Vətəndaş Həmrəyliyi Partiyası

Category: Slayder

  • “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanun dəyişdirilməlidir

    Əlövət Əliyev
    VHP Ali Məclisinin üzvü, “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri
    İki gün əvvəl “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” qanun layihəsinin qəbul olunmasına dəstək verməyim haqqında bir müraciət aldım və münasibət bildirəcəyimə söz verdim. Məsələ ilə maraqlanan zaman məlum oldu ki, son iki ildə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” yeni qanun layihəsi hazırlanıb. Qanun layihəsini əldə edə bilmədim. Layihə müəlliflərinin mətbuatdan əldə etdiyim fikirlərinə ğörə “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” qanun layihəsində həm də, xaricdə yaşayan soydaşlarımıza “soydaş vəsiqəsi”nin verilməsini və soydaş anlayışının verilməsi nəzərdə tutulur.
    Məsələ ilə bağlı Milli Məclisin deputatı Rafael Hüseynovda bildirib ki,2020-cu ildə parlamentdə “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” yeni qanun qəbul ediləcəyi gözlənilir. https://report.az/…/xaricde-yasayan-soydaslar-ve-diaspora-…/
    Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Respublika” qəzetinə müsahibəsində bu il (2020-ci il) həmvətənlərimizin səbrsizliklə gözlədiyi “Soydaşlar haqqında Qanun” layihəsinin parlamentdə qəbul olunacağına ümid etdiyini bildirib. Komitə sədri qeyd edib ki, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz, diaspor təmsilçiləri belə qanunu çoxdan gözləyir: “Yeni qanun layihəsi bir sıra məsələlərlə yanaşı, soydaş anlayışının statusunu da müəyyənləşdirəcək. Onlara vəsiqə verilməsi də nəzərdə tutulur. Bu da onların bir çox mövcud problemlərinin həllinə müsbət təsir göstərəcək”.
    Mətbuat Şurasının sədri Əflatun Amaşov da çıxışlarının birində xaricdə yaşayan soydaşlarımızın problemlərinin operativ və daha münasib formada həll etmək üçün ayrıca qanuna – «Soydaş haqqında» Qanunun qəbuluna ehtiyyac olduğunu bildirib (https://m.cebhe.info/guumlrcuumlstan-azerbaycanlilarina-guu…).
    Mətbuatda Dövlət Miqrasiya Xidmətinin sədri Vüsal Hüseynov da bununla bağlı müraciət olunduğu və onunla görüş keçirildiyini bildirib.
    Bəzi deputatların, komitə və xidmət rəhbrlərinin mövcud qanunlara belə qeyri-peşəkar münasibətinə təəssüf edirəm.
    Bildirirəm ki, lazihədə göstərilən məsələləri – yəni, xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının dövlət siyasətini, siyasətin məqsəd və prinsiplərini, bu siyasətin həyata keçirilməsi ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını, “xaricdə yaşayan azərbaycanlılar”, yəni soydaş anlayışını müəyyən edən qanun mövcuddur. Bu, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında haqqında qanun” adlanır və 27 dekabr 2002-ci ildə qüvvəyə minib.
    Həmin qanuna görə, Azərbaycan xaricdə müvəqqəti və ya daimi yaşayan azərbaycanlıların hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. Qanun xaricdə yaşayan azərbaycanlılarla bağlı vətəndaşlıq məsələlərini, onlarla bağlı Azərbaycan Respublikasının iqtisadi və sosial siyasətini, xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının mədəniyyət, dil və təhsil siyasətini, informasiya sahəsində xaricdə yaşayan azərbaycanlılara kömək göstərilməsi qaydalarını, xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikası dövlət orqanlarının fəaliyyətinin maliyyələşdirilməsi qaydalarını, xaricdə yaşayan azərbaycanlılarla bağlı monitorinqin aparılması qaydalarını, onlarla bağlı dövlət siyasətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası dövlət orqanlarının vəzifələrini müəyyən edir.
    Lakin, dəfələrlə qeyd etməyimizə baxmayaraq, bu qanunun tətbiqində ciddi problemlər mövcuddur və müvafiq icra hakimiyyəti orqanları xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasına münasibətdə qanunun tətbiqində maraqlı deyillər.
    Təbii ki, həmin qanun ideal deyil və qanunda çox ciddi dəyişikliyə və əlavələrə ehtiyac var. İlk növbədə soydaş statusunun müəyyənləşdirilməsi qaydası və soydaşlarımız üçün Azərbaycan Respublikasının müəyyən etdiyi güzəştlər, diaspor təşkilarlarının müstəqilliyini müəyyən edən normalar və s. hallar qanunda yer almalıdır.
    Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun qəbul olunmasına deyil, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında qanun”a əlavə və dəyişikliklərin edilməsinə, o cümlədən qanunun adının dəyişdirilməsinə çox ciddi ehtiyac var. Dəstək üçün bəzi deputatlara da müraciət edəcəyəm. Yeni hazırlanan qanun layihəsi mənə təqdim olunarsa, əlavə və təkliflərimi daha detallı qeyd edə bilərəm.
  • “Belə islahat, idarəçilik olmaz” – Sabir Rüstəmxanlıdan etiraz

