Vətəndaş Həmrəyliyi Partiyası

Category: Təbrik

  • VHP sədrinin Novruz təbriki

    1. Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.

    Təbrikdə deyilir:
    Əziz bacı və qardaşlarım!
    Hər birinizi Novruz bayramı münasibətilə təbrik edir, cansağlığı, ruzi-bərəkət, yurdumuza əmin-amanlıq arzulayıram. Bu il Novruz bayramı İlaxır çərşənbə ilə eyni günə təsadüf edir və buna görə də ikiqat bayramdır. Azərbaycanlıların, Türklərin ilkin dünyagörüşünü özündə yaşadan Novruz – Yeni gün əski inanclarımızı, təbiətə ilkin baxışlarımızı özündə əks etdirir. Yeni gün olaraq qeyd etdiyimiz bu bayramda ibtidai inancdan tutmuş xalqımızın müxtəlif dövrlərdə müxtəlif dini etiqadlardan yaranan ənənəsi, adətləri toplanıb. Bu bayram həm də təbiətin, torpağın oyanması, xeyirin şər üzərində qələbəsi, soyuğun istiliyə, sülhün savaşa, xoşgörünün şiddətə qarşı olduğunu göstərən bir mərasimdir. Bu bayramda sevgi nifrətə qalib gəlir, küsülülər barışır; süfrənin nemətləri qapını döyən istənilən şəxslə bölüşülür, gələcəyə inam, xoş günlərə güvənc artır. Təəssüf ki, bu əziz gündə Novruz tonqalları heç də yurdumuzun hər bir guşəsində yanmır. Hələ də torpaqlarımızın 20 faizi işğalda, yurd yerlərimiz əsarətdədir. Amma ümid heç vaxt bitməz, Novruzun gətirdiyi inamla bir daha əminik ki, vaxt gələcək, Azərbaycanın hər bir guşəsində Novruz tonqalı alovlanacaq, hər ocaqda bayram süfrəsi açılacaq: Qarabağın özü də, əzəmətli ruhu, ənənəsi də geri dönəcək. 10 illər boyu Dünya Azərbaycanlılarını siyasi sərhədlər ayırsa da ən böyük mənəvi körpülərimizdən biri Novruz bayramı olmuşdur.
    Bir daha sizləri Novruz münasibəti ilə təbrik edir, vətənimiz, millətimiz üçün xeyirli-uğurlu illər arzulayıram.

  • VHP-nin 8 mar təbriki

    Vətəndaş Həmrəyliyi Partiyası 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib. Təbrikdə deyilir:

    Hörmətli xanımlar!
    Əziz analar və bacılar!
    Sizi 8 mart- Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik, şəxsi həyatda uğurlar arzulayırıq. Arzu edirik ki, bu bayram günlərini qayğı və çətinliklərdən, əzab-əziyyətdən uzaq, sevinc və firavanlıq içərisində, doğmalarınızla birgə arzuladığınız kimi keçirəsiniz. Sizlər, qoçaq və qorxmazlığınız qədər, həm də zərif və qayğıkeş olan Azərbaycan xanımları buna layiqsiz, öz mətanətiniz, cəsarətiniz və ağlınızla ən yaxşılarına haqq etmisiniz.
    Azərbaycan qadını dəyanət, sədaqət simvolu kimi qəbul olunur. Qadınlarımız həm də ailənin əsas dayağı kimi həmişə yüksək dəyər sahibi olub. Azərbaycan qadınının tarixən cəmiyyətdə tutduğu mövqeyin, həyatımızın bütün sahələrində mühüm nailiyyətlərə yol açan və inkişafımızı təmin edən başlıca amil kimi müstəsna əhəmiyyəti vardır. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən hələ ötən əsrin əvvəllərində bəzi inkişaf etmiş ölkələrdə olduğundan daha tez qadınlarımıza geniş siyasi hüquqlar, xüsusilə seçkilərdə iştirak hüququ verilməsi ilə daim qürur duyuruq. Ötən əsrdə xalqımız azadlığı və müstəqilliyi uğrunda ardıcıl mübarizə aparıb və iki dəfə öz məqsədinə çatıb. İftixar və qürur hissilə deyə bilərik ki, qadınlarımız da bu proseslərin ön cərgələrində addımlayıblar. Bu gün də ölkəmizdə azad və demokratik cəmiyyət quruculuğu uğrunda apardığımız mübarizənin ağırlığı həm də onların çiyninə düşür.
    Əziz xanımlar, bir daha sizləri bayramınız münasibətilə təbrik edir, hər birinizə uzun ömür, can sağlığı, azad və ədalətli cəmiyyətdə rahat həyat arzulayırıq!
    Tanrı sizləri qorusun!

