Vətəndaş Həmrəyliyi Partiyası

Category: Slayder

  • VHP Naxçıvan MR təşkilatının sədri Almaniya kanalına Zəngəzur dəhlizindən danışdı

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Abdulla Abdullayev Almaniyanın ikinci dövlət kanalı “ZDF”ın əməkdaşı Sebastian Ehmə Muxtar Respublikadakı ictimai-siyasi, iqtisadi vəziyyət, Zəngəzur dəhlizinin açılması, sülh danışıqları, prezident seçkiləri və siyasi partiyaların bölgə təşkilatlarının fəaliyyəti barədə müsahibə verib.

    Abdulla bəy müsahibəsində Muxtar Respublikanın 30 ildən artıq blokadada qalmasının yaratdığı iqtisadi-sosial problemlərdən və Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən sonra bölgədə yaranmış yeni situasiya haqqında danışıb. VHP-nin bölgə təmsilçisi Zəngəzur dəhlizi məsələsinin aktuallığı, dəhlizin açılmasının həm bölgə xalqları, həm də bütövlükdə regionda sabitliyin möhkəmlənməsi, iqtisadi yüksəliş üçün vacibliyindən danışıb. A.Abdullayev alman jurnalisti maraqlandıran suallara cavab verib və partiyanın Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyətindən danışıb.



  • “Sülh müqaviləsinin imzalanması bölgəyə yeni nəfəs, inkişaf gətirəcək, sərhədlərin açılmasına, iqtisadi əlaqələrin qurulmasına imkan verəcək”

    Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Qarabağda mümkün minalanmış ərazilərlə bağlı yeni məlumatların əldə edilməsi istiqamətində iş aparılır. XİN rəhbəri minalarla bağlı yeni məlumatların Azərbaycana ötürüləcəyini istisna etməyib. O xatırladıb ki, İrəvan iki dəfə mina sahələrinin xəritələrini Azərbaycan tərəfinə ötürüb. Xatırladaq ki, bundan öncə Ermənistan tərəfi minalanmış əraziləri əks etdirən xəritələri Azərbaycana versə də, onların sadəcə 20-25 faizi doğru çıxıb. Mirzoyan Bakı və İrəvan arasında birbaşa əlaqənin olduğunu deyib: “Birbaşa əlaqə təkcə Azərbaycan və Ermənistan liderlərinin administrasiyaları arasında deyil, həm də Xarici İşlər Nazirliyi və digər idarələr vasitəsilə mövcuddur”. O, Xarici İşlər Nazirliyinin xətti ilə sülh sazişi ilə bağlı təkliflərin mübadiləsinin aparıldığını, yanvarın əvvəlində İrəvanın yeddinci təkliflər paketini Bakıya təqdim etdiyini deyib. Mirzoyan qeyd edib ki, İrəvan üçün önəm daşıyan məqam vasitəçilərin olması deyil, danışıqların məzmunudur. Nazir 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, Ermənistan Xarici İşlər Nazirliyi Bakıdan sərhəddə görüş təklifi almayıb, lakin belə bir təşəbbüs barədə eşidib: “Ermənistan-Azərbaycan delimitasiya komissiyalarının növbəti görüşü barədə isə razılıq əldə olunub”.
      Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a açıqlamasında bildirib ki, Ermənistan tərəfi Qarabağ məsələsinin tam nizamlanmasında, minalanmış ərazilərlə bağlı xəritələrin Azərbaycana verilməsində və sülh müqaviləsinin tam şəkildə bağlanmasında maraqlı və səmimi olmayıb. Ekspert diqqətə çatdırıb ki, Ermənistan beynəlxalq təşkilatlarda, bir sıra dövlətlərdə özünü hər zaman “yazıq, əzilən” obrazda təqdim edərək məqsədlərinə nail olmağa çalışıb:
    “Avropa İttifaqında, AŞ PA-da baş verənlər də bunun təzahürüdür. Əgər Ermənistan tərəfi Azərbaycanla sülh müqaviləsinin tezliklə bağlanmasında maraqlı olsaydı, dəqiq mina xəritələrini Bakıya vermək istəsəydi, bunu edərdi. Azərbaycan BMT tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edib və heç bir dövlətin ərazisini işğal etməyib. Ermənistan öz davranışlarında qeyri-səmimidir. Bu ölkənin heç bir qonşusu ilə normal münasibəti yoxdur. Bütün qonşulara qarşı ərazi iddiaları var. O baxımdan İrəvandan verilən açıqlamalara etibar edilmir. Müəyyən addımlarına səmimi görüntü verməyə çalışsalar da, reallıqda erməni xislətinə uyğun davranırlar. Ermənistan rəsmiləri müxtəlif tribunalarda açıqlama verməkdənsə, mina xəritələrini real formada Azərbaycana versinlər”.
      S.Əsədli vurğulayıb ki, sülh müqaviləsinin imzalanması bölgəyə yeni nəfəs, inkişaf gətirəcək: “Sərhədlərin açılmasına, iqtisadi əlaqələrin qurulmasına imkan verəcək. Çünki işğal və təcavüz siyasətinin heç bir nəticəsi yoxdur və olmayacaq. İrəvan bunu nəhayət dərk etməlidir ki, sülhdən başqa yol yoxdur. Azərbaycan öz sərhədləri çərçivəsində suverenliyini qorumaqda maraqlıdır”.
  • VHP sədri ABŞ səfirliyinin müşavirini qəbul edib

