Vətəndaş Həmrəyliyi Partiyası

Category: Təbrik

  • VHP sədri qadınları təbrik etdi

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib. Təbrikdə deyilir:

    Hörmətli xanımlar, əziz analar və bacılar! 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə hamınızı təbrik edir, sizə uzun ömür can sağlığı və xoşbəxtlik arzulayıram.

    Azərbaycan qadını tarix boyu gözəllik və ləyaqət simvolu olub, həyatın mühüm dönəmlərində təkcə ailədə yox, cəmiyyətdə də öz fəal mövqeyi ilə seçilib. Tarixin bütün çağlarında Azərbaycanın taleyinin həll olunmasında xanımlarımız söz sahibi olmuşlar. Ötən əsrin əvvəllərində Xalq Cumhuriyyətinin qurulması ilə Şərqdə ilk dəfə geniş siyasi hüqquqlar qazanan Azərbaycan qadını əsrin sonunda milli-azadlıq hərəkatının, müstəqil dövlət quruculuğunun da ön cərgələrində olub. Ən yaxın tariximizdə, 44 günlük Zəfər savaşında da Azərbaycan qadını öz gücünü və Ana qüdrətini bütün dünyaya təsdiqlətdi.

    Azərbaycan qadını ən çətin sınaqlarından ləyaqətlə çıxmış, tariximizin sədaqət rəmzinə çevrilmişdir. Azərbaycanın gələcəyi də qadınlarımızın intellektual və mədəni səviyyəsindən, övladlarına verdikləri tərbiyədən, ictimai həyatın bütün sahələrində fəal mövqe nümayiş etdirmələrindən asılıdır. Biz xanımlarımızın bu dönəmi də qürurla başa vuracağına inanırıq.

    Əziz qadınlar!

    Bir daha bayramınızı təbrik edir, sizlərə uzun ömür, cansağlığı, sevdiklərinizlə birlikdə firavan, xoşbəxt və rahat həyat sürmənizi arzulayıram.

  • Sabir Rüstəmxanlı Dünya Azərbaycanlılarını təbrik etdi

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibəti ilə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının Azərbaycan xalqına təbriki:

    “Əziz soydaşlarım!

    Sizləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni Təqvim ili münasibəti ilə səmimi qəlbdən təbrik edir, xalqımıza rifah, firavanlıq, əmin-amanlıq arzulayıram. Azərbaycanı müstəqilliyinə qovuşduran da bu böyük birliyin, həmrəyliyin, bir ideya uğrunda yumruq kimi birləşməyimizin bəhrəsidir. Məhz bu birlikdən narahat olanların apardığı təbliğat, şayiələr, səpdikləri şübhə toxumları sonrakı illərdə həmrəyliyimizin pozulmasına və itkilərimizə gətirib çıxardı. Daxili siyasi mübarizələr, qardaş qarşıdurmaları, cəbhələşmələr nəticə etibarilə əsl düşmənin əl-qolunu açdı, torpaqlarımızın işğalına imkan yaratdı.
    Bu il Xalqımızın Birliyi, Həmrəyliyi və Müzəffər Ordumuzun qətiyyəti ilə torpaqlarımız işğaldan azad edildi. Xankəndi, Xocavənd, Xocalı, Ağdərə və bir çox kəndimiz işğalda qalsa da yaxın vaxtlarda onların da ölkəmizin bütövlüyünə qoşulması ilə ərazimiz tam bərpa olunacaq. Bu il Qarabağn işğaldan azad edilməsi və Milli Həmrəylik ilimiz kimi yaddaşlara həkk olundu. Hələ o zaman – 1992-ci ildə nicatımızın vətəndaş həmrəyliyindən, milli birlikdən keçdiyini mənəvi və siyasi ideologiya olaraq irəli sürdük. Zaman göstərdi ki, milli birlik, həmrəylik olmadan, qarşılıqlı anlaşma olmadan heç nəyə nail olmaq mümkün deyil. Bu gün də Azərbaycanın gələcəyi, dünyada səsimizin, sözümüzün, həqiqətimizin tanınması həmrəyliyimizdən keçir. Bizi xalq olaraq qarşıda hələ çox böyük hədəflər gözləyir. İstəsək də, istəməsək də – bu hədəflərə doğru getmək xalqımızın taleyinə, qismətinə yazılıb. Bu hədəflərə çatmağın yeganə yolu isə əlbəttə ki, həmrəyimizdən asılıdır.

    Əziz soydaşlar, bacılar və qardaşlar!

    31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi günü seçilməsi təsadüf deyil. Bu gün – mənəvi sərhədlərinin bərpası yolunda yalın əllə bütün dünyaya meydan oxuyan xalqın həmrəylik təntənəsi kimi yaddaşlara həkk olunub. Bu yaddaşı qorumaq, gücləndirmək hər birimizin borcudur. Hər birinizi bir daha təbrik edirəm və inanıram ki, milli hədəflərimizdə göstərəcəyiniz həmrəylik Azərbaycan adınadır və bu yolda hər birinizə uğurlar arzulayıram.

  • Arif Əliyev -60

    Bu tanınmış jurnalist Arif Əliyevin 60 yaşı tamam olur. Arif Əliyev 31 avqust 1960-cı ildə anadan olmuşdur. 1983 – Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunmuşdur. 1992-1993 – Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi olmuşdur. 1996-2005 – ABŞ-da, İngiltərədə, Niderlandda, Almaniyada, Fransada bacarıqları yaxşılaşdırmaq üçün xüsusi seminarlar və proqramlar hazırlamışdır. Azırbaycan mediasında bir çox uğurlu layihələrin yaradıcısı olmuşdur. 1995-ci ildən “Yeni Nəsil” Azərbaycan Jurnalistlər İttifaqının sədri, 1998-ci ildən Bakı Mətbuat Klubunun prezidentidir. Jurnalist peşəkarlığı və söz azadlığına aid 40-dan artıq beynəlxalq konfransın hazırlanması və keçirilməsində iştirak edib. Ölkədə ən nüfuzlu “Media açarı” Jurnalist mükafatının təsisçisidir. Qəzet və jurnallarda 800-dən artıq publisistik məqaləsi çap olunub, televiziya və radio verilişlərinin, sənədli filmlərin müəllifidir. 9 kitabın müəllifi və tərtibatçısıdır.
    Hələ sovet dövründə mərhum Nəcəf Nəcəfovla birgə çalışdığı “Molodyoj Azəerbaydjana” qəzetindən bu yana Arif Əliyev özünü prinsipial və peşəkar qəzetçi, peşə etikasına ciddi riayət edən jurnalist kimi göstərib. Azərbaycan Prezidentini mətbuat katibi olanda da A.Əliyev daima söz və mətbuat azadlığının tərəfdarı kimi çıxış edib, öz xidməti mövqeyindən mətbuatı inkişafı üçün istifadə edib. Arif bəy keçdiyi həyat yolu, mübarizəsi, düşünəsi ilə bir örnəyə çevrilib. Peşəkarlığı, hadisələrə özünəməxsus baxışı və müstəqil fəaliyyəti ilə Azərbaycan jurnalistlərinə nümunə olmağı bacaran Arig Əliyevi bir daha təbrik edir, ona haqq-ədalətin qorunması uğrunda mübarizəsində uğurlar, uzun və xoşbəxt ömür arzulayıram. arzulayıram!

    Sabir Rüstəmxanlı

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili

  • Abdulla Əmir Haşimi Cavanşir-70

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Güney Azərbaycan Konqresinin (GAK) sədri Abdulla Əmir Haşimi Cavanşiri 70 illik yubileyi münasibəti ilə təbrik edib.

    Təbrikdə deyilir: “İranda yaşadığı illərdə başı müsibətlər çəkmiş, həbslərə düşmüş, nəhayət, gizli yollarla Bakıya, buradan isə Avropaya mühacirət etmiş dəyərli ziyalımız Abdulla Əmir Haşimi Cavanşirin 70 yaşı tamam olur. Abdulla Haşimi  ötən əsrin 70-ci illərindən, hələ gənc yaşlarından Azərbaycanın güneyində milli istiqlal və hürriyyət uğrunda mübarizənin ön sıralarında olmuş, gizli təşkilatlardan tutmuş açıq siyasi təbliğatadək fəaliyyətdə olmuşdur. Texnoloji ixtisasa yiyələnməsinə baxmayaraq, Abdulla Əmir Haşimi milli-mənəvi dəyərlərimizlə bağlı, Ana dilimizin qorunması  sahəsində böyük xidmətlər göstərmişdir. Onun  Azərbaycan-türkcəsinə dair tərtib etdiyi  lüğətlər və  sözlərin dəqiq mənasını öyrənərək yeri-yerində işləilmsi üçün Güney Azərbaycan boyunca apardığı fədakar fəaliyyət əvəzolunmazdır. Abdulla bəin dilimiz, tariximiz, milli mental dəyərlərlə bağlı  araşdırmaları  böyük elmi əhəmiyyət daşıyır. Harda yaşamasımdan asılı olmayaraq Aabdulla Əmir Haşimi Azərbaycan üçün, Azərbaycan naminə çarpışmışdır. Onunla Dünya Azərbaycanlıları Konqresində birgə fəaliyyətimiz bu böyük mübarizə və fikir adamımızın Vətən sevgisini bir daha göstərdi.  Abdulla bəyi doğum günü  münasibətilə təbrik edir , ona  Bütöv və Azad  Azərbaycanda yaşamağı diləyirik”.

  • “Ədalət” qəzetinin kollektivinə

    30 il bundan öncə “Ədalət” adlı qəzet müstəqil mətbuatın ilk carçılarından, ilk qaranquşlarından biri kimi tarixə düşdü. “Ədalət” elə bir dövrdə, elə bir məqamda meydana çıxdı ki, onda hər gün yeni qəzetlər yaranır, cəmiyyətə yeni imzalar təqdim olunurdu. Üstəlik, həmin illərdə ölkədə senzuranın mövcud olduğu bir dövrdə “Ədalət” bütün çətinliklərə baxmayaraq problemlərə sinə gərməyi, ətrafında oxucu ordusu toplamağı bacaran çox az saylı qəzetlərdən birinə çevrildi. 30 il ərzində “Ədalət” qəzeti müstəqil media sahəsinə özünəməxsus töhfələr verə bilib. “Ədalət” qəzeti dövrünün ən oxunaqlı qəzetlərindən olmaqla yanaşı mətbuata bu gün yaxşı tanınan xeyli jurnalist imzası gətirib. Bu mənada qəzet həm də media tariximizdə jurnalistika məktəbi kimi iz qoiyub. Bu gün Azərbaycan mətbuatında jurnalistikanın obyektivlik prinsipini pozmayan azsaylı qəzetlərdən biri də “Ədalət”dir. Tutduğu dəsti-xətti qoruyub saxlayan “Ədalət”çilər hər zaman maraqlı mövzuları, hadisələrə yanaşma tərzləri və informasiya siyasəti ilə oxucuların diqqətini çəkib, onların rəğbətini qazanıb. Sevindirici haldır ki, bu gün də “Ədalət” qəzeti təsis edilən gündən qarşısına qoyduğu məqsədə, vəzifələrə, dövlətçiliyə xidmət missiyasına sadiq qalır. Qəzetin daim ciddi imici olub, peşə etikası prinsiplərinə əməl edib. Buna görə də qəzet bazarının getdikcə daraldığı bu günlərdə də “Ədalət” Azərbaycan mətbuatındakı mövqeyini qoruyub saxlaya bilib. Bu əlamətdar gün münasibətilə əziz dostum,millət vəkili Aqil Abbası və çox dəyərli xanım yazarımız İradə xanımı, ümumilikdə qəzetin yükünün ağırlığını çiyinlərində daşıyan kollektivi, indiyədək burada əməyi keçmiş, hazırda başqa mətbuat orqanlarında, dövlət müəssisələrində çalışan “Ədalətçi”çi dostlarımı təbrik edirəm!

     

    Hörmətlə

    Sabir Rüstəmxanlı

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri,

    Millət vəkili, xalq şairi

  • Azərbaycan sözünün Yunus Oğuz yolu

    Azərbaycan tarixinin son illəri qədər ağrılı olaylarla yadda qalsa da bu olayların gedişatında xalqın dəyərli ziyalılarının önə çıxması ilə də fərqləndi. Xüsusilə Milli Azadlıq Hərəkatının dalğasında millətin önünə çıxan şəxsiyyətlər, onların ömür yolu və mübarizəsi illər sonra gələcək nəsillər üçün də araşdırma və örnək mövzusu olacaq. Təəssüf ki, tarixin keşməkeşi, siyasi proseslər bu şəxslərin bir çoxunun öz patensialını, elmi və əqli bacarıqlarını tam şəkildə xalqa sərf etməsinə imkan vermədi. Amma bütün dolanbacları uğurla dəf edib öz yolunu davam edən, daxili güc və bacarığını bu gün də xalq üçün yönəldən insanlarımız da var. Bu baxımdan gənc yaşlarından Milli Azadlıq Hərəkatına qoşulan, gizli təşkilatlardan milli hökumətdə vəzifəyə qədər yol gələn dəyərli dostumuz Yunus Oğuz xüsusilə fərqlənir və qürur verir.

    Bu gün 60 yaşını tamamlayan Yunus bəy gəncliyinin ilk mərhələsində fəhləlikdən başlayan işi ilə Azərbaycan Respublikası Prezidentinin müşaviri postuna qədər yüksəlib. 1988-ci ildən ölkədə baş qaldıran Milli Azadlıq Hərəkatı əksəriyyət gənclər kimi Yunus Oğuzu da bu proseslərə cəlb edir və o, aktiv şəkildə hərəkata qoşulur. Milli Azadlıq Hərəkatı zamanı o dövrün fəal siyasi xadimləri ilə yaxından ünsiyyət Yunus Oğuzu siyasi proseslərin aktiv iştirakçısına çevirir. Hərəkat və siyasət meydanında ardıcıl mübarizəsinə rəğmən Yunus bəy hər zaman qələminə sadiq qalmış, yazar istedadından ayrılmamışdır. Hələ gənc yaşlarından yaradıcılığa, yazı-pozu işlərinə böyük maraq göstərən Yunus Oğuz 1989-1991-ci illərdə “Azad söz” qəzeti, həmçinin Xüsusi bulletenlərin qeyri-leqal nəşrinə rəhbərlik edib. Bu həmin dövr idi ki, azad sözə qarşı ciddi basqılar var idi. Hətta bu missiyanı həyata keçirənlərin yolu bir çox hallarda zindanlardan keçirdi. Lakin Yunus bəy xalqın maarifləndirilməsi, cəmiyyətin ictimai-siyasi proseslər barədə bilgiləndirilməsini rahat həyat tərzi, şəxsi maraqlardan üstün tutub. 1995-ci ildən “Olaylar” İnformasiya Agentliyini təsis edən Yunus bəy bu gün ölkənin əsas xəbər qaynaqlarından birinə çevrilən bu qurumda “Dövlət, millət, əxlaq” prinsiplərini əsas tutmuş, bütün ötən illər ərzində bu prinsiplərdən yan keçməmişdir. Yunus Oğuz media fəaliyyəti ilə öz prinsipial mövqeyinə sadiq qalaraq Azərbaycan dövlətinə, xalqımızın maraqlarına əzmkarlıqla xidmət edir, əsl vətənpərvərlik və təəssübkeşlik nümunəsi göstərir. Bəlkə də talenin bir qismətidir ki, Yunus Oğuz məhz 22 iyul-Milli Mətbuatın yaranma günündə dünyaya gəlib.

    Günümüzdə yazıçı-publisist, tarixi romanlar müəllifi kimi tanınan Yunus Oğuz bədii və elmi yaradıcılığa şerlə başlayıb. Son illər isə Yunus Oğuz təkcə Azərbaycanda deyil, eləcə də ölkənin hüdudlarından kənarda türk tarixinin araşdırmaçısı, tarixi romanlar müəllifi kimi tanınır. Yunus Oğuzun yaradıcılığında türk tarixinin araşdırılması, əsl tarixi gerçəkliklərin üzə çıxarılması əsas istiqamət təşkil edir. Yazıçının qələmə aldığı tarixi romanları mütaliə edərkən bir şeyin şahidi oluruq. Belə ki, Yunus Oğuzun tarixi əsərlərinin qəhrəmanlarını ayıran cəhətlər çox olsa da, onları birləşdirən ən önəmli cəhət hamısının türk olmasıdır. Attila, Nadir şah, Təhmasib şah, Əmir Teymur, Alp Arslan və qarşıdakı zaman kəsimində sırada yer alacaq digər hökmdar və sərkərdələr. Əgər Sovetlər dönəmində həm Nadir şah, həm Əmir Teymur, həm də digər türk sərkərdələri o zamankı ideologiyaya uyğun olaraq qaniçən, zalım kimi qələmə verilirdisə, Yunus Oğuz bu tarixi yalnışlığı aşkar edərək əsl gerçəklikləri üzə çıxardı. Yazıçı “Nadir şah”la uzun illər bu dahi sərkərdə barədə beynimizə yeridilmiş stereotipləri dağıtdı. Ən əsası Yunus Oğuz öz oxucusuna çatdırdı ki, Avşar qəbiləsinə mənsub Nadir şah yalnız bir məqsəd uğrunda mübarizə aparırdı ki, o da vahid Azərbaycan dövləti yaratmaq idi. Yazıçının geniş oxucu kütləsinə malik olan “Attila”, “Nadir şah”, “Qədim Anadolu və Azərbaycan türkləri”, “Qarabağ-nəzarətsiz zona”, “Türkün tarixinə yeni bir baxış”, “Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında”, “Təhmasib şah”, 2 cildlik “Əmir Teymur” əsərləri oxucular tərəfindən sevilir, maraqla oxunur.

    Bu gün həm Azərbaycan siyasi səhnəsində, həm mediada, həm də nəsrimizdə özünəməxsus mövqe sahibi olan Yunus Oğuzun 60 yaşı tamam olur. Yunuz bəyi doğum günü münasibəti ilə təbrik edir ona daha böyük uğurlar diləyirəm.

    Sabir Rüstəmxanlı

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili

     

  • Azərbaycanın milli mətbuatının yaranmasından 145 il ötür

    Azərbaycanın milli mətbuatının yaranmasından 145 il ötür. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan mətbuatı bu müddət ərzində Azərbaycan mətbuatı keşməkeşli bir tarix yaşayıb, ağır sınaqlardan keçib,şərəfli bir missiya daşıyıb. Ötən əsrin əvvəllərində milli oyanış hərakatının önündə gedən mətbuatımız 90-cı illərdən başlayaraq istiqlalımız uğrunda mübarizənin də önündə oldu. Milli Azadlıq Hərəkatının, bütöv bir xalqın azadlıq ruhunun tribunasına çevrilən mətbuat Azərbaycanın müstəqillik qazanmasında misilsiz xidmətlər göstərdi; hazırda isə müstəqil ölkənin demokratikləşməsi, vətəndaş cəmiyyətinin qurulması prosesində yenə də mətbuat cəmiyyətin avanqardı rolunu oynamaqdadır.,Birinci Qarabağ savaşı, demokratiya uğrunda mübarizə, keçid dövrü və digər mərhələlərdə, proseslərdə jurnalistlər, mətbuat işçiləri də çətin və şərəfli bir missiya daşıyıblar. Bütün dövrlərdə jurnalistlər peşə borcunu yerinə yetirərkən dövlətimizin və millətimizin maraqlarını qorumağa çalışmış, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, ölkədə insan haqlarının qorunması və demokratikləşmə uğrunda mübarizədə əvəzsiz rol oynamış, Azərbaycanın imicinin yüksəldilməsi üçün əllərindən gələni etmişlər. Ölkənin inkişafı, demokratik durumu, insan haqları, azad söz və s. sivill dünyanın atributları ilk növbədə mətbuatdan sezilir. Başqa sözlə, hər bir ölkənin mətbuatı həmin dövlətin və cəmiyyətin güzgüsüdür. Təəssüf ki, hələ də Azərbaycan mətbuatında ciddi problemlər qalmaqdadır. Mətbuatın problemləri dövlət səviyyəsində həll edilməlidir. Biz bütün çətinliklər qarşısında Azərbaycan jurnalistikasının əzmkarlığının şahidi olmuşuq.
    Hörmətli media nümayəndələri!
    Sizi Milli Mətbuat günü münasibəti ilə təbrik edir, sizə fəaliyyətinizdə uğurlar arzulayırıq. Vətəndaş Həmrəyliyi Partiyası olaraq hər zaman Azad Sözün yanında olduğumuzu bir daha bəyan edir və inanırıq ki, siz öz mütəşəkkilliyiniz və mübarizliyinizlə bütün çətinlikləri dəf edəcək, hətta belə çətin şəraitdə də ölkədə fəaliyyət göstərən digər demokratik təsisatlarla birlikdə mətbuatımızın inkişafına nail ola biləcəksiniz. Biz bu şərəfli yolda, böyük və yenilməz Azərbaycan uğrunda mübarizədə sizə uğurlar arzu edirik. Tanrı sizə yar olsun!.

    Sabir Rüstəmxanlı
    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili

  • Sabir Rüstəmxanlı ABŞ səfirini təbrik edib

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı ABŞ-ın dövlət müstəqilliyinin 244-cü il dönümü münasibəti ilə ABŞ ölkəmizdəki səfiri cənab Li Litzenberqerə təbrik məktubu göndərib.
    Məktubda deyilir:
    “ABŞ-ın dövlət müstəqilliyi günü münasibətilə sizi və sizin timsalınızda Amerika xalqını səmimi qəlbdən təbrik edirəm!
    Birləşmiş Ştatlar Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə səfirlik səviyyəsində təmsil olunan ilk ölkələr sırasındadır. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və suverenliyinin qorunmasında ABŞ-ın mövqeyi və dəstəyi hər zaman hiss olunub. Azərbaycan xalqı ərazi bütövlüyümüzün bərpasında ABŞ-ın daim ədalətli mövqeyini qoruyub saxlayacağına və qlobal siderlik missiyasına uyğun addımlar atacağına inanır.
    Dünyamızın pandemiya ilə mübarizə apardığı bu çətin zamanda da Azərbaycan və Amerika xalqları həmrəylik nümayiş etdirməkdədirlər. Ümid edirik ki, Azərbaycan-ABŞ dostluq və tərəfdaşlıq münasibətləri birgə səylərimizlə bundan sonra daha da genişlənəcək.
    Cənab səfir!
    Bir daha sizi və xalqınızı təbrik edir, bu məsuliyyətli dövrdə sizə və xalqınıza möhkəm cansağlığı, uğurlar və rifah arzulayıram.

  • Sabir Rüstəmxanlıdan Böyük Britaniya təbrik

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Böyük Britaniya və Şimali İrlandiya Birləşmış Krallığının milli bayramı – Kraliçanın Təvəllüd Günü təbrik məktubu yazıb. Böyük Britaniyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri

    cənab Ceyms Şarpa ünvanlanan məktubda deyilir: “Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası xanım II Elizabetin doğum günü münasibəti ilə səmimi təbriklərimizi qəbul edin. Ölkənizin milli bayramı – Kraliçanın Təvəllüd Gününüz münasibətilə Birləşmiş Krallığın dost xalqını təbrik edirəm.

    Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası II Elizabetə möhkəm can sağlığı arzulayıram.

    Hörmətli cənab Səfir!

    Bir daha Sizi milli bayram – Kraliçanın Təvəllüd Günü münasibəti ilə təbrik edir, Sizə diplomatik fəaliyyətinizdə uğurlar, şəxsi həyatınızda xoşbəxtlik arzulayıram”.

  • Sabir Rüstəmxanlı Rusiya səfirini təbrik edib

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri cənab Boçarnikov Mixail Nikolayeviçi Rusiya günü münasibəti ilə təbrik məktub göndərib. Məktubda millət vəkili “Rusiya günü”nün tarixinə toxunub: “1990-cı il iyunun 12-də RSFSR-in dövlət suverenliyi haqqında bəyannamənin qəbulu Rusiyanın tarixində yeni mərhələnin başlanğıcı oldu. Bununla Rusiya tarixdə ilk dəfə siyasi plüralizm, demokratiya, bazar iqtisadiyyatı yoluna qədəm qoydu. Bu proses həm də sovet respublikalarının dövlət müstəqilliyi qazanması prosesinə ciddi təkan vermiş oldu”.

    Sabir Rüstəmxanlı məktubda Azərbaycan Rusiya münasibətlərinə toxunaraq səfirə xoş arzularını çatdırıb: “Azərbaycan ictimaiyyəti Rusiya dövlətinin ölkəmizin ərazi bütövlüyünün bərpası üçün mövqeyini hər zaman diqqətlə izləyib. İnanırıq ki, Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonra böyük tarixi keçmişə malik Rusiya-Azərbaycan münasibətləri daha uğurlu və dinamik inkişaf yoluna qədəm qoyacaq.

    Hörmətli cənab Səfir!

    Bir daha Sizi Rusiya günü münasibəti ilə təbrik edir, Sizə diplomatik fəaliyyətinizdə uğurlar, şəxsi həyatınızda xoşbəxtlik arzulayıram”.