Vətəndaş Həmrəyliyi Partiyası

Category: Slayder

  • “Vətəndaş Həmrəyliyi bu günün, gələcəyin ideologiyasıdır”

    Sabir Rüstəmxanlı

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili

    Vətəndaş Həmrəyliyi Partiyasının 30-cu ildönümündə VHP-nin yarandığı gündən bu günə qədər başçılıq edən bir adam kimi sizlərə üz tutmaq qürurlu bir işdir. Bu təkcə siyasi tale deyil, həm də ömrün hədiyyəsidir. Arxada qalan 30 ili yada salanda ilk növbədə 1992-ci il sentyabr ayının 26-da Gənc Tamaşaçılar Teatrında keçirilən təsis qurultayında iştirak edən dostlarımızı böyük minnətdarlıqla yada salıram. O insanların bir hissəsi bu gün aramızda deyil, bəziləri dünyasını dəyişib, bəziləri VHP ilə yollarını ayırıb. Dünyasını dəyişən bütün VHP-çilərə, xalq hərəkatından gələn əqidədaşlarımıza Allahdan rəhmət diləyirəm. Mənim düşüncəmdə insanın dünya həyatı elə YOLdan ibarətdir və bu baxımdan ötən 30 il ərzində dözüm və səbrlə, bütün əziyyətlərə, maddi və mənəvi sıxıntılara tablaşaraq öz əqidəsindən dönməmiş, VHP-nin ölkənin güclü siyasi partiyalarından birinə çevrilməsində fədakarlıq göstərmiş hər bir üzvümüzə xüsusi minnətdarlığımı bildirirəm.

    Gənc Tamaşaçılar Teatrında keçirilən təsis qurultayı hamıda belə bir təsəvvür yaradırdı ki, VHP tezliklə ölkənin ən güclü siyasi partiyalarından biri olaraq hakimiyyətə gələcək. Bu partiyanın ideologiyası və yaradıcıların siyasi potensialı ilə birbaşa bağlı idi. Təsis qurultayında respublikanın bütün bölgələri təmsil olunurdu. Mükəmməl məramnamə və nizamnamə hazırlanmışdı. Partiyanın ideyası Azərbaycanın milli-mənəvi, siyasi, sosial mənafeyinə uyğun idi. Xalqımızın dövlətçilik tarixi, mənəvi-psixoloji dəyərləri, ruhu və yaşadığımız günlərin şərtləri nəzərə alınmışdı. Müharibə və çətin siyasi-iqtisadi böhran şəraitində xalqı birləşdirmək məqsədi güdürdük. Bölücülük, dağıdıcılıq, gözübağlı radikallıqdan uzaq idi ki, Azərbaycanın bütün vətəndaşlarının mənafeyi nəzərə alınmışdı. Bir sözlə, partiya son dərəcə güclü bir siyasi-mənəvi özül üzərində qurulmuşdu.

    Digər tərəfdən, partiyanın liderlər qrupu meydanlarda və parlamentdə yetkinləşmiş, siyasi həyatın bütün üzlərini görmüşdülər. Onların nüfuzu, Azərbaycanın milli-azadlıq hərəkatına bağlılıqları, nəhayət 1988-ci ildən sonra daim xalqın qabağında, səmərəli, ayıq, düzgün mövqe tutmaları təşkilata böyük inam oyadırdı.

    VHP Azərbaycanın müstəqilliyinin bir illiyi ərəfəsində, xalq hərəkatının yetirməsi olan AXC-nin hakimiyyəti dövründə, müharibədəki qüvvələr nisbətinin hələ bizim xeyrimizə olan günlərdə yaranmışdı. Ümidli günlər idi, amma, vəziyyət qarışıq idi. Siyasi hakimiyyət AXC-nin əlində olsa da, o, vəziyyətin ağası deyildi. 1988-ci ildən başlanan fikir ayrılıqları, münaqişələr neçə illik mübarizələrimizdən, qurbanlarımızdan sonra da davam edirdi. Vəziyyətin mürəkkəbliyini nəzərə alıb ilk qurultayımızdakı çıxışımda bildirmişdim: “İlk növbədə siyasi xəttlər dəyişməli, dövlətçilik, idarəçilik yamsımaları sürətlə aradan qaldırılmalı və bu sahədə tam müstəqil quruculuq işləri aparılmalıdır. Təəssüf ki, bu iş ləng gedir. Biz Azərbaycanda hansı dövləti qururuq? Demokratik, azad Azərbaycanın siyasi platforması necə olacaq? 21-ci əsr Azərbaycanı hansı dövlətçilik və idarəçilik modeli əsasında qurulacaq? Bu məsələlərdə aydınlıq yoxdur. Ciddi axtarış da hiss olunmur. Sükanın arxasında biz demokratlar oturmuşuq. Lakin köhnə araba yenə də cırıldaya-cırıldaya köhnə yoluyla getməyindədir. Nə kəndin, nə şəhərin, nə də respublikanın idarəçiliyi üçün köhnə stereotipləri cəsarətlə qırıb tökən yeni mexanizm tapılmayıb.

    … Nə qədər ki, şirkət prezidenti ilə köhnə nazirliyin fərqi yalnız dövlət malını daha sərbəst mənimsəməkdən, icra hakimiyyəti başçısının köhnə raykom katibindən fərqi daha cəzasız bir şəkildə tək hakimiyyətlikdən ibarət olacaqsa siyasi quruluşda ciddi dönüş yaratmaq çətin ki, baş tutsun”.

    Zaman bu qorxumuzda nə qədər haqlı olduğumuzu təsdiqlədi və Azərbaycanda demokratiya, milli dövlətçilik ideyalarına ağır zərbə vuruldu. Bir il sonra hakimiyyət təhvil verildi. Köhnə arabanı idarə edə bilməyən, yenisini qurmağa vaxtı çatmayan demokratik qüvvələr həmin arabanın baş konstruktorlarından birini hakimiyyətə dəvət etdi. Bunları deməkdə məqsədimiz – 1988-ci ildə siyasi liderlik həvəsi ilə meydana can atanların çoxu ilə başlanan dialoqlarımızı xatırlamaqdır. Nəticə göz qabağındadır. Kimin haqlı, kimin haqsız olduğunu zaman göstərib. Amma yəqin siyasət də elə ona görə siyasətdir ki, heç kim kürəyini yerə vurmaq istəmir. Xalqın unutqanlığından, rəhmdilliliyindən istifadə edən açıq-aşkar xəyanətkarlar da yenidən mələk cildində meydana qayıdır. Hər şeyi öz adı ilə çağırmaq təəssüf ki, yenə də mümkün deyil. Çünki hələ də düşmənlə üz-üzəyik və bu daxildəki bütün pərdələri götürmək imkanını heçə endiririk. Bu cür odla suyun arasında qalmaq bizim siyasi həyatımızın və fəaliyyətimizin başlıca əlamətidir. Bəla burasındadır ki, son illərdə Azərbaycanın həyatında müəyyən şəkildə rol oynamış heç bir lider və siyasi partiya öz əməllərinə qiymət verərək səhvlərini etiraf etməmişdir.

    Siyasi oyunların nəticələrini gördük və Qarabağ adı altında yatan saysız faciələrimizin bütün məsuliyyəti o vaxtlar hakimiyyətdə olanlarla hakimiyyətə can atanlar üzərindədir. Faciəmizi dərinləşdirən bir də bu oldu ki, həmin çəkişmələrdə əsl milli dövlət qurmaq imkanını əldən verdik, müstəqillik, azadlıq sözləri qiymətini itirdi, millətin böyük ideyaları ayaqlar altına atıldı. VHP-nin yaranmasına səbəb bu cür hakimiyyət oyunları nəticəsində meydana çıxan vətəndaş qarşıdurması təhlükəsi və Azərbaycanın gələcəyi üçün məsuliyyət duyğusu idi.

