Vətəndaş Həmrəyliyi Partiyası

Category: Slayder

  • Dövlətçilik tariximizə həmrəylik möhürü vuran partiya

    Vətəndaş Həmrəyliyi Partiyasının tarixi Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşür. Partiyanın yaranması Dövlət Müstəqilliyinin elanından bir il sonraya təsadüf etsə də VHP-nin yaranması 1988-ci ildə Meydan hərəkatı ilə başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ötən 31 ildə böyük bir tarixi yol keçən VHP bu gün seçkili orqanlarda təmsilçiliyi və ictimai nüfuzu ilə ölkənin aparıcı siyasi partiyalarından biridir.

    VHP müstəqillik dönəminin bütün parlament və bələdiyyə seçkilərində iştirak edən və nəticə əldə edən müxalifət partiyalarından biridir. Vətəndaş Həmrəyliyi Partiyası 2003-cü ildə prezident seçkilərinə qatılmış, VHP sədri Sabir Rüstəmxanlının prezidentliyə namizədliyi irəli sürülmüşdür. VHP parlamentdə 3 deputatının təmsilçiliyi ilə hazırda ölkənin ana müxalifət partiyası sayılır. VHP üzvləri bu gün ölkənin 10-a yaxın bələdiyyələrində təmsil olunmaq hüququ qazanıblar.

    VHP bu günə kimi müxalifət partiyalarının təşkil etdiyi əksər birlik, blok və digər qurumlarda təmsil olunub.

    Müxtəlif siyasi bloklarda təmsil olunmaqla bərabər VHP 31 il ərzində heç bir siyasi avantüraya uymadan ölkədə milli dövlətçiliyin qorunub saxlanılması, sivil mübarizə ənənələrinin formalaşması, torpaqlarımızın işğaldan azad edilməsi niyyəti ilə vətəndaşların birgə mübarizə cəbhəsinin yaradılması yolunu davam etdirmişdir.

    Vətəndaş Həmrəyliyi Partiyasının respublikanın 81 bölgə (şəhər/rayon) və 1 muxtar respublika təşkilatı fəaliyyət göstərir. Bölgə təşkilatlarında və rəhbərlikdə ölkə vətəndaşı olan bütün etnik və azsaylı xalqların nümayəndələri təmsil olunurlar. Partiyanın əsas nüvəsini gənclər təşkil edir. Bu gün ölkədə gedən proseslər və siyasi partiyaların bəyan etdiyi ideoloji sistem VHP-nin 31 il öncə irəli sürdüyü ideologiyanın nə qədər doğru və müasir olduğunu nümayiş etdirir. Siyasi leksikonumuza Vətəndaş Həmrəyliyi ifadəsini məhz VHP gətirmişdir. Azərbaycanın iqtisadi yüksəlişi, ölkəmizdə insan haqlarına, söz azadlığına dəyər verilən demokratik bir cəmiyyətin qurulması VHP-nin əsas hədəfi olaraq qalır.

    Partiyanın 31 il öncə, təsis qurultayında irəli sürdüyü şüar bu gün də Azərbaycan siyasi mühitində öz əhəmiyyətini saxlamışdır. Nicatımız – Vətəndaş Həmrəyliyindədir!

    VHP Siyasi Şurası

  • VHP Bakının işğaldan azad edilməsinin 105-ci il dönümünü qeyd etdiFOTO

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Bakı şəhərinin azad edilməsinin 105-ci ildönümü münasibətilə Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət edib, abidənin önünə əklil və gül dəstələri qoyulub. VHP üzvləri Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçmiş türk qardaşlarımızın əziz xatirəsini yad ediblər.

    Partiyadan Musavat.com-a verilən məlumata görə, VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Bakının azad olunmasının tariximizdə əvəzolunmaz rolu haqda danışaraq bu günkü müstəqil Azərbaycanın mövcudluğunda Nuru paşanın komandanlığı altında canlarını fəda etmiş qəhrəmanların xidmətlərinin heç zaman unudulmayacağını və onların xatirəsinin həmişə xalqımız tərəfindən ehtiramla yad edildiyini bildirib.