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri , millət vəkili Sabir Rüstəmxanlı partiyanın mərkəzi qərargahında ABŞ-ın ölkəmizdəki səfirliyinin müşaviri Conatan Pinolini qəbul edib. Görüşdə regiondakı geopolitik durum və ölkədəki siyasi proseslər müzakirə edilib. Azərbaycanın ərazi bütövlüyünü tam təmin etməsindən sonra bölgədə yaranmış yeni siyasi düzən və ölkəmizin maraqları haqqında danışan VHP sədri ABŞ-ın bu proseslərdə obyektiv mövqe tutmasının vacibliyini qeyd edib.

  • ABŞ-də Prezident seçkiləri: Ermənilərə utopik ideyalar, yalan vədlər.. – RƏY

    ABŞ prezidentliyinə namizədliyini irəli sürdüyünü açıqlayan kiçik Robert Kennedi deyib ki, Vaşinqton ermənilərin özünümüdafiə, eləcə də öz müqəddəratını təyinetmə hüququna regional dəstəyi səfərbər etməlidir. Onun sözlərinə görə, eyni zamanda, “artsax” ermənilərinin öz “ata-baba yurdlarına” təhlükəsiz qayıtmasını qorumalıdır. Kennedi iddia edib ki, Azərbaycan 2020-ci ildən Qarabağ ermənilərinə qarşı amansız etnik təmizləmə” aparıb, 120 min erməni əhalisini “deportasiya” edib: “1915-ci il “soyqırımından” fərqli olaraq, bu hadisə dayandırıla bilər. Bu vəziyyətdə dinc sanksiyalar kömək edə bilər. Biz həm də Türkiyə və Azərbaycan tərəfindən İrəvanın “blokadasını” aradan qaldırmağın yollarını axtarmalıyıq. Ermənistanın dənizə çıxışı yoxdur, onun qonşu ölkələrin limanlarına çıxışı olmalıdır”. Kiçik Kennedi ABŞ prezidenti postuna seçiləcəyi təqdirdə Ermənistan və Qarabağın bərpasına “töhfə verəcəyinə” əmin edib. 
     
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a deyib ki, Amerikada hər seçki ərəfəsində prezidentliyə namizədlər ermənilərlə bu formada oynayırlar. 
     
