Vətəndaş Həmrəyliyi Partiyası

Category: Slayder

  • Sabir Rüstəmxanlıdan DTX-yə çağırış: “Yardımlının da icra başçısı həbs olunmalıdır”

    “Neftçaladan sonra Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının ifşa olunaraq tutulması çox biabırçı fakt idi. Yəni, bu onu göstərir ki, icra başçıları heç bir nəticə çıxarmaq istəmirlər. Eyni yolda getməyə davam edirlər”.
    Bu fikirləri Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı söyləyib.
    S.Rüstəmxanlı deyib ki, dərs çıxarmayan icra başçıları yenə də imkansız ailələrə ayrılmış sosial yardımları mənimsəyirlər, rüşvət alırlar:
    “Mən hələ də anlaya bilmirəm ki, bu məmurlar nə etmək istəyirlər! Onların ya başları donub, ya da ölkədə gedən prosesləri görə bilmirlər. Baş verənlərin fonunda mən Prezidentin çıxışlarına baxıram və görürəm ki, ölkədə korrupsiya və rüşvətxorluğa qarşı ən ciddi mübarizə aparan şəxs İlham Əliyevdir. Prezident İlham Əliyev bütün nöqsanları deyir, onun aradan qaldırılmasına çalışır və işində nöqsana yol verənlərə xəbərdarlıq edir. Hətta, əyri yola üz tutan məmurları Allaha tapşırır. Amma yenə nəticə çıxarmırlar. Ona görə də rüşvətə və korrupsiyaya qarşı mübarizə davam edəcək”.
    Deputat qeyd edib ki, Azərbaycanın yeni Baş prokuroru Kamran Əliyevin təyin olunması çox uğurlu kadr islahatıdır:
    “Kamran Əliyev hüquq mühafizə sistemində ən çox hörmət etdiyim və peşəkarlığına inandığım şəxslərdən biridir. Onunla bir neçə dəfə görüşlərim olub. Hesab edirəm ki, ölkə başçısı Kamran Əliyevi Baş prokuror təyin etməklə ən doğru addımı atıb. Kamran Əliyev doğrudan da layiqli peşəkar Baş prokuror olacaq. Prezident Kamran Əliyevi Baş prokuror təyin etməklə hüquq mühafizə orqanlarının əsas diqqətini korrupsiya ilə mübarizəyə yönəltdi. Hesab edirəm ki, Prezidentin Karman Əliyevlə görüşü və ona verdiyi tapşırıqlar göstərir ki, doğrudan da ölkədə rüşvətxorluq, quldurluq və korrupsiyaya qarşı ciddi iradə var. Bu iradə sonadək olmalıdır. İndi icra başçıları özlərini padişah kimi aparırlar. Hətta məndə məlumat var ki, Ağstafa və Neftçala məsələsindən sonra indi bir neçə icra başçısı otaqlarını dəyişir, təmir etdirir, “juçok” axtarır. Bununla elə düşünürlər ki, onlara nəzarət imkanları azalsın. Amma başa düşmürlər ki, nəzarətin o qədər geniş imkanları var”.
    Deputat Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarını doğulduğu Yardımlı rayonuna dəvət edib:
    “Mən Yardımlıda doğulmuşam. Bunu çəkinmədən və tam məsuliyyətimlə deyirəm ki, Mahir Quliyevdən sonra növbəti həbs olunacaq məmur Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov olmalıdır. Çünki dövlət tərəfindən rayona və camaata ayrılan yardımlar icra başçısı tərəfindən mənimsənilir. Camaat üçün nəzərdə tutulan yardımların hamısını icra başçısı mənimsəyir”. (Demokrat.az)
  • Deputat özünü ifadə edə bilmirsə… – Sabir Rüstəmxanlı

    Son vaxtlar bəzi millət vəkilləri mətbuata verdikləri açıqlamalarda işlətdikləri ifadələri ilə müzakirə obyektinə çevrilirlər. Bəzi deputatların öz ana dillərində normal danışa bilməmələri və yaxud fikirlərini ifadə etməyi bacarmamaları cəmiyyətdə birmənalı qarşılanmır.

    Bəs, görəsən, millət vəkilləri bu cür halların yaşanmaması üçün nə etməlidir?

    Məsələ ilə bağlı Kult.az-a açıqlama verən xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, deputat nitqinin məsuliyyətini dərk etməlidir:

    “Bəzən millət vəkilləri çıxışlarında çox ciddi qüsurlara yol verirlər. Onların çıxışlarını qanunla nizamlamaq, məhdudiyyət qoymaq mümkün deyil. Belə bir qanun yoxdur ki, deyəsən, sən belə danışma. Bu, hər kəsin öz intellekt səviyyəsindən və məsuliyyətindən asılıdır. Əgər millət vəkili öz ana dilində normal danışa bilmirsə və nitqi qüsurludursa, sözü harada işlədib-işlətməməyi bilmirsə, gərək çıxışlarını yazılı şəkildə üzündən oxusun. Yoxsa necə gəldi danışıb, camaatın gözündə millət vəkili statusunu gülünc vəziyyətə qoymaq olmaz”.

    S.Rüstəmxanlı onu da qeyd edib ki, Milli Məclisin bəzi qanunlarının da dili qüsurlu və qəlizdir:

    “Təkcə bəzi millət vəkillərinin deyil, Milli Məclisin qanunlarının da dili qüsurludur. Qanunları hazırlayarkən hansı dillərdən tərcümə edirlərsə, o dildə olan sözün düzgün qarşılığını tapmırlar və ya ifadə formasını düzgün seçmirlər. Ona görə də bəzən ağır və xalqın başa düşmədiyi qanun mətni ortaya çıxır”.

  • Müxalifət post-pandemiya dövrünə hazırlaşır

    Ölkədə xüsusi karantin rejimi bir çox sahələr kimi, siyasi partiyaların fəaliyyətinə də müəyyən məhdudiyyətlər qoyub. İki aya yaxındır partiya qərargahlarının qapıları  faktiki olaraq bağlanıb. Müxalifət isə karantin rejiminin ləğvindən sonrakı post-pandemiya dövrünə hazırlaşır.

    VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli isə bildirdi ki, əslində post-pandemiya dövrünə hazırlıq demək düzgün olmazdı: “Söhbət həyatın əvvəlki axarına qayıtmasından gedir. Partiya olaraq öncədən planlaşdırdığımız proqram üzrə fəaliyyət göstərəcəyik. Bu il Vətəndaş Həmrəyliyi Partiyası olaraq qurultay keçirməyi planlayırdıq. Rayon təşkilatlarının hesabat-seçki yığıncaqları keçiriləcək. Bu işlər başa çatdıqdan sonra qurultayın vaxtı elan ediləcək. Həmçinin yay aylarında bölgələrdə zona müşavirələri keçiriləcək.

