Vətəndaş Həmrəyliyi Partiyası

Category: Xəbər

  • Ədliyyə Nazirliyi YAP-dan sonra ilk partiyanı qeydə almaq üzrədir – “Araşdırmanın nəticələri partiyanın qeydiyyatı üçün yetərlidir”

    “Vətəndaş Həmrəyliyi Partiyası (VHP) “Siyasi Partiyalar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 05.07.2023-cü il tarixdə üzvlərinin bir hissəsinin reyestrini Ədliyyə Nazirliyinə təqdim etmişdi. Ədliyyə Nazirliyi bir ay ərzində müvafiq yoxlamalar apararaq VHP-yə cavab verib”.

    “AzPolitika.info” xəbər verir ki, bu barədə partiya sədrinin müavini Samir Əsədli bildirib. Onun sözlərinə görə, nazirliyin cavabında təqdim edilmiş siyahıdakı 9246 nəfərdən yalnız 255 nəfərin VHP üzvlüyünün təsdiq olunmadığı bildirilib. “Həmçinin 1954 şəxsin məlumatlarının (ad, soyad, ata adı, təvəllüdü) düzgün göstərilmədiyi qeyd olunub”,– o əlavə edib.

    S.Əsədli deyib ki, rəsmi cavabda həmçinin müəyyən qrup partiya üzvlərinin eyni telefon nömrələrindən (mobil və ev) istifadə etdikləri bildirilib: “Aydınlıq üçün bildiririk ki, bu kənd rayonlarında ailədə və rayon təşkilatı özəklərində bir neçə şəxsin bir telefon nömrəsindən istifadəsi ilə bağlıdır. Qeyd etməliyik ki, “Siyasi Partiyalar haqqında” qanunda hər bir partiya üzvünün fərdi nömrəsinin olması tələbi qoyulmayıb. Bütün bu və ya digər qüsurlar göstərilməklə Ədliyyə Nazirliyinin məktubuna əsasən, 5000 nəfərə yaxın şəxsin VHP üzvü kimi reyestrdə təsdiqləndiyi ortaya çıxır. Göründüyü kimi, aparılmış araşdırmanın nəticələri partiyanın qeydiyyatı üçün yetərlidir”.

    Sədr müavini vurğulayıb ki, bnunla belə, göstərilən qüsurları da nəzərə alaraq VHP üzvlərinin reyestr siyahısını daha da dəqiqləşdirib, yaxın günlərdə yenidən Ədliyyə Nazirliyinə təqdim edəcəklər.

    “AzPolitika.info”

  • Bütün hüquqi dövlətlərin etdiyini Azərbaycan “Laçın” postunda edir

    Öz ölkələrinə rəva bilmədiklərini Azərbaycandan tələb edirlər; Samir Əsədli: “Humanitar yük gətirən şirkət müharibə vaxtı silah daşıyırdı”

    Əgər biz hüquqi dövlət quruculuğundan danışırıqsa, Qarabağ torpaqlarında addımlarımız da bura daxildir. Ölkənin bir tərəfində hüquq, digər tərəfində dərəbəylik ola bilməz. Ona görə Ermənistanın göndərdiyi yükləri Laçın yolundan buraxmış olsaydıq, bunun özü hüquqi bir dövlət olmağımızı şübhə altına ala biləcək qərar sayılacaqdı. Belə çıxacaqdı ki, Qarabağ hüququn və qanunların işləmədiyi cəngəllik əraziləridir, burada hansı dövlət nə istəsə edə bilər. Bura Əfqanıstanın, yaxud Somalinin sahibsiz, nəzarətsiz yerləri deyil ki, hansısa üçüncü, dördüncü əl burada “at oynatsın”. Ona görə hüquqi dövlətdə bütün iştirakçılıq, fəaliyyət qanuna söykənir. Bakı 19 yük maşınını qapıda saxladıb və postdan buraxmır. Hətta alternativ də göstərir. Amma öz ölkələrinə rəva bilmədiklərini bizdən tələb edirlər ki, hüququn işləmədiyi mənzərə yaransın. “Yeni Müsavat” son bir həftədə baş verənləri təhlil edərək yazır ki, bu hadisələrə vətəndaş cəmiyyətinin reaksiyası da daha təsirli və effektli ola bilərdi. Çünki Ermənistan bu addımı ilə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə çalışır, avropalı diplomatları sərhədə tamaşaya gətirir, xarici kampaniya aparır. Lakin beynəlxalq reaksiyalar da o səviyyədə olmadı ki, Azərbaycana güclü təzyiq göstərsinlər.

