Vətəndaş Həmrəyliyi Partiyası

Category: Slayder

  • Sabir Rüstəmxanlının cümhuriyyət təbriki

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı 28 may Cümhuriyyət günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.
    Təbrikdə deyilir.

    Hörmətli həmvətənlərim!
    28 May- Cümhuriyyət günü münasibətilə hamınızı təbrik edir, hər birinizə uzun ömür, can sağlığı arzulayıram.
    Ötən əsrin əvvəllərində, 1918-ci ilin mayın 28-də böyük öndər Məhəmməd Əmin Rəsulzadənin və onun silahdaşlarının, dövrün tanınmış siyasətçiləri və ziyalılarının fədakarlıqları nəticəsində Azərbaycanda ilk demokratik dövlət yaradıldı. Bu dövlət cəmi 2 il yaşasa da, ölkəmizin və xalqımızın tarixində çox böyük iz qoydu, dövlət və ordu quruculuğu, iqtisadiyyat, elm, təhsil, səhiyyə və mədəniyyətin inkişafı istiqamətində mühüm işlər gördü. Ən əsası isə, M.Ə.Rəsulzadənin təbirincə desək, xalqa azacıq da olsa azadlıq hissi dadızdırıldı. 70 illik bolşevik istilası dövrünün qanlı repressiyaları da az da olsa istiqlal dadmış Azərbaycan xalqının qəlbindən azadlıq sevgisini silib ata bilmədi. 20-ci əsrin sonlarında Azərbaycan xalqı öz ikinci istiqlal mücadiləsinə başlayanda da, məhz bu ideyalarla silahlandı, başı üzərində bu dövlətin atributlarını dalğalandırdı.Xalqımız əsrin sonunda başlayan müstəqillik savaşına da məhz bu ideyalarla atıldı və qalib gəldi. Bu gün Azərbaycan müstəqil dövlət olaraq Xalq Cumhuriyyətindən bizə miras qalan müqəddəs bayrağı qürurla dalğalandırır. Azərbaycan xalqı haqqı olan istiqlalıa qovuşub. Ən sərt istilalar altında belə öz istiqlalını bərpa edən xalqımız bir gün mütləq Bütöv tarixi ərazilərində də dövlətini quracaq!
    Hörmətli həmvətənlər!
    Bir daha bu bayram münasibətilə Sizləri təbrik edirəm! Tanrı Azərbaycanı qorusun!

  • “Məhz Sizi seçməyimiz bizim uğurumuzdur…”

    Bir qrup neftçalalılı deputat, xalq şairi Sabir Rüstəmxanlıya təşəkkür məktubu ünvanlayıb…

    Bir qrup neftçalalı xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Neftçalanı Milli Məclisdə təmsil edən Sabir Rüstəmxanlıya təşəkkür məktubu ünvanlayıb. PİA.az-ın elektron poçtuna daxil olan təşəkkür məktubunda deyilir:

    “Çox hörmətli Sabir bəy!

    Müqəddəs Ramazan bayramı günündə biz neftçalalılar adından bir deputat kimi sizə təşəkkür eləməyi özümüzə borc bilirik. Neftçaladan depuatat seçilməyinizdən çox qısa müddət keçməsinə baxmayaraq, Siz Neftçala üçün çox böyük işlər görmüsünüz. Xüsusən bütün ölkəmizin ağır sınaq dövrü yaşadığı bu pandemiya dönəmində Neftçalaya göstərdiyiniz yardım və köməklik bütün deputatlar üçün nümunə olmalıdır. Bu ağır günlərdə Neftçalaya gətirdiyiniz yardımlar çoxlu sayda imkansız ailəyə doğrudan kömək olub. Göstərdiyiniz bu yardımlara və diqqətə görə Sizə bütün neftçalalılar adından çox təşəkkür edirik. Açığı bildirək ki, uzun illərdın sonra Neftçala sakinləri ilk dəfədir ki, bir deputatın qayğı və diqqətini görür. Bu da sizin doğrudan bir xalq şairi olaraq nə qədər yüksək insani dəyərlərə sahib olduğunuzu göstərməkdədir.

