Vətəndaş Həmrəyliyi Partiyası

Category: Slayder

  • Kür qoruyur: Ekoloji fəlakət hər gün böyüyür

    VHP Mərkəzi İcra Aparatının rəhbəri, ictimai fəal Samir Əsədli Salyan rayonunda qarşılaşdığı bir fakta- Kür çayının azalmasına diqqət çəkib.

    Gununsesi.org xəbər verir ki, Samir Əsədli Kür çayının suyunun azaldığını və nəticədə çayda kiçik adalar yarandığını deyib:

    “Ölkə yeni bir təbii fəlakət astanasındadır. Kür çayında suyun səviyyəsi azalmaqda davam edir, bunun nəticəsində Xəzərin duzlu suyu Kürə axır və bu duzlu su getdikcə irəlləməkdədir. Artıq 30 km-dən artıq məsafədə Kürün suyu duzlaşıb. Problem Neftçala rayon hüdudlarını aşmaqdadır. Kənd təsərrüfatı, əkin sahələri məhv olur. İnsanlar uzun su növbələrində, heyvanlar və quşlar su tapmır içməyə. İri buynuzlu heyvanlar suzuzluqdan ölürlər. Kürün quruması təkcə Neftçala üçün yox, ölkə üçün ciddi problemə çevrilir. Hələ ki, ciddi nəticə yoxdur. Ekoloji fəlakət hər gün böyüyür”.

     

  • Neftçalada acınacaqlı vəziyyət, rayonda içməli su problemi yaşanır

    Neftçalada vəziyyət təsəvvür olunduğundan da pisdir. Kür çayının duzlaşması artıq Qədimkənd kəndinə kimi gəlib çatıb.

    Müstəqil.Az bildirir ki, bu sözləri Vətəndaş Həmrəyliyi Partiyasının İcra Aparatının rəhbəri Samir Əsədli özünün sosial şəbəkədəki divarında qeyd edərək, əlaqədar təşkilatların eşitməsi üçün həyəcan təbili çalıb.

    Kür çayında suyun səviyyəsi artmasa dənizin duzlu suyu Salyana çata bilər. Buna çox az qalıb. Problem Kürün deltasının düzgün qazılıb təmizlənməməsidir. Delta küləyin vurduğu istiqamətdə qazılıb və bunun nəticəsində külək duzlu suyu qovub  Kürə tökür. Heyvanlar, quşlar içməyə su tapa bilmir. Kürün üzərində uçuşan, susuzluqdan əziyyət çəkən  quşları görəndə insanın ürəyi ağrıyır. Ətrafdakı canlılar, quşlar və heyvanlar susuzluqdan nə edəcəklərini bilmir.

    Çöl göyərçinləri Kürün üzərində dövrə vurub, susuzluğa tablamayıb özləini yerə çırpırlar, sanki intihar edirlər. Təbiır məhv olmaqdadır. Ürək ağrısı ilə seyr edirdik…
    İnsanlar da uzun -uzadı  su növbələrinə durublar. Əhaliyə içməli su satan  maşınlar  da olduqca baha qiymətə gəlir. Hər adamın da bu qiymətə su almağa gücü çatmır.

    Bir sözlə bu gün Neftçala çox ağır durumdadır.
    Bütün bu problemlər məmur səriştəsizliyi üzündən baş verib, – yazır Samir Əsədli.

    Müstəqil.Az

  • Əbülfəz Elçibəyin anadan olmasından 82 il ötür

    Bu gün Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günündür.

    Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. O, 1988-ci ildə Azərbaycanda başlayan xalq hərəkatının öndərlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.

    1992-ci ildə prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə gedib. Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyinin sədri kimi davam etdirib.

    Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında dünyasını dəyişən Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.

  • Ukrayna prezidenti soydaşımızı Odessa vilayətinin hakimi təyin edib

    Səfərova Anjelika Fərhad qızı

    Ukrayna Prezidenti Vladimir Zelenski 27 yerli hakimin təyinatı haqqında fərman imzalayıb.

    Ukrayna Prezidentinin rəsmi saytına istinadn KİV xəbər verir ki, təyin olunan yeni hakimlər 13 vilayəti əhatə edir.

    Yeni hakimlər arasında soydaşımız da var. Prezidentin fərmanı ilə Səfərova Anjelika Fərhad qızı Odessa vilayətinin Kominternovsk rayonunun hakimi təyin olunub.

