Vətəndaş Həmrəyliyi Partiyası

Category: Xəbər

  • Samir Əsədli: “Rusiya sülhməramlılarının daha bir qanunsuz əməli ifşa olunub”

    “Rus sülhməramlıları Ermənistanı yenə qara zolağa itələyir”
     “Silah təxribatı yeganə fakt deyil. Bundan əlavə Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının daha bir qanunsuz əməli ifşa olunub”. Bu barədə “Şərq”ə Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib. Partiya təmsilçisi qeyd edilib ki, Rusiyanın sülhməramlı kontingentinin hərbi qulluqçularının “Laçın dəhlizi”ndə qanunsuz söküntü işləri ilə məşğul olduğunu əks etdirən görüntülər yayılmışdı:
    “Həmin görüntülərdə rus hərbçilərinin 1992-ci ilin işğalından əvvəl sırf azərbaycanlı əhalinin məskunlaşdığı Laçın rayonunun Qaraqaxa kəndində yerləşən birmərtəbəli yaşayış binasının dam örtüyünü sökmələri əks olunmuşdu. Ən təhlükəli məsələ də ondan ibarətdir ki, hələ də Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə erməni silahlı qüvvələrinin tör-töküntüləri var. Onlar ara-sıra bizə problemlər yaradırlar və onlar Rusiya sülhməramlılarının arxasında gizlənərək burada destruktiv fəaliyyətlə məşğuldurlar. Təəssüflər olsun ki, Rusiya sülhməramlıları amilinə arxalanaraq Ermənistanın köhnə siyasi rəhbərliyi destruktiv, pozucu bəyanatlarla çıxış edirlər. Lakin Ermənistanda bilməlidirlər ki, əgər Ermənistanın destruktiv siyasəti davam etsə, biz də müvafiq addımlar atmağa məcbur olacağıq. 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanata əsasən Qarabağda silahlı birləşmələr çıxarılmalı və tərkisilah olunmalı idi. Lakin hazırda bunun əksi baş verir. Mülki əhali silahlandırılır və yeni hərbi birləşmə yaradılır. Bütün bu baş verənlər anti-terror əməliyyatını qaçılmaz edir”.
  • “Paşinyan Rusiyanın kəşfiyyat orqanlarının ciddi kök saldığının fərqindədir” — Samir Əsədli

    Ermənistanda baş verən siyasi qarışıqlıq səngimək bilmir. Ölkə islahatlar kontekstində ayrıca Xarici Kəşfiyyat Agentliyi yaratmağı planlaşdırır. Bəs belə bir qurumu yaratmaqda Ermənistanın əsas məqsəd nədir?

    VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Demokrat.az-a açıqlamasında vurğulayıb ki,Ermənistan Xarici Kəşfiyyat Xidmətinin yaradılması prosesinə bir il əvvəldən başlanılıb.

    Analitik deyir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ötən ilin yayında hökumətin 2021-2026-cı illər üçün proqramını təqdim edərkən demişdi ki, proqram Nazirlər Kabineti tərəfindən təsdiqləndikdən sonra parlamentdə müzakirə olunacaq:

    “Proqram 6 bölmədən ibarətdir. Bunlar: “Təhlükəsizlik və Xarici siyasət”, “İqtisadiyyat”, “İnfrastrukrun inkişafı”, “İnsan kapitalının inkişafı”, “Hüquq və Ədalət” və “İnstitusional inkişaf”. Fikrimcə, bu məsələdə sensasion bir məqam yoxdur. Sadəcə Paşinyan dövlət idarəçiliyində islahatları davam etdirir və bu da həmin prosesin tərkib hissəsidir. Paşinyan orduda və dövlətin digər strateji mövqelərində xarici dövlətlərin, xüsusilə Rusiyanın kəşfiyyat orqanlarının ciddi kök saldığının fərqindədir və bu islahatlar həmin təhlükəni önləməyə xidmət edir”.