    Daha sonra VHP Ali Məclisinin sədri Felmar Ələkbərli çıxış edərək Xalq Cumhuriyyəti üçün mühüm hadisə olan Bakının azad olunması uğrunda döyüşlərdə türk əsgərinin, Çanaqqala savaşında Azərbaycan əsgərlərinin qəhrəmanlığının dünya durduqca dostluq və qardaşlıq dastanı kimi xatırlanacağını bildirib. Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini, sarsılmazlığını əks etdirən bu məzarlıqda uyuyan türk şəhidlərinin qəhrəmanlığı və fədakarlığı dərin hörmət və ehtiramla xatırlanıb.


  • Sabir Rüstəmxanlı: “Bu, siyasi partiyalar üçün sınaq oldu”

    ““Siyasi partiyalar haqqında” qanun xeyli müzakirə olundu. “Partiyaları sıxışdırırlar”, “bağlayırlar” kimi fikirlər səsləndi. Ədliyyə Nazirliyi isə prosesə diqqətli yanaşdı. Siyahılar adbaad yoxlandı”.

    Bu fikirləri Musavat.com-a Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.

    O bildirib ki, partiyanın 9200-dən artıq üzvü vardı: “Dəqiqləşmədən sonra 8800-dən çox üzvlə qeydiyyatdan keçdik. Hesab edirəm ki, yenidən qeydiyyat partiyamızın fəaliyyətinə müsbət təsir göstərdi. Bu, siyasi partiyalar üçün yaxşı mənada sınaq oldu. Müxalifət düşərgəsində reyestrdən keçmə haqqında məktubu alan ilk partiya Vətəndaş Həmrəyliyi Partiyası oldu. Növbəti mərhələdə partiyanın nizamnaməsini Ədliyyə Nazirliyinə təqdim edəcəyik. Nizamnamə öncədən yaxşı hazırlanıb, ciddi dəyişikliklər olmayacaq. Proqramımız ölkəmizin inkişafı ilə bağlıdır”.

    Sabir Rüstəmxanlı hesab edir ki, bu proses siyasi mühitdə canlanma yaradır: “Bəzi partiyalar narazılıq edəcəklər. 4500 üzv yığa bilməyən, yaxud qeyri-dəqiq siyahı təqdim edən partiyalar kənarda qalacaqlar. Buna təəssüflənmək lazım deyil. Proses siyasi partiyaların özlərini yoxlaması üçün fürsət oldu. Bu, fəaliyyətdə müəyyən canlanma yaratdı”.

    Nigar HƏSƏNLİ,
    Musavat.com

  • VHP üzvlərinin reysterini Ədliyyə nazirliyi təsdiq edib

    Bu gün Ədliyyə Nazirliyi Vətəndaş Həmrəyliyi Partiyasının üzvlərinin reysterini təsdiq edib.

    Bu barədə  partiya sədrinin müavini Samir Əsədli məlumat verib.

    Onun sözlərinə görə, növbəti mərhələdə nizamnamə və proqramın yeni variantını nazirliyə təqdim edəcəklər.

    Qeyd edək ki, bu gün AĞ Partiya da rəsmi qeydiyyatdan keçib.

     

  • VHP sədrinin müavini ABŞ diplomatı ilə görüşüb

    Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ABŞ-ın ölkəmizdəki səfirliyinin siyasi işlər üzrə müşaviri Brett Dvorak ilə görüşüb. Görüşdə VHP-nin fəaliyyəti, ölkədəki ictimai-siyasidurum və yeni ”Siyasi partiyalar” qanun ətrafında müzakirə aparılıb.

    S.Əsədli bütün məsələlərlə bağlı VHP-nin mövqeyini cənab Dvorakın diqqətinə çatdırıb.

  • Samir Əsədli: Ermənistan və Qarabağdakı separatçılarla bağlı bütün təxribatların arxasında Rusiya dayanır

    “Laçın yolu ətrafında yaşananlar, Qarabağdakı separatçıların fəallaşması və pozuculuq hərəkətləri, İrəvanın BMT-yə müraciəti və sərhədə hərbi texnika cəmləməsi Azərbaycan-Ermənistan arasında sülh prosesinə ciddi zərbə vurur”.

    Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Samir Əsədli deyib.

    Onun sözlərinə görə, Azərbaycan tərəfi ciddi-cəhdlə ölkəmizin ərazi bütövlüyünün tam bərpası çərçivəsində Ermənistanla sülhün imzalanmasına çalışır və çoxsaylı təşəbbüslər göstərir: “Amma Ermənistan tərəfinin qeyri-səmimiliyi, sülhdən qaçması, davamlı pozuculuq hərəkətlərinə rəvac verməsi prosesi çıxılmaz duruma salır”.

    Müsahibimiz qeyd edib ki, heç şübhəsiz Ermənistan və Qarabağdakı separatçılarla bağlı bütün təxribatların arxasında Rusiyanın özü durur. Separatçılara mütəmadi silah-sursat daşınır. Bütün bunlar Rusiya sülhməramlılarının gözü qarşısında baş verir. Pərdə arxasından bu məsələləri müdafiə edirlər.

     

    Samir Əsədli: Ermənistan və Qarabağdakı separatçılarla bağlı bütün təxribatların arxasında Rusiya dayanır

    S.Əsədli bildirib ki, Rusiya heç bir halda sülh prosesinin baş tutmasında maraqlı deyil: “Ermənistanda olan revanşist qüvvələri və Qarabağda olan separatçıları təhrik edir, ayağa qaldırır, onlardan istifadə edir. Ermənistan Rusiyaya güvənərək bu addımları atır. İrəvan Moskvaya güvənərək təxribatlar törətdiyi müddətdə bölgədə uzunmüddətli sülhdən danışmaq olmaz”.

    Qeyd edək ki, son bir aydır Laçın yolu və Qarabağ ətrafında ciddi proseslər yaşanmaqdadır. Erməni tərəfi, separatçılar bütün səyləri ilə rəsmi Bakıya təzyiq göstərilməsinə çalışırlar. Erməni lobbisi də xüsusi fəallıq göstərir. Ermənistan hökuməti də Laçın yolu ilə bağlı BMT-nin TŞ-na müraciət envanlayıb. Həmçinin, Naxçıvan və Kəlbəcər istiqamətində mövqelərimiz ermənilər tərəfindən atəşə tutulur. Eyni zamanda Qarabağdakı qanunsuz silahlı birləşmələr də silahlanmaqda davam edir. Təbii ki, baş verənlərin hamısı birmənalı olaraq sülh prosesinə böyük zərbə vurur və qarşıdakı dönəmdə baş tutacaq danışıqların nəticəsiz olmasına yol açır.

    Aydın Baxış

  • VHP-nin bölgə təşkilatlarının toplantısı keçirilib- FOTO

    VHP Oğuz RT
    VHP Oğuz RT

    Oğuz:  Vətəndaş Həmrəyliyi Partiyası Oğuz rayon təşkilatı Məclisinin və Nəzarət Təftiş Komissiyasının birgə toplantısı keçirilib. İclasda ölkədəki ictimai-siyasi durum, təşkilati məsələlər və qarşıda duran işlər müzakirə edilib.

    Təşkilat sədri Famil Adiloğlu ölkədəki ictimai-siyasi vəziyyət, pariyanın proseslərə münasibəti və qarşıda duran tapşırıqlar barədə geniş məruzə edib. Siyasi partiyalar haqqında qanuna uyğun yenidən qeydiyyat məsələsi barədə üzvlərə məlumat verilib.

    Məclis üzvlərindən Qabil Seyidxanov, Faiq Qəribov NTK üzvü Bəsti Zakirova çıxış edərək təşkilatın fəaliyyəti və qarşıda duran işlərdən danışdılar.
    Sonda təşkilati məsələlərə baxılıb, 2 nəfər partiya üzvlüyündən azad edilib və 17 nəfər yeni üzv qəbul edilib.
    VHP Şirvan ŞT
    VHP Şirvan ŞT

    Şirvan/ Şamaxı: Vətəndaş Həmrəyliyi Partiyası Şirvan şəhər və Şamaxı rayon təşkilatları Məclisinin növbəti toplantısı keçiriblər. Şirvan şəhər təşkilatının sədri Aqil Vəli və Şamaxı rayon təşkilatının sədri Ədalət Məmmədov ictimai-siyasi məsələlər barədə məruzə edib, partiyanın siyasi mövqeyi və proseslərə münasibəti haqda üzvləri məlumatlandırıblar.

