Vətəndaş Həmrəyliyi Partiyası

Category: Slayder

  • Rəsulzadənin nəvəsi Paşinyanın iddialarına cavab verdi

    Rəis Rəsulzadə: “Ona 24 saat vaxt vermişdilər ki, sən təcili şəkildə Almaniyanı tərk etməlisən!”

    “Belə iddialara arxiv sənədləri ilə ən mükəmməl cavabı Mamuliya (Fransa Strateji Araşdırmalar İnstitutunun professoru Georgi Mamuliya-E.P.) verib. Sübuta yetirib ki, Nijde ilə Rəsulzadəni heç vaxt eyniləşdirmək olmaz. Araşdırmaçı alim yazmışdı ki, Nijdə nə ilə məşğul olub, Rəsulzadə hansı faəliyyəti göstərib. Əslində o cavabdan sonra Rəsulzadə ilə bağlı iddialara əhəmiyyət verməyə dəyməz. Kimlər belə iddialar irəli sürürsə, demək olar ki, gedin, tarixi yaxşı öyrənin, orda-burda eşitdiklərinizə əsasən, ağzınıza gələni danışmayın”.

    Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rəis Rəsulzadə bu fikirləri Musavat.com-a açıqlamasında söylədi.

    Ermənistanın baş naziri Nikol Paşinyanın M.Ə.Rəsulzadənin ünvanına şər-böhtan səsləndirməsinə cavabında R.Rəsulzadə bildirdi ki, Məhəmməd Əminə Almaniya hökuməti ilə əməkdaşlıq təklifi edilsə də, bu təklif qəbul olunmayıb: “Çünki almanlar Azərbaycanın dövlət müstəqilliyini tanımaq istəmirdilər. Ona görə də Rəsulzadə legionerlər qarşısında çıxış edərkən bildirmişdi ki, siz ancaq öz Vətəniniz uğrunda mübarizə apara bilərsiniz, sizin başqa xalqlarla işiniz yoxdur. Belə olduqda ona 24 saat vaxt vermişdilər ki, sən təcili şəkildə Almaniyanı tərk etməlisən! Beləliklə, Rəsulzadəni “persona non qrata” (“arzuolunmaz şəxs”-red.) elan etdilər. Bu mövzuda danışanlar gərək əvvəlcə tarixi yaxşı öyrənsinlər, sonra danışsınlar”.

    R.Rəsulzadə Paşinyanın iddialarına toxunaraq qeyd etdi ki, Rəsulzadə faşistlərin ideologiyasına tam zidd gedirdi: “Hətta Məhəmməd Əmin bu barədə yazı da yazmışdı və Nəsiman Yaqublu həmin yazını mətbuatda dərc etdirmişdi. Amma bu gün bizim ən böyük dərdimiz Qarabağın işğal altında olmasıdır. Bir şeyi anlamaq lazımdır ki, bu, düşməndir. Biz ona nəsə deyəndə, o da nə istəsən, deyə bilər. Şuşada 8-9 mayda nə oyunlar çıxartdılar, rəqs elədilər, indi də Qarabağda saxta “prezident”in andiçmə mərasimini keçirməyə hazırlaşırlar. Bu məsələləri qaldırmalıyıq. Ermənistanda iddia edirlər ki, “demokratik seçki” keçiblər və üzlərini Qərbə doğru çeviriblər. Bu məsələdə Paşinyan xal qazandı. Baxmayaraq ki, ermənilər Rusiyadan asılıdır. İndi biz əsas məsələləri qoyub, olmayan məsələlərdən danışmalı deyilik. Bilməliyik ki, bu, düşməndir və nə istəsə, deyə bilər”.

    Rəis bəy onu təəssüfləndirən bir məqama da toxundu: “Moskvadan mənə zəng etmişdilər ki, bizim özümüzkülərdən də kimsə nəsə yazıb. Belələri özləri araşdırmır, sovet tarixini oxuyur, ona uyğun nəsə yazırlar. Belələri Azərbaycanın müstəqilliyinin, istiqlalının düşmənləridir. Onlar yenə də Azərbaycanı Rusiyaya calamaq istəyirlər. Rəsulzadənin Rusiyaya qarşı hər hansı ittihamı yox idi. Deyirdi biz bütün xalqlarla dinc, yanaşı, qonşuluq əşraitində yaşaya bilərik, amma biz onlarla azad, müstəqil ölkə kimi əməkdaşlıq edə bilərik, müstəmləkə kimi yox. Təbii ki, Rusiya neçə əsrlərdir işğalçılıq siyasətindən əl çəkmir, bu gün də o əlamətləri görürük. Gürcüstanda, Ukrayndada baş verənlər, Krımın işğalı faktdır. Bu siyasət o dövlətin mahiyyətindədir. Ona görə də bu məsələləri qarışdırmaq lazım deyil”.

