Vətəndaş Həmrəyliyi Partiyası

Category: Slayder

  • VHP Gəncədə Rəsulzadənin doğum gününü qeyd etdi-FOTO

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gəncə şəhər təşkilatının üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 139-cu il dönümü ilə bağlı Gəncə şəhərində Rəsulzadənin büstünü ziyarət ediblər.

    Abidə qarşısında çıxış edən VHP Gəncə şəhər təşkilatının sədri Füzuli Həsənov bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günü olduğunu qeyd edərək bildirib ki, Rəsulzadə Cümhuriyyət tarixinin ideoloji-siyasi fəaliyyətinin əsas təməllərindən biridir: “Bu gün biz Cümhuriyyətimizin dəyərlərinə sahib çıxmalıyıq. Gəncliyə ideologiya lazımdırsa, Rəsulzadənin həyatı və fəaliyyəti əsl ideologiya nümunəsidir. Rəsulzadə təkcə Müsavatın qurucusu deyil. O, həm də Azərbaycan adına tarixdə ilk dövlətin, müasir dövlətçilik ənənələrinin banisidir. O, millətin lideridir. Məmməd Əmin Rəsulzadə son minillik tariximizin yetirdiyi ən dahi şəxsiyyətlərdən biri, bəlkə də birincisidir. Onun Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və müstəqil Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında lider kimi gördüyü işlər danılmaz həqiqətlərdir. Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarı istiqlaliyyət əldə etmək istəyən xalqların prinsipinə çevrilib. Onun milli həmrəyliyi ifadə edən fikirləri bütün dövrlər üçün dövlətin qorunmasında vacib şərtlərdən biridir. Biz tarixi şəxsiyyətlərimizin qədrini bilməliyik. Bugünkü Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir və hər bir vətəndaş Cümhuriyyət dəyərlərinə sayğı ilə yanaşmalıdır”.

    Daha sonra çıxış edən VHP Ali Məclisinin üzvü, Vətən Müharibəsi veteranı Samil Bağırlı bildirdi ki, Rəsulzadənin fəaliyyəti, yazıları və çıxışları gənclər üçün milli yoldur: “Onun fikirlərinə hər bir gənc sahiblənməlidir. İslam Şərqində ilk Cümhuriyyətin qurulması zamanının ən böyük hadisəsi idi, onu da Rəsulzadə və silahdaşları birgə etdilər. Bu gün milli dövlətimizin olması onların xidmətidir və bu dövlətin qurucularını biz hər zaman sayqı və sevgi ilə xatırlamalı, yaddaşlarımıza həkk etməliyik”

  • Səfirliyimizə hücumda üçüncü dövlətin əli var – Sabir Rüstəmxanlıdan çağırış – VİDEO

    “Səfirliyimizə hücumun arxasında İran dövlətinin dayandığına inanmıram. Burada mütləq üçüncü bir ölkənin əli var”.
    Bu sözləri Bakupost.az –a VHP sədi, millət vəkili Sabir Rüstəmxanlı deyib.
    Onun sözlərinə görə, bir gen əvvəl Azərbaycan və İran rəsmiləri arasında baş tutan yüksək səviyyəli görüşdn sonra belə bir terror hadisəsinin baş verməsi iki ölkə arasındakı münasibətlərə yeni hava gətirəcək:

    “Xeyli müddətdir ki, gərgin vəziyyətdə olan İran-Azərbaycan münasibətlərinin istiləşməyə başladığı bir vaxtda belə bir ağır hadisə baş verdi. Hər iki dövlət səbirlə bu məsələni araşdırmalıdır. İran tərəfi tezliklə əsl günahkarı üzə çıxarmalıdır. Azərbaycan dövləti bu aylar ərzində imkan vermədi ki, İran səfirliyi qarşısında adi bir piket keçirilsin. Çünki qonşu dövlətlə münasibətlərin pisləşməsini istəmirik. Azərbaycan bu xəttə həmişə sadiq qalıb”.
    S.Rüstəmxanlının məsələ ilə açıqlaması tam şəkildə aşağıdakı videoda:

  • VHP-nin Tehrandakı səfirliyimizə terror hücumu ilə bağlı bəyanatı

    Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum dəf edilərkən Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına şəhid olub, iki nəfər isə yaralanıb. Bu, diplomatik binaların toxunulmazlığı prinsipinin birbaşa pozulması deməkdir. Hər hansı səfirliyin təhlükəsizliyinin təmin edilməsi səfirliyin yerləşdiyi ölkənin borcudur.