    “Azərbaycanın bölgələrində islahat adı altında gedən və xalqa məntiqi mənası kifayət qədər aydın olmayan bir məsələ həm millət vəkillərini, həm də camaatı narahat edir. Məsələn, deyək ki, mənim doğulduğum Yardımlı rayonunun İşıq İdarəsini Lənkərana, Qaz və Mədəniyyət idarələrini Masallıya, Əmlak Komitəsinin bölməsini Cəlilabada, Təhsil Şöbəsini digər rayona veriblər. Deməli, Yardımlının idarələri müxtəlif 3 rayonda yerləşdirilib. İndi Məşğulluq İdarəsini də belə etmək istəyirlər. İstəyirlər ki, məşğulluğu Regional Bölgə İdarələrinə versinlər”.
    Respekt.az xəbər verir ki, bu fikirləri “BakuPost”a Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı deyib.
    Millət vəkili qeyd edib ki, bir rayon 3-4 istiqamətdən idarə olunmamalıdır:
    “Eyni rayonun daxili idarəçilik sahələri – təhsil, mədəniyyət, əmlak və kommunal məsələləri hərəsi bir rayona verilir. Təsəvvür edin ki, bir şəxs rayondan çıxır və o həmin gün həm işıq məsələsinə, həm də əmlak işinə baxmalıdır. Əvvəlcə getməlidir Lənkərana, ordan Cəlilabada. Belə idarəçilik olmaz. Bu adamlar yollarda qalırlar. Məşğulluq elədir ki, bir adamın ehtiyacı var, iş axtarır və Məşğulluq İdarəsinə gedir. Orda maraqlanır, ona uyğun iş tapıla bilər, ya yox. Həmin şəxs 2 rayon – 100 km o tərəfə getməlidir ki, ona cavab desinlər. Yoxdursa, deyirlər get, başqa vaxt gəl. Yenə eyni proses. Bunu necə təsəvvür etmək olar? Bir rayondan başqasına get-gəl, amma bir nəticəsi də olmasın. Ötən gün Milli Məclisdə çıxışımda da bu problemi səsləndirdim. Həmkarlarım da məni dəstəklədilər”.
    Deputat ölkəmizdə aparılan islahatların tərəfdarı olduqlarını vurğulayıb:
    “Rayonların ümumi quruluşunda müəyyən dəyişikliklər də ola bilər. Amma olacaqsa, bu şərh edilməlidir. Azərbaycanda vaxtılə Sovet dönəmində buna bənzər hadisələr olub. Rayonlar birləşib, təzədən ayrılıblar, yəni özünü doğrultmayıb. Bu xalqa izah olunmalıdır. Dağ rayonlarına qarşı etinasız münasibət var. Rayonlar digər rayonu qəbul etmək istəmir. Bir adam gedib görüşmək istəyir, deyirlər ki, dağlıdır, gözləsin. Belə şey olmaz. Rayonlara hörmət ilə yanaşmaq lazımdır. Bunun statusu dəyişməyibsə, idarələləri də dəyişməməlidir”.
  • “Bir-iki uşağı da dövlət qayğısına almırıqsa, bizim gələcəyimiz necə olacaq?”- VİDEO