  • Səməndər Mehdiyev-65

    Vətəndaş Həmrəyli Partiyası Səməndər Mehdiyevi anadan olmasının 65 illiyi münasibəti ilə təbrik edir, ona can sağllığı, uzun ömür, yaradıcılıq işlərində, Qarabağın və İrəvanın düşmənlərimizin işğalından azad edilməsi yolunda apardığı ictimai-siyasi fəaliyyətində uğurlar diləyir.
    Səməndər Mehdiyev 10 noyabr 1952-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan) Amasiya rayonunun Çaxmaqlı kəndində anadan olub. Orta məktəbi Amasiya rayonunun Güllübulaq kəndində bitirib. 1974-cü ildə Azərbaycan Dövlət Pedeqoji Unversitetinin Filologiya fakültəsini bitirib. Sonradan isə Azərbaycan İnşaat Unversitetinin məzunu olub.
    Müxtəlif illərdə Xacmaz rayonunda müəllim, Bakı Baş Tikinti İdarəsinin Yataqxanalar Birliyinin direktoru, Xətai MKTB-də baş mühəndis və Xətai bələdiyyəsində ərazi idarəetmə və torpaq şöbəsinin müdiri işləyib. Hazırda Vətəndaş Həmrəyliyi Partiyasının şöbə müdiri və Dünya Azərbaycanlıları Konqresinin Qərbi Azərbaycan nümayəndəliyinin rəhbəri, “Qərbi Azərbaycana-İrəvan Xanlığı torpaqlarına dönüş” İctimai Birliyinin rəhbəridir.

  • Rüstəm Behrudi-60

    38 il bundan öncə Naxçıvandan gəlmiş 22 yaşlı Rüstəm Behrudi, əlində bir dətə şeir, ” Yazıçı” nəşriyyatında mənim qapımı döymüş, şeirləri haqda rəyimi öyrənmək istəmişdi. Oxudugum ilk şerindən onun şəksiz və parlaq istededını, sözünün kəsərini, ruhunun mənə doğmalıgını, düşüncələrinin genişliyini hiss etmiş və ona xeyir- dua vermişdim. Tezliklə Rüstəm köçüb Bakıya gəldi, iş yoldaşım oldu, yaxın dostuma, sirdaşıma, mübarizə yoldaşıma çevrilda. Qardaşlarımla da dostlaşdı, Yardımlıdakı ocağımıza getdi, bu ocaqda həmişə qonaq kimi yox, övladlardan biri kimi qarşılandı.
    İndi Rüstəm Behrudi şöhrəti Azərbaycanın sərhədlətini adlamış, şeirlərinin, publisistikasının milli ruhu, yüksək poetik ovqatı və üsyankarlığı ilə oxucularən sevgisini qazanmış, görkəmli qələm sahibi, böyük sözün və böyük türk ruhunun daşıyıcısi, milli- mənəvi varlığımızın keşiyində dayanan əsgərlərdən biridir.
    Bu gün Ordubadda, Rüstəmon doğulduğu Behrud kəndində, qardaşlarının, uşaqlıq dostlarının, yaxınlarının iştirakı ilə onun 60 yaşını qutlayacağıq. 60 yaşın hesabatını anası Zəhra xanıma, atası Hidayət müəllimin ruhuna , doğma ocağına verəcək. Tərk edilən, boşalan ocaqlarımızı sevindirməkdən gözəl nə ola bilər?
    “60 yaşlı gənc” dostumu ürəkdən tebrik edirəm. Can sağlığı və yola davam!….

    Sabir Rüstəmxanlı
    10.09.2017

  • VHP-nin Ramazan təbriki

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı və VHP Siyasi Şurası Ramazan bayramı münasibətilə xalqımıza, o cümlədən bütün müsəlman dünyasına təbrik ünvanlamışdır. Təbrikdə deyilir:
    “Əziz bacı və qardaşlar!

