Vətəndaş Həmrəyliyi Partiyası

Category: Xəbər

  • “Sabir Rüstəmxanlının yaradıcılığında tarixi yaddaş və milli təfəkkür məsələləri” mövzusunda konfrans keçirilib

    AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Xalq şairi, Milli Məclisin deputatı “Sabir Rüstəmxanlının yaradıcılığında tarixi yaddaş və milli təfəkkür məsələləri” mövzusunda elmi konfrans keçirilib.

    İnstitutun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə qarşıdan gələn Zəfər Günü ilə bağlı tədbir iştirakçılarını təbrik edərək, tarixi yaddaş və milli təfəkkürün müasir cəmiyyətlərdə vacib rol oynadığını vurğulayıb. Sonra Sabir Rüstəmxanlının yaradıcılığına nəzər salaraq, bu barədə ətraflı çıxış edib.

    Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, t.e.d Eynulla Mədətli “Sabir Rüstəmxanlı: şəxsiyyəti və yaradıcılığı ilə tarixi yaddaşı oyadan və yaşadan mütəfəkkir” mövzusunda çıxış edib.

    Eynulla Mədətli Sabir Rüstəmxanlı yaradıcılığını geniş təhlil edərək Azərbaycanın milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqamətində xeyli işlər gördüyünü vurğulayıb. Şairin “Ömür kitabı”nın böyük zəhmət və zəka abidəsi olduğunu deyən natiq, o dövrdə belə bir kitabı yazmaq böyük cəsarət tələb etdiyini də qeyd edib.

    “Sabir Rüstəmxanlı şeir və romanları ilə yox, milli təfəkkür və şəxsiyyəti ilə xalqın sevgisini qazanıb. Sabir müəllim tək şair və yazıçı kimi yox, siyasi və ictimai xadim kimi də sevilir. Sabir Rüstəmxanlı ictimai xadim kimi bu illər ərzində həm ölkə daxilində, həm də ölkədən kənarda dövlətimizə və dövlətçiliyimizə qarşı olanlarla mübarizə aparıb”,- deyə Eynulla Mədətli bildirib.

    Sonra Estetika şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Adil Əsədov “Azərbaycan xalq hərəkatının parlaq siması: Sabir Rüstəmxanlı”, İdrak nəzəriyyəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Sabir Rüstəmxanlı yaradıcılığında milli təfəkkür məsələləri müasirlik kontekstində”, “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Ziba Ağayeva “Sabir Rüstəmxanlı yaradıcılığında milli-mənəvi dəyərlər”, “Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası” şöbəsinin elmi işçisi Yasəmən Qaraqoyunlu Sabir Rüstəmxanlının yaradıcılığında “Tarixi yaddaş və milli təfəkkür məsələləri”, Fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Sabir Rüstəmxanlı yaradıcılığında “türkçülük və türk dünyası”, Sosiologiya şöbəsinin aparıcı elmi işçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Əhməd Qəşəmoğlu “Xalqın söz silahı” kitabı haqqında söz”, Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əntiqə Paşayeva “Sabir Rüstəmxanlı yaradıcılığında vətənpərvərlik ruhuna ədəbi, əxlaqi və fəlsəfi baxış”, Məntiq şöbəsinin elmi işçisi Vüsalə Gülmalıyeva “Azərbaycan gəncliyinin milli-mənlik şüurunun formalaşmasında Sabir Rüstəmxanlı yaradıcılığının rolu” mövzusunda məruzə ilə çıxış ediblər.

    Sonra tarix elmləri doktoru, professor Şahin Fazil, f.e.d. Rəfiqə Əzimova və f.e.d., professor Rəna Mirzəzadə Sabir Rüstəmxanlı yaradıcılığı haqqında çıxış ediblər.

    Daha sonra Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi şöbəsinin əməkdaşları Ülviyyə Quliyeva, Səkinə Əliyeva, Ceyran Hüseynli, Mehriban Əliyeva Sabir Rüstəmxanlının “Qarabağa qayıdış” poemasından parçalar səsləndiriblər.