    Onlar anlamaqdadır ki, hüquqi dövlətdə başqa ölkə icazəsiz hər hansı yardım  karvanı ilə keçə bilməz. O yüklər həmin dövlətə təhvil verilə bilər ki, aidiyyəti üzrə çatdırılsın.

    Ermənistan isə bildirir ki, karvan başqa dövlətdə yaşayan soydaşlarına həmin ölkədən icazəsiz çatmalıdır. Təxminən ona oxşayır ki, Azərbaycan Gürcüstanda yaşayan azərbaycanlılara rəsmi Tiflislə razılaşdırmamış yardım göndərir.

    Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Yeni Müsavat”a dedi ki, Azərbaycan dövlətinin sərhəd-keçid məntəqəsinin qurmaqda haqlıdır: “Bura istənilən şəxs istədiyi şəkildə girib keçə bilməz.  Sülhməramlı qüvvələr yola normal nəzarət etmirdilər. Humanitar yüklərə gəlincə, Ağdamdan keçməklə Xankəndiyə gedə bilər. Humanitar yükləri daşıyan şirkətin müharibə dövründə Gürcüstandan Ermənistana silah daşıdığı faktı var. Gürcüstan hökuməti dost münasibəti göstərərək həmin faktı aşkarlayıb ifşa etmişdi. Dünyanın heç bir yer ölkəsi kiminsə əl-qolunu sallayıb ərazisinə daxil olmasına göz yummur. Xocalı qatili Xaçatryanın da həbsi inteqrasiya prosesinə qarşı addım deyil və hərbi canilər cəzasını almalıdır ki, belə hallar bir də olmasın. Azərbaycan xalqların birgəyaşayışının  nümunəsidir. Separatizmin əsasını qoyan ermənilərdir”.

    S.Əsədli qeyd etdi ki, münaqişə dövründə Azərbaycan ermənilərin mülki əhalisinə qarşı cinayət faktı yoxdur: “Bu gün də mülki əhali incidilmir. Ermənilər gedir-gəlir, video sübutlar var. Azərbaycan yola nəzarət etməklə hüquqi dövlətlərin etdiyini həyata keçirib, yəni heç bir qeyri-qanuni iş görməyib. Beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi bu məsələdə bir-birini tamamlayır. Diasporamız, diplomatiyamız daha çox iş görməlidir ki, beynəlxalq ictimaiyyət əsl həqiqətləri bilsin, bizdən eşitsin. Yəni təkcə Prezident və Xarici İşlər Nazirliyi deyil, xaricdə olan bütün azərbaycanlılar dövlətimizin haqlı mövqeyini dünyaya çatdırmaqda dəstək olmalıdırlar. Biz təmasda olduğumuz beynəlxalq qurumlara, xaricdəki siyasi təşkilatlara məsələnin mahiyyətini çatdırırıq. Bizi ittiham edən dövlətlər isə öz addımlarına baxsınlar, onların ərazisinə qanunsuz girişə icazə varmı? Onlar icazəsiz hansısa yükü keçməyə razılıq verərmi? Ona görə də bütün iqtidarlı müxalifətli bu məsələdə bir mövqedən çıxış edərək haqlı mübarizəmizi aparmalıyıq”.

    Yazını hazırladı: Emil SALAMOĞLU

  • Bölgədə münaqişə, gərginlik və böhran yaradan ünsürlər ermənilər və onları himayə edən ruslar olub

