Vətəndaş Həmrəyliyi Partiyası

Category: Slayder

  • Sabir Rüstəmxanlı: “Tariximizə laqeyidlik Vətənə xəyanətə bərabərdir”

    Milli mədəniyyətimizin, milli irsimizin qorunması sahəsində rəsmi qrumların və vətəndaşlarımızın biganəliyi, mövcud problemlər dəfələrlə tənqid olunub. Ziyalılar, ictimai xadımlər bu istiqamətdə çatışmazlıqlardan dəfələrlə söz açıblar, həyəcan siqnalı çalıblar.

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, Millət vəkili Sabir Rüstəmxanlı mövzu ilə bağlı deyib ki, mədəniyyətin təbliği və mədəni abidələrinin qorunmasının indiki səviyyəsindən razı deyil: “Mədəniyyət sahəsinin acınacaqlı duruma düşdüyünü etiraf etmək lazımdır. Dediyimin quru söz olmadığını sübut etmək üçün Azərbaycan Mədəniyyət Nazirliyinin fəaliyyət çərçivəsinə daxil olan bəzi mühüm sahələrə diqqət yetirək. Bunlardan birincisi və mənim düşüncəmə görə ən əsası tarixi abidələrin qorunmasıdır. Azərbaycanın coğrafi yerləşməsi və bu torpaqlar üzərindəki qanlı çarpışmalar bir çox dəyərli mədəniyyət abidəmizin bu günə qədər gəlib çatmasına imkan verməmişdir. Üstəlik zəlzələlər, qədim Şamaxının, Gəncənin, Təbrizin tarixi görkəmini dəfələrlə məhv etmişdir. Amma nə qalırsa ona da şükr etməli və bu qalanları göz bəbəyi kimi qorumalıyıq. Ermənilərin əlində olan İravan, Zəngəzur, Göyçə mahallarında və Qarabağda olan abidələrin dağılmasını haqlı olaraq dünyaya car çəkirik. Bu narahatçılığımızın və düşmənin vəhşiliyini göstərən aydın mövqeyimizin müqabilində gərək öz əlimizdə olan tarixi abidələrimizə münasibət köklü şəkildə dəyişilsin, milli mənəvi və tarixi dəyəri olan hər daşa, kərpicə iriliyindən kiçikliyindən asılı olmayaraq hər tarix yadıgarına qat-qat artıq diqqətlə yanaşılsın. Təəssüf ki belə deyil. Rayonlarımızı gəzib tarixi abidələrimizin nə gündə olduğunu görəndə, Mədəniyyət Nazirliyimizin bu sahədəki işi ancaq qəzəb doğurur. O da bəllidir ki, dövlət bu sahəyə hər il müəyyən miqdarda vəsait ayırır və təəssüf ki, bu vəsait abidələrə çatmamış buxarlanıb, gedir. Mədəniyyətimizin bəzi sahələrinə və bəzi tarixi abidələrə Heydər Əliyev fondunun qayğısı istisna təşkil edir. Təəssüf ki, abidələrin bərpa işi də bir sıra hallarda qeyri peşəkarlara və hətta bu abidələrin dağılmasına maraqlı olan adamlara tapşırılıb. Qusardakı Şeyx Cuneyd məqbərəsinin və Nəvaidəki Pirsaat kompleksini bərpasının vaxtilə erməlilərə tapşırıldığı kimi.

    Üstəlik Bakının İçəri şəhəri, Şəkinin tarixi abidələri, Yanar dağ, Atəşgah və sairə məşhur və nisbətən bərpa olunmuş yerlər də bizə məlum olmayan mülahizələrlə turizm agentliyinə verilmişdir. Turizmin təbliğatının əhəmiyyətini başa düşürük, lakin bərpa və qorumaq sahəsində nə iş görə bilərlər, bizə bəlli deyil. Qorxuruq ki, Mədəniyyət Nazirliyindən daha laqeyid yanaşsınlar. Tarixi abidələr də dədə və babalarımızın bizə əmanət qoyduğu yadigarlardır. Ona və onun təmirinə ayrılan pulu necə yemək olar? Bu ürək ağrıdan bir haldır. Aparılan bərpa işləri də çox bərbad vəziyyətdədir. son vaxtlar payaxtda tarixi abidələrin bərpa işləri gedir. Bu “bərpa”dan sonra abidədən heç nə qalmır. Onu memarlıq incisi edən elementlər yoxa çıxır. Elə Bakının özündə yerləşən tarixi binalarda bərpa-yenidəqurma işləri aparıldıqdan sonra o binlarda tarixdən əsər-əlamət belə qalmadı. “Bərpa” adıyla abidələrin xarici görünüşü təhrif olunur. Tarixə biganəlik var. Bu açıq-aşkar görünür”. S.Rüstəmxanlı tarixi abidələrlə bağlı daha bir problemin arxeloji qazıntılar sahəsində olduğunu bildirib: “Azərbaycan torpağının altı da üstü də tarixdir. Torpağın altında min illər öncəki tariximizi aydınladan yüzlərlə abidələr var. Bu abidələr üzə çıxarılmalı, araşdırılmalı və keçmişizə işıq salan abidə kimi gələcək nəsillərə çatdırılmalıdır. Bu işdə Mədəniyyət Nazirliyi, Tarix İnistitutu xüsusilə məsuliyyət daşıyır.”