    Son illərdə istər iqtidar, istər müxalifət cəbhəsində Birinci Qarabağ savaşındakı məğlubiyyətin və dövlət quruluşundakı səhvlərin, günahların cəmi bir il hakimiyyətdə olan demokratik qüvvələrin və xalq hərəkatının boynuna yıxmaq ənənəsi formalaşıb. Mən bu münasibəti yanlış hesab edirəm. Dağlıq Qarabağı Ermənistana vermək və bu məqsədlə Ermənistanı silahlandırıb Azərbaycanı tərkisilah etmək sovet hakimiyyəti illərində əvvəldən qurulmuş bir plan idi. Sovet dövründə Azərbaycana başçılıq etmiş insanlar, o cümlədən Azərbaycanda ov tüfənglərini belə xalqın əlindən alanlar bunu görməli və bu xəyanətin iştirakçısı olmamalı idilər.

    Azərbaycanın demokratik qüvvələri, Xalq hərəkatı ümumdünya əhəmiyyətli bir prosesə təkan verdi: SSRİ-nin dağılmasını sürətləndirdilər, Azərbaycanın dövlət müstəqilliyinin əyri bir müstəvidə bərpasının qarşısını aldılar, Vətəni boş əllə də müdafiə etmək nümunəsi göstərdilər və nəhayət daxili qarşıdurmaya yol verməmək üçün hakimiyyətdən çəkilmək mədəniyyəti göstərdilər. İndi bu hadisələri kim istəyir ağ, kim istəyir qara bəzəyə bilər, lakin ortada Xalq hərəkatının əsəri olan və gündən-günə möhkəmlənən bir Azərbaycan Respublikası var. Bu respublikanın qurucularının xidmətlərinə tənqidi yanaşarkən görülən işlərin tarixi əhəmiyyətini də unutmaq olmaz.

    VHP ilk addımından nicat yolumuzun Vətəndaş Həmrəyliyində olduğunu bəyan etdi. Birinci qurultayda böyük liderimiz M.Ə.Rəsulzadədən gətirdiyimiz misalı bir daha xatırladıram: “Madam ki, biz milli dövlət istiqlalını müdafiə edirik, bizim üçün nə kosmopolit liberalizmə və nə də internasional sosializmə və ya kommunizmə təhammül caiz ola bilməz. Müdafiə etdiyimiz və ya edəcəyimiz yeganə sosial sistem milli təsanüd (yəni milli həmrəylik) sistemidir.”

    Milli birlik, vətəndaş həmrəyliyi – bir sistem kimi bütün vətəndaşların bərabərliyinə, insan haqlarına, cəmiyyətin dinclik və əmin-amanlığa, yüksək mədəniyyətə, ölkədə tarixən formalaşmış maddi-mənəvi dəyərlər sisteminə hörmət deməkdir. Bu proses demokratiyanın yüksək təzahürüdür, hər bir vətəndaşın milli və insani heysiyyətinə ən böyük sayğıdır, ən mükəmməl ictimai-siyasi ədalətdir. Bir sözlə, Vətəndaş Həmrəyliyi – insan haqlarını yüksək tutan xalq ideallarına bağlı, dövlətçiliyə xidmət edən və bu istiqamətdə bütün siyasi-ideoloji dəyərləri səmərəli dəyərləndirən bir xəttdir.

    Vətəndaş Həmrəyliyi:

    – Müstəqil yeni, amma əbədi bir ideyadır;

     – Millətin və dövlətin gələcəyidir;

    – Azərbaycanın qələbəsidir;

     – Hamımızın öz yurdumuzda insan kimi rahat, açıq alınla, başı uca yaşamağımızdır;

     – Xalqın və bütün insanların mənəvi dəyərlərinə hörmət aşılayır;

     – Cəmiyyəti formalaşdıran və dərk edən gücdür.

    Biz müxalifət, iqtidar münasibətlərinin normal qurulmasını və qarşılıqlı böhtanlara və iftiralara, düşmənçiliyə, qisasçılıq hissinə son qoyulmasını istəyirik. Müxalifətdə kifayət qədər gənc, sağlam, iradəli, milli düşüncəli adamlar var. Siyasi əqidəmizdən, partiya mənsubiyyətimizdən, iqtidar-müxalifət cəbhələşməsindən asılı olmayaraq biz bir millətin övladlarıyıq. Millətin yüz illər boyu verdiyi qurbanların, axıtdığı qanların bahasına qazanılmış müstəqilliyi – daxili çəkişmələrə, hakimiyyət davalarına qurban verməyə haqqımız yoxdur. Yetkin, mədəni bir xalq kimi müstəqil dövlətimizi qoruyub saxlamağa gücümüz çatar. VHP özünü bu gücün daşıyıcılarından, millətin ləyaqətinin, intellektinin, ağlının və iradəsinin qoruyucularından biri sayır. Bunu respublikanın ictimai-siyasi həyatında tutduğumuz mövqe, beynəlxalq əlaqələrimiz də aydın göstərir.

    Bütün fəaliyyətimiz dövründə ölkəmizin həm siyasi, həm də mənəvi həyatına həsr olunmuş demək olar ki, bütün dəyirmi masa və görüşlərdə, siyasi birliklərdə iştirak etmişik. Müxalif düşərgədə yaranmış bütün bloklara VHP qatılmış, müttəfiqlərimizin iştirakı ilə keçirilən elə bir mühüm tədbir, aksiya olmamışdır ki, orda iştirak etməyək, elə bir ciddi siyasi hadisə olmayıb ki, ona münasibətimizi bildirməyək. VHP hakim partiyadan sonra ölkədə yeganə siyasi qüvvədir ki, bütün parlament və bələdiyyə seçkilərində iştirak etmiş və bütün seçkilərdə nəticə əldə etmişdir. Bu gün parlamentdə ikinci ən çox sayda təmsil olunan partiya olaraq ana müxalifət kimi vitse-spiker postunda VHP sədr müavini əyləşib. Bu uğurlu yolumuz tutduğumuz düzgün ideoloji kursla birbaşa bağlıdır. 30 il əvvəl dediyimiz sözlər bu gün də qüvvədədir: “ … Vətəndaş həmrəyliyi olmayan yerdə heç nə mümkün deyil: nə istiqlal, nə qurtuluş, nə demokratiya, nə dirçəliş, nə tərəqqi; birlik olmadan nə müsavatdan, bərabərlikdən söhbət gedə bilər, nə doğru yoldan; nə Ana Vətən qoruna bilər, nə də Ana torpaq…”. Seçkilərə qatılmağımız, parlamentdə iştirakımız və hadisələrə səbrli yanaşmağımıza görə ittiham edildiyimiz vaxtlar da olub. Lakin biz bütün gizli sövdələşmələrdən uzaq olduğumuza görə rahatca yolumuzu davam etdiririk!

    Bu gün VHP aydın məqsədi olan bir partiya kimi tanınır və onun daha da güclənmək imkanları böyükdür. Biz milli mənafedən çıxış edən partiya kimi sağa da, sola da sayğı ilə yanaşırıq. Amma bu o demək deyil VHP ortada qalıb seyrçi mövqe tutur. Seyrçi mövqe – susmaq mövqeyidir. Biz kiçikli-böyüklü bütün məsələlərə öz kəskin, güzəştsiz münasibətimizi bildiririk. Partiyaların çoxundan fərqli olaraq bizim arxamızda heç bir siyasi, iqtisadi mafiya dayanmır. Kimdənsə sövdələşdirilmiş yardım istəmirik. Partiyanın ideyası kifayət qədər geniş yayılıb. Bu gün respublikanın başçılarından tutmuş sıravi vətəndaşlarına qədər – hamı Vətəndaş Həmrəyliyi zəruriliyini etiraf edir və bizim xəttimizə, ideyamıza doğrudan da, qurtuluş yolu kimi baxırlar. Özümüz hakimiyyətdə olmasaq da, ideyamız ölkənin hakim ideyasına çevrilib.

