Vətəndaş Həmrəyliyi Partiyası

Category: Slayder

  • “Siyasətdə olan şəxslərlə bağlı arxivlər açıla bilər”

    Sülhəddin Əkbərin agent ittihamlarına Sabir Rüstəmxanlıdan reaksiya; “O, Rusiyaya kimin bağlı olub-olmadığını bilməmiş olmazdı”

    1992-93-cü illərdə mərhum prezident Əbülfəz Elçibəy hakimiyyəti dönəmində milli təhlükəsizlik nazirinin birinci müavini postunu tutan Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin son müsahibəsi müxalif camiyədə, sosial şəbəkələrdə hələ də müzakirə olunur.

    AXC hökumətində rəhbərliyə Rusiyanın xüsusi xidmət orqanlarının agentlər yerləşdirdiyini deyən S.Əkbərin fikirlərinə ən müxtəlif reaksiyalar verilir.

    1992-1995-ci illərdə mətbuat və informasiya naziri vəzifələrində çalışan VHP sədri, deputat Sabir Rüstəmxanlı agent ittihamlarının çox mürəkkəb bir məsələ olduğunu qeyd etdi: “Onu bilirəm ki, sovetlər dönəmində ölkədən xaricə gedən, şərqşünaslıq fakültəsində oxuyan adamların qarşısına müəyyən öhdəliklər qoyurdular. Bu, getdikləri ölkədən xəbər vermək öhdəliyi idi. Amma bu o demək deyil ki, xaricə gedənlərin hamısı SSRİ-nin xüsusi xidmət orqanlarının agenti olurdular. O zaman Azərbaycan sovet sisteminin bir parçası idi. Söz yox ki, ölkə içərisindən Moskvaya xidmət edən, onların qarşısında müəyyən öhdəlikləri olan, ora məlumat ötürən, Rusiyadan qopmağın əleyhinə çıxış edən, SSRİ-nin dağılmasını istəməyən kifayət qədər adamlar var idi. Onları ayırd etmək çox çətindir. Elçibəy Sülhəddin Əkbəri Təhlükəsizlik Komitəsi sədrinin müavini təyin edəndə istəyirdi ki, bu strukturla bağlı müəyyən məlumatlar əldə etsin, sənədlər aşkarlansın. Bütövlükdə Xalq Cəbhəsi komandasına kölgə düşməsini istəməzdim. Orada xalqını, dövlətini sevən kifayət qədər insanlar var idi”.

    Deputat S.Əkbərin çox şeylərdən xəbərdar olduğunu düşünür: “Yəqin Sülhəddin bəy nazir müavini işləyəndə özü üçün çox şeyi aydınlaşdırıb. Rusiyaya kimin bağlı olub-olmadığını bilməmiş olmazdı. Üstündən bu qədər vaxt keçməsi fərq etmir, bildiyi bir şey olubsa, indi də aça bilər. Ümumiyyətlə, dünyada bir müddət keçəndən sonra arxivlər açılır. Bizdə də belə olacaq. O vaxt bu məsələ Milli Məclisdə müzakirə olunmuşdu. Çox təklif olunurdu ki, arxivlər açılsın. Maraqlıdır ki, təkid edənlərin çoxu və ya onların ailə üzvləri uzun illər dövlət təhlükəsizliyinə bağlı olublar. Onlar ucuz xal qazanmaq, özlərini cəsarətli göstərmək istəyən adamlar idilər. Millətin taleyini düşünən adamlar bu məsələdə bir qədər ehtiyatlı davranmalıdırlar. Ölkədə çoxsaylı problemlər var idi, müharibə şəraitində yaşayırdıq. Ən müxtəlif qruplar fəaliyyət göstərirdi. Hakimiyyət çevrilişinə cəhdlər olmuşdu. Çox çətin bir dövr idi. Düşünün ki, arxivlər də açılsa ölkədə qarşılıqlı ittihamlar, düşmən axtarışı daha da artacaqdı. Nəticədə dövlətin müstəqilliyi təhlükə altına düşərdi. Bütün bunları düşünüb, arxivlərin açılmasının əleyhinə idim. Əgər arxivlərin açılması millətə, dövlətə zərər vuracaqsa, nə əhəmiyyəti var? Nəticələri düşünmədən qəhrəmanlıq çağırışları etməyin heç bir xeyri yoxdur. Amma indi vəziyyət bir qədər dəyişib. Siyasətdə olan, ölkənin ictimai-siyasi həyatında yer tutan şəxslərlə bağlı arxivlər açıla bilər”.

    Cavanşir ABBASLI,
    “Yeni Müsavat”

  • “Azərbaycan polisinə belə davranışı yaraşdırmıram”

    Sabir Rüstəmxanlı: “Ailənin, qadın-uşağın yanında belə əməliyyat keçirmək, ailədəkiləri təhqir etmək, zorakılıqla vətəndaşı aparmaq düzgün deyil”

     

    Ölkəmizin gündəmində əsas müzakirə mövzusu polis-vətəndaş münasibətləridir. İyunun 7-də Yasamal rayonunda baş verən hadisələr ictimaiyyətdə ikitirəliyin yaranması ilə nəticələndi. Belə ki, ötən həftənin son iki günü üçün elan edilən sərt karantin rejimini pozduğuna görə, Yasamal ərazisində polis vətəndaşı saxlayır, bölməyə aparmaq istəyir. Bu zaman yaxınlıqdakı binadan bir vətəndaş polisə zibil atır, müxtəlif söyüşlər söyərək təhqir edir.