    R.Rəsulzadə qeyd etdi ki, düşmənin bu saxta iddiaları növbəti dəfə Rəsulzadə ilə bağlı məsələni aktuallaşdırır: “Sual olunur, bizdə Rəsulzadəyə abidə niyə qoyulmur?”Rəis bəy hesab edir ki, Bakının mərkəzində Məhəmməd Əminə möhtəşəm abidə qoyulsa, bu, düşmənə tutarlı cavab olar: “Bu, çox ciddi məsələdir və buna baxmaq lazımdır. İkincisi də biz Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan dəvlətin vətəndaşlarıyıq, bütün dünya bunu qəbul edir. Bu günlərdə Prezident Tramp da Respublika günü münasibətilə Azərbaycan Prezidentini təbrik etdi. Azərbaycanın bütün ictimaiyyəti, mediası, alimləri ortaya mövqe qoymalıdır ki, Paşinyan kimilər susdurulsun. Eyni zamanda Qarabağ haqqında ciddi düşünmək lazımdır. Fakt budur ki, Minsk Qrupu heç bir iş görmür”.

    Elşad Paşasoy,
    Musavat.com

  • VHP rəhbərliyindən Paşinyana sillə kimi cavab: “faşizmi XXI əsrdə yaşadan sizsiz’

    Samir Əsədli: “Faşizm döyüşçüsü Qaregin Njdenin Ermənistanda əzəmətli abidəsi ucaldılıb, Məhəmməd Əmin Rəsulzadənin isə Bakıda bir heykəli belə yoxdu….”.

    Ermənistanın blogger baş naziri Paşinyan Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadə barəsində çirkin iddialar səsləndirib. O, Rəsulzadəni nasistlərlə əməkdaşlıqda ittiham edib.

    Samir Əsədli

    Blogger baş nazirin bu sərsəm iddialarına Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli kəskin etiraz edib və Paşinyanı saxtakarlıqda ittiham edib: “Ermənistanın blogger baş naziri Nikol Paşinyan yenidən xəstə təfəkkürünü ortaya qoyaraq bu dəfə Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadəyə dil uzadıb. Faşizm prinsiplərini XXI əsrdə davam etdirən bir dövlətin rəhbəri “İnsanlara hürriyyət, millətlərə İstiqlal” şüarını həyat amalı seçən lideri Hitler Almaniyası ilə əlaqədə suçlandırıb. Əlbəttə ki, bu heç bir əsası olmayan və tarixi faktların əksini sübut etdiyi bir yalandır. Gerçək olan isə, Paşinyanın babasının və Qaregin Njdenin faşistlərlə birgə döyüşməsidir. Paşinyanın bu iddiaları gülünclə qarşılanır. Həm də tək Azərbaycanda yox. Çünki Rəsulzadənin mühacir həyatında istiqlal mücadiləsi Avropa tarixşünaslığında da bəllidir. Amma təəssüf və kədər doğuran başqa faktdir: faşizm döyüşçüsü Qaregin Njdenin Ermənistanda əzəmətli abidəsi ucaldılıb, Məhəmməd Əmin Rəsulzadənin isə Bakıda bir heykəli belə yoxdu….”.

  • Hər kəsin azadlıq hüququ var və istədiyi kimi yaşayır.

    Rafiq Manaflının LGBT ilə bağlı ifadələrindən məlumatsızam. Nə onlara hücumlardan, nə də hücum edənlərin mövqelərindən məlumatım yoxdur. Sosial şəbəkələrdə bununla bağlı açılan müzakirələr barədə də indi eşidirəm.

    Bu sözləri Teleqraf.com-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı bildirib.

    Qeyd edək ki, VHP-nin funksioneri və müxalif Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı Eldəniz Quliyevin jurnalist İsmayıl Cəlilov haqqında səsləndirdiyi etikadankənar bəyanatın onlayın müzakirəsi zamanı deyib ki, 1941-1945-ci illərdə Adolf Hitler “gey”ləri qırıb bitirməli idi. Bununla da Eldəniz Quliyevin bəyanatı bir kənara qalıb və gündəmi siyasətçi Manaflının LGBT ilə bağlı aqressiv fikirləri tutub. Hazırda Milli Şura bu mövqeyinə görə, sosial şəbəkələrdə ciddi tənqid edilir.

    VHP sədri Sabir Rüstəmxanlı hesab edir ki, insanın öz iradəsindən asılı olmayan və həm də müalicəsi mümkün olmayan xəstəliklərə dözümlü və sakit yanaşmaq lazımdır.

