin Rusiyanın əsarəti altına keçməsi ilə nəticələndi. Milli dövlətçilik ideologiyaları müxtəlif və bir-birinə zidd olan imperiyaların mənafeləri Azərbaycanda birləşdi və Azərbaycan bu mənafelər birləşməsində bölündü.
İran-Rusiya əlaqələrini böyük ideoloq Əli bəy Hüseynzadə “Siyasət fürusət” əsərində heyran ediləcək bir dərəcədə incə simvollarla təsvir edib: “İran şahı Qulamxan Mirzə adlı bir zatı Peterburqa ezam etdirir ki, o, məşhur rus dirijoru Nasanovun rəhbərliyi altında İran üçün bir velikorus orkestri təşkil etsin və bu orkestr ilə o zaman Rusiyada modda olan fransız bəstəkarı Sen-Sansın “Ölüm rəqsi” havalarını Təbrizdə çaldırsın”.
İran-Rusiya birləşməsinin Azərbaycana töhfələrindən biri də ermənilər oldu. Qafqazda daimi və etibarlı müttəfiq qazanmaq üçün Rusiya Türkmənçay müqaviləsinə əlavə etdiyi bənd ilə İran ərazisində yaşayan erməniləri Qarabağa, Zəngəzura köçürdü.
Bu qonaqlarımızın yaxın tariximizdəki rolunu isə söyləmək artıqdır. Ümumiyyətlə, öz müstəmləkə siyasətini həyata keçirmək üçün Rusiya köçürmə siyasətindən geniş istifadə edirdi. Sonrakı dövrlərdə Azərbaycana köçürmə adı ilə göndərilən rus qızları da məhz bu siyasətin tərkib hissəsi idi. Onlar Azərbaycana gəlib əksəriyyəti burada ailə quraraq əhaliyə qarışır, milli psixologiyanın dəyişməsində mühüm rol oynayır,bir müddət sonra isə Rusiyadan öz ardıcıllarını da bu maraqlı və ecazkar cənub ölkəsinə dəvət edirdilər.
Ram edilmiş millətləri lazımi səviyyədə idarə etmək təsadüfi adamlara tapşırılmırdı. Qafqazda hərbi xidmətdə olan çar generalları (Potyomkin, Zubov, Sisianov, sonralar isə mülki şəxslər Şaumyan, Mikoyan, Serebrovski, Polyaniçko…) bir neçə keyfiyyətinə görə seçilirdilər. Onlar həddən artıq sərt, bütün varlıqları ilə imperiyaya sadiq, işğalçılıq siyasətini ardıcıl aparan adamlar idi. Bəlkə də bunlar rus psixologiyasının məhsullarıdır.
Xatırlayın, Sisianovun Cavad xana , Çiçerinin Fətəli Xan Xoyluya hədələyici məktublarını. Xatırlayın, Valter Şonyanın “Rusiyaya qarşı çıxanlar cəzasına çatacaqlar” hədəsini. Amma cənab Sisianov, Çiçerin, Kazimirov, Şonya, Jirinovski… və neçə-neçə beyni velikorus şovinizmi ilə çürümüşlər.
Eşidin, “biz heç bir dövlətə və xalqa qarşı deyilik, Azərbaycan xalqı nə az, nə çox öz azadlığını istəyir. Buna qarşı çıxana qarşı çıxacağıq”(Ə.Elçibəy) və çıxdı da. Özü də tək Azərbaycan xalqı yox, əsarət altına alınmış bütün xalqlar. Eləcə də rus xalqı. Kökü qurumuş qocaman bir şeytan ağacı çökdü. Amma demə, yerində yenisi bitəcəkmiş.
Bugünkü Rusiya
Əvvəlcə yazının bu hissəsini “demokratik Rusiya” adlandırmaq istədik. Amma demokratik dövlət bugünkü Rusiya kimi olursa, onda yazıq bizə ki, belə bir cəmiyyət uğrunda mübarizə aparırıq. Bəli, 1991-ci ildə SSRİ-nin süqutu ilə rus imperiyası yeni bir formada təzahür etdi. Bundan sonra imperiya ərazisində baş verən olaylara yalnız və yalnız təsadüf adı vermək olmaz. Bu təsadüf adlandırılan Pyotrdan üzübəri başlanan estafetin dünən Yeltsin, bu gün isə Putin tərəfindən davam etdirilməsidir. Amma artıq sonuna çıxmaqdayıq.