    Dünən isə səhər saatlarında polislər zibil atan şəxsi bölməyə apararaq inzibati şəkildə cəzalandırmaq üçün onun evinə gəlirlər. Əməliyyatın videosu mətbuatda yayıldıqdan sonra ictimaiyyətdə polisə qarşı aqressiya yarandı. Videodan görünür ki, polislər vətəndaşın mənzilinin qapısını qışqıraraq döyəcləyir, içəri keçdiyində ailənin qadınlarını, uşaqlarını nəzərə almadan kobudluq edir, kişini isə çılpaq şəkildə zorakılıqla aparırlar. Bu zaman polislər evin xanımını “dovşansan” deyə təhqir etməyi də unutmurlar.

    Məsələ ilə bağlı ictimaiyyətdə, xüsusən də sosial şəbəkələrdə müzakirələr şiddətlənib. Bir qrup hesab edir ki, polis bu əməliyyatı düzgün aparıb, çünki vətəndaş qanunu pozub, polisə zibil ataraq təhqir edib. Digər bir tərəf isə hesab edir ki, polisin bu cür zorakılıq etməsi qanundan kənardır. Yəni, vətəndaş nə qədər qanunu pozsa da, cəzalandırılması da qanuni şəkildə olmalıdır. Vətəndaşların əksəriyyəti düşünürlər ki, polisin əməliyyat zamanı davranışı həmin şəxsin etdiklərinə adekvat deyil.

    Bu arada qeyd edək ki, polis tərəfindən əməliyyat aparılan evin xanımının təhqir edilməsi ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumatda qeyd olunur ki, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq, onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib. Xəbərdə daha sonra bildirilib ki, həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib. Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib.

    Baş verən olay və ətrafında gedən müzakirələrlə bağlı AYNA-ya danışan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı məsələyə iki qütbdən yanaşır. O, hər şeydən əvvəl Azərbaycanın həm vətəndaşının, həm də polisinin güclü, qanunlara bağlı, sayğılı olmasını istəyir: “Həm vətəndaşlarımızı, həm polisi güclü görmək arzusundayam. Hər kəs bir-birinə hörmətlə yanaşmalıdır. Birinin rütbəsi ola bilər, birinin olmaz, amma hər kəs Azərbaycan vətəndaşıdır. Vətəndaşlar bir-birini sevməlidir, bir-birinə hörmət eləməlidirlər. Hamı bilməlidir ki, bu torpağın övladıdır, torpağa, ölkəyə, adət-ənənəmizə hörmətlə yanaşılmalıdır. Bu, məsələnin mənəvi tərəfidir. Yəni bir vətəndaş general ola bilər, başqa bir vətəndaş sıravi ola bilər. Hər kəs öz səlahiyyəti çərçivəsində, qarşılıqlı hörmət çərçivəsində hərəkət etməlidir”.

    Konkret əməliyyatla bağlı isə S.Rüstəmxanlı bildirib ki, istənilən vəziyyətdə, nə qədər əsəbi, gərgin, çılğın olsa da, vətəndaşın polisin başına zibil atmasını qəbul etmir: “Polisin xüsusi statusu və vəzifəsi var. Onlar gecə-gündüz ölkə ərazisində ictimai asayişi qoruyurlar, qorumalıdırlar. Necə qoruya bilir, vəzifəsini necə yerinə yetirir – o, ayrı məsələdir. Bu, məsələnin birinci tərəfidir ki, mən karantin günü vətəndaşın hərəkətini birmənalı şəkildə qəbul etmirəm”.

    “Yasamaldakı hadisənin videokadrlarına baxdım. Hesab edirəm ki, hansısa xırda hadisəyə görə o qədər polis əməkdaşının, böyük polis dəstəsinin bir evin həyətinə gəlməsi, bir mənzildə elə əməliyyat keçirilməsi doğru deyildi. Polis əməliyyat keçirsin, bu olmalıdır. Amma qatı cinayətkar olarsa, elə əməliyyat keçirilməlidir. Hardasa terrorçu var, ölkənin taleyi üçün təhlükəli hal və ya şəxs varsa, əməliyyat dünənkindən də sərt keçirilməlidir. Amma məsuliyyətsizlik edən bir vətəndaşın qapısını döymək, ailənin, qadın-uşağın yanında belə əməliyyat keçirmək, ailədəkiləri təhqir etmək, belə zorakılıqla vətəndaşı aparmaq düzgün deyil. Mən bunu qəbul etmirəm, Azərbaycan polisinə də belə davranışı yaraşdırmıram”, – deputat vurğulayıb.

