Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı “525-ci qəzet”i yaranmasının 30 illiyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:
“Hörmətli Rəşad Məcid və “525-ci qəzet”in əməkdaşları!
Qəzetinizin 30 yaşını ürəkdən təbrik edirəm!
“525-ci qəzet” mənim üçün xüsusilə doğmadır. Sevinirəm ki, Azərbaycan mediasında öz dəsti xətti və nüfuzu olan bu qəzetin qeydiyyat sənədini mən imzalamışam.
Azərbaycan ictimai-siyasi mühitində bitərəfliyini qoruyan qəzet ədəbi mövzuları və milli mədəni məsələlərı daim diqqətdə saxlamaqla ziyalıların sevimli qəzetinə çevrilib.
Bir sözlə, dövrümüzün mürəkkəb mühitində, informasiya bolluğu şəraitində “525-ci qəzet” şərəfli inkişaf yolu keçmiş, öz siması, mövqeyi və üslubu olan mətbuat orqanı kimi oxucuların rəğbətini qazanmışdır.
Əziz “525-ci qəzet”in kollektivi! Sizi bir daha ürəkdən təbrik edir, can sağlığı, yeni uğurlar arzulayram.
Category: Təbrik
-
525-ci qəzet-30
-
17 noyabrda – millətimiz birliyinin, həmrəyliyinin, gücünün təntənəsini yaşadı
17 Noyabr – Milli Dirçəliş günü ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:
“Əziz soydaşlar!
34 il öncə – 1988-ci ilin 17 noyabrında milyonlarla insan Meydana toplandı və biz bir millət, xalq olaraq öz iradəmizi ortalığa qoyduq, azadlığa haqqı çatan xalq olduğumuzu bütün dünyaya bəyan etdik. Məhz Meydan hərəkatından başlayan böyük bir mübarizənin nəticəsində xalqımız öz istiqlalına qovuşdu.
17 noyabr – 70 il əsarətdə yaşayan və repressiyalar, qadağalar içində sıxılan bir xalq gücünün hayqırtısı, böyük enerjinin birdən-birə üzə çıxması idi!
17 noyabrda – millətimiz birliyinin, həmrəyliyinin, gücünün təntənəsini yaşadı və bu təntənə layiq olduğu qələbəni, ölkənin müstəqilliyini təmin etdi.
17 noyabr bu mənada həm də Zəfər səhifəmizin başlanğıcı idi. Biz bir də 44 günlük Vətən müharibəsində bu Milli birliklə düşməni yendik.
Tariximizin ən işıqlı səhifələrindən olan Milli Dirçəliş günü münasibətilə hamınızı təbrik edir və dövlətimizin güclənməsi, vətənimizin bütövlüyü uğrunda şərəfli yolda sizlərə uğurlar arzulayıram. İstiqlalımız əbədi, Bütövlüyümüz gerçək olsun!” -
VHP sədrinin 18 oktyabr təbriki
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı 18 Oktyabr – Müstəqillik günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.Təbrikdə deyilir:
“Əziz soydaşlar!
18 Oktyabr Dövlət Müstəqilliyinin Bərpası günü münasibəti ilə hamınızı təbrik edir, Sizə uzun ömür can sağlığı arzulayıram.
1991-ci il oktyabrın 18-də parlament tərəfindən “Müstəqilllik Haqqında Konstitusiya Aktı” qəbul olundu. 1918-20-ci illərdə böyük öndər M. Ə. Rəsulzadənin liderliyi ilə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi olan yeni müstəqil dövlətimiz quruldu və bu, çağdaş tariximizin çox şərəfli bir səhifəsinə çevrildi. Bu gün xalqımızın həyatında müstəsna əhəmiyyətə malik, Azərbaycan tarixinə qızılı həriflərlə yazılmış bir gündür. Ömrünü dövlətin azadlığı və müstəqilliyinə həsr etmiş, bu yolda bütün təzyiqlərə, çətinliklərə, ölüm hədələrinə, repressiyalar sinə gərmiş Azərbaycan xalqı üçün müstəqilliyin əhəmiyyətini sözlə ifadə etmək mümkün deyil. Həmin gün Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan etdi. 1918-20-ci illərdə böyük öndər M. Ə. Rəsulzadənin liderliyi ilə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi olan yeni müstəqil dövlətimiz quruldu və bu, çağdaş tariximizin çox şərəfli bir səhifəsinə çevrildi.