    Milli Məclisin bu gün keçirilən plenar iclasında sosial məsələlər, uşaqpulunun verilməsi ilə bağlı müzakirə zamanı çıxış edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib: “Ölkələr var, əkiz uşaqlara görə ev verilir, daha çox uşaq olanda əlavə təminatlar verilir. Azərbaycanda da var idi, amma unuduldu. Bir-iki uşağı da dövlət qayğısına almırıqsa, bizim gələcəyimiz necə olacaq?”.

    VHP sədri dedi ki, məmur siyahıları əyintilidir: “Gənc ailələrə yardım formasında uşaqpulunun bərpa olunması çox vacibdir. Xahiş edirəm, uşaqpulunun verilməsi bərpa olunsun!”

     

  • Sabir Rüstəmxanlı: “Məmurarın münasibəti əhalinin dövlətə münasibətinə təsir göstərir”

    Milli Məclisdə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

    Deputat Sabir Rüstəmxanlı çıxış edərkən dedi ki, təqdim olunan qanun layihələri xalqın maraqlarının nəzərə alınması baxımından təqdir olunmalıdır. “Amma biz daha çox sənədlərin necə yerinə yetirilməsi ilə maraqlanmalıyıq. Mən hər dəfə deputat seçildiyim rayondan 5-6 məktub alıram, yazırlar ki, 3, ya 4 uşağım var, dövlətdən heç bir yardım almıram. Odur ki, əhalinin ehtiyacı olan insanların dəqiq qeydiyyatı aparılmalıdır. Təqdim olunan sənədlərdə bürokratik əngəllər aradan qaldırılır, mütərəqqi, işin xeyrinə olan addımlar atılıb. Amma yenə də əhalinin müəyyən qismi diqqətdən kənarda qalacaq. Yerlərdəki idarələrdə çalışanların ümumi səviyyəsindən çox şey asılıdır. Təklif edirəm ki, işsiz insanların dəqiq qeydiyyatı aparılsın”.

    S.Rüstəmxanlı daha sonra qanun layihəsinin adına irad tutdu: “Özünüməşğulluq nədir, bilmirəm, yəqin özü-özünə iş tapır”. Daha sonra o, qanunundakı mürəkkəb cümlələri oxumağa başladı: “Hansı dildən alınıb, mən başa düşmürəm. Sadə, aydın dildə yazmaq lazımdır, camaat üçün aydın olsun”.

    S.Rüstəmxanlı iclasda xalqın küçələrə çıxması ilə bağlı səslənən fikirlərə də münasibət bildirdi. “O insanlar ordunu və dövlətə dəstək üçün çıxmışdılar”-S.Rüstəmxanlı bildirdi. Amma çıxış üçün ayrılan vaxt bitdiyi üçün fikrini tamamlaya bilmədi.

    E.Paşasoy,

    Musavat.com

  • Bakı və Ankaranın dünyaya mesajı- Sabir Rüstəmxanlı

    Ermənistan sadəcə Azərbaycanı deyil, Türkiyəni də təhdid edir.

    Bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət vəkili Sabir Rüstəmxanlı “Anadolu” agentliyinə açıqlamasında deyib.

    O bildirib ki, ermənilər bütün dünyada Türkiyə əleyhinə təbliğatlar aparırlar:

    “Türkiyənin ərazi bütövlüyünü tanımırlar və ölkənin şərq hissəsinin onlara aid olduğunu iddia edirlər. Bütün bunları nəzərə alsaq, Türkiyə ilə Azərbaycanın birlikdə hərəkət etməkdən başqa yolu yoxdur”.

