Vətəndaş Həmrəyliyi Partiyası

Category: Slayder

  • Sabir Rüstəmxanlıya Türkiyədə “YAŞAYAN DƏDƏ QORQUD MÜKAFATI” verilib

    Türk Ədəbiyyat Fondu bu il üçüncü dəfə təqdim olunan “YAŞAYAN DƏDƏ QORQUD MÜKAFATI”-na, Direktorlar Şurasının qərarına əsasən, ömrü boyu Türk mədəniyyətinə xidmət edən, Sovetlər Birliyi dövründə rejimin bütün təzyiqlərinə baxmayaraq, əsərləri ilə milli ruhu canlandıran, milli köklərə söykənən şeirləri ilə Sovetləşməyə çalışan yeni nəsillərə türk kimliyini aşılayan, Azərbaycanın Azadlıq Meydanında xalqı müstəqilliyə aparan yürüş və Meydan hərəkatının liderlərindən biri, Azərbaycanlı şair – yazıçı SABİR RÜSTƏMXANLI layiq görülüb. SABİR RÜSTƏMXANLI “Azərbaycanın müstəqillik qərarını kim imzaladı” “Bilmək istəsən”, “Xəbərlərə baxıram”, “Gəncə qapısı”, “Təşəkkür edirəm, ana dilim”, “Qan varisi”, “Zaman məni keçir”, “Dürüstlük”, “Narahat”, “Cavad Xan”, “Orxonla görüş “, “Bu Sənin Xalqın”, “Atamın Ruhu”, “Hatayî Yurdu”, “Göy Tanrı”, “Ölüm Zirvəsi”, “Difai Fedaileri”, “Mehemmed Hadi”, “Akademikin son əsəri” kimi şeir, esse və roman müəllifidir.

  • Sabir Rüstəmxanlı: Ermənilər müqaviləni pozsa savaş davam edəcək

    Qələbə bəyanatını düşmən tərəf Ermənistan rəhbərliyi yox, Rusiya prezidenti Vladimir Putin imzaladı.

    Eyni zamanda Ermənistanda xaos var, xalq məğlubiyyətlə barışmır, müqavilənin ləğvi çağırışları edilir. Bu 45 günlük müharibə dövründə ermənilərin atəşkəsi 3 dəfə dərhal pozmalarının şahidi olduğumuza görə, sülh bəyanatını da pozmaq ehtimalları güclüdür. Bəs qarşı tərəf sülh istəməsə nə olacaq?

    Bizimyol.info-nun sualını cavablandıran millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı bildirdi ki, ermənilər atəş açarsa, savaş yenidən başlaya bilər.

    Rus qoşunlarının Qarabağda sülhməramlı qismində yerləşdirilməsini şərh edən deputat bildirdi ki, torpaqlarımızın böyük bir qismi azad edildiyinə görə, bu tam qələbə sayıla bilər.

    İlhamə

    BizimYol

  • Sabir Rüstəmxanlı beynəlxalq ödülə layiq görüldü

    Türk Ədəbiyyatı Fondu tərəfindən təsis olunan 2020-ci ilin ödüllərinin təqdimat mərasimi keçirilib.


    Yenicag.az  xəbər verir ki, mükafatlandırılanlar sırasında xalq şairi Sabir Rüstəmxanlı da var.

    Mükafatlar sahiblərinə Fondun rəhbəri Serhat Kabaklı tərəfindən təqdim olunub. Sabir Rüstəmxanlı nüfuzlu beynəlxalq ödülə türk mədəniyyətinə göstərdiyi xidmətlərinə, milli ruh və düşüncəsinə, eləcə də Azərbaycan və türk dünyasında məşhur olan əsərlərinə görə layiq görülüb.

  • VHP-çi gənclər özlərinə yeni sədr seçdilər

    Dünən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Gənclər Təşkilatının növbədənkənar onlayn konfransı keçirilib. Konfransda təşkilati məsələlərə baxıb. Təşkilatın sədr əvəzi Xantural Şərəfxanlının ötən müddət ərzində fəaliyyət barədə hesabatı dinlənilib.

    NTK sədrinin də hesabatı dinlənildikdən sonra təşkilati məsələlərin müzakirəsi keçirilib. Təşkilatın 9 nəfərdən ibarət məclisi və 3 nəfərlik təftiş qrupu seçilib.
    Sonda açıq səsvermə nəticəsində Yusif Xantemir Gənclər Təşkilatının sədri seçilib.

  • Sabir Rüstəmxanlı: “Millətimizin ruhuna toxunmuşdular, onun cavabı verilməli idi”