    Vətəndaş Həmrəyliyi Partiyası baş vermiş hadisəni qətiyyətlə pisləyir, dövlətimizin qorunması yolunda şəhid olan soydaşımızın yaxınlarına dərin hüznlə başsağlığı veririr. İranın son vaxtlar Azərbaycana qarşı sərgilədiyi destruktiv mövqeyi ilə paralel bu hücumu təsadüfi hesab etmirik. Bu hadisə İranın bu vaxta qədər apardığı anti-Azərbaycan siyasətinin kuliminasiya nöqtəsi sayılmalıdır. Fars molla rejimi Azərbaycan Respublikasına qarşı dözümsüzlük siyasətini terrora çevirib. İran hökuməti bütün bunlardan dərs götürməli və Azərbaycana qarşı dostluq və qarşılıqlı əməkdaşlığa söykənən münasibət göstərməlidir.

  • VHP-nin bölgə iclasları davam edir-FOTO

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gəncə şəhər, Sabirabad rayon, Ucar rayon təşkilatları Məclisinin növbəti toplantısı keçirilib.

    Toplantıda Gəncə şəhər Təşkilatın sədri Füzuli Həsənov, Sabrabad rayon təşkilatının sədri Elman Əliyev və Ucar rayon təşkilatının sədri Badam Məmmədova çıxış edərək rəhbərlik etdikləri təşkilatının fəaliyyəti, ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın proseslərə münasibəti və qarşıya qoyduğu tapşırıqlar haqda geniş məlumat verib. Təşkilat sədrləri həmçinin ”Siyasi partiyalar haqqında” yeni qəbul edilən qanununa uyğun olaraq rəhbərlik etdikləri təşkilatın üzvülərinin anket məlumatlarını hazırlanaraq mərkəzi aparata təqdim edilməsi haqda məlumat verib.

    Daha sonra çıxış ətrafında müzakirələr aparılıb. Çıxış edən məclis üzvləri ölkədəki ictimai siyasi durumla bağlı fikirlərini ifadə edərək bildiriblər ki, son vaxtlar sosial   problemlərin artdığını, məmur özbaşınalığının aradan qalxmadığını vurğulayıb. Eyni zamanda bildirilib ki, iqtisadi-sosial problemlərin əsas həlli aqrar sahənin inkişaf etdirilməsidir.

    Məclisdə təşkilatların fəaliyyəti, yeni qəbul edilən üzvlərlə bağlı əlavə özək təşkilatları təsis edilməsi müzakirə edilərək, yeni özək təşkilatları üzvlərin qeydiyyatına uyğun təsis edilməsi qərarlaşdırılıb.

    Məclis toplantılarında ictimai-siyasi məsələlər geniş müzakirə edilib.

    VHP Ucar rayon təşkilatı
    VHP Gəncə şəhər təşkilatı
    VHP Sabirabad rayon təşkilatı
  • VHP Qaradağda toplantı keçirib- FOTO

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Qaradağ rayon təşkilatı Məclisinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədəki ictimai-siyasi durum, təşkilati işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
    Rayon təşkilatının sədr əvəzi Şahbəyim Məmmədova təşkilatın fəaliyyəti, mərkəzi qərargahın tapşırıqları və onların yerinə yetirilməsi barədə məruzə edib. Təşkilat sədrinin müavini Anar Polad, Qızıldaş özək təşkilatının sədri Şəhla İsrafil, M.Ə.Rəsulzadə özək təşkilatının sədri Seymur Əsədli, Nəsib bəy Yusifbəyli özək təşkilatının sədri Mütalib Quliyev, məclis üzvü Elvin Həziyev və məclis üzvü, Qarabağ qazisi Cəlil Xəlilov çıxış edərək, müzakirə edilən məsələlər barədə fikir mübadiləsi aparıblar.
    İclasda bildirilib ki, rayon təşkilatının qeydiyyatında olan 630 nəfər üzvün bütün anket məlumatları yenilənərək mərkəzi aparata təqdim olunub. Məclis yeni üzvlərə uyğun yeni özək təşkilatlarının təsis edilməsi üçün 3 nəfərdən ibarət təşkilat qrupu yaradıb. Təşkilat qrupu yeni üzvləri ərazi prinsipinə uyğun yeni özək təşkilatlarının təyin edilib.
  • VHP-çilər 20 yanvar şəhidlərini anıblar -FOTOLAR

    Bu gün 20 yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı ölkəboyunca keçirilən anım tədbirlərinə Vətəndaş Həmrəyliyi Partiyası da qatılmışdır.

