Vətəndaş Həmrəyliyi Partiyası

Category: Xəbər

  • Yovşan və vətən qoxulu poeziya- Zemfira Salmanovanın yeni kitabının təqdimatı keçirilib

    Vətəndaş Həmrəyliyi Partiyası Qadınlar Şurasının təşkilatçılığı ilə Atatürk Mərkəzində şairə Zemfira Salmanovanın “Hu- Man” adlı yeni şeirlər kitabının təqdimat mərasimi keçirilib.

    Tədbiri şairə Arzu Heydərova açaraq  şairə Zemfira Salmanovanın ədəbi yaradıcılığından geniş çıxış edib.

    Təqdimatda VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı, AMEA-nın elmi işçisi, professor İbrahim Quliyev, şairə Adilə Nəzər, yazar Aysel Xanlarqızı, VHP sədrinin müavini Yusif Salmansoy və digərləri şairə Zemfira Salmanovanın poetik dünyası və yeni nəşr olunan kitabı haqda fikirlərini bildiriblər.

    Xalq şairi Sabir Rüstəmxanlı çıxışında bildirib ki, hər  kəsin  hardan nə eşidirsə , qələmindən çıxan nə varsa , üzünü görmədiyini  oxuculara ünvanlaması,  ədəbiyyata aidiyyatı olmayan söz yığınlarının yaranmasına səbəb olub: “Beləliklə , kimliyini bilmədiyimiz , tanımadığımız müəlliflərin oxucusu olmaq məcburiyyətində qalırıq . Şübhəsiz , bu “ meydanda ” istedadı  şübhə doğurmayan müəlliflərlə də rastlaşırıq . Belə qələm sahiblərindən biri Sabirabad rayonunda yaşayan Zemfira Ziyad qızı Salmanovadır . Zemfira xanım sosial mediada fəaldır . İnternetdə çoxsaylı şeirləri qarşıma çıxıb . Bir çox yazıları aktyorlar və həvəskar ifaçılar tərəfindən səsləndirilib. O , qələmini şeirin müxtəlif formalarında sınayıb . Qoşma , təcnis , qıfılbənd , qəzəl , poema … Zemfira xanım  yüksək yaradıcı təxəyyülə sahibdir : söz , fikir kasadlığı çəkmir . Lakin ən önəmli olan onun şeirinin canlı , güclü , fəal ictimai ruhudur . O öz şerlərində  Şeirlərində görkəmli şairlərimizin yaradıcılığındakı vətəndaşlıq , cəsarət , mərdlik ənənələrini davam etdirir ; sosial problemlərə , Vətənimizin , ana dilimizin taleyinə , cəmiyyəti narahat edən məsələlərə həssas , qeyrətli münasibəti ilə diqqəti çəkir. Əslində , onun yazılarında lirik qadın  poeziyasından daha çox , döyüşkən kişi ruhu duyulur . Zemfira xanımın poemalarının , şeirlərinin əsas mövzusu bölünmüş Azərbaycanın taleyi , ümummilli problemlərimiz , mənəvi aşınma və şəxsiyyətin yıpranmasıdır . Tarixdən gəlmə obrazların tez – tez xatırlanması oxucuların diqqətini millətin böyük dəyərlərinə və dərdlərinə yönəltməklə , onları ayıltmaq , gələcəyimiz üçün məsuliyyət duyğusunu gücləndirməkdir .

    – Qarabağ savaşı , 1990 – cı ilin Qanlı 20 yanvar günü , Cənub həsrəti, 44 günlük savaşın qəhrəmanları … bir sözlə, bu gün millətimizi düşündürən bir çox ciddi problemlər Zem fira Ziyadqızının duyğularından və qələmindən keçib – gedir . Məsələn , ” Xosrov və Şirin ” adlı poeması öz adına görə oxucunu çaşdıra bilər , amma oxuyanda bunun Araz həsrəti və Azərbaycanın taleyi ilə bağlı olduğunu görürsən . Zemfira xanım Muğanda yaşayır , şeirləri də Muğan torpağının bərəkətindən , kəndlərimizin  böyük əxlaq , mənəviyyat dəyərlərindən doğulub və öz dediyi kimi yovşan qoxusu ilə ətirlənib .

    İnanıram ki , yovşan ətirli , vətən ətirli şeirlərlə yanaşı , müəllifin digər mövzularda yazılmış şeirlərinin də toplandığı , Tanrı – İnsan anlamını verən ” HU – MAN ” adlı bu kitab yaşamaq hüququ qazana biləcək”.