    “Azərbaycan ordusu Ermənistanın hay-küylü, guya möhtəşəm, əyilməz olan ordusunu bir neçə günə əydi, ayaq altına saldı”.
    Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı böyük vətən savaşı, ordumuzun qələbələri, Türkiyənin dəstəyi, digər türk dövlətlərinin bu məsələdəki mövqeyi və sair məqamlarla bağlı Musavat.com-a müsahibə verib.
    – Sabir bəy, son bir neçə əsrdə ilk dəfə Azərbaycanın itirdiyi torpaqları qaytardığı deyilir…
    – Son 200 ildə ilk dəfə verdiyimiz torpağı geri qaytarırıq fikri tamamilə yanlışdır və tarixə ziddir. 1918-ci ildə, yəni Cümhuriyyətimiz dövründə biz həmin torpaqları işğaldan azad etmişdik. O zaman Soltan bəy ordunun komandanı təyin olunmuşdu, eyni zamanda Nuru paşanın komandanlığındakı ordunun köməkliyi ilə Qarabağ torpaqlarının tamamilə erməni quldurlarından təmizləmişdik. Hətta Andranik də o zaman qaçıb İrandan keçərək getmişdi. Yəni, bu ilk dəfə deyil. Qarabağı o vaxt da ermənilərdən təmizləmişdik.
    – Artıq xalqımız qələbə əhval-ruhiyyəsindədir, insanlar müharibənin taleyinin əsasən həll edildiyini düşünür. Həqiqətən də belədirmi, siz necə düşünürsünüz?
    – Bəli, müharobənin taleyi artıq görünür. Həm Ermənistanın, həm Azərbaycanın mətbuatında, həm iki ölkə rəhbərliyinin məsələyə münasibətində, həm ordumuzun bizə bəxş etdiyi qələbə sevinclərindən, ən çətin istehkamları yarıb keçməsindən- hamısından görünən odur ki, Azərbaycan bu savaşı udur. Belə də olmalı idi. Çünki Azərbaycan prezidentinin də dediyi kimi biz haqq savaşındayıq. Öz torpaqlarımızın azadlığı uğrunda vuruşuruq. O torpaqlar ermənilərə aid deyil, onların haqq etmədiyi torpaqlardır. Ona görə də daşı daş üstə qoymayıblar, bütün şəhərləri, kəndləri məhv ediblər, vəhşicəsinə dağıdıblar. Dünyanın heç bir savaşında bu baş verməyib. Ermənilər sanki torpaqdan, daşdan, divardan qisas alıblar. Nəyin qisasın alıblar, bəlli deyil. Həm də guya o torpaqlarda məskunlaşmaq, dünyanın müxtəlif ölkələrindən gətirilmiş insanları orada yerləşdirmək istəyirlər. Əgər belə bir niyyətləri varsa, niyə dağıdırdılar, məhv edirdilər? Niyə bizim tarixi abidələrimizi, qəbiristanlıqlarımız, məscidlərimizi vəhşicəsinə dağıdırlar? Nə birinci, nə də ikinci dünya savaşında belə vəhşilik olmayıb, tarixə toxunmayıblar. Ona görə də bu, həm erməni xislətini göstərir. Həm də nə qədər dünyaya hay-küy salsalar da, burada müvəqqəti olduqlarını göstərir. Bilirlər ki, günün birində bu torpaqlardan rədd olub gedəcəklər. Bu savaşda artıq son dərəcə strateji yerlər alınıb, bütün İran boyu bizim rayonlarımız təmizlənib. Bu bölgələr çox mürəkkəbdir, bir tərəfdə sərhəd , digər tərəfdə isə dağlar, yüksəkliklərdir. O yüksəkliklər də ermənilərin əlində idi və istənilən vaxt bizim ordumuzu atəşə tuta bilirdilər.
    Laçına doğru Həkəri çayı boyunca qalxan vadi də asan yer deyil. Hər tərəfdə dağlardır, bir tərəfdə Ermənistan sərhədi, bir tərəfdə isə Dağlıq Qarabağın yüksəklikləri. Buna baxmayaraq , ordumuz gedir, hamısının üstündən adlayıb keçir və dünyada indiyə kimi tayı-bərabəri olmayan bir savaş aparır. Bir dənə mülki obyektə toxunmur, bir nəfər mülki insana atəş açılmır. Hər hansı yüngül dağıntı varsa da, o Gəncə hadisəsindən sonra olub. Ən böyük rəzalət isə odur ki, ermənilər özlərinin atdığı raketlə Gəncədə dağılan binanın şəklini dünyaya göstərib yazırlar ki, guya bizim ordumuzun Xankəndində törətdiyi qırğınlardır. Ən xırda şeydən yalan və riyakarlıqla istifadə edirlər, bu onların xislətidir.
    Müharibədə humanizm göstərmək çətindir, ağırdır. Ancaq buna baxmayaraq, bir tərəfdə Azərbaycan yüksək mənəviyyatı ilə, yüksək ruhu ilə, insan sevgisi ilə, mülki əhalinin yaşadığı evlərə toxunmadan, ancaq hərbi obyektləri dağıda-dağıda, Azərbaycana qarşı ölüm saçan o mənbələri yox edərək, tarixi torpaqlarımızı azad edirlər. Aldığımız yerlər hamısı bizim öz torpaqlarımızdır. Biz Ermənistana girmirik və orada gözümüz yoxdur. Hərçənd ki, Ermənistan torpaqlarının da hamısı qədim Göyçə və Zəngəzur mahallarıdır, bundan o yana isə İrəvan xanlığının torpaqlarıdır. Buna baxmayaraq, artıq o ərazilər indi Ermənistanın beynəlxalq aləmdə tanınmış sərhədləridir. Bizim oraya iddiamız yoxdur. Biz sadəcə öz torpaqlarımızı azad edirik, bu bizim haqqımızdır. 30 il gözləmişik. Nə BMT-nin qətnamələri, nə ATƏT-in vasitəçiliyi, nə Avropa parlamentinin qərarı- heç biri rol oynamayıb, ermənilərə təsir etməyib, onlar iddialarından əl çəkməyiblər. Əksinə, yeni torpaqlar üstündə döyüşə hazırlaşıblar. Bu torpaqlarımız hələ onlara azlıq edirdi. Dağlıq Qarabağla yanaşı əlavə 7 rayonu da onlar öz xəritələrinə salmışdılar. Şuşada – qədim şəhərimizdə bizim millətimizin ruhuna toxunmuşdular, onun cavabı verilməli idi. Bu gün də Azərbaycan ordusu o cavabı verir.
    – Güneyli soydaşlarımızdan da çox böyük dəstək var, 50 milyon azərbaycanlının qəlbi Qarabağla döyünür. Xudafərin körpüsünün azad olunması bu əlaqələrdə nə kimi rol oynayacaq?
    – İranın rəsmi siyasəti nə olursa, olsun, Güney Azərbaycan bizim yanımızdadır. Artıq İranın siyasəti də yavaş-yavaş bizim xeyrimizə dəyişir. Güneylilər bizim qanımızdan olan insanlardır, qohum, qardaş, əmioğlu, dayıoğludurlar. Başqa cür mümkün də deyil. Güney orada yanırdı ki, niyə bu körpünün o yanında erməni dayanır. Nəhayət, o yanğıya son qoyuldu. O körpü o tayla bu tayı bağlayan, bizi birləşdirən körpü idi. Bizi düşmənlə bağlayan körpü deyildi. Xudafərinin azadlığı simvolik bir hadisə idi. O körpünün qayıtması ilə bizim böyük tariximizlə, qəhrəmanlıq ənənələrimizlə bu günümüz arasında bütün körpülər bərpa olundu.
    – “Böyük qayıdış”la bağlı gözləntiləriniz nədir?
    – Mən əminəm ki, insanlarımız o torpaqlara qayıdacaqlar. Ən azı milyon yarım insandan söhbət gedir. O yerləri görən insanlar bilir ki, necə bərəkətli torpaqlardır, suyu bol, havası gözəl. Dünyanın, eləcə də Azərbaycanın hər yerində torpağın qiyməti gündən-günə bahalaşır. Bu torpaqlara xarici sərmayədarlar da gələcəklər. Orada əvvəlkindən daha abad, daha gözəl şəhərlərimiz, kəndlərimiz tikiləcək. Qarabağlılardan da əlavə, küll halında əvvəlkindən daha artıq kütlə qayıdacaq. Biz də gedib orada şəhər və kəndlərimizi abadlaşdırıb, daha möhtəşəm bir hala qaytaracağıq.
    – Sabir bəy, Türkiyə istisna olmaqla, digər türkdilli dövlətlərdən biz niyə lazımi dəstəyi görmədik. Turan birliyi niyə Qarabağ məsələsində bir ola bilmədi?
    – Türk Şurası Azərbaycanı dəstəkləyir. Ancaq kənar dövlətlər bəlkə də kifayət qədər məlumatlı deyillər. Yaxud da tərəddüd edirlər, çətinlikləri var. Ancaq bütövlükdə türk dünyası Azərbaycanın tərəfindədir. Turan məsələsini rus mediası xeyli şişirdir. Guya qələbənin sabahı günü Turan quracağıq. Turan onsuz da mövcuddur, Turan yenidən qurulmur ki… Avrasiya başdan-başa türk xalqlarının torpaqlarıdır və orada türk xalqları yaşayır. Ötən əsrdə Stalinin qərarı ilə türk xalqlarını parçaladılar, süni surətdə elə böldülər ki, xalqlar arasında narazılıq, soyuqluq yaransın. Ancaq hər halda türk dünyası yerindədir. Azərbaycanın həyata keçirdiyi eneji layihələri türk dünyasının təhlükəsizliyi üçün bir təminatdır.
    Türkiyə ilə bizim münasibətlərimizə gəlincə, bu da təzə deyil. Ermənilər dünyaya belə təqdim etməyə çalışırlar ki, guya Türkiyədən gəlib bizim əvəzimizə vuruşurlar. Türkiyə ilə Azərbaycan birgə hərbi təlimlər keçirib, necə ki, Ermənistan ordusu da Rusiya ordusu ilə və təhlükəsizlik müqaviləsinə qol çəkən ölkələrlə birgə təlimlər keçir. Bu gün dünyada NATO hərbi təlimlər keçirir. Başqa ölkələr təlim keçir. Bu qəbul olunmuş bir haldır. Bu o demək deyil ki, bu savaşda bizim əvəzimizdə türkiyəlilər vuruşur. Türkiyə bizə mənəvi dəstək verir. Türkiyədən də, İsraildən də silah alırıq. Ermənilər Rusiyadan da, İrandan da, Serbiyadan da, hətta balaca ölkə olan Sloveniyadan da silah alırlar. Dünyanın bir çox ölkələri silah alverinə ciddi bir qazanc mənbəyi kimi baxırlar. Azərbaycan ordusu Ermənistanın hay-küylü, guya möhtəşəm, əyilməz olan ordusunu bir neçə günə əydi, ayaq altına saldı. Göstərdi ki, Azərbaycanın döyüş taktikası və silahları Ermənistandan qat-qat güclüdür. Ona görə də silah-sursatlarını qoyub qaçırlar. Azərbaycan -Türkiyə münasibətləri qardaşlıq münasibətləridir, bir millətin 10 milyonu burada, 85 milyonu orada yaşayır.
    – Ermənistan Azərbaycana bu iddia ilə çıxış etsə də, özü xaricdən terrorçuları gətirib muzdlu döyüşçü adı ilə Dağlıq Qarabağa yığır…
    -Bəli, Sərkisyanın belə bir açıqlaması var ki, ermənilər dünyanın hər yerindən gəlib Qarabağda savaşa bilərlər. Hərçənd ki, onlar ermənini gətirmirlər, terroristləri gətirirlər. Onlar savaş meydanında ölür, humanitar atəşkəs elan olunanda biz gözləyirik ki, onlar gəlib meyitləri götürsünlər. Ancaq ermənilər meyitlərini götürmürlər. O qədər meyit Ermənistana getsə, o ölkədə yer yerindən oynayar. Görərlər ki, orada nə qədər insan itiriblər. Onların çoxu muzdlu əsgərlərdir, heç bilinmir ki, haraya göndərəcək, harda dəfn edəcək.
    Erməni məntiqi ilə dünya azərbaycanlılarını götürsək, bizim də Güneydə 35 milyon soydaşımız yaşayır, Gürcüstanda yaşayanlar var, Türkiyənin doğusunda, İğdır, Qars tərəfdə 3 milyona yaxın Azərbaycan türkü var. İraqın və Suriyanın quzeyi tər-təmiz bizim millətdir, biz də oradan gətirə bilərik. Ancaq gələn yoxdur. Errməni məntiqi ilə yanaşsaq dünyanın harasında azərbaycanlı varsa, gəlib bizə kömək edə bilər. Ancaq Azərbaycan o köməyi istəmir, ölkədə səfərbərlik də tam deyil, qismən həyata keçirilib, bu bizə bəs edir.
    – Hazırda əhalidə ən böyük qorxu beynəlxalq güclərin təsiri ilə müharibənin yarıda qalması, status-kvo məsələsinin gündəmə gəlməsi ilə bağlıdır. Ancaq dövlət başçısının iradəsi, xalqa müraciəti, savaşın gedişatı bunu istisna edir. Siz proseslərin gedişatını necə görürsünüz, belə ehtimal varmı?
    – Ehtimal var, ancaq onun gerçəkləşməsinə Ermənistanın ağılsız rəhbəri Paşinyan özü mane olur. Humanitar atəşkəs elan olunandan bir neçə dəqiqə sonra Gəncədə atəşkəsi pozdular, ikinci dəfə yenə də elə oldu. İddiaları böyükdür. Guya əldən verdikləri torpaqlarımızı yenidən özlərinə qaytaracaqlar. Ona görə irəli atılırlar, nə qədər də itki verib geri qayıdırlar. İndi xarici işlər nazirləri Amerikaya gedə bilərlər. Amerika burada Rusiyanın irəli çıxmasını, təşəbbüskarlığını qəbul edə bilmir. Bu meydanda biz də varıq demək istəyir. Həm də prezident seçkiləri ərəfəsində problem yaranmasın deyə çağırırlar. Ancaq sülh çağırışları olsa da, Azərbaycan tərəfi prezidentimizin şərtlərini deyəcək, işğalçı ordu öz ölkəsinə rədd olub getsin, biz də savaşı dayandırıq. Biz dayandırsaq belə, Ermənistan rəhbərliyi dayandırmayacaq. Ona görə də mən o görüşlərin perspektivinə inanmıram.
    – Çağırışlar necə olsa da, adətən sonda, hamı güclünün və qalibin yanında olur, bu dəfə belə olacaqmı?
    – İllər uzunu bəlkə də dünya Azərbaycan sözünü bu qədər eşitməmişdi. Azərbaycanın öz torpaqlarından erməniləri qovduğunu, bu torpaqların bizə məxsus olmasını, erməni terrorçuları tərəfindən işğal olunduğunu, bu barədə aydın bir mövqenin səsləndirilməsini eşitməmişdi. Hər kəs bilir ki, yalnız erməni quldurları çıxdıqdan sonra danışıqlara gedilə bilər, indiki halda heç bir danışıqdan söhbət gedə bilməz. Azərbaycanın humanist mövqeyini göstərən məsələlər var. Bu gün Ermənistanda, Dağlıq Qarabağda 1 nəfər də olsun azərbaycanlı qalmayıb. Bir dənə salamat ev, məscid qalmayıb. Bu gün ölkəmizdə 30 min erməni yaşayır, erməni kilsəsi var. Ölkə başçısı dəfələrlə deyib ki, dinc ermənilərin yaşaması üçün problem yoxdur, biz işğalçı ermənilərin torpaqlarımızdan çıxmasını istəyirik. Dünya kar və ya kor deyil ki, bunları görür. Azərbaycanın bu mövqeyinin haqlı olmasını dünyada daha çox görürlər, dərk edirlər. Bu mənada bizi dəstəkləyənlərin sayı da gündən-günə artacaq.
  • Rusiya xofu ! – “Bu “sindrom” beyinlərdən silinməlidir!”- Qırın, bu zənciri !

