Vətəndaş Həmrəyliyi Partiyası

Category: Təbrik

  • Sabir Rüstəmxanlı qadınları təbrik etdi

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət vəkili Sabir Rüstəmxanlı 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib.

    Təbrikdə deyilir: “

    Hörmətli xanımlar!

    Əziz analar və bacılar!

    Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və müvəffəqiyyətlər arzulayıram.

    Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir.

    Bu bayram günündə torpaqlarımızın  müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın əziz xatirəsini ehtiramla yad edir, bütün şəhid anaları və xanımlarına, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarına, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarına bayram təbriklərimi çatdırır, yüksək hörmət və ehtiramımı ifadə edirəm.

    Əziz analar və bacılar! Dünyanın heç bir qadını gözəllikdə, sədaqətdə, dürüstlükdə, zəhmətdə sizi əvəz edə bilməz!

    Dünyanın heç bir qadını ailəsini sizin qədər fədakarlıqla qoruya bilməz!

    Dünyanın ən gözəl sözləri sizin qarşınızda təsirini itirir.

    Siz dünyanın ən xoşbəxt qadını olmağa layiqsiniz.  Bir daha sizləri təbrik edir, sizə sayğımı və sevgimi bildirirəm!

  • Ədalət Məmmədov – 70

    Vətəndaş Həmrəyliyi Partiyasının Şamaxı Rayon Təşkilatının
    sədri Ədalət Məmmədovun
    70 yaşı tamam olması münasibəti ilə:

    Hörmətli Ədalət bəy!

    Sizi 70 yaşınızın tamam olması münasibətilə səmimi qəlbdən təbrik edirəm. Siz Vətəndaş Həmrəyliyi Partiyasının ilk qurucularından biri kimi 1993-cü ildən etibarən VHP Şamaxı rayon təşkilatına rəhbərlik edirsiniz. Bu illər ərzində Siz ictimai-siyasi fəaliyyətinizlə dövlətçilik ənənələrinə və həmrəylik ideyasına sadiqli olmusunuz. Bu yaşınızda da partiya fəaliyyətində aktiv iştirakınız sizin əqidə və vətənpərvərlik sədaqətinizin təsdiqidir.
    Dəyərli qələm sahibi kimi Siz 20-yə yaxın kitabın müəllifisiniz və 2009- cu ildə Şamaxının tarixi və təhsilinə həsr etdiyiniz “Şamaxı təhsil tarixi” kitabı sizə böyük şöhrət qazandırmışdır. Həmçinin dissertasiya işiniz olan “Qabilin sənət dünyası” kitabınız da geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb. Siz həm də peşəkar pedaqoq kimi böyük bir kadr ordusu yetişdirmisiniz .
    Nümunəvi ailə başçısı və əsl ziyalı örnəyi kimi Sizi doğum günü münasibətilə bir daha təbrik edir, Sizə uzun ömür can sağlığı arzulayıram.

    Sayğılarla,
    Sabir Rüstəmxanlı
    Xalq şairi, Millət vəkili
    Vətəndaş Həmrəyliyi Partiyasının sədri

  • Sabir Rüstəmxanlının Zəfər bayramı təbriki

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı 8 noyabr Zəfər bayramı ilə bağlı Azərbaycan xalqını təbrik edib.