    Rafiq Manaflının çağırışından xəbəri olmadığını, çağırışın ola bilsin ki, Milli Şurada səsləndirildiyini bildirən Rüstəmxanlı bu fikirlərin VHP ilə əlaqəsi olmadığını bəyan edib:

    “Biz partiyada bunun müzakirəsini açmayacağıq. Rafiq Manaflının dedikləri onun şəxsi fikridir. Nə dediyini bilmirəm, amma bu fikirlər Rafiq Manaflıya aiddir. Onun dediklərinin partiyaya aidiyyəti yoxdur.  Rafiq bəy son dönəmlər partiyadan daha çox Milli Şurada olur. O fikirlərin partiyanın mövqeyinə aidiyyəti yoxdur. Biz partiya olaraq belə işlərə qarışmırıq. Hər kəsin azadlıq hüququ var və istədiyi kimi yaşayır. Belə məsələləri siyasi mühitə gətirmək və müzakirə mövzusuna çevirmək olmaz”.

     

  • Karantində toplaşmayan partiyalar – qərargahlar açılırmı?

    Samir Əsədli

    Azərbaycanda xüsusi karantin rejimi təxminən iki aydır ki, ölkədə siyasi fəallığı da sıfıra endirib. Siyasi təşkilatlar karantin rejiminin qaydalarına uyğun hərəkət edərək, qərargahlarının qapılarını bağlamalı olublar.

    Çünki kütləvi toplaşma yerlərindən biri də partiya qərargahlarıdır. Bəzi partiyalar bu müddət ərzində videoiclaslar keçiriblər, onlayn toplantılar təşkil ediblər. Lakin faktiki real siyasətlə məşğul olmaq mümkün deyil.

    Koronavirus təhlükəsinin sovuşmadığını, yoluxmaların son günlərdə rəsmi statistikaya görə artdığını nəzərə alsaq, hələ də kütləvi toplaşma, sıx təmas risklidir.

    Ölkə rəhbərliyi də çıxışlarında sosial izolyasiyaya əməl etməyə, məsuliyyətli olmağa, maska taxmağa çağırır. Bu mənada siyasi təşkilatların qərargahlarında işlərini bərpa etməsi hələ ki mümkün görünmür.

    Üstəlik, yumşaldılmış da olsa, ayın sonuna qədər karantin dövrüdür. Partiyalar nə toplaşa bilirlər, nə mitinqlər keçirə…

    Siyasi partiyalar daha çox işini sosial şəbəkə üzərindən qurublar. Partiya rəsmiləri tənqid və təkliflərini, bəyanatlarını məhz virtualda yayırlar.

    Samir Əsədli: “VHP Mərkəzi İcra Aparatının üzvləri qərargahda fəaliyyət göstərir, digərlərlə əlaqə onlayn qaydada qurulur”

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin sözlərinə görə, karantin dövründə partiyanın mərkəzi qərargahında fəaliyyət məhdudlaşdırılıb.

    “İlk dövrlərdə yalnız Mərkəzi İcra Aparatının rəhbəri mərkəzi qərargahda olub və buradan onlayn qaydada fəaliyyəti koordinasiya edib.

    Karantin rejimi bir qədər yumşaldıqdan sonra isə mərkəzi aparatın bir neçə işçisi müvafiq icazə əsasında qərargaha gəliblər”,  – deyə S.Əsədli vurğuladı.

    Partiya rəsmisi qeyd etdi ki, hazırda Mərkəzi İcra Aparatının üzvləri qərargahda fəaliyyət göstərir, digər şəxslərlə isə əlaqə onlayn qaydada qurulur: “Eyni zamanda Siyasi Şura üzvləri və rayon təşkilatlarının rəhbərləri ilə onlayn qaydada əlaqələr qurulur, müzakirələr aparılır və tapşırıqlar verilir”.

    AMİP katibi Əli Orucov söylədi ki, partiyanın funksionerləri növbəlilik əsasında qərargahda olur, verilən tapşırıqları icra edirlər: “Karantin qaydalarına hamılıqla riayət etmək lazımdır.

    Daha çox onlayn və telefon əlaqəsi saxlanılır. Çalışırıq ki, bu çətin dönəmdə üzərimizə düşənlərin öhdəsindən gələ bilək.

    Ümid edirəm yaxın müddətdə pandemiya bitəcək, normal həyata qayıda biləcəyik. Ən əsası isə az itki ilə bu ağır prosesi adlaya biləcəyik”.

    Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) İdarə Heyətinin üzvü Xəzər Teyyublu “Yeni Müsavat”a bildirdi ki, karantin dövrünün qaydalarına əməl olunmalıdır. Onun sözlərinə görə, KXCP rəhbərliyi və üzvləri qoyulan qaydalara riayət edir.

    X.Teyyublu qeyd etdi ki, partiyanın qərargahında iş dayanıb, qapıları bağlanıb: “Arabir qərargahın komendantı gəlib dezinfeksiya, təmizlik işləri ilə maraqlanır. Ancaq heç bir siyasi tədbirlər, iclaslar keçirilmir.

    Yalnız partiyanın rəhbər strukturuna daxil olan şəxslərin virtual qaydada iclasları keçirilir, rayon şöbələri ilə əlaqə saxlanılır. Artıq iki aydır ki, partiya onlayn tədbirlərlə fəaliyyətini nizamlayır”.