    “Rusiya vahiməsini yayanlar və Rusiyanın hərbi əməliyyatlara müdaxiləsindən qorxanlar çox yanlış düşünürlər”
    “Moskva heç bir halda Azərbaycanın işinə qarışa bilməz. Azərbaycan Ermənistan ərazisində hərbi əməliyyatlar keçirsəydi, Rusiya o zaman məsələyə müdaxilə edə bilərdi”
    Rusiyanın vasitəçiliyi ilə Moskvada əldə olunan humanitar atəşkəsin ilk anından etibarən bu dövlətin sülh tərəfdaşı olmadığı  əsaslı şəkildə təsdiqini tapdı. Dağlıq Qarabağ münaqişəsində guya  vasitəçi qismində çıxış edən Rusiya əksinə hər zaman proseslərin gedişinə mane olub. Aydın məsələdir ki, məqsəd bütün dünyaya hegemon dövlət olduğunu sübut etməkdir. Cəmiyyətimizdə də bu “hegemonluq”dan təsirlənib xoflananlar da az deyil. Müxtəlif illərdə Azərbaycan cəmiyyətində “Rusiya xofu” yaradılıb. Hazırda hərbi əməliyyatların qızğın getdiyi ərəfədə bəziləri müharibənin dayanmasını və atəşkəsin bərpasını istəyir. Səbəb isə aydındır – Rusiya xofu !
    Qeyd edək ki, Azərbaycan-Rusiya arasında diplomatik əlaqələr hələ 1992-ci il aprelin 4-də qurulub. İki ölkə arasında parlamentlərarası və mədəni əlaqələr mövcuddur. Çox güman ki, bu əlaqələr yenə də öz axarı ilə davam edəcək.
    Lakin millət olaraq torpaqlarımızın azadlığı uğrunda Ermənistanla gedən döyüşlər zamanı Rusiya vahiməsini yaratmaq başa düşülən deyil. Rusiyanı gözümüzdə böyüdüb, psixoloji təsirə düşməklə hara qədər gedə bilərik?
    Mövcud durumla əlaqədar “Sherg.az”a danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, Rusiya heç bir halda Azərbaycanın işinə qarışa bilməz. Azərbaycan Ermənistan ərazisində hərbi əməliyyatlar keçirsəydi, Rusiya o zaman məsələyə müdaxilə edə bilərdi:
    “Parlament üzvü vurğulayıb ki, ortada konkret işğal faktı varsa, Rusiya niyə Ermənistanı müdafiə etməlidir? Azərbaycan bu işğalın nəticəsini aradan qaldırmaq üçün çalışır və öz torpaqlarını azad etmək istəyir.
    Cəmiyyətimizdə Rusiya xofu var deyə gəlib millətimizi məhv etməlidirlər? Rusiya vahiməsini yayanlar və Rusiyanın hərbi əməliyyatlara müdaxiləsindən qorxanlar çox yanlış düşünürlər. Məlumdur ki, Rusiyada vəzifə sahibi olan ermənilər çoxdur. Onlar Rusiyanın dövlət siyasətindən kənar, gizlin şəkildə Ermənistana silah ötürürlər.
    Bu gün dünyada bir tərəfdən NATO üzvü olan Türkiyə və digər tərəfdən Rusiya kimi dövlət var. NATO ilə Rusiya üz-üzə gələ bilər, lakin Türkiyə sona qədər Azərbaycanın yanında olacağını iddia edir”.
    S.Rüstəmxanlı qeyd edib ki, cəmiyyətimizdə “Rusiya xofu” hələ sovet dövründən mövcud olub:
    “Rusiya ilə Azərbaycanın son 30 ildə apardığı siyasətdə strateji əməkdaşlıq, sakit qonşuluq, dövlət başçılarının bir-birinə münasibəti, hətta enerji məsələsində yolların ayrılması belə münasibətlərə ziyan gətirməyib. Azərbaycanda rus dili və məktəblərinə qadağa yoxdur. Bu, onu göstərir ki, Rusiya xofuna, Rusiya vahiməsinə ehtiyac yoxdur. Rəsmi Moskva da qonşuları ilə daimi savaşda olmağa maraqlı deyil. Ona görə də Rusiya haqqında vahiməli düşüncə yaratmaq yersizdir.
    Çünki bu ölkə əvvəlki kimi çar, bolşevik və imperialist Rusiya deyil. Avropa dəyərlərinə yaxınlaşan normal bir dövlətdir və bu gün buraxdığı səhvləri aradan qaldırmağa çalışır. Belə bir vəziyyətdə millətimizdəki Rusiya xofu mənasızdır. Bu xofu beynimizdən silmək lazımdır”.

