Vətəndaş Həmrəyliyi Partiyası

Category: Xəbər

  • Sabir Rüstəmxanlı: “Mən Kürün taleyi ilə bağlı hökumət nə iş görür, bununla bağlı sualıma cavab istəyirəm”

    “Neftçalanın problemləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 8 məktub göndərmişəm, birinə belə cavab verilməyib”.

    Modern.az xəbər verir ki, bu sözləri deputat Sabir Rüstəmxanlı Milli Məclisinin bu gün keçirilən iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib. Deputat bildirib ki, Nazirlər Kabineti Milli Məclisdə səsləndirilən təklifləri nəzərə almalıdır:

    “Hökumət iclaslarının stenoqramı götürsün, təklif olunan məsələlərlə tanış olsun.

    Mən Kürün taleyi ilə bağlı hökumət nə iş görür, bununla bağlı sualıma cavab istəyirəm.

    Bundan əlavə, təmsil etdiyim Neftçala sakinlərinin məşğulluq məsələsi ilə bağlı ümumi proqramın hazırlanmasına ehtiyac var. İnsanlar balıq ovu ilə dolanırdı, indi isə bu sahədə problemlər var. İşsizlik məsələsi həll olunmalıdır”.

    Sahibə Qafarova Sabir Rüstəmxanlının müraciəti ilə bağlı Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevə tapşırıq verdi:

    “Sabir müəllim dedi ki, 8 məktubuna Sahib Babayevin rəhbərlik etdiyi nazirlik cavab vermir. Səfa müəllim, mən xahiş edirəm, həmin məktublarda bağlı araşdırma aparılsın. Məktublar, buradan çıxıbmı öyrənilsin”.

  • Sabir Rüstəmxanlı: “Sanki burada Milli Məclis hökumətə hesabat verir”

    “Hökumətin hesabatına Milli Məclisdə bir gün ayrılması düzgün deyil”.

    Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı sual vermək üçün söz verilmiş deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.

    Deputat bildirib ki, yazıla bilənlər danışır, yazıla bilməyənlər isə öz rayonundakı problemi qaldıra bilmir: “Bizim üçün əlçatan tribuna buradır. Hökumət üzvlərinə çıxış imkanımız demək olar ki, yoxdur. Zəng edirik, problem deyirik, deyirlər geri dönəcəyik və s. Burda da elə bil parlament hökumətə hesabat verir, hökumət Milli Məclisə yox. Bir gün çox azdır”

    S. Rüstəmxanlı təklif edib ki, Milli Məclisdə azlıqda olan partiya təmsilçilərinə də söz verilsin.

    Spiker Sahibə Qafarova isə bildirib ki, S. Rüstəmxanlı çıxış etmək üçün yazılanlar sırasında 29-cudur, vaxt çatsa, ona da söz verəcək.

  • Sabir Rüstəmxanlı məktəbli oxucuları ilə görüşdü

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 nömrəli filialında Xalq şairi, Millət vəkili Sabir Rüstəmxanlı ilə məktəblilərin və oxucuların görüşü keçirilib.

    VHP.az xəbər verir ki, tədbirdə Mərkəzi Kitabxananın əməkdaşları və kitabxana filiallarının müdirləri, kənd ziyalıları və Balaxanı orta ümumtəhsil məktəbinin şagirdləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan 11 nömrəli filialın müdiri Məlahət Bədəlova şairi salamlayaraq dəvəti qəbul etdiyinə görə təşəkkürünü bildirib.

    Tədbirin aparıcısı Səidə Məmmədova çıxış edərək Sabir Rüstəmxanlının yaradıcılığı haqqında məlumat verib.

    Sonra Xalq şairi Sabir Rüstəmxanlı çıxış edib. O, tədbirin təşkilatçılarına təşəkkür edərək belə tədbirlərin keçirilməsinin oxucular və şagirdlər üçün böyük əhəmiyyətindən danışıb. Xalq şairi  30 illik Qarabağ həsrətimizə son qoyulmasından, Azərbaycan dilinə sevgi, dilin qorunması və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.