    Deputat Türkiyə ordusunun Azərbaycandakı təlimlərini 1918-ci ildə Qafqaz İslam Ordusunun ölkəmizə gəlişi ilə müqayisə etdiyini vurğulayıb:

    “Türkiyə və Azərbaycan arasındakı təlimlər həm hərbi cəhətdən, həm də qardaşlığımızın bir nişanəsi kimi mənəvi əhəmiyyət daşıyır. Eyni zamanda böyük siyasi mənası var. Bu, dünyaya bir mesajdır”.

  • “İnsan beyni doğma dildə çalışmalıdır”

    Avqust ayının 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

    Vətəndaş Həmrəyliyi Partiyasının lideri, millət vəkili Sabir Rüstəmxanlı bu günlə bağlı açıqlamasında bildirib ki, uşaqlara dil öyrədilərkən valideyn öz milli vicdanı qarşısında cavab verməlidir: “3-4 yaşında hansı dildə təhsil almalı olduğunu bilə bilməz. Bunların hamısına valideyn məsuliyyət daşıyır. Niyə öz övladlarını ana dilindən məhrum edirlər? Ana dilindən məhrum olmaq ömrü boyu insanın özünü komfortsuz şəraitdə hiss etməsinə səbəb olur. Çünki düşüncəsi travma alır və yarımçıq qalır. Dünyada çoxdan sübut olunub ki, insan beynində ana dilinin yeri bir ayrıdır. Ona görə də beyin doğma dillə çalışmalıdır. Rus dilinə meyl bir xəstəlikdir. Azərbaycana düşmənçilik iddiasında olanlar dilimizə hörmətsizlik edərək daha çox rus dilinə meyl edilər. Həmçinin rus, erməni qohumu olanlar da bu dövlətdə yaşasalar da, başqa dildə təhsilə üstünlük verirlər”.
    İş yerlərində rus dilinin xüsusi tələb olunmasına gəldikdə isə millət vəkili vurğulayıb ki, elə bir tələb yoxdur və ola da bilməz: “Hər hansı bir şəxs iş üçün müraciət edərkən ondan rus dili tələb olunarsa, o, rus dili tələb edən şəxsi məhkəməyə verə bilər. Çünki dövlət dili Azərbaycan dilidir. Bildirim ki, burada Azərbaycan şirkətlərini nəzərdə tuturam. Beynəlxalq qurumlarda dil tələbi normaldır. Amma Azərbaycan şirkətinin ixtiyarı yoxdur ki, vətəndaşdan belə bir şey tələb eləsin. Şəxs öz dilini mükəmməl, əlavə bir dili isə orta səviyyədə bilirsə, bu, kifayətdir. Niyə məhz rus dili tələb kimi qoyulmalıdır?”.

  • VHP-dən çağırış: Qorumasaq təbiətin cavabı sərt olacaq

    Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycanda ətraf mühitlə bağlı yaranmış problemləri diqqətə gətirəcək bəyanat yayıb.