    Biz Sizin seçiciləriniz olaraq deputat kimi fəaliyyətinizdən çox razıyıq və qeyd etmək istəyirik ki, məhz sizi seçməyimizi Neftçalanın son illərdə əldə etdiyi uğur kimi dəyərləndiririk. Fürsətdən istifadə edərək, tanınmış Azərbaycan şairi, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olaraq mayın 20-də qeyd etdiyiniz ad gününzü də təbrik edirik. Sizə can sağlığı arzulayırıq. Sizin Azərbaycan xalqına göstərdiyiniz xidmətlərin davam etməsi üçün bu müqəddəs Ramazan günündə Allaha dua edirik”.

    pia.az

  • VHP sədri inanclı insanları Ramazan bayramı münasibəti ilə təbrik etdi

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

    Əziz soydaşlar!
    Müqəddəs Ramazan bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Ramazan fəlsəfəsinin əsasını mənəvi zənginlik, nəfsinə hakim olmaq, yardımlaşmaq təşkil edir və orucluq insanın sosial məsuliyyət hissini bir daha xatırladır. İslam dininin humanist dəyərlərini özündə yaşadan və insanları birliyə, bərabərliyə, paylaşmağa səsləyən Ramazan dünyamızın indiki çağında xüsusi dəyər kəsb edir. Bütün dünyanı cənginə alan, ənənəvi ünsiyyət və həyat tərzini dəyişən bu pandemiya dönəmində dinindən, millətindən asılı olmayaraq hər kəs bir daha insani dəyərlərin əvəzolunmazlığını, barış içində yaşamanın qiymətini anlamış oldu. Ramazan ayının mahiyyətini əks etdirən xeyirxahlıq, mərhəmət, birlik və bərabərlik bəşəriyyətin bu sınaqdan da insana layiq bir şəkildə çıxacağına inam yaradır. Tanrı insanların bütün xoş dua və diləklərimiz qəbul edəcək və öz mərhəmətini dünyamızdan əsirgəməyəcəkdir.
    Bir daha sizin hər birinizi Ramazan bayramı münasibəti ilə təbriz edir, sizə xoşbəxtlik, evlərinizə rüzi və bərəkət arzu edirəm!

  • Sabir Rüstəmxanlı-74

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlının doğum günüdür. Bu münasibətlə VHP Siyasi Şurası Sabir Rüstəmxanlını təbrik edib. Təbrikdə deyilir:

    “Sabir Rüstəmxanlı ilk gənclik yazılarından, şeirlərindən milli təfəkkür daşıyıcısı və təbliğatçısı olan şairin ərsəyə gətirdiyi bütün əsərlərində millətinin böyüklüyü, cəsurluğu, unudulan və əlindən alınan tarixinə bir ismarış yatır. Sabir Rüstəmxanlı bir şair kimi Qərbdən Şərqə, Şimaldan Cənuba bütün Türk Dünyasının haqq səsinə çevrilib.

    Sabir Rüstəmxanlı milli qürur və özünüdərk yolunda təkcə yazı masasında yox, meydanlarda göstərdiyi cəsarət də göz önündə, yaddaşlarda, şahidlərin dilində, yaxın tariximizin qızıl səhifəsində əbədiləşib. Azərbaycanın dövlət müstəqilliyinin Meydan və Parlament mübarizəsinin mərkəzində hər zaman Sabir Rüstəmxanlı olub. O Azərbaycan istiqlalında imzası olan mübarizə adamı olaraq tarixə adını yazdı.

    Sabir Rüstəmxanlının başçılıq etdiyi VHP Azərbaycanın siyasətdə daim iz buraxan partiyalardan sayılıb və bu gün partiyanın uğurlarında sədrin rolu və xidmətləri əvəzsizdir. “Vətəndaş həmrəyliyi” ideologiyasının mahiyyətində elə Sabir Rüstəmxanlı dayanır və doğrusu, bu ideoloji adda bir az da siyasi yöntəm var. Sabir Rüstəmxanlı bir partiya sədri, millət vəkili kimi Azərbaycan davasını aparan siyasətçidir.

    Sabir Rüstəmxanlını ad günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona ruhunun imkan verdiyi səviyyədə, böyük enerjisi ilə ictimai-ədəbi və siyasi fəaliyyətini davam etdirməsi üçün möhkəm can sağlığı və ideallarına, böyük hədəflərinə çatmağı, müstəqilliuinin qazanılmasında əvəzsiz xidmətləri olan Azərbaycan Respublikasının Bütöv dövlət olmasını görməyi arzulayırıq”.