    Pandemiya ilə bağlı karantinin bitməsindən asılı olaraq bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Eyni zamanda partiyadan seçilən millət vəkillərinin seçicilərlə görüşləri planlaşdırılır”.

    AXP sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, post-koronavirus dövründə yaranacaq situasiyalara siyasi hazırlıqlar, proqramlaşdırma və planlaşdırma, siyasi davranış modelləri və ehtimal olunan qlobal geopolitik xaos şəraitində Azərbaycan xalqı və dövlətinin milli strategiyası məsələlərinin elmi-siyasi müzakirələrinə zəruri ehtiyac var: “Bir sıra siyasi partiyaların rəhbərləri və mütəxəssisləri ilə, ekspertlərlə belə müzakirələr başlanıb. Aydın görünür ki, Milli Təhlükəsizlik Konsepsiyası və Müdafiə Doktrinası yenidən işlənməlidir. Bundan əlavə, proqnozlaşdırılır ki, qeyri-formal siyasi təşkilatlanmaların Azərbaycanda da aktuallaşması labüddür”.

    Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirdi ki, müxalifət ilk növbədə karantin rejiminin bitməsini gözləyir: “Mövcud şərtlər daxilində əksəriyyət kimi müxalifət də fəaliyyətini məhdudlaşdırmışdı. Xeyli məsələ karantin rejiminin götürülməsindən, yaxud yumşaldılmasından asılıdır. Ondan sonra müxalifət də adi iş rejiminə qayıdacaq. Amma o da nəzərə alınacaq ki, koronavirus problemi hələ qalmaqda davam edir və buna da uyğun davranışlar sərgilənməlidir. Yəqin ki, hər kəs bu təhlükəni nəzərə almaqla öz planına uyğun fəaliyyətini davam etdirəcəkdir”.

    AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, tək müxalifət partiyaları deyil, cəmiyyət və iqtidar post-pandemiya dönəminə daha çox hazırlaşmalıdır: “Ümumiyyətlə, bütün dünyada bu gün ən çox müzakirə olunan məsələlərdən biri də post-pandemiya dünyasının necə olacağı və yeni reallıqlardır. Bu gün hər kəsin üzərində razılaşdığı bir fikir var ki, dünya əvvəlki kimi olmayacaq. Bu fikir tək siyasi və idarəetməyə aid edilən məsələ deyil. Buraya iqtisadi, mədəni və sosial sahələr də daxildir. Təbii ki, dünyanın bunu müzakirə etdiyi və yeni dönəmə hazırlaşdığı bir vaxtda Azərbaycan özünü bu prosesdən kənarda saxlaya bilməz. Odur ki, Azərbaycan dövlət olaraq bu məsələyə ciddi yanaşmalı və yeni dönəmin yeni və öyrəşilməmiş reallıqlar və çağırışlarına  hazır olmalıdır. Təbii ki, Azərbaycan müxalifəti də, dövlətçiliyin bir subyekti kimi, bu məsələlərdə aktiv olmalıdır. Odur ki, biz, AĞ Partiya olaraq, bu dönəmi və post-pandemiya məsələsini ciddi araşdırır və rəhbərlikdə müzakirə edirik. Yarana biləcək müxtəlif yeni situasiyalara  hazırlıqlı olmaq üçün müxtəlif ssenarilər üzərində işləyirik. Eyni zamanda AĞ Partiya bütün bunlarla paralel digər müxalifət partiyaları ilə də bu məsələləri aktiv müzakirə edir və yeni dönəmdə birgə fəaliyyət formaları üzərində məsləhətləşmələr edirik. Hələlik onu deyə bilərəm ki, bur sıra partiyalarla ilkin müsbət nəticələr də mövcuddur. Bu sırada AXP, ADP, AMİP, Böyük Azərbaycan kimi  partiyaları göstərə bilərik. Əsas məsələ müxalifətin və ya iqtidarın post-pandemiya dönəmində hazırlıqlı olması məsələsi deyil. Əsas xalq olaraq, millət olaraq və ən əsası bütöv bir dövlət olaraq bu dönəmə hazır olmaqdır”.

     

    Etibar SEYİDAĞA,
    “Yeni Müsavat”

     

  • Məhəmməd Əmin Rəsulzadənin adına Ankarada park istifadəyə verilib

    Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin adına Ankarada park açıldı.

    Azərbaycan Kültür Dərnəyinin Turgutlu şöbəsinin təşəbbüsü ilə Bələdiyyə Məclisində qəbul edilən qərarla Turgutlu ilçəsində yerləşən parka Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin adı verilib.

    Qurucu liderin öz vətənində, qurduğu dövlətin paytaxtında da layiqli şəkildə anılması diləyindəyik.

  • Bəsdir, bir dəstə adam milləti öz istədikləri kimi oynatdılar!- 1991-ci il, Mart