    Onun sözlərinə görə, namizədlər ermənilərə müxtəlif vədlər verirlər, ancaq seçiləndən sonra reallığa qayıdırlar: 
    “Robert Kennedi onsuz da prezident seçilməyəcək, onun seçilmək şansı sıfıra bərabərdir. Kennedinin irəli sürdüyü sərsəmləmələr öz beyninin utopik məhsulu olduğuna görə heç bir reallığı əks etdirmir. ABŞ rəhbərliyi də Qarabağda olanları yaxşı bilir. Azərbaycan Qarabağda heç bir “etnik təmizləmə”, “soyqırımı” həyata keçirməyib. Öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etmişik. Dövlətimiz də orada anadan olmuş, yaşamış ermənilərə müraciət edib ki, getməsinlər, qalıb yaşasınlar. Təbii ki, Azərbaycan qanunları çərçivəsində… Ancaq utopik ideyalarla yaşayan, əlləri azərbaycanlıların qanına batmış cinayətkarlar çıxıb getdilər və erməni əhali arasında panikaya səbəb olaraq onların da bölgəni tərk etməsinə səbəb oldular. Çünki bilirdilər ki, Azərbaycan ərazisində ancaq bizim qanunlarımız çərçivəsində yaşamalıdırlar. Qarabağda baş verən proseslərdə heç bir sivil insanın burnu belə qanamayıb. Dünya ictimaiyyəti bunu görür. Kennedi və onun kimilərin sərsəm çıxışları, utopik vədləri əslində ABŞ-dəki erməni lobbisini ələ salmaqdan başqa bir şey deyil. Hər il seçki dönəmində bənzər hadisələrin şahidi oluruq. Ancaq reallıq göz önündədir”.

  • Diaspor dəyişməli, yeni hədəflər olmalıdır – Toprağın altında çoxalanlar… – VİDEO

    VHP sədri, Xalq şairi, Millət vəkili Sabir Rüstəmxanlı budəfəki söhbətlərində Xalqımızın həmrəylik gününü və Yeni ilini təbrik edib, 2024-cü ilin hədəflərindən danışıb. Diasporumuzun fəaliyyətində ciddi dəyişikliklərin edilməsinin vacib olduğunu bildirən millət vəkili yeni istiqamətləri sadalayıb.

    Onun fikrincə, torpaqlarımız işğaldan azad olunduğuna görə, diaspor işimiz də fəaliyyətində yeni istiqamətlər müəyyən etməlidir.

    Ayni zamanda Cənibi Azərbaycanla bağlı yeni layihələrin həyata keçirilməsini, türk birliyi üçün addımlar atılmasının vacibliyini dilə gətirib.

    Daha ətraflı aşağıdakı videoda

  • VHP-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibəti ilə təbriki

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibəti ilə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının Azərbaycan xalqına təbriki:

    “Əziz soydaşlarım!
    Sizləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni Təqvim ili münasibəti ilə səmimi qəlbdən təbrik edir, xalqımıza rifah, firavanlıq, əmin-amanlıq arzulayıram. Azərbaycanı müstəqilliyinə qovuşduran da bu böyük birliyin, həmrəyliyin, bir ideya uğrunda yumruq kimi birləşməyimizin bəhrəsidir. Məhz bu birlikdən narahat olanların apardığı təbliğat, şayiələr, səpdikləri şübhə toxumları sonrakı illərdə həmrəyliyimizin pozulmasına və itkilərimizə gətirib çıxardı. Daxili siyasi mübarizələr, qardaş qarşıdurmaları, cəbhələşmələr nəticə etibarilə əsl düşmənin əl-qolunu açdı, torpaqlarımızın işğalına imkan yaratdı.
    Bu il Xalqımızın Birliyi, Həmrəyliyi və Müzəffər Ordumuzun qətiyyəti ilə torpaqlarımız tam şəkildə işğaldan azad edildi, Xankəndi, Xocavənd, Xocalı, Ağdərə və bir çox şəhərlərimizdə üçrəngli bayrağımız ucaldıldı. Qarabağn işğaldan azad edilməsi bir daha Milli Həmrəyliyimizin təntənəsi kimi yaddaşlara həkk olundu. Hələ o zaman – 1992-ci ildə nicatımızın vətəndaş həmrəyliyindən, milli birlikdən keçdiyini mənəvi və siyasi ideologiya olaraq irəli sürdük. Zaman göstərdi ki, milli birlik, həmrəylik olmadan, qarşılıqlı anlaşma olmadan heç nəyə nail olmaq mümkün deyil. Bu gün də Azərbaycanın gələcəyi, dünyada səsimizin, sözümüzün, həqiqətimizin tanınması həmrəyliyimizdən keçir. Bizi xalq olaraq qarşıda hələ çox böyük hədəflər gözləyir. İstəsək də, istəməsək də – bu hədəflərə doğru getmək xalqımızın taleyinə, qismətinə yazılıb. Bu hədəflərə çatmağın yeganə yolu isə əlbəttə ki, həmrəyimizdən asılıdır.