    Anjelika xanım əslən Qərbi Azərbaycandandır, Türkmənistanda doğulub

  • Partiya, redaksiya və QHT-lərdə karantin günləri – açıqlama

    Təşkilatlar fəaliyyətsiz qalmamağa çalışır, redaksiyalara məhdud sayda əməkdaşlar gəlir, digərləri evdən işləyir…

    Azərbaycanda iyunun 21-dən etibarən gələn ayın 5-nə qədər koronavirusla bağlı xüsusi karantin rejimi tətbiq olunub. Bu müddət ərzində partiyaların qərargahlarının, redaksiyaların, eləcə də QHT-lərin ofislərinin açıq olub-olmayacaqları, onların necə fəaliyyət göstərəcəkləri ilə maraqlandıq.

    Şəfəq Qulusoy

    VHP Ümumi Şöbəsinin müdiri Şəfəq Qulusoy toplantıları təxirə saldıqlarını bildirdi: “Vətəndaş Həmrəyliyi Partiyası karantin rejiminin tətbiqi ilə əlaqədar partiyanın bütün toplantılarının təxirə salınması haqqında qərar qəbul edib. Hər hansı bir məsələ ilə bağlı müzakirə aparmaq, qərar vermək üçün lazım olduqda onlayn qaydada müzakirələr aparılır və müvafiq qərarlar qəbul edilir. Fəaliyyətimizi təbii ki, məhdudlaşdırmışıq. Qərargahda yalnız Mərkəzi İcra Aparatının rəhbəri və işlər müdiri əyləşir, digər əməkdaşlar isə karantin müddətində işə gəlməkdən azad edilib. Ola bilsin ki, bu karantin müddətində, ondan sonrakı müəyyən dövrdə də partiyanın fəaliyyəti məhz bu şəkildə həyata keçiriləcək”.

    Fuad Əliyev

    ALDP rəhbəri Fuad Əliyev işlərini davam etdirdiklərini söylədi: “Yenidən iki həftəlik karantin rejimi elan olunmasına baxmayaraq, biz ALDP olaraq tam fəaliyyətsiz qalmamağa çalışırıq. Təbii ki, bunu özümüzün və digərlərinin sağlamlıqlarını təhlükəyə ata biləcək karantin şərtlərini pozmamaq şərti ilə edirik. Müasir texnologiyaların yaratdığı imkanlardan istifadə edərək, artıq ənənəvi onlayn iclasları keçiririk. Buna baxmayaraq, həm mən, həm də partiya rəhbərliyinə daxil olan şəxslər imkan olduqca partiyanın ofisində də oluruq. Amma partiya üzvlərimizə qərargaha gəlməyə yasaq qoymuşuq.

    Bir daha qeyd edirəm ki, ALDP üçün hazırda ən vacib məsələ xalqımızın sağlamlığı və təhlükəsizliyidir. Odur ki, bu istiqamətdə üzərimizə düşəni edirik və bundan sonra da edəcəyik. Artıq xəstəxanalarda yer olmadığına görə koronavirus xəstələri də qəbul etmirlər, deyirlər ev şəraitində müalicə alın. Ona görə karantin şərtlərinə qeyd-şərtsiz əməl etməyi vətəndaşlardan xahiş edirəm”.

    Novella Cəfəroğlu

    Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu: “Hər gün deyil, günaşırı işə gedirik. Mən evdə qalacam. Hərdənbir gedəcəyəm. Amma işçilərimizdən iki nəfər ofisdə olacaq. Onlar da daimi deyil, günaşırı işə çıxacaqlar. Bizim icazəmiz var. O imkan verir ki, günaşırı işə çıxaq”.

    Akif Aşırlı

    AĞ Partiyanın başqan müavini Rüfət Hacıbəyli: “Partiyamızın qərargahı hazırda işləyir. Əvvəlki günlərə nisbətən az olsa da üzvlərimiz gəlir. AĞ Partiya rəhbərliyində təmsil olunan şəxslərin əksəriyyəti karantin günlərində Bakı şəhərində olacaqlar. Partiyanın qərargahında iclaslarımızı və tədbirlərimizi karantin qaydalarına uyğun olaraq keçiririk”.

    “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “Qəzetimizdə işlər əvvəlki qaydada davam etdirilir. Təbii ki, müəyyən tədbirlər görmüşük. Əməkdaşlarımız işə çıxırlar. Elə bir problem yoxdur. Hamısı əmək müqaviləsi ilə işləyən insanlardır. Onların hər birinin elektron icazələri var. Qəzet işini davam etdirir, saytımız isə operativ şəkildə yenilənir. Ciddi bir problemimiz yoxdur”.

    “Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanlı bildirdi ki, redaksiyaya günün məsul redaktoru və məhdud sayda müxbirlər gəliblər: “Digər əməkdaşlar evdən çalışırlar. Redaksiyaya minimal sayda əməkdaşın gəlməsinə qərar vermişik. ”Yeni Müsavat” qəzeti əvvəlki qrafik üzrə çap olunacaq, Musavat.com saytı da ənənəvi qaydada – operativ şəkildə fəaliyyətini davam etdirir”.

