Vətəndaş Həmrəyliyi Partiyası

Category: Slayder

  • VHP Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibəti ilə təbrik edib

    Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:
    “Hörmətli həmvətənlər!
    Sizi müqəddəs Pasxa bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə xoşbəxtlik, cansağlığı və firavanlıq arzulayıram. Yüz illərdir Azərbaycanda fərqli dini inanclar, mədəniyyətlər və adət-ənənələr sülh və əmin-amanlıq içində, azad şəkildə yaşayır. Bu birlik, həmrəylik və qardaşlıq xüsusiyyətlərimizi yaşatmağa davam edirik. Azərbaycan tarixən olduğu kimi, bu gün də dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq burada yaşayan hər kəsin vətənidir. Vətənimizin azadlığı, bütövlüyü uğrunda müsəlman, xristian və yəhudi vətəndaşlarımız birgə çalışır.
    Əziz həmvətənlər!
    Hər il Azərbaycanda təntənə ilə bayram etdiyiniz və gözəl bahar günlərinə təsadüf edən Pasxa bayramı xeyirxahlığı, həmrəyliyi mərhəmət və şəfqət duyğularını təcəssüm etdirir. Bu əziz gündə hamınıza bir daha xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram.
    Bayramınız mübarək olsun!”

     

    Hörmətlə,

    VHP Siyasi Şurası

  • VHP ilə birləşmək istəyən partiyalar var

    Amma bu məsələyə həmin təşkilatların yekun və konkret qərarından sonra baxılacaq
     
      “Siyasi partiyalar haqqında” qanunun tələblərinə cavab verməyən 7 partiya fəaliyyətini dayandırıb. Digər bir neçə siyasi partiyanın isə birləşəcəyi müzakirə olunmaqadır. Sosial Ədalət Partiyası və Qorqud Partiyalarının da yaxın günlərdə Vətəndaş Həmrəyliyi Partiyasına birləşəcəyi ilə bağlı məlumatlar var. 
     
      Yayılan xəbərlərlə bağlı “Şərq”ə danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, “Siyasi partiyalar haqqında” qanunda əksini tapmış bir sıra tələblərə görə, bəzi partiyalar öz fəaliyyətini dayandırmaq qərarı alıb. 
    Partiya təmsilçisi bildirib ki, söhbət 5 min üzv məsələsindən gedir: “5 min üzv tələbini yerinə yetirə bilməyənlər çıxış yolunu digər partiyalarla birləşməkdə görürlər. Vətəndaş Həmrəyliyi Partiyasına müraciət edərək birləşmək niyyətində olduğunu bildirən partiyalar var.
     
    Amma bu məsələ həmin partiyaların yekun və konkret qərarından sonra VHP-nin Siyasi Şurasında baxılacaq və münasibət açıqlanacaq. 
    Təbii ki, indiki şəraitdə bəzi kiçik partiyaların birləşməsi və daha böyük partiyanın yaranması çox önəmlidir. Hazırda elə siyasi partiya var ki, təşkilatda sədrdən başqa heç kim yoxdur. O baxımdan bəzi partiyaların birləşməsi daha münasib addım kimi dəyərləndirilir”.
    ***

    Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Vəhdət Partiyasının ona birləşməsi ilə bağlı məlumata aydınlıq gətirib.

    Partiyanın sədr müavini Samir Əsədli Qaynarinfo-ya açıqlamasında belə bir müzakirənin getməsindən xəbərsiz olduğunu deyib:

    “Xəbərim yoxdur, belə müzakirə getməyib. Vəhdət Partiyası bizə dost təşkilatdır. Vaxtı ilə müxtəlif bloklarda bir yerdə olmuşuq. Tahir bəy milli adamdır, ona hörmətimiz sonsuzdur. Partiyasında da xeyli sayda dostumuz, əlaqələrimiz var. Amma birləşmə və bu kimi məsələlərdən xəbərim yoxdur”.

    Samir Əsədli Vəhdət Partiyasının siyasi bazası, fəaliyyəti göz önündə olan siyasi təşkilatlardan biri olduğunu vurğulayıb.

    Qeyd edək ki, mətbuatda Vəhdət Partiyasının VHP-yə birləşməsi ilə bağlı məlumat yayılıb.

    Onu da qeyd edək ki, VHP-nin sədri deputat Sabir Rüstəmxanlı, Vəhdət Partiyasının sədri isə deputat Tahir Kərimlidir.