    Sizi dünya müsəlmanlarının mübarək Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik.
    Müqəddəs kitabımız Qurani-Kərimin nazil edildiyi Ramazan ayı islam dininin mənəviyyatı möhkəmləndirmək, müsəlmanlar arasında dini-mənəvi birlik duyğusunu gücləndirmək, ilahi hikmətlərdən daha da faydalanmaq işinə xidmət edən ən mübarək aylarından biridir. Ramazan ayının sınaqlarından ləyaqətlə çıxmış hər bir müsəlman bu gün böyük qürur və fərəh hissi ilə bayram edir. Bütün müsəlmanları və xalqımızı Müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edirik!
    Bu müqəddəs ayın millətimizə, islam dünyasına, insanlığa xeyir gətirməsini, işğal altında olan torpaqlarımızın azad olmasını, xalqın azad, demokratik bir cəmiyyətdə xoşbəxt, firavan və əmin-amanlıq içərisində yaşamasını arzulayırıq. Qardaşlığın, sevginin, barışın doğulduğu bu ayda, bütün insanlar bir-biri ilə daha mehriban, qardaşlıq və dostluq içində olmalı, cəmiyyəti narahat edən problemlərin həllinə birgə səy göstərməlidir. Xalqımızın bu gün də Qarabağ, Şimala -Cənuba parçalanma kimi tezliklə həllini gözləyən ciddi problemləri vardır. Bu problemlərin həlli yenə bizim birliyimizdən, bütövlüyümüzdən, həmrəyliyimizdən, öz dini və milli-mənəvi ənənələrimizə sədaqətdən keçir.
    Bir daha hər bir müsəlmanın əziz bayramı olan Ramazan bayramı münasibətilə bütün mömin qardaş və bacıları təbrik edir, uca Tanrıdan dualarınız, arzu və niyyətlərinizin qəbul olmasını diləyirəm! Allah orucunuzu qəbul eləsin!”.

  • Sabir Rüstəmxanlı-71

    VHP Siyasi Şurasının partiyanın sədri, xalq şairi Sabir Rüstəmxanlıya təbriki

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xlaq şairi Sabir Rüstəmxanlının 71 yaşı tamam olur. Sabir Rüstəmxanlı 1946-cı il mayın 20-də Yardımlı rayonunun Hamarkənd kəndində doğulub. 1963-cü ildə Yardımlı qəsəbə onbirillik məktəbini, 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib, 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “Ədəbiyyat və incəsənət” fəaliyyətə başlayıb. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirən S.Rüstəmxanlı 1976-cı ildə “Molla Nəsrəddin” və folklor” mövzusunda dissertasiya müdafiə edib. 1978-1989-cu illərdə “Yazıçı” nəşriyyatının baş redaktoru olub. 1970-ci ildə ilk kitabı – “Tanımaq istəsən” – dərc edilib. Sabir Rüstəmxanlı 50 ildən artıqdır öz qələmi ilə sözün bütün mənalarında millətinə, dövlətinə xidmət edir. Milli kimlik şüurunun oyanması istiqamətində 60-cı illərdə başlayan böyük ziyalı axınına qoşulan və qısa müddətdə bu axının liderinə çevrilən Sabir Rüstəmxanlının bütün yaradıcılığı milli yaddaş, bütövlük, unutdurulan, təhrif edilən türk tarixinin, Azərbaycan varlığının ifadəsi və təbliği olub. Təsadüfü deyil ki, Sabir Rüstəmxanlı 1988-ci ildə başlayan və həmin dövrdə bütün SSRİ-ni silkələyən Milli Azadlıq Hərəkatının lideri oldu. Meydanlara çıxan milyonlarla insan əlində S.Rüstəmxanlının “Ömür kitabı”nı bir bayraq olaraq gətirmişdi ki, bu da Rüstəmxanlı yaradıcılığının xalqın milli şüurunun inkişafında oynadığı rolun hansı səviyyədə olduğunun bariz nümunəsidir. Sabir Rüstəmxanlı yaradıcılığı və onun ictimai missiyası əsərlərinin adlarında da daim görünüb: “Xəbər gözləyirəm”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı”, “Ömür kitabı”, “Zaman məndən keçir” kitabları, “Bütövlük”, “Didərginlər”, “Cavad xan”, “Orxonla görüş” poemaları, “Xətai yurdu”, “Göy Tanrı”, “Ölüm zirvəsi (Cavad xan)”, “Difai fədailəri” romanları tarixi gerçəkliklərin bədii-poetik ifadəsi, milli düşüncənin tərənnümü kimi yaddaşlara köçüb. İctimai-siyasi fəaliyyəti ilə də hər zaman nümunə olmağa çalışan Sabir Rüstəmxanlı 1995-ci ildə 4.5 il çalışdığı nazir vəzifəsindən istefa verərək, parlamentdə fəaliyyətini davam etdirib. 25 ilə yaxın millət vəkilliyi dönəmində də hər zaman ictimai ağrıları dilə gətirib, ambisiyadan kənar, Azərbaycanın dövlət və millət maraqlarına uyğun mövqeyini hər zaman ifadə edib. Sabir Rüstəmxanlı ölkəmizin nicatının vətəndaş həmrəyliyində, milli birlikdə olduğunu hələ Hərəkatın ilk illərindən anlayan və fəaliyyətini bu yöndə quran şəxsdir. 1992-ci ildə bu ideyalarını siyasi hərəkat olaraq davam etdirib və Azərbaycanın milli birliklə, həmrəyliklə hədəflərinə çata biləcəyini ictimai təfəkkürdə kifayət qədər yaymağı bacarıb. Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı Konstitusiya Aktına imza atan şəxs kimi tarixə düşən Sabir Rüstəmxanlı ömrü boyu arzuladığı müstəqilliyi görüb və bu mənada özünü xoşbəxt saya bilər. Ancaq əlbəttə ki, S.Rüstəmxanlının arzuladığı müstəqillik bu deyil: o, işğaldan azad, qaçqın-köçkünü olmayan daha qüdrətli və Bütöv Azərbaycanın vətəndaşıdır , ölkəmizin mövcud deyil, mənəvi sərhədlərini aydın təsəvvür edən və bu ideallarla yaşayan şəxsdir! Təsadüfü deyil ki, bu niyyətlə uzun illərdir ölkəmizin xaricdə ən böyük diapor təşkilatlarından olan Dünya Azərbaycanlıları Konqresinə rəhbərlik edir. Sabir Rüstəmxanlını ad günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona ruhunun imkan verdiyi səviyyədə, böyük enerjisi ilə ictimai-ədəbi və siyasi fəaliyyətini davam etdirməsi üçün möhkəm can sağlığı və ideallarına, böyük hədəflərinə çatmağı, azərbaycanlıları bölünmüş deyil, bütövləşmiş xalq olaraq görməyi arzulayırıq.