    Cavanşir ABBASLI,
    “Yeni Müsavat”

  • Kür sahilindən görünən Turan.

    Ziyalılıq nədir? Bu barədə çox yazılıb, mən də yazmışam və indi yazdıqlarımı təkrar etmək niyyətim yoxdur. Ancaq bir əlavəyə ehtiyac duyuram. Məncə, ziyalılığın əlamətlərindən biri də özünü dərk etmək, milli kimliyini bilmək, xalqının keçib gəldiyi tarixi dərindən öyrənmək və başqalarına da öyrətməkdir.
    Keçmişini bilən insan tarix axarının, uyğarlıqların əvəzlənmələrinin, xalqların qalxma və enmələrinin qanuna uyğunluqlarını da dərk etməyə çalışır. Çalışır deyirəm, çünki, tarixdə qanunauyğunluğ və məntiq axtarmaq çoxlarına mənasız görünür. Bu barədə yetkin bir fikrə gəlmək hələ ki, münkün olmamışdır. Tarixçilərin bir bölümü keçmişin yalnız təsadüflərlə və xaotik olaylarla idarə olduğunu iddəa edir və bunu əsaslandırmağa çalışırlar. Lakin hər halda tarix fəlsəfəsi müəyyən ümumiləşdirmələr aparmış və xalqların inkişaf yollarının, tarixi proseslərin bi sıra nəzəri əsaslarını bəlirləmişlər.
    Bu qarışıqlıq tarixçilər üçün bir sıra çətinliklər yaratdığı kimi; eyni zamanda, onları qəlibə düşmək təhlükəsindən, düşüncələrini, elmi mülahizələrini nəzəri çərçivələrə salmaq məcburiyyətindən xilas edir. yaradıcılıq təxəyyülü üçün meydan açır.
    Azərbaycan- Türk- Turan tarixi dünya tarixinin nisbətən az öyrənilmiş sahələrindəndir. Yazılı mənbələrin azlığı və olanların da mübühisələr doğurması, bir sıra hallarda da düşmən müəlliflər tərəfindən və çeşidli dini, siyasi, irqi təsirlər altında qələmə alınması bu tarixin üstünə qat-qat pərdələr çəkmişdir. Bəzən o pərdələri qaldırmaq istəyənlərin dəqiq olmayan yazıları da məsələyə aydınlıq gətirməkdənsə əlavə bir pərdəyə çevrilir, yeni suallar yaradır.
    Neftçala ziyalı rayonudur, alimləri, şair və nasirləri, rəssamları, pedaqoqları, jurnalistləri, müxtəlif sənət sahələrində önə çıxan tanınmışları vardır. Seçki günlərində də xeyli dəyərli insanla tanış oldum, ünsiyyət qurduq. Həmin insanların ən maraqlılarından biri araşdırmaçı, folklorçu, türk və dünya tarixinin mahir bilicilərindən olan adaşım Sabir Müseyib oğlu Abüzərovdur. Seçkilərlə bağlı Neftçalaya getdiyim ilk gündəcə çay süfrəsi ətrafında Şərq və Türk tarixi ilə bağlı xeyli söhbətimiz olmuşdu. Milli hərəkat zamanından, uzaqdan-uzağa tanıdığım bu adamın həmin söhbətdə tamam ayrı keyfiyyətləri üzə çıxmışdı; daha doğrusu, rayonlarımızın hər hansı birində tariximizi bu qədər dərindən bilən bir şəxslə rastlaşmağım mənim üçün gözlənilməz olmuşdu. Bu söhbət bizim yaxınlığımızın, dostluğumuzun təməlinə çevrildi. O ilk söhbətdə mənə ən çox xoş gələn Sabir bəyin Neftçalada, necə deyərlər əyalətdə yaşaya-yaşaya bu qədər tarixi mənbələri əldə edə bilməsi, ələk-vələk eləməsi, araşdırması və toxunduğumuz bütün məsələlər haqqında özünün şablonlardan uzaq, müstəqil fikrinin olması idi.
    Seçki dövründə də, sonralar da dialoqumuz davam etdi. Buna görə də Sabir Müseyib oğlunun “Turan” adlı, əlyazma hüququnda olan kitabını bir çox elm mərkəzlərinin rəsmi qrifləri altında buraxılan akademik nəşrlərindən daha artıq maraqla və məmnuniyyətlə oxudum.
    Sabir Abuzərov 1958-ci ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olmuşdur. 1980-ci ildə Bakı Dövlət Universitetinin Mexanika- riyaziyyat fakultəsini bitirmişdir. Bir müddət rəsmi işlərdə – Rayon İcra hakimiyyətində təlimatçı və şöbə müdiri vəzifələrində çalışsa da müəllimlik peşəsindən ayrılmamışdır. Riyaziyyat müəllimi olsa da ömrü boyu tariximizi araşdırmaq onun əsas məşquliyyətlərindən biri olmuşdur; mənə bağışladığı “Turan” kitabı da həmin araşdırmaların nəticəsidir.