  • Sabir Rüstəmxanlı: “ Gün gələcək Novruz tonqalları Güneyli, Quzeyli Bütöv Azərbaycanda yandırılacaq! “

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Təbrikdə deyilir:
    “Əziz bacılar və qardaşlar!
    Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ölkəmizə əmin-amanlıq, hər birinizə can sağlığı, ailə səadəti və firavanlıq arzulayıram.
    Novruz xalqımızın ən qədim və milli bayramlarından biridir və min illərlə soydaşlarımız Baharın gəlişini yüksək əhval-ruhiyyə və sevinclə qarşılamışlar. Ən çətin tarixi dövrlərdə, Novruz bayramı dövlət səviyyəsində qadağan edildikdə belə, xalqımız bu mərasimi təmtəraqla keçirmiş, min illərin ənənəsini yaşatmış, milli ruhunu, milli kimliyini ayaqda saxlamağı bacarmışdır.
    Novruz – təkcə torpağın oyanması, ruzi-bərəkət, bolluq rəmzi deyil, həm də ruhumuzun təzələnməsi, qan yaddaşımızda yaşatdığımız adət-ənənlərimizin, dünyagörüşümüzün, həyata baxışımızın təzahürü, milli arzu və istəklərimizin ifadəsi, xalq olaraq Tanriya dua mərasimlərimizin cəmləşdiyi törəndir. Elə bu səbəbdən biz hər il arzulayırdıq ki, gələn il Novruz bayramını Şuşada, Kəlbəcərdə, Laçında keçirək. Artıq bu arzumuz reallaşıb. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı yumruq kimi birləşdi, əsgər və zabitlərimiz döyüş meydanında qəhrəmanlıqlar göstərdi. Biz artıq Şuşadayıq, o müqəddəs tarixi torpaqlarımızdayıq. Bu bayram günündə gözünü qırpmadan canını bu vətən üçün qurban verən şəhidlərimizi sayğıyla yad edirik. Gün gələcək Novruz tonqalları Güneyli, Quzeyli Bütöv Azərbaycanda yandırılacaq!
    Əziz soydaşlarım, bir daha sizləri Novruz bayramı münasibəti il təbrik edir, hamınıza xoşbəxtlik, ruzi-bərəkət arzulayıram.
    Tanrı dövlətimizi, xalqımızı, millətimizi qorusun!”

  • Sabir Rüstəmxanlı: “Kadrların biri gedir, başqası gəlir, amma vəziyyət dəyişilmir”

    Sabir Rüstməmxanlı
    Sabir Rüstməmxanlı

    “Xahiş edirəm, bizim müraciətlərə diqqətlə yanaşsınlar. Biz əhalinin sosial vəziyyətinin yaxşılaşması üçün görülən tədbirlərdən çox danışırıq. Bu sahədə müəyyən islahatlar aparılır. Başa düşmürük, necə olur ki, ildən-ilə əhalinin narazılığı azalmaqdansa, artır”,

     
    Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.
    Deputat bildirib ki, işsizlik, sosial yardımların düzgün bölünməməsi, qohumbazlıq, rüşvətlə iş görmək, əhali üçün ayrılmış vəsaitlərin oğurlanması və s. üzdə olan problemlərdir:
    “Təqaüd və maaşların artırılması ilə bağlı fikir səsləndiriləndən sonra bazarlarda kim necə istəyir, o qiymətidə qoyur. Bu, azad bazar siyasəti deyil, özbaşınalıqdır, millətin həyatı və əsəbləri ilə oynamaqdır. Bəzi vəzifə sahibləri özlərindən əvvəlki qoçu qardaşlarının taleyi haqqında düşünmürlər. Kadrların biri gedir, başqası gəlir, amma vəziyyət dəyişilmir”.
    S.Rüstəmxanlı qeyd edib ki, illər uzunu ana dilinin sıxışdırılmasından danışılır:
    “Şəhərə çıxanda çevrənizdə başqa dillərdə danışanların ildən-ilə artdığını görəndə özünüzə sual verin, biz hansı ölkədə yaşayırıq? Bakıda birinci sinif rus məktəblərinə gedən uşaqların sayı artır. Deyəcəksiniz ki, vətəndaş seçimində sərbəstdir. Unutmayın ki, bugünkü sərbəstliyin altında sabahkı separatizm, milli hökumətə sayqısızlıq, ölkənin özgələşməsi dayanır”

  • Güclərin hirsi milli irsi “yeyir” – Yalnız bir şansımız qalıb… – VİDEO

    “Sabir Rüstəmxanlı söhbətləri”nın növbəti buraxılışı qeyri-maddi mədəni irsə, milli kimliyimizə, insanlığı gözləyən bəlalar və xalqın bu bəlalardan xilas edilməsi yollarına həsr olunub.