  • Sabir Rüstəmxanlı ABŞ diplomatı ilə görüşdü

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bu gün VHP qərargahında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinin müşaviri Piter Kaufman ilə görüşüb. Görüşdə Azərbaycan-Ermənistan münaqişəsi, cəbhədəki vəziyyət və regiondakı geopolitik durum müzakirə olunub. P. Kavfman ATƏT-in Minsk qrupunun üzvü olan rəsmi Vaşinqtonun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirmişdir. S.Rüstəmxanlı ABŞ-lı diplomata Qarabağ münaqişəsinin tarixi, Azərbaycan torpaqlarının işğalı və 30 il müddətində sülh danışıqlarının səmərəsizliyi haqda məlumat verərək Azərbaycan xalqının belə bir durumla barışmadığını bildirmişdir. Cənab Piter Kaufman görüşdən məmmunluğunu bildirərək, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və ABŞ-Azərbaycan münasibətlərinin bundan sonra da inkişaf edəcəyindən əminliyini ifadə etmişdir.

  • Sabir Rüstəmxanlı: “Elə bil, ilham pərisi də karantində idi…” (MÜSAHİBƏ)

    Ordumuzun Qarabağda başlayan anti-terror əməliyyatından qabaq xalq şairi, millət vəkili Sabir Rüstəmxanlıdan aldığımız müsahibəni döyüşlər səbəbiylə bir az ləngitsək də, əldə etdiyimiz qələbələrimizdən sonra dərc etməyimizdə yəqin ki, bir zərər olmaz. Müsahibədə Sabir bəy deyir:

    “Hər tərəfdən dəstəklənən düşmən, bəlli olmayan yerlərdən maliyyələşən layihələr, bizə dəxli olmayan ittihamlar, yalanlar… Hamısı bizi, xalqımızı parçalamaq üçündür. Amma bu millət bunları qəbul etmir. Etməyəcək də. Bu sarıdan nikbinəm”.

    Bugünkü qələbələr də xalq şairinin sözlərini təsdiqləyir, vətən qarşı-qarış işğaldan azad edilir…

     

    Qaynarinfo həmin müsahibəni təqdim edir:

     

    – Sabir bəy, 2020 bir növ bəşəriyyətin həbsiylə başladı. Pandemiya dünyada hökmranlıq etməyə başladı. Fərq qoymadan dövlətlərin, ölkələrin, eləcə də insanların əl-ayağını bir yerə yığdı. Ancaq belə fikirlər də var ki, karantinin mənfi tərəfləri kimi hansısa mənada müsbət tərəfləri də olub.

    – Karantin əlbəttə, çətin bir psixoloji sınaqdır. Bütün dünyada insanların əl-ayağını yığışdırdı. Hamıya mənfi təsiri oldu. O cümlədən mənə də. Məsələn, səfərlərin qarşısı alındı, müəyyən işlər dayandı, edə bilmədik. Müsbət cəhəti elə də çox deyil. Ən azından mənim üçün olmadı. Amma nə etmək olar? Məcburuq bu dönəmi adlamağa… Sadəcə, dediyim kimi, bu qədər uzun sürməsi ilə insanlarda psixoloji gərginlik yaratdı, işlərimiz də müəyyən qədər pozuldu. Problem çoxdur. Nə qədər desən danışmaq olar. Virusun özünü də əvvəldən ciddi qəbul etmədik, inanmadıq, ancaq öz yaxınlarımız tutanda hiss elədik ki, bu, həqiqətən də var. Həm insanlar tərəfindən, həm də qaydaları tətbiq edənlər tərəfindən uyğunsuzluq, boşluq oldu. Məsələn, təbiətlə təmas, insanların rayonlara getməsi məhdudlaşdırılmamalı idi. Kimin ağlına gələrdi ki, bu virus bütün dünyanı cənginə alacaq? Ümid edirəm, indən belə hər şey yaxşı olacaq.

