Ölkənin indiki halı məhz Nazarbayevin “əl işidir”Category: Xəbər
-
Ötən illər ərzində iqtisadiyyat böyüməyə davam edib, ancaq gəlirlər bərabər bölüşdürülməyib
Ölkənin indiki halı məhz Nazarbayevin “əl işidir”
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin 225 nəfərin ölümü ilə nəticələnən etiraz aksiyalarından xeyli sonra xalqa müraciəti birmənalı qarşılanmayıb. Nazarbayevin müraciətini analiz edən siyasilər sabiq rəhbərin gecikmiş açıqlamasını müxtəlif aspektlərdə şərh ediblər. Bir qisim politoloqlar Nazarbayevin əvvəlcədən proseslərin içində olduğunu, olayları kənardan yönləndirdiyini iddia ediblər. Digər qisim isə iddia edib ki, Nazarbayevin çıxışı montaj olunub, nitqi qayçılanıb. Həttə “elbaşı”nın məcburən danışdırıldığını söyləyənlər də çıxıb.Nazarbayevin çıxışı ilə bağlı söz-söhbəti dəyərləndirən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə deyib ki, Nazarbayev dövlət idarəçiliyindəki yeganə rəsmi postunu – Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsini itirib. Onun sözlərinə görə, Nazarbayev indi sadəcə “Elbası”dır: “Kasım-Jomart Tokayev Şuraya özünü rəhbər təyin edib. Nazarbayev 2019-cu ildə ona prezidentliyini, 2021-ci ildə isə Qazaxıstan Xalqları Assambleyasının sədri və hakim “Nur Otan” Partiyasının rəhbəri vəzifələrini təhvil vermişdi.Amma “Elbası” titulu məsuliyyət yaradır və ona görə də hazırda baş verənləri ölkədə hamı Nazarbayevlə, onun ailəsi və yaxın çevrəsiylə əlaqələndirir. Aksiya iştirakçıları “Qoca, get!” şüarını səsləndirdilər, heykəllərini aşırdılar. Çünki Qazaxıstanın indiki halı məhz Nazarbayevin “əl işidir”. Hazırda Qazaxıstan böyük ərazisi və ambisiyaları, az sayda əhalisi, region və dünya siyasətinə ondan da az təsiri olan xammal ölkəsidir. Nazarbayev uzun illər boyu xalqa çiçəklənmə vəd edirdi, amma əldə olunmuş uğurlar o qədər də çox deyil. Ötən illər ərzində iqtisadiyyat böyüməyə davam edib, ancaq gəlirlər bərabər bölüşdürülməyib.Dəyişikliklərin qaçılmaz olduğunu ekspertlər hələ bir neçə il əvvəl vurğulayırdılar. Nazarbayev prezident kürsüsünü qəfildən Tokayevə güzəştə gedəndə bəziləri varisi “sosial kamikadze” adlandırmışdılar. İndi Nazarbayevin ara sakitləşəndən sonra ortaya çıxması eyni taktikanı gündəmə gətirir”. -
Sabir Rüstəmxanlının “Seçilmiş əsərləri”nin üçüncü cildi çapdan çıxıb
Xəbər verildiyi kimi, Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının 15 cildlik seçilmiş əsərlərinə şeir və poemaları, publisist yazıları, pyes, roman, povest və hekayələri, eləcə də dünya ədəbiyyatından tərcümələri, çıxışları və yol qeydləri toplanmışdır. Seçilmiş əsərlərin yaxın üç ildə tamamlanması nəzərdə tutulur.
Bu günlərdə üçüncü cild çapdan çıxmışdır. Üçüncü cilddə müəllifin 1989-2009-cu illər arasında yazdığı şeirləri daxil edilmişdir.