    Bu yaxınlarda Milli Məclisin Mədəniyyət komitəsində Mədəniyyət nazirliyi ilə birgə, Media nümayəndələrinin iştirakı ilə “Qeyri-maddi mədəni irsin qorunması” haqqında qanun layihəsinin müzakirə etdik.
    Türkiyədə qeyri-maddi mədəni irsə “Somut olmayan kültürəl miras” deyirlər. Somut- yəni əllə toxunumayan, duyğularla anladılan bir nəsnə…
    Bu irsə milləti millət edən bütün mənəvi dəyərlər daxildir: dil, adət-ənənələr, vərdişlər, əxlaq və davranış normaları, bilik və bacarıqlar, ifa sənəti və təcrübələr, xalq yaradıcılığının bütün sahələri, bir sözlə miras kimi qəbul etdiyi hər şey…
    Bura müxtəlif ləhcələri, tarixi yer adlarını, abidələrlə bağlı bilgiləri, ibadətxanaları, bənzərsiz təbiət bölgələrini, bir sözlə milli varlığı təməl daşı olan bütün mənəvi özəllikləri də əlavə etmək olar.

    İNSAN VƏ MİLLƏT ÖZ DƏYƏRLƏRİNƏ SAHİBLƏNMƏLİDİR. Bu dəyərləri siyasət və hakimiyyət oyunlarına qurban verməməlidir.
    Qeyri-maddi irsin qorunması ideyası təxminən 120 il bundan öncələrdən başlanmışdır. Yəni bu təşəbbüsün bir əsrdən artıq tarixi var.
    2003-cü ildə YUNESKO bu irsin qorunması haqqında Sözləşmə qəbul etmişdir. 180 ölkə bu Sözləşməyə qoşulub. ABŞ, Rusiya, İngiltərə bu ölkələr arasında deyil.
    Maddi olmayan mədəni sərvətin qorunması da Təhsil, Elm və Mədəniyyətin qorunması qədər əhəmiyyətlidir.
    1999-cu ildə Vaşinqtonda Folklorun qorunmasına həsr edilmiş bir konfransda folklor adından imtina edildi və folklor da Somut, yəni maddi olmayan mədəni irs siyahısına salındı.
    YUNESKO-nun tərtib etdiyi Dünya irsi siyahısına təxminən 1160 dəyər salınıb. Onlardan 17 və ya 18-i Azərbaycandadır: Muğam, Aşıq sənəti, Novruz, Qarabağ atları, Azərbaycan xalçası, Tar ifaçılığı, Kəlağayı, Lahıc misgərliyi, Lavaş, Dolma, Kamança ifaçılığı, Çövkən oyunu, Yallı, Dədə Qorqud dastanı, nar bayramı, miniatür sənəti… Bəlkə mənim bilmədiklərim də var.
    Ədalət xətrinə deməliyik ki, bu dəyərlərimizin Dünya Mədəni İrsi siyahısına düşməsində, Birinci Vitse-prezident Mehriban xanımım xüsusi xidmətini unutmaq olmaz.
    Bu dəyərlərin bəziləri qardaş xalqlarla şərikdir, məsələn, lavaş, novruz. Bu irsin bir ikisinə bizim bədnam düşmənlərimiz də şərik çıxıblar: lavaş, Köçəri oyun havası…
    Buna təbii baxmaq lazımdır. Türk dünyası ilə ortaq sərvətlərimiz çoxdur.
    KİÇİK XALQLARIN BÖYÜK XALQLARIN SÜFRƏSİNİN TÖR-TÖKÜNTÜSÜNƏ GÖZ DİKMƏSİ DƏ BAŞA DÜŞÜLƏNDIR VƏ BUNUNLA BİZ KASIBLAMIRIQ…
    Dünya öz tarixi yaddaşını, keçmişinin izlərini, köhnə xatirələrini qorumaqda niyə bu qədər maraqlıdır? Məncə, bunun əsas səbəbi insanlığın çox sürətlə öz keçmişindən qopması, kökündən uzaqlaşmasıdır. Bilgisayar, telefon, süni intellekt, yapay zəka insanı tamamilə fərqli bir aləmə qovuşdurub və bizi yeni bilgilərlə üz-üzə qoyub.
    İnsan hətta öz cinsini qarışıq salır, ailə məsuliyyətini, keçib gəldiyi yolları, insanlıq borcunu unutmağa doğru gedir. Süni, yəni yapay zəka insanı elə bir yerə gətirir ki, orda düşünməyə, fikir təhlilinə, geriyə boylanmağa, əxlaqi dəyərlər haqqında düşünməyə ehtiyac duyulmur. İnformasiya seli səni də alıb aparır.
    İNSAN SÜRƏTLƏ İNSANLIQDAN UZAQLAŞIR. ROBOTLAŞIR. MANQURTLAŞIR.
    Ola bilsin ki, 100 il sonra insanlar kənara çəkiləcək və robotların savaşları başlanacaq.
    İnsanı manqurtlaşmaqdan qoruyan əsas vasitə onun yaddaşı və yaddaşındakı insanlar, dəyərlər, keçmişin şirin xatirələridir…