    Sabir Rüstəmxanlı

    Dünyada yalnız bir canlı var ki, (heyvan demək istəmirəm!) acı taleyinə müqavimətsiz boyun əyir, düşməninə yem olmağa özü «könüllü» gedir; kol dibində, dərədə uzaqdan-uzağa canavarın qaraltısını görən kimi onun dalınca düşür, oxuya-oxuya («anqıra-anqıra» demək istəmirəm!) «tələsir», qaçır ölümün ağzına… Lətifəsi bizdən uzaq!..
    Bu günlərdə bizi zorla İttifaq referendumuna sürükləyirlər. İttifaqın saxlanmasına münasibətimizi bildirməliyik: «hə», ya «yox»… Guya, biz «hə» deyən kimi dünyanın altıda birini əhatə edən bir xaraba dirçələcək, sürü-sürü dükan-bazara axışıb kor-peşman geri qayıdan adamların istəyi yerinə yetəcək, sinəmizə vurulan ağır yaralar sağalacaq. Ya da, «yox» sözümüzü eşidən kimi Kreml başlayacaq bir ağızdan oxumağa: «Get, yaxşı yol, əyləmirəm səni mən!»
    Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında iki günlük müzakirələrdə, kifayət qədər dəlil-sübut gətirsək də, biz bu referendumun növbəti bir oyun olduğunu və respublikamızı yenidən tələyə salacağını başa sala bilmədik. Daha doğrusu, hamısı çox gözəl başa düşə-düşə itaətkarlıq vərdişlərindən əl çəkə bilmədilər!
    Mirzə Cəlil demiş: «…bəndənə şükür, İlahi!»
    Deputatların böyük əksəriyyəti təkbətək söhbətlərimizdə etiraf edirdilər ki, referendumun respublikaya heç nə vermədiyini biz də bilirik, lakin…
    Gün kimi aydın həqiqətlər var: referendum Qorbaçova yeni səlahiyyətlər qazandırmaq vasitəsidir. «Hə» də desək, «yox» da desək, Mərkəzin növbəti gedişləri indidən açıq-aşkar görünür.
    Biz hansı İttifaqa «hə» deyəcəyik? 70 il Azərbaycanın bütün sərvətlərini yığıb aparan, Abşeronu zibilxanaya, Xəzəri mazut gölünə çevirəndən sonra «bağda ərik var idi, salam-əleyk var idi» ovqatı ilə səni hesaba almayan İttifaqa? Milyon yarım azərbaycanlını bir tikə çörəyə, işə, evə möhtac qoyub yurdundan didərgin salıb, dərbədər edən İttifaqa? Bizi həmişə qonşularımızın ayağına verən, mənafelərimizi tapdalayan, sərhədlərimizi qorumayan, axıdılan qanımıza göz yuman və bizi tankların altına salmaqdan çəkinməyən İttifaqa?
    Bizim hesabımıza müharibəni udan bir məmləkətdə, heç bir xidmətimiz nəzərə alınmadan, bizə ögey münasibətə nə ilə haqq qazandırmaq olar?
    «Yeri gəlmişkən, bəsdir Rusiyanın büdcəsinin gəlirini milli respublikalara axıda-axıda onu çapıb taladılar. Onsuz da bu, işə xeyir vermək əvəzinə, Orta Asiyada və Zaqafqaziyada oğru və dəllalların çoxalmasına səbəb olur». «Voprosı literaturı» jurnalından (№ 9, 1980) götürdüyüm bu sözlər isə, açıq-aşkar göstərir ki, soyulan biz olsaq da, Rusiyanın hətta ziyalıları da «oğru elə qışqırdı ki, doğrunun bağrı yarıldı» əhval-ruhiyyəsi ilə bizi özlərinə borclu sayır, bütün əyrilikləri və rüşvətxorluğu Mərkəzdən yaydıqları halda, Asiya və Zaqafqaziya xalqlarını xüsusi hədəf seçməkdən çəkinmirlər!
    Bəs sənin heysiyyətin,
    bəs özünə hörmətin?!
    Bəs körpə balaların damarından axan qan?!
    Səni ayaq altına atan bir qaniçənin
    Nə iştahla yenə də öpürsən ayağından?!
    Niyə bizi ayaq altına atan, bizi adam yerinə qoymayanların ayağından öpmək xəstəliyindən sağalmaq istəmirik?
    Bəhanə gətirirlər ki, söhbət yeniləşmiş İttifaqdan gedir. Hanı o «yeniləşmiş» İttifaq? Kağız üstündəki dəbdəbəli sözlərlə çürüyən dayaqları, uçan divarları necə saxlamaq olar? İttifaqın özünün nəyi var ki, bizə də kömək eləsin? Əksinə, ömür boyu havayı yemiş respublikaların də yükünü, bütün xarici borclarının da bir hissəsini bizim boynumuza yıxacaq.
    İttifaqın ömrünə az qalıb! Dünya sovetoloqlarının, siyasətlə məşğul olan adamların çoxunun fikri belədir! Nəyə görə yenə özümüzü, qul psixologiyası ilə, məhvi labüd olan bir xəstənin quyruğuna bağlamalıyıq!
    Düzdür, müstəqillik yolu çətin yoldur! Düzdür, bəzi beyni kiflənmiş, buğda yeyib cənnətdən çıxmış rəhbərlər «əşi, biz azadıq da!» – deyib, xalqın gözünə kül üfürə-üfürə yaşamağı mübarizə yoluna dəyişməz! Lakin tarixin də öz qanunları var və vaxtı çatanda belələrini bir gündə kürüyüb atacaq!
    Zor-xoş, bir dəstə ixtiyar sahibinin iradəsi ilə xalq referenduma sürüklənir. Həmin gün respublika Ali Soveti öz tarixinə qara bir səhifə yazdı… Bu qərara etiraz əlaməti olaraq aclıq elan edən «Müstəqil Azərbaycan» Bloku deputatları ələ salındı, onlara zorakılıq göstərildi; deputat hüquqları və Konstitusiyamız ayaqlar altına atıldı…
    Qoy olsun! Biz Azərbaycanın insan hüquqlarına etinasızlıq, vəhşilik üzrə sınaq meydanına çevrildiyini çox görmüşük.
    Onsuz da yaxşı bilirik ki, bizdə aclıq elan etməklə heç kimin tükünü tərpətmək olmaz! Bu etiraz sivilizasiya mühitində təsir göstərir!..
    Əlac bircə ona qalır ki, referenduma ümumxalq etinasızlığı göstərək. Səsverməyə getməyək, hər yerdə bizim əvəzimizdən yalandan səs verilməsinə mane olaq, məcburiyyət qarşısında referendumda iştirak edənlərin də rəyi bir olsun! «Yox!»
    Bəsdir, bir dəstə adam milləti öz istədikləri kimi oynatdılar!
    1991-ci il, Mart
  • 29 İL ÖNCƏ VƏ BU GÜN – Dövlətə xəyanətin başqa adı

    İKİ YAZI
    Birinci yazını 1991-ci ilin martında, Azərbaycan rəhbərliyi xalqı zorla referenduma sürükləyib “müstəqilliyi istəmirik” dedirtdirəndə yazmışdım. “ Bəsdir!” adlı həmin yazı mənim etiraz harayım idi və “Azərbaycan” qəzetinin səhiflərində yayılmışdı. Çox yer tutar deyə onu burda təkrar etmək istəmirəm. Amma təəssüf ki, adamlarımız bir sıra səhvləri təkrar etməkdən yorulmurlar. 1991-ci ildə zaman bizim haqlı olduğumuzu göstərdi. Cəmi altı ay keçəndən sonra həmin “ittifaqpərəstlər” Xalqın və Tarixin hökmünə boyun əyib Azərbaycanın Müstəqillik Aktına qol çəkməli oldular.