    Sonda Xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək öncə tədbiri təşkil etdiklərinə görə institutun rəhbərliyinə minnətdarlığını bildirib. Şair çıxışlarda haqqında səsləndirilən fikirlərə öz münasibətini bildirib, hər kəsə təşşəkkür edərək ədəbiyyat, yaradıcılıq və milli məfkurə, milli tarixi yaddaş haqqında çıxış edib, düşüncələrini konfrans iştitrakçıları ilə bölüşüb.

  • Samir Əsədli: “Bu hədəfə əngəl yaratmaq birmənalı şəkildə Laçın dəhlizinin bağlanması ilə nəticələnəcək”

    Ermənistan razılaşmaya Rusiyanın təlimatı ilə əməl etmir
      Qarabağda genişmiqyaslı bərpa-quruculuq işlərinə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdən biri ərazilərimzin Ermənistan tərəfindən məqsədyönlü şəkildə minalanması və davam edən mina basdırılması hallarıdır. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazilərində külli miqdarda piyada əleyhinə minalar yerləşdirməkdə davam edir. Bu təxribat yalnız keçmiş təmas xətti boyunca deyil, digər ərazilərdə də insanların minaya düşməsi hallarının artmasına səbəb olur. Ümumilikdə, son 30 il ərzində Azərbaycanda mina qurbanlarının sayı 3 min 345 nəfər təşkil edib.
    2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bugünədək 266 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub. Həlak olanların 35 nəfəri mülki şəxsdir. Ermənilərin Laçını tərk etməsindən sonra yalnız rayon ərazisində 1400-dən artıq 2021-ci il Ermənistan istehsalı piyada əleyhinə minalar Ermənistan tərəfindən sülh və təhlükəsizliyə nə dərəcədə ciddi zərbə vurulmasının göstəricisidir.
     Ötən il istehsal olunmuş minaların Azərbaycan ərazisinə ötürülməsi bir daha nümayiş etdirir ki, üçtərəfli bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın dəhlizindən qeyri-qanuni hərbi fəaliyyətlər üçün sui-istifadə halları davam edir. Rəsmi İrəvan bir tərəfdən sülh müqaviləsindən danışır, digər tərəfdən isə təxribatçı addımlar atır. Ən əsası isə odur ki, minalar Ermənistandan rus sülhməramlılarının himayəsində Azərbaycan ərazisinə keçirilir.
     
      Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə vurğulayıb ki, Ermənistan 10 noyabr və 11 yanvar razılaşmalarına Rusiyanın təlimatı ilə əməl etmir. Partiya rəsmisi bildirib ki, İrəvan Azərbaycana qarşı revanşist mövqeyi davam etdirir və ilkin şərt olaraq Qarabağda ermənilərin “statusu”nu irəli sürür: 
    “Həmçinin, Azərbaycan tərəfindən ikitərəfli danışıqların əleyhinə olaraq sərhədlərin delimitasiyası və demarkasiyasına atəşlə cavab verir. Bu gün silahlı ermənilərə “Laçın” dəhlizi vasitəsilə silah-sursat daşınır. Hətta digər iri çaplı silahların daşınması həyata keçirilir. Halbuki, 10 noyabr Birgə Bəyannaməsinin 4-cü bəndinə əsasən, silahlı erməni birləşmələri çıxarılmalıdır. Amma Rusiya buna getmir və Qarabağda böhranı davam etdirməkdə maraqlıdır. Bundan başqa Zəngəzur dəhlizi ilə bağlı problem var. Bu dəhlizin reallaşması bir neçə il çəkə bilər. Burada irimiqyaslı bir layihənin gerçəkləşməsindən söhbət gedir. Dağ relyefində dar bir ərazidə həm avtomobil yolunun, həm də dəmir yolunun çəkilişi sadə məsələ deyil. Zəngəzur dəhlizi Azərbaycan üçün “olmazsa olmaz” bir hədəfdir. Bu hədəfə əngəl yaratmaq birmənalı şəkildə Laçın dəhlizinin bağlanması ilə nəticələnəcək”.           
  • “Rusiya Paşinyana qarşı həmləyə hazırlaşır” — AÇIQLAMA

    “Ermənistan hakimiyyəti daim ikitərəfli münasibətlərdə heç bir problem olmadığını desə də, reallıq fərqlidir”. 