    Nəzrin
    Demokrat.az

  • Sabir Rüstəmxanlının 15 cildli seçilmiş əsərlərinin V cildi çap edilib

    Xəbər verildiyi kimi, Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının 15 cildlik seçilmiş əsərlərinə şeir və poemaları, publisist yazıları, pyes, roman, povest və hekayələri, eləcə də dünya ədəbiyyatından tərcümələri, çıxışları və yol qeydləri toplanmışdır. Seçilmiş əsərlərin yaxın üç ildə tamamlanması nəzərdə tutulur.
    Bu günlərdə dördüncü cild çapdan çıxmışdır. Dördüncü cildə müəllifə ümumxalq məhəbbəti qazandırmış və çox böyük tirajla çap olunmuş “Ömür kitabı” adlı əsəri ilə yanaşı ölkəmizdə müstəqil demokratik mətbuatın ilk qaranquşu olan məşhur “Azərbaycan” qəzetində çap etdirdiyi “Azərbaycan harayı” adlı silsilə publisist yazıları daxil etmişdir.
    Ötən əsrin 80-90-cı illərində Azərbaycan bədii publisistikasında şah əsər olan “Ömür kitabi” və “Azərbaycan” qəzeti gənc nəslin milli şüurunun formalaşması və inkişafında, dövlət müstəqilliyinin bərpası uğrunda aparılan mübarizədə müstəsna rol oynamışdır.

  • “XXI əsrin Qarabağnaməsi” kitabının təqdimatı keçirilib

    30 iyun 2022-ci il tarixində Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbində yazıçı-publisist Əlövsət Polad və yazar Ələkbər Zahidovun birgə müəllifi olduqları ”XXI əsrin Qarabağnaməsi” adlı kitabın təqdimat mərasimi keçirilmişdir. Təqdimatda Milli Məclisinin deputatı Sabir Rüstəmxanlı, Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və tədbirə dəvət olunmuş qonaqlar iştirak ediblər.
    ”XXI əsrin Qarabağnaməsi” adlı kitabda otuz ildən artıq müddətdə davam etmiş Qarabağ münaqişəsi, yaddaşlardan tarixə köçən gerçəkliklər, ictimai-siyasi və tarixi hadisələr, torpaqlarımızı azad etmək üçün həyata keçirdiyimiz qısamüddətli labüd hərbi əməliyyatlar: Aprel və Tovuz döyüşlərinin əfsanəvi qəhrəmanları, Vətən müharibəsinin başlanma səbəbləri, gedişatı və nəticəsi, xalq və milli birliyimiz, müzəffər ordumuzun qələbəsi, qəhrəman şəhidlərimiz haqqında qiymətli yazılar, fikir və düşüncələr qələmə alınmış, şeirlər, faktlar və materiallar toplanmışdır. Çıxış edən natiqlər qeyrətli Vətən oğullarımızın qəhrəmanlıq salnaməsindən, tariximizin, ədəbiyyatımızın geniş mövzusu olan Qarabağ müharibəsindən, yazıçı-publisist Əlövsət Polad və yazar Ələkbər Zahidovun birgə ərsəyə gətirdikləri ”XXI əsrin Qarabağnaməsi” kitabının bu mövzudakı əhəmiyyətindən danışıblar.
    Millət vəkili Sabir Rüstəmxanlı öz çıxışında adı çəkilən əsərin meydana gəlməsində iki dəyərli ziyalının güc birliyindən danışıb, onların düşüncə və fikirlərinin, zəhmət və əməyinin nəticəsində yaranan ”XXI əsrin Qarabağnaməsi” kitabına görə müəllifləri və rayon ictimaiyyətini Azərbaycan xalqının Qarabağ uğrunda dönməz mübarizəsini və qəhrəmanlıq salnaməsini əbədiləşdirən yeni bir kitabın nəşrinə görə təbrik edib. Millət vəkili Sabir Rüstəmxanlı bildirmişdir ki, özü də bu mövzuda kitab yazmaq arzusunda olmuş, lakin buna zamanı olmayacağını nəzərə aldığından çap əsərinin ərsəyə gəlməsinə xeyir-duasını vermiş, öz kömək və dəstəyini əsirgəməmişdir. Millət vəkili həm də vətənpərvər və vətəndaşlıq mövzusuna da toxunmuş, hər bir vətəndaşın vətənini və torpağını qarşılıqsız sevməyini vurğulamışdır. O, ən həssas təbəqə olan şəhid ailələri və qazilərimizə üzünü tutaraq möhkəm və səbrli olmağı, qarışıqlıq salanlara məhəl qoymamağı tövsiyə etmiş, xüsusi olaraq bildirmişdir ki, partiya və təşkilatlarımız vətənimiz və dövlətçiliyimizin bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin yaxınları və əzizlərinə, qəhrəman qazi və veteranlarımıza qayğı və dəstəyini əsirgəmir, hər zaman diqqətində saxlayır.
    Millət vəkili dini qurumlar və dindarlara da münasibətini bildirmiş, xarici təsir və meyllərə məhəl qoymamağı, əksinə onların dövlət orqanları ilə bərabər ictimaiyyət tərəfindən də budaqlanmasının qarşısının alınmasına çağırış etmişdir. Çıxışın sonunda Sabir Rüstəmxanlı bütün şəhidlərimizin ruhu qarşısında baş əydiyini, şəhid analarının əllərindən öpdüyünü və hərb meydanında hünər göstərmiş qazilərimizə isə öz hörmət və ehtiramlarını bildirmişdir.
    Tədbirdə çıxış edən Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Qarabağ uğrunda erməni işğalçılarına qarşı mübarizədə misilsiz qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Neftçala rayonunun qəhrəman övladlarından və şəhidlərimizin əziz xatirəsini əbədiləşdirməyə xidmət edən ”XXI əsrin Qarabağnaməsi” kitabının əhəmiyyətindən danışıb, sonda müəlliflərə gələcək yaradıcılıqlarında uğurlar arzu edib.
    Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri şəhidlərlə bağlı xatirələrini bölüşüb, kitabın həmmüəlliflərinə, tədbirin təkilatçılarına və iştirakçılarına öz dərin təşəkkürlərini bildiriblər.