    Daha sonra çıxış edən professor İbrahim Quliyev şairə xanımın poeziyasının fəlsəfi çalarlarına diqqət yetirib: “Şairə” sözünün işlənməsi qrammatik cəhətdən nə qədər yolverilməzdirsə, semantika baxımından da bir o qədər mənasızdır. Çünki şeir müəllifi cins kateqoriyasına əsasən yox, bədii mətnin məzmun və formasına görə təhlil edilib qiymətləndirilir. Sadəcə, bir məsələni vurğulamaq mütləqdir ki, qadınların həyata baxışı, baş verənlərə reaksiyası, duyğuları fərqli olur. Onlar bəzən əks cinsin duya bilmədiklərini hiss edirlər. Bu da qadın şairlərin poeziyasını zənginləşdirir, onların yaradıcılıqlarını heç vaxt kölgədə qoymur. Məshəti Gəncəvidən Fatma xanım Kəmini, Nigar Rəfibəylidən Mədinə Gülgün, habelə, bugünkü günə qədər qadın şairlərimizin misraları könüllər oxşayıb. Onlardan biri də, çağdaş ədəbiyyatımız ən zərif və bir o qədər də əzmkar nümayəndələrindən olan Xanım İsmayılqızıdır. Şeirlər axınında Zemfira Salmanova  xüsusiləşdirib Azərbaycan oxucusuna sevdirən hansı məqam oldu? Bunun cavabını tapmaq üçün Zemfira Salmanovanın  yaradıcılığı vasitəsilə iç dünyasına səyahət etmək lazımdır. Bu gün təqdim olunan kitabı  mütaliə etdikcə bu qənaətə gəlmək olar ki, Zemfira xanımın  şeirləri xüsusi bir not üzərinə köklənib.  Şeirlərin ahəngdar quruluşu xanım şairin həm də ruhunun sabitliyinin göstəricisidir. Elə Zemfira Salmanova  poeziyasını oxuculara sevdirən də, bu axıcılıq, sadəlikdir. Eyni zamanda, bu sadəliyin içərisində dərin təfəkkür var. Şairə  nə qədər ülvi hisslərin həzinliyi ilə yazırsa, bir o qədər də bəzi şeirlərində coşqu, üsyan var”.

    Qeyd edək ki, müəllifin HU – MAN ( Tanrı – insan ) anlamını verən bu kitabında poeziyanın  bir çox janrlarında işlənmiş əsərlər yer tutub . Qoşma , təcnis , bəhri – təvil , sərbəst şeirlər , qəzəllər , satirik şeirlər , hekayə və poemalar , aforizmlərdən ibarət 9 bölümə ayrılan bu kitabda – diqqəti ” XOSROV va ŞİRİN ” poemasına yönəltməkdə fikrim oxucunu məlumatlandırmaqdır . Bu ad oxucunu çaşdırmasın . Tam başqa bir məzmunda işlənsə də yenə də Arazın , o tay , bu tay bölünmüş Azərbaycanın taleyi nəzərdə tutulmuşdur . “Əbədi məhəbbət dastanı ” adı altında işlənmişdir . ” KAİNATIN DOĞUŞU ” adlı ikinci poemada dini əsasla göstərilsə də , mahiyyətcə həyatın , kainatın – gecə və gündüzün yaranışından , ni zamından və cəmiyyətin qaranlıq cəhətlərinin obraz dili ilə işıqlandırıl masından bəhs edir .

  • Sabir Rüstəmxanlı özəlləşdirilən dövlət əmlakından danışdı

    “Yerli əhəmiyyətli mədəniyyət abidələrinin özəl mülkə çevrilməsi dünya təcrübəsində də var”.

    Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, Xalq şairi Sabir Rüstəmxanlı deyib.

    “Bəzən şəxsi mülkiyyətdə olan tikililər, ziyarətgahlar, məzar abidələri dövlət tərəfindən qeydiyyata alınır, tarixi irs sayılır, amma eyni zamanda şəxs də onu qoruyur. Belə hallar da var. Müəyyən müqavilələr əsasında tarixi abidələrin bəzilərinin hansı təyinatla işlədilə bilməsi, necə qorunması, bərpası, təmiri məsələləri Mədəniyyət Nazirliyi ilə razılaşdırılmalıdır. Bütün bunlar hamısı tarixi abidəni özəlləşdirən şəxsin mədəni səviyyəsindən də asılıdır. Eləsi var, dövlət müəssisəsini də dağıdır, şəxsi mülkiyyətini də. Ona görə də bu məsələdə son dərəcə diqqətli olmaq lazımdır. Məqsəd yalnız tarixi abidələrin qorunmasına xidmət etməlidir. Dövlət yaxşı qoruya bilirsə, qorumalıdır. Yox, əgər vətəndaş bunu daha yaxşı bacarırsa, ona verilməlidir”, – S.Rüstəmxanlı qeyd edib.