    Toplantıda təşkilati məsələlərlə bağlı qarşıda duran işlər müzakirə edilib, Ədliyyə nazirliyinin qeydiyyat məsələsi ilə bağlı VHP-yə cavabı və partiyanın fəaliyyətindən danışılıb.
    VHP Şamaxı RT
    VHP Şamaxı RT

    Lerik: Vətəndaş Həmrəyliyi Partiyasının Lerik rayon təşkilatı məclisinin növbəti yığıncağı keçirilib. Təşkilat sədri Elxan Hacıyev çıxış edərək təşkilati işlərlə bağlı geniş məlumat verib. O, bildirib VHP Lerik rayon təşkilatın qeydiyyatında 255 nəfər üzv var, yeni siyasi partiyalar qanununa uyğun olaraq üzvlərdən 150 nəfərin adı reysterə salınıb. E.Hacıyev həmçinin məclisə məlumat verib ki, Ədliyyə nazirliyi tərəfindən 100-ə yaxın partiya üzvünə zəng edilib, partiya üzvü olmaları soruşulub və təsdiq alınıb.

    VHP Lerik RT
    VHP Lerik RT

    Toplantıda VHP sədrinin müşaviri Həşim Nəsirov çıxış edərək partiyanın respublika reystr işi ilə bağlı fəaliyyətindən danışıb və ölkədəki ictimai-siyasi vəziyyət, qarşıda duran işlər barədə məlumat verib. Bildirib ki, yeni qanuna görə partiya qeydiyyatdan keçmək üçün on minə yaxən şəxsin adı verilib, onların yarısı ilə əlaqə saxlanıldığı barədə məlumatımız var.

    Məclis yeni 20 özək təşkilatının səlahiyyətini təsdiq edilib, 3 nəfər VHP üzvlüyündən azad edilib və 21 nəfər yeni üzv qəbul edilib.
    Sonda payızda təşkilatın növbəti konfransının keçirilməsi qərarlaşdırılıb və özək təşkilatlarının yığıncalarının keçirilməsi qərara alınıb.

  • “Qeydiyyata alınacağımıza şübhəm yoxdur”-yə hansı iradlar tutulub?

    “Ədliyyə Nazirliyinin yaydığı məlumatdan da görünür ki, Vətəndaş Həmrəyliyi Partiyası yanlışlıqları düzəldən sonra qeydiyyatdan keçəcək. Bizim 5 min üzvümüz var və artıq özümüzü qeydiyyatdan keçmiş sayırıq”.

    Bu sözləri Yenisabah.az-a Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Milli Məclis üzvü Sabir Rüstəmxanlı deyib.

    O, “Siyasi partiyalar haqqında” yeni qanunun tələbi ilə əlaqədar olaraq Ədliyyə Nazirliyin VHP-nin təqdim etdiyi sənədlərə iradından söz açıb:

    “Nazirliyin dediyi adamları kənara qoysaq, buna nail ola bilərik. Bildiriblər ki, 1700 nəfərin sənədində dolaşıqlıq var. Onu həll etsəniz, məsələ qurtarar. Digər qeyri-dəqiqliklər də var. Amma bütün mübahisəli görünən məsələləri kənara qoysaq, VHP-nin yoxlanılmış üzvlərinin sayı təxminən 4990 nəfərdir. Bir neçə günə uyğunsuzluqları dəqiqləşdirib sənədləri yenidən nazirliyə təqdim edəcəyik. Qeydiyyata alınacağımıza dair heç bir şübhəmiz yoxdur.

    Fikrimcə, rədd cavabı gələn partiyaların bir çoxu illər uzunu fəaliyyət göstərən və üzvlərinin sayı bəlli olan partiyalardır. Mənə elə gəlir ki, onlar da sənədlərini bir daha gözdən keçirib yenidən Ədliyyə Nazirliyinə müraciət edəcəklər. Məncə, nazirliyin rədd etmək imkanı olmayacaq”.