  • VHP-dən Eldar Salayevin ölümü ilə bağlı nekroloq

    Azərbaycan elminə ağır itki üz verib. Görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, akademik  Eldar Salayev vəfat edib.

    Eldar Salayev 1933-cü ildə, dekabrın 31-də Naxçıvan şəhərində dünyaya gəlib. 1970–1973-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini olub. 1972-ci ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini alıb. 1979-cu ildən professordur. 1980-ci ildə Elmlər Akademiyasının müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. 1983–1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Prezidenti olub. Akademik S.İ.Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatların laureatıdır.

    Eldar Salayev bərk cisim fizikası, kvant elektronikası və fotoelektronika sahəsində görkəmli alim olub.

    O, akademiyada dörd institutun əsasını qoymuşdur: Əlyazmalar İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Millətlərarası Münasibətlər İnstitutu, Xəzərin Ekoloji problemləri İnstitutu.

    Eldar Salayev Milli Elmlər Akademiyasının prezidenti  kimi  humanitar elmləri  nüfuzlu dəqiq-texniki elmlərlə eyni müstəviyə qaldırmaq istəyirdi.

    O, Xəzərin və respublikanın artmaqda olan ekoloji problemlərinin qarşısını almaq üçün tədbirlər planı hazırlamışdı,  Bu plana əsasən zavod və fabriklər, istehsalat müəssisələri ilə akademiyaya arasında sıx əməkdaşlıq yaranmışdı.

    Eldar müəllimin başçılığı ilə  bir sıra regionlarda – Şamaxı, Naxçıvan, Şəki, Qubada elmi-tədqiqat müəssisələri yaradılmışdı.

    Tanınmış alim, bacarıqlı elm təşkilatçısı, səmimi və qayğıkeş insan Eldar Salayevin xatirəsi xalqımızın yaddaşında həmişə yaşayacaqdır.

    Allah rəhmət eləsin!

    Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurası

    21 iyun 2022-ci il

     

  • Samir Əsədli: “Artıq Gürcüstan hökumətinə qarşı tənqidlər ən yüksək səviyyədə, Avropa Parlamentində səslənir”

    Samir Əsədli: “Gürcüstan da Ukrayna kimi bundan sonra Rusiyaya heç vaxt simpatiya duymayacaq” 
     
    “Amma təcrübə Gürcüstanı ehtiyatlı davranmağa məcbur edir”
     
    Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə vətəndaşlarını Avropaya inteqrasiya siyasəti kursuna dəstək məqsədilə Avropa meydanında aksiya keçirməyə çağırıb. Zurabişvili Avropa İttifaqı ölkələrinin Gürcüstandakı səfirlərini də mitinqdə iştiraka səsləyib: “Gəlin Avropaya inteqrasiya yolunda özümüzü, birliyimizi, iradəmizi göstərək. Əhali, cəmiyyət, mən, siyasi partiyaların nümayəndələri, hakimiyyət – hamımız sadə vətəndaş olacağıq. Çıxışlar, bəyanatlar, plakatlar olmayacaq”. 
    Zurabişvili yarım saatlıq çıxışında Avropaya inteqrasiya yolunda yarana biləcək problemlərdən, o cümlədən Gürcüstanın tərəfdaşlarından təcrid olunmaq təhlükəsindən danışıb. Prezident belə vəziyyətin yaranmasında hakim “Gürcü arzusu” partiyasını günahkar bilib. Onun sözlərinə görə, Brüsselə səfəri zamanı məlum olub ki, “iş bərbaddır” və Gürcüstan “Şərq Tərəfdaşlığı”nın aparıcı ölkələri sırasından ən sona pillələrə enib. O, hakimiyyətin səhvləri arasında 2021-ci ilin yazında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə müxalifətlə imzalanmış sazişin yerinə yetirilməməsini göstərib. Hakimlərin saxta yolla təyinatını, müxalif Nika Qvaramiyanın həbsini və Dövlət Müfəttişliyi Xidmətinin ləğvini hökumətin Gürcüstanı gözdən salan qərarı kimi dəyərləndirib.
    Zurabişvili hakimiyyəti Avropa ölkələri liderləri ilə işləmək üçün yüksək səviyyəli səfərlər etməməkdə ittiham edib. Prezidentin fikrincə, Avropa Parlamentində partiyalarla iş düzgün aparılmayıb, nəticədə Gürcüstanla bağlı sərt qətnamə qəbul edilib. Onun sözlərinə görə, “Gürcü arzusu”nun liderləri öz ritorikaları ilə Avropa parlamentarilərini narazı salıblar. Həmçinin dost Ukraynaya münasibətdə qəbuledilməz hərəkətlərə yol veriblər. Prezident vurğulayıb ki, Gürcüstanın təcrid olunması real təhlükə yaradır. Xatırladaq ki, Avropa Parlamenti Gürcüstanda demokratik durumu qəti şəkildə pisləyən bəyanatla çıxış edib. Qətnaməyə görə, son illər Gürcüstanda media mühiti pisləşib, jurnalistlərə qarşı çoxsaylı fiziki zorakılıq hallarına yol verilir.
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, siyasi şərhçi Samir Əsədli “Şərq”ə bildirib ki, Gürcüstanda prezident-hökumət qarşıdurması təkcə bunlardan ibarət deyil. Partiya funksioneri deyib ki, hökumət Salome Zurabişvili ilə bağlı hakimiyyət qolları arasında hüquq və səlahiyyətlərin dəqiqləşdirilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət etmişdi: “Konstitusiya Məhkəməsinə müraciətə səbəb prezidentin hökumətin təklifi ilə bir sıra ölkələrdə səfir təyin etməkdən imtina etməsi olub. Nazirlər Kabinetinin fikrincə, səfirlərin təyin edilməsi və onların vəzifədən azad edilməsi Gürcüstan prezidentinin konstitusiya səlahiyyətlərinə aid deyil. Hakim partiya prezidenti konstitusiyanı pozmaqda ittiham etmiş, daha sonra isə hökumət əlavə etmişdi ki, Prezident bir sıra səfirlərin təyinatına qarşı çıxıb”.
     
    S.Əsədli vurğulayıb ki, əslində bütün bunlar məsələnin formal tərəfidir: “Salome Zurabişvilinin qərbyönümlü, hökumətin isə rusyönümlü olduğu, İvanişvilinin nəzarətində olduğu məlumdur. Bu qüvvələrin qarşıdurması əslində Rusiya-Qərb gərginliyinin təzahürüdür. Gürcüstan da Ukrayna kimi bundan sonra Rusiyaya heç vaxt simpatiya duymayacaq. 
    Amma təcrübə Gürcüstanı ehtiyatlı davranmağa məcbur edir. Rusiya Ukrayna bataqlığına batdıqca, hesab etmək olar ki, bunun əksini fikirləşənlərin sayı artacaq. Bu arada Avropa Parlamentinin ən zəngin gürcü hesab olunan Bidzina İvanişviliyə qarşı sanksiya tətbiq edilməsi tələbinin yer aldığı qətnaməsini diqqətdən qaçırmaq olmaz. Keçmiş prezident Mixail Saakaşvilinin həbsi Gürcüstanın hazırkı iqtidarı üçün ciddi problemə çevrilib. “Gürcü arzusu” iqtidarı Moskvanın sifarişini yerinə yetirməkdə, keçmiş prezidentdən intiqam almaqda ittiham olunur. Saakaşvilinin həbsinə görə Gürcüstan hökumətini Qərb siyasətçiləri ilə yanaşı, Ukrayna və Moldova prezidentləri də tənqid edir. Artıq Gürcüstan hökumətinə qarşı tənqidlər ən yüksək səviyyədə, Avropa Parlamentində səslənir. Bidzina İvanişviliyə qarşı sanksiyanın tətbiqi tələbi isə Qərbin “Gürcü arzusu” iqtidarına qarşı sözdən əmələ keçdiyini göstərir. Ukrayna və Moldovadan fərqli olaraq, Avropa Parlamentinin deputatları Gürcüstana namizəd statusunun verilməsinə birbaşa çağırış etməyə çəkiniblər. Bununla belə, qeyd olunub ki, hökumətin avropalı tərəfdaşların tövsiyələrini yerinə yetirməsi şərti ilə ölkə namizəd statusu almalıdır”.