    Kitabın janrını, toxunulan sahələrin hüdudlarını dəqiq müəyyənləşdirmək çətindir. Ona görə də “Turan” adı əsərin məzmununu ifadə etmək baxımından düzgün seçilmiş addır. Çünki, bu araşdırmalarda, əslində Çin səddindən tutmuş Aralıq dənizinə qədər Türk – Turan dünyasının bütün geniş coğrafiyası əhatə edilir. Türk tarixi və Şərq mifalogiyasının “ipuclarına”, ən həssas, mübahisəli və aydınlaşdırılması zəruri olan mövzu və məqamlarına toxunulur. Bu üfuqi xəttin genişliyi qədər də kitabda çox dərinliklərdən gələn şaquli bir xətt var. Nuhun tufanından başlanan uzun bir əsatir, nağıl və real tarix yolu izlənilir.
    Mənə görə Sabir bəyin seçdiyi yol mübahisə doğurmamalıdır. Azərbaycan-Türk varlığından danışarkən folkloru kənarda qoymaq yalnışdır. Tarixin ən uzaq həqiqətlərinin zaman keçdikcə mifə, nağıla çevrilməsi danılmazdır. Folklorda, özəlliklə yazıya qədərki əsatir və dastanlarda çeşidli siyasi-dini mühitlərin örtükləri, yamaqları və tozu altında uzaq, lakin canlı və real bir tarixin olduğunu kimsə inkar edə bilməz. Buna görə də tarix araşdırmalarında bu başlanğıc mənbəələri kənarda qoymaq düzgün deyil. Bu şərtlə ki, arıtlanma işi diqqətlə aparılsın, tarixin izləri ilə təxəyyülün izləri bir-birinə qarışdırılmasın… Bəlkə elə buna görə də Sabir bəyin kitabı Məlikməmməd nağılının, xeyirxah və şər qüvvələrin, sehirli quyuların, o quyuların sahibləri olan divlərin, qırxıncı otaqların. hörüklərindən asılan qızların hansı inanc sistemlərinə, coğrafi və tarixi köklərə bağlı olduğunu araşdırmağla başlanmışdır. Çənlibel, Koroğlu, Dədə Qorqud, Oğuz xan motivlərinin kitab boyu çeşidli baxış bucaqlarından və müxtəlif tarixi mənbələr işığında gözdən keçirilməsi də folklorla, xalq ədəbiyyatı ilə, əsatirlərlə real yaşantılar, olaylar arasında mövcudluğu şübhə doğurmayan körpülərin, bağların aşkarlanmasına xidmət edir.
    Kitabda ən çox araşdırılan türk dünyasının uc bölgələri – Ərgənəkon, Altay, Uyqur dünyası ilə yaxın şərqin Şumer, Hurri, Mitanna, Quti- Sak-Manna, yəni Bütöv Azərbaycan bölgəsidir. Bu uc bölgələri birləşdirən böyük ipək yoludur. Və tarixin bir çox böyük olayları məhs bu yollardan keçib getmişdir.
    Sabir bəyin niyyəti Turan dünyasının neçə min illik tarixini ardıcıllıqla yazmaq deyildir. Bu tarix haqqındakı bəlgələri, sənədləri , araşdırdığı mənbələri üzə çıxarıb oxuculara təqdim etməkdir. Müəllifin aydın və iddəalı bir mövqeyi var, bu kitabla deyir ki, “ mənim göstərdiyim mənbələr nəzərə alınmasa və mənim toxunduğum məsələlər kənara qoyulsa Azərbaycan-türk tarixi yazıla bilməz, yazılsa da əyrisi düzündən çox olar”. Bu baxımdan müəllifin nə qədər ciddi bir iş gördüyünü təsəvvür etmək üçün kitabdakıə başlıqların bəzilərinə nəzər salmaq yetərlidir: “Çənlibel”, “Şıfrələnmiş tarix”, “Haça zirvələrdə yaşayan işıq Koroğlu”, “Tür iduq yeri- subi”, “Ərgənəkon”, “Mesu vilayyəti və ya Çənlibel”, “Ön Asiyada dəmir inqilabı və ya süvariliyə keçidin Koroğlu hərəkatında müstəsna rolu”, “Koroğlu hərəkatı Assur çarlığına qarşı eradan əvvəl 9-7-ci əsr Ön Asiya hadisəsidir”, “Saklar”, “Sak və ya Uyğur”, “Suriyada üçlü dövlətin izləri”, ”Kitabi Dədə Qorqud”da “üçlü dövlət”in izləri”, “Türklər”, “Mitanna dövləti”, “Dinlərin əvəzlənməsi və ya “Kitabi Dədə