    Xalq şairi Sabir Rüstəmxanlı oxucuların və məktəblilərin suallarını cavablandırıb, tövsiyələrini verib.

    Sonda məktəblilərə diplom və şairin imzalı kitabları təqdim olunub.

  • “Rusiya MN-nin “Dağlıq Qarabağ” ifadəsini işlətməsi anlaşılmaz mövqedir”

    “Rusiya Qarabağda delimitasiya və demarkasiya rıçaqlarından istifadə edərək orada vəziyyəti qəlizləşdirməyə və Qarabağ məsələsində təzyiqləri artırmağa çalışır”.

    Bunu Demokrat.az-a açıqlamasında VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib. Politoloqun sözlərinə görə, Rusiya Ermənistandakı erməniləri yüksək səviyyədə, sərfəli şərtlərdə yaşamaq üçün yenidən Qarabağın səlahiyyət zonalarındakı ərazilərinə qaytarmağa cəhd göstərir: “Onların şəraitinin daha da yaxşılaşdırılması üçün canfəşanlıq edir. Rusiya Qarabağa köçüb gələn ermənilərin sayını artırmağa çalışır. Bu baxımından delimitasiya, demarkasiya məsələsindən də istifadə etmək istəyir.

    O, bununla göstərməyə çalışır ki, guya Rusiya həqiqətən də sərhədlərin müəyyənləşdirilməsi prosesinin tez bir zamanda hər iki tərəfdən sülhlə anlaşma nəticəsində başa çatmasında maraqlıdır. Azərbaycanın Rusiya ilə siyasi müttəfiqlik sazişindən sonra belə Rusiya Müdafiə Nazirliyinin Ukraynaya humanitar yardım göstərməsi kontekstində “Dağlıq Qarabağ” ifadəsini işlətməsi yolverilməz və qəbuledilməzdir. Belə görünür ki, Müdafiə Nazirliyi öz köhnə ampulasındadır”.

    “Rusiya Müdafiə Nazirliyinin “Dağlıq Qarabağ” ifadəsini işlətməsi və onu xüsusi ərazi vahidi kimi göstərməsi, Azərbaycanın suverenliyi ilə bağlı məsələlərdə anlaşılmaz mövqedir və Rusiyanın bölgədəki sülhməramlı missiyasına tamamilə ziddir. Görünən odur ki, Moskva statusun verilməsi məsələsini müzakirə obyektinə çevirmək istəyir. Hazırda əsas məsələ Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməsidir. Qeyd edim ki, o ərazilər həmişə Azərbaycanın tarixi torpağı olub. Sovet dövründə qondarma “Dağıq Qarabağ” ifadəsi yaradılıb və ərazimizin bir hissəsi ermənilərə verilərək, onlar muxtar səlahiyyətlə təmin edilib. Biz hər zaman tarixi ədalətsizliyi aradan qaldıraraq, ərazi bütövlüyümüzü təmin etməyə çalışmışıq. Lakin ruslar proseslərin normal gedişinə həmişə maneçilik törədir”- deyə, partiya rəhbəri əlavə edib.

    Aynurə
    Demokrat.az

  • Sabir Rüstəmxanlı qadınları təbrik etdi

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət vəkili Sabir Rüstəmxanlı 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib.

    Təbrikdə deyilir: “

    Hörmətli xanımlar!

    Əziz analar və bacılar!

    Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və müvəffəqiyyətlər arzulayıram.

    Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir.

    Bu bayram günündə torpaqlarımızın  müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın əziz xatirəsini ehtiramla yad edir, bütün şəhid anaları və xanımlarına, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarına, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarına bayram təbriklərimi çatdırır, yüksək hörmət və ehtiramımı ifadə edirəm.

    Əziz analar və bacılar! Dünyanın heç bir qadını gözəllikdə, sədaqətdə, dürüstlükdə, zəhmətdə sizi əvəz edə bilməz!

    Dünyanın heç bir qadını ailəsini sizin qədər fədakarlıqla qoruya bilməz!