    Təbrikdə düyilir:
    “Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı haqq savaşında inanılmaz uğurlar əldə etdi, cəmi 44 günə mümkünsüzü mümkün etdi! Haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin – Azərbaycanın var olduğunu bütün dünyaya sübut etdik.
    Düşmənin 30 il ərzində  milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası, Şuşa uğrunda aparılan savaşlar dünya hərb tarixində xüsusi yer tutmağa layiqdir. Özəlliklə Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü, ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Azərbaycanın milli qüruru, istiqlalı, ərazi bütövlüyü uğrunda canını fəda edən minlərlə şəhidimiz “Torpaq uğrunda ölən varsa Vətəndir” həqiqətini dünyaya bir daha  sübut etdi. Şəhidlərimizin ruhu qarşısında bu gün bir daha baş əyirik, onların xatirəsi hər zaman sevgi və sayğıyla anılacaq. Bu günkü Zəfər Bayramımıza atılan ən şərəfli imza onların imzasıdır!
    Bütün böyük hərbi qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyidir. İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşmək bacarığını nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakarlıqla fəaliyyət göstərirdilər. Müharibənin gedişində Azərbaycanın bütün vətəndaşları etnik, sosial, dini fərqlərə  baxmayaraq, bütövləşdi. Və nəticədə, Ermənistanın hərbi kaputilyasiyasına nail olduq!
    Haqq savaşında qazandığı Zəfərlə müstəqil Azərbaycan dövləti:
    -itirilmiş qədim torpaqlarını işğalçılardan təmizlədi, ərazi bütövlüyünü təmin etdi;.
    – Qəhrəman Ordumuz hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərdi;
    – Ölkədə möhtəşəm birliyə nail olundu;
    – Dünyanı yalançı erməni uydurmalarından və erməni faşizmindən xilas etdi;.
    – Ermənistan Respublikasına, daha çox isə erməni xalqına xəyalpərəst yuxudan ayılmaq, region ölkələri ilə qarşılıqlı etimad əsasında özünün yeni həyatını qurmaq üçün şans yaratdı;.
    Vətən müharibəsində qazanılmış Zəfərdən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanılıb. Azərbaycan xalqı Böyük Qayıdış ərəfəsindədir.  Zəfərin yaratmış olduğu imkanlar və uzunmüddətli perspektiv xalqımızın, xüsusilə  kökü bilavasitə Qərbi Azərbaycanla bağlı olan həmvətənlərimizin tarixi torpaqlarımiza İrəvana, Zəngəzura və Göyçəyə dinc yolla qayıdışı proseslərini gücləndirəcəkdir.
    8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarix gün,  Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür! Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA qoydu!
    Zəfər bayramı bizim halal haqqımızdır! Zəfər  bayramımız mübarək olsun!
    Yaşasın Azərbaycan!”.

  • Lalə Şövkət-70

    Azərbaycan ictimai-siyasi həyatında özünəməxsus, təkrarolunmaz mövqeyə sahib olan Lalə Şövkət Hacıyevanın 70 yaşı tamam olur. Bu münasibətlə Vətəndaş Həmrəyliyi Partiyası Lalə xanımı təbrik edib. Təbrikdə deyilir:
    ” Əziz Lalə xanım, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik.
    Sizin yüksək intellektiniz, zəngin siyasi təcrübəniz, keçdiyiniz parlaq və nümunəvi siyasi yol istənilən siyasətçi üçün etalon ola bilər. Yüksək mənəvi keyfiyyətlərə əsaslanan fəaliyyətiniz Sizə Azərbaycanın ən yeni tarixində xüsusi yer qazandırıb. Siz Azərbaycam qadınının tarixən formalaşan cəsarət, mübarizlik və ləyaqət dəyərlərini siyasətə gətirərək “olduğunuz kimi görünmüş, göründüyünüz kimi olmusunuz”.
    Hörmətli Lalə xanım!
    Sizi bir daha yubileyiniz münasibəti ilə səmimiyyətlə təbrik edir, Şəxsinizə uzun ömür, can sağlığı arzulayı, həyat idealınız olan bütöv, qüdrətli, demokratik Azərbaycan quruculuğuna yönəlik mübarizənizdə uğurlar diləyirik.

  • Sabir Rüstəmxanlı: “18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs bir gündür”.

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
    Təbrikdə deyilir:
    “Əziz bacılar, qardaşlar!
    18 Oktyabr Milli Müstəqillik günü münasibəti ilə hamınızı təbrik edir, Sizə uzun ömür can sağlığı arzulayıram.
    18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs bir gündür. Həmin gün Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan etdi. 1918-20-ci illərdə böyük öndər M. Ə. Rəsulzadənin liderliyi ilə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi olan yeni müstəqil dövlətimiz quruldu və bu, çağdaş tariximizin çox şərəfli bir səhifəsinə çevrildi.
    Ömrünü dövlətin azadlığı və müstəqilliyinə həsr etmiş, bu yolda bütün təzyiqlərə, çətinliklərə, ölüm hədələrinə sinə gərmiş və rus işğalı nəticəsində tarixdə görünməmiş repressiyalar, sürgünlər, saxtakarlıqlar yaşamış Azərbaycan xalqı üçün müstəqillik xoşbəxtliyini sözlə ifadə etmək mümkün deyil.
    Bu il Dövlət Müstəqilliyinin Bərpasının 30 illiyini xüsusi sevinc və coşqu ilə qeyd edirik. Bu gün Azərbaycan istiqlalının və bu istiqlalı ötən əsrin əvvəlində elən edən böyüklərin ucaltdığı üçrəngli bayraq Şuşada dalğalanır. Qarabağ savaşını qələbə ilə bitrən xalqımızın Azərbaycan dövlətini, bütövlüyümüzü və istiqlalımızı əbədi qoruyacağına inanırıq.
    Əziz soydaşlar, bacılar və qardaşlar!
    Mən bir daha Sizi bayram münasibəti ilə təbrik edir, hamınıza xoşbəxtlik, uğurlar və fəalğ vətəndaşlıq mövqeyi arzulayıram.
    Tanrı Azərbaycanımızı qorusun!”