    Bu fikirləri Demokrat.az-a açıqlamasında VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli  deyib.

    “Son iki il ərzində Rusiyanın hər hansı bir vəzifəli şəxsi konkret qarşılıqlı münasibətlər çərçivəsində Ermənistana səfər etməyib. Rusiya Ermənistana qarşı “yumşaq güc” tətbiq edir, ciddi zərər vuracaq ikitərəfli münasibətləri gərginləşdirəcək addımlar atmır. Amma rəsmi İrəvanın getdikcə daha çox Qərbə meyillənməsi, heç şübhəsiz Kremli konkret addımlar atmağa vadar edəcək”.

    Onun sözlərinə görə, Ermənistanın KTMT-dən çıxacağı haqda fikirlər, Avropa İttifaqı missiyasının bölgəyə yerləşdirilməsi “yumşaq güc” siyasətinin dəyişdirilməsinə təkan verə bilər.

    “Əgər Rusiyada işləyən ermənilərə qarşı problemlər yaratmağa başlayarlarsa, bunun nəticəsi olduqca pis olacaq. Təsəvvür edin, əgər Rusiyada işləyən ermənilər geri- Ermənistana qaytarılarsa, ölkədə sosial partlayış baş verə bilər. Artıq Rusiya özünə bağlı siyasi qüvvələri toparlayıb anti-Rusiya xəttini gücləndirən Paşinyana qarşı həmləyə hazırlaşır. Bunun işartıları görünməyə başlayıb. Məsələn, ötən ay Eçmiədzində Ermənistanın baş keşişi II Qareginin vasitəçiliyi ilə rusiyayönlü eks-prezidentlər bir araya gəldi. Məqsəd ABŞ-ın Ermənistanda formalaşdırdığı siyasi prosesi əngəlləməkdir. Görünən budur ki, erməni kilsəsi də Paşinyana qarşı açılan yeni cəbhədə yer alır”.

    Aynurə
    Demokrat.az

  • VHP sədrinin 18 oktyabr təbriki

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı 18 Oktyabr – Müstəqillik günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

    Təbrikdə deyilir:

    “Əziz soydaşlar!

    18 Oktyabr Dövlət Müstəqilliyinin Bərpası günü münasibəti ilə hamınızı təbrik edir, Sizə uzun ömür can sağlığı arzulayıram.
    1991-ci il oktyabrın 18-də parlament tərəfindən “Müstəqilllik Haqqında Konstitusiya Aktı” qəbul olundu. 1918-20-ci illərdə böyük öndər M. Ə. Rəsulzadənin liderliyi ilə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi olan yeni müstəqil dövlətimiz quruldu və bu, çağdaş tariximizin çox şərəfli bir səhifəsinə çevrildi. Bu gün xalqımızın həyatında müstəsna əhəmiyyətə malik, Azərbaycan tarixinə qızılı həriflərlə yazılmış bir gündür. Ömrünü dövlətin azadlığı və müstəqilliyinə həsr etmiş, bu yolda bütün təzyiqlərə, çətinliklərə, ölüm hədələrinə, repressiyalar sinə gərmiş Azərbaycan xalqı üçün müstəqilliyin əhəmiyyətini sözlə ifadə etmək mümkün deyil. Həmin gün Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan etdi. 1918-20-ci illərdə böyük öndər M. Ə. Rəsulzadənin liderliyi ilə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi olan yeni müstəqil dövlətimiz quruldu və bu, çağdaş tariximizin çox şərəfli bir səhifəsinə çevrildi.
    Artıq iki ildir Dövlət Müstəqilliyinin Bərpası gününü xüsusi sevinc və coşqu ilə qeyd edirik. Bu gün Azərbaycan istiqlalının və bu istiqlalı ötən əsrin əvvəlində elən edən böyüklərin ucaltdığı üçrəngli bayraq Şuşada dalğalanır. Qarabağ savaşını qələbə ilə bitirən xalqımızın Azərbaycan dövlətini, bütövlüyümüzü və istiqlalımızı əbədi qoruyacağına inanırıq.