    Üstündən 29 il keçib, Çar Rusiyasının və onun müxtəlif adlar altında yaşayan varislərinin son 200 ildə bizim kimi məzlum xalqlara yaşatdığı faciələrin dəhşətli mənzərələrini daha açıq şəkildə görmüşük, arxivlər açılıb, bizi bir xalq kimi məhv etmək siyasətinin bir çox gizlinləri çözülüb, bizə verilən vədlərin həmişə yalan və qaniçənliklə nəticələndiyi gün kimi aydındır, bu barədə qucaq-qucaq kitab yazılıb… Hətta müharibə şəraitində də, ən bərəkətli torpaqlarımız düşmən əlində olsa belə, müstəqilliyin nə qədər böyük bir nemət olduğunu da görmüşük! LAKİN yenə bir dəstə adam düşüb ortaya. Əvvəl ehtiyatla, müstəqil Azərbaycan respublikasından, ömrünü onun quruculuğuna vermiş insanlardan, namuslu vətəndaşdan, nəhayət, ölkənin qanunlarından qorxurdular. Cəzasızlığı hiss edə-edə, arxalarında dayananların onlara ürək-dirək verməsini dinləyə-dinləyə ildən-ilə güclənirlər, heç nədən çəkinmirlər; artıq hətta mətbuatda, televiziyada, müstəqillik üçün nəsil-nəsil övladlarını qurban vermiş xalqın gözünün içinə baxa-baxa Moskva təbliğatı aparır, birlikdən danışırlar, Rusiya xiffətindən ürəkləri partlayır; “Qarabağ məsələsinin həlli ancaq Rusiyanın əlindədir, onun qapısına getməliyik!” deyib yüz il Rusiyada bəstələnmiş kiflənmiş nəğməni təkrarlamaqdan yorulmurlar. Guya, bizim torpaqlarımızda Ermənistanı dövlət qayıran Rusiya deyilmiş; guya, Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu ermənilərə bağışlayan rus-sovet hərbi hissələri deyilmiş.
    İndi nə baş verib, indi nə dəyişiləcək! İnsan bir səhvi neçə dəfə təkrar edər görəsən? Kor gözlər açılmır ki açılmır! Yox, bağışlayın, yanıldım. Burada söhbət kor gözlərdən getmir! Kor gözlər də çoxdan açılıb! Burada söhbət satqınlıqdan, çürük və bizi sevməyən zehniyyətdən və açıq-aşkar Azərbaycan düşmənçiliyindən gedir. Nə qədər istəyirsiniz mənasız dəlil-sübut, əl yeri axtarın, fərq etməz! Bunun başqa adı yoxdur! Bu, dövlətimizin Ana Yasasını-Konstitusiyasını, varlığını, onun sahibi olan xalqı heçə saymaqdır, xəyanətdir!
    Dövlətə xəyanətdir və cəzalandırılmalıdır.
    Biz bu cür danışan adamlara etiraz edəndə, səslər ucalır ki, Rusiya bizim böyük qonşumuzdur, onunla dost olmalı, onun hər sahədə fikr
    Dövlətə xəyanətdir və cəzalandırılmalıdır.
    Biz bu cür danışan adamlara etiraz edəndə, səslər ucalır ki, Rusiya bizim böyük qonşumuzdur, onunla dost olmalı, onun hər sahədə fikrini nəzərə almalı, onun dediyi ilə oturub-durmalıyıq! Qardaşım, kim sənə deyir ki, Rusiya ilə düşmən ol! Biz indi Rusiya ilə Sovet dövründə olduğundan daha mehriban qonşuyuq! Tabeçilikdə sayğı olmaz, əsl sayğı bir-biridən asılı olmamaqdadır! Olaq! Biz dostluğu, qonşuluğu bu cür başa düşürük! Siz isə deyirsiniz ki, qonşuluq azdır, biz gərək, onun mədəsinə girək, orda əriyək! Qonşunun dediyi ilə oturub- duracaqdınsa, onda Müstəqil dövlət sənin nəyinə lazım idi?!
    İllər öncə Bakıda rus məktəblərinin sayını artıranlara, rus məktəblərini təbliğ edə-edə uşaqlarımızı ana dilli məktəblərimizdən uzaqlaşdıranlara etirazımız süngüylə qarşılanmışdı, halbuki mən heç vaxt rus xalqına, rus mədəniyyətinə və rus dilinə qarşı olmamışam, tam əksinə! Ancaq rus dilini öyrənmək üçün öz məktəbindən, ana dilindən imtina edib, dövlət dilini sıxışdıraraq, ildən- ilə rus məktəblərinin sayını artırmaq lazım deyildi. Hələ o vaxt yazmışdım ki, bu məktəbləri çoxaldanların, səksən mindən artıq övladımızın rusca oxumasını fəxrlə şüar edənlərin iki məqsədi var: ya uşaqlarını gələcəkdə Azərbaycandan çıxarmaq, ya da Moskvanı Azərbaycana gətirmək! Başqa niyyət ola bilməz.
    Həmin məktəblərin acı bəhrəsini hələ bundan sonra görəcəyik. Rus məktəblərini gizli yollarla artırtdıranlar, köhnə SSRİ aşiqləri, Rusiyanın açıq görünən ikinci vətəndaşlıq süfrəsinə can atanlar, Qarabağın yollarını Rusiyanın bağladığını bilə-bilə yenə ondan açar umanlar hamısı bir xəttin üstündədirlər. Mən onların saf Azərbaycan sevgisinə şübhə edirəm!
    Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin Qırmızı Ordu tərəfindən işğalından 100 il keçir. Biz bu yüz illik yola nəzər salıb bəzi nəticələr çıxarmalıyıq. O vaxt Rusiya hansı vədlərlə gəlmişdi? O vaxtın müstəqil dövlətləri necə addım-addım totalitar və tam mərkəzləşdirilmiş bir rejimə çevrildi. İnsana ağıl ona görə verilib ki, baxsın, görsün. İncələsin və nəticə çıxarsın…
    Baxıram, bəzi siyasətçilərimiz ciddi şəkildə müzakirələr aparırlar: Lavrov belə dedi, Ermənistanın Xarici işlər naziri ona elə cavab verdi, Ermənistan çökəcək, Rusiya ilə Ermənistanın arasında soyuq küləklər əsəcək və s. Görəsən, 30 ildə belə əsassız və mənasız təhlillərdən yorulmadıq? Bunun həmin köhnə oyunun yeni pərdələri olduğunu görmək çoxmu çətindir? Bu razılaşdırılmış Minsk qrupu-Lavrov- İrəvan ötür-ötürünə necə ciddi yanaşmaq və ondan necə ümid gözləmək olar?
    Şəxsən mənə görə Rusiyanın indiki bəzi erməni əsilli böyüklərinin Şaumyanlardan, Mikoyanlardan, Ermənistan böyüklərinin də Androniklərdən heç bir fərqi yoxdur. Nəticələr göz qabağındadır.
    Biz əlli milyonluq xalqın bir parçasının qurduğu balaca bir dövlətik. Amma Lüksemburqdan da balaca deyilik ki! Avropada böyüklükdə bizimlə tərəziyə qoyula bilən neçə ölkə var… Nə yaxşı onlar böyür- başlarındakı güclü dövlətlər tərəfindən udulacaqlarından, silinib itəcəklərindən qorxmurlar?
    Biz Azərbaycanı Qanunlarla idarə olunan, ədalətli, iqtisadi cəhətdən inkişaf eləmiş, cazibə mərkəzinə çevirdikcə kimsənin bizə dil və əl uzatmağa cəsarəti çatmayacaq! Dövlət yerində möhkəm dayanmalıdır, necə ki, şükür, dayanır. Tək-tək “bəlkə də qaytardılar” dərdiylə yanıb qovrulanların da üzünə yol açıq olmalıdır: buyursunlar, hara istəyirlər getsinlər! Amma dövləti də özləri ilə aparmaq haqqında düşünməsinlər!
    28.04.2020
  • Müxalifət video-müşavirələr keçirirmi?