Artıq iki ildir Dövlət Müstəqilliyinin Bərpası gününü xüsusi sevinc və coşqu ilə qeyd edirik. Bu gün Azərbaycan istiqlalının və bu istiqlalı ötən əsrin əvvəlində elən edən böyüklərin ucaltdığı üçrəngli bayraq Şuşada dalğalanır. Qarabağ savaşını qələbə ilə bitirən xalqımızın Azərbaycan dövlətini, bütövlüyümüzü və istiqlalımızı əbədi qoruyacağına inanırıq.Əziz soydaşlar, bacılar və qardaşlar!
Mən bir daha Sizi bayram münasibəti ilə təbrik edir, hamınıza xoşbəxtlik, uğurlar və fəal vətəndaşlıq mövqeyi arzulayıram.
Tanrı Azərbaycanımızı qorusun!” -
Elxan Mirzəyev -76
Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədrinin müavini, professor Elxan Mirzəyevin doğum günüdür.Elxan bəy VHP-nin veteran üzvlərindəndir. Onun keçdiyi həyat yolu gənc nəslin hər bir üzvü üçün örnək ola bilər. Dünynın bir çox nüfuzlu elm mərkəzlərində olan Elxan bəy hər zaman vətəndaş mövqeyində dayanmış, Azərbaycan maraqlarının keşiyində durmuşdur. 1990-cı ildə Sankt-Peterburq və Moskva Dövlət universitetlərində elmi təcrübə keçirərkən təzyiqlərə baxmayaraq, 20 yanvar hadisələri ilə bağlı şəhidlərimizin faciəli ölüm səhnələrinin fotolarının sərgisini təşkil etməsi, 1996-cl ildə Amerika Birləşmiş Ştatlarının İREX kampaniyasının elm və təhsil ilə bağlı keçirdiyi müsabiqənin qalibi kimi Vermond ştatında dörd aylıq elmi-pedaqoji təcrübədə olarkən Vermond Universiteti və Sent Mayklz Kollecində Xocalı faciəsinin fotolarınının nümayişini keçirməsi bunun təsdiqidir. Elxan bəyin həyat yolunda maraqlı hadisələrdən biri də 1996-cı il ABŞ-ın prezident seşkilərində qalib gələn Bill Klintonu ilk azərbaycanlı kimi Azərbaycan xalqı adından təbrik etməsi və Prezidentin şəxsi imzası ilə cavab olaraq təşəkkür məktubu almasıdır.Elxan bəyi VHP ailəsi adından səmimi qəlbdən təbrik edir, ona uzun ömür can sağlığı arzulayırıq. -
Faiq Ağayev -65
Vətəndaş Həmrəyliyi Partiyası Masallı rayon təşkilatının sədri Faiq Ağayevin 65 yaşı tamam olur.Faiq bəy bütün ömrü boyu zəhməti və zəkası ilə ucalaraq bu günkü sevgi və sayğı zirvəsini fəth edib. O gənc yaşlarından mütəxəssis kimi seçilərək müxtəlif sahələrdə özünü doğrultmuş, həm ictimai həm də peşə fəaliyyətində müsbət mənada fərqlənmişdir. Şəxsiyyətinin dürüstlüyü, elmi, hər zaman haqqın yanında olması Faiq bəyi el obsında əsl ziyalı kimi sevdirib. Faiq bəy uzun müddətdir ki, VHP sıralarındadır və partiyanın dəyərıli simalarından biridir.
