Vətəndaş Həmrəyliyi Partiyası

Category: Xəbər

  • “Sülh müqaviləsinin imzalanması bölgəyə yeni nəfəs, inkişaf gətirəcək, sərhədlərin açılmasına, iqtisadi əlaqələrin qurulmasına imkan verəcək”

    Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Qarabağda mümkün minalanmış ərazilərlə bağlı yeni məlumatların əldə edilməsi istiqamətində iş aparılır. XİN rəhbəri minalarla bağlı yeni məlumatların Azərbaycana ötürüləcəyini istisna etməyib. O xatırladıb ki, İrəvan iki dəfə mina sahələrinin xəritələrini Azərbaycan tərəfinə ötürüb. Xatırladaq ki, bundan öncə Ermənistan tərəfi minalanmış əraziləri əks etdirən xəritələri Azərbaycana versə də, onların sadəcə 20-25 faizi doğru çıxıb. Mirzoyan Bakı və İrəvan arasında birbaşa əlaqənin olduğunu deyib: “Birbaşa əlaqə təkcə Azərbaycan və Ermənistan liderlərinin administrasiyaları arasında deyil, həm də Xarici İşlər Nazirliyi və digər idarələr vasitəsilə mövcuddur”. O, Xarici İşlər Nazirliyinin xətti ilə sülh sazişi ilə bağlı təkliflərin mübadiləsinin aparıldığını, yanvarın əvvəlində İrəvanın yeddinci təkliflər paketini Bakıya təqdim etdiyini deyib. Mirzoyan qeyd edib ki, İrəvan üçün önəm daşıyan məqam vasitəçilərin olması deyil, danışıqların məzmunudur. Nazir 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, Ermənistan Xarici İşlər Nazirliyi Bakıdan sərhəddə görüş təklifi almayıb, lakin belə bir təşəbbüs barədə eşidib: “Ermənistan-Azərbaycan delimitasiya komissiyalarının növbəti görüşü barədə isə razılıq əldə olunub”.
      Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a açıqlamasında bildirib ki, Ermənistan tərəfi Qarabağ məsələsinin tam nizamlanmasında, minalanmış ərazilərlə bağlı xəritələrin Azərbaycana verilməsində və sülh müqaviləsinin tam şəkildə bağlanmasında maraqlı və səmimi olmayıb. Ekspert diqqətə çatdırıb ki, Ermənistan beynəlxalq təşkilatlarda, bir sıra dövlətlərdə özünü hər zaman “yazıq, əzilən” obrazda təqdim edərək məqsədlərinə nail olmağa çalışıb:
    “Avropa İttifaqında, AŞ PA-da baş verənlər də bunun təzahürüdür. Əgər Ermənistan tərəfi Azərbaycanla sülh müqaviləsinin tezliklə bağlanmasında maraqlı olsaydı, dəqiq mina xəritələrini Bakıya vermək istəsəydi, bunu edərdi. Azərbaycan BMT tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edib və heç bir dövlətin ərazisini işğal etməyib. Ermənistan öz davranışlarında qeyri-səmimidir. Bu ölkənin heç bir qonşusu ilə normal münasibəti yoxdur. Bütün qonşulara qarşı ərazi iddiaları var. O baxımdan İrəvandan verilən açıqlamalara etibar edilmir. Müəyyən addımlarına səmimi görüntü verməyə çalışsalar da, reallıqda erməni xislətinə uyğun davranırlar. Ermənistan rəsmiləri müxtəlif tribunalarda açıqlama verməkdənsə, mina xəritələrini real formada Azərbaycana versinlər”.
      S.Əsədli vurğulayıb ki, sülh müqaviləsinin imzalanması bölgəyə yeni nəfəs, inkişaf gətirəcək: “Sərhədlərin açılmasına, iqtisadi əlaqələrin qurulmasına imkan verəcək. Çünki işğal və təcavüz siyasətinin heç bir nəticəsi yoxdur və olmayacaq. İrəvan bunu nəhayət dərk etməlidir ki, sülhdən başqa yol yoxdur. Azərbaycan öz sərhədləri çərçivəsində suverenliyini qorumaqda maraqlıdır”.
  • “Vladimir Putinin taleyi Ukraynadakı müharibənin nəticəsindən asılıdır”

    Ukrayna rəsmiləri doğru qərar vermiş olsaydı, hər şey çoxdan bitmiş olardı. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Putin bildirib ki, Kiyev danışıqlardan imtina edib: “Amma sizə xatırladım ki, İstanbulda biz hər şeyi razılaşdırdıq, bunu sizə deyirəm, bələdiyyə başçıları, bütün vətəndaşlar bunu bilməlidir, siz birbaşa insanlarla işləyirsiniz: Biz hər şeyi razılaşdırdıq, üstəlik, Ukrayna tərəfinin danışıqlar qrupunun rəhbəri də buna imza atdı. İmza ordadır, bizdə sənəd var. Bizə dedilər: Rusiyanın, həqiqətən də, bu məsələləri sülh yolu ilə həll etmək niyyətində olduğunu bildirməli, qoşunları Kiyevdən çıxarmalıdır. Çıxartdıq. Bir gün sonra bütün razılaşmaları zibil qutusuna atdılar”.
      Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, siyasi şərhçi Samir Əsədli “Şərq”ə bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya hücumunu və nəticədə Avropada sabitliyin pozulmasını Ukraynanın Qərbə yaxınlaşması və bunun Rusiya üçün təhlükə törətməsiylə əsaslandırıb. Ekspertin sözlərinə görə, Putin hərbi müdaxilənin tez bir zamanda qələbəylə nəticələnəciyinə inanıb:
    “Amma “xüsusi hərbi əməliyyat” adlandırdığı bu müharibədən gözləntiləri artıq nisbətən azalmış kimi görünür. Dəqiq bilinən budur ki, Putin Ukraynaya hücumu Rusiya tarixində çox vacib an hesab edir. Onun əsas məqsədi Uktaynanı ələ keçirmək, hökuməti devirmək və bu ölkənin NATO-ya qoşulmaq arzusunu tamamilə yox etmək idi. Bombardmanlar davam edir. Amma sülh danışıqları haqqında son xəbərlərdən belə məlum olur ki, Rusiya artıq hökuməti devirmək fikrində olmadığını və Ukraynanı neytral bir ölkə kimi görmək istədiyini bildirir. Digər tərəfdən, Putin Ukrayna prezidentini dəyişib ölkədə Belarusdakı kimi oyuncaq hökumət qura bilməyəcəyini də qəbul etmiş kimi görünür. Qərb ölkələri də Rusiya qoşunlarının Ukraynadan tamamilə çıxarılmasına tərəfdardırlar və “dondurulmuş münaqişə” vəziyyətini qəbul etmirlər. Putinin yenidən sülhdən danışması məhz belə bir situasiyaya təsadüf edir və bu, sühpərvərlikdən daha çox tam biabırçılıqdan qurtulmaq axtarışına bənzəyir. Çünki Vladimir Putinin taleyi Ukraynadakı müharibənin nəticəsindən asılıdır”.

  • VHP-nin təşkilat sədri ATƏT müşahidəçiləri ilə görüşüb

    Vətəndaş Həmrəyliyi Partiyası Tovuz rayon təşkilatının sədri Nəsimi Tovuzlu ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının Qərb bölgəsindəki üzrə nümayəndələri – Almanyalı Kristina Buck və Rusiyalı Mariyya lyukmanova ilə görüşüb.
    7 fevral prezident seçkiləri ilə əlaqədar keçirilən görüşdə seçki öncəsi siyasi mühit, seçkiyə hazırlıq və partiyaların prosesdə iştirakı müzakirə olunub.
    Qarşılıqlı müzakirə və informasiya mübadiləsi şəraitində keçən görüşdə VHP təmsilçisi qonaqlara partiyanın seçki dövründəki qərarları, seçkini müşahidə məsələləri haqda məlumat verib.

  • VHP sədri ABŞ səfirliyinin müşavirini qəbul edib

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri , millət vəkili Sabir Rüstəmxanlı partiyanın mərkəzi qərargahında ABŞ-ın ölkəmizdəki səfirliyinin müşaviri Conatan Pinolini qəbul edib. Görüşdə regiondakı geopolitik durum və ölkədəki siyasi proseslər müzakirə edilib. Azərbaycanın ərazi bütövlüyünü tam təmin etməsindən sonra bölgədə yaranmış yeni siyasi düzən və ölkəmizin maraqları haqqında danışan VHP sədri ABŞ-ın bu proseslərdə obyektiv mövqe tutmasının vacibliyini qeyd edib.

  • ABŞ-də Prezident seçkiləri: Ermənilərə utopik ideyalar, yalan vədlər.. – RƏY

    ABŞ prezidentliyinə namizədliyini irəli sürdüyünü açıqlayan kiçik Robert Kennedi deyib ki, Vaşinqton ermənilərin özünümüdafiə, eləcə də öz müqəddəratını təyinetmə hüququna regional dəstəyi səfərbər etməlidir. Onun sözlərinə görə, eyni zamanda, “artsax” ermənilərinin öz “ata-baba yurdlarına” təhlükəsiz qayıtmasını qorumalıdır. Kennedi iddia edib ki, Azərbaycan 2020-ci ildən Qarabağ ermənilərinə qarşı amansız etnik təmizləmə” aparıb, 120 min erməni əhalisini “deportasiya” edib: “1915-ci il “soyqırımından” fərqli olaraq, bu hadisə dayandırıla bilər. Bu vəziyyətdə dinc sanksiyalar kömək edə bilər. Biz həm də Türkiyə və Azərbaycan tərəfindən İrəvanın “blokadasını” aradan qaldırmağın yollarını axtarmalıyıq. Ermənistanın dənizə çıxışı yoxdur, onun qonşu ölkələrin limanlarına çıxışı olmalıdır”. Kiçik Kennedi ABŞ prezidenti postuna seçiləcəyi təqdirdə Ermənistan və Qarabağın bərpasına “töhfə verəcəyinə” əmin edib. 
     
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a deyib ki, Amerikada hər seçki ərəfəsində prezidentliyə namizədlər ermənilərlə bu formada oynayırlar. 
     
    Onun sözlərinə görə, namizədlər ermənilərə müxtəlif vədlər verirlər, ancaq seçiləndən sonra reallığa qayıdırlar: 
    “Robert Kennedi onsuz da prezident seçilməyəcək, onun seçilmək şansı sıfıra bərabərdir. Kennedinin irəli sürdüyü sərsəmləmələr öz beyninin utopik məhsulu olduğuna görə heç bir reallığı əks etdirmir. ABŞ rəhbərliyi də Qarabağda olanları yaxşı bilir. Azərbaycan Qarabağda heç bir “etnik təmizləmə”, “soyqırımı” həyata keçirməyib. Öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etmişik. Dövlətimiz də orada anadan olmuş, yaşamış ermənilərə müraciət edib ki, getməsinlər, qalıb yaşasınlar. Təbii ki, Azərbaycan qanunları çərçivəsində… Ancaq utopik ideyalarla yaşayan, əlləri azərbaycanlıların qanına batmış cinayətkarlar çıxıb getdilər və erməni əhali arasında panikaya səbəb olaraq onların da bölgəni tərk etməsinə səbəb oldular. Çünki bilirdilər ki, Azərbaycan ərazisində ancaq bizim qanunlarımız çərçivəsində yaşamalıdırlar. Qarabağda baş verən proseslərdə heç bir sivil insanın burnu belə qanamayıb. Dünya ictimaiyyəti bunu görür. Kennedi və onun kimilərin sərsəm çıxışları, utopik vədləri əslində ABŞ-dəki erməni lobbisini ələ salmaqdan başqa bir şey deyil. Hər il seçki dönəmində bənzər hadisələrin şahidi oluruq. Ancaq reallıq göz önündədir”.

  • VHP-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibəti ilə təbriki

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibəti ilə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının Azərbaycan xalqına təbriki:

    “Əziz soydaşlarım!
    Sizləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni Təqvim ili münasibəti ilə səmimi qəlbdən təbrik edir, xalqımıza rifah, firavanlıq, əmin-amanlıq arzulayıram. Azərbaycanı müstəqilliyinə qovuşduran da bu böyük birliyin, həmrəyliyin, bir ideya uğrunda yumruq kimi birləşməyimizin bəhrəsidir. Məhz bu birlikdən narahat olanların apardığı təbliğat, şayiələr, səpdikləri şübhə toxumları sonrakı illərdə həmrəyliyimizin pozulmasına və itkilərimizə gətirib çıxardı. Daxili siyasi mübarizələr, qardaş qarşıdurmaları, cəbhələşmələr nəticə etibarilə əsl düşmənin əl-qolunu açdı, torpaqlarımızın işğalına imkan yaratdı.
    Bu il Xalqımızın Birliyi, Həmrəyliyi və Müzəffər Ordumuzun qətiyyəti ilə torpaqlarımız tam şəkildə işğaldan azad edildi, Xankəndi, Xocavənd, Xocalı, Ağdərə və bir çox şəhərlərimizdə üçrəngli bayrağımız ucaldıldı. Qarabağn işğaldan azad edilməsi bir daha Milli Həmrəyliyimizin təntənəsi kimi yaddaşlara həkk olundu. Hələ o zaman – 1992-ci ildə nicatımızın vətəndaş həmrəyliyindən, milli birlikdən keçdiyini mənəvi və siyasi ideologiya olaraq irəli sürdük. Zaman göstərdi ki, milli birlik, həmrəylik olmadan, qarşılıqlı anlaşma olmadan heç nəyə nail olmaq mümkün deyil. Bu gün də Azərbaycanın gələcəyi, dünyada səsimizin, sözümüzün, həqiqətimizin tanınması həmrəyliyimizdən keçir. Bizi xalq olaraq qarşıda hələ çox böyük hədəflər gözləyir. İstəsək də, istəməsək də – bu hədəflərə doğru getmək xalqımızın taleyinə, qismətinə yazılıb. Bu hədəflərə çatmağın yeganə yolu isə əlbəttə ki, həmrəyimizdən asılıdır.

    Əziz soydaşlar, bacılar və qardaşlar!

    31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi günü seçilməsi təsadüf deyil. Bu gün – mənəvi sərhədlərinin bərpası yolunda yalın əllə bütün dünyaya meydan oxuyan xalqın həmrəylik təntənəsi kimi yaddaşlara həkk olunub. Bu yaddaşı qorumaq, gücləndirmək hər birimizin borcudur. Hər birinizi bir daha təbrik edirəm və inanıram ki, milli hədəflərimizdə göstərəcəyiniz həmrəylik Azərbaycan adınadır və bu yolda hər birinizə uğurlar arzulayıram.”

  • Yaşıl işıq: İsveç Türkiyəyə embarqonu götürdü

      İsveç embarqonu ləğv etdi və Türkiyəyə müdafiə ixracı üçün lisenziyalar verməyə başladı. Bunu Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar deyib. Akçapar bildirib ki, parlament komitəsi İsveçin NATO-ya üzvlük təklifini qəbul etdikdən sonra diqqəti cəlb edən hadisə baş verdi: İsveçin uzun sürən embarqodan sonra Türkiyəyə müdafiə sənayesi sahəsində ixrac lisenziyası verməyə başladığı məlum olub”. Qeyd edək ki, İsveç 2019-cu ilin oktyabr ayından Türkiyəyə müdafiə sənayesi təchizatına embarqo qoyub. Xatırladaq ki, bundan öncə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Vaşinqtonun F-16-ların Türkiyəyə satışını dəstəklədiyini, ancaq satışın yalnız Türkiyənin İsveçin NATO-ya daxil olmasını təsdiqlədiyi təqdirdə mümkün olacağını söyləmişdi.
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a deyib ki, İsveçin NATO-ya üzvlük üçün müraciətini Türkiyə parlamentinin tez zamanda ratifikasiya edəcəyi inandırıcı deyil. 
    Ekspertin sözlərinə görə, mövcud təzyiq cəhdlərinə baxmayaraq, sənəd qısa müddətdə təsdiqlənməyəcək: 
    “İsveç mediası zaman-zaman yazır ki, hökumət NATO-ya üzvlüklə bağlı müraciətin Türkiyə tərəfindən “bir neçə həftə ərzində” ratifikasiya olunacağını gözləyir. Amma Ankara bu məsələdə prinsipiallıq göstərir. Türkiyənin bütün şərtlərinin İsveç tərəfindən yerinə yetirilməməsi səbəbindən prosesin sürətlə gedəcəyi ehtimalı azdır. Prosesdə son sözü Türkiyə deyəcək. Türkiyə terrorizmlə mübarizədə İsveç qarşısında irəli sürdüyü tələblərin yerinə yetrilməsində israrlıdır. Düzdür, İsveç bir sıra addımlar atmaqdadır. Məsələn, Türkiyəyə qarşı tətbiq etdiyi embarqonu ləğv edərək, müdafiə ixracı üçün lisenziyalar verməyə başlayıb. Amma bu hələ məsələnin həlli demək deyil. Türkiyənin NATO-ya üzvlük məsələsində geri çəkiləcəyini düşünmək olmaz”.

  • Sərhəd görüşündə Bakının tələbləri olub -Hansılardır?

    Azərbaycan beynəlxalq konvensiyalar çərçivəsində öz ərazilərini bərpa etməyə qadirdir və hazırda da buna çalışır
      Azərbaycan-Ermənistan sərhədində iki ölkənin baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi komissiyaların iclası keçirildi. Hər iki ölkədə diqqətlə izlənilən görüş şərti sərhədin Qazax rayonu və Tavuş vilayəti hissəsində baş tutdu. 3 saat davam edən sayca beşinci görüşün nəticəsi olaraq tərəflər iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi reqlamentinin mətnini ilkin olaraq razılaşdırdılar. Eyni zamanda komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılmasına qərar verildi. Ermənistan XİN-in yaydığı məlumatda da oxşar fikirlər yer aldı. Bildirildi ki, tərəflər sərhədin delimitasiyası məsələlərinin müzakirəsini davam etdiriblər. Bir sıra təşkilati və prosedur məsələləri həll ediblər. Vurğulanıb ki, komissiyaların növbəti iclasının tarixini və yerini işçi qaydada dəqiqləşdirmək razılaşdırılıb.
      Görüşlə bağlı “Sherg.az”a danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, sərhədlərlə bağlı komissiyaların yaradılması və mütəmadi görüşlərin keçirilməsi önəmli məsələdir. Amma ekspertə görə, burada bir sıra məsələlər var: 
    “Problem Ermənistan tərəfinin, yəni onları təmsil edən komissiyasının öz fəaliyyətinə hansı dərəcədə səmimi yanaşacağı ilə bağlıdır. Ermənistan 30 ildən artıqdır Azərbaycan ərazilərini işğalda saxlayıb. Hazırda səkkiz kəndimiz – Qazaxın yeddi kəndi və Sədərəyin Kərki kəndi işğal altındadır. Ümumiyyətlə, müharibə başlayandan Azərbaycan-Ermənistan arasında ciddi sərhəd böhranı olub. Ermənilər Azərbaycanın bir sıra ərazilərinə girmişdilər və nəzarət altına almışdılar. Şübhəsiz, Azərbaycan beynəlxalq konvensiyalar çərçivəsində öz ərazilərini bərpa etməyə qadirdir və hazırda da buna çalışır. Ermənistan işğalçılıqdan, utopik fikirlərdən əl çəkərək, komissiyanın səmərəli şəkildə fəaliyyət göstərməsinə və nəticə əldə olunmasına maraq göstərməlidir. Elə olarsa, bu məsələlər müsbət həllini tapacaq”.

  • Hindistanı ermənilərlə əməkdaşlıq etməyə məcbur edən də məhz Fransadır

    Hindistan ordusunun istefada olan generalı Aşok Kumar Ermənistana təkcə peşəkar hərbi təlimatçıların deyil, həm də məhdud hərbi kontingentin göndərilməsini təklif edib. Kumar deyib ki, Bakı ilə İrəvan arasında sülh sazişinin qaçılmaz olmasına baxmayaraq, Ermənistanın milli maraqlarını qorumaq üçün güclü orduya ehtiyacı var və Hindistan bu işdə “ən səmərəli şəkildə” kömək etməyə hazırdır: “Silahlı qüvvələrin strukturu, təşkili, komandanlıq və nəzarət sistemi, hərbi əməliyyatların texnikası, doktrinası və taktikası, eləcə də, ordunun ruhu daha önəmlidir: Bəlkə də bu səbəblər Ermənistanın 1994-cü ildə başa çatan Birinci Qarabağ müharibəsində qalib gəlməsini şərtləndirmişdi. Ona görə də Ermənistanın müdafiə qüvvələrinin güclü və zəif tərəflərini yenidən qiymətləndirməsi zəruridir. Bu, onlara təkmilləşdirməyə ehtiyacı olan sahələri müəyyən etməyə kömək edəcək. Yaxşı olar ki, Ermənistan hansısa etibarlı ölkənin köməyindən öz müdafiə qüvvələrini gücləndirmək, o cümlədən onları döyüşə hazır vəziyyətə gətirmək üçün istifadə etsin. Hindistan Ermənistanda “Hindistan Ordusunun Təlim Qrupu (IATT)” yaratmaq üçün seçim ola bilər”. Kumarın fikrincə, IATT təlimatçılarının Ermənistanda yerləşdirilməsi bir neçə səbəbə görə vacibdir ki, bunlardan biri də Ermənistanın həm Naxçıvan, həm də Azərbaycanın əsas ərazisi ilə həmsərhəd olmasıdır. Ona görə də Zəngəzur dəhlizində hərbi əməliyyatlar başlasa, Ermənistan iki cəbhədə vuruşmalı olacaq: “Dünyada indiki coğrafi münaqişədə Ermənistana kömək etmək üçün Hindistandan yaxşı ölkə ola bilməz”.
      Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a deyib ki, Ermənistan hakimiyyəti özünə təsəlli verir ki, Hindistanla əməkdaşlığı gücləndirməklə dünyanın ən çox əhalisi olan ölkənin dəstəyini qazanacaq, lakin yanılırlar. Politoloq vurğulayıb ki, Hindistan dünyanın ərazi və əhali baxımından öndə olan ölkələrindən olsa da, sosial-iqtisadi cəhətdən acınacaqlı səviyyədədir: “Bu ölkədə əhalinin böyük hissəsi səfalət içində yaşayır. İstehsal etdiyi əksər məhsulların keyfiyyəti isə müasir dünya standartlarına cavab vermir. Belə olan halda Hindistan istehsalı olan silahlar da Ermənistan ordusunu “müasirləşdirmək” iqtidarında deyil. Bu cür ölkədən silah alması ilə qürrələnən Ermənistan, əslində, özünü gülünc vəziyyətə salır. Ermənistanın yaxın Türkiyəni qoyub uzaq Hindistanla əməkdaşlığa üz tutması növbəti uğursuzluğuna işarədir. Ermənistanın xarici siyasət kursu hazırda bütün fəaliyyətini bir ölkənin diktəsi və fəaliyyəti üzərində qurub. Təbii ki, bu da Fransadır. Elə Ermənistan-Hindistan-İran geosiyasi üçbucağını qurmaq xəyalı da məhz Parisdən qaynaqlanır. Yəni Fransa bu məsələdə ola bilsin, lokomotiv rolunu oynayıb. Rəsmi Paris Hindistanı uzaq və perspektivsiz, yoxsul Ermənistanla əməkdaşlıq xətti götürməyə məcbur edir. Məsələ ondadır ki, Parislə Dehlini silah alqı-satqısı əməkdaşlığı birləşdirir. Hindistanı ermənilərlə əməkdaşlıq etməyə məcbur edən də məhz Fransa, daha dəqiq ifadə etsək, Emmanuel Makronun uğursuz siyasətidir”.
  • Samir Əsədli: Moskva öz maraqlarına uyğun olaraq bir çox bölgədə münaqişələr yaradıb

    Rusiya prezidenti Vladimir Putin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşündə Dağıstandakı iğtişaşları və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib. Putin bildirib ki, Qərb ölkələri regiondakı vəziyyətdən istifadə edərək Rusiya cəmiyyətini parçalamağa çalışırlar.

    Qeyd edib ki, Qərb dünyasına Yaxın Şərqdə daimi xaos lazımdır, ona görə də Qəzza zolağında atəşkəsin əldə olunmasında maraqlı deyillər. Rusiya dövlət başçısı əlavə edib ki, rus cəmiyyəti nə qədər vahid olsa, ölkə milli maraqlarını effektiv müdafiə edə biləcək.

    Politoloq Samir Əsədli Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Rusiya dövlət başçısı Viladimir Putinin Yaxın Şərqdə baş verənlərə görə Qərbi ittiham etməsi “oğru elə bağırdı ki” məsəlinə bənzəyir.

    Həmsöhbətimiz vurğulayıb ki, ötən əsrin ortalarından bugünədək sözügedən bölgədə hansı silahlı münaqişə olubsa, arxasında Kreml durub, meydanda Kalaşnikov avtomatı işləyib: “İran-İraq müharibəsində Rusiyanın əli var idi. Əfqanıstana hərbi müdaxilə edən də Rusiya idi. Həmçinin, Koreya və Vyetnamda baş verənlərin də səbəbkarı və günahkarı Rusiya idi”. Onun sözlərinə görə, ümumiyyətlə, Rusiya Asiyada, Yaxın və Orta Şərqdə, özünə yaxın regionlarda yaşanmış münaqişələrin əsas səbəbkarı olub. Bu münaqişələr Rusiyanın bölgədə apardığı mənfi siyasətin nəticəsində ortaya çıxıb. Moskva öz maraqlarına uyğun olaraq bir çox bölgədə münaqişələr yaradıb.

    Siyasi şərhçi bildirib ki, İsrail-Fələstin münaqişəsi də Rusiya və İranın bölgəyə müdaxiləsindən sonra baş verib: “Bu qarşıdurmanın da səbəbkarı Qərb deyil. Sözügedən regionda birbaşa Rusiya və İranın maraqları var və son münaqişə də bu qüvvələrin kənar təsiri ilə baş verdi. Putinin son açıqlamasına gəldikdə isə, səslənən fikirlər onu göstərir ki, Rusiya nəinki monolit dövlətdir, ümumiyyətlə, Leninin vaxtında olduğu kimi “millətlər həbsxanası”dır. Kreml rəhbəri artır Rusiyanı idarə edə bilmir. Elə bir sistem, elə bir idarəçilik yaradıblar ki, öz ölkələrini idarə edə bilmirlər. Dağıstanda baş vermiş hadisə də bunun göstəricisidir. Bu cür dini-etnik münaqişələr Rusiyanın sonunu gətirəcək”.

    Aydın Baxış

    Bakıvaxtı.az