Vətəndaş Həmrəyliyi Partiyası

Category: Slayder

  • VHP 120 seçki dairəsi üzrə səlahiyyətli nümayəndələri artıq müəyyənləşdirib

    Bir müddətdir ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müzakirələr gedir. Bunu şərtləndirən başlıca amil kimi isə suverenliyini, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanda bütün ölkəni əhatə edən parlament seçkilərinin də keçirilməsinin zəruriliyi göstərilir. Konstitusiyaya görə, seçki noyabr ayında keçirilməlidir. Payızda ölkədə COP29 kimi böyükmiqyaslı tədbirin və dekabrda isə növbəti bələdiyyə seçkilərinin keçiriləcəyini nəzərə alsaq, erkən parlament seçkilərinin qaçılmaz olduğunu düşünə bilərik. Bu kontekstdə hər hansı rəsmi açıqlama verilməyib, amma situasiyaya uyğun olaraq partiyaların start vəziyyətində olması vacibdir.
      Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a deyib ki, partiyanın Mərkəzi İcra Aparatı mümkün erkən parlament seçkilərinin elan ediləcəyi halda yerli təşkilatlarla məsləhətləşmələr aparıb. Partiya təmsilçisinin sözlərinə görə, 120 seçki dairəsi üzrə səlahiyyətli nümayəndələri artıq müəyyənləşdirib:
    “Həmçinin ilkin olaraq 50 seçki dairəsi üzrə namizəd olacaq şəxslərin siyahısı da hazırlanıb. Hazırda bölgə təşkilatları ilə digər dairələr üzrə namizədlərin müəyyən edilməsi üçün iş aparılır. Ən azı 80 seçki dairəsi üzrə partiyanın namizəd irəli sürməsi nəzərdə tutulur. Əsasən qadın namizədlər, xüsusən gənclərin namizədlikləri üzərində əsas iş aparılır. Eyni zamanda seçici imzalarının yığılması üçün dairələr üzrə işçi qruplar müəyyən edilir. Bir sıra texniki işlər yekunlaşdırılıb. Erkən parlament seçkiləri elan ediləcəyi halda müvafiq hesabat Siyasi Şuraya təqdim ediləcək. Bütün hallarda qərarı VHP Siyasi Şurası verəcək”.
  • Sabir Rüstəmxanlı: “Qadınların pensiya yaşını azaltmaq lazımdır”

    Sabir Rüstməmxanlı
    Sabir Rüstməmxanlı

    Azərbaycanda gənc qızlar ana olmaq istəmirlər.

    Bunu VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında bildirib.

    O, ailə məsələsi, gender proqramlarının, ailə institutunun nizamlanmasının və s. nəyə xidmət etdiyini, hansı gizli layihənin bir hissəsi olduğunu başa düşə bilmədiyini söyləyib:
    “Uşaq pulunu kəsməklə həmin proqramlara, layihələrə dolayı yolla dəstək göstərmiş oluruq. Düşünürəm ki, bütün əhalinin təqaüd yaşının azaldılmasına nəzər salmaq lazımdır. Təqaüd yaşının 65-dən 60-a endirilməsi istənilir. Ümumiyyətlə anaların, qadınların pensiya çıxmaq yaşını azaltmaq lazımdır. Dövlət idarələri bu barədə düşünməlidir. Hər halda 62-65 yaş Azərbaycanda təqaüdə çıxmaq üçün çox yüksəkdir. Biz deyirik ki, uzunömürlülər vətəniyik, amma bu da artıq nağıl kimi keçmişdə qaldı”.
    S.Rüstəmxanlı vurğulayıb ki, ana-uşaq problemi ətrafında deyiləcək sözlər çoxdur:
    “Uşaq pullarının verilməməsi, əhali sayının artmasının əvvəlki illərə nisbətən ləng getməsi və s. bir-biri ilə bağlıdır”.

  • “Dağıdılan yurd yerlərimizdə şam yanır, işığımız böyüyür”

    Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı müəllifi olduğu “Rüstəmxanlı söhbətləri” verilişinin bu dəfəki buraxılışında Novruz bayramı və İlaxır çərşənbə adətlərindən danışıb, dünya azərbaycanlılarını bayram münasibətilə təbrik edib.