    Xalq şairi onu da qeyd edib ki, Azərbaycan polisi son illərdə əməliyyatları, asayişi təmin etməsi, nizam-intizamı ilə seçilir: “Elə koronavirus pandemiyasına görə tətbiq edilən karantin zamanı mən müşahidə etdim, polis küçədə, məhəllələrdə çox gözəl xidmət apardı. İnsanlarla mehribanlıqlarının, mədəniyyətinin şahidi olmuşam, bununla qürur duyuram. Həkimlərlə bərabər polisimiz də gecə-gündüz çalışdı, hazırda da çalışırlar. Amma yenə də deyirəm, kankret olaraq Yasamaldakı əməliyyat epizodu polisimizə yaraşmadı”.

    Hokm.az

  • “Şuşanın 270 illiyi yüksək səviyyədə qeyd olunmalıdı”

    Azərbaycanın qədim şəhəri Şuşanın əsasının qoyulmasının 270 illiyinin yüksək səviyyədə keçirilməsi məsələsi gündəmə gəlib. Qondarma rejimin qanunsuz liderinin tarixi Azərbaycan şəhərində andiçmə məsələsindən sonra bu məqama ictimaiyyətdə xüsusi diqqət göstərildi.

    Şuşa şəhərinin 270 illiyinin keçirilməsinə Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlıdan da dəstək gəlib. O bildirib ki,, Şuşanın əsasının qoyulmasının 270 illiyinin keçirilməsi istiqamətində tədbirlərin gerçəkləşdirilməsi yaxşı olardı: “Vaxti ilə biz Bakıda Şuşanın əsasının qoyulmasının 250 illiyinin qeyd olunması məsələsinin gündəmə gətirmişdik və tədbir də təşkil eləmişdik. Düzdür, dövlət səviyyəsində olmamışdı, amma siyasi patiyaların, bir sıra təkilatların, ziyalılan iştirakı ilə belə bir tədbir keçirilmişdi. Hesab edirəm ki, Şuşanın 270 illiyi yüksək səviyyədə qeyd olunmalıdır. Bu tədbir ermənilərin Şuşa ilə bağlı iddialarına cavab olar. Bu barədə bizim Ümid Partiyası ilə də söhbətlərimiz olub, onların belə bir təşəbbüsü var. İqbal Ağazadənin müraciəti var. Sonra millət vəkili Aqil Abbas da bu məsələni Milli Məclisdə gündəmə gətirdi. Biz bütövlüklə bu məsələyə dəstək veririk. Hesab edirəm ki, bu tədbir dövlət səviyyəsində yüksək formada təşkil olunmalıdır”.

  • Sabir Rüstəmxanlı Neftçalanın su problemini gündəmə gətirdi

    Son günlər Neftçala rayonunda içməli suyun şorlaşması, rayon sakinlərinin həyatında yaranan problemlər ciddi narahatçılıq yaradıb.

    Bununla bağlı Neftçaladan millət vəkili seçilən Sabir Rüstəmxanlı problemi gündəmə gətirib: “Kür çayının səviyyəsi son illərdə aşağı düşməkdə davam edir. Bu hal Kür sahili ərazilərdə daha aşkar hiss edilir. Suyun aşağı düşməsi daha kəskin şəkildə kürün dənizlə birləşdiyi Neftçala rayonunda narahatçılıq yaradır. Kürün suyunun çox aşağı düşməsi həm də suyun şorlaşmasına səbəb olur. Vəziyyət son həftədə daha kəskin hal alıb ki, artıq heyvanlar belə su içməkdən imtina edir”.

    Millət vəkili vəziyyətin daha pisləşdiyini bildirib: ” Neftçalanın Kür sahilı kəndlərində, Mayak, Yenikənd, Bankə qəsəbəsi, Neftçala şəhərinin özü və bir çox kəndlər artıq evlərə su şor şəkildə gəldiyi üçün su içməkdən imtina etməyə məcburdular. Səbəb mövsümlə əlaqədar olaraq Kürün suyunun artırılmasında və suyun şorlaşmasına təkan verən kəskin xəzrilərin əsməsidir. Su azalır, xəzri əsir dəniz suyun Kürə qovur və bu vəziyyəti pis məcraya salır”.

  • “İnsanlarımız yoluxmanı azaltmaq üçün qadağalara əməl etməlidir”.

    Karantin rejiminin yumşaldılması fonunda yeni qadağalar, həftə sonunda gözlənən küçəyə çıxma yasağının tətbiqi cəmiyyətdə geniş müzakirə olunur.