    KXCP funksioneri qeyd etdi ki, partiya karantindən çıxmağı gözləyir: “Hələ ki müasir texnologiyanın, sosial şəbəkələrin imkanından istifadə etməklə işimizi qura bilirik. Mayın 31-dən sonra hansı qərar veriləcəksə, ona uyğun davranacağıq. Ümid edirik ki, yoluxmalar azalsın, sosial həyat bərpa olsun, biz də siyasi fəaliyyətimizə qayıda bilək.

    Əlbəttə, pandemiya ilə əlaqədar müəyyən məhdudiyyətlər saxlanıla bilər. Amma hamımız arzusundayıq ki, infeksiya tamamilə məhv olsun və həyat axarına dönsün”.

    Emil SALAMOĞLU,
    “Yeni Müsavat”

  • Müxalifətin online karantin günləri

    Azərbaycanda koronavirusla əlaqədar ay yarımdır ki, karantin rejimi hökm sürür. Bu müddət ərzində müxalifətin iclaslarını necə keçirdiyi, partiyalara üzvlük üçün müraciətlərin olub-olmadığı, olubsa, bunun nə cür həyata keçirildiyi ilə maraqlandıq.

    VHP İcra Aparatının rəhbəri Samir Əsədli: “Karantin dövründə partiyanın idarəetmə sistemi onlayn qaydada fəaliyyət göstərib. Bu müddət ərzində bir neçə dəfə Mərkəzi İcra Aparatının iclasları keçirilib. Eyni zamanda rayon təşkilatları ilə onlayn qaydada əlaqələr qurulub, müvafiq tapşırıqlar verilib. Həmçinin bu müddət ərzində partiya fəallarından ibarət onlayn qruplar yaradılıb ki, burda ölkədə və dünyada baş verən hadisələr müzakirə olunur”.

    AĞ Partiya başqanı Tural Abbaslı karantin rejimindən sonraya üzvlük üçün qəbulları saxladıqlarını söylədi: “Koronavirus pandemiyası və bunun nəticəsində demək olar ki, bütün dünyada tətbiq edilən karantin şərtləri bir çox sahələrdə adət olunmuş davranışların dəyişməsinə, yeni çıxış yollarının tapılmasına səbəb oldu. Bu dönəmlərdə əsasən disdant onlayn ünsiyyət və davranışlar önə çıxdı. Bir çox sahələrdə olduğu kimi, siyasi səhnədə də onlayn çıxış yolları tapıldı və istifadə edildi. Sosial şəbəkələrin və xüsusi ünsiyyət proqramları vasitəsiylə partiyalar işlərini davam etdirməyə çalışdılar.

    Eyniylə də AĞ Partiya olaraq, biz də bu vasitələrin yaratdıqları imkanlardan istifadə edərək fəaliyyətimizi davam etditməyə çalışdıq. Demək olar ki, hər həftə AĞ Partiya İdarə Heyətinin toplantıları onlayn qaydada keçirildi. Onlayn iclaslar ənənəvi toplantıların yerini tam doldurmasa da, yenə də işin tam dayanmamasında faydalı oldu. Ancaq, təbii ki, bu vasitələr siyasi partiyanın işini normal qurmaq üçün kifayət deyil. Ümid edirəm ki, dünya və ölkəmiz tezliklə bu bəladan xilas olar və normal həyata dönərik. Ancaq, karantin günlərində partiyaya yeni qəbullar etməmişik. Bununla bağlı sosial şəbəkələr vasitəsiylə bəzi müraciətlər olub. Ancaq, biz qəbul məsələsini normal fəaliyyət şəraiti yarandıqdan sonra həyata keçirmək qərarı vermişik. Odur ki, bütün qəbullar karantindən sonra olacaq. Ancaq, karantin müddətində iqtidarın siyasi partiyalara minumal fəaliyyət şəraiti yaratmaması da qəbuledilməz və qanunsuzdur. Bu məsələnin də gündəmə gələrək müsbət həllini tapması labüddür. Əks təqdirdə belə bir yanaşma birmənalı qarşılanmaya və yaranmış vəziyyətdən iqtidarın sui-istifadə etdiyi anlamına gələr. Odur ki, tez bir zamanda bu problem həll edilməlidir deyə düşünürəm. Partiyaların fəaliyyətinə şərait yaradılmalıdır, çünki, çoxpartiyalılıq demokratik dövlətin ən başlıca atributudur”.

    ALDP sədri Fuad Əliyev: “Karantin günlərində iclasları onlayn rejimdə keçiririk. Sədr Aparatının iclasları həftədə iki dəfə, Rəyasət Heyətinin isə, iclasları iki həftədən bir təşkil olunur. Bizim whatsapp və skupedə qrupumuz var. Partiyaya üzvlüyə gəldikdə isə, biz onlayn qəbulu beş ilə yaxındır keçiririk. Partiyanın mətbuat xidmətinin bloqunda və Facebook səhifəmdə üzvlük anketi var. Bloqda və səhifəmdə məramnamə, nizamnamə ilə tanış olanlar, onu qəbul edənlər üzvlük anketi doldurub göndərirlər. Bu beş il ərzində qəbulla bağlı onlarla müraciət daxil olub. Müraciətləri təşkilat şöbəsi qəbul edəndən sonra onlarla əlaqə saxlayıb, tanış olurlar”.