    Novruz bayramına həsr etdiyi “Şam yanır” şeirini səsləndirən millət vəkili bu şeiri Qarabağ savaşından əvvəl oxumağın çətin olduğunu bildirib:
    “Çünki onda bu şeirin bədiilik ruhu, böyük dəyərlərə malik xalqın gücü, qüdrətini ifadə edən sözlər indiki qədər gözəl, halallıqla, inamla səslənməzdi. Amma indi inamla səslənir və hesab edirəm ki, bu il Novruz şamları daha gur yanacaq, bu ilin səməniləri daha yaşıl, bu ilin süfrələri daha bərəkətli, bu ilin duaları daha tutumlu, qollu-buddaqlı olacaq. Bu il o dualarda şəhidlərin ruhu anılacaq, 30 ildən sonra yenidən özümüzə qaytardığımız torpaqları quran, abadlaşdıran insanlara, ora köçən insanların yurdlarının abadlığına daha ürəklə dualar ediləcək”.
    Millət vəkili qeyd edib ki, bu ilki Novruz bayramının xüsusi əhəmiyyəti var. Çünki bu il bayram Azərbaycanın bütün guşələrində qeyd olunur:

    “Əlbəttə, nisgillərimiz, Azərbaycanının böyük problemləri var. Bu gün Güney Azərbaycanda 35 milyondan artıq türklərin hüquqları pozulur, adamlar orta əsrlər qaydaları ilə asılır, öldürülür. Amma bunun da bir sonu var. Əsas odur ki, araya min sərhəd çəksələr də, xalq birdir və bizim böyük perspektivimiz, gələcəyimiz var. Gələcəyimizə nikbin baxmalı, bayram axşamı niyyət edəndə bu arzu-diləklərimizi unutmamalıyıq”.
  • Sabir Rüstəmxanlıdan bayram təbriki

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət Vəkili Sabir Rüstəmxanlı Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.
    Təbrikdə deyilir: “Əziz bacı və qardaşlarım! Hər birinizi Novruz bayramı münasibətilə təbrik edir, cansağlığı, ruzi-bərəkət, yurdumuza əmin-amanlıq arzulayıram.
    Bu Novruzun tariximizdə xüsusi yeri var. Dövlət müstəqilliyi qazandıqdan sonra ilk dəfədir ki bayramı torpaqlarımızın azad olunduğu bir şəraitdə keçiririk. Xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini yaşadan, üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan müqəddəs Şuşada, dərd yerimiz olan Xocalıda, bizə tarixi muras olan Xankəndində dalğalanır. Belə bir sevinci gerçəkləşdirən şəhidlərimizin ruhu qarşısında sayğı ilə baş əyir, qazilərimizə can sağlığı diləyirik.
    Gün gələcək Novruz tonqalları Güneyli, Quzeyli Bütöv Azərbaycanda yandırılacaq!
    Əziz soydaşlarım, bir daha sizləri Novruz bayramı münasibəti il təbrik edir, hamınıza xoşbəxtlik, ruzi-bərəkət arzulayıram.
    Tanrı dövlətimizi, xalqımızı, millətimizi qorusun!”

  • Sabir Rüstəmxanlı tələbələrlə görüşdü – FOTO

    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində millət vəkili, Xalq şairi Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ilə görüş keçirilib.
    “Azərbaycan Gənclərinin İnkişaf Hərəkatı”nın təşkilatçılığı ilə “Mədəniyyətimizdə bu gün” devizi altında keçirilən görüşdə Universitetin tələbə və müəllimləri iştirak edib.

    Tədbirdə çıxış edən Sabir Rüstəmxanlı görüşə görə Universitet rəhbərliyinə təşəkkür edərək tələbələrlə ziyalıların ünsiyyətinin, bu kimi tədbirlərin vacibliyini vurğulayıb.
    Millət vəkili ədəbiyyatımızın keçdiyi yol və bu günü haqda fikirlərini qeyd edərək, Milli Azadlıq Hərəkatında və Zəfər savaşında ədəbiyyatın rolunundan danışıb.
    Mədəniyyət İncəsənət Universitetinin prorektoru Sədaqət Əliyeva, “Azərbaycan Gənclərinin İnkişaf Hərəkatı”nın sədri Miri Miriyev çıxış edərək xalq şairinə görüşə görə təşəkkür edib.
    Daha sonra Sabir Rüstəmxanlının həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub. Millət vəkili tələbələrə Azərbaycan cəmiyyətinin bu günü, gənclərin dövlətin və xalqın gələcəyində rolu haqda danışıb.
    Tələbələr S.Rüstəmxanlının şerlərini səsləndirib, millət vəkili onların suallarını cavablandırıb.