    Millət vəkili həmçinin bildirib ki, mədəniyyətimizin başqa bir son dərəcə mühüm və milli taleyimiz üçün əhəmiyyətli sahəsi rayonlarımızdakı, kəndlərimizdə mədəniyyət evləri, klublar və kitabxanalardır: “Təəssüf ki, adları çəkilən mədəniyyət ocaqları son illərdə sanki düşünülmüş şəkildə yarıbayarı azaldılıb. Yerdə qalanları da illər uzunu təmir edilmir. Nazirliyin əməkdaşları bu mədəniyyət ocaqlarına “Qətliam” ehtirasını güya kitabxanalara gedənlərin azlığı və yeni kitabların kitabxanalara gedib çatmaması, binaların köhnəliyi ilə izah edirlər. Üzürü günahından betər. Nazirlik ildə cəmi 50-60 kitab buraxır və onun da tirajı da 500-1000 nüsxədən artıq olmursa, burada kitabxanaların nə günahı?! Niyə ənənəvi bir korrektor sistemi bərpa edilməsin. Mədəniyyət nazirliyinin əsas işlərindən biri hər il nəşriyyatlarda buraxılması nəzərdə tutulan kitablara sıfariş verib, hər kitablara heç olmasa bir nüsxə mövcud kitabxanaların hər birinə göndərməkdir. Vaxtilə dövlət bu işə müəyyən miqdarda vəsait ayırırdı. İndi o vəsait tamamilə dayandırılıb, niyə? Əslində bu Azərbaycan büdcəsinə heç bir ağırlıq etməyəcək, xırda bir vəsaitdir, amma Azərbaycan kitabının nəşriyyatlarının kitabları və nəhayət müəlliflərin, oxucuların taleyində az qala inqilabi bir dəyişiklik olar. Həm kitablar gedib ən ucqar kəndlərimizə çatar, həm kitabların tirajı artar, həm nəşriyyatların sabiq durumu yaxşılaşar və bu yolla müəlliflər də müəyyən miqdarda qanarar ala bilər. Yəni bu boyda əhəmiyyətli bir işi necə qulaq ardına vurmaq olar?! Mədəniyyət Nazirliyinin vəzifəsi müxtəlif bəhanələrlə mədəniyyət evlərinin qapısından qıfıl asmaq yox, adamların bu ocaqlara cəlb edilməsidir. Ümumi mədəniyyət səviyyəsinin yüksəldilməsinə çalışmaqdır”.

    S.Rüstəmxanlı mədəniyyət işinin ən mühüm sahələrindən biri kinomotaqrafiya sahəsaindəki problemlərə də diqqət çəkib: “Bu gün bütün dünyada kino işi həm dövlətlərin milli-mənəvi gücünün göstərilməsi, həm sənətkarlıq, həm də iqtisadi baxımdan son dərəcə əhəmiyyətli və cazibədar bir yaradıcılıq və qazanc sahəsinə çevrilmişdir. Filmlər bir sıra ölkələrin siyasətlə, diplomatiya və savaşla deyə bilmədiklərini deyir. Bu gün Azərbaycanın müharibə şəraitində olması, ölkımizə qarşı ciddi anti təbliğat prosesi getdiyi bir vaxtda filmlər azərbaycanın informasiya savaşının ən mühüm bir qanadı və gücü ola bilər. Bunu dərk etmək o qədər də çətin bir iş deyil. Təəssüf ki, bu gün Azərfilm kino studiyası dağılmış bir vəziyyətdədir. Halbuki, binanın təmiri və yeni texnika ilə təchizi barədə illərlə danışıq gedir, amma ortada bir iş yoxdur. Ayrı-ayrı praduserlərin çəkilişləri dövlət studiyasını əvəz edə bilməz. Milli mədəniyyətimizin təbliğatı sahəsindəki uğurları ilə də öyünə bilmərik. Teatrlarımızın, musiqi kollektivlərinin peşəkarlıq səviyyyəsi ildən ilə aşağı düşür. Belə bir təsəvvür yaranır ki, bizim nazirliyin işi Azərbaycan mədəniyyətinin xaricdə təbliq etməkdən daha çox başqa mədəniyyətləri Azərbaycanda təbliğ etməkdir. Multi kulturaizm adı altında bəzən azərbaycanı vahid bir gücə çevirən mədəniyyət birliyi unudulur”.

    S.Rüstəmxanlı deyib ki, son illərdə ölkənin rayonlarında klublar, kitabxanalar yarıbayarı azalıb, işçilər işdən çıxarılıblar, həmin binaların kimlərə verildiyi bilinmir. Onun qeyd etməsinə görə, Mədəniyyət Nazirliyinin xətti ilə ildə 500-1000 nüsxə olmaqla 50-60 kitab nəşr edilir, onlar da kitabxanalara belə çatmır: “Bu gün rayonlarda kitabxanalarımız yarı-yarıya ixtisara düşüb, mədəniyyət evləri təmir olmadığı üçün pis gündədir. Yeni çapdan çıxan kitablar rayon kitabxanalarına göndərilmir”. Millət vəkili hesab edir ki, əsas təbliğat vasitəsi filmdir, bütün ölkələr yeni filmlər yaradırlar, Azərbaycanda isə texniki təchizat və başqa səbəblər üzündən yeni filmlər çəkmək mümkün deyil. S.Rüstəmxanlının fikrincə, abidələrinin qorunması da yetərli deyil: “Abidələrin qorunması üçün kifayət qədər vəsait ayrılır, amma normal bərpa edilən bir abidə yoxdur, bu işdə sistem görünmür. Milli mədəniyyətin təbliği çox aşağıdır, bununla da heç nə etmək olmaz”.

    Bir müddət öncə keçirilən əməliyyat mədəniyyət nazirliyindəki problemləri də üzə çıxardığını bildirən millət vəkili bildirb ki onsuz da tarixi abidələrimiz az qalıb, onların da hansı vəziyyətdə olduğu hər kəsə bəllidir: “Mən bütün detalları bilmirəm, ancaq tarixi abidələrə ayrılan pullar mənimsənilibsə, bu böyük cinayətdir. Keçmişə, tariximizə edilən xəyanət Vətənə xəyanətə bərabərdir. Ölkədə mövcud rüşvət, korrupsiya hallarının qarşısının alınması məqsədi ilə aparılan əməliyyatların nəticəsində mədəniyyət nazirliyində üzə çıxan mədəniyyət düşmənçiliyi halları, mədəniyyətə ayrılan pullara göz dikmək şərəfsizliyi utancverici bir haldır. Arzu edərdik ki, mədəniyyət nazirliyinin yeni rəhbəri bütün bu halları nəzərə alsın, mədəniyyət işinə can yandıran bütün ziyalıların fikir və təkliflərini nəzərə almaqla doğurdan da yeni bir strategiya hazırlasın və mədəniyyətimiz bu biganəlik zolağından çıxartsın”.

  • Fəzail İbrahimli: “ATƏT-in Minsk Qrupu buraxılmalıdır”

    ATƏT Minsk qrupunun vaxtı ilə yaradılması absurd məsələ idi. Bu qurum yaradılışından şikəst və ölü dünyaya gələn uşağı xatırladırdı. Minsk qrupunun tərkibi bölgədə marağı olub, ancaq maraqları və üst-üstə düşməyən ölkələrdən formalaşdırıldığından Qarabağ münaqişəsinin həllində ciddi addımlar atacağını gözləməyə dəyməzdi. Həmsədr ölkələrin heç biri bu maraqlarından geri çəkilmək niyyətində deyil. Belə olan halda bu ölkələrdən münaqişənin həllində ədalətli mövqe sərgilməsini gözləməyə dəyməz”.