    Deputat özəl mülkiyyətdə olan “Moskva”, “Dostluq” kinoteatrlarının xarabalığa çevrilməsinə belə münasibət bildirib:

    “Ölkədə qanun var, bununla bağlı ölçü götürülməli, nəzarət olmalıdır. Həmin mədəniyyət mərkəzlərinə özəlləşdirən şəxs baxa bilməyibsə, müqavilə pozulmalı, təcili olaraq dövlətə geri qaytarılmalıdır”.

  • Milli Kitabxananın “Sabir Rüstəmxanlı. Biblioqrafiya” kitabının təqdimatı keçirilib

    Mayın 19-da Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Sabir Rüstəmxanlı. Biblioqrafiya” kitabının təqdimatı keçirilib.

    Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

    Milli Kitabxananın direktoru, professor Kərim Tahirov deyib: “Bu gün “Sabir Rüstəmxanlı. Biblioqrafiya” kitabının, eləcə də Nizami adına Ədəbiyyat İnstitutunun yeni nəşr etdiyi “Xalq şairi Sabir Rüstəmxanlı” adlı monoqrafiyanın təqdimatına toplaşmışıq. Sabir Rüstəmxanlı bütün duyğularını, azadlıq arzularını, vətəndaşlıq borcunu, xalqının taleyindən nigaranlığını öz əsərlərində qələmə alıb”.

    Tərtib edilmiş biblioqrafik göstərici haqqında məlumat verən direktor vurğulayıb ki, bu vəsait yazıçı haqqında ilk fundamental biblioqrafiyadır. Biblioqrafiyada Sabir Rüstəmxanlının kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, elmi-tənqidi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitablar, rus və başqa dillərdə çap olunmuş əsərləri, habelə ədibin həyat və yaradıcılığını, ictimai-siyasi fəaliyyətini əks etdirən bütün nəşrlər toplanıb. Vəsaitdə şairin həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri də öz əksini tapıb.

    Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli vurğulayıb ki, Sabir Rüstəmxanlının yubileyi münasibətilə Nizami adına Ədəbiyyat İnstitutu “Xalq şairi Sabir Rüstəmxanlı” adlı monoqrafiya nəşr edib. “Sabir Rüstəmxanlı bütün oxucu kütləsinin etibarını qazanan bir sənətkardır. Vətəndaşlıq poeziyası, milli istiqlal ruhu, müstəqillik ideyaları, dövlətçilik onun yaradıcılığının əsas ana xəttini təşkil edir. Fəxrlə deyə bilərəm ki, Sabir Rüstəmxanlı Azərbaycanın milli istiqlal mübarizəsinə çox böyük töhfələr verib. O, həm şair, həm də deputat kimi fəaliyyət göstərərək şair ideyaları ilə siyasi ideyalarını birləşdirib. Bu gün də Sabir Rüstəmxanlı hər iki cəbhədə – həm ədəbiyyatda, həm də siyasi müstəvidə öz fəaliyyətini uğurla davam etdirməkdədir”,- deyə akademik vurğulayıb.

    İ.Həbibbəyli Milli Kitabxananın nəşri olan “Sabir Rüstəmxanlı. Biblioqrafiya” kitabının məzmunundan, mövzu əhatəliliyindən, eləcə də onun həcminin böyüklüyü barədə danışıb.

    AMEA-nın müxbir üzvü, ədəbiyyatşünas alim, professor Tehran Əlişanoğlu çıxış edərək biblioqrafiyaların tədqiqatçılar üçün əhəmiyyətli nəşr olduğunu vurğulayıb. Monoqrafiya barədə məlumat verən T.Əlişanoğlu bildirib ki, kitabda Sabir Rüstəmxanlının həyat və yaradıcılığını tam əhatə etməyə çalışıblar.