  • VHP-çilər Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının və Bakı rayon təşkilatı üzvləri Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

    VHP.az-a verilən məlumata görə, ziyarətdə VHP Ali Məclisinin sədri Felmar Ələkbərli, Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli, MNTK sədri Zeynal Fətullayev, partiyanın məkəzi icra aparatının və Bakı şəhər təşkilatlarının üzvləri iştirak ediblər.

  • Felmar Ələkbərli: “Sülh sazişi imzalanmalıdır”

    Bakının İrəvana ikitərəfli formatda danışıqlar aparmaqla bağlı təklifi gündəmdə və qüvvədədir
      Rusiya Beynəlxalq Münasibətlər Şurasının eksperti Aleksey Fenenko Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqlarından danışıb. Ekspert rəsmi Bakının ortaya konkret mövqe qoyduğunu, hər platformada vahid mövqe sərgilədiyini vurğulayıb. Fenenko qeyd edib ki, Azərbaycan dövlət başçısı İlham Əliyev Münhendə də Qərbə açıq siqnal verdi: “Prezident İlham Əliyev Ermənistanla birbaşa danışıqlar aparılacağını və heç kimin prosesə müdaxilə etməyəcəyini konkret şəkildə söylədi. Göründüyü kimi, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra İlham Əliyev Qərbin təsirindən fəal şəkildə xilas olur”. Rusiyalı ekspert onu da qeyd edib ki, Münhendə Paşinyanın Qərb tərəfdaşları dövlət başçısı İlham Əliyev prizmasından keçərək aydın təhlükəsizlik zəmanəti verə bilməyəcəklərini nümayiş etdiriblər: “Paşinyanın onlara anti-Rusiya mövqeyi formasında “hədiyyə”lər verməsindən asılı olmayaraq, heç kim Ermənistanı müdafiə etmək öhdəlikləri haqqında müqavilə imzalamağa hazırlaşmır”. Xatırladaq ki, Prezident yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində də bu məsələyə toxunaraq demişdi ki, Ermənistan bu sülh müqaviləsinin zəmanətçiləri olmasını istəyir: “Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır”. Dövlət başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək etmək istəyənlərə rəsmi Bakının etiraz etmədiyini də vurğulamışdı: “Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın. Çünki bəziləri indi yarışa çıxıblar ki, danışıqlar bu ölkədə keçirilsin, o ölkədə keçirilsin, ya üçüncü ölkədə keçirilsin. Bu, bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. Mən bunu istəməzdim. Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin”. Münhendə reallaşan görüş Prezidentin irəli sürdüyü “vasitəçi lazım deyil” şərtinə beynəlxalq tədbirlər çərçivəsində əməl edildiyinin göstəricisi idi. Rəsmi Bakı belə görüşləri keçirməklə irəli sürdüyü təşəbbüslərə, təkliflərə, şərtlərə əməl etdiyini bir daha nümayiş etdirir. Münhen görüşü son zamanlar Ermənistanın törətdiyi təxribatlara rəsmi İrəvanın aydınlıq gətirməsi üçün də şərait yaradır. Bundan başqa, ikitərəfli görüşlərin davam etməsi üçün zəmin hazırlayır. Bunlar Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və erməni həmkarı Mqer Qriqoryan arasında yeni görüşün keçirilməsinə təkan verə bilər. İstənilən halda rəsmi Bakı sübut edir ki, iki suveren dövlət problemlərini müzakirə yolu ilə həll etməyə qadirdir. Ermənistanın kənardan vasitəçi tutub danışıqlara cəlb etməsi təşəbbüsü isə münasibətlərin normallaşmasına yardım deyil, maneədir.
     
      Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri, politoloq Felmar Ələkbərli “Sherg.az”a açıqlamasında deyib ki, uzun müddətdir rəsmi Bakı Ermənistanla ikitərəfli danışıqların tərəfdarı olduğunu bildirib və İrəvana təkliflər göndərib. Ekspert qeyd edib ki, rəsmi İrəvan buna hələlik qəti cavab verməyib: 
    “Amma rəsmi Bakı Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlar prosesində iki görüşdən imtina edib. Azərbaycan tərəfi buna səbəb kimi həmin formatda aparılan danışıqlarda başda Fransa olmaqla bəzi vasitəçi ölkələri Ermənistanı müdafiə etməkdə, birtərəfli mövqe nümayiş etdirməkdə günahlandırıb. Azərbaycan üçün vacib olan məqam danışıqların real nəticə verməsidir. Vasitəçisiz, ikitərəfli ünsiyyətdə bu, daha realdır. Amma obyektivliyini və tərəfsizliyini qorumaq şərti ilə hansısa vasitəçinin iştirakı da problem deyil. Təki sülhə nail olunsun”.
     Politoloq əlavə edib ki, Azərbaycan üçün sülh sazişinin harada imzalanmasının da fərqi yoxdur:
     “Sülh sazişi imzalanmalıdır. Ən yaxşı variantı Azərbaycan təklif etdi. Bildirdi ki, “gəlin sərhəddə imzalayaq, başqa heç kəs lazım deyil”. Amma görünən odur ki, Ermənistana kimsə lazımdır. Hazırda sülh danışıqları ilə bağlı üç format var – Moskva, Brüssel və Vaşinqton. Hansı format Azərbaycanın maraqlarına uyğun deyilsə, ondan birmənalı imtina olunur. Rəsmi Bakının İrəvana ikitərəfli formatda danışıqlar aparmaqla bağlı təklifi gündəmdə və qüvvədədir. Əgər hər üç formatda danışıqlar alınmırsa, demək ki, Bakının ikitərəfli formatda danışıqlar aparmaq təklifi alternativsizdir. Düşünürəm ki, Ermənistan rəhbərliyi bu təklifi yenidən nəzərdən keçirməlidir. Rəsmi İrəvan sülhdə maraqlıdırsa, o zaman Bakının ikitərəfli formatda görüş təklifinə müsbət cavab verməlidir”.
  • Sabir Rüstəmxanlı Beynəlxalq Ana dili Günü ilə bağlı Hədəf liseyinin tədbirinə qatıldı

    Bu gün “Hədəf” Liseyində 21 fevral – Beynəlxalq Ana dili Günü münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə “Hədəf” Şirkətlər Qurupunun qurucusu, dosent Şəmil Sadiq açaraq qonaqları salamladı. Daha sonra Liseyin şagirdlərinin ifasında Azərbaycan mətbuat tarixi və ana dilimizin inkişafı ilə bağlı səhnəciklər göstərilib, Azərbaycan dilinin tarixi, keçdiyi yol və zənginliyi haqda məlumat verilib.

    Tanınmış ziyalıların, ictimai-siyasi xadimlərin dəvət olunduğu tədbirdə millət vəkili, Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı , şair Rüstəm Behrudi çıxış ediblər.

    Tədbirin yüksək səviyyədə və ruh yüksəkliyi ilə hazırlandığını xüsusi vurğulayan Sabir bəy bildirib ki, ana dili ilə bağlı maarifləndirici tədbirlərin önəmi olduqca böyükdür: “Hər bir insan ana dilinin incəliyinə bələd olmalı, onun böyüklüyünü, qüdrətini dərk etməlidir. Belə tədbirlər dilin imkanlarının uşaqlara, yeniyetmələrə izah edilməsi baxımından da önəmlidir. Odur ki, bu cür tədbirləri alqışlayır, dilimizin bu günü və gələcəyi baxımından əhəmiyyətli hesab edirəm. Ana dili uğrunda Azərbaycan xalqı böyük mübarizələr aparıb, qurbanlar verib, fədakarlıqlar göstərilib. Şükürlər olsun ki, Azərbaycan türkcəsi bu sıxıntılardan qurtarıb. Dilimiz dünyada tanınan, qəbul edilən bir dövlətin dilidir və dövlət səviyyəsində qorunur”.
    Şair Rüstəm Behrudi Azərbaycan türkcəsinin qorunması və latın qrafikasına keçid işində Sabir Rüstəmxanlı ilə birgə çalışdıqları “Azərbaycan” qəzetinin rolundan danışdı.

    Sonda qonaqlar ana dili ilə bağlı şerlərini oxudular.