    Azərbaycan tarixində ən şərəfli səhifələrdən biri olan 44 günlük Zəfər Savaşı “Nicatımız Vətəndaş Həmrəyliyindədir” şüarımızın bütün ölkə boyunca qəbul edildiyini göstərdi. Siyasi partiyalar hələ 44 günlük Vətən müharibəsi dönəmində həmrəyliklərini nümayiş etdiriblər. Müharibə dövründə hakimiyyətlə siyasi partiyalar arasında dialoqun başlaması və 50 partiya rəhbərinin bir araya gəlməsi önəmli hadisədir. İqtidara yaxın və müxalifət düşərgəsindən olan partiyaların bir araya gəlməsi ölkədə sağlam siyasi mühitin formalaşmasının təzahürüdür. Ermənistanın təcavüzü və Azərbaycan həqiqətləri ilə bağlı beynəlxalq təşkilatlara birgə müraciət olundu. Birgə bəyanatlarımızda ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirən ölkələrə, qurumlara və təşkilatlara iradımızı bildirdik.

    Biz milli ideologiyamızın varlığını, iradəli siyasi mövqeyimizi ortaya qoyduq. Bu, həm də ölkədə daxili siyasi birliyin göstəricisidir. Amma Azərbaycanın hədəfləri Qarabağın Azadlığı ilə yekunlaşmır. Azərbaycan Respublikasının quruculuğunda fəal şəkildə iştirak etdiyi Türk birliyi dünyamızın və gələcəyimizin yollarını, üfüqlərini göstərir. Dünənə kimi Türk-Turan sözlərini dilimizdə donduranların bu gün fəal şəkildə bu hərəkatın ön sıralarına dartınmaları bizi sevindirir. İsmayıl Qaspıralının, “fikirdə, sözdə, əməldə birlik” fəlsəfəsi yenidən bayrağa çevrilir. Yeni nəsil tarixə, ədəbiyyata, coğrafiyaya, mədəniyyət qaynaqlarımıza tamamilə dəyişik bir müstəvidə baxacaqdır.

    Bu gün Türk-Turan birliyi dövlət ideologiyasının əsas xətlərindən birinə çevrilir. Türkçülük milli eqoizm, şovinizm deyildir, özünüdərkdir. Türkçülük Azərbaycançılığa, özbəkçiliyə, qazaxçılığa, türkmənçiliyə qarşı deyildir, əksinə, onların hər birini ayrı-ayrılıqda böyüdür və birləşdirib bükülməz bir yumruğa çevirir. Bizim millət olaraq başqa bir idealımız və hədəfimiz də var, o da Azərbaycan türklərinin ümumi istiqlalı və birliyidir. İranla dinc qonşuluq siyasəti bizə bu haqqımızı unutdura bilməz. İran öz içindən dağılıb parçalanmaq istəmirsə Güneyli qardaşlarımızın öz ana dilində oxumaq haqqını, Azərbaycan Respublikası ilə mədəni, iqtisadi əlaqə haqqını tanımalıdır. Dövlət sərhədləri milləti ayırmamalıdır. Milli idealımız Azərbaycanın öz torpaqlarının düşməndən təmizlənməsi və bütövləşməsidir. İdeologiyamız türkün humanizm, milli demokratiya və qardaşlıq ənənələrinə söykənən vətəndaş həmrəyliyidir.

    Vətəndaş həmrəyliyi, milli birliyi olmayan xalqın taleyi hər zaman sual altında olub. Əlbəttə, bütün çətinliklərə, bölünmələrə, parçalanmalara, ədalətsizliklərə, soyqırıma məruz qalmağımıza baxmayaraq, hazırda müstəqil Azərbaycan xalqımızın sərvətidir. Dünyada heç də bütün xalqlara dövlət qurmaq nəsib olmayıb və bu baxımdan, öz dövləti, bayrağı olan şanslı millətlər sırasında olmağımızla qürur duymağı bacarmalıyıq. Eyni zamanda, milli hədəflərimizdən də geri durmamalı, ona doğru hər zaman can atmalı, övladlarımızın və xalqımızın gələcəyi naminə yorulmadan çalışmağı bacarmalıyıq.

    Bu baxımdan vətəndaş həmrəyliyi hamının, bütün xalqımızın indiki və gələcək ideologiyasıdır. Bu ideologiyaya sadiq qalacağımız, ən çətin anlarda milli birlik nümayiş etdirəcəyimiz halda dövlətimizin müstəqilliyi də, xalqımızın firavanlığı da daimi olacaqdır. Bütün bu illər ərzində ədəbi yaradıcılığımda, siyasi mübarizəmdə, daşıdığım vəzifələrdə bir amala xidmət etmişəm. O da Azərbaycanın müstəqilliyi, bütövlüyü və azadlığıdır!

    Elə bilirəm bütün həyatımla bu gün bu kürsüdən Azərbaycanın həm iqtidarına, həm müxalifətinə üz tutub – daşıdığımız məsuliyyəti xatırlamaq səlahiyyətini qazanmışam. Xalqın sevgisi və inamı boynumuza bir mənəvi haqq qoyub. Ona görə də siyasi proseslərdən kənarda dayanmağımız imkansızdır. Azərbaycanın xoşbəxtliyi, bütövlüyü və azadlığı uğrunda hər birinizə uğurlar arzulayıram!

    TANRI VƏTƏNİMİZİ VƏ MİLLƏTİMİZİ QORUSUN! NİCATIMIZ VƏTƏNDAŞ HƏMRƏYLİYİNDƏDİR!

     

     

  • Fəzail İbrahimli: “Nensi Pelosi elə yaşdadır ki, ona nə desən ağlayacaq”

    “Çoxları elə bilir ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ermənilər üçün ağlayır, ancaq o elə yaşdadır ki, nə desən ağlayacaq”.

    APA xəbər verir ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Fəzail İbrahimli deyib.

    Komitə sədri bildirib ki, N.Pelosinin ağlamağı heç bir xeyir vermir, əksinə Ermənistan üçün problem yaradan göz yaşıdır: “Onlar ağlamağı bacarmır, şou göstərir. ABŞ-da seçki keçiriləcək, Pelosi erməni lobbisinin səsini almaq üçün Ermənistana gəlib. Bunlar erməni pulu ilə senator seçilir, dolanırlar. Ancaq Pelosinin ağlamaqdan ürəyi gedib orda ölsə də Azərbaycan əsgərləri yerindən tərpənməyəcək”.

  • Samir Əsədli: “KTMT adı cəlbedici olsa da, ciddi hərbi təşkilat kimi qəbul olunmur”

    Əgər təşkilat toqquşmalara qarışarsa Türkiyə də vəziyyətə müdaxilə edə bilər
      KTMT Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti təhlil etmək üçün işçi qrup yaratmağı təklif edib. Bu təklif KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasında səsləndirilib. Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç ölkəsinin Ermənistanla Azərbaycan arasında məsələlərin alternativsiz, yalnız siyasi və diplomatik üsullarla sülh yolu ilə həllindən çıxış etdiyini diqqətə çatdırıb: “Mövcud vəziyyət hərtərəfli araşdırma tələb edir”. 
     
      İclasda operativ şəkildə atılması mümkün görünən addımlar təklif olunub. Onların arasında KTMT-nin baş katibi Stanislav Zasın dövlət başçılarına ətraflı məruzə hazırlamaq üçün münaqişə zonasına getməsi, vəziyyəti təhlil etmək üçün Katibliyin və KTMT Birgə Qərargahının əməkdaşlarından ibarət işçi qrupun yaradılması da var.
     
      Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının adı cəlbedici olsa da, ciddi hərbi təşkilat kimi qəbul olunmur. Onun sözlərinə görə, KTMT-ni alyans da adlandırmaq doğru olmaz: 
    “Ona görə ki, alyans dedikdə ən azından bir neçə güclü dövlətin bərabərhüquqlu şəkildə bir yerdə birləşməsi nəzərdə tutulur. Amma bu anlayış ümumilikdə KTMT-yə şamil edilmir. Əslində üzvlər üçün qurumu önəmli edən məqam alyansın nizamnaməsinin 4-cü maddəsi, yəni üzvlərdən birinə hücum zamanı digər üzvlərin hamısının onun müdafiəsini təmin etməsidir. Lakin Krımın anneksiyası bu maddənin effektivliyi ilə bağlı müəyyən sualların yaranmasına gətirib çıxardı. 2014-cü ildə Krımın ilhaqından sonra yarımadanı KTMT üzvlərinin Rusiyanın ərazisi kimi tanımaması əslində tərəflərin şərti olaraq müttəfiq olduğu faktını bir daha təsdiqlədi. İkinci Qarabağ savaşı və ondan sonrakı dövrə nəzər yetirsək, keçmiş SSRİ ərazisində həm də yeni situasiyanın formalaşdığını görmüş olarıq. Hazırkı situasiyada Azərbaycan başqa bir ölkənin sərhədinə müdaxilə etməyib. Buna görə də başqa ölkələrin və ya təşkilatların hadisəyə birbaşa müdaxiləsi yolverilməzdir və heç bir əsası yoxdur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycan və Ermənistan arasında baş verən hadisələrə qarışarsa, bu zaman Şuşa Bəyannaməsinə əsasən, Türkiyə də vəziyyətə müdaxilə edə bilər. Bu isə Rusiya üçün arzuedilən deyil”.
  • VHP üzvləri Türk Şəhidliyini ziyarət etdilər- FOTO

    Sentyabrın 15-də Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni terrorçularından azad edilməsinin ildönümüdür.
    Bu münasibətlə Vətəndaş Həmrəyliyi Partiyası “Türk şəhidliyi” abidəsini ziyarət edib. Millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı ilə birgə partiya üzvləri Bakının azad olunmasında və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə canını fəda etmiş şəhidlərin əziz xatirəsini yad edib, onların ruhuna dualar oxuyublar.
    Ziyarət zamanı şəhidlərin məzarları üzərinə və abidə önünə tər güllər, əklillər qoyulub, ermənilərin ötən əsrdən indiyədək azərbaycanlılara qarşı törətdikləri terror və vandallıq aktlarından bəhs olunub.
    Bildirilib ki, xalqımız 100 il əvvəl olduğu kimi, bu gün də dünyanın şər güclərinə qarşı Azərbaycan Türkiyə qardaşlığı ayaqdadır.
  • VHP-nin Azərbaycan-Ermənistan sərhəddindəki gərginliklə bağlı bəyanatı

    “Azərbaycan ərazi bütövlüyünə və suverenliyinə qarşı hər bir addımın qarşısıni alacaq”

    Azərbaycanın Zəfər Savaşına başlamasının iki ili tamam olur. 2020-ci il sentyabrın 27-də işğalçı dövlətin hərbi təxribatlarına layiqincə cavab verən Azərbaycan ordusu bütün dünyaya öz gücünü göstərdi.  Bu gün işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işlərinə başlanılıb və regional layihələr yüksək səviyyədə icra olunur. Azərbaycan sülh sazişinin imzalanması və bölgədə daimi stabilliyin yaranması üçün 10 noyabr bəyannaməsində üzərinə götürdüyü öhdəlikləri tam mənada yerinə yetirdiyi halda erməni tərəfi dəfələrlə cəbhənin müxtəlif istiqamətlərində təxribatlar törədib. Ordusunun böyük bir hissəsini müharibədə itirən və rəzil vəziyyətə düşən Ermənistanın bu cür hərəkətləri yekun nəticədə sülh prosesini əngəlləyir.

    Erməni hərbi birləşmələri 2022-ci il sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib. Eyni zamanda son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin eyni  istiqamətində təxribatları, Azərbaycan Ordusunun mövqelərinin mütəmadi  atəşə tutulması müşahidə olunub. Hərbi qulluqçularımızın, o cümlədən ərazidə infrastruktur işləri aparan mülki vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi və suverenliyimizə qarşı mümkün hərbi təhlükələrin qarşısının alınması məqsədilə Azərbaycan Ordusu  qəti cavab tədbirləri görüb.

    Vətəndaş Həmrəyliyi Partiyası Şəhidlərimizin ruhunu sayğı ilə anır və Azərbaycanın Vətən uğrunda savaşda  birlik və həmrəyliyindən yaranan gücünün hər zaman qorunacağına, dövlətimizin bu güclə yüksəlişinə inamını bildirir. VHP eyni zamanda bəyan edir ki, ermənilərin beynəlxalq hüququ pozduğunu  və götürdüyü öhdəlikləri yerinə yetirmədiyini sakitcə seyr edən beynəlxalq ictimaiyyətin indiki halda Azərbaycana qarşı haqsız mövqeyi təssüf doğurur. Azərbaycan ərazi bütövlüyünə və suverenliyinə qarşı hər bir addımın qarşısıni alacağını dəfələrlə bəyan edib, bu və bundan sonra baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşür.

  • Sabir Rüstəmxanlının “Qarabağa Dönüş” poeması Türkiyədə nəşr edildi

    Qarabağ mövzusu Azərbaycan ədəbiyyatında həmişə geniş mənada Vətən mövzusunun atributlarından biri kimi qəbul edilmişdir.  Dağlıq Qarabağ münaqişəsi yaranana qədər Qarabağ motivi Azərbaycan ədəbiyyatının poetik qanadının ilham pərisi funksiyasını yerinə yetirmişdir. Lakin Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin meydana çıxması və bədnam ermənilərin havadarlarının gücü ilə Azərbaycanın bu qədim torpaqlarını işğal etməsi ilə Qarabağ mövzusundakı nikbin notlar bədbinlik, məyusluq cizgiləri ilə əvəz olunmuşdur.  Hərbi-siyasi hadisələrin təsiri ilə tədricən Qarabağ mövzusundan vətənpərvərlik, mübarizlik, döyüş səsləri də eşidilmişdir.  Azərbaycan xalqının Dağlıq Qarabağın işğaldan azad edilməsi uğrunda səfərbər olmağa hazırlanmasında bu ədəbiyyat mühüm rol oynamışdır.

    44 günlük Zəfər savaşından sonra Qarabağ-Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Zəfərin ədəbiyyatımızda genişhəcmli əsərlərdə bədii cəhətdən əks etdirilməsi prosesi başlanmışdır. Xalq şairi Sabir Rüstəmxanlının Qələbədən dərhal sonra, Zəfərin isti izləri ilə yazılmış “Qarabağa dönüş” poeması ədəbiyyatda Qarabağ mövzusunda yaranan əsərlərdə itirilmiş torpaqlarımızın qaytarılması, işğaldan azad edilməsi uğrunda mübarizə mövzusundan tarixi Zəfərin bədii cəhətdən dərk və şərh olunması mövzusuna dönüşün başlanma zərurətini meydana qoymuşdur. Eyni zamanda, Sabir Rüstəmxanlının “Qarabağa dönüş” poeması ilə Vətən müharibəsi mövzusunda kiçik janrlardan geniş həcmə malik bədii əsərlərə dönüşün də ilk uğurlu anonsu verilmişdir. Zəfər savaşçının poetik qəhrəmanlıq dastanına çevrilən bu əsərin misraları arasında Azərbaycan əsgərinin heyrətamiz şücaəti tarixi şəxsiyyətlərlə birgə təsvir olunur və sanki tarixlə müasirliyin vəhdəti Şuşanı işğaldan azad edən orduya güc verir. Azərbaycan xalqının milli Qələbəsinin qısa bir zamanda poetik dastan kimi təqdim edildiyi “Qarabağa Dönüş” poeması tək Azərbaycanda deyil Türkiyə Cumhuriyyətinin ədəbi mühitində də oxucu auditoriyası qazanmışdır. Türkiyənin tanınmış yazarı, Azərbaycan və Avrasiya Yazarlar Birliyinin, Dünya Gənc Türk Yazarlar birliyinin üzvü İmdat Avşarın tərcüməsində qardaş ölkədə dərc olunan “Qarabağa Dönüş” poeması türk oxucular tərəfindən də böyük maraqla qarşılanmışdır və “Türk Ədəbiyyatı” aylıq dərgisində tərcümədən bir parçaya yer ayrılmışdır.