     

    – Yaradıcılıq həyatınızda faydası oldumu? Yazdığınız hər hansısa bir əsər varmı, istər pandemiya ilə bağlı, istərsə də ümumi.

    – Publisistik yazılar yazdım, ancaq karantinlə və xəstəliklə bağlı heç bir bədii əsər yazmadım… Elə bil, ilham pərisi də karantində idi. (Gülür) Yanlız avqustun ortasından sonra nəfəsim açıldı, öz işlərimə, yazılarıma qayıda bildim. İctimai-siyasi məsələlərə, gündəmə münasibət bildirməyimdə fasilə yaranmadı, “Ədəbiyyat qəzeti”ndə “Savaş bitməyib hələ” yazım çıxdı, məqalələrim dərc edildi. Millət vəkili seçildiyim Neftçala rayonuna dəfələrlə baş çəkdim, maraqlandım, insanlara bacardığım qədər yardım elədim. Amma deyim ki, bunlar karantində də, normal vəziyyətdə də gördüyüm işlərdi. Həmişə heç nəyə baxmayaraq, mövqeyimi ortaya qoymuşam, qoyacam da. Digər məsələlər məni elə də maraqlandırmır.

     

    Bir şey də deyim. O vaxt Xalq Cəbhəsini qurulurdu. Biz qururduq. Aydın Məmmədov hərdən zarafata deyirdi ki, neynirsən bu təşkilatları? Sən özün ayrıca bir cəbhəsən… İndi, onun sözü olmasın, mən öz yolumu davam etdirirəm. Düşünürəm, özünü ziyalı sayan hər kəsin işi millətinin yolunu aydınlatmaq, işıqlandırmaqdır, haqsızlığa, ədalətsizliyə göz yummamaqdır. Vaxtı ilə biz meydana çıxanda hələ indiki siyasətçilər ortada yox idi. Onda bir şeir yazmışdım:

     

    Neçə yazılmamış şeirlərimi

    Atdım meydanların izdihamına,

    Qatdım millətimin gur ilhamına.

    Bircə söz saxladım, “Azadlıq” sözü

    Dönüb yumruq olmaq öyrətdim ona.

     

    Bəzən deyirlər ki, yazıçının, şairin işi öz ədəbi yaradıcılığıdır, iş yeri masasının arxasıdır. Məncə, bu, düzgün deyil. Məsələn, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”u və digər musiqi əsərlərini yaza-yaza, bütün proseslərin içində olması, mətbuatda ardıcıl çıxış etməsi, milli taleyimizlə bağlı publisist yazılar yazması, sonra Xalq Cümhuriyyətinin “Azərbaycan” qəzetini buraxması, felyetonları və s. onun həm də xarakterindən xəbər verirdi. Hərdən mənə elə gəlir ki, o bunları yazmasa, heç sonradan “Koroğlu”nu da yaza bilməzdi.

     

    – Sabir bəy, son dövlər həmkarlarınızın bəziləri cəmiyyəti qıcıqlandıran açıqlamalar verir. Məsələn, deyirlər, millət vəkili olsaq da, siyasətə qarışmırıq. Necə düşünürsüz, belə olmaq lazımdırmı? Məsələn, Zeynəb Xanlarova dedi ki, 35 ildir millət vəkili olsam da, siyasətdən uzaq dururam.

    – Zeynəb xanım bizim görkəmli sənətkarımızdır, musiqimizi dünyaya yayırdı. MM-də həmişə xalqın mövqeyindən danışmağa çalışırdı. İstəsə də, siyasətdən kənarda qala bilməzdi. Millət vəkili siyasətdən kənar qala bilməz, o, ilk növbədə siyasətçi olmalıdır. Mən heç millət vəkili olmayanda da millətimin sözünü demişəm, milli siyasətdən kənar olmamışam. Zeynəb Xanlarova da həmişə mədəniyyət siyasətimizin təmsilçisi olub. Öz sözü, səsi, sənəti ilə. Həm də, siyasətçi deyiləndə ancaq partiya lideri nəzərdə tutulmur ki. Fərqli sahələr var. Xalq səni öz vəkili seçibsə, sən 5 il siyasətlə məşğul olacaqsan, olmalısan.

     

    – Bir müsahibənizdə demisiniz ki, qəhrəman olmaq bütün dövrlər üçün çətindir. Sizcə, bunu indiki dövrə aid etmək olarmı? Bəlkə yanılmısınız sözünüzdə? Məsələn, indi ən vicdansız adam da hər hansısa bir siyasi çıxışı ilə xalqın qəhrəmanı ola bilir, hətta olur da…

    – Bizdə bəzən cəsarətlə qəhrəmanlığı səhv salırlar. Ola bilər ki, sən çıxıb 5 nəfərin içində onların deyə bilmədiyi bir sözü deyərsən. Bu, qəhrəmanlıq deyil. Cəsarət ola bilər ancaq. Yəni, bunları səhv salmaq olmaz. Cəsarət ritorika, danışıqdırsa, qəhrəmanlıq daha çox əməldir, ölümü, sonucu düşünmədən atılan addım, ehkamları, qorxu çərçivələrini qırıb-tökən fırtınadır. Məsələn, 1988-ci ildə SSRİ-nin qılıncının dalı-qabağı kəsən vaxta xalqın meydana çıxması, 18 gün orda baş verənlər qəhrəmanlıq idi və mən o qəhrəmanlıq dramının baş qahrəmanı idim. Çünki ölümün üstünə gedirdik, Cavidin, Müşfiqin taleyini qəbul edərək, boynumuza kəfən taxaraq danışırdıq… SSRİ dağılmasa, zirzəmilərdə çürüyəcəkdik… “Bu kürsüdən düşən kimi tutub aparacaqlar” düşüncəsini boğub, bir imperiyanı mühakimə etmək, xalqın on illər boyu fikrindən belə keçirməyə qorxduğu həqiqətləri dilə gətirmək əsl qəhrəmanlıq idi. 18 gün meydanı Nemətlə birgə idarə etmişdik. Sonra gördülər bizə bir şey olmadı, hamı kürsüyə can atdı. Buna biz yol açmışdıq, cığır salmışdıq. Yaxud, 43 nəfər Azərbaycanın müstəqilliyinə səs vermişdik… Bu adamlar təbii ki, qəhrəmandırlar. Amma bu gün ortaya yalançı qəhrəmanlar atılır.

    Bir şey də var. Həmin qəhrəman xalq hələ ki məğlub durumdadır. Əsas bunu unutmaq lazım deyil. Torpaqlarımız işğal altındadır. Bu millət təbiət etibarı ilə qəhrəmandır. Bizi tarixən nə qədər sıxdılar. Hərə bir tərəfdən üstümüzə gəldi, böldülər, nələr oldu, nələr. Amma xalq ayaq üstə qala bildi. Zehnini dəyişsələr belə, bu millət ayaqdadır. Bu, elə-belə iş deyil. Qəhrəmalıq ruhu ölməyib. İndi də bu oyunlar gedir. Hər tərəfdən dəstəklənən düşmən, bəlli olmayan yerlərdən maliyyələşən layihələr, bizə dəxli olmayan ittihamlar, yalanlar… Hamısı bizi, xalqımızı parçalamaq üçündür. Amma bu millət bunları qəbul etmir. Etməyəcək də. Bu sarıdan nikbinəm.