    AMİP-in sədr əvəzi Arzuxan Əlizadə üzvlük üçün müraciətlərin olduğunu qeyd etdi: ““Covid-19” pandemiyası və bununla əlaqədar tətbiq olunmuş karantin rejimi ilə əlaqədar olaraq canlı təmasları minimuma endirərək, partiya fəaliyyətimizi daha çox onlayn rejimdə davam etdirməyə üstünlük vermişik. Geniş anlamda onlayn iclaslar keçirməsək də, partiyanın rəhbər seçkili qurumlarında təmsil olunan şəxslərlə, eləcə də rayon təşkilat sədrlərimizlə müxtəlif məsələlərlə bağlı müzakirə və məsləhətləşmələrimizi də daimi olaraq bu qaydada həyata keçirməkdəyik. Təəssüf ki, partiyaların rəhbərliyində təmsil olunan şəxslərə karantin rejimi ərzində icazəli sərbəst hərəkət imkanı verilməsi ilə bağlı təkliflər səslənsə də, bu məsələ öz həllini tapmadı. Buna baxmayaraq deyim ki, AMİP-in müvəqqəti Mərkəzi Qərargahı daima fəaliyyətdə olub, növbəlilik əsasında da olsa mütəmadi fəaliyyət göstərilib və qərargahın qapıları bir saat belə bağlı qalmayıb. Təbii ki, bütün təmaslar da hər zamankı kimi mərkəzi qərargahdan koordinasiya olunub. Bu dövr ərzində partiyaya qəbulla bağlı az olsa da müraciətlər olub. Nizamnaməyə əsasən partiyaya qəbul rayon təşkilatları tərəfindən həyata keçirilir. Bununla bağlı yerlərdən məlumatlar almışıq və üzvlüyə yeni qəbul olunmuş şəxslərin sənədləri karantin rejimi bitdikdən sonra Mərkəzi Aparata təqdim olunacaq”.

    KXCP idarə heyətinin üzvü Xəzər Teyyublu üzvlük məsələsinin hələ olmadığını bildirdi : “Partiya rəhbərliyi hazırda onlayn iclas keçirir. Bu və ya digər hallarla partiyanın yerlərlə əlaqəsi qurulur. Amma onlayn üzvlüklə bağlı məsələ hələ baş verməyib”.

    Cavanşir ABBASLI
    “Yeni Müsavat”

  • “İcra başçılarının həbs olunması başqalarına dərs olmalıdır”- VİDEO

    BBC-nin Sual vaxtı YouTube proqramında İlkin Həsənovun qonağı Millət vəkili, Vətəndaş Həmrayliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdır.

  • “Milli Məclisdə belə danışmaq olmaz” – Sabir Rüstəmxanlı

    “Ayaz Mütəllibovun o vaxtkı ehtiyatsız çıxışından sonra ermənilər bildirdilər ki, Xocalını azərbaycanlılar törədib”.
    “BakuPost”un məlumatına görə, bunu millət vəkili Sabir Rüstəmxanlı Milli Məclisdə çıxış edərkən deyib.
    S. Rüstəmxanlı bildirib ki, bəzi cavanlar, hadisənin şahidi olmayanlar düzgün olmayan çıxışlar edirlər: “Bura Məclisdir axı! Bu cür məsələdə belə danışmaq olmaz. Yüzlərlə, minlərlə şəhid vermişik. Millət qəhrəmanlıq edib, amma gücümüz çatmayıb. O zamankı hakimiyyəti tənqid etmək olar, amma belə bir vəziyyətdə bunu onların üstünə yıxmaq olmaz”.

  • “Siz çıxış edəndə onun mərsiyələri yada düşür” – Vitse-spikerdən deputata

    Fəzail İbrahimli

    Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli deputat Razi Nurullayevi bələdiyyələrin fəaliyyəti ilə bağlı çıxışına görə tənqid edib.

    “Qafqazinfo” xəbər verir ki, F. İbrahimli qeyd edib ki, onun 20 illik  siyasi fəaliyyəti bələdiyyələrlə bağlı olub: “Sizin bu çıxışınız bələdiyyələrin fəaliyyətinə bütövlükdə kölgə salır. Eyni zamanda mənim də fəaliyyətimə. Danışanda bir az diqqətli olsun. Qüsur və nöqsanlar da var. Bu qüsurların üzərinə gedən deputatlar var. Sizin çıxışınız bir mərsiyyəçi vardı, ona bənzəyir. Sizin adınız Razidir, onun adı isə Racid. Siz hər dəfə çıxış edəndə onun mərsiyələri yada düşür”.