  • Ermənistan ABŞ və Rusiyaya eyni vaxtda yarınmağın təhlükəli olduğunu anlamaqda çətinlik çəkir

    Ermənistan hakimiyyəti iki böyük gücün – Rusiya və ABŞ-ın arasında qalıb. Bunu Ermənistan rəsmilərinin səfər trayektoriyasından müəyyənləşdirmək olar. Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan Moskvaya yollanıb. Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşən nazir regional təhlükəsizlik, sabitlik, o cümlədən Ermənistan-Rusiya müttəfiqlik münasibətləri ilə bağlı məsələləri müzakirə edib. Görünür, Mirzoyan liderlərin Brüssel görüşünün detallı hesabatını Lavrova verib. Ermənistanın Müdafiə naziri Suren Papkiyan isə əks istiqamətə, ABŞ-a gedib. 
    Onu da Pentaqona çağırıblar. Belə çıxır ki, amerikalılar da İrəvanın Rusiya ilə hərbi əməkdaşlığının səviyyəsini öyrənmək istəyirlər. Üstəgəl, Qarabağ separatçılarının “xarici işlər naziri” David Babayanı da Konqresdə gözləyirlər. İki gün sonra isə Baş nazir Nikol Paşinyan Kreml sahibi Vladimir Putinin hüzurunda olacaq. Paşinyan Putinlə birgə iqtisadi forumda iştirak edəcək. Ekspertlərə görə, Paşinyan və hökuməti Rusiyanın ağalığından imtina edə bilmirlər. Ancaq Vaşinqtonun da şirnikləndirici təkliflərindən vaz keçmirlər. Vaşinqton Ermənistanın Rusiyadan tam imtina edə bilməyəcəyini anlayışla qarşılayır. Kremlin isə bu məsələdə mövqeyi qəti və güzəştsizdir.
     
      Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə açıqlamasında bildirib ki, İrəvan həm Moskvaya, həm də onun qatı düşməni Vaşinqtona hesabat verir. Partiya təmsilçisinin sözlərinə görə, Ermənistan indiki qəliz geopolitik situasiyada çaşqın vəziyyətə düşdüyünü qətiyyən gizlədə bilmir: 
    “Rəsmi İrəvanın atdığı son addımlar xaotik xarakter daşıyır. Gələcək nəticələri də kifayət qədər ciddi suallar doğurur. Ancaq rəsmi İrəvanın unutduğu çox önəmli məqam var.
    Ermənistan ABŞ və Rusiyaya eyni vaxtda yarınmağın həm təhlükəli, həm də mənasız olduğunu hələ də anlamaqda çətinlik çəkir. İki dövlətin eyni vaxtda Ermənistanı birlikdə müdafiə edəcəklərinə yalnız sadəlövhlər inana bilər.
     
    Digər tərəfdən, Cənubi Qafqazda reallıqlar ciddi şəkildə dəyişib. Regionda həm Rusiyanın, həm də Qərbin öz maraqlarını təmin etmələri üçün Ermənistan həlledici faktor deyil.
     
     Ermənistanın geopolitik əhəmiyyəti çoxdan beynəlxalq siyasi iradə mərkəzləri tərəfindən ciddiyə alınmır. İndi Cənubi Qafqazda maraqları olan super güclərin ilk növbədə Azərbaycan-Türkiyə tandemi ilə anlaşmaya ehtiyacı var. Ermənistanın gələcək taleyi də məhz bu ittifaqdan birbaşa asılı vəziyyətdədir”.
  • Rus dili Bakını necə işğal etdi… – SSRİ-yə qarşı milli hərəkata rəhbərlik edən ziyalı dərdimizdən danışır – Videomüsahibə

    “Rus məktəblərinin qabağında boynunu büküb, ”mənim uşağımı hökmən bu məktəbə götürün” deyən valideynlərin yerinə xəcalət  çəkirəm”

    Paytaxt Bakı analoqu olmayan bir hadisə yaşayıb. Uşaqlarına rus dilində təhsil vermək istəyən çoxsaylı valideynlər  etirazlara qalxıblar. Buna səbəb onların uşaqlarının rus dili məktəblərinə götürülməməsidir. Formal izahatlara görə tələbin çox olması səbəbindən paytaxtdakı rusdilli məktəblərdə yer yoxdur. Bu da məyus olan valideynlərin etirazına səbəb olub.

    Çoxları bu vəziyyəti ‘’utancverici’’ kimi qiymətləndirir. Bizi 200 il işğalda saxlamış və son 30 ildə isə milli fəlakətlərimizə, soyqırım və ərazi itkilərimizə səbəb olmuş, hələ də pisliyini davam etdirən bir dövlətin dili ilə təhsil almaq bir çox vətəndaşlarımız üçün sanki həyat məsələsidir.

    Biz niyə bu günlərə qaldıq? Niyə rus dilində təhsil üçün bir çox valideynlər bunca fəallıq edirlər? Bu vəziyyət nəyin göstəricisidir?

    Bu və digər suallarla xalq şairi, VHP sədri Sabir Rüstəmxanlıya üz tutduq. O adama ki, Azərbaycan dilinin və Azərbaycanın suverenliyinin bərqərar olması uğrunda bütün həyatını həsr edib. 1988-ci ildə başlayan milli azadlıq hərəkatına rəhbərlik edib. Rus dilinin və Rusiyanın Azərbaycandan getməsi üçün ölümü göz önünə alaraq, illərlə mücadilə verib. İndi belə çıxır ki, onun və silahdaşlarının apardıqları mübarizə xalq tərəfindən o qədər də ciddi dəstəklənməyib? Ən azından, dil sahəsində əziyyətləri boşuna gedib?

    Sabir Rüstəmxanlı rus dilinin paytaxtımızda bu cür populyar olmasını Rusiyanın Azərbaycanı yenidən işğal etməsi kimi qiymətləndirirmi?

    Beləliklə, danışır Sabir Rüstəmxanlı – rusdilli SSRİ-yə qarşı milli azadlıq hərəkatının ən önəmli liderlərindən biri, 1980-ci illərdə gəclərə və proseslərə yön verən ‘’Ömür kitabı’’nın müəllifi…

    “Bu, son dərəcə ciddi məsələdir. Azərbaycan ziyalılarının, vətəndaş cəmiyyətinin, ümumiyyətlə, bizim mədəniyyət, dilimizlə bağlı maraqlanan qurumlarımızın bu məsələyə laqeyd,  biganə münasibəti məni həqiqətən çox təəccübləndirdi. Halbuki  son günlərdə  Azərbaycan cəmiyyətinin ictimai yerlərdə ən ciddi müzakirə etdiyi məsələlərdən biridir. Yəni xalq deyir ki, müstəqil bir dövlətdə niyə bu qədər rusdilli  məktəb olmalıdır? Niyə bütün universitetlərin, ali məktəblərin rus bölmələri olmalıdır? Halbuki Rusiya universitetlərinin bir neçəsinin ölkəmizdə filialı var. Yəni mümkün vasitələrlə burada rus dili Azərbaycanda təbliğ olunur, yayılır. Buna etiraz etməkdənsə, əksinə, bəziləri etiraz edir ki, mənim uşağımı rusdilli məktəbə niyə qəbul etmirlər? Bu, camaatı heyrətləndirir.

    Xatırlayıram ki, vaxtilə 20 Yanvar şəhidlərinin ziyarətinə gedəndə ziyarətçilərin arasında bir neçə adam var idi ki, onlar bir-biriləri  ilə rus dilində danışırdılar. Həmin vaxt onlara qarşı çox böyük etiraz oldu, camaat ətrafdan  dedi ki, “ayıb deyil, Rusiya bizim gənclərimizi şəhid edib, siz isə yenə də rus dilində danışırsınız…” Azərbaycanın bir çox faciələrini məhz bu dildə danışa-danışa törədiblər.