    Bu müstəvidən yanaşanda görürük ki, gördüyümüz, duyduğumuz, lakin əllə toxuna bilmədiyimiz, yaddaşımızda qorunan bütün irsimizə sahib çıxmaq üstümüzə gələn təhlükdən qorunmaq yoludur.
    Millət öz ruhu ilə, kökünə, keçmişinə hörməti və bağlılığı ilə, mədəniyyəti, gözəl adət-ənənələriləri ilə böyükdür. Say həlledici deyil. İnsanlıq keyfiyyətləri və gələcəyə yönəlik yaşam tərzi önəmlidir.
    Millət öz tarixini bilər, öz keçmişini unutmaz, böyüklərə sayğısını itirməz, ilk növbədə özünü sevər, sonra başqalarını.
    Biz ölkədəki duruma bu prinsiplərlə yanaşmalıyıq. Azərbaycan həmişə ənənəvi sənətləri ilə seçilib. Bu barədə Sergey Barodinin gənclik vaxtı oxuduğum romanından bir cümləni unutmuram. O Azərbaycan sənətinin zənginliyindən heyrətlənib yazırdı: “Ax, bu Təbriz bazarı. Hər il gəlib burdan ən yaxşı sənətkarları malla, pulla şirnikdirib və ya əsir götürüb aparırlar. Gələn il gələndə onun yerində daha kamil bir sənətkarın oturduğunu görürlər”.
    Bu həmişə belə olub. Azərbaycan xalqının istedadı həmişə parlaq əsərlər yaradıb. Bunun sayəsində bütün bölgələrimizdə xalça ustaları, Şəkidə şəbəkəçilik, Lahıcda və Dəmirçilər kəndində misgərlik, cənub bölgəsindən dulusçuluq, Abşeronda daş memarlığı, Naxçıvanda kaşı ilə zinətlənmiş memarlıq yaşayıb və inkişaf edib. Lakin bu gün ənənəvi sənətlərə maraq azalıb. Xalçaçılıq sənətimizlə öyünürük, gözəl xalça muzeyimiz var, lakin xalça sexləri tək-tək sıradan çıxır. Lahıc küçələrində yerli mallar getdikcə azalır. Yerini Çindən gətirilmiş cincilim-mincilimlər tutur.
    Şəki şəbəkəsinin bazarı yoxdur.
    Ənənəvi rəqslərimizin yerini qaraçı atılıb-düşmələri tutur.
    MUĞAMAT VƏ MEYXANA, TƏDRİCƏN BÜTÜN XALQ MAHNILARIMIZI, AŞIQ SƏNƏTİNİ ƏZİB KEÇİR.
    Bir vaxtlar bütün dünyada Azərbaycan musiqisini təmsil edən “Qaya” ansamblı vardı. Bu gün ona bənzər kollektiv yoxdur və xor unudulub.
    Bütün bunlar somut mədəni irsə münasibətimizin göstərcisidir. Otuz ilə kinostudiyamızı bərpa edə bilməmişik. Nağıllarımızın, dastanlarımızın motivləri əsasında uşaqlarımız üçün milli cizgi filmləri çəkmirik. Onlar Avropanın robotları və ya vəhşilikləri, zorakılığı əks etdirən filmlərin ümidinə qalıblar.
    İndiyə qədər toplanmamış folklor nümunələri köhnə nəsillə bərabər həmişəlik ölüb gedir.
    Dəfələrlə dilə gətirdiyimiz başqa bir məsələ kəndlərimizin taleyidir. Bu, hər kəsi düşündürməli məsələdir. Xüsusən dağ kəndləri getdikcə boşalır.
    Kəndlərimizin mədəniyyət ocaqları, kitabxanaları yarıbayarı ixtisar edilib. Qalanlarına da Azərbaycanın müstəqillik dövrün ədəbiyyatı gedib çatmır.
    Yanlış kitab siyasəti kitabların tirajının 500-dən, 1000-dən artıq olmasına imkan vermir. Nəticədə bir çox kitablar hətta mərkəzi kitabxanalarımızın da kataloquna düşmür.
    Kənd camaatı telefonun eybəcər məlumat şəbəkəsinin və səhvlərlə dolu dilinin, bir də televiziyaların ümidinə qalıb.
    Bunlar ciddi problemlərdir. Hər kəsi düşündürməlidir. Təəssüf ki, ölkəmizin ideoloji sistemində boşluq var. Ölkənin milli mədən siyasəti, ideoloji və siyasi xətti xalq arasında, gənclər arasında təbliğ olunmur. Çünki milli ideoloji bir mərkəz də yoxdur. İDEOLOGİYA DEYİLƏNDƏ ÇOXLARI YALNIZ HAKİMİYYƏTİN UCUZ TƏRİFİNİ BAŞA DÜŞÜRLƏR.
    Hakimiyyətin yaxşı işləri deyilməlidir. Ancaq bu tərif yağışında insanlar robota çevrilməməlidir.
    Azərbaycanın hər bölgəsinin öz əkin-biçin ənənələri olub. Biz texniki bitkilərin yetişdirilməsi ilə bağlı qanunlar qəbul etmişik. Təəssüf ki, bu qanunlar zəif işləyir və ölkə getdikcə daha çox heyvandarlıq məkanına çevrilir.