    Milli Məclisin sədr müavini, professor Fəzail İbrahimli Sabir Rüstəmxanlı haqqında belə gözəl tədbiri təşkil etdiyinə görə Milli Kitabxanaya öz təşəkkürünü bildirib. Qeyd edib ki, S. Rüstəmxanlı yaradıcılığını 3 dövrə bölmək olar. Birinci mərhələ 70-ci illəri əhatə edir ki, bu mərhələdə Sabir Rüstəmxanlının şairlik keyfiyyətləri ortaya çıxır. İkinci mərhələ şairin yaradıcılığında yeni mərhələ hesab edilə bilər. Bu mərhələdə onun yaradıcılığının yeni xüsusiyyətləri “Gəncə qapısı”, “Qan yaddaşı”, “Sağ ol, ana dilim” kimi əsərlərdə əks olunur. Ən nəhayət üçüncü mərhələdə o, Azərbaycan türk poeziyasının “atəş xəttinin” önünə keçir. Bildirib ki, Sabir Rüstəmxanlı daim bəşəri ideyalarla yaşayıb-yaradıb, ürəyi daima xalqı, milləti üçün döyünüb.

    Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Yazıçılar Birliyi adından Sabir Rüstəmxanlını doğum günü münasibətilə təbrik edib. O, S.Rüstəmxanlının ictimai fəaliyyətindən, cəsarətli çıxışlarından və onunla bağlı olan xatirələrdən bəhs edib.

    Tədbirin davamında Azərbaycan Dövlət Tərcümə Mərkəzinin idarə heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, şair Məmməd İsmayıl, Milli Məclisin deputatları Nizami Cəfərov, Əlövsət Ağalarov və başqaları çıxış ediblər.

    Sonda Xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək tədbirdə iştirak edən hər kəsə, təşkilatçılara təşəkkürünü bildirib. Biblioqrafiya, onun bölmələri, əhatə genişliyindən bəhs edərək əməyi keçən hər kəsə minnətdarlığını çatdırıb.

    Sonda iştirakçılar Sabir Rüstəmxanlının həyat və yaradıcılığını əhatə edən Milli Kitabxananın fondunda mühafizə edilən kitabların geniş sərgisi ilə tanış olublar.

  • VHP sədri Sabir Rüstəmxanlı ABŞ səfirliyinin diplomatları ilə görüşüb

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bu gün partiyanın mətkəzi qərargahında ABŞ-ın Azərbaycandakı səfirinin siyasi işlər üzrə müşaviri xanım Kristin Herman Sinq və səfirin müşaviri Fil Tişyunu qəbul etmişdir.

    Görüşdə Azərbaycanda və bölgədə baş verən proseslər, parlament müxalifətinin fəaliyyəti, Azərbaycan-ABŞ əlaqələri, ölkədəki ictimai-siyasi vəziyyət, regional münaqişələr ətrafında fikir mübadiləsi aparılıb.

  • Sabir Rüstəmxanlı İsrail səfirini təbrik etdi

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Millət Vəkili Sabir Rüstəmxanlı İsrailin müstəqillik günü münasibətilə İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Corc Dikə təbrik məktubu ünvanlayıb.

    Məktubda deyilir: “Hörmətli cənab Səfir! İsrail Dövlətinin Milli Günü münasibətilə İsrail hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi bildiririk. Azərbaycan-İsrail əlaqələri xalqlarımız arasında tarixən mövcud olmuş sıx dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Azərbaycan Respublikası müsəlman-yəhudi birgəyaşayışının parlaq nümunəsidir. Azərbaycanlılarla yəhudilərin qardaş-bacı kimi sülh və əminamanlıq şəraitində birgə yaşayışının uzunömürlü tarixi var. Bir daha Sizi və bütün yəhudi xalqını Milli Gününüz münasibətilə təbrik edirəm! Yaşasın Azərbaycan-İsrail dostluğu!”

  • İcra başçılarına parkları məhv etdiklərinə görə medal verilsin – Sabir Rüstəmxanlı – VİDEO

    “Yaxşı olar ki, Bakı şəhərindəki köhnə parkları məhv elədiklərinə görə bu medalın ilk nüsxələri Bakı şəhərindəki icra başçılarına verilsin”.

    Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.
    Deputat bildirib ki, bu gün bizdə səhralaşma gedir, yaşıllıqlar məhv edilir.