    Departament sözçüsünün açıqlaması rəsmi Vaşinqtonun birmənalı mövqeyi sayıla bilməz
    ABŞ Azərbaycanın Laçın yolunun həm kommersiya, həm humanitar, həm də şəxsi avtomobillər üçün “blokada” vəziyyətində saxlamasından narahatdır. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
     O bildirib ki, guya, humanitar hərəkatların “dayandırılması” vəziyyəti “pisləşdirir” və sülh prosesində etimadın yaradılması səylərini “sarsıdır”: “Vaşinqton regionda sülhün Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsini ehtiva etməsi fikrini dəstəkləyir. Biz bu məqsədə çatan dialoqu alqışlayırıq”.
    Rəsmi Bakı bir neçə dəfə Ağdam-Xankəndi yolu ilə Qarabağdakı erməni əhaliyə yardım imkanını təklif etsə də, erməni icmasını girov saxlayan separatçı-terrorçular bundan imtina edir. Ancaq görünən odur ki, ABŞ və Qərb ölkələri də rəsmi Bakının açıqlamalarına yox, erməni yalan maşınının dezinformasiyasına inanır.
     Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, siyasi şərhçi Samir Əsədli isə “Sherg.az”aaçıqlamasında bildirib ki, departament sözçüsünün açıqlaması rəsmi Vaşinqtonun birmənalı mövqeyi sayıla bilməz. Analitikin sözlərinə görə, ABŞ və Avropa Birliyinin mövqeyi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır: “Daha yüksək ranqlı ABŞ rəsmilərinin açıqlamalarında, o cümlədən dövlət rəhbərliyi səviyyəsində bunu görmüşük. Vaşinqton bölgədə sülhün, stabilliyin olmasında maraqlıdır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Vaxtı ilə Qarabağda etnik separatizm baş qaldırmışdı və Rusiyanın dəstəyi ilə erməni silahlıları Azərbaycan ərazilərini işğal etmişdilər. Həmçinin insanlarımıza qarşı soyqırımlar, qətliamlar törətdilər. Yəni bölgədə münaqişə, gərginlik və böhran yaradan ünsürlər ermənilər və onları himayə edən ruslar olub. Ona görə də Qərb heç vaxt bu məsələlərdə Ermənistanın mövqeyini dəstəkləyə bilməz. Dünyanın heç bir ölkəsi digər dövlətin ərazi bütövlüyünün pozulmasına razı ola bilməz. Bu, beynəlxalq hüquq normalarının pozulmasıdır. Qarabağ Azərbaycan ərazisi olduğuna görə orada istənilən yolu açıb-bağlamaq rəsmi Bakının daxili işidir. Şübhəsiz, hansısa kənar dövlətin buna qarışması, irad bildirməsi qəbuledilməzdir. Laçın yolu ilə dəfələrlə qanunsuz silah-sursat daşınması həyata keçirilib. Bununla da Qarabağdakı separatçıları, erməni birləşmələrini silahlandırmağa cəhd göstəriblər. Təbii ki, Azərbaycan dövləti etnik separatizmə qətiyyən yol verə bilməz. Ərazi bütövlüyümüzü təmin etmək məqsədilə bütün zəruri addımları atacağıq”.
  • Sabir Rüstəmxanlı: “VHP Ədliyyə Nazirliyinə 10 min üzv siyahısı yollayıb”

    Sabir Rüstməmxanlı
    Sabir Rüstməmxanlı

    “Siyasi partiyalar haqqında” yeni qanunun tətbiqi bir sıra tanınmış siyasi təşkilatların yenidən qeydiyyatını sual altına salıb.

    Belə ki, REAL Partiyasının lideri İlqar Məmmədov Ədliyyə Nazirliyinə təqdim etdikləri üzv siyahısının 4 mindən artığının nazirlik tərəfindən “fake” çıxarıldığını deyib.

    Bəs görəsən, belə bir təhlükə az qala müstəqilliyimizlə yaşıd olan Vətəndaş Həmrəyliyi Partiyasını da gözləyirmi?

    Gununsesi.info-nun əməkdaşı bu sualla VHP sədri, millət vəkili Sabir Rüstəmxanlıya üz tutub.

    Ədliyyə Nazirliyinin partiyalar tərəfindən təqdim etdiyi siyahıdakı şəxslərə zəng etməsindən xəbərdar olduğunu deyən Sabir Rüstəmxanlı, bununla belə narahat olmadıqlarını deyib: “Bilirəm ki, zəng edirlər, soruşurlar. İnsanlar bəzən bu zənglərdən ehtiyyat da edə bilər. Amma ümumilikdə bizim hər hansı narahatçılığımız yoxdur. Çünki, VHP Ədliyyə Nazirliyinə 10 min üzv siyahısı yollayıb”.

    Sabir Rüstəmxanlının sözlərinə görə, təqdim olunan siyahıda olan adamlarla bağlı problemlərin çıxması da istisna olunmur: “Bizim üzvümüz olan həkimlər, müəllimlər olub ki, sonradan onları YAP-a yazıblar. Belə şəxslərlə bağlı problem çıxa bilər. Yaxud, elə şəxs var ki, ailə üzvlərindən kimsə bizim üzvümüz olub, YAP üzvü olan digərləri də onunla bərabər VHP-də olmaq istəyib. Bütün hallarda hesab edirəm ki, VHP-nin təqdim etdiyi 10 minə yaxın siyahıdan 500-600 nəfər səhv çıxa bilər”.