    SANKI BİLİNCLİ ŞƏKİLDƏ BİZİ BAŞQALARINA BƏNZƏDIB ÇOBAN XALQA ÇEVİRMƏK İSTƏYİRLƏR.
    Babalarımız Azərbaycanın milli ideologiyasının təməlinə türkçülük, çağdaşlıq və islam inancını qoymuşlar. O zaman üçün bu, son dərəcə əhəmiyyətli bir seçim idi və millətin tarix şüuruna söykənirdi. Avropalaşmaq – savadsızlıqdan, cahillikdən xilas yolu kimi görünürdü. İslam, milli birlik yolu idi. Türkçülük isə öz tarixi coğrafiyasını və milli kimliyinin dərk etməyə xidmət edirdi.
    Bu gün təəssüf ki, Avropalaşmaq çox sürətlə milli kimlikdən, yüz illəri aşıb gələn adət-ənənlərdən, öz dilindən və milli əxlaqından uzaqlaşmaq işinə xidmət edir. Avropanın gözəl qanunları var. İnsan və əmlak haqları yüksək səviyyədə qorunur. Təəssüf ki biz Avropanın yaxşı tərəflərinin yox, yarıtmaz və bizim milli əxlaqımıza zidd olan tərəflərinin etkisi altındayıq. Sanki ailə nizamlanmasından, ailədə uşaqların sayının artmasına imkan verməməkdən, ənənəvi əxlaq normalarımızı və ailə institutunu dağıtmaqdan başqa qayğımız yoxdur.
    İslam dini isə Yaxın Şərq ölkələrini bir-birinə düşmən etməklə, qonşu dövlətin və məzhəb bölücülüyünün dərinləşməsinə xidmət edir, inancın yerini siyasi maraqlar tutur.
    ORTADA QALAN TÜRKLÜKDÜR. TƏƏSSÜF Kİ, O DA CƏHALƏTİN VƏ TÜRK DÜŞMƏNÇİLİYİNİN HƏDƏFİNƏ ÇEVRİLİB.
    Əsli təbliğ etdiyimiz Azərbaycançılığın əsl mahiyyətini anlamayanlar gizli və açıq şəkildə türklüyü inkar etməyə qalxırlar
    Millət öz dəyərlərini və bunlardan öncə öz dəyərini bilməlidir.
    Bir vaxt kəndləri gəzib maşında toxunmuş təzə xalçaları verib köhnə xalçaları alırdılar. Xalq da öz əlindəki köhnənin qədrini bilmir, yeniyə can atırdı.
    Beş-on günlük ömrü olan “xrustal” qablarla yaşlı insanların gözünü qamaşdırıb onların əlindəki yüz illərlə yaşı olan mis məcməyiləri, qazanları, kasaları, köhnə samovarları alırdılar.
    Yəni buna bilgisizlikdən, əlindəki sərvətin qədrini bilməməkdən başqa ad tapmaq olmur.
    Pul və qazanmaq ehtirası millətin sərvətini talamaq və məhv etmək yoluna çevrilib. Bu alver hətta dövlət muzeylərin səviyyəsinə qədər gəlib çıxmışdır.
    Bunların hamısı təhsillə və təbliğat işi ilə bağlıdır. Qeyri-maddi mədəni miras uşaqlarımıza tanıtdırılmalı və sevdirilməlidir. Ən böyük irs Ana dilidir. Ana dilini bilməyən yeni nəslə yerdə qalan maddi və qeyri maddi mədəni irsimizi sevdirmək olmaz.
    Adət və ənənlərmənəvi irsin ən mühüm sahələrindən biridir. Təəssüf ki, burda da sürətli aşınma gedir və yaxşının yerini pis tutur. Toylar və toyxanalar bir mafiya dəstəsinin əlindədir və xalqı soymaq məkanına çevrilib. Bir axşam bir dost övladının şadlıq məclisində iştirak edirsənsə əvvəldən hesabını bilməlisən. 200 manatdan aşağı deyil. İnsan bir axşama 200 manatlıq yemək yeyə bilər? Şadlıq evlərinin bu məzənnəsinin toy sahibinə, yeni ailə quranlara nə xeyri var?
    Dualar oxunmasa, yas məclisinin süfrələrini toylardan fərqləndirmək çətindir. Bəzi bölgələrimizdə yas mərasimlərim 40-a kimi hər cümə axşamı qeyd olunur. Bu, dini kitabların heç birində olmayan mənasız bir vərdişdir. Nə ölüyə, nə diriyə xeyri olmayan vərdişlər getdikcə kök atıb böyüyür və xalqın gününü qaraldır. Yaşamaq sevincimizi itiririk. Məncə, bunun qarşısı qanunlarla alınmalıdır.
    Babaların mirası millətin ruhudur və bu ruh qorunmalıdır.
  • Samir Əsədli: “Türkiyədə prezident və parlament seçkiləri çox gərgin keçəcək”.