    – Sabir bəy, ən başından bəri fəaliyyətiniz hər kəsə məlumdur. Uzun illərdir ki, millət vəkilisiniz, müəyyən dairələrdə çalışmısınız. Mənə maraqlıdır, nə vaxtsa olubmu bezəsiniz? Bir yaradıcı adam kimi uzun illər rəsmiyyətçilik, qalstuk həyatı sizi narahat edibmi?

    – Vəzifədən, millət vəkilliyindən asılı olmayaraq, daxilən azad adamam. Ümumiyyətlə, insan azad olmalıdır, xüsusilə də yaradıcı adam. Bunun üçün bir neçə amil var. Təbii ki, hamı belə ola bilmir. Ziyalılıq, yazıçılıq bir az da iqtisadi təminatdan asılıdır. Bir idarədə 300 manata işləyən yazıçı-şair təbii ki, tam azad ola bilməyəcək. Maddı asılılıqdan azad olmalısan ki, sözünü sərbəst deyə biləsən. Buna görə də bu gün dünyanın hər yerində qələm sahibləri, cəmiyyətin barometri sayılan adamlar qorxu içində yaşayırlar… Mən ən gənc yaşlarımdan belə olmuşam, fikrimi çəkinmədən, cəsarətlə deməyə öyrəşmişəm, həmişə də azad olmuşam. Elə indi də.

     

    – Həm də xalq şairisiniz. Bəs, bu adlar bizə lazımdırmı? Xalq yazıçısı, xalq şairi… Düşünürmüsünüz ki, artıq bu adlar yığışdırılmalıdır? Onsuz da insanlar tərəfindən sevilən yaradıcı adamları xalq özü belə adlandırır, dəyərləndirir, ziyalı bilir. Məsələn, bir vaxtlar Ramiz Rövşən haqqında hamı belə deyirdi. Amma nədənsə, xalq şairi olandan sonra ona olan münasibət də qismən dəyişdi…

    – Sənin onunla bağlı bir yazın var idi, qarşıma çıxmışdı, oxumuşdum. Amma mövqeyin yanlış idi. Yazmışdın, o adı alana qədər müəyyən proseslər olur. Mən də almışam o adı. Heç bir öhdəlik götürməmişəm, mövqe dəyişməmişəm. Xəbərim olmayıb heç. İndi kimsə hakimiyyətin yanındadırsa, imtiyazlar əldə edirsə, bu, o demək deyil ki, buna görə ad alır. Ramiz Rövşən də o ada layiqdir, Musa Yaqub da. İstəyərdim xaricdə yaşayan Məmməd İsmayıla da verilsin bu ad.

     

    – Bir şair kimi, yazıçı kimi AYB-nin fəaliyyətinə münasibətiniz necədir? Sizcə, bu qurum ədəbiyyatımızı yetərincə təmsil edirmi? Yoxsa boşluqlar çoxdu? Ümumiyyətlə, Yazıçılar Birliyi olmasa, Azərbaycan ədəbiyyatı nəsə itirərmi?

    – Anar haqqında da, AYB haqqında da danışmaq mənim üçün çətindir. Anar mənim dostumdur, xətrini çox istəyirəm. Neçə ildir yanaşı yol gəlirik. Ən əsası ədəbiyyatımızı Azərbaycandan da kənarda ləyaqətlə təmsil edən söz ustası və dəyərli ziyalıdır. Mən Anarı yaxşı başa düşürəm. Anar yazıçı kimi də, dramaturq kimi də, hətta araşdırmaçı kimi də böyük adamdır. Dədə Qorqud araşdırmaları onun hərtərəfli və böyük istedadının göstəricisidir. Anarın AYB ilə bağlı arzuları, istəkləri var. Ədəbiyyat adına işlər görür. Anar kimin əlindən tutub deyir ki, yazma? Doğurdanmı Anar getsə, hamı dünya səviyyəli əsər yazacaq? Və yaxud AYB ləğv olunsa nə olacaq? Anar indi səbəbi bilinməyən bir mövzuya çevrilib. Yaxında qurultay olacaq. Yəqin ki, gedər. O, özü də yazmışdı ki, ədəbiyyat üçün etmək istədiyim şeylər var. Onları edim, gedəcəm. Məncə, AYB-nin sorunu Anar deyil, ondan xəbərsiz nələrsə edənlərdir. Məsələn, problemin biri ora elə kim gəldi, qəbul olunmasıdır. İki mindən çox üzvü var. Bu qədər yazarımız var? Təsəvvür edin, AYB yoxdur. Anar bütün hallarda ədəbiyyat üçün böyük işlər görüb. Düşünürəm, bunu zamanla hamı görəcək. Təbii ki artıq yaşlanıb, həm də yəqin yazacaqları da var. Müvafiq bir qərar qəbul edər. Hazırda yaradıcı ittifaqların qorunması Azərbaycanın uğurudur. İstər AYB olsun, istər Bəstəkarlıq Birliyi və.s. Bu qurumların hesabına ədəbi proses, yaradıcılıq işləri oxuculara çatdırılır, ədəbi qəzet və dərgilər çıxır. Bunlar məhz Birliyin hesabına yaşayır. Mən özüm həmişə onları oxuyuram, yeni yazılar, imzalar da görürəm. Bəlkə də başqa ölkələrdə bu mətbuat orqanları özünü maliyyələşdirə, müstəqil çıxa bilər, bizdə dövlət dəstəyi olmasa, bu, mümkün deyil…

     

    – Qurucusu olduğunuz Vətəndaş Həmrəyliyi Partiyasının 28 yaşını qeyd etdiniz. Uzun ömürlü partiyadır və arzu edirik ki, belə də olsun. Necə düşünürsünüz, partiya olaraq qarşıya qoyduğunuz bütün məqsədlərə çatmısınızmı? Təbii ki, işlər göz qabağındadır, amma bu illər ərzində partiya olaraq yarımçıq qalan, etmək istəyib də edə bilmədiyiniz işlər varmı?

    – Təşəkkür edirəm. Bəli, uzun ömürlü partiyadır. Amma təbii ki, hər şeyə nail olmamışıq. Görə bilmədiyimiz çox iş var. Mən o vaxt müharibə olduğuna görə heç bir siyasi partiya yaratmaq istəmirdim. İstəyirdim bir olaq. Amma sonra ortaya başqa partiyalar atıldı, separatçılıq oldu və iş elə gətirdi ki, bu partiyanı qurdum, birlik arzusu ilə yaratdım. Təbii ki, onu da bilirdim, bilirdim ki, bütün insanlar ətrafımıza toplanmayacaqlar. Mən birlik, həmrəylik xəttinin üzərində dayandım.

     

    Bir şey də deyim. Bizim öz yolumuz var, bu yola sadiqik və bu yol, amal uğrunda çalışırıq. 28 ildir ki, vətənimiz, millətimiz üçün işlər görürük və görəcəyik də. 1986-ci ildə Litvaya dəvət eləmişdilər. Qurultaya. Gördüm, orda SSRİ-nin dağılmasından danışırlar. Ondan öncə Polşaya getmişdim. Adam Mitskieviçin tərcüməçisi kimi mənə özəl bir sayqı vardı. Yeri gəlmişkən, deyim ki, onlar da mənə ad verib, Polşanın əməkdar mədəniyyət xadimiyəm. Moskvadan iki yoldaşım da vardı. Ancaq polyaklar rusları danışmağa qoymurdular. Orda Solidarnost Hərəkatı ilə tanış oldum. Həmrəylik hərəkatı idi. Həm o xatirələrlə, həm də Azərbaycanın durumunu görüb yaratdım bu partiyanı. O vaxta kimi bu söz bizim leksikonumuzda yox idi. İndi sevinirəm ki, hamı həmrəylikdən danışır… Bir sözlə, bizim məqsədimiz birlikdir. Millətin birliyi. O vaxt da elə idi, indi də belədir, belə də olacaq.