    Bununla bağlı Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli fikirlərini açıqlayıb: “Epidemiyanın idarə olunan hala gəlmədiyi və gözlənilmədən yoluxma hallarının sürətlə artması göz qabağındadır. Bu sıradan bir xəstəlik deyil. Qarşılaşdığımız problem insanların canın alır, dövlətlərin iqtisadiyyatını çökdürür. Nə qədər ki, tibb elmi bu xəstəliyə qarşı tam təsirli peyvənd hazırlamayıb, karantin və sosial izolə şərtlərini yeganə çıxış yolu kimi qəbul etməliyik. Son qərarlar bir qədər sərt görünə bilər. Amma insanlarımızın sağlamlığını qorumaq, yoluxma sayını azaltmaq və epidemiyanı mümkün qədər nəzarətdə saxlamaq üçün bu qadağalar vacibdir. Vətəndaş Həmrəyliyi Partiyası olaraq bununla bağlı üzvlərimizə və bütövlükdə ölkə ictimaiyyətinə xüsusi müraciətimiz olub.  İnsanlarımız bu reallıqları başa düşməli və ümumi sağlamlıq qorunması, yoluxmanı azaltmaq üçün qadağalara əməl etməlidir”.

    vhp.az

  • “Qarabağ problemi insanların narazılığına səbəb olur”

    “Pandemiya ilə əlaqədar olaraq sözsüz ki, onlayn dərslər keçirir. Amma bizə çatan məlumatlara görə, bu dərslər şagirdlərin 25-30 faizini əhatə edə bilir. Bir çox rayon və kəndlərdə internet zəif olduğu üçün şagirdlərin onlayn dərslərdə iştirakı mümkün olmur.
    Bu fikirləri Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında deputat, xalq şairi Sabir Rüstəmxanlı deyib.

    O, problemin həll edilməsi üçün müvafiq addımlar atılmasını vacib sayıb:
    “Nazirlər Kabinetindən xahiş edirik ki, bu məsələyə diqqət ayırsın”.
    Xalq şairi çıxışında Qarabağ məsələsinə də toxunub:
    “Bu, heç kimin inhisarında olacaq məsələ deyil. Vaxt keçir, təəssüflər olsun ki, problem həll edilmir. Bu da əhalidə narazılıq yaradır Millətin tarixi keçmişi, gələcəyi bununla bağlıdır. Bu, millətin mövzusudur. Hesab edirəm ki, erməni tərəfinin həyasızlığı, bu reallıqla dünyanı barışdırmaq cəhdləri bizi düşündürməlidir. Təklif edirəm ki, ildə 1 və ya 2 dəfə Milli Məclisdə müəyyən görüşlər keçirilsin, müvafiq nazirlik və qurumların nümayəndələri parlamentə gələrək bu mövzuda ətrafında təşkil edilən müzakirələrə qatılsın”.
  • Sabir Rüstəmxanlı: “İcra başçısının müavinləri rayonda quldurluqla məşğul olurlar”

    Sabir Rüstəmxanlı
    Sabir Rüstəmxanlı

    Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Yardımlı Rayon İcra Hakimiyyətinin fəaliyyəti ilə bağlı daha bir açıqlama verib.

    S.Rüstəmxanlı Pravda.az-a deyib ki, Yardımlıda vəziyyətin necə olmasını hər kəs yaxşı bilir.

    “Bizim niyyətimiz o idi ki, yüksək vəzifəli şəxslərin diqqəti Yardımlıya çevrilsin. Bir daha qeyd edirəm ki, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısının orada necə işləməsini hər kəs yaxşı bilir. İcra başçısının müavinləri rayonda quldurluqla məşğul olurlar. Onların torpaq mənimsəmələri, insanlara normal xidmət göstərməmələri, xüsusilə həmin şəxslərin mədəni səviyyələrinin aşağı olması ilə bağlı kifayət qədər faktlar var. Rayon qohumbazlıq düşüncəsi ilə idarə edilir… Bunlar göz qabağındadır. Məncə, ölçü götürüləcək. Yəqin ki, araşdırma aparılır. Hamının bildiyi cinayətlər, nöqsanlar cavabsız qala bilməz” – S.Rüstəmxanlı qeyd edib.

    https://hit.az/

    Bütöv yazını göstər
  • Samir Əsədli: “Qoruyucu vasitələr siyasi yox, təhlükəsizlik və sağlamlıq üçündür”

    Koronavirus pandemiyası aradan qalxmadığından, bütün dünyada olduğu kimi, Azərbaycanda da önləyici tədbirlər davam etdirilir. Vətəndaşlar qarşısında qoyulan əsas tələblərdən biri sosial məsafəni qorumaq və maska taxmaqdır.

    Bəs digər müxalifətlər maska və sosial məsafə tələblərinə əməl edirmi? Belə tələblər olanda, əsəbiləşirlər, yoxsa normal qəbul edirlər?

    Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli dedi ki, pandemiyadan irəli gələn karantin şərtləri və infeksiya yoluxmasından qaçmaq üçün tələb olunan qoruyucu vasitələr siyasi yox, təhlükəsizlik və sağlamlıq üçündür. Buna görə də həmin tələblərə münasibətdə siyasi düşüncə fərqi əhəmiyyət kəsb etmir. Əksinə, müxalifət də bu qanunlara əməl edilməsi üçün cəmiyyətdə təbliğat aparmalıdır. Biz qəbul olunmuş qaydaları anlayışla qarşılayırıq”.