    Koronavirusla əlaqədar ölkədə dövlət qurumlarının, əksər siyasi təşkilatların iclasları onlayn sistemdə keçirilir. Son olaraq, prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirənin keçirilməsi bir çox məsələləri aktuallaşdırıb.

    Bəs Azərbaycan müxalifəti necə, video-müşavirələr keçirirmi? Koordinasiya partiyalarda nə cür təşkil olunur?

    VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli də onlayn qaydada fəaliyyətlərini davam etdirdiklərini söylədi: “Karantin dövründə Vətəndaş Həmrəyliyi Partiyasının fəaliyyəti onlayn qaydada həyata keçirilir. Partiya rəhbərliyi öz aralarında və rayon təşkilatları ilə mütəmadi olaraq telefon bağlantısı yaradılır, məsləhətləşmələr aparılır, müvafiq tapşırıqlar verilir. Bu müddət ərzində partiyanın Mərkəzi İcra Aparatının onlayn qaydada videogörüntülü iclası keçirilib. Nizamnaməyə görə, Siyasi Şuranın keçirilmə müddəti hələ keçməyib. Əgər zərurət olarsa, Siyasi Şuranın da onlayn qaydada videogörüntülü iclası keçirilə bilər. Bundan başqa gündəlik olaraq partiyanın şöbə müdirləri, departament və xidmət rəhbərləri ilə telefon əlaqəsi saxlanılır. Həmçinin rayon təşkilatları ilə əlaqələr zamanı üzvlərin sağlıq durumu, sosial problemləri haqda maraqlanılır”.

    ALDP sədri Fuad Əliyev: “Biz karantin rejiminin demək olar ki, birinci günündən iclasları onlayn şəkildə keçiririk. İlk növbədə Sədr Aparatının iclasları həftədə iki dəfə, partiyanın Rəyasət Heyətinin iclasları isə iki həftədən bir təşkil olunur. Koordinasiya köməkçim vasitəsilə həyata keçirilir. Bizim vatshapp, həm də skupe-də qrupumuz var. Hamı evdə olduğuna görə bir vaxt seçmişik. Həmin vaxtda hamı iclasa gətirilir”.

    AĞ Partiya başqanının birinci müavini Əhəd Məmmədli: “AĞ Partiya video-müşavirələr edir. Zoom, skupe, vatshapp vasitələri ilə daim görüşlər keçirilir. Video-görüntülü toplantılar da təşkil olunur. Partiya qrupları var. Onların vasitəsilə partiya daxili koordinasiya həyata keçirilir”.

    AMİP katibi Əli Orucov partiyanın fəaliyyətində müəyyən dəyişikliklərin olunduğunu qeyd etdi: “Koronovirus pandemiyası ilə bağlı Azərbaycanda tətbiq olunan xüsusi karantin rejiminin şərtlərinə uyğun olaraq AMİP-in fəaliyyətində də müəyyən dəyişikliklər olundu. Partiyanın müvafiq qurumları və rayon təşkilatları ilə əlaqələr telefon və internet üzərindən qurulur. Siyasi şura və mərkəzi aparat iclasları onlaynla keçirilir Müzakirələrimizi onlayn vasitəsilə aparırıq. Eyni zamanda, müntəzəm telefon bağlantıları qururuq. Başlıcası insanların və üzvlərimizin sağlamlıqlarını qorunması və təhlükəsizliyidir. Yaşlı silahdaşlarımızla tez-tez əlaqə saxlayırıq. Ehtiyaclarını öyrənirik. Zərurət duyulduqda yardımçı olmağa çalırıq. Yeri gəlmişkən, çox təəssüf olsun ki, bəziləri yardımlaşmanın və ayrı-ayrı şəxslərə etdiyi köməyi gözə soxmağa, bundan reklam və şəxsi məqsədləri üçün istifadə etməkdədir. Bu, heç də xoş deyil. İndiki cəmiyyətin özündə və insanlardakı psixoloji durum daha sayğılı, daha həssas yanaşma tələb edir. Bəzən psixoloji dəstək və diqqət insanlarda daha çox təsəlli yaradır. Ümid edirəm ki, bu koronovirus pandemiyasından yaxın müddətdə və az itki ilə çıxa biləcəyik. Partiya da əvvəlki kimi normal fəaliyyətinə qayıdacaq”.

    KXCP-nin idarə heyətinin üzvü Xəzər Teyyublu bunları dedi: “Partiyanın idarə heyətinin iclasları onlayn qaydada keçirilir. İnternet üzərindən koordinasiya şəklində partiya rəhbərliyi tərəfindən idarəetmə əlaqələri qurulur. Həftədə bir dəfə bu əlaqə saxlanılır”.

    Cavanşir Abbaslı,
    Musavat.com

  • “Bu gərgin dönəmdə Bakıdan dünyaya barış mesajı verildi” – Sabir Rüstəmxanlı

    “Bizim dünyamızın da Ermənistan və bu kimi xeyli xəstə orqanları var ki, kəsilib atılmaqdan başqa əlacı yoxdur”
     
    “Yaxın günlərdə pandemiya sıxıntılarının aradan qalxacağına inanıram”