    Bunu “Ölkə.Az”a açıqlamasında Vitse-spiker və  VHP sədrinin Fəzail İbrahimli bildirib.

    Milli Məclis Sədrinin müavinin sözlərinə görə,  digər əsas  məqam isə  Minsk Qrupunun münaqişənin həlli istiqamətində gördüyü işlərlə bağlı üzərində hər hansı öhdəlik və ya cavabdehliyin olmamasıdır. “Üzrələrinə düşən vəzifəni icra edə bilmədikləri üçün istefaya göndərilsin və ya buraxılmasını tələb etmək üçün də hər hansı mexanizm yoxdur. Bu qeyri-müəyyən bir qurumdur. Növbəti bir məqam isə ATƏT-in Ermənistanın yürütdüyü işğalçılıq siyasəti ilə bağlı sərgilədiyi  mövqedir. Bu qurum hələ indiyədək  rəsmi sənədlərində Ermənistanı işğalçılıq siyasəti  və bu siyasətdən əl çəkməsi barədə bir kəlmə  də ifadə yoxdur. Sadəcə olaraq ümumi şəkildə sənədlərdə Azərbaycanın işğal altında olan torpaqları işğaldan azad edilməlidir. Elə bil ki, bu torpaqları naməlum qüvvələr və yaxud da yadplanetlilər işğal edib, kimliyini müəyyən etmək mümkün deyil.

    Biz yalnız o zaman bu qurumun fəaliyyətinə ümid edə  bilərik ki, işğalçı Ermənistanın işğalçılıq siyasətindən geri çəkilməsi istiqamətində konkret addımlar atırlar. Ermənistanın qarşısında yürütdüyü işğalçılıq siyasətindən geri çəkilməsi üçün tələblər qoyur və ya sanksiyalar tətbiq edir”- Milli Məclis Sədrinin müavini qeyd edib.

    Millət vəkili əlavə edib ki, baxın, beynəlxalq təşkilatlar, xüsusən də Qərb ölkələri  Belarusda keçirilən  prezident seçkilərindən sonra baş verən hadisələrə görə bu ölkəyə və Rusiyaya ultimatumlar verir, təzyiqlər edir, sanksiyalarla hədələyir: “Yeni seçkilərin keçirilməsi tələb olunur. Amma ATƏT və ya MQ həmsədr ölkələr nə zaman işğalçı Ermənistana qarşı belə bir mövqe sərgilədilər?!  ATƏT MQ  özünə hörmət qoyan qurumdursa, bu məsələdən əl çəkməlidir. Münaqişə tərəflərinə deyirlər ki, aranızda razılaşın. Əgər iki ölkə özü məsələni həll edəcəksə, onda Minsk qrupu nəyə lazımdır?! Minsk qrupu dünyanın gözünə kül üfürmək  üçün yaradılna qurumdur. Bu qurum əslində Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmaqla məşğuldur. Vaxtı uzatmaqla  münaqişənin Ermənistanın xeyrinə həll olunmasına çalışır. Lakin unudurlar  ki,  Azərbaycan tərəfi işğalla barışmayacaq və cənab Prezident bunu dəfələrlə bəyan edib.  Ali Baş Komandan açıq surətdə bəyan edib ki, gəl təkbə-tək  vuruşub məsələni həll edək. Bu əslində Ermənistanın arxasında duran ölkələrə mesajdır ki, çəkilin. Maneçilik yaratmayın problemi özümüz həll edə bilərik. Odur ki, bu quruma artıq inam yoxdur. Azərbaycanda orta məktəbdə oxuyan şagirdi də, ATƏT-in fəaliyyətisizliyi və hansı məqsədə xidmət etdiyini yaxşı anlayır. Ya bu təşkilat fəaliyyətini dayandırmalıdır, ya da Türkiyə  bura cəlb edilməlidir. Əgər Türkiyə cəlb edilərsə, hansısa ümidlər olar. Türkiyə məsələnin ədalətli həlli istiqamətində səylərini ortaya qoyar”.
    Milli Məclis Sədrinin müavini  eyni zamanda  Volkan Bozkırın BMT Baş Assambleyasına prezident seçilməsi və Baş Assambleyanın 75-ci sessiyasına  sədrlik məsələsində  mövqeyini açıqlayaraq deyib ki,  təcrübəli türkiyəli diplomatın belə bir quruma rəhbər seçilməsi sevindirici haldır: “ Hesab edirəm ki, türkiyəli diplomat  ən azından Azərbaycanın maraqlarına cavab verməyən ədalətsiz qərarların və məsələlərin gündəmə gətirilməsinə imkan verməyəcək”.

    Mürtəza
    Ölkə.Az

  • Sabir Rüstəmxanlı: “ATƏT Minsk Qrupunun fəaliyyəti işğalçıya dəstək verməkdən ibarət olub”

    “ATƏT Minsk Qrupu həmsədrləri formalaşdıqdan qısa zaman sonra mən demişdim ki, bu normal qurum deyil və bu bir turist təşkilatıdır. Münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirən bu qurumun yaranmasında 30 ilə yaxın vaxt keçsə də heç bir fəaliyyət göstərmir. Ona görə də indi hamı bu qurum haqqında zamanında dediyim turist təşkilatı fikrini tez-tez təkrar edir”.

    Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı deyib.

    Onun sözlərinə görə, əslində Minsk Qrupunun bu ötən müddət ərzindəki fəaliyyəti işğalçı Ermənistana dəstək vermək olub. “Minsk Qrupu həmsədr ölkələri gözləyir ki, ata-baba yurdunu tərk edən insanlar bir nəsil aradan getsin və torpaqlar yadan çıxsın, ora xarici ölkələrdən erməniləri, terrorçuları köçürüb yerləşdirmək, müəyəyn işlər görməklə Azərbaycanı fakt qarşısında qoymaq istəyirlər. Çalışırlar ki, Azərbaycan  məğlubiyyətlə barışsın. Minsk qrupunun əsas fəaliyyəti bundan ibarətdir”- Sabir Rüstəmxanlı qeyd edib.

    Millət vəkili əlavə edib ki,  Minsk Qrupu həmsədri olan Fransanın Türkiyə və Azərbaycana mövqeyi bəllidir: “ Fransa birmənalı olaraq erməniləri dəstəkləyir.  Rusiya da eyni mövqedədir. Ermənistanı silahlandırır.  ABŞ-ın da mövqeyi bəllidir. Bu ölkələrin hamısı Qarabağ məsələsində beynəlxalq hüququ ayaq altına atırlar və ona biganə yanaşırlar. Çünki maraqlarında deyil.   Onlar  dünyanı kar yoxsa kormu hesab edirlər, nədir?  Bu qədər sərsəmlik olmaz ki…  ATƏT MQ-nin fəaliyyətsizliyi ortadadır. O baxımdan verdikləri bəyanatlardan da heç nə gözləməyə dəyməz”.