  • “Azərbaycan Ordusu 100 illik məğlubiyyət tariximizə şanlı Zəfərlə son qoydu”

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibəti ilə hərbçiləri təbrik edib. Təbrikdə deyilir:

    Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 103-cü ildönümü tamam olur. Azərbaycan tarixnin ən önəmli günlərindən biri heç şübhəsiz 26 iyun Silahlı Qüvvələr Günüdür. 103 il öncə məhz bu gün müstəqil Azərbaycanın Silahlı Qüvvələri yaradıldı. Xalq Cumhuriyyətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpus yaradıldı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət – orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. Azərbaycan Milli Ordusu Ermənistan ordusunun təcavüzkar hücumlarının qarşısını dəfələrlə uğurla ala bilib. Amma təəssüf ki, zaman və imperalizm Demokratik Cumhuriyyətimizi məğlub etdi və bununla 100 illik faciələr tariximiz başladı. Azərbaycan Xalq Cumhuriyyəti zamanında yqaradılan Milli Ordumuzun varisi olaraq Silahlı Qüvvələrimiz  103 illik  məğlubiyyət tariximizə şanlı Zəfərlə son qoydu. Müstəqillik tariximizdə ilk dəfədir ki, silahlı qüvvələrimiz Ordu Gününü Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və doğma Qarabağımızın işağldan azad olunması şəraitində keçirir.

    Bugünkü bayram günündə, fürsətdən istifadə edərək, müstəqilliyimizin, ərazi bütövlüyümüzün bərpası və torpaqlarımızın azad edilməsi uğrunda canlarını fəda etmiş bütün ŞƏHİDLƏRİMİZİN ruhu qarşısında baş əyir, doğmalarına dərin hüznlə başsağlığı verir, qazilərimizə şəfa diləyirik!

    Müzəffər Ordumuzun bütün əsgər, matros və zabit heyyətini təbrik edir, Vətənin keşiyini çəkən insanların hər birinə möhkəm cansağlığı və ölkəmizin etibarlı müdafiəsi yolunda uğurlar arzulayıram! Xalqımıza və Şanlı Ordumuza! Tanrı millətimizi, doğma Azərbaycanımızı və Vətən keşikçilərini qorusun!

  • VHP sədri Sabir Rüstəmxanlıdan bayram təbriki

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

    Təbrikdə deyilir:
    Əziz bacılar, qardaşlar! Dünya müsəlmanlarının əziz günü – Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Tanrıdan dualarınızın keçərli olmasını diləyirəm. Ümumbəşəri əhəmiyyətə malik bu bayram insana sonsuz iman sevgisi bəxş edir. Xalqımızın son illər ərzində əsas arzusu sülh, əminamanlıq, ərazilərimizin işğaldan azad edilməsi olub. Bu gün bayramı həm də torpaqlarımızın azad olunması sevinci ilə qarşılayırıq. Vətənin azadlığı yolunda şəhid və qazi olan qəhrəmanlarımızı sayğı ilə anır, onların qarşısında baş əyirik.Bu əziz gündə bir daha sizi, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımı bayram münasibətilə təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram!

  • VHP “Pasxa bayramı” münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP)  “Pasxa bayramı” münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.

    Təbrikdə deyilir:
    “Bu gün dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün milli azlıqları, o cümlədən pravoslav xristianlar ictimai-siyasi və sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edir, Azərbaycan dövlətinin inkişafında fəallıq nümayiş etdirirlər. Azərbaycan vətəndaşı adını layiqincə təmsil edən ölkəmizdə yaşayan provaslav xritian icması üzvlərini Pasxa bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirik.
    Pasxa bayramı insanlar üçün gələcəyə inamla baxmaq kimi bir əhəmiyyət kəsb edir. Pasxa yaxşılığı və sevgini təcəssüm etdirən böyük mənəvi əhəmiyyətə malikdir. O insanlarda inam, ümid yaradır, yaxşı işlər görməyə, yaxınlarına kömək etməyə həvəsləndirir.  Pasxa bayramı əmin-amanlığın, həmrəyliyin, xeyirxahlıq və şəfqət duyğularının rəmzidir. Qoy bu bayram dünyamızın çətin günlərində insanlara sevinc, ailələrə xeyir-bərəkət gətirsin.
    Bir daha sizləri təbrik edirik. Bayramınız mübarək olsun!”.