    Dünyanın ən gözəl sözləri sizin qarşınızda təsirini itirir.

    Siz dünyanın ən xoşbəxt qadını olmağa layiqsiniz.  Bir daha sizləri təbrik edir, sizə sayğımı və sevgimi bildirirəm!

  • Fəzail İbrahimli: “Rusiya ilə imzalanan müttəfiqlik bəyannaməsi ermənilərə də yerini göstərdi”

    “Bir sənəd imzalanmazdan öncə onun fəlsəfəsi, mahiyyəti, məqsədi açıqlanır, onun prinsipləri və hansı səbəbdən hazırlanması izah olunur. Moskvada  Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqlik  bayənnaməsində də bu məsələlər elə ilk bənddəcə öz əksini tapıb. Sənəddə deyilir ki, sənədi imzalayan tərəflər qarşılıqlı hörmət, etimad prinsiplərinə əsaslanaraq,  hərtərəfli bərabərhüquqlu tərəfdaşlığın genişlənməsinə dönməz sadiqliyini bəyan edirlər. 43 maddəlik sənədin ilk müddəası bununla başlayır və bu da imzalanan sənədin əsas mahiyyətini bəlli edir”.

    Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin sədr müavini Fəzail İbrahimli deyib.

    Onun sözlərinə görə, burada tərəflərin bərabərhüquqlu səviyyədə müttəfilqik səviyyəsinin qurulması öz əksini tapıb.

    “Sənəddə əsas diqqəti çəkən məqam tərəflərin ölkənin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, dövlət  sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işinə qarışmamaq, mübahisələrin dinc yolla  həlli, güc tətbiq etməmək kimi məsələlərin əksini tapmasıdır. Bəyannamə sadəcə olaraq kiçik dövlətin böyük dövlətin himayəsinə sığınması, hansısa böyük dövlətə kürək söykəməsi yox, bərabərhüquqlu səviyyədə əməkdaşlığı və münasibətlərin qurulmasını özündə ehtiva edir”, – F.İbrahimli qeyd edib.

    Vitse-spiker əlavə edib ki, düzdür, imzalanan sənədlə bağlı müxtəlif fikir və mülahizələr  söylənilir: “Amma sənəddə əksini tapan 43 maddənin hansının maraqlarımıza zidd olduğu göstərilmir. Əgər fikir söylənilirsə, imzalanan sənəddə əksini tapan müddəalar ətrafında fikir mübadiləsi aparılmalıdır”.

    Azərbaycanla Rusiya arasında münasibətlərin tarixi köklərinin olduğuna diqqət çəkən vitse-spiker deyib ki, imzalanan bəyannamədən asılı olmayaraq iki qonşu  dövlətlər arasındakı münasibətləri tarix özü formalaşdırıb: “Bu sənəd sadəcə olaraq bu gün dünyada gedən siyasi, geosiyasi prosesləri və  dəyişiklikləri nəzərə alınaraq imzalanıb. Belə ki, bu gün dünyada baş verən proseslərdə dünya dövlətlərinin marağı və bu marağın altındakı məkrli niyyətlər formasında özünü büruzə verməkdədir. Belə olan halda Azərbaycan da dünyanın yeni düzəninə uyğun olaraq beynəlxalq münasibətlər sistemində dünya ölkələri ilə öz münasibətlərinə yenidən baxır və gələcək münasibətlərini formalaşdırır.  2021-ci ildə Türkiyə ilə imzalanan Şuşa bəyannaməsi Azərbaycanın təhlükəsizliyinin təminatı baxımından mühüm rol oynayırsa, Rusiya ilə imzalanan sənəd sıx qonşuluq münasibətlərinin yaranmasına xidmət edir”.