Qorqud” hadisələrinin sonu”, “Xurritlər”, “”Kitabi Dədə Qorqud” obrazlarının kosmik mənşəyi” , “Nuhun tufanı, tufandan sonra yer üzünün yenidən bölüşdürülməsi – beynəlxalq pakt”, “Etrusklar”, “Tarixin dan yeri, Allahların müharibəsi və simvolların əbədi mübarizəsi”, “Türk millətini qorumaq üçün Oğuz Xaqanın əjdahanı öldürməsi”, “Altaylartın ən ulusu”, “ Tarixdə “sözsüzlük” və ya “sözsüz” qaranlıq dövrlər”, “Doğan günəşə sarı açılan çadırlar” və sair. Mən bu başlıqları misal çəkməklə Sabir bəyin araşdırma çevrəsinin genişliyini göstərməyə çalışdım. Onun bu mövzuları araşdırarkən gəldiyi nəticələri incələmək niyyətim yoxdur. Mənim məqsədim Kür qırağında riyaziyyat müəllimi işləyən bir qeyrətli, həqiqətsevər, mübariz aydınımızın nə qədər böyük bir iş gördüyünü və bu yolla uydurma tarix quraşdıranlara riyaziyyat dərslərinə bənzər bir ibrət dərsi verdiyini nəzərə çatdırmaqdır. Kitabda mübahisəli məsələlər də ola bilər və şübhəsiz ki var, əsas bu deyil əsas Sabir bəyin Azərbaycan – Türk tarixinə yanasmasının, əsas götürdüyü konsepsiyanın düzgünlüyüdür. Kitabda istifadə olunan ədəbiyyatın coğrafiyası genişdir. Burada Türk, Rus, Avropa alimlərindən bol-bol sitatlar gətirilir, sözlərin etimaloji araşdırılmasında Türk və Hind- Avropa dilləri tez-tez qarşılaşdırılır.
    Sabir bəyin müxtəlif illərdə qələmə aldığı yazıları toplayıb, tərtib edən Neftçalanın başqa bir dəyərli ziyalısı, tələbəlik dostum, rayonun “Gündoğar” qəzetində işləmiş və bir müddət onun redaktoru olmuş, əyalətdə yaşaya-yaşaya respublikanın ən iti qələmli jurnalistlərindən biri kimi tanınan Əlövsət Əliyevdir. Əlövsət bəy yazdığı ön sözdə yığcam şəkildə kiyabın dəyərini dəqiq müəyyənləşdirmişdir:
    – “ Sabir Abuzərovun “Turan” tədqiqat əsəri ilə böyük maraq və heyrət hissi ilə tanış oldum. Müəllif xalqımızın, dövlətçiliyimizin köklərini, etnogenezisimizdəki aparıcı türk soylarını və tayfalarını araşdırmaq üçün müxtəlif əsərləri nəzərdən keçirir, müqayisələr aparır, özünə məxsus maraqlı nəticələr çıxardır. Maraqlıdır ki, o, oxucuya şəxsən nəsə diktə etmir, nəyisə isbata çalışmır sadəcə ayrı-ayrı əsərlərdən gətirdiyi misallarla onu düşünməyə vadar edir, fikri müəyyən versiyalara yönəldir… Amma bu qədər ədəbiyyatı nəzərdən keçirib, maraqlı paralellər aparmağın özü də böyük bir hünərdir. … Əsərin qayəsi, əhəmiyyəti olduqca böyükdür. Bunu nəzərdən keçirdikcə xalqımızın nəhəngliyinə, tariximizin qədimliyinə ürəkdən inanır, əzəmətimizə heyran qalırsan”.
    Söhbətlərimizin birində Neftçalanın başqa bir ziyalısı, ensiklopedik bilik sahibi, mütaliəsinin genişliyi ilə məni heyrətləndirən Etlbar Əbilov Sabir Abuzərovun insani keyfiyyətlərini, xarakterini, təvazökarlığını bir neçə sözlə dəqid ifadə etmiş, “o, abırlı adamdır.” demişdi. Məncə, ziyalılığın bir göstəricisi də elə bu abır məsələsidir.
    “Turan” kitabı mənə bu bölgənin dahi oğlu Əli bəy Hüseynzadə Turanı xatırlatdı. Türklüyü kimlik anlayışından milli ideologiyaya, siyasi xəttə- Turançılığa qədər böyüdən Əli bəy Hüseynzadəyə dostları “zəmanənin rəsulu” deyirdilər. O da Kür kənarında doğulub, böyümüşdü. O vaxtdan vətənimizin bu bölgəsində həyatını, yaradıcılığını türklük şüurunun inkişafına, dövlətimizin müstəqilliyinə və möhkəmləməsinə sərf edən, qurban verən xeyli ziyalı, görkəmli şəxsiyyət yetişmişdir. Mən Sabir Abuzərlini də Əli bəy Hüseynzadə yolunun davamçılarından və onun ruhunu yaşadanlardan biri hesab edirəm.