  • Bir adam yol gedir bizdən qabaqda…

    “Sabir Rüstəmxanlı özü-özlüyündə bütöv bir millətin keçdiyi tarixi yolun qan və söz yaddaşıdır”

    Sabir Rüstəmxanlı haqqında yazmaq bəlkə də çoxları üçün asan ola bilər. Amma onunla bu çoxluğa aid olanların çoxundan daha çox təmasda olsam da, mənim üçün çətindir. Çünki Sabir bəy haqda deyilən hər bir söz təkcə ona aid deyil. Sabir Rüstəmxanlı mənim gözümdə böyük bir tarixin, Türk millətinin aydın və sərkərdələr tarixinin bu günümüzə köçürülmüş simvoludur…

    İnsan dünyaya bir dəfə gəlir, ruh isə dəfələrlə. Ruhun mahiyyəti eyni olur, dəyişən bu ruhu daşıyan cismanilikdir. Bu mənada mənim üçün Sabir Rüstəmxanlı Türk millətinin minilliklər boyunca dəyər və qutsal ünvanı olan Dədə Qorqud, Bilgə Xaqan, Yunis Əmrə, Şah İsmayıl Xətai, Məhəmməd Əmin Rəsulzadə yolunun yalnız fiziki yox, həm də ruhi davamçısıdır. Onunla hər dəfə görüşəndə, söhbət eləyəndə gah Qorqud dünyasının nəsihətindən, gah Babək savaşından, gah Göy Türk dönəminin paklığından, gah Yunis Əmrə fəlsəfəsindən, gah da Xətainin vətən sevgisindən bir damla hopur qəlbimə. Sabir bəyin qoruduğu bu ruh davamçılığı onun cisminə də hopub və bəzilərinin ucqar saydığı Hamarkəndin bir kasıb evində dünyaya göz açan bu Türk Kişisi üzü, gözü, səsi ilə belə TÜRK möhürüdür.

    Nədənsə mənə elə gəlir ki, neçə-neçə əsrlər, qərinələr geri qayıdıb, qarşımda Sabir Rüstəmxanlını yox, Türkün fikir, söz və savaş tarixi Sabir Rüstəmxanlı ilə yeni bir ömür yaşayır. “Tanrı” sözünü, “Türk”, “Yer”, “Oğuz” və “Bəy” sözlərini ilk dəfə daşlara köçürülmüş yazılardan oxuyaraq, gündoğandan günbatana qədər olan ərazidə türk millətləri ilə, türk xalqları ilə çörək kəsir, onlarla yol yoldaşı olur Sabir Rüstəmxanlı. Onları – Vətən daşı olanların həmrəyliyinə, Türk xalqlarının birliyinə çağırır və yenidən özü boyda bir ocaq olan Azərbaycana dönür.

    Sabir Rüstəmxanlı oba-oba, el-el gəzərək türkləri qan yaddaşını unutmamağa çağırır. Milləti Həmrəyliyə, Birliyə çağıraraq, Ulu Tanrıdan kömək diləyir. Gözü qarşısında baş verən haqsızlıqları, qəddarlığı, unutqanlığı, yaddaşsızlığı gördükdə bu dərdlərdən qurtulmaq üçün savaş aparır. Dünya boyda sonsuzluğa səpələnmiş və tikə-tikə, parça-parça olmuş Azərbaycan adlı bir kitabın qırıntılarını böyük səbrlə, dözümlə toplayaraq, vərəq-vərəq yapışdırıb, bu millətin “Ömür kitabı”nı yazır – hər əsərində, hər şeirində, hər çıxışında. Tarix dəllalları ilə vuruşa-vuruşa bu millətə öz dədə-babasını, öz kökünü tanıdır, öz keçmiş həqiqətlərini, əsl tarixini bilməkdə kömək eləyir. Heç bir tarixi sənədə xəyanət eləmədən, həqiqəti olduğu kimi göstərir, yazır, deyir.