  • Şuşanın işğalının 28-ci ili

    Şəhərin işğalı Azərbaycanın Qarabağ müharibəsində məğlubiyyətlərinin başlanğıcını qoymuş oldu

    Bu gün Azərbaycanın qədim ərazisi olan Şuşanın Ermənistan tərəfindən işğal olunmasından 28 il keçir. 1992-ci il mayın 8-də Qarabağ cəbhəsindəki erməni quldur dəstələrinin komandanı Arkadi Ter-Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzalayıb və həmin gün də şəhər işğal edilib.

    Şuşanın müdafiəsində iştirak edən hərbçilərin dediyinə görə, əslində ermənilərin Şuşa üzərinə hücumlarının icrasına aprelin 27-dən başlanmışdı. Arkadi Ter-Tadevosyan bu əmri isə cəbhə boyu ermənilərin hücumlarını rəsmləşdirməklə bərabər, əməliyyatların daha da intensivləşməsinə zəmin yaratdı.

    Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb. Bununla, ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar.

    Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 68 nəfər əsir götürülüb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

    Ümumilikdə, 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib. Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim artıq uzun müddətdir Şuşada qanunsuz məskunlaşdırma həyata keçirir.

    Şuşanın işğalı Azərbaycanın Qarabağ müharibəsində ard-arda məğlubiyyətlərinin başlanğıcını qoymuş oldu. Şuşa bir simvol idi və onun kimin əlində olması müharibənin sonrakı taleyində xüsusi rolunu oynayacaqdı və rolunu oynadı.

  • Tarixin dərsini tərs bilənlər və prezidentin tərs silləsi

    Sabir Rüstəmxanlı
    Sabir Rüstəmxanlı

    Tarix təkcə elm deyil, həm də müəllimdir. Gerçəkləri dərs olaraq anladan bir müəllim. Biz də bu yazımıza tarixin bəzi dərsləri ilə başlamaq istədik. Tarix öz dərsini onsuz da keçir. Kimiləri bunu dərs olaraq kimiləri tərs olaraq qavrayır… Yaxın çağımız tarix dərsini tərs anlayan tarixçilərlə o qədər zəngindir ki, biri az ya biri çox nə dəyişəcək?..Hələliksə ən yaxın günümüzün dərsindən başlayaq.