    Sabir Rüstəmxanlı
    22. 06. 2020

  • Bütövlükdə bu kənd bələdiyyə sədri Əlibala Səlimovdan çox narazıdır.

    “Neftçala rayonunun Xolqaraqaşlı kəndində camaatla bələdiyyə sədri arasında ciddi narazılıq var”.

    Bunu Modern.az-a adıçəkilən kəndin bələdiyyə üzvü Vəfa Nağı və bələdiyyə sədri Əlibala Səlimov arasında yaranmış münaqişədən danışarkən Neftçala rayonun deputatı Sabir Rüstəmxanlı deyib. O qeyd edib ki, Əlibala Səlimov təcrübəli şəxsdir, sovet dövründən qalma kadrlardandır, vaxtilə kolxoz sədri və SSRİ Ali Sovetinin deputatı olub:

    “Səlimov cavan yaşından rayonda hörmət qazanıb və buna görə indiyə qədər üzdədir. Lakin bu gün camaatla Əlibala Səlimov arasında ciddi konflikt var. Epidemiya səbəbindən həmin kəndə gedib, məsələ ilə daha yaxından tanış ola bilmədim. Əslində bu mənim işim də deyil. Çünki bələdiyyə sədrini camaat özü seçib, indi isə narazılıq edir. Hər bir halda onu bilirəm ki, narazılığın kökündə Səlimov haqqında mənfi iddialar dayanır. Əhali deyir ki, Səlimov həm camaat üçün ayrılan bələdiyyə torpaqlarından, həm örüşlərdən, həm də əkinə yararlı sahələrdən öz şəxsi mənafeyi üçün istifadə edir. Oğluna torpaq sahələri verib. Bir neçə dəfə camaatın bələdiyyə sədrinə etirazı əks etdirən videolar yayılıb, mənə də göndəriblər. Rayon rəhbərliyinin də bundan xəbəri var və narazlılıq dalğası getdikcə böyüyür.

    Bələdiyyə sədrinin fəaliyyətindən narazı olan şəxslərdən biri də Vəfa Nağıdır. O həmin kənd bələdiyyəsinin üzvüdür və rayonun fəal qadınlarından biridir. Qadın hüquqlarını müdafiə etməsi ilə tez-tez gündəmə gəlirdi. Amma eyni zamanda, camaatla birlikdə kəndin haqlarını da tələb edir.

    Bələdiyyədə də hər şeyin şəffaf olmağını istəyir. Münaqişə buradan başlayıb.

    Vəfa Nağının tələbinə cavab adekvat olmayıb. Bələdiyyə üzvü hesabatı, yaxud başqa nəyi isə tələb edirsə, bələdiyyə sədri, onunla hər şeyi açıq-aydın müzakirə edib, həll edə bilər. Ona görə burada bələdiyyə sədrinin təqsiri olub. Vəfa Nağının böyüdülmüş fotolarını kəndin müxtəlif hissələrində yapışdırıblar. Bələdiyyə üzvü dənizə də gedə bilər, bu fotolar heç nə demək deyil. Şəxsi məsələləri bu şəkildə ictimailəşdirmək olmaz. Söhbət bələdiyyənin işinin şəffaflığından, torpaqların düzgün bölünməsindən gedirsə, buna qanun-hüquq çərçivəsində, mədəni şəkildə cavab vermək lazımdır. Bu fotonu kim yayıbsa, elə həmin kənddəki kişilərə yaraşan iş deyil. Camaatın bunu necə qəbul etdiyini bilmirəm, amma mənim mövqeyim budur”.