    Sabir Rüstəmxanlı keçdiyi həyat yolu haqda müsahibələrinin birində deyir: “Azərbaycanın ucqar bir dağ kəndində doğulub, orada boya-başa çatmış bir gəncin Bakıya gələndən sonra hansı çətinliklərlə üzləşdiyini, məncə, hamı bilir. O illər S.Rüstəmxanlının öz dilindən belə ifadə olunur: “Mən heç nə istəmirəm bu məmləkətdən” şeirim ilə də duyğularımı ifadə etmişdim. O zamankı kəndlərimizin durumu yadınızdadır. Nəinki işıq, qaz, su, hətta televizor, radio da olmurdu. Məktəblərimizin kitabxanalarında kitab da tapılmırdı. Bakıya gələndə isə üz tutacağım ünvan, sığınacaq da yox idi. Həm ali məktəbdə təhsil alır, həm də işləyirdim. Bilmirdim tələbəlik edirəm, yoxsa fəhləlik…”

    Ömrün belə bir başlanğıcı və… Və ömrünün ən mübariz çağında artıq Onu bir milyonluq Meydan dinləyir… Qosqoca bir imperiyanın dizinin yerə gəldiyi Meydanın tək sərkərdəsi Odur! Əslində isə bu yalnız Onun gücü deyildi, bu, minilliklər boyu yol gələn bir ruh davamçılığının gerçək ifadəsi idi – “Titrəyib özünə dönən Türk”!

    Sabir Rüstəmxanlı “sovet cəhənnəmində” doğuldu, ancaq mövcud quruluşun zəhərli havasında boğulmadı, onun əsir-yesirinə çevrilmədi, şirin ana dilində, ata mülkündə özünəməxsus, bənzərsiz söz qalasını kərpic-kərpic, daş-daş hördü. “Ruhumuz sərhədsiz olduğu üçün” deyə-deyə möhtəşəmliyə yüksəldi – gah poeziyada, gah publisistikada, gah da nəsrdə “qızıl qələm” işlətdi, millətinin dərdlərini pıçıldaya-pıçıldaya oxudu, yaralarına məlhəm axtardı, ən yüksək tribunalardan çəkinmədən “mən türk oğlu türkəm, şah nəslindənəm” söylədi. Milli mənsubiyyəti ilə öyünə-öyünə bütün cahanı dolaşdı, əski Turan ellərini gəzdi, öyrədə-öyrədə, yaza-yaza Böyük Əqidə Yolunun həmişəlik yolçusuna çevrildi, ədəbiyyatımıza Sabir Rüstəmxanlı möhürünü vurdu.

    Azərbaycan rus imperiyasına qarşı mübarizəyə qalxanda Sabir bəyin yazdığı “Ömür kitabı” milli şüurun oyanmasında və millətin azadlığa gedən yolunun aydınlanmasında əvəzsiz rol oynamışdı. Millətin ömrünə gün kimi doğmuşdu “Ömür kitabı”. Onun yazdığı şeirlər, gənclərə millət, vətən və dil sevgisini aşılamışdı. “Sağ ol, ana dilim” şeiri o dönəmdə dillər əzbəri idi. Sabir Rüstəmxanlı sadəcə yazmamışdı, yazdıqlarının arxasınca getmişdi, millətin ağır günlərində onun yanında olmuş, meydanlarda Azərbaycan xalqının haqq davasını müdafiə etmişdi. Azərbaycanın Müstəqillik Aktında imzası olan bir səxsiyyət… O zaman çoxları Sovet İttifaqından qorxaraq gizlənəndə, müstəqilliyimizin əleyhinə səs verəndə Sabir Rüstəmxanlı tarixin verdiyi bu fürsəti millətimizin lehinə çevirmək üçün bütün təhlükələri gözə alaraq, mübarizənin ön sırasında olmuşdu. Hər şeyin alınıb-satıldığı bir dönəmdə, sözün qiymətdən düşdüyü bir ortamda Söz Sahibi olan kişilərdən biridir Sabir Rüstəmxanlı. Zaman gələcək onun haqqında da kitablar yazılacaq, necə ki yazılır. “Tanımaq istəsən”lə yola çıxdı, “Sevgim-sevincim” dedi, “Gəncə Qapısı”nda “Ölüm zirvəsi”ni gördü, “Xətai Yurdu”nda “Bu, sənin xalqındır”, “Sağ ol, ana ailim” dedi, “Difai Fədaisi” oldu, “Tanrının Elçisi” Oğuz xanla oğuzlandı, “Ömür kitabı”nda “Əbədi sevda”sına qovuşdu və dünyanın bir çox ölkəsində çap olunan 50-dən yuxarı kitabın yazarı oldu. S.Rüstəmxanlı Azərbaycan ədəbiyyatı və siyasətində, eləcə də bütün türk dünyasında yaxşı tanınan, ləyaqətli, nurlu şəxsiyyətlərdəndir. Ötən əsrin 80-cı illərinin sonunda meydana şair kimi daxil olan Sabir Rüstəmxanlı oradan siyasətçi kimi çıxdı. Cavanlığını meydanlarda millətimizin haqq işi uğrunda mübarizəyə həsr edən Sabir bəy bu gün artıq ömrün 70-ci ilindədir. Azərbaycanda siyasətlə məşğul olmağın çətinliyini hamı başa düşür. Vətəndaş Həmrəyliyi adlı bir partiyanı təsis edib, onu ayaq üstə saxlamaq, üstəlik, 20 ildən artıq bir müddətdə Milli Məclisin deputatı kimi millətin haqqını tribunadan dilə gətirmək qəhrəmanlıq, cəsarət tələb edir. Sabir bəy bu qəhrəmanlığa və cəsarətə çoxdan öz imzasını atıb. Amma o ruhən söz adamıdı və özünün dediyi kimi onu siyasətə həvəs gətirməyib.