-
Samir Əsədli: “Azərbaycanın maraqlarının tam təmin olunacağı anlaşma imzalanmadan tələsməyə dəyməz”
“Ankara Ermənistanla əlaqələrdə yeni mərhələnin başlayacağını bəyan edib. Son dövrlərdə Türkiyə regional geosiyasətdə önəmli addımlar atmaqdadır”.Bu barədə “Sherg.az”a Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib.Partiya təmsilçisi bildirib ki, Türkiyənin bu addımları onunla strateji əlaqələri olan dost və qardaş Azərbaycan tərəfindən diqqətlə izlənilir:“Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bu məsələdə hər bir addımın Azərbaycanla məsləhətləşilərək atıldığını bildirib. Bakının da Ermənistanla sülh müqaviləsi imzalanması təklifi ilə çıxış etdiyini xatırladıb. O, Türkiyə ilə Azərbaycanın bu məsələdə xoş niyyətli olduqlarını söyləyib. Bu gün ABŞ və Aİ-nin Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dəstək verməsinin əsas səbəbi də aydındır. NATO üzvü olan Türkiyə İrəvanla yaxşı münasibətlərə malik olarsa, ABŞ və Aİ-nin Cənubi Qafqazda mövcudluğu, Gürcüstanla yanaşı, Ermənistan üzərindən də Rusiyaya cəbhə açılması əsas hədəfə çevriləcək. Bu mənada, Ankara bu addımları atarkən Rusiya ilə münasibətləri də nəzərə almalıdır. Ermənistanda bəzi dairələr hələ də Qarabağa saxta iddialar irəli sürməkdədir. Üstəlik, İrəvan Zəngəzur dəhlizinin açılmasına hələ də əngəl yaratmağa çalışır”.S.Əsədli vurğulayıb ki, bütün bunlar həllini tapmazsa, 1993-cü ildən bağlı olan sərhədlərin açılması Ermənistanda “zəfər” kimi qarşılana bilər:“Bu səbəbdən Azərbaycanın maraqlarının tam təmin olunacağı anlaşma imzalanmadan tələsməyə dəyməz. Üstəlik, Türkiyə Ermənistanla əlaqələrin normallaşdırılmasına 2009-cu ildə edilmiş cəhd zamanı Azərbaycanla münasibətlərdə yaranmış problemlərin təkrarlanmaması üçün tələsik addımlar atmamalı, diqqətli olmalı, bu vacib dönəmi Azərbaycanla davamlı məsləhətləşmələr aparmaqla keçməlidir. Türkiyə-Azərbaycan münasibətlərində baş verə biləcək ən cüzi problem kiçik miqyasda Ermənistan-Yunanıstan-Fransa ittifaqı, böyük mənada isə ABŞ-Aİ, həmçinin Rusiya və İran üçün böyük fürsət olacaq”.Şərq qəzeti -
Faiq Balabəylinin yeni kitabı nəşr olunub
Tanınmış Şair-publisist, Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının üzvü Faiq Balabəylinin “Bakı buxtası-20 yanvar” adlanan yeni kitabı nəşr olunub.Kitabda 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Rus-Sovet qoşunlarının heç bir xəbərdarlıq etmədən, Bakı şəhərində dinc sakinlərin qətlə yetirməsinə etiraz olaraq Bakı buxtasına toplaşıb ölkəmizə edilən hərbi təcavüzün dünya ictimaiyyətinə dəqiq çatdırılmasında mühüm və əsas rolu oynayan Azərbaycan dənizçilərinin misilsiz qəhrəmanlığından bəhs olunur. Həmin hadisələrin birbaşa iştirakçısı olan müəllif kitabda o günlərin qəhrəmanlarının xatirələrini, dənizçilərin şücaəti haqdında fikirləri və dənizçilərimiz tərəfindən zamanında qəbul olunan qərarları qələmə alıb. Onu da bildirək ki, 2003-cü ildə Faiq Balabəylinin bu mövzuda “Kəsilməyən həyəcan fiti” adlı kitabı da dərc olunmuşdu. Dəyərli əqidə yoldaşımızı yeni əsəri münasibəti ilə təbrik edir, ona yaradıcılıq uğurları arzulayırıq.