    Millət vəkili onu da bildirib ki,  ATƏT MQ ancaq işğalçı Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatdan 3 ay keçəndən sonra guya “intensive fəaliyyətə” keçdiiyni bəyan edərək tərəfləri danışığa dəvət edir: “Bu  nə deməkdir. Kimi aldadırlar.   Bütün dünya işğalçı Ermənistanın təxribatlaırnın  məqsədi bildiyi halda MQ bu barədə bir kəlmə də deyib, işğalçını qınamır, ancaq tərəfləri şərtsiz danışıqlara dəvət edir. Bu nə deməkdir?!  Niyə indiyədək səsini çıxarmayıb?!  Əgər Minsk Qrupu həmsədr ölkələrini niyyəti olsaydı   Ermənistanı çoxdan yerində otuzdurardı. Lakin onların belə bir niyyəti yoxdur. Ona görə də ATƏT MQ-dən ümid bəsləməyə dəyməz. Onun belə bir niyyəti yoxdir və ümid bəsləməyə dəyməz və bu əbəsdir. Bu təşkilatın işi  hər vasitə ilə işğalçı Ermənistana dəstək verməkdir”.

    Mürtəza
    Ölkə.Az

  • Sabir Rüstəmxanlı: “İnternetdən məhrum olan minlərlə şagirdə onlayn dərs tətbiq etmək olmaz”

    Pandemiya ilə bağlı olaraq yeni dərs ilində onlayn təhsil sisteminə üstünlük verilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, onlayn dərslərin keyfiyyətinə o qədər də ümid bəsləmir: “Yeni formatda hansısa mövzunun tezliklə qavranılacağına əmin deyiləm. Çünki qavrama təkcə induksiya və deduksiya prosesi deyil, həm də psixoloji prosesdir. Psixoloji cəhətdən şagird yaşadığı mənzildə yeni psixoloji mühitə düşür. Bizdə isə bu sahədə təcrübə yoxdur. Təcrübə olmadığına görə düşünürəm ki, bu dərs formasının bilik qazanmaq baxımından səmərəsi hələ ki, yüksək olmayacaq. Hesab edirəm ki, Təhsil Nazirliyi bu məsələyə yenidən baxmalıdır”.

    VHP sədri deyib ki, bir çox kəndlərdə internet, hər evdə kompüter yoxdur. Onun fikrincə, yeni təhsil növü xeyli sayda şagirdi təhsildən kənarda saxlayacaq: “Ölkədəki 1.6 milyon şagirdin 1 milyonu virtual məktəbdən qeydiyyatdan keçib, 600 min şagird kənarda qalıb əhalinin alıcılıq qabiliyyəti aşağıdır. Bu dərs növü isə həm baha, həm də günümüz üçün real deyil. Hələ onlayn sisteminə keçid həddinə gəlib çatmamışıq. Mövcud şərtlərdə şagirdlərin yalnız 30-35 faizi onlayn dərslərə cəlb oluna bilib və çox az hissə elektron resurslardan istifadə edir. Regionlarda isə elektron resurslardan istifadə faizi daha azdır. Dağ rayonlarında və ümumiyyətlə bölgələrdə internetləşmənin yaxşıp səviyyədə olmadığı hər kəsə bəllidir. İnternetdən mərhum olan minlərlə şagirdə onlayn dərs tətbiq etmək olmaz “.

    S.Rüstəmxanlı bildirib ki, bütün dünyada tüğyan edən COVİD-19 yoluxmasının şərtləri altında cəmiyyətin mühüm sahələrinin fəaliyyətini tam bərpa edilməsinin yolları da mütləq tapılmalıdır: “Əksər ölkələr bu istiqamətdə ciddi nəticələr əldə ediblər və bu səbəbdən ənənəvi təhsilin davam etdirilməsinə başlanıb. Azərbaycanın bu prosesdən kənarda qalması təəssüf doğurur.

    Əslində Təhsil Nazirliyinin və Operativ Qərargahın təhsillə bağlı son qərarı subyektiv ümumiləşmə əsasında verilib. Bu il ibtidai siniflərdə təhsil alan 650 min uşaq dərsə gedir. Bu qrupun 257 min nəfəri epidemioloji vəziyyət gərgin olduğu Bakı, Sumqayıt və Abşeron ərazisinə düşür. Yəni ibtidai sinif şagirdlərinin yarıdan çoxu ümumiyyətlə karantin elan olunmayan bölgədə yaşayır. Hətta bəzi kənd məktəbləri var ki, şagird sayı 100-ü keçmir. Yəni, ümumilikdə şagird sıxlığı bir çox siniflərdə problem deyil. Belə bir statistika qarşısında bütün ölkə boyunca təhsilin məhdudlaşdırılması yalnız bacarıqsızlığın göstəricisidir”.

    Millət vəkili həmçinin onlayn təhsilin keyfiyyətinə də toxunaraq alternativ olaraq distant təhsilin təklif edilməsini qeyri-peşəkarlıq adlandırıb: “Düzdür, distant təhsil çox məşhurlaşıb, faydalıdır, müasir təhsil sisteminə keçiddə böyük rol oynayır. Amma bu, ənənəvi təhsilin yerini vermir. Şagirdlərin məktəb və müəllimlərlə ünsiyyətdə olmamasının onların formalaşmasında mənfi iz buraxacağı şübhəsizdir. Digər bir tərəfdən şagird sayının az olduğu, karantin elan olunmayan bölgələrdə internet və televiziya imkanlarının məhdudluğu etiraf olunmalıdır. Bütün bunlar təhsil və məktəblərin açılması ilə bağlı qərara yenidən baxılmasını zəruri edir. Sonu görünməyən pandemiyanın qarşısında acizlik göstərib yeni şəraitdə əvvəlki həyat tərzinin qurulması üçün addımlar atılmasa bunun nəticələri ağır olacaq. Bir sıra dövlətlərdə universitet və orta məktəblər yenilənir, onların hamısı müəyyən hədlərlə fəaliyyət göstərir. Şagird və tələbələr bir-birindən şəffaf şüşələrlə ayrılırlar ki, təmasda olmasınlar. İndiki şəraitdə qısa müddətdə bu mühiti yaradaraq dərslərin bərpasına nail olmaq olar. Bütün bunları nəzxərə alaraq Təhsil Nazirliyi və Operativ Qərargah ənənəvi əyani təhsil sistemini bərpa etmək üçün gərəkən tədbirləri görməlidir.”