    Əziz soydaşlar, bacılar və qardaşlar!

    Mən bir daha Sizi bayram münasibəti ilə təbrik edir, hamınıza xoşbəxtlik, uğurlar və fəal vətəndaşlıq mövqeyi arzulayıram.
    Tanrı Azərbaycanımızı qorusun!”

  • Fəzail İbrahimli: “Nensi Pelosi elə yaşdadır ki, ona nə desən ağlayacaq”

    “Çoxları elə bilir ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ermənilər üçün ağlayır, ancaq o elə yaşdadır ki, nə desən ağlayacaq”.

    APA xəbər verir ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Fəzail İbrahimli deyib.

    Komitə sədri bildirib ki, N.Pelosinin ağlamağı heç bir xeyir vermir, əksinə Ermənistan üçün problem yaradan göz yaşıdır: “Onlar ağlamağı bacarmır, şou göstərir. ABŞ-da seçki keçiriləcək, Pelosi erməni lobbisinin səsini almaq üçün Ermənistana gəlib. Bunlar erməni pulu ilə senator seçilir, dolanırlar. Ancaq Pelosinin ağlamaqdan ürəyi gedib orda ölsə də Azərbaycan əsgərləri yerindən tərpənməyəcək”.

  • VHP sədri şəhid Röyal Balaşzadənin hüzür mərasiminə qatılıb

    Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz 2003-cü il təvəllüdlü Balaşzadə Röyal Atduxan oğlunun Suraxanı rayonunda yas mərasimi keçirilib. Millət vəkili Sabir Rüstəmxanlı yas mərasimində iştirak edərək şəhidin yaxınlarına başsağlığı verib.

    Balaşzadə Röyal 23 noyabr 2003-cü ildə Yardımlı rayonu Anzov kəndində anadan olub. Ailəsi ilə birgə Bakı şəhərinə köçüb və orta təhsilini Suraxanı rayonu 315 saylı orta məktəbdə alıb. Röyal mehriban, ağıllı və mərd şagird olub. Yoldaşlarının sevgisini, hörmətini qazanıb. İbtidai sinifdə “ən böyük arzun nədir?” sualına qürurla “ŞƏHİD OLMAQ” deyən Röyal öz arzusuna çatdı.

    Torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla Şəhidlik zirvəsinə ucalmış bütün hərbi qulluqçularımıza Allahdan rəhmət diləyir, onların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk!

  • VHP Mingəçevir şəhər təşkilatı toplantı keçirib

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Mingəçevir şəhər təşkilatının Məclisinin növbəti toplantısı keçirilib. Toplantıda təşkilat sədri Mübariz Camıyev ölkədəki ictimai-siyasi durum, partiya qarşısında duran vəzifələr, şəhər təşkilatının vəziyyəti və partiyanın fəaliyyəti haqqında geniş çıxış edib. O çıxışında bildirib ki, son günlər Azərbaycan-Ermənistan sərhəddində baş vermiş gərginlik zamanı 70-dən artıq hərbi qulluqçumuzun şəhid olması bütün ölkə boyu dərin hüzn yaratsa da ordumuzun şücaəti xalqda inamı daha da yüksəltmişdir: “Baş verənlərin fonunda bəzi dövlətlərin və beynəlxalq təşkilatların yenə də ikili standartlarla yanaşması müşahidə olundu. Baş verənlər Azərbaycanın öz haqqını dünyaya qəbul etdirməsi üçün milli birliyin hər zaman qorunması vacibdir. Bu günlərdə yaranmasının 30 illiyini qeyd edən VHP-nin “ Nicatımız Vətəndaş Həmrəyindədir” şüarı həmişəkindən daha aktualdır”. Təşkilat sədri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi və bundan irəli gələn tapşırıqlarla bağlı Məclis üzvlərini məlumatlandırıb. M.Camıyevin çıxışı ətrafında müzakirələr aparılıb. Sonda təşkilati məsələlərə baxılıb və partiyaya yeni üzvlər qəbul olunub.