    Sabir Rüstəmxanlı onu da əlavə edib ki, bələdiyyə seçkilərində camaat etimad edib, Əlibala Səlimovu bələdiyyəyə seçibsə, bu o demək deyil, səlahiyyətindən, bələdiyyənin imkanlarından fərqli formada istifadə edə bilər:

    “Əslində Vəfa Nağının məsələsi fikri yayındırmaq üçün ortaya atılıb. Bütövlükdə bu kənd bələdiyyə sədrindən çox narazıdır. Neçə aydır, kənd camaatı sakitləşmək bilmir. Hər gün yığışırlar, məktublar yazırlar, icra hakimiyyətinə müraciət edirlər. Narazılıq pik həddə çatıb. Ona görə, Vəfa Nağının məsələsini ortaya atıblar ki, narazı camaatın fikrini yayındırsınlar. Əslində isə Vəfaya deyil, kənd camaatına cavab vermək lazımdır. Camaatla bələdiyyənin münasibətləri araşdırılıb, aydınlaşdırılmalıdır”.

    Xatırladaq ki, bir neçə gündür Neftçala rayonunun Xolqaraqaşlı kəndində bələdiyyə üzvü Vəfa Nağı ilə bələdiyyə sədri Əlibala Səlimov arasında münaqişə yaşanır. Vəfa Nağı üzvü olduğu bələdiyyənin maliyyə hesabatı ilə tanış olmaq istəyib.
    Bələdiyyə sədri isə onun tələbinə qarşı çıxaraq, qadının çimərlik şəklini dayanacaqlara yapışdırıb. Bu qalmaqaql artıq sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

    Aysel Aslan
    Modern.az

  • Vitse-spiker Fəzail İbrahimli milli qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət edib

    Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhadət günüdür. Bu münasibətlə Milli Məclis sədrinin müavini, VHP sədrinin müavini Fəzail İbrahimli Milli Qəhrəmanın məzarını ziyarət edib.

    19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.

    Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.

  • Sabir Rüstəmxanlı Neftçala ilə bağlı həyəcan təbili çaldı

    Milli Məclisin bugünki plenar iclasında deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı büdcədən qənaətlə istifadə ilə bağlı fikirlərə toxunarkən bildirib ki, o qənaətin bəzən faciəli nəticələr doğuracağını nəzərə almalıyıq.

    VHP sədri Sabir Rüstəmxanlı Neftçaladakı su problemindən də danışıb və təcili tədbirlər görməyə çağırb: “Bu gün Neftçalada Salyana qədər hətta heyvanların belə içməsi üçün su yoxdur. Hansı ki, keçən il Prezident 5 milyon vəsait ayırıb içməli su kəməri ilə bağlı, amma problem həll olunmayıb. 12 su maşını ilə 80 min nəfərlik rayonu su ilə təmin etmək olmaz. Heyvanlar camaatın gözü qabağında susuzluqdan qırılır, əhali içməyə, əl-üzünü yumağa su tapmır. 5 milyona su kəməri çəkilsəydi, insanlar bu vəziyyətdə qalmazdı. Kürün suyu kəskin şəkildə azalıb, Xəzərin şor suyu Kür suyuna qarışıb. Mən burdan Neftçala camaatının adından həyəcan siqnalı çalıram. Bu məsələ vaxtında həll olunmalıdır, süni yollarla camaatımızı narazı salmalı deyilik”.

    E.Paşasoy,
    Musavat.com

  • Sabir Rüstəmxanlıdan Kamil Vəliyə cavab: “Millətimizin bu cür aşağı tutulmasının tərəfdarı deyiləm”

    “Erməni qədər bizə çox yaxın (mədəniyyət, məişət, zövq…) ikinci bir millət yoxdur”. Bu fikirləri Azərbaycan-Avrasiya Araşdırmalar Mərkəzinin rəhbəri, professor Kamil Vəli Nərimanoğlu bildirib.

    Azərbaycanlı alim daha sonra qeyd edib: “Bir əsas fərqlə. Biz ailəmizin vurğunuyuq, ermənilər öz millətini sevirlər, ona fəda olurlar… Biz ailə, qadın, qız, bacı, gəlin qeyrətini müqəddəs bilirik, erməni vətən qeyrətini müqəddəs bilir”.

    Azərbaycanlı alimin fikirləri birmənalı qarşılanmayıb. Cənubi Qafqazın “qarayara”sına çevrilən, demək olar ki, bütün qonşularına qarşı ərazi iddiaları ilə çıxış edən, Azərbaycan torpaqlarında böyük güclərin dəstəyi ilə dövlət quran və bununla kifayətlənməyərək, digər ərazilərimizə də sahiblənməyə cəhdlər göstərən ermənilərin üstün keyfiyyətlər sahibi, üstəlik, bizə yaxın toplum kimi təqdim olunması tənqidi reaksiyalara səbəb olub.