-
Əsl müəllim, ziyalı, gənc yaşlarından fəal ictimai xadim olan Bakir bəy ictimai-siyasi prosesləri dəqiq təhlil etmək bacarığı ilə də seçilirdi
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Qaradağ Rayon Təşkilatı sədri Əsədli Bakir Atduxan oğlu dünən qəfil ürəktutmasından vəfat etmişdir.Dəyərli ziyalı, mübariz əqidə daşıyıcısı Bakir Əsədli 1 aprel 1955-ci ildə Yardımlı rayonun Bilnə kəndində anadan olub. 1972-ci ildə orta məktəbi bitirib. 1974-1977-ci illərdə hərbi xidmətdə olub. 1977-1980-ci illərdə Lənkəran Pedaqoji Məktəbini fərqlənmə diplomu ilə bitirib. 1981-1986-cı illərdə Azərbaycan Pedaqoji Universitetinin “Azərbaycan dili və Ədəbiyyat” fakültəsini bitirib. Yardımlı rayonunda müxtəlif məktblərdə müəllim kimi işləyib. Bilnə kənd kolxozunun və daha sonra servisinin direktoru olub. Son illərədək Bakı şəhəri Qobustan qəsəbəsində 223 saylı orta məktəbdə “Dil-Ədəbiyyat” müəllim işləyib. Bakir Əsədli 1988-ci ildə başlanan Azərbaycan Xalq Hərəkatının fəallarından, Azərbaycan Xalq Cəbhəsinin qurucu üzvlərindən biri olub. Vətəndaş Həmrəyliyi Partiyasının qurulmasında fəal iştirak edən Bakir bəy 1998-ci ildən VHP Qaradağ rayon təşkilatının sədri olub.VHP yaranan gündən bizimlə bir yerdə, çıyin-çiyinə olan Bakir bəyin Qaradağ rayon təşkilatının yaranması və inkişafında, ümumiyyətlə partiya quruculuğunda böyük zəhməti olub. Əsl müəllim, ziyalı, gənc yaşlarından fəal ictimai xadim olan Bakir bəy ictimai-siyasi prosesləri dəqiq təhlil etmək bacarığı ilə də seçilirdi. VHP-nin siyası xəttini qeyrətli vətəndaş mövqeyindən müdafiə və təbliğ edən əqidə yoldaşımızın ölümü hamımızı çox üzdü. Bakir bəyin əzizlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir, Allahdan səbr diləyirik. Məkanı cənnət olsun.Sabir RüstəmxanlıVətəndaş Həmrəyliyi Partiyası sədri, millət vəkili -
Müxalifətin 2022 hədəfləri
2022-ci ilə sayılı günlər qaldı. Bu ildə ölkə müxalifətinin hansı işlər görəcəyi, hansı planlarının olduğu barədə ən müxtəlif suallar dolaşmaqdadır.Müxalifətin 2022-ci il hədəfləri nədir? Fəaliyyətində hansı yeniliklər edəcək? Mitinq etmək, piket keçirmək kimi planları varmı? 2022-ci ildə referendumun və ardınca da Milli Məclisə boş qalan deputat yerlərinə təkrar seçkilərin keçiriləcəyinə inanırlarmı?
Samir Əsədli: “Hər şey ictimai-siyasi proseslərin gedişatından asılıdır”
VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli referendum ehtimalına toxundu: “Siyasi qüvvələrin, o cümlədən müxalifətin fəaliyyəti Azərbaycandakı ictimai-siyasi proses, xalqın sosial durumu və heç şübhəsiz Qarabağ ətrafında baş verənlərin nəticəsi ilə birbaşa bağlıdır. Fikrimcə, gələn il siyasi qüvvələrin əsas diqqəti Qarabağ ərazisində Azərbaycanın suverenliyinin tam şəkildə bərqərar olması və sosial problemlərin həllinə yönələcək. Vətəndaş Həmrəyliyi Partiyası olaraq bu məsələləri dəfələrlə qaldırmışıq. Həm pandemiya şərtləri, həm də ölkəmizin geopolitik durumu kütləvi aksiyaların keçiriləcəyini real göstərmir. Buna görə siyasi və sosial tələblərin müxalifət tərəfindən ifadə formasının dəyişəcəyinə inanmıram. Amma bir daha təkrarlayıram ki, hər şey ictimai-siyasi proseslərin gedişatından asılıdır. 2022-ci ildə referendum keçirilməsi ehtimaldır, amma parlamentdə boş qalan yerlərə seçkilərin keçiriməsi konstitusion şərtdir. Bütün hallarda VHP-nin Siyasi Şurası seçki şəraitində müvafiq qərarlar verəcək”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat” -
Ədalət Məmmədov – 70
Vətəndaş Həmrəyliyi Partiyasının Şamaxı Rayon Təşkilatının
sədri Ədalət Məmmədovun
70 yaşı tamam olması münasibəti ilə:Hörmətli Ədalət bəy!
Sizi 70 yaşınızın tamam olması münasibətilə səmimi qəlbdən təbrik edirəm. Siz Vətəndaş Həmrəyliyi Partiyasının ilk qurucularından biri kimi 1993-cü ildən etibarən VHP Şamaxı rayon təşkilatına rəhbərlik edirsiniz. Bu illər ərzində Siz ictimai-siyasi fəaliyyətinizlə dövlətçilik ənənələrinə və həmrəylik ideyasına sadiqli olmusunuz. Bu yaşınızda da partiya fəaliyyətində aktiv iştirakınız sizin əqidə və vətənpərvərlik sədaqətinizin təsdiqidir.