    Nazirlik əməkdaşlarının partiya üzvlərinə bir-bir zəng etməsinə gəlincə, Sabir Rüstəmxanlı bildirib ki, buna qarşı olsallar da qanun artıq qüvvəyə minib: “Ümumiyyətlə, qanunun müzakirəsi zamanı biz öz fikirlərimizi demişdik. Amma artıq gecdir, qanun da tətbiq olunur”. 

    Azərbaycanda proporsional seçki sisteminin yenidən tətbiqi barədə fikirlərə gəlincə, Sabir Rüstəmxanlı indiki məqamda bunu real saymadığını deyib: “Birincisi, ölkədə hansı partiyalar siyasi səhnədə qalıb-qalmamasını heç kəs bilmir. Bu proses başa çatandan sonra bu barədə danışmaq olar. İndiki məqamda ölkədə dialiq mühiti var. Hökumətlə müxalifət arasında bu dialoq gedir. Gələcəkdə müzakirələr zamanı bu məsələlər ortaya çıxa bilər”. 

  • Sabir Rüstəmxanlı: “Hesab edirəm ki, Azərbaycanın hər bir ailəsində 4 uşaq olmalıdır”

    “Cəmiyyətdə çox uşaqlı ailələrə ziddiyətli münasibətlər var. Mən çox uşaqlı ailədə doğulmuşam. Həm də çox ağır illərdə, ucaqar kiçik kasıb bir kənddə ata ana bizi  çox böyük əziyyətlə  böyüdüb. Sonra onların xoş günlərini gördülər. Əziyyətin cavabını tale onlara qaytardı. Bu şəxsi yanaşmadır. Burada psixoloji bir məqam var. Qardaş qardaşı, bacı bacı istəyir”.

    Bu sözləri açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı deyib. Deputatın  sölərinə görə, hər bir ailədə 4 uşağın olması normal haldır:

    “Mənim  iki uşağım var idi, hamı mənə deyirdi ki, anan ölsün sən də sonsuz qaldın.  Deyirdilər  ki, iki uşaq olmaq elə sonsuz olmaq kimi bir şeydir.  Bəzi ailələrdə bir uşaq olur. Allah uzaq etsin bəzən faciələr baş verir, həmin uşaq da əldən çıxır. Uzun illərdir görmüşük ki, Azərbaycan ailələri həmişə çox uşaqlı olub. Biz bu ənənəni davam etdirməliyik. Lakin buna təsir edən qüvvələr var.  Ailə nizamlanma proqramları,   Qərbin təsiri və s bunlar hamısı normal ailələri dağıtmaq üçün quraşdırılmış şeylərdir.  Ailə dövlətin də, cəmiyyətin təməlidir. Hər bir ailə 4 uşaağı saxlaya bilər. İndiki gəlinlər gözəlliklərini qorumaq üçün uşaq doğmaqdan qaçırlar. Bəziləri qorxudan qarınlarını yardırırlar, belə hallar yol verilməzdir.  Analar uşağa ana süd vermirlər, biraz müddət keçəndən sonra   döş xərçənginə tuturlar.   Mən hesab edirəm ki, normal halda sağlam  şəkildə böyüdərək  Azərbaycan ailələrində 4  uşaq olmalıdır”.

  • “Türkiyənin Zəngəzur dəhlizi məsələsində qətiyyətli mövqe sərgiləməsi olduqca mühümdür”

    İran Zəngəzur dəhlizinin açılmasını istəməsə də proses mütləq reallaşacaq

    “Tehran hesab edir ki, prosesin rellaşması, sadəcə, İranın kənarda qalması yox, həmçinin Azərbaycanın iqtisadi cəhətdən güclənməsi, söz sahibinə çevrilməsidir”