    Rusiya ilə Azərbaycan arasında son illərdə formalaşan münasibətlər sisteminə toxunan vitse-spiker əlavə edib ki, bunun üçün son illərdə iki ölkə arasındakı münasibətlərə diqqət yetirmək kifayətdir: “2020-ci ilin 27 sentyabrından sonra  Rusiya Cənubi Qafqazda yeni siyasi kurs həyata keçirməyə başladı. Bunun nəticəsi olaraq Moskva Bakı ilə daha sıx münasibətlər qurmağa üstünlük verməyə başladı. Bu özünü 30 illik donmuş Qarabağ münaqişənin həlli ilə bağlı 44 günlük müharibə zamanı daha qabarıq formada büruzə verməyə başladı. Rusiya 44 günlük müharibə zamanı proseslərə aktiv müdaxilə etmədi. Əgər Rusiya müdaxilə etmək istəsəydi, ən müxtəlif məsələləri bəhanə edib addım ata bilərdi. Bununla da Azərbaycanla Rusiya arasında yeni münasibətlər sisteminin əsası qoyuldu. Bunun ardınca 2021-ci ilin əvvəlində iki ölkə arasında  yeni münasibətlərin formalaşması ilə bağlı mesajlar verilməyə başladı ki, bu da nəticə etibarı ilə münasibətlərin keyfiyyətcə yeni mərhələsinə qədəm qoymasına gətirib çıxardı”.

    Vitse-spiker hesab edir ki, imzalanan sənəd həm də Ermənistana öz yerini göstərdi: “Cənab Prezidentin dediyi kimi sənəd bir çox məsələlərin həllinə rəvac verəcək. Sənədə Qarabağdakı erməni hərbi birləşmələrinin  çıxarılmasına, Ermənistanın Azərbaycanla sərhədlərini müəyyən etməsinə, Zəngəzur dəhlizinin açılmasına rəvac verəcək. Ümumiyyətlə imzalanan sənəd iki ölkə arasında bərabərhüquqlu, mehriban qonşuluq münasibətləri əsasında sıx əməkdşalığa xidmət edəcək”.

  • Sabir Rüstəmxanlının biblioqrafiyası nəşr olunub

    Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətlər” seriyasından hazırladığı növbəti biblioqrafiya Azərbaycan Milli Azadlıq Hərəkatının Lideri, Azərbaycanın Xalq Şairi, Millət Vəkili Sabir Rüstəmxanlıya həsr edilib. Azərbaycan və rus dillərində nəfis tərtibatda hazırlanan biblioqrfaiyada Sabir Rüstəmxanlının kitabları, dövrü mətbuatda, dərsliklərdə çap olunmuş əsərləri, elmi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitablar, xarici dillərdə çap olunmuş əsərləri, habelə onun həyat və yaradıcılığını əks etdirən nəşrlər yığılmışdır. Kitabda görkəmli ədəbiyyat adamlarının, ictimai-siyasi xadimlərin S.Rüstəmxanlı haqqında fikirləri, dünya kitabxanalarında olan kitablarının siyahısı, təsisçisi olduğu mətbu orqanlar və təşkilatlar haqqında da məlumat verilir.

    Biblioqrafiya Sabir Rüstəmxanlının bir ədib və ictimai siyasi xadim kimi yaxın dövr tariximizdə Azərbaycan  mühitində müstəsna mövqe tutduğunu təsdiqləyir. Sabir Rüstəmanlının həyatı haqqında geniş məlumat əks olunan nəşrdə onu ədəbi yaradıcılığında hər zaman sadiq qaldığı milli azadlıq idayalarının ictimai siyasi fəaliyyəti ilə gerçəkləşdirdiyi oxucu üçün aydın olur.

    Biblioqrafiya ədəbiyyatşünas alimlər, tətqiqatçılar və geniş oxucu üçün nəzərdə tutulmuşdur.