  • Vitse-spiker Cəlilabadda şəhid mərasimlərində

    Milli Məclisin sədr müavini Fəzail İbrahimli Cəlilabadda şəhid mərasimlərində iştirak edib

    Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçularının xatirəsi ölkənin hər yerində ehtiramla yad edilir. Bu gün şəhidlik zirvəsinə ucalan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət etmiş hərbi qulluqçusu, əsgər Nəbiyev Hüseynalı Hikmət oğlu Cəlilabad rayonunun Bəcirəvan kəndində torpağa tapşırılıb.
    Şəhidin dəfn mərasimində Milli Məclisin sədr müavini Fəzail İbrahimli, rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, qazilər, müharibə veteranları, kənd sakinləri və şəhidin doğmaları iştirak etmişlər. Mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirilib, tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı Hüseynalı Nəbiyevin atasına təqdim edilib, şəhidin xatirəsinə yaylım atəşı açılıb.
    Bu gün həmçinin vitse-spiker Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan 20 yaşlı əsgər Kəlbiyev İsa Rəhim oğlunun dəfn mərasiminə qatılıb.
    Şəhidlə doğulduğu Cəlilabad rayonunun Göytəpə şəhərində vida mərasimi keçirilib.Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdən sonra şəhid Göytəpə şəhər qəbiristanlığında torpağa tapşırılıb.
    Milli Məclisin sədr müavini F.İbrahimli həmçinin Cəlilabad rayonu Vənlik kəndində DSX-nin giziri, şəhid Məmmədov Nahid Hüseynağa oğlunun, Əsədli kəndində baş gizir Məmmədov Nahid Hüseynağa oğlunun və Alar kəndində əsgər Qasımov Rəşad Ənvər oğlunun 3 mərasimində iştirak etmiş, şəhidlərin yaxınlarına başsağlığı vermişdir.
    Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik! Vətən sağ olsun!

  • Samir Əsədli: “KTMT adı cəlbedici olsa da, ciddi hərbi təşkilat kimi qəbul olunmur”

    Əgər təşkilat toqquşmalara qarışarsa Türkiyə də vəziyyətə müdaxilə edə bilər
      KTMT Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti təhlil etmək üçün işçi qrup yaratmağı təklif edib. Bu təklif KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasında səsləndirilib. Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç ölkəsinin Ermənistanla Azərbaycan arasında məsələlərin alternativsiz, yalnız siyasi və diplomatik üsullarla sülh yolu ilə həllindən çıxış etdiyini diqqətə çatdırıb: “Mövcud vəziyyət hərtərəfli araşdırma tələb edir”. 
     
      İclasda operativ şəkildə atılması mümkün görünən addımlar təklif olunub. Onların arasında KTMT-nin baş katibi Stanislav Zasın dövlət başçılarına ətraflı məruzə hazırlamaq üçün münaqişə zonasına getməsi, vəziyyəti təhlil etmək üçün Katibliyin və KTMT Birgə Qərargahının əməkdaşlarından ibarət işçi qrupun yaradılması da var.
     
      Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının adı cəlbedici olsa da, ciddi hərbi təşkilat kimi qəbul olunmur. Onun sözlərinə görə, KTMT-ni alyans da adlandırmaq doğru olmaz: 
    “Ona görə ki, alyans dedikdə ən azından bir neçə güclü dövlətin bərabərhüquqlu şəkildə bir yerdə birləşməsi nəzərdə tutulur. Amma bu anlayış ümumilikdə KTMT-yə şamil edilmir. Əslində üzvlər üçün qurumu önəmli edən məqam alyansın nizamnaməsinin 4-cü maddəsi, yəni üzvlərdən birinə hücum zamanı digər üzvlərin hamısının onun müdafiəsini təmin etməsidir. Lakin Krımın anneksiyası bu maddənin effektivliyi ilə bağlı müəyyən sualların yaranmasına gətirib çıxardı. 2014-cü ildə Krımın ilhaqından sonra yarımadanı KTMT üzvlərinin Rusiyanın ərazisi kimi tanımaması əslində tərəflərin şərti olaraq müttəfiq olduğu faktını bir daha təsdiqlədi. İkinci Qarabağ savaşı və ondan sonrakı dövrə nəzər yetirsək, keçmiş SSRİ ərazisində həm də yeni situasiyanın formalaşdığını görmüş olarıq. Hazırkı situasiyada Azərbaycan başqa bir ölkənin sərhədinə müdaxilə etməyib. Buna görə də başqa ölkələrin və ya təşkilatların hadisəyə birbaşa müdaxiləsi yolverilməzdir və heç bir əsası yoxdur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycan və Ermənistan arasında baş verən hadisələrə qarışarsa, bu zaman Şuşa Bəyannaməsinə əsasən, Türkiyə də vəziyyətə müdaxilə edə bilər. Bu isə Rusiya üçün arzuedilən deyil”.
  • Sabir Rüstəmxanlının “Qarabağa Dönüş” poeması Türkiyədə nəşr edildi