     

    – Sabir bəy, bu partiya Milli Məclisdə təmsil olunan digər partiyalardan nə ilə fərqlənir?

    – Partiyamızın rəhbərliyində həmişə ziyalılar çoxluq təşkil edib. Bu da bizim parlamentə düşməyimizə kömək olub. Məqsədimiz daim milli birlik olub, görülən işlər birlik uğrunda olub. Düşmənçilikdən, kor-koranə, aşırı radikalizmdən, mənasız ittihamlardan uzaq olmuşuq. Düşünürəm, digər partiyalardan həm də bunlara görə fərqlənirik.

    – Yazıçı olmaq, yoxsa siyasətçi yazıçı?

    – Mən siyasətçi yazıçı deyərdim. Yəni, özüm həm siyasətçiyəm, həm də yazıçı. Düşünmürəm ki, burda uyğun olmayan nəsə var. Mən belə düşünmürəm, siyasətlə ədəbiyyat arasında Çin səddi çəkilməsinin tərəfdarı deyiləm.

    Xalqın ağır günündə, çətin vəziyyətində məhz ilk növbədə yazıçı-şairlər qabağa atılmalıdır. Mən öz adıma deyirəm, daim belə olmuşam və nə etmişəmsə də göz qabağındadır.

    – Hazırda mütaliə edirsinizmi? Bəzi məmurlara sual verdikdə vaxt azlığını bəhanə edirlər. Amma məncə, bu, o qədər də mane olmaz. Təbii ki, oxumaq istəyən adam üçün. Sizdə necədir vəziyyət? Hər gün mütaliə edirsiniz, yoxsa vaxt olduqca?

    – Vaxt məsələsi doğrudur, amma əsas deyil. Özümə gəldikdə isə bəli, hər gün oxuyuram. Vaxt az olsa da, on səhifə də olsa, mütləq oxuyuram. Kitablar daim evdə stolumun, işdə də gördüyün kimi, masamın üzərindədir.

     

    – Hazırda hansı əsəri oxuyursunuz?

    – Son iki-üç ayda oxuduğum kitabları deyim: Nəcib Məhfuz. “Məhəlləmizin hekayələri”, Daron Əcəmoğlu, Ceyms A. Robinson “Millətlər niyə tənəzzül edir”; Ece Günər Toprak “Ölkəm üçün çarə”; Yuval Noah Harari “XXI əsr üçün 21 dərs”; Karl Vaspers “Tarixin mənası və təyinatı”; Qurban Səid “Son peyğəmbər”; Salman Rüşdü “Şərq, Qərb”; Halil İnancık “Osmanlılar və xaçlılar”. İndi Milan Kunderanı oxuyuram. Yəni yalnız bədii əsərlər deyil oxuduqlarım…

    – Gənc yazarları necə, oxuyursunuzmu? Daimi oxuduğunuz, bəyəndiyiniz kimlərinsə adını çəkə bilərsiniz?

    – Hazırda özünün də masamın üzərində gördüyün kitab Şəhriyar Del Geraninindir. Özü gətirib hədiyyə verib. Bəli, oxuyuram. Həm sosial şəbəkələrdə, həm də qəzet və jurnallarda. “Azərbaycan” jurnalında maraqlı imzalar görürəm, “Ulduz” jurnalında da, “Ədəbiyyat” qəzetində də. Kimin kitabı əlimə keçirsə, gözdən keçirirəm. Kitabı da sağ olsunlar, özləri hədiyyə verirlər. Axtarmağa vaxt yoxdur, daha çox hədiyyə verilənləri oxuyuram (gülür).

    Gözlə, öz kitabımdan bir şey göstərəcəm. (Kitabı gətirir). “Gəncliyə biganə yanaşmaq olmaz” adlı yazım var burda. Çoxdan yazılıb. Adlar yazmışam, oxuduğum müəlliflərfir: Salam Sarvan, Aqşin Yenisey, Faiq Balabəyli, Qəşəm Nəcəfzadə, Rasim Qaraca, Kənan Hacı, Pərviz Cəbrayıl, Orxan Fikrətoğlu, Nərmin Kamal, Fəxri Uğurlu, Zahir Əzəmət, Murad Köhnəqala, Sevinc Pərvanə, Fərqanə Mehdiyeva, Kəramət Böyükçöl, Emin Piri, Mina Rəşid, Əlirza Həsrət, Tərlan Əbilov, Mirmehdi Ağaoğlu və.s və ilaxır. Bunların içində sizə görə yaşlıları, mənə görə gənc olanları var. Bəziləri orta yaşlıdır. Adını çəkdiyim və çəkmədiklərim var. Hamısını oxumuşam, bəzilərinin kitabına da ön söz yazmışam. Şahanə Müşfiqin, Aysel Xanlar qızı Səfərlinin kitablarına ön söz yazmışam. İstedadlı gənclər çoxdur, oxumaq lazımdır.

     

    – Bizə 3 ən sevdiyiniz yerli əsər adı deyin.

    – Daimi oxuduğum kitab “Dədə-Qorqud”dur. Mirzə Ələkbər Sabirin “Hoppopnaməsi” də o cümlədən. Mirzə Cəlil də tez-tez müraciət elədiyim müəlliflərdəndir. Sonrakı dövr ədəbiyyatımızdan Mirzə İbrahimovun “Gələcək gün” romanının adını çəkə bilərəm, sevdiyim əsəridir. Sonra Sabir Əhmədli. Dünya ədəbiyyatından da xeyli tez-tez müraciət etdiyim əsərin adını çəkə bilərəm. Ancaq sayı üç kitaba endirmək çətindir.

     

    – Özünüzün ən çox bəyəndiyiniz əsəriniz hansıdır ki, məsələn, iddia edəsiniz: bu əsər dünya səviyyəli əsərdir və bunu hər kəs oxumalıdır?

    – Poeziyada “Qan yaddaşı” və ” Əbədi sevda”, publisistikada “Ömür kitabı”. Bir növ “pasport” kimi. Nəsrdə “Difai Fədailəri” və “Akademikin son əsəri”.

     

    – Özünüzü bir cümlə, bir sözlə ifadə eləsəniz, bu cümlə, söz nə olardı?

    – Bir bənd şeir deyəcəm, yəqin ki, anlaşılacaq.

    “Kainat boydadır hər qum dənəsi

    Suyun hər damlası okean kimi

    Tarix ölçüsündə bir andır ömrün

    Tarixlər ömrümdən keçdi an kimi”.

     

    – Müsahibəni oxuyanlara nə demək istərdiniz?