  • Sabir Rüstəmxanlı haqda biblioqrafiya nəşr olunub

    Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətlər” seriyasından hazırladığı növbəti biblioqrafiya Azərbaycan Milli Azadlıq Hərəkatının Lideri, Azərbaycanın Xalq Şairi, Millət Vəkili Sabir Rüstəmxanlıya həsr edilib. Azərbaycan və rus dillərində nəfis tərtibatda hazırlanan biblioqrfaiyada Sabir Rüstəmxanlının kitabları, dövrü mətbuatda, dərsliklərdə çap olunmuş əsərləri, elmi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitablar, xarici dillərdə çap olunmuş əsərləri, habelə onun həyat və yaradıcılığını əks etdirən nəşrlər yığılmışdır. Kitabda görkəmli ədəbiyyat adamlarının, ictimai-siyasi xadimlərin S.Rüstəmxanlı haqqında fikirləri, dünya kitabxanalarında olan kitablarının siyahısı, təsisçisi olduğu mətbu orqanlar və təşkilatlar haqqında da məlumat verilir.

    Biblioqrafiya Sabir Rüstəmxanlının bir ədib və ictimai siyasi xadim kimi yaxın dövr tariximizdə Azərbaycan  mühitində müstəsna mövqe tutduğunu təsdiqləyir. Sabir Rüstəmanlının həyatı haqqında geniş məlumat əks olunan nəşrdə onu ədəbi yaradıcılığında hər zaman sadiq qaldığı milli azadlıq idayalarının ictimai siyasi fəaliyyəti ilə gerçəkləşdirdiyi oxucu üçün aydın olur.

    Biblioqrafiya ədəbiyyatşünas alimlər, tətqiqatçılar və geniş oxucu üçün nəzərdə tutulmuşdur.

  • 1990-cı ilin yanvar hadisələri Neftçalada qeyd edilib

    1990-cı ilin 20 Yanvar faciəsindən bir neçə gün sonra sovet tankları əvvəlcə Cəlilabada, sonra Neftçalaya doğru hərəkət etdi. Digər rayonlarda olduğu kimi, Neftçalada da günahsız və əliyalın sakinlərə divan tutuldu, 2 nəfər öldürüldü, 50-ə yaxın insan həbs edildi. Yanvarın 25-də Nurəddin Ağahüseynov Neftçalanın mərkəzində şəhid olur. Sovet əsgərləri tanklarla rayon mərkəzinə daxil olarkən, onunla üz-üzə gəlirlər və Nurəddini şəxsi avtomobilində güllələyirlər.

    Vətəndaş Həmrəyliyi Partiyası Neftçala rayon təşkilatı və 20 Yanvar Cəmiyyətinin Neftçala Şöbəsi 25 yanvar faciəsinin 32-ci ildönümü qeyd edib. Neftçala şəhərindəki 20 Yanvar abidəsi ziyarət edilib.

    Tədbirdə VHP Neftçala rayon təşkilatının sədri, o dönəmdə Neftçalada Milli Azadlıq Hərəkatının liderlərindən olan Fərman Hüseynov çıxış etmişdir. O deyib: “Sovet hərbi birləşmələri paytaxtımız Bakı şəhərində törətdiyi qanlı cinayəti 25 Yanvar1990-cı il tarixdə hərəkatın ən qaynar nöqtərindən sayılan Neftçala rayonunda da eyni vəhşiliklə davam etdirdi. Həmin gün axşam Neftçala şəhərinin mərkəzində yerləşən AXC-nin qərərgahına tanklarla, BTR-lə, 3 hərbi maşınla dolu əli silahlı əsgərlərlə heç bir xəbərdarlıq etmədən hücuma keçərək dinc əhaliyə divan tutdular. Ətrafda yerləşən binalar, ağaclar, yoldan keçən maşınlar, Bakıda həlak olmuş şəhidlərə saxlanılan “ Yas çadırları”, ümumiyyətlə diqqəti nə çəkdisə hər şeyi güllə yağışına tutuldular. “Azadlıq, müstəqillik istəyirdiniz, indi sizləri güllələyib bu gölməçələrdə basdıracağıq” deyərək əsgərlərə avtomatlarını hazırlıq vəziyyətinə gətirmələri əmr edildi. Bu vaxtı ölümün yaxınlaşdığını hiss edən qorxmaz, qəhrəman övladlarımız xorla kəlmeyi-şəhadətlərini oxudular. Son anda əsgərlər güllələmə fikrindən daşındılar. Çoxlu güllə yarası almasına, üstəlik vəhşi əsgərlərin amansız fiziki təzyiqlərinə dözməyən Əbülfəz Cəfərovun bağıra-bağıra dediyi sözlər hamını diksindirdi: “Qardaşlar, ölürəm. Anama deyərsiz, mən Vətənim üçün ölürəm!”