  • Samir Əsədli: “Paşinyan hökuməti Ermənistanın xilasını Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasında görür”

    “Tərəflər 2009-cu ildə imzalanmış ikitərəfli protokola oxşar bir sazişin gündəmdə olacağını bildiriblər”
     
    “Türkiyə də bu təşəbbüsün hər addımında Azərbaycanla birgə hərəkət edəcəyini və “Bir millət, iki dövlət” anlayışına xələl gətirməməyə çalışacağını bəyan etməklə bu məsələdəki həssaslığını nümayiş etdirib”
     
    “Paşinyan hökuməti Ermənistanın xilasını Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasında görür”
     
     
    Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndələr – səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında Vyanada növbəti görüş baş tutub. Görüşlə bağlı bəyanat yayan Türkiyə Xarici İşlər Nazirliyi deyib ki, nümayəndələr iki ölkə arasında tam normallaşmaya nail olmaq üçün daha əvvəl elan edilmiş məqsədi təsdiqləyiblər. Konkret fikirlər ətrafında səmimi və konstruktiv fikir mübadiləsi aparılıb, bu istiqamətdə irəliləyiş üçün atıla biləcək mümkün addımlar müzakirə olunub: “Xüsusi nümayəndələr prosesi ilkin şərt olmadan davam etdirməyə razılıqlarını bir daha təkrarlayıblar”. Qeyd edək ki, bu, xüsusi nümayəndələr arasında üçüncü görüşdür. 
    Ankara ilə İrəvan arasındakı normallaşma prosesi ilə bağlı “Şərq”ə danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, Ermənistanın Azərbaycana məğlub olmasından dərhal sonra Türkiyə İrəvanla münasibətlərin normallaşması mesajını verməyə başlayıb. Ermənistan tərəfi də seçkilərdən sonra Türkiyə ilə ilkin şərt olmadan dialoqa hazır olduğunu bildirib. Partiya təmsilçisi qeyd edib ki, həm Türkiyə, həm də Ermənistan sərhədlərin açılmasını və diplomatik əlaqələrin qurulmasını bəyan ediblər. İki tərəf də bunun üçün qarşılıqlı xüsusi nümayəndələr təyin edib: 
    “Tərəflər həmçinin yol xəritəsi yaratmağa çalışacaqlarını və 2009-cu ildə imzalanmış ikitərəfli protokola oxşar bir sazişin gündəmdə olacağını bildiriblər. Türkiyə də bu təşəbbüsün hər addımında Azərbaycanla birgə hərəkət edəcəyini və “Bir millət, iki dövlət” anlayışına xələl gətirməməyə çalışacağını bəyan etməklə bu məsələdəki həssaslığını nümayiş etdirib. Rusiyanın bölgədəki təsirini zəiflətmək üçün Türkiyə-Ermənistan yaxınlaşmasının ABŞ tərəfindən irəli sürüldüyü deyilir. 2021-ci ilin oktyabrında Romada keçirilən G-20 Sammitində Türkiyə-ABŞ liderlərinin ikitərəfli görüşündə bu mövzunun müzakirə edildiyi bildirilir. Hazırda Ermənistan siyasətində bölgədə yaranan yeni hərbi-siyasi vəziyyətin şərtlərini yaxşı qavrayan, Azərbaycan və Türkiyə ilə normallaşmanın erməni milli maraqları baxımından qaçılmaz zərurətə çevrildiyini görən yeganə insan Baş nazir Nikol Paşinyandır. Paşinyan tez-tez Xankəndidəki separatçı erməni qüvvələrinin reallıqlara uyğun olmayan iddialarının, Azərbaycanın ərazi bütövlüyü prinsipinə sayğısız yanaşmalarının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmanın da önündə ən böyük əngəl kimi durduğunu görür. Erməni xalqına bütün çılpaqlığı ilə gerçəklikləri izah etməyə, onlara sülh dövrünün şərtlərini bildirməyə cəhd göstərir”.
     