  • Qarabağdan həmişə kart kimi istifadə edən revanşist siyasi dairələr… — ŞƏRH

    Ermənistanda revanşistlər Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinə qarşı təxribat hazırlayır. Mümkün təxribatlar “Azadlıq hərəkatı” adlanan radikallar tərəfindən planlaşdırılıb. Hərəkatın həmtəsisçisi Nairi Oxikyan deyir ki, hazırda onların üzvləri Laçının “müdafiəsində” fəal iştirak edir. 

    Məsələ ilə bağlı fikirlərini Demokrat.az-a dəyərləndirən VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib ki, Ermənistan hakimiyyətinin alternativ yolu qalmayıb. O qeyd edib ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ölkəmizə qarşı ərazi iddiasından geri çəkilirlər:

    “Təbii olaraq bu proses Qarabağdan həmişə kart kimi istifadə edən, varlanan və müxtəlif resurslar əldə edən, hakimiyyət rıçaqlarına sahib olan həmin “Qarabağ klanı”nı təmsil edən Koçaryan, Sarkisyan, Ohanyanların olduğu siyasi mərkəzləri və digər revanşist siyasi dairələri narahat edir. Onlar özləri də məqsədli şəkildə erməni cəmiyyətində bir rəy formalaşdırmağa çalışırlar ki, artıq Qarabağ məsələsində hər addımda Azərbaycanın mövqeyi möhkəmlənir. Ermənistan hakimiyyəti guya Qarabağı Azərbaycana satır. Yaxud başqa bir tezis görürük ki, əgər Qarabağı itirsələr guya bu, Ermənistan dövlətçiliyinin sonu olacaq və s. Bu tip tezislərlə manipulyasiyalar etməyə çalışırlar“.

    S.Əsədli əlavə edib ki, Laçın dəhlizi məsələsi də Ermənistan müxalifətinin revanşist dairələrin informasiya spekulyasiyası kimi qiymətləndirilə bilər:

    “Yəni, məqsədli şəkildə süni təşviş yaratmağa çalışırlar. Guya Qarabağ erməniləri üçün vəziyyət faciəvi həddə gəlib çatacaq. Halbuki, burada belə isterika üçün heç bir əsas yoxdur. Çünki 10 noyabr bəyanatının müvafiq maddəsində qeyd olunur ki, Laçın şəhəri 3 il ərzində alternativ yolun çəkilməsindən sonra Azərbaycana təhvil veriləcək. Bu 10 noyabr bəyanatı üzrə Ermənistanın üzərinə götürmüş olduğu öhdəlikdir və bu da yerinə yetirilməlidir. Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış postları qurmasından sonra baş verəcək olayları indidən proqnozlaşdırmaq o qədər də çətin deyil. Darmadağın edilmiş Ermənistan ordusunun silahlı tör-töküntüləri bölgədən çıxarılacaq. Araik Arutyunyan və onun separatçı-terrorçu dəstəsi bölgədən qaçmaq məcburiyyətində qalacaq“.

    “Buna imkan tapmayanlar, yəni qaçmaqda gec qalanlar həbs olunacaq. Azərbaycan vətəndaşlığını qəbul edəcək sadə ermənilər isə bölgədə dövlətimizin himayəsi altında yaşaya biləcəklər. Ona görə də, tezliklə baş verəcəklərdən məlumatlı olan revanşistlər populist bəyanatlar səsləndirirlər. Bu gün İrəvan küçələrində revanşist bəyanatlar səsləndirən Koçaryanlar, Sarkisyanlar və Ohanyanlar 44 günlük Vətən müharibəsi zamanı ətrafında məğlubedilməzlik mifi yaratdıqları ordusunu məhv edən “Dəmir yumruğ”umuzu yaddan çıxartmamalıdırlar. Bu gün Azərbaycan həmişə olduğu kimi öz mədəniyyətini, humanizmini nümayiş etdirərək və sivil dünyanın normalarına hörmətlə yanaşaraq danışıqlar masasında məsələlərin həlli təşəbbüsü ilə çıxış edir. Əgər uzatdığımız sülh əlimizi tutmaqdan müxtəlif bəhanələr gətirərək yayınmaq istəsələr onları daha ağır günlər gözləyəcək“, -deyə VHP rəhbəri fikirlərini yekunlaşdırıb.