    Sabir bəy “Ömür kitabı” ilə yetişdirdiyi bütöv bir nəsli Meydandan İstiqlala apardı. Bəli, indiyədək Sabir bəy milli maraqlar naminə çox şeylərdən imtina etməyi bacarıb, çoxlu güzəştlərə gedib. Ancaq başqalarının bu cür şansları olsaydı, heç vaxt əldən verməzdilər. Elə buna görədir ki, bu gün bütün Azərbaycan onu “Bizim Sabir” deyə çağırır. Sabir Rüstəmxanlı ilə M.Ə.Sabirin taleyini birləşdirən çox cəhətlər var. O da Sabir babası kimi millətin taleyinə acıyır, əzilir, təqib edilir. Amma zülmə dözmür, üsyan edir. O, bütün ömrünü belə yaşayıb. X.R.Ulutürk Rüstəmxanlının keçdiyi həyat yolunu “kişi ömrü” adlandırır. Onun yaradıcılığını izləyən hər bir kəs böyük şairimizin bu sözləri ilə razılaşar. Vaxtı ilə R.Rza da M.Ə.Sabiri “kişi şair“ adlandırmışd. Bu da hər iki Sabir arasında bir tale oxşarlığıdır. Abbas Səhhət vaxtı ilə yazırdı: “Sabir İran inqilabına bir ordu qədər xidmət göstərib”. Tam məsuliyyəti ilə demək olar ki, Sabir Rüstəmxanlı da milli birliyimizə bir ordu qədər xidmət göstərmişdir.

    Sabir Rüstəmxanlının istər parlaq şifahi nitqində, istərsə də yaradıcılığında tez-tez işlənən bir ifadə mövcuddur: “qan yaddaşı”. Bu iki söz şairin dilində təsadüfən cücərməyib, gerçək həqiqətə söykənir, səbəbi var… Sabir Rüstəmxanlı özü-özlüyündə bütöv bir millətin keçdiyi tarixi yolun qan və söz yaddaşıdır. Böyük bir epoxanın hər anı, Altaylardan Anadoluya, Savalandan Orxon-Yeniseyədək Böyük Turanın hər qarışını ömründə yaşayan bir Ruh sahibidir. Sözüylə, ruhuyla “yurdunun bölünməz xəritəsi”dir. “Bu yurd mənə tanış gəlir” şeirini qələmini ciyərinin qanına batıra-batıra yazıb.

    Sabir Rüstəmxanlının öz şəxsində hər bir Azərbaycan türkünün dəqiq həyat amalını kodlaşdırır. “İcazəli cəngavər, qalstuklu qoyunlar mənim ruhumu duymaz!” deyən şair Türk ruhunu anlamaqdan ötrü elmli, savadlı olmağı, gənclik və ya ahıl yaşı da əsas tutmur. Bəs o nədir? Onu haram nütfədən doğulan, haram tikə yeyən, “bir çiçəyin mehrinə sıxılıb ağlamayan” kəslər anlamaz. Göylərə bağlanmayan, sərhədsiz düşünə bilməyən, Çindən Qobustanacan yazılı daşların toz basmış güzgüsünü silib həqiqi tarixi görə və Ərgənəkon eşqindən yeni günlər doğa bilməyənlər bir şairin – bir Türk oğlu Türkün böyük ruhunu duya bilməz.