     

  • “Avropa Birliyinin modelinə uyğun Türk Birliyi qurulmalı, ərazi bütövlüyünə, istiqlalına qarşı olan təhdidlərə qarşı birgə hərbi, siyasi cavab verilməlidir”

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında 15 sentyabr Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibəti ilə tədbir keçirilib. “Bölgədəki siyasi durum və Azərbaycan-Türkiyə münasibətlərinin prespektivləri” mövzusunda keçirilən tədbirdə ölkənin millət vəkilləri, siyasi partiya sədrləri və ictimai xadimlər qatıblar.

    Türkiyə və Azərbaycanın istiqlalı yolunda şəhid olanların ruhunu bir dəqiqəliki sükutla yad etdikdən sonra tədbiri açan VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı dünyanın hazırki siyasi gedişatı və Türk Dünyasının qarşısında duran məqsədlər haqda danışıb: “XXI əsr dünyaya yeni qaydalar gətirdi. Bu yalnız pandemiya və onun nəticələri ilə bağlı deyil. Əslində 2001-ci ilin 11 sentyabrında baş verən məlum olaylar dünyada yeni siyasi düzənin qurulmasına başlanğıc oldu. Böyük güclər geopolitik maraqlarını təmin etmək üçün açıq ən müxtəlif bəhanələrlə yeni işğalçılıq siyasətinə başladı. 20 ilə yaxındır davam edən bu gedişat Asiya qitəsini müharibə meydanına çevirib. Dünya yenidən bölüşdürülür, dünyanın siyası xəritəsi yenidən cızılır. 100 il öncə də eyni proses Azərbaycan və bütövlükdə Türk Dünyasının böyük itkiləri ilə başa çatdı. Azərbaycan dövlət müstəqilliyini və tarixi ərazilərinin böyük hissəsini itirdi, Türkiyə Osmanlı imperatorluğunun məğlub durumu ilə barışmağa məcbur oldu, Orta Asiya türkləri bütövlükdə Rusiya əsarəti altına düşdü. Bu ağır nəticələrin bir hissəsini yalnız 100 il sonra aradan qaldırmaq mümkün oldu. İndi keçmişdən dərs götürmək, yeni səhvlərə yol verməmək üçün daha düzgün inkişaf yolu seçmək lazımdır.

    Yüz il öncə Nuru paşanın Azərbaycandan başqa Güney Azərbaycanda da savaşı, hətta sovet əsarəti altında belə, sadə Azərbaycan insanının bütün maddi imkanlarını Atatürk Cumhuriyyətinə fəda etməsi o dövrün böyüklərinin siyasi iradəsi idi. Eyni zamanda Şərqin ilk Cumhuriyyəti olan Azərbaycan Xalq Cumhuriyyəti yolunda canından keçən Osmanlı əsgərləri və Atatürk Cumhuriyyətinin qurulması üçün könüllü döyüşən Azərbaycan türkləri “Bir millət , iki dövlət” həqiqətinin real təzahürü idi. O zaman siyasi reallıqlar ideoloji qurtuluş arzusunu gerçəkləşdirməyə imkan vermədi. Bu gün isə dünyanın geopolitik diqtəsi daha sərt, bizim imkanlarımız isə daha genişdir. Artıq dünyaya “ Bir millət, iki dövlət ” yerinə “Türk birliyi!” ideasını həyata keçirmək zamanıdır. Bu Azərbaycanın siyasi qüvvələrinin və bütün Azərbaycan xalqının istəyidir.”

    Daha sonra çıxış edən millət vəkili Fazil Mustafa 15 sentyabr olayının tariximizdə müstəsna bir gün olduğunu və bu tarixin Türkiyə Azərbaycan qardaşlıq münasibətlərinin tarixi təsdiqi olduğunu bildirdi. Millət vəkili bu gün hər iki dövlətin tarixi ənənələrini davam etdirir.

    Tədbirə telefonla Türkiyədən İYİ partiya başqanı Meral Akşener də qatılaraq iştirakçıları salalamladı. Meral xanım Türkiyə və Azərbaycanın həm dövlət, həm də xalq olaraq hər zaman bir birinə dəstək olduğunu və bu birliyin bundan sonra dahada güclənəcəyinə inandığını bildirdi.

    Tədbirə telefonla həmçinin Türkiyədən MHP başqan yardımçısı Atilla Kaya və Türk Dünyası Qazeteçilər Federasiyonunun başqan yardımçısı Türer Yener də qatılaraq Türkiyə-Azərbaycan münasibətlərinin inkişafının zamanın tələbi olduğunu bildirdi.

    Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, filosof  alim Yasəmən Qaraqoyunlu çıxışında  Türk dünyasının birləşməsi ideyasının nəzəri əsaslarının XX əsrin əvvəllərində ortaya çıxdığını, və bunun nəzəri əsaslarının hazırlandığını bidirdi: “Son yüz ildə Türk dünyasında yetişmiş fikir və siyasət adamları Türk birliyini iki model şəklində təsəvvür etmişlər. Bütün Türk xalqlarının vahid dövlət çatısı altında birləşməsi. Vahid Türk milləti və dövləti ideyasını dəstəkləyənlərin lideri Ənvər Paşa, Əli Bəy Hüseynzadə, Ə. Topçubaşov olmuşlar. Müstəqul türk dövlətlərinin konfederativ birliyi ideyasını isə M.Ə.Rəsulzadə, Atatürk dəstəkləmişlər. O zamandan bu zamana türk dünyası böyük yol keçmişdir və indiki reallığa uyğun olaraq Türk dünyasının birliyinin Avropa Birliyi modelinə uyğun qurulması daha çox dəstəklənməkdədir. Türk birliyi qurularsa Türk dünasını təhdid edən bir sıra dövlətlərə qarşı vahid təhlükəsizlik doktrini və politikası izlənə bilər. Hazırda türk dünyasına qarşı dörd təhdid vardır. Amerika və İzrailin Türkiyə ilə Suriya sərhədləri arasında tampon kürdüstan dövləti qurma projesi və bu bölgədə 150 minlik silahlı kürd dəstələrinin Türkiyəyə qarşı vuruşması. Bu bölgədə Kürdüstan yaratmaqda əsas məqsəd Türkiyə ilə Ərəb dünyasının quru əlaqələrini kəsmək və müsəlman dünyasını parçalamaqdır. Türkiyə burada 35 km lik təhlükəsizlik zolağı yaratsa belə ABD-İzrail blokunun Yeni dünya düzəni adl altında Türkiyəni bölmək siyasəti hələ də gündəmdədir. Düşünürəm ki, Türkiyə və Azərbaycan birləşmiş orduları həm də İraq və Suriyada yaşayan toplam beş milyon türk soydaşlarımızı qorumalıdır. İraq və Suriya türkmanlarına sahib durmalıyıq və o coğrafiyalarda siyasi statuslarının olmasına çalışmalıyıq. Suriya və İraq Türkmanları Türk dünyasını Ərəb dünyası ilə bağlayan strateji din və kültür körpüsüdür. Türkiyənin Ərəbistana uzantılarıdır.