  • Novruz bayramı münasibəti ilə VHP-nin təbriki

    Əziz soydaşlarımız!
    Sizi Azərbaycan xalqının ən qədim bayramlarından biri olan Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirik.
    Novruz özündə xalqımızın zaman-zaman yeni dini baxışlarının da təsir etdiyi, başqa sözlə, bütövlükdə min illərlə xalqımızın həyatında mövcud olmuş dünyagörüşləri özündə əks etdirən bir bayramdır. Təbiətin oyanması, torpağın ayılmasını yeni il olaraq qəbul edən xalqımız bu bayramda ibtidai inanclarından başlayan və bu gün də sirrini özündə saxlayan mistik baxışlarını ifadə edir.
    Novruz həm də milli birlik, həmrəylik bayramıdır. Təsadüfü deyil ki, Novruzda küsülülər barışır, doğmalar, yaxınlar ziyarət edilir, el birləşir: hazırda bir ənənə olaraq saxlanılan, zamanında isə bütün evlərdə bayramın qeyd edilməsi üçün “qurşaq atdı” kimi pay bölgüsü aparılır…
    Əziz soydaşlarımız!
    Hər birinizi bir daha təbrik edir, ocağınıza ruzi-bərəkət, xalqımıza sülh, əmin-amanlıq, rifah arzulayırıq. Hər il olduğu kimi, bu il də əsas diləyimiz əlbəttə ki, işğaldakı torpaqlarımızın azad edilməsi, köçkünlərimizin Novruzu öz yurdunda qarşılaması, Qarabağda hər evdə Novruz tonqalının yanmasını görməyimizdir. İnanırıq ki, o gün uzaqda deyil.

    Hörmətlə,
    VHP Siyasi Şurası

  • Həsənbala Məmmədov-70

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Qusar rayon təşkilatının sədri Həsənbala Məmmədovun 70 illik yubileyi ilə bağlı VHP sədri, xalq şairi Sabir Rüstəmxanlının təbriki.

     

    Hörmətli Həsənbala bəy!

