Vətəndaş Həmrəyliyi Partiyası

Category: Xəbər

  • 80 saylı orta məktəbdə Xalq şairi ilə görüş keçirilib

    Bu gün Bakıxanov qəsəbəsi 80 saylı tam orta məktəbdə xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı ilə görüş keçirilib. Görüşü məktəbin tarix müəlliməsi Aytən Sərdarlı aparıb. Azərbaycan Respublikasının dövlət himni səsləndikdən və şəhidlərin xatirəsi yad edildikdən sonra aparıcı Sabir Rüstəmxanlının həyat və yaradıcılığı haqqında çıxış edib. Daha sonra çıxışı edən məktəbin direktoru Təranə Müzəffərova xalq şairi ilə görüşün məktəb kollektivi üçün böyük bayram olduğunu bildirib. T.Müzəffərova Sabir Rüstəmxanlının həm şair, həm də ictimai-siyasi xadim kimi müstəqil Azərbaycanın tarixində müstəsna yer tutduğunu və onunla canlı ünsiyyətin şagirdlər üçün böyük önəm kəsb etdiyini deyib. Məktəbin ədəbiyyat müəllimi Rasimə Abbasova da çıxışında S.Rüstəmxanlının bütün Türk Dünyasın milloi ruh şairi olduğunu qeyd edib. Daha sonra Sabir Rüstəmxanlının həyat və mübarizəsini əks etdirən videoçarx nümayiş olunub, şagirdlər Xalq şairinin şeirlərini səsləndirib. Sonda Sabir Rüstəmxanlı məktəb kollektivi qarşısında geniş çıxış edib və tədbir iştirakçılarının suallarını cavablandırıb.

  • “Artıq heç bir sülhməramlı missiyasına ehtiyac yoxdur”

    “Sentyabrın 28-də qondarma “Dağlıq Qarabağ Respublikası” özünü buraxdığını bəyan etdi. Bundan əvvəl isə separatçı qurum silahları və hərbi texnikanı Azərbaycana təhvil verməyə başlamışdı və ardınca xunta rejiminin liderləri həbs olunaraq Azərbaycan hüquq mühafizə orqanlarına təhvil verilib. Siyasi təhlilçilər “DQR”in süqutunu Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi qiymətləndirirlər və Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri qapandığını bildirir.”

    Musavat.com xəbər verir ki, bu sözləri musavat.com-a Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib.

    O bildirib ki, “DQR”-in özünü buraxmasını münaqişənin bitməsi kimi dəyərləndirmək olar: “Ancaq Rusiya sülhməramlılarının hələ bölgədə olması sonrakı proseslərin necə cərəyan edəcəyini proqnozlaşdırmağa imkan vermir. Rusiya sülhməramlılarının mandadı 2025-ci ildə bitir. Mandatın taleyi ilə bağlı hələ ki, nə Rusiya, nə də Azərbaycan rəsmiləri öz mövqeyini açıqlayıb. Yalnız Türkiyə lideri Rəcəb Təyyub Ərdoğan bununla bağlı qəti mövqe ortaya qoyub və güman edilir ki, rəsmi Bakının da istəyi bu yöndədir”.

    S.Əsədli bölgədə rus sülhməramlılarının varlığının proseslərə müsbət təsir göstərmədiyinin şahidi olduğumuza da diqqət çəkib: “10 noyabr sazişindən keçən 3 il ərzində erməni separatçılarının bütün hərbi təxribatlarının, terror aktlarının arxasında məhz rus sülhməramlıları dururdu. Bu müddətdə Azərbaycan səbir və təmkin nümayiş etdirdi, lakin ardıcıl diversiya və terror siyasətinin davamına əsla yol verilə bilməzdi. Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri aktivləşib, Azərbaycan hərbçilərinə, hətta sivil insanlara qarşı terror aktı həyata keçirirdi. Bir sutkadan daha az bir zaman kəsiyində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin ağ bayraq qaldırıb silahı yerə qoymaları, döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tam şəkildə tərk-silah olunmaları dövlətimizin qətiyyətinin göstəricisi idi. İndi Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi həyata keçirilir. Bir sözlə, separatçıların mövcud olduğu boz zonada Azərbaycanın konstitusion quruluşunu bərpa etmək üçün tədbirlərə start verildi. Azərbaycan vətəndaşlığımızı qəbul edən erməni kökənli şəxslərin də təhlükəsizliyini təmin etmək gücündədir. Antiterror tədbirləri zamanı mülki vətəndaşların zərər görməməsi və Qarabağı tərk edən ermənilərə münasibətdə hər kəs bunun şahidi olub. Belə olan halda hansısa sülhməramlı missiyasına ehtiyac qalmır”.

    Musavat.com

  • Xocalılı VHP-çilər bir araya gəldi: “Qürur və sevinc tarixi yaşayırıq”

    Qarabağda Azərbaycan Respublikasının suveren hüquqlarının bərpası hər bir vətəndaşda böyük sevinc və qürur hissi yaradır. Bu günlərdə xalqımız üçün 30 ilin ən böyük faciəsi olan Xocalı şəhərindən videokadrların yayılması, əsgərlərimizin Xocalı aeroportunda erməni bayrağını endirməsi rəmzi xarakter daşıması baxımından xüsusi sevinclə qarçılandı. Vətəndaş Həmrəyliyi Partiyasının Xocalı rayon təşkilatı Məclisinın növbəti toplantısında da bu sevinc yaşanıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edən toplantı iştirakçıları doğma şəhərlərinin azad olunması münasibəti ilə bir birini təbrik edib.

    VHP Xocalı rayon təşkilatının sədri Mikayıl Nurməmmədov çıxış edərək bildirib ki, bu gün Azərbaycan tarixinin ən qürurlu günləri yaşanır: “Bu gün Xocalı azaddır və biz xocalılar bunun sözlə ifadə olunmayacaq sevincini yaşayırıq. 31 ildir ki, elimizdən, obamızdan didərgin düşüb köçkün həyatı yaşayırdıq. Dövlətimiz var, bu gün yaşamağa evimiz var, amma vətən həsrəti, elimizin yağı işğalında olması bizi başı aşağı, nisgilli etmişdi. Biz bu günə kimi sevinməmişik, Xocalıda soyqırıma məruz qalan insanlar hər gün yuxumuza girirdi. Bu gün onların da ruhu şaddır, onlar da sevinir. Xocalı yalnız işğal olunmuş ərazi, şəhər deyil, bu işğal bizim milli heysiyyat məsələmiz idi və Azərbaycan ordusu bu məsələni dünyaya gücümüzü göstərərək həll etdi. Xocalı, Xankəni, Xocavənd, Əsgəran, Ağdərə, Meşəli, Umudlu, Kosalar, Cəmilli, Kərgicahan da azadlıqa qovuşdu. Ürəyimiz sevincdən elə çırpınır ki, sanki dayanacaq. Bu sevinci heç nə ilə dəyişə bilmərik, biz evlərimizə, yurdumuza qayıdacağıq”.

    Daha sonra digər Məclis üzvləri də çıxış edərək Qarabağın azadlığının dövlətimiz və xalqımızın əbədi qürur məqamı olduğunu bildirib. Məclis Xocalının və Qarabağın ətraf şəhərlərinin azad olması münasibəti ilə VHP-çi xocalılar adından həmyerlilərinə müraciət qəbul edib.

     

  • Qarşılıqlı əlaqələr şəklində, ölkənin problemlərini bir yerdə müzakirə etməklə siyasi həyatımızda davamlı bir dinamika yaratmalıyıq.

    “Siyasi partiyalar haqqında” Qanuna əsasən, siyasi partiyaların yenidən qeydiyyatı davam edir. Mövcud yenilənmə prosesində bir çox partiyaların elə ilk vaxtlardan siyasət meydanından  çəkildiyi, bir qisminin özünün fəaliyyətini başqa xətt üzrə davam etdirdiyi müşahidə olundu. Proses əksər partiyaları qane etmir, hətta reyestrdən keçə bilənlərin xüsusi olaraq “seçildiyi” iddia olunur. Qeyd edək ki, müxalif siyasi partiyalar arasında ilk reyestr “ələk”indən keçən partiya – Vətəndaş Həmrəyliyi Partiyasıdır. Bu istiqamətdə “Həftə içi”nə müsahibə verən Vətəndaş Həmrəyliyi Partiyasının  sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bir çox suallara aydınlıq gətirib.

    –   Vətəndaş Həmrəyliyi Partiyası  dövlət  reyestrindən keçən ilk müxalif siyasi təşkilat oldu. Bu prosesi uğurla keçən partiya sədri olaraq necə hesab edirsiniz: reyestrin tətbiqi partiyalara, eləcə də ümumi siyasi partiya sisteminə nəyi qazandırdı, hansı maneələri yaratdı, bu proses lazım idimi?

    – “Siyasi partiyalar haqqında” qanun dəyişiləndə siyasi dairələrdə müəyyən narahatlıqlar var idi. Hətta bunu siyasi partiyalara təzyiq kimi dəyərləndirənlər də oldu. Eləcə də siyasi partiyaların qeydə alınmayacağı və sair bunabənzər söz-söhbətlər yayıldı. Proses göstərdi ki, elə bir niyyət yoxdur. Sadəcə olaraq, Azərbaycanda siyasi partiya anlayışına, siyasi partiya mühitinə bir aydınlıq gətirmək lazımdır.

    Məlumdur ki, “Siyasi partiyalar haqqında” qanun bir neçə dəfə çox geniş müzakirə olundu. İstər Milli Məclisdə, istərsə də Milli Məclisdən kənarda keçirilən müzakirələrdə bütün  siyasi partiyalar, QHT-lər, mətbuat nümayəndələri  iştirak etdilər. Hər kəs öz sözünü dedi, təkliflər verildi. Bu təkliflərin  əksəriyyəti nəzərə alındı və “Siyasi partiyalar haqqında” qanun Milli Məclisdə müzakirə olundu, qəbul edildi.  İndi partiyaların vəziyyətinə yenidən baxılır. Bir çox media orqanlarında yazılır ki, VHP qeydiyyatdan keçdi. Əvvəla qeyd etməliyəm ki, bu qeydiyyat deyil, çünki partiyanın qeydiyyatı var idi. Sadəcə olaraq reyestri aparıldı  – partiya üzvlərinin sayı, yeri dəqiqləşdirildi. Beləliklə, hər bir partiya öz imkanları daxilində üzvlərini müəyyənləşdirdi, qanunun tələblərinə uyğun olaraq onların siyahısı Ədliyyə Nazirliyinə təqdim olundu. Ədliyyə Nazirliyi bu siyahıları,  hətta bizi əsəbləşdirən dəqiqliklə yoxladı. Biz deyirdik ki, nəyə lazımdır tək-tək hər bir nəfərə zəng edib onların telefonu ilə maraqlanırlar. Ailədir, 3-4 adam bir telefon nömrəsini göstərə bilər. Yəni, siyahıda olan adların hamısı bu qədər diqqətlə yoxlanıldı. Təbii ki, bu zaman qeyri-dəqiqliklər də oldu. Bəzən zəng vurulan adam nə vaxt partiyaya keçdiyini, hətta partiyanın adını belə unudub. Tutaq ki, deyiləndə ki, “Sabir Rüstəmxanlının partiyası”, “Hə, o partiyanın üzvüyəm”, – deyib. Bu cür hallar da baş verdi. Biz bir siyasi partiya olaraq reyestrdən çox razı qaldıq. Vətəndaş Həmrəyliyi Partiyası 1992-ci ildə yaranıb. Düzdür, bütün rayon təşkilatlarını nəzarətdə saxlayırıq. Konfranslar keçirilir, üzvlüyə kimlərin gəlib-getdiyi, yaxud kim həyatdadır, kim dünyasını dəyişib, kim Azərbaycandan gedib və sair dəyişikliklərlə bağlı  məlumatlarımız olur.  Buna baxmayaraq  hesab edirik ki, Ədliyyə Nazirliyinin yoxlaması bu məsələləri daha da dəqiqləşdirdi. Hesab edirəm, bunun ancaq işimizə xeyri olacaq. Adı olub, üzvləri olmayan partiyalar narazı qalıbsa, bu, siyasi havanı dəyişməyəcək. Yəni siyasi partiya ciddi bir anlayışdır və onun üzvləri olmalıdır. İndi reyestrdən keçdikdən sonra, artıq siyasi partiyalara məktublar gəlib ki, sizin üzvlərinizin reyestri təsdiq olunub. İndi Ədliyyə Nazirliyinə nizamnamə və proqramlar veriləcək ki, bu da lazımdır. Ümumən, Prezident Aparatında Siyasi partiyalarla iş şöbəsinin yaradılması və burada siyasi partiyalarla aparılan görüşlər, onların tövsiyələri, əlaqələr, partiyaların yaxınlaşması respulikanın həyatı üçün zəruri prosesdir və bunu yüksək qiymətləndirirəm.

    – Reyestrdən keçmək üçün üzvlərin siyahısının yenilənməsi, araşdırılması zamanı partiyanın bütöv “orqanizminə” yenidən baxmaq imkanı qazandınız. Nələri müşahidə etdiniz və partiya sistemində hansı yenilənmələrə ehtiyac var?

    – Bu proses hər kəsi silkələdi. Öz üzvlərini dəqiqləşdirdi, sənədlərdə səliqə-sahman yarandı. Bütün rayon təşkilatları bu prosesə qoşuldu, öz üzvlərini dəqiqləşdirdilər. Partiyalarda çox ciddi işlərin aparılmasına təsir etdi. Bunun özü də müsbət haldır.
    Digər tərəfdən, güman edirəm ki, geosiyasi gərginliyin, dünyanın az qala üstümüzə gəldiyi bir vaxtda siyasi partiyalar qarşılıqlı əlaqələr yaratmalı, siyasi partiyalar arasında didişmələrə son qoyulmalıdır. Qarşılıqlı əlaqələr şəklində, ölkənin problemlərini bir yerdə müzakirə etməklə siyasi həyatımızda davamlı bir dinamika yaratmalıyıq.

    – Qeydiyyatı ləğv olunan bəzi müxalifət partiyaları bu prosesdə də kimlərinsə xüsusi olaraq seçildiyini deyirlər. “İqtidar istədiyi partiyanın sənədlərini üzvləri olmasa da qəbul edir”kimi fikirlər səsləndirilir. Bu cür yanaşmalara fikriniz nə olacaq?

    – Belə fikirlər yanlışdır, yalandır. Bizim partiya Milli Məclisdə 3 deputatı ilə təmsil olunan YAP-dan sonra ikinci partiyadır. Biz belə bir münasibət, yaxud güzəşt görmədik. Mən gördüm ki, çox dəqiq yoxlamalar gedir. Güman edirəm ki, YAP-da da belə olub. Qeydiyyatdan keçməyən partiyalar üçün də ümid yeri qalır. Dünya dağılmayıb ki, sən siyasi partiya haqqında qanuna uyğun olaraq üzvlərini topla, 4500 üzvlərdən ibarət siyahını Ədliyyə Nazirliyinə təqdim et, nazirlik yoxlayıb qeydiyyatdan keçirəcək. Proses davam edir. Kimlərsə fəaliyyətinə xitam verdisə, bu artıq onların şəxsi işidir.

    – Bu prosesdə “yeni və ya uzun müddət fəaliyyət” prinsipi  partiyaların reyestrdən keçməsində hansısa təsirə malik ola bilər?

    – “Siyasi partiya haqqında” qanunda “yeni yaranan, köhnədən qalan partiya” prinsipi yoxdur.  Burada qanunun tələbləri var və istənilən partiya ona uyğun şəkildə fəaliyyətini qura bilirsə, üzvərini toplayıb  reyestrdən keçir. Bu uydurmalar ola bilər, amma dediyim kimi qanunda belə bir məsələ yoxdur.

    – Siyasi partiyaların ələnməsi, yenilənməsi Azərbaycan siyasi partiya instituna nə vəd edir, bu yöndə perspektivi necə görürsüz?

    –   Azərbaycan müstəqil dövlət olaraq demokratik inkişaf yolunu tutub. İndi biz o inkişafın hansı səviyyəsindəyik deyə bilmərəm. Hər halda bu yolu tutmuşuq və bu yolla irəliləyirik. Gedən proseslər də göstərir ki, əgər Azərbaycan 1918-ci ildə qurulan Cümhuriyyət ideyalarına, prinsiplərinə sadiq   olaraq inkişaf etmək yolu ilə gedirsə, o yolun tələblərindən də biri də siyasi partiyaların olmasıdır. Eləcə də o yolda hakimiyyət dəyişikliklərinin yalnız seçki yolu ilə aparılması, cəmiyyətin söz azadlığı, söz demək imkanı, cəmiyyətin bütün təbəqələrinin siyasi həyata yaxından müdaxiləsi siyasi partiyaların həyatında gedən proseslərin tərkibidir. Siyasi partiya seçkilərə qatılmırsa, sözünü deyə bilmirsə, mətbuatı yoxdursa, artıq o, siyasi partiya ola bilməz.

  • Sabir Rüstəmxanlı: “Bu, siyasi partiyalar üçün sınaq oldu”

    ““Siyasi partiyalar haqqında” qanun xeyli müzakirə olundu. “Partiyaları sıxışdırırlar”, “bağlayırlar” kimi fikirlər səsləndi. Ədliyyə Nazirliyi isə prosesə diqqətli yanaşdı. Siyahılar adbaad yoxlandı”.

    Bu fikirləri Musavat.com-a Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.

    O bildirib ki, partiyanın 9200-dən artıq üzvü vardı: “Dəqiqləşmədən sonra 8800-dən çox üzvlə qeydiyyatdan keçdik. Hesab edirəm ki, yenidən qeydiyyat partiyamızın fəaliyyətinə müsbət təsir göstərdi. Bu, siyasi partiyalar üçün yaxşı mənada sınaq oldu. Müxalifət düşərgəsində reyestrdən keçmə haqqında məktubu alan ilk partiya Vətəndaş Həmrəyliyi Partiyası oldu. Növbəti mərhələdə partiyanın nizamnaməsini Ədliyyə Nazirliyinə təqdim edəcəyik. Nizamnamə öncədən yaxşı hazırlanıb, ciddi dəyişikliklər olmayacaq. Proqramımız ölkəmizin inkişafı ilə bağlıdır”.

    Sabir Rüstəmxanlı hesab edir ki, bu proses siyasi mühitdə canlanma yaradır: “Bəzi partiyalar narazılıq edəcəklər. 4500 üzv yığa bilməyən, yaxud qeyri-dəqiq siyahı təqdim edən partiyalar kənarda qalacaqlar. Buna təəssüflənmək lazım deyil. Proses siyasi partiyaların özlərini yoxlaması üçün fürsət oldu. Bu, fəaliyyətdə müəyyən canlanma yaratdı”.

    Nigar HƏSƏNLİ,
    Musavat.com

  • VHP sədrinin müavini ABŞ diplomatı ilə görüşüb

    Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ABŞ-ın ölkəmizdəki səfirliyinin siyasi işlər üzrə müşaviri Brett Dvorak ilə görüşüb. Görüşdə VHP-nin fəaliyyəti, ölkədəki ictimai-siyasidurum və yeni ”Siyasi partiyalar” qanun ətrafında müzakirə aparılıb.

    S.Əsədli bütün məsələlərlə bağlı VHP-nin mövqeyini cənab Dvorakın diqqətinə çatdırıb.

  • Samir Əsədli: Ermənistan və Qarabağdakı separatçılarla bağlı bütün təxribatların arxasında Rusiya dayanır

    “Laçın yolu ətrafında yaşananlar, Qarabağdakı separatçıların fəallaşması və pozuculuq hərəkətləri, İrəvanın BMT-yə müraciəti və sərhədə hərbi texnika cəmləməsi Azərbaycan-Ermənistan arasında sülh prosesinə ciddi zərbə vurur”.

    Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Samir Əsədli deyib.

    Onun sözlərinə görə, Azərbaycan tərəfi ciddi-cəhdlə ölkəmizin ərazi bütövlüyünün tam bərpası çərçivəsində Ermənistanla sülhün imzalanmasına çalışır və çoxsaylı təşəbbüslər göstərir: “Amma Ermənistan tərəfinin qeyri-səmimiliyi, sülhdən qaçması, davamlı pozuculuq hərəkətlərinə rəvac verməsi prosesi çıxılmaz duruma salır”.

    Müsahibimiz qeyd edib ki, heç şübhəsiz Ermənistan və Qarabağdakı separatçılarla bağlı bütün təxribatların arxasında Rusiyanın özü durur. Separatçılara mütəmadi silah-sursat daşınır. Bütün bunlar Rusiya sülhməramlılarının gözü qarşısında baş verir. Pərdə arxasından bu məsələləri müdafiə edirlər.

     

    Samir Əsədli: Ermənistan və Qarabağdakı separatçılarla bağlı bütün təxribatların arxasında Rusiya dayanır

    S.Əsədli bildirib ki, Rusiya heç bir halda sülh prosesinin baş tutmasında maraqlı deyil: “Ermənistanda olan revanşist qüvvələri və Qarabağda olan separatçıları təhrik edir, ayağa qaldırır, onlardan istifadə edir. Ermənistan Rusiyaya güvənərək bu addımları atır. İrəvan Moskvaya güvənərək təxribatlar törətdiyi müddətdə bölgədə uzunmüddətli sülhdən danışmaq olmaz”.

    Qeyd edək ki, son bir aydır Laçın yolu və Qarabağ ətrafında ciddi proseslər yaşanmaqdadır. Erməni tərəfi, separatçılar bütün səyləri ilə rəsmi Bakıya təzyiq göstərilməsinə çalışırlar. Erməni lobbisi də xüsusi fəallıq göstərir. Ermənistan hökuməti də Laçın yolu ilə bağlı BMT-nin TŞ-na müraciət envanlayıb. Həmçinin, Naxçıvan və Kəlbəcər istiqamətində mövqelərimiz ermənilər tərəfindən atəşə tutulur. Eyni zamanda Qarabağdakı qanunsuz silahlı birləşmələr də silahlanmaqda davam edir. Təbii ki, baş verənlərin hamısı birmənalı olaraq sülh prosesinə böyük zərbə vurur və qarşıdakı dönəmdə baş tutacaq danışıqların nəticəsiz olmasına yol açır.

    Aydın Baxış

  • “Sanki Qarabağ uğrunda diplomatik yarış başlayıb”

    Samir Əsədli: “Ukrayna olayları fonunda Rusiya Qərbi, Qərb isə Rusiyanı bölgədən vurub çıxarmaq istəyir”
    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, habelə regionda cari vəziyyət müzakirə olunub. C.Bayramov Ermənistanın beynəlxalq hüquq normaları və prinsiplərinə zidd olaraq, Azərbaycana qarşı hərbi-siyasi təxribatlarını intensivləşdirməsinin iki ölkə arasında mövcud normallaşma prosesinə ciddi zərbə vurduğunu diqqətə çatdırıb. Bölgədə, guya, “gərgin humanitar vəziyyət”, “blokada”nın mövcudluğu ilə bağlı manipulyasiyalarını davam etdirən Ermənistanın, erməni sakinlərin tələbatlarının ödənməsi üçün Laçın yolu və digər alternativ yollardan istifadə ilə bağlı məsələlərin həll olunması üçün əldə olunmuş razılaşmalara əməl etmək əvəzinə, sülh prosesinə maneçilik törətdiyi bildirilib. Sergey Lavrov isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla təsbit olunmuş öhdəliklərə sadiqliyin vacibliyini qeyd edib. Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Göründüyü kimi, Azərbaycan rəsmisi Ermənistanın hərtərəfli pozuculuqla və təxribatla məşğul olmasını Rusiya XİN başçısının diqqətinə çatdırıb. Təbii ki, Moskva proseslərdən yaxşı xəbərdardır. Rusiya bölgədə yaşanan hadisələrdən “narahatlıq” duyduğunu desə də, Kremlin əsas təhrikedici güc olduğu bəllidir. Ancaq indiki məqamda ermənilərin təhrik olunması ilə bağlı daha çox Qərbin, Fransanın, BMT və digər beynəlxalq təşkilatların adı hallanır. Rusiyanın isə prosesləri kənardan izlədiyi görüntüsü yaranır..
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a deyib ki, Güney Qafqazla bağlı həm Qərb, həm də Rusiya öz diplomatik fəallığını artırıb. Partiya təmsilçisi vurğulayıb ki, iki geosiyasi güc mərkəzi arasında açıq rəqabət elementləri sezilməkdədir: “Sanki Qarabağ uğrunda diplomatik yarış başlayıb. Bunun bölgədə daimi sülh və əməkdaşlığa nə dərəcədə töhfə verəcəyini yəqin ki, tezliklə biləcəyik. Hər halda, tərəflərin regionla bağlı maraqları heç də üst-üstə düşmür. Xüsusən, Ukrayna olayları fonunda Rusiya Qərbi, Qərb isə Rusiyanı bölgədən vurub çıxarmaq istəyir. Azərbaycan üçün isə ən önəmlisi istər Qərbin, özəlliklə də ABŞ-nin, istərsə də Rusiyanın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə eyni sayğını göstərməsidir. Bölgədə daimi sülh və əməkdaşlıq mühitinin bərqərar olması üçün isə ən əvvəl kapitulyant ölkəyə götürdüyü yazılı öhdəliklərə əməl eləmək yönündə təzyiqlər edilməlidir. Əgər bunu ABŞ, Avropa İttifaqı və Rusiya edəcəksə, çox yaxşı. Ermənistan rəhbərliyinin nə dərəcədə konstruktiv mövqe sərgiləməsindən də az şey asılı deyil. Əfsus ki, rəsmi İrəvan iki güc mərkəzinin rəqabətindən daha çox vaxt uzatmaq, “iki stul” siyasəti aparmaqla böyük sülhü ləngitmək üçün faydalanmağa çalışır. Bu isə çox təhlükəlidir. Çünki bu dəfə Ermənistanın özü hərb meydanına çevrilə bilər. Odur ki, seçim böyük ölçüdə erməni tərəfinindir. Daha bir səhv erməni xalqına olduqca baha başa gələcək”.
  • VHP-nin bölgə təşkilatlarının toplantısı keçirilib- FOTO

    VHP Oğuz RT
    VHP Oğuz RT

    Oğuz:  Vətəndaş Həmrəyliyi Partiyası Oğuz rayon təşkilatı Məclisinin və Nəzarət Təftiş Komissiyasının birgə toplantısı keçirilib. İclasda ölkədəki ictimai-siyasi durum, təşkilati məsələlər və qarşıda duran işlər müzakirə edilib.

    Təşkilat sədri Famil Adiloğlu ölkədəki ictimai-siyasi vəziyyət, pariyanın proseslərə münasibəti və qarşıda duran tapşırıqlar barədə geniş məruzə edib. Siyasi partiyalar haqqında qanuna uyğun yenidən qeydiyyat məsələsi barədə üzvlərə məlumat verilib.

    Məclis üzvlərindən Qabil Seyidxanov, Faiq Qəribov NTK üzvü Bəsti Zakirova çıxış edərək təşkilatın fəaliyyəti və qarşıda duran işlərdən danışdılar.
    Sonda təşkilati məsələlərə baxılıb, 2 nəfər partiya üzvlüyündən azad edilib və 17 nəfər yeni üzv qəbul edilib.
    VHP Şirvan ŞT
    VHP Şirvan ŞT

    Şirvan/ Şamaxı: Vətəndaş Həmrəyliyi Partiyası Şirvan şəhər və Şamaxı rayon təşkilatları Məclisinin növbəti toplantısı keçiriblər. Şirvan şəhər təşkilatının sədri Aqil Vəli və Şamaxı rayon təşkilatının sədri Ədalət Məmmədov ictimai-siyasi məsələlər barədə məruzə edib, partiyanın siyasi mövqeyi və proseslərə münasibəti haqda üzvləri məlumatlandırıblar.

    Toplantıda təşkilati məsələlərlə bağlı qarşıda duran işlər müzakirə edilib, Ədliyyə nazirliyinin qeydiyyat məsələsi ilə bağlı VHP-yə cavabı və partiyanın fəaliyyətindən danışılıb.
    VHP Şamaxı RT
    VHP Şamaxı RT

    Lerik: Vətəndaş Həmrəyliyi Partiyasının Lerik rayon təşkilatı məclisinin növbəti yığıncağı keçirilib. Təşkilat sədri Elxan Hacıyev çıxış edərək təşkilati işlərlə bağlı geniş məlumat verib. O, bildirib VHP Lerik rayon təşkilatın qeydiyyatında 255 nəfər üzv var, yeni siyasi partiyalar qanununa uyğun olaraq üzvlərdən 150 nəfərin adı reysterə salınıb. E.Hacıyev həmçinin məclisə məlumat verib ki, Ədliyyə nazirliyi tərəfindən 100-ə yaxın partiya üzvünə zəng edilib, partiya üzvü olmaları soruşulub və təsdiq alınıb.

    VHP Lerik RT
    VHP Lerik RT

    Toplantıda VHP sədrinin müşaviri Həşim Nəsirov çıxış edərək partiyanın respublika reystr işi ilə bağlı fəaliyyətindən danışıb və ölkədəki ictimai-siyasi vəziyyət, qarşıda duran işlər barədə məlumat verib. Bildirib ki, yeni qanuna görə partiya qeydiyyatdan keçmək üçün on minə yaxən şəxsin adı verilib, onların yarısı ilə əlaqə saxlanıldığı barədə məlumatımız var.

    Məclis yeni 20 özək təşkilatının səlahiyyətini təsdiq edilib, 3 nəfər VHP üzvlüyündən azad edilib və 21 nəfər yeni üzv qəbul edilib.
    Sonda payızda təşkilatın növbəti konfransının keçirilməsi qərarlaşdırılıb və özək təşkilatlarının yığıncalarının keçirilməsi qərara alınıb.

  • Qarabağdakı separatizm birbaşa Rusiyanın dəstəyi ilə reallaşıb

    Rusiya “sülhməramlı” kontingenti dayanmır və separatçıları müxtəlif yollarla silahlandırmağa davam edir
    Rusiya sülhməramlılarının müşayiəti altında ermənilərin qanunsuz daşımaları davam edir. Rusiya sülhməramlıları erməni qeyri-qanuni silahlı birləşmələrinin hərbi daşımalarının mühafizəsini həyata keçirir. Sosial şəbəkədə yayılan videoda sülhməramlıların zirehli texnikasının müşayiəti ilə Xankəndi-Kərkicahan-Xəlfəli yolu vasitəsilə növbəti dəfə erməni qeyri-qanuni silahlı birləşmələrinin döyüş mövqelərinə təminat vasitələri daşımalarının həyata keçirilməsi aydın görünür. Xatırladaq ki, daha öncə də Rusiya sülhməramlılarının müşayiəti altında ermənilərin qanunsuz daşımalarına dair videolar yayılmışdı.
     Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, politoloq Samir Əsədli “Sherg.az”a açıqlamasında deyib ki, 10 noyabr üçtərəfli bəyannaməsindən dərhal sonra Rusiya hərbi kontingentinin Qarabağa yerləşdirilməsi heç də onların “sülhməramlı” missiyanı icra etməsi anlamına gəlmir. Analitik vurğulayıb ki, Rusiya birbaşa öz maraqlarını təmin etmək üçün regiona, konkret Qarabağa qoşun yerləşdirib: “Harada Rusiya varsa, orada bəla, münaqişə, qarşıdurma və etnik separatizm var. Bu, Rusiyanın illərdir apardığı siyasətdir. Moskva öz maraqları çərçivəsində istədiyi addımı atır. Düzdür, Azərbaycan tərəfi zaman-zaman bunun qarşısını alır, davamlı təxribatların həyata keçməsinə imkan vermir. Buna rəğmən, Rusiya “sülhməramlı” kontingenti də dayanmır və separatçıları müxtəlif yollarla silahlandırmağa davam edir. Məlumdur ki, torpaqlarımızın ermənilər tərəfindən işğalı, Qarabağdakı separatizm birbaşa Rusiyanın dəstəyi ilə reallaşıb. Münaqişənin ilk günlərindən azərbaycanlıların evindən ov tüfənglərini belə yığışdıran Rusiya idi. Bunun əvəzində isə erməniləri silahlandırdılar. Bölgədə hərtərəfli silahlandırılan ermənilər azərbaycanlılara qarşı müharibəyə, soyqırım və qətliamlara başladılar. Görünür ki, dəyişən heç nə yoxdur. Separatçılara dəstək indi də davam etdirilir. Rusiya müvəqqəti nəzarət etdiyi Azərbaycan torpaqlarında təxribatçı əməllərdən vaz keçməyəcək. Məqsəd təbii ki, Azərbaycan-Ermənistan arasında sülhün imzalanmasına imkan verməmək, prosesi uzatmaq, danışıqlara mane olmaqdır. Çalışırlar ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməsinlər”.
      S.Əsədli vurğulayıb ki, Rusiyanın vaxtı ilə Gürcüstan ərazilərini işğal etməsi, Ukrayna ilə müharibə, Moldova və digər yerlərdə separatçılara hərtərəfli dəstək verməsi Kremlin həyata keçirdiyi siyasətin bariz nümunəsidir: “Rusiyanın qarışdığı məsələdə haqq-ədalət yoxdur. Çünki qanlı maraqları buna imkan vermir. Yenə də öz çirkin maraqları naminə Qarabağdakı separatçı tör-töküntüləri silahlandırırlar. Amma Azərbaycan dövləti qüdrətlidir və öz maraqlarını təmin etmək iqtidarındadır. Gec-tez Qarabağın ermənilər yaşayan ərazilərində də suverenliyimiz və tam nəzarətimiz bərpa olunacaq. Azərbaycan vətəndaşlığını və qanunlarımızı qəbul edən ermənilər orada rahat və təhlükəsiz həyat sürəcəklər. Ölkəmizdə bütün xalqların nümayəndələri bərabərcə, qardaş şəklində yaşayırlar”.