Rus imperiyası özünün son illərini yaşamaqdadır. Bir neçə il öncə çeçen lideri qarşısında çarəsiz və yazıq görkəmdə duran Yeltsin də, bu gün dünyanı nüvə silahı ilə hədələyən Putin də öz imperialist babalarının sonuncu nümayəndələridir. Qan üstündə dayaqlanmış bir imperiya tarix səhnəsini tərk etməkdədir. Pyotrdan başlayan amansız və qanlı imperatorluğu Putin eyni qaydada başa vurmaqdadır. O, bu gün Ukraynada müqavimət artdıqca, Ukrayna xalqının iradəsini qıra bimədikcə paranoyal rəhbəri, qaniçən Putinin timsalında daha da quduzlaşaraq acizləşir.
Ukrayna xalqının iradəsini qırmaq, gözünün odunu almaq, vahimə yaratmaq və bu yolla onu təslim olmağa məcbur etmək üçün səhiyyə müəssisələrini, təhsil müəssisələrini, uşaq bağçalarını, körpələr evlərini raket zərbələrinə məruz qoyur. Bu, neonasizmin ən qəddar təzahürüdür…
Daha çox nifrət düşmənin daha böyük məğlubiyyətindən xəbər verir!!! Putin erası başa çatmaq üzrədir, Rus imperiyasının tarixin zibilliyinə atılması yaxın gələcəyin görünən gerçəkliyidir.
Nəticə
Bəlkə də bir qədər gecikmiş bu tarixi siyasi təhlil yazımızdan nəticə olaraq iki xətt ayırmaq istəyirik.
Məsələnin birinci tərəfi ondan ibarətdir ki, həqiqətən imperiya haqqında tarixi biliklərimiz kifayət qədər deyil və bu işdə tarixçilərimizin gərgin zəhmətinin nəticəsi olan kompleks tədqiqata ehtiyacımız var.
İkinci siyasi tərəf isə Rusiya ilə münasibətlərimizin necə qurulması ilə bağlıdır. Onu da qeyd edək ki, burada tarixi tərəf mühüm rol oynayır. Belə ki, imperiyanın iç üzünə bələd olan heç bir dövlət və millət yəqin ki, öz gələcək taleyini bu imperiya ilə bağlamaq istəməz.
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi Qərargahında VHP Qadınlar Şurasının təşəbbüsü ilə “Qadınların cəmiyyətdə rolu” mövzusunda dəyirmi masa keçirilib.
VHP Qadınlar Şurasının sədri Aysel Səfərli çıxışında cəmiyyətdə qadınların rolu, VHP Qadınlar Təşkilatının fəaliyyəti barədə geniş danışıb.
Daha sonra çıxış edən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı xalqımızın tarixində mühüm yer alan Bahar bayramı ərəfəsində qadınlarla görüşün təsadüfü olmadığını bildirdi: “Qadınlar bəşəriyyətin barış və sevgi ünvanı, zəriflik və sevinc məqamıdır. Azərbaycan xalqı hər zaman qadına yüksək dəyər verərək onu ailənin və cəmiyyətin üstün məqamında görüb. Bu gün də tarixi ənənələrimiz yaşayır və Azərbaycan xanımları dövlət idarəçiliyində, ictimai-siyasi həyatda öz sözlərini deyirlər”.
Dəyirmi masada iştirak edən Milli Məclisin deputatı Jalə Əliyeva, VHP Şuşa rayon təşkilatının sədri Ofelya Rəşidqızı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Narıngül Nadir, Şairə Şəfəq Sahibli, VHP Qadınlar Şurasının sədr müavini Aysel Bəgəliyeva, jurnalist İlhamiyyə Rza, Şairə Gülər Eldarqızı, 274 saylı orta məktəbin müəllimi Müşfiqə Baləddinqızı, əməkdar jurnalist Əntiqə Qonaq, “Harmoniya” Psixologiya Mərkəzinin direktoru Aygün Ağabalayeva, jurnalist Arzu Qaziyeva, Ümid Partiyasının sədr müavini Tamilla Qulami, rəssam-modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və əməkdar jurnalist Zemfira Məhərrəmli çıxış edərək görüş haqda xoş təssüratlarını bildirərək statusundan, siyasi mənsubiyyətindən asılı olmayaraq Azərbaycan qadınlarının hər zaman bir yerdə olmasının vacibliyini və belə görüşlərin əhəmiyyətini vurğuladılar.