    VHP Mərkəzi Aparatının üzvləri Bakıda, VHP Goranboy, Göygöl, Ağsu, Masallı, Lerik, Kürdəmir, Qusar, Sumqayıt, Sabirabad, Şirvan, Tərtər, Zərdab, Füzuli bölgə təşkilatları öz bölgələrində Şəhidlər Xiyabanını ziyarət edib.

    Ziyarət zamanı VHP üzvləri çıxış edərək 20 yanvarın tariximizdəki yeri haqda danışıb və bu günün milli qürur günümüz olduğunu qeyd edib. Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canını fəda edən qəhrəmanlarımızı sevgi və sayqı ilə anırıq!

    VHP Goranboy RT üzvləri
    VHP Göygöl RT üzvləri
    VHP Kürdəmir RT üzvləri
    VHP Lerik RT üzvləri
    VHP Sabirabad RT üzvləri
    VHP Şirvan ŞT üzvləri
    VHP Şirvan ŞT üzvləri
    VHP Sumqayıt ŞT üzvləri
    VHP Qusar RT üzvləri
    VHP Tərtər RT üzvləri
    VHP Zərdab RT üzvləri
    VHP Füzuli RT üzvləri
    VHP Masallı RT üzvləri
    VHP Ağsu RT üzvləri
  • Sabir Rüstəmxanlı: Avropa Parlamentinin siyasi naşılığı


    Avropa Parlamentinin 2023-cü il yanvarın 19-da xüsusi prosedur qaydasında qəbul etdiyi qeyri-obyektiv və ədalətsiz qətnamə Azərbaycan ictimaiyyətində ciddi etirazla qarşılanıb. Məsələ ilə bağlı münasibət bildirən millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı bildirib ki, bu qətnamə Avropa Parlamentinin adına və statusuna yaraşmır: “Azərbaycan ərazilərinin 30 illik işğalına göz yuman Avropa Parlamentinin bu hərəkəti Avropa dövlətlərinin özləri haqqında yaratdıqları demokratik, ədalətli, insan haqlarına sayğı göstərən mifini vurub dağıdır. Qarabağın 30 il davam edən işğalı dövründə Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilən soyqırıma, şəhər və kəndlərimizin, tarixi abidələrimizin,  mədəniyyət obyektlərinin dağıdılmasına qarşı biganəlik göstərildi. 30 il ərzində heç bir beynəlxalq normaya və insani dəyərlərə sığmayan əməllərə görə Ermənistanı qınamadılar, ermənilərə qarşı heç bir tədbir görmədilər. ATƏT-in Minsk qurupu bu faciələrə göz yumub, vaxtı uzatmaqla, işğalçıyla torpağı işğal ediləni eyni hüquq müstəvisində göstərməyə çalışdı, özünü yalandan iş görürmüş kimi göstərməyə çalışdı. Bu gün Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdiyi, bölgədə sülh yaranması üçün mühüm şərait olduğu halda erməni diasporasının əsirinə çevrilən avropalı deputatların mövqeyi yalnız yenidən gərginlik yaradılmasına xidmət edir”. S.Rüstəmxanlı qətnamənin tamamilə yalan və saxta əsaslar üzərində hazırlandığını vurğulayaraq belə bir mövqenin bölgədə barış mühitinin yaranmasına xidmət etmədoyini, sanki İrəvanda hazırlandığını bildirib:  “Biz 44 günlük müharibədə çoxlu dezinformasiyalar gördük. Ermənistan Azərbaycanda muzdluların olduğunu iddia edirdi. Biz sübut istəyəndə bir söz deyə bilmədilər. Saxta xəbərlər təkcə mediada yox, siyasətdə də olur. Avropa Parlamentinin qəbul etdiyi qətnamə də dezinformasiyaya əsaslanır.  Laçın yolunda keçirilən aksiya blokada deyil və bunu xarici media mənsubları da görüb, dünyaya yayımlayıblar. Söhbət blokadadan gedirsə, əksinə 30 ildən artıqdır Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikası blokadada saxlanılır və Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpa edilməsi və yeni nəqliyyat kommunikasiyalarının inşası ilə bağlı 10 noyabr öhdəliklərini Ermənistan  yerinə yetirmir”.
    Zəfər savaşından sonra yaranmış yeni geopolitik durumda Azərbaycanın dövlət olaraq bu kimi əsassız qətnamələrə sinə gərmək gücündə olduğunu da qeyd edən millət vəkili artıq dünyanın  yeni siyasi düzənə qədəm qoyduğuna diqqət çəkib: “Bu gün Azərbaycan tək bölgədə deyil, qlobal arenada mühüm strateji mövqeyə malik bir dövlətdir. Həmin qətnaməyə səs verən avropalı deputatlar iki məqamı unutmamalıdır. Əvvəla, Avropanın enerji təhlükəsizliyində Azərbaycan mühüm rolu var. Digər tərəfdən hazırda dünya siyasi düzənində Türk Dünyası yeni bir güc mərkəzi kimi formalaşmaqdadır. Tarixi bağlar üzərində qurulmuş Türk Dövlətləri Təşkilatı çərçivəsinfə ölkələr arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanlar yaranıb və Azərbaycan bu  zəncirdə böyük önəmə malikdir. Anadoludan Uzaq Şərqə qədər böyük bir coğrafiyada hakim olan  millətin gücünün qarşısında heç bir iqtisadi və siyasi imkana malik olmayan bir ovuc erməniyə əsir düşmək siyasi naşılıqdır”
    Sabir Rüstəmxanlı sonda 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edərək, onlara rəhmət diləyərək, Bakıda Qanlı Yanvarı törədənlərlə, Avropa Parlamentində Azərbaycanı günahlandıranların ermənipərəstlikdə eyni mövqedə dayandıqlarını və qırğınlarla soyqırım və savaşla Azərbaycan xalqının əzminin heç vaxt qırılmayacağına,  Qələbə ruhunun davam edəcəyinə əminliyini bildirdi.