  • Seçki bitdi, separatizmdən qurtulmuş ərazilərdə hüquqi dövlət quruculuğu sürətlənir…

    7 fevral seçkisi haqda Prezident İlham Əliyevin mövqeyi kifayət qədər aydın ifadə olundu. Sitat: “Bu seçkilər Azərbaycan xalqı üçün xüsusi tarixi əhəmiyyət daşıyır. Seçkilər ilk dəfə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü təmin olunmuş şəkildə ölkəmizin bütün ərazisində, o cümlədən Xankəndidə, Şuşada və digər rayonlarda keçirilib, bu, Azərbaycan xalqı üçün xüsusi tarixi əhəmiyyət daşıyır”.

    Bəli, bütöv Azərbaycanda seçki keçirilməsi həm də hüquqi dövlət quruculuğu istiqamətində addımlar atılması üçün mühüm idi. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi Xankəndi və ətraf bölgələri də əhatə etməlidir. Artıq bu ərazilərdə hüquq-mühafizə orqanları, müxtəlif sosialyönümlü qurumlar fəaliyyətə başlayıb. Bundan sonra separatizmdən qurtulmuş ərazilərdə hüquqi dövlət quruculuğu işləri daha da sürətlənməlidir. Həmçinin Xankəndi və Xocalıya köç üçün hazırlıq prosesi gedir. 30 ildən çox bu torpaqlarda hüquqi dövlət olmayıb. Xankəndi və digər yuxarı Qarabağ ərazilərində qondarma “artsax” adlı oyuncaq respublika olub.

    Həmin saxta dövlətin müstəqilliyini heç Ermənistan tanımamışdı. Lakin 30 il xunta rejimi ərazilərimizdə özünə saxta prezident, təlxək parlament, oyuncaq nazirlər, müşavirlər seçib, ordu saxlayıb, özlərinin ikinci erməni dövləti qura biləcəklərinə inanıblar. 19 sentyabr əməliyyatı bir günün içində 30 illik oyuncaq hakimiyyəti ağ bayraq qaldırmağa məcbur elədi. İndi İrəvanda toplaşan təlxək separatçılar “mühacir hökumət” xəyalları qurur, liderləri isə Bakıda istintaq təcridxanasında oturublar. Bu il həmin ərazilərdə hüquqi və qanuni seçki oldu ilk dəfə. Bundan sonra “dqr” yoxdur, Qarabağın erməni separatizmi olan ərazilərində hüquqi dövlət quruculuğu başlanır. Azərbaycan otuz illik erməni separatizminə son qoymaqla yanaşı, bu bəladan əziyyət çəkən xalqları və dövlətləri qəflət yuxusundan oyatdı. Qarabağdakı münaqişə dalğası sonradan Gürcüstana – Cənubi Osetiya və Abxaziyaya, daha sonra Moldovaya yayıldı. Ərazilərdə yaradılan qondarma qurumlar 30 ildən çoxdur ki, bu ölkələri inkişafdan saxlamaqla yanaşı, insanları qaçqın və ya məcburi köçkün həyatı yaşamağa məcbur edir. Ümid etmək olar ki, Azərbaycanın əldə etdiyi zəfəri bir gün onlar da yaşayacaq. Belə ki, artıq Azərbaycan MDB, xüsusilə postsovet məkanında işğala və separatizmə son qoyan ilk ölkə kimi tarixə damğasını vurub. Eyni zamanda Azərbaycan dünyada yaxın illər ərzində işğala son qoyan tək ölkə kimi də tarixə düşüb.

    Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Xankəndidə və azad olunmuş digər ərazilərdə prezident seçkisinin keçirilməsi bütövlükdə bu bölgədə Azərbaycan dövlətinin suveren hüquqlarının bərpasının başlanğıcı sayıla bilər: “Bu, həm də sürətli infrastruktur quruculuğunun aparıldığı rayonlarda vacib dövlət strukturlarının da ən yaxın zamanda tam formalaşacağının siqnalıdır. Öz yurd-yuvasına qayıtmış vətəndaşlarımızın bütün sosial və hüquqi tələbatının ödənilməsi üçün regionda mükəmməl dövlət idarəetmə sistemi yaradılmalıdır. Bu istiqamətdə mühüm işlər görülüb və prosesin uğurla yekunlaşacağına inanırıq”. S.Əsədli qeyd etdi ki, yeri gəlmişkən, işğaldan azad olunmuş yaşayış məntəqələrində xeyli sayda VHP üzvü də yaşayır: “Və qeyd etdiyimiz işlərin kompleks şəkildə həlli üçün siyasi partiyaların Qarabağda regional təşkilatlarının formalaşması da zəruridir. Çünki bu proses qarşıdakı parlament və bələdiyyə seçkilərində daha böyük aktivliyə səbəb ola bilər”. VHP rəsmisi açıqladı ki, azad edilən ərazilərə qayıtmış vətəndaşların sosial problemlərinin həlli bütün bu məsələlərdən ən vacibidir: “Biz partiya olaraq da bu mövzunu daim diqqətdə saxlamaqdayıq. Hökumətin fəaliyyətinə ictimai nəzarəti zəruri hesab edirik. Siyasi partiyalar daxil olmaqla, vətəndaş cəmiyyətinin də regionda sərbəst fəaliyyəti görüləcək işlərin uğuruna zəmin yaratmış olacaq. Vətəndaş cəmiyyətinin güclənməsi, demokratikləşmə prosesi və hüquqi dövlətin qurulması, sadəcə olaraq, şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın inkişafının başlıca şərtidir. Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi nəticəsində yaranmış qondarma, separatist “Dağlıq Qarabağ respublikası” faktiki destabillik mənbəyi idi. Biz bu “boz zona”nı təmizləməmiş, suverenliyi bərpa etməmiş hüquq dövlət quruculuğu prosesində yarımçıq ola bilərdik. Ona görə də qarşıda dayanan hədəflərdən biri bundan sonra vətəndaş cəmiyyətinin inkişafı və hüquqi dövlət quruculuğu üçün real addımların atılması olmalıdır. Xüsusən də hüquq-məhkəmə sistemində çox əhəmiyyətli dəyişikliklərə, islahatlara ehtiyac var”.

    Hazırladı:

    Emil SALAMOĞLU

    Yeni Müsavat

  • Sabir Rüstəmxanlı: “Yaşım imkan versəydi, silah da götürərdim”

    “Düzünü deyək” rubrikamızın qonağı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlıdır.

    Bakıvaxtı.az söhbəti təqdim edir.

    Dövlət idarəçilik sistemində müəyyən islahatlar aparıla bilər

    – Sabir bəy, Azərbaycanda Prezident seçkisi başa çatdı. Ölkə başçısı İlham Əliyev yüksək səs faizi ilə yenidən Prezident seçildi. Bütün seçkilərdən sonra bir dəyişiklik, yenilənmə gözlənilir. Sizcə, bu dəfə ölkəmiz, cəmiyyətimiz nə kimi dəyişiklik və yenilənmənin şahidi olacaq?

    – Azərbaycanın həyatında yeni bir dövr başlayır. Şübhəsiz ki, yeni era dedikdə ordunun güclənməsi nəzərdə tutulur. Bundan başa, sərhədlərimizin təhlükəsizliyi daha möhkəm qorunacaq.

    Qarabağda, elə bil, yenidən bir dövlət qurulur. Hər şey sıfırdan başlanıb. Orada böyük işlər həyata keçirilir. Şəhərlərimiz, kəndlərimiz bərpa olunur. Bu, az qala 50 illik bir proqramdır. Çox böyük işlər görülür və görülməkdə davam edəcək. Mövcud proseslərin hamısını başa çatdırmaq həm böyük vəsait, həm güc, həm də zaman istəyir. Bununla yanaşı, Azərbaycanın digər rayonlarında da abadlıq və quruculuq işləri aparılır.

    – İnsanların sosial şəraitinin yaxşılaşdırılacağına dair də gözləntilər var…

    – Bəli, ən başlıcası əhalinin işlə təmin olunması, rayonlarda iş yerlərinin açılması, torpaqların bərpa olunması, şoranlaşmanın qarşısının alınması, ölkənin su ilə təchiz olunması, Azərbaycanın neft və qaz asılılığından xilas olunmasıdır. Bütün bunların hamısı böyük işlərdir və görülməlidir. Dövlət idarəçilik sistemində, məxsusi olaraq, bölgələrin idarə olunmasında müəyyən islahatlar aparıla bilər. Bunların hamısı zaman tələb edən məsələlərdir. Düzdür, sözügedən istiqamətlərdə zaman-zaman müəyyən işlər görülür, amma görünür, sürət daha da artmalıdır.