    AMİP-in sədr əvəzi Arzuxan Əlizadə bildirdi ki, AMİP olaraq hələ martın 25-də Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən pandemiya ilə əlaqədar verilən qərarlara dəstək bəyanatı ilə çıxış edib: “Sonradan da tətbiq olunan qadağalar onlar və əksər müxalifət nümayəndələri tərəfindən anlayışla qarşılanaraq əməl edilib. Qadağaların tətbiqindən iki aydan da artıq bir müddət keçib. Əlbəttə ki, daim qadağalarla yaşamaq da mümkün deyil. Qadağaların insanlarımız üçün müxtəlif əlavə problemlər yaratdığının da fərqində olmalıyıq. Bəzən verilən qərarların cəmiyyətdə birmənalı qarşılanmaması da etiraf olunmalıdır. Onu da nəzərə almaq lazımdır ki, sosial məsafə saxlanılması vacib hesab olunsa da, maska taxılması ilə bağlı hətta mütəxəssislərin fikirləri də fərqlidir. Lakin bu qadağaların bütövlükdə vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət etdiyini qəbul edərək istəsək də, istəməsək də, onlara əməl etmək hər birimizin borcudur”.

    ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, koronavirusun yayılmasının qarşısının alınması üçün Nazirlər Kabineti yanında Operativ Qərargah icrası məcburi olan qərar veribsə, o qərara əməl edilməlidir: “Əgər bu qərarlar sırasında hər kəsin maska taxması tələbi varsa, maska vətəndaşlara pulsuz verilsə yaxşı olar. Əslində belə də olmalıdır ki, nəqliyyatda, ictimai-iaşə yerlərində, ticarət mərkəzlərində hər kəs maska taxsın. Şəxsən mən maska taxıram və maska taxmadığım üçün polisdən hər hansı tövsiyə və ya tələblə rastlaşmamışam. Şəhərdə əhalinin böyük hissəsinin maska taxmadığının da şahidiyəm”.

    AXP sədri Pənah Hüseyn bildirdi ki, müəyyən edilmiş hansısa normalar qüsurlu ola bilər, lakin normalar qüvvədə qaldıqca onlara əməl edilməlidir: “Mən qəbul olunmuş normalara əməl edilməyin tərəfdarıyam. Maska taxmaq virusdan qorunmaq üçün lazım bilinirsə, taxılmalıdır. Bunu etməyəndə polis yaxınlaşırsa, buna da normal yanaşmaq lazımdır, əsəbiləşmək lazım deyil”.

    Etibar SEYİDAĞA,
    “Yeni Müsavat”

     

  • Rüstəmxanlı naşirin qətlindən danışdı: Ağlıma gəlməzdi ki…

    1990-cı il mayın 30-da məşhur naşir Əjdər Xanbabayevin qətli ölkəni silkələdi. Təkcə ziyalılar arasında deyil, ictimai-siyasi dairələrdə də nüfuz sahibi olan Əjdər Xanbabayev Moskvaya gedəndə mərhum Heydər Əliyevlə görüşür və ziyalıların onu Azərbaycanda gözlədiyini söyləyirdi. “Azərnəşr”in direktorunun qəfil ölümü çoxsaylı suallar yaradırdı. Uzun illər qətlin üstü açılmadı, Heydər Əliyev isə bəyan edirdi ki, Xanbabayev mənim Bakıya gəlməyimin qarşısını almağa görə öldürülüb. Nəhayət, bu versiyanın həqiqiliyi sübuta yetirildi…

    Kult.az kitab nəşrində silinməz izlər qoyan Əjdər Xanbabayev barədə Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının Teleqraf.com-a müsahibəsini təqdim edir:

    – “Ədəbiyyat və incəsənət” qəzetində işləyərkən “Elm” nəşriyyatının direktoru kimi Əjdər Xanbabayevdən müsahibə götürəndə tanış olduq. Sonralar “Yazıçı” nəşriyyatının direktoru oldu. Rəhmətlik şair dostum Əliağa Kürçaylı redaktor idi, onunla görüşəndə dedim ki, Moskvaya ali ssenari kursuna qəbul olunmuşam, oraya gedəcəyəm.

    Dedi, getmə, bir yandan şair, tənqidçi, publisist, alim, indi də gedib təzədən ssenari ilə məşğul olacaqsan, girdi qoluma məni “Yazıçı” nəşriyyatının binasına apardı. Əjdər Xanbabayevin otağına girdik, soruşdu ki, Sabir Rüstəmxanlını tanıyırsan? Dedi, tanıyıram, görüşmüşük, məndən müsahibə də götürüb, mətbuatdan da onu izləyirəm, istedadlıdır.

    Əliağa Kürçaylı dedi ki, Moskvaya getmək istəyir, bizdə şöbə müdiri yeri boşdur, amma onun üçün bu vəzifə kiçikdir, iki aylıq götürək, sonra onu baş redaktor müavini götürəcəm, özüm gedəcəm, istəyirəm bizdə baş redaktor qalsın.

    – Beləliklə razılaşdılar və birgə fəaliyyətə başladınız?