Dəyərli qələm sahibi kimi Siz 20-yə yaxın kitabın müəllifisiniz və 2009- cu ildə Şamaxının tarixi və təhsilinə həsr etdiyiniz “Şamaxı təhsil tarixi” kitabı sizə böyük şöhrət qazandırmışdır. Həmçinin dissertasiya işiniz olan “Qabilin sənət dünyası” kitabınız da geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb. Siz həm də peşəkar pedaqoq kimi böyük bir kadr ordusu yetişdirmisiniz .
Nümunəvi ailə başçısı və əsl ziyalı örnəyi kimi Sizi doğum günü münasibətilə bir daha təbrik edir, Sizə uzun ömür can sağlığı arzulayıram.Sayğılarla,
Sabir Rüstəmxanlı
Xalq şairi, Millət vəkili
Vətəndaş Həmrəyliyi Partiyasının sədri -
Sabir Rüstəmxanlı turist axınının azalmasının səbəblərindən danışıb – VİDEO
“Bir neçə il öncə Güney Azərbaycandan turistlər Azərbaycana axın edirdilər, Novruz Bayramını da burada keçirirdilər”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Turizm haqqında” yeni hazırlanan qanun layihəsinin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, onlar yalnız 1 il gəldilər: “Gəlib gördülər burda bahalıqdır, həm də sərhədi keçəndə onları incidirdilər. Daha sonra onların üzü İrəvana çevrildi, çünki gedənlərə xüsusi şərait yaradırdılar”.
S. Rüstəmxanlı ovçuluq turizmi ifadəsinin layihəyə salınmamasını dəstəkləyib: “Biz resurslarımızı gələn turistlərin ehtiraslarına qurban verə bilmərik”.
-
Sabir Rüstəmxanlı parlamentdə işsizlik priblemini qaldırdı “Dolanışıq imkanı olmayan adam aylarla məşğulluq idarəsinə ayaq döyür”
Bu gün Milli Məclisdə “İşsizlikdən sığorta haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib ki, əhalinin bir hissəsinin az qala zorakılıqla təqaüdü kəsilir, onlar işsiz qalır. Qanunlarla heç nəyi dəyişmək mümkün olmayacaq: “Gurultulu adlar altında qanunu qəbul edirik, amma ortada heç nə yoxdur. Dolanışıq imkanı olmayan adam aylarla məşğulluq idarəsinə ayaq döyür, ortada da heç nə yoxdur”.Sabir Rüstəmxanlı bildirib ki, “Rayonda iş yerləri yoxdur deyə hamı köçüb Bakıya gəlir. Burada biz qanunları gurultulu şəkildə qəbul edirik. Amma faktiki olaraq işsizlik var ölkədə. Bundan əlavə, qanunda özünəməşğul ifadəsi işlədilir. Bu adam nə işlə məşğul olur ki, özünə məşğul sayılır? Bu terminlərə fikri vermək lazımdır.”
Qeyd edək ki, “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik təklif olunur. Layihəyə əsasən, müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajı azaldılacaq. Həmçinin, sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi təklif edilir. Layihədə qeyd edilib ki, “İşsizlikdən sığorta haqqında” qanun aktiv məşğulluq tədbirlərinin səmərəliliyinin artırılması, ünvanlılıq prinsipi əsasında çevik maliyyə mexanizminin formalaşmasını, məşğulluq xidmətlərinin yeni modelinin tətbiqini təmin edir.
-
Vətəndaş Həmrəyliyi Partiyası Saleh Rüstəmliyə azadlıq istəyir
Vətəndaş Həmrəyliyi Partiyası həbsdə olan Saleh Rüstəmli ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir: “Qarabağ qazisi, Gədəbəy rayonunun sabiq icra başşısı Saleh Rüstəmli 7 il həbsə məhkum edilib, 20 gündən artıqdır ki, qanunsuz həbs olunmasına etiraz edərək aclıq aksiyası keçirir. Onu hər an itirə bilərik. Bu, şəhidlərimizin ruhuna, qazilərimizə qarşı hörmətsizlik və hamımız üçün, utanc yeri olar. Saleh Rüstəmli barədə çıxarılan hökm Azərbaycan Prezidentinin 10 Fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam ilə, bəyan etdiyi yeni hüquq islahatları siyasətinə uyğun olaraq yüngülləşdirilə və azadlığa buraxıla bilər. Biz inanırıq ki, hakimiyyət həyatı təhlükədə olan tanınmış Qarabağ qazisinin taleyinə biganə qalmayacaq, onun aclıq aksiyasını dayandırması və həbsdən azad edilməsi üçun təxirə salınmaz tədbirlər görəcəkdir”.