    Erməni təhdidləri və işğalları. Qarabağın işğaldan azad olunması problemi. Türkiyə ilə Azərbaycan arasındakı tampon erməni dövləti Türkiyənin Azərbaycana, Azərbaycan araçılığı ilə Türküstana yayılmasının qarşısını almaq məqsədilə Rusiyanın yaratdığı bir projedir. Ermənistan Azərbaycan torpaqları üzərində qurulub və Türkiyənin Şərqi Anadolu bölgəsini də işğal edib Ermənistana qatmağı hədəf alıb. Türkiyə və Azərbaycanın erməni işğallarına qarşı vahid hərbi siyasi strateji doktrini olmalıdır. Türk dünyası erməni təhdidlərindən qurtulmalıdır”.

    Tədbirdə həmçinin Ədalət Partiyasından Sədr müavini Elxan Şükürlü, Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyev, Xalq Partiyasının sədri Pənah Hüseyn, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, ADP sədri Sərdar Cəlaloğlu, DAK İdarə Heyətinin üzvü Adil Minbaşı, Ümid Partiyasının sədr müavini Rüfət Muradlı çıxış etmişdir. Çıxışlarda Azərbaycan-Türkiyə münasibətlərinin hərbi ittifaqa qədər yüksəlməsinin, Türk dövlətlərinin iqtisadsi-siyasi-hərbi birliyinə nail olunmasının vacibliyi vurğulanıb.

    Azərbaycan siyasətçilərindən Türk Birliyinə çağırış – BƏYANAT

    Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında 15 sentyabr Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibəti ilə siyasi partiyaların, ziyalıların iştirakı ilə keçirilən həmçinin Türkiyədən partiya liderlərinin telefonla qatıldığı tədbirdə iştirakçılar Türkiyə ilə Azərbaycanın vahid ordusunun qurulmasını, həmçinin Türkiyə və Azərbaycanın konfederativ birlikdə birləşməsini təklif etmişlər. Konfransın sonunda bəyanat qəbul olunmuşdur. Bəyanatda deyilir: 1918-ci il sentyabrın 15-də Bakının “Qafqaz” İslam Ordusu tərəfindən azad olunması, şübhəsiz ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. 70 illik sovet hakimiyyəti dönəmində bu hadisənin məqsədyönlü təhrifinə baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin həmin vaxtdakı qəhrəmanlığını bu illər ərazində heç vaxt unutmayıb, onu qəlbində yaşadıb.
    Bir əsr öncə Azərbaycan və Osmanlı türkləri dünya imperalizminin qarşısında çiyin-çiyinə duraraq, öz istiqlallarını qəbul etdirməyi bacardılar və bu, bizim xalqlarımızın birliyini bütün dünyaya göstərən önəmli hadisə oldu. Komandan Nuru Paşanın rəhbərliyi ilə “Qafqaz” Türk-İslam Ordusunun Bakını azad etməsinin illər ötdükcə Azərbaycanın müstəqillik tarixində nə qədər böyük rol oynadığı daha aydın dərk edilir. Əgər bu Ordu köməyəimizə gəlməsəydi, şühəsiz ki, bu gün paytaxt Bakı da Dərbənd kimi, bir rus şəhərinə çevrilər, Azərbaycan dövləti indiki sərhədləri daxilində mövcud ola bilməzdi. Bakıya gələn ordunun qəhrəmanlığı, tariximizdəki, bütövlüyümüzdəki rolu və Azərbaycanın bugünkü sərhədlər içərisində dövlət qurmasında oynadığı mühüm rol heç vaxt unudulmayacaqdır. 102 il əvvəl olduğu kimi, bu gün də oxşar çətinlik içərisindəyik: Azərbaycan dövlətinin beynəlxalq hüquqla tanınan əraziləri arxasında böyük güclərin durduğu Ermənistan tərəfindən işğal edilib və biz yenə də bu güclərin məkrli planlarına qarşı savaşda qardaş Türkiyə dövlətini yanımızda görürük; eyni şəkildə, 100 il öncə Osmanlı dövlətini bölüb parçalayan güclər bu gün başqa çətirlər, adlar altında Türkiyə Cümhuriyyətinin qalan ərazilərini də parçalamağa, hər vasitə ilə onun inkişafının qarşısını almağa çalışırlar və Azərbaycan xalqı da qardaş ölkəyə qarşı imperalist güclərin bu hücumları qarşısında Türkiyənin yanındadır. Həm ərazilərimizə göz dikmiş və inkişafımızı istəməyən ortaq düşmənlərimizin varlığı, bu düşmənlərin açıq təhdidləri, həm ölkələrimiz qarşısında duran hədəflər, milli mraqlarımızın eyniliyi, həm də yeni geosiyasi reallıqlar Azərbaycan-Türkiyə münasibətlərini daha yeni müstəviyə çıxarmağı bizdən tələb edir.
    Biz, bu bəyanatı imzalayan siyasi təşkilatlar və şəxslər mövcud reallıqlardan çıxış edərək, hər iki ölkə arasındakı münasibətlərin yeni və daha etibarlı müstəviyə çıxarılması üçün ən qısa zamanda aşağıdakı addımların atılmasını zəruri sayırıq:
    – Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının və işğal olunmuş ərazilərimizdə terrorçu-separatçı bir rejimin fəaliyyət göstərməsinin təkcə Azərbaycan Respublikasının deyil, həm də Türkiyə Cümhuriyyətinin maraq və mənafelərinə real və açıq təhdid yaratdığını əsas götürərək, Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında strateji hərbi müttəfiqlik Sazişi imzalanmalıdır;
    – Bu Saziş əsasında hər iki ölkənin ərzisində qarşılıqlı şəkildə hərbi bazaların yerləşdirilməsinə və hətta birgə, vahid komandanlığa tabe hərbi qüvvələrin yaradılmasına nail olunmalıdır;
    – Azərbaycan-Türkiyə hərbi ittifaqının digər Türk cumhuriyyətlərinin də birliyinə təkan verməsi və genişləndirilməsi üçün digər Türk respublikalarıyla danışıqlar intensivləşdirilməli və son nəticədə, Avropa Birliyinin modelinə uyğun Türk Birliyinin yaradılmasına nail olunmalıdır;
    – Bu hərbi, siyasi, iqtisadi və mədəni Birliyin yaradılmasının zəruruliyini ölkələrə çatdırmaq üçün Türkiyə, Azərbaycan və digər Türk cumhuriyyətlərinin siyasi təşkilatları, mətbuatı, fikir adamları arasında qarşılıqlı sabit əlaqələrin və ictimai rəyi hazırlama mexanizmlərinin qurulması və gücləndirilməsinə çalışılmalıdır.