    S.Əsədli hesab edir ki, Paşinyanın Türkiyə ilə normallaşma cəhdləri keçmiş prezident, Xocalı soyqırımının təşkilatçılarından olan Robert Koçaryan başda olmaqla revanşist qüvvələr tərəfindən süngü ilə qarşılanır: 
    “Rusiya sülhməramlı qüvvələrinin arxasına sığınan terrorçu Araik Arutyunyan Ermənistanın daxili siyasətinə və Moskvadakı bəzi dairələrin əlinə oynamağa davam edir. Koçaryan isə Türkiyə ilə normallaşmanın, sərhədlərin açılması və ticarətin canlandırılmasının Ermənistana bir fayda gətirməyəcəyini bəyan edərək düşmənçiliyi davam etdirmək, soyqırım yalanını yaymaqda israr etməkdədir. Yaxın keçmişdə keçirilən seçkilərdə Paşinyana məğlub olmalarına baxmayaraq revanşistlər yenidən baş nazirin istefasını tələb etməkdə, Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası prosesinin həyata keçirilməsinə, sülh sazişinin imzalanmasına qarşı çıxmaqdadırlar. İndiki iqtidar Ermənistanın xilasını Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasında görür. Müxalifət isə əslində heç bir konsepsiya olmadan Paşinyan hakimiyyətini satqınçılıqda, xəyanətdə ittiham edir. Göründüyü kimi, erməni revanşistlərinin təxribat cəhdlərinin arxasında bu ölkənin hakimiyyət hərislərinin fəaliyyəti dayanır. Ölkədə bir qrup şəxsin mitinqlər keçirməsi dövlətçilik naminə deyil, Paşinyan hakimiyyətinin devrilməsi məqsədindən irəli gəlir. Amma gözüaçıq cəmiyyət tam olaraq anlayır ki, bu etirazların arxasında duran sarkisyançıların və koçaryançıların əsas niyyəti yenidən vəzifəyə sahiblənməkdir”.

  • Sabir Rüstəmxanlı şəhid ailələrinə bayram sovqatı göndərdi – FOTO

    VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı seçildiyi Neftçala rayonuna bayram sovqatı göndərib. 

    Bakupost.az xəbər verir ki, sovqat 150-dən çox şəhid ailəsinə, Qarabağ qazilərinə, habelə imkansız ailələrə paylanılıb.
     
    Sovqatla yanaşı, həmin ailələrə millət vəkilinin Ramazan təbriki də çatdırılıb.
    Ailələr öz növbəsində göstərilən diqqət və qayğıya görə millət vəkilinə dərin təşəkkürlərini bildiriblər.

  • VHP sədri Sabir Rüstəmxanlının Ramazan bayramı təbriki

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:
    Əziz soydaşlarım! Bacılar və qardaşlar!
    Sizi Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm!
    Bu ayda insanlar Tanrı qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.
    Ramazan ayının millətimizə, ölkəmizə, bütün dünyaya, insanlığa xeyir, bəşəriyyətə sülh gətirməsini, işğaldan azad olan torpaqlarımızın abad olunaraq xalqımızın xoşbəxt, əmin-amanlıq və firavanlıq içərisində yaşamasını, ölkəmizdə milli həmrəyliyin daimi olmasını, qardaşlıq və dostluq duyğularının qüvvətlənməsini arzulayıram.
    Əziz soydaşlarımız! Sizin dua və diləklər, saf niyyətlər Tanrı dərgahında qəbul olunsun , Uca Yaradan öz mərhəmətini xalqımızdan, dövlətimizdən əsirgəməsin.
    Allah oruc və dualarınızı qəbul etsin!

  • VHP: “Vətəndaşının səbəbindən asılı olmayaraq kimlərsə tərəfindən zorakılığa məruz qalması faktını qətiyyətlə pisləyirik”

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) siyasi fəal Bəxtiyar Hacıyevin oğurlanması və təhqir edilməsi ilə bağlı bəyanat verib.

    Bəyanatda bildirilir:  “21 aprel tarixində, saat 23 radələrində siyasi fəal və bloger Bəxtiyar Hacıyevin M.Naxçıvani və Z.Əhmədbəyov küçələrinin kəsişməsində başına torba keçirilərək naməlum istiqamətə aparılması, təhqir edilməsi, daha sonra Ramana qəsəbəsi yaxınlığında kimsəsiz əraziyə atılması haqda məlumat təəssüf doğurur.

    Azərbaycan hüquqi dövlətdir və Azərbaycanda vətəndaşların hüququ Konstitusiya ilə qorunur. Azərbaycan vətəndaşının səbəbindən asılı olmayaraq kimlərsə tərəfindən zorakılığa məruz qalması faktını qətiyyətlə pisləyirik.

    İnsan hüquq və azadlıqlarını qorumalıyıq. Ölkə qanunlarla idarə olunur, heç kim qanundan üstün deyil və vətəndaşa qarşı qanunsuzluq edə bilməz. Bəxtiyar Hacıyevə qarşı bu çirkin əməli törədənlərin tapılaraq cəzalandırılmasını tələb edirik”.