    Tolstoyun  “Hərb və sülh” romanını oxuyarkən bir həqiqəti  anladım ki, vaxtilə fransız dilində danışan rus cəmiyyəti Napoleonun ordusunu gördükdən sonra bütövlükdə cəmiyyət olaraq həmin dildən imtina etdi və Rusiyada fransız dili erası bitdi.  Amma bizdə nədənsə rus dili erası bitmir.

    Əlbəttə ki, biz rus dilinin əleyhinə deyilik, bu dil əlavə xarici dil kimi öyrədilə bilər. Lakin birdən-birə müstəqil bir dövlətdə- sayı gah 85 min, bəzən də 130 min olduğu deyilir- bu qədər körpəmizin, uşağımızın bu dildə oxuması nə deməkdir?

    Bir dəfə bir masada 4-5 azərbaycanlı uşaqla bir yerdə əyləşmişdik. Çox savadlı və ağıllı  uşaqlar idi, lakin onlar bir-biriləri ilə rus dilində danışırdılar. Onlara sual verdim ki, niyə rus dilində danışırsınız, siz azərbaycanlı deyilsiniz? Cavab verdilər ki, “Sabir bəy, əslində bu sualı biz sizə verməliyik. Bakıda bu qədər rus məktəbi var. Niyə hələ ağlımız kəsməyən vaxtdan bizi rus dili məktəbində oxudublar? İndi də  bizim öz içimizdə bir diskomfort var ki, biz öz vətənimizdə öz doğma dilimizi rus dili qədər bilmirik, çünki o dildə təhsil almışıq və bunun xəcalətini biz də yaşayırıq”. Yəni başa düşən gənclər, uşaqlar belə deyir.

    Hesab edirəm ki, o etiraz aksiyası bir reklam idi. Bu reklam nə üçün idi? Yəni Azərbaycan cəmiyyəti ayağa qalxıb, rusdilli məktəblərin sayının artırılmasını istəyir? Bu reklam kimin tərəfindən edilir? Onun arxasında kim dayanır? Mən həmin kadrlara baxdım, deyim ki, etirazçıların sayının çox olmasını göstərmək üçün onların arasında heç valideyn olmayan da var idi. Ora niyə yığışmışdılar və cəmiyyətə bunu niyə göstərirlər? Mənim öz vətənimdə niyə xarici dil bu qədər təbliğ olunur,  işəgötürmə zamanı az qala tələb olunan əsas kriteriyalardan birinə çevrilir?

    Bizim Rusiya ilə müqaviləmiz var ki, Azərbaycanda rus dilində təhsil almaq istəyənlərə dövlətimiz tərəfindən, Rusiya hökuməti də Azərbaycan dilində təhsil almaq istəyənlərə şərait yaradır. Deyim ki, Moskvada yalnız bir Azərbaycan məktəbi var idi, o da bağlanıb. Həmçinin Dağıstanda 100 mindən çox Azərbaycan türkü yaşayır, lakin orada da  Azərbaycan məktəbləri fəaliyyətlərini dayandırıb. Çünki Rusiya latın qrafikasında olan təhsilə icazə vermir, gərək onu kiril əlifbasına keçirib, Azərbaycan dili yaradılsın. Yaxşı, bəs bu nə münasibətdir?

    Nəhayət, biz dövlətik, bu dövlətin rəsmi konstitusiyasına görə, ana dili Azərbaycan türkcəsidir. Buna görə də bütün təhsil bu dildə aparılmalıdır. Təhsil qanununa görə, belə bir qayda da var ki, əgər əhalinin  müəyyən bir hissəsi kənar dildə oxumaq istəyərsə, onlar üçün də şərait yaratmaq olar. Lakin belə bir qayda da var ki, onlar dövlət büdcəsindən daha çox həmin dildə təhsil almaq istəyənlərin şəxsi vəsaiti ilə xarici dildə məktəb açıla bilər. Ölkəmizdə ingilis və yaxud fransız dilində olan məktəblərə vətəndaş pul ödəyib, övladına təhsil verir. Amma rus məktəbləri Azərbaycan məktəblərindən daha artıq dövlət büdcəsi hesabına maliyyələşir. Məmurların əksəriyyəti övladlarını rus məktəblərində oxutdurduqlarına görə o məktəblər daha gözəl binalarda yerləşir, yaxşı təmir olunur, daha çox vəsait ayrılır. Süni surətdə guya rus məktəblərinin Azərbaycan məktəblərindən daha üstün olması təsəvvürü yaradılır. Halbuki yanlışdır və biz rus məktəblərinin səviyyəsini yaxşı bilirik. Mənim Rusiyada yaşayan dostlarım arasında da var ki, qızları həddi-buluğa çatanda onları Azərbaycana gətirirlər ki, burada öz ana dillərində təhsil alsınlar. Bəs onda bizdə rus dilinə bu nə heyranlıqdır?

    Fikrimcə, bunun arxasında iki səbəb ola bilər. Birinci səbəb, sadəcə, ailələrin vətəndaşlıq məsuliyyətinin azlığıdır. Vətəndaş məsuliyyət hissi keçirməlidir ki,  bu ölkədə yaşayır, övladı bu ölkənin ana dilində təhsil almalıdır. Lakin məsuliyyət hissi yoxdur. Xeyli sayda adam tanıyıram ki, özü rus dilində danışa bilmir, övladını rus məktəbinə qoymaq istəyir. Bu nə tərbiyədir, bəs uşağın təhsili ilə necə məşğul olacaq?

    İkinci məsələ, Azərbaycan təhsil sistemində bizim  bilmədiyimiz, “5-ci kolon”un idarə etdiyi və Azərbaycanın Rusiyaya meylliliyini  gücləndirmək üçün gizli bir kanal var ki, bu məsələləri idarə edir, rus məktəblərinin sayını artırır. Bir dəfə köhnə təhsil nazirlərindən biri mənə demişdi ki, “siz bilmirsiniz, arxada mənə təzyiqlər var ki, rusdilli məktəblərin sayını artıraq”. Yəni belə qüvvələr var.

    Ötən əsrin 70-ci illərinin əvvəlləri idi, Azərbaycan Konstitusiyası qəbul olunanda xüsusi göstəriş verilmişdi ki, Azərbaycan dili dövlət dili olsun. Həmin vaxt Heydər Əliyevin gizli tapşırığı ilə bu məsələ ilə bağlı Şamama Həsənovadan, digər əmək  qəhrəmanlarından çoxlu məktublar gəldi. Mənim bu tapşırıqdan xəbərim olmasa da, məktub yazdım ki, Azərbaycan Konstitusiyasında ikinci dövlət dili Azərbaycan dili olsun. Yəni sovet dövründə ana dilinin dövlət dili olması üçün, həmçinin Azərbaycanın müstəqil olması üçün bu qədər əziyyətlər, zəhmətlər çəkilib, qanlar tökülüb, nəhayət, dilimiz rəsmi olaraq Azərbaycan dili olub, indi bir toplum bütün bu zəhmətlərin üstündən xətt çəkib, Azərbaycanı Rusiyanın ağuşuna atmaq istəyir?

    Daha bir məsələ, qanuna əsasən, rusdilli məktəblərdə Azərbaycan dili, Azərbaycan coğrafiyası, tarixi, ədəbiyyatı öyrədilməlidir. Amma baxaq görək, rus məktəblərinin yuxarı siniflərində Azərbaycan tarixini neçə faiz uşaq bilir? Onlar rusdilli deyil, rus məktəbidir, orada Rusiya tarixi, coğrafiyası keçirilir və Rusiya məktəblərindən heç də fərqlənmir. Azərbaycan dili isə çox zəif, yamaq kimi öyrədilir. Beləliklə, bu son dərəcə ciddi məsələdir və Azərbaycan ictimaiyyəti, yazıçılar, ziyalılar, yaradıcı təşkilatlarımız öz etirazını  bildirməli, ümumxalq müzakirəsinə çıxarılmalıdır. Sual verilməlidir ki, bizə bu qədər rus məktəbi lazımdır, ya yox? Uşaqlarımızın yarısı rus dilində oxumalıdır, ya yox? Bəlkə heç bizə Azərbaycan dili lazım deyil, elə hamımız rusca oxumalıyıq? Bir çox məmurlarımız var ki, öz ana dilində lazımi səviyyədə danışa bilmir, bununla da öz Azərbaycan dilinə, tarixinə hörmət etmir. Mən bir xalq şairi, millət vəkili olaraq bu məsələyə etiraz edirəm.