    Xalq şairi, millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlın son günlərin aktual məsələləri ilə bağlı sualları cavablandırıb:
    – Sabir bəy, dünyamız koronovirus vahiməsini yaşayır. Ümid edirik ki, bu dönəm böyük müharibələrin zamanı qədər uzun sürməyəcək. Amma bu qısa zaman kəsiyi də meqapolisləri insanlarsız qoymaqdan tutmuş, ölüm statistikasına, iqtisadi zərbəsinə görə elə böyük müharibələrə bərabərdir. Siz necə görürsüz gedişatı, qoca dünya necə keçirir bu xəstəliyi?
    – Düz deyirsiz, əslində, xəstəliyi bütövlükdə dünya keçirir. Hansı ölkədə virusa yoluxma sayının, ölüm sayının neçə olmasından asılı olmayaraq, planetimiz bütün təbii, iqtisadi və ən əsası insani resursları ilə birgə bu xəstəliyi keçirir. Dünya özü də bir vahid orqanizmdir. İnsan xəstələnərkən onun orqanizmindəki zəif əzalar, daha həssas orqanlar ağrı verdiyi kimi indi dünyamız da eyni hissi yaşayır. Diqqət edin, bu virusun yaranması ilə bağlı müxtəlif iddialar var və bu iddiaların hamısında böyük güclərin, imperalist dövlətlərin adları çəkilir.
    Bu virusun ABŞ, Çin, Rusiya kimi dövlətlərin beyin mərkəzlərində hazırlandığı haqda ciddi arqumentlərlə əsaslandırılan mülahizələr irəli sürülür, hazırkı situasiyanın belə böyük güclərin iqtisadi və siyasi maraqlarına necə xidmət etməsi analiz edilir. Amma nəticə etibarı ilə ən çox insanı və iqtisadi itkilərə də elə bu dövlətlər məruz qalır. Atalarımızın “gen qaz, dərin qaz, axırda özün düşəcəksən” məsəli burda tam yerinə düşür. Xəstə dünyamızın bir zəif orqanı özünü supergüc hesab edən bu dövlətlərlə bağlı üzə çıxdı. Digər bir məqam dünyanın maliyyə mərkəzləri hesab edilən böyük fondların davranışları ilə bağlıdır. Söhbət o fondlardan, maliyyə mərkəzlərindən gedir ki, yüz minlərlə insanın taleyində qara iz buraxan inqilablara, müharibələrə açıq və ya gizli şəkildə sponsorluq edir, milyardlarla vəsaiti bu işə yönəldirdilər. İndi insanların xəstəlikdən əziyyət çəkdiyi, iqtisadi problemlərdən yaranan sosial çətinlik dövründə bu fondlar ağızlarına, daha doğrusu hesablarına su alıb oturublar.
    Bəzi beynəlxalq təşkilatlar, Avropanın beynəlxalq qurumları 10 illərlə davam edən ermənipərəst mövqeyi ilə nüfuzdan düşüblər. Bax, dünyanın xəstə durumu həm də bu xəstə orqanları üzə çıxardı. Yəni dünya tam bir orqanizmdirsə, dövlətlər və xalqlar da bu orqanizmin tərkib hissələridir. İndiki xəstəlik dövründə hər bir orqan, bədən üzvü, yəni hər bir dövlət, xalq gerçək xüsusiyyətlərini, mahiyyətini ortaya qoydu.
    – Sizin bu yanaşmanız dünyanın pandemiya ilə uğraşdığı, karantin tədbirləri gördüyü bir vaxtda qondarma Dağlıq Qarabağ rejimində seçkilərin keçiriliməsini yada saldı. Doğurdan da elə dövlətlər var ki, dünyanın dərdi bir yana, bunların xəstə təfəkkürdən irəli gələn maraqları bir yana…
    – Əslində, böyük və kiçik olmasından asılı olmayaraq, həmin təfəkkürlə siyasət yürüdən dövlətlər dünyamızı bu günə gətirib çıxarıb – xəstə salıblar. Mən xüsusi olaraq bu günlər cəbhə xəttində atəşkəs rejiminin pozulma statistikasını izləyirəm: əvvəlki günlərdən demək olar ki, fərq yoxdur. Qondarma rejimin qondarma seçkiləri də eyni mahiyyətdən irəli gəlirdi. Erməni diasporu, erməni siyasi hakimiyyəti üçün vətəndaşın təhlükəsizliyi və onun həyatı yox, özlərinin imperalist maraqları önəmlidir. Bu mənada dünyanın xəstə orqanı kimi dövlətin böyüklüyünün və ya kiçikliyinin bir fərqi yoxdur. Kor bağırsaq kiçik bir orqandır, amma ağrısı, kəsilib atılmasa, fəsadları heç də balaca deyil, bütün sistemi çökdürə bilir.
    Bizim dünyamızın da Ermənistan və bu kimi xeyli xəstə orqanları var ki, kəsilib atılmaqdan başqa əlacı yoxdur. Özü də taleyimiz elə gətirib ki, belə xəstə orqanların bir çoxu bizim ətrafımızda qərar tutub.
    Başqa bir xəstəlik ünvanı İrandır. Özünü islam və din pərdəsi altında gizlədən bu rejimin də bu günlərdə gerçək siması bilindi. Bildiyiniz kimi Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir. Bir neçə gün öncə isə Heydər Əliyev Mərkəzinin binası üzərində İran İslam Respublikasının bayrağı videoproyeksiya olunub.
    Bu bizim qonşuluq və bəşərilik yanaşmamız. Amma elə həmin günlərdə İrana məxsus yük avtomobillərinin işğal altındakı Azərbaycan ərazilərinə yanacaq və ərzaq daşımalarını nümayiş etdirən videogörüntülər yayıldı. Bunun nə müsəlmançılıqda, nə insaniyyətdə adı yoxdur. 40 milyonluq Azərbaycan türkünə öz ana dilində təhsil almağı yasaqlayan rejim bu tayda millətimizə soyqırım həyata keçirən bir başıpozuq hərbi qruplaşmaya yardım edir. Belə orqanları olan dünya xəstəlik də tapar, virus da…
    – Yeri gəlmişkən, bu günlərdə Türkiyə Cümhuriyyətinin Ermənistana yardımı da cəmiyyətdə müzakirə olunur və fikirlər birmənalı deyil.
    – Xeyir, bunlar eyni cür deyil. Əvvəla, Türkiyə müstəqil dövlətə tibbi yardım göndərməyə qərar verib, Azərbaycanın işğal olunmuş ərazisinə yox. Digər bir tərəfdən bu yardımı pandemiya ilə mübarizədə aciz qalan Ermənistan özü xahiş edib. Xəstəlik və fəlakət qarşısında düşmən belə yardım istəyərsə, ona əl uzatmaq insanlıqdı, bu insanlığı dünyanın harasında olmasından asılı olmayaraq, türk genini daşıyan hər kəs edər. Bu türkün min illərdən gələn əxlaq və yaşam tərzidir. Buna görə də Türkiyə yardımını da açıq rəsmi şəkildə bəyan edir, İran isə bizim dövlət suverenliyimizi pozaraq ,bunu gizli yollarla həyata keçirir. Dünyaya, insanlığa baxış fərqləri burdadır. Bir neçə gün öncə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Bu zirvə görüşü Azərbaycan prezidentinin təşəbbüsü ilə baş tutdu. İndiki dönəmdə, dövlətlərin, böyük maliyyə və beyin mərkəzlərinin dünyanın gələcəyi ilə bağlı ağlasığmaz bədbin proqnozlar verdiyi bir vaxtda bu Zirvə görüşü dünyaya Bakıdan verilən bir barış mesajı idi.
    Böyük Atatürkün “Yurdda sülh, cahanda sülh” şüarı Romanı bağışlayan Atilladan günümüzədək bütün Türk dövlətlərinin əsas prinsipi olub. Buna görədir ki, bu gün Yaxın və Orta Şərqdə, hətta coğrafi baxımdan eyni materikdə və qitədə olmadığımız əzilən xalqların ilk umacağı Türk Dünyasına olur. Dünyanı yenidən bölüşmək niyyətində olan güclər də bu faktla hesablaşmaqdadırlar. ABŞ-ın Asiyada vazkeçilməz müttəfiqi Türkiyədir, Rusiya Türk-Slavyan birliyi üçün çabalar göstərir, Çin belə min illər öncədən ruhuna və gücünə bələd olduğu Türk dünyası ilə ittifaqa can atır. Son zirvə görüşündə səslənən fikirlərdən də məlum oldu ki, indiki halda pandemiya qarşısında aciz qalan ölkələrə ən çox yardımlar Türkiyə, Azərbaycan və digər türk dövlətləri tərəfindən edilir. Türk bir millət olaraq qaranlığa qərq edilən dünyaya günəş kimi doğur.
    – Yardımlardan söz düşmüşkən, bəzən belə fikirlər səslənir ki, Azərbaycanda xeyli insanın yardıma ehtiyacı olduğu bir zamanda dövlətimizin xarici ölkələrə yardım etməsi düzgün deyil.
    – Bilirsiz, bu məsələyə belə bəsit düşüncə ilə yanaşmaq olmaz. Bir tarixi faktı xatırlatmaq istəyirəm. Ötən əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyev Pakistan xalqına yardım edərək onları ölümdən qurtaranda Azərbaycanda da köməyə ehtiyacı olan xeyli sayda insan var idi. Buna görə, o zaman Tağıyevi ittiham etməliydilər? O kişinin yüz il əvvəlki yardımını bu gün Azərbaycan dövləti olaraq Pakistan Respublikasının hər cür dəstəyi olaraq görürük. Təbii “əvvəl evin içi, sonra çölü”, amma etiraf edək ki, indiki qlobal iqtisadi böhran şəraitində dövlətimiz imkanlarını hesablayaraq müəyyən addımlar atır. Burda bir diletant fikri də tam kənara qoymaq lazımdır ki, dövlətin ehtiyatda bu qədər vəsaiti varsa, elə o tam şəkildə indiki dövrə sərf edilməlidir. Azərbaycan iqtisadiyyatında neftin rolu hələ də yüksəkdir və bu gün dünya bazarında neftin ucuzlaşması davam edir. Pandemiyadan sonrakı dünyada iqtisadi münasibətlərin necə olacağı hələ bəlli deyil. Dövlət bütün bunları hesablayır və edilən güzəştlər, yardımlarda sabahı da düşünmək prinsipi var. Eyni zamanda belə situasiyalarda yalnız rəsmi strukturlar fəaliyyətdə olmamalıdır.
    Bu gün böyük şirkətlər, imkanlı şəxslər aztəminatlı ailələrə yardım göstərirlər. Hətta ölkə xaricində olan imkanlı soydaşlarımız da bu kampaniyada iştirak edir. Millət vəkillərimiz seçildikləri ərazidə imkanları daxilində köməklik göstərir. Yəni biz xalq olaraq bu çətinliyi dəf etmək üçün səfərbər olunmuşuq. Əslində pandemiya dönəminin bütün çətinliklərinə rəğmən indiki şəraitdə xalqın göstərdiyi həmrəylik daxildə bir sevinc yaradır və bu xalqın gücünə inamı artırır.
    – Sabir bəy, bu arada Milli Məclis də iclaslarını keçirir. Son iclasda 9 may günü ilə bağlı medalın təsis olunmasına etirazlar var. Sizin bununla bağlı fikirlərinizə rast gəlmədik.
    – Karantin şərtləri ilə əlaqədar bəzi millət vəkilləri son iclaslara qatılmadı. Artıq bu məsələ həll olunub və yəqin ki, növbəti iclaslarda iştiraka məhdudiyyət qoyulmayacaq. Bu səbəbdən mən qeyd etdiyiniz məsələnin müzakirəsində iştirak etməmişəm. Ancaq o fikirlərə qatılıram ki, 1941-45-ci illər savaşı “Böyük Vətən Müharibəsi” yox İkinci Dünya Müharibəsi adlandırılmalıdır. Bu müharibədə Azərbaycan xalqı minlərlə oğlunu itirib, bütün gücümüzlə qələbəyə yardımçı olmuşuq, qələbənin əldə olunmasında Bakı neftinin rolu əvəzsizdir. Yəni bu qələbədə bizim də payımız var. O baxımdan medalın təsis olunması düzgündür, amma bu medal “Faşizm üzərində qələbənin 75 illiyi” adlandırılmalıdır, daha doğru yanaşma bu olmalıdır. Eyni zamanda bildirim ki, son iclasda Nazirlər Kabinetinin hesabatı ilə bağlı fikirlərimi də bildirdim və seçildiyim Neftçala rayonunun problemlərini açıqladım. Bu bölgə bütün böyük proqramlardan kənarda qalıb. Yaxın günlərdə pandemiya sıxıntılarının aradan qalxacağına inanıram. Bundan sonrakı dönəmdə bütövlükdə ölkəmizin inkişafı üçün eyni həmrəyliklə çalışacayıq.
    Nəsimi
    BakuPost
  • VHP sədri aztəminatlı ailələrə yardım etdi