     

     

  • VHP Bakının azad olunduğu gün Türk Şəhidliyini ziyarət etdi-FOTO

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası rəhbərliyi Türk Şəhidliyini ziyarət edib. Bakının Qafqaz İslam Ordusu tərəfindən bolşevik-daşnak quldur dəstələrindən azad olunmasının 102 illiyi ilə bağlı baş tutan ziyarətdə Qafqaz İslam Ordusunun Azərbaycanın müstəqilliyi yolunda şəhid olan əsgərləri anılıb, onların ruhuna dualar oxunub. Partiyanın sədri, millət vəkili Sabir Rüstəmxanlı çıxış edərək, Bakının işğal altında olduğu, Gəncənin müvəqqəti olaraq paytaxt seçildiyi məqamda Məmməd Əmin Rəsulzadənin Türkiyədən hərbi yardım xahişi, Ənvər Paşanın öz qardaşı Nuru Paşanı Qafqaz İslam Ordusunun rəhbəri təyin etməsi və Bakını xilas etmək üçün göndərməsi haqda danışıb. S.Rüstəmxanlı qeyd edib ki, 15 sentyabr Azərbaycanın tarixində şərəf səhifələrindən biridir və bu şərəfli səhifəni Nuru Paşanın başçılığı ilə türk əsgərləri azərbaycanlılarla birgə yazıb. Bu hadisənin Azərbaycan-Türkiyə qardaşlığının daha bir təntənəsi olduğunu bildirən S.Rüstəmxanlı vurğulayıb ki, 15 sentyabrda hərbi parad keçirilməsi barədə qərar təqdirəlayiqdir: “Ancaq hesab edirəm ki, Azərbaycanın Nuru Paşaya vəfa borcu olaraq Bakıda abidəsinin ucaldılması da mütləqdir”.

  • Sabir Rüstəmxanlıdan Tofiq Yaqubluya dəstək: “Məhkəmənin hökmü ədalətsizdir!”

    Siyasi fəal, Qarabağ qazisi Tofiq Yaqublunun həbsi cəmiyyətdə ciddi etirazlara səbəb olub. Ölkənin bir çox tanınmış ziyalısı, siyasi liderlər məsələyə münasibət bildirərək Tofiq Yaqublunun azadlığını istəyiblər.
    VHP sədri, Millət vəkili Sabir Rüstəmxanlı açıqlamasında bildirib ki, Azərbaycanın azadlığı yolunda mübarizə aparan, Qarabağ uğurunda vuruşan, vətəni qoruyan hər kəsə diqqət və həssaslıqla yanaşılmalıdır. Tofiq Yaqubluya sərt cəza verilməsi təəssüf doğurur: “Tofiq bəyin keçdiyi həyat yolu, mübarizəsi, dövlətə və vətənə bağlılığı onun haqda hökm çıxararkən nəzərə alınmalıydı. Belə xırda bir insidentə görə Tofiq bəy kimi insanı bir neçə il azadlıqdan məhrum etmək ədalətsiz hökmdür”.
    Deputat eyni zamanda hökmdən sonra baş verənlərdən təəssüf hissi keçirdiyini bildirib: “Artıq neçə gündür ki, Tofiq aclıq edir. Qarabağ döyüşlərində sağlamlığını itirən bir insan bu gün ölüm aclığı keçirir və səhhəti ciddi şəkildə pisləşib. Əlbəttə, üzücü bir haldır. İşin bu yerə gəlib çatmasına imkan verilməməliydi…İnanıram ki, ictimai rəy nəzərə alınacaq və Tofiq bəy azadlığa buraxılacaqdır…”
    Sabir Rüstəmxanlı eyni zamanda məhkəmə hökmləri zamanı qanunun yumşaq üzünün unudulmamasının da vacibliyini bildirib: “Bəzən xırda bir olaya görə elə sərt cəzalar kəsilir ki… Axı hər cəzanın arxasında bir insan taleyi dayanır. Bu məqamlar nəzərə alınmalıdır. Həbsxanaları niyə doldururuq? Dünyada qəbul olunan qaydalar var. Bir çox əməllərin cəzası cərimə ola, maddi tərəfdən qarşılığı ödənilə bilər”.

  • Sabir Rüstəmxanlı Baş Nazirə müraciət etdi: “Güneyli tələbələrə dəstək tarixi borcumuzdur”

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Güney Azərbaycandan olan tələbələrin problemlərinin həlli ilə bağlı Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova müraciət edib. Müraciətdə millət vəkili Güney Azərbaycandan olan tələbələrin Azərbaycan Respublikasında ali təhsil almasının əhəmiyyətinə diqqət ayıraraq Dünya azərbaycanlılarının ortaq mədəniyyəti ilə bağlı təhsilin yalnız Azərbaycan Respublakasında mövcudluğunu bildirib: “Güney Azərbaycandan olan gənclərimiz ali təhsil almaq üçün Azərbaycana üz tutur. Onların Azərbaycan univetsitetlərində təhsil alması sadəcə öyrənmək məqsədi daşımır, həm də mədəniyyətimizi qorumaq üçündür. Nəzərə alsaq ki, Güney Azərbaycanlılar yaşadıqları ölkədə öz dil, musiqi, tarix və ədəbiyyatları haqqında akademik təhsil ala bilmirlər, buna imkanları yoxdur, bu məsələnin necə həyati əhəmiyyət kəsb etdiyi daha da aydın olur”.