    – Azərbaycanda türkdilli məktəblər də var. Bəs niyə cəmiyyətimizdə bu dildə olan məktəblər populyarlaşa bilmir? Dövlət səviyyəsində pulsuz türk dilli məktəblər açmaq mümkündürmü?

    – Bu, çox yaralı məsələdir. Biz 30 ildir ki, Türkiyəyə inteqrasiya barəsində danışırıq. Ölkəmizdə 2-3 köşkdən başqa türk mətbuatının yayımı varmı? Amma istənilən köşkə gedib, Moskvanın qəzetlərini tapmaq olur, hansı ki, onların bəzilərində bizim əleyhimizə yazılar yazılır. O ki qaldı məktəblərə, Bakıda bildiyim qədər cəmi 3 türk məktəbi var – Atatürk liseyi, Anadolu liseyi və Türk Dəyanət Vəqfi məktəbi. Atatürk liseyinin qalması üçün şəxsən mən və ailə olaraq nə qədər  əziyyət  çəkmişik. Təsəvvür edin, onlara yer verilmirdi, sadəcə, bir yer verilmişdi, bəzi valideynləri də qəsdən qaldırmışdılar ki, həmin lisey bağlansın. Təsəvvür edin, valideynlər deyirdilər ki, bizə türk məktəbi lazım deyil. Türk həmişə sənin yanında, sənin üçün 1130 şəhid verib,  amma səni şəhid edənin dilində təhsil istəyirsən, sənin üçün şəhid olana dirsək göstərirsən. Bizim dövlət olaraq Türkiyə ilə aramızda çox sayda anlaşmalar var, hansı ki, bu anlaşmalar Rusiyadan dəfələrlə çoxdur. Yəni getdikcə dövlətlərimiz arasında yaxınlaşma daha da artır. Lakin bu yaxınlaşma təksə sözdə ola bilməz, gərək təhsildə də olsun. Nə qədər tələbələrimiz Türkiyədə təhsil alıb, ölkəyə geri dönür. Niyə türkdilli məktəblərimiz olmasın? Əgər dilimiz eynidirsə, niyə türk dilində olan filmlər televiziyalarımızda tərcümə ilə verilsin? Mən şəxsən həmin filmlərə baxa bilmirəm, tərcümə çox eybəcər alınır. Bəli, türk dili ilə Azərbaycan dili arasında müəyyən fərqliliklər var, amma o şeyə ki, rahat baxıb, anlaya bilirsən, onu niyə tərcümə etməliyik?

    – Son olaraq valideynlərə xitabən nə demək istərdiniz?

    – Səmimi sözlərimi eşitmək istəyirsinizsə deyim, rus məktəblərinin qabağında boynunu büküb, “mənim uşağımı hökmən bu məktəbə götürün, niyə orada yer yoxdur” deyən valideynlərin yerinə utanır, xəcalət  çəkirəm. Çünki bu ifadələri ilə onlar öz məktəbini alçaldır, öz ana dilinə hörmət etmədiklərini göstərirlər.

    Xalidə GƏRAY,
    Elçin ƏKBƏROV,
    “Yeni Müsavat”

  • Laçın azadlığına qovuşur!

    Samir Əsədli: “Laçın dəhlizinin nəzarətimiz altında olması və alternativ yolun istifadəyə verilməsi o deməkdir ki, ərazilərimizə giriş və çıxışlar tam olaraq Azərbaycanın nəzarətinə keçmiş olacaq”
     
      Laçın dəhlizində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları köçməyə hazırlaşır. Artıq Qubadlı rayonu istiqamətindən Laçın dəhlizinin girişində və yol boyu qoyulmuş postların, nəzarət-buraxılış köşklərinin, rusiyalı hərbçilərin yaşadığı tikililərin sökülməsinə başlanılıb. Ərazini boşaltmağa hazırlaşan Rusiya sülhməramlıları müvəqqəti olaraq yeni dəhlizə köçəcəklər. Qeyd edək ki, Azərbaycan Laçın şəhərindən yan keçməklə Qarabağı Ermənistanla birləşdirən yolu qısa müddətdə istifadəyə verib. Bu səbəbdən dəhlizin üzərinə düşən Laçın şəhəri, Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşmış ermənilərin ərazini tərk etməsi üçün avqustun sonuna kimi vaxt verilib. Ermənilərin 30 il ərzində qeyri-qanuni yaşadıqları Laçın şəhərini, Zabux və Sus kəndlərini boşaltması prosesi yekunlaşmaq üzrədir. Müddət bitəndən sonra sözügedən yaşayış məntəqələri Azərbaycanın tam nəzarətinə keçəcək. Rusiya sülhməramlıları isə xidmətlərini müvəqqəti olaraq yeni yolda davam etdirəcəklər.
      Zabux və Sus kəndləri ətrafında gedən prosesləri “Sherg.az”a təhlil edən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli bildirib ki, Laçın şəhərinin Azərbaycanın nəzarətinə qaytarılması 10 noyabr razılaşmasına əsasən həyata keçirilir. Partiya təmsilçisinin sözlərinə görə, yolun marşrutu və nəzarəti üçtərəfli bəyanata uyğun olaraq Rusiya tərəfinin vasitəçiliyi ilə müəyyən edilib və razılaşdırılıb: “Burada mübahisə doğuracaq heç bir məqam yoxdur. Azərbaycan yeni yolun bizim ərazimizdəki hissəsinin inşasını yüksək keyfiyyətlə, qısa müddətdə icra etdi. Amma Ermənistan öz ərazisindən keçən hissənin tikintisini uzadır. Bu da İrəvanın öz öhdəliklərinin icrasına məsuliyyətsiz yanaşmasını, yerli erməni əhalinin rahatlıq və rifahına etinasızlığını nümayiş etdirir. Azərbaycan tərəfi yenə də konstruktivlik nümayiş etdirərək, ermənilərin xahişini nəzərə alaraq, yolun Ermənistandan keçən hissəsi yekunlaşana qədər, 4.7 km-lik müvəqqəti yoldan istifadə olunmasına razılıq verib. Zabux kəndindən yayılan reportajdan görünür ki, ermənilər Laçından, eləcə də Laçın dəhlizi boyunca yerləşən yaşayış məntəqələrindən çıxmağa başlayıblar”.
    S.Əsədli deyib ki, məsələnin məğzi, hüquqi tərəfi ondan ibarətdir ki, işğala qədər Laçında erməni yaşamayıb: “Ermənilər Laçına işğal dövründə qeyri-qanuni köçürülüblər. Onların bir çoxu isə xaricdən – Livandan, Suriyadan və s. ölkələrdən köç ediblər. İndi həmin ermənilər Qarabağdakı qondarma rejimə qarşı üsyana çıxıblar. Yubanmalar bu etirazları azaltmaq üçün edilən mənasız cəhdlərdir. Laçın dəhlizinin nəzarətimiz altında olması və alternativ yolun istifadəyə verilməsi o deməkdir ki, ərazilərimizə giriş və çıxışlar tam olaraq Azərbaycanın nəzarətinə keçmiş olacaq. Bu da gələcəkdə ola biləcək təxribat və terror cəhdlərinin qarşısının alınması deməkdir”.
  • VHP təşkilatları toplanıb- FOTO

    Bakı/ Vətəndaş Həmrəyliyi Partiyası 30 illik yubley tədbirləri çərçivəsində təşkilatlanma və bölgə təşkilatları işinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu gün partiyanın mərkəzi qərargahında partiyanın Qusar, Qax, Yardımlı, Goranboy və Beyləqan rayon təşkilatı üzvlərinin iştirakı ilə toplantı keçirilib. Toplantıda rayon təşkilatlarının fəaliyyəti, bölgələrdə təşkilati işlər və qarşıya çıxan çətinliklər müzakirə edilmiş, qarşıya qoyulan məqsədlər əıtrafında fikir mübadiləsi aparılıb.