    Xatırladaq ki, Ədliyyə Nazirliyi ReAl, AXCP, Müsavat, Ağ Partiya, Vəhdət Partiyası, VHP və digər partiyalar da daxil olmaqla, 19-a yaxın partiyaya sənədlərin dəqiqləşdirilməsi üçün 30 gün vaxt verib.

    Rafi MÜSLÜMOV

     

     

  • Ədliyyə Nazirliyi YAP-dan sonra ilk partiyanı qeydə almaq üzrədir – “Araşdırmanın nəticələri partiyanın qeydiyyatı üçün yetərlidir”

    “Vətəndaş Həmrəyliyi Partiyası (VHP) “Siyasi Partiyalar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 05.07.2023-cü il tarixdə üzvlərinin bir hissəsinin reyestrini Ədliyyə Nazirliyinə təqdim etmişdi. Ədliyyə Nazirliyi bir ay ərzində müvafiq yoxlamalar apararaq VHP-yə cavab verib”.

    “AzPolitika.info” xəbər verir ki, bu barədə partiya sədrinin müavini Samir Əsədli bildirib. Onun sözlərinə görə, nazirliyin cavabında təqdim edilmiş siyahıdakı 9246 nəfərdən yalnız 255 nəfərin VHP üzvlüyünün təsdiq olunmadığı bildirilib. “Həmçinin 1954 şəxsin məlumatlarının (ad, soyad, ata adı, təvəllüdü) düzgün göstərilmədiyi qeyd olunub”,– o əlavə edib.

    S.Əsədli deyib ki, rəsmi cavabda həmçinin müəyyən qrup partiya üzvlərinin eyni telefon nömrələrindən (mobil və ev) istifadə etdikləri bildirilib: “Aydınlıq üçün bildiririk ki, bu kənd rayonlarında ailədə və rayon təşkilatı özəklərində bir neçə şəxsin bir telefon nömrəsindən istifadəsi ilə bağlıdır. Qeyd etməliyik ki, “Siyasi Partiyalar haqqında” qanunda hər bir partiya üzvünün fərdi nömrəsinin olması tələbi qoyulmayıb. Bütün bu və ya digər qüsurlar göstərilməklə Ədliyyə Nazirliyinin məktubuna əsasən, 5000 nəfərə yaxın şəxsin VHP üzvü kimi reyestrdə təsdiqləndiyi ortaya çıxır. Göründüyü kimi, aparılmış araşdırmanın nəticələri partiyanın qeydiyyatı üçün yetərlidir”.

    Sədr müavini vurğulayıb ki, bnunla belə, göstərilən qüsurları da nəzərə alaraq VHP üzvlərinin reyestr siyahısını daha da dəqiqləşdirib, yaxın günlərdə yenidən Ədliyyə Nazirliyinə təqdim edəcəklər.

    “AzPolitika.info”

  • Bütün hüquqi dövlətlərin etdiyini Azərbaycan “Laçın” postunda edir

    Öz ölkələrinə rəva bilmədiklərini Azərbaycandan tələb edirlər; Samir Əsədli: “Humanitar yük gətirən şirkət müharibə vaxtı silah daşıyırdı”