    Bəyanatda deyilir:  “Dünyanı bürüyən pandemiya təbiətin mühafizəsini bir daha ön plana çəkdi. Bu gün Azərbaycanda su problemi ilə bağlı yaşananlar bir daha ətraf mühit problemini yenidən gündəmə gətirdi. Təəssüf ki, Azərbaycanda təbii ehtiyyatlar, təbiətin qorunması ilə bağlı bir xeyli problem həll edilməmiş qalmaqdadır vəbu sahədə durumun fəlakət həddinə çatmasını gözləmədən təcili tədbirlər görülməlidir. Narahatlıq doğuran ən ciddi problemlərdən biri ölkənin dəniz, meşə və torpaq ehtiyyatları qeyri-qanuni şəkildə istismar edilməsidir. Azərbaycan Xəzər dənizinin sahilində yerləşməklə insanlarımıza və ölkəmizə təbiət böyük bir töhvə verib. Amma Xəzərin çirkləndirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərin dəniz boyunu hasara alması, təbiəti işğalı bu sərvətdən istifadəni məhdudlaşdırır. Eyni proses Milli Parklar və qoruqlarda da baş verir. Milli Parklar və qoruqlar sayı azalmaqda olan bitki və heyvan növlərini mühafizə üçün nəzərdə tutulub. Qoruqlar həm də elmi əhəmiyyət daşıyır. Amma son illər xarici ölkələrdən gələn ov tursitlərinin ölkəmizə ayaq açaraq milli parklarda müxtəlif heyvanların ovuna çıxması ilə bağlı dövri mətbuatda məlumatlar yayılırdı. Pandemiya ilə bağlı sərhədlərin bağlanması bu prosesi dayandırıb. Lakin qanunsuz ov etmə Azərbaycan təbiətinə ziyanı vurub.

    Bu gün isə Milli Parkların və qoruqların vəzifəli və imkanlı şəxslərin təsərrüfatlarına istifadəyə verilməsi haqda da məlumatlar var. Bütün bunlar təbiətə qarşı yanlış davranışlardır və zaman göstərir ki, təbiət ona edilən pisliyi unutmur, cavabı isə çox sərt olur.

    Vətəndaş Həmrəyliyi Partiyası əlaqədar dövlət qurumlarından təbiətə qarşı törədilən qanunsuzluqlarla bağlı qəti tədbirlər görülməsini, bu işdə vəzifəsindən və sosial durumundan asılı olmayaraq heç kəsə güzəşt edilməməsini tələb edir”.

  • Fəzail İbrahimli xarici ölkələrdə yaşayan soydaşlarımıza təmkinli olmaqları ilə bağlı çağırış edib

     Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, Millət vəkili, Vitse spiker Fəzail İbrahimli İnterpress.az-a verdiyi video müsahibədə son günlər soydaşlarımıza qarşı xaricdə baş verən  erməni təxribatından danışıb. Deputat həmçinin xarici ölkələrdə yaşayan soydaşlarımıza təmkinli olmaqları ilə bağlı çağırış edib.

    Millət vəkili ilə müsahibəni təqdim edirik.

  • Neftçalanın ilk şəhidinin məzarı abadlaşdırıldı

    Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğurunda mübarizədə Neftçala rayonu fəal iştirak edib. Həmçinin 1990-cı ilin yanvarında sovet ordusunun yeridildiyi bölgələrimizdən biri də Neftçala rayonu olub. Ötən illər ərzində Neftçala rayonu 200 şəhid verib. Şəhidlərin ruhunu hər zaman əziz tutan Neftçala sakinləri həm pandemiya, həm su qıtlığından irəli gələn bu çətin günlərdə belə, şəhidlərinin xatirəsini unutmurlar.
    Neftçala rayonunun millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının dəstəyi ilə bu günlərdə Neftçala rayonunun ilk şəhidi Gözəlov Əfsər Səttar oğlunun Bankə qəsəbə qəbiristanlığındakı məzarının abadlaşdırılıb. Dəfn olunduqdan sonra yenilənməyən şəhid məzarı üzərində baş daşı qoyulub, məzarın ətrafında abadlıq işləri görülüb. Iyulun 24-də millət vəkili Sabir Rüstəmxanlı və Neftçala rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov şəhid Əfsər Gözəlovun məzarını ziyarət ediblər. Qəsəbə sakinlərinin və rayon fəallarının iştirak etdiyi tədbirdə Sabir Rüstəmxanlı çıxış edərək Neftçala rayonunun Milli Azadlıq Hərəkatında və Birinci Qarabağ savaşında fəal olmasından, bu gün şəhidlərə göstərilən sayğıdan danışıb.