    Goranboy rayon təşkilatının sədri Zaur Məmmədli, Qusar rayon təşkilatının sədri Elşəfa Məmmədov, Beyləqan rayon təşkilatının sədri Ədalət Quliyev, Yardımlı rayon təşkilatının sədri Azad Rzazadə və Qax rayon təşkilatının sədr müavini Roma Rayonoviç rəhbərlik etdikləri rayon təşkilatlarındakı durum haqda məlumat verib və təkliflərini səsləndirib.
    VHP sədrinin müavini Samir Əsədli toplantı iştirakçılarına ölkədəki ictimai-siyasi durum haqda məlumat vermiş, VHP-nin mövqeyi haqda fikirlərini bildirib. VHP Siyasi Şura üzvləri Asif Şəkərli və Səlahəddin Əsgər partiyanın təşkilati işləri və yubiley hazırlıqlarından danışıb.
    ***

    Tərtər/ Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Tərtər rayon təşkilatı Məclicinin növbəti yığıncağı keçirilib.

    Təşkilatın sədri Nizami İsmayılov iclası açaraq çıxışında bildirib ki, bu il VHP üçün ələmətdar ildir, partiyanın 30 yaşı tamam olur. Yolumuza, əqidəmizə və ideyamıza sadiq olaraq şərəfli yol keçmişik. VHP-nin məqsədi millətə xidmət yoludur, amalımız, yolumuz birdir. Vətəndaş Həmrəyliyi, milli birlik xalqın xilas və barış yoludur. Bu gün VHP ideoloji partiya olaraq milli birliyimiz üçün çalışır. Tərtər təşkilatı da ilk təsis edilən rayon təşkilatlarından biri kimi yubiley tədbirinə ciddi hazırlaşır.
    Məclisdə ölkədəki mövcud ictimai-siyasi durum, sosial-itisadi vəziyyət və kənd təsərrüfatı sahəsindəki problemlər müzakirə olunub. Bildirilib ki, Azərbaycanın son vaxtlar Qarabağın qanunsuz erməni silahlılarından təmizlənməsi istiqamətin gördüyü tədbirlər və Ermənistanla bağlı diplomatik fəaliyyəti təqdir olunur. VHP hər zaman olduğu kimi indi də ümummilli maraqlar kəsb edən məsələlərdə dövlətçilik mövqeyində durur. Məclis üzvləri müzakirələrdə qeyd edib ki, kənd təsərrüfatına, yerli fermerlərə diqqət artırılmalı və kənd insanının öz təsərrüfat subyektlərini yaratması, əkib becərdiklərini sərbəst bazara çıxarması ilə bağlı müvafiq tədbirlər görülməlidir. Tərtər aqrar rayondur və əkib-biçinə xüsusi diqqət ayrılmalıdır.
    Sonda təşkilati işlər müzakirə edilib, partiya sıralarına yeni üzvlər qəbul edilib.

    ***

    Cəlilabad/ Vətəndaş Həmrəyliyi Partiyası Cəlilabad rayon təşkilatı Məclisinin növbəti yığıncağı keçirilib.

    Təşkilatın sədri Əliqismət Əlibəyli ölkədə baş verən siyasi-iqtisadi vəziyyət, Cəlilabad və bölgədəki durum haqqında danışıb. Təşkilat sədri Qarabağda yerləşdirilən sülhməramlı ruslardan, erməni təxribatlarından söz açıb. Qeyd edib ki, rus əsgərləri bölgədən çıxıb getməli, ərazi tam olataq Azərbaycan ordusunun səlahiyyətinə verilməlidir. Bundan sonra bölgədə əbədi sülh və birgə yaşayış olacaq.
    O çıxışında bildirib ki, işsizlik və iş yerlərinin olmaması kəndləridən, rayonlardan insanların köçüb getməsinə, kənd təsərrüfatının isə bərbad hala gəlib çıxmasına gətirir. Bu gün gənclər işsizdir, iş yeri yoxdur. Hər gün ərzaq, bütün dolanışıq məhsullarının qiyməti sürətlə qalxır. Bu da işsiz, aztəminatlı ailəlırin dolanışığını, durumunu bərbad hala salır.
    Məclisdə partiyanın 30 illik fəaliyyəti ilə bağlı da müzakirə aparılıb. Əlavə edilib ki, Cəlilabad təşkilatı da ilk təsis edilən təşkilatlardan biridir, bu gün də Cəlilabadda monolit, aktiv fəaliyyət göstərin, insanların etimad edib qoşulduğu təşkilatlardandır.

    ***

    Tovuz/ Bu gün VHP Tovuz rayon təşkilatı Məclisinin növbəti toplantısı keçirilib.

    Rayon təşkilatının sədri Nəsimi Tovuzlu ölkədəki ictimai-siyasi vəziyyət, Vətəndaş Həmrəyliyi Partiyasının fəaliyyəti, bölgədə və dünyada cərəyan edən olaylar barədə geniş məruzə ilə çıxış edib. Ermənistanla sülh prosesi və Azərbaycan ərazilərinin boşaldılması haqda danışan Nəsimi bəy bu məsələdə rəsmi Bakının qətiyyətinin təqdirəlayiq olduğunu və VHP-nin bu mövqeyi dəstəklədiyini bildirib. Daha sonra sosial iqtisadi vəziyyət barədə çıxış edən təşkilat sədri son vaxtlar bahalaşma, xüsusən gündəlik tələbat məhsullarının qiymət artımından danışıb, qeyd edib ki, bu bahalaşma əhalinin dolanışığına ciddi mənfi təsir edir.
    Sonda təşkilati məsələlərə baxılıb, VHP sıralarına yeni üzvlər qəbul edilib. Həmçinin yeni təsis edilən 8 özək təşkilatının səlahiyyətləri təsdiq edilərək, məclisdə qeydiyyata alınıb.

    ***

    Masallı/  Vətəndaş Həmrəyliyi Partiyası Masallı rayon təşkilatı Məclisinin növbəti yığıncağı keçirilib. Təşkilatın sədri Faiq Ağayev çıxışında ictimai-siyasi məsələlər, VHP-nin 30 illik yubileyi ilə bağlə qarşıda duran işlərdən danışıb. O çıxışında bildirib ki, bu il VHP üçün ələmətdar ildir, 30 il öncə VHP təsis olunub. 1992-ci ilin payızında daxili və xarici təhdidlər qarşısında dövlətin varlığının belə sual altında olduğu bir vaxtda yaradılan partiya çoxları üçün siyasi səhnənin ötəri iştirakçısı təsiri bağışlasa da zaman əksini sübut etdi. Əslində, o zaman yaranan bütün partiyaların, xüsusilə milli demokratik düşərgəni təmsil edən siyasi qurumların ideoloji əsasında “milli birlik” xətti mövcuddur. Ancaq VHP bu ideyanı, dövrün ictimai-siyasi şəraitinə uyğun olaraq, siyasi mübarizəmizin əsas priaritetinə çevirdi və nəticə etibarilə nəinki yeni ideologiya yaratdıq, həm də partiya olaraq fəaliyyətimizdə onun praktik formasını göstərdik. Artıq vətəndaş həmrəyliyi ideyasının zəruriliyini anlamayan yoxdur və bu ideologiya dövlətçiliyimizin təminatı statusunu alıb.

    Sonda təşkilati məsələlərə baxılıb, VHP sıralarına yeni üzvlər qəbul edilib.