    Qarabağ mövzusu Azərbaycan ədəbiyyatında həmişə geniş mənada Vətən mövzusunun atributlarından biri kimi qəbul edilmişdir.  Dağlıq Qarabağ münaqişəsi yaranana qədər Qarabağ motivi Azərbaycan ədəbiyyatının poetik qanadının ilham pərisi funksiyasını yerinə yetirmişdir. Lakin Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin meydana çıxması və bədnam ermənilərin havadarlarının gücü ilə Azərbaycanın bu qədim torpaqlarını işğal etməsi ilə Qarabağ mövzusundakı nikbin notlar bədbinlik, məyusluq cizgiləri ilə əvəz olunmuşdur.  Hərbi-siyasi hadisələrin təsiri ilə tədricən Qarabağ mövzusundan vətənpərvərlik, mübarizlik, döyüş səsləri də eşidilmişdir.  Azərbaycan xalqının Dağlıq Qarabağın işğaldan azad edilməsi uğrunda səfərbər olmağa hazırlanmasında bu ədəbiyyat mühüm rol oynamışdır.

    44 günlük Zəfər savaşından sonra Qarabağ-Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Zəfərin ədəbiyyatımızda genişhəcmli əsərlərdə bədii cəhətdən əks etdirilməsi prosesi başlanmışdır. Xalq şairi Sabir Rüstəmxanlının Qələbədən dərhal sonra, Zəfərin isti izləri ilə yazılmış “Qarabağa dönüş” poeması ədəbiyyatda Qarabağ mövzusunda yaranan əsərlərdə itirilmiş torpaqlarımızın qaytarılması, işğaldan azad edilməsi uğrunda mübarizə mövzusundan tarixi Zəfərin bədii cəhətdən dərk və şərh olunması mövzusuna dönüşün başlanma zərurətini meydana qoymuşdur. Eyni zamanda, Sabir Rüstəmxanlının “Qarabağa dönüş” poeması ilə Vətən müharibəsi mövzusunda kiçik janrlardan geniş həcmə malik bədii əsərlərə dönüşün də ilk uğurlu anonsu verilmişdir. Zəfər savaşçının poetik qəhrəmanlıq dastanına çevrilən bu əsərin misraları arasında Azərbaycan əsgərinin heyrətamiz şücaəti tarixi şəxsiyyətlərlə birgə təsvir olunur və sanki tarixlə müasirliyin vəhdəti Şuşanı işğaldan azad edən orduya güc verir. Azərbaycan xalqının milli Qələbəsinin qısa bir zamanda poetik dastan kimi təqdim edildiyi “Qarabağa Dönüş” poeması tək Azərbaycanda deyil Türkiyə Cumhuriyyətinin ədəbi mühitində də oxucu auditoriyası qazanmışdır. Türkiyənin tanınmış yazarı, Azərbaycan və Avrasiya Yazarlar Birliyinin, Dünya Gənc Türk Yazarlar birliyinin üzvü İmdat Avşarın tərcüməsində qardaş ölkədə dərc olunan “Qarabağa Dönüş” poeması türk oxucular tərəfindən də böyük maraqla qarşılanmışdır və “Türk Ədəbiyyatı” aylıq dərgisində tərcümədən bir parçaya yer ayrılmışdır.