    – Bəli. Elə həmin gün şöbə müdiri kimi əmrimi verdilər. Doğrudan da Əliağa Kürçaylının dediyi kimi oldu, bəlkə də xəstəliyi barədə bilirmiş, xəstələndi, Moskvaya getdi, o gedəndən sonra da baş redaktor oldum. Yazıçılar İttifaqı başqa adamların namizədliyini təqdim edirdi. Baş redaktor təyinatı Mərkəzi Komitədə razılaşdırılırdı. Mərkəzi Komitəyə ayrı adlar vermişdilər, Əjdər Xanbabayev bütöv gün gedib mənim üstümdə mübahisə edibmiş.

    Axşamüstü gəlib əmri stolumun üstünə qoyub dedi ki, sən bilirsən də əmisi yuxarı vəzifədə olan birinin namizədliyini vermişdilər, bütün gün Mərkəzi Komitədə bunun mübahisəsini etmişəm. O vaxt bu işə ideoloji katib Rafiq Zeynalov baxırdı, Əjdərlə də münasibətləri yaxşı idi. Deyib, Sabir Rüstəmxanlı baş redaktor olacaq, əks halda mən də direktorluqdan çıxıram. Beləcə razılıq almışdı və bir yerdə işləməyə başladıq.

    Təxminən 10 il Əjdər Xanbabayevlə birgə işlədik, o, direktor idi, mən də baş redaktor vəzifəsində çalışırdım. Əjdər kifayət qədər zövqlü adam idi, yazıçıları, şairləri yaxşı tanıyırdı, klassik ədəbiyyatımızı əla bilirdi. Baş-başa verib çox gözəl işlədik, “Yazıçı” nəşriyyatı bu gün Azərbaycan nəşriyyatlarında davam etdirilən bir çox ənənənin başlanğıcını qoydu.

    Ona görə də Əjdər Xanbabayevlə işlədiyim illər yaddaşımda mənim həyatımın parlaq illəri kimi qalıb. Meydan hərəkatı başlayanda da Əjdərlə bir yerdə idik. Mətbuat Komitəsində sədr müavini olanda da “Yazıçı” nəşriyyatına başqası gəlib işləyirdi, mənə qarşı təzyiqlər vardı, mən “Azərbaycan” qəzetini buraxırdım, amma Əjdər bütün məqalələrdə həmişə məni müdafiə edirdi. Bu barədə qeydlərimi yazmışam, ayrıca kitabda da çap etdirmişəm.

    – Ölümü barədə qara xəbəri necə aldınız?

    – Əjdər son dərəcə geniş əhatəsi olan adam idi. Moskvada kitab sərgisi olanda xatırlayıram, bizdən ayrılıb Heydər Əliyevə gedib zəng vurmuşdu, onunla danışmışdı. Yaxın olduğumuza görə gəlib danışıqları barədə mənə söhbət edirdi.

    “Yazıçı” nəşriyyatında işləyə-işləyə “Azərbaycan” qəzetini buraxırdım, Əjdərlə tez-tez görüşürdük, deyirdi, bu nədir, yəhudi, erməni, rus jurnalistlərini ortaya salıblar, Heydər Əliyevin əleyhinə yazılar yazdırırlar, özü də arxada dayanan bizimkilərdir. Çox əsəbiləşirdi. Bizim onlara cavab verməyimiz Əjdərin əsas qayğılarından idi.

    Biz o işi görürdük, müxtəlif qəzetlərə məqalələr yazırdıq. Əjdər Xanbabayevin həm Bakıda, həm Moskvada Heydər Əliyevlə əlaqələri vardı.

    Ölüm xəbəri mənim üçün gözlənilməz oldu. Bu məsələyə görə kiminsə cəsarət edib ona əl qaldıracağı ağlıma gəlməzdi. Hadisə ikimizin də yaxın dostumuz Rizvanın evindən çıxanda olmuşdu. Rizvan rəhmətə getmişdi, Əjdər onun övladlarına öz övladları kimi baxırdı, onlara tez-tez baş çəkirdi, oradan çıxanda küçədə vurmuşdular.

    – “Qara Yanvar” kitabının nəşrinə görə ondan qisas almaq məqsədilə vurulduğu versiyası səslənsə də, mərhum Heydər Əliyev deyirdi ki, gəlişinə mane olmaq üçün bu qətl törədilib…

    – Bu barədə araşdırmalar aparılıb, hər halda onun bir kitaba görə vurulduğunı düşünmürəm. Əjdərlə Azərbaycan tarixi, ədəbiyyatımızla bağlı çox dəyərli, hətta qadağan olunmuş, sandıqlarda qalmış kitablar çap etmişdik, Ordubadinin “Qanlı sənələr”, İsa Muğannanın “İdeal”, Xəlil Rzanın sərt şeirlərdən ibarət kitabını buraxmışdıq, mənim “Ömür kitabı”mda xidməti vardı.

    Ona görə də düşünmürəm ki, hansısa kitaba görə qətlə yetirildi. İndiyə kimi qəbul edilmiş versiya budur ki, Heydər Əliyevlə bağlılığına görə öldürülüb. Buna əks olan alternativ xətt olmadığına görə buna inanıram. Siyasi motiv olmayanda başqa nə ola bilər?