    Aynurə Pənahqızı
    Demokrat.az

  • Sabir Rüstəmxanlının seçilmiş əsərləri 15 cilddən IV cild çap edilib

    Xəbər verildiyi kimi, Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının 15 cildlik seçilmiş əsərlərinə şeir və poemaları, publisist yazıları, pyes, roman, povest və hekayələri, eləcə də dünya ədəbiyyatından tərcümələri, çıxışları və yol qeydləri toplanmışdır. Seçilmiş əsərlərin yaxın üç ildə tamamlanması nəzərdə tutulur.

    Bu günlərdə dördüncü  cild çapdan çıxmışdır. Dördüncü cildə müəllifin 2010-2022-ci  illər arasında yazdığı şeirlər və 15 poeması  daxil edilmişdir.

  • VHP Qusarda konfrans keçirdi – FOTO

    Bu gün VHP Qusar rayon təşkilatının növbəti konfransı keçirilib. Konfrans iştirakçıları ilk öncə şəhidlərin və təşkilatın mərhum sədri Həsənbala Məmmədovun xatirərəsini yad ediblər.
    Konfransın sədarəti seçildikdən sonra RT sədr müavini Məzahir İlyasov hesabat məruzəsi ilə çıxış edərək konfranslararası müddətdə təşkilatın fəaliyyəti barədə geniş məlumat verib. Ardınca
    NTK sədri Gülarə Əlməmmədova da hesabat çıxışı edib.
    Konfrans iştirakçılarından Əlişəfa Məmmədov, Edik Hacıxanov, Bəhruz Bədəlov, Xalidə Dadaşbalayeva və digərləri çıxış edərək təşkilatın fəaliyyəti, görülmüş işlər haqda danışıblar.
    Konfransda iştirak edən VHP sədrinin müavini və Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli çıxışında ölkədə, regionda baş verən siyasi olaylar, partiyanın fəaliyyəti, qarşıda duran işlər və partiyanın yaranmasının 30 illiyi ilə bağlı planlaşdırılan tədbirlər barədə geniş çıxış edib.
    Konfransda təşkilati məsələlərə baxılıb. Rayon Təşkilatının sədri, Məclis və Nəzarət Təftiş Komissiyasının üzvləri seçilib. Açıq səs vermə nəticəsində Əlişəfa Məmmədov rayon təşkilatının sədri, Edik Hacıxanov sədrin birinci müavini, Əfsanə Rəsulova, Elman Gərayxanov müavin, Məzahir İlyasov NTK sədri seçilib.


  • Sabir Rüstəmxanlı Naxçıvana təyyarə biletinin bahalaşmasına etiraz etdi: “Hər kəs şikayət edir”

    “Naxçıvan üçün təyyarə biletlərinin qiymətinin 50 manatdan 60 manata qədər bahalaşması doğru deyil. Bir halda ki, cənab Prezident İlham Əliyevin də AZAL-ı tənqid etdiyini deyirlər, yəqin ki, həlli yolları axtarılar. Hər kəs AZAL-da biletlərin baha olmasından şikayət edir. Bilmirəm, hansı şərtlərə görə AZAL biletləri bahalaşdırır”.

    Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib.

    “Naxçıvan hansı şəraitdədirsə, biz bunu bilirik. Quru yolları bağlıdır. Naxçıvandan Azərbaycanın digər bölgələrinə yalnız hava yolları vasitəsilə gediş-gəliş mümkündür. Ailəsinin bir hissəsi Naxçıvanda yaşayanlar var. Bəziləri tez-tez getməyə məcburdur. Bu, nəzərə alınmalıdır. Dövlətə ziyan da dəysə, müəyyən subsidiya ayrılmalı olsa belə, Naxçıvanın vəziyyəti nəzərə alınmalıdır. AZAL vətəndaşların maddi durumuna uyğun bilet qiymətləri müəyyənləşdirməlidir”, – deputat bildirib.

     

    Aytəkin Qardaşova