    Musa Qasımlı

    Ölkə ciddi dəyişikliklər yaşayır, pandemiya şərtləri belə ən yüksək səviyyədə harınlanmış məmurlara qarşı gstərilən sərt siyasi iradəni yumşaltmadı, əksinə. “Qara maskalılar” sadə vətəndaşlar üçün qurtuluş mələyinə, “balaca padşahlar”ın isə əzrayılına çevrilib. Prezident heç kimə güzəşt edilməyəcəyini bəyan edir və… Və ardınca müxalifətdən bu prosesə dəstək gəlir. Nəinki dəstək, hətta sırada kimlərin olacağına dair bəyanat verilir. Bu zamanadək fikir olaraq ifadə olunan VƏTƏNDAŞ HƏMRƏYLİYİ gerçəkliyə çevrilməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır. Heç kimə heç bir güzəşt edilmir və mənim son qərarlarım onu bir daha təsdiqləyir, hamı nəticə çıxarsın”-deyə cəmiyyətə açıq mesaj verir. Özünü iqtidar düşərgəsində sayan bir çox məmurlar bunu ciddiyə almır, heç biri “dərisi boğazından çıxan tülkü qardaşı”ndan dərs götürmür. Müxalifət partiyasının lideri Sabir Rüstəmxanlı bu prosesi görür və dövlət düşmənlərinə qarşı mübarizədə prezidentin yanında oldğunu bəyan edir: “Neftçaladan sonra Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının ifşa olunaraq tutulması çox biabırçı fakt idi. Yəni, bu onu göstərir ki, icra başşıları heç bir nəticə çıxarmaq istəmirlər. Eyni yolda getməyə davam edirlər”. Ardınca millət vəkili, xalq şairi öz doğma yurdunun dərdini dilə gətirir: “Mən Yardımlıda doğulmuşam. Bunu çəkinmədən və tam məsuliyyətimlə deyirəm ki, növbəti həbs olunacaq məmur Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov olmalıdır. Çünki dövlət tərəfindən rayona və camaata ayrılan yardımlar icra başçısı tərəfindən mənimsənilir. Camaat üçün nəzərdə tutulan yardımların hamısını icra başçısı mənimsəyir.”
    Korrupsiya, dövlətə xəyanət və xalqa nankorluq çetesinə qarşı prezidentin başladığı savaşa müxalifət lideri, deputat, xalq şairi və ən nəhayət doğulduğu, doğmalarının yaşadığı diyarın təəssübünü çəkən bir vətəndaş kimi dəstək verir. İllərlə Azərbaycan cəmiyyətində belə bir həmrəyliyin olmasını arzulamışıq. Hətta torpaqların azad olunması üçün savaşın başlanacağı halda bunu görəcəyimizi arzulamışıq. Elə indi də ortada savaş gedir. Xalqın və rayonların harın məmurlardan azad olunması savaşı. Təsəvvür edin ki, Qarabağ müharibəsi aparılır və bu vaxt xalq yazıçısı Seyran Səxavət doğma rayonu Füzulinin, doğulduğu Yağlıvənd kəndinin tez azad olunmasını dilə gətirir. Bu vaxt isə həmin rayondan deputat seçilən Vüqar Bayramov (Vüqar bəyin şəxsinə, düşüncəsinə böyük sayğılarımız var və bu fikrin sadəcə bir bənzətmə olaraq işləndiyini anlayışla qəbul edəcəyi ümidindəyik – müəllif) sülhdən, atəşkəsdən danışır. Heç cür ağlabatan deyil. Bu ağlabatmazlığı isə Yardımlıdan deputat seçilən Musa Qasımlı etdi.
    Musa demişkən, tarixin bir dərsi də qədim oğuzların insanlara müəyyən yaşdan sonra əməllərinə görə ad qoyması adəti ilə bağlıdır. Heyf, bu addət pozulub. Qoruyub saxlasaydıq, indi bir çoxları sərkərdə, alim, peyğəmbər adı daşımazdılar… Peyğəmbər demişkən, İsa peyğəmbərin məşhur “xoruzun ilk banınadək məni üç dəfə satacaqsız” hədisi çox ibrətamizdir. Azərbaycanda İsa adlı siyasi lider var. İndi təsadüfə baxın həmin bu Musa Qasımlı 2003-cü ilin oktyabrında, İsa Qəmbərin prezidentliyə namizəd kimi müdafiıçisi olaraq “Qanun” mətbəəsində (daha bir təsadüf: Söhbət Sabir Rüstəmxanlının qardaşının sahib olduğu mətbəədən gedir-müəllif) ölkənin iki tanınmış jurnalitinə təcili olaraq Müsavat partiyasına üzv olmağı tövsiyyə edir: “Gedin indidən üzv olun ki, sabah İsa bəy prezident olanda sizin xahişinizi edə bilim”. O söhbətdə tarix dərsinin tərs tərəfində duran M.Qasımlının daha kimlər haqda hansı fikir bildirdiyinə toxunmuruq, amma üstündən bir neçə gün keçəndən, 15 oktyabrdan sonra bu tarixçi “Lider” kanalında İsa Qəmbər və tərəfdarlarını aşağılayaraq gözlənilən uğurlu seçki nəticəsindən bəhs edir. Bunun da ardınca adam müsahibələrinin birində “Heç vaxt da Müsavat Partiyasına, seçdiyim yola xəyanət etməmişəm” – deyir. Bunu deyibsə, sabah Yardımlı rayonunun icra başçısının korrupsiya əməlləri faş olunanda “Mən hər zaman rayon rəhbərliyinin bu fəaliyyətinə qarşı olmuşam” deməsini gözləmək olar. Yeri gəlmişkən, Musa Qasımlının üzv olduğu parlamentdə, iştirak etdiy Milli Məclis iclasında Cümhuriyyət qurucusu Məhəmməd Əmin təhqir olunub onun səsi çıxmayıb. Tariximiz haqda onun deputat həmkarı Araz Əlizadə ağlına və ağzına gələni danışıb, adam yenə susub. Hakimiyyətin, hətta Milli Məclisin ünvanına müxtəlif siyasi qüvvələr tərəfindən ittihamlar səslənib, yenədə bu şəxsin səsini eşitməmişik. İndi Yardımlı rayon icra başçısı hansı özəlliklərə və gözəlliklərə sahibdir ki, Sabir Rüstəmxanlının “Növbəti həbs olunacaq məmur Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov olmalıdır” çağırışı Musa Qasımlıya bu qədər yer edib? Məşhur “O olmasın, bu olsun” filmindəki məşhur ifadədə olduğu kimi “Bəs icra başçısının nəyi deputatın xoşuna gəlib?”