    Sabir Rüstəmxanlı Baş Nazirə müraciətində Güneydən olan tələbə soydaşlarımızın problemlərini göstərərək Azərbaycan Respublikasının Güney Azərbaycanlı tələbələr üçün ali təhsil şərtlərinə güzəşt edilməsinin vacibliyini bildirib: “Son illərdə Azərbaycan universitetlərində təhsil alan Güney Azərbaycanlı tələbələrin bir çoxu təhsillərini yarımçıq qoyaraq geri dönürlər. Bunun da əsas səbəbi İranda iqtisadi vəziyyətin pisləşməsi və İran valyutasının dəyərdən düşməsi nəticısində təhsil haqlarını ödəyə bilməmələridir. Azərbaycan Respubkilasında təhsil alan güneyli tələbələrin problemlərinə dövlət səviyyəsində diqqət göstərilməli və onlar təhsil haqlarından azad edilməlidirlər. Bu xalqımızın gələcəyi ilə bağlıə çox böyük milli məsələdir və bu işə dövlətimizin dəstəyi bizim tarixi borcumuzdur”.

  • “Ölkəmizdə rusdilli məktəblərin sayının artırılması dilimizə, müstəqilliyimizə və gələcəyimizə xəyanətdir”

    “…Niyə daim simpatiya bəsləyib, yardım etdiyi Ermənistanda rus dilli siniflər çox azdır?”
     “Nə üçün Ermənistanla bu qədər yaxınsız və onların hər addımını müdafiə edirsiz?”
    Ölkəmizdə rus dilinə maraq hər zaman fikir ayrılığına səbəb olub. Cəmiyyətimizdə rus dili sevdasını bu dildə təhsil alanların fərqli və geniş dünyagörüşə sahiblənməsi ilə əlaqələndirirlər. Təsadüfi deyil ki, bəzi valideynlər özləri rus dilində bilməsələr də, övladlarını bu dildə təhsilə cəlb edirlər. Bir növ övladlarının daha savadlı və universal olacaqlarını düşünürlər.
    Rus bölməsinə olan maraq cəmiyyətimizi çox təhlükəli tendensiya ilə üz-üzə qoyur. Həmin təhlükə ilə müxtəlif zamanlarda qarşılaşmışıq. Bu dilin və mədəniyyətin ölkəmizdə şişirdilmiş dərəcədə təbliği “sağlam” deyil.
    Bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə bildirib ki, Azərbaycan rəhbərliyinin rus dilinə qayğıkeş münasibətini çox yüksək qiymətləndirir.  O, əlavə edib ki, Azərbaycanda rus dilinə münasibət və rusdilli məktəblərin çox olması yaxşı haldır.
    Təbii ki, xarici dili öyrənmək faydalıdır. Amma ölkəmizdə rus dili sadəcə xarici dil kimi öyrənilmir. Bəziləri az qala bu dili öz ana dili kimi istifadə  etməyə çalışır. Məsələ burasındadır ki, adətən bu dili bilməyənlərin iş tapması qeyri-mümkündür. Bəs rus dili və mədəniyyətinin ifrat dərəcədə təbliği bizə nə verir?  Rusiya mədəniyyəti və dili bu qədər lazımlıdırsa, tonlarla silah göndərdiyi Ermənistanda rusdilli məktəblər niyə azdır?
    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP)sədri, millət vəkili Sabir Rüstəmxanlı “Sherg.az”a bildirib ki, Azərbaycanda rusdilli məktəblərin çox olması dilimizə qarşı böyük hörmətsizlikdir:
    “Lavrova sual vermək lazımdır ki, “Azərbaycanda rusdilli məktəblərin çox olması bu qədər yaxşı idisə, niyə daim simpatiya bəsləyib, yardım etdiyi Ermənistanda rus dilli siniflər çox azdır? Nə üçün Ermənistanla bu qədər yaxınsız və onların hər addımını müdafiə edirsiz?”. Deməli, onları rus dilinin taleyi, rus dili və mədəniyyəti maraqlandırmır.
    Ruslar Azərbaycanın başının altına yastıq qoyub və başını sığallayıb Ermənistana silah satır, onları gücləndirir və ciddi cəhdlərlə müdafiə edir. Ona görə də Lavrovun Azərbaycana saxta kompliment və xoşagələn sözlər deməyi ətimi ürpəşdirir. Belə şeyi qəbul edə bilmirəm!”.
    Azərbaycanın müstəqil dövlət olduğunu deyən millət vəkili bildirib ki, ölkəmizdə yaşayan ruslar istəsələr, rus dilində təhsil ala bilərlər. Heç kim onlara bunu qadağan etmir:
    “Lakin Azərbaycanın dövlət dili Azərbaycan türkçəsidir. Azərbaycan türkçəsinin hesabına ana dilində məktəblərimizin sayını azaldaraq, rusdilli məktəblərin sayını artırmağı dilimizə, müstəqilliyimizə və gələcəyimizə xəyanət hesab edirəm!”.
    Şərq qəzeti
  • Sabir Rüstəmxanlının dəstəyi ilə Neftçalada şəhidlər parkı salınır

    Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğurunda mübarizədə Neftçala rayonu fəal iştirak etmişdir.

     

    1990-cı ilin yanvarında sovet imperiyasının qanlı ordusunun yeridildiyi bölgələrimizdən biri də Neftçala rayonu olmuşdur. Ötən illər ərzində Neftçala rayonu Vətən uğrunda 200 şəhid verib. Şəhidlərin ruhunu hər zaman əziz tutan Neftçala sakinləri həm pandemiya, həm su qıtlığından irəli gələn bu çətin günlərdə də onların xatirəsini unutmurlar.

     

    Neftçala rayonunun millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının rayonda növbəti gördüyü iş də şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlıdır. Neftçala rayonunun ilk şəhidi Gözəlov Əfsər Səttar oğlunun Bankə qəsəbə qəbiristanlığındakı məzarının abadlaşdırılmasından sonra S.Rüstəmxanlının təşəbbüsü və dəstəyi ilə Həsənabad qəsəbəsində şəhidlərin xatirəsinə park salınır. Parkda Həsənabad qəsəbəsindən olan 15 şəhidin xatirə şəkilləri olan lövhə və iki Milli Qəhrəman Məcidov Zakir Nüsrət oğlu və İmanov Samid Gülağa oğlunun büstləri qoyulacaqdır. Həsənabad kəndində də aparılan işlər artıq yekunlaşmaq üzrədir və yaxın günlərdə parkın açılışı olacaq.