  • Revanşistlər prosesin yekunlaşmasına mane olur

    “Yaxın onillikdə Ermənistanla Türkiyə arasında hər hansı ciddi münasibətlərin qurulacağına inanmıram”

    Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində növbəti addımların atıldığı deyilir. Tərəflərin müzakirələri nəticəsində hava yolu ilə yükdaşımaları artıq mümkün olub, qarşılıqlı uçuşlar davam edir. İnsanlar arasında təmas başlayıb və gediş-gəliş nisbətən rahatlaşıb.

    Normallaşma prosesində gözlə görülməyən hadisələr də var. Əvvəllər Türkiyə vətəndaşları Ermənistana səfər etmək üçün vizanı İrəvanın Gürcüstandakı diplomatik nümayəndəliklərindən alırdılar. Çünki Ermənistanla əlaqələr yox idi. İndi bu məsələ də həllini tapıb. 

    Ötən müddət ərzində iki ölkə arasında internet əlaqələri də qurulub. Əvvəllər Ermənistanda internet bütün Türkiyə üçün bağlı idi, indi isə açıqdır. Bəzi başqa humanitar addımlar da atılmaqdadır. Bununla yanaşı, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələr – Serdar Kılıç və Ruben Rubenyan arasında növbəti görüşün nə vaxt baş tutucağı hələ dəqiqləşməyib.

    Amma bundan sonrakı müzakirələrin Türkiyə, yaxud Ermənistanda baş tutacağı ehtimal olunur. Rəsmi Ankara İrəvanla münasibətlərin normallaşması səylərində səmimi olduğunu dəfələrlə xatırladıb. Qeyd edək ki, xüsusi nümayəndələrin ilk görüşü 2022-ci il yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib. İkinci və üçüncü görüş isə fevralın 22-də və mayın 3-də Avstriyanın paytaxtı Vyanada baş tutub. Ötən il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.

      Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə deyib ki, Qarabağın, xüsusilə Kəlbəcərin 1993-cü ilin aprelində işğal edilməsindən sonra Türkiyə qardaşlıq ənənələrinə sadiq qalaraq işğalçı Ermənistanla bütün əlaqələrini kəsmiş, qapılarını bağlamışdı. Partiya təmsilçisinin sözlərinə, sonrakı dönəmlərdə bir neçə dəfə əlaqələrin bərpası istiqamətində addımlar atılsa da, erməni tərəfin destruktivliyi səbəbindən normal münasibətlər baş tutmayıb: 

    “Bu gün situasiya dəyişib. Türkiyə Ermənistanın sağlam mövqeyinə normal qarşılıq verəcəyini dəfələrlə bəyan edib. Baş nazir Nikol Paşinyan da münasibətlərin düzəlməsinə tərəfdar olduğunu bildirib. Amma Ermənistan daxilində xaricdən idarə olunan revanşistlər prosesin yekunlaşmasına mane olur. Unutmayaq ki, Rusiya türk-erməni ziddiyyət və düşmənçiliyinin qalmasında maraqlıdır.

    Həmçinin Qərb də münasibətlərin yumşalması və nəticədə Türkiyənin regionda təsir imkanlarının artmasında maraqlı deyil. Hadisələrin gedişi daxildə və xaricdə olan ermənilərin düzgün mövqe tuta bilməsindən asılı olacaq. İstənilən halda proses başlayır və bu, uzun illər davam edəcək.

    Yaxın onillikdə Ermənistanla Türkiyə arasında hər hansı ciddi münasibətlərin qurulacağına inanmıram. Bunun üçün hər hansı ciddi zəmin də mövcud deyil”.

  • İşğalı və işğalçını dəstəkləyən də ən az onun qədər günahkardır

    Vətəndaş Həmrəyliyi Partiyası Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
    “Azərbaycanın öz torpaqlarını düşmən işğalından azad etmək üçün apardığı Zəfər Savaşında qələbəsini heç cür həzm edə bilməyən Fransanın  davranışları böyük təəssüf və qəzəb doğurur. İşğalı və işğalçını dəstəkləyən də ən az onun qədər günahkardır. Bu səbəbədən Fransanın Ermənistana göstərdiyi dəstək və qəbul etdiyi son qətnamə bir daha onların iç üzünü dünyaya göstərmiş oldu. Tarixi  istila, müstəmləkəçilik və soyqırım siyasəti ilə zəngin olan bir dövlətin, onun hakimiyyətinin indi Ermənistana və onun təcavüzkar siyasətinə dəstək verməsi heç də təsadüfi deyil.
    Dağlıq Qarabağ mübahisəli torpaq deyil, Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır. Bunu anlamayan dövlət və beynəlxalq təşkilatlar öz rüsvayçılıqlarını ortaya qoyur.
    Vətəndaş Həmrəyliyi Partiyası erməni faşizminə dəstək olan bütün qüvvələrin riyakar əməllərini qətiyyətlə pisləyərək bəyan edir ki, heç bir güc Azərbaycanı öz haq yolundan döndərə bilməz!”

  • 525-ci qəzet-30

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı “525-ci qəzet”i yaranmasının 30 illiyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:
    “Hörmətli Rəşad Məcid və “525-ci qəzet”in əməkdaşları!
    Qəzetinizin 30 yaşını ürəkdən təbrik edirəm!
    “525-ci qəzet” mənim üçün xüsusilə doğmadır. Sevinirəm ki, Azərbaycan mediasında öz dəsti xətti və nüfuzu olan bu qəzetin qeydiyyat sənədini mən imzalamışam.
    Azərbaycan ictimai-siyasi mühitində bitərəfliyini qoruyan qəzet ədəbi mövzuları və milli mədəni məsələlərı daim diqqətdə saxlamaqla ziyalıların sevimli qəzetinə çevrilib.
    Bir sözlə, dövrümüzün mürəkkəb mühitində, informasiya bolluğu şəraitində “525-ci qəzet” şərəfli inkişaf yolu keçmiş, öz siması, mövqeyi və üslubu olan mətbuat orqanı kimi oxucuların rəğbətini qazanmışdır.
    Əziz “525-ci qəzet”in kollektivi! Sizi bir daha ürəkdən təbrik edir, can sağlığı, yeni uğurlar arzulayram.