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, 61 saylı Neftçala seçki dairəsindən millət vəkili Sabir Rüstəmxanlı tərəfindən Neftçala rayonunda aztəminatlı ailələrə yardım edilib. Yardım kampaniyası çərçivəsində Neftçala rayonu üzrə müəyyən olunmuş siyahı əsasında aztəminatlı ailələrə və 65 yaşdan yuxarı tənha, imkansız şəxslərə tələbata uyğun müxtəlif ərzaq məhsullarından ibarət yardım sovqatları paylanıb.
    Yüzdən çox ailənin yardım aldığı aksiya zamanı onlara yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı qorunmaları və evdə qalmaları barədə izahlar verilib.
    Yardım alanlar karantin günlərində onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

  • Sabir Rüstəmxanlı Nazirlər Kabinetinin hesabatı haqqında: Neftçala unudulub

    Azərbaycan Respublikası Milli Məclisinə 61 saylı Neftçala seçki dairəsindən deputat seçilən Sabir Rüstəmxanlı Nazirlər Kabinetinin hesabatına  münasibət bildirib^

    “Aprel ayının 9-da Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında Hesabat müzakirə edilir. Bu barədə bəzi fikirlərimi hörmətli həmkarlarımla bölüşmək və Nazirlər Kabinetinin nəzərinə çatdırmaq istəyirəm.

    Öncədən onu deyim ki, Hesabat səliqəylə və peşkarlıqla hazırlanıb. Görülən işi təqdim etmək də bacarıq və məsuliyyət tələb edir. Bu baxımdan  Hecabat  lazımi tələblərə  cavab verir; ölkənin 2019- cu ildə keçdiyi yolu, makroiqtisadi vəziyyəti, real iqtisadi artımı və onun mənbələrini təfərrüatı ilə əks etdirir. Bu mənbələr sırasında   qeyri-neft sahəsinin inkişafı  və bu məqsədlə sənayeyə, kənd təsərrüfatına, sahibkarlığa diqqətin artırılması,  vaxtı keçmiş kreditlərin dövlət tərəfindən ödənilməsi,  özəl sektora təzyiqlərin azaldılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ayrıca vurğulanır. Hesabatda il ərzində ölkədə aparılmış  iqtisadi tənzimlənmələrdən, bölgələrin inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsi siyasətindən başlamış xidmət sektoru, elm, mədəniyyət, beynəlxalq əlaqələr və s. sahələrdə görülən işlərə qədər, həyatımızın bütün geniş spektri əksini tapıb.