    Nəhayət əmr gəldi ki, tutulanlar vertolyotlara daşınsınlar. Əlləri tellərlə bağlanmış, döyülməkdən sir-sifətdən çıxmış, hər yanlarından qan axan hərəkat fəallarını döyə-döyə, qundaqla vura-vura vertolyotun döşəməsinə qalaqladılar. Vertolyot Xəzər dənizinin üstündən uçanda, əsgərin biri vertalyotun qapısını açaraq bağırdı: – Bu türkləri Xəzər dənizinə tullayın, azadlıq istəyirdilər, getsinlər balıqlara yemi olsunlar. Böyük cəhənnəm məşəqqəti yaşayan bu qəhrəman övladlar nəhayət Bakıya, Şüvəlan həbsxanasına atıldılar. Bəziləri xəstəxanaya, qalanları isə həbsxana həyatına məhkum etdildilər.

    1990-cı ilin Yanvarında xalqımızın qanı axıdıldı, dəhşətli faciə yaşadıq. Ancaq məhz o günü Azərbaycan xalqı Sovet İmperiyasının bel sütununu sındırdı. Özünün Qəhrəmanlıq, şərəf tarixini yaratdı. 1991-ci ilin Oktyabrın 18-də Müstəqil dövlətini elan etdi. 20 Yanvar hadisələrində şəhid olanlar, qazi olanlar, zərər çəkənlər Azərbaycan Müstəqilliyinin ilk qaranquşları və ilk memuarları oldular”.

     

     

     

     

  • Fəzail İbrahimli malayziyalı nazir müavini ilə görüşdü

    Yanvarın 21-də Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, VHP-çi millət vəkili Fəzail İbrahimli ölkəmizdə səfərdə olan Malayziya xarici işlər nazirinin müavini Kamarudin Caffarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

    “VHP.Az” xəbər verir ki, vitse-spiker Azərbaycanla Malayziya arasında yaxın münasibətlər mövcuddur və siyasi, diplomatik əlaqələrimiz yüksək səviyyədə olduğunu və    gələcək əlaqələrin daha da dərinləşməsində qarşılıqlı əlaqələrdə parlamentlərarası dostluq qruplarının fəaliyyətini xüsusi qeyd edib.

    Fəzail İbrahimli Azərbaycanın 44 günlük Vətən müharibəsində Malayziyanın ölkəmizin haqq işini dəstəklədiyini xatırlayaraq, bu dəstəyin Azərbaycanda yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.  Vitse-spiker Ermənistanın torpaqlarımızı işğal altında saxladığı illər ərazində həyata keçirdiyi vandalizm, maddi-mədəni irsimizə, xüsusilə də məscidlərimizə qarşı qeyri-insani davranışları barədə qonaqlara məlumat verib.

    Milli Məclisin sədr müavini Malayziyanın beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də ölkəmizə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

    Azərbaycana üçüncü dəfə səfər etdiyini deyən Malayziya xarici işlər nazirinin müavini Kamarudin Caffar budəfəki səfəri çərçivəsində keçirəcəyi görüşlərin əhəmiyyətini qeyd edib. Bildirib ki, bu cür səfərlər iki ölkə arasında münasibətlərin daha da inkişafı baxımından çox mühümdür. Malayziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkə kimi bir sıra məsələlərin həllində birgə fəaliyyət göstərməyin və bundan xalqlarımızın mənafeyi naminə bəhrələnməyin tərəfdarıdır.

    Söhbət zamanı iki ölkə arasında parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışılıb, ölkələrimizin daha firavan gələcəyə nail olacağına əminlik ifadə edilib.