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Zəngəzur dəhlizindən danışıb. Ərdoğan bildirib ki, Zəngəzur dəhlizi layihəsinin reallaşmaması Ermənistanla deyil, İranla bağlıdır. Onun sözlərinə görə, İranın mövqeyi həm Türkiyəni, həm də Azərbaycanı narahat edir: “Bu problemin ən yaxın zamanda həll olunacağını arzulayıram”. Ərdoğan Azərbaycanda olarkən də bildirmişdi ki, Zəngəzur dəhlizi məsələsinin həlli bizə iki mühüm imkanı qazandıracaq: “İstər avtomobil yolu, istərsə dəmir yolu ilə bağlı atılacaq addımlarla Türkiyənin Naxçıvanla əlaqəsi daha güclü olacaq. Bu əlaqələr də Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin güclənməsinə imkan verəcək”.
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a bildirib ki, İran heç bir formada Zəngəzur dəhlizinin açılmasını istəmir. Partiya təmsilçisi vurğulayıb ki, Tehran hökumətinin qənaətincə, Zəngəzur dəhlizinin istifadəyə verilməsi regionda iqtisadi-ticari əlaqələrin bərpası və kommunikasiya xətlərinin açılması deməkdir ki, bu da İranın küncə sıxılmasına, kənarda qalmasına səbəb olacaq: “Avropadan Türkiyəyə, qardaş ölkədən Naxçıvan vasitəsilə Azərbaycana və buradan Orta Asiyaya uzanacaq dəhlizdə İran heç bir rol oynamır. O baxımdan Zəngəzur dəhlizinin açılmamasında İran çox maraqlıdır.
    Ciddi-cəhdlə çalışır ki, sözügedən dəhliz müzakirə müstəvisində qalsın və reallaşmasın. Zəngəzur dəhlizinin açılması sadəcə İranın kənarda qalması yox, həmçinin Azərbaycanın iqtisadi cəhətdən güclənməsidir, söz sahibinə çevrilməsidir. Bu faktor Güney Azərbaycandakı soydaşlarımıza da təsir göstərəcək və proses onlara sirayət edəcək. Bunlar İranı narahat edən önəmli məqamlardır. Son vaxtlar Azərbaycanla İran arasında münasibətlərin kəskinləşməsinin, səfirliyimizə hücumun, rəsmilərin ölkəmizi ittiham etməsinin əsas səbəblərindən biri budur. İran hər zaman Azərbaycan əleyhinə iş aparıb, Ermənistana hərtərəfli dəstək verib, nəfəslik rolunu oynayıb. Bu, İranın siyasi rejiminin Azərbaycana düşmən mövqedə olduğunun əyani sübutudur. O baxımdan Türkiyənin Zəngəzur dəhlizi məsələsində qətiyyətli mövqe sərgiləməsi olduqca mühümdür. Yəqin ki, Tehran buna reaksiya verəcək”.
  • Paşinyana təyziq artır! – Ermənistanın xilas yolu…