    Əgər biz hüquqi dövlət quruculuğundan danışırıqsa, Qarabağ torpaqlarında addımlarımız da bura daxildir. Ölkənin bir tərəfində hüquq, digər tərəfində dərəbəylik ola bilməz. Ona görə Ermənistanın göndərdiyi yükləri Laçın yolundan buraxmış olsaydıq, bunun özü hüquqi bir dövlət olmağımızı şübhə altına ala biləcək qərar sayılacaqdı. Belə çıxacaqdı ki, Qarabağ hüququn və qanunların işləmədiyi cəngəllik əraziləridir, burada hansı dövlət nə istəsə edə bilər. Bura Əfqanıstanın, yaxud Somalinin sahibsiz, nəzarətsiz yerləri deyil ki, hansısa üçüncü, dördüncü əl burada “at oynatsın”. Ona görə hüquqi dövlətdə bütün iştirakçılıq, fəaliyyət qanuna söykənir. Bakı 19 yük maşınını qapıda saxladıb və postdan buraxmır. Hətta alternativ də göstərir. Amma öz ölkələrinə rəva bilmədiklərini bizdən tələb edirlər ki, hüququn işləmədiyi mənzərə yaransın. “Yeni Müsavat” son bir həftədə baş verənləri təhlil edərək yazır ki, bu hadisələrə vətəndaş cəmiyyətinin reaksiyası da daha təsirli və effektli ola bilərdi. Çünki Ermənistan bu addımı ilə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə çalışır, avropalı diplomatları sərhədə tamaşaya gətirir, xarici kampaniya aparır. Lakin beynəlxalq reaksiyalar da o səviyyədə olmadı ki, Azərbaycana güclü təzyiq göstərsinlər.

    Onlar anlamaqdadır ki, hüquqi dövlətdə başqa ölkə icazəsiz hər hansı yardım  karvanı ilə keçə bilməz. O yüklər həmin dövlətə təhvil verilə bilər ki, aidiyyəti üzrə çatdırılsın.

    Ermənistan isə bildirir ki, karvan başqa dövlətdə yaşayan soydaşlarına həmin ölkədən icazəsiz çatmalıdır. Təxminən ona oxşayır ki, Azərbaycan Gürcüstanda yaşayan azərbaycanlılara rəsmi Tiflislə razılaşdırmamış yardım göndərir.

    Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Yeni Müsavat”a dedi ki, Azərbaycan dövlətinin sərhəd-keçid məntəqəsinin qurmaqda haqlıdır: “Bura istənilən şəxs istədiyi şəkildə girib keçə bilməz.  Sülhməramlı qüvvələr yola normal nəzarət etmirdilər. Humanitar yüklərə gəlincə, Ağdamdan keçməklə Xankəndiyə gedə bilər. Humanitar yükləri daşıyan şirkətin müharibə dövründə Gürcüstandan Ermənistana silah daşıdığı faktı var. Gürcüstan hökuməti dost münasibəti göstərərək həmin faktı aşkarlayıb ifşa etmişdi. Dünyanın heç bir yer ölkəsi kiminsə əl-qolunu sallayıb ərazisinə daxil olmasına göz yummur. Xocalı qatili Xaçatryanın da həbsi inteqrasiya prosesinə qarşı addım deyil və hərbi canilər cəzasını almalıdır ki, belə hallar bir də olmasın. Azərbaycan xalqların birgəyaşayışının  nümunəsidir. Separatizmin əsasını qoyan ermənilərdir”.

    S.Əsədli qeyd etdi ki, münaqişə dövründə Azərbaycan ermənilərin mülki əhalisinə qarşı cinayət faktı yoxdur: “Bu gün də mülki əhali incidilmir. Ermənilər gedir-gəlir, video sübutlar var. Azərbaycan yola nəzarət etməklə hüquqi dövlətlərin etdiyini həyata keçirib, yəni heç bir qeyri-qanuni iş görməyib. Beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi bu məsələdə bir-birini tamamlayır. Diasporamız, diplomatiyamız daha çox iş görməlidir ki, beynəlxalq ictimaiyyət əsl həqiqətləri bilsin, bizdən eşitsin. Yəni təkcə Prezident və Xarici İşlər Nazirliyi deyil, xaricdə olan bütün azərbaycanlılar dövlətimizin haqlı mövqeyini dünyaya çatdırmaqda dəstək olmalıdırlar. Biz təmasda olduğumuz beynəlxalq qurumlara, xaricdəki siyasi təşkilatlara məsələnin mahiyyətini çatdırırıq. Bizi ittiham edən dövlətlər isə öz addımlarına baxsınlar, onların ərazisinə qanunsuz girişə icazə varmı? Onlar icazəsiz hansısa yükü keçməyə razılıq verərmi? Ona görə də bütün iqtidarlı müxalifətli bu məsələdə bir mövqedən çıxış edərək haqlı mübarizəmizi aparmalıyıq”.

    Yazını hazırladı: Emil SALAMOĞLU