    – Sonralar heç görüşmürdünüz? İzlənildiyi barədə şübhələri yaranmışdımı?

    – O artıq Azərbaycan Nəşriyyat-Poliqrafiya və Kitab Ticarəti Komitəsində (sonralar Mətbuat və İnformasiya Nazirliyi) sədrin müavini idi, mənim də siyasi həyat başımı qarışdırmışdı, elə ciddi söhbətlərimiz olmurdu.

    Əjdər özü nə qədər ehtiyatlı hərəkət etsə də, cəsarətli adamları xoşlayırdı. Meydan çıxışlarında bir də gördüm, o vaxt Mətbuat və İnformasiya Nazirliyinin sədri Nazim İbrahimovla gəlib meydanda dayanırdı, bilirdim harada gəlib durub, gedib görüşürdüm. Mənə ürək-dərk verirdi ki, narahat olma, hər şeyi cəsarətlə deyirsən, lap yaxşı edirsən, bu cür davam elə. Halbuki başqaları deyərdi ki, özünü gözlə və sair.

    – Nəşriyyat işində də silinməz izlər qoymuşdu, onun vəfatından sonra nə dəyişdi?

    – Onun iş üsulu mənə tanış və doğma idi. Mətbuat və İnformasiya Naziri olanda birgə işlədiyimiz illərin naşirlik təcrübəsi mənə çox kömək elədi. Əjdər səliqəli, təmkinli, hər kəsin yerini bilən adam idi, mümkün qədər haqqı nahaqa verməzdi. Bəzi şeylərə ehtiyatla yanaşırdı, məndə bir az partizanlıq var idi, cavan idim, xüsusən 1980-ci illərin ikinci yarısında inqilabi əhval-ruhiyyəmiz vardı, mübahisələr edirdik, o qədər demokratik adam idi ki…

    İnandıranda ki, bunun bizə ziyanı olmaz, qəbul edirdi. Suyu üfürə-üfürə içən adam idi, kitab məsələsində həddindən artıq diqqətli idi. Biz onunla bir yerdə nəşriyyat işində bir şey şeylərin bünövrəsini qoyduq. Gənc şairin, nasirin ilk kitabı, dünya ədəbiyyatı kitabxanası, klassik ədəbiyyat kitabxanası, orijinaldan tərcümə dünya jurnalı buraxdıq.

    Sovetlər birliyi respublikalarının ədəbiyyatlarının tərcümə olunduğu“Göyqurşağı” adlı almanax çıxarırdıq. Əlbəttə, Nəşriyyat Komitəsi ilə bütün bunlar razılışdırılırdı, amma ideya “Yazıçı” nəşriyyatının olurdu.

    – Dostları deyir ki, torpağa çox bağlıydı, bəlkə də naşir olmasaydı, bağban olardı, Mərdəkanda məşhur bağından çox danışılır…

    – Əjdər Xanbabayev Ordubad rayonundan idi. Ordubad bol meyvəlidir, hər qarışda torpağın, hər ağacın qədri bilinir, Əjdər o ənənəni, torpaq sevgisini Ordubaddan Bakıya gətirmişdi. Çox vaxt Mərdəkandakı bağda olurduq, adətən, şənbə-bazar günləri gedirdik. Tək özüm getməmişəm, bir çox şair dostlarımı o bağa aparmışam, bəzilərini Əjdər müəllimlə tanış eləmişəm.

    Məmməd Araz naxçıvanlıydı, amma Əjdər Xanbabayevlə yaxından tanış deyildi, Məmməd Araz, Söhrab Tahir məndən yaşlıydılar, amma mən onları bağa aparıb Əjdərlə daha da yaxınlaşdırmışdım. Çox səliqəli, gözəl bağlı vardı, o bağda iri tut ağacının altında quyu qazdırmışdı. Quyunun suyu elə bil dağ çeşməsiydi, onunla qürur duyurdu, gedən kimi hər kəsə sudan verirdi.

    Bir də gördünüz dostları bir qutu quru lavaş bişirib göndəriblər, bağda yayda isladıb yeməyi xoşlayırdı, Ordubadın quru meyvələrini çox sevirdi. Gözəl təsərrüfatçıllığı vardı, gedəndə süfrə açardı, o bağ Azərbaycan ziyalılarının yığıncaq yeriydi. Tez-tez Ziya Bünyadov, şərqşünas alimlərdən Rüstəm Əliyev, musiqişünas Firudin Şuşinski, şair dostlarımız gəlirdi.

    Əjdər özü şərqşünas idi deyə Füzulini, klassik ədəbiyyatımızı əzbər bilirdi, onun şərqşünas alimlərlə söhbəti yaxşı tuturdu. O alimlərlə son dərəcədə unudulmaz günlər keçirirdik. Əjdər nərd oynamağı xoşlayırdı. Onun bağında həmişə tünlük olurdu, etibarlı adam idi, dostcanlıydı. Rayonlara da birgə səfərlər edirdik, qızları ilə Göygölə getdiyimizi xatırlayıram. Maraqlıdır ki, səfərlərlə bağlı bir neçə şeiri də vardı, sonradan tapdım. Az-az yazırdı, amma bir neçə gözəl şeiri qalıb. Hətta o şeirləri çap da elədik.