    – Demək istəyərdim ki, özümüzü sevək, ədəbiyyatımızı sevək, yaşlı və cavan fərq qoymadan öz ədəbiyyatımıza, dilimizə diqqətli olaq. Tarixinə, dilinə sayğı göstərməmək ən böyük mədəniyyətsizlikdir. Hər şey sevgidən başlayır. Özümüzü yenidən kəşf edək. Biz hələ də kəşf olunmamışıq. Nikbin olaq, həmrəy olaq, bir olaq…

    Orxan Saffari

  • “Bu, asan savaş deyil, düşmən 30 illik istehkamlar qurub”

    Sanki Tovuz döyüşləri bugünkü qələbələrimizin carçısı imiş. Bu gün isə cəmiyyətimizdə və ümumilikdə dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq, qəlbi Azərbaycanla döyünən hər kəsdə elə bir ruh yüksəkliyi yaşanır ki, geri çəkilmək kiminsə ağlının ucundan belə, keçmir. Necə deyərlər, ox artıq yaydan çıxıb. Yekdil qərar budur ki, ancaq irəli!

    Ön cəbhədə əsgərlərimizin, arxa cəbhədə xalqın bir məqsədi var – zəfər bayrağını azad olunmuş torpaqlarımıza sancmaq. Bu istiqamətdə AYNA-nın budəfəki həmsöhbəti Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlıdır.

    Sabir müəllim, bu günlərdə cəbhədə baş verənlərlə bağlı aparılan təbliğatı necə qiymətləndirirsiniz?

     

    – 30 illik keçdiyimiz yol elə bir mühit yaradıb ki, bu gün bütün azərbaycanlılar ordumuza dəstəkdir, onun yanındadır. Hamı bir növ təbliğatçıya çevrilib. Ona görə də təkcə KİV-in ümidinə deyilik. Xalq bütövlüklə proseslərə dəstək verir, qoşulur, müdafiə edir. İndi internetdə məhdudiyyət olsa da, lakin mümkün yollarla hər kəs məlumat alır. Təəssüf ki, hazırda Qarabağ məsələsini dünyada gedən proseslərin kontekstində təhlil edib dəyərləndirən ekspertlərimiz o qədər də çox deyil. Amma hər halda, ziyalıların, millət vəkillərinin, qələm əhlinin bu işə canı-könüldən qatılması, televiziya kanallarında aparılan debatlar – bunlar hamısı camaatda ruh yüksəkliyini, döyüş ruhunun necə yüksək olduğunu, eyni zamanda da xalqın birliyini, həmrəyliyini göstərir.

     

    Dünyada gedən erməni təbliğatı var ki, həmişə olduğu kimi, dünyanın gözünə kül fürməyə çalışırlar. Özləri bizim torpaqlarda otura-otura, bizi dünyada işğalçı kimi qələmə verirlər. Guya, Azərbaycan döyüşlərə muzdlu əsgərlər cəlb edib, ermənilərdən mülki əhalini hədəf alır. Halbuki, Ermənistan Dağlıq Qarabağa terrorçuları yığır, muzdlu əsgərlər gətirir, kəndlərimizə bomba yağdırır, dinc əhalini hədəf alır. Təbii ki, bizim bu yalanın qarşısını almağımız üçün Avropada, dünyada sözümüzü deyən ekspertlərimizin, jurnalistlərimizin sayı çox olmalıdır.

    Belə vəziyyətdə necə olmalı, nələrə diqqət etməliyik?

    – Mən istərdim ki, ordu, xalq, millət birliyi, siyasi qüvvələr arasındakı həmrəylik daha da güclü olsun. Bu müharibənin haqq-ədalət savaşı olduğunu heç kəs unutmasın. Heç kəs bu məsələdən siyasi dividend güdməsin. Bu, Azərbaycan dövlətinin siyasi iradəsidir, Azərbaycan ordusunun gücüdür. Bu həqiqət heç vaxt unudulmasın. Bu günlərdə millət, ordu – bizim hər birimiz bir əsgər olmalıyıq. Guman edirəm ki, bu, belədir və belə də davam edəcək.

    Sentyabrın 27-si səhər saatlarından başlanan döyüşlər hələ də davam edir. Çox adam, sanki tələsir, qulağı səsdədir ki, “filan rayonlarımızı düşmən tapdağından azad etdik” xəbərini eşitsin…

     

    – Bu, o qədər də asan savaş deyil, çünki 30 il ərzində ermənilər yüksəkliklərdə istehkamlar qurublar, möhkəmləniblər. Bilirsiniz də, Qarabağ təbii bir qaladır, dağlıq yerdir. Bu baxımdan erməninin möhkəmləndiyi hər bir yeri dağıtmaq, almaq vaxt istəyir və Azərbaycan əsgəri bunu addım-addım, günbəgün edir, bunu nəzərə almalıyıq.

     

    – Bu gün cəmiyyətdə təkliflər səslənir ki, İkinci Qarabağ müharibəsinin şəhidləri üçün xüsusi qəbiristanlıq yaradılsın. Bu təklifə münasibətiniz…

     

    – Hər bir kənd öz şəhidi ilə qürur duyur, övladına sevgisi var. Hər bir ailə də istəyir ki, onun şəhid olmuş övladı əslinin-nəslinin arasında dəfn olunsun. Ona görə də mən hesab edirəm ki, hər şəhidin öz kəndinə, ocağına qayıtması şəhidlik ruhunun da daim uca tutulmasına, yaşadılmasına şərait yaradır. Konkret olaraq Bakıda belə bir qəbiristanlığın yaradılmasını nəzərdə tutursunuzsa, Azərbaycan Bakıdan ibarət deyil. Qeyd edim ki, “20 Yanvar” Bakıda olmuşdu, ona görə də həmin insanlar Bakıda dəfn olunub.

     

    Şəhid xəbərlərindən də qorxmaq lazım deyil. İkinci Dünya müharibəsində əhalinin sayına görə Belarusdan sonra ən çox itki Azərbaycandan olmuşdu. Hər dörd əsgərdən biri qayıtmamışdı. Amma o vaxt heç bu barədə düşünən də yox idi. “Böyük Vətən müharibəsi” adı altında savaşanlar bununla qürur duyurdular. İndi də Vətən savaşıdır və burada təbii ki, itki də olacaq, ev də dağılacaq, çətinliklər də olacaq. Bu, başqa cür mümkün də deyil. Ya gərək biz torpaqlarımızdan əl çəkək, ya da savaşaq. İndi dünya imkan vermir, amma bu, son savaş olmalıdır.

    Müəllif: Aləmdə Nəsib

     

  • Sabir Rüstəmxanlı Neftçala şəhidlərinin ailələrinə və yaralı həbçilərə baş çəkdi

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Neftçala rayonunda olmuş, Qarabağ savaşında bu rayondan şəhid olan döyüşçülərimizin yas mərasimində iştirak etmişdir.

    Millət vəkili bu savaşın milli qürur və şərəf tariximiz olduğunu deyərək şəhidlərin bütün Azərbaycan xalqının övladları və baş ucalığı olduğunu bildirib.
    S.Rüstəmxanlı rayon sakinləri ilə də söhbət etmiş, bu gün bütün xalqın bir yumruq halında bir olduğunu qeyd etmişdir . Rayon sakinləri də hər zaman dövlətin və ordunun arxasında olduğunu dilə gətiriblər.
    Millət vəkili səfər zamanı Salyan rayon mərkəzi xəstəxanasında olmuş, deputat həmkarı Fəzail Ağamalı ilə xəstəxanada müalicə alan yaralı hərbçilərmizə baş çəkmişdir.