    Müasir dünyanı bürüyəm pandemiya vahiməsi bu deyilən sahələri etkiləyərək həm iqtisadiyyatı, həm də insanların sağlamlığını, psixologiyasını çətin sınağa çəksə də ölkənin gələcəyi ilə bağlı bütün müzakirələrə ciddi yanaşmalı, insanların əlinin-qolunun işdən soyumasına yol vermədən çalışmalıyıq.

    Mən Milli Məclisə 61 saylı Neftçala seçki dairəsindən seçildiyimə görə, bu hesabata həm də Neftçalanın gözü ilə baxdım.  Baxdım və düzünü deyim pərt oldum. Çünki 420 səhifəlik bu sənəddə əksini tapmış irili-xırdalı heç bir görülən işdə, başlanan layihələrdə, nəzərdə tutulan proqramlarda  Neftçalanın adı keçmir. Sanki il boyu onun nə sənayesi, nə kənd təsərrüfatı, nə ekoiogiyası, nə əhalinin məşğulluq səviyyəsi, nə inkişaf perspektivləri və çətinlikləri bizim hörmətli hökumətimizin yadına düşməyib. Heç 2019-cu ilin büdcə müzakirələrində verilən təkliflərdə və bildirilən arzularda da Neftçala ilə bağlı bir şey yoxdur. Belə çıxır ki, bu rayonda hər şey gözəldir, işlər tam qaydasında gedir və daha deyilməli söz qalmamışdır. Şübhəsiz rayonun durumunu hamıdan çox yerli icra hakimiyyəti bilir və bu təkliflər ondan gəlməli, Neftçalanln ölkənin ümumi inkişafından kənarda qalmamasına ilk növbədə o çalışmalı idi.  Kür çayının Xəzərə töküldüyü yerdə, respublikamızın ortasında yerləşən rayon bu gün əsas yollardan və diqqətdən kənarda qalmışdır. Halbuki vaxtilə Heftçala təkcə pambıqçılığı və taxılçılığı ilə deyil, həm də neft mədənləri və sənayesi, Yod-brom zavodu, balıqçılıq  müəssisələri ilə ölkənin inkişaf eləmiş rayonlarından biri sayılıb, əhalinin də elə bir ciddi dolanışıq qayğısı olmayıb. İndi vəziyyət başqadır. Balıqçılıq və sənaye müəssisələrinin çoxu sıradan çıxıb, işsizlik artıb , rayon baxımsız vəziyyətə düşüb. Nətta  Neftçala şəhərinin özündə bəzi məhəllələrdə qaz, su yoxdur, şəhərarası yollar bərbaddır, işıq xətləri köhnəlib… O boyda şəhərdə xırdaca bir otel tikilməyib. Yan-yana kəndlər var birinə qaz verilir, birinə yox. Hər birinin 400-500, bəzən daha çox şagirdıi olan iri məktəb binaları ya təmir edilməli, ya da yenidən tikilməlidir. Belə məktəblərin bir çoxunda siniflər odunla qızdırılır, kənddə qaz var, amma məktəbə qaz verilməyib.  Bankə qəsəbəsində və başqa iri kəndlərdə vaxtilə tikilmiş möhkəm özüllü gözəl Mədəniyyət evləri baxımsız və təmirsiz vəziyyətdədir. Bol suyu olan rayonun bir sıra kəndləri həm içməli, həm də suvarma su sarıdan əziyyyət çəkir.Köhnə qışlaq yerlərinin , kəndlərin örüşünün və bələdiyyə torpaqlarının bir hissəsi ayrı-ayrı adamlar tərəfindən zəbt edilib. Bölgənin ilk neft quyularının qazıldığı  Yeniqışlaq kəndinin yanından Rusiyaya aid bir Neft şirkətinin istismar etdiyi mədənə su gedir, amma kənd susuzdur,  camatın gözünün qabağından qaz xətti keçir, amma kənd qazlaşdırılmayıb. Rayon əhalisinin böyük bir hissəsinin yaşadığı Xol bölgəsində Şorsulu-Xəzərkənd arasındakı 30 km-lik yol keçilməz vəziyyətə düşüb; bizim təşəbbüsümüzlə burda bəzi təmir işləri görülsə də yolun əsaslı tikintisinə ehtiyac var.  Akkuşa kanalından  bu bölgəyə su ayrıcları qoyulmayıb. Bəzi kəndlərdə adi tibb məntəqəsi yoxdur, kitabxanalar ləğv edilib. Bankomatlar olmadığından, adamlar xırda bir bank əməliyyatı üçün 40-50 km yol getməli olurlar. Köhnə balıqçı qəsəbələri işsiz-gücsüz, yeni balıqartırma zavodlarının tikilməsi ümidiylə gözləyirlər…  Ümumi vəziyyət belədir. Rayon üçün özəl inkişaf proqramı hazırlamaq bir yana, onu bəzi ümumrespublika və ya bölgə proqramlarından da kənarda saxlayıblar.

    Amma Neftçalanı qısa müddətdə ölkənin ən qabaqcıl rayonlarından birinə çevirmək olar. Bunun üçün hər cür imkan var.   Rayonun inkişafı ilə bağlı  real, əsaslandırılmış layihələr hazırlansa ölkə başçısı  onları diqqətdən kənarda saxlamazdı. Neftçalanın bərəkəti torpaqları, dənizi, çayı, gözəl havası və ən başlıcacı işgüzar, dinc, xeyirxah, yüksək mədəni səviyyəli insanları var.  İlk növbədə suvarma sistemləri bərpa edilib yenilənməli, otlaqlar suvarılıb müasir heyvandarlıq üçün uyğun hala gətirilməlidir.  Ənənəvi təsərrüfat sahələri dirçəldilməlidir. Rayonun müalicə suları və bütün ölkə əhalisinin istirahətinə şərait yaratmaq imkanı olan təmiz sahilləri var. Burda gözəl istirahət-müalicə mərkəzləri tikmək olar. Kürün deltasında və yaxındaki adada turizmi inkişaf etdirmək  mümkündür. Bunlar nəzərə alınsa, bu işə sərmayədarlar cəlb edilsə tezliklə Neftçalanı ölkənin cazibə mərkəzlərindən birinə  çevirmək olar.

    Mən istərdim ki, Azərbaycan hökuməti rayonlarımızın inkişafı ilə bağlı proqramlarda Neftçalaya qayğı ilə yanaşsın və deyilən çatışmazlıqların aradan qaldırılmasına şərait yaratsın”.

    09 aprel 2020-ci il