    Bütün hallarda qərarı türk milləti, seçicilər verəcək
     
    Ancaq Parlamentdəki üstünlüyün müxalifətə keçməsi ehtimalı böyükdür
     
    Türkiyədə növbəti prezident seçkilərinə təxminən iki ay qalıb. Zaman azaldıqca mübarizə qızışmaqda, seçki öncəsi gərginlik artmaqdadır. Aylardır davam edən qızğın müzakirələrdən sonra nəhayət Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu “Millət İttifaqı”nın prezident seçkilərindəki vahid namizədi elan olundu. 1948-ci il təvəllüdlü Kamal Kılıçdaroğlu Cümhuriyyət Xalq Partiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin deputatıdır. 
    Prezident seçiləcəyi halda Kılıçdaroğlu “Millət İttifaqı”na daxil olan partiyaların liderlərini vitse-prezident təyin etməlidir. İttifaqda Cümhuriyyət Xalq Partiyası ilə yanaşı Səadət Partiyası, Yaxşı Partiya, Gələcək Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Demokrat Partiyası yer alır. Ötən həftə İYİ Partiyanın rəhbəri Meral Akşenerin “altılı masa”nı tərk etməsi, Kılıçdaroğlunun namizədliyinin dəstəkləməməsi aləmi bir-birinə vursa da, qısa zaman sonra sular durulmağa başladı. Akşener israrla bələdiyyə sədrləri Əkrəm İmamoğlu və Mansur Yavaşı önə sürsə də, müxalifətdə əksəriyyətin qəbul etdiyi Kılıçdaroğlu variantı ilə razılaşdı. İqtidar cəbhəsində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) başçılıq etdiyi “Cümhur İttifaqı” çoxdandır ki, artıq öz namizədini bəlli edib. Partiya sədri və hazırkı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan builki seçkilərdə yenidən iştirak edəcəyini ötən il açıqlayıb. Daha bir namizəd isə 2018-ci ildə prezident seçkilərində Ərdoğana uduzmuş Məmləkət Partiyasının sədri Məhərrəm İncədir. Amma İncə təkcə iqtidarın yox, müxalifətin də siyasəti ilə barışmır. 
     
      Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə bildirib ki, “altılı masa”ya daxil olan siyasi partiyaların “Millət İttifaqı”nda birləşməsinin əsas məqsədi Türkiyədə baş vermiş sistem dəyişikliyi ilə bağlıdır. Partiya təmsilçisi deyib ki, “altılı masa”da yer alan partiyalar Türkiyədə idarəetmənin əvvəlki sistemə, güclü parlament-üsul idarəsinə dönməsini istəyirlər:
     “İYİ Partiya sədri Meral Akşenerin son anda fikir ayrılığına düşməsi və söylədiyi tənqidi fikirlər onun “altılı masa”dan birdəfəlik ayrılacağı anlamına gəlmirdi. Məhz ona görə, qısa müzakirədən sonra Türkiyənin mühüm 6 siyasi partiyası yenidən eyni masa ətrafında əyləşdi. Ortaq şəkildə müxalifətin vahid namizədini elan etdilər. Təkcə 6 partiya deyil, digər siyasi təşkilatlar da CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyini dəstəklədikləri yöndə açıqlamalar verirlər. Bu da onu göstərir ki, Türkiyədə prezident və parlament seçkiləri çox gərgin keçəcək”.
      S.Əsədli bəyan edib ki, bütün hallarda qərarı türk milləti, seçicilər verəcək. Bizə sadəcə olaraq müşahidə etdiklərimizə əsaslanaraq, prosesləri ümumi şərh etmək qalır: “Müşahidə olunan odur ki, namizədlər arasında “Millət İttifaqı”nın vahid namizədi elan olunmuş Kamal Kılıçdaroğlunun şansı daha yüksək qiymətləndirilir. Çünki müxalif cameəsi tam olaraq Kılıçdaroğlu ətrafında cəmləşib. Seçki öncəsi keçirilən sorğularda da Kılıçdaroğlunun səs faizi yüksəkdir.
    Parlamentdəki üstünlüyün müxalifətə keçməsi ehtimalı böyükdür. Təbii ki, indiki Prezident Rəcəb Tayyib Ərdoğanın da şansı çoxdur və dəstəkçisi kifayət qədərdir. Seçkilər ikinci tura qala bilər ki, bu da müxalifət üçün şans deməkdir. Ümumən, Türkiyədə son dönəmlər iqtisadi, maliyyə böhranları, inflyasiya yaşanmaqdadır. Həmçinin baş vermiş dəhşətli zəlzələ də siyasi proseslərə ciddi təsir göstərir və hazırkı hökumətin şansını nisbətən azaldır.
     