. O icra başçısının ki, adam ərinməyib Yardımlı “ağsaqqalları” adından ölkə Prezidentinə məktublar təşkil etdirib. İmza atanların da əksəriyyəti İcra Hakimiyyətində işləyənlərin, o cümlədən Başçının müavinləri, rayonda öz “əməlləri” ilə ad çıxarmış Mahir Mirzəyevin, Azər Xamıyevin qohumları, Arus, Bozayran, Telavar kəndlərində onların işverənləridir. Bir rayonu idarə edənlərin bu kəslərin ümidinə qalması ayıbdır eee!!!… Görəsən, nə vaxtdan İcra Başcısının sürücüsünün qayınatası, Mahir Mirzəyevin əmisi nəvəsi, Arus kəndinin ərazi nümayəndəsi Yardımlının ağsaqqalı olublar?! Adları “ağsaqqallar” sırasına yazılmış adamların bəzisi məktubdan imtina edir, bu yazıdan xəbərsizik deyirlər. O zaman bu saxtakarlığın arxasında kimlər dayanır? İcra hakimiyyətinin işçiləri, yoxsa rayonda heç kimin hörmət eləmədiyi Musa Qasımlı? Sabir Rüstəmxanlı respublikanın ucqar bildiyi Yardımlını dünyanın hər qitəsində ucaldan şəxsdir. Bəs siz kimsiz??? Bir bank hesablarınızı qabağına qoyub düşünün…
    Professor titulu daşıyan bu tarixçi aldığı sifarişi yerinə yetirərkən Roma papasından (oxu – icra başçısından) artıq katolik (oxu – korrupsioner) olan deputat o qədər uzağa gedib ki, Sabir Rüstəmxanlının ünvanına “25 il deputatlıq müddətində 25 yetimin-yesirin qapısını açmayan adamın millət adından danışmağa haqqı yoxdur” deməyə də cəsarət edib. Tarix dərsi keçib bu dərsi tərs bilmək belə olur. İslam Peyğəmbəri buyurur: “Kim bir müsəlman qulu azad edərsə, Allah onun hər bir günahdan azad edər və bu bütün əməllərdən savabdır”. Sabir Rüstəmxanlı qapısını açdığı yetim-yesirin hesabatını dilə gətirməyəcək qədər mərddir. Amma sizlərdən vərqli olaraq bu xalq da dünənini unutmayacaq qədər yaddaşlıdır və bir qulun yox, bir millətin azadlığı üçün canı, ruhu qələmi ilə savaş aparan insanın XALQ və XALİQ qarşısında yeri bəllidir!
    Bu gün Azərbaycan yeni bir sistemə qədəm qoyur. Bu sistemdə süni yaltaqlıq, populist yarınma ilə heç nəyi pərdələmək mümkün olmayacaq. Məhz belələrinin yaratdığı xoşagəlməz mühiti dəyişmək üçün dövlət başçısının yanında müxalifətin sözü bəzən iqtidarçı kimi görünənlərin sözündən daha üstün mövqedədir. Yeni seçilmiş parlamentdə prezidentin çıxışındakı mesajlar və Milli Məclis rəhbərliyindəki təmsilçiik də bunun təsdiqi idi. İllər öncə də, bu günkü kimi musa qasımlılar Sabir Rüstəmxanlını da hədəf alaraq milli azadlıq hərəkatına çamur atırdılar. O zaman mərhum prezident Azərbaycan yazıçıları ilə görüşündə məhz xalq şairi Sabir Rüstəmxanlının məruzəsinə münasibət bildirərkən demişdi: “…Sabir (Sabir Rüstəmxanlı nəzərdə tutulur – red.) burada bir məsələyə toxundu. Mən buna öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanda xalqın 1988-ci ildən Ermənistanın Azərbaycana təcavüzü və Moskvanın, İttifaqın o vaxtkı dövlət başçılarının Azərbaycana ədalətsiz münasibətilə əlaqədar və o vaxt Azərbaycana başçılıq edənlərin, həmin o Kommunist Partiyası rəhbərlərinin öz vətəninin, ölkəsinin, xalqının problemlərinə lazımi qayğı göstərməməsilə əlaqədar, bəlkə də öz hərəkətlərilə xalqına xəyanət etməsilə əlaqədar ayağa qalxmış insanlar, o meydana toplaşmış, mitinqlər aparmış insanlar və o illər, dövrlər, hadisələr bizim xalqımızın tarixinin parlaq səhifələridir. Sabir, mən hesab edirəm ki, o vaxtlar həqiqətən xalqın oyanmasında, inkişaf etməsində fəaliyyət göstərmiş adamlara indi heç kəs mənfi münasibət göstərə bilməz və göstərməməlidir. Məsələn, şəxsən sənin özün haqqında danışsaq, mən o vaxtlar sənin fəaliyyətini heyranlıqla müşahidə edirdim. Mən Moskvada yaşayırdım, bəzən meydandakı mitinqi Moskva televiziyası göstərirdi. Səni orada tribunada görəndə sevinirdim. Çünki yadımdadır, mən burada işlədiyim zaman sən gənc yazıçı, şair kimi, ümumiyyətlə, bizim cəmiyyətdə, o cümlədən mənim nəzərimdə çox hörmətli bir adam idin. Görəndə ki, Sabir Rüstəmxanlı xalqın qarşısında çıxış edir və ədalətsizliyi ittiham edir, bu, məni sevindirirdi”. Bu çıxış çoxları üçün tərs sillə oldu. İndi də prezidentin əli havada, sifəti gizlətməyə yer yoxdu…

    Nəsimi Şərəfxanlı

    Cümhuriyyət