    – Deyəsən, həyat yoldaşının vaxtsız ölümündən sonra gizli şeirlər yazıb…

    – Əjdər qeyri-adi dərəcədə gözəl ailə başçısı idi. Həyat yoldaşı xəstə idi, amma onun qayğısına qalırdı, qaynanası onlarla bir yerdə yaşayırdı. Qızları Afəti, Nərgizi sərçə öz balalarını dimdiyilə yemlədiyi kimi əzizləyərdi. Həyatı çətin keçmişdi, amma qəribə nikbin adamıydı. Həyatın çətinlikləri, ağırlıqları onu sındırmamışdı.

    Yadıma gəlir, Moskvada kitab sərgisi keçiriləndə gedirdik, SSRİ DÖvlət Nəşriyyat Komitəsinin rəhbərliyi, sərgi təşkilatçıları ilə çox gözəl münasibətləri vardı. Bizim stend Əjdər Xanbabayevin ciddi cəhdi sayəsində çox seçilirdi, Azərbaycanda kitab və nəşriyyat işinin ən böyük uzmanlarından idi. Nəşriyyat direktoru idi, hansısa səbəblərə görə onu komitə sədri qoymurdular, amma kim sədr gəlirdisə, o işi öyrənənə qədər gecə-gündüz Əjdər Xanbabayevlə birgə çalışırdı. Əjdərin təcrübəsi, nəşriyyat işini bilməsi, onların hamısının işinə yarıyırdı.

    Qəribə bir səliqəsi vardı, çalışırdım, o səliqəni öyrənim, amma öyrənə bilmədim, dəqiq arxivşünas idi, təkcə öz sahəsinə aid yox, dünyada təbabət, bilogiya, kosmos və sair barədə maraqlı şey tapırdısa, kəsib səliqə ilə qovluqlarda saxlayırdı. Məsələn, mən deyəndə məni filan şey maraqlandırır, bir də görürdün qovluğu gətirdi, sanki bu gün qoyub, açırdı, həmin şeyi çıxarıb ortaya qoyurdu. İnsanlardan yaxşılığı əsirgəməzdi…

    Kulis.az

  • “Müstəqilliyimizə təhlükə yaradanlar fəallaşıb” – Sabir Rüstəmxanlı

    “O dövrdə də indi də qonşularımız təhlükə olaraq qalırlar. Rusiya da təhlükə olaraq qalır və çox ciddi şəkildə Azərbaycanın daxilində Rusiyaya sevgini və heyranlğı artırmağa çalışırlar”.

    Bunu 28 May Azərbaycan Xalq Cümhuriyyətinin elan edlməsinin tarixi əhəmiyyəti və ondan çıxarılmalı olan ibrət dərsləri barədə Moderator.az-a açıqlama verən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.
    Onun sözlərinə görə, AXC-nin varisi kimi bugünkü müstəqil Azərbaycanın da başının üstündə qara buludlar daim qalır. Xüsusilə son dövrlərdə Rusiya amilinin bəzi qüvvələr tərəfindən qabardılması diqqət çəkir. Burada Rusiyada çalışan üç milyona yaxın insanın da təsiri var:

    “Eləcə də Azərbaycanda rusdilli məktəblərin sayını artırılması və sair amillər, əslində bunların hamısı müstəqilliyimizə təhlükə yaradır. İran da daxilindəki Azərbaycan türklərinini bu müstəqillik ideyalarından uzaqlaşdırmaq məqsədilə daim Azərbaycanın zəifləməsinə çalışır.
    Bütün bu qüvvələr Ermənistanı məhz o maqsədlə müdafiə edirlər ki, Azərbaycan türkləri güclənə bilməsin. Bunlar ortada ikən ölkə içində milli birliyin olmaması, siyasi partiyalar arasındakı düşmənçilik həddində olan münaqişələr, mübahisələr, qanununların kifayət qədər işləməməsi, qanunun aliliyinin təmin edilməməsi hakimiyyətlə xalq arasında və siyasi partiyalar arasında ziddiyyətlər, bunların hamısı o vaxt da o dövlətin yaşamasına mane olub, indi də mane ola bilər”.
    Sabir Rüstəmxanlı əlavə edib ki, indi hakimiyyətlə müxalifət partiyaları arasında müəyyən dialoqlar gedir, amma bu, genişləndirilməlidir:
    “Ölkədə vətəndaş cəmiyyəti gücləndirilməlidir, milli birlik istiqamətində təbliğat aparılmalıdır, bundan başqa tarixə, keçmişimizə hörmət gücləndirilməlidir.
    O iki illik dövr elə təbliğ olunmalıdır ki, bu tarix xalqın gözündə bir ideal kimi yaşasın. Təəssüf ki, bunların hamısı yetərincə nəzərə alınmır”.