    Sabir Rüstəmxanlı şair olaraq yalnız ideoloji yol cızmayıb, həm də bu yolun önündə gedən liderdir. “Nicatımız vətəndaş həmrəyliyindədir” deyə partiya quran Sabir bəy siyasi mübarizəyə milli-azadlıq hərəkatının ilk günlərindən qoşulan biri olaraq, sona qədər yolundan dönməyən, görəv qazanan, fəaliyyətini siyasi dividendə çevirməyi bacaran  partiya sədridir. Fikir ayrılığını əsaslandırıb, fikrinə yetərincə tərəfdar toplayıb özünə elektorat formalaşdırmağı bacaran layiqli millət vəkilidir. O, 9 fevral parlament seçkilərində Neftçala rayonundan – 61 saylı  seçki dairəsindən millət vəkili seçildi. Buna qədər S.Rüstəmxanlı Azərbaycanın müxtəlif bölgələrindən xalq mandatı qazanaraq parlamentdə təmsil olunub. Əslində Sabir Rüstəmxanlı həm partiya sədri kimi, həm də özünün fərdi nüfuzu ilə Azərbaycanda mövcud olan 125 seçki dairəsinin hər birində qalib gəlmək gücünə malikdir. Bu gücün ən böyük keyfiyyəti isə onun şəxsiyyəti, ömür yolu, siyasi zəkası, toparlayıcı, yeniliklərə və müsbət dinamikaya meyilli siyasətçi xarakteridir.

    Liderlik bir qrup insanı müəyyən məqsədlər ətrafında toplaya bilmək və bu məqsədləri reallaşdırmaq üçün onları hərəkətetdirmə, ruhlandırma, uğurlu gələcək üçün birləşdirə bilmə kimi qabiliyyətlərin məcmusudur. Liderlik olduqca çətin və mürəkkəb vərdişdir. Sabir Rüstəmxanlı lider, partiya sədri  kimi həmişə ətrafdakıların diqqətini cəlb edə bilir, səbrlidir, əzmlidir, çətinlikdən qorxmur, maneələri aradan qaldırmağı bacarır. O, komanda yoldaşlarının fikirlərinə diqqətlə qulaq asır, geniş müzakirələr aparır, qərar verərkən ətrafındakıların mülahizələrini nəzərə alır. Elə bu səbəbdən Vətəndaş Həmrəyliyi Partiyası Sabir Rüstəmxanlının sədrliyi ilə, çox çətin lakin fərqli siyasi bir yol keçmişdir. Partiya daxilində yaradılan qarşılıqlı hörmət, partiya üzvlərinə özünəməxsus fərdi yanaşma xüsusiyyətləri Sabir Rüstəmxanlını tək partiya üzvləri tərəfindən deyil Bütöv Azərbaycan ideyası daşıyıcıları tərəfindən sevilməsinə səbəb olaraq, onu bir mübarizə liderinə çevirmişdir. Sabir Rüstəmxanlının insan kimi də, şair  kimi də, siyasətçi kimi də üstünlüyü elə yaxşı niyyətli olmasında, ilk gündən sözü ilə əməlinin vəhdət təşkil etməsində və ən əsası hansı məqamda olmasından asılı olmayaraq millətinin yanında olmasındadır. Onu öz yaş nəslinin qalan bütün müxalif siyasətçilərindən fərqli olaraq ayaqda saxlayan, önə çıxaran əsas faktor da məhz bu keyfiyyətləridir. Məhz bu keyfiyyətə malik olduğu üçün o insanlara, cəmiyyətə, siyasətə münasibətdə dağıdıcı yox, torarlayıcı, intriqant yox, barışdırıcı, istifadəçi yox, dəstəkçidir.