Faiq bəyi doğum günü münasibətilə təbrik edir, ona uzun ömür və can sağlığı arzulayırıq.Hörmətlə,
VHP Siyasi Şurası
-
Arif İsmayılbəyli – 65
Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurası partiya sədrinin müavini Arif İsmayılbəylini 65 illik yubileyi münasibətilə təbrik edib.Təbrikdə deyilir:Hörmətli Arif bəy!Sizi 65 illik yubileyiniz müasibəti ilə təbrik edir, sizə can sağlığı, uğurlar arzulayırıq.Siz gənclik illərindən Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda başlayan mübarizənin önündə olmusunuz. Siz hələ milli-azadlıq hərəkatından öncə başlayan gizli dərnəklərdə fəaliyyətinzlə milli mücadilə yolunu seçmisiniz. Bu prosesin davamı olaraq Xalq Hərəkatının da öncüllərindən biri kimi Lənkəran ziyalılarının Milli Azadlıq Hərəkatında səfərbər olunması və hədəflərimizə çatmaqda böyük xidmətlər göstərmisiniz.1992-93-cü illərdə Lənkəran rayon İcra Hakimiyyəti başçısının birinci müavini olaraq gördüyünüz işlər, apardığınız islahatlar hələ də yaddaşlardadır. Sizin birbaşa təşkilatçılığınız və iştirakınızla müharibə bölgəsinə, birbaşa cəbhənin ən qaynar nöqtələrinə xalq yardımlarının çatdırılması həmin dövrdə aparılan döyüşlərin taleyinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir.Siz 1993-cü ildən sonra da ictimai-siyasi həyatdan ayrılmadınız və Azərbaycanda demokratik, hüquqi dövlətin, vətəndaş cəmiyyətinin qurulması istiqamətində var qüvvənizlə çalışdınız.20 ildən artıqdır ki, milli demokratik mübarizənzi ideologiyasına üz tutmağınız və demokratik mübarizənizi VHP sıralarında davam etdirirsiniz və gənclik üçün mübarizlik, dönməzlik örnəyi yaratmısınız. Həyatın çətinlikləri, ağrı acıları sizin əqidənizi dəyişməmiş, əksinə hər zaman qətiyyətli və iradəli Arif İsmayılbəyli obrazını bir qədər də mükəmməlləşdirmişdir.Hörmətli Arif bəy!Bir daha Sizi 65 illik yubileyiniz münasibəti ilə təbrik edir, sizə uzun və xoç ömür, siyasi mübarizənizdə və fəaliyyətinizdə uğurlar arzulayırıq.Sayğılarla,Sabir Rüstəmxanlı və VHP Siyasi Şurasının üzvləri -
Sabir Rüstəmxanlının 28 may təbriki
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlının 28 may Cümhiriyyət günü ilə bağlı təbriki.Təbrikdə deyilir:
“Əziz bacılar və qardaşlar!
Dəyərli soydaşlarımız!
Sizin hər birinizi 28 May Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu tarix xalqımızın qan yaddaşında ən möhtəşəm və parlaq səhifədir. Məhz 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin liderliyi ilə Türk-İslam dünyasında, Şərqdə ilk dəfə olaraq demokratik respublika – Xalq Cümhuriyyəti elan edilib! Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdı. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyuk nəaliyyətlər və qalibiyyətlər əldə etdi. Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində başda M.Ə.Rəsulzadə olmaqla Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoylunun, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olub. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Təsadüfi deyil ki, XX əsrin sonlarında Azərbaycan xalqı öz istiqlal mücadiləsinə başlayanda da məhz Xalq Cumhuriyyətinin ideyaları ilə silahlandı, başı üzərində bu dövlətin atributlarını dalğalandırdı. Əsrin sonlarında Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” kəlamı öz təsdiqini tapdı və xalqımız yenidən müstəqilliyə qovuşdu. 1991-ci ilin oktyabrında Dövləq Müstəqilliyinin bərpa olunması ilə Xalq Cümhuriyyətinin yarımçıq qalmış idealları da gerçəkləşdirməyə başladı. Dövlət Müstəqilliyimizi qazansaq da ərazimiz işğal olundu, yüz minlərlə soydaşımız didərgin düşdü, on minlərlə övladımız şəhid oldu. 30 ildən sonra Qələbə, Zəfər işığına bürünən Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş ölkə kimi Respublika Gününü qeyd edir. Xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli müqəddəs bayrağımız bu gün daha əzəmətlə dalğalanır.
Bayramın mübarək, Azərbaycan! Tanrı
Zəfərimizi əbədi, Qələbəmiz bol etsin!”. -
Sabir Rüstəmxanlı İsrail səfirini təbrik etdi
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Millət Vəkili Sabir Rüstəmxanlı İsrailin müstəqillik günü münasibətilə İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Corc Dikə təbrik məktubu ünvanlayıb.Məktubda deyilir: “Hörmətli cənab Səfir! İsrail Dövlətinin Milli Günü münasibətilə İsrail hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi bildiririk. Azərbaycan-İsrail əlaqələri xalqlarımız arasında tarixən mövcud olmuş sıx dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Azərbaycan Respublikası müsəlman-yəhudi birgəyaşayışının parlaq nümunəsidir. Azərbaycanlılarla yəhudilərin qardaş-bacı kimi sülh və əminamanlıq şəraitində birgə yaşayışının uzunömürlü tarixi var. Bir daha Sizi və bütün yəhudi xalqını Milli Gününüz münasibətilə təbrik edirəm! Yaşasın Azərbaycan-İsrail dostluğu!”