    Deputat Sabir Rüstəmxanlı “Yeni Müsavat”a açıqlamasında Kamil Vəli Nərimanoğlunun fikirləri ilə tanış olduğunu bildirdi: “Bunu Mirzə Cəlil də yazıb, Mirzə Fətəli Axundzadə də. Nəsimədən üzü bəri ermənilərlə bağlı yazılıb. ”Əsli və Kərəm”-filan. Ermənilərlə bizim münasibətlərimizin yaxşı vaxtlarında yazıblar. Tarix boyu normal münasibətlər olub. Ermənilərlə bizim aramızda ziddiyyətlər və düşmənçilik, türkə erməni düşmənçiliyi əslində gizlin şəkildə kilsənin apardığı siyasətdə var idi. Amma bu, daha çox 18-ci yüzildən başlayıb – Rusiyanın cənuba doğru genişlənmək siyasəti və burada özünə həmfikir, ona yardım edən qüvvələr axtarmağa başlamasından. Bu zaman da daha çox xristianlıq amili əsas götürülüb, onunla eyni dindən olan gürcülərə və ermənilərə bel bağlayıb, onlarla əməkdaşlıq edib, müdafiə edib, türklərə və İslam dünyasına qarşı bəsləyib. 19-cu yüzildə Türkiyədə, Anadoluda açılan amerikan məktəbləri və Avropadan buraya gələn missioner təşkilatlar həm yunanlar, həm ermənilər arasında iş aparıb. Onlar ermənilər üçün xüsusi məktəblər açırdılar və o məktəblərdə türk düşmənçiliyini, ermənilər üçün uydurma tarix, uydurma ideallar, “üç göl arasında Böyük Ermənistan” xülyaları təbliğ edirdilər. Bunlar təbii ki, əsası olmayan tarix əsasında qurulmuş yalanlar idi və bütün bir xalqı illər uzunu bu yalanlara öyrətdilər. Yekunda dünyada bir “erməni məsələsi” ortaya atıldı. Guya ermənilərin burada problemləri var, o olmayan yerdə onun üçün dövlət yaratmaq lazımdır. Ermənilərlə düşmənçilik o dövrdən gəlir. Onlardan istifadə edərək müsəlmanın və türkün düşməninə çeviriblər”.

    S.Rüstəmxanlı qeyd etdi ki, ermənilərlə düşmənçilik getdikcə gücləndiyi üçün Kamil Vəlinin dediyi “biz ermənilərlə yaxınıq” yanaşması artıq çox uzaq keçmişdə qalıb: “Bu gün ermənilərlə bizim yaxınlığımızın izləri, əlamətləri silinməkdədir. Çünki hər bir erməni uşağını türk düşməni kimi böyüdürlər, türk düşmənçiliyi təbliğ olunur. Musiqi, məişət yaxınlığımız var idi, onun hamısını ermənilər yer üzündən silib atmaqdadırlar. Çox vaxt ortaq şeyləri də öz adlarına çıxmağa çalışırlar. Ona görə də artıq yaxınlıqdan danışmaq çox çətindir. Mirzə Cəlil öz felyetonunda yazıb ki, erməni kilsəsinin həyətindən ”Vətən, vətən, vətən” sədası gəlir, Azərbaycan məscidində dəxli olmayan məsələlərdən söhbət gedir. Yəni bu müqayisələr həmişə gedib. Amma mən millətimizin bu cür aşağı tutulmasının tərəfdarı deyiləm. Azərbaycan xalqının da içərisində istənilən qədər taleyini, həyatını vətənə sərf eləmiş insanlar var, vətən sevgisi bizim cəmiyyətimizdə həmişə üstün dəyər sayılıb. Kilsə ilə bağlı məsələ var ki, erməni kilsəsi əlahiddə özünü xristian kilsəsindən ayırıb və erməni patriotizmini təbliğ edə-edə “vətənpərvərlik təbliğatı mərkəzinə” çevrilib. İslam aləmində bu yoxdur və buna ehtiyac duymayıblar. İslam aləmi insan sevgisini, qardaşlığı, yer üzündəki insanların bərabərliyini təbliğ edir, başqa millətə düşmənçiliyi təbliğ etmir. “Erməni vətənpərvərliyi”nin arxasında türkə düşmənçilik fikrini, bizim vətən sevgisini qabartmamağımızın arxasında böyük insan sevgisi və böyük humanizm dayanır. Fərq burdadır və bunu kim necə istəyir, o cür yoza bilər”.

    E.PAŞASOY,
    “Yeni Müsavat”