  • Fəzail İbrahimli-70

    Bu gün Azərbaycan Respublikası Milli Məclisi sədrinin müvini və komitə sədri, millət vəkili, VHP sədrinin müavini, prof. Fəzail Ibrahimlinin doğum günüdür. Ömrünün yeddinci onilliyinə qədəm qoyan hörmətli Fəzail bəyi ürəkdən təbrik edirik. Xarakterində yüksək insani keyfiyyətləri  cəmləşdirən, xalqına, dövlətinə bağlı olan, uşaqdan- böyüyə hər bir Azərbaycan vətəndaşına qayğı ilə yanaşan,  sevgi bəsləyən və onlara xidmət etməyi özünə şərəf bilən Fəzail Ibrahimli  Millət vəkili olaraq daim xalqın yanında olmuş, onun problemlərinin aradan qaldırılması uğrunda cəsarətli çıxışları ilə seçilir,  həmin problemlərin həlli yolunda ardıcıl fəaliyyət göstərir.
    VHP Siyasi Şurası olaraq, bütün VHP üzvləri adından insani keyfiyyətləri ilə hər birimizin sevimlisinə çevrilən dəyərli partiyadaşımızı, millət vəkilimizi,  müasir Azərbaycan siyasətinin tanınmış simalarından biri olan, ardıcıl mövqeyi ilə, prinsipial xətti ilə fərqlənən, qayğıkeş ailə başçısı olan  Fəzail bəyi  doğum günü münasibətiylə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, ailə sevinci, çətin və şərəfli fəaliyyətində yeni – yeni nəaliyyətlər diləyirik.

    Hörmətlə,
    VHP Siyasi Şurası

  • Sabir Rüstəmxanlının Novruz təbriki

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət Vəkili Sabir Rüstəmxanlı Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.
    Təbrikdə deyilir: “Əziz bacı və qardaşlarım! Hər birinizi Novruz bayramı münasibətilə təbrik edir, cansağlığı, ruzi-bərəkət, yurdumuza əmin-amanlıq arzulayıram. Azərbaycan xalqının ilkin dünyagörüşünü özündə yaşadan Novruz əski inanclarımızı, təbiətə ilkin baxışlarımızı özündə əks etdirir. Yeni gün olaraq qeyd etdiyimiz bu bayramda ibtidai inancdan tutmuş xalqımızın müxtəlif dövrlərdə müxtəlif dini etiqadlardan yaranan ənənəsi, adətləri toplanıb. Bu bayram həm də təbiətin, torpağın oyanması, xeyirin şər üzərində qələbəsi, soyuğun istiliyə, sülhün savaşa, xoşgörünün şiddətə qarşı olduğunu göstərən bir mərasimdir. Bu bayramda sevgi nifrətə qalib gəlir, küsülülər barışır; süfrənin nemətləri qapını döyən istənilən şəxslə bölüşülür, gələcəyə inam, xoş günlərə güvənc artır. Novruz – təkcə torpağın oyanması, ruzi-bərəkət, bolluq rəmzi deyil, həm də ruhumuzun təzələnməsi, qan yaddaşımızda yaşatdığımız adət-ənənlərimizin, dünyagörüşümüzün, həyata baxışımızın təzahürü, milli arzu və istəklərimizin ifadəsi, xalq olaraq Tanriya dua mərasimlərimizin cəmləşdiyi törəndir. Ən çətin tarixi dövrlərdə, Novruz bayramı dövlət səviyyəsində qadağan edildikdə belə, xalqımız bu mərasimi təmtəraqla keçirmiş, min illərin ənənəsini yaşatmış, milli ruhunu, milli kimliyini ayaqda saxlamağı bacarmışdır.
    Bu Novruzun tariximizdə xüsusi yeri var. Dövlət müstəqilliyi qazandıqdan sonra ilk dəfədir ki bayramı torpaqlarımızın azad olunduğu bir şəraitdə keçiririk. Xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini yaşadan, üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan müqəddəs Şuşada dalğalanır. Belə bir sevinci gerçəkləşdirin şəhidlərimizin ruhu qarşısında sayğı ilə baş əyir və bütün xalqımızı Novruz münasibəti ilə təbrik edirəm. Vətənimiz, millətimiz üçün xeyirli-uğurlu illər arzulayıram.