    Altaydan Balkanlara, Tanrıdan Savalana uzanan tarix yolu qopuz simləri kimi hələ kökdən düşməyib, biz göylərdən gəlsək də, yollar göydən düşməyib. Azərbaycan müstəqillik qazandıqdan sonra ortaya atılmış etnik separatçılar, geriyə dönmək iddiasında olan kommunistlər, demokrat, islahatçı, qlobalist maskası taxmış, faşist təfəkkürlü qullar, Azərbaycanın müstəqilliyindən bəhrələnməkdə olan “hədiyyə cocuqlar”ı bu böyük yolu duya bilməz. Tanrıya qədər yol çəkmək arzusunda olan böyük ruh daşıyıcıları olan insanlar əbədi sevda aşiqləridir. Sabir Rüstəmxanlı onlardan biri, bizim üçün öndə gedənidir. Öndə gedən şəxslərin nurundan yollar işıqlanar, ziyası gələcək günlərə, illərə qədər çatar. Bizə isə “Bir adam yol gedir bizdən qabaqda” demək qalır…

    Samir Əsədli

    525-ci qəzet

  • “İndiki toyların bəziləri bizim tarixən formalaşmış toy ənənələrimizə bir parodiyadır”.

    Millət vəkili toy adətlərimizi darmadağın etdi: “Bu, qudurğanlıqdır!”

    “İndiki toyların bəziləri bizim tarixən formalaşmış toy ənənələrimizə bir parodiyadır”.

    Bu sözləri millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində pandemiya dövrünün toyu necə olmalıdır mövzusunda danışarkən bildirib.

    “Şadlıq evlərinin bir mafiyası var. Deyir, 150 manata yemək verirəm. Mən qonağıma belə yemək vermək istəmirəm. 50 manat mənə bəs edir. Onda da deyir, burda toy keçirə bilməzsən. Bu qudurğanlıqdır”.

    S.Rüstəmxanlı Bakı toylarından da danışıb:

    “Bakı toyları yadıma düşür. Hətta bir dəfə dedim ki, qayıtmalıyıq Bakı toylarına. Yoxsa bugünkü toylarda 5 saat otur, aşırı dərəcədə yemək, içmək, heç kim bir-birini dinləmir, gurultu da bir yandan, bu nə toydu? Toy olar, ailə, dost, tanış gələr, oynayar. Əvvəllər ağsaqqallar söz deyərdilər, indi daha söz demək də yoxdur. Ancaq o vaxtlar Bakı toyları çox sadə keçirilirdi. İndiki toyların axırında toy sahibi borclu çıxır. Millət özü üçün belə faciə yaradar?”

  • Fəzail İbrahimli: “Paşinyanın Rəsulzadə ilə bağlı dedikləri sayıqlamadır”

    “Erməni mətbuatında Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə Paşinyanın babası ilə müqayisə olunur. İttiham belə qoyulur ki, mənim babam faşizmə xidmət edirsə, sizin də baniniz faşistlərlə əməkdaşlıq edib”.

    Bunu Milli Məclis Sədrinin müavini, VHP Siyasi Şurasının üzvü Fəzil İbrahimli parlamentin bu gün keçirilən plenar iclasında deyib.

    Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın M.Ə.Rəsulzadəni faşist Almaniyası ilə əməkdaşlıqda ittiham etməsi sayıqlamadır: “Paşinyan Azərbaycan Prezidenti tərəfindən siyasi zərbə alıb. Rəsulzadə Azərbaycan dövlətinin yaradıcılarından biridir. Baba Paşinyan kimdir?! Faşistlərə əsir düşəndən sonra faşizmə qulluq edən kommunistdir! Paşinyanın babası 1943-cü ildə imdad diləyib və uğursuz nəticə əldə edib. Rəsulzadə ilə Paşinyanın babası müqayisə edilə bilməz”