    Türk dünyasının Aİ-yə bənzər vahid birliyə çevrilməsi yönündə işlər görməliyik

    – 44 günlük Vətən savaşındakı qələbədən sonra ölkəmizə qarşı beynəlxalq təzyiqlər də gücləndi. Səbəb nədir və nə etməliyik?

    – Doğrudur, Qarabağ zəfərindən sonra “üstümüzə gələnlər” çoxdur. Azərbaycanın öz torpaq bütövlüyünü təmin etməsi, ermənilərin özlərinin ərazilərimizdən köçüb getməsindən sonra bir sıra ölkələrin Azərbaycana münasibəti dəyişilib. Bizə qarşı qəzəblidirlər. Beynəlxalq hüquqa, ölkələrin öz torpaqlarına sahiblənmək hüququna sayğısızlıq var. Bunu nəzərə almırlar. Azərbaycan bütün bunların qarşısında dayanmalıdır. Bunun üçün ölkədə milli birlik, vətəndaş birliyi, ordu, iqtisadiyyat güclü olmalıdır.

    – Beynəlxalq əlaqələrin möhkəmlənməsi istiqamətində hansı addımlar atılmalıdır?

    – Kənar təzyiqlərə baxmayaraq, biz onlardan qaça bilmərik. Beynəlxalq əlaqələrimiz kəsilə bilməz. Demokratiya və insan haqları istiqamətində müəyyən addımlar atmaqla əslində bu münasibətləri yumşaltmalıyıq və beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu qoruyub saxlamalıyıq.

    – Yeni erada Türk dünyası ilə bağlı nə kimi işlər görülməlidir?

    – Türk dünyası ilə əlaqələri genişləndirməliyik. Özəlliklə Türkiyə ilə münasibətlərimizi daha da möhkəmləndirməliyik. Türk dünyasının Avropa İttifaqına bənzər vahid birliyə çevrilməsi yönündə ciddi işlər görməliyik.

    Ermənistan getdikcə anlayacaq ki, sülh müqaviləsindən başqa yolları qalmayıb

    – Azərbaycanla Ermənistan arasında yekun sülhlə bağlı da düşüncələriniz maraqlıdır. Bir tərəfdən sülh danışlarından bəhs olunur, digər tərəfdən Zəngilan istiqamətindən əsgərlərimizə atəş açılır…

    – Bu, ağır prosesdir, hələ belə güllələr açılacaq. Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndinin qaytarılması istiqamətində yubatmalar olacaq. Ermənistanın daxilindəki “Qarabağ klanı”nın adamları daim Ermənistan və Azərbaycanın yaxınlaşmağına mane olacaq. Bütün bunlar məlumdur, amma sülh prosesinin qarşısını almaq mümkün olmayacaq. Müharibə bitib, hər kəs torpağında oturub, öz dövlətinin gələcəyini düşünür. Bu gələcək də qonşularla normal münasibətlərdən asılıdır. Rəsmi İrəvan bunu dərk edəcək. Sülh Azərbaycana da, Ermənistana da lazımdır. Buna rəğmən Ermənistan gələcək taleyini İrana, Fransanın ona olan himayədarlığına bağlayır. Ancaq onun ətrfaında Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan var. Rəsmi İrəvan bu ölkələrlə də əlaqələrini qurmalıdır ki, dövlətini inkişaf etdirsin. Onlar getdikdə bunu daha yaxşı dərk edəcəklər. Anlayacaqlar ki, sülh müqaviləsindən başqa yolları qalmayıb.

    – Fransanın adını çəkdiniz, bilirik ki, bu ölkənin “canfəşanlığı” nəticəsində Azərbaycan nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini dondurdu. Rəsmi Paris niyə və nədən narahatdır?

    – Fransada əleyhimizə danışanların əksəriyyəti oradakı ermənilərin qohumları, yaxınlarıdır. Orada erməni lobbisi və diasporu güclüdür. Onların pulu ilə danışan lobbi təşkilatları var. Ermənistan və Fransanın ənənəvi, köhnədən mövcud olan əlaqələri var. Üstəgəl, Fransa Avropada öz nüfuzunu gücləndirməyə çalışır. Böyük Britaniya Avropa Birliyindən çıxandan sonra Fransa özünü əsas söz sahibi kimi aparmaq istəyir. Ona görə də nə zaman ki Azərbaycanla Ermənistan rəsmiləri arasında Brüsseldə danışıqlar baş tutur, dərhal Fransa özünü ora pərçimləməyə çalışır.

    Fransanın çox ciddi liderləri olub, indiki prezidenti Emmanuel Makron onların yanında təcrübəsiz uşağa bənzəyir. Bilmədiyi məsələ və proseslərdən danışır. Azərbaycan öz torpaqlarını separatçılardan təmizləyəndə, işğalçıları torpaqlarımızdan qovanda, Makron bəyanat verirdi ki, Azərbaycan işğaldan əl çəkməlidir. Çoğrafiyadan xəbəri yox, tarixdən xəbəri yox… Parisdə oturub, elə bilir ki, dünya Fransadan ibarətdir. Onun yanlış siyasəti Qafqazdakı münasibətləri gərginləşdirir. Makronun addımları sülhyaratma işinə deyil, gərginliyə xidmət edir və Fransanın nüfuzdan düşməyinə səbəb olur. Ona görə də Fransanı yavaş-yavaş Afrikadan qovurlar və addım-addım geri çəkilir. Dünya elə bir nöqtəyə gəlib çıxıb ki… Müstəmləkəçilik siyasəti yürüdənlərin sonu başlayır. Bu gün heç bir xalqı zorla əsarət altında saxlamaq olmaz. Belə bir müddətdə Fransa Ermənistanın deyil, özünün qayğısına qalmalıdır.

    Ədəbiyyatı AYB deyil, konkret şəxslər yaradır

    – İkinci Qarabağ savaşından sonra qeyd olunurdu ki, qələbəmizlə bağlı sanballı nəsr və nəzm əsərləri yaradılmır. Hətta Azərbaycan Yazıçılar Birliyi (AYB) də qınanılırdı ki, istedadsız adamları ora toplayıblar, ancaq ortada nə “fal var, nə də yumurta”. Bu iradlarla razılaşırsınızmı?

    – Əvvəla, ədəbiyyatı AYB deyil, konkret şəxslər yaradır. AYB ədəbiyyat adamlarının nümayəndələrinin bir araya gəldiyi məkandır. Bütün bu məsələlərin günahını AYB-də görmək cahillikdir, bu təşkilatın işindən xəbərsizlikdir. Hesab edirəm ki, belə bədgümanlıq doğru deyil. Ədəbiyyatımız bütün məsələlərə həmişə cavab verib. Həyatımızın elə bir sahəsi yoxdur ki, ədəbiyyatımızın iri gözlərindən kənarda qalsın. Zəfərimizlə bağlı şeirlər, oçerklər, poemalar yazılır. Müxtəlif kitablar çap olunur, bunları görməmək olmaz.

    -Siz özünüz nələri qələmə almısınız?

    – 2020-ci ildə, müharibə qurtarandan sonra “Qarabağa dönüş” adlı iri həcmli poema yazdım və bunu Qarabağ qələbəsinin ilk iri həcminli dastanı adlandırırlar. Böyük bir poemadır, onu kitab kimi buraxdım. Kitabın özündə də rəylər var və sonra da bu poema haqqında yazılar yazıldı. Dəfələrlə nəşr olunsa da, əlimdə heç biri qalmayıb.

    Qazilərlə bağlı şeirim var. Ağdama ilk gedişimdə böyük bir publisistik yazı yazdım.

    Bundan başqa, Füzuli və Şuşa ilə bağlı qeydlərimi yazmışam.

    Hərə öz ruhundan çıxış edib, Qarabağ zəfərimizə münasibət bildirib. Savaş zamanı əsgərlərin dilində ən çox populyar olan “Çəkil torpağımdan, ey yağı düşmən!” marşı mənim sözlərimə yazılıb, sonuncu Zəfər marşının da sözləri mənə məxsusdur. Bir şair müharibədə bu cür iştirak edə bilər. Yaşımız imkan versəydi, silah da götürərdik, təəssüf ki, buna imkan yoxdur.

    Ayyət Əhməd

    BakıVaxtı