    IMG_4785

     

  • Sabir Rüstəmxanlıdan Dünya Azərbaycanlılarına çağıış: erməniləri diplomatiya və hərb meydanında məğlub edək

    Ermənistan hakimiyyətinin təcavüzkar siyasəti nəticəsində cəbhədə yaşanan gərginlik artıq bölgə sərhədlərini aşmaqdadır. Azərbaycan Respublikasının enerji layihələrinə təhlükə yaratmaq cəhdi, Tovuz rayonu istiqamətində törədilən hərbi təxribat, ölkəmizin dövlət sərhədlərinə açıq-açığına təcavüz erməni siyasətinin iç üzünü aşkarlamaqla yanaşı, böyük enerji layihələrinin gerçəkləşdiyi bölgədə mümkün hərbi gərginliklə bağlı dünya ölkələrində də narahatlıq yaratdı. Beynəlxalq təşkilatların və böyük dövlətlərin son olaylarla bağlı mövqeyində də ilk dəfədir ki, zəif şəkildə də olsa Azərbaycanın mövqeyi dəstəklənir və Ermənistanın işğalçılıq siyasəti pislənir. Eyni zamanda,Tovuz döyüşləri Azərbaycan ordusunun düşmənə layiqli cavabı fonunda Azərbaycan xalqının düşmənə qəzəb, torpaqlarımızın azad olunması uğrunda mübarizə qətiyyəti ilə müşayət olundu və bütün dünya torpaq məsələsində xalqımızın güzəştə getməyəcəyinin şahidi oldu.
    Uğursuz hərbi-siyası addımlar həm Ermənistan hakimiyyətini, həm də erməni diasporunu çıxılmaz duruma salıb. İflasdan başını itirən işğalçı hər cür təxribata və hiyləyə əl atır. Son günlər dünyanın bir çox ölkələrində ermənilərin azərbaycanlılara hücumları, insanlara xəsarət yetirilməsi də bu hiylə və təxribatın tərkib hissəsidir. ABŞ və Avropa ölkələrində vandal erməni diasporasının üzvləri tərəfindən soydaşlarımızın döyülməsi heç şübhəsiz hər bir azərbaycanlıda qəzəb və qisas hissi yaratdı. Baş verənlərə cavab olaraq bir neçə şəhərdə Azərbaycanlı icması ilə təxribatçı ermənilər arasında qarşıdurma yaşanmış, onlara adekvat cavab verilnişdir
    Əziz soydaşlarımız! Bacılar və qardaşlar!
    Yaşanan olaylar ermənilərin “Azərbaycanlılarla birgə yaşamaq mümkün deyil”, “Azərbaycanlılar ermənilərə qarşı Qafqazdan kənarda da nifrət hissi ilə yaşayı”, “Bu xalq vəhşıdir” təbliğatını aparmağa, öz adını bizə qoymağa hesablanmış təxribatdır. Hadisələrin ermənilərin vəhşiliyi və pozuculuq fəaliyyətindən qaynaqlanmasına baxmayaraq, bu kimi yanlış ictimai rəy yaradılmasına imkan verməməliyik!
    Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlının Vətən, Qarabağ yanğısı qürurvericidir. Amma Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı hərb və diplomastiya meydanında həll olunaqcaq! Minlərlə vətəndaşımızın qısa müddətdə könüllü olaraq döyüşməyə hazır olduğunu bildirməsi bunun bariz nümunəsidir!
    Əziz soydaşlarımız!
    Sizlərin vətən sevginizi və mübarizə əzminizi bir daha alqışlayaraq Sizi hər hansı erməni təxribatına uymamağa, yaşadığınız ölkədə Qarabağ savaşına hüquqi və diplomatik yolla dəstək verməyə çağırıram. 50 milyonluq Azərbaycan xalqının bütöv yumruq halında birləşməsi böyük qələbəmiz deməkdir!
    Yaşasın Azərbaycan!

    Sabir Rüstəmxanlı
    Dünya Azərbaycanlıları Konqresinin həmsədri,
    Azərbaycanın Xalq şairi,
    Millət Vəkili.