    Əgər müxalifət seçki öncəsi seçicilərlə yaxşı işləyə bilsə, son nəticəyə də təsir edə bilər. İYİ Partiya sədri M.Akşener üzərinə düşəni etdi. Yəni partiya maraqlarını ümumi maraqlara dəyişmədi və iddiasından geri çəkildi. Bu da mühüm siyasi nəzakətdir və həm də o deməkdir ki, insanlar özlərindən çox dövlətin, millətin gələcəyini düşünürlər”. 
  • Sabir Rüstəmxanlı: “2 min yazıçı olsun, 200 rüşvətxor məmur olmasın” – VİDEO

    İctimati Televiziyada yayımlanan 3D verlişinin bu dəfəki qonağı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı olub.

    VHP.az xəbər verir ki, S. Rüstəmxanlı Dadaş Dadaşlinskinin suallarını cavablandırıb.
    Türkiyədə baş verən güclü zəlzələ ilə bağlı danışan deputat, eyni zamanda Rusiya-Ukrayna müharibəsinə də münasibət bildirib. Həmçinin İran-Azərbaycan münasibətlərini də şərh edib.
    S. Rüstəmxanlı Dadaşlinskinin Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayının keçirilməsi üçün ayrılan 203 min manat vəsait barədə verdiyi sual ətrafında da danışıb.

    Ətraflı video materialdan izləyə bilərsiniz:

  • Samir Əsədli: “Ermənistan uğrunda Rusiyanın və Qərbin mübarizəsi gedir”

    Ermənistan Baş naziri Nikol Paşinyan niyə KTMT-nin deyil, AB müşahidə missiyasının Ermənistana gəlməsi ilə bağlı danışıb. Baş nazir bu məsələ barədə Ermənistan siyasi kəsimi arasında bəzi “anlaşılmazlıqların” olduğunu bildirib və buna aydınlıq gətirməyə çalışıb. Paşinyan deyib ki, KTMT-yə ən mühüm fundamental məqamlardan biri – Ermənistanda KTMT-nin məsuliyyət zonasının dəqiqləşdirilməsi ilə bağlı müraciət ediblər: “Yəni Ermənistan Respublikasının nə olduğu barədə öz anlayışınızı bizə təqdim edin! Buna cavab almamışıq. 
    Bəs AB-nin Ermənistandakı mülki missiyası niyə mümkün oldu? Çünki Praqada keçirilən dördtərəfli görüşün nəticələrinə əsasən, AB Ermənistan Respublikasının nə olduğunu dəqiq müəyyən etdi. Yəni dedilər, bu, Ermənistanın xəritəsidir, ya da biz dedik, onlar da təsdiq etdilər. Onlar ərazini müşahidə və nəzarət etmək üçün gəlirlər.
    Ərazini dərk etmədən müşahidə missiyası ən azı qəribə olacaq, çünki bu halda onların nəyə nəzarət etdikləri bəlli deyil”. O əlavə edib ki, əgər hər hansı missiya “Ermənistanın ərazisinin nə olduğunu” bilmirsə, Ermənistanın işğal olunub-olunmamasını necə qiymətləndirəcək?”. Paşinyan öz “arqumentini” daha bir gülünc iddia ilə əsaslandırmağa çalışıb. Bildirib ki, AB missiyasına qədər Azərbaycan torpaqlarının erməni-rus birləşmələri tərəfindən işğal edilə biləcəyini Qərb dairələrində deyirdi. Bunun səbəbi isə Ermənistanda rus bazalarının yerləşdirilməsi ilə bağlıdır.
      Baş nazirin açıqlamasını “Şərq”ə təhlil edən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, Paşınyan açıqdan-açığa Rusiya ilə Avropa arasında manevrlər edərək vaxt udmaq istəyir. Çünki Rusiya həmin ərazilərə Avropa İttifaqının əlavə missiyasının gəlməsinə yol verməmək üçün KTMT-nin mülki missiyasının həmin ərazilərdə yerləşdirilməsinə çalışır: 
    “Söhbət mülki missiyadan gedir. Çünki Rusiyanın Ermənistan ərazisində KTMT-nin əlavə hərbi qüvvələrini yerləşdirməsinə ehtiyacı yoxdur. Rusiyanın Ermənistanda hərbi bazası var və bundan əlavə ikitərəfli müqaviləyə əsasən, Ermənistan sərhədlərinin böyük bir qismi Rusiya sərhədçiləri tərəfindən mühafizə olunur.
    Ermənistan KTMT-ni Azərbaycan əleyhinə istifadə etmək istəyirdi. Onlar 12-14 sentyabrda ermənilərin təxribatı nəticəsində sərhəddə baş verən atəşkəsin pozulmasından sonra KTMT-nin hərbi qoşunlarını Azərbaycanla üz-üzə qoymağa çalışırdılar. Ermənistan iddia elədi ki, guya, Azərbaycan Ermənistanın sərhədlərini keçib. Bu mənada Azərbaycanın həmin ərazilərdən çıxarılması üçün KTMT-nin  gücündən istifadə etmək istədilər. Ermənistan bununla bağlı imtina aldı.
    Ona görə də üzünü Avropaya tutdu. Azərbaycan regiona əlavə qüvvələrin daşınmasında maraqlı deyil.  Azərbaycanla Ermənistan arasında sərhədlərin hələ də müəyyənləşdirilmədiyi bir vaxtda həmin missiyanın hansı sərhəddə nəzarəti  həyata keçirəcəyi şübhə doğurur. Əgər sərhədlər  delimitasiya, demarkasiya olunmayıbsa,  sərhədlər  şərtidirsə, o zaman həmin o mülki missiya harada fəaliyyət göstərəcək? 
     