    Paşinyanın doğru siyasəti hədəf seçilib
    Separatçılar və rusiyalı dairələr Baş nazirin Azərbaycan və Türkiyə ilə normallaşma siyasətinə qarşı çıxırlar
      Ermənistan Baş naziri Nikol Paşinyan yaxın günlərdə 44 günlük müharibə ilə bağlı təhqiqat komissiyasında canlı məruzə ilə çıxış edəcək. Erməni mediasında bu məsələ ciddi müzakirə olunmaqdadır. Əksər ekspertlərə görə, Paşinyan biabırçı məğlubiyətə, müharibənin başlanmasına görə daxili və xarici oyunçuları günahlandıracaq. Politoloq Suren Surenyants da deyib ki, baş nazirin üç əsas hədəfi var: – keçmiş hakimiyyət, ordu və Rusiya. Onun sözlərinə görə, halbuki 44 günlük müharibəyə səbəb Paşinyan müharibədən əvvəl sərt ritorikası ilə Bakını qıcıqlandırması oldu. Qeyd edib ki, Ermənistanın alçaldılması Paşinyan hakimiyyəti davam etdikcə gündəmdə olacaq: “Alçaldıcı məğlubiyyət onun nəticəsidir ki, müharibə günlərində Nikol özünü dövlət xadimi kimi aparmırdı, daxili siyasi merkantil maraqlarını rəhbər tutmuşdu. Ermənistanın alçaldılması Paşinyan hakimiyyəti davam etdikcə gündəmdə olacaq. Amma hakimiyyət əbəs yerə ümid edir ki, məsuliyyətdən sonadək yayınacaq”. Əslində Ermənistanda bənzər proseslər uzun zamandır gedir. Bəzi ekspertlərə görə, təhqiqat komissiyalarının ortaya atılması, revanşistlərlə, Rusiyaya bağlı güclərlə Paşinyanın qarşıdurması, bir-birini günahkar çıxarma cəhdləri Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarına, bu istiqamətdə aparılan müzakirələrə mənfi təsir göstərir. Daxildəki gərgin proseslər İrəvan hökumətinə sərbəst addım atmaq imkanı vermir.
      Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, politoloq Samir Əsədli “Sherg.az”a açıqlamasında bildirib ki, hazırda Ermənistan siyasətində bölgədə yaranan yeni hərbi-siyasi vəziyyətin şərtlərini yaxşı qavrayan, Azərbaycan və Türkiyə ilə normallaşmanı təmin etmənin erməni milli maraqları baxımından qaçılmaz zərurətə çevrildiyini görən yeganə insan Baş nazir Nikol Paşinyandır. Partiya təmsilçisinin sözlərinə görə, Paşinyanın sülh danışıqları istiqamətində cəhdləri keçmiş prezident, Xocalı soyqırımının təşkilatçılarından biri olan Robert Koçaryan başda olmaqla revanşist qüvvələr tərəfindən süngü ilə qarşılanmaqdadı: “Xankəndidəki erməni separatçılarının sözdə lideri Araik Arutyunyan da Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamaq istəmədiklərini bildirməkdə, elan etdikləri “Artsax” adlı qondarma dövlətin “varlığından” bəhs etməkdədir. Rusiya sülhməramlı qüvvələrinin arxasına sığınan Araik Ermənistanın daxili siyasətinə və Moskvadakı bəzi dairələrin əlinə oynamağa davam edir. Daha çox hərbi canilərin toplaşdığı revanşistlər Nikol Paşinyana qarşı mümkün təzyiq vasitələrindən maksimum yararlanmağa çalışırlar. Onlar Paşinyanın Azərbaycan və Türkiyə ilə bağlı apardığı siyasəti hədəfə çeviriblər. Ermənistan parlamentində yaşanan son olaylar da bunun bariz təsdiqidir”.
      S.Əsədli vurğulayıb ki, indiki iqtidar Ermənistanın xilasını Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasında görür: “Müxalifət isə əslində heç bir konsepsiya olmadan Paşinyan hakimiyyətini satqınlıqda, xəyanətdə ittiham edir. Göründüyü kimi, erməni revanşistlərinin təxribat cəhdlərinin arxasında bu ölkənin hakimiyyət hərislərinin fəaliyyəti dayanır. Müharibədəki məğlubiyyəti bəhanə edib Paşinyana qarşı çıxanların niyyəti dövlətçilik naminə deyil, Paşinyan hakimiyyətinin devrilməsi məqsədindən irəli gəlir. Amma gözüaçıq cəmiyyət tam olaraq anlayır ki, bu etirazların arxasında duran sarkisyançıların və koçaryançıların əsas niyyəti yenidən vəzifəyə sahiblənməkdir”.
  • Samir Əsədli: “CHP elə partiya deyil ki, sədr dəyişikliyi ilə dağılsın, parçalansın”.

    Partiyanın yeni başçısı Əkrəm İmamoğlu, Mənsur Yavaş ola bilər
     Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) mərkəzi idarə heyətinin iclası keçirilib. İclasa CHP sədri Kamal Kılıçdaroğlu başçılıq edib. 5 saat davam edən iclasda bütün idarə heyətinin üzvlərinin istefası qəbul edilib. Kılıçdaroğlunun görüşdən sonra İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu ilə görüşü gözlənilir.
     Seçkidən sonra CHP sədri Kılıçdaroğlu ilə bağlı etirazlar, ittihamlar səsləndirilir. Hər seçkidə məğlub olduğu üçün Kılıçdaroğlunun istefası tələb olunur. Kılıçdaroğlu isə deyib ki, istefa verib-verməyəcəyi ilə bağlı qərara partiya üzvləri ilə birlikdə qərar verəcək. Onun sözlərinə görə, qərar qəbul edildikdən sonra ictimaiyyətlə paylaşılacaq.
      Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a açıqlamasında bildirib ki, hansısa partiyanın daxilində baş verən məsələlərlə bağlı yekun qərarı təşkilatın nizamnaməsinə uyğun olaraq icraedici orqanlar verir. Partiya təmsilçisi vurğulayıb ki, Türkiyə tarixində seçkidə məğlub olduğuna görə, istefa verən partiya sədrləri çox olub:
     “Cümhuriyyət Xalq Partiyasına rəhbərlik etmiş Bülent Ecevit, Dəniz Baykal seçkilərdə uğur qazanmadıqları səbəbi ilə istefa veriblər. Həmçinin Məsud Yılmaz, Tansu Çillər və başqa partiya rəhbərləri də seçkilərdə qələbə qazanmadıqları üçün siyasətdən gediblər. Bir çox partiya tamamilə siyasi səhnədən silinib, fəaliyyətlərini dayandırıblar. Ancaq indiki CHP-də nələrin baş verəcəyi tam bilinmir. CHP Türkiyənin ilk və köklü partiyalarından biridir. Dünyanın siyasi təşkilatları içində ən uzunömürlü, dövlətin əsasını qoymuş bir partiyadır. Atatürkün qurduğu bu partiya Türkiyə tarixində böyük yerə, rola sahibdir. O baxımdan CHP-nin özünün siyasi ənənələri, prinsipləri var. Kamal Kılıçdaroğlunun istefa verib-verməyəcəyi də onun özündən, şəxsi qərarından asılıdır. Ancaq hesab edirəm ki, Kılıçdaroğlu istefa verəcək. Çünki o, demokrat bir siyasətçidir. Yəqin ki, seçkidən məğlub çıxan partiya sədri kimi postunda qalmayacaq. Nəticədə CHP yeni liderlə gələcək hədəflərinə doğru irəliləyəcək. Partiyanın yeni başçısı İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, Ankara bələdiyyə rəhbəri Mənsur Yavaş, həmçinin Engin Altay, Özgür Özəl də ola bilər. Təşkilat daxilində kifayət qədər təcrübəli liderlər var ki, partiyaya rəhbərlik etmək əzmindədirlər. Bütün hallarda yekun qərarı partiyanın müvafiq strukturları verəcək. CHP elə partiya deyil ki, sədr dəyişikliyi ilə dağılsın, parçalansın”.