  • Kırım türklərinin deportasiyasından 76 il ötür

    1944-cü il may ayının 18-20-də 400.000-dən çox tatar türkü Krımdan sürgün edilib. Stalinin göstərişi ilə sovet cəlladı Beriya tərəfindən etnik təmizləmə həyata keçirilib. Üç gün ərzində qadınlar, uşaqlar və yaşlılar mal-qara qatarlarından istifadə etməklə bir neçə min kilometr uzaqlıqda yerləşən Özbəkistana aparılıb.
    Krım tatarları Stalinin əmrləri ilə Sovet İttifaqı ərazisində məcburi köçürülməyə məruz qalmış on etnik qrupdan biridir. Sürgün zamanı 8 mindən çox Kırım tatarı aclıq, susuzluq və havasızlıq şəraitinə dözməyərək yolda həlak olub, 10 mindən çox tatar türkü isə kəskin köçürmə şəraitinə dözməyərək ölüb.
    Stalin Krım tatarlarının bütün izlərini aradan itirməyə çalışırdı. Hətta o, bu məqsədlə əhalinin növbəti siyahıya alınmasında Krım tatarlarının adının çəkilməsini qadağan etmişdi.
    1956-cı ildə hakimiyyətə gələn yeni Sovet lideri Xruşşov müxtəlif millətlərin deportasiyası da daxil olmaqla, Stalinin apardığı siyasəti tənqid etsə də, Krım tatarlarının geri qayıtmasına olan qadağanın ləğv olunmasına dair qərar qəbul etmədi. Krım tatarları 1980-ci illərin sonlarında yenidənqurma hərəkatının başlanmasına qədər Mərkəzi Asiyada yaşamağa davam etdilər. Məhz həmin dövrdə 260.000 tatar yenidən öz əvvəlki yurd-yuvasına geri qayıda bildi. Onların sürgünü 45 ildən sonra başa çatdı. Krım tatarlarının geri qayıtması haqqında olan qadağa ləğv olundu və Krım Ali Şurasının 14 noyabr 1989-cu ildə qəbul etdiyi qərara əsasən Stalinin hakimiyyəti illərində baş tutmuş deportasiya cinayət kimi qəbul olundu.
    2004-cü ilə qədər tatarların böyük hissəsi Krıma geri qayıtdı və yarımadanın əhalisinin 12 faizini təşkil etdilər. Yerli hakimiyyət onların geri qayıtmasına heç bir köməklik göstərmədi, həmçinin itirdikləri torpaqlara görə kompensasiya vermədi.
    12 dekabr 2015-ci ildə Ukrayna Ali Radası bu hadisələrin soyqırım kimi tanınması barədə qərar qəbul etdi və 18 may günü Ukraynada “Krım tatarlarının soyqırımı” günü kimi ölkə təqviminə salındı.
    Bu gün Krım yarımadası yenidən rus işğalına məruz qalıb. Krım tatarları yenidən Krımın azadlığı üçün mücadilə aparırlar.

  • VHP insani dəyərləri, bəşəri prinsipləri fəaliyyətinin əsas prioriteti sayır.

    Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının iclası keçirilib

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurasının xüsusi karantin qaydaları şərtlərinə uyğun olaraq iclası keçirilmişdir. İclasın gündəliyinə iki məsələ daxil edilib. Gündəliyin birinci məsələsi olaraq ictimai-siyasi vəziyyət və partiyanın qarşısında duran vəzifələrlə bağlı VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı geniş çıxış etdi.  Bundan sonra çıxış ətrafında müzakirələr aparıldı. VHP-nin parlament seçkilərindəki uğuru yüksək qiymətləndirildi, eyni zamanda partiyanın rayon təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin vacibliyi qeyd olundu. Çıxışlarda VHP Ali Məclisinin sədri Rafiq Manaflının Milli Şuranın toplantısındakı fikirləri ilə bağlı müzakirələrə münasibət bildirildi və qeyd edildi ki, bu fikirlər Rafiq bəyin şəxsi fikirləridir, VHP hər zaman insan haqları və demokratik dəyərlərə önəm verib, insanlar arasında irqi, dini, cinsi fərqlər qoymur. VHP insani dəyərləri, bəşəri prinsipləri fəaliyyətinin əsas prioriteti sayır.

    Gündəliyin ikinci məsələsində təşkilati məsələlər müzakirə olundu. Rayon təşkilatlarının vəziyyəti müzakirə edildi və Abşeron, Binəqədi, Nəsimi rayon təşkilatlarının bütün seçkili orqanları buraxıldı. Bu rayon təşkilatlarının yenidən formalaşması üçün təşkilat komitələri yaradıldı.

  • Laçın rayonunun işğalından 28 il keçir

    Azərbaycanın Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 28 il keçir.

    APA-nın məlumatına görə, 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələrinin Laçın rayonunu ələ keçirməsi ilə Dağlıq Qarabağ “de-fakto” Ermənistana birləşdirilib.

    İşğal nəticəsində Laçında 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib. Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.

    İşğal nəticəsində 1835 kvadrat kilometr ərazisi olan Laçın rayonundakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib və ya erməniləşdirilib. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Düşmən rayonun yüngül sənaye mərkəzlərini, kənd təsərrüfatı sahələrini yararsız hala salıb.