     

    Sizi 70 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizə can sağlığı, uzun ömür arzulayırıq. Siz Azərbaycanın bölgələrində yaşayan və bölgənin inkişafında xidmətləri olan ziyalılarımızdan birisiniz. Adətən insanlar elmi-ictimai fəaliyyət məkanı kimi yalnız paytaxtı seçməli olduqları barədə yanlış düşüncədə olurlar. Siz isə əyalətdə yaşadığınız halda elmi fəaliyyətdən ayrılmadan böyük bir ömür keçmiş, alim adını qazanmış, filologiya üzrə fəlsəfə doktoru kimi pedoqoji fəaliyyətinizi davam etdirmisiniz. Məhz həyatını ata-baba yurduna bağlayan sizin kimi ziyalıların sayəsində Azərbaycanda 1988-ci ildə başlayan azadlıq hərəkatı qısa müddətdə bütün ölkəmizi əhatə etdi.

     

    Siz də 1988-ci ildə xalq hərəkatında aktiv rol oynadınız və Azərbaycan Xalq Cəbhəsinin (AXC) Qusar rayon təşkilatının aktivi kimi ölkəmizin hədəflərinə çatmasında, müstəqillik əldə etməsində ziyalı və vətəndaş mövqeyini ortaya qoydunuz.

     

    Sizin müstəqillikdən sonra Azərbaycanda başlayan vətəndaş cəmiyyəti quruculuğuna qoşulmağınız və siyasi fəaliyyətinizi Vətəndaş Həmrəyliyi Partiyasında davam etdirməyinizi də biz təsadüfü hesab etmirik. Çünki məhz aydınlar, böyük təcrübəsi və dünyagörüşü olan ziyalılar bilir ki, bir millət yalnız vətəndaş həmrəyliyi, milli birliklə tarixin ən çətin sınaqlarından çıxa, ölkənin bütövlüyünü və inkişafını təmin edə bilər. İllərdir hüquq müdafiəçisi kimi Qusarda və ümumiyyətlə, o bölgədə insanlara hüquqi yardım göstərməyiniz də vətəndaş cəmiyyəti, hüququn aliliyi prinsipinə sadiqliyinizin təzahürüdür.

     

    Siz bütün həyatınızı bu yola həsr etmisiniz və 70 yaşın ucalığında çox az insana nəsib olan bir könül rahatlığı qazandığınızı düşünmək olar. Çünki siz həyatımızın ən başlıca qayəsi olan müstəqillik ideyasının gerçəkləşdiyinin şahidi olan, onun qorunmasında iştirak edən və deməli, ən böyük arzusuna çatan insanlarımızdansınız. Qanunun aliliyi, vətəndaş cəmiyyəti istiqamətində çalışmalar isə hədəf deyil, gündəlik həyat tərzidir. Bu cür ziyalı prinsipiallığının sayəsində dövlətin hüquqi əsasları qorunur, tətbiq edilir və insanlar qanunun ədalətinə inanırlar.

     

    Sizi bir daha 70 illik yubileyiniz münasibəti ilə təbrik edir, sizə cansağlığı, ailə səadəti və fəaliyyətinizdə uğurlar arzulayırıq.

  • VHP sədri Milli Dirçəliş günü ilə bağlı xalqı təbrik etdi

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi, Milli Azadlıq Hərəkatının liderlərindən biri, istiqlalçı deputat Sabir Rüstəmxanlı Milli Dirçəliş Günü ilə bağlı xalqı təbrik edib.
    Təbrikdə deyilir:

    “Əziz bacı və qardaşlarım!
    Həmin gün Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. 28 il bundan öncə – 1988-ci ilin 17 noyabrında milyonlarla insan Ermənistanın Azərbaycana qarşı torpaq iddiasına etiraz olaraq Bakının ən böyük meydanına toplaşdı və bu məkanı Azadqlıq Meydanı kimi əbədiləşdirdi.
    O gün xalqımızın milli oyanışının, milli vüqarının və varlığının təntənəsi idi və bütün dünya yumruq kimi birləşmiş və azadlığı hər şeydən üstün bilən şərəfli bir millətin öz haqları uğrunda mübarizəsinin şahidi oldu. Soyuğa, şaxtaya, çətinliklərə, təzyiqlərə və həyati təhlükələrə baxmayaraq, 18 gün davam edən Meydan hərəkatı ilə böyük vüsət alan mübarizə nəticəsində Sovet imperiyasının süqutu qaçılmaz oldu və xalqımız öz istiqlalına qovuşdu.
    Əslində xalqımız 70 il böyunca azadlıq duyğusu bir an da olsun, itirməmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin işğalından sonra formalaşan və illərlə davam edən psixoloji-mənəvi mübarizəni 37-ci illər xofu bir qədər səngitsə də, repressiya dalğasının azacıq yumşalması ilə ziyalıhərəkatı azadlıq mübarizəsinin yeni dövrünü formalaşdırdı.
    60-cı illər müstəqillik, birlik hisslərinin növbəti mərhələsi kimi yadda qaldı. Bu dövrdə milli şüurun formalaşması və istiqamətlənməsi yönündə ziyalılarımızın mücadiləsi yaxın tariximizin canlı şahidlərinin hələ də yaddaşındadır. Sənətin müxtəlif sahələrində – poeziya, nəsr, kino, rəssamlıq, musiqi və s. – milli şüuru gücləndirən əsərlərin yaranması və geniş yayılması nəticə etibarilə 80-ci illər ədəbi birliklər kimi fəaliyyət göstərən, əslində isə xalqın azadlığını düşünən beyinlərin təşkilatlanma cəhdinə gətirib çıxardı.
    Meydan hərəkatına qədər xalqımız uzun bir  mübarizə yolu gəlmişdi və həmin ildə ortaya çıxan erməni iddiaları bu mübarizənin açıq müstəviyə çıxmasına səbəb oldu. Ona görə də milyonları əhatələyən Meydan epopeyası qısa müddətdə Milli Azadlıq hərəkatına çevirdi və bütün SSRİ-ni silkələdi.
    Əziz soydaşlarım!
    Tariximizin ən işıqlı səhifələrindən olan Milli Dirçəliş günü münasibətilə hamınızı ürəkdən təbrik edir və dövlətçilik ənənələrinin güclənməsi və vətəndaş cəmiyyəti quruculuğunda xalqımızın öz milli ideallarına qovuşması yolunda sizlərə uğurlar arzulayıram.

  • “18 oktyabr Canlı və Diri Gündür” – Sabir Rüstəmxanlı

    Dövlət müstəqilliyimizin bərpasının 25 illiyi münasibəti ilə VHP sədri, İstiqlalçı deputat Sabir Rüstəmxanlı Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:
    «Əziz soydaşlarım!
    Hər birinizi 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.1991-ci ilin 18 oktyabr günü xalqımızın həyatında olduqca əhəmiyyətli rol oynayır. Məhz həmin gün Milli Azadlıq Hərəkatı özünün ən böyük hədəfinə nail oldu, Azərbaycanın müstəqilliyi bərpa edildi və biz 70 illik işğaldan qurtulub nəhayət, Üçrəngli Bayrağımızı qaldırdıq.
    Ömrünü dövlətin azadlığı və müstəqilliyinə həsr etmiş, bu yolda bütün təzyiqlərə, çətinliklərə, ölüm hədələrinə sinə gərmiş bizlər və rus işğalı nəticəsində tarixdə görünməmiş repressiyalar, sürgünlər, saxtakarlıqlar yaşamış Azərbaycan xalqı üçün müstəqillik xoşbəxtliyini sözlə ifadə etmək mümkün deyil.
    Heç də hər ziyalıya, ömrünü xalqının yolunda əridən ictimai-siyasi xadimə dövlətinin müstəqilliyini görmək nəsib olmur. Xoşbəxtəm ki, Tanrı dövlətimizin müstəqilliyinin bərpasına imza atanlardan biri olmağı mənim taleyimə yazmışdır.
    Müstəqilliyin Bərpası Günü Azərbaycan üçün, yeni nəsil üçün önəmli və şanlı bir tarixi gündür; ancaq o günün şahidləri və iştirakçıları üçün bütün hiss və həyacanları, sevinci-kədəri, ağrı-acısı, xoşbəxtliyi ilə ürəyimizdə yaşayan, heç vaxt Dünənə – tarixə çevrilməyəcək Canlı və Diri Gündür. Ömrünü o günü görmək arzusu ilə yaşayanlar hər məsələyə məhz O Günün ucalığından baxırlar.
    Əziz soydaşlarım!
    Bir daha sizlərin hər birinizi Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir, müstəqilliyimizin, azadlığımızın əbədi olmasını arzulayıram.

    Hörmətlə,
    Sabir Rüstəmxanlı
    İstiqlalçı deputat»