    Faktiki olaraq Ermənistan uğrunda Rusiyanın və Qərbin mübarizəsi gedir. Bu mübarizədən kimin qalib ayrılacağı hələ ki, müəmmalı görünür”.
  • Sabir Rüstəmxanlı: “Bunlar Türkiyə xalqının iradəsini sarsıda bilməyəcək”

    Sabir Rüstməmxanlı
    Sabir Rüstməmxanlı

    “Bildiyiniz kimi bir müddət əvvəl Güney Azərbaycanın Xoy şəhərində dəhşətli zəlzələ olmuşdu. Xoy və Türkiyənin zəlzələ baş vermiş bölgəsi bir-birinə çox yaxındır. Ona görə də əvvəlcədən Türkiyədə də bu cür zəlzələnin baş verəcəyi ehtimalı var idi. Qışın bu mövsümündə  bu cür zəlzələnin baş verməsi təbii ki, faciədir. Türkiyənin bütün dostları, qardaşları bu faciədən təəssüflənir”.

    Bu sözləri Vətəndaş Həmrəyliyi Partiyasının sədri,  millət vəkili Sabir Rüstəmxanlı Musavat.com-a açıqlamasında deyib. Millət vəkili qeyd edib ki, dəfələrlə bu cür zəlzələyə şahidlik etmiş Türkiyə bu fəlakətin də qarşısında sarsılmayacaq:

    “İndiki zamanda böyük bir yüksəliş dövründə olan,  Türkiyə Cümhuriyyətinin 100 illiyi, seçkilərin keçiriləcəyi ərəfədə birdən-birə bu cür faciənin baş verməsi hamımızı yandırır.

    Məlum olduğu kimi zəlzələ Türkiyənin 10 bölgəsini əhatə edir, insanların yatdığı bir zamanda sübh çağında baş verib. Buna görə də dağıntılar altında xeyli insanın olduğu ehtimal olunur. Bu zəlzələ 4-cü dərəcədən yuxarıdır, bu o deməkdir ki, dünya yardıma gəlməlidir. İlk dəstək Azərbaycandan gəldi və bu qürurvericidir.

    Türkiyə xalqına böyük keçmiş olsun deyirik. Qardaş Türkiyə bundan əvvəl də daha dəhşətli faciələr yaşamışdı. Ümid edirəm ki, bu bəlanı,  faciəni də geridə qoyacaq, yarasını sarıyacaq.  Hesab edirəm ki, zəlzələlər,  təbii fəlakətlər Türkiyə xalqının iradəsini sarsıda bilməz.

    Ərdoğan başda olmaqla, bütün Türkiyə xalqına başsağlığı verir, ölənlərə Allahdan rəhmət, yaralılara tezliklə şəfa diləyirik!”

  • Sabir Rüstəmxanlı Türkiyə prezidentinə başsağlığı verdi

    Türkiyə Cümhuriyyətinin Cümhurbaşkanı, zati-aliləri Recep Tayyib Erdoğana
    Sayın Cumhurbaşkanı!
    Türkiyenin Kahramanmaraş bölgesinde baş verən ve on ile yayılan 7,4 bal gücündə deprem sonucunda insanların ölümü və yaralanması, evlerin dağılması məni və bütün Azərbaycan halkını dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Azərbaycan devlet  ve millet olaraq her zaman qardaş Türkiyenin yanındadır.   Qardaş Türk xalqının gücü və iradəsi ilə bu fəlakətin vurduğu yaraların tezliklə sağalacağına, şehirlerin yeniden ve daha güzel yapılacağına  inanıyorum.
    Bu facie sonucunda hayatını kayn edenlere Allahdan rehmet dileyir, onların yaxınlarının dərdlərinə şerik olur, ailelərine derin hüznlə keçmiş olsun diyor,  yaralılara şefa diliyorum.

    Sayğılarla
    Sabir Rüstemhanlı
    Vətəndaş Dayanışma Partisinin Genel Başkanı, milli şair ve millet vekili.
    Azerbaycan