  • Samir Əsədli: “ Moskva separatçılarla sülhə mane olmağa çalışır“

    “Əgər İrəvan hökuməti də qətiyyətli addım atarsa, Amerikanın fəallığı işə yarayar və sülh müqaviləsi imzalanar”
     
     Mayın 24-də Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı Azərbaycan-Ermənistan arasında sülh prosesi müzakirə olunub. Nazir Ceyhun Bayramov eyni zamanda kommunikasiyaların açılması və delimitasiya prosesi barədə ölkəsinin mövqeyini bir daha diqqətə çatdırıb. Lui Bono ABŞ-nin sülh prosesinə bütün vasitələrlə dəstək verməyə hazır olduğunu bildirib. O, bölgənin inkişafı üçün sülh və əmin-amanlığın təmin edilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Bono ilə nazirin görüşü mayın 25-də Moskvada Prezident İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin üçtərəfli formatda keçirilən görüşü ərəfəsinə təsadüf edib. Xatırladaq ki, mayın 1-dən 4-dək Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd gün davam edən sülh danışıqları baş tutub. ABŞ Dövlət katibi Entoni Blinken Vaşinqton görüşünün yekununda qeyd edib ki, danışıqların keçirildiyi günlər ərzində iki tərəf “çox mürəkkəb” məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqamətində “ciddi irəliləyişə” nail olublar.
     
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a açıqlamasında bildirib ki, ABŞ və Qərb diplomatlarının Cənubi Qafqaz respublikalarına səfərləri, XİN rəhbərləri ilə görüşləri regionda daimi sülh prosesinin tənzimlənməsinə xidmət edən amillərdən biridir. Partiya təmsilçisi qeyd edib ki, ümumiyyətlə, Qərb ölkələri, ABŞ və Avropa Birliyi Azərbaycan-Ermənistan arasında sülhün bərqərar olmasından sonra kommunikasiya xətlərinin açılması, iqtisadi əlaqələrin güclənməsi, bölgədəki problemlərin həllində həqiqətən maraqlıdırlar: “Çünki Azərbaycan elə bir regionda yerləşir ki, bu həm Qərb, həm də Şərq üçün körpü rolunu ifadə edir. Ona görə Ermənistanla Azərbaycan arasında əlaqələrin qurulması və sabitliyin olması xüsusi əhəmiyyət daşıyır. İranın və Rusiyanın bölgədə destruktiv hərəkətləri imkan vermir ki, tam sülh olsun. Həm də hər iki ölkə Qərbin sanksiyaları altındadır. Yəni regionda ən əlverişli və etibarlı tərəfdaş Azərbaycandır. İrəvan hökuməti də Qərbdən müəyyən çağırışlar almaqdadır. Son günlər Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bötövlüyünü tanıması ilə açıqlamaları buna xidmət edir. Paşinyan da dərk edir ki, sülh müqaviləsi imzalanmadığı müddətcə Ermənistanın iqtisadiyyatı çökür, ölkə böhrana sürüklənir. O baxımdan Paşinyan da əslində Azərbaycanla sülh müqaviləsinin bağlanmasında, əməkdaşlığın qurulmasında maraqlı olduğunu gizlətmir. Həmçinin Rusiyanın vasitəçiliyinin bu məsələyə töhfə vermədəyini anlayır. Qərbin aktivliyini, İrəvanın mövqe dəyişikliyini görən Moskva revanşist qüvvələrin, Qarabağdakı separatçıların iştirakı ilə prosesin inkişafına mane olmağa çalışır. Ancaq bunu bacarmır, çünki Qərb daha istəkli və qərarlıdır. ABŞ diplomatlarının bölgəyə gəlişi, rəsmilərlə görüşləri önəmlidir. Əgər İrəvan hökuməti də qətiyyətli addım atarsa, Amerikanın fəallığı işə yarayar və sülh müqaviləsi imzalanar”.
  • “Həlledici döyüş qabaqdadır. Güc mərkəzlərinin regionda mübarizəsi daha kəskin xarakter alacaq”