    Əziz soydaşlar, bacılar və qardaşlar!

    31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi günü seçilməsi təsadüf deyil. Bu gün – mənəvi sərhədlərinin bərpası yolunda yalın əllə bütün dünyaya meydan oxuyan xalqın həmrəylik təntənəsi kimi yaddaşlara həkk olunub. Bu yaddaşı qorumaq, gücləndirmək hər birimizin borcudur. Hər birinizi bir daha təbrik edirəm və inanıram ki, milli hədəflərimizdə göstərəcəyiniz həmrəylik Azərbaycan adınadır və bu yolda hər birinizə uğurlar arzulayıram.”

  • Yaşıl işıq: İsveç Türkiyəyə embarqonu götürdü

      İsveç embarqonu ləğv etdi və Türkiyəyə müdafiə ixracı üçün lisenziyalar verməyə başladı. Bunu Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar deyib. Akçapar bildirib ki, parlament komitəsi İsveçin NATO-ya üzvlük təklifini qəbul etdikdən sonra diqqəti cəlb edən hadisə baş verdi: İsveçin uzun sürən embarqodan sonra Türkiyəyə müdafiə sənayesi sahəsində ixrac lisenziyası verməyə başladığı məlum olub”. Qeyd edək ki, İsveç 2019-cu ilin oktyabr ayından Türkiyəyə müdafiə sənayesi təchizatına embarqo qoyub. Xatırladaq ki, bundan öncə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Vaşinqtonun F-16-ların Türkiyəyə satışını dəstəklədiyini, ancaq satışın yalnız Türkiyənin İsveçin NATO-ya daxil olmasını təsdiqlədiyi təqdirdə mümkün olacağını söyləmişdi.
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a deyib ki, İsveçin NATO-ya üzvlük üçün müraciətini Türkiyə parlamentinin tez zamanda ratifikasiya edəcəyi inandırıcı deyil. 
    Ekspertin sözlərinə görə, mövcud təzyiq cəhdlərinə baxmayaraq, sənəd qısa müddətdə təsdiqlənməyəcək: 
    “İsveç mediası zaman-zaman yazır ki, hökumət NATO-ya üzvlüklə bağlı müraciətin Türkiyə tərəfindən “bir neçə həftə ərzində” ratifikasiya olunacağını gözləyir. Amma Ankara bu məsələdə prinsipiallıq göstərir. Türkiyənin bütün şərtlərinin İsveç tərəfindən yerinə yetirilməməsi səbəbindən prosesin sürətlə gedəcəyi ehtimalı azdır. Prosesdə son sözü Türkiyə deyəcək. Türkiyə terrorizmlə mübarizədə İsveç qarşısında irəli sürdüyü tələblərin yerinə yetrilməsində israrlıdır. Düzdür, İsveç bir sıra addımlar atmaqdadır. Məsələn, Türkiyəyə qarşı tətbiq etdiyi embarqonu ləğv edərək, müdafiə ixracı üçün lisenziyalar verməyə başlayıb. Amma bu hələ məsələnin həlli demək deyil. Türkiyənin NATO-ya üzvlük məsələsində geri çəkiləcəyini düşünmək olmaz”.

  • VHP-dən seçki qərarı: “Partiya üzvləri seçkilərdə öz seçimini azad şəkildə ifadə edəcək”

    Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurası 7 fevral növbədənkənar prezident seçkisi ilə bağlı qərar verib.

