Vətəndaş Həmrəyliyi Partiyası

Category: Xəbər

  • “Dağıdılan yurd yerlərimizdə şam yanır, işığımız böyüyür”

    Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı müəllifi olduğu “Rüstəmxanlı söhbətləri” verilişinin bu dəfəki buraxılışında Novruz bayramı və İlaxır çərşənbə adətlərindən danışıb, dünya azərbaycanlılarını bayram münasibətilə təbrik edib.

    Novruz bayramına həsr etdiyi “Şam yanır” şeirini səsləndirən millət vəkili bu şeiri Qarabağ savaşından əvvəl oxumağın çətin olduğunu bildirib:
    “Çünki onda bu şeirin bədiilik ruhu, böyük dəyərlərə malik xalqın gücü, qüdrətini ifadə edən sözlər indiki qədər gözəl, halallıqla, inamla səslənməzdi. Amma indi inamla səslənir və hesab edirəm ki, bu il Novruz şamları daha gur yanacaq, bu ilin səməniləri daha yaşıl, bu ilin süfrələri daha bərəkətli, bu ilin duaları daha tutumlu, qollu-buddaqlı olacaq. Bu il o dualarda şəhidlərin ruhu anılacaq, 30 ildən sonra yenidən özümüzə qaytardığımız torpaqları quran, abadlaşdıran insanlara, ora köçən insanların yurdlarının abadlığına daha ürəklə dualar ediləcək”.
    Millət vəkili qeyd edib ki, bu ilki Novruz bayramının xüsusi əhəmiyyəti var. Çünki bu il bayram Azərbaycanın bütün guşələrində qeyd olunur:

    “Əlbəttə, nisgillərimiz, Azərbaycanının böyük problemləri var. Bu gün Güney Azərbaycanda 35 milyondan artıq türklərin hüquqları pozulur, adamlar orta əsrlər qaydaları ilə asılır, öldürülür. Amma bunun da bir sonu var. Əsas odur ki, araya min sərhəd çəksələr də, xalq birdir və bizim böyük perspektivimiz, gələcəyimiz var. Gələcəyimizə nikbin baxmalı, bayram axşamı niyyət edəndə bu arzu-diləklərimizi unutmamalıyıq”.
  • “Nazirlər Kabinetinin iki üzvünün pensiyaya getməsi ilə məsələlər həllini tapmır, baxış dəyişməlidir”.

    Fevralın 7-da keçirilən prezident seçkisindən sonra hökumətin tərkibində ciddi dəyişikliklərin olacağı gözlənilsə də, bu ehtimallar özünü doğrultmadı. Kabinetin yalnız 2 üzvü – ədliyyə naziri Fikrət Məmmədov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vəzifəsini itirdi. F.Məmmədovun 69, M.Qurbanlının isə 70 yaşı var.

    İki yaşlı məmurun vəzifədən getməsi hökumətdə təmsil olunan və pensiya yaşına çatmış digər kabinə üzvlərinə də tezliklə “yaşıl işıq” yandırılacağına dair versiyaların ortaya çıxmasına səbəb olub. Bu haqda Yenisabah.az yazıb. Bildirilir ki, hazırda kabinənin 5 üzvü pensiya yaşına çatıb. Amma onlardan hələlik ikisinin – baş nazirin birinci müavini Yaqub Eyyubovun və baş nazirin müavini Əli Əhmədovun yola salınması məqsədəuyğun sayılıb. Pensiya yaşına çatmış digər kabinet üzvlərinin isə hələ bir müddət hökumətdə təmsil olunacağı gözlənilir. Baş nazirin digər müavini Şahin Mustafayevdir, lakin onun hələ 58 yaşı var. 

    Onu da deyək ki, Ə.Əhmədov son prezident seçkisində hakim partiyanın namizədinin səlahiyyətli nümayəndəsi olaraq çıxış edirdi. Y.Eyyubova gəlincə, 2003-cü ildən bu postdadır. Hər iki məmuru kimlərin əvəzləyəcəyi haqda müfəssəl məlumatlar yoxdur. Lakin NK-da onlardan yaşlı üzvlərə də rast gəlmək olmur. Bu mənada Eyyubovla Əhmədovun pensiyaya göndəriləcəyi istisna edilmir. Doğrudur, NK-nın tərkibi yeni təsdiqlənib, amma yaş senzi ilə əlaqədar adıçəkilən şəxslər yola salına bilər. Ümumiyyətlə, bu dəyişikliklər nəyi ehtiva edir? Buna zərurət varmı? Prezident yanvarda TV-lərə verdiyi müsahibədə ölkədə yeni dövrün başlayacağı haqda açıqlama vermişdi. Müşahidəçilər hesab edir ki, yeni dövr həm də yeni kadrlarla özünü göstərməlidir.

    Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin sözlərinə görə, idarəetmədə yanaşma dəyişməlidir. Onun fikrincə, seçkidən sonra komandada böyük ölçüdə dəyişiklik olmasa da, yeni dövrün başladığı elan olunub. S.Əsədli təklif edir ki, NK-nın funksionallığı və hesabatlılığı artırılsın: “Əgər yeni dövrün başlandığı bəyan olunubsa, o halda idarəçilikdə kreativlik, innovativlik olmalıdır. Hakimiyyət sosial-iqtisadi sistemə, yerli idarəetmə orqanlarına, bələdiyyə sahəsinə yenidən baxmalıdır. Nazirlər Kabinetinin iki üzvünün pensiyaya getməsi ilə məsələlər həllini tapmır, baxış dəyişməlidir”.

    Emil SALAMOĞLU
    “Yeni Müsavat”

  • “Ermənistanda anti-Rusiya ovqatı güclənir”

    Erməni baş nazir “cib müxalifəti” yaradır və səfir Marukyan bu prosesdə önə verilir – ekspertlərin rəyi

    Ötən həftəsonu Ermənistanda xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyanın qəfildən, “xarici siyasət məsələlərində fikir ayrılığı” səbəbindən istefa verməsi ciddi müzakirə mövzusu olub. “Yeni Müsavat” bildirir ki, əksər erməni politoloqlar bu istefanın ərizədə göstərilən kimi olmasını mümkünsüz sayır. Çünki Marukyan heç vaxt müstəqil fikir sahibi olmayıb və yalnız tapşırıqları icra edib. Onun gözlənilmədən istefası da Ermənistan-Azərbaycan münasibətlərində “barışmaz mövqeyi ilə” bağlı deyil. Bəs Marukyanın istefasının səbəbi nədir?

    Erməni siyasi şərhçi Avetis Babacanyan düşünür ki, Nikol Paşinyan ona istefa ərizəsi yazmağı təklif etməklə, əslində Marukyanı “xarici siyasət üzrə xüsusi tapşırıqlar üzrə səfir” vəzifəsindən alaraq, daxili siyasət üzrə “xüsusi tapşırıqlar yerinə yetirən şəxs” təyin edib. Belə ki, Marukyan qısa müddətdə Paşinyanın əsas tənqidçisi olacaq, Rusiya ilə münasibətlərin inkişafının tərəfdarı kimi çıxış edəcək, nəhayət, seçkilərə partiyasını gücləndirərək aparacaq və rusiyayönümlülərin səsini parçalamağa nail olacaq. Marukyan həm də Rusiya ilə əlaqələr quraraq, Paşinyana məxfi xəbərlər və Rusiyanın gizli oyunları haqda məlumat daşımaqla məşğul olacaq. Belə desək, Nikol Edmon vasitəsilə “rusiyayönümlü cib müxalifəti” formalaşdırır, əsl ruspərəstlər arasında parçalanmaya səbəb olur, onların seçkidəki səslərinin bir hissəsi Marukyana gedir, nəticədə Moskvadan təlimat alan müxalif partiyalar arasında təmərküzləşmə baş vermir.

    Bu mövzuda ermənilərin “Hraparak” nəşri də yazır ki, Marukyanın fevralın 29-da səfir postundan istefa verməsinin səbəbi ölkədə keçiriləcək növbədənkənar seçkilərlə bağlıdır. Nəşrin yazdığına görə, Paşinyan-Marukyan tandemi “saxta fikir ayrılıqları” yaratmağa çalışır ki, qarşıdan gələn seçkilərdə Edmonun rəhbərlik etdiyi “Parlaq Ermənistan” özünü müxalifət kimi göstərib parlamentə daxil olsun. Qəzet qeyd edir ki, “Paşinyan bununla da idarə olunan və proqnozlaşdırıla bilən müxalifət formalaşdırır”. Xatırlatmaq yerinə düşər ki, fevralın 29-da Marukyan xüsusi tapşırıqlar üzrə səfir vəzifəsindən istefa ərizəsini Ermənistanın baş nazirinə təqdim edib. O qeyd edib ki, son vaxtlar fundamental siyasi məsələlərə baxışdakı fərqliliklər onun “xarici siyasət cəbhəsində” iştirakını davam etdirməsini qeyri-mümkün edib. O, fərqlərin nədən ibarət olduğunu açıqlamayıb.

    Lakin həqiqətənmi Paşinyan anti-Azərbaycan mövqeli şəxsləri “təmizləyir”, yoxsa erməni mediasının və analitiklərinin dediyi kimi, erkən seçkilərə hazırlaşır, sistem müxalifəti yaradır? Ümumiyyətlə, növbədənkənar seçkidə Paşinyan uduzar, yoxsa Rusiya aranı qatar?  

    “Yeni Müsavat”a danışan Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli hesab edir ki, Marukyanın istefası erməni mətbuatının təqdim etdiyi kimi ola bilər, lakin böyük ölçüdə dəyişiklik yaratmayacaq. S.Əsədlinin sözlərinə görə, əvvəllər də Paşinyan kabinetini Qarabağ və Azərbaycan məsələlərinə görə tərk edənlər olub: “Xarici işlər naziri Ara Ayvazyan var idi, Paşinyanla fikirləri üst-üstə düşmədiyi üçün istefa verdi. Keçmiş müdafiə naziri də komandada yer almadı. Marukyan son dövrlərdə hakimiyyətin mövqeyini bölüşmürdü. Amma onun yerini doldurmaq Nikol üçün çətin olmayacaq”. Partiya funksioneri Marukyanın iqtidarın təlimatı ilə “rus müxalifəti”nin içinə daxil olacağını istisna etmir: “Ermənistanda anti-Rusiya ovqatı güclənir. Qarabağdakı nəticələrdən sonra xalqın Rusiyaya inamı ölüb. Paşinyan kabineti də bu ictimai rəyi körükləyir. Onlar Rusiyanın Ermənistanda hərbi varlığına son qoymaq istəyirlər. Ancaq bu çoxkombinasiyalı oyunda manevr üçün Paşinyana əlini gücləndirməyə müxtəlif siyasi gedişlər lazımdır. Bunun üçün şahmat masasında fərqli fiqurlardan istifadə edə bilər. Mümkündür ki, Marukyan da səhnədə bu rolu alsın və ruspərəst müxalifət içində parçalanma, qovğa yaratsın. Bu işdə amerikalı diplomatların da Paşinyan komandasına verdiyi məsləhətlər az deyil”.

    Emil SALAMOĞLU
    “Yeni Müsavat”

     

  • Sabir Rüstəmxanlı tələbələrlə görüşdü – FOTO

    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində millət vəkili, Xalq şairi Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ilə görüş keçirilib.
    “Azərbaycan Gənclərinin İnkişaf Hərəkatı”nın təşkilatçılığı ilə “Mədəniyyətimizdə bu gün” devizi altında keçirilən görüşdə Universitetin tələbə və müəllimləri iştirak edib.

    Tədbirdə çıxış edən Sabir Rüstəmxanlı görüşə görə Universitet rəhbərliyinə təşəkkür edərək tələbələrlə ziyalıların ünsiyyətinin, bu kimi tədbirlərin vacibliyini vurğulayıb.
    Millət vəkili ədəbiyyatımızın keçdiyi yol və bu günü haqda fikirlərini qeyd edərək, Milli Azadlıq Hərəkatında və Zəfər savaşında ədəbiyyatın rolunundan danışıb.
    Mədəniyyət İncəsənət Universitetinin prorektoru Sədaqət Əliyeva, “Azərbaycan Gənclərinin İnkişaf Hərəkatı”nın sədri Miri Miriyev çıxış edərək xalq şairinə görüşə görə təşəkkür edib.
    Daha sonra Sabir Rüstəmxanlının həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub. Millət vəkili tələbələrə Azərbaycan cəmiyyətinin bu günü, gənclərin dövlətin və xalqın gələcəyində rolu haqda danışıb.
    Tələbələr S.Rüstəmxanlının şerlərini səsləndirib, millət vəkili onların suallarını cavablandırıb.

  • Felmar Ələkbərli: “Sülh sazişi imzalanmalıdır”

    Bakının İrəvana ikitərəfli formatda danışıqlar aparmaqla bağlı təklifi gündəmdə və qüvvədədir
      Rusiya Beynəlxalq Münasibətlər Şurasının eksperti Aleksey Fenenko Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqlarından danışıb. Ekspert rəsmi Bakının ortaya konkret mövqe qoyduğunu, hər platformada vahid mövqe sərgilədiyini vurğulayıb. Fenenko qeyd edib ki, Azərbaycan dövlət başçısı İlham Əliyev Münhendə də Qərbə açıq siqnal verdi: “Prezident İlham Əliyev Ermənistanla birbaşa danışıqlar aparılacağını və heç kimin prosesə müdaxilə etməyəcəyini konkret şəkildə söylədi. Göründüyü kimi, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra İlham Əliyev Qərbin təsirindən fəal şəkildə xilas olur”. Rusiyalı ekspert onu da qeyd edib ki, Münhendə Paşinyanın Qərb tərəfdaşları dövlət başçısı İlham Əliyev prizmasından keçərək aydın təhlükəsizlik zəmanəti verə bilməyəcəklərini nümayiş etdiriblər: “Paşinyanın onlara anti-Rusiya mövqeyi formasında “hədiyyə”lər verməsindən asılı olmayaraq, heç kim Ermənistanı müdafiə etmək öhdəlikləri haqqında müqavilə imzalamağa hazırlaşmır”. Xatırladaq ki, Prezident yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində də bu məsələyə toxunaraq demişdi ki, Ermənistan bu sülh müqaviləsinin zəmanətçiləri olmasını istəyir: “Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır”. Dövlət başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək etmək istəyənlərə rəsmi Bakının etiraz etmədiyini də vurğulamışdı: “Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın. Çünki bəziləri indi yarışa çıxıblar ki, danışıqlar bu ölkədə keçirilsin, o ölkədə keçirilsin, ya üçüncü ölkədə keçirilsin. Bu, bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. Mən bunu istəməzdim. Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin”. Münhendə reallaşan görüş Prezidentin irəli sürdüyü “vasitəçi lazım deyil” şərtinə beynəlxalq tədbirlər çərçivəsində əməl edildiyinin göstəricisi idi. Rəsmi Bakı belə görüşləri keçirməklə irəli sürdüyü təşəbbüslərə, təkliflərə, şərtlərə əməl etdiyini bir daha nümayiş etdirir. Münhen görüşü son zamanlar Ermənistanın törətdiyi təxribatlara rəsmi İrəvanın aydınlıq gətirməsi üçün də şərait yaradır. Bundan başqa, ikitərəfli görüşlərin davam etməsi üçün zəmin hazırlayır. Bunlar Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və erməni həmkarı Mqer Qriqoryan arasında yeni görüşün keçirilməsinə təkan verə bilər. İstənilən halda rəsmi Bakı sübut edir ki, iki suveren dövlət problemlərini müzakirə yolu ilə həll etməyə qadirdir. Ermənistanın kənardan vasitəçi tutub danışıqlara cəlb etməsi təşəbbüsü isə münasibətlərin normallaşmasına yardım deyil, maneədir.
     
      Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri, politoloq Felmar Ələkbərli “Sherg.az”a açıqlamasında deyib ki, uzun müddətdir rəsmi Bakı Ermənistanla ikitərəfli danışıqların tərəfdarı olduğunu bildirib və İrəvana təkliflər göndərib. Ekspert qeyd edib ki, rəsmi İrəvan buna hələlik qəti cavab verməyib: 
    “Amma rəsmi Bakı Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlar prosesində iki görüşdən imtina edib. Azərbaycan tərəfi buna səbəb kimi həmin formatda aparılan danışıqlarda başda Fransa olmaqla bəzi vasitəçi ölkələri Ermənistanı müdafiə etməkdə, birtərəfli mövqe nümayiş etdirməkdə günahlandırıb. Azərbaycan üçün vacib olan məqam danışıqların real nəticə verməsidir. Vasitəçisiz, ikitərəfli ünsiyyətdə bu, daha realdır. Amma obyektivliyini və tərəfsizliyini qorumaq şərti ilə hansısa vasitəçinin iştirakı da problem deyil. Təki sülhə nail olunsun”.
     Politoloq əlavə edib ki, Azərbaycan üçün sülh sazişinin harada imzalanmasının da fərqi yoxdur:
     “Sülh sazişi imzalanmalıdır. Ən yaxşı variantı Azərbaycan təklif etdi. Bildirdi ki, “gəlin sərhəddə imzalayaq, başqa heç kəs lazım deyil”. Amma görünən odur ki, Ermənistana kimsə lazımdır. Hazırda sülh danışıqları ilə bağlı üç format var – Moskva, Brüssel və Vaşinqton. Hansı format Azərbaycanın maraqlarına uyğun deyilsə, ondan birmənalı imtina olunur. Rəsmi Bakının İrəvana ikitərəfli formatda danışıqlar aparmaqla bağlı təklifi gündəmdə və qüvvədədir. Əgər hər üç formatda danışıqlar alınmırsa, demək ki, Bakının ikitərəfli formatda danışıqlar aparmaq təklifi alternativsizdir. Düşünürəm ki, Ermənistan rəhbərliyi bu təklifi yenidən nəzərdən keçirməlidir. Rəsmi İrəvan sülhdə maraqlıdırsa, o zaman Bakının ikitərəfli formatda görüş təklifinə müsbət cavab verməlidir”.
  • Sabir Rüstəmxanlı Beynəlxalq Ana dili Günü ilə bağlı Hədəf liseyinin tədbirinə qatıldı

    Bu gün “Hədəf” Liseyində 21 fevral – Beynəlxalq Ana dili Günü münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə “Hədəf” Şirkətlər Qurupunun qurucusu, dosent Şəmil Sadiq açaraq qonaqları salamladı. Daha sonra Liseyin şagirdlərinin ifasında Azərbaycan mətbuat tarixi və ana dilimizin inkişafı ilə bağlı səhnəciklər göstərilib, Azərbaycan dilinin tarixi, keçdiyi yol və zənginliyi haqda məlumat verilib.

    Tanınmış ziyalıların, ictimai-siyasi xadimlərin dəvət olunduğu tədbirdə millət vəkili, Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı , şair Rüstəm Behrudi çıxış ediblər.

    Tədbirin yüksək səviyyədə və ruh yüksəkliyi ilə hazırlandığını xüsusi vurğulayan Sabir bəy bildirib ki, ana dili ilə bağlı maarifləndirici tədbirlərin önəmi olduqca böyükdür: “Hər bir insan ana dilinin incəliyinə bələd olmalı, onun böyüklüyünü, qüdrətini dərk etməlidir. Belə tədbirlər dilin imkanlarının uşaqlara, yeniyetmələrə izah edilməsi baxımından da önəmlidir. Odur ki, bu cür tədbirləri alqışlayır, dilimizin bu günü və gələcəyi baxımından əhəmiyyətli hesab edirəm. Ana dili uğrunda Azərbaycan xalqı böyük mübarizələr aparıb, qurbanlar verib, fədakarlıqlar göstərilib. Şükürlər olsun ki, Azərbaycan türkcəsi bu sıxıntılardan qurtarıb. Dilimiz dünyada tanınan, qəbul edilən bir dövlətin dilidir və dövlət səviyyəsində qorunur”.
    Şair Rüstəm Behrudi Azərbaycan türkcəsinin qorunması və latın qrafikasına keçid işində Sabir Rüstəmxanlı ilə birgə çalışdıqları “Azərbaycan” qəzetinin rolundan danışdı.

    Sonda qonaqlar ana dili ilə bağlı şerlərini oxudular.

  • Seçki bitdi, separatizmdən qurtulmuş ərazilərdə hüquqi dövlət quruculuğu sürətlənir…

    7 fevral seçkisi haqda Prezident İlham Əliyevin mövqeyi kifayət qədər aydın ifadə olundu. Sitat: “Bu seçkilər Azərbaycan xalqı üçün xüsusi tarixi əhəmiyyət daşıyır. Seçkilər ilk dəfə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü təmin olunmuş şəkildə ölkəmizin bütün ərazisində, o cümlədən Xankəndidə, Şuşada və digər rayonlarda keçirilib, bu, Azərbaycan xalqı üçün xüsusi tarixi əhəmiyyət daşıyır”.

    Bəli, bütöv Azərbaycanda seçki keçirilməsi həm də hüquqi dövlət quruculuğu istiqamətində addımlar atılması üçün mühüm idi. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi Xankəndi və ətraf bölgələri də əhatə etməlidir. Artıq bu ərazilərdə hüquq-mühafizə orqanları, müxtəlif sosialyönümlü qurumlar fəaliyyətə başlayıb. Bundan sonra separatizmdən qurtulmuş ərazilərdə hüquqi dövlət quruculuğu işləri daha da sürətlənməlidir. Həmçinin Xankəndi və Xocalıya köç üçün hazırlıq prosesi gedir. 30 ildən çox bu torpaqlarda hüquqi dövlət olmayıb. Xankəndi və digər yuxarı Qarabağ ərazilərində qondarma “artsax” adlı oyuncaq respublika olub.

    Həmin saxta dövlətin müstəqilliyini heç Ermənistan tanımamışdı. Lakin 30 il xunta rejimi ərazilərimizdə özünə saxta prezident, təlxək parlament, oyuncaq nazirlər, müşavirlər seçib, ordu saxlayıb, özlərinin ikinci erməni dövləti qura biləcəklərinə inanıblar. 19 sentyabr əməliyyatı bir günün içində 30 illik oyuncaq hakimiyyəti ağ bayraq qaldırmağa məcbur elədi. İndi İrəvanda toplaşan təlxək separatçılar “mühacir hökumət” xəyalları qurur, liderləri isə Bakıda istintaq təcridxanasında oturublar. Bu il həmin ərazilərdə hüquqi və qanuni seçki oldu ilk dəfə. Bundan sonra “dqr” yoxdur, Qarabağın erməni separatizmi olan ərazilərində hüquqi dövlət quruculuğu başlanır. Azərbaycan otuz illik erməni separatizminə son qoymaqla yanaşı, bu bəladan əziyyət çəkən xalqları və dövlətləri qəflət yuxusundan oyatdı. Qarabağdakı münaqişə dalğası sonradan Gürcüstana – Cənubi Osetiya və Abxaziyaya, daha sonra Moldovaya yayıldı. Ərazilərdə yaradılan qondarma qurumlar 30 ildən çoxdur ki, bu ölkələri inkişafdan saxlamaqla yanaşı, insanları qaçqın və ya məcburi köçkün həyatı yaşamağa məcbur edir. Ümid etmək olar ki, Azərbaycanın əldə etdiyi zəfəri bir gün onlar da yaşayacaq. Belə ki, artıq Azərbaycan MDB, xüsusilə postsovet məkanında işğala və separatizmə son qoyan ilk ölkə kimi tarixə damğasını vurub. Eyni zamanda Azərbaycan dünyada yaxın illər ərzində işğala son qoyan tək ölkə kimi də tarixə düşüb.

    Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Xankəndidə və azad olunmuş digər ərazilərdə prezident seçkisinin keçirilməsi bütövlükdə bu bölgədə Azərbaycan dövlətinin suveren hüquqlarının bərpasının başlanğıcı sayıla bilər: “Bu, həm də sürətli infrastruktur quruculuğunun aparıldığı rayonlarda vacib dövlət strukturlarının da ən yaxın zamanda tam formalaşacağının siqnalıdır. Öz yurd-yuvasına qayıtmış vətəndaşlarımızın bütün sosial və hüquqi tələbatının ödənilməsi üçün regionda mükəmməl dövlət idarəetmə sistemi yaradılmalıdır. Bu istiqamətdə mühüm işlər görülüb və prosesin uğurla yekunlaşacağına inanırıq”. S.Əsədli qeyd etdi ki, yeri gəlmişkən, işğaldan azad olunmuş yaşayış məntəqələrində xeyli sayda VHP üzvü də yaşayır: “Və qeyd etdiyimiz işlərin kompleks şəkildə həlli üçün siyasi partiyaların Qarabağda regional təşkilatlarının formalaşması da zəruridir. Çünki bu proses qarşıdakı parlament və bələdiyyə seçkilərində daha böyük aktivliyə səbəb ola bilər”. VHP rəsmisi açıqladı ki, azad edilən ərazilərə qayıtmış vətəndaşların sosial problemlərinin həlli bütün bu məsələlərdən ən vacibidir: “Biz partiya olaraq da bu mövzunu daim diqqətdə saxlamaqdayıq. Hökumətin fəaliyyətinə ictimai nəzarəti zəruri hesab edirik. Siyasi partiyalar daxil olmaqla, vətəndaş cəmiyyətinin də regionda sərbəst fəaliyyəti görüləcək işlərin uğuruna zəmin yaratmış olacaq. Vətəndaş cəmiyyətinin güclənməsi, demokratikləşmə prosesi və hüquqi dövlətin qurulması, sadəcə olaraq, şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın inkişafının başlıca şərtidir. Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi nəticəsində yaranmış qondarma, separatist “Dağlıq Qarabağ respublikası” faktiki destabillik mənbəyi idi. Biz bu “boz zona”nı təmizləməmiş, suverenliyi bərpa etməmiş hüquq dövlət quruculuğu prosesində yarımçıq ola bilərdik. Ona görə də qarşıda dayanan hədəflərdən biri bundan sonra vətəndaş cəmiyyətinin inkişafı və hüquqi dövlət quruculuğu üçün real addımların atılması olmalıdır. Xüsusən də hüquq-məhkəmə sistemində çox əhəmiyyətli dəyişikliklərə, islahatlara ehtiyac var”.

    Hazırladı:

    Emil SALAMOĞLU

    Yeni Müsavat

  • “Ermənistan Qazaxın işğalda olan kəndlərini geri qaytarmaqla sülh prosesinə töhfəsini verəcək”

    Ümid edirik, İrəvan hökuməti əlaqələrin formalaşmasında nəhayət səmimi əməkdaşlıq edəcək
     Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların növbəti altıncı iclası keçirilib. Görüşdə Azərbaycan heyətinə baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə bu ölkənin baş nazirinin müavini Mger Qriqoryan rəhbərlik ediblər. Görüş İcevanla Qazax sərhədində keçirilib. Görüşdə sərhədlərin müəyyənləşməsi yönündə müzakirələr aparılıb. Xatırladaq ki, tərəflərin beşinci və sonuncu iclası keçən il noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədində baş tutub.
    Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının altıncı görüşünə dair mətbuat məlumat yayıb.
      31 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın altıncı görüşü keçirilib.
      Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, siyasi şərhçi Samir Əsədli “Sherg.az”a deyib ki, Azərbaycan-Ermənistan arasında sərhədlərin müəyyənləşməsi və təhlükəsizlik məsələlərinin müzakirəsi üçün komissiyaların mütəmadi görüşməsi mühümdür. Ekspert diqqətə çatdırıb ki, təkcə sərhədlərlə bağlı deyil, həmçinin daxili işlər, prokurorluq, təhlükəsizlik, iqtisadiyyat sahələri ilə bağlı da belə təmasların olması zəruridir: 
    “Azərbaycan və Ermənistan iki qonşu ölkədir. İstəsək də, istəməsək də qonşuluq münasibətlərini sürdürməliyik. Düzdür, zaman-zaman ermənilər Azərbaycana qarşı təcavüz siyasətinə əl atıb, torpaqlarımızı işğal ediblər. Çar Rusiyası və sovetlər zamanı bir çox ərazimiz ermənilərə verilib, bizə qarşı soyqırımlar həyata keçiriblər. Bütün bunların hamısı ilə bağlı rəsmi qurumlarda dəlil-sübutlar, sənədlər mövcuddur. Yəni indiyədək ermənilər bizimlə birgə yaşamaq istəməyiblər. Amma dünya düzəni və reallıq dəyişməkdədir. Yeni dövrün, yeni əsrin qaçılmaz reallıqlarına uyğunlaşmaq zamanıdır. Ermənistan da mövcud reallıqları nəzərə alaraq məcburi də olsa bütün qonşuları, o cümlədən Azərbaycanla normal əməkdaşlıqda maraqlı olmalıdır. Bizimlə normal münasibət qurmalıdırlar. Ümid edirik, İrəvan hökuməti sərhədlərin müəyyənləşməsi və digər əlaqələrin formalaşmasında nəhayət səmimi əməkdaşlıq edəcək. İlk növbədə Qazaxın işğalda olan kəndlərini geri qaytarmaqla sülh prosesinə töhfəsini verəcək”.
  • VHP Gəncə və Neftçalada toplantı keçirib – FOTO

    Vətəndaş Həmrəyliyi Partiyası Gəncə şəhər və Neftçala rayon təşkilatları Məclisinin növbəti iclası keçirilib. Neftçala rayon təşkilatının sədri Fərman Hüseynov və Gəncə şəhər təşkilatının sədri Fizuli Həsənov ölkədə baş verən ictimai-siyasi məsələlər, növbədənkənar prezident seçkiləri və qarşıda duran məsələlərdən danışıblar.
    Hər iki Məclis toplantısında Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı il dönümü ilə bağlı çıxış edilib. Rəsulzadənin Azərbaycan tarixindəki rolu, Cümhuriyyət quruculuğunda və ondan sonrakı fəaliyyətindən danışılıb. Qeyd edilib ki, Rəsulzadə Azərbaycan tarixində silinməz iz buraxan tarixi şəxsiyyətidir. Azərbaycan dövlətçiliyinin ideoloji lideri olan Rəsulzadənin xalqımız üçün miras qoyduğu əsərləri bizim yolumuza bir mayakdır.
  • VHP Lerik təşkilatı Rəsulzadə ilə bağlı tədbir keçirib – FOTO

    Vətəndaş Həmrəyliyi Partiyası Lerik rayon təşkilatı Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubleyi münasibəti ilə tədbir keçirib. Tədbirdə VHP sədrinin müşaviri Həşim Nəsirov və VHP Lerik rayon təşkilatının sədri Elxan Hacıyev çıxış edərək M.Ə.Rəsulzadənin həyat və yaradıcılığı, fəaliyyəti haqqında geniş məlumat verib.
    Daha sonra toplantı iştirakçıları böyük dövlət adamımız və ideoloq olan Rəsulzadənin Azərbaycan tarixindəki müstəsna yeri, dövlət quruculuğu, milli məfkurə sahəsində fikirləri haqqında danışıb.