    Mayın 14-də Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Brüsseldə görüşəcəyi barədə xəbərlər yayılıb. Məlumata əsasən, danışıqlar Avropa Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə aparılacaq və üçtərəfli görüş şəklində olacaq. Brüsseldə baş tutacaq görüş ölkələr arasında önəmli proqresin əlaməti kimi şərh olunur. Hər üç liderin iyunun 1-də Moldovada keçiriləcək Avropa Siyasi İcması sammiti çərçivəsində Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronla görüşü də planlaşdırılır. Xatırladaq ki, yaxın günlərdə Azərbaycan və Ermənistan rəhbərliyinin Rusiyada bir araya gələcəyi də bildirilib. Rusiya XİN sözçüsü Mariya Zaxarova tərəflərin Moskvada görüşlə bağlı razılıq verdiklərini deyib.
      Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, politoloq Samir Əsədli “Şərq”ə açıqlamasında diqqətə çatdırıb ki, əgər əvvəllər tərəfləri ancaq Moskva bir araya gətirirdisə, indi Avropa İttifaqı və ABŞ da aktiv vasitəçi rolunda çıxış edir. Politoloq vurğulayıb ki, bu, səbəbsiz deyil. Çünki Cənubi Qafqaz Qərblə Rusiyanın mövqelərinin üst-üstə düşdüyü azsaylı bölgələrdən biridir:
    “Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasını Türkiyə də dəstəkləyir və tərəflərlə danışıqlar aparır. Ermənistanın Qərblə münasibətlərini sıxlaşdırması, KTMT, Avropa İttifaqı seçimində ikinciyə üstünlük verməsi, habelə sülh danışıqlarında Moskvanın arbitr rolundan imtina etməsi Kremli Azərbaycandan ikiəlli yapışmağa vadar edir. Ermənistanın Qarabağ mövzusunun sülh razılaşmasına daxil etmək tələbindən geri çəkilməsi kompromislər yolu ilə sülh razılaşmasının imzalanmasını mümkün edir. Bu addım atıldıqdan sonra sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması ilə bağlı danışıqlar başlaya bilər. Sözsüz ki, Qərb bu prosesdə yaxından iştirak edəcək. Amma sülh razılaşması Qarabağ problemini çözməyəcək. Rusiya hələ ki, regionda güclüdür və öz imkanlarını nümayiş etdirərək, prosesi tam inhisara alıb. Hazırkı şəraitdə Qərbin Xankəndidəki separatçı rejimə təzyiq imkanları azdır. Eləcə də Ermənistan hakimiyyəti kifayət qədər məhdud resurslara malikdir”.
      S.Əsədliyə görə, separatçılar məsələsi Bakı ilə Moskva arasında müzakirələrin nəticəsinə uyğun olaraq həllini tapa bilər: “Əlbəttə, prosesin növbəti dəfə pozulması riskləri də kifayət qədər ciddidir. İlk növbədə Qərbin səyləri və təzyiqlərinə baxmayaraq, tərəflərin kompromisə getməməsi gərginliyi artıracaq.
      İkincisi, Rusiya-Ermənistan münasibətlərində böyüyən çat nəinki sülh prosesinin, ümumiyyətlə, Ermənistanda siyasi sabitliyin pozulmasına gətirib çıxara bilər. Rusiya Qərbin vasitəçiliyi ilə Azərbaycan-Ermənistan sülh müqaviləsini özünə təhdid hesab edir. Rəsmilər dəfələrlə bəyan ediblər ki, bu, Qərbin regiona gəlişini şərtləndirir və ona imkan vermək niyyətində deyillər. Bir sözlə, həlledici döyüş qabaqdadır. Güc mərkəzlərinin regionda mübarizəsi daha kəskin xarakter alacaq”.