    VHP-nin seçkidə iştirakı haqda verilən bəyanatda deyilir:

    “Azərbaycanın tam və ədalətli qələbəsi ilə başa çatan Vətən Müharibəsi tək ölkədə deyil, bütövlükdə Cənubi Qafqazda yeni siyasi şərait yaratdı. 2024-cü ilin 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi həm də yeni siyasi dövrün başlanğıcının rəsmiləşməsi kimi qəbul edilməlidir. Növbədənkənar seçkini zəruri edən bir sıra beynəlxalq faktorlar da nəzərə alınmalıdır. Bu seçkilər regionda və dünyada baş verən geosiyasi gərginlikdən, mümkün və ehtimal olunan təhlükələrdən Azərbaycanı qorumağa xidmət edən bir siyasi hadisə kimi qəbul edilməlidir.

    Biz bundan əvvəl də Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsinin şahidi olmuşuq. 2018-ci ildə Prezident seçkiləri, 2020-ci ildə parlament seçkiləri keçirilib. Hər iki halda seçkinin növbədənkənar keçirilməsinin nə qədər düzgün qərar olduğunu gördük. Növbədənkənar prezident seçkiləri gələcək siyasi yönətimin, ölkəmizin maraqlarını təmin edəcək regional xarici siyasətin inamlı ifadəsinin legitimliyini yaratmış olacaq. 7 fevral seçkiləri Azərbaycanın bütün tarixi boyu baş tutacaq ən qürurverici seçki olacaqdır. Çünki Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərində suverenliyini, ərazi bütövlüyünü tam bərpa edib və seçki bütöv Azərbaycan ərazisində keçiriləcəkdir.20 min seçici – doğma yurdlarına qayıdan insanlarımız ilk dəfə işğaldan azad edilmiş ərazilərdə təşkil ediləcək seçki məntəqələrində səs verəcəklər.

    Bütün bunları nəzərə alaraq Vətəndaş Həmrəyliyi partiyası 7 fevral prezident seçkilərində vətəndaş fəallığını zəruri sayır və əmin olduğunu bildirir ki bu seçki anonsu verilən siyasi və iqtisadi islahatların gerçəkləşməsinə yol açacaqdır. Mövcud reallıqları, durumu nəzərə alaraq VHP seçkilərə öz namizədi ilə qatılmır. Partiya hazırkı ölkə başçısını seçkinin əsas favorit namizədi hesab edir. VHP üzvləri seçkilərdə öz seçimini azad şəkildə ifadə edəcək. VHP əmindir ki, şəffaf şəraitdə keçiriləcək azad və ədalətli 7 fevral Prezident seçkiləri ölkəmizdə demokratiyanın, milli həmrəyliyin təntənəsinə çevriləcək və bütün dünya buna şahid olacaqdır”.

  • “Artıq heç bir sülhməramlı missiyasına ehtiyac yoxdur”

    “Sentyabrın 28-də qondarma “Dağlıq Qarabağ Respublikası” özünü buraxdığını bəyan etdi. Bundan əvvəl isə separatçı qurum silahları və hərbi texnikanı Azərbaycana təhvil verməyə başlamışdı və ardınca xunta rejiminin liderləri həbs olunaraq Azərbaycan hüquq mühafizə orqanlarına təhvil verilib. Siyasi təhlilçilər “DQR”in süqutunu Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi qiymətləndirirlər və Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri qapandığını bildirir.”

    Musavat.com xəbər verir ki, bu sözləri musavat.com-a Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib.

    O bildirib ki, “DQR”-in özünü buraxmasını münaqişənin bitməsi kimi dəyərləndirmək olar: “Ancaq Rusiya sülhməramlılarının hələ bölgədə olması sonrakı proseslərin necə cərəyan edəcəyini proqnozlaşdırmağa imkan vermir. Rusiya sülhməramlılarının mandadı 2025-ci ildə bitir. Mandatın taleyi ilə bağlı hələ ki, nə Rusiya, nə də Azərbaycan rəsmiləri öz mövqeyini açıqlayıb. Yalnız Türkiyə lideri Rəcəb Təyyub Ərdoğan bununla bağlı qəti mövqe ortaya qoyub və güman edilir ki, rəsmi Bakının da istəyi bu yöndədir”.