-
VHP sədri Sabir Rüstəmxanlının Ramazan bayramı təbriki
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:
Əziz soydaşlarım! Bacılar və qardaşlar!
Sizi Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Bu ayda insanlar Tanrı qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.
Ramazan ayının millətimizə, ölkəmizə, bütün dünyaya, insanlığa xeyir, bəşəriyyətə sülh gətirməsini, işğaldan azad olan torpaqlarımızın abad olunaraq xalqımızın xoşbəxt, əmin-amanlıq və firavanlıq içərisində yaşamasını, ölkəmizdə milli həmrəyliyin daimi olmasını, qardaşlıq və dostluq duyğularının qüvvətlənməsini arzulayıram.
Əziz soydaşlarımız! Sizin dua və diləklər, saf niyyətlər Tanrı dərgahında qəbul olunsun , Uca Yaradan öz mərhəmətini xalqımızdan, dövlətimizdən əsirgəməsin.
Allah oruc və dualarınızı qəbul etsin! -
Fəzail İbrahimli – 71
Bu gün VHP sədrinin müavini Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini və komitə sədri, millət vəkili, prof. Fəzail İbrahimlinin doğum günüdür.
Fəzail İbrahimli 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Azərbaycan Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsil alıb. F.İbrahimli 1973-1977-ci illərdə Yardımlı rayonunun Çanaxbulaq kənd məktəbində müəllim işləyib. 1979-1982-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant, 1982-ci ildən Bakı Dövlət Universitetində Kommunist Partiyası Tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Hazırda Azərbaycan Tarixi kafedrasının professorudur. 1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvü olan İbrahimlinin bir monoqrafiyası, bir kitabı, bir dərsliyi və 60-a qədər elmi məqaləsi var. 2000, 2005, 2010, 2020-ci illərdə keçirilən parlament seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasından Milli Məclisə üzv seçilib.
2020-ci ildə müstəqillik tariximizdə ilk dəfə müxalifətdən olan deputat kimi vitse-spiker seçilib. Ömrünün yetmiş birinci baharına qədəm qoyan Fəzail bəyi ürəkdən təbrik edirik.
Xarakterində yüksək insani keyfiyyətləri cəmləşdirən, xalqına, dövlətinə bağlı olan, uşaqdan- böyüyə hər bir Azərbaycan vətəndaşına qayğı ilə yanaşan, sevgi bəsləyən və onlara xidmət etməyi özünə şərəf bilən Fəzail İbrahimli Millət vəkili olaraq daim xalqın yanında olmuş, onun problemlərinin aradan qaldırılması uğrunda cəsarətli çıxışları ilə seçilir, həmin problemlərin həlli yolunda ardıcıl fəaliyyət göstərir. Fəzail İbrahimli siyasətçi, deputat olmaqla yanaşı, həm də Azərbaycanın tanınmış alimidir. Uzun illərdir Milli Məclisdə təmsil olunur. İctimai-siyasi sahədə böyük təcrübəyə malikdir, belə insanların təcrübəsi ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir. Bir insan, alim, müəllim, millət vəkili, siyasətçi kimi bu sahələrin hər birində Fəzail bəyin xarakterinin, şəxsiyyətinin bir gözəl tərəfi üzə çıxır.
VHP Siyasi Şurası olaraq, bütün VHP üzvləri adından böyük ziyalılıq keyfiyyətləri ilə hər birimizin sevimlisinə çevrilən dəyərli partiyadaşımızı, millət vəkilimizi, müasir Azərbaycan siyasətinin tanınmış simalarından biri olan, ardıcıl mövqeyi ilə, prinsipial xətti ilə fərqlənən, qayğıkeş ailə başçısı olan Fəzail bəyi doğum günü münasibətiylə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, ailə sevinci, çətin və şərəfli fəaliyyətində yeni – yeni nəaliyyətlər diləyirik.Hörmətlə,
VHP Siyasi Şurası