    S.Əsədli bölgədə rus sülhməramlılarının varlığının proseslərə müsbət təsir göstərmədiyinin şahidi olduğumuza da diqqət çəkib: “10 noyabr sazişindən keçən 3 il ərzində erməni separatçılarının bütün hərbi təxribatlarının, terror aktlarının arxasında məhz rus sülhməramlıları dururdu. Bu müddətdə Azərbaycan səbir və təmkin nümayiş etdirdi, lakin ardıcıl diversiya və terror siyasətinin davamına əsla yol verilə bilməzdi. Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri aktivləşib, Azərbaycan hərbçilərinə, hətta sivil insanlara qarşı terror aktı həyata keçirirdi. Bir sutkadan daha az bir zaman kəsiyində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin ağ bayraq qaldırıb silahı yerə qoymaları, döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tam şəkildə tərk-silah olunmaları dövlətimizin qətiyyətinin göstəricisi idi. İndi Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi həyata keçirilir. Bir sözlə, separatçıların mövcud olduğu boz zonada Azərbaycanın konstitusion quruluşunu bərpa etmək üçün tədbirlərə start verildi. Azərbaycan vətəndaşlığımızı qəbul edən erməni kökənli şəxslərin də təhlükəsizliyini təmin etmək gücündədir. Antiterror tədbirləri zamanı mülki vətəndaşların zərər görməməsi və Qarabağı tərk edən ermənilərə münasibətdə hər kəs bunun şahidi olub. Belə olan halda hansısa sülhməramlı missiyasına ehtiyac qalmır”.

    Musavat.com

  • Xocalılı VHP-çilər bir araya gəldi: “Qürur və sevinc tarixi yaşayırıq”

    Qarabağda Azərbaycan Respublikasının suveren hüquqlarının bərpası hər bir vətəndaşda böyük sevinc və qürur hissi yaradır. Bu günlərdə xalqımız üçün 30 ilin ən böyük faciəsi olan Xocalı şəhərindən videokadrların yayılması, əsgərlərimizin Xocalı aeroportunda erməni bayrağını endirməsi rəmzi xarakter daşıması baxımından xüsusi sevinclə qarçılandı. Vətəndaş Həmrəyliyi Partiyasının Xocalı rayon təşkilatı Məclisinın növbəti toplantısında da bu sevinc yaşanıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edən toplantı iştirakçıları doğma şəhərlərinin azad olunması münasibəti ilə bir birini təbrik edib.

    VHP Xocalı rayon təşkilatının sədri Mikayıl Nurməmmədov çıxış edərək bildirib ki, bu gün Azərbaycan tarixinin ən qürurlu günləri yaşanır: “Bu gün Xocalı azaddır və biz xocalılar bunun sözlə ifadə olunmayacaq sevincini yaşayırıq. 31 ildir ki, elimizdən, obamızdan didərgin düşüb köçkün həyatı yaşayırdıq. Dövlətimiz var, bu gün yaşamağa evimiz var, amma vətən həsrəti, elimizin yağı işğalında olması bizi başı aşağı, nisgilli etmişdi. Biz bu günə kimi sevinməmişik, Xocalıda soyqırıma məruz qalan insanlar hər gün yuxumuza girirdi. Bu gün onların da ruhu şaddır, onlar da sevinir. Xocalı yalnız işğal olunmuş ərazi, şəhər deyil, bu işğal bizim milli heysiyyat məsələmiz idi və Azərbaycan ordusu bu məsələni dünyaya gücümüzü göstərərək həll etdi. Xocalı, Xankəni, Xocavənd, Əsgəran, Ağdərə, Meşəli, Umudlu, Kosalar, Cəmilli, Kərgicahan da azadlıqa qovuşdu. Ürəyimiz sevincdən elə çırpınır ki, sanki dayanacaq. Bu sevinci heç nə ilə dəyişə bilmərik, biz evlərimizə, yurdumuza qayıdacağıq”.

    Daha sonra digər Məclis üzvləri də çıxış edərək Qarabağın azadlığının dövlətimiz və xalqımızın əbədi qürur məqamı olduğunu bildirib. Məclis Xocalının və Qarabağın ətraf şəhərlərinin azad olması münasibəti ilə VHP-çi